2026-cı ilin dövlət büdcəsi layihəsində bələdiyyələrə dövlət büdcəsindən ayrılan maliyyə dəstəyinin az olması ilə bağlı medianın sualını cavablandıran millət vəkili Vüqar Bayramov bildirib ki, bir sıra inkişaf etmiş ölkələrdə bələdiyyələrə federal və ya dövlət büdcəsindən ümumiyyətlə subsidiya ayrılmır. Əlavə edib ki, beynəlxalq praktikada bələdiyyələrin cəlb etdiyi vəsaitlərin əhəmiyyətli hissəsi dövlət büdcəsindən kənar gəlir mənbələridir. Təəssüf ki, açıqlamada konkret ölkə nümunələri göstərilməyib.
Əgər söhbət inkişaf etmiş ölkələrdən gedirsə, ilk ağıla yerli özünüidarə sahəsində onillərlə təcrübəsi olan Avropa ölkələri, ABŞ və Yaponiya kimi dövlətlər gəlir. Amma Azərbaycan üçün daha vacib olan məhz Avropa ölkələrinin təcrübəsidir. Çünki Avropa Şurasının üzvü kimi Yerli Özünüidarəyə dair Avropa Xartiyasını təsdiq edib. Məhz elə bu sənədin 9-cu maddəsində vurğulanır ki, yerli özünüidarə orqanları milli iqtisadi siyasət çərçivəsində kifayət qədər maliyyə vəsaitlərinə malik olmalı və bu maliyyə vəsaitlərinin konstitusiya və ya qanunla onlara verilən səlahiyyətlərə mütənasibliyi təmin edilməlidir. Xartiya bələdiyyələrin maliyyə vəsaitlərinin hansı hissəsinin vergilər və dövlət büdcəsinin dəstəyi hesabına formalaşdırılmasına qarşı hər hansı tələb qoymur. Qeyd edir ki, yerli özünüidarə orqanlarının maliyyə vəsaitlərinin əsaslandığı maliyyə sistemləri yetərincə müxtəlif və çevik olmalı, bu qurumların sahib olduqları maliyyə vəsaitlərinin heç olmazsa bir hissəsi yerli rüsum və vergilər hesabına daxil olmalıdır.
Bəs Avropa Şurasına üzv ölkələrdə real vəziyyət necədir? Şuranın bəzi həm iqtisadi, həm də yerli özünüidarə sisteminin fəaliyyəti baxımından inkişaf etmiş ölkələrin təcrübəsinə diqqət yetirməklə səslənən iddianın nə dərəcədə real olmasını da aydınlaşdırmaq olar.
Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin 2022-ci ildə hazırladığı yerli demokratiya hesabatına əsasən, İngiltərədə yerli hökumətlərin maliyyə resurslarının yarısını vergi və yığımlar, digər yarısını isə hökumətin verdiyi qrantlar təşkil edir. Həmin qrantların müəyyən hissəsi konkret xidmət və funksiyaların maliyyələşdirilməsi üçün ayrılsa da, yerdə qalan məbləğ büdcə defisitini örtmək üçün gəlir dəstəyi kimi təqdim olunur. Təqdim olunan statistikaya görə, yerli büdcə gəlirlərinin strukturunda məqsədli qrantların xüsusi çəkisi 34%, məqsədsiz maliyyə yardımlarının (subsidiyaların) xüsusi çəkisi 17%, yerli vergi və yığımların xüsusi çəkisi isə 49% təşkil edib.
Şotlandiyanın yerli maliyyə sistemi də ingilis modelinə bənzəyir. Yerli maliyyə resursları həm yerli hökumət topladıqları vergi və yığımlardan, həm də Şotlandiya hökumətinin verdiyi qrantlardan formalaşır. Qrantların həcmi əhalinin sayı və yerli özünüidarə qurumlarının vergi potensialına əsasən müəyyən edilir. Yerli hökumət xərclərinin 85%-i bu qəbildən olan qrantlar hesabına təmin edilir.
Konqresin 2022-ci ildə hazırladığı hesabata görə, İsveçdə bələdiyyələr üçün də vergiləri dövlət toplayır və onların büdcəsinə köçürür. Vergilər bələdiyyə büdcələrinin 83%-ni təşkil edir. Yerli büdcə gəlirlərində mərkəzi hökumətin qrantlarının xüsusi çəkisi 23,3%-dir. Bundan 6,3%-i məqsədli, 17%-i isə məqsədsiz ayırmalar (subsidiyalar) olub. 2020-ci ildə bələdiyyələrin ümumi gəlirlərinin 41,2 milyard avro olduğu nəzərə alınsa, hökumət qrantlarının ümumi məbləğinin 9,4 milyard təşkil etdiyi aydın olur.
Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin hazırladığı son hesabata görə, Çex Respublikasında bələdiyyələrin məcmu gəlirlərinin 21,1%-i yuxarı büdcə həlqələrindən ötürülən transfertlər hesabına formalaşır. Öz növbəsində, ondan 14,7%-ni cari, 6,4%-ni isə kapital transfertləri təşkil edir. Region hökumətlərinin gəlirlərinin 65%-i birbaşa mərkəzi hökumətin ayırmalarından formalaşır.
Beləliklə, Avropa Şurasının ixtisaslaşmış strukturlarını təmsil edən ekspert qruplarının hazırladığı hesabatlar göstərir ki, Azərbaycanda hətta rəsmi şəxslərin inkişaf etmiş ölkələrdə yerli maliyyə sistemi barədə məlumatları kifayət qədər problemlidir. Həmin ölkələrdə bələdiyyələrin gəlirlərinin formalaşmasında və xərc səlahiyyətlərinin icrasında mərkəzi və regional hökumətlərin ayırdığı transfertlərin əhəmiyyətli payı vardır.
Öz növbəsində, Azərbaycanda yerli özünüidarə sisteminin maliyyə bazası son dərəcə zəifdir və bunun əsas səbəblərindən biri də hökumətin bu qurumlara məhdud maliyyə mənbələri təqdim etməsidir. Bakı Araşdırmalar İnstitutunun bu sahədə apardığı araşdırma göstərmişdi ki, Azərbaycan bələdiyyələri maliyyə resurslarına görə Cənubi Qafqazın digər iki ölkəsi ilə müqayisədə həddən artıq zəif vəziyyətdədir. Məsələn, Azərbaycanın bütün bələdiyyələrinin ümumi büdcəsi 30 milyon dollara yaxın olduğu halda, Gürcüstanda bu göstərici 750 milyon dollar təşkil edir və bunun da yarısı mərkəzi hökumətin transfertlərindən ibarətdir. Ermənistanda isə bələdiyyə büdcələrinin ÜDM-də payı 2,5 faizdir. Bu ölkənin ÜDM-nin 27,5 milyard dollar olduğu nəzərə alınsa, yerli büdcə gəlirlərinin təxminən 600 milyon dollara yaxın olduğu aydın olur.

