Seçkilər demokratiyanın ən vacib siyasi təsisatlarından biri olmaqla, vətəndaşların dövlət idarəetməsi üzərində nəzarətini təmin edir. Lakin seçkilərin keçirilməsi forması, yəni seçki sistemi mövzusunda müxtəliflik mövcuddur. Hər dövlət seçki sisteminə özünəməxsus elementlər daxil etsə də, onları bəlli göstəricilərinə görə qruplaşdırmaq mümkündür. Siyasi ədəbiyyatda seçki sistemlərini əsasən 4 qrupda birləşdirirlər: Majoritar/çoxluq, yarı-proporsional, proporsional və qarışıq seçki sistemləri.[i][ii]
Azərbaycanda Milli Məclisə seçkilər birmandatlı seçki dairələri əsasında çoxluq sistemi vasitəsilə keçirilir.[iii] Bu seçki sisteminə görə, birmandatlı seçki dairəsində ən çox səs yığan namizəd qalib sayılır, səslərin yarıdan çoxunu yığmağa ehtiyac yoxdur. Bir namizəd 20 faiz səslə də qalib gələ bilər (əgər digərləri 20 faizdən az səs toplayıbsa). Beləliklə, Azərbaycanda seçkilər üçün 125 ədəd birmandatlı seçki dairəsi yaradılır, hər dairədə səslərin çoxunu yığan namizəd qalib elan edilir. Bu sistem dünyada da geniş yayılıb. Məsələn, 2025-ci ildə dünya ölkələrinin 24,1 faizi aşağı palataya, yaxud tək palataya çoxluq sistemi əsasında seçki keçirir.[iv]
Azərbaycanda keçirilən seçkilərin[v] azad və ədalətli olmamasına dair faktları həm yerli, həm də beynəlxalq müşahidəçilər dəfələrlə göstəriblər.[vi] Lakin Azərbaycanda seçkilərin azad və ədalətli keçirilməsi halında belə hazırda istifadə edilən çoxluq sisteminin bir çox mənfi tərəfləri var. Bu məqalədə Azərbaycanda Milli Məclisə keçirilən seçkilərdə istifadə edilən çoxluq sisteminin disproporsionallıq yaratdığını, verilən səslərin əhəmiyyətli dərəcədə itirildiyini və bəzi hallarda seçiciləri parlamentdə əksər seçicilərin seçmədiyi namizədlərin təmsil etdiyini göstərəcəyəm.
Azərbaycanda seçki sistemi ilə bağlı açıq məlumatlar
Azərbaycanda seçkilərin təşkili Mərkəzi Seçki Komissiyası tərəfindən həyata keçirilir. Ona görə də Azərbaycanda seçkilər haqqında məlumatı Mərkəzi Seçki Komissiyasının rəsmi veb-səhifəsindən və onun nəzarətində olan Infocenter portalından əldə etmək olar. Ancaq bu iki portal seçkilər barədə çox məhdud məlumat təqdim edirlər. Məsələn, seçki dairələrinin ümumi hüdudları vahid xəritə şəklində göstərilsə də, həmin xəritədə dəqiq sərhədlər göstərilmir.[vii]
Bu portallarda seçkilərlə bağlı ilk məlumat 2010-cu ilin seçkilərinə aiddir. 2005, 2000 və 1995-ci ilə aid məlumatlar dərc edilmir. Hətta 2010-cu ildən bu yana dərc edilən məlumatlar da xeyli məhduddur. Məsələn, 2010-cu ildə Milli Məclisə keçirilən seçkilərdə namizədlərin nə qədər səs toplaması göstərilməyib.[viii] 2015 və 2024-cü ildə keçirilən parlament seçkilərinin nəticələri ilə bağlı məlumatlar da həddindən artıq dağınıq verilib. Seçkidə qalib gələn şəxslərin adları və topladıqları səs bir səhifədə,[ix] onun hansı partiyanın üzvü olması ilə bağlı məlumat isə başqa bir səhifədə verilib.[x] Və bütün bunlar vahid siyahı formasında deyil, ayrıca məntəqələrə bölünmüş şəkildə göstərilir. 2020-ci ildə keçirilən seçkilərin nəticələri ilə bağlı isə ümumiyyətlə qalib namizədin topladığı səs sayı təqdim edilməyib. Bunun əvəzinə hər məntəqə üzrə protokollar dərc edilib ki, orada hər namizədin yalnız məntəqələr üzrə yığdığı səslər qeyd olunub.[xi]İndiyə qədər heç bir mənbə Milli Məclisə keçirilən seçkilərin nəticələrini (məsələn, qalib şəxs, topladığı səs, üzv olduğu partiya) vahid formada təqdim etməyib.
Bu məqalədə mən Infocenter portalının fərqli-fərqli səhifələrdə dərc etdiyi məlumatları vahid formaya salmışam. Hazırladığım məlumat bazasında qalib şəxsi, həmin şəxsin dairə üzrə topladığı səsin miqdarını, həmin şəxsin partiya mənsubiyyətini (yaxud da müstəqilliyi) qeyd etmişəm. Seçkilərin nəticələrinin disproporsionallığı ilə bağlı hesablamaları isə Qallaqer indeksi (aşağıda izah edilib) vasitəsilə hesablamışam. Infocenter portalı 2010-cu il seçkilərini əks etdirsə də, qalib şəxslərin topladıqları səsləri qeyd etmədiyi üçün araşdırmaya daxil edilməyib. 1995, 2000 və 2005-ci ildə keçirilən seçkilər ilə bağlı beynəlxalq müşahidəçilər hesabatlar hazırlasa da, orada təqdim edilən məlumatlar məhduddur.[xii] Məhz buna görə də bu araşdırmada yalnız 2015, 2020 və 2024-cü ildə keçirilən seçkiləri təhlil etmişəm.
Çoxluq sisteminin mənfi xüsusiyyətləri
Birmandatlı dairələrdə çoxluq sistemi əsasında keçirilən seçkilərin mənfi tərəflərindən biri partiyaların topladıqları səslər ilə parlamentdə qazandıqları yer arasında disproporsionallığın olmasıdır.[xiii] Yəni partiyanın yığdığı səs faizi ilə parlamentdə qazandığı yerlərin faizi bir-birinə yaxın olmur.[xiv] Məsələn, A partiyası ümumi səslərin 40 faizini, parlamentdəki yerlərin isə 60 faizini əldə edir.
Çoxluq sisteminin bu xüsusiyyəti müəyyən mənada üstünlük kimi qəbul edilə bilər. Çünki partiyalar səslərin yarıdan çox hissəsini yığmadan da parlamentdəki yerlərin yarıdan çoxunu əldə edə bilirlər və hökuməti formalaşdırırlar. Yəni bu sistemlə keçirilən seçkilərdə koalisiyalar az olur, hökumət isə daha stabil və hesabatlı olur (koalisiyalarda hökuməti təşkil edən partiyalar hökumətin uğursuzluğunda koalisiya partnyorlarını günahlandırıb məsuliyyətdən yayınmağa çalışa bilər, lakin təkpartiyalı hökumətlərdə uğursuzluq zamanı başqasını günahlandırmaq olduqca çətindir).
Lakin Çoxluq sisteminin yuxarıdakı xüsusiyyətinin mənfi tərəfləri də mövcuddur. Birincisi, bəzi partiyalar az səslə daha çox yer əldə etdikləri kimi, digər partiyalar çox səslə daha az yer əldə edirlər. Məsələn, Birləşmiş Krallıqda 2024-cü ildə keçirilən parlament seçkilərində Leyboristlər ümumi səslərin 33,7 faizini alsalar da, parlamentdəki yerlərin 63,3 faizini qazanıblar, yəni təqribən iki dəfə çox yer. UK Reform partiyası isə ümumi səslərin 14,3 faizini toplasa da, parlamentdəki yerlərin 0,76 faizini qazanıblar.[xv] Ümumiyyətlə, istisna hallar xaricində, istənilən seçki sistemində disproporsionallıq qaçılmazdır[xvi]. Ancaq, bir qayda olaraq, çoxluq metodu ilə keçirilən seçkilərdə qeyri-mütənasiblik daha çox olur.[xvii]
Cədvəl 1: 2024-cü il Milli Məclisə seçkilərdə partiyaların topladıqları səslər və əldə etdikləri mandatlar[xviii]

Milli Məclisə keçirilən seçkilərdə də oxşar halı görə bilərik. Məsələn, 2024-cü il parlament seçkilərində 2,36 milyon seçici iştirak edib. YAP-dan seçilən deputatlar isə cəmi 1,2 milyon səs toplayaraq Məclisdə 68 yer qazanıblar. Başqa sözlə, YAP səslərin 50,4 faizini toplayaraq Məclisdəki yerlərin 54,4 faizini qazanıb. Cədvəl 1 göstərir ki, partiyalar (müstəqilləri də ayrıca qrup kimi nəzərə alsaq) qazandıqları səs nisbətinin 1,07-2,19 qatı nisbətində daha çox mandat əldə ediblər.[xix]
Cədvəl 2: 2020-ci il Milli Məclisə seçkilərdə partiyaların topladıqları səslər və əldə etdikləri mandatlar[xx]

2020-ci il parlament seçkilərində təqribən 2,33 milyon seçici iştirak edib. YAP 997 304 səs qazanaraq Milli Məclisdə 70 yer əldə edib. Başqa sözlə, YAP ümumölkə üzrə səslərin 42,8 faizini toplayaraq, Məclisdəki yerlərin 56 faizini əldə edib (ləğv edilən 4 dairəni nəzərə almasaq). Cədvəl 2 göstərir ki, 2020-ci il seçkilərində qalib gələn partiyalar (müstəqillər) topladıqları səs faizinin 1,15-3,37 qatı faizində mandat əldə ediblər.
Cədvəl 3: 2015-ci il Milli Məclisə seçkilərdə partiyaların topladıqları səslər və əldə etdikləri mandatlar[xxi]

2015-ci il seçkilərində 2,85 milyon seçici iştirak edib. YAP ümumilikdə ölkə üzrə 1 382 499 səs toplayaraq, Milli Məclisdə 72 yer qazanıb. Bu, o mənaya gəlir ki, YAP ölkə üzrə səslərin 48,3 faizini toplayaraq, Məclisdə olan yerlərin 57,6 faizini qazanıb. Cədvəl 3 göstərir ki, 2015-ci il parlament seçkilərində qalib gələn partiyalar (müstəqillər) topladıqları səs faizinin 0,54-2,03 qatı faizində mandat əldə ediblər.
Beləliklə, 2015, 2020 və 2024-cü ildə keçirilən seçkilərin nəticəsində ümumilikdə partiyalar (müstəqil namizədlər) topladıqları səs faizinin 0,54-3,37 qatı faizində yer əldə ediblər. Buradan bir daha görünür ki, disproporsionallıq yalnız az səs toplayan partiyanın çox yer qazanmasını deyil (3,37 qatı faizində), həmçinin çox səs yığan partiyanın az yer qazanmasını (0,54 qatı faizində) ehtiva edir.
Disproporsionallığın ölçülməsi üçün istifadə edilən ən tanınmış indeks ən kiçik kvadratlar və ya Qallaqer indeksidir.[xxii] Bu indeks imkan verir ki, seçkilərin nəticəsində partiyaların topladıqları səs faizi ilə qazandıqları yer arasında qeyri-mütənasiblik vahid indeks vasitəsilə ölçülsün. Bu indeks 0-a yaxınlaşdıqca seçkilər daha proporsional, 0-dan uzaqlaşdıqca daha çox disproporsional olur.

Ən kiçik kvadratlar indeksinə əsasən, 2024, 2020 və 2015-ci illərdəki parlament seçkilərinin disproporsionallıq indeksi müvafiq olaraq 3,67, 11,05 və 6,89-dur. Misal olaraq, proporsional seçki sistemini istifadə edən Danimarka (son seçkidə 1,13), Niderland (son seçkidə 1,46), Avstriya (son seçkidə 3,24) kimi ölkələrin nümunəsində bu indeks çox aşağıdır.[xxiii]
Çoxluq sisteminin ikinci problemi qalib namizəd xaricində digər namizədlərə verilən səslərin boşa getməsidir. Belə ki, birmandatlı seçki dairəsindən yalnız bir namizəd qalib olur və digər namizədlərə verilən səslər mahiyyət etibarilə heç bir əhəmiyyət kəsb etmir. Məsələn, A, B və C namizədləri müvafiq olaraq 40, 35, 25 faiz səs toplayıblarsa, A namizəd qalib olur. B və C namizədlərinə verilən 60 faiz səs isə partiyalar üçün statistikadan başqa bir əhəmiyyət daşımır. Səslərin boşa getməsi seçicilərin təmsilçiliyini məhdudlaşdırır. Belə ki, nə səs verdikləri namizəd, nə də onun mənsub olduğu partiya bu səslərdən yararlana bilir.
2024-cü il Milli Məclisə seçkilər zamanı səslərin ən çoxunu toplayaraq qalib gələn namizədlərin dairələrində də bu halı müşahidə etmək olar. Məsələn, bu seçkilərdə öz dairəsində səslərin ən çoxunu toplayaraq qalib olan namizəd 79,7 faiz səslə 112 saylı Zaqatala Seçki Dairəsindən Asif Əsgərov olub. Hətta bu dairədə belə seçicilərin 20,3 faizinin səsi itib. Ümumilikdə isə, bu seçkilərdə qalib gələn bütün namizədlərin topladıqları ümumi səs sayı 1 406 209 olub ki, bu da ümumi verilən səslərin 59 faizi edir. Yəni səs verən seçicilərin təqribən 41 faizinin səs verdiyi namizədlər qalib gələ bilməyiblər və bu səslər itib. Başqa sözlə desək, 2024-cü il seçkiləri nəticəsində formalaşan Milli Məclisin təmsilçiliyi cəmi 59 faizdir, çünki bu Məclisdəki deputatlar ümumilikdə seçicilərin 59 faizinin səsini alıblar. İtmiş səslərin miqdarı 2020-ci il seçkilərində 44 faiz, 2015-ci il seçkilərində isə 32 faiz olub. Yəni 2020 və 2015-ci illərdə formalaşan Milli Məclisin təmsilçiliyi müvafiq olaraq cəmi 56 faiz və 68 faiz olub.
Çoxluq sisteminin üçüncü mənfi xüsusiyyəti isə namizədin qalib gəlməsi üçün digər namizədlərdən çox səs yığmasının kifayət etməsidir. Yəni, bir dairədə seçicilərin yarısından çoxunun səs vermədiyi namizədlər belə qalib ola bilirlər. Məsələn, hesab edək ki, birmandatlı dairədə A, B və C namizədləri müvafiq olaraq 38, 35 və 27 faiz səs toplayıblar. Çoxluq sisteminə əsasən A namizəd qalib sayılır. Lakin, A namizədə səs verməyən seçicilər (B və C namizədlərinə səs verənlər) ümumi seçicilərin 62 faizini əhatə edirlər. Yəni həmin dairədə seçiciləri həmin seçicilərin böyük çoxluğunun səs vermədiyi namizəd təmsil etməli olur.
Məsələn, 2024-cü il Milli Məclisə keçirilən seçkilərdə 125 dairənin 18-dən seçilən namizədlər 50 faizdən daha az səslə qalib olublar. Məsələn, bu seçkilərdə Fazil Mustafa 49,5 faiz, Razi Nurullayev 48,4 faiz, Tənzilə Rüstəmxanlı 45,9 faiz səslə qalib gəlib. 2020-ci il parlament seçkilərində isə 50 faizdən daha az səslə qalib gələnlərin sayı 39-dur. Digər bir ifadə ilə, 2020-ci ildə seçilən 125 deputatın təqribən 30 faizi öz dairəsində seçicilərin əksəriyyətinin üstünlük vermədiyi namizədlər olublar. Məsələn, Razi Nurullayev 21,4 faiz səslə seçkidən qalib ayrılıb.
Bu vəziyyəti daha da ağırlaşdıran səbəb Azərbaycan Seçki Məcəlləsinin dairələr üzrə minimum seçici həddi qoymamasıdır. 1995-ci ildə qəbul edilən Milli Məclisə seçkilər haqqında qanununun[xxiv] 74-75-ci maddələrinə əsasən, seçkilərin baş tutmuş sayılması üçün seçicilərin ən azı 50 faizi seçkilərdə iştirak etməli idi. Ancaq 2003-cü ildə qəbul edilən Seçki Məcəlləsində bu müddəa ləğv edildi və minimum seçici sayı ilə bağlı heç bir limit qalmadı. Bu halda, həm seçicilərin az iştirak etdiyi, həm də namizədlərin az səslə qalib gəldiyi dairələr xüsusi diqqət çəkir.
Məsələn, 2024-cü il seçkilərində 33 saylı Xətai birinci seçki dairəsində Zahid Oruc 4886 səslə qalib gəlib. Bu dairədə seçicilərin sayı 50 800 nəfər olsa da, seçkilərdə cəmi 8429 nəfər iştirak edib. Yəni seçkidə iştirak faizi 16,6 faiz olub. Beləliklə, Zahid Oruc öz dairəsində ümumi seçicilərin cəmi 9,6 faizinin səsini alaraq deputat seçilib. Başqa sözlə desək, 33 saylı dairəni Milli Məclisdə dairə seçicilərinin 90,4 faizinin səs vermədiyi deputat təmsil edir.
Nəticə
Bu məqalədə Azərbaycanda son 3 parlament seçkilərinin nəticələri ilə bağlı məlumat (seçki dairəsi, qalib namizəd, səs faizi, təmsil etdiyi partiya) toplayaraq təhlil etdim. Təhlil bir daha göstərir ki, çoxluq seçki sistemi beynəlxalq trendə uyğun olaraq özündə yüksək disproporsionallıq ehtiva edir. Yəni parlamentdə yer qazanan partiyaların topladıqları səs faizi ilə qazandıqları yer faizi arasında ciddi fərqliliklər mövcuddur. Bundan əlavə, seçicilərin səslərinin əhəmiyyətli hissəsi nəzərə alınmır ki, bu da nümayəndəlik institutuna ciddi zərbə vurur. Həmçinin, namizədlər çox kiçik səs miqdarı ilə seçkilərdə qalib gələ bildikləri üçün böyük çoxluğun səs vermədiyi namizədlər seçkidən qalib ayrıla biliblər.
[i] Norris, Pippa. “Choosing Electoral Systems: Proportional, Majoritarian and Mixed Systems.” International Political Science Review / Revue Internationale de Science Politique 18, no. 3 (1997): 297–312, 300
[ii] LeDuc, Lawrence, Richard G Niemi, and Pippa Norris. “Electoral Systems”. Comparing Democracies 2 : New Challenges in the Study of Elections and Voting. [2nd ed.]. 2002. London ; Sage.
[iii] Mərkəzi Seçki Komissiyası. “Azərbaycan Respublikasının Seçki Məcəlləsi” https://www.msk.gov.az/uploads/qanunvericilik/Secki-Macallasi-2024.pdf
[iv] Inter-Parliamentary Union, “Electoral System”.
[v] Azərbaycanda üç fərqli seçki keçirilir: Prezident, parlament, bələdiyyə. Bu məqalədə yalnız parlament seçkiləri nəzərə alındığı üçün bundan sonra seçkilər deyildikdə yalnız parlament seçkiləri nəzərdə tutulacaq.
[vi] Həm ATƏT-in, həm də yerli müşahidə təşkilatı olan SMDT-nin hesabatlarında Azərbaycanda keçirilən seçkilərin azad və ədalətli olmadığı dəfələrlə bəyan edilib.
[vii] Mərkəzi Seçki Komissiyası. “Seçki dairələrinin xəritəsi və ünvanları”. https://www.msk.gov.az/az/pages/view/mskxerite
[viii] Infocenter.gov.az. “DAİRƏLƏR ÜZRƏ DEPUTAT SEÇİLMİŞ NAMİZƏDLƏR”. https://www.infocenter.gov.az/archive/millimeclis.aspx?i=1
[ix] Infocenter.gov.az. “1 SAYLI ŞƏRUR-SƏDƏRƏK SEÇKİ DAİRƏSİ”. https://www.infocenter.gov.az/archive/MilliMeclis2024.aspx?i=5
[x] Infocenter.gov.az. “1 SAYLI ŞƏRUR-SƏDƏRƏK SEÇKİ DAİRƏSİ ÜZRƏ QEYDƏ ALINANLARIN SİYAHISI” https://www.infocenter.gov.az/archive/MilliMeclis2024.aspx?i=4&dsk=1
[xi] Infocenter.gov.az. “MİLLİ MƏCLİS SEÇKİLƏRİ – 09.02.2020”. https://www.infocenter.gov.az/archive/millimeclis2020.aspx?i=2
[xii] Osce.org. “Azerbaijan, Parliamentary Elections, 6 November 2005: Final Report”. 2006. https://www.osce.org/odihr/elections/azerbaijan ; Osce.org. “Azerbaijan, Parliamentary Elections, 5 November 2000 and 7 January 2001: Final Report”. 2001. https://www.osce.org/odihr/elections/azerbaijan/14265 ; Osce.org. “Azerbaijan, Parliamentary Elections and Constitutional Referendum, 12 November 1995: OSCE/UN Report”. 1996. https://www.osce.org/odihr/elections/azerbaijan/14291.
[xiii] Hix, Simon, Johnston, Ron and McLean, Iain. Choosing an electoral system: a report by the British Academy Policy Centre. 2010. British Academy, London.
[xiv] Carey, John M., and Simon Hix. “The Electoral Sweet Spot: Low-Magnitude Proportional Electoral Systems.” American Journal of Political Science 55, no. 2 (2011): 383–97; Carsten, Anckar. “Determinants of disproportionality and wasted votes”. Electoral Studies 16, no. 4 (1997): 501-515.
[xv] BBC.com. “UK General election 2024 Results”. 2024. https://www.bbc.com/news/election/2024/uk/results
[xvi] Gallagher, Michael. Proportionality, disproportionality and electoral systems. Electoral Studies 10, no 1. (1991): 33-51, 33
[xvii] Mitchel, Paul. The United Kingdom: Plurality Rule Under Siege. The Politics of Electoral Systems. 1991. Oxford University Press. 2005. 157-184. 168.
[xviii] BQP – Böyük Quruluş Partiyası; ADMP – Azərbaycan Demokratik Maarifçilik Partiyası; DİP – Demokratik İslahatlar Partiyası; MCP – Milli Cəbhə Partiyası; AMİP – Azərbaycan Milli İstiqlal Partiyası; AVP – Ana Vətən Partiyası; BAP – Böyük Azərbaycan Partiyası; REAL – Respublikaçı Alternativ Partiyası; ƏHD – Ədalət, Hüquq və Demokratiya Partiyası (keçmiş BAXCP); VHP – Vətəndaş Həmrəyliyi Partiyası; YAP – Yeni Azərbaycan Partiyası.
[xix] 2024 seçkilərində 44 müstəqil namizəd qalib gəlib, sadəlik xatirinə onları “Müstəqillər” deyə vahid qrup altında birləşdirib hesablama apardım. Eyni metodu 2020 və 2015 seçkilərində də tətbiq etmişəm.
[xx] DİP – Demokratik İslahatlar Partiyası; ADMP – Azərbaycan Demokratik Maarifçilik Partiyası; VP – Vəhdət Partiyası; VBP – Vətəndaş Birliyi Partiyası; AVP – Ana Vətən Partiyası; BQP – Böyük Quruluş Partiyası; BAXCP – Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (hazırkı ƏHD); VHP – Vətəndaş Həmrəyliyi Partiyası; YAP – Yeni Azərbaycan Partiyası.
[xxi] ASDP – Azərbaycan Sosial Demokrat Partiyası; MDHP – Milli Dirçəliş Hərəkatı Partiyası; ADMP – Azərbaycan Demokratik Maarifçilik Partiyası; VBP – Vətəndaş Birliyi Partiyası; VP – Vəhdət Partiyası; ADİSP – Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası (hazırkı Demokratik İslahatlar Partiyası); ASRP – Azərbaycan Sosial Rifah Partiyası; AVP – Ana Vətən Partiyası; BQP – Böyük Quruluş Partiyası; VHP – Vətəndaş Həmrəyliyi Partiyası; BAXCP – Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (hazırda ƏHD); YAP – Yeni Azərbaycan Partiyası.
[xxii] Gallagher, Michael, Proportionality, disproportionality and electoral systems, Electoral Studies 10, no 1, 33-51, 40
[xxiii] Gallagher, Michael. “Election Indicies”. 7-51. https://www.tcd.ie/Political_Science/about/people/michael_gallagher/ElSystems/Docts/ElectionIndices.pdf
[xxiv] E-qanun.az, “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU”
https://e-qanun.az/framework/9441

