16-cı Bakı Beynəlxalq Film Festivalı çərçivəsində nümayiş etdirilməsi nəzərdə tutulan Məhsəti filminin Mədəniyyət Nazirliyi nəzdində fəaliyyət göstərən Bədii Şura tərəfindən nümayişinə qadağa qoyuldu. Mətbuatda çıxan xəbərlərdə səbəb kimi dünya şöhrətli şairə Məhsəti Gəncəvinin filmdə “əxlaqsız qadın” kimi təqdim olunması göstərildi. Film ilk dəfə 2025-ci ilin mayında ABŞ-da Mammoth Lakes Film Festivalı çərçivəsində nümayiş etdirilsə də, Azərbaycan cəmiyyətinə təqdim olunmayıb. Lakin mətbuatda gedən məlumatlardan aydın olur ki, filmdə bəzi erotik səhnələr yer alıb. Bunu əsas götürərək mətbuat cəmiyyətin baxa bilmədiyi film haqqında “kəskin mövqe”yə malik olduğunu, ictimaiyyətin tarixi şəxsiyyətin obrazının bu cür təhrif olunmasını qəbul etmədiyini bəyan etdi.[i] Bu ittihama cavab olaraq filmin rejissoru Suad Qara əvvəlcə bəyan etdi ki, filmdə Məhsəti obrazına çağdaş yanaşma əsas götürülüb. Məhsətinin öz dövrünün azad düşüncəli ədibi olduğunu göstərməyə, müxtəlif çərçivə və məhdudiyyətlərə salınmış qadınların səsini eşitdirməyə cəhd edilib. Bir neçə gün sonra isə Suad Qara filmə görə ictimaiyyətdən üzr istədiyini bildirdi.[ii]
Bu polemikadan sonra gözləmək olardı ki, mətbuat öz mövqeyini əsaslandırmaq üçün vəkilliyini etdiyi cəmiyyətə Məhsəti yaradıcılığı ilə məşğul olan tədqiqatçı ədəbiyyatşünasların və yaxud ən azından şairənin yaşadığı dövrü tədqiq edən tarixçilərin fikrini təqdim edəcək. Amma mətbuat mütəxəssislərin əvəzinə, tanınmış simaların, məşhurların fikirlərinə üstünlük verdi. Lakin bu məşhurların elmlə, tarixlə, fars ədəbiyyatı ilə heç bir əlaqəsi yoxdur. Məgər Məhsəti Gəncəvini bütün dünyaya Azərbaycan şairəsi kimi təqdim etmiş ölkədə onun yaradıcılığı ilə məşğul olan ədəbiyyatşünaslar, yaxud da Məhsətinin yaşadığı dövrü tədqiq edən tarixçilər yoxdur?
Məhsəti Gəncəvinin obrazı ətrafında yayılan spekulyasiyalar bir neçə məsələyə aydınlıq gətirilməsini tələb edir. Birincisi, Məhsəti Gəncəvi kimdir, o, azərbaycanlı idimi? İkincisi, onun yaşadığı 12-ci əsr Gəncəsi necə bir şəhər idi? Üçüncüsü, Məhsəti Gəncəvinin yaşadığı dövrün əxlaqi-mənəvi dəyərləri ilə müasir Azərbaycan millətinin əxlaqi-mənəvi dəyərləri nə qədər üst-üstə düşür? Bu suallara cavab tapmamışdan əvvəl qeyd etməliyik ki, Məhsəti Gəncəvi də Nizami Gəncəvi kimi Sovet imperiyasın müstəmləkə mədəni irsinin məhsuludur. Onların hər ikisi Sovet alimləri tərəfindən azərbaycanlaşdırılan, lakin Azərbaycan cəmiyyəti tərəfindən özünküləşdirilə bilinməyən xadimlərdəndir. Bunun isə bir sadə səbəbi var – dil. Azərbaycan cəmiyyəti Məhsəti ilə Nizaminin dilində danışmadığı üçün, onun şerlərini orijinalda oxuyub anlamaq imkanından məhrum olduğu üçün onu özünküləşdirə bilməyib.
Məhsətinin Gəncəsi
Məhsəti Gəncəvinin həyatı haqqında məlumat verə biləcək mənbələr yox dərəcəsindədir. Hətta 20-ci əsrin əvvəllərində onun tarixi şəxsiyyət olması belə sual altında olub.[iii] Lakin sonrakı tədqiqatlar, elmi dövriyyəyə daxil edilən yeni mənbələrin müqayisəli təhlili Məhsətinin tarixi şəxsiyyət olması, təqribən 11-ci əsrin sonu-12-ci əsrdə yaşaması fikrini möhkəmləndirib. Məhsətinin həyat tərzinə aydınlıq gətirmək üçün 11-12-ci əsrdə Gəncənin əhalisi, dili, sosial həyatı haqqında təsəvvürümüz olmalıdır.
Gəncə haqqında ilk məlumatlara ərəb mənbələrində rast gəlinir. Vladimir Minorski 11-ci əsrin naməlum müəllifinin Tarixi-Bab al-abvab əsərinə istinad edərək şəhərin 859-cu ildə, Ərəb hakimiyyəti dövründə salındığını qeyd edir.[iv] 10-cu əsrdə yaşamış coğrafiyaşünas əl-İstəhri Yollar və Məmləkətlər haqqında kitabında Gəncənin Bərdə ilə Tiflis arasında kiçik bir şəhər olduğunu qeyd edir.[v] Gəncənin yüksəlişi 10-cu əsrdə Bərdənin süqutu ilə başlayır. 951/52-ci ildə kürd mənşəli Şəddadilər sülaləsinin mərkəzi şəhəri olan Gəncə, həm də Aranın paytaxtına çevrilir. 11-ci əsrin sonlarında Şəddadilər şəhər üzərində nəzarəti itirirlər, şəhər Səlcuq sultanı Məlikşah tərəfindən işğal edildikdən sonra iqta şəklində oğlu Məhəmmədə verilir. Məhsəti yaradıcılığının ən məhsuldar dövrünün məhz Səlcuqi dövrünə, yəni sultan II Mahmud ilə sultan Əhməd Səncərin hökmranlıq etdiyi aralığa təsadüf etdiyi ehtimal olunur.[vi] Ərəb işğalları ərəfəsində müasir Gəncənin ərazisində və ətraflarda əhali vahid dildə danışmırdı. Fars dili xalqlararası ünsiyyət vasitəsi rolunu oynayırdı, şəhərin əhalisi müsəlman və xristianlardan ibarət idi.[vii] Bu məlumatlar bizə bir neçə nəticə çıxarmaq imkanı verir.
İlk növbədə Məhsəti Azərbaycan adlı dövlətdə yaşamayıb, Məhsətinin yaşadığı dövrdə Gəncə əvvəlcə Şəddadi dövlətinin paytaxt şəhəri, sonra isə Səlcuqlu İmperiyasının tərkibindəki Aran vilayətinin bir şəhəri idi. Gəncənin əhalisi türk-azərbaycanlılardan ibarət deyildi. Əhali qafqazdilli (əsasən udinlər), erməni, farsdilli və türkdilli qruplardan ibarət olub. Türkdilli qrupların Gəncəyə axını 11-ci əsrə, Səlcuq işğallarına təsadüf edib, lakin işğalçı türklər Gəncədə dominant qrup deyildilər. Bu isə o deməkdir ki, Gəncə əhalisinin Məhsətinin yaşadığı dövrdə türk dilində danışmasını ehtimal etmək çətindir. Türk dili səlcuq işğallarından sonra da dominant dilə çevrilməyib. Sadə əhali öz dilində, səlcuq saraylarında da fars dilində danışılırdı. Səlcuq sultanlarının saraylarından çıxan diplomatik yazıları, dövlət qulluqçularının hazırladıqları hesabat və sənədlərini, saraylarda yaşayan mədəniyyət xadimlərinin yaradıcılığını buna sübut kimi göstərə bilərik. Sultanların şərəfinə yazılan əsərlər, mədhiyələrin fars dilində olması Səlcuq sultanlarının bu dili anlaması və bu dildə danışması ilə izah edilə bilər. Ümumən isə Səlcuq imperiyasının rəsmi dilinin fars və ərəb dili olması heç bir şübhə doğurmur.[viii]
Dini məsələyə gəlincə müasir Azərbaycan ərazisində ərəblər 7-ci əsrdən peyda olsalar da, əhalinin tamamilə müsəlmanlaşması uzun və ağrılı bir proses olub, mənbələr 10-cu əsrdə belə Aranın tamamilə müsəlmanlaşmasını təsdiq etmirlər. Səlcuqların özləri İslamı 10-cu əsrin sonunda qəbul etməyə başlayıblar. Türkiyə tarixşünaslığı iddia edir ki, 11-ci əsrin əvvəllərində Qafqaz yürüşlərində iştirak etmiş türkmənlərin hamısı müsəlman idi. Buna baxmayaraq, qısa bir dövrdə köçəri türkmənlərin İslamın bütün dini qaydalarını qəbul etdiklərini, onlara əməl etdiklərini söyləmək, dindən irəli gələn qadağalara riayət etdiklərini iddia etmək də mümkün deyil.
Beləliklə, Məhsətinin yaşadığı çoxmillətli və çoxdilli Gəncə İslam və Xristian dini institutlarının yana-yana mövcud olduğu çoxkonfessialı bir şəhər idi. Bu şəhərdə hər bir qrup öz adət-ənənələrinə uyğun yaşayırdı. Səlcuq imperiyasının iqta şəklində hakim sülalənin nümayəndələri arasında bölüşdürülərək idarə olunduğunu nəzərə alsaq (apanaj sistemi), imperiya ərazisində çoxlu muxtar vilayətlərin mövcudluğunun, hər bir vilayətin yerli qaydalara uyğun idarə olunduğunun səbəbini də anlamış olarıq.
Məhsəti şəxsiyyəti
Məhsəti Gəncəvinin yaşadığı dövr və şəhər haqqında məlumat tapmaq nə qədər asandırsa, onun şəxsiyyəti haqqında məlumatlar əldə etmək bir o qədər çətindir. Adətən ədiblərin şəxsiyyəti, mənəvi-əxlaqi dəyərləri haqqında yaradıcılıqları məlumat verir. Məhsətinin şəxsiyyətinin müəyyənləşdirilməsində onun yaradıcılığının imkanları olduqca məhduddur. Bunun bir neçə səbəbi var. Əvvəla, Məhsəti rübai üstadı olub, dastan və poemalar yazmayıb. Bu da ona kiçik həcmli şeirlərə həyatının mühüm anlarını daxil etmək imkanı verməyib. İkincisi, dövrün şəraiti Məhsəti rübailərinin toplu halında dərc edilib bir kitab halına salınmasına imkan verməyib. Nəticədə, Məhsətinin yazdığı şeirlərin bir qismi başqa müəlliflərin adından yayılıb, ona məxsus olmayan bir çox şeirlər də onun adına yazılıb. Üçüncüsü, Məhsəti yaradıcılığını təhlil etmək üçün mümkün olan mənbələr dağınıq şəkildə müxtəlif dövlətlərin kitabxana, arxiv və muzeylərində tapılır. Bu da onun yaradıcılığının tədqiqatını çətinləşdirir.
Məhsətinin adına tarixi mənbələrdə ilk dəfə 13-cü əsrdə rast gəlinir. Məhsəti yaradıcılığı isə ilk dəfə alimlərin diqqətini 20-ci əsrin əvvəllərində cəlb edib. Onun yaradıcılığına həsr olunmuş ilk tədqiqat İranda 1956-cı ildə Şahab Tahiri tərəfindən dərc edilib. Lakin bundan bir neçə il əvvəl Bakıda Nigar Rəfibəylinin tərcüməsində Məhsəti Gəncəvinin şeirləri Azərbaycan dilində nəşr olunub. 1963-cü ildə isə alman şərqşünas Fritz Meyerin Gözəl Məhsəti kitabı işıq üzü görüb. Bu kitab hazırda Məhsəti yaradıcılığına həsr olunmuş ən mükəmməl əsər hesab edilir. Əsərdə Məhsətiyə aid edilən 279 rübai toplanmış və ətraflı şərh olunmuşdur. Məhsəti rübailərinin təhlili Meyerə Məhsətinin həyatı, yaradıcılığı və peşəsi haqqında məlumatları dəqiqləşdirmək imkanı verib.[ix] Məhsəti yaradıcılığına aid son tədqiqat işlərindən 2015-ci ildə Tehranda dərc olunmuş Dihqan Mahdinin kitabı qeyd olunmalıdır. Bu kitaba yeni tapılmış mənbələrdən əldə olunmuş məlumatlar daxil edilib.[x]
Müasir Azərbaycanda Məhsəti yaradıcılığına həsr edilmiş diqqəti cəlb edən iki nəşri qeyd edə bilərik. 2004-cü ildə Məhsəti Gəncəvinin Rübailəri dərc olunub. Kitabın birinci hissəsinə Meyer və Tahirinin kitablarında olan şeirlərin tərcüməsi, ikinci hissəsinə isə Sovet dövründə Nigar Rəfibəyliyə məxsus Məhsəti və Əmir Əhməd dastanının tərcüməsi daxil edilib.[xi] 2005-ci ildə Bakıda Rafael Hüseynovun Məhsəti yaradıcılığına həsr olunmuş kitabı işıq üzü görüb.[xii]
Məhsəti yaradıcılığının təhlili alimlərə onun 12-ci əsrdə Gəncədə yaşaması, sənətinin isə xətib (dəbir) olması, şeir, poeziya yaratması haqqında fikir söyləməyə əsas verib. Məhsəti Səlcuq sultanlarının sarayında təşkil olunan məclislərdə iştirak edib, yazdığı şeirlərə, mədhiyələrə görə böyük bəxşişlər alıb, bəzən isə hətta cəzalandırılıb. Məhsətinin saraylara dəvət almasının səbəbləri onun musiqi alətində çalmaq bacarığı, gözəl səsə malik olması və bədahətən şeir deməsi olub. Məhsəti həm də şahmat oynamağı bacarıb. Bu qabiliyyətlər Məhsətinin dövrünün orta müsəlman qadını imicinə uyğun gəlmədiyinə, təhsilli, geniş dünyagörüşünə malik, azadfikirli bir insan olduğuna işarədir. Məhsəti eyni zamanda hələ İslamdan əvvəl Sasanilər dövründə Farsda yayılmağa başlamış, 11-12-ci əsrdə çiçəklənən Əxilik (Cavanmərdi) və ya Futuvat təşkilatına yaxın olub.[xiii] Əxilik İslamda sufi təriqəti idi. Əxiliyi mənəvi dünyada müəyyən ideoloji-fəlsəfi dəyərləri, başqasına yardım etməyi, əliaçıqlığı təbliğ edən, əsasən gənc sənətkarları, şəhər əsnaflarını birləşdirən təşkilatlar təbliğ edirdi.
Məhsəti Gəncə sarayının xətibinin oğlu Əmir Əhmədlə evli olub. Məhsəti eyni zamanda ənənəvi İslam qaydalarına uyğun olmayan həyat tərzi ilə seçilib, saraylarda təşkil olunan eyş-işrət məclislərində iştirak edib, şərab içib, rəqs edib, şeirlərində Allaha, ilahi qüvvələrə deyil, insana olan sevgisindən bəhs edib. Sovet ədəbiyyatının Məhsəti poeziyasına diqqəti də məhz bu məqamla izah olunur. Dini deyil, dünyəvi hissləri, humanizmi, mənəvi azadlığı təbliğ edən Məhsəti sovet ideologiyasının əsas pinsiplərinə uyğun gəldiyi üçün araşdırılıb və nəşr edilib.
Bu yazını doğuran səbəb Məhsəti haqqında çəkilən filmdə onun davranışı və əxlaqi prinsipləri olduğu üçün tədqiqatçıların bu məsələyə münasibətinə nəzər salacağam. Məhsəti yaradıcılığını tədqiq edən bütün alimlər onun şeirlərinin bir qisminin erotik, seksual, vulqar xarakter daşıdığını qəbul edir. Məhsəti şeirlərində vəsf edilən sevgi abstrakt deyil, konkret insanlara həsr olunub. Şairə poetik dil ilə sevgi və ehtirası bütün çalarları ilə təsvir edib. Məsələn, həm Meyerin, həm də Mihrabinin Məhsəti yaradıcılığından edilən tərcümələrinin birində deyilir:[xiv]
من مهستی ام بر همه خوبان شده طاق Mən Məhsətiyəm ən gözəl çoban
مشهور بـحسن در خراسان و عراق Xorasandan İraqa qədər gözəliyi ilə məşhur olan
ای پور خطیب گنجه کونت چو رواق Ey xətibin oğlu, sən bir işə yaramayan tənbəl
نان باید و گوشت و كیر ورنه سه طلاق Çörəyim, ətim, şeyim[xv] olmazsa səninlə işim bitər
12-ci əsr müsəlman ölkəsində müsəlman qadınının bu cür şeirlər yazması Məhsəti yaradıcılığını tədqiq edən Qərb alimlərinin diqqətini çəkən və mübahisələrə səbəb olan mühüm amillərdən olub. Tədqiqatçılar Məhsəti yaradıcılığında bu üslubu müxtəlif cür izah edirlər. Bir qrup tədqiqatçı Məhsətinin müsəlman əxlaqına uyğun gəlməyən həyat tərzi ilə bağlı fikirlərin təqribən 14-cü əsrdən formalaşmağa başladığını iddia edirlər. Bu cür fikirlərin yaranmasına səbəb isə Məhsəti şeirlərində bəzi sözlərin xətiblər tərəfindən bilərəkdən əxlaqsız kəlmələrlə əvəz edilməsində görürlər. Yəni tədqiqatçılar əslində həmin kəlmələrin Məhsətiyə aid olmadığını iddia edirlər.[xvi] Onların fikrincə, Məhsətinin dini qaydalara uyğun olmayan həyat tərzi 14-cü əsr müəllifləri üçün qəbuledilməz olmuş və onlar bu üsulla onu gözdən salmağa cəhd etmişdilər. Digər qrup tədqiqatçılar, o cümlədən Meyer bu rübailərin məhz Məhsətiyə aid olduğunu qəbul edirlər.[xvii] Məsələn, Fars ədəbiyyatında bədənin təsviri adlı məqaləsində Cəlal Xaliqi Mutlaq Məhsətinin üç nəfərlik (1 qadın 2 kişi) seksə meyilli qadın olmasından bəhs edir.[xviii]
Azərbaycan tədqiqatçılarının Məhsəti yaradıcılığının erotik hissəsinə münasibəti birmənalı olmayıb. Sovet dövründəki nəşrlərə Məhsətinin erotik şeirləri daxil edilməyib. Onun müstəqillik dövründə nəşr olunan tərcümələri də senzuradan keçirilib. Xəlil Yüsifli Rübailər kitabındakı ön sözdə yazır ki, rübailər kitaba daxil edilərkən “saf-çürük” edilib, lazım bilinməyən rübailər kitaba daxil edilməyib. Bunun səbəbi kimi isə bəzi “rübailərin məzmununun nöqsanlı” olması göstərilib.[xix] Yəni rübailəri tərcümə edən tədqiqatçı faktiki olaraq Məhsətini senzuradan keçirdiyini, 12-ci əsr şairəsinin yaza bildiklərini 21-ci əsr cəmiyyəti üçün nöqsanlı və qüsurlu hesab etdiyindən kitaba daxil etmədiyini bildirir. Bununla yanaşı, Yusifli həmin şeirlərin Məhsətiyə aid olduğunu da inkar etmir. Rafael Hüseynov da Məhsəti yaradıcılığında erotik məzmunlu şeirlərin kifayət qədər çox olmasına diqqəti çəkir, lakin bu cür lirikaya ziddiyyətli münasibət bildirir.[xx] Hüseynov əvvəl Məhsətinin müxtəlif sənət sahibi olan gənc kişiləri vəsf etməsini, onlara eşq elan etməsini şəhraşub janrı ilə əlaqələndirir. Şəhraşub janrı, yəni əsnaf epiqramı müxtəlif peşə sahiblərinin daxili dünyasının vəsfinə həsr olunub. Məhsətinin şəhraşub janrından istifadə etməsinin səbəbini isə yaşadığı dövrdə əxiliyin yayılması, həm Məhsətinin, həm də həyat yoldaşı Əmir Əhmədin əxiliklə əlaqəsinin olması ilə izah edir.[xxi] Bir qədər sonra Hüseynov bu rübailərin Məhsətiyə aid olduğunu inkar edir, bu cür şeirlərin onun adına yazılmasını isə onun əxlaqsızlığı ilə bağlı şayiələrin yayılması ilə izah edir.[xxii] Lakin sonunda Məhsətinin erotik, vulqar, biədəb şeirlərin müəllifi olduğunu qəbul edir və bunu 12-ci əsr Gəncə şəhərinin sosial-iqtisadi inkişafı ilə əlaqələndirir.[xxiii] Hüseynov düşünür ki, iqtisadi inkişaf şəhərdə müxtəlif azad peşə sahiblərinin sayının artmasına, çoxlu sayda əxi təşkilatlarının yaranmasına və futuvatçılığın çiçəklənməsinə səbəb olub.
Beləliklə, Məhsəti yaradıcılığının tədqiqatçıları onun vulqar, pornoqrafik səviyyədə erotik rübailərinin olmasını danmırlar və bunu müəyyən mənada həmin dövrün xüsusiyyətləri, sosial həyatın tələbləri kimi qəbul edir, Məhsətinin azad fikirli, mənəvi azadlığa önəm verən və real həyatı tərənnüm edən şairə olduğunu vurğulayırlar. Azərbaycan mətbuatı isə iddia edir ki, 21-ci əsr Azərbaycan cəmiyyətinin reallıqları 12-ci əsrin reallıqlarından fərqli ola bilməz, Azərbaycan cəmiyyəti 10 əsrdir ki, eyni əxlaqi-mənəvi dəyərlərlə yaşayır və məhz bu səbəbdən Məhsətiyə həsr olunmuş film dahi şairənin təhqir olunması, onun obrazının saxtalaşdırılmasıdır. Mətbuatın bu mövqeyinin elmi araşdırmaların saxtalaşdırılmasına etiraz olmadığı məlumdur. Çünki tarixi Məhsəti filmdəki Məhsəti obrazı ilə ziddiyət təşkil etmir. Bəs bu mövqe nə ilə bağlıdır?
İndiki Azərbaycan Respublikasının ərazisi 300 ilə yaxın müstəmləkə altında yaşayıb. Həm Rusiya İmperiyası, həm də Sovet imperiyası bu ərazidə yaşayan insanların sosial-mülkü, etnik-mədəni və mənəvi kimliyinin formalaşmasında danılmaz iz buraxıb. Müstəmləkə tarixinin mədəni irsi Azərbaycan qadınını qapalı, başı bağlı, mədəni dünyadan təcrid olunmuş, elmdən, savaddan uzaq cahil bir müsəlman qadını kimi təqdim edir. Sözsüz ki, azadfikirli, əlində şərab qədəhi, sultan saraylarının eyş-işrət məclislərində iştirak edən, musiqi alətində çalan, nəğmə oxuyan, bədahətən şeir deyən, sultanlar və şairlərlə söz güləşdirən 12-ci əsr Məhsətisinin imici müstəmləkə hakimiyyətinin müsəlman qadını üçün yaratdığı imicə uyğun gəlmir.
Müstəmləkə siyasətinin Azərbaycan cəmiyyətinin həyatında buraxdığı mədəni irsin ikinci mühüm izi onun yaratdığı tarixdən ibarətdir. Sovet imperiyası Azərbaycan cəmiyyəti üçün bəlli sərhədləri olan bir dövlət qurmuş, həmin sərhədlərin içərisində yaşayanları azərbaycanlı adlandırmış və bu azərbaycanlılar üçün bir tarix və bu tarixi yaratmış şəxsiyyətləri təsvir etmişdi. Bu təsvirdə Məhsəti kimi mütəfəkkirlər azərbaycanlılaşdırılmış, onların irsi Azərbaycan mədəniyyəti çərçivəsində təqdim edilmişdi. Lakin azərbaycanlılaşdırılan bu mütəfəkkirləri Azərbaycan cəmiyyəti özünküləşdirə bilməmişdi. Orta statistik azərbaycanlı nə Məhsətini, nə Nizamini orijinalda oxuyub anlaya bilir, məhz bu səbəbdən də onların şeirlərini Səməd Vurğunun şeirləri kimi əzbərdən deyə bilmir. Sual oluna bilər ki, bəs müasir Azərbaycan mətbuatını müstəmləkə irsini təbliğ etməyə məcbur edən nədir? Nə üçün artıq müstəqil olan Azərbaycan mətbuatı müstəmləkə hakimiyyətinin cəmiyyətə qəbul etdirdiyi əzilmiş, savadsız, öz sözü olmayan miskin azərbaycanlı qadını imicini əxlaqi normalar adı altında yenidən cəmiyyətə qəbul etdirməyə çalışır? Bu sualın cavabı həm tarixi, həm də mətbuatı nəzarətdə saxlayan hakimiyyətdədir.
Qeyd və istinadlar
[i] Gəray, Xalidə. “Məşhurlar Məhsəti Gəncəvi qalmaqalına görə ayağa qalxdı: ‘Bu, sadəcə dəhşətdir!’” Yeni Müsavat. December 6, 2025. https://musavat.com/news/meshurlar-mehseti-gencevi-qalmaqalina-gore-ayaga-qalxdi-bu-sadece-dehsetdir_1222782.html?d=1.
[ii] Qafqazinfo.az. “‘Hər Kəsdən Üzr Istəyirəm…’ — Suad Qarayeva.” December 17, 2025. https://qafqazinfo.az/news/detail/her-kesden-uzr-isteyirem-suad-qarayeva-492531?ref=oc-media.org.
[iii]Евгений Бертельс. Избранные труды. Низами и Физули. Академия наук СССР. Институт народов Азии. Издательство восточной литературы, 1962; Агафангел Крымский. Низами и его современники. Эльм, 1981.
[iv] Vladimir Minorsky, A History of Shavan and Darband, Cambridge 1958, 25, 57.
[v] Vasili Bartold and John Boyle. Gandja. The Encyclopaedia of Islam, Second Edition. Volume II, Brill, 1991, 975.
[vi] Hans de Bruijin. Mahsati. The Encyclopaedia of Islam, Second Edition. Volume VI, Brill, 1991, 85.
[vii] Əhməd Zəki Vəlidi. Azərbaycanın tarixi coğrafiyası. Təhsil, 2009, 49.
[viii]Sümer, F. (1962). Türkiyə Kültür Tarihine Ümumi Bir Bakış. Ankara Üniversitesi Dil ve Tarih-Coğrafya Fakültesi Dergisi, 20(3-4), 226-27.
[ix] Meier Fritz. Die Schöne Mahsati, Ein Beitrag zur Geschichte des Persischen Vierzeilers. Bd. 1. Wiesbaden, Frans Pteiner Verl, 1963.
[x] Sahi, M. (2025). Mahsatī Ganjavī’s Quatrains: Authenticity, Attribution, and New Discoveries. In Women Poets Iranica. Encyclopaedia Iranica Foundation https://doi.org/10.70501/wpifmcv-xx97
[xi] Məhsəti Gəncəvi. Rübailər. Lider, 2004.
[xii] Rafael Hüseynov. Məhsəti Gəncəvi-özü, sözü, izi. Bakı, Murlan, 2005.
[xiii]Mohsen, Zakeri. “Javanmardi or Fotowwa”, Ensyclopedia Iranica. Vol. XIV, Fasc. 6, pp. 594-601, April 13, 2012.
[xiv]Meier, Die schöne Mahsatī, 271; Mihrābī, Mahsatī Ganjahʾī, 196. Suppressed Persian: an anthology of forbidden literature. Translated with notes and an introduction by Paul Sprachman. Costa Mesa, California: Mazda Publisher, 1995, 3.
[xv] Burada penis nəzərdə tutulur.
[xvi] Muʻīn al-Dīn Miḥrābī. Mahsatī Ganjahʹī buzurgtarīn shāʻirah-i rubāʻīʹsarā Chāp-i 1, 1994, 106.
[xvii] Dīvān Mahsatī Ganjavī, bā sharh-i ḥāl va ās̲ār-i shāʻirah. biihtimām-i Ṭāhirī Shahāb. Muqadamah biqalam-i ʻAbd al-raḥmān Farāmarzī. Tihrān, Kitābkhānih-i Ṭahūrī, 1957, 59; Meier, Die schöne Mahsatī, 275.
[xviii] Jalāl Khālighī Mutlaq, “Tanʹkāmahʹsurāʾī dar adab-i fārsī” [Writing of body in Persian literature], Irānʹshināsī 8, no. 19 (Spring 1375/1996): 49.
[xix] Məhsəti Gəncəvi, Rübailər, 13, 16.
[xx] Rafael Hüseynov, 93.
[xxi] Hüseynov, 134.
[xxii] Yenə orada, 156.
[xxiii] Yenə orada, 305, 323-323.

