TƏRCÜMƏ

TƏRCÜMƏ

Erik Fromm. Azadlıqdan qaçış – IV Fəsil

Read this article on other language
Download article
image_pdf
image_pdf

Bəşəriyyət yaranandan bu günə kimi müxtəlif azadlıqlar, haqlar və hüquqlar uğrunda mübarizə meydanına çevrilib. Bu meydanda bəzi cəmiyyətlər və millətlər qibtə ediləcək əzmkarlıq, davamlı mübarizkarlıq nümayiş etdirmiş, bəziləri isə azadlıq və haqlarına etinasız yanaşmışlar. Azadlıq və haqlar uğrunda mübarizəni doğuran bu əzmkarlığın mənbəyi nədədir? Nə üçün bir insan azadlıq uğrunda canını qurban verməyə, digəri isə başqasının xeyrinə bütün hüquq və azadlığından imtina etməyə hazırdır? Alman sosioloq, psixoanalitik Erik Fromm sosial psixologiya və sosiologiya nəzəriyyələrinə əsaslanaraq “Azadlıqdan qaçış” (və yaxud “Azadlıq qorxusu”) adlı əsərində bu və bu kimi digər mühüm məsələlərə cavab verməyə çalışır. Almaniyada doğulan və təhsil alan Fromm yəhudi mənşəli olduğu üçün Hitler hakimiyyətə gəldikdən sonra vətənini tərk etməyə məcbur olmuş, ABŞ-a köçmüş və Kolumbiya Universitetində elmi fəaliyyətə başlamışdı. “Azadlıqdan qaçış” əsərində Fromm milyonlarla insanın asanlıqla azadlıq və hüquqlarından imtina edərək özlərini bir insanın iradəsinə, avtoritar hakimiyyətə tabe etməsini mümkün edən səbəbləri araşdırır. Oxuculara təqdim olunan bu tərcümə 1941-ci il Nyu-York nəşrindən edilib.

Professor Şəlalə Məmmədova

Fəsil IV. Müasir İnsan Üçün Azadlığın İki Tərəfi

Əvvəlki fəsil Protestantlığın əsas ideyasının psixoloji mahiyyətinin təhlilinə həsr olunmuşdu. Həmin fəsildə biz göstərdik ki, yeni dini nəzəriyyələrin yaranması orta əsrlərin sosial sisteminin dağılması və kapitalizmin başlanğıcı ilə şərtlənən psixoloji tələbatlara cavab idi. Həmin fəsildəki təhlil azadlığın ikili mahiyyəti üzərində qurulmuşdu. Bu təhlil göstərdi ki, azadlıq insanı orta əsrlərin ənənəvi buxovlarından azad etsə də, ona yeni müstəqillik hissi bəxş etsə də, onu həm də tənhalığa düçar etmişdi; insan öyrəşdiyi dünyadan və ətraf mühitdən təcrid olunmuşdu. Şübhə və narahatlıqlar insanı yenidən mütiliyə, yeni növ tabeçiliyə və irrasional addımlara vadar edirdi.

Bu fəsildə mən göstərmək istəyirəm ki, kapitalizmin sonrakı inkişafı şəxsiyyətə Reformasiya dövründə olduğu kimi eyni ruhda təsir etmişdi.

Protestantlıq nəzəriyyəsi insanı müasir sənaye sistemindəki roluna psixoloji cəhətdən hazırlamışdı. Bu sistem, onun mahiyyəti və bu mahiyyətdən doğan ruh həyatın bütün aspektlərinə təsir edərək insanın şəxsiyyətini formalaşdırmış və bizim əvvəlki fəsildə müzakirə etdiyimiz ziddiyyətləri dərinləşdirmişdi. Bu sistem insanı inkişaf etdirdikcə onu acizləşdirirdi, insanın azadlığını genişləndirdikcə yeni növ asılılıqlar yaradırdı. Biz kapitalizmin bütövlükdə insan xarakterinə təsirini müzakirə etmək istəmirik, bizim məqsədimiz ümumi problemin yalnız bir aspekti, azadlığın inkişafının dialektik prosesi üzərində dayanmaqdır. Bizim məqsədimiz müasir cəmiyyətin strukturunun insana ikili təsirini göstərməkdir. Bu struktur insanı bir tərəfdən müstəqil, özünə inanan və özünə tənqidi yanaşan varlığa çevirir, digər tərəfdən də onu cəmiyyətdən təcrid olunmuş, tənha və qorxudulmuş vəziyyətə salır. Azadlıq probleminin tam dərk edilməsi bu prosesin hər iki tərəfinin əhatə olunmasını tələb edir. Biz bu prosesin bir tərəfini nəzərə alıb, digərini inkar edə bilmərik.

Bunu etmək o qədər də asan deyil, çünki biz adətən qeyri-dialektik düşünürük və bizim üçün bir səbəbin iki ziddiyyətli nəticə ilə bitməsi şübhəli görünür. Digər tərəfdən, azadlığın neqativ tərəfini dərk etmək, onun insanın çiyinlərinə ağır bir yük qoymasını anlamaq o qədər də asan deyil. Bu, xüsusilə azadlığı yüksək qiymətləndirən insanlar üçün çətindir. Çünki azadlıq uğrunda mübarizə köhnə hakimiyyət və məcburiyyət formalarının məhv edilməsi ilə təcəssüm olunurdu və təbii olaraq belə bir hiss yaranırdı ki, ənənəvi məcburiyyət formaları məhv edildikcə insanın azadlığı genişlənəcək. Lakin insan anlamaq istəmirdi ki, azadlığın köhnə düşmənləri məhv edildikcə onun yeni düşmənləri peyda olur. Mühüm olan isə bu düşmənlərin təkcə xarici məhdudiyyətlərdən ibarət olmaması idi; bu düşmənlərin sırasına şəxsiyyətin azadlığını məhdudlaşdıran daxili faktorların da daxil olması idi. Məsələn, biz düşünürük ki, etiqad (vicdan) azadlığı azadlığın mütləq qələbəsindən biridir. Lakin biz eyni zamanda dərk etmirik ki, insan ona əqidəsinə uyğun olaraq etiqad etmək imkanı verməyən kilsə və dövlət üzərində qələbə çaldıqdan sonra nəyə isə inanmaq qabiliyyətini itirir. Müasir insan yalnız dəqiq elmlər tərəfindən təsdiq olunmuş bir şeyə inanır. Və yaxud başqa bir misal gətirək. Biz ehtimal edirik ki, söz azadlığı azadlıq uğrunda mübarizədə ən son addımdır. Lakin biz unuduruq ki, söz azadlığı köhnə məhdudiyyətlər üzərində ən mühüm qələbə olsa da, müasir dövrdə hamı eyni şeyi düşünür və danışır. Nə qədər ki, insan orijinal düşünmə qabiliyyətinə malik deyil, yəni müstəqil düşünmür, onun istədiyini demək tələbi heç bir əhəmiyyət kəsb etmir. Və yaxud insan ona nə edə biləcəyini və nə edə bilməyəcəyini diktə edən xarici qüvvənin hökmranlığından azad olduğu üçün fəxr edir, lakin ictimai rəy, “sağlam düşüncə” kimi anonim avtoritetin rolunu hiss etmir. Bu anonim avtoritetlər ona görə güclüdür ki, biz özümüzü başqalarının gözləntilərinə uyğun aparmağa hazırıq və başqaları kimi olmamaqdan qorxuruq. Başqa sözlə desək, biz xarici qüvvələrin təsirindən azad olduğumuz üçün məmnunuq, lakin daxili maneələrin, məhdudiyyət və qorxunun əldə etdiyimiz azadlığın mahiyyətini məhv etdiyini görməyəcək qədər koruq. Nəticədə biz hesab edirik ki, azadlığın əsas problemi yeni dövrdə əldə edilmiş azadlığı daha da genişləndirməkdir. Biz hesab edirik ki, bizim borcumuz azadlığa uzanan əlləri qırmaqdan ibarətdir. Biz unuduruq ki, azadlıq təkcə keyfiyyət deyil, həm də kəmiyyət məsələsidir. Şübhəsiz ki, əldə etdiyimiz hər bir azadlığı qorumalı, müdafiə və inkişaf etdirməliyik. Lakin bununla yanaşı, biz azadlığın yeni növünü də əldə etməliyik. Biz elə bir azadlıq əldə etməliyik ki, bizim şəxsiyyətimizi reallaşdırmağa, özümüzə və ümumiyyətlə həyata inanmağımıza yardım etsin.

Sənaye sisteminin insanın daxili azadlığının inkişafına təsirinin istənilən tənqidi qiymətləndirilməsi kapitalizmin insan şəxsiyyətinin inkişafına təsirini anlamaqdan başlamalıdır. Bu baxımdan müasir cəmiyyətin istənilən tənqidi təhlili kapitalizmin proqressiv təsirini nəzərə almalıdır, əks təqdirdə bu təhlil irrasional romantizmdən uzağa gedə bilməyəcək, kapitalizmin şübhəli tənqidi isə tərəqqiyə deyil, müasir tarixdə bəşəriyyətin əldə etdiklərinin məhvinə xidmət edəcək.

Protestantlıq insanı mənəvi cəhətdən azad etmişdirsə, kapitalizm onun əqli, sosial və siyasi azadlığına imkan yaratmışdı. İqtisadi azadlıq bu inkişafın əsasını təşkil edirdi, orta sinif isə bu azadlığın müdafiəçisi idi. İnsan ənənələrə əsaslanan və ənənəvi sərhədləri aşmaqla şəxsi inkişafa olduqca məhdud imkanlar yaradan sosial sistemdən asılı deyildi. İnsana iqtisadi həyatda səylərinin, ağıl, cəsarət, qənaətçilik və uğurlarının imkan verdiyi qədər nailiyyətlər əldə etməsinə icazə verilirdi və ondan bu nailiyyətlərin əldə edilməsi gözlənilirdi. Onun şansı uğur idi, onun riski isə uduzmaq və ağır iqtisadi döyüşdə ölmək, ya da yaralanmaq idi. Bu döyüşdə hər kəs hər kəsə qarşı idi. Feodal sistemində insanın həyatının inkişafının sərhədləri doğulmamışdan öncə müəyyənləşmişdi; kapitalizmdə isə insanın, xüsusilə də orta sinfin nümayəndəsinin çoxsaylı məhdudiyyətlərə baxmayaraq, şansı var idi. O, öz sayəsində və səyləri nəticəsində uğur qazana bilərdi. Onun can atdığı məqsədi var idi və bu məqsədə çatması üçün yaxşı şansları mövcud idi. İnsan özünə inanmağı, məsuliyyətli qərarlar qəbul etməyi öyrənmiş, ona həm təsəlli verən, həm də qorxudan xurafatdan imtina etmişdi. İnsan getdikcə təbiətə qul olmaq vəziyyətindən uzaqlaşırdı; o, indiyə qədər tarixdə görünməmiş dərəcədə təbiət qüvvələrini özünə tabe edirdi. İnsanlar bərabər olmuşdular, bir vaxtlar insanlar arasında sərhəd yaratmış, bəşəriyyətin birləşməsinə əngəllər yaratmış sosial və dini maneələr yox olmuşdu, insanlar bir-birlərini canlı varlıq kimi qəbul etməyə başlamışdılar. Dünya getdikcə mistik elementlərdən azad olurdu. İnsan özünü daha obyektiv və xəyallara qapılmadan dərk etməyə başlamışdı. Siyasi azadlıq da inkişaf edirdi. İqtisadi vəziyyətinin güclənməsi orta sinfə siyasi hakimiyyəti qazanmaq şansı vermişdi, yeni əldə edilmiş siyasi hakimiyyət iqtisadi tərəqqi üçün daha çox imkanlar yaradırdı. İngiltərə və Fransada baş verən böyük inqilablar və Amerikanın müstəqilliyi uğrunda mübarizə bu inkişafın ən mühüm mərhələləri idi. Siyasi sahədə azadlığın inkişafının ən yüksək nöqtəsi insanların bərabərliyinə, hər kəsin nümayəndəli orqanlara seçkilərlə idarəçilikdə bərabər iştirakına əsaslanan müasir demokratik dövlət oldu. Ehtimal olunurdu ki, hər kəs öz maraqlarına və eyni zamanda millətin ümumi rifahına uyğun hərəkət edə biləcək.

Bir sözlə, kapitalizm insanları ənənəvi buxovlardan xilas etməkdən başqa, azadlığın pozitiv tərəfinin inkişafına, aktiv, tənqidi və məsuliyyətli “mən”in inkişafına böyük töhfələr verdi.

Kapitalizm azadlığın inkişafına təkan versə də, insanı getdikcə tənhalaşdırır, təcrid edir və ona əhəmiyyətsizlik və acizlik hissi verirdi.

Bizim burada qeyd edəcəyimiz əsas faktorlardan biri kapitalist iqtisadiyyatının xarakterik xüsusiyyəti olan fərdi fəaliyyət prinsipidir. Nizamlı və şəffaf ictimai sistemdə hər kəsin sabit yer tutduğu orta əsrlərin feodal sistemindən fərqli olaraq, kapitalist iqtisadiyyatı hər kəsi öz ayaqları üzərinə qoyurdu. İnsanın nə etməsi, necə etməsi, uğur qazanması və yaxud uğursuzluğa düçar olması onun şəxsi işi idi. Fərdiləşmə prosesinə səbəb olan bu prinsip hər zaman müasir mədəniyyətin ən mühüm nailiyyəti hesab olunur. Lakin insanı hər hansı bir şeydən “azad edən” bu prinsip onu başqalarından təcrid etmiş, yaxınları ilə əlaqəsini qırmışdı. Bu cür inkişaf Reformasiyanın təlimi əsasında mümkün olmuşdu. Katolik kilsəsində insanın Allaha münasibəti insanın kilsəyə aid olması ilə əsaslandırılırdı. Kilsə insanla Allah arasında əlaqə vasitəsi idi. Bu baxımdan kilsə insanın fərdiliyini məhdudlaşdırırdı, amma digər tərəfdən də insanın müəyyən ictimai qrupun üzvü kimi Allahla ünsiyyət qurmasına şərait yaradırdı. Protestantlıq insanı Allahla üz-üzə qoydu. Lüterə görə, Allaha inam subyektiv xüsusiyyətə malik idi, Kalvinin insanın xilasına olan inamı da subyektiv xarakter daşıyırdı. Allahla üz-üzə qalmış insan onun qarşısında özünü tənha hiss etməyə və bütünlüklə ona təslim olmaya bilmirdi. Psixoloji cəhətdən mənəvi individuallıq iqtisadi individuallıqdan o qədər də fərqlənmirdi. Hər iki halda insan özünü tənha hiss edir və bu vəziyyətdə böyük güclə, Allah və yaxud da rəqibləri və başqa iqtisadi güclərlə mübarizə aparmalı olurdu. Allahla fərdi ünsiyyət insanın dünyəvi fəaliyyətinin fərdi xüsusiyyətinə psixoloji hazırlıq idi.

Kapitalist iqtisadi sisteminin individual xarakteri şübhə doğurmur, lakin bu iqtisadi fərdiliyin təsiri altında fərdin tənhalığının artması şübhə doğura bilər. İndi biz kapitalizmin hamı tərəfindən qəbul edilən və geniş yayılmış bəzi konsepsiyalarına zidd olan müddəaya keçirik. Bu konsepsiyalar iddia edir ki, müasir cəmiyyətdə insan bütün fəaliyyətin mərkəzinə və məqsədinə çevrilib. İnsan nə edirsə, özü üçün edir. İnsanın bütün fəaliyyətinin hər şeyə qadir hərəkətverici qüvvəsi onun şəxsi maraqları və eqosentrizmdir. Bu fəslin əvvəlində dediklərimiz göstərir ki, biz də bu iddia ilə müəyyən mənada razıyıq. Son dörd yüz ildə insan özü və şəxsi məqsədləri üçün çox şey edib. Lakin əgər biz insan dedikdə “zəhmətkeş”, “istehsalçı” deyil, emosional və intellektual qabiliyyətlərə malik konkret canlı varlığı nəzərdə tutsaq, görərik ki, insana onun məqsədi kimi görünənlərin heç də hamısı onun məqsədi deyil. Fərdin özünütəsdiqi ilə birgə kapitalizm həm də özündən imtina və Protestantlıq ruhun birbaşa davamı olan asketizmi də gətirmişdir.

Bu fikri izah etmək üçün əvvəlki fəsildə təhlil edilmiş faktı qeyd etmək lazımdır. Orta əsrlər sistemində kapital insanın qulu idi; müasir sistemdə kapital insanın ağasına çevrildi. Orta əsrlərin dünyasında iqtisadi fəaliyyət məqsədə çatmaq üçün vasitə idi, məqsədin özü isə həyat idi və yaxud Katolik kilsəsinin dediyi kimi, insanın mənəvi xilası idi. İqtisadi fəaliyyət zərurət idi, sərvət də Allaha xidmət edirdi. Lakin istənilən xarici səylər həyatın əsas məqsədinə xidmət etdiyi halda əhəmiyyətli və ləyaqətli hesab olunurdu. Orta əsr insanı üçün gəlir üçün gəlir əldə etmək mənasız idi. İndi isə gəlir üçün gəlir əldə etməmək mənasız hesab olunur.

Kapitalizmdə iqtisadi fəaliyyət, uğur, maddi gəlir əsas məqsədə çevrilir. İnsan iqtisadi sistemin inkişafına, kapitalın artmasına xidmət etməlidir. Kapitalın artması insanın şəxsi xoşbəxtliyinə xidmət etmir, sadəcə olaraq məqsədə çevrilir. İnsan qüdrətli iqtisadi maşının bir hissəsi olur. Əgər onun kapitalı çoxdursa, demək, o, böyük dişli çarxdır, əgər onun heç bir şeyi yoxdursa, demək, o, sadəcə olaraq məqsədə çatmaq üçün başqası tərəfindən istifadə edilən bir vint, metal hissəcikdir. İnsan şəxsiyyətinin qeyri-insani məqsədlərə tabe edilməsi faktiki olaraq Protestantlıq tərəfindən hazırlanmışdı. Sözsüz ki, iqtisadi fəaliyyət nəticəsində insanın bu cür köləyə çevirilməsi nə Lüterin, nə də Kalvinin ağlına gəlməzdi. Lakin məhz onların dini təlimlərində bu cür inkişafın, insanın mənəvi sütununun, qürur və ləyaqətinin sındırılmasının əsası qoyulmuşdu. Bu təlimlər öyrədirdi ki, insanın həyatına aid olmayan yüksək məqsədlər naminə edilən səylər əhəmiyyətsizdir.

Əvvəlki fəsildə biz qeyd etmişdik ki, Lüterin təlimi insan təbiətinin pozğunluğu, iradə və səylərinin əhəmiyyətsizliyi üzərində qurulub. Kalvin də öz təlimində insan təbiətinin pozğunluğuna işarə edir və deyirdi ki, insan öz qürurunu tamamilə məhv etməlidir. Bundan başqa, o, əlavə edirdi ki, insanın həyatdakı məqsədi insanın deyil, Allahın şöhrətidir. Lüter və Kalvin insanı psixoloji cəhətdən müasir cəmiyyətdə oynayacağı rola hazırlamışdı. İnsan özünün şəxsi əhəmiyyətsizliyini qəbul etməli, həyatını onun olmayan məqsədlərə çatmaq üçün sərf etməli idi. Əgər insan yalnız Allahın izzətini artırmaq üçün bir vasitəyə çevrilirsə, Allahın isə nə məhəbbəti, nə də ədaləti yoxdursa, onda insan iqtisadi maşının, bir müddətdən sonra isə hətta hansısa bir “fürerin” köləsinə çevrilə bilər.

İnsanın iqtisadi məqsədlərə çatmaq üçün bir vasitəyə çevrilməsi kapital yığımını iqtisadi fəaliyyətin məqsədinə çevirmiş kapitalist istehsalının xüsusiyyətlərindən irəli gəlir. İnsan gəlir əldə etmək üçün işləyir, lakin gəlir xərclənmək üçün əldə edilmir, onun əldə edilməsində məqsəd yeni kapitala investisiya qoyulmasıdır. Artan kapital yenə də gəlir gətirir və bu gəlir də investisiyaya çevrilir və kapital daima belə dövran edir. Əlbəttə ki, pullarını dəbdəbəli mallara xərcləyən və ya “gözəgörünən israfçılığa” yol verən kapitalistlər həmişə olub; lakin kapitalizmin klassik nümayəndələri xərcdən deyil, işdən həzz alırdılar. Müasir sənaye sisteminin böyük nailiyyətlərinin kökündə kapitalı istehlaka sərf etmək əvəzinə toplamaq prinsipi durur. Əməyə asketik münasibət olmasaydı, əməyin bəhrəsi iqtisadi sistemin inkişafına sərf edilməsəydi, bəşəriyyət təbiəti özünə tabe etməkdə uğur qazana bilməzdi. Məhz cəmiyyətin məhsuldar qüvvələrinin inkişafı tarixdə ilk dəfə olaraq bizə maddi tələbatların ödənilməsi uğrunda mübarizənin olmayacağı gələcəyi təsəvvür etmək imkanı verir. Kapital yığımı uğrunda əmək prinsipi bəşəriyyətin inkişafı üçün obyektiv olaraq mühüm əhəmiyyət kəsb etsə də, subyektiv olaraq insanı şəxsi olmayan məqsədlər uğrunda işləməyə məcbur etmiş, insanı özünün düzəltdiyi maşının köləsinə çevirmiş və ona şəxsi əhəmiyyətsizlik və gücsüzlük hissi vermişdi.

İndiyə qədər biz müasir cəmiyyətdə kapitalı olan və əldə etdiyi gəliri investisiyaya çevirən insanları müzakirə etmişik. Bu insanların iri və ya orta kapitalla malik olmasından asılı olmayaraq, onların həyatı iqtisadi məqsədə, kapital yığımına həsr olunurdu. Bəs kapitalı olmayan və yaşamaq üçün əməyini satanlar hansı vəziyyətdə idilər? Onların iqtisadi vəziyyətinin psixoloji təsiri kapitalı olanlarınkından o qədər də fərqlənmirdi. Əvvəla, onların muzdla işləməsi göstərirdi ki, onlar bazar qanunlarından, istehsalın artmasından və azalmasından, işə götürənlərin sahibi olduğu texniki təkmilləşmədən asılıdırlar. İşə götürənlər işçiləri birbaşa manipulyasiya edirdilər və işçilər üçün işəgötürən onların tabe olacağı mütləq hakimiyyət idi. Bu vəziyyət xüsusilə 19-cu əsrə qədər və 19-cu əsr üçün xarakterik idi. Bundan sonra həmkarlar ittifaqı hərəkatı fəhləyə qismən hakimiyyət verdi və vəziyyət dəyişdi. Fəhlə işəgötürənin əlində manipulyasiya obyektinə çevrildi.

Lakin fəhlənin sahibkardan birbaşa və şəxsi asılılığından başqa, fəhlə həm də bütöv cəmiyyət kimi asketik ruhda yaşayır və özünü bizim kapitalın sahibi üçün xarakterik hesab etdiyimiz və fəhlənin şəxsiyyətinə aid olmayan məqsədlərə tabe edir. Bu, təəccüblü deyil. Çünki istənilən cəmiyyətdə mədəniyyətin ruhu həmin cəmiyyətdə daha çox nüfuz sahibi olan qrupun ruhu ilə müəyyənləşir. Bu cür vəziyyəti qismən həmin qrupun təhsil sisteminə, məktəblərə, kilsəyə, mətbuata, teatra nəzarəti ilə izah etmək olar. Bu qrup həmin vasitələrlə ideyalarını bütün cəmiyyətə aşılamağa müvəffəq olur. Digər tərəfdən, bu qruplar elə bir nüfuza sahibdirlər ki, aşağı təbəqələr onların dəyərlərini qəbul etməyə, özlərini onlara oxşatmağa və psixoloji cəhətdən özlərini onlarla eyniləşdirməyə hazırdırlar.

İndiyə qədər biz iddia edirdik ki, kapitalist istehsal üsulu insanı qeyri-şəxsi iqtisadi məqsədlərə çatmaq üçün alətə çevirib, onun asketik ruhunu və şəxsi əhəmiyyətsizlik hissini artırıb. Bu sahədə psixoloji hazırlıq isə Protestantlıq tərəfindən həyata keçirilib. Lakin müasir insanın iqtisadi fəaliyyətinin səbəbini fədakarlıq və asketizmlə izah etmək mümkün deyil. Çünki müasir insan həddən artıq eqoist və şəxsi mənfəət düşkünüdür. Biz burada bir ziddiyyət görürük. Necə olur ki, obyektiv olaraq özünə məxsus olmayan məqsədlərin quluna çevrilmiş insan subyektiv olaraq şəxsi maraqları uğrunda fəaliyyət göstərdiyini düşünə bilir? Protestantlığın ruhunu və təmənnasızlıq ideyasını müasir eqoizm doktrinası ilə necə əlaqələndirmək olar? Axı Makiavellinin dili ilə desək, eqoizm insan davranışının ən güclü təkanverici qüvvəsidir, şəxsi mənfəət hərisliyi bütün mənəvi dəyərlərdən yüksəkdir, eqoist insan isə sərvətini itirməkdənsə atasını itirməyə razı olar. Bəlkə biz bu ziddiyəti təmənnasızlıq ideyasının altında eqoizmin yatması ehtimalı ilə izah edə bilərik? Bu ehtimal qismən doğru olsa da, biz onu mükəmməl cavab kimi qəbul edə bilmərik. Bu suala cavab tapmaq üçün biz eqoizmin psixoloji incəliklərini təhlil etməliyik.

Lüter və Kalvinin, həmçinin Kant və Freydin fikirlərinə görə, eqoizm özünü sevmək deməkdir. Başqasını sevmək alicənablıqdır, özünü sevmək isə günahdır. Bundan başqa, insan həm başqalarını, həm də özünü sevə bilməz, bunlar bir-birinə ziddir.

Nəzəri cəhətdən biz burada sevginin təbiətinin yanlış anlaşılması ilə toqquşuruq. Sevgi hər hansı konkret obyektə olan hiss deyil, sevgi insanın daxilində daima mövcud olan bir hissdir, lakin bu hiss müəyyən bir obyekt tərəfindən oyadılır. Nifrət nəyi isə ehtirasla məhv etmək istəyi olduğu kimi, sevgi də obyektin ehtirasla təsdiqidir. Bu, affekt vəziyyəti deyil, sevginin obyektinin xoşbəxtliyi, inkişafı və azadlığı uğrunda aktiv səy və daxili əlaqədir. Sevgi istənilən insana və obyektə, o cümlədən bizim özümüzə yönələ bilər. Yalnız bir nəfərə yönələn sevgi özlüyündə ziddiyyətlidir. Təbii ki, müəyyən bir insanın aşkar sevginin “obyektinə” çevrilməsi təsadüfi deyil. Konkret seçimi müəyyən edən faktorlar həddən artıq çox və mürəkkəb olduğu üçün onları müzakirə etməyəcəyik. Burada əhəmiyyət kəsb edən daima mövcud olan daxili sevginin aktuallaşması və konsentrasiyasıdır. Bu, romantik sevgi ilə əlaqədar olan, həyatda sevə biləcəyimiz bir insanı tapmaq, beləliklə də həyatımızın ən böyük uğurunu qazanaraq dünyadakı bütün insanlardan uzaqlaşmaq kimi bir vəziyyət deyil. Bizim yalnız bir nəfərə yönəlmiş sevgimiz sevgi deyil, sado-mazoxist bağlılıqdır. İnsan şəxsiyyətini ucaldan sevgidə sevdiyi insana xas olan bütün gözəl xüsusiyyətləri özündə birləşdirir, bir insana olan sevgi ümumən insana olan sevgiyə əsaslanır. Lakin ümumən insana olan sevgi bəzən düşünüldüyü kimi hər hansı şəxsiyyətə olan sevgidən sonra gələn ümumləşmə və yaxud müəyyən insana sevgidən sonra gələn ekstrapolyasiya təcrübəsi deyil. Əksinə, bu, konkret insanlarla ünsiyyətdən doğan təcrübə üçün ilkin şərtdir.

Buradan belə bir nəticə çıxır ki, mənim şəxsi “mən”im də başqası kimi sevgimin obyekti ola bilər. Həyatımın, xoşbəxtliyimin, böyüməyimin, azadlığımın təsdiqi mənim ümumiyyətlə belə təsdiqə hazır olduğumu və bunu bacardığımı nəzərdə tutur. Əgər insanın belə bir qabiliyyəti varsa, demək, bu qabiliyyəti özünə də yönəldə bilər. Əgər o, yalnız başqalarını sevə bilirsə, demək, o, sevməyi bacarmır.

Eqoizm özünü sevmək deyil, bunun tam əksidir. Eqoizm xəsisliyin bir növüdür. Bütün xəsisliklər kimi, o da heç vaxt həqiqi məmnuniyyətlə nəticələnməyən acgözlüyü ehtiva edir. Xəsislik dibi görünməyən bir quyudur, insanı qurudur; insanı ehtiyaclarını ödəmək üçün sonsuz səylərə vadar edir, lakin bu ehtiyacların heç bir zaman tam ödənilməsi mümkün görünmür. Dərin müşahidələr göstərir ki, eqoist insan daima özü ilə məşğuldur; o, heç bir zaman məmnun olmur, hər zaman narahat görünür, hər zaman nə isə tam əldə edə bilməyəcəyinin, nəyin isə çatışmayacağının, nədənsə məhrum olacağının qorxusu altında yaşayır. O, özündən daha çox qazanana paxıllıq edir. Əgər biz diqqətlə müşahidə etsək, xəsisin şüuraltı dinamikasına baxsaq, onun özünü sevmədiyini, qəlbində özünə nifrət etdiyini görə bilərik. Bu ziddiyyətin izahı o qədər də çətin deyil. Eqoizmin kökündə özünü sevməmək durur. Yalnız özünü sevməyən, özünə haqq qazandırmayan insan daim özü ilə bağlı narahatlıq keçirə bilər. Eqoistin özünə inamı yoxdur. Özünə inanan və güvənən insan özünü sevən insandır. Bu səbəbdən də eqoist daima özü ilə məşğul olmaq, başqalarında olan nə varsa, əldə etmək məcburiyyətindədir. Onun özünə inamı olmadığı üçün, özündən məmnunluğu olmadığı üçün özünün başqalarından az əhəmiyyətli olmadığını sübuta yetirməlidir. Eyni şeyləri narsist şəxsiyyətlər üçün də demək olar. Narsist özü üçün nə isə əldə etməkdən çox özünü sevməklə məşğuldur. İlk baxışdan elə görünə bilər ki, bu insanlar özlərini çox sevirlər, lakin həm eqoist, həm də narsist özlərinə olan sevginin çatışmazlığını kompensasiya edirlər. Freyd ehtimal edirdi ki, narsist insan başqalarına olan sevgidən imtina edir və sevgisini yalnız özünə yönəldir. Bu ehtimalın birinci hissəsi həqiqətdir, lakin ikinci hissəsində yanlışlıq var: narsist nə özünü, nə də başqalarını sevir.

Gəlin indi bizi eqoizmin psixoloji təhlilinə yönəldən məsələyə dönək. Biz ziddiyyətlə toqquşmuşduq, demişdik ki, müasir insanı şəxsi maraqları idarə edir, lakin əslində onun həyatı özünə aid olmayan məqsədlərə həsr olunur. Kalvin hesab edirdi ki, insanın mövcudluğunun yeganə səbəbi insanın özünün deyil, Allahın şöhrətləndirilməsidir. Biz göstərməyə çalışdıq ki, eqoizm insanın özünə, “mən”inə, ümumilikdə konkret insan varlığına və onun bütün imkanlarına sevgisinin olmamasından qaynaqlanır. Müasir insanın maraqları uğrunda fəaliyyət göstərdiyi “şəxsiyyət” sosial “mən”dir. Bu “şəxsiyyət” fərdin üzərinə götürdüyü roldan, yəni fərdin cəmiyyətdəki obyektiv sosial funksiyasının subyektiv maskasından ibarətdir. Müasir eqoizm sosial “mən”in obyekti olan həqiqi “mən”in məyusluğundan doğan xəsislikdir. Güman edirik ki, müasir insan üçün şəxsiyyətin ən yüksək səviyyədə təsdiqi mühüm əhəmiyyət kəsb edir, lakin insanın “mən”i zəiflədilib və cəmi iki seqmentə, ağıl və iradənin gücünə sıxışdırılıb, insan şəxsiyyətini bütövləşdirən digər hissələr isə kənarlaşdırılıb. Hətta bu bir həqiqət olsa da, təbiət üzərində hökmranlıq məgər fərdi “mən”in inkişafına səbəb olmadımı? Bu fikir qismən doğrudur və biz insanın təbiət üzərində hökmranlığını onun inkişafının pozitiv tərəfinə aid edirik və hesab edirik ki, bu məsələni diqqətdə saxlamalıyıq. İnsan təbiət üzərində hökmranlıqda böyük uğurlar əldə etsə də, cəmiyyət özünün yaratdığı gücləri idarə etmək iqtidarında deyil. İstehsal sisteminin texnoloji rasionallığı bu sistemin sosial irrasionallığı ilə müşayiət olunur. İnsan taleyini iqtisadi böhranlar, işsizlik, müharibələr idarə edir. İnsan öz dünyasını yaradır, evlər və zavodlar tikir, avtomaşın və geyim istehsal edir, taxıl və meyvə yetişdirir. Lakin o, öz yaratdıqlarından uzaqlaşır, o, artıq yaratdığı dünyanın sahibi deyil, əksinə, onun əlləri ilə yaradılan dünya onun sahibidir. O, öz yaratdığı dünyanın qarşısında baş əyir, onu sakitləşdirməyə, aldatmağa çalışır. İnsanın öz əli ilə yaratdığı dünyası onun Allahına çevrilir. Güman edilir ki, insanı eqoizm, şəxsi maraqları idarə edir, lakin əslində insan varlığı öz əlləri ilə yaratdığı maşının məqsədləri üçün bir alətə çevrilib. İnsan dünyanın mərkəzi olması xülyası ilə yaşayır, lakin əhəmiyyətsizlik və acizlik hissindən yaxa qurtara bilmir. Vaxtilə onun əcdadları Allahın qarşısında bu hissləri keçirirdi.

İnsanlar arasında münasibətin yeni xarakteri insanın tənhalıq və gücsüzlük hissini daha da gücləndirir. İnsanların bir-biri ilə münasibəti insani əhəmiyyətini itirərək insanın alətə çevrildiyi manipulyativ xarakter alır. Bütün sosial və şəxsi münasibətlərdə bazar qanunları mövcuddur. Aydındır ki, rəqiblər arasında laqeydlik mövcud olmalıdır. Əks təqdirdə, tərəflərdən biri iqtisadi vəzifəsini yerinə yetirərkən digərini iqtisadi cəhətdən məhv edərdi.

Bu laqeydlik sahibkarla muzdlu işçi arasındakı münasibətlərdə də mövcuddur. Sahibkar və yaxud “işəgötürən” termini işin bütün mahiyyətini izah edir: kapitalın sahibi maşından, dəzgahdan istifadə etdiyi kimi insanlardan da istifadə edir. Lakin muzdlu işçi də iqtisadi məqsədlərinə çatmaq üçün sahibkardan istifadə edir. Bu, elə bir münasibətdir ki, hər iki tərəf bir-birini istifadə edir, bir-birinə məqsədə çatmaq üçün alət, vasitə kimi baxır. Bu cür münasibət iki insan arasında olan münasibətdən fərqlidir, çünki onları bir-birinə qarşılıqlı zərurətdən başqa heç bir şey bağlamır. Biznesmenlə onun müştərisi arasındakı münasibətlər də eyni xarakter daşıyır.

Müştəri konkret insan deyil, manipulyasiya obyektidir; biznesmenin məqsədi onun tələbatını ödəmək deyil. İşə münasibət instrumental xarakter daşıyır: orta əsr sənətkarından fərqli olaraq müasir istehsalçını nə istehsal etdiyi maraqlandırmır. O, qoyduğu investisiyadan gəlir əldə etmək üçün istehsal edir, onun istehsal etdiyi isə əsasən bazardan asılıdır. Bu bazar müəyyən sahəyə qoyulan investisiyanın gəlir gətirəcəyini vəd edir.

Təkcə iqtisadi deyil, şəxsi münasibətlər də laqeydləşir, bu münasibətlər artıq insanlar arasında deyil, əşyalar arasında olan münasibətləri xatırladır. Lakin bu laqeydlik ən güclü şəkildə insanın özünə olan münasibətində əks olunur. İnsan təkcə əmtəə satmır, o həm də özünü satır və özünü əmtəə hesab edir. Fəhlə özünün fiziki enerjisini satır, biznesmen, həkim, qulluqçu “şəxsiyyətini” satır. Onlar şəxsiyyət olmalıdırlar ki, əmtəə və xidmətlərini sata bilsinlər. Bu şəxsiyyət xoşagələn olmalıdır, bundan başqa bir sıra digər tələblərə cavab verməlidir: o, tutduğu vəzifəsinə uyğun enerjiyə, təşəbbüskarlığa, bu və ya digər keyfiyyətlərə malik olmalıdır. Digər məhsullarda olduğu kimi insan keyfiyyətinin dəyərini və hətta onların mövcudluğunu bazar müəyyənləşdirir. Əgər insanın malik olduğu keyfiyyətlərə bazarda ehtiyac yoxdursa, demək, bu keyfiyyətlər də yoxdur. Əmtəə də belədir: əgər onu satmaq mümkün deyilsə, istehlak dəyərinin olmasına baxmayaraq, onun heç bir dəyəri yoxdur. Beləliklə, özünə inam, “şəxsi ləyaqət hissi” yalnız başqalarının insan haqqında nə düşündüyündən ibarətdir. Əgər insan məşhur deyilsə və onun bazar dəyəri yoxdursa, onun özünə inamı da yoxdur. Əgər ona ehtiyac varsa, demək, o, şəxsiyyətdir; əgər ona ehtiyac yoxdursa, demək, o, heç kimdir. İnsanın özünə dəyər verməsinin “şəxsiyyətin” uğurundan asılı olması müasir dünyada populyarlığın əhəmiyyətinin əsas səbəbidir. İnsanın praktik işlərdəki uğuru da, özünə verdiyi dəyər də populyarlıqdan asılıdır. Bu populyarlıq olmadıqda insan natamamlıq hissi ilə yaşamağa məhkumdur.

Biz göstərməyə çalışdıq ki, protestantlığın gətirdiyi dini azadlıq kimi kapitalizmin gətirdiyi yeni azadlıq da insana güclü təsir etmişdi. İnsan özünü tənha, təcrid olunmuş hiss edir və özündən güclü olanların əlində alətə çevrilirdi. O, bir fərdi idi, lakin hürküdülmüş, özünə inamını itirmiş fərd idi. Bəzi faktorlar insanın özünə olan bu inamsızlığını gizlətməyə yardım edirdi. Əvvəla, bu, fərdin malik olduğu mülkiyyət idi. İndi insanı onun mülkiyyətindən ayırmaq çətin idi. İnsanın geyimi və evi onun bədəni kimi şəxsiyyətinin bir hissəsini təşkil edirdi. İnsanın özünü şəxsiyyət hesab etməsi üçün mülkiyyətə ehtiyacı var idi. Əgər onun mülkiyyəti yox idisə və yaxud o, mülkiyyətini itirmişdirsə, demək, onun şəxsiyyətinin bir hissəsi itirilmişdi və o, müəyyən mənada nə özü, nə də başqaları üçün bütöv şəxsiyyət hesab edilmirdi.

Özünə hörməti dəstəkləyən digər amillər nüfuz və güc idi. Bu ikisi qismən insanın malik olduğu mülkiyyətin, qismən də rəqabətli mübarizədə əldə etdiyi uğurun nəticəsi idi. Ətrafdakıların heyranlığı və onlar üzərində hakimiyyət, həmçinin sahib olduğu mülkiyyətdən gələn dəstək özünə güvənməyən fərdin mənliyini gücləndirirdi.

Kiçik mülkiyyəti və aşağı sosial nüfuzu olan insanlar üçün şəxsi nüfuz mənbəyi ailə idi. O, özünü ailədə “şəxsiyyət” hesab edirdi. Arvad və uşaqlar ona tabe idilər, o, ailənin diqqət mərkəzində idi və o, sadəlövcəsinə bu rola təbii haqqı olduğunu düşünürdü. Sosial münasibətlərdə o, “heç kim” ola bilərdi, lakin ailədə o, şah idi. Ailədən başqa milli qürur hissi (Avropada isə çox zaman sinfi qürur hissi) ona mühümlük hissi verirdi. Onun özü şəxsən “heç kim” olsa da, o, digər qruplardan daha üstün olan hansısa bir qrupa aid olduğu üçün qürur hissi keçirirdi.

Zəifləmiş mənliyi dəstəkləyən faktorları bizim bu fəslin əvvəlində xatırlatdığımız faktorlardan, yəni faktiki iqtisadi və siyasi azadlıqdan, fərdi təşəbbüskarlıq imkanlarından, artmaqda olan rasional maariflənmədən ayırmaq lazımdır. Sonuncu faktorlar əslində şəxsiyyəti gücləndirir, onun müstəqilliyini və rasionallığını artırır. Dəstəkləyici faktorlar isə sadəcə olaraq inamsızlıq və həyəcanı ört-basdır edirdi, bu hissləri yox etmirdi, insana şüurlu olaraq təhlükəsizlik hiss etdirirdi. Lakin bu hiss səthi idi və yalnız dəstəkləyici amillərin mövcud olduğu dərəcədə təsir göstərə bilirdi.

Avropa və Amerika tarixinin Reformasiyadan günümüzə qədərki dövrünü əhatə edən istənilən təhlili azadlığın inkişafında bir-birinə zidd olan iki meylin, nədənsə azad olmaq və hansısa azadlığa can atmaq meylinin bir-biri ilə necə uzlaşdığını göstərir. Təəssüf ki, bu mövzu bizim tədqiqatın obyektindən uzaqdır və başqa əsərin predmeti ola bilər. Tarixin müəyyən dövrlərində və müəyyən sosial qrupların içərisində pozitiv mənaya malik insan azadlığı, yəni müstəqillik və şəxsiyyətin ləyaqəti əsas amilə çevrilmişdi. Ümumən bu vəziyyət İngiltərə, Fransa, Amerika və Almaniyada orta sinfin köhnə qaydalar üzərində iqtisadi və siyasi qələbə qazandığı zamanda yaranıb. Azadlıq uğrunda aparılan bu mübarizədə orta sinif protestantlığın müstəqillik və insan ləyaqətini qeyd edən hissəsinə söykənə bilərdi. Həmin dövrdə Katolik kilsəsi imtiyazlarını qorumaq üçün insanın azad olması uğrunda mübarizə aparan qruplarla birləşmişdi.

Müasir dövrün fəlsəfi düşüncəsində də biz azadlığın iki tərəfinin Reformasiya dövrünün dini doktrinalarında olduğu kimi bir-biri ilə əlaqəsini görə bilərik. Kant və Hegel üçün muxtariyyət və fərdi azadlıq onların sisteminin mərkəzi prinsipidir; buna baxmayaraq, onlar insanı qüdrətli dövlətin məqsədlərinə tabe edirlər.

Fransa inqilabı dövrünün filosofları, 19-cu əsrdə isə Feyerbax, Marks, Ştirner və Nitsşe xüsusilə vurğulayırdılar ki, insan şəxsi inkişafı və xoşbəxtliyindən başqa hər hansı məqsədə tabe olmamalıdır. Lakin həmin dövrün mürtəce filosofları açıq şəkildə insanın mənəvi və dünyəvi hakimiyyətə tabe olmasından bəhs edirdilər. 19-cu əsrin ikinci yarısı və 20-ci əsrin əvvəllərində insan azadlığının pozitiv tərəfi özünün inkişaf mərhələsində ən yüksək nöqtəyə çatdı. Bu prosesdə təkcə orta təbəqə deyil, həm özünün şəxsi iqtisadi maraqları, həm də ümumbəşəri maraqlar uğrunda mübarizə aparan fəhlələr də aktiv və azad subyekt kimi çıxış edirdi.

Son onilliklərdə kapitalizmin daha çox inkişaf etdiyi monopolist mərhələsində insan azadlığı ilə bağlı hər iki istiqamətdə dəyişikliklər baş verməyə başladı. İnsanın fərdi şəxsiyyətini zəiflədən faktorlar gücləndi, eyni zamanda fərdiliyi gücləndirən faktorların çəkisi azaldı. İnsanın gücsüzlük və tənhalıq hissi gücləndi, onun bütün ənənəvi məhdudiyyətlərdən azad olması özünü daha aydın büruzə verməyə başladı. İnsanın şəxsi iqtisadi uğuru üçün imkanları daraldı. O, kənardan güclü qüvvələrin təsirini hiss edirdi və bu vəziyyət 15-16-cı əsrlərdəki vəziyyəti xatırladırdı.

Bu inkişafın ən böyük faktoru artmaqda olan monopolist kapital idi. Sərvətin deyil, kapitalın iqtisadi sistemin müəyyən sferalarında mərkəzləşməsi fərdi təşəbbüskarlığın, cəsarət və zəkanın uğur qazanması üçün imkanları məhdudlaşdırdı. O sahələrdə ki monopolist kapital qələbə qazandı, çoxlarının iqtisadi azadlığı məhv edildi. Mübarizəni davam etdirənlər, xüsusilə də orta təbəqə çoxlu sayda güclərə qarşı mübarizə aparmalı oldu. Bu mübarizə onların şəxsi təşəbbüskarlığına olan inamı və cəsarətini gücsüzlük və ümidsizlik ilə əvəz etdi. Cəmiyyətin böyük əksəriyyətinin taleyi güclü, lakin o qədər də gözə dəyməyən hakimiyyətə malik bir qrup monopolistin əlində cəmləşdi. 1923-cü ildə Almaniyadakı inflyasiya, 1929-cu ildə Amerikadakı böhran təhlükəsizlik hissini gücləndirdi, çoxlarının şəxsi səyləri hesabına uğura və uğur qazanmanın qeyri-məhdud imkanlarına olan ənənəvi ümidi darmadağın edildi.

Böyük kapitalın təsiri altında təhdidlərlə üzləşən kiçik və orta biznes sahibi gəlir əldə edərək müstəqilliyini qorumağa qadir ola bilər. Lakin onun başı üzərindəki təhdid əvvəllər onu narahat edən inamsızlıq və gücsüzlüyü daha da gücləndirir. Əvvəllər özünə bərabər olan sahibkarla mübarizə aparan biznes sahibi indi monopolist kimi bir güclə rəqabətə girməli olur. Müasir sənayenin yeni iqtisadi imkanlar yaratdığı müstəqil sahibkarların psixoloji vəziyyəti də köhnə müstəqil sahibkarların psixoloji vəziyyətindən fərqlənirdi. Yeni müstəqil biznesmenin vəziyyətini təsvir etmək üçün çox zaman orta sinfin yeni obrazı sayılan yanacaqdoldurma məntəqəsi sahibini misal gətirirlər. Onların əksəriyyəti iqtisadi cəhətdən müstəqildirlər. Onlar köhnə dükan sahiblərini və ya kişilər üçün kostyum tikən dərziləri xatırladırlar. Lakin köhnə biznesmenlərlə yeni biznesmenlər arasında o qədər böyük fərq var ki! Dükan sahibi müəyyən bilik və qabiliyyətlərə sahib olmalı idi. O, satdığı malları müxtəlif topdansatış məntəqələrindən ala bilərdi və bu zaman o, daha keyfiyyətli və ucuz mal seçmək imkanına malik idi. Onun çoxlu sayda fərdi alıcıları var idi. Dükan sahibi alıcılarının tələbatını bilirdi, malı satarkən onlara məsləhətlər verirdi, satış zamanı onlara borc verib verməyəcəyini müəyyənləşdirirdi. Köhnə sahibkarı xarakterizə edən təkcə onun müstəqilliyi deyildi, köhnə sahibkardan eyni zamanda bacarıq, fərdi yanaşma, bilik və aktivlik tələb olunurdu. Yanacaqdoldurma məntəqəsi sahibinin vəziyyəti isə tamamilə fərqlidir. O, yalnız neft və qaz satır. Onun neft kompaniyaları ilə danışıqlardakı mövqeyi məhduddur. O, mexaniki olaraq eyni hərəkətləri təkrarlayır, maşını benzin və qazla doldurur. Onun qabiliyyətinə, təşəbbüskarlığına, fərdi aktivliyinə ehtiyac yoxdur. Onun gəlirini iki faktor müəyyənləşdirir: benzin və qaz almaq üçün ödədiyi məbləğ və yanacaqdoldurma məntəqəsində dayanan avtomobillərin sayı. Hər iki faktor onun nəzarətindən kənardadır; o, sadəcə olaraq satıcı ilə alıcı arasında əlaqələndirici rolunu oynayır. Psixoloji olaraq onun muzdlu işçi və ya müstəqil sahibkar olması az əhəmiyyət kəsb edir. O, böyük paylaşdırma maşınının kiçik bir detalıdır.

Ofis işçilərindən ibarət yeni orta sinfə gəlincə isə, deyə bilərik ki, böyük biznes genişləndikcə onların da sayı artmağa başlayıb. Onların vəziyyəti köhnə xırda, müstəqil sahibkarların vəziyyətindən ciddi şəkildə fərqlənir. Yeni nəsil orta təbəqə formal olaraq müstəqil sayılmasa da, onların köhnə dükan sahibi və ya dərzi ilə müqayisədə uğur qazanmaq üçün əhəmiyyət kəsb edən təşəbbüskarlıqlarını və zəkalarını inkişaf etdirmək üçün geniş imkanları var. Bu fikir şübhəli görünsə də, müəyyən mənada həqiqətə uyğundur. Lakin ofis işçisinin psixoloji vəziyyəti fərqlidir. O, böyük iqtisadi maşının bir hissəsidir, dar ixtisas sahəsinə aid məsələləri həll edir, özü kimi yüzlərlə işçi ilə rəqabət halındadır və əgər kimdənsə geridə qalırsa, amansızcasına işdən qovulur. Qısası, bəzən onun uğur qazanmaq üçün şansları yüksək olsa da, o, köhnə sahibkarın malik olduğu təhlükəsizlik və müstəqilliyə sahib deyil. O, özünün müəyyən etdiyi sürətə malik mexanizmin bəzən kiçik, bəzən isə böyük bir detalıdır. O, bu mexanizm üzərində heç bir nəzarətə sahib deyil və onunla müqayisədə heç kimdir.

Fəhlə də böyük istehsalatın geniş miqyası və üstün gücünün psixoloji təsirini öz üzərində hiss edir. Keçmiş zamanlarda kiçik müəssisədə çalışan fəhlə müəssisə sahibini şəxsən tanıyırdı və onun nəzarətində olan müəssisə haqqında hər şeyi bilirdi. Fəhləni bazar qanunlarına uyğun olaraq işə götürüb işdən azad etsələr də, onunla müəssisə rəhbərliyi və sahibi arasında müəyyən bir bağ var idi. Bu bağ ona öz gücünə inam hissi verirdi. Minlərlə fəhlənin işlədiyi müəssisədə çalışan fəhlənin vəziyyəti fərqlidir. Bu müəssisənin sahibi abstrakt bir insandır, fəhlə heç bir zaman onu görmür; müəssisənin rəhbəri anonim hakimiyyətdir, fəhlə onunla birbaşa ünsiyyətdə olmur, onun üçün fəhlə əhəmiyyətsiz biridir. Müəssisənin miqyası o qədər böyükdür ki, fəhlə yalnız çalışdığı sahədə nə baş verdiyini görə bilir.

Bu vəziyyət müəyyən mənada həmkarlar ittifaqı tərəfindən tarazlaşdırılır. Onlar fəhlənin iqtisadi vəziyyətini yaxşılaşdırmaqla yanaşı, həm də biznes nəhəngləri ilə münasibətdə fəhləyə güc və əhəmiyyətlilik hissi verən mühüm psixoloji dəstək vasitəsi idilər. Təəssüf ki, bir qədər sonra həmkarlar ittifaqlarının özləri də nəhəng təşkilatlara çevrildilər. Bu cür təşkilatlarda ayrı-ayrı üzvlərin fərdi təşəbbüskarlığına yer qalmadı. Üzvlər üzvlük haqqı ödəyir və müəyyən dövrlərdə səsvermədə iştirak edirlər. Bu təşkilatlarda da fəhlə nəhəng bir maşının kiçik detalına çevrilir. Həmkarlar ittifaqının hər bir üzvünün aktiv əməkdaşlığının təmin edilməsi mühüm əhəmiyyət kəsb edə bilərdi. Bu təşkilatlar elə təşkil edilməlidir ki, onun hər bir üzvü təşkilatın fəaliyyətində aktiv iştirak edə bilsin və baş verənlər üçün məsuliyyət daşısın.

Bizim zəmanəmizdə şəxsiyyətin əhəmiyyətsizliyi təkcə sahibkar, muzdlu işçi və ya fəhlənin simasında deyil, eyni zamanda müştərinin simasında da özünü büruzə verir.

Birinci fəslə keçid:

İkinci fəslə keçid:

Üçüncü fəslin birinci hissəsinə keçid:

Üçüncü fəslin ikinci hissəsinə keçid:

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.