fbpx

iqtisadiyyat

iqtisadiyyat

Enerji keçidi Azərbaycanda idarəetmə islahatlarının hərəkətverici qüvvəsi ola bilərmi?

Read this article on other language
Download article
image_pdf
image_pdf

Ənənəvi tükənən yanacaqdan bərpa olunan enerjiyə keçid artıq real zərurətdir. İqlim dəyişikliyi və dekarbonizasiya hədəfləri, zəngin karbohidrogen ehtiyatlara malik ölkələr də daxil, heç bir ölkəyə  seçim imkanı saxlamır. Paris Sazişinin şərtlərinə görə, bizim əsas enerji tərəfdaşımız – Avropa İttifaqı 2030-cu ilə qədər istixana qaz tullantılarını (greenhouse gas emissions) 1990-cı illə müqayisədə ən azı 40% azaltmalı, 2050-ci ildə isə sıfır tullantıya (net-zero greenhouse gas emissions) nail olmalıdır.  BMT-nin Davamlı İnkişaf Məqsədlərinin də əsas  hədəfi məhz iqlim dəyişikliyi və təmiz enerjiyə nail olmaqdır.

Neft və qazla zəngin ölkələr ikiqat zərbə ilə üzləşir. Bir tərəfdən dekarbonizasiya hədəfləri bu iqtisadiyyatları onların ənənəvi renta gəlirlərindən məhrum edib diversifikasiyaya məcbur edir, digər tərəfdən onlar təbii resursları kasıb olan ölkələrlə müqayisədə bərpa olunan enerjiyə keçid prosesini daha ağrılı keçirir. Buna səbəb isə indiyə qədər nisbətən ucuz enerji mənbələrinə əsaslanan iqtisadiyyatı islah etməyin, adət etmiş bədxərc xərcləmələrə son qoymağın və mövcud idarəetmə sistemini yeni çağırışlara adaptasiya etməyin kifayət qədər çətin olmasıdır.

Enerji keçidi və enerji səmərəliliyinin hökumətlərin siyasi və iqtisadi gündəliyinin prioritet məsələsinə çevrilməsi müəyyən mənada artıq onların öz iradələrindən asılı deyil, qlobal proseslərin təsirləri altında  üzərinə düşən öhdəlik kimi təzahür edir. Prosesin sürətlənməsində texnoloji sıçrayışlarla yanaşı həm də siyasi iradə mühüm rol oynayır və artıq beynəlxalq aləmdə enerji keçidinin daha sürətlə həyata keçirilməsi mübahisə predmeti deyil, bu sahədə qlobal tələblərin miqyası və sürəti ətrafında cərəyan edir.

Azərbaycan da bu proseslərin tərkib hissəsidir. 2016-cı ilin oktyabrında Milli Məclis Paris Sazişini ratifikasiya edərək, 2030-cu ilə 1990-cı illə müqayisədə istixana qaz tullantılarını 35% azaltmağa dair öhdəlik götürüb. Enerji keçidi ölkənin iqtisadiyyatı və siyasəti üçün sıradan bir məsələ deyil, yaxın gələcəkdə onun müqəddəratını həll edə biləcək qədər taleyüklü əhəmiyyət daşıyır. Bu mənada enerji keçidi sosial-iqtisadi islahatların davamlılığının və dönməzliyinin təminatçısına çevrilir.

Beynəlxalq qiymətləndirmədə Azərbaycanın mövqeyi

Artıq 10 ildir ki, Dünya İqtisadi Forumu (WEF) Səmərəli Enerji Keçidinin Təşviqi (Fostering Effective Energy Transition) indeksini açıqlayır. 2021–ci ildə açıqlanan son indeksdə Azərbaycan 115 ölkə arasında 44-cü yerdə qərarlaşıb və postsovet ölkələri arasında yalnız Gürcüstandan geridədir.

Adı çəkilən indeks 2 komponenti özündə ehtiva edir. Bunlar sistem performansı və keçid hazırlığıdır. Öz növbəsində sistem performansının balları müvafiq olaraq enerji təhlükəsizliyi, ətraf mühitin davamlılığı və iqtisadi artım indikatorları əsasında hesablanır. Keçid hazırlığı isə mühitin əlverişliliyini, konkret olaraq energetika sisteminin strukturunu, insan kapitalı, innovasiya, idarəetmə və institutlar, tənzimləmə və investisiyanı qiymətləndirir.

Qeyd etmək lazımdır ki, Azərbaycanın digər oxşar ölkələrlə müqayisədə nisbətən yüksək mövqedə olması daha çox sistem performansının hesabınadır. Mühitin əlverişliliyi isə birinci ilə müqayisədə nisbətən zəifdir. Son indeksin nəticələrindən alınan ilk dərs  ondan ibarətdir ki, stabil enerji sisteminə və iqtisadi artımı davamlı olaraq təchiz edə biləcək enerji potensialı ilə yanaşı, əsas hədəf kimi enerji keçidi mühüm əhəmiyyət daşıyır və baş verən qlobal dəyişikliklər fonunda, əgər idarəetmə çevik və innovativ olmazsa, enerji inkişafının davamlılığı sual altında qalır.

Azərbaycanın enerji xəritəsi  

2019-cu ildə Azərbaycanda mənbələr üzrə enerji istehlakı aşağıdakı kimi olmuşdur:  Ümumi enerji istehlakının 65%-i təbii qazın, 33%-i neftin və yalnız 2%-i hidroenerji də daxil olmaqla bərpa olunan enerjinin ( günəş, külək və s.) payına düşür. Müqayisə üçün qonşu Gürcüstanda bərpa olunan enerjinin payı 9% civarındadır. Düzdür, onun böyük hissəsi bioenerji və odun yanacağının payıdır. Ermənistanda isə bu rəqəm 6% ətrafındadır.

Buna baxmayaraq, Azərbaycanda bərpa olunan enerji  potensialı yüksək qiymətləndirilir. Belə ki, Energetika Nazirliyinin məlumatına görə, bərpa olunan enerji potensialı 26940 MVt qiymətləndirilir ki, onun 23040 MVt-ı günəş, 3000 MVt-ı külək enerjisinin payına düşür. Beləliklə, mövcud istehsal qənaətbəxş olmasa da, enerji keçidinin bel sütunu olan bərpa olunan enerji potensialı çox yüksəkdir və məhz bu fakt həm siyasətçiləri, həm də tədqiqatçıları əsas hədəfdən yayındırır.

Bərpa olunan enerji potensialı vacib şərtdir, amma kifayət deyil

Bərpa olunan enerji tükənən enerji mənbələrindən (neft, qaz, kömür və s.)  fərqli  olaraq daimi əsasda təbiətdən istifadə edilə bilən enerji növləridir. Buraya günəş, külək, bio, hidro və s. enerji mənbələri daxildir. Qeyd edək ki, hazırda enerji portfelində  bərpa olunan enerjinin daha yüksək payı olan ölkələr buna, əgər belə demək mümkünsə, məcburiyyətdən nail olublar. Enerji mənbələri əsasən idxal üzərində təşəkkül tapmış iqtisadiyyatlar, xüsusilə, kasıb ölkələr enerji qıtlığından daha çox əziyyət çəkiblər. Dövlətin isə iqtisadi gücü zəif olduğundan bu sahəni istehlakçı üçün davamlı olaraq əlçatan etməsi problemli olub. Əksinə, neft və qazla zəngin ölkələr çox halda dövlət subsidiyaları hesabına istehlakçı üçün ucuz və davamlı enerji mənbəyi yarada bilirdi ki, bu da əslində əyri güzgü səhnəsini xatırladır.

Bu baxımdan neft və qazla (və ya kömürlə) zəngin ölkələr enerji istehsalında indiyə qədər fərqli koordinat sistemində fəaliyyət göstərirdi. Düzdür, Azərbaycanda subsidiyaların həcmi və çeşidliliyi digər oxşar ölkələrlə müqayisədə xeyli aşağıdır, amma subsidiyaların ümumi həcmi hələ də kifayət qədərdir.  Məsələn, əgər 2018-ci ildə neft, qaz, elektrik enerjisinə birlikdə 2.9 mlrd. dollar subsidiya ayrılmışdısa, 2019-cu ildə bu rəqəm xeyli azalaraq, 1.9 mlrd. dollara  enib.

İstənilən subsidiyanın isə son anda dövlət büdcəsinin hesabına reallaşması məhz neft və qaz rentası hesabına başa gəlir. Beləliklə, neft və qazla zəngin ölkələr üçün enerji keçidi digər ölkələrlə müqayisədə  kifayət qədər fərqli  xarakter daşıyır və bu baxımdan bərpa olunan enerji potensialı önəmlidir, amma uğurlu nəticə üçün kifayət etmir.

Qeyd edildiyi kimi, Azərbaycanda subsidiyalaşmanın payı digər oxşar ölkələrlə müqayisədə kritik olmadığından enerji keçidində subsidiyalaşma siyasətini islah edib, daha çox bərpa olunan enerjiyə üstünlük verməni formalaşdırmaq ilk baxışdan texniki xarakter daşıyır və bir o qədər də müşkül görünmür. Amma problem ondadır ki, əksər digər ölkələrdən fərqli olaraq, Azərbaycanda subsidiyanın benefisiarı həssas sosial təbəqə yox, daha çox büdcədən yardım almağa vərdiş etmiş  dövlət müəssisələridir.

Bu məsələ enerji keçidində aidiyyəti dövlət müəssisələrinin özəlləşdirilməsi, özəl sektorun prosesə cəlbi və bununla da rəqabət mühitinin bərpa edilməsini əsas şərt kimi səciyyələndirir. Mülkiyyətlə bağlı mövcud status-kvonu saxlamaqla özəl biznesin bərpa olunan enerji istehsalına cəlbi bazar strukturunu dəyişməyə qadir deyil və bu səbəbdən səmərəli və davamlı enerji paradiqmasına keçid dövlət müəssisələrinin islahından keçir.

Enerji keçidi və yeni risklər: Rəqabətli iqtisadiyyat

Qlobal Rəqabətlilik İndeksində Azərbaycan 2019-cu ildə 140 ölkə arasında 58-ci olub. Rəqabətliliyimizin ən zəif yeri isə məhz innovativlik olub. Enerji keçidi üçün bu məqam önəmlidir. Belə ki, ənənəvi tükənən enerjidən fərqli olaraq bərpa olunan enerji renta gücünə malik deyil. Burada uğurun əsas şərti iqlimin bu və ya digər ölkəyə bəxş etdiyi günəş enerjisi və külək (hərçənd ki, bunun önəmi var) yox, rəqabətli iqtisadiyyat üzərində qurulmuş fəaliyyət və iqtisadi mühitin əlverişliliyidir. Reallıq ondan ibarətdir ki, bu sahədə formalaşan texnologiya sürətlə yenilənərək inkişaf edir və əsasən ən innovativ ölkələrdə cəmlənib. Deməli, enerji keçidində xarici investisiyanın cəlbediciliyini təmin etmək bir nömrəli məsələdir. Bu biznesdə artıq neftin renta gücü işləməyəcək. İmkanlar demək olar ki, hamı üçün eynidir və son anda daha rəqabətli iqtisadiyyat daha uğurlu enerji keçidini təmin edəcək.

İdarəetmə   

Hazırda enerji keçidinin səmərəliliyi üçün ən böyük risk bu sahənin mövcud idarəetməsi ilə bağlıdır. Qanunverici baza indiyə qədər qarşıya qoyulan hədəflərə cavab vermirdi.  Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında  bu yaxınlarda qüvvəyə minmiş qanun, gecikmiş də olsa, çox vacib addımdır. Amma  bu yalnız ilk qanunverici aktdır. Prosesin davamlılığını və institusional çərçivəsini təmin etmək üçün qanunverici baza və ondan irəli gələn idarəetmə mexanizmi həm mükəmməl, həm də çevik olmalıdır. Energetika Nazirliyi bu sahənin mərkəzi “oyunçusu” kimi daha böyük səlahiyyətlərə malik olmalıdır.

Yuxarıdakının məntiqi davamı kimi, digər böyük risk dövlət müəssisələrinin hazırkı fövqəlstatusu ilə bağlıdır. Ənənəvi olaraq, bu sahədə ixtisaslaşan dövlət müəssisələrinin korporativ statusu səbəbindən onların enerji keçidində drayver rolunu oynamağı real görünmür. Və əgər onu da nəzərə alsaq ki, mövcud şəraitdə əksər iri müəssisələrin dövlət maliyyəsi ilə sərhədi olduqca kövrəkdir, risk var ki, enerji keçidində böyük dövlət vəsaitinə ehtiyac korrupsiya mənbəyinə çevrilə bilər.

Ötən il Azərbaycan İnvestisiya Holdinqinin yaradılması və səhmləri dövlətə məxsus müəssisələrin onun idarəetməsinə verilməsi pozitiv haldır, amma risk var ki, proses ləng getdiyindən aidiyyəti iri dövlət müəssisələri onların hazırkı statusunda uğurlu enerji keçidinin maneəsinə çevrilsin. Bu baxımdan enerji keçidinin uğurlu alınması üçün ilk növbədə dövlət müəssisələrinin islahatı önəmli rol oynayır.

Tarif siyasəti

Enerji sahəsində mövcud tarif siyasəti enerji təchizatının keyfiyyətinin yaxşılaşması üçün nə istehsalçıda, nə də istehlakçıda, demək olar ki, heç bir stimul yaratmır. Bir qayda olaraq, hökumət bu sahədə qiymət tənzimləməsini müntəzəm tarif artımında görür. Və hər belə artımdan sonra qaz, işıq və digər istehsalçılar yeni tarifin onların rentabelli işləməsinə imkan yaradacağı haqda bəyanatlar verir. Vəziyyət isə dəyişməz olaraq qalır.

Problemin kökü ondadır ki, hökumətin təbii inhisarları tənzimləmək siyasəti kökündən yanlışdır. Klassik tənzimləmə nəzəriyyəsinin tövsiyə etdiyi prinsiplərin (hesabatlılıq, fokuslanma,  qabaqlayıcı, ardıcıllıq, adaptasiya olmaq, səmərəlilik) heç biri nəzərə alınmır. Mövcud tarif siyasəti bərpa olunan enerji sahəsinə də transfer edilərsə, nəticənin uğurlu olması böyük sual doğurur. Odur ki, dövlətin enerji sahəsində idarəetməsinin köklü dəyişikliyi  onun paralel olaraq tarif siyasətinin də islahatından keçir.

İstehlakçı davranışı

Enerji keçidinin uğurlu alınması yolunda digər vacib risk istehlakçı davranışı ilə bağlıdır. Təəssüflə qeyd edilməlidir ki, neft və qaz iqtisadiyyatlarının üzdə olan neqativ effektləri ilə yanaşı, həm də dolayı təsirləri mövcuddur. Ucuz enerji sindromunun dolayı təsiri odur ki, orta statistik istehlakçı bədxərcliyə öyrəşir və ona bu vərdişləri tərgitmək elə də asan məsələ deyil. Son dövrdə kommunal tariflərin durmadan artımı fonunda istehlakçılarla gərginlik buna bariz misaldır. Amma reallıq budur ki, mənbəyindən asılı olmayaraq, istənilən  enerji istehsalçı üçün rentabelli, istehlakçı üçün isə əlçatan olmalıdır. Həssas sosial təbəqə isə dövlətin ünvanlı imtiyazları ilə əhatə olunmalıdır. Nə qədər qəribə səslənsə də, bu gün orta statistik ölkə vətəndaşı hesab edir ki, elektrik enerjisi, neft məhsulları və təbii qaz onlar üçün dəyərindən qat-qat ucuz olmalıdır. Arqument isə sadədir: biz neft və qaz ölkəsiyik. Problem ondadır ki, adətən belə diskursların predmeti yalnız tarifin yüksək olması olur. Hərçənd ki, yüksək tarif fonunda istehlakçının ilk addımı xərclərin azaldılması cəhdi olmalı idi. Təbii ki, bu davranışla bərpa olunan enerjiyə keçid ağrılı olacaq.

Beləliklə, enerji keçidinin astanasında bu riskləri nəzərə almağımız çox vacib şərtdir. Neft və qaz enerjisi üzərində formalaşan iqtisadiyyatımız çox məsələləri həll etdi. Kifayətdir ki, yeni neft erasından əvvələ nəzər yetirib, 1994-cü illə müqayisədə ölkənin iqtisadi qüdrətinin nə qədər artdığını müşahidə edək. Amma razılaşaq ki, neft, sözün əsl mənasında, iqtisadi inkişafımızın drayveri ola bilmədi. Buna baxmayaraq, neft-qaz potensialı ölkə üçün unikal maliyyə, texnologiya və əməkdaşlıq imkanları yaratdı. Məhz bu imkanlar hesabına enerji keçidini daha uğurlu həyata keçirməyimiz mümkündür.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.