fbpx

Cəmiyyət

Cəmiyyət

Azərbaycan və beynəlxalq korrupsiya qalmaqalları

Read this article on other language
Download article
image_pdf
image_pdf

Beynəlxalq Şəffaflıq (Transparency İnternational) təşkilatının hər il təqdim etdiyi Korrupsiya Qavrama İndeksinə (Corruption Perception Index) görə, Azərbaycan 2020-ci il üçün reytinqdə 129-cu sırada yer alıb. Məlumata əsasən, 2020-ci il üzrə Azərbaycan indeks göstəricilərinə görə 30 bal əldə edib. Bu isə 180 ölkə arasında 129-cu sıra deməkdir. 2019-cu il ilə müqayisədə göstərici cəhətdən dəyişiklik baş verməyib (30 bal), amma sıralama cəhətindən Azərbaycan 3 pillə geriləyib. Korrupsiya Qavrama İndeksi dövlət sektorunda mövcud olan korrupsiya haqqında təsəvvürlərin dərəcəsini əks etdirir. İndeksin hazırlanmasında fərqli hesabatlardan istifadə edilir. Adətən bu hesabatlar antikorrupsiya siyasətinin səmərəliliyinə təsir göstərən bir sıra siyasi, iqtisadi və sosial xarakterli meyarlar üzrə ölkələrin mövqeyini qiymətləndirir. 2020-ci il üçün Azərbaycana dair məlumat isə yeddi fərqli mənbə əsasında hazırlanıb.

Cədvəl 1. Azərbaycanın Qlobal Korrupsiya Qavrama İndeksində yeri.

İllər KQİ balı Qlobal sıralamada yeri KQİ-də ölkələrin sayı
2020 30 129 180
2019 30 126 180
2018 25 152 180
2017 31 122 180
2016 30 123 176
2015 29 119 168
2014 29 126 175
2013 28 127 177
2012 27 139 176

 

Korrupsiya Qavrama İndeksi daha çox daxili auditoriyanın korrupsiyanı qəbul etməsi ilə bağlıdır. Beləliklə, Azərbaycan dövlət sektorundakı korrupsiyanın səviyyəsi və ya ən azından insanlar tərəfindən bunun təsəvvürü yüksəkdir. Məhz ona görə Azərbaycan 180 ölkə arasında 129-cu yerdədir. İndeksdən də göründüyü kimi, 2016-2018-ci illər ərzində müxtəlif dəyişikliklərin baş verməsinə baxmayaraq, 2020-ci və 2016-cı illərin səviyyələri eynidir. Başqa sözlə, son 5 ildə ciddi dəyişiklik baş verməyib.

Azərbaycanın adı, demək olar ki, hər il hansısa beynəlxalq korrupsiya qalmaqalında hallanır. Bu həm bütün dünyanı əhatə edən Panama Sənədləri, həm də hər hansı ölkə səviyyəsində baş vermiş qalmaqal (Malta) ola bilər. Son dövrlərdə müvafiq qalmaqalların sayı artır. Bunu nəzərə alaraq, biz məhz beynəlxalq mediada yayınlanmış və ölkə xaricində müzakirə mövzusuna çevrilmiş korrupsiya və korrupsiya şübhəsi olan qalmaqallar barədə məlumatları sistemləşdirməyə çalışmışıq. Aşağıda bizim tərəfimizdən müvafiq məlumatları və materialları sistemləşdirilmiş şəkildə görə bilərsiniz. Sistemləşdirmə üçün əsas kimi müvafiq materialların dərc edilmə dövrü qəbul olunub.

Azərbaycanın adının hallandığı beynəlxalq korrupsiya qalmaqalları

Viktor Kojeni (2001)

Viktor Kojeni adlı çexiyalı biznesmen 1997-ci ildə Azərbaycana gəlib. Azərbaycana gələrkən o, artıq kifayət qədər böyük “təcrübəyə” malik idi. O, vaxtilə Çexiyada məşhurlaşmış Harvard Capital and Consultingin təsisçisi idi. Bir müddət bu şirkət Çexiyada özəlləşdirilmiş mülkiyyətin 15%-nə sahib idi. Başqa tərəfdən bu şirkət daha çox piramida formasını xatırladırdı. Yerli hüquq mühafizə orqanları onun fəaliyyəti ilə maraqlandığı anda o, bütün aktivləri satdı və pulları ofşora köçürdü.

Azərbaycana gəlmək məqsədi yerli özəlləşdirmədə iştirak etmək cəhdi idi. O, ilk dövrdə müxtəlif şirkətlərin vauçerlərini əldə edirdi. Ölkə iqtisadiyyatının neftdən asılı olduğunu görərək, daha çox Azərbaycan Dövlət Neft Şirkətinin vauçerlərinə diqqətini yönəltdi. Bu məqsədlə 150 milyon dollara yaxın şəxsi və digər investorların vəsaitlərini xərcləmişdi. Sonradan yatırdığı vəsaiti genişləndirmək üçün müxtəlif ABŞ investorlarından 450 milyon dollar cəlb edir (rəqəmlər müxtəlifdir: Kojeni deyir ki, məbləğ 450 milyon dollara çatmışdı, digərləri daha yüksək məbləğlərdən danışırlar. Bəziləri isə ümumiyyətlə şərh etmirlər). Amma ARDNŞ-nin özəlləşdirilməsi dayandırılır. Başqa tərəfdən investorlar Avropa İttifaqının hesabatından öyrənirlər ki, Kojeni vauçerləri 25 dollardan yox, 1 dollardan əldə edirdi. Nəticə etibarilə, Kojeni Azərbaycandan çıxıb gedir, özəlləşdirmə baş vermir, ABŞ institusional investorları isə pul itirirlər.

Sonradan məlum olur ki, Kojeni və onun partnyorları Azərbaycanda ARDNŞ-ni özəlləşdirmək üçün müxtəlif məmurlara rüşvət də ödəyiblər. Onun partnyoru Frederik Börk 2009-cu ildə ABŞ məhkəməsi qarşısına çıxır. Məhkəmə materiallarından məlum olur ki, Kojeni və ətrafı Azərbaycan prezidentinə, onun oğlu İlham Əliyevə və daha iki yüksəkvəzifəli məmura rüşvət verirdilər. Məhkəmə bu faktı sübut edilmiş kimi qəbul edir (ittihama görə, rüşvətin ümumi həcmi 11 milyon dollara çatırdı). Müvafiq qərar Foreign Corrupt Practices Act tarixində ilklərdən biri idi. Bu akt üzrə daxil olan çox az sayda iş məhkəməyə çatırdı. Amma bu qərar ABŞ prokurorları üçün böyük qələbə idi. Bundan sonra artıq bir çox işlər məhkəməyə cəlb olunurdu.

Kojeni rüşvət ödədiyini qəbul edirdi, amma özü Baham adalarında gizlənmişdi. Onun fikrincə, ideyası reallaşa bilərdi, sadəcə yerli məmurlar rüşvətləri götürürdülər, amma heç nə etmirdilər. 

Wikileaks (2010)

2010-cu ilin yanvarında Vikiliks layihəsinin (Culian Assanc tərəfindən yaradılmış və dövlət və korporasiyalara məxsus olan sızdırılmış məxfi məlumat və sənədləri dərc edən beynəlxalq sosial internet layihəsidir) səhifəsində Azərbaycana aid bir neçə sənəd dərc olundu. Ondan əvvəl də bu layihədə ABŞ diplomatlarının Azərbaycana dair yazışmaları dərc olunurdu. Amma bu dəfə Müvəqqəti işlər vəkili Donald Lu tərəfindən hazırlanmış və Azerbaijan: Who owns that? Part 1 – The First Lady’s family (Azərbaycan: Kim sahibdir? Birinci hissə – Birinci xanımın ailəsi) adlı bir teleqram dərc olundu. Teleqramda qısa olaraq Mehriban Əliyevanın atası tərəfindən qohumları olan Paşayevlər ailəsinin mülkiyyəti və cəmiyyətdə təsiri təsvir olunub. 

Dubay mülkləri (2010)

Endryu Xiqqins 2010-cu il martın 10-da Vaşinqton Post (Washington Post) qəzetində “Pricey real estate deals in Dubai raise questions about Azerbaijan’s president  (Dubayda bahalı daşınmaz əmlak ilə bağlı əməliyyatlar Azərbaycan prezidenti barədə suallar yaradır) adlı məqalə ilə çıxış edib. Müəllif Dubayda olan bəzi mülkləri araşdırıb. Dubay Torpaq Departamentindən əldə etdiyi məlumata görə, Cumeyra Palma adasında (Palm Jumeirah) 44 milyon dollar dəyərində olan 9 mülkün sahibi Azərbaycan məktəblisi Heydər Əliyevdir. Onun doğum günü də İlham Əliyevin oğlu Heydər ilə üst-üstə düşür. Ümumiyyətlə,  Əliyevlər ailəsi ilə eyni ad daşıyan şəxslərə 75 milyon dollarlıq mülk aid idi. Müəllif 228 min dollar illik maaşı olan şəxs (Azərbaycan Respublikası prezidenti İlham Əliyev nəzərdə tutulur) 75 milyonluq mülki necə əldə edib sualını verir. 

Boks üzrə turnirin maliyyələşdirilməsi (2011)

2011-ci ildə BBC-nin məlumatına görə, World Series Boxing (WSB) turniri Azərbaycandan 10 milyon dollar vəsait alıb. Müvafiq məlumatı həm WSB, həm də Beynəlxalq Boks Assosiasiyası təsdiqləyib. Amma onların fikrincə, bu vəsait Azərbaycan hökumətinə aid deyil. Lakin onlar vəsaitin Kəmaləddin Heydərov (Fövqəladə Hallar naziri və eyni zamanda Azərbaycan Boks Federasiyasının sədri) vasitəsilə daxil olmasını təsdiqləyirdilər. BBC isə bu ödənişin Olimpiyadada qızıl medal müqabilində edildiyini iddia edirdi. Amma 2012-ci ilin Olimpiya oyunlarında Azərbaycan iki bürünc medal qazandı. 2016-cı ildə bu əməliyyatın digər təfərrüatları da açıldı. Nyu York Taymsın əldə etdiyi hesabata görə, müvafiq vəsait borc şəklində verilmişdi. Amma borc üzrə heç bir vəsait qaytarılmamışdı. Onun yarısı isə, ümumiyyətlə, müəmmalı istiqamətdə xərclənmişdi. 

Offshore Leaks (2013)

2013-cü ilin aprelin 13-də Təhqiqatçı Jurnalistlərin Beynəlxalq Konsorsiumu (ICIJ) Offshore Leaks adlı bazanı dərc etdilər. Bu baza müxtəlif ofşorlarda açılmış 130 min bank hesabına aid 2,5 milyon gizli sənədi əhatə edirdi. Bu hesablar 170 ölkəyə aid şirkət və fiziki şəxslərə aid idi. Hesab sahibləri bu ofşorlardan müxtəlif məqsədlər üçün istifadə edirdilər. Onlardan bəziləri beynəlxalq ticarətin asanlaşdırılması üçün istifadə etdiyi halda, digərləri çirkli pulların yuyulması ilə məşğul idi. Müvafiq materiallarda Azərbaycanın da adı keçirdi. Bazanı araşdıran jurnalistlər Azərbaycana dair yalnız bir material hazırladılar. Məqalə prezident ailəsinin Azərsun ilə münasibətlərinə həsr olunmuşdu:

Offshore companies provide link between corporate mogul and Azerbaijan’s president (Ofşor şirkətlər korporativ sahibi və Azərbaycan prezidenti arasında münasibətləri göstərir) Müvafiq bazada Azərsun rəhbərliyi və İlham Əliyevin ailəsi arasında münasibətlərə dair sənədlər aşkar olundu. Eyni zamanda ölkə prezidentinin müxtəlif mülkləri barədə də məlumat verilir.

Avstriyada pul çapı (2013)

2013-cü ilin iyun ayında Avstriya Bankının sədr müavini istefa verib. Bundan bir həftə əvvəl isə onun səlahiyyətləri Avstriya hökuməti tərəfindən dayandırılmışdı. Əsas səbəb isə Avstriya Bankı tərəfindən digər ölkələr üçün əskinasların çapı əməliyyatlarında korrupsiya şübhəsinin olması idi. İyunun əvvəli Vyana prokurorluğu rəsmi ittiham irəli sürdü. İddia edilirdi ki, Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Elman Rüstəmov və Suriya Mərkəzi Bankının rəhbəri Adib Mayaleh milli valyuta əskinaslarının çapının Avstriyada həyata keçirilməsi müqabilində pul alıblar. İddialara görə, Avstriya tərəfi ilə Rüstəmov və digər azərbaycanlı rəsmilər arasında razılaşmaya əsasən yeni manat əskinaslarının çap edilməsinin dəyəri 20 faiz artırılıb. Avstriya Bankının sədri V. Dukaçek isə qanun pozuntusunun olmadığını bildirirdi. Növbəti il Vaşinqton Postda çıxan məqaləyə görə, Avstriya Bankı öz fəaliyyət arealını genişləndirməyə çalışır, 2004-2005-ci illərdə Azərbaycanda denominasiyaya (köhnə pul nişanlarının qəbul edilmiş nisbət qaydasında yenisi ilə əvəzlənməsi) hazırlıqlar aparırdı. Buna görə də Avstriya Bankının nümayəndəsi Bakıya gəlmişdi. Onlar bu müqaviləni qazanmağa çalışırdılar. Məhz bu məqsədlə qiymət 20 faiz artırılmışdı. Bankın rəhbəri bu ödənişləri komissiya haqqı kimi qəbul edirdi. Müvafiq əməkdaşlar korrupsiya faktını qəbul etdilər. Bankın rəhbəri isə bu işdə bəraət aldı. 

Konqres nümayəndələrinin səfərləri (2015)

2015-ci ilin mayında Vaşinqton Post ABŞ Konqresinin etika üzrə konfidensial hesabatına istinadən məlumat verib ki, SOCAR 2013-cü ildə Konqresin 10 üzvü və 32 əməkdaşının Bakıda keçirilən konfransda iştirakını maliyyələşdirib. Müvafiq tədbirdə Obamanın keçmiş üç yüksəkvəzifəli köməkçiləri də çıxış edib. İştirakçılar həmçinin müxtəlif hədiyyələr də alıblar. Hər bir iştirakçıya hesablanmış səfər xərci müxtəlif idi. Məsələn, bəziləri üçün ümumi səyahət 113 min dollara başa gəlib. Müvafiq komitənin təhqiqatçıları iştirakçıların bu maliyyələşmədən xəbərdar olduqlarına dair və eyni zamanda bu hədiyyələrin hansısa qərara təsir etməyinə dair hər hansı fakt aşkarlaya bilmədilər. Vaşinqton Post bu səfərləri İrana qarşı sanksiyalar ilə əlaqələndirir. Məhz elə o dövrdə ABŞ İrana qarşı yeni sanksiyalar qəbul etmişdi. Müvafiq sanksiyalar qaz boru layihələri üçün istisnaları da nəzərə almışdı. Müəlliflərin ehtimallarına görə, məhz bu istisnaların qəbulu bu səfərlərin nəticəsi kimi çıxış edə bilər.

TeliaSonera (2015)

2015-ci ildə Muddy Waters araşdırma şirkəti telekommunikasiya sahəsində fəaliyyət göstərən İsveç-Finlandiya şirkəti TeliaSoneraya dair hesabat ilə çıxış edib. Bu hesabata görə, şirkət bir çox korrupsiya əməllərində ittiham olunurdu. Hesabat müəllifi qeyd edirdi ki, bu şirkət Azərbaycanda “Azertel” vasitəsilə korrupsiya ödənişləri etməyə davam edirdi. Müəllif 2014-cü ildə Azadlıq Radiosunun saytında çıxan təhqiqata da istinad edirdi. Təhqiqata görə, Azercell Telekom MMC-nin bir payı müxtəlif ofşor strukturlar vasitəsilə İlham Əliyevin ailəsinə bağlıdır. Ona görə müəlliflərin fikrincə, şirkət kifayət qədər yüksək həcmdə kompensasiya məbləği ödəməli idi. Ümumiyyətlə, təhqiqatçıların fikrincə, bu tarixdə ən yüksək rüşvət ola bilərdi. Bunu nəzərə alaraq İsveç hökuməti araşdırmaya başlamışdı. Amma 2016-cı ilin mayında hər hansı cinayət işinin başlanmamasına dair qərar verildi. İsveç prokurorları qeyd etdilər ki, konkret şübhələrin olmasına baxmayaraq, rüşvət faktını sübut etmək mümkün olmadı. Eyni zamanda TeliaSoneranın yeni rəhbərliyi Azercell Telekomda olan payın satılması nəticəsində heç bir şeyin əldə edilməməsi faktını izah edə bilmədi.

Bakıda Tramp binası (2016)

2015-ci ildə Donald Tramp ABŞ-da prezident seçkilərinə qoşulacağını elan etdi. Növbəti ildə isə Respublikaçılar Partiyasının keçirtdiyi praymerizdə qalib gəldi. Nəticədə KİV-lər onun aktivlərinə maraq göstərməyə başladı. Məhz o dövrdə Bakıda Trump Tower binasının tikintisi gedirdi. Trampın təqdim etdiyi məlumata görə, bu bina ona məxsus deyildi. Buradan o, yalnız lisenziya haqqı və idarəetməyə görə vəsait qazanırdı (ümumi həcmi isə 2,8 milyon dollar olaraq göstərilmişdi). Məsələ daha çox binanın sahibləri ilə bağlı idi. Azərbaycan tərəfindən binanın sahibi qismində təsisçisinin 2000-2015-ci ildə Milli Məclisin deputatı Elton Məmmədov olduğu Bakı XXI əsr şirkəti çıxış edirdi. Məmmədov isə o dövrün nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır. Müvafiq şirkət də bir çox nəqliyyat layihələrini reallaşdırıb. Bu isə hər bir halda korrupsiya şübhəsi yaradır. Eyni zamanda Nyu Yorkerin məlumatına görə, Məmmədovlar ailəsinin həmçinin iranlı vəzifəli şəxslərlə də əlaqələri var.

Panama Sənədləri (2016)

2015-ci ilin 4-6 oktyabr tarixlərində Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov Panamada rəsmi səfərdə idi. O vaxta kimi Azərbaycan-Panama münasibətləri müəyyən qədər müəmmalı idi və bu barədə çox da ətraflı məlumat yox idi. Amma 2016-cı ilin aprelində iki ölkəni birləşdirən (və təkcə onları yox) münasibətlərə dair gizli sənədlər bütün dünyaya yayıldı.

2016-cı ilin aprelin 3-də Təhqiqatçı Jurnalistlərin Beynəlxalq Konsorsiumu (ICIJ), Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP) və bir sıra digər jurnalist qruplar (107 jurnalist təşkilatı və ya KİV-i) birlikdə Panamada məskunlaşan Mossack Fonseca adlı hüquq şirkətinə (2012-ci ildə ofşor əməliyyatlar sahəsində lider hesab edilirdi) aid və 1977-2015-ci illəri əhatə edən 11,5 milyon gizli sənədi dərc etdilər. Bu sənədlər 214 488 ofşor hesaba aid idi. 2015-ci ildə bu sənədlər alman qəzeti olan Süddeutsche Zeitung redaksiyasına daxil oldu. Onlar da digər ölkələrdən olan jurnalistləri cəlb edərək, araşdırmağa başladılar.

Bununla Panama vasitəsilə gəlirlərini gizlətməyə çalışan böyük sayda şirkətlər və fiziki şəxslər barədə məlumatlar açıqlandı. Sənədlər ümumən Mossack Fonseca müştərilərinin çirkli pulları yumağa, sanksiyalardan yan ötməyə, vergilərdən yayınmağa necə nail olduqlarını göstərir. Məlum oldu ki, bu hüquq şirkəti vasitəsilə 15 mindən çox balıqqulağı (shell) tipli şirkət qeydiyyatdan keçirilib. Onlar da pul yumağa kömək ediblər. Bu hadisədən sonra Mossack Fonseca şirkəti uzun müddət fəaliyyət göstərə bilmədi və 2018-ci ildə bağlandı.

Ümumən məlumatlar bir çox ölkələri əhatə etdi. OCCRP jurnalistləri bu ölkələr arasında ən çox rast gəlinənlərə dair ayrıca materiallar da hazırladılar. Müvafiq ölkələr sırasında Azərbaycanın da adı qeyd olunurdu. Azərbaycana aid 5 material dərc olundu. Materiallar qızıl mədənləri və bir sıra mülklərlə bağlı idi:

Aliyevs’ Secret Mining Empire. (Əliyevlərin gizli mədən imperiyası) Azərbaycanda qızıl mədənlərinin istimarı ilə bağlı materialdır. Burada müvafiq sahədə məşğul olan şirkətlərin prezident ailəsi ilə bağlı olduğu göstərilir;

Aliyevs Seek Five Gold Fields in Kyrgyzstan. (Əliyevlər Qırğızıstanda beş qızıl mədəni axtarır). Materiala görə, 2012-ci ildə Azərbaycanda qeydiyyatdan keçmiş Redgold Estates Azerbaijan Ltd Qırğızıstanda satışa çıxarılan qızıl mədənlərinin alışında iştirak etmək niyyətində idi. Müvafiq şirkət də Azərbaycan prezidentinin ailəsi ilə sıx bağlı idi;

How Family that Runs Azerbaijan Built an Empire of Hidden Wealth. (Azərbaycanı idarə edən ailənin gizli sərvət imperiyası). Burada söhbət əsasən AtaHoldinq barədə gedir. Sənədlərdən məlum oldu ki, Fazil Məmmədov (o zaman vergilər naziri) hələ 2000-ci illərin əvvəlində müvafiq holdinqi qurmağa başlamışdı. Səhmdarlar sırasına Mehriban Əliyeva da dəvət edilmişdi;

Azerbaijan First Family’s London Private Enclave. (Azərbaycan Birinci Ailəsinin Londonda şəxsi anklavı). Bu material daha çox prezident ailəsinə məxsus olan müxtəlif mülklər barədə məlumat verir. Materialın əsas hissəsi Londonda yerləşən mülklərlə bağlıdır;

People of Azerbaijan Bail out Failed Aliyev Mining Empire (Azərbaycan xalqı Əliyevlərin uğursuz mədən imperiyasını xilas etdi). Material Azərgold QSC-nin yaradılması ilə bağlıdır. Azərgold QSC yaradılarkən, 2015-2016-cı illərdə prezidentin sərəncamına görə, Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarında podratçıların payları dövlət büdcəsi hesabına əldə olunmuşdu. Jurnalistlərin əldə etdiyi məlumata görə, bu paylar 4 şirkətdən (Globex International, Londex Resources S.A., Willy & Meyris S.A., Fargate Mining Corporation) alınmışdı (müvafiq pay bölgüsü haqqında saziş təsdiqlənərkən, orada 5 şirkət qeyd olunmuşdu). Bu şirkətlər arasında ən azı ikisinin sahibləri Arzu və Leyla Əliyevalar idi. Digər ikisinə dair məlumat yox idi. Eyni zamanda məhz bu iki şirkətdən biri- Londex hökumət ilə yataqların alınmasına dair danışıqlar aparırdı. Faktiki olaraq, dövlət büdcəsi hesabına müvafiq şirkətlər xilas olunmuşdu. Sənədlərə görə, onlar hardasa 230 milyon dollar xərc müqabilində 30 milyon dollar qazanc əldə ediblər. 

Avstraliyadakı Azərbaycan səfirliyi (2016)

The Sydney Morning Herald 2016-cı ilin aprelində Azərbaycanın Avstraliyada yerləşən səfirliyinin əməliyyatlarına həsr olunmuş məqalə paylaşdı. Məqalədə KİV-lərə sızdırılmış məlumatlara əsasən yazılır ki, Azərbaycan səfirliyi işçilərin (səfirin özü də) diplomatik statusundan istifadə edərək ölkəyə 2 min litr pivə, 1,1 min litr çaxır və s. gətiriblər. Diplomatik status müvafiq məhsulları rüsum ödəmədən idxal etməyə imkan verirdi. Müvafiq məsələ təsir etdi ya yox, amma 2016-cı ilin sonunda Azərbaycanın Avstraliyadakı səfiri geri çağırıldı. Yeni səfir hələ də təyin olunmayıb.

Kürü Diplomatiyası (2012-2016)

2012-ci ildə Avropa Sabitlik Təşəbbüsü (European Stability İnitiative) Caviar Diplomacy – How Azerbaijan silenced the Council of Europe (Kürü Diplomatiyası – Azərbaycan Avropa Şurasını necə susdurdu) adlı məqalə ilə çıxış etdi. Məqalə Azərbaycan və bir sıra Avropa məmurları arasındakı münasibətləri təsvir edirdi. Müəlliflərin fikrincə, Azərbaycan bir sıra hədiyyələr (kürü kiçik hədiyyələrdə bəzən əsas yer tuturdu) hesabına Avropada öz imicini yaxşılaşdırmağa çalışırdı. Məqalə daha çox ümumi siyasi vəziyyəti təsvir edirdi.

Eyni təşəbbüs 2016-cı ildə məqalənin ikinci hissəsini dərc etdi. Bu dəfə artıq bir ümumiləşdirilmiş formada, birbaşa olaraq, Azərbaycanın bir sıra Avropa məmuruna ödədiyi rüşvət təsvir edilirdi. Əsas yeri də italiyalı deputat Luka Volonte tuturdu. O, 2012-ci ildə AŞPA-da Avropa Xalq Partiyası adlı qrupun prezidenti qismində çıxış edirdi. 2016-cı ilin iyununda ona qarşı cinayət işi başlandı. Əsas ittiham rüşvətxorluq və çirkli pulların yuyulması ilə bağlı idi (yeri gəlmişkən, 2021-ci ildə məhkəmə onu 4 il azadlıqdan məhrum etdi. Azərbaycandan rüşvətin alınması sübut olunmuş hesab edildi). Materiallarda rüşvətin necə və hansı formada alınması da təsvir edilmişdi.

Əlavə olaraq, OCCRP də 2017-ci ildə bu işə dair təhqiqat keçirdi və E. Süleymanovdan (AŞPA üzvü) başqa sxemdə digər şəxslərin iştirak etdiyini müəyyən etdi. 

Rolls-Roys (2017)

2016-cı ilin dekabrında ABŞ Ədliyyə Nazirliyi Rolls-Roysun ABŞ filialına qarşı qaldırdığı iddiaya dair razılıq əldə olundu. Rolls-Roys Qazaxıstan, Tailand, Braziliya, Azərbaycan, Anqola və İraqda müvafiq qurumlar ilə müqavilə imzalamaq üçün rüşvət ödədiyini etiraf etdi. Azərbaycanda müvafiq qurum qismində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) çıxış edirdi. Rüşvət qismində ödədiyi 35 milyon dolların 7,8 milyon dollarlıq hissəsi məhz SOCAR-a ödənilmişdi. Azərbaycanda turbin sifarişlərinin təminatı üçün ödənilən rüşvətlər Rolls-Roysun ABŞ-dakı filialı olan Rolls-Roys Energy System (RRESI) tərəfindən edilib. RRESİ şirkətinin Azərbaycanda imzalanan turbin sövdələşmələrindən 50 milyon dollardan çox mənfəət əldə etdiyi hesablanıb. Eyni təhqiqat Böyük Britaniyada da keçirilib və daha 6 ölkədə ödənilən rüşvətə dair sübutlar tapılıb. Nəticə etibarilə, Rolls-Roys ABŞ, Böyük Britaniya və Braziliya hökumətlərinə 800 milyon dollar həcmində cərimə ödəyib. 

Malta (2017)

Malta jurnalisti Dafne Karuana Qalizia 2017-ci ilin aprelində Malta banklarının birinə aid sənədi dərc edib. Sənədə görə, Malta Baş nazirinin həyat yoldaşı Mişel Muskata məxsus olan Panama şirkətinə 1 milyon dollar köçürülmüşdü. Sənədin daha maraqlı tərəfi o idi ki, müvafiq vəsait Dubayda qeydiyyatdan keçən Al Sahra FZCO adlı şirkətin hesablarının birindən köçürülmüşdü. Şirkətin ərəb adına baxmayaraq, onun son sahibi qismində isə prezident İlham Əliyevin qızı Leyla Əliyeva çıxış edirdi. Yəni başqa sözlə, Azərbaycan hakimiyyəti Malta hökumətinə pul köçürmüşdü. Bu məsələ səs-küy yaradandan sonra baş nazirin xanımı Maltadan birbaşa Bakıya uçmuşdu, sonra isə Dubaya.

Eyni ilin oktyabrında Dafne Karuana Qalizia öldürülür, amma onun başladığı araşdırmalar dayandırılmır. 18 müxtəlif təşkilatı təmsil edən jurnalistlər müvafiq araşdırmaları davam etdirirlər. Nəticədə Azərbaycan hakimiyyətinin Maltada aktiv istifadə etdiyi Pilatus Bankının fəaliyyəti dayandırılır (onun sahibi pulyumada ittiham edilir. Amma 2020-ci ildə ittiham geri götürülür). Məlum oldu ki, bankın 150 müştərisinin əsas hissəsi Azərbaycandan olan şirkətlər və şəxslərdir. Bu bank vasitəsilə prezident ailəsi və Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun ailəsi müxtəlif əməliyyatlar həyata keçiriblər.

Eyni zamanda Maltada Azərbaycan bir sıra enerji layihələrində də iştirak edib (Delimara elektrik stansiyası). Müvafiq layihə ilə bağlı keçirilən təhqiqat korrupsiya faktlarını müəyyən etmədi. Başqa tərəfdən jurnalistin ölümü ilə bağlı həbs edilən sahibkar Yorgen Fenekin  də Azərbaycan ilə əlaqəsi təxmin edilmişdi. 

Azərbaycan laundromatı (2017)

Berlingske adlı Danimarka qəzetinin ilk beynəlxalq jurnalist təhqiqatı Azərbaycan ilə bağlı idi. Qəzetin əlinə Danske Bank adlı Danimarka bankının 16 min tranzaksiyasını təsvir edən detallı sənədlər düşmüşdü. Bu sənədlər əsasən müvafiq bankın Estoniya filialının 2012-2014-cü illərdə fəaliyyəti ilə bağlı idi. Sənədlər 4 fiktiv Britaniya şirkətinin bank hesablarında keçirilmiş əməliyyatlara həsr olunmuşdu. Məsələnin ən maraqlı tərəfi o idi ki, bütün sənədlər Azərbaycan ilə bağlı idi. Sənədlərə görə, 2012-2014-cü illərdə Azərbaycandan bu hesablar vasitəsilə 2,9 milyard dollar çıxarılmışdır. Eyni zamanda bu vəsaitlər müxtəlif Avropalı məmur və deputatlara da yönəlib. Bu məsələ Danimarkada çox ciddi qalmaqala gətirdi. Hətta baş nazir belə bununla bağlı çıxış etməli oldu.

Bu təhqiqat bir çox hissədən ibarətdir. Təhqiqatın aparılmasında Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP), The Guardian, Le Monde, Новая газета və digər KİV-lər iştirak etmişdi. Hər birisi bununla bağlı bir material dərc edib. Burada biz bir neçə əsas materialı qeyd edək:

What is a Laundromat (Pulyuyan maşın nədir?) Material “Azərbaycan pulyuyan maşın”ı ümumi şəkildə təsvir edir. Bu mexanizm çərçivəsində istifadə olunan şirkətlər və s. barədə məlumat verilir;

The Influence Machine (Təsir mexanizmi). OCCRP yazır ki, 2012-2014-cü illərdə Azərbaycan hakimiyyəti ölkədə baş verən etirazlar fonunda Avropa Şurasında lobbiçilik fəaliyyəti üçün pulları məhz göstərilən mexanizmi istifadə edərək ödəyirdi. Məlumata görə, Azərbaycandan birbaşa ödənişləri AŞPA-nın üç üzvü, Almaniyadan deputat, sloven və italyan siyasətçiləri, YUNESKO rəhbərinin əri və s. şəxslər alırdılar. Misal üçün, bu sxem üzrə 2013-cü ilin oktyabrın 25-də keçmiş Almaniyalı deputat Eduard Lintnerə 61 min avroluq ödəniş edilmişdi. Yuxarıda qeyd edilmiş Luka Volonteyə də məhz bu sxem üzrə ödənişlər edilmişdi;

The Core Companies (Əsas şirkətlər). Material müvafiq mexanizmdə istifadə olunan 4 şirkət (Polux Management LP, Hilux Services LP, Metastar Invest LLP və LCM Alliance LLP) barədədir. Şirkətlərin ikisi Şotlandiyada qeydiyyatdan keçirilmişdi və sahibi qismində Bakıda sürücülük fəaliyyəti ilə məşğul olan M. Əhmədov göstərilmişdi;

Denmark’s biggest bank hosted Azerbaijani slush fund (Danimarkanın ən iri bankı Azərbaycan çirkli fonduna ev sahibliyi edir). Danske Bankın adı 2018-ci ildə artıq bir korrupsiya təhqiqatında çıxmışdı. Bu Rusiyadan Moldova vasitəsilə çıxarılmış 20 milyard dollar ilə bağlı idi. Eyni ildə də göründüyü kimi Azərbaycana aid mexanizmin üstü açıldı. Hər iki halda bu bankın Estoniya filialı istifadə olunurdu. Rəsmi statistikaya görə, əgər 2008-ci ildə Estoniyaya Azərbaycandan 37 milyon avro daxil olmuşdusa, müvafiq sxemin fəaliyyət göstərdiyi 2013-cü ildə bu rəqəm 1,71 milyard avro təşkil etmişdi;

The Origin of the Money (Pulların mənbəyi). Burada müvafiq pulların mənbəyi araşdırılır. Mexanizmdə kifayət qədər çox şirkət iştirak edib. Bəziləri hətta Rusiyada pulyuma əməliyyatlarında iştirak edən şirkətlərdir. Amma pul köçürmələri üzrə lider qismində Baktelekom MMC çıxış edir. Bu şirkət müvafiq dövlət şirkəti ilə eyni ada malik olmasına baxmayaraq, tamamilə başqa şirkətdir. Onun fəaliyyəti barədə heç bir məlumat tapmaq mümkün deyil. Şirkətin təsisçisi qismində Rasim Əsədov (Azərbaycanın ilk daxili işlər nazirinin oğlu) çıxış edir. Onun prezident ailəsi ilə əlaqələrinə dair materiallar hələ L. Volonte işi çərçivəsində dərc olunmuşdu;

Where did the money go? (Pullar hara gedir?) Materialda müvafiq sxemdən istifadə edən şəxslərin və şirkətlərin adları qeyd olunub: Əli Nağıyev (indiki Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri), Yaqub Eyyubov (baş nazirinin birinci müavini) və s.;

Azerbaijan’s High-Profile Beneficiaries (Azərbaycanın yüksəkvəzifəli faydalananları) Bu material əsasən Yaqub Eyyubov və onun oğulları ilə bağlıdır. Məlumata görə, bir oğlunun bir neçə vətəndaşlığı mövcuddur və eyni zamanda Macarıstan bankları vasitəsilə bir neçə milyonluq vəsaitləri ölkədən çıxarıblar (bəziləri bu vəsaitləri Macarıstanın baş naziri V. Orbanın Bakıya səfərləri ilə bağlayırlar). Eyni zamanda qısa olaraq prezidentin mətbuat katibi A. Qasımov, keçmiş nəqliyyat naziri Z. Məmmədov, akademik S. Zeynalov və s. barədə də qeydlər var;

The Corruption Fighter’s Hidden Empire (Korrupsiya ilə mübarizə aparanın gizli imperiyası). Material o zaman Korrupsiya ilə mübarizə komissiyasına rəhbərlik edən Əli Nağıyevə həsr olunub. Burada onun sahib olduğu şirkətlər, müvafiq şirkətlərin əməliyyatları təsvir edilib. Həmçinin qohumları vasitəsilə Çexiyada və digər ölkələrdə həyata keçirtdiyi əməliyyatlar da qeyd olunub;

AvroMed May Have Received Millions Through Laundromat (Avromed pulyuyan maşın vasitəsilə milyonlar əldə edib). Azərbaycanda əczaçılıq bazarında ən iri iştirakçılardan biri olan AvroMed şirkəti laundromat vasitəsilə vəsait əldə edən şirkətlər sırasında ikinci yeri tutub. Şirkət bu sxem vasitəsilə 138 milyon dollar alıb. Düzdür, birbaşa olaraq şirkət ilə əlaqəni tam dəqiqləşdirmək mümkün olmayıb, amma dolayı məlumatlara əsasən bu əlaqə tam sezilir. Eyni zamanda şirkətin prezident ailəsi ilə əlaqələri də təsvir edilir.

Bombardye (2017)

Azərbaycan Dəmir Yolları QSC bir çox infrastruktur layihələrini reallaşdıran şirkətdir. Müvafiq layihələri reallaşdırmaq üçün isə o, beynəlxalq maliyyə institutlarına müraciət edir və müvafiq kreditlərin hesabına yeni lokomotivlər əldə olunur, dəmir yolu bərpa olunur və s. 2017-ci ildə belə kreditlərdən biri dünya mediasının diqqət mərkəzinə düşdü. Hətta müvafiq məsələ ilə bağlı İsveçdə cinayət işi də başlanılmışdı. İsveç hüquq-mühafizə orqanlarını Dünya Bankının Azərbaycanda həyata keçirtdiyi “Dəmir yol ticarəti və nəqliyyatın dəstəyi” adlı layihə çərçivəsində korrupsiyanın olub-olmaması maraqlandırdı.

2013-cü ilin iyulunda Bakı-Böyük Kəsik dəmir yolu koridorunun yenidən qurulması ilə bağlı tenderdə bir neçə şirkətdən ibarət konsorsium (Rusiya RJD və İsveç Bombardye şirkətlərinin ortaq müəssisəsi olan Bombardye Transportation Ltd, Bombardye Transportation Sweden AB və Trans-Signal-Rabita LLC) qalib gəldi. Yalnız bu müqavilənin həcmi 266.7 milyon manat təşkil edib. Hesabata görə isə, Konsorsium, ümumi olaraq, 268.6 milyon ABŞ dolları və 44.6 milyon manat (ümumi olaraq indiki məzənnə ilə 524 milyon manat) həcmində 78 ay ərzində müxtəlif işlər yerinə yetirməli idi. Adı çəkilən tender çərçivəsində konsorsium dəmir yollarında köhnəlmiş siqnal avadanlığını dəyişdirməli idi. Tenderdə iştirak etmək üçün İsveç, Rusiya, İtaliya, Çexiya, Türkiyə və hətta Koreya Xalq Demokratik Respublikasının şirkətləri müraciət etmişdi. Ən azı 4 təklif konsorsiumun təklifindən ucuz idi, amma rəsmən “şərtlərə cavab vermədiyinə görə” digər təkliflər rədd edilmişdi. Panama sənədlərindən məlum oldu ki, tenderin şərtləri məhz sözügedən konsorsium iştirakçılarının təklifinə uyğun qurulmuşdu və məlum oldu ki, avadanlığın qiyməti isə 5 dəfə artırılmışdı. Maraqlıdır ki, bu konsorsium bir neçə belə tipli tenderlərdə qalib gəlib (Rusiya, Monqolustan və s.), amma yalnız Azərbaycan ilə bağlı korrupsiya işi qaldırılıb. Mətbuata sızan məlumatlara görə, müvafiq iş zamanı adı hallanan məmurlara Ziya Məmmədov və Arif Əsgərov qeyd olunurdu.

Zamirə Hacıyeva (2018)

2018-ci ilin fevralından başlayaraq Böyük Britaniyada izahedilməmiş sərvət sərəncamı (ing. Unexplained wealth order) adlı qaydalar qüvvəyə mindi. Bu qaydalara görə, 50 min funt sterlinqdən artıq sərvətə malik olan şəxslərə dair şübhələr yarandıqda, müvafiq sərvətin mənbəyini izah etməlidirlər. Əks halda müvafiq sərvət konfiskasiyaya məruz qalacaq. Müvafiq qaydalar Böyük Britaniyanın Milli Cinayət Agentliyinin məhkəmədə qələbəsindən sonra tətbiq olunmağa başladı və 2017-ci ilin müvafiq qanununa (Criminal Finances Act) əsaslanır.

Müvafiq qaydaların ilk qurbanı Azərbaycan vətəndaşı Zamirə Hacıyeva oldu. Məlum oldu ki, o, Londonda 11,5 milyon funt sterlinqə ev alıb. Prosesin başlanması vaxtı ev artıq 15 milyon funt sterlinq qiymətləndirilirdi.  İngiltərədə media ictimaiyyətin belə bir işin bütün faktlarını bilməli olduğunu tələb etdikdən sonra Zamirə Hacıyeva anonimliyinin qorunması barədə tələbini məhkəmədə uduzub.

Zamirə Haciyeva Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri olan Cahangir Hacıyevin həyat yoldaşıdır. C. Hacıyev 2016-cı ildə böyük dələduzluq və yeyintinin bir hissəsi olmaqda ittiham edilərək 15 il müddətinə həbs edilib. Yoldaşının gəlirləri barədə heç bir məlumat yoxdur, amma on il ərzində Londonun məşhur dükanı Harrodsda 16 milyon funt sterlinq (35.85 milyon AZN) xərcləyib. Bundan başqa o, Mill Ride Golf adlı klubu almaq üçün 10 milyon funt sterlinq xərcləyib. Ümumiyyətlə, yerli Daxili İşlər Nazirliyi xanım Hacıyevaya Britaniyada varlı sahibkarlar üçün nəzərdə tutulmuş viza ilə yaşamaq izni verib. Lakin Milli Cinayət Agentliyi məhkəməyə deyib ki, cənab Hacıyev 1993-2015-ci illər ərzində dövlət rəsmisi olub və buna görə də sərvət təhqiqatçılarının ortaya çıxardığı var-dövlətə sahib olmaq üçün imkanı olmamalı idi.

Hətta bu məqamda Azərbaycan hökuməti də ekstradisiya müraciəti ilə çıxış etdi. Amma London məhkəməsi Azərbaycan tərəfinin iddiası ilə razılaşmadı. Buna baxmayaraq, Z. Haciyeva sərvətinin mənbəyini izah edə bilmədi və buna görə 1,6 milyon funt sterlinq dəyərində olan zinət əşyaları konfiskasiya olundu. Hər bir halda indi Z. Hacıyeva öz əmlakını izah etməlidir.

AŞPA (2018)

2018-ci ilin iyulunda Avropa Şurası Parlament Assambleyasının reqlament və qaydalar üzrə Komitəsi elan edib ki, təşkilatın 13 üzvü korrupsiya ittihamlarına görə işdən kənarlaşdırılıb. Məlum olub ki, bu insanlar Azərbaycandan rüşvət və hədiyyələr alıblar. Hələ eyni ilin aprelin 15-də AŞPA korrupsiya ittihamlarına dair xüsusi hesabat dərc edib. Hesabatda qeyd olunurdu ki, AŞPA-nın bir neçə indiki və keçmiş üzvü Azərbaycana münasibətdə etika qaydalarını pozub (AŞPA-nın keçmiş prezidenti Pedro Aqramuntun və digər şəxslərin adları da qeyd olunur). Eyni zamanda hesabatda Azərbaycan nümayəndə heyətinin üzvləri S. Seyidov, E. Süleymanov, M. Məmmədovun adları da hallanıb. 

Otis liftləri (2018)

Azərbaycan hökuməti 2012-ci ildə Bakıda köhnə liftlərin dəyişdirilməsinə dair qərar vermişdi. Bununla bağlı 2013-cü ilin aprelində sərəncam imzalanmışdı və icra hakimiyyətlərinə 7 milyon manat ayrılmışdı. Lift təsərrüfatının yenilənməsinə ayrılan vəsait, əlbəttə, bununla bitməmiş, dövlət büdcəsindən ayrı-ayrı maddələr üzrə də xərclər olmuşdu. Və mətbuata sızan məlumata görə, o zaman 2012 və 2014-cü illərdə ABŞ şirkəti olan Otis yerli tenderlərdə qalib gəlməkdən ötrü məmurlara qeyri-qanuni ödənişlər edirmiş.

ABŞ-ın qiymətli kağızlar və birjalar üzrə komissiyasının (SEC) məlumatına görə, Azərbaycanda Otis şirkəti ödənişləri Liftremont qurumunun rəsmi şəxslərinə göndərib. Birinci dəfə müvafiq sxemdən 2012-ci ilin martında istifadə olunub. Bu sövdələşmənin həcmi 1.8 milyon dollar olub və məbləğin 44%-nin Liftremontun vəzifəli şəxslərinə ötürülməsi üçün iki subpodratçı şirkətin bank hesablarından istifadə edilib. Məlumatda deyilir ki, həmin subpodratçıların hesablarına 790 min dollar köçürülüb.

2013-cü ilin fevralından 2014-cü ilin dekabrına qədər Otis Bakı Lift Təmir İstehsalat Birliyindən əlavə müqavilə almağa çalışıb. Nəticədə Otis Rusiya (Otis Russia) şirkəti Liftremontla 9 müqavilə imzalayıb. Müqavilələr İstehsalat Birliyinin “yüksək vəzifəli şəxsinin” göstərişi ilə dörd ayrı vasitəçi şirkət üzərindən bağlanıb. Otis Rusiya liftləri həmin vasitəçilərə hər dəfə eyni qiymətə satıb. Vasitəçilər də sövdələşməyə əsasən, liftləri xeyli şişirdilmiş qiymətə Bakı Lift Təmir İstehsalat Birliyinə satıblar. Arada olan fərq birliyin rəhbərliyinin hesablarına keçirilib. Qiymətlər arasında fərq 11,8 milyon dollar olub. Bu pulların müəyyən hissəsi rəsmi şəxslər üçün nəzərdə tutulub. 

Eldar Mahmudov (2019)

2019-cu ilin noyabrında Kayman Milli Bankının məlumat bazasının haker hücumuna məruz qalması nəticəsində keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun ailəsinin Men adasında dəyəri təxminən 100 milyon avro olan biznes-əmlak imperiyası yaratdığı ortaya çıxıb. Bu barədə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP), Finance UncoveredTransparency International təşkilatlarının birlikdə keçirtdiyi təhqiqatda deyilir. Mahmudovların vəkilləri bu var-dövləti əcdadları olan Aslan Aşurov ilə bağlayırlar. 

1,2 milyon avroluq saat (2019)

2019-cu il iyunun 26-da Diario de Ibiza adlı portal İbiza adasında baş vermiş oğurluq hadisəsi barədə kiçik xəbər yazmışdı. Sahil kənarında gəzən iki gənc şəxsin birindən oğru onun saatını çıxartdı. Özü-özlüyündə bu artıq 5-ci belə tipli oğurluq hadisəsi idi. Sadəcə bu dəfə 1,15 milyon avroluq saat oğurlanmışdı. Növbəti gün sosial şəbəkələrdə artıq müvafiq protokolun şəkili yayılmağa başladı. Protokolda qeyd olunmuşdu ki, saatı oğurlanan şəxsin adı Rəşad Abdullayevdir. Eyni gündə təhqiqatçılar onun SOCAR prezidenti Rövnəq Abdullayevin oğlu olduğunu müəyyən etdilər. Eyni zamanda nəzərə almaq lazımdır ki, maraqlar toqquşmasına baxmayaraq, Rəşad Abdullayev SOCAR ilə bağlı bir çox bizneslərdə iştirak edir. 

Azərbaycan laundromatı (2020)

Britaniya məhkəməsi Evening Standard qəzetinə Azərbaycandan olan, amma adları çəkilməyən ər-arvad tərəfindən ölkəyə Azərbaycan pulyuyan maşın sxemi çərçivəsində gətirilmiş 14 milyon funt sterlinqə (17 milyon dollar) dair məhkəmə sənədləri ilə tanış olmağa imkan yaradıb. Müvafiq vəsaitlərin “beynəlxalq korrupsiyadan gəlməsinə və Beliz, Marşal və Seyşel adaları da daxil silsilə ofşor şirkətlər vasitəsilə yuyulmasına” dair iddialar mövcuddur. Hakim bildirib ki, “bu pulların ‘Azərbaycan pulyuyan maşın’ kimi tanınan sxemdən keçdiyini göstərən əlamətlər mövcuddur”. Eyni zamanda qeyd olunur ki, bu cütlükdən biri “Azərbaycanın yüksəkvəzifəli hökumət rəsmisinə” bağlıdır.

Almaniya bundestaqı (2021)

AŞPA təhqiqatının və eyni zamanda bir çox sənədlərin dərc olunmasının nəticəsi olaraq müxtəlif ölkələrdə cinayət işləri açılmışdı. Almaniya da istisna deyildi. Beynəlxalq Şəffaflıq təşkilatının yerli bölməsi müvafiq müraciətlər ilə bir neçə dəfə müraciət edib və 2019-2021-ci illərdə bir neçə deputatın toxunulmazlıq hüququ ləğv olunmuşdu. Onlardan biri Aksel Fişerdir. 2021-ci ildə Almaniya Bundestaqı onun toxunulmazlıq hüququnun ləğvi barədə qərar verib. Prokurorlar onu Azərbaycandan ödənişlərin alınmasında ittiham edirlər. Onların fikrincə ödəniş müqabilində Fişer Azərbaycanın maraqlarını müdafiə edirdi.

Akkord (2021)

2021-ci ilin aprelində Akkord tikinti şirkətinin keçmiş sahibi İlqar Hacıyev xristianlığa keçid ilə bağlı bir Yutub kanalına müsahibə verib. Müsahibəsində bildirib ki, Azərbaycanda onu “həbs, ölüm və başqa hədələrlə təhdid edib, şirkətin əvvəlcə 51%-ni, sonra isə tamını İlham Əliyev ailəsinin xeyrinə əlindən alıblar”. Eyni zamanda əlavə edib ki, şirkət yoxlaması zamanı prokurorluq tərəfindən 100 milyon dollarlıq əskik müəyyən olunmuşdu. Hacıyev cavabında deyib ki, “o pullar Bəylər Əyyubovun vasitəsilə prezident ailəsinə çatdırılıb”.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.