fbpx

iqtisadiyyat

iqtisadiyyat

Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olmalıdırmı?

Read this article on other language
Download article
image_pdf
image_pdf

Ümumdünya Ticarət Təşkilatı (ÜTT) Tariflər və Ticarət Baş Sazişindən sonra bir neçə hədəfə çatmaq üçün yaradıldı. Bu hədəflərdən biri qlobal ticarət qaydaları sistemi yaratmaq idi. Bu gün ÜTT-nin 164 üzvü var və dünya miqyasında yalnız 14 ölkə bu qurumda nə üzv, nə də müşahidəçidir. Azərbaycanın qonşularının çoxu təşkilata üzvdür. Lakin İran, İraq, Suriya və Türkmənistan isə hələ də Azərbaycan kimi üzv olmaq barədə danışıqlar aparır.

Bu məqalənin məqsədi ÜTT-yə üzvlüyün Azərbaycanın iqtisadi strategiyasına potensial təsirini araşdırmaqdır. Mövcud elmi ədəbiyyatda bəzi tədqiqatlar təbii ehtiyatlarla zəngin ölkələrə ÜTT-yə üzvlükdən əvvəl regional inteqrasiya və iqtisadi şaxələndirilməyə üstünlük vermələrini tövsiyə edir (Carrère et al. 2012). Lakin mən iddia edəcəyəm ki, ÜTT-yə üzv olmaq Azərbaycanın Çinin bir kəmər, bir yol (BRI) təşəbbüsünün üstünlüklərini maksimum dərəcədə istifadə etməsi və Çinə ixracatını artırması üçün vacibdir. Çin ÜTT-yə üzv olmayan ölkələrdən idxal olunan mallara qarşı ayrı-seçkilik edir. ÜTT-nin digər üzvlərindən fərqli olaraq, Çin təşkilata üzv olmayan ölkələrə güzəştli ticarət (Most-Favored Nation [ən çox üstünlük verilən ölkə] – MFN) tarif dərəcəsini avtomatik olaraq tətbiq etmir. Bu məqalədəki xərc-fayda təhlili göstərir ki, Çinə ixrac edilə biləcək potensialı ən yüksək olan Azərbaycan malları əlverişsiz vəziyyətdədir, çünki onlara ÜTT-nin bütün üzvlərinə tətbiq olunan MFN tarifi deyil, Ümumi Ticarət Tarif (GTR) dərəcəsi tətbiq olunur (China Customs 2021; International Trade Center, 2021). Orta Dəhlizə inteqrasiya edib onun üstünlüklərindən tam faydalanmaq üçün Azərbaycan ÜTT-yə üzv olmalıdır.

Məqalənin strukturu aşağıdakı kimidir. Əvvəlcə təbii ehtiyatlarla zəngin ölkələr üçün ÜTT-yə qoşulmağın üstünlükləri ilə bağlı elmi ədəbiyyat nəzərdən keçirilir. Sonra ticarət siyasətinin qismən tarazlıq metodologiyasından istifadə edərək Çinə ixracatında Azərbaycanın üzləşdiyi tarif maneələri araşdırılır. Sonda isə məqalənin nəticələri təqdim edilir və onların iqtisadi əhəmiyyəti müzakirə edilir.

Ədəbiyyat icmalı

Azərbaycanın ÜTT-yə üzv olması 1990-cı illərin sonlarından bəri müzakirə olunur. Ancaq bu proses, görünür, yaxın gələcəkdə də yekunlaşmayacaq. Hökumətin çoxsaylı iqtisadi islahatlar və strateji yol xəritələrini həyata keçirməsinə baxmayaraq, Azərbaycanın ikitərəfli və çoxtərəfli bazara giriş danışıqlarına sadiqliyi aydın deyil.

ÜTT-yə üzvlüyün təbii ehtiyatlarla zəngin Azərbaycanın iqtisadiyyatına təsirlərini qiymətləndirməzdən əvvəl, təbii ehtiyatların xüsusiyyətlərini nəzərdən keçirmək vacibdir. Təbii ehtiyatların qeyri-bərabər paylanması və qıtlığı ölkələrin onlardan iqtisadi inkişaf üçün istifadə etmələrini mümkün edir. Lakin bu vəziyyət korrupsiya, az şaxələnmiş və qeyri-stabil iqtisadiyyata səbəb ola bilər. Bu ehtiyatlardan ölkənin davamlı iqtisadi inkişafı naminə istifadə etmək üçün bu mənbələrin olduğu ölkələrdə hökumətlərin ardıcıl və uzaqgörən strategiyası olmalıdır (Venables 2016).

Təbii ehtiyatların ölkəni lənətlədiyini iddia edənlərə görə (Auty 1993), təbii ehtiyatlarla zəngin ölkələrin iqtisadi böyüməsi adətən daha az olur. Bu baxımdan Azərbaycan fərqlidir, çünki onun iqtisadiyyatı 2000-ci illərin ortalarından 2010-cu illərin ortalarına qədər ən çox böyüyən iqtisadiyyatlardan biri idi. Azərbaycanın Ümumi Daxili Məhsulunun (ÜDM) 90%-nin neft-qaz  sektoru ilə əlaqəli olmasına və ölkənin təbii ehtiyatların ixracından yüksək dərəcədə asılılığına baxmayaraq, Azərbaycan bu resusrslardan iqtisadi şaxələndirilmə üçün istifadə edə bilərdi. Resursla zəngin olmağın avtomatik olaraq zəif iqtisadi inkişafa gətirib çıxarmadığı görünsə də, neft və qazın kəskin qiymət dəyişməsi və sonrakı qeyri-müəyyənliyi kimi səbəblərə görə neft-qaz sektorundan asılı iqtisadiyyatların qeyri-sabit olduğu məlumdur (Frankel 2010).

Qrafik 1 Azərbaycanın ÜDM artımının, xüsusən də 2004-2014-cü illərdəki iqtisadi yüksəliş dövründə neft-qaz sektorunun inkişafı ilə necə əlaqəli olduğunu nümayiş etdirir. Resursla zəngin ölkələrdə yüksək əmtəə qiymətlərinin yaratdığı iqtisadi böyümənin xarici şoklardan daha çox təsirlənməsi gözləniləndir. 2015-ci ildən sonrakı dövr aşağı neft qiymətlərinin Azərbaycan iqtisadiyyatına ciddi təsir göstərdiyi dövrdür.

Qrafik 1: Azərbaycanda İqtisadi Böyümə və İnkişaf Dövrləri, 1991–2018.

Mənbə: Azərbaycan Dövlət Statistika Komitəsi və BMT Statistika şöbəsinin məlumatları əsasında Asiya İnkişaf Bankı əməkdaşlarının hesablamaları, 2019.

Təbii ehtiyatların bazar dəyərinin qeyri-müəyyənliyi Azərbaycanın ÜTT-yə üzvlüyünün gətirəcəyi faydalara təsir edə bilər. Həqiqətən də ÜTT-yə üzvlüyün beynəlxalq ticarətə və ölkələrin iqtisadi böyüməsinə təsirləri müzakirə mövzusudur. Tədqiq edilən ölkənin spesifik xüsusiyyətlərindən (inkişaf etmiş və ya inkişaf etməkdə olan, yeni sənaye ölkəsi olan və ya olmayan, təbii ehtiyatlarla az təmin olunmuş və ya zəngin olan) asılı olaraq bu təsirlər də dəyişir.

Əlavə olaraq, ÜTT üzvü olmaq istəyən ölkənin bazarlıq gücü üzərində gecikmənin [təşkilata gec üzv olmaq] təsiri var (Pelc 2011). Bu təsirlər iki səviyyədə mövcuddur. Birincisi, qoşulma şərtləri ilə əlaqədardır. Erkən üzv olan ölkələrdən fərqli olaraq, gecikmiş ölkələrin bazarlıq gücü daha aşağıdır və şərtlər başlanğıcda yeni üzv üçün əlverişsiz ola bilər. İkincisi, beynəlxalq keyfiyyət standartlarına riayət etmə xərcləri ilə əlaqədardır. Bahalı təşəbbüs olmasına baxmayaraq, uzunmüddətli perspektivdə bu standartlar sözügedən ölkənin ixracatının daha rəqabətli olmasına və beləliklə iqtisadi inkişafı sürətləndirməsinə imkan yaradır.

ÜTT-yə üzvlük iqtisadiyyatın az şaxələndirilməsi və rəqabət qabiliyyətliliyinin zəifliyinə görə təbii ehtiyatlarla zəngin və zəif iqtisadi böyümənin qeydə alındığı yeni sənaye ölkələrinin ümumi ixracatına təsir etmədi. Nəticədə, zəif iqtisadi böyümənin qeydə alındığı təbii ehtiyatlarla zəngin ölkələr beynəlxalq deyil, regional əməkdaşlığa yönəlirlər. Bu fakt onu göstərir ki, Azərbaycan kimi təbii ehtiyatlarla zəngin yeni sənaye ölkələri üçün ÜTT-yə qoşulmazdan əvvəl regional inteqrasiya (təbii ehtiyatlar sektorları istisna olmaqla) artan məhsuldarlıq və rəqabət qabiliyyətliliyinə doğru ilk addım kimi çıxış edə bilər.

Lakin regional inteqrasiyanın özünəməxsus problemləri var. Məsələn, təbii ehtiyatlarla az təmin olunmuş ölkələrlə imzalanan güzəştli ticarət müqavilələri ticarət yayındırmasına səbəb olur; Azərbaycan isə təbii ehtyatlarla zəngin idxalçı kimi ölkənin qeyri-neft-qaz ixracatında artım müşahidə olunarkən belə bir vəziyyətdə daha çox əziyyət çəkər (Venables, 2011). Bu cür güzəştli ticarət müqavilələrilə tətbiq olunan tarif üstünlükləri təbii ehtiyatlarla zəngin ölkə bazarına imtiyazlı giriş, təbii ehtiyatların daha aşağı nisbətdə idxalı sayəsində isə təbii ehtiyatlarla az təmin olunmuş ölkə üçün müəyyən ticarət imkanları yaradar. Təbii ehtiyatlarla zəngin ölkə dünyaya öz təbii ehtiyatlarını ixrac edir, eyni zamanda isə təbii ehtiyatlarla az təmin olunmuş ölkədən bəzi malları idxal edir (Carrère et al. 2012). Bu, təbii ehtiyatlarla zəngin ölkələrin nəyə görə bir qayda olaraq regional inteqrasiya planlarını başlatmadığını izah edir. İdxal edən təbii ehtiyatlarla zəngin ölkənin tarif gəliri aşağı tarif dərəcələri səbəbiylə azalır, təbii ehtiyatlarla az təmin olunmuş ölkədə isə ticarət profisiti artır.

İqtisadi və siyasi xəbərlərin sadə təhlili göstərir ki, Azərbaycan hökuməti həm quruda, həm də dənizdə həyata keçirilən infrastruktur layihələri kimi müxtəlif beynəlxalq layihələrdə iştirak edərək regional inteqrasiyaya maraq göstərir. Lakin bu layihələrdən ən çox qazanan neft və qaz sənayesidir.

Ticarətin liberallaşdırılması istiqamətində bəzi səylər göstərilib. Son illər ərzində bir neçə azad ticarət sazişi (ATS) imzalandı. Son on ildə Azərbaycan Türkiyənin BRI-dəki Orta Dəhlizi sayəsində Şərq ilə Qərb arasında keçid nöqtəsi olmağa maraq göstərdi. Lakin, 2021-ci il tarixinə qədər Azərbaycan cəmi on ölkə ilə ATS imzalayıb. Regional və beynəlxalq inteqrasiyanın zəifliyi, həmçinin ÜTT üzvlüyünə marağın olmaması Azərbaycan üçün əsas problem ola bilər.

Bəzi araşdırmalar göstərir ki, Çinin ÜTT-yə üzvlüyü təbii ehtiyatlarla zəngin ölkələrdə üzv olduqdan sonrakı böyüməyə müsbət təsir edir, çünki ÜTT-nin bazara giriş sazişləri onları neft və qaz təminatçıları kimi daha cəlbedici edib (Andersen et al. 2013). ÜTT-yə qoşulmaq və beləliklə MFN dərəcəsindən faydalanmaq Azərbaycanın Çin ilə ticarət əlaqələrinə kömək edə bilər. 

Metodologiya

Azərbaycanın Çinə ixracatında tarif endiriminin ticarət yaratma təsiri qismən tarazlıq modelindən istifadə edilərək qiymətləndiriləcək. Bu araşdırmada aparılan hesablamalar Ümumdünya İnteqrasiya olunmuş Ticarət Həlləri (WITS) SMART modelinin (Jammes, Olarreaga 2005) nümunəsinə və idxal olunan ölkədən asılı olmayaraq bütün idxalların bir-birinin qeyri-mükəmməl əvəzedici olduğunu güman edən Arminqton fərziyyəsinə əsaslanır. Nəticədə, idxal tələbi elastikliyi SMART model standart əvəzetmə elastikliyinə görə 1,51 səviyyəsində sabitlənib.

Ümumi ticarət yaratma düsturu aşağıdakı kimidir:

Burada ??? bir (k)  əmtəəsi üçün yaradılan ümumi ticarət, ∆? Azərbaycandan idxal olunan (k)  əmtəəsinin tarix dərəcəsindəki dəyişiklik, ?? (k) əmtəəsinin idxan tələbi elastikliyi, ? isə (k) əmtəəsinin ticari dəyəridir.

Bu araşdırmaya WITS tarif bazası tətbiq edilə bilməz, çünki bu baza Çinin ÜTT-yə üzv olmayan ölkələrə MFN dərəcəsini tətbiq etməməsini nəzərə almır. Tarif məlumatları Çin Xalq Respublikası Baş Gömrük İdarəsinin təsdiqlədiyi E-To-China veb saytından götürülüb. Ticarət məlumatları isə Harmonized System (HS və ya XIF-MN) 12 rəqəmli səviyyədə mövcuddur. Lakin orta tarif dərəcələri yalnız 2 və 4 rəqəmli səviyyədə hesablanıb. Nəhayət, hesablamalarda istifadə olunan 2020-ci ilə aid ikitərəfli ticarət məlumatları BMT-nin COMTRADE məlumat bazasından götürülüb.

Qeyd etmək lazımdır ki, qismən tarazlıq modeli öz düsturunda mövcud ticarət dəyərindən istifadə edir. Əksər əmtəə kateqoriyası üçün ticarət yaratma təsiri yoxdur, çünki Azərbaycan 2020-ci ildə cəmi 99 olan 2 rəqəmli səviyyəli məhsul kateqoriyasından yalnız 37-ni ixrac edib. 2020-ci ildə ticarət dəyəri olmayan əmtəələr üçün model 0 göstərir.

Bu metodologiyanın digər bir məhdudiyyəti ticarətə təsir göstərə biləcək başqa amillərin əhatə olunmamasıdır. Qismən tarazlıq analizi tariflərin liberallaşdırılmasının ticarətə təsirinin qiymətləndirilməsində yalnız ilk addımdır. Belə bir analizin əsas üstünlüyü ticarət siyasəti dəyişikliklərinə cavab verməkdə sadəliyidir, beləliklə, bu analiz siyasətçilər üçün birinci dərəcəli cavablarda qiymətli bir vasitədir (Laborde Tokgoz 2013).

Nəticələr

1) Ticarət yaratma effekti

Cədvəl 1 ən yüksək ticarət yaratma təsiri olan 2 rəqəmli səviyyəli əmtəə kateqoriyalarını göstərir. Gözlənildiyi kimi, ÜTT-yə daxil olan tarif endirimindən ən çox faydalanacaq məhsul kateqoriyası mineral yanacaqlar, plastiklər, üzvi və ya qeyri-üzvi kimyəvi maddələrdir. Lakin, ön sıralarda digər kateqoriyalar da görünür: heyvan mənşəli məhsullar (4-cü), kitrələr, qatranlar və digər bitki şirələri (6-cı), içkilər (9-cu), həmçinin emal edilmiş tərəvəz və meyvə məhsulları (11-ci).

Cədvəd 1: Ən yüksək ticarət yaratma təsiri olan ən yaxşı 15 XIF-MN-2 səviyyəli məhsullar (ABŞ dolları ilə)

 

Sıra XIF-MN -2 Kategoriya GTR nisbəti MFN nisbəti Ticarət effekti
1 27 Mineral yanacaq, neft 24% 6% $ 332,447,652.88
2 39 Plastik 45% 7% $   28,501,468.60
3 28 Qeyri-üzvi kimya məhsulları 30% 5% $         866,887.93
4 05 Heyvan mənşəli məhsullar 50% 11% $         811,529.24
5 29 Üzvi kimyəvi birləşmələr 29% 5% $         656,941.63
6 13 Kitrələr, qatranlar və digər bitki şirələri 61% 10% $         433,277.75
7 38 Digər kimyəvi məhsullar 32% 7% $         356,612.98
8 90 Optik, fotoqrafik, ölçü, nəzarət alətləri  və aparatları 55% 7% $         296,696.40
9 22 Spirtli və Spirtsiz İçkilər və Sirkə 136% 15% $         263,401.68
10 84 Nüvə reaktorları, qazanlar, avadanlıq və mexaniki qurğular 28% 7% $         180,332.81
11 20 Tərəvəzlərin, meyvələrin, qoz-fındığın və ya bitkilərin emal məhsulları 80% 6% $         109,605.74
12 40 Kauçuk, rezin və onlardan hazırlanan məmulatlar 36% 11% $           81,936.54
13 18 Kakao və ondan hazırlanan  məhsullar 46% 12% $           76,490.62
14 85 Elektrik maşınları və avadanlıqları, onların hissələri 36% 6% $           54,262.09
15 12 Yağlı toxum və bar; digər toxumlar 42% 8% $           40,339.50

 

Ən çox faydanı 335 milyon dollarlıq ticarətin 92%-dən çoxunu təşkil edən mineral yanacaq və neft kateqoriyası əldə edir. Növbəti yerdə təxmini 7% ilə plastik gəlir. Simulyasiya edilmiş tarif liberallaşmasından sonra ticarətini artıran 37 kateqoriyanın yerdə qalan hissəsi yalnız ümumi ticarətin cəmi 1.12%-ni təşkil edir. 4 rəqəmli səviyyədə də təhlil göstərir ki, ən çox ticarəti təbii resurslarla əlaqəli məhsullar yaradır. Cədvəl 2 ən yüksək ticarət yaratma təsiri olan ən yaxşı 15 XIF-MN-4 səviyyəli məhsulları göstərir.

Cədvəl 2: Ən yüksək ticarət yaratma təsiri olan ən yaxşı 15 XIF-MN-4 səviyyəli məhsullar (ABŞ dolları ilə)

Sıra XIF-MN-4 Kateqoriya GTR nisbəti MFN nisbəti Ticarət effekti
1 3901 Etilen polimerləri 45% 7%  $     23,073,858.07
2 2713 Neft koksu, neft bitumu 45% 7%  $        1,253,188.49
3 3902 Propilen və ya digər olefinlərin polimerləri 19% 4%  $        1,161,648.38
4 2801 Flüor, xlor, brom, yod 43% 5%  $           677,409.25
5 0504 Heyvanların bağırsaqları, kisələri və mədələri 89% 19%  $           549,101.90
6 2710 Bitumlu minerallardan alınmış neft və neft məhsulları 19% 7%  $           417,153.35
7 1302 Bitki şirələri və ekstraktları, pektin maddələri 70% 9%  $           325,575.21
8 2204 Təbii üzüm şərabları, spirt qatılmışlar daxil olmaqla 162% 20%  $             88,188.54
9 2009 Meyvə şirələri (üzüm şirəsi daxil olmaqla) və tərəvəz şirələri 90% 24%  $             86,075.34
10 2206 Digər qıcqırdılmış içkilər 180% 40%  $             65,256.06
11 1806 Şokolad 50% 9%  $             61,771.59
12 1211 Əsasən ətriyyat, əczaçılıq və ya insektisid, funqisid və ya analoji məqsədlər üçün istifadə edilən bitkilər və onların hissələri 33% 9%  $             38,899.41
13 2207 Denaturasiya olunmamış etil spirti 87% 33%  $             33,912.42
14 4011 Təzə pnevmatik rezin şinlər 51% 18%  $             26,741.85
15 3506 Hazır yapışqanlar və digər hazır adqezivlər 90% 9%  $             17,962.33

 

İlk 4 əmtəə mineral yanacaq və yağ, plastik və qeyri-üzvi kimyəvi maddələr olsa da, siyahının qalan hissəsi daha çeşidlidir. 5-ci sıradakı məhsul ticarətdən təxmini 549,000 ABŞ dolları, 7-ci sıradakı məhsul isə təqribən 408,000 ABŞ dolları əldə edə bilər. Emal edilmiş qida məhsullarının da potensialı var: təzə üzüm şərabları, meyvə-tərəvəz şirələri və mayalanmış içkilər ticarətdə 100,000 ABŞ dollarından çox gəlir əldə edə bilər. 

Qrafik 2: Ən yüksək ticarət yaratma təsiri olan ən yaxşı XIF-MN-4 səviyyəli məhsullar, sənaye sahələri üzrə (ABŞ dolları ilə)

Qrafik 2-dən göründüyü kimi qida sənayesi birinci yerdədir. Bitki və heyvan məhsulları ilə birlikdə bu sahələr ticarət təsiri ən yüksək səviyyəli məhsulların əksəriyyətini təmsil edir. 

Qrafik 3: Azərbaycanın Çinə ixracatında dəyişiklik (ABŞ dolları ilə)

Bu məqalədə aparılan təhlillər göstərir ki, Azərbaycan ÜTT-nin tam üzvü olsa və MFN dərəcəsini tətbiq etməkdən faydalansa, Çinə ümumi ixrac dəyəri təxminən 80% arta bilər (bax Qrafik 3). Qrafik 4 ixrac dəyərindəki eyni dəyişikliyi neft və minerallar istisna olmaqla 2 rəqəmli səviyyəli məhsul kateqoriyası üçün göstərir. 

Qrafik 4: Azərbaycanın Çinə ixracatında dəyişiklik, neft-qaz və minerallar istisna olmaqla (ABŞ dolları ilə)

2) Azərbaycanın Çinə ixracatı üçün yüksək marjlar və / və ya rəqabətqabiliyyətlilik

Ticarət yaratma təsirindən əlavə Azərbaycanın ixracat malları marj və ya rəqabət qabiliyyəti qazana bilər. MFN dərəcələri 2020-ci ildə ixracata tətbiq olunsaydı, Çin ümumilikdə 87,154,180 dollar vergi gəliri itirmiş olardı. Eyni zamanda, azərbaycanlı ixracatçılar ödədikləri 113 milyon dollar əvəzinə 26 milyon dollarlıq tarif ödəyərdilər.

Hazırda ixrac olunan XIF-MN-2 səviyyəli 37 kateqoriyanın hamısı tarif endirimindən faydalanacaq. Cədvəl 3-də 2020-ci ildə ixracatı 10,000 ABŞ dollarından çox olan XIF-MN-2 kateqoriyalarından hansıların aşağı tariflərdən ən çox faydalanacağı göstərilir:

Cədvəl 3: ən yüksək tarif bariyer dəyişikliyi olan ən yaxşı 15 XIF-MN-2 səviyyəli məhsullar

 

Sıra XIF Kateqoriya Tarif baryer dəyişikliyi
1 63 Digər hazır toxuculuq məmulatları -94%
2 62 Paltar  və  Geyim  ləvazimatları -94%
3 20 Tərəvəzlərin, meyvələrin, qoz-fındığın  və ya bitkilərin  digər hissələrinin emal məhsulları -93%
4 22 Spirtli və spirtsiz içkilər və sirkə -89%
5 21 Müxtəlif  ərzaq  məhsulları -88%
6 90 Optik, fotoqrafik, ölçü, nəzarət alətləri  və aparatları -87%
7 39 Plastik -84%
8 13 Təmizlənməmiş təbii şellak -84%
9 28 Qeyri-üzvi kimya məhsulları -83%
10 85 Elektrik maşınları və avadanlıqları -83%
11 35 Zülal tərkibli maddələr -83%
12 29 Üzvi kimyəvi birləşmələr -83%
13 15 Heyvan və ya bitki mənşəli piylər və yağlar -82%
14 12 Yağlı toxum və bar; digər toxumlar -81%
15 9 Qəhvə, çay, mate və ya Paraqvay çayı və ədviyyatlar -79%

 

 

Müzakirə

Bu tədqiqatda iddia etdim ki, Azərbaycan ÜTT-yə üzv olmalıdır. Göründüyü kimi, elmi ədəbiyyat iddia edir ki, yeni sənaye ölkəsi olmayan və iqtisadiyyatını şaxələndirməyən təbii ehtiyatlarla zəngin ölkələr ÜTT vasitəsilə beynəlxalq inteqrasiya ilə müqayisədə regional inteqrasiyadan daha çox mənfəət əldə edəcəklər, lakin heç bir araşdırma konkret olaraq Azərbaycan nümunəsinə fokuslanmayıb.

BRI ilə əlaqəli layihələrə mövcud olan əhəmiyyətli investisiyaları nəzərə alsaq, Azərbaycan ÜTT-yə üzvlük məsələsindəki mövqeyinə yenidən baxmalıdır. Üzvlük Azərbaycana Şərq və Qərb bazarları arasında adicə bir tranzit nöqtəsi olmaqdan daha çox şey vəd edir. Hazırda Azərbaycan ixracatı Çin bazarında kifayət qədər rəqabətə davamlı deyil. Səbəblərdən biri də bu ixracatda tətbiq olunan yüksək tarif dərəcəsidir. Bundan əlavə, demək olar ki, Azərbaycanın Orta Dəhlizdəki bütün Qərbi və Orta Asiya tərəfdaşları ÜTT üzvləridir və Çinə ixracatlarında MFN nisbətlərindən faydalanırlar. Bu iki fakt Azərbaycan ixracatını Çin bazarına daha az cəlbedici edir.

Bu yazıda aparılmış qismən tarazlıq təhlili ÜTT-yə üzvlüyün Azərbaycanın Çinə ixracatının rəqabət qabiliyyətinə böyük kömək edə biləcəyini göstərir. İxracata görə ödənilən tariflərdə 75% azalma sayəsində mineral yanacaqlar (XIF-MN-2 27) Çin bazarında daha rəqabətli olacaq. Çinin Cənub-Şərqi Asiya ilə mürəkkəb əlaqəsini nəzərə alsaq, Azərbaycan Çinin idxal tələbində ticarət dəyişkənliyindən istifadə edə və Çin üçün yeni enerji idxal mənbəyi qismində çıxış edə bilər.

Digər sektorlarda Azərbaycanın ixracatçı şirkətləri də tarif endirimindən faydalana bilərlər. Bunun bir yolu eyni satış qiymətini qoruyaraq və daha az tarif ödəməklə marjalarını artırmaqdır. Başqa bir yol isə satış qiymətlərini azaltmaq və Çin bazarında daha çox rəqabətədavamlı olmaqdır. Beynəlxalq standartlara əməl etməklə keyfiyyətli rəqabət qabiliyyətindəki qazanclar uzunmüddətli perspektivdə Azərbaycanın yaxınlıqdakı ölkələrə də ixracını asanlaşdıracaqdır.

Rəqabət qabiliyyətindəki artım ÜDM artımına səbəb olur (Mobariz 2015). Çində Azərbaycan məhsullarına tələbat artdıqca buna cavab olaraq istehsalat da bu məhsulların tədarükünü artırır. Siyasətçilər artan beynəlxalq ticarətə şərtlərin əlverişli olması üçün istehsala dəstək verməlidirlər. Bundan əlavə, ticarətin liberallaşdırılmasının iqtisadi şaxələndirilməyə və ixracın daha yüksək səviyyəsinə təsir göstərdiyi sübut edilmişdir. Daha əvvəl də müzakirə edildiyi kimi, Azərbaycan iqtisadiyyatı enerji və kənd təsərrüfatı sektorlarından olduqca asılıdır. Tarif liberallaşması yeni məhsulların ixracını stimullaşdıraraq ölkənin ixrac səbətinə müsbət təsir göstərə bilər.

Nəhayət, ÜTT-nin Ticarət Mübahisələrinin Həlli mexanizminə giriş ədalətsiz ticarət tətbiqetmə qorxularının qarşısını alacaq. Mübahisələrin həlli sistemi azərbaycanlı ixracatçıları iqtisadi baxımdan əsası olmayan tarif maneələrindən qorumaq üçün imkanlar yarada bilər. Hazırda ticarət mübahisələrini həll etməyin yeganə yolu diplomatiyadır. Məsələn, belə hallardan biri Rusiya Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin (Rosselxoznadzor) Azərbaycandan müəyyən tərəvəz məhsullarının idxalına qadağa tətbiq etməsi idi. Azərbaycan ÜTT üzvü olsaydı, ölkə kənd təsərrüfatı sektorunu ona qarşı tətbiq edilən ədalətsiz ticarət maneələrindən qorumaq üçün adı çəkilən həll mexanizmindən istifadə edə bilərdi.[1]

Tariflərin təsirini qlobal səviyyədə qiymətləndirmək üçün bu metodologiyanı ÜTT-yə üzv olan bütün ölkələrə tətbiq etmək tələb olunmur, çünki əksər ölkələr MFN dərəcəsini üzv olmayan ölkələrə də tətbiq edirlər. Azərbaycanın ÜTT-yə qoşulacağı təqdirdə ölkənin iqtisadi inkişafına təsir göstərə biləcək digər amillərin (məsələn, beynəlxalq təhlükəsizlik və keyfiyyət tələblərinə riayət edilməsi) təsirlərini öyrənmək üçün əlavə tədqiqatlar aparılmalıdır.

Ədəbiyyat siyahısı:

Andersen, T. B., Barslund, M., Hansen, C. W., Harr, T., Jensen, P. S. (2013) How much did China’s WTO accession increase economic growth in resource-rich countries? CEPS Working Document No. 384.

Asian Development Bank. (2019) Azerbaijan: Country Partnership Strategy (2019-2023). Available online: https://www.adb.org/documents/azerbaijan-country-partnership-strategy-2019-2023

Carrère, C., Gourdon, J., Olarreaga, M. (2012) Regional Integration and Natural Resources: Who Benefits? Evidence from MENA. International Economics, Vol. 131, pp.23-41.

United Nations (2021) COMTRADE Database. Available online: https://comtrade.un.org/data/

E-to-China.com. (2021) HS Code & Tariff. Available online: https://hs.e-to-china.com

Frankel, J. (2010) The Natural Resource Curse: A Survey. CID Working Paper Series 2010.195, Harvard University, Cambridge, MA, May 2010. Available online: https://dash.harvard.edu/handle/1/37366213

Jammes, O., Olarreaga, M. (2005) Explaining SMART and GSIM. The World Bank.

Laborde, D., Tokgoz, S. (2013) Trade Policy Partial Equilibrium Model in Excel: Documentation. AGRODEP.

Mobariz, A. S. (2015) Afghanistan’s WTO Accession: Costs, Benefits and Post-accession Challenges. UNESCAP, Asia-Pacific Research and Training Network on Trade. Working Paper No. 147.

Nottage, H. (2009) Developing countries in the WTO Dispute Settlement System. University of Oxford, Global Economic Governance Programme (GEG), Working Paper, No. 2009/4.

Pelc, K. (2011) Why Do Some Countries Get Better WTO Accession Terms Than Others? International Organization, Vol. 65, Issue 4, pp. 639-672.

Reich, A. (2017) The effectiveness of the WTO dispute settlement system: A statistical analysis. EUI, Working Paper No. 11.

Soukar, L. (2019) Natural Resources Endowment and WTO. Journal of Economic Integration, Vol. 34, Issue 3, pp. 546-589.

Venables, A. (2011). Economic integration in remote resource-rich regions in costs and benefits of economic integration in Asia, R. Barro and J. W. Lee (eds) Oxford University Press.

Venables, A. (2016) Using Natural Resources for Development: Why Has It Proven So Difficult? The Journal of Economic Perspectives, Vol. 30, Issue 1, pp. 161-183.

WIPO. (2019) Free Trade Agreement between Azerbaijan, Armenia, Belarus, Georgia, Moldova, Kazakhstan, the Russian Federation, Ukraine, Uzbekistan, Tajikistan, and the Kyrgyz Republic. Available online: https://www.wipo.int/edocs/lexdocs/treaties/en/ftacis/trt_ftacis.pdf

WTO. (2021) About the WTO.  What is the WTO? Available online: https://www.wto.org/english/thewto_e/thewto_e.htm

[1] Qeyd etmək lazımdır ki, bu mübahisələrin həlli sisteminin effektivliyi də mübahisəlidir (Reich 2017). Ölkə şirkətlərinin ehtiyac olduqda beynəlxalq səviyyədə öz maraqlarını müdafiə edə bilməsi üçün potensialın artırılması tələb olunur. Həm tarif, həm də qeyri-tarif maneələrini müəyyənləşdirə və qiymətləndirə bilməmək (məsələn, idxal miqdarı məhdudiyyətləri, daha yüksək keyfiyyət standartları) ÜTT hüquqşünasları ilə anlaşmazlığa səbəb ola bilər (Nottage 2009).

 

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.