fbpx

Cəmiyyət

Cəmiyyət

Azərbaycan-Ermənistan arasında sülh niyə baş tutmur? Viken Çeteryana cavab

Read this article on other language
Download article
image_pdf
image_pdf

Ermənistan-Azərbaycan münasibətlərində zorakılıq və siyasət məqaləsində Viken Çeteryan yazır ki, Azərbaycan 2020-ci il müharibəsində qalib gəlsə də, “qəzəbli və qisasçı olmaqda davam edir.” Bunun əksinə, Ermənistan müharibədə məğlub olsa da, “demokratikləşmə və korrupsiyaya qarşı mübarizənin aparılması istiqamətində daxili islahatlarını davam etdirərək müharibə səhifəsini bağlamağı hədəf seçib” və qisasçılığa can atmır. Çeteryan hesab edir ki, müharibədən sonra ölkələrin münasibətlərin tənzimlənməsində fərqli yol tutmaları onların daxili siyasi vəziyyətləri ilə əlaqəlidir. O iddia edir ki,  Azərbaycan və Ermənistan arasında fikir ayrılıqlarının zorakılıqdan danışıqlar və qarşılıqlı kompromislər yolu ilə həll olunduğu diplomatiyaya keçid edə bilməməsinin səbəbi iki ölkənin sərhəddindəki hər hansı praktik problemlə bağlı yox, məhz ölkələrin daxili siyasətlərindəki bu paradoksal vəziyyətlə əlaqəlidir. Ümumi götürsək, Çeteryan Azərbaycanla Ermənistan konfliktinə ənənəvi “öz müqəddəratını təyinetmə və ərazi bütövlüyü” ilə “avtoritarizm və demokratiya” paradiqmasından yanaşır.

Mən bu yazıda Çeteryanın Dağlıq Qarabağ (DQ) münaqişəsinə öz müqəddəratını təyinetmə və ərazi bütövlüyü, avtoritarizm və demokratiya paradiqmasından yanaşmasını təftiş edəcəyəm. Həmçinin, Azərbaycan və Ermənistan tərəfinin konfliktə baxışlarını və bu konflikti beynəlxalq ictimaiyyətə təqdimatlarını, habelə Ermənistanın bu konfliktdə real iştirakı və mövqeyini, baş verənlərin beynəlxalq hüquqi qiymətləndirməsini təhlil edəcəyəm. Əsas iddiam budur ki, fikir ayrılıqlarının zorakılıqdan danışıqlar və qarşılıqlı kompromislər yolu ilə həll olunduğu diplomatiyaya keçid edə bilməməsinin səbəbi Azərbaycanın daxili siyasi vəziyyəti yox, Ermənistanın hələ də davam edən işğal siyasətidir.

Münaqişənin başlanğıcından bu yana Ermənistan münaqişədə rəsmi diskursunu ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə prinsiplərinin qarşı-qarşıya qoyulması üzərində qurub. Ermənistanın rəsmi mövqeyi ondan ibarətdir ki, DQ münaqişəsi Azərbaycan hökuməti ilə öz müqəddəratını təyin etmək istəyən DQ erməniləri arasındadır. Ermənistan sadəcə DQ-nin təhlükəsizlik qarantorudur. Azərbaycan isə münaqişəni öz ərazilərinin Ermənistan tərəfindən işğalı adlandırır və münaqişənin iki ölkə arasında baş verdiyini deyir. Bəs Ermənistanın bu illər ərzində DQ münaqişəsindəki rolu və siyasəti nədən ibarətdir? Digər tərəfdən, beynəlxalq hüquqa əsasən DQ münaqişəsini necə qiymətləndirmək olar? Münaqişənin Çeteryanın iddia etdiyi kimi avtoritarizm və demokratiya ilə əlaqəli olub-olmadığını müəyyənləşdirmək üçün Ermənistanın DQ münaqişəsindəki roluna və bu rolun beynəlxalq hüquqi qiymətləndirməsinin necə olduğuna baxmaq lazımdır.

Beynəlxalq presedent hüququna görə, silahlı münaqişələr iki cür olur: (1) iki və daha artıq ölkə arasında baş verən beynəlxalq silahlı münaqişələr və (2) mərkəzi hökumətlə yerli silahlı qruplaşmalar arasında baş verən qeyri-beynəlxalq silahlı münaqişələr. Lakin bəzi hallarda qeyri-beynəlxalq silahlı münaqişə kimi görünən və ya tədqim edilən münaqişələr əslində beynəlxalq hüquqa görə beynəlxalq münaqişə kimi təsnif edilir. Məsələn, 1991-ci ildən Keçmiş Yuqoslaviya ərazisində beynəlxalq humanitar hüququn ciddi pozulmasına görə məsuliyyət daşıyan şəxslərin təqibi üzrə Beynəlxalq Tribunalın Bosniya müharibəsi ilə bağlı qərarı belə bir hala nümunədir. Bosniya-Hersoqovinya ərazisində yaşayan serblərin elan etdiyi seperatçı Srpska respublikasının Bosniya mərkəzi hökuməti ilə 1992-1995-ci illər arasındakı ərazi mübahisəsi silahlı münaqişəyə çevrildi. Amma Beynəlxalq Tribunal 1995-ci il qərarında bildirir ki, münaqişə dövründə Yuqoslaviyanın Srpska Respublikasının yerli serb silahlı qüvvələri üzərində tam nəzarəti olub, buna görə də yerli serblərlə Bosniya mərkəzi hökuməti arasındakı münaqişə beynəlxalq münaqişə kimi təsnif edilməlidir. Bu cür münaqişələrdə üçüncü tərəf yerli silahlı qüvvələr üzərində tam nəzarətə malikdirsə, o zaman yerli silahlı dəstələr və ya başqa cür qruplaşmalar həmin üçüncü tərəfin proksi qüvvəsi rolunda çıxış edir. Bir ölkənin başqa ölkə ərazisindəki hansısa silahlı birləşmə üzərində tam nəzarətini göstərən faktlar isə bu cür təsbit edilir: (1) bir ölkə başqa ölkə ərazisindəki hərbi birləşməni maliyyələşdirir, (2) təlim keçir, (3) texnika ilə təmin edir, (4) onların fəaliyyətini təşkil edir, (5) planlaşdırır və (6) koordinasiya edirsə, onda həmin ölkə o qüvvə üzərində tam nəzarətdədir. Yuqoslaviyanın Bosniya serblərinin silahlı qüvvələri üzərində tam nəzarəti onu münaqişənin iştirakçısı edir və buna görə də Bosniya ərazisindəki münaqişə yerli serblərlə mərkəzi Bosniya hökuməti arasında qeyri-beynəlxalq deyil, Yuqoslaviyanın iştirakçısı olduğu beynəlxalq, yəni iki dövlət arasında baş verən silahlı münaqişə hesab olunur.

Bənzər təsbiti biz Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Çıraqov və başqaları Ermənistana qarşı qərarında DQ münaqişəsi ilə bağlı qeyd etdiyi məqamlarda da görürük. Həmin işdə də qeyd olunur ki, “Ermənistan Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən ‘DQR [Dağlıq Qarabağ Respublikası]’ üzərində əhəmiyyətli və həlledici təsirə malik olub, iki qurum faktiki olaraq bütün mühüm məsələlərdə yüksək dərəcədə inteqrasiya edib və bu vəziyyət bu günə qədər davam edir. Başqa sözlə, ‘DQR’ və onun administrasiyası Ermənistanın onlara göstərdiyi hərbi, siyasi, maliyyə və digər yardımlar sayəsində ayaqda qalır, nəticə olaraq Ermənistan DQ və ətraf ərazilər üzərində effektiv nəzarəti həyata keçirir.” Dolayısı ilə AİHM-in qərarı göstərir ki, Bosniya serbləri ilə olduğu kimi, DQ konflikti də yerli qüvvə ilə mərkəzi hökumət arasında baş verən qeyri-beynəlxalq deyil, əslində üçüncü tərəfin iştirakçısı olduğu beynəlxalq münaqişədir.

Yuxarıda göstərilən beynəlxalq hüquqi praktikaya görə, Ermənistan özünün iddia etdiyi kimi, münaqişədə DQ-nin təhlükəsizlik qarantoru rolunu oynamayıb. Əksinə, proksi qüvvəsi – Dağlıq Qarabağdakı silahlı qüvvələri vasitəsilə Azərbaycan ərazilərini işğal edib. Beynəlxalq humanitar hüquq adətlərinə görə, işğalın baş tutduğunu göstərən üç faktor var:

1) Ərazidə xarici qüvvələrin razılaşdırılmamış mövcudluğu;
2) Xarici qüvvənin ərazidəki yerli hakimiyyət kimi öz hakimiyyətini qura bilmək bacarığı;
3) Yerli əsas hökumətin əraziyə nəzarətini bərpa edə bilməməsi.

Azərbaycan İkinci Qarabağ müharibəsində işğal edilmiş ərazilərinin böyük hissəsini geri alsa da, hazırda rus sülhməramlı qüvvələrinin qaldığı ərazidə öz hakimiyyətini bərpa edə bilməyib. Çünki ərazi hazırda özünü Arsax [DQR] müdafiə ordusu adlandıran yerli erməni silahlı qüvvələrinin nəzarəti altındadır. Bu o deməkdir ki, Ermənistanın Azərbaycan ərazilərinin işğalı davam edir. Ermənistanın baş naziri Nikol Paşinyanın “bu gün DQ-də Ermənistan hərbçiləri yoxdur” iddiası da Ermənistanı hazırkı işğala görə məsuliyyətdən azad etmir. Çünki DQR və onun müdafiə ordusu əslində müvafiq olaraq Ermənistan və onun ordusunun proksi qurumudur və onlar biryerdə Qarabağı işğal ediblər.

Ermənistan, görünür, DQR-in özünün proksisi olduğunu gizlədə belə bilmir. Məsələn, 2020-ci ildə müharibə dövründə DQR müdafiə naziri olmuş Cəlal Harutunyan və onun yerinə təyin edilmiş Mikael Arzumyanın Ermənistanda cinayət məsuliyyətinə cəlb edilməsi buna ən bariz nümunədir. DQR-in yüksək rütbəli hərbçilərinə Ermənistan Respublikası İstintaq Komitəsinin cinayət işi açmasının və onların Ermənistanda həbs edilməsinin hüquqi və məntiqi açıqlaması nədir? Ermənistan İstintaq Komitəsi Harutunyanı Füzuli istiqamətində uğursuz əks-hücum əməliyyatına görə “hərbi xidmətə səhlənkar münasibət”də ittiham edir. DQR-in naziri DQR ərazisini müdafiə edərkən səhlankarlıq edibsə, onu Ermənistan Respublikası niyə həbs edir?  Bu gün Ermənistanın həm siyasi rəhbərliyi, həm də ekspertlər və akademiklər tərəfindən qəfildən səsləndirilməyə başlanan DQ məsələsi ərazi məsələsi deyil iddiasının əksinə, Ermənistan üçün DQ həmişə özünə birləşdirmək istədiyi ərazi olub.

Ermənistanın bu illərdə münaqişədəki real siyasəti də əslində münaqişənin Ermənistan tərəfindən ərazi məsələsi olduğunu göstərir. Ermənistanın DQ-yə iddiasının ilkin işartıları Qorbaçovun yardımçısı Aqambekyanın Fransa qəzetinə DQ-nin Ermənistana birləşdirilməsi ilə bağlı açıqlaması ilə siyasi gündəmə gəlmişdi. Bundan başqa, Yerevanda Qarabağla bağlı başlayan hərəkat miatsum şüarı ilə, yəni DQ-nin Ermənistana birləşdirilməsini nəzərdə tutan şüarla başlamışdı. 1989-ci il dekabrın 1-də hətta Ermənistan parlamenti birtərəfli qaydada Azərbaycan ərazisi olan DQ-ni öz tərkibinə qatmaq haqqında qərar çıxarıb. Ən son isə Ermənistanın hazırkı baş naziri Paşinyan özü hakimiyyətə gələnə qədər DQ-ni məhz müstəqil ərazi kimi görüb və bir gün Ermənistana birləşdiriləcəyini açıq ifadə edib. 2016-cı ildə Ermənistan parlamentinin müxalif deputatı olduğu vaxt o, DQR-ın özünün Azərbaycana qarşı ərazi iddiasının olduğunu bildirib və “Azərbaycana veriləcək heç bir ərazi yoxdur” deyib. Baş nazir postunda olanda isə o, DQ-yə səfəri çərçivəsindəki kütlə ilə görüşündə “Arsax Ermənistandır və nöqtə” demiş və kütləni “Miatsum” şüarlarını səsləndirdirməyə çağırmışdı.  Ümumiyyətlə, Ermənistan İkinci Qarabağ müharibəsində dörd minə yaxın itki verib və elə bu faktın özü də Ermənistanın hansı səviyyədə konfliktin tərəfi olduğunu göstərir. Yəni Çeteryanın iddia etdiyi kimi, DQ öz müqəddəratını təyin etmək istəyən ərazi yox, Ermənistanın Azərbaycandan qoparmağa çalışdığı ərazi olub və bu, indi də belədir.

Ümumiyyətlə, Ermənistan tərəfi bu münaqişədə ərazi faktorunu həmişə görməzdən gəlir. Ermənistan hazırda Azərbaycanın ərazisində silahlı qüvvələr saxlayır və rəsmi olaraq iki ölkə arasındakı beynəlxalq sərhədləri tanımaqdan imtina etməklə 1000 km-lik Azərbaycan-Ermənistan sərhəddini faktiki olaraq təmas xəttinə çevirib. Çeteryan isə baş verənləri sərhəddəki hansısa “praktik problem” sayır. Müəllifin “Ermənistan müharibə səhifəsini bağlayıb və sülh istəyir” iddiasının əksinə olaraq, gerçəklikdə və beynəlxalq hüquqa görə, hazırda Ermənistan öz maliyyə və hərbi dəstəyi ilə ayaqda saxladığı proksi qüvvələri vasitəsilə Azərbaycan ərazisini – sülhməramlıların yerləşdiyi Qarabağ ərazisini işğalda saxlamağa davam edir. Zorakı işğal faktı ilə razılaşmayan Azərbaycanın reaksiyası da öz növbəsində münasibətləri daha da zorakılaşdırır. Yəni Azərbaycanla Ermənistan arasında “fikir ayrılıqlarının zorakılıqdan dialoqa keçidinin baş tutmamasının” səbəbi, əslində, Çeteryanın iddia etdiyi kimi, Azərbaycanın daxili siyasəti ilə əlaqəli deyil, əksinə, Ermənistanın bu zorakılığı, yəni işğalı daha kiçik miqyasda hələ də davam etdirmək istəyidir.

Həmçinin, Çeteryan Ermənistanın demokratikləşməsi və müharibə səhifəsini bağlamaq istədiyini deyəndə də əslində nəyi nəzərdə tutduğu aydın deyil. Ermənistanda Beynəlxalq Respublika İnstitutunun 2021-ci ildə apardığı sorğunun nəticələri göstərir ki, Ermənistan əhalisi Azərbaycanın ərazi bütövlüyünü tanımır. Sorğuda iştirak edən ermənilərin 35%-i DQ-nin müstəqilliyini istəyib. Respondentlərin 34%-i DQ-nin Ermənistana birləşdirilməsini, 16% isə DQ-yə Ermənistan tərkibində muxtariyyət verilməsini istəyir. Yəni respondentlərin yarısı DQ-nin hansısa formada Ermənistana birləşdirilməsini istəyir. Sorğuda iştirak edənlərin 11%-i isə DQ-nı Rusiya tərkibində görmək istəyir. Dolayısı ilə Ermənistan əhalisinin 96%-i Azərbaycanın beynəlxalq ərazisi olan DQ-nın ondan qoparılmasını, yəni işğalın reallaşdırılmasını istəyir.

Hətta Çeteryanın özü də bu məqalədə Ermənistanın işğalını danmaqdan ötəri çox maraqlı ifadə tərzi seçib və nə qədər gizlətməyə çalışsa da, əslində, həm də işğalı ifşa edib. Çeteryan yazır ki, “Azərbaycan rəhbərliyinin Dağlıq Qarabağı Azərbaycanın tərkibində saxlamaq üçün davamlı cəhdləri 34 ildir davam edən zorakılığa səbəb olub.” Sual olunur, bəs DQ-ni 34 ildir Azərbaycanın tərkibindən zorakı şəkildə qoparmaq istəyən kimdir və bu qoparmaq cəhdi beynəlxalq hüquqda nə adlanır? Əslində, düzgün cümlə belə olmalı idi: Ermənistanın DQ-ni Azərbaycanın tərkibindən qoparmaq istəyi 34 ildir davam edən zorakılığa səbəb olub.

Ermənistanın münaqişə ilə bağlı irəli sürdüyü əsas arqument öz müqəddəratını təyinetmə arqumentidir, bununla Ermənistan faktiki işğalı Qarabağ ermənilərinin haqları adı altında pərdələməyə çalışır. Hüquqşünas alim Heiko Krügerin beynəlxalq hüquq və Sovet qanunları kontekstində DQ-nin Azərbaycandan ayrılmasını təhlil edən araşdırması DQ-nin bu qanunların heç birinə görə ayrılmaq hüququnun olmadığını və ayrılmanın qeyri-qanuni baş tutduğunu ,eləcə də  beynəlxalq hüquqa görə, ərazinin Ermənistan tərəfindən işğal edildiyini göstərir.

Ermənistan son 30 il ərzində və İkinci Qarabağ müharibəsindən sonrakı danışıqlarda məqsədi yalnız işğalı hansısa formada saxlamağa və əsaslandırmağa hesablanıb, ondan çəkilməyə yox. Beynəlxalq hüquq işğalın mövcudluğunu göstərən elementləri sadaladığı kimi, işğalın sonlanmasını da göstərən faktorları təsbit edir: ərazidə xarici silahlı qüvvələr olmamalıdır və ərazidə ölkənin suverenliyi bərpa olunmalıdır. Azərbaycanın Ermənistana təqdim etdiyi beş bəndlik sülh müqaviləsi də məhz bu cür həlli nəzərdə tutur. Yəni Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olması üçün Ermənistan işğalı sonlandırmalı, silahlı qüvvələri Azərbaycan ərazisindən çıxarmalı və Azərbaycanın beynəlxalq tanınmış ərazilərini tanımalıdır.

Ermənistanın hazırda Azərbaycanın təklif etdiyi beş bəndlik sülh təklifinə razılaşmadığına, yəni işğaldan – zorakılıqdan əl çəkmədiyinə görə iki ölkə arasında münaqişə zorakı formada davam edir.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.