fbpx

iqtisadiyyat

iqtisadiyyat

Azərbaycan iqtisadiyyatı on yeddi ildə nə qədər və necə böyüyüb?

Read this article on other language
Download article
image_pdf
image_pdf

Ötən il Azərbaycanda il ərzində yeni yaradılan dəyərin – Ümumi Daxili Məhsulun (ÜDM) – miqdarı milli valyutada 100 milyard manat həddini keçdi və 133.8 milyard manat oldu. Bu, ölkəyə böyük neft gəlirlərinin daxil olmağa başladığı 2005-ci ilin ÜDM-i ilə müqayisədə nominal ifadədə (yəni cari qiymətlərlə) təqribən 10.7 dəfə çoxdur. Statistik məlumatlara əsasən, 2005-ci illə müqayisədə 2022-ci ildə ölkə əhalisinin nominal gəlirləri 8.5 dəfə, xərcləri isə təqribən 10 dəfə artmışdır.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) və Maliyyə Nazirliyinin məlumatları əsasında hesablamalarımıza görə, 2006-2022-ci illər dövründə Dövlət Neft Fonduna 199.8 milyard manat (yaxud 182.0 milyard ABŞ dolları), dövlət büdcəsinə isə Hasilatın Pay Bölgüsü Sazişləri (HPBS) çərçivəsində podratçı şirkətlərin mənfəət vergisi kimi 22.2 milyard manat vəsait daxil olub. Yəni bu dövrdə neft-qaz sektorundan birbaşa daxilolmaların yalnız bu iki mənbəyi üzrə hökumət 222.0 milyard manatlıq neft-qaz gəlirləri əldə edib. Bunun təqribən 170.0 milyard manatı (yəni 76.6 faizi) 2006-2022-ci illər dövründə müxtəlif istiqamətlərdə xərclənmişdir.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatları əsasında apardığımız hesablamalara görə, 2006-2022-ci illər dövründə ölkə iqtisadiyyatında əsas kapitala ümumilikdə 242.2 milyard manat investisiya yatırılıb: bunun 86.2 milyard manatı (yaxud 35.6%-i) neft sektoruna, 156.0 milyard manatı (64.4%-i) isə qeyri-neft sektoruna yönəldilmişdir. Hesablamalara əsasən, bu dövrdə əsas kapitala yönəldilmiş bütün investisiyanın 119.5 milyard manatı (49.3%-i) məhz dövlət investisiyalarının payına düşür.

Bu qədər neft-qaz gəlirləri və kapital investisiyaları müqabilində  son 17 ildə ölkə iqtisadiyyatı real olaraq nə qədər böyüyüb? Bu suala cavab tapmaq üçün məqalədə Azərbaycan iqtisadiyyatında  nominal və real artımların necə fərqləndiyinə baxırıq.

Nominal və real artım

DSK-nın məlumatına əsasən, ölkəmizdə 2021-ci ildə yaradılan ÜDM-in miqdarı cari qiymətlərdə 93.2 milyard manat, 2022-ci ildə isə 133.8 milyard manat olub: hesabat ilində (2022-ci ildə) ölkədə yeni yaradılan dəyər cari qiymətlərdə əvvəlki – 2021-ci – ilin ÜDM-nin 143.6%-i qədər olub, yəni ÜDM nominal olaraq 43.6 faiz artıb ((133.8 – 93.2)/93.2 *100). DSK bildirir ki, 2022-ci ildə ÜDM-in real artım tempi cəmi 4.6 faiz olmuşdur. Beləliklə, ÜDM-in nominal və real artımları arasında ciddi bir fərq olduğunu görürük.

Qeyd etmək lazımdır ki, real artım il ərzində yaradılan yeni əlavə dəyərin (yəni ÜDM-in) fiziki həcminin dəyişikliyini əks etdirir: real artımın hesablanması zamanı hesabat ilinin ÜDM-ni formalaşdıran mal və xidmətlərin həmin ildəki cari qiymətləri yox, əvvəlki ilin müvafiq qiymətləri əsas götürülür. Belə hesablama nəticəsində ÜDM hesabat ili ərzində mal və xidmətlərdə baş vermiş ümumi qiymət artımının təsirindən təmizlənmiş olur. 2022-ci ildə real artımın 4.6 faiz elan edildiyini nəzərə alsaq (yəni 2022-ci ildə ölkədə yeni yaradılan dəyəri müvafiq mal və xidmətlərin 2021-ci ildəki qiymətləri əsasında hesablasaq), onda hesabat ilində ÜDM-in miqdarı 133.8 milyard manat yox, təqribən 97.5 milyard manat olardı. 2022-ci il ÜDM-nin bundan artıq olan hissəsi qiymət dəyişikliklərinin, başqa sözlə, inflyasiyanın təsiridir.

Qiymət amilinin ÜDM-in nominal miqdarına təsirini yeni əlavə dəyərin strukturu üzərindən daha aydın görmək olar. DSK-nın məlumatına əsasən, 2022-ci ilin ÜDM-nin 64.0 milyard manatı (47.8%-i) neft-qaz sektorunda, 69.8 milyard manatı (52.2%-i) isə qeyri-neft-qaz sektorunda yaradılmışdır. 2021-ci illə müqayisədə ötən il neft-qaz sektorunda yaradılan ÜDM-in nominal artım indeksi 178.9%, real artım indeksi isə 97.3% olmuşdur (DSK-nın məlumatına görə, 2021-ci illə müqayisədə 2022-ci ildə ölkədə neft hasilatı 5.5% azalmış, təbii qaz hasilatı isə 6.6% artmışdır).  Neft-qaz sektorunda formalaşan yeni əlavə dəyərin fiziki həcminin 2.7% azalmasına rəğmən, onun nominal dəyərinin 78.9% artması ötən il dünya neft-qaz bazarlarında kəskin qiymət artımları ilə bağlıdır. Nəticədə bu sektordakı ÜDM-in real və nominal dəyərləri arasında 83%-lik fərq yaranmışdır.

2022-ci ildə qeyri neft-qaz sektorunda formalaşan yeni əlavə dəyərin real artım tempi (fiziki həcminin artımı) 9.1%, nominal artım isə 21.6% olmuşdur. Gördüyümüz kimi, qeyri neft-qaz sektorunda da ÜDM-in real və nominal artımları arasında fərq var, lakin burada qiymət artımının təsiri neft-qaz sektoru ilə müqayisədə daha kiçikdir – təqribən 11%-dir. Azərbaycan iqtisadiyyatında uzun illərdir ÜDM-də neft-qaz sektorunun rolu böyük olduğundan dünya bazarlarında neft və qazın qiymətlərinin artması nominal ifadədə ÜDM-in dəyərini şişirdən başlıca amil kimi çıxış edir.

Yeri gəlmişkən, hesabat ilinin ÜDM-ini formalaşdıran mal və xidmətlərdə baş verən ümumi qiymət dəyişikliyini ifadə edən qiymət indeksi ÜDM deflyatoru adlanır. Hesabat ilinin ÜDM deflyatoru indeksi həmin ilinin nominal və real ÜDM-lərinin müqayisəsi əsasında hesablanır (ÜDM deflyatoru indeksi = Nominal ÜDM/real ÜDM *100). Azərbaycan Respublikası Mərkəzi Bankının DSK-ya istinadən verdiyi məlumatına əsasən, 2022-ci il üzrə ÜDM deflyatoru indeksi 137.3% olub. ÜDM deflyatoru indeksinin 100%-dən yuxarı (çox) olması hesabat ilində ölkədə ümumi qiymət artımını (yaxud inflyasiyanı), 100%-dən aşağı (az) olması isə ümumi qiymət azalmasını (yəni deflyasiyanı) göstərir.  Deməli, 2022-ci ildə ÜDM-i təşkil edən mal və xidmətlərin ümumi qiyməti 2021-ci illə müqayisədə 37.3% artmışdır. Gördüyümüz kimi, ÜDM-in nominal və real artımları arasındakı fərq məhz ümumi qiymət dəyişikliyini əks etdirən ÜDM deflyatoru qədərdir, yəni ÜDM-in nominal dəyəri qiymət dəyişikliklərinin təsirinə məruz qalır.

Aşağıdakı diaqramda (diaqram 1) 2005-2022-ci illər dövründə ÜDM-in cari ilin qiymətlərində (göy rəngdə sütunlar) və əvvəlki ilin qiymətlərində (qırmızı rəngdə sütunlar) dinamikası təsvir olunub. Diaqramdakı mavi rəngli əyri ÜDM deflyatoru indeksinin dəyişməsini göstərir (diaqramın sağ tərəfindəki faiz göstəricilərində ifadə olunur). Diaqramda hər bir il üzrə sütun cütlüyündə:

  1. Göy sütunların qırmızı sütunlardan kiçik olması (2009, 2014, 2015 və 2020-ci illər) həmin illərdə ümumi qiymətlərdəki azalmanı (deflyasiyanı) göstərir – bu illərdə ÜDM deflyatoru indeksi 100%-in altındadır;
  2. Bu sütunların təqribən bərabər olması (2013 və 2019-cu illər) ümumi qiymət sabitliyini göstərir – bu illərdə ÜDM deflyatru indeksi 100%-ə çox yaxındır;
  3. Göy sütunların qırmızı sütunlardan böyük olması (2005-2008, 2010-2012, 2016-2018 və 2020-2022-ci illər dövrləri) isə ümumi qiymət səviyyəsindəki artımları (inflyasiyanı) əks etdirir – bu illərdə ÜDM deflyatoru indeksi 100%-in üstündədir.

Diaqramdan görürük ki, 2005-2022-ci illər dövründə ÜDM deflyatoru indeksi əksər hallarda 100%-in çox üstündədir, hətta 2008 və 2021-ci illərdə 120%-dən, 2022-ci ildə isə 130%-dən yüksəkdir. Başqa sözlə, təhlil apardığımız dövrdə əksər illər yüksək ümumi qiymət artımları ilə müşayiət olunmuşdur.  Ümumi qiymət artımlarının yüksək olduğu illərdə nominal və real ÜDM məbləğləri arasındakı fərqlərin kəskinliyi də diaqramdan aydın müşahidə olunur.

Diaqram 1. 2005-2022-ci illər dövründə cari və əvvəlki ilin qiymətlərində ÜDM-in dinamikası (mln.manat), ÜDM deflyatoru və real artım indeksləri (faiz). (Mənbə: Diaqram DSK-nın məlumatları əsasında hazırlanıb).

Diaqramdakı qırmızı sütunlar əvvəlki ilin qiymətlərində ÜDM-in dinamikasını göstərir. Əvvəlki illə müqayisədə qırmızı sütunun böyüməsi (uzanması) real artımın, kiçilməsi (qısalması) isə real azalmanın baş verdiyini göstərir. Diaqramdan göründüyü kimi, qeyd olunan dövrdə əvvəlki ilin qiymətlərində hesablanan ÜDM-in dinamikası yüksələn trendə (diaqramda qırmızı rəngdə qırıq-qırıq xətt) malikdir: 2010, 2016 və 2020-ci illərdə baş verən azalmalara rəğmən, bütün digər illərdə ÜDM-də artım baş verib. Əvvəlki ilin qiymətlərində ÜDM-in miqdarı 2005-ci ildə 10.8 milyard manat, 2022-ci ildə isə 97.5 milyard manat olub: yəni 2005-2022-ci illər dövründə əvvəlki ilin qiymətlərində hesablanan ÜDM 9.0 dəfə artmışdır.

Əslində bu göstərici də qeyd olunan dövrdə ölkə iqtisadiyyatında baş verən real böyümə haqqında tam təsəvvür yarada bilmir. Çünki bu halda hər bir il üzrə yeni yaradılan dəyərin miqdarı yalnız həmin ildə (məhz əvvəlki illə müqayisədə) baş verən qiymət artımlarının təsirindən təmizlənir, daha əvvəlki illərdə baş verən qiymət artımlarının təsiri isə aradan qalxmır. Daha əvvəlki illərdəki qiymət artımlarının təsirindən təmizlənmiş böyüməni aşkar etmək üçün biz iki göstəricidən istifadə edə bilərik: 1) illər üzrə ÜDM-in real artım templəri  və 2) baza ilinin (məsələn, 2005, 2010 və ya 2015-ci illərin) qiymətlərində ÜDM-in miqdarı.

Əlavə dəyərin fiziki həcm indeksi

Diaqram 1-dəki narıncı rəngli əyri  ÜDM-in real artım indeksininin (faiz ifadəsində) illər üzrə dəyişməsini əks etdirir. Bu göstərici həm də əlavə dəyərin fiziki həcm indeksi adlanır və əvvəlki illə müqayisədə  iqtisadiyyatın real artım tempini göstərir. Diaqramdan aydın müşahidə olunur ki, təhlil olunan dövrdə bu göstərici azalan trendə (diaqramda tünd göy rəngli qırıq-qırıq xətt) malikdir. ÜDM-in artım tempinin illər üzrə dəyişməsinin iqtisadi məzmunu çox əhəmiyyətli olduğundan onu ayrıca diaqram kimi təqdim edək (diaqram 2).

Diaqram 2. 2005-2022-ci illər dövründə ÜDM-in artım templəri, əvvəlki ilə nisbətən, faizlə (Mənbə: DSK).

Diaqram 2-dən gördüyümüz kimi, Azərbaycanda ÜDM-in ən yüksək artım tempi 2006-cı ildə qeydə alınıb – 34.5%. Sonrakı illərdə artım tempi tədricən azalıb və 2011-ci ildə cəmi 0.1%-lik artım baş verib. 2011-ci ildən sonrakı dövrdə yalnız iki ildə – 2013 və 2021-ci illərdə – 5%-i ötən artımlar müşahidə olunub. 2016 və 2020-ci illərdə isə, uyğun olaraq, -3.1 və -4.2 faizlik azalmalar baş verib. Diaqramda olan trend xətti (qırmızı rəngli qırıq-qırıq xətt) isə artım templərinin azalma trendində olduğunu göstərir. Bu diaqramdan belə bir nəticəyə gələ bilərik ki, 2005-2010-cu illərdə Azərbaycan iqtisadiyyatında ciddi böyümə olmuş, 2010-cu ildən sonrakı dövrdə isə iqtisadi böyümənin miqyası kiçik olmuşdur.

Baza ilinin qiymətlərində hesablanan ÜDM

Son fikrin nə dərəcədə doğru nəticə olduğunu yoxlamaq üçün 2010-cu ilin qiymətlərində 2011-2022-ci illərin ÜDM-nin necə dəyişməsinə baxaq. Aşağıdakı diaqramda ölkənin 2010-2022-ci illərdəki ÜDM-i müvafiq illərin cari qiymətlərində, əvvəlki ilin qiymətlərində və 2010-cu ilin qiymətində müqayisəli şəkildə təqdim edilmişdir (diaqram 3).[1]

Diaqram 3. 2010-2022-ci illərdə ÜDM istehsalı miqdarı, cari qiymətlərdə, əvvəlki ilin qiymətlərində və 2010-cu ilin qiymətlərində, milyon manat (Mənbə: DSK).

Diaqram 3-dən görürük ki, 2022-ci ildə istehsal olunan ÜDM-in miqdarı cari qiymətlərlə 133.8 milyard, əvvəlki ilin qiymətlərində 97.5 milyard manat olduğu halda, 2010-cu ilin qiymətində onun miqdarı 50.97 milyard manat edir. Yuxarıda qeyd etmişdik ki, ÜDM əvvəlki ilin qiymətlərində hesablandıqda, yalnız son ildə baş vermiş ümumi qiymət artımının təsirləri aradan qaldırılmış olur. Amma 2022-ci ilin ÜDM-ni 2010-cu ilin qiymətlərində hesabladıqda, o, 2010-cu ildən sonrakı bütün illərdə baş verən qiymət artımlarının təsirlərindən təmizlənmiş olur. Beləliklə, ölkəmizin ÜDM-i 2010-cu illə müqayisədə 2022-ci ildə müvafiq illərin cari qiymətlərində təqribən 3.2 dəfə, əvvəlki ilin qiymətlərində 2.6 dəfə, 2010-cu ilin qiymətlərində isə cəmi 20.0% artmışdır. Deməli, Azərbaycan iqtisadiyyatı 2010-cu ildən sonra (2022-ci ilin sonunadək) cəmi 20.0 faiz böyümüşdür.

DSK 2005-ci ili baza ili kimi götürməklə, 2001-ci ildən başlayaraq bütün illərin ÜDM-ni rüblər üzrə 2005-ci ilin qiymətlərində hesablayıb açıqlayır. Həmin məlumatlar əsasında 2005-ci ilin qiymətlərində 2005-2022-ci illərin ÜDM-nin dinamikasını diaqram 3-də təqdim edirik.

Diaqram 4. 2005-2022-ci illərdə ÜDM istehsalı miqdarı, cari qiymətlərdə, əvvəlki ilin qiymətlərində və 2005-cu ilin qiymətlərində, milyon manat (Mənbə: DSK).

4-cü diaqramdan gördüyümüz kimi, 2022-ci ildə ölkədə istehsal edilən ÜDM-in miqdarı cari qiymətlərdə 133.8 milyard, əvvəlki ilin qiymətlərində 97.5 milyard, 2005-ci ilin qiymətlərində isə təqribən 31.7 milyard manat olmuşdur. Bu, o deməkdir ki, 2005-ci ildən sonrakı bütün illərdə baş vermiş ümumi qiymət artımlarının təsirindən təmizləndikdə və 2005-ci ilin qiymətlərində hesablandıqda, 2022-ci ildə Azərbaycan iqtisadiyyatı 2005-ci illə müqayisədə cəmi 2.53 dəfə böyümüşdür.

Bu diaqramın məlumatları habelə 2-ci diaqramdan çıxardığımız nəticəni təsdiqləyir: 2005-2010-cu illər dövründə Azərbaycan iqtisadiyyatı daha sürətlə artmış və 2.14 dəfə böyümüşdür. 2010-cu ildən sonrakı dövrdə isə iqtisadiyyatın böyümə templəri zəifləmişdir: 2010-2022-ci illər dövründə ümumi iqtisadi böyümə 18-20% aralığında olmuşdur.

Nəticə

Beləliklə, 2005-2022-ci illər dövründə Azərbaycanda ÜDM müvafiq illərin cari qiymətlərində 10.7 dəfə, əvvəlki ilin qiymətlərində 9.0 dəfə, 2005-ci ilin qiymətlərində isə cəmi 2.53 dəfə artmışdır. Qeyd olunan dövrdə baş vermiş ümumi qiymət artımlarının təsirindən təmizlənmiş iqtisadi böyümə 2.5 dəfədən bir qədər çox olmuşdur. Azərbaycan iqtisadiyyatında sürətli böyümə əsasən 2005-2010-cu illər dövründə baş vermişdir: bu dövrdə iqtisadiyyatımız 2 dəfə böyümüşdür. Sonrakı illərdə artım templəri kəskin azalmış və 2011-2022-ci illər dövründə cəmi 20 faizlik bir iqtisadi böyümə qeydə alınmışdır.

Qeyd:

[1] Qeyd etməliyik ki, DSK-nın məlumat bazasında 2010-cu ilin qiymətlərində ÜDM 2010-2021-ci illər üzrə verilib. 2022-ci il üzrə ÜDM-in 2010-cu il qiymətlərindəki məbləği 2022-ci il üzrə real artım tempi göstəricisindən istifadə etməklə zəncirvari qaydada hesablanılıb.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.