fbpx

Cəmiyyət

Cəmiyyət

Neft sənayesi mədəni irs kimi: Bakının istifadə olunmamış təbii sərvəti

Read this article on other language
Download article
image_pdf
image_pdf

Postsovet dövründə Bakının şəhərsalma strategiyasının hazırlanmasının çətinlikləri haqqında çox yazılıb. İkinci Neft Bumundan (2007-2014) əldə olunan gəlirlərə əsaslanaraq, şəhər rəhbərliyi meqa-tədbirlərin təşkilini, Dubaya bənzər möhtəşəmliyi və məşhur arxitekturası Bakını qlobal xəritədə cəlbedici məkan kimi tanıtmağa yönəlmiş strategiya kimi vurğulanmışdır (Valiyev 2018, Koch and Valiyev 2015). Bu strategiyalar gələcəyə hesablanıb və müəyyən dərəcədə turizmi təşviq etməkdə uğurlu olsa da, bir çox müşahidəçilər Sovetin maddi, struktur və idarəetmə irsinin bu strategiyaların Bakıda tam şəkildə həyata keçirilməsini qeyri-mümkün etdiyini qəbul edirlər. Eyni zamanda, Qoruqları İdarəetmə Mərkəzi Azərbaycanın qədim və orta əsrlərə aid mədəni və təbii irsin bərpasına və təbliğinə də diqqət yetirmişdir (Reserves Management Centre, n.d.). Hər iki strategiya Bakının sənaye keçmişi və bu günü haqqında cüzi təsəvvür yaradır. Bakının bir şəhər kimi inkişafında əsas rol oynayan sənayeləşmə sanki şəhərin tarixinin bir parçası kimi görünmür.

Alternativ səslər, urbanistlər və fəallar bir müddətdir ki, Bakının sənaye obyektlərindən adaptiv şəkildə təkrar istifadə məsələsini qaldırır, onun inkişaf potensialını vurğulayırlar (Axundov 2023). Beynəlxalq təcrübəyə əsaslanaraq, onlar iddia edirlər ki, bu cür təkrar istifadə keçmiş sənaye obyektlərini postmodern istehlak məkanına çevirə və şəhər iqtisadiyyatını şaxələndirə bilər. Bu arqumentləri mübaliğə etməklə, mən bu essedə Bakının sənaye keçmişinin də özlüyündə mədəni irs dəyərinə malik olduğunu göstərirəm. Mədəni irs – kimliyin formalaşması, sosial birlik, təhsil və sair bir çox sosial proseslərlə əlaqəli olsa da, bu essedə mənim diqqətim şəhərdə turizm və post-neft keçidi üçün resurs olaraq sənaye irsinə yönəlib. Bunu nəzərə alaraq, soruşuram: Bakıda sənayenin irsləşməsinə nə mane olur? Turizmin bu sektorunu inkişaf etdirmək üçün hansı beynəlxalq təcrübədən bəhrələnə bilərik? Hesab edirəm ki, Bakının unikal sənaye tarixi regional turizmdə rəqabət üstünlüyünə çevrilə bilər, çünki bizim yaxın qonşularımız təbiətdə, kulinariya ənənələrində və orta əsr memarlığında çoxlu oxşarlıqlara malik olsalar da, regionda və ondan kənarda heç bir məkan Bakının sənaye tarixi ilə müqayisəyə gələ bilməz.

Niyə sənaye irsi?

İrsiləşdirmə qorunub saxlanılması üçün keçmişdəki obyektlərin indiki zamanda seçilməsi və gələcəyə ötürülməsi prosesi kimi müəyyən edilə bilər (Harrison 2013). Mədəni irs həm maddi, həm də qeyri-maddi aspektləri (“qeyri-maddi mədəni irs” adlanır) ehtiva edir, lakin bu məqalədə onları əhatə edən maddi obyektlərə və narrativlərə diqqət yetirəcəyəm. Maddi obyektlərin mədəni irsə çevrilməsi prosesi onların valorizasiyasından və ya yenidən qiymətləndirilməsindən başlayır. Odur ki o, istər-istəməz subyektivdir və irsiləşdirmə, nəhayət,  hansı obyektlerin gələcəyə ötürülməklə mühafizə olunmağa layiq bilinən obyektlər olduğuna kimin qərar verməsindən asılıdır.

Öz başlanğıcını 19-cu əsrdən götürən Avropa irsi  hərəkatı  qədim xarabalıqları, xüsusi tarixi əhəmiyyətə və ya estetik dəyərə malik xüsusi obyektlər olaraq yenidən qiymətləndirmişdir (Kisiel 2020). Digər tərəfdən sənayenin irsiləşdirilməsi daha yeni bir fenomendir (hadisədir): bu, 20-ci əsrin ikinci yarısından Avropa və Şimali Amerikada sənayesizləşmədən sonra başlayıb (Zazzara 2020). Zavod və fabriklərin bağlanması sənayeləşmiş ölkələri əhatə edərək mədəni landşaftı və yerli icmaları dəyişdirdikcə , sakinlər, fəallar, akademiklər və səlahiyyətli şəxslər yaşadıqları ərazilər üçün sənayeləşmənin əhəmiyyəti barədə düşünməyə başladılar.

Həqiqətən də sənayeləşmə müasir cəmiyyətlərin inkişafında əsas prosesə çevrilib. Bir çox yerlərdə sənayeləşmə iqtisadi fəaliyyətlərin məkanda cəmləşməsinə və geniş miqyaslı urbanizasiyaya gətirib çıxartdı, kənd yerlərindən və xaricdən əmək miqrantlarını mədən və fabriklərdə işləməyə cəlb etdi. Şəhərlərin əhalisi artdıqca yeni mənzillər, təhsil, səhiyyə və dini obyektlər tikildi, bu da şəhərlərin memarlıq mühitinin genişlənməsinə səbəb oldu. Sənayeləşmənin başladığı dəyişikliklər əsasən biryolluq olur. Beləliklə, sənaye keçmişi yerli, eləcə də dünya tarixinin ayrılmaz hissəsidir. Sənaye irsi, yaxud keçmişin bu hissəsininyadda saxlamaq və gələcəyə ötürmək üçün seçilməsi yerli maddi mədəniyyətə və həm adi, həm də elit təbəqədən olan insanların gündəlik həyatlarının tarixinə verilən qiymətdir.

Sənayesizləşmiş yerlərdə sənaye irsi çox vaxt sənayedən sonrakı şəhər və regional inkişaf üçün yerli strategiyaların bir hissəsi kimi istifadə olunur. Bu, turizmə və qonaqpərvərlik sektorunun canlanmasına töhfə verə bilər. Sənaye irsi də şəhər brendinq mexanizminə imkan yarada  bilər. O, həmçinin sənayesizləşdirilmiş yerli icmaların üzvlərinə məhdud məşğulluq imkanları və məşğulluq imkanlarının tükəndiyi postsənaye ərazilərindədə yerli icmalar üçün konstruktiv iştirak təklif edə bilər. Beləliklə, sənaye irsi postsənaye regional inkişaf üçün yerli strategiyaların bir hissəsi ola bilər.

Bakının sənaye keçmişi: Tarix və mədəni irs

Bakının sənaye keçmişi bu qlobal sənayeləşmə hekayəsinin bir hissəsidir, lakin onun həm də mühüm və unikal fərqləri var. Bakının 19-20-ci əsrin əvvəllərində dünyanın neft sənayesi tarixindəki rolu hamıya məlumdur. Pensilvaniya ilə yanaşı, Bakı dünyada ilk neft hasil edən iki ərazidən biri idi . İlk qazılmış quyu, ilk neft tankeri və bir sıra texnoloji ixtiralar burada yaranmışdır. Bununla belə, neft sənayesi də şəhərin özünün inkişafı üçün əsas rol oynayırdı: Modern (Müasir) Bakı neft hasilatı sayəsində sənaye şəhəri kimi inkişaf etmişdir. 20-ci əsrin əvvəllərində neft sənayesi həm Qafqazın kənd yerlərindən, həm də xaricdən böyük iqtisadi miqrasiya cəlb edərək Bakının çoxmillətli əhalisinin əsasını təşkil edirdi. Neft sənayesi şəhərin məkan quruluşuna, o cümlədən yaşayış məhəllələrinə (Sovetski ərazisi, Razin qəsəbəsi, Ermənikənd) və həm şəhərətrafı ərazidə, həm də regionda nəqliyyat əlaqələrinə təsir göstərmişdir (Blau 2018, Crawford 2022).

Bakının sənaye tarixi özünəməxsus xüsusiyyətlərə malikdir. Məsələn, Bakıda neft sənayesinin məkan konsentrasiyası dünya təcrübəsində olduqca qeyri-adidir və başqa yerlərdə neft hasilatının dağınıq təşkilindən daha çox Qərbi Avropadakı sənaye şəhərlərinin məkan modellərinə bənzəyir (Mitchell 2011). Sovet dövründə həddindən artıq sənayeləşmə həm də yerli sənaye istehsalının şaxələnməsinə səbəb oldu. Postsovet dövründə qeyri-neft sektorunun sənayesizləşdirilməsinə baxmayaraq, həm neft emalı, həm də neftlə bağlı avadanlıqların istehsalı davam edir. Bu dövrdə Bakı həm də milli paytaxt olan yeganə neft şəhəri olub. Beləliklə, Bakı o baxımdan unikaldır ki, regionda ciddi siyasi və iqtisadi dəyişikliklərə baxmayaraq, 150 ildən artıqdır ki, neft şəhəri olaraq qalır. Bakı neft sənayesinin müxtəlif tarixi dövrlərə aid maddi irsinin birgə mövcud olduğu ecazkar neft şəhəridir.

Bununla belə, Bakının zəngin və mürəkkəb sənaye tarixi şəhər landşaftında demək olar ki, anlaşılmazdır, baxmayaraq ki, burada sənayenin izləri çox hiss olunur. Bakıya gələn turist yalnız şəhəri təkbaşına kəşf etməklə bu mürəkkəbliyə ötəri nəzər sala bilər. Yaxşı bir bələdçi ilə tura çıxmaq şansı olsa, o, biraz daha dolğun təsəvvür əldə edə bilər. Şəhərdə sənaye irsinin bir neçə uğurlu nümunələrinə rast gəlmək olar, ancaq onlar fraqmentləşdirilmiş və bir-biri ilə əlaqəsi kəsilmişdir. Hətta birlikdə olsalar da, bu nümunələr Bakının tarixi əhəmiyyəti haqqında səthi şəkildə təsəvvür yaradır.

Bibi-Heybət yaxınlığında salınan yeni Dənizkənarı Parkı buna misal çəkmək olar. Ərazidə bir neçə sənaye irsi obyekti var və daha böyük irs layihəsi üçün başlanğıc nöqtəsi ola bilər. Yenidən qurulmuş bir neçə neft quyusu (bəziləri işləkdir) Bibi Heybətdə sənayenin mənşəyinin təsvirini təklif edir və yaxınlıqdakı Suraxanı Tanker Muzeyində inteqrativ narrativ və interaktiv alətlərin olduğu müasir eksponat var. Lakin Bibi Heybətdə neft-mədən əməliyyatlarını və şəhərin qərbinin çox hissəsini enerji ilə təmin edən keçmiş Bibi-Heybət elektrik stansiyasının (digər adı Krasin GRES-dir) binasında Daş Muzeyi yerləşir. Orijinal enerji avadanlığının hissələri binanın ətrafına, əgər varsa, az izahla səpələnmişdir. Bu maraqlı muzey olsa da, onun eksponatının Bibi Heybət və onun sənaye tarixi ilə heç bir əlaqəsi yoxdur və həm şəhər, həm də qlobal neft sənayesi üçün əsas olan bir məkanı irsiləşdirmək üçün əldən verilmiş fürsətdir.

Bakının şərq hissəsində sənayesizləşmiş Qara Şəhərin yerində tikilmiş Ağ Şəhər də eyni şəkildə öz sənaye keçmişinə dair yalnız bir neçə istinadı ehtiva edir. Villa Petrolea sərgisi Nobel Qardaşları Şirkətinin hekayəsini təqdim edir, lakin demək olar ki, sənaye irsi obyekti sayılmır. Qara Şəhərin yüzlərlə sənaye qurğusundan, 1860-cı illərə aid yalnız iki  neft emalı qülləsi qorunub saxlanıb. Qara Şəhərin tarixində Sovet dövrü, demək olar ki, tamamilə yoxdur. Bir-birinə yaxın olan, lakin bir narrativlə birləşdirilməyən bu obyektlər 150 illik mövcudluğu ərzində orada zəhmət çəkmiş minlərlə yerli fəhləni deyil, rus/isveç sənayeçiləri və rus alimi D.Mendeleyevi yad edir. Bakının sənaye keçmişinin bu reduksionist təsviri, SOCAR markalı anbar çənləri və Heydər Əliyev adına Neft Emalı Zavodunun yanan məşəl borusu ilə təmsil olunan Ağ Şəhərin bir qədər kənarında yerləşən sənaye ilə kəskin ziddiyyət təşkil edir. Bu nümunələrdən göründüyü kimi, Bakıda sənaye irsi mövcuddur, lakin sənayenin şəhərin inkişafındakı böyük rolundan fərqli olaraq, şəhərin turizm infrastrukturunun çox az hissəsini təşkil edir. Bəs turizmi cəlb etmək üçün Bakının sənaye keçmişindən necə istifadə etmək olar?

Sənaye İrsini Fərqli Təsəvvür Etmək

Bakıda sənayenin irsiləşdirilməsi üçün əsas problem ondan ibarətdir ki, əsas sənaye olan neft hələ də işləkdir. Bu həm də şəhərə ən çox təsir edən və turizm üçün ən yüksək potensiala malik sənayedir. Hələ də fəaliyyət göstərən sənayenin irsiləşdirilməsi problemdir və beynəlxalq təcrübə göstərir ki, irsləşdirmə tez-tez sənayesizləşdirmədən sonra başlayır, vaxt ötdükcə yaranan məsafə insanlara onun əhəmiyyəti barədə düşünməyə imkan verir.

Buna baxmayaraq, hesab edirəm ki, Bakının ləngimiş sənayesizləşdirilməsi nəinki irsiləşdirilmə üçün bir maneə deyil, eləcə də resurs kimi götürülə bilər. Bu gecikmə başqalarının təcrübəsindən öyrənmək, mövcud sənaye irsi layihələrindən istifadə etmək, istismarın dayandırılmasından əvvəl gələcəkdə mühafizəsi üçün obyektləri seçmək imkanı verir. Bərpa olunan enerjiyə keçid ilə bağlı gözlənti bu məsələni xüsusilə aktuallaşdırır: Bakı potensial olaraq qlobal miqyasda petro-müasirliyin başlanğıcından sonuna qədər bütün dövrün təmsil olunduğu nadir ərazilərdən biri ola bilər. Bakının Avropaya yaxın coğrafiyada yerləşməsi həm də Avropa turizmini cəlb edər və Bakının mədəni irsini Avropa Sənaye İrsi Marşrutu kimi Avropanın mədəni irs xəritələrinə və marşrutlarına inteqrasiya olunmasını təmin edərdi.

Sənaye irsinin inkişaf etdirilməsi ilə bağlı başqa bir məsələ, ideoloji yönümlü vahid narrativ, bayram mədəniyyəti və abidələrlə muzeylərə  xüsusi vurğu edən Sovet irsinin idarə edilməsi mirasıdır. Kommunist ideologiyası çərçivəsində sənayeləşmə bir qayda olaraq inkişaf və modernləşmə ölçüsü kimi qəbul edilirdi, fəhlələr isə tarixin əsas agenti idi. Sənaye əməyi romantikləşdirilir və qəhrəmanlaşdırılırdı, Sovet şəhərlərinin bütün ictimai yerlərində fəhlələri vəsf edən abidələr qoyulurdu. Bu, xüsusilə toponimikada və ictimai sənətdə neftçilərin xatırlandığı Sovet Bakısında da belə idi. Bu yanaşmanın qalıqları hələ də Bakının ictimai məkanlarında (məsələn, Neftçilər prospekti/metrostansiyası, eyniadlı parkdakı “Fəhlə əlləri” abidəsi, Bakının butik oteli olan Dinamo-nun bərpa olunmuş barelyefləri və zəncirlərini qıran fəhləyə ucaldılmış abidə) görünür.

Eyni zamanda, sənaye obyektlərinin özləri “tarixi ilklər”, öz sahələrində ilk hesab edilən sənaye obyektləri (Sklokina and Kulikov 2021) və ya unikal tarixi və ya estetik dəyərə malik olan sənaye obyektləri kimi müəyyən edilməsəydi, sovet dövründə nadir hallarda irs sayılırdılar. Ancaq hətta bəzi “ilklər” tez-tez təkrar emal və ya təkrar istifadə edilir və irsin mənasını ifadə etmirdi. Bu, məsələn, Neft Daşlarının əsasını qoymaq üçün bir neçə başqa gəmi ilə birlikdə batırılan dünyanın ilk neft tankeri olan Zərdüştün taleyi idi. Ümumiyyətlə, sənaye obyektləri qalalar və dini məbədlərə aid edilən nəcib obyektlər (Kisel 2020) kimi memarlıq, estetik və ya tarixi dəyərin ciddi tələblərinə cavab vermirdi.

Postsovet dövründə bu tendensiyalar öz aktuallığını qoruyub saxlayır. Neftə və neftçilərə həsr olunmuş abidələr və ictimai incəsənət, Bakının ictimai məkanının postsovet dövründə kütləvi şəkildə dekommunizasiyası zamanı çətinliklə də olsa, mövcudluğunu qismən davam etdirə bildi. Çox vaxt onların qorunub saxlanması sovet nişanlarının milli rəmzlərlə, yəni Azərbaycan Respublikasının üçrəngli bayrağı ilə əvəz edilməsi ilə müşayiət edilirdi. Bu prosesdə tarixin hərəkətverici qüvvəsi kimi proletariatın Sovet ideoloji yönümlü narrativi dövlətçilik və millətçilik (yəni, “Azərbaycançılıq”) sözlərinin kombinasiyası ilə əvəz olundu. Lakin tarixi mürəkkəbliyin vahid narrativə düşməsinin davamlı təcrübəsi özünün mürəkkəbliyində sənayenin irsləşməsinin qarşısını alır. Bayram mədəniyyəti, məsələn, fəhlələrə həsr olunmuş ictimai sənətin 1957-ci ildə Neft Daşlarında baş vermiş faciədən tutmuş 2015-ci ildəki ən son hadisəyə qədər bir çox istehsalat qəzalarında neftçilərin həyatını itirməsi kimi sənaye əməyinin qaranlıq tərəfini təqdim etməməsi deməkdir.

Beynəlxalq təcrübəyə nəzər saldıqda görə bilərik ki, mədəni irs həmişə selektiv olsa da, daha tənqidi yanaşmalar tarixi mürəkkəbliyi və baxışlarda müxtəlifliyi əks etdirməyə hesablanıb. Sənaye irsi xüsusilə mübahisəlidir, çünki sənayeləşmə tarixi tez-tez sinfi və etnik münaqişələr, həmçinin ətraf mühitin deqradasiyası kimi münaqişə və mübahisələrlə müşayiət olunur. Bu, şübhəsiz ki, hazırda antropogen iqlim dəyişikliyinin əsas səbəbkarlarından biri sayılan neft sənayesinə aiddir. Beləliklə, neft sənayesinin səmərəli şəkildə irsiləşdirilməsi onun qaranlıq tərəflərini, eləcə də texnoloji tərəqqiyə, modernləşməyə və inkişafa töhfələrini əks etdirməlidir. Bu cür tənqidi, çoxsəsli irsiləşdirməyə necə nail oluna biləcəyinə dair çoxlu nümunələr mövcuddur.

Onlardan biri Stavangerdə yerləşən Norveç Neft Muzeyidir. Bu muzey müxtəlif funksiyaları yerinə yetirməklə yanaşı, Norveçin neft sənayesinin tarixini təqdim edir. Sənayenin başlanğıcı, Şimal dənizi platformalarının hər biri haqqında ətraflı informasiya və Aleksandr Kjelland platformasında 1981-ci ildə baş vermiş fəlakətə həsr olunmuş xüsusi  sərgi nümayiş etdirməklə  yanaşı, muzey seçilmiş neft yataqlarından materiallar toplamaqla da tədqiqat və arxiv işləri aparır.

Bununla belə, Bakıda muzey yanaşmasını tətbiq etmək məhdud yanaşma olardı və buradakı sənaye tarixinin zənginliyini bütövlüklə əks etdirə bilməzdi. Norveçin neft sənayesi həm müvəqqətilik, həm də məkan baxımından daha məhduddur: Bu ölkədə neft sənayesi 1960-cı illərdə qurulub və dənizdə yerləşir. Neft platforması şəklində tikilmiş Norveç Neft Muzeyi, beləliklə, ölkənin yaşayış ərazisindən kənarda yerləşən və Norveçdə yaşayan və ya onu ziyarət edənlər üçün görünməyən bir şeyi əks etdirir. Bakı neft sənayesinin 200 ilə yaxın yaşı var və o, sənaye obyektləri və toponimikası ilə şəhəri və onun ətraf rayonlarını bəzəyən yerli landşaftın, həmçinin də məişət həyatının bir hissəsidir. Buna görə landşaft yanaşması daha uyğun olardı.

Mədəni irsə landşaft yanaşması sənaye obyektlərini onların həm təbiətə, həm də yerli maddi mədəniyyətə münasibətində mədəni landşaftda yerini müəyyən edir (Del Pozo və Qonzalez 2012). Bu mənada, sənaye irsi həm də yerli icmaların iştirakı üçün imkanlar yaradır. Neft sənayesi irsinə landşaft yanaşmasının nümunələrindən biri Polşanın Bobrka şəhərində yaradılmış Neft Sənayesi Muzeyidir.  20 hektar ərazini əhatə edən parkda 19-cu əsrə aid iki neft quyusu və neft-mədən avadanlıqları nümunələrinin saxlanıldığı muzey yerləşir. Bu muzey həm də hazırda Polşa və Ukrayna arasında bölünmüş Şərqi Qalisiyadakı neft sahələrini birləşdirən daha böyük Neft yolunun bir hissəsidir. Ekvadorda neft hasilatının təbiətə və yerli əhalinin həyat səviyyəsinə təsirini əyani şəkildə görməyə imkan verən Zəhərli Turlar da bu ölkədə ekoloji ədalət hərəkatının inkişafına öz töhfəsini verib (Fiske and Fischer 2023). Bu yanaşma həm də mürəkkəb, sirli və çətin mədəni irsi ifadə etmək üçün çox uyğundur, çünki müxtəlif obyektlər sənaye keçmişinin konkret aspektlərini işıqlandıra bilər.

Bakının nümunəsində neft marşrutu ideyası çoxdan mövcuddur. Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi (MBAM) açıq səma altında neft tarixi muzeyi üçün ilkin təklifin müəllifidir (CNIS 2011). Bu təklif Abşeronda arxeoloji tapıntılara yönəldilmiş və daha çox neft hasilatının sənayedən əvvəlki dövrünü əhatə edirdi. Neftin irsiləşdirilməsinə landşaft yanaşmasını qəbul etməyin başqa bir yolu, sənayedən əvvəlki və sənaye dövrlərindən olanlar da daxil olmaqla, həmin yerlərin  şəbəkəsinin yaradılması olardı. Bu şəbəkəyə Bibi Heybətdən Qara Şəhərə qədər uzana, həmçinin neft hasil edən Bakıətrafı əraziləri daxil etmək olar. Əvvəlki sənaye obyektlərinə əlavə olaraq, bura sənayenin əlçatmaz olan müxtəlif aspektlərini işıqlandıracaq bir sıra kiçik muzeylər də daxil ola bilər – məsələn, Neft Daşlarına  həsr olunmuş quruda yerləşən muzey və müasir dəniz platformaları. Həmin yerlər daha sonra həm ayrı-ayrılıqda, həm də birlikdə araşdırılıb müxtəlif turizm marşrutlarına daxil edilə bilər. Mədəni irs obyektlərinin şəhər və şəhərətrafı landşaftda yayılması həm də turistləri Bakı şəhərinin mərkəzindən kənarda yerləşən yerli mağaza və kafelərə cəlb etməklə yerli qonaqpərvərlik sektorunun canlanmasına töhfə verə bilər.

Sənaye irsinin qorunub saxlanması üçün daha az istifadə edilən imkan, Artırılmış və Virtual Reallığın tətbiqləri kimi rəqəmsal alətlərdir. Bu alətlər əlçatmaz olan və ya tam şəkildə qorunub saxlanıla bilməyən obyektlər üçün xüsusilə faydalıdır. Köhnə sənaye obyektlərinin istismarının dayandırılması və postsənaye iqtisadiyyatına keçid hesabına bu, Bakıda getdikcə aktuallaşacaq. Məsələn, istismarı dayandırılacaq obyektlərin rəqəmsal vizualizasiyaları qalan fiziki obyektlərin ekspozisiyasına daxil edilə bilər ki, bu da fiziki və virtual reallığın birləşməsinə imkan verir. Burada Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəbindən fiziki olaraq əlçatmaz hala gələn Soledar duz mədənlərinə virtual ekskursiyaları təmin edən Duz Mədənləri layihəsi kimi Şərqi Ukraynanın mədəni irs layihələrinin təcrübəsindən yararlanmaq olar (Solyana Shakhta, n.d.).

Nəticə

Bu essedə sənaye irsinin Bakıda turizm üçün istifadə olunmamış resurs olmasından bəhs edilir. Hazırda Azərbaycanın turizm sənayesində qədim və orta dövrlərə aid irs prioritet istiqamət kimi diqqət mərkəzindədir. Vacib olsa da, bu yanaşma Bakının tarixinin ən dinamik, qlobal əhəmiyyətli və unikal hissəsini kənarda qoyur. Şəhərdə sənaye irsini inkişaf etdirmək üçün iki problem var: birincisi, onu qorunmağa layiq keçmiş kimi tanımaq, ikincisi, kompleks, refleksiv və qeyri-reduktiv üsullarla bu keçmişin bir parçası olmaq. Hər ikisi koordinasiya edilmiş institusional səylər və dövlət və qeyri-dövlət subyektləri arasında əməkdaşlıq tələb edən ciddi məsələdir və hər şeydən əvvəl bəsit ideoloji narrativlərdən kənara çıxmadır. Bununla belə, sənayeni irsiləşdirməyin həm turizmə, həm də daha geniş anlamda şəhərsalmaya böyük faydası ola bilər. Bakının unikal sənaye tarixi həm turizmin inkişafı baxımından faydalı, həm də qlobal enerji keçidi astanasında aktual ola bilər.

Minnətdarlıq: Bu layihə, 897155 saylı Mariya Sklodovska-Küri qrant müqaviləsi üzrə Avropa İttifaqının tədqiqat və innovasiyaları dəstəkləyən “Horizon-2020” proqramı çərçivəsində maliyyələşib.

 

İstinadlar:

Axundov, B. (2023). Sənaye və mədəniyyət irsi obyektlərinin qorunması və yenidənqurulması. Əkinçi. Available online: https://www.youtube.com/watch?app=desktop&v=l91bDIwuudA

Blau, E., & Rupnik, I. (2018). Baku: Oil and urbanism. Park Books.

CNIS (2011) The Absheron Oil History Trail (Open Air Oil History Museum) Exploration of the Development Potential of the Absheron Peninsula (Balakhany, Surakhany, Sabunchu). Baku. Available online: https://cnis-baku.org/eng/open-air-oil-history-museum/

Crawford, C. E. (2022). Spatial revolution: Architecture and planning in the early Soviet Union (p. 424). Cornell University Press.

Del Pozo, P. B., & Gonzalez, P. A. (2012). Industrial heritage and place identity in Spain: From monuments to landscapes. Geographical Review102(4), 446-464.

Fiske, A., & Fischer, J. (2023).  Translating and transforming toxicity: Moving between ethnography and graphic art. In Kryder-Reid, E., & May, S. (Eds.). Toxic Heritage: Legacies, Futures, and Environmental Injustice. Taylor & Francis, pp. 165-172.

Harrison, R. (2013). Heritage: critical approaches. Routledge.

Kisiel, P. (2020). Unwanted inheritance? Industrial past as the EU heritage. International Journal of Heritage Studies26(7), 652-666.

Koch, N., & Valiyev, A. (2015). Urban boosterism in closed contexts: Spectacular urbanization and second-tier mega-events in three Caspian capitals. Eurasian geography and economics, 56(5), 575-598.

Mitchell, T. (2011). Carbon democracy: political power in the age of oil. New York: Verso.

Reserves Management Centre (n.d.) Available online: https://www.heritage.org.az/

Sklokina, I., & Kulikov, V. (2021). Industrial Heritage and Its Multiple Uses in Donbas, Ukraine. Region10(1), 33-60.

Solyana Shakhta. (n.d.) Virtual reality tour. Available online: https://saltway.in.ua/soledar-360/

Valiyev, A. (2018). Baku’s Quest to Become a Major City: Did the Dubai Model Work? Caucasus Analytical Digest, (101), 9-11.

Zazzara, G. (2020). Making sense of the industrial past: deindustrialisation and industrial heritage in Italy. In “Italia contemporanea”: 294, supplemento, 2020, Milano : Franco Angeli, pp. 155-181.

 

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.