fbpx

iqtisadiyyat

iqtisadiyyat

Azərbaycan ən bəsit çeşidli məhsul ixracatçıları sırasında

Read this article on other language
Download article
image_pdf
image_pdf

Son illər hökumət qeyri-neft sektorunun durmadan artımını vurğulayır, bu minvalla neft-qaz sektorunun həm iqtisadiyyatda, həm də ixracda payının tədricən aşağı düşməsinin və nəticədə arzu edilən iqtisadi şaxələndirmənin reallaşacağını təxmin edir. Belə ki, neft ixracı tükənənliyi, volatilliyi, holland sindromu kimi neqativ təsirləri ilə iqtisadiyyatın dayanıqlığına mane olur. Bu səbəbdən də qeyri-neft ixracının artması və iqtisadiyyatın şaxələndirilməsi ölkə iqtisadiyyatı üçün olduqca əhəmiyyətlidir.

2023-cü ilin ilk 6 ayı üzrə ixrac-idxal statistikasına əsasən, qeyri-neft ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 20.6% artaraq 1,8 mlrd. ABŞ dolları təşkil edib. İxrac edilən qeyri-neft sektoruna aid malların siyahısında ilk üç yeri elektrik enerjisi (314,4 milyon ABŞ dolları), pomidor / tomat (120,7 milyon ABŞ dolları) və pambıq mahlıcı (68,7 milyon ABŞ dolları) tutub. İlk baxışdan 6 ay ərzində qeyri-neft ixracının 20,6% artımı yaxşı nəticədir. Lakin bu artım tempi saxlanılarsa belə, ilin sonuna ən yaxşı halda ixracın neft və qeyri neft proporsiyası 9/1 ətrafında olacaq. Yəni yaxın gələcəkdə iqtisadiyyatın şaxələndiriməsi istiqamətində arzuedilən nəticənin əldə ediləcəyi gözlənilmir.

Bu yazıda ölkənin qeyri-neft sahəsində ixrac potensialının bütövlükdə nə qədər geniş çeşidli və və eyni zamanda yüksək əlavə dəyərə malik olmasını analiz edəcəyəm. Başqa sözlə, bu dəfə nə qədər ixrac etməyimiz yox, nə ixrac etməyimizi araşdıracağam.

İstehsal çeşidliliyi və iqtisadi dayanıqlılıq

Hələ 250 il əvvəl Adam Smit göstərdi ki, sancaq fabrikində istehsalı ayrı-ayrı texnoloji halqalara bölüb işçilərin hər birini istehsalın bir komponentinə ixtisaslaşdırmaqla əmək məhsuldarlığının fantastik artımına nail olmaq olur. David Rikardo 19-cu əsrin əvvəllərində bir qədər də irəli gedərək müqayisəli üstünlük teoremini ortaya qoydu. Bu teoremə əsasən, hər bir ölkə nisbətən aşağı məsrəflər hesabına digəri ilə ticarətdə daha böyük üstünlüyə malik olur və beləliklə, ya təbii amillər, ya da ixtisaslaşma nəticəsində müvafiq kvalifikasiyalı işçi qüvvəsinin formalaşması son anda ölkənin daha rəqabətli olmasına dəlalət edir.

Klassiklərin tarixi ixtiralarını heç kim ləğv etməyib, bu fundamental prinsiplər bu gün də iqtisadi davranışın bel sütünu olaraq qalmaqda davam edir. Yeni olan isə odur ki, son 2 əsrin iqtisadi inkişafı mal və məhsul, habelə xidmət istehsalının çeşidliliyini inanılmaz dərəcədə zənginləşdirib və artıq dünya bazarında rəqabətə davam gətirmək üçün yalnız ixtisaslaşma və təbii avantajlar kifayət etmir.

Digər tərəfdən, iqtisadi artım özü-özlüyündə çox riskli indikatordur, bəzi dövrlərdə yüksək artım tempi hökumətin sayıqlığını azalda bilir, nəticədə, növbəti dövrlərdə iqtisadi tənəzzüllə qarşılaşanda artıq gec olur. Onun üçün də iqtisadi dayanaqlıq daha vacib göstəricidir və hazırda onun təminatı üçün istehsalın çeşidliliyi olduqca əhəmiyyətlidir.

İqtisadi mürəkkəblik

İqtisadi mürəkkəblik paradiqması 2009-cu ildə Harvard Universitetindən Rikardo Hausman ilə Massaçusets Texnoloji İnstitundan Sezar A. Hidalqo tərəfindən birgə ortaya qoyuldu və bunun əsasında dövrü olaraq hər il İqtisadi Mürəkkəblik İndeksi (ECİ) hesablanır. İqtisadi mürəkkəbliyin əsasında əlaqədarlıq (relatedness), oxşarlıq (similarity) və yaxınlıq (proximity) anlayışları durur. Əlaqədarlıq iqtisadi məkanın bu və ya digər mal və məhsulu istehsal etməyin mümkünlüyünü göstərir. Yəni çeşidli məhsulların müasir bazara təklifi üçün adı çəkilən məkanda əlverişli biznes mühiti olmalı, yüksək kvalifikasiyaya malik işçi qüvvəsi və geniş biznes şəbəkəsi fəaliyyət göstərməlidir. Bunun üçün oxşar mal və məhsulların kooperasiya əsasında istehsalı mühüm şərtdir. Əgər ölkə yüksək texnologiya əsaslı məhsul istehsal edə bilirsə, deməli, onun müvafiq laboratoriyaları, patent hüquqları və s. imkanları var. Bu baxımdan mövcud imkanlara malik ölkə üçün oxşar məhsul ixracını təmin etmək sıfırdan başlayan rəqibi ilə müqayisədə daha asandır. Nəhayət, yaxınlıq bir ölkənin B məhsulunu ixrac etdiyi halda A məhsulunu ixrac etmə ehtimalını və ya əksini ölçür. Bir ölkənin bir məhsul istehsal etdiyini nəzərə alsaq, yaxınlıq başqa bir məhsula keçmək üçün ehtiyac duyulan istehsal sirrini əldə etmək asanlığını göstərir.

Beləliklə, ölkə istehsal etdiyi məhsulun oxşar və yaxın olanısını da orbitinə daxil edib, çeşidliliyni artırır və bununla da oxşar texnologiya ilə daha geniş bazara yiyələnə bilir,  sonda isə daha yüksək əmək məhsuldarlığına malik olur. Aydındır ki, bu halda əlaqədarlıq daha çox emal tipli istehsalda (manufactoring), daha az isə hasilat sənayesi və ya kənd təsərrüfatında müşahidə edilir. Bu isə o deməkdir ki, xüsusən texnologiyaya əsaslanan sənayelərdə əlaqədarlığı təmin etmək daha asan olur və bu tip iqtisadiyyatlar dünya bazarına geniş çeşidli mal və məhsul ixrac edərək, daha dayanıqlı iqtisadi duruma malik olurlar. Əks halda isə dar çeşidli bəsit mənşəli (məsələn, xam neft və ya pomidor) malları ixrac etməklə ölkə hamının istehsal edib sata biləcəyi məhsulu ixrac etməyə məhkumdur.

Yuxarıda qeyd etdiklərmizi nəzərə alıb deyə bilərik ki, iqtisadi mürəkkəblik paradiqması son nəticədə mal və məhsulun bilik əsaslılığını nümayiş etdirir.

İqtisadi Mürəkkəblik İndeksi

İqtisadi Mürəkkəblik İndeksi (İMİ) 3 komponentdən ibarətdir: Ticarət, Texnologiya və Tədqiqat.

Bu indeksi hesablamaq üçün əvvəlcə  Müqayisəli Üstünlük İndeksi (MÜİ) hesablanır. MÜİ-ni  kəsir vasitəsilə təyin edirlər. Kəsirin sürətində ölkənin (c) ixracında məhsulun (p) xüsusi çəkisi, məxrəcdə isə məhsulun (p) xüsusi çəkisinin ümumi dünya ixracında payı göstərilir. MÜİ 1-dən çox olarsa, deməli, ölkə həmin məhsul (p) üzrə müqayisəli üstünlüyə malikdir.  Bunun əsasında İMİ hesablanır ki, o da nəticə etibarı ilə mal və məhsul ixracının şaxələndirməsini  nümayiş etdirir. Çünki mürəkkəb məhsulu ixrac etmək üçün ölkə geniş istehsal bazasına malik olmalıdır.Beləliklə, istehsal və ixracda mürəkkəblik son anda arzu edilən şaxələndirməyə gətirb çıxarır ki, bu da Azərbaycan kimi təbii resursdan asılı ölkələr üçün çox önəmlidir.

Sonuncu, yəni 2021-ci ilin hesablamalarına görə Azərbaycan İMİ-nin ticarət komponenti üzrə 131 ölkə arasında -0.52 balla 85-ci, texnologiya komponenti üzrə 95 ölkə arasında – 1.08 balla 78-ci, tədqiqat komponenti üzrə 140 ölkə arasında -1.19 balla 125-ci yerdə qərarlaşıb. Qeyd edək ki, dünya birincisi ticarət komponenti üzrə +2.06 balla Yaponiya,  texnologiya komponenti üzrə +1.55 balla İsveç, tədqiqat komponenti üzrə +2.41 balla ABŞ-dır.

Texnologiya və tədqiqat komponentləri üzrə aşağı sıralarda olmağımız sürpriz olmamalıdır. Əksinə, bu ölçülərdə nisbətən yuxarı sıralarda olmağımız təəccüb doğurardı. Ticarət komponentində 85-ci sırada mövqey tutmağımız isə, doğrudan da, acınacaqlıdır. Qonşu Gürcüstan 64-cü, Ermənistan isə 71-ci sıradadır. Maraqlı cəhət odur ki, 2002-ci ildə, müşahidə dövrünün başlanğıcında, Azərbaycan adı çəkilən indeksdə 44-cü mövqedə idi. 20 il ərzində ölkəmiz 41 pillə geriləyib. Bu dövr ərzində adı çəkilən indeksdə geriləmə demək olar ki, bütün hasilat ölkələrinə xasdır və bu da yuxarıda deyilənlərin bariz sübutudur. Amma bu cür kəskin geriləmədə Azərbaycandan irəlidə yalnız Venesueladır.        

Azərbaycanın ixrac çeşidi nəyi göstərir?

2002-ci ildə Azərbaycanın 38,1 mlrd. dollarlıq ixracının 92.5%-ni neft-qaz sektoruna daxil olan mallar təşkil edib. Neft-qaz sektorunun isə əsas məhsulları xam neft (19.5 mlrd. doll.) və təbii qaz (15 mlrd. dollara yaxın) olub. Üst-üstə bu iki maddə ümumi ixracın 91%-in təşkil edir. Xam neft və təbii qaz heç bir halda iqtisadi mürəkkəbliyi tərənnüm etmir. Bu məhsullar nəinki texnologiya əsaslı deyil, ümumiyyətlə əlavə dəyər daşıyıcıları deyil, renta xarakterlidir.

Beləliklə, iqtisadi mürəkkəbliyə töhvə verən qalan 9%-i araşdırmaq lazım olur ki, bu da cəmi 3.4 mlrd. dolllar dəyərindəki əmtəədir. Hətta bu kiçik həcmin belə əsas maddələri yenə iqtisadi mürəkkəbliyi az olan əmtəələrdir.  Meyvə-tərəvəz ixracı ötən il qeyri-neft ixracının flaqmanı olub və ümumilikdə  667 mln. dollar təşkil edib. Lakin meyvə-tərəvəz istehsalı da yuxarıda qeyd etdiyimiz kimi iqtisadi mürəkkəbliyi az olan əmtəədir. Beləliklə, ötən il Azərbaycanın ixracının 92.3%-ni iqtisadi mürəkkəbliyi az olan mal və məhsullar olub. Qalan 7.7 % -i isə bu və ya digər nisbətdə mürəkkəblik daşıyıcısı sayıla bilər. Bunlara kimya sənayesi məhsulları (387 mln. doll.),  plastmass və onlardan hazırlanmış məmulatlar (386 mln.doll), alüminum məmulatları (218 mln. doll), pambıq lifi (175 mln. doll), elektrik enerjisi (122 mln. doll.) kimi mal və məhsulları misal göstərmək olar. Göründüyü kimi, hətta potensial olaraq mürəkkəb saydığımız əmtəələr belə texnologiya və bilik mənşəli deyil. 

İMİ niyə vacibdir?

Azərbaycanın son illər iqtisadi artım tempi çox aşağıdır. Təbii resurs ölkələrinə xas olan bu dinamika müəyyən mənada anlaşılandır. Əlverişli konyunktura dövründə (xam neftin pik istehsal dövrü və dünya bazarında yüksək qiymət) 35% artım tempi nümayiş etdirən Azərbaycan hazırda 1-2% civarında artımla kifayətlənir. Mövcud iqtisadi struktur, xüsusilə istehsal strukturu dəyişməzsə, bu tələdən qurtulmaq çətin olacaq. İqtisadi struktur isə konservativ olduğundan, onu tez bir zamanda dəyişmək ağır işdir. Eyni zamanda, Azərbaycan da digər ölkələr kimi enerji keçidini yaşayır və bu proses iqtisadiyyatın hazırkı strukturunda  heç bir vəchlə iqtisadi artıma töhvə verməyə qadir deyil. Məncə, məhz bu həssas dövrdə İMİ-nin Azərbaycan üçün ortaya çıxardığı probemləri analiz edib, həm istehsalın, həm də son nəticədə ixracın strukturunun təkmilləşdirilməsinə gətirə bilən dayanıqlı iqtisadi inkişaf modeli hədəflənə bilər. Qarabağ və ətraf regionlarda iri miqyaslı rekonstruksiya layihələri zamanı bu amil nəzərə alınmalıdır.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.