Cəmiyyət

Cəmiyyət

BMT Müstəqil Təhqiqat Komissiyasının İsrailin Qəzzadakı davranışlarına dair hesabatının təhlili

Read this article on other language
Download article
image_pdf
image_pdf

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Şurası tərəfindən yaradılmış Müstəqil Beynəlxalq Təhqiqat Komissiyası son hesabatında İsrail dövlətinin Qəzzada törətdiyi əməllərdə soyqırımı elementlərinin ola biləcəyinə dair ciddi sübutların olduğunu müəyyən edib. Komissiya vurğulayıb ki, aşkar edilən faktlar fərdi və mümkün dövlət məsuliyyətini hüquqi müstəvidə qiymətləndirilməsini tələb edir.1 Komissiya öz mandatına uyğun olaraq hüquqi hökm çıxarma səlahiyyətinə malik olmasa da, onun əsas funksiyası faktların toplanması, onların təhlili və qiymətləndirilməsi yolu ilə beynəlxalq ictimaiyyətə və müvafiq hüquqi institutlara obyektiv və əsaslandırılmış məlumat təqdim etməkdir. Başqa sözlə desək, Komissiya məhkəmə orqanı olmadığından o qərar vermə səlahiyyətinə malik deyil, yalnız münaqişə zamanı baş verən insan hüquqları və beynəlxalq hüququn pozuntularını sənədləşdirmək və qiymətləndirmək səlahiyyətinə malikdir. Bu baxımdan, Komissiyanın aşkarladığı faktiki hallar beynəlxalq hüququn, xüsusən də 1948-ci il tarixli Soyqırımı cinayətinin qarşısının alınması cəzalandırılması haqqında Konvensiyanın müddəaları konteksində mühüm əhəmiyyət kəsb edir. Nəticə etibarilə, Qəzzadakı qətllərin soyqırımı kimi qiymətləndirilib-qiymətləndirilməməsi məsələsi yalnız müvafiq yurisdiksiyaya malik məhkəmə (ehtimal ki, Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən) tərəfindən hüquqi müstəvidə həll edilə bilər.

Bu məqalədə mən Komissiyanın hesabatındakı faktiki halları Soyqırımı Konvensiyasının 2-ci maddəsində nəzərdə tutulan kateqoriyalar üzrə təhlil edəcəyəm və həmin faktların hüquqi nəticələrini müzakirə edəcəyəm. Yazının əsas məqsədi Komissiyanın topladığı sübutları hüquqi konteksdə sistemləşdirmək və onların soyqırımı cinayətinin tərkib elementləri ilə nə dərəcədə uzlaşdığını müəyyən etməkdir.

Beynəlxalq hüquqa əsasən soyqırımın tərifi onun elementləri

Soyqırımı ilk dəfə 1946-cı ildə BMT-nin Baş Assambleyası tərəfindən beynəlxalq hüquqa əsasən cinayət kimi tanınıb. 1948-ci il Soyqırımı cinayətinin qarşısının alınması cəzalandırılması haqqında Konvensiyada (Soyqırımı Konvensiyası) soyqırımı müstəqil cinayət kimi qeydə alınıb. İsrail də daxil olmaqla, 153 dövlət Konvensiyanı ratifikasiya edib.2 Əlavə olaraq, Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) dəfələrlə bəyan edib ki, Konvensiya ümumi beynəlxalq ədalət hüququnun tərkib hissəsi olan prinsipləri özündə ehtiva edir. Bu, o deməkdir ki, Soyqırımı Konvensiyasını ratifikasiya edib-etməməsindən asılı olmayaraq, bütün dövlətlər soyqırımın beynəlxalq hüquqla qadağan olunmuş cinayət olması prinsipinə bağlıdır. BƏM həmçinin bəyan edib ki, soyqırımın qadağan edilməsi beynəlxalq hüququn məcburi normasıdır və buna görə də ondan heç bir halda geri çəkilməyə yol verilmir.3

Konvensiyanın 2-ci maddəsində soyqırımı aşağıdakı kimi tərif edilir:

Milli, etnik, irqi və ya dini qrupu tamamilə və ya qismən məhv etmək niyyəti ilə törədilən aşağıdakı hərəkətlərdən hər hansı biri.

Həm Soyqırımı Konvensiyası, həm də Roma Konvensiyasının 6-cı maddəsində müəyyən olunduğu kimi, soyqırımı aşağıdakılardan ən azı birinin müəyyən milli, etnik və ya dini qrupun tam və ya qismən məhv edilməsi məqsədi ilə törədilməsi halında baş verir:

  • a) Qrup üzvlərinin öldürülməsi;
  • b) Qrup üzvlərinə ağır bədən və ya psixoloji zərər vurulması;
  • c) Qrupun tam və ya qismən fiziki məhvinə gətirib çıxaran həyat şəraitinin qəsdən yaradılması;
  • d) Qrup daxilində doğumların qarşısını almaq üçün tədbirlərin həyata keçirilməsi;
  • e) Qrup daxilindəki uşaqların məcburi şəkildə başqa qrupa köçürülməsi.4

Yuxarıdakı (c) bəndinə əsasən, soyqırımı o zaman baş verir ki, qeyd edilmiş əməl həm qəsdən (təsadüfi və ya əlavə nəticə olaraq deyil) törədilib, həm də qrupu tam və ya qismən məhv etmək məqsədilə həyata keçirilib. Yuxarıdakı (d) bəndinə gəldikdə isə, burada sübuta yetirilməlidir ki, qeyd edilən tədbirlər təkcə qrupu cəzalandırmaq üçün deyil, həm də həmin qrupun son nəticədə məhv edilməsinə xidmət etmək üçün doğumların qarşısını almaq məqsədilə qəsdən törədilib. Qeyd etmək lazımdır ki, hazırda Komissiyanın uşaqların zorla köçürülməsi (yəni (e) bəndi) ilə bağlı heç bir sübutu yoxdur. Buna görə də mən bu məqalədə yuxarıda qeyd edilən ilk dörd bənd üzrə Komissiya tərəfindən müəyyən edilən faktların hüquqi təhlilini aparacağam.

Soyqırımı analiz edəndə müəyyən edilməli ən çətin element xüsusi niyyətdir (dolus specialis). Soyqırımı təşkil etmək üçün cinayətkarların müəyyən milli, etnik, irqi və ya dini qrupu fiziki cəhətdən məhv etmək niyyəti mütləq sübuta yetirilməlidir. Əhəmiyyətli olan odur ki, soyqırımı qurbanları məhz Konvensiya ilə qorunan dörd qrupdan birinə (məsələn, siyasi qruplar istisna olunur) aid olduqlarına görə qəsdən hədəfə alınırlar. Bu, o deməkdir ki, məhv edilmə hədəfi qrup olmalıdır, onun fərdi üzvləri yox.5 Əgər hücum yalnız qrupun bir hissəsini hədəfə alıbsa, bu hissə qrupun ümumi varlığını təsir edəcək qədər əhəmiyyətli sayda olmalıdır. Bu əhəmiyyətlilik tələbi soyqırımı anlayışını kütləvi xarakterli cinayət kimi müəyyənləşdirməyə kömək edir və Soyqırımı Konvensiyasının məqsədlərindən biri olan bütöv insan qruplarının məhv edilməsinin qarşısını almağa xidmət edir. 6 Aşağıdakı hissələrdə soyqırımı elementlərini müzakirə etdikdən sonra onun xüsusi niyyəti haqqında ayrıca yazacağam.

(a) Qrup üzvlərinin öldürülməsi

Öldürmə hərəkəti bir insanın həyatına son vermək və ya qəsd etməkdir. Soyqırımı Konvensiyasının 2-ci maddəsinin (a) bəndinə uyğun olaraq, bu hərəkət soyqırımı cinayəti hesab edilir. Buna görə də həmin bəndin tələbləri insanlığa qarşı cinayətlərdəki qətl və müharibə cinayətlərindəki qəsdən öldürmə hərəkəti ilə oxşardır. Soyqırımı cinayətinin baş tutması üçün təkcə öldürmə hərəkətinin olması bəs etmir, bu hərəkətin həm obyektiv (actus reus), həm də subyektiv (mens rea) tərkiblərinin mövcudluğu mütləq nəzərdən keçirilməlidir.

Actus reus qrupun fiziki məhvinə yönəlmiş konkret hərəkət və ya hərəkətsizliyi ifadə edir və bu, qəsdən adam öldürmə, ağır bədən xəsarətləri yetirmə, doğuşların qarşısının alınması kimi əməlləri əhatə edir.7 Mens rea isə qorunan qrupun tamamilə və ya onun əhəmiyyətli bir hissəsinin fiziki olaraq məhv edilməsinə yönələn qəsddir.8 Məsələn, qorunan qrup üzvlərinin məhv edilməsi məqsədinin və ya niyyətinin açıq elan edilməsi, məhv əmrini verən şəxsin və ya icraçının nəticəni nəzərə alaraq hərəkət etməsi. Beləliklə, actus reus faktiki nəticəni, mens rea isə bu nəticəyə yönəlmiş xüsusi məram və ya iradəni əks etdirir.

Faktiki hissə

2023-cü il oktyabrın 7-dən bəri İsrailin Qəzzadakı hərbi hava və quru əməliyyatları nəticəsində 60199 fələstinli öldürülüb: onların arasında 18430 uşaq və 9735 qadın var idi.9 Birinci müharibə ilində Qəzzada orta ömür uzunluğu 75,5 ildən 40,5 ilə düşüb.10 İsrail kəşfiyyatı 2025-ci ilin may ayına qədər təxminən 8900 fələstinli döyüşçünün öldürüldüyünü bildirib – bu göstərir ki, bütün öldürülən fələstinlilərin təxminən 83%-i, hətta İsrailə görə də, mülki şəxslərdir.11 Əməliyyatlar sıx məskunlaşmış şəhər yerlərində geniş ərazini əhatə edən partlayıcı silahların çoxsaylı istifadəsi ilə müşayiət olunub, məhəllələr yerlə-yeksan edilib, yaşayış evləri, mənzillər və xəstəxanalar dəfələrlə bombalanıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yüzlərlə səhiyyə obyektinə hücumu, xəstəxana və təcili yardım maşınlarında birbaşa qətlləri, habelə tibbi xidmətlərin qarşısı alındığından əlavə ölümlərə gətirib çıxaran çoxsaylı hadisələri qeydə alıb.12 Qadınlar və uşaqlar da daxil olmaqla, mülki şəxslər təxliyə marşrutlarında və təyin olunmuş təhlükəsiz zonalarda da öldürülüb, bəzən ağ bayraq tutarkən atəşə tutulublar.13 Bəzi uşaqların snayperlər tərəfindən başlarından vurulduğu bildirilib.14

Komissiya müəyyən edib ki, İsrail qüvvələri kütləvi mülki ölümlərə səbəb olacağı bilinən vasitə və üsullardan qəsdən istifadə edib, qorunan qrupu və obyektləri hədəfə alıb, tibbi yardımı bloklamaq da daxil olmaqla, daha çox ölümlərə səbəb olacağı gözlənilən şərait yaradıb.15 Məhz bu əməllər Soyqırımı Konvensiyasının 2-ci maddəsinin (a) bəndi üzrə həm actus reus, həm də mens rea xüsusiyyətlərini özündə birləşdirir.

(b) Qrup üzvlərinə ağır bədən və ya psixoloji zərər vurulması

Soyqırımı Konvensiyasının 2-ci maddəsinin (b) bəndinə əsasən, ağır bədən və ya psixoloji zərər vurma deyəndə aşağıdakılardan ən azı biri nəzərdə tutulur:

  • b1) Ölümlə nəticələnməyən ağır fiziki xəsarətlər (məsələn, orqan zədəsi, bədən üzvlərinin itirilməsi);
  • b2) Zehni qabiliyyətlərin ciddi şəkildə pozulması (məsələn, qorxutma, dərin psixoloji travma).

Hər iki halda vurulan zərər o qədər ciddi və ağır olmalıdır ki, qrupun fiziki və ya bioloji məhvinə (tam və ya qismən) səbəb olsun, yaxud belə bir məhvin baş verməsi ehtimalını real şəkildə yüksəltsin. 16

Faktiki hissə

BMT-nin müvafiq institutları və peyk üzərindən qiymətləndirmələr Qəzzada böyük struktur dağıntıları və təxminən 50,8 milyon ton dağıntının olduğunu aşkarlayıb. Toz, asbest, ağır metallar, tibbi/sənaye tullantıları və partlamamış hərbi sursat uzunmüddətli tənəffüs və xərçəng riskləri yaradır, mövcud xəsarətləri ağırlaşdırır və həyat şəraitini pisləşdirir.17 Bundan əlavə, evlərə, sığınacaqlara və səhiyyə müəssisələrinə geniş hücumlar yerli əhalidə ömürlük nəticələr doğuran xəsarətlərə səbəb olub (beyin travması, daxili orqan zədələri və s.). Tibb işçilərinin ifadələrində snayper güllələri ilə yaralanan uşaqlar, məktəbə hücum zamanı hər iki ayağını itirən üç yaşlı uşaq, çoxsaylı pediatrik amputasiyalar qeydə alınıb.18 1,9 milyondan çox insan dəfələrlə (bəzən 6 dəfədən çox) yurdundan didərgin salınıb.19 Həddindən artıq sıxlıq, həmçinin aclıq, su çatışmazlığı, gigiyena problemləri və tibbi xidmətə çıxışın bloklanması yerli əhali arasında ciddi fiziki və psixoloji zərərlərə səbəb olub.

İsrailli hərbçilər tərəfindən Qəzza türmələrində və təcridxanalarında saxlanılan şəxslər də sistemli zorakılığa məruz qalıblar. Məcburi çılpaqlaşdırma, gözlərin bağlanması, uzun müddət zəncirlənmə, stress vəziyyətləri, immobil vəziyyətdə döyülmə, it hücumları, temperaturun dəyişməsi, elektrik cərəyanı, gigiyenadan məhrumetmə hallarının, həmçinin yoxa çıxma təhdidlərinin baş verdiyi aşkar edilib.20 Uşaqlar böyüklərlə birlikdə saxlanılmış, zəncirlənmiş, it hücumuna məruz qalmış, təcrid olunmuş və ağır fiziki və psixoloji travma ilə sonradan azad edilmişlər.21

Habelə kişi və qadınlara qarşı çoxsaylı müəssisələrdə zorlanma, cinsiyyət orqanına hücum, alçaldıcı axtarışlar, qadınların məcburi ictimai soyundurulması, foto/video çəkilişlərinin internetdə yayılması halları sənədləşdirilib.22 Reproduktiv zərərlərə gəldikdə isə doğum evləri infrastrukturuna sistemli hücumlar, süni mayalanma materiallarının məhv edilməsi ağır fiziki və zehni zərərlərə, dərin kədərə, PTSD-yə və reproduktiv hüquqların uzunmüddətli pozulmasına səbəb olub.23

Sonda Komissiyanın gəldiyi rəyə görə, İsrail dövlətinin Qəzzadakı hərbi əməliyyatları vaxtı yerli fələstinlilərə qarşı sistematik və qəsdən fiziki və psixoloji zərər vurulub. Məhz bu hərəkətlər Soyqırımı Konvensiyasının 2-ci maddəsinin (b) bəndində göstərilən “qrup üzvlərinə ciddi fiziki və psixoloji zərər vurma” meyarına tam cavab verir və həm actus reus, həm də mens rea xüsusiyyətlərinin mövcudluğunu göstərir.

c) Qrupun tam və ya qismən fiziki məhvinə gətirib çıxaran həyat şəraitinin qəsdən yaradılması

Bir qrupun fiziki məhvinə səbəb olmaq məqsədilə onun həyat şəraitini qəsdən dözülməz hala gətirmək, bu hərəkətin dərhal və ya faktiki olaraq həmin qrupun üzvlərinin ölümünə gətirib çıxarmasını zəruri etmir, ancaq bu hərəkət tam və ya qismən həmin qrupun məhv edilməsinə yönəlmə hesab edilir.24 Bu kateqoriyaya daxil olan soyqırımı əməllərinə zorlama və cinsi zorakılıq, insanların qəsdən yemək və sudan məhrum edilməsi, tibbi yardım və sığınacaqlara çıxışın qarşısının alınması, evlərin planlı şəkildə dağıdılması və əhalinin zorla başqa yerə köçürülməsi daxildir. 25 Bu cür məhrumiyyət qrupun məhv edilməsinə gətirib çıxarmaq üçün kifayət qədər uzunmüddətli və genişmiqyaslı olmalıdır.26 Cinayət niyyəti aspektindən müəyyən edilməlidir ki, bu hərəkətlər təsadüfi ölüm halları ilə deyil, qrupun fiziki məhvinə yönəlmiş qəsdlə həyata keçirilib. Bundan əlavə, bu niyyət dolayı sübutlar vasitəsilə də müəyyən oluna bilər. Yəni yaradılmış şəraitin obyektiv olaraq qrupun qismən fiziki məhvini qaçılmaz hala gətirməsi həmin qəsdin mövcudluğunu göstərə bilər.27

Faktiki hissə

İsrail hərbi əməliyyatlar zamanı yaşayış məhəllələri, kənd təsərrüfatı torpaqları, çörəkbişirmə sexləri, dəyirmanları, balıqçı qayıqlarını və su infrastrukturunu dağıdaraq Qəzzanın ərzaq sistemini iflic edib.28 2025-ci ilin aprel ayına qədər 258 mindən çox yaşayış evi zədələnib, 70 mindən çoxu isə tamamilə məhv edilib.29 UNESCO mədəni və dini irs obyektlərinin dağıdıldığını təsdiqləyib, məktəblərin 80 faizi və bir neçə universitet xarabalığa çevrilib, bunun nəticəsində 625 mindən çox şagird və tələbə təhsildən və təhlükəsiz sığınacaqdan məhrum olublar.30 Hərbi hücumlar səhiyyə sistemindən də yan keçməyib, yerli xəstəxanalar, eləcə də tibbi heyət sistemli hücumlara məruz qalıblar. ÜST-ün məlumatına görə, 7 oktyabr 2023-cü ildən 30 iyul 2024-cü ilə qədər İsrail Qəzza zolağında səhiyyə müəssisələrinə 498 hücum həyata keçirib və həmin hücumlarda ümumilikdə 747 nəfər həlak olub.31 Xəstəxanalardakı yanacaq və elektrik qıtlığı tibbi avadanlıqları sıradan çıxarıb, doğum, pediatriya və onkologiya xidmətləri mövcudluğunu itirib. Əsas xəstəxanalar ya mühasirəyə alınıb, ya da bombalanıb, nəticədə kütləvi xəstə köçürmələri baş verib və ən azı 1581 tibb işçisi öldürülüb.32 Xəstələr amputasiyaları anesteziyasız keçiriblər, analar sanitariya qaydalarından məhrum sığınacaqlarda doğuş ediblər, xərçəng və xroniki xəstələr isə müalicə çatışmazlığından həlak olublar.33 İshal, hepatit, meningit və tənəffüs yolu infeksiyalarının alovlanması da uşaqların ölümünə səbəb olub.34 Bundan əlavə, hamilə qadınlar qidalanma çatışmazlığı, anemiya və mamalıq yardımından məhrumluq nəticəsində düşüklər, ölü doğuşlar və ömürlük fəsadlarla üzləşiblər. Körpələr və uşaqlar kəskin qidalanma çatışmazlığı, boy inkişafının ləngiməsi, inkişaf pozuntuları və yüksək ölüm halları ilə qarşı-qarşıya qalıblar.35 UNICEF, ÜST və UNFPA minlərlə uşağın dərhal ölüm riski altında olduğunu və təxmini 1,2 milyon uşağın psixososial dəstəyə ehtiyacı olduğunu sənədləşdiriblər.36

Komissiyanın gəldiyi nəticəyə görə, İsrailin həyata keçirdiyi hərbi əməliyyatlar məqsədli və planlı xarakter daşıyıb. Bu əməliyyatlara mülki infrastrukturun genişmiqyaslı bombalanması, fələstinlilərin ərzaq, su, tibbi yardım və sığınacaqdan məhrum edilməsi, humanitar yardımın qarşısının alınması, səhiyyə və təhsil sistemlərinə sistemli hücumlar və məcburi köçürmələr daxildir. Məhz bu hərəkətlər Qəzzadakı fələstinlilərin tam və ya qismən fiziki məhvinə səbəb ola biləcək şəraiti formalaşdırmışdır. Beynəlxalq ictimaiyyətin aclıq və humanitar fəlakət barədə dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq, İsrail dövləti bu siyasəti davam etdirib. Beləliklə, Komissiya bu nəticəyə gəlib ki, iş üzrə toplanılan faktlar Soyqırımı Konvensiyasının 2-ci maddəsinin (c) bəndində nəzərdə tutulan tələblərə uyğundur və həm actus reus, həm də mens rea müəyyən edilmişdir.

Qrup daxilində doğumların qarşısını almaq üçün tədbirlərin həyata keçirilməsi

Bu kateqoriya üzrə actus reusun müəyyən edilməsi üçün Komissiya qeyd edir ki, tətbiq edilən tədbirlər mütləq fiziki xarakter daşımalı deyil, onlar həmçinin psixoloji və ya ictimai xarakterli ola bilər. Məsələn, qrupun üzvləri hədələr, travmalar və ya qanunvericilik və inzibati tədbirlər nəticəsində ailə qurmaqdan və ya uşaq sahibi olmaqdan məhrum edilə, yaxud bu hüquqdan imtina etməyə məcbur edilə bilərlər.37 Komissiyaya görə, mens rea ilə bağlı olaraq isə müəyyən edilməlidir ki, tədbirlər zərərçəkəni uşaq dünyaya gətirmək qabiliyyətindən və imkanından məhrum etmək niyyəti ilə həyata keçirilib.38 Başqa sözlə desək, (d) bəndində nəzərdə tutulan tədbirlərin isbatı üçün qrup daxilində doğumların faktiki olaraq qarşısının alındığını sübut etmək zəruri deyil; tətbiq olunan tədbirlərin məqsədinin doğumların qarşısını almaq olduğunu müəyyən etmək kifayətdir.39

Faktiki hissə

Qəzza zolağında reproduktiv və cinsi xidmətlər göstərən xəstəxanalar da daxil olmaqla, səhiyyə institutlarına olunan hücumlar nəticəsində təxmini 545 min qadın müalicə və müayinə haqqından məhrum olunublar. Şifa xəstəxanası və Nasser tibbi kompleksinın doğum şöbələrinə edilən hücumlar nəticəsində müəssisələr fəalliyətlərini məcburi dayandırmalı olublar.40 Əsasən də Qəzzanın cənub və şimal bölgələrində cinsi və reproduktiv xidmətlər həyata keçirən müəssisələr ya birbaşa hədəfə alınıb, ya da oradakı doğum şöbələri bağlanmağa məcbur edilib.

Ən diqqətçəkən hadisə isə 2023-cü ilin dekabrında baş verib. İsrail ordusu Qəzzanın ən böyük məhsuldarlıq mərkəzi olan Al-Basma süni mayalanma klinikasını atəşə tutub, nəticədə təxminən 4000 embrion və 1000 sperm nümunəsi ilə yumurta məhv edilib. Aylıq minlərlə insana xidmət göstərən klinika iriçaplı mərmi ilə vurulub, hücum azot çənlərinin partlamasına və bütün saxlanılmış reproduktiv materialın məhv edilməsinə səbəb olub. Peyk görüntüləri klinikanın ətrafındakı ərazinin də hərbi əməliyyatlar səbəbindən ciddi zərər gördüyünü ortaya qoyub. ABC xəbər agentliyinə verdiyi müsahibədə İsrail təhlükəsizlik qüvvələrinin nümayəndəsi bu hücumları təkzib edib. Komissiya isə öz növbəsində binanın hərbi məqsədlər üçün istifadə edilməsilə bağlı heç bir etibarlı məlumatı aşkarlamayıb.41 Əksinə Komissiya bu qənaətə gəlib ki, İsrail hökümət orqanları həmin tibbi klinikanın reproduktiv klinika olduğunu bilirdilər və onu məhv etmək niyyətində olublar. Buna görə də Komissiya son nəticəsində bu qərara gəlib ki, Al-Basma süni mayalanma klinikasının məhv edilməsi Qəzzada fələstinlilər arasında doğumların qarşısını almaq məqsədini daşıyıb.42

Nəticədə, Komissiya Soyqırımı Konvensiyasının 2-ci maddəsinin (c) bəndində nəzərdə tutulan qrup daxilində doğuşların qarşısını almağa yönəlmiş tədbirlərin həyata keçirilməsi hərəkətinə dair actus reusmens rea elementlərinin müəyyən olunduğu qənaətinə gəlmişdir.

Soyqırımın xüsusi niyyəti (dolus specialis)

Soyqırımı beynəlxalq hüquqda ən ağır cinayətlərdən biridir və onu törədən şəxslər fərdi cinayət məsuliyyəti daşıyırlar. Fərdi məsuliyyətin müəyyən olunması üçün sübut standartı “ağlabatan şübhədən kənar” xüsusiyyətidir.43 Soyqırımın baş verdiyini aşkarlamaq üçün iki əsas element sübuta yetirilməlidir:

  • 1) Ümumi niyyət (dolus generalis) – qanunsuz əməlin törədilməsi niyyəti;
  • 2) Xüsusi niyyət (dolus specialis) – qorunan bir qrupu tam və ya qismən məhv etmək niyyəti.44

Məhz xüsusi niyyət soyqırımı cinayətini digər beynəlxalq cinayətlərdən (müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər) fərqləndirən əsas elementdir. Bu niyyət fərdi şəxslərə aid edilir, amma həmin şəxslərin davranışları dövlətə aid edilə bilinsə, burada dövlət məsuliyyəti də yarana bilər.

Soyqırımı cinayəti niyyətini müəyyən edərkən iki əsas sübut növü nəzərə alınır:

  • 1) Birbaşa sübutlar (qorunan qrupu məhv etmək niyyətini ifadə edən açıq bəyanatlar, əmrlər və ya göstərişlər).
  • 2) Dolayı sübutlar (davranış nümunələrinin, hadisələrin ardıcıllığının və bütün sübutların məcmusunun təhlili nəticəsində çıxarılan məntiqi nəticələr).45

BƏM-in presedent hüququna istinad etsək, görərik ki, davranış nümunəsi yalnız “qrupun tam və ya qismən məhv edilməsinə yönəlmiş xüsusi niyyətin mövcudluğuna” işarə edirsə, bu, dolus specialis sübutu kimi qəbul edilə bilər.46 Xorvatiya Serbiyaya qarşı işində BƏM qeyd edib ki, xüsusi niyyətin dolayı sübutlarla müəyyən edilməsi üçün həmin əməllərdən ağlabatan şəkildə yalnız bu nəticə çıxarıla bilinməlidir.47 Soyqırımı cinayətində xüsusi niyyətin müəyyən edilməsində isə aşağıdakı meyarlar mütləq nəzərə alınmalıdır:

  • I. Hadisəni törədənlərin davranışları;
  • II. Qorunan qrupa qarşı sistematik və məqsədli hərəkətlərin ümumi konteksti; (eyni qrupa sistemik şəkildə yönəlmiş digər qınanılan əməllərin törədilməsi);48
  • III. Hücumların miqyası, intensivliyi və istifadə olunan vasitələr;
  • IV. Qurbanların sayı və onların müəyyən qrupa mənsubiyyətinə görə seçilməsi;
  • V. Ayrı-seçkilik və alçaldıcı ifadələrin sistematik istifadəsi;
  • VI. Seksual və gender əsaslı zorakılıq, uşaqlara qarşı törədilən əməllər;
  • VII. Mədəni, dini və təhsil obyektlərinə hücumların mövcudluğu.

Yuxarıdakı amillərin birgə təhlili soyqırımı niyyətinin dolayı sübutlarla müəyyən edilməsinə imkan verir. Xüsusi niyyətin sübuta yetirilməsi üçün soyqırımın artıq baş verməsi tələb olunmur, kifayətdir ki, əməllər həmin niyyətə və ya məqsədə yönəlmiş olsun.

Faktiki hissə

Komissiyanın təhlilinə əsasən, 7 oktyabr 2023-cü ildən etibarən İsrail yüksək vəzifəli rəsmiləri, prezident, baş nazir, nazirlər və digər dövlət məmurları fələstinlilərə qarşı qeyri-insani, nifrət dolu və fələstinlilərin məhvinə çağırış edən bəyanatlar səsləndiriblər.49 Bu bəyanatlar tez-tez ‘intiqam’, ‘kollektiv cəza’, və ‘tam məhvetmə’ kimi ifadələrlə müşayiət olunub və sonrakı hərbi əməliyyatlarda əmrlər kimi qəbul edilib.50

Komissiya sənədlərindən görünür ki, Qəzzada həyata keçirilən hərbi əməliyyatlar nəticəsində mülki infrastruktur, səhiyyə, təhsil, yardım və sığınacaqdan məhrum edilmə, humanitar yardımın qarşısının alınması və məcburi köçürmələr fələstinli əhalinin fiziki mövcudluğunu təhlükə altına alan faktorlar olublar. Əlavə olaraq, Komissiya bu kimi hadisələrin fələstinlilərin tarixində, yaxın keçmişində dəfələrlə baş verdiyini nəzərə alaraq vurğulayıb ki, onilliklər ərzində fələstinlilərin yaşadıqları ərazilər işğal olunmuşdur. Həmin ərazilərdə qeyri-rəsmi israilli məskunlaşma prosesi sistemli olaraq aparılıb, bu isə irqi ayrı-seçkilik və apartheid elementləri daşıyan bir ideologiyaya əsaslanaraq həyata keçirilib.51

Beləliklə, nəzəri və faktiki sübutların birgə təhlili göstərir ki, soyqırımı niyyətinin mövcudluğunu müəyyən etmək üçün həm birbaşa bəyanatlar, həm də əməli davranış nümunələri əsas götürülməlidir. Komissiyanın qənaətinə görə, İsrail dövlətinin Qəzzadakı əməliyyatları qorunan qrup olan fələstinlilərin tam və ya qismən məhv edilməsinə yönəlmiş xüsusi niyyətin mövcudluğunu göstərən sübutlar kimi qəbul edilə bilər.

Nəticə

Komissiyanın təhlilinin nəticələri göstərir ki, soyqırımın tərkib hissəsi sayılan əməllər, yəni fələstinlilərin öldürülməsi, onlara ağır fiziki və psixoloji zərər yetirilməsi, onların həyat şəraitinin qəsdən dözülməz hala salınması və uşaq doğumlarının qarşısını almağa yönəlmiş hərəkətlər Komissiyanın topladığı sübutlarla üst-üstə düşür. Bundan əlavə, bu hərəkətlərin ardıcıllığı və sistemik xarakteri, çoxsaylı mülki əhalinin məqsədli şəkildə hədəfə alınması, həmçinin İsrail dövlətinin yüksək səviyyəli rəsmilərinin ritorikası xüsusi niyyət, yəni qorunan qrupun tam və ya qismən məhv edilməsinə yönəlmiş niyyətin mövcudluğuna dair tutarlı göstəricilər təqdim edir.

Qəzzada baş verənlər təkcə hərbi əməliyyatların nəticəsi və ya təsadüfi mülki itkilərlə izah oluna bilməz. Mövcud faktlar və müşahidələr göstərir ki, bu hadisələr yerli fələstinli əhalinin fiziki və bioloji mövcudluğuna ciddi təhlükə yaradan, sistematik və məqsədyönlü xarakter daşıyan zorakılıq aktları ilə müşayiət olunur. Bu baxımdan, Qəzzadakı hadisələrin hüquqi qiymətləndirilməsi zamanı soyqırımı əlamətlərinə aid sübutların diqqətlə nəzərdən keçirilməsi zəruridir. Beynəlxalq ictimaiyyət bu vəziyyətə adekvat reaksiya verməli, beynəlxalq hüququn aliliyinin təmin olunması və mümkün cinayətlərin araşdırılması üçün müvafiq mexanizmləri işə salmalıdır.

Qeyd və istinadlar

  1. UN, Human Rights Council Sixtieth session Legal analysis of the conduct of Israel in Gaza pursuant to the Convention on the Prevention and Punishment of the Crime of Genocide, 16 September 2025, available at: https://www.ohchr.org/en/press-releases/2025/09/israel-has-committed-genocide-gaza-strip-un-commission-finds
  2. 2022-ci ilin aprelinə qədər.
  3. Jan Wouters and Sten Verhoeven, Institute for International Law, The Prohibition of Genocide as a Norm of Ius Cogens and Its Implications for the Enforcement of the Law of Genocide, January 2005, page 6
  4. Genocide Convention, art. 2 and Rome Statute, art. 6
  5. Françoise Bouchet-Saulnier, The Practical guide to Humanitarian Law, December 2013, available at: https://guide-humanitarian-law.org/content/index/
  6. UN, International Tribunal for the Prosecution of Persons Responsible for Serious Violations of International Humanitarian Law Committed in the Territory of the Former Yugoslavia, Prosecutor v. Radislav Krsti case, The Definition of the Part of the Group, paras.8-10
  7. ICTY, Prosecutor v. Radovan Karadžić, IT-95-5/18-T, Public Redacted Version of Judgement Issued on 24 March 2016, 24 March 2016, para. 446
  8. ICJ, Application of the Convention on the Prevention and Punishment of the Crime of Genocide (Croatia v. Serbia), Judgment, I.C.J. Reports 2015, p.3, 3 February 2015, para. 156
  9. United Nations Office for the Coordination of the Humanitarian Aid, Humanitarian Situation Update #311, Gaza Strip, August, 2025, available at: https://www.ochaopt.org/content/humanitarian-situation-update-311-gaza-strip
  10. Guillot, M., Draidi, M., Cetorelli, V., Monteiro Da Silva, J. H. C., and Lubbad, I., Life expectancy losses in the Gaza Strip during the period October 2023, to September 2024, Lancet 2025; 405: 478–85, pp. 482, 484.
  11. The Guardian, E.Graham Harrison and Yuval Abraham, “Revealed: Israeli militay’s own data indicates civilian death rate of 83% in Gaza war”, August 2025, available at: https://www.theguardian.com/world/ng-interactive/2025/aug/21/revealed-israeli-militarys-own-data-indicates-civilian-death-rate-of-83-in-gaza-war
  12. WHO, “oPt Emergency Situation Update, Issue 38, 7 Oct 2023–29 July 2024 at 16:00”, 29 July 2024.
  13. A/HRC/56/CRP.4, para. 428
  14. A/HRC/56/CRP.4, paras. 130 and 213
  15. A/HRC/56/CRP.4, para. 462
  16. İşgəncə, insanlığa zidd və ya alçaldıcı rəftar, habelə zorlamalar və digər seksual zorakılıqlar nümunəvi hallardır. Actus reus daimi və ya sağalmaz xəsarət tələb etmir, mens rea isə icraçının qəsdən bu zərəri yetirməsini tələb edir.
  17. Gaza Stip: Preliminary debris management scenarios: Damage Assessment analysis, 1 December 2024, https://wedocs.unep.org/20.500.11822/46833
  18. The United nations Office, Press briefing by the UN information service, December 2023, available at: https://www.ungeneva.org/en/news-media/bi-weekly-briefing/2023/12/press-briefing-united-nations-information-service
  19. United Nations Relief and Work agency of Palestine refugees in the Near East, (UNRWA) Situation Report #177 On the humanitarian crisis in the Gaza strip and the West Bank, including east Jerusalem, June 2025, available at: https://www.unrwa.org/resources/reports/unrwa-situation-report-177-situation-gaza-strip-and-west-bank-including-east-jerusalem
  20. A/79/232, para. 48.
  21. A/79/232, para. 59.
  22. A/HRC/56/CRP.4, paras. 381 and 383.
  23. A-HRC-58-CRP-6. See further below, ‘Imposing measures intended to prevent births within the group’.
  24. ICTR, Prosecutor v. Jean-Paul Akayesu, ICTR-96-4-T, Judgement, 2 September 1998, para. 505
  25. ICJ, Application of the Convention on the Prevention and Punishment of the Crime of Genocide (Croatia v. Serbia), Judgment, I.C.J. Reports 2015, p.3, 3 February 2015, para. 161; ICTR, Prosecutor v. Georges Rutaganda, ICTR-97-20-T, Judgement, 6 December 1999, para. 52; Prosecutor v. Clément Kayishema et al., ICTR-95-1-T, Judgement, 21 May 1999, para.116
  26. ICTR, Prosecutor v. Clément Kayishema et al., ICTR-95-1-T, Judgement, 21 May 1999, para. 548
  27. ICTY, Prosecutor v. Radovan Karadžić, IT-95-5/18-T, Public Redacted Version of Judgement Issued on 24 March 2016, para. 548
  28. A/HRC/56/CRP.4, para. 227
  29. UNOSAT, Gaza Strip Comprehensive Building and Housing Unit Damage Assessment, 20 March 2024, para 132
  30. International Labour Organization, The situation of Workers of the occupied Arab territories, 2024, page 59
  31. WHO, “oPt Emergency Situation Update, Issue 38, 7 Oct 2023–29 July 2024 at 16:00”, 29 July 2024.
  32. Palestinian Centre for Human Rights, Press release: “Israeli strike targets and kills journalists Esleih while receiving treatment at Nasser Medical complex”, May 2025, available at: https://pchrgaza.org/israeli-strike-targets-and-kills-journalist-esleih-while-receiving-treatment-at-nasser-medical-complex/
  33. A/79/232, para. 24.
  34. UNICEF, Press release: “Barely a drop to drink: Childeren in the Gza Strip do not access 90 percent of their normal water use”, December 2023, available at: https://www.unicef.org/press-releases/barely-drop-drink-children-gaza-strip-do-not-access-90-cent-their-normal-water-use
  35. Dr. Saladin Sawan’s testimony, https://www.youtube.com/watch?v=tMFCLM_dY3M
  36. UNICEF, Humanitarian Action for Children 2024, State of Palestine, Revision 3, Juen 2024, https://reliefweb.int/report/occupied-palestinian-territory/humanitarian-action-children-2024-state-palestine-revision-3-june-2024
  37. ICTR, Prosecutor v. Jean-Paul Akayesu, ICTR-96-4-T, Judgement, 2 September 1998, para. 508; Prosecutor v. Clément Kayishema et al., ICTR-95-1-T, Judgement, 21 May 1999, para. 117.
  38. Mettraux, G., International Crimes: Law and Practice (Volume II: Crimes Against Humanity), Oxford University Press, 1st edition, 2020, p. 279
  39. Mettraux, G., International Crimes: Law and Practice (Volume I: Genocide), Oxford University Press, 1st edition, 2019, p. 280
  40. A/HRC/58/CRP.6, paras. 39-40
  41. A/HRC/58/CRP.6, para. 42
  42. A/HRC/58/CRP.6, para. 175
  43. ICJ, Application of the Convention on the Prevention and Punishment of the Crime of Genocide (Bosnia and Herzegovina v. Serbia and Montenegro), Judgment, I.C.J. Reports 2007, p. 43, 26 February 2007, para. 209
  44. ICTR, Prosecutor v. Georges Rutaganda, ICTR-97-20-T, Judgement, 6 December 1999, para. 59; Prosecutor v. Jean-Paul Akayesu, ICTR-96-4-T, Judgement, 2 September 1998, para. 122 and ICTY, Prosecutor v. Ratko Mladić, IT-09-92-T, Judgment (volume 3), 22 November 2017, para. 3435
  45. Blake Van Santen, Searching for a plan: Demonstrating genocidal intent before the ICJ, page 157
  46. ICTY, Prosecutor v. Vujadin Popović et al., IT-05-88-T, Judgement, 10 June 2010, para. 833
  47. ICJ, Application of the Convention on the Prevention and Punishment of the Crime of Genocide (Croatia v. Serbia), Judgment, I.C.J. Reports 2015, p.3, 3 February 2015, para. 148
  48. Burada ‘Qınanılan əməl’ elə bir hətəkətdir ki, özü-özlüyündə soyqırımı cinayətinin tərkib hissəsini təşkil etmir, lakin hadisəni törədənlərin soyqırım niyyətini müəyyən etmək üçün sübut kimi istifadə oluna bilər. Məsələn, Soyqırımı Konvensiyasına görə, məcburi köçürmə soyqırımın qadağan olunmuş əsas hərəkətlərindən biri sayılmasa da, həmin hərəkəti törədənlərin soyqırım niyyətini qiymətləndirərkən sübut kimi nəzərə alına bilər, çünki bu hərəkət sistematik şəkildə eyni qrupa qarşı yönəldilmişdir.
  49. Human Rights Watch, https://www.hrw.org/report/2024/12/19/extermination-and-acts-genocide/israel-deliberately-depriving-palestinians-gaza
  50. A/HRC/56/CRP.4, para. 24
  51. ICJ, Legal Consequences arising from the Policies and Practices of Israel in the Occupied Palestinian Territory, including East Jerusalem, Advisory Opinion, 19 July 2024, paras. 225-229
Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.