fbpx

TƏRCÜMƏ

TƏRCÜMƏ

Con E. Vuds: Ağqoyunlu – Tayfa, Konfederasiya, İmperiya

Read this article on other language
Download article
image_pdf
image_pdf

Sovet dövründə Azərbaycan cəmiyyətini, xüsusilə də ziyalıları milli tarixin saxtalaşdırılması ciddi narahat edirdi. Düşünmək olardı ki, müstəqillik əldə etdikdən sonra tarixçilərimiz saxtalaşdırılmış tariximizə yeni baxış formalaşdıracaqlar. Təəssüf ki, otuz ildən artıq müstəqillik dövründə Azərbaycanın qədim və orta əsr tarixinə dair suallara mükəmməl cavab tapmaq mümkün olmamışdır, əksinə tarixin müxtəlif istiqamətlərdə saxtalaşdırılması davam etmişdir. Bunun bir sıra ciddi səbəbləri var; bu səbəblərdən biri tarixi problemləri araşdırmağa qadir mütəxəssislərin olmamasıdır. Müasir Azərbaycan Respublikasının ərazisi tarixin müxtəlif mərhələlərində müxtəlif dövlət və imperiyaların tərkib hissəsi olub. Məhz bu səbəbdən Azərbaycan tarixini təkcə milli tarixçilər deyil, dünya tarixşünaslığı da araşdırıb. Müasir Azərbaycan tarixşünaslığında cavabsız qalmış bir sıra suallara dünya tarixşünaslığında cavab tapmaq olar. Bu məqsədlə Azərbaycan tarixinə aid tədqiqatların silsilə tərcüməsini oxuculara təqdim etmək qərarına gəldik.

 

İlk seçimimiz Azərbaycan xalqının milli qürur yeri hesab edilən Səfəvi dövlətinin sosial-siyasi bazasının əsası hesab edilən Ağqoyunlu dövləti oldu. Ağqoyunlu dövlətinin tarixinə aid ilk və hələlik yeganə fundamental tədqiqat işi amerikalı tarixçi Con Vudsa məxsusdur. Əsər ilk dəfə 1974-cü ildə doktorluq dissertasiyası kimi Prinston Universitetinin Yaxın Şərq Tədqiqatları şöbəsinə təqdim edilmşdir. Bu əsəri yazarkən tarixçi fars, ərəb və türk dillərində minə yaxın yazılı mənbələrdən stifadə etmiş, Ağqoyunlu dövlətinin sosial-siyasi strukturunu, mədəni çiçəklənməsi və süqutunu şərtləndirən amilləri təhlil etmişdir.

Qeyd edək ki, oxuculara burada kitabın Yuta universiteti nəşriyyatının çap etdiyi yenilənmiş və genişləndirilmiş ikinci nəşrinin tərcüməsi təqdim olunur. Bakı Araşdırmalar İnstitutu bu tərcüməni həm müəllifin, həm Yuta universiteti nəşriyyatının icazəsi ilə yayır.

Tarix Elmləri Doktoru Şəlalə Məmmədova

3 (1)

BÖYÜK VƏTƏNDAŞ MÜHARİBƏSİ

Bir gün İrgil Xacə Gün Xana dedi: “Oğuz cənubda çoxlu şahlıqları tabe etmiş, çoxlu sayda var-dövlət və mal-qara toplamış böyük hökmdar idi, bunların hamısı indi sizlərindir. Allah səni, hər birinin dörd oğlu olan beş qardaşını, sizin iyirmi dördünüzün hamısını qorusun. Onlar arasında kiçicik bir nifaq yaranmaması, hər kəsin öz yerini tanıması üçün hər birinin özünəməxsus mövqeyinin, vəzifəsinin və rütbəsinin, hər birinin xüsusi tamğasının, nişanəsinin olması məsləhətdir. Bu, sizin dövlətinizə dinclik gətirəcək və ailənizin xoş adı qorunacaq.”

                                                                   Rəşidəddin, Oğuznamə

 

1435-ci ilin payızı-qış aylarının əvvəlində/839-cu ilin səfər-cəmadiyəlaxır ayında Qara Osmanın ölümündən dərhal sonra onun varisi olan oğlu Əlinin taxta çıxdığını təsdiqləyən, Amiddə hazırlanmış erməni mənbəsinin üz qabığında yazılırdı: “Qoy Allah düşmənləri üzərində ona zəfər çalmağı nəsib etsin.”[i] Xarici düşmənləri İsgəndər Qaraqoyunlu və əl-Əşrəf Barsbaydan başqa həm də Ağqoyunlu hakim tayfasına daxil olan yardımçı tayfalar və Qara Osmanilərin özündən olan iddiaçılar kimi daxili düşmənlərlə qarşı-qarşıya durmuş Əlinin həqiqətən də ilahi bir qüvvənin dəstəyinə ehtiyacı var idi. Əlinin hakim tayfanın rəhbərləri arasında hakimiyyətini bərqərar etmək cəhdinin uğursuzluğa düçar olması ona Ərməniyənin yaylaqlarında, Diyarbəkirin qışlaqlarında olan tayfaların başçılarını öz rəhbərliyi altında birləşdirərək bütöv köç şəbəkəsini vahid siyasi hakimiyyət altına gətirmək imkanı vermədi. Əlinin uğursuzluğa düçar olmasında qeyri-adi bir şey yox idi. Qara Osmanın ölümündən sonra iyirmi il davam etmiş dörd mərhələdən ibarət ikinci vətəndaş müharibəsi dövründə hakim mövqeyə iddialı olan ən azı on bir namizəd Teymuri, Məmlük, Osmanlı və hətta Qaraqoyunlu kimi xarici qüvvələrin dəstəyi ilə Ağqoyunlu konfederasiyasını yenidən birləşdirməyə cəhd göstərmişdi. Başqa bir nöqteyi-nəzərdən Ağqoyunlu tarixində çətin mərhələ olan bu dövrə əslində Əlinin oğlu Uzun Həsən kimi yeni nəsil xarizmatik liderlərin hakimiyyətə gəlməsi üçün formalaşma dövrü kimi də baxmaq olar. Uzun Həsənin 1457/861-ci ildə Dəclə üzərində möhtəşəm qələbəsi həm ittifaqın yenidən birləşməsi, həm də hakim Bayandur tayfasının yeni hakimiyyətinin formalaşması kimi qiymətləndirilə bilər.

                                   

III/1                              IV/2                                                V/3

Əsas rəqiblərin adı kursivlə, mülklər böyük hərflərlə yazılıb

Təsvir 8. İkinci və ya Böyük vətəndaş müharibəsi

                                   

ƏLİNİN ƏVƏZEDİCİ ƏMİRLİYİ

Böyük vətəndaş müharibəsinin ilk mərhələsi Birinci vətəndaş müharibəsi dövründə varislikdən uzaqlaşdırılmış Bayandur tayfasının köməkçi Əhmədi xanədanının üzvlərinin otuz-üç il hakimiyyəti qəsb etmiş Qara Osmanın dövründə baş vermiş səhvi düzəltmək və Turəlilərin hakimiyyəti altında onlara məxsus olmuş hakimiyyət hüququnu bərpa etmək cəhdi ilə başlayır. Pirəli xanədanının üzvləri tərəfindən dəstəklənən Qılıc Aslan bin Əhməd Qara Osmanın İsgəndər Qaraqoyunlu tərəfindən məğlubiyyətə uğradılmasından dərhal sonra Ərzurumu işğal etməyə cəhd göstərir, lakin şəhər sakinləri tərəfindən geriyə otuzdurulur. İlk iddiasında məğlubiyyətə uğrayan Qılıc Aslan geriyə, Paludakı mülkünə çəkilir, Əlini tanımaqdan imtina edərək Qara Osmaniləri Ağqoyunlu əmirliyindən uzaqlaşdıracağına söz vermiş İsgəndər Qaraqoyunlu ilə danışıqlara başlayır.[ii] 

Qara Osmanilərdən Məhəmməd (sonralar Kor Məhəmməd kimi tanınacaq), Mahmud, Əli və Əlinin oğlu Cahangir Tərcan yaxınlığında zadəganların böyük şurasını toplayıb Qara Osmanın seçiminə hörmət əlaməti olaraq Əlini varis elan edirlər. Lakin Əlinin seçkisində İsgəndər Qaraqoyunlu ilə münaqişə zamanı Mardində olmuş Həmzə və yaxud Kemah və Ərzincan kimi mühüm şəhərləri idarə edən və bu səbəbdən də Ərməniyədəki geniş yaylaqlara sahib olan Yaqub və oğlu Cəfər Qara Osmani kimi bəzi güclü nümayəndələr iştirak etmir. Belə məlum olur ki, şurada konfederasiyaya daxil olan tayfalar da təmsil olunmamışdılar. Əlinin sülalə imtiyazlarına tələsik yiyələnmək cəhdi onun həm tayfa əməkdaşlığı, həm də konfederasiya dəstəyindən məhrum olunması və sonunda sözün əsl mənasında Ağqoyunlu torpaqlarından qovulması ilə nəticələnən bir sıra ciddi səhvlərindən yalnız biri idi.

Əli olduqca zəif hakimiyyətinin tanınması üçün qərbdə Tərcandan İsgəndər Qaraqoyunlunu təqib edən Teymuri qoşunlarının sərkərdəsi Şahruxun oğlu Məhəmməd Cukinin  düşərgəsinin yerləşdiyi Ərzuruma qədər yol keçir. Burada Şahruxinin rəhbərliyi altında Əli, Şeyx Həsən, Yaqub və Cəfər Qara Osmanilərin və Pirəli xanədanının nümayəndəsi Nurəlinin iştirakı ilə ikinci məclis toplanılır. Lakin bu məclisdə qəbul edilən qərar daha heyrətamiz olur. Hər zaman Qara Osmani/Uzun Həsənilərin mövqeyini dəstəklədiyi qeyd olunan tarixçi Tehrani-İsfahani yazır ki, Məhəmməd Cuki Əlinin Qara Osman tərəfindən Ağqoyunlu hökmdarı təyin edilməsi haqqında qərarını dəstəkləyir və onu Diyarbəkirin hakimi təyin edir. Bundan başqa Əlinin böyük qardaşı Yaquba Teymuri hədiyyəsi olaraq Qara Osmanın 1429/832-ci ildə işğal etdiyi Ərzincan şəhəri verilir.[iii] İki qardaş arasındakı münasibətlər haqqında heç bir məlumatımız yoxdur, lakin, görünür, növbəti il Nurəli bin Pirəli Çemişgəzəkdə Əlinin hakimiyyətini tanıyır.[iv] İdris Bidlisi isə əksinə yazır ki, əslində Məhəmməd Cuki Yaqubu Ağqoyunluların hökmdarı kimi tanıyır və Qara Osmanilərin mülklərini iki qardaşın, böyük qardaş Yaqub ilə varis elan edilən Əli arasında  qəti şəkildə bölür.[v] Birgə hakimiyyətin mövcud olduğu siyasi qurumlar üçün daimi hal olan mülkiyyətin bu cür bölüşdürülməsi həm Qara Osmani mülkiyyət sistemi, həm də Teymurilərin Anadolu təcrübəsində özünü biruzə verirdi. Bu bölgü Yaqub və Əli, sonralar isə onların oğulları Cəfər və Cahangir arasında Ərməniyə və Diyarbəkir üzərində hakimiyyətlərini bərqərar etmək uğrunda gedən mübarizədə aydın şəkildə əks olunur. İkinci şura bitdikdən sonra Şahruxilərlə Ağqoyunlu hakim qolunun əlaqələrini daha da möhkəmlətmək məqsədi ilə Məhəmməd Cuki ilə Qara Osmanın qızı Xanım arasında nikah bağlanılır. Şahrux bu ittifaqdan olduqca məmnun qalır[vi], deyilənə görə, əl-Əşrəf Barsbay isə bundan olduqca təlaşlanaraq Ağqoyunlular üzərinə daha bir yürüş planlaşdırmağa başlayır.[vii]

Ən azından Ağqoyunluların qışlaq mülkləri üzərində hakimiyyətini bərqərar etməyə müyəssər olmuş Əli diqqətini Məhəmməd və Mahmuddan sonra Qara Osmanın xanımlarından biri və inzibati idarə aparatının bir neçə üzvü tərəfindən xəyanətə uğradığı Diyarrəbiyədəki qardaşı Həmzə tərəfindən yaradılmış təhdidlərə yönəltməli olur. Saray və bürokratik aparatdan başqa Həmzəni qış aylarında Diyarrəbiyə və Barriyanın düzlərindən yay aylarında Amidin cənub-qərbində yerləşən Qaraca Dağın yamaclarına aparan köç yollarından az istifadə edən güclü Purnak tayfası və konfederasiyanın digər köçəri tayfaları da dəstəkləyirdi.[viii] Əslində Həmzə məhz bu köçəri tayfaların hərbi elitasının köməyi ilə 1435/839-cu ildə atasının ölümündən sonra paytaxtın təhlükəsizliyini təmin edə bilmişdi, Məhəmməd Cukinin düşərgəsindəki ikinci məclisdən sonra isə şəhərə nəzarət Əliyə təhvil verilmişdi. Həmzənin Turəlilərin hakimiyyəti dövründə Qara Osmanın mülkü olmuş Erqanini ələ keçirmək cəhdinin qarşısı Əlinin oğlu Cahangir tərəfindən alınmışdı. 1436-cı ilin yazında/639-cu ilin ramazan-zilqədə ayında Əli müvəqqəti olaraq Ağqoyunluların qışlaqlarını öz nəzarətinə keçirdi. Bundan sonra o, əsas diqqətini atasının Məmlük düşməninə yönəldə bilərdi.

Məmlük sultanı əl-Əşrəf Barsbayın qəzəbini yatırtmaq üçün Əli oğlu Hüseyni diplomatik missiyanın başında Qahirəyə yollayır. Əl-Əşrəf Barsbayın isə sakitləşmək niyyəti yox idi. O, Hüseyni həbsə atdırır, sərhədyanı zonadakı Diyarmudarda yerləşdirilmiş Dögər türkmənlərə Amiddəki Əlinin üzərinə hücum etmək əmri verir. Ağqoyunlular Cahangirin rəhbərliyi altında Mosullu və Əmirli tayfaları da daxil olmaqla işğalçıları Amid yaxınlığında qarşıladılar. Lakin daha yaxşı təşkil olunmuş və silahlanmış Dögər qüvvələri onları məğlubiyyətə uğratdı. Bu döyüşdə Ağqoyunlu qüvvələri böyük itki verdi, Cahangirin özü isə əsir düşdü. Əlinin iki oğlunu, Hüseyn və Cahangiri əsir götürmüş əl-Əşrəf Barsbay indi Ağqoyunlu rəhbərindən ciddi güzəştlər gözləyirdi.[ix]

Əlinin əsir düşmüş oğullarının yasını tutmaq və ya Amidin yaxınlığında uğradığı hərbi uğursuzluğun əvəzini çıxmaq üçün vaxtı yox idi, 1436-cı il yayın ortalarında/840-cı ilin əvvəllərində Ağqoyunluların xəyali birliyi Osmanlı torpaqlarındakı sığınacağından qayıtmış İsgəndər Qaraqoyunlunun hücumu ilə yenidən sınağa çəkildi. İsgəndərin hücumunun qarşısını almaq məqsədi ilə Qara Osmanilərdən Əli, Yaqub, Şeyx Həsən, Mahmud və Məhəmmədin (o dövrdə yəqin ki, Əlini dəstəkləyirdilər)[x], Pirəlilərdən Piltanın iştirakı ilə Harput düzündə zadəganlar məclisi toplandı. Artıq qeyd edildiyi kimi, Əhmədilərin nümayəndəsi Qılıc Aslan Qaraqoyunluların tərəfinə keçdiyindən bu məclisdə iştirak etməmişdi. Məclisdə ümumi düşmən olan Qaraqoyunlulara qarşı müdafiə olunmaq üçün ilk növbədə daxili çəkişmələrin dayandırılması qərara alınır. Bu məqsədlə Əlinin on bir yaşlı oğlu Uzun Həsən Həmzənin cənubdakı işğalları haqqında məlumat əldə etmək üçün göndərilir, əsas qüvvələr isə Ərzincana, tabe olmaq istəməyən Cəfər bin Yaqubun yanına yola düşür. Ağqoyunlu əmirliyinə şəxsən iddialı olan Cəfər qohumlarının Ərzincana daxil olmasına icazə vermir, lakin əmisi Şeyx Həsənlə danışığa razılıq verir. Qardaşı oğlunun iddialarından istifadə edən Şeyx Həsən Cəfərə deyir: “Böyük qardaşımız Yaqubun sultanlığa heç bir iddiası yoxdur. Sən böyük oğulsan və adət-ənənələrimizə görə hakimiyyət qanunla sənə düşür. Biz səni dəstəkləyəcək və sənə yardım edəcəyik.”[xi]

Ağqoyunlu tarixşünaslığında sülalə nəzəriyyəsinə yeganə mühüm istinad olan bu bəyanat təəssüf ki, olduqca dolaşıqdır. Əgər Şeyx Həsən Türk-Monqol dövlətlərində ümumi olan ağsaqqallıq prinsipinə işarə edirdisə, onda Qara Osmanın bütün oğullarından böyük olan Yaqub, ondan sonra isə əmilərindən böyük olan oğlu Cəfər Qara Osmanilərin böyüyü olmalı idi. Burada irəli sürülən təklif doğru olsa da bu təklifin mümkünlüyünü yoxlamaq üçün lazım olan tarixi illəri müəyyənləşdirmək asan deyil. Şeyx Həsənin sözlərini təhlil etsək, onun irəli sürə biləcəyi istənilən prinsipin varislik siyasəti üçün əhəmiyyətli olmayacağını görə bilərik. Şeyx Həsənin sözlərindən təsirlənən Cəfər şəhər kənarına çıxar-çıxmaz həbs edilir. Onun şəxsi mülkü Bayburtun Əhmədi hakimi Qutluya verilir, Yaqubun özü isə qısa müddətli mühasirədən sonra Ərzincanı geri ala bilir. İsgəndər Qaraqoyunlu isə Qara Osmanın oğulları və nəvələri arasında baş verən bu çəkişmələrdən lazımi qədər yararlanır. Qılıc Aslandan başqa Əhmədilərin digər nümayəndələrinin dəstəyini alan, Pirəlilərdən Piltanın oğlunu əsir götürərək ona təzyiq göstərən İsgəndər Qaraqoyunlu Ağqoyunluların sərhəd şəhəri olan Harputu mühasirəyə alır. Qara Osmanilərin elit məclisi yeni təhdidlə mübarizə üçün yenidən toplanır, lakin bu dəfə Yaqub Əlini dəstəkləməkdən qəti şəkildə imtina edir. Konfederasiyaya daxil olan tayfalar da iddiaçılar arasında parçalanırlar. Yalnız cangüdənlərin ümidinə qalmış Əli Qaraqoyunluların hücumları qarşısında tab gətirə bilmir və paytaxtı Amiddə məğlubiyyətə uğrayır. Əlinin zəif hakimiyyəti İsgəndərə Ərməniyə üzərinə hücum edərək iki il öncə Qara Osman tərəfindən işğal edilən Ərzurumu yenidən ələ keçirmək imkanı verir. Əlinin mövqeyinin etibarlı olmaması Qara Osmanilərin ikinci nəslinə məxsus bərabər səviyyəli nümayəndələr arasındakı münaqişə zamanı bu Ağqoyunlu liderinin daxili və xarici siyasətinin həm konfederasiya, həm də hakim nəsil tərəfindən təsdiqinə ehtiyacı olduğunu göstərən daha bir dəlil idi.

Şimalda mövqeyi ciddi şəkildə sarsılan Əli oğulları Hüseyn və Cahangiri həbsdən azad etmək və cənub sərhədlərinin təhlükəsizliyini təmin etmək məqsədi ilə əl-Əşrəf Barsbayla danışıqlara girir. Məmlük sultanı Əlinin oğullarını azad etməyə və onun Amiddə hakimiyyətini tanımağa razı olduğunu bildirir, lakin əvəzində Harputu istəyir. Əlinin 1429/832-ci ildə Harputu işğal etməsi əl-Əşrəf Barsbayın Ağqoyunlular üzərinə Ruhanın işğalı ilə nəticələnmiş ilk yürüşünə səbəb olmuşdu. Ərməniyədə Yaqubun düşmən mövqeyi, Ərzurumda İsgəndər Qaraqoyunlu, Mardində isə Həmzənin güclənməkdə olan hakimiyyəti ilə üz-üzə qalmış Əlinin Barsbayın təklifi ilə razılaşmaqdan başqa çarəsi qalmır. Övladlarının həyatı üçün yaranmış təhlükəni aradan qaldırdıqdan sonra Əli Harputu Məmlüklərin müttəfiqi olan Zülqədərlərə verir. Əl-Əşrəf Barsbay tərəfindən azad edilən Hüseyn və Cahangir Ərzincana, atalarının yanına gəlirlər. Əli orada Harputu verdikdən sonra Yaqubla arasında yaranmış ziddiyyətləri həll etməyə cəhd göstərirdi. Qardaşlar Əliyə Amidin hakimi təyin edilməsi haqqında Məmlük sənədi təqdim edirlər.[xii]

Əl-Əşrəf Barsbayla münasibətlərini nizama salmağa çalışan Əlinin Diyarrəbiyə və Diyarbəkirdə Həmzənin yaratdığı problemlərlə məşğul olmaq imkanı yox idi. 1437-ci ilin yayında/ 840-cı ilin sonunda qardaşı İsgəndər kimi Ağqoyunluların vətəndaş müharibəsindən istifadə edərək ərazilərini genişləndirməyə cəhd göstərmiş Bağdad hakimi İspənd bin Qara Yusifi məğlubiyyətə uğradan Həmzə hərbi nüfuzunu artırmağa müvəffəq olmuşdu. İzəddin Hacılı, Mosullu, Purnak və Qoca Hacılı konfederasiyası, Cizrədəki Dögər (Cazirat bin Ömər), Həsənkeyfdəki Əyyubi və bölgənin digər kürd tayfalarından təşkil edilmiş qoşunun başında duran Həmzə Qaraqoyunlu işğalçını Diyarrəbiyə və Cəzirənin şimalından qovur. Bu möhtəşəm qələbə Əlinin Dögər, İsgəndər Qaraqoyunlu və Məmlüklərə qarşı döyüşdə məğlubiyyətə uğraması ilə bir vaxta düşür. Əlinin Mardində Həmzə ilə qarşıdurmada İspənd ilə əlbir olması da onun nüfuzuna xələl gətirir.[xiii] Bundan sonra Həmzə Amidə, Əlinin paytaxtına üz tutur. İki ay davam edən mühasirədən sonra şəhər təslim olur.[xiv] Əlinin tərəfdarları vasitəsilə canını Həmzənin qəzəbindən qurtaran şəhərin hakimi Uzun Həsən Ərzincana, atasının yanına gəlir. Lakin Əlinin orada Yaqubla münasibətlərini yaxşılaşdırmaq ümidi boşa çıxır. Bütün cəbhələrdə məğlubiyyətə uğramış Əli kiçik oğlu Üveysi və digər qohumlarını götürərək Osmanlı sultanı II Muradın sarayına sığınır. İdris Bidlisi yazır:

…Uzun Həsən bəyin atası Əli Ağqoyunluların hökmdarına çevrilmiş Qara Osmanın böyük oğlu Yaqub bəyin qorxusundan oğullarını da götürərək uzun illər mələk kimi sultan olan Sultan II Muradın (Allah o dünyada onun qəlbinə rahatlıq versin) kölgəsinə sığınmışdı. Sultan İskilip şəhərini və Kiçik Rumiya vilayətinin ətrafındakı torpaqları ona vermişdi. Rüstəm bəy bin Murad bin Osman, Bayandur bəy bin Osman kimi Bayandurların bir çoxu və digərləri bu hökmdarın himayəsi altında qayğısız bir həyat sürürdülər.[xv]

Əlinin 1438-1439-cu ilin qışında/841-ci ilin cəmadiyəlaxır-ramazan ayında Ağqoyunlu hakimiyyətindən imtina etməsi ilə Böyük vətəndaş müharibəsinin birinci mərhələsi başa çatmış oldu. Ölüm yatağında Qara Osman tərəfindən varis elan edilsə də, Əli Qara Osmanilərin, köməkçi xanədanların və konfederasiyaya daxil olan digər tayfaların güclü ittifaqını yarada bilmədi. Şimalda bir sıra Bayandur tayfa başçıları onun hakimiyyətini tanımaqdan imtina etdi, Diyarbəkirdə isə onun hakimiyyətini köçəri və oturaq tayfaların daxil olduğu müxalif qrup formalaşdırmış qardaşı Həmzə dağıtdı. Əlinin hərbi uğursuzluqları, diplomatik güzəştləri isə onun süqutunu daha da sürətləndirdi. Bununla əlaqədar qeyd etmək lazımdır ki, Əli, ümumiyyətlə, heç bir zaman Ağqoyunluları idarə etmək niyyətində olmamışdı, onun əsas rolu Qara Osmanın vətəndaş müharibəsinin ağır sınaqlarından çıxa biləcək həqiqi varisinin peyda olmasına qədər hakimiyyətin sütunlarını qorumaqdan ibarət idi.

HƏMZƏNİN HAKİMİYYƏTİ

Əlinin müvəqqəti olaraq siyasi səhnədən uzaqlaşması varislik məsələsinin həllini asanlaşdırmadı, əksinə, Ağqoyunlu sisteminə dağıdıcı təsir göstərərək, onların daxili işlərinə xarici qüvvələrin qarışması üçün imkan yaratdı. Bu müdaxiləyə ilk misal kimi 1438-ci ilin yazında/841-ci ilin ramazan-zilhiccə aylarında əl-Əşrəf Barsbayın Ağqoyunlular üzərinə sonuncu yürüşü göstərilə bilər. Bu əməliyyata hazırlaşan zaman onun əsas məqsədi köhnə düşməni, Məmlüklü qiyamçı, macəra axtaran Canıbəy əl-Sufini məğlubiyyətə uğratmaq, Şərqi Anadoluda Şahruxun təsirini azaltmaq və şərqə hücumları ilə yenidən Məmlüklərin Mərkəzi və Şərqi Anadoluda strateji və iqtisadi maraqlarına təhdidlər yaratmış Osmanlılara güc nümayiş etdirmək idi. Onun tələsik bu yürüşə hazırlaşmasının çox güman ki, iki səbəbi var idi. Əvvəla, o, Ağqoyunluların bəzi qruplarını dəstəkləməklə onlar arasındakı vətəndaş müharibəsini daha da alovlandırmaq, ikincisi isə, Şahrux tərəfindən Azərbaycana hakim təyin edilmiş qardaşı Cahanşahı taxtdan salmağa cəhd edərkən ağır məğlubiyyətə uğramış mütttəfiqi İsgəndər Qaraqoyunlunu dəstəkləmək istəyirdi.[xvi] Cahangir bin Əlinin əmisi Həmzəyə qarşı Məmlük sultanından hərbi dəstək istəməsi hər iki məqsədin reallaşdırılması üçün imkan yaratdı.

Həmzənin Amidi işğalından, Əlinin isə təcili olaraq II Muradın “ziyarətinə” getməsindən sonra Cahangir atasının paytaxtını geriyə qaytarmaq üçün Məmlüklərdən hərbi yardım almaq məqsədi ilə Qahirəyə yollanır. Əvvəlcə əl-Əşrəf Barsbay yardım göstərməkdə tərəddüd edir, lakin Həmzənin Canıbəy əl-Sufiyə rəğbət bəslədiyini eşidən kimi Diyarbəkir və Ərməniyə istiqamətində hərəkət üçün böyük qoşun toplayır.[xvii] Şimalda Fərat istiqamətində yürüşə başlayan Məmlük qüvvələri Ağqoyunluların Çemişgəzək və Ərəbkir mərkəzlərini tutaraq Hələbə birləşdirirlər.[xviii] Hakimi İnaq Həsən tərəfindən tərk edilmiş Akşehir də zəbt edilir. Burada əl-Əşrəf Barsbaya sədaqət andı içmiş Əhmədilərdən olan Sultan Əhməd bin Qılıc Aslan da Məmlük qoşunlarına qoşulur və əvəzində Məmlük döyüş dəstəsinə sahib olur. Sultan Əhməd ətrafdakı bir neçə qalalara hücum etməyə başlayır, Məmlüklərin əsas qüvvəsi isə Ərzincana üz tutur. Ərzincanın hakimi Yaqub bin Qara Osman Kemaha çəkilir, oğlu Cəfərin, xanımının və Ərzincanın bir neçə zadəganlarının daxil olduğu nümayəndə heyətini isə işğalçılarla danışıq aparmaq üçün göndərir. Əldə edilən sülhün nəticələrinə görə, Cahangir bin Əli Ərzincandakı Məmlük nümayəndəsi təyin olunur, Yaquba isə yalnız Kemah qalır. Ərzincanın darvazaları açılır, şəhər Məmlük qoşunlarının şərəfinə bəzədilir.[xix] Lakin ordu Diyarbəkirdə Həmzənin, Azərbaycanda isə Cahanşahın üzərinə yürüş etməyə imkan tapmamış 1438-ci ilin iyununda/841-ci ilin zilhiccə ayında əl-Əşrəf Barsbayın ölüm xəbəri gəlir,  yürüş ləğv edilir. Qoşunlar Suriyaya qayıtmalı olur.[xx]

Əl-Əşrəf Barsbayın ölümü ilə Məmlüklərin Ağqoyunlular üzərinə üçüncü hücumu da birinci iki hücum kimi az əhəmiyyətli olmuşdu. Məmlüklər tərəfindən işğal olunmuş ərazilər əvvəlki sahibləri olan tayfa başçıları tərəfindən yenidən zəbt edilmiş, Məmlük sultanının varisləri qiyamçı tayfa başçılarını hakim, tabe olan hakimləri isə müstəqil hökmdar kimi tanımalı olmuşdular. Məmlüklərin Anadolu sərhədyanı zonasındakı siyasətinin müvəffəqiyyətsizliyi işğalçı Osmanlılarla onların zəifləməkdə olan Məmlük qonşuları arasında ifrat dərəcədə dəyişkən bufer zonanın formalaşması ilə nəticələnən Ramazan və Zülqədər kimi güclü sərhəd bəyliklərinin yaranmasına səbəb olmuşdur. 1484-1491/889-896-cı illər arasında sərhəd zonasında baş vermiş müharibələr Osmanlılara Məmlüklərin müdafiə qüvvələrini sınamaq üçün kifayət qədər imkan vermişdi. Bu imkanların 1516/922-ci ildə Yavuz Səlimin Məmlük Suriyasını işğalı üçün son məşq olduğunu ehtimal etmək olar.[xxi] Buna baxmayaraq, iki ay içərisində baş vermiş İsgəndər Qaraqoyunlu ilə əl-Əşrəf Barsbayın ölümü Məmlüklərlə Şahrux arasındakı gərginliyi hiss ediləcək dərəcədə azaltdı.[xxii] Gərginliyin azalması müəyyən rahatlıq gətirsə də, Ağqoyunlular arasındakı vətəndaş müharibəsi hələ də davam edirdi. Bu vəziyyətdən isə əl-Əşrəf Barsbayın varisləri bəhrələnməkdə davam edirdilər.

Məmlüklərin 1438/841-ci il yürüşü nəticəsində Yaqubla Ərzincanda Cahangir, Diyarbəkirdə isə Yaqubla Həmzə arasındakı ayrılıq rəsmi olaraq əl-Əşrəf Barsbayın oğlunun müvəqqəti idarə etdiyi Məmlük hökuməti tərəfindən tanınır. Amid, Mardin və Ərzurumda Məmlük sultanının nümayəndəsi kimi tanınan Həmzə Məmlük sultanının şərəfinə sikkələr buraxdırır, cümə namazında onun adına xütbələr oxutdurur.[xxiii] Lakin Məmlük qoşunlarının geriyə çəkilməsi Həmzənin iddialarının yenidən dirçəlməsinə səbəb olur və o, Ərzincandakı qohumlarının üzərinə hücuma hazırlaşır.

Şimalda Yaqubla qardaşı oğlu Cahangir arasında yaranmış əlverişli ittifaq sadəlövhlüyü üzündən 1436/839-cu ildə Ərzincan hakimliyindən atılan Yaqubun oğlu Cəfərin qəflətən peyda olması nəticəsində möhkəmlənə bilmədi. Ağqoyunlu əmirliyinə əsassız iddialarından əl çəkmək istəməyən Cəfər əmisi oğulları Cahangir, Hüseyn və Uzun Həsəni əmiləri Həmzəyə qarşı ittifaq yaratmağa inandırır. Bu ittifaqda Əlinin oğulları Cəfərin kiçik müttəfiqləri idilər.[xxiv] Həmzənin konfederasiya tayfaları içərisində böyük nüfuza sahib olmasına baxmayaraq, bəzi mühüm tayfa başçıları Həmzəni işğal etdiyi Ərzincandan uzaqlaşdırıb Diyarbəkirə sıxışdırmaqla Cəfərə yardım etmiş oldular.[xxv]

Cəfər Ağqoyunlu tayfalarını birləşdirməkdə Əli qədər uğurlu ola bildi, lakin onun yaratdığı əmirliyin ömrü Əlininkindən qısa oldu. Ərzincanda Cəfərə birləşmiş xəyanətkar tayfalar sərt qış gəlincə ona qarşı üsyan qaldırdılar və cənubda Həmzəyə birləşdilər. Bundan başqa Cəfərin atası Yaqub da oğlunu dəstəkləmək istəmədi, Kemah qalasına çəkilərək Həmzə ilə əməkdaşlıq etməmiş bir çox konfederasiya tayfasına sığınacaq verdi. Əlinin qəflətən Osmanlı sürgünündən dönməsi də Cəfərin bəzi tərəfdarlarının ondan uzaqlaşmasına səbəb oldu.[xxvi] Ona qarşı birləşmiş qüvvələr qarşısında gücsüzlüyünü hiss edən Cəfər Ağqoyunluları birləşdirmək cəhdlərindən əl çəkərək Osmanlı torpaqlarına üz tutdu.

Beləliklə, Ərməniyədəki Qara Osmanilər ciddi şəkildə ən azı üç düşmən düşərgəyə bölünmüşdülər: Uzun Həsən əmisi Yaqub ilə Yaqubun oğlu Cəfərin başçılıq etdiyi ikinci qruplaşmaya qarşı çıxırdı, Cahangir və Hüseyn isə ataları Əli ilə birgə həm Yaquba, həm də Cəfərə qarşı idilər.[xxvii] Yaqubun hərbi qüvvələrinin kiçik dəstəsinin başında duran, Diyarbəkirdəki Həmzənin tərəfinə keçərək taqətdən düşmüş Uzun Həsən Cəfərin qoşunları ilə toqquşaraq onu geriyə, Osmanlı sərhədlərinə doğru sıxışdırır. Geri çəkilən Cəfər qəflətən Cahangirin başçılığı altında Əlinin qoşunları ilə üz-üzə gəlir və onu ağır məğlubiyyətə uğradır. Bu məğlubiyyət Əliyə bir daha nümayiş etdirir ki, Ağqoyunlular heç bir şərtlə onun hakimiyyətini qəbul etməyəcəklər. O, Ağqoyunlu torpaqlarını ikinci dəfə tərk edərək Məmlük sultanı əl-Zahir Çaxmağın (1438-1453/842-857) yanına sığınır və bir daha geri dönmür. 1439-cu ilin əvvəlləri/842-ci ilin ortaları üçün Qara Osmanın şəxsən varis elan etdiyi Əli könüllü olaraq Misirdə sürgün həyatı yaşayırdı[xxviii], hakimiyyətə iddialı olanlar içərisində yaşca ən böyüyü Yaqub yalnız Kemahda[xxix] və ola bilsin ki, Ərzincanda hakim kimi tanınırdı, bütün Diyarbəkiri idarə edən, Ağqoyunlu hərbi elitası ilə yanaşı Məmlük, Osmanlı və ola bilsin ki, Teymurilər tərəfindən tanınan Həmzə şübhəsiz ki, güclü hakimiyyətə malik yeganə Qara Osmani idi.

Atasının siyasətdən qəti şəkildə uzaqlaşmasına, əmisi Həmzənin isə varis taxtında möhkəmlənməsinə rəğmən Cahangir Ağqoyunlu hakimiyyətinə iddialarından əl çəkmək niyyətində deyildi. İlk növbədə kiçik qardaşı Uzun Həsənlə aralarında olan ziddiyyəti həll edən Cahangir əl-Zahir Çaxmaqdan yardım almaq məqsədi ilə Qahirəyə yollanır. Öz qoşunlarını Diyarbəkirdəki bahalı və əhəmiyyətsiz əməliyyata göndərmək niyyətində olmayan Məmlük sultanı Cahangirin xahişinə cavab olaraq onun özünün əmisi Həmzəyə qarşı müharibəyə başlaması şərti ilə 1433/836-cı ildə Ağqoyunlulardan aldığı Ruhanı ona verir.[xxx] Beləliklə, növbəti beş ildə Həmzənin qarşısında iki məsələ dururdu. Birincisi, qardaşı Yaqubu Ağqoyunluların şimal-qərb yaylaqlarındakı mühüm Ərzincan şəhərindən uzaqlaşdırmaq, ikincisi, Məmlüklərin dəstəyi ilə Cahangirin Dögərlərin qədim mülkiyyəti olan Diyarmudarda yerləşən Ruhada yaratdığı güc mərkəzini zəiflətmək.[xxxi]

Həmzə qarşısında duran iki məsələdən birincisini uğurla həll edə bildi, lakin ikinci məsələni yerinə yetirmək asan olmadı. 1439-1440/842-843-cü illərdə Cahangirə qarşı təşkil etdiyi ilk yürüşdə müvəffəqiyyətsizliyə uğrayan Həmzə növbəti il Ruha və Ərzincanı hədəfə alaraq iki istiqamətdə hücuma keçdi. Hakim Bayandur tayfasının bir sıra üzvü Purnak və Mosullu tayfaları ilə birgə Ruhanı mühasirəyə aldı, Həmzənin özü isə başqa bir dəstənin başında Ərzincanda olan Yaqubu mühasirəyə aldı. Ruhada uğursuzluğa düçar olan birinci qrup Cahangirin müttəfiqlərinə qarşı çevrilərək Gərgər qalasındakı Məmlük qarnizonunu məğlub edir.[xxxii] Həmzə isə Ərzincanı ələ keçirə bilir və onu Şeyx Həsən bin Qara Osmana verir.[xxxiii] Ola bilsin ki, Ərzincanı aldıqdan sonra Həmzə özünə sultan titulu verir və bununla da özünün Qara Osmanilərin başçısı və Ağqoyunlu tayfa ittifaqının hökmdarı mövqeyini təsdiqləmiş olur.[xxxiv] Lakin numizmatik dəlillər Həmzənin həm də Teymurilərin hakimiyyətini tanıdığını sübut edir. Belə ki, onun Ərzincanı ələ keçirdikdən qısa müddət sonra 1441/845-ci ildə buraxdığı sikkələrdə Şahruxun adı basılmışdı.[xxxv] Bütün bunlara baxmayaraq, Ruha və Kemahı çıxmaq şərtilə, Ağqoyunluların əsas şəhər mərkəzlərini əlinə keçirmiş[xxxvi], köçəri hərbi elitanın dəstəyini qazanmış[xxxvii] Həmzə görünür ki, inadkar qohumları içərisində mühüm üstünlüklərə malik idi.

Buna görə də Cahangir və qardaşları əmiləri Həmzəyə qarşı  mübarizədə əhəmiyyətli nailiyyətlər əldə edə bilmirlər, Cahangirin növbəti bir neçə il ərzində Mardin, Amid, Erqani və digər bölgələrə müvəffəqiyyətsiz yürüşləri isə onun geriyə otuzdurulması ilə nəticələnir. Alternativ variant kimi mərkəzi Suriyada Ərəb tayfalarına qarşı müdafiə əməliyyatı da Cahangirin Ərməniyədə əmisi Yaqubla birləşib atasının keçmiş müttəfiqlərinə müraciət edərək Diyarbəkirdə dəstək qazanmaq üçün atdığı mənasız cəhdlərindən idi. 1441/845-ci ildə Cahangir torpaqları Amid-Erqani yolu üzərindən keçən Egilin kürd Bulduqani hakimi ilə ittifaq yaratmağa müyəssər olur, lakin bu, siyasi ittifaqdan çox diplomatik ittifaqa bənzəyirdi.[xxxviii]

Lövhə I. Şahruxilər tərəfindən təkmilləşdirilmiş üç təngə. Soldan (1) Herat, 827 (1423-1424); (2) (Sultaniyə), 843 (1439-1440), Şahrux Bahadur Xanın adına Cahanşah Qaraqoyunlu tərəfindən basılmış təngə; (3) Ərzincan , 845 (1441-1442), Həmzə Ağqoyunlu tərəfindən basılıb.

Müəllifin şəxsi kolleksiyası.

Bundan başqa 1443/847-ci ildə Əlinin Suriyada ölümü Cahangirin Qara Osmani hakimiyyəti ilə birbaşa bağını kəsmiş oldu. İndi onun Ağqoyunlu hakimiyyətinə iddiası o qədər də güclü olmayan Əlilərin iddiasına çevrildi. Əlidən qısa müddət sonra qardaşı Həmzə 1444-cü il oktyabrın sonunda/848-ci il rəcəb ayının əvvəllərində Amiddə dünyasını dəyişir.[xxxix] Həmzənin kişi varisi yox idi və tezliklə onun ittifaqı iki yerə parçalanır. Purnak, Mosullu və Qoca Hacılıların daxil olduğu  birinci qrup  Həmzənin qardaşı və Ərzincanın hakimi Şeyx Həsən bin Qara Osmana qoşulur. Mamaşlıların daxil olduğu ikinci qrup Ruhada Cahangirə sədaqət andı içir. Hər iki qrup Amidi ələ keçirmək üçün hərəkətə keçir, lakin Cahangir şəhərə daha tez çatır. Tehrani-İsfahani yazır ki, Cahangir orada Ağqoyunluların “mütləq hökmdarına” çevrilir.[xl]


İstinadlar və qeydlər


[i] KOLOFONLAR 184. Yarısənədli mənbə olan bu əlyazmadakı məlumatlar qarışıq və mürəkkəb dövrün xronologiyasının bərpası baxımından mühüm əhəmiyyət kəsb edir. Dövrün ən mühüm yazılı məlumat daşıyıcısı olan DİYARda bu dövr üzrə dəqiq tarixlər olduqca azdır. Əlinin dövlətin sütunu olan əmirliyi haqqında məlumat üçün bax: DİYAR, 115-140.

[ii]DİYAR 117. Lakin KOLOFONLAR, 188, yazır ki, Qılıc Aslan 1437/840-841-ci ildə Həmzənin hakimiyyətini tanımışdı.

[iii] DİYAR 119.

[iv] KOLOFONLAR, 186.

[v]BİDLİSİ 1:248a/ƏHSƏN A:522

[vi] MATLA, 686.

[vii] BAHADUR, 79b.

[viii] Bu “kiçik” yol (Diyarbəkir-Ərməniyə “böyük” köç yolu ilə müqayisədə) haqqında bax: QANUNLAR xxxii, 140-141 və MARDİN, xəritə 199-200. Bacquet-Grammontun əsərində TKS E. 6367-dən götürülmüş xüsusi isim Barriyanın “səhra” kimi  oxunması şübhəsiz ki, yanlışdır (ZQ FƏTHNAMƏ, 141). Bu bölgənin “müstəqilliyi” çox guman ki, onun Ağqoyunlu tarixi boyunca Ərməniyədə siyasi üstünlüyə malik olmasını təmin etmişdi.

[ix]DİYAR 120-124/ƏHSƏN A:227. Sümərin DİYARın 123-cü səhifəsindəki məlumatla əlaqədar 1-ci qeydinə bax; döyüşün tarixi və Cahangirin Qahirəyə gəlməsi tarixi ilə əlaqədar isə bax: Sümər 1967b:247-248.

[x]Uzun Həsənin oğlu Əli ilə Kor Məhəmmədin qızı Səlcuqşahın nişanlanması onların ittifaqını rəsmiləşdirməli idi. RAŞAHATın, 257, verdiyi məlumata görə, Dana Xəlil bin Kor Məhəmməd Uzun Həsənin həyat yoldaşının qardaşı idi. Bu nikah 1441/844-cü ildən əvvəl baş tutmuşdu, çünki Sultan Xəlil Səlcuqşahın 1442-ci ilin yazında/845-ci ilin sonunda dünyaya gətirdiyi oğlu idi ( DİYAR, 162).

[xi]DİYAR 126-127: “Bəradəri bozorqi ma Yaqub Bəyəst və daiya-yi səltənət nist. Fərzənd-i ərşad tu-i və tura (törə) və rəsman əst ki tu padşah şavi; biya ki səltənət haqq-i tust və ma həmə a’van və ansarim.”

[xii]Harputdakı danışıqlarla bağlı bax: DİYAR 129, 134-135 Əlinin Məmlüklərə tabe olması haqqında bax: ZAHİRİ 137-138.

[xiii] Bu əməliyyat haqqında bax: SULUK 4:1010; DİYAR 130-134; BAHADUR 89b; QİYASİ A: 16-17, B:271-273.

[xiv] DİYAR 136; SULUK 4:1025; NUCUM 6:756-757; GÜLŞƏNİ 13-15. Mühasirə 1437-ci ilin sentyabrından dekabrına qədər/ 841-ci ilin rəbiyüləvvəl ayından cəmadiyəlaxır ayına qədər davam etmişdi; Şəhərin təslim olmasında əsas faktor çox güman ki, darvazaları Həmzənin üzünə açan xristian əhalinin əməkdaşlıq etməsi olmuşdur.

[xv] DİYAR 140. Əli Osmanlı sarayına göndərdiyi əvvəlki məktubunda Muraddan sığınacaq istəmişdi. Qara Osmanın oğluna sığınacaq vermək arzusunda olan Murad ona ehtiram əlaməti olaraq xələt göndərmişdi (FERİDUN  1:188-189/ASNAD A:458-461). İdris Bidlisi yazır ki, Əli Həmzədən deyil, Yaqubdan qorxduğu üçün qaçırdı (BİDLİSİ 2:96b): “Valid-i Həsən Bəy ba fərzəndən  əz xəvf-i Yaqub Bəy, pisar-i bozorg-e Osman Bəy ki hakim-i Ağqoyunlu şode bud, fərar namuda salha dər zill-i himayat və rə’əyət-i padşah-i firişta nijad Sultan Murad  (qaddasa Allah ruhahu  fi  əl-ma’əd) mura-i və muhamm-i mibudənd  və dər məmləkət-i Rumiya-yi Suğra qəsəbə-yi İskilip və tavabi-yi an ra  dər vəjh-i ma’aş-i işan muqərrar farmudənd və bisyari əz mərdomi Bayanduri misl-i Rüstən Bəy bin Murad bin Osman Bəy və Bayandur Bəy bin Rüstəm Bəy və əmsal-i işan salha dər saya-yi mərhəmət-i sultan-i mürəffah  əl-hal budənd.” Osmanlı tarixçiləri, məsələn AŞIK, A:169, 247-248, B:163 və KAMAL, 405, yazırlar ki, atası ilə sürgünə gedən Üveys deyil, Uzun Həsən (Hüseyin kimi yazılan?) idi, lakin DİYAR bu fikri rədd edir.

[xvi] MATLA 690; SULUK 4:1025; NUCUM 6:747. Şahruxun Teymurilərin 1436/839-cu ildə “Qərb məsələsi”nin həlli ilə bağlı qəbul etdiyi son qərarı Qara Yusif Qaraqoyunlunun digər oğlunu – Cahanşahı Azərbaycanın hakimi təyin etməsi olur. Beləliklə də Qaraqoyunluların dövləti Ərməniyə və Kürdüstan İskəndərin, Azərbaycan Cahanşahın, Ərəb İraqı isə İspəndın olmaqla üç yerə bölünür. Teymurun varisləri yalnız 1467/872-ci ildə Cahanşah öldükdən sonra qərbdə itirdikləri bu vilayətlərə iddia irəli sürə bilmişdilər.

[xvii]Əl-Əşrəf Barsbayın Həmzəyə olan münasibətini dəqiq müəyyənləşdirmək asan deyil. Məsələn, 1435-1438/839-841-ci illər arası II Murada göndərdiyi məktublarda o, Həmzəni dəstəklədiyi üçün Osmanlı sultanını tərifləyir (FERİDUN 1:200-201), sonra 1438-ci ilin əvvəlində/841-ci ilin ortalarında o, Həmzəni özünü Dəməşqin hakiminə təqdim etmək üçün dəvət edir, bu təklifin qəbul edilməsi onun Məmlüklər tərəfindən Diyarbəkirin hakimi kimi tanınması, rədd edilməsi isə ölüm demək idi (NUCUM  6:759). Nəhayət, Həmzənin Canibəy  əl-Sufini dəstəkləməsi Əl-Əşrəf Barsbayı qəzəbləndirir, deyilənə görə, Məmlüklərin Həmzəyə qarşı üçüncü yürüşünün səbəbi Həmzənin Canıbəyi öldürmüş qardaşı Məhəmməd bin Qara Osmanın gözlərini kor etməsi (AŞIK A:247; SULUK  4:1031: edam) olub. Bu məsələdə Ağqoyunluların rolu haqqında bax: BAHADUR 80b; SULUK  4:1023-1024, 1026, 1030-1031; NUCUM 6:736-737, 752-756; İYAS 2:178-179.

[xviii] ZAHİRİ, 52.

[xix]Bu yürüşlə bağlı bax: SULUK 4:1058-1059; TƏQVİMLƏR 28; BAHADUR , 91b; DİYAR 142-143.

[xx]Əslində əl-Əşrəf Barsbayın Qaraqoyunlu müttəfiqi İsgəndər 1438-ci ilin aprelində/841-ci ilin şəvval-zilqədə ayında oğlu Şahqubad tərəfindən Əlincədə məğlubiyyətə uğradılaraq öldürülmüşdü. İsgəndərin ölüm tarixi və mənbələrin xülasəsi üçün bax: Sümər 1967a:141.

[xxi] Bu münaqişə üçün bax: Har-el 1995

[xxii] Məsələn, İbn Tağribirdinin Şahruxilərin əl-Əşrəf Barsbayın sarayına 1429/833, 1432/836 və 1436/839-cu illərdə göndərdiyi səfirliklər haqqında məlumatı ilə (NUCUM 6:650, 684, 743-744) 1439/853, 1440/844 və 1444/848-ci illərdə əl-Zahir Çaxmağın sarayına göndərdikləri səfirliklər haqqında məlumatı müqayisə et (NUCUM 7:108, 112-113, 137-138).

[xxiii] SULUK 4:1069; NUCUM 7:6, 9-10. Bu dövrdə Həmzənin çox guman ki, Qaraqoyunlu hakimi tərəfindən idarə edilən Ərzincanı nəzarətdə saxlaması həqiqətə oxşamır.

[xxiv] Müttəfiqlik onların hərbi strukturunda əks olunmuşdu: Uzun Həsən Cahangirin ön cəbhəsində, Cahangir isə Cəfərin ön cəbhəsindəki qüvvə idi (DİYAR 148-149).

[xxv] SULUK 4:1072 Həmzənin Cahangirə konfederasiya dəstəyi verməməsindən yazır, DİYAR, 148, bu təcrid olunmanı  Həmzənin Mamaşlı tayfasına olan rəğbəti ilə izah edir.

[xxvi] AŞIK, A:248, yazır ki, Osmanlı torpaqlarında yaşayan Əli Nəsirəddin Zülqədər tərəfindən çağrılmışdı. O, Əliyə Ağqoyunlu taxtını qaytarmaqda köməklik göstərəcəyini vəd etmişdi.

[xxvii] Bu hadisələrlə bağlı bax: DİYAR 151-152.

[xxviii] Əlinin əl-Zahir Çaxmağa sığınması haqqında bax: SULUK 4:1105; BAHADUR 88a; DİYAR 153; AŞIK A:248; DAV 3:80.

[xxix] KOLOFONLAR 192.

[xxx]AŞIK, A:248, verdiyi məlumata görə, əl-Zahir Çaxmaq Ruhanı Cahangirə deyil, Əliyə təhvil verməyi əmr etmişdi. Lakin bu mübahisəni Məmlük mənbələri təsdiq etmir. DAV, 3:80, yazır ki, Cahangirə əvvəlcə Hələb verilir, lakin 1439-cu ilin martında/842-ci ilin şəvval ayında Ruhanın Məmlük hakimi geri çağrıldıqdan sonra onu Ruhaya göndərirlər. Cahangirlə qardaşı Hüseyn Hələbin bundan əvvəlki hakimi, Tağrıbirmiş kimi tanınan türkmən Hüseyn bin Əhməd əl-Bahasninin yeni Məmlük sultanı əl-Zahir Çaxmağa qarşı 1439-cu ilin baharında/842-ci ilin ramazan-zilhiccə aylarında qaldırdığı qiyamda iştirak etmişdi (NUCUM 7:95-97, 259-263). Bu qiyama bir çox türkmən qruplarının qoşulmasına baxmayaraq Əbubəkr Tehrani-İsfahani yazır ki,  Cahangirlə Hüseyn bu qiyama istəyərək qoşulmamışdılar və Həmzəni qiyama dəstək verməyə məcbur etmək üçün Tağrıbirmiş tərəfindən girov götürülmüşdülər (DİYAR 153-154). Lakin 1439-cu ilin mayında/842-ci ilin zilqədə-zilhiccə aylarında (NUCUM 7:98; DAV 4:35) qiyamın başçıları edam edildikdən sonra Hüseynin Anadoluya qaçması onun bu qiyamda passiv müşahidəçi olmadığına dəlalət edir.

[xxxi]Bu dövrün xronologiyası yalnız DİYARdakı, 155-168, qısaldılmış məlumata əsaslanır və bu məlumatdan ehtiyatla istifadə etmək lazımdır.

[xxxii] Həmzənin II Murada yazdığı məktubla əlaqədar bax: FERİDUN 1:190-191/ASNAD A:464-471.

[xxxiii] Ərzincanın ya 1440-cı ilin yayında/844-cü ilin əvvəlində, ya da 1441-ci ilin bahar-yay aylarında/844-cü ilin sonu-845-ci ilin əvvəlində təslim olması ilə əlaqədar II Muradın Həmzəyə cavabı üçün bax: FERİDUN 1:191-192/ASNAD A:472-473.

[xxxiv] Həmzənin Ərzincanda sikkə basması ilə bağlı bax: TEVHİD 4: nömrə 965, 477. Ola bilsin ki, onun adı Sultan Həmzə idi, lakin Məmlük və Osmanlı mənbələri bu haqda yazmırlar.

[xxxv] Şəxsi kolleksiya.

[xxxvi] Həmzəni Mardin (ETEM 141-147; TİBR 7), Amid (TEVHİD nöm.961, 475), Ərzincan (TEVHİD nöm.966, 477), Palu (KOLOFONLAR 188), Erqani və Harput (KOLOFONLAR 202) tanıyır.

[xxxvii] Həmzənin Bayandur tamğasını istifadə etməsini hamı təsdiqləyir, bu, Qara Osmanın köçəri ideologiyasının davamı demək idi (QABRİYEL 1:13, 17; TEVHİD nöm.961, 475; ETEM).

[xxxviii]DİYAR 161, 163. Uzun Həsən Dövlətşah Bulduqaninin qızı ilə 1442/846-cı ildən əvvəl evlənmişdi, həmin il o, Uğurlu Məhəmmədi dünyaya gətirir.

[xxxix]Həmzənin 1444-cü il oktyabrın ikinci yarısında/848-ci il rəcəb ayının birinci yarısında ölməsi xəbəri Qahirəyə dekabr/şaban ayında çatır (NUCUM 7:296; TİBR 108; DAV 3:165; İYAS 2:243). Həmzənin Mardindəki türbəsi ilə əlaqədar bax: QABRİYEL 1:38-39: 2: lövhə XI; MARDİN 119-120: ARTUK: SÖZƏN 148.

[xl]DİYAR 169: “…sultan əla əl-itaq dər Ağqoyunlu…”

Birinci hissəyə keçid:

İkinci fəslin birinci hissəsi:
İkinci fəslin ikinci hissəsi
Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.