fbpx

TƏRCÜMƏ

TƏRCÜMƏ

Con E. Vuds: Ağqoyunlu – Tayfa, Konfederasiya, İmperiya

Read this article on other language
Download article
image_pdf
image_pdf

Sovet dövründə Azərbaycan cəmiyyətini, xüsusilə də ziyalıları milli tarixin saxtalaşdırılması ciddi narahat edirdi. Düşünmək olardı ki, müstəqillik əldə etdikdən sonra tarixçilərimiz saxtalaşdırılmış tariximizə yeni baxış formalaşdıracaqlar. Təəssüf ki, otuz ildən artıq müstəqillik dövründə Azərbaycanın qədim və orta əsr tarixinə dair suallara mükəmməl cavab tapmaq mümkün olmamışdır, əksinə tarixin müxtəlif istiqamətlərdə saxtalaşdırılması davam etmişdir. Bunun bir sıra ciddi səbəbləri var; bu səbəblərdən biri tarixi problemləri araşdırmağa qadir mütəxəssislərin olmamasıdır. Müasir Azərbaycan Respublikasının ərazisi tarixin müxtəlif mərhələlərində müxtəlif dövlət və imperiyaların tərkib hissəsi olub. Məhz bu səbəbdən Azərbaycan tarixini təkcə milli tarixçilər deyil, dünya tarixşünaslığı da araşdırıb. Müasir Azərbaycan tarixşünaslığında cavabsız qalmış bir sıra suallara dünya tarixşünaslığında cavab tapmaq olar. Bu məqsədlə Azərbaycan tarixinə aid tədqiqatların silsilə tərcüməsini oxuculara təqdim etmək qərarına gəldik.

 

İlk seçimimiz Azərbaycan xalqının milli qürur yeri hesab edilən Səfəvi dövlətinin sosial-siyasi bazasının əsası hesab edilən Ağqoyunlu dövləti oldu. Ağqoyunlu dövlətinin tarixinə aid ilk və hələlik yeganə fundamental tədqiqat işi amerikalı tarixçi Con Vudsa məxsusdur. Əsər ilk dəfə 1974-cü ildə doktorluq dissertasiyası kimi Prinston Universitetinin Yaxın Şərq Tədqiqatları şöbəsinə təqdim edilmşdir. Bu əsəri yazarkən tarixçi fars, ərəb və türk dillərində minə yaxın yazılı mənbələrdən stifadə etmiş, Ağqoyunlu dövlətinin sosial-siyasi strukturunu, mədəni çiçəklənməsi və süqutunu şərtləndirən amilləri təhlil etmişdir.

Qeyd edək ki, oxuculara burada kitabın Yuta universiteti nəşriyyatının çap etdiyi yenilənmiş və genişləndirilmiş ikinci nəşrinin tərcüməsi təqdim olunur. Bakı Araşdırmalar İnstitutu bu tərcüməni həm müəllifin, həm Yuta universiteti nəşriyyatının icazəsi ilə yayır.

Tarix Elmləri Doktoru Şəlalə Məmmədova

2(2)

 

Bəyliyin Formalaşması

Qara Osmanın hakimiyyətə gəlməsi qardaşı Əhmədin oğulları Mihmad və Məhəmmədin qəti etirazına səbəb oldu, Teymurun sərvətinin Məhəmməd tərəfindən talan edilməsi atasının həbsi ilə nəticələndi. İki qardaş əvvəl əmilərinə qarşı vuruşmaq üçün əvvəllər Qutlu bin Turəli ilə müttəfiq olmuş Dögər tayfasının başçısı Səlimin oğlu Dimişq Xocadan yardım almaq istədi.[i] Qara Osman buna cavab olaraq Dimişq Xocanın əmisi, Dögərlərin qiyamçı qolunun başçısı Yağmura yardım etdi, nəticədə həm Dögərlər, həm də Əhmədilərin Qara Osmana qarşı qiyamını dəstəkləyən Ağqoyunlular qardaşları tərk etdilər. Hakim xanədana məxsus, lakin hakimiyyətdən təcrid edilmiş ailələrin siyasətə qayıtmalarının ilk cəhdini darmadağın edən Qara Osman bununla təkcə siyasi hakimiyyətini möhkəmləndirmədi, eyni zamanda Dögər konfederasiyasına təsirini də gücləndirdi. Gələcəkdə Qara Osman öz mülklərini Dögərlərin hesabına Diyarbəkir və Diyarmudara qədər genişləndirəcəkdi. Bu hadisədən sonra əzilmiş Əhmədilər 1421/824-cü ilə qədər Ağqoyunlu tarixində o qədər də əhəmiyyətli rol oynamırlar. Həmin il Qara Osmanilərə sədaqətli olan, ailəsi nikah vasitəsilə hakim ailə ilə qohum olmuş, Qara Osmani Cahangir və Uzun Həsənin Qaraqoyunlularla mübarizəsində ən sədaqətli tərəfdarı Qutlu bin Əhməd Bayburtun canişini təyin edilir.[ii]

Qara Osmanın Pirəli və oğulları ilə münasibəti sülhsevər və qismən həmrəy təsvir edilir.  Teymur tərəfindən həbsdən azad olunduqdan sonra Pirəliyə Kığıdakı mülkünə qayıtmağa icazə verilir. Pirəli 1413/815-ci ildə orada vəfat edir. Qara Osman Kığını onun oğlu Piltana verir. İki ailə arasında əlaqələr Pirəlinin qızı Saray Xatun ilə Qara Osmanın oğlu Əli arasında bağlanan nikah hesabına daha da güclənir. Bu izdivacdan Cahangir (1444-1457/848-861-ci illərdə hakimiyyətdə olmuşdu) və Uzun Həsən (1457-1478/861-882-ci illərdə hakimiyyətdə olmuşdu) dünyaya gəlir.[iii] Qara Osmanın deyilənə görə, öz övladlarından da çox sevdiyi Nurəli bin Pirəliyə olan münasibəti onun Pirəli xanədanına olan münasibətini təsvir etmək üçün yaxşı misal ola bilər.[iv]

Qara Osmanın Ağqoyunlu tarixində ən uzun olan otuz iki illik hakimiyyətini iki dövrə bölmək olar. 1403-1420/805-823-cü illəri əhatə edən birinci dövr Qara Osmanilərin rəqib Qaraqoyunlu konfederasiyasının başçısı Qara Yusifin daimi təzyiqlərinə rəğmən Diyarbəkir və Diyarmudarın böyük hissəsinə nəzarəti ələ keçirməsi ilə xarakterizə olunur. İkinci dövr 1420/823-cü ildə Teymuri Şahruxa qarşı döyüşə girməyə hazırlaşan Qara Yusifin ölümündən sonra başlayır və Qara Osmanın Ağqoyunluları yeni işğallara və torpaqlara apardığı növbəti on beş ilə qədər davam edir. Qara Osman Qara Yusifin döyüşkən oğlu və varisi İsgəndərə (1420-1438/823-841) qarşı mübarizə aparmasına baxmayaraq 1429/832-ci ildə Ərzincanı, 1434/837-ci ildə isə Ərzurumu Qaraqoyunlulardan ala bildi və Ərməniyədə qəti şəkildə bəylik yaratmağa müvəffəq oldu. Onun hakimiyyətinə 1435/839-cu ildə ahıl yaşında İsgəndərlə döyüşdə aldığı yaradan ölməsi ilə qəfil son qoyuldu. Bu ölüm Ağqoyunluları ikinci və ya böyük vətəndaş müharibəsinə sürüklədi. Bu vətəndaş müharibəsi on beş il, Qara Osmanın nəvəsi Uzun Həsənin qardaşı Cahangir üzərində 1457/861-ci ildə Dəclədəki döyüşdə qələbəsinə qədər davam etdi.

Birinci dövr 1406-cı ilin yazında /808-ci ilin ramazan-zilhiccə aylarında Mardinin şimal-şərqində Qara Osmanla Qara Yusifin qeyri-müəyyən nəticə ilə bitən toqquşması ilə başlayır. Teymurun əmri ilə Dəməşqin hakimi, sonralar Məmlük sultanı olmuş Şeyx əl-Muəyyəd tərəfindən həbs edilən Qara Yusif on iki aydan sonra, Mərkəzi Asiyadan olan işğalçının ölüm xəbəri Suriyaya çatdıqdan sonra azad edilir. Teymur tərəfindən işğal edilmiş Azərbaycan və Ərməniyə, Kürdüstan və İraqdakı torpaqlarını yenidən ələ keçirən Qara Yusif Diyarmudarın köçəri Dögər tayfasını, onların Mardindən olan oturaq Ərtugi əmiuşağı əl-Zahir İsanı, Tərcil, Silvan və Cizrənin Zraqi, Süleymani və Buxti kürdlərini ətrafına topladı. Onların hamısı Qara Osmanın Diyarbəkir və Suriya düzlərində tutduqları  mövqeyə təhlükə olduğunu anlayır və buna görə də Qara Yusifi Teymurilərin tərəfdarı olan Ağqoyunlulara hücum etməyə təhrik edirlər. Lakin təqribən iyirmi günlük döyüşdən sonra münaqişə dayandırılır və vasitəçiliklə sülhə nail olunur. Əbubəkr Tehrani-İsfahani Qara Osmanın Qara Yusifə türkmən tayfa ittifaqlarının eyni kökə malik olması və eyni maraqlara sahib olması, siyasi vəziyyəti daha geniş təhlil etməsindən ibarət olan təqdirəlayiq müraciətindən yazır: “Bizim hamımız türkmən kökünə malik olduğumuzdan biz bir-birimiz üzərində hakimiyyətə görə mübarizə aparmamalı, bir-birimizlə savaşmamalıyıq. Gəlin hər birimiz Anadolu və Teymuri düşmənlərimizə qarşı vuruşaq, sizin üçün doğru siyasət yaxşı tanıdığınız Anadolu və Suriya üzərinə, mənim üçün isə Çağataylar üzərinə hücum etməyimiz olar.”[v] Əvvəlcə Qara Yusif maraq dairəsinin bu bölgüsünə diqqət edirdi, 1406/809 və 1408/810-cu illərdə iki möhtəşəm qələbə ilə o, Miranşah bin Teymuru Azərbaycandan çıxardı. Teymurun ölümündən cəmi üç il sonra Qaraqoyunlular əvvəl sahib olduqları torpaqları geri qaytara bildilər və Fars İraqında Teymurilərə, Ərəb İraqında Cəlairilərə və Diyarbəkir və Ərməniyədəki Ağqoyunlulara qarşı çıxmağa başladılar. 

Qara Osman da başlanğıcda əvvəl kürdlərin, sonra isə Mardindəki əl-Zahir İsanın üzərinə hücum edərək əsas diqqətini Diyarbəkir və Suriya üzərinə yönəltmişdi. Tezliklə Ərtugi hökmdarı Hələbin sultanına qarşı çıxmış, əl-Malik əl-Adil ləqəbini götürmüş, əl-Zahir Barququn oğlu əl-Malik əl-Nasir Fərəcdən (1399-1412/801-815)[vi] ayrılmış, hökmü “Fəratdan Qəzzaya qədər  uzanan” güclü Cakam ilə ittifaqa girir. Cakamın Ağqoyunlulara qarşı əl-Zahir İsa ilə ittifaqa girməsinin səbəbi Qara Osmanın onun hakimiyyətinə qarşı çıxmış Əfşar, Bayat və İnallı türkmən tayfalarının bir qrupuna siyasi sığınacaq verməsi olmuşdu.[vii] Qara Osman Məmlük, Ərtugi və kürdlərin birləşmiş qüvvələri ilə 1407-ci ilin aprelində/809-cu ilin zilqədə ayında Amiddə üz-üzə gəlir. Ağır silahlanmış Məmlük süvari hissələri Qara Osmanın şəhər ətrafında yaratdığı bataqlıq torpaqlarda zorla hərəkət edirdi. Kiçik detalları ilə fərqlənən Məmlük və Ağqoyunlu mənbələri Məmlük və müttəfiqlərinin döyüş meydanından qaçdığını, Cakam və əl-Zahir İsanın isə çətin vəziyyətə düşdüyünü yazırlar.[viii]

Döyüşdə Ağqoyunlular tərəfdən Amidin hakimi İbrahim bin Qara Osman öldürülür. Qara Osman paytaxtı nəvəsi İsgəndər bin İbrahimə verir və şəhərin İbrahimin xüsusi mülkiyyəti olduğunu, bu səbəbdən də tayfa apanaj sisteminə daxil olmadığını qeyd edir. Qara Osmanın bu addımı iyirmi il sonra Əli bin Osmanın Amidi atasından tələb etdiyi zaman tayfada ciddi narazılıq yaradır. Nisbətən kiçik narazılıqdan ibarət olan bu hadisə 1435/839-cu ildə Qara Osmanın ölümündən sonra başlamış Böyük Vətəndaş Müharibəsində olduqca ciddi mübarizənin ilk carçısına çevrildi. Məsələn, 1428-ci ilin payızında/831-ci ilin zilhiccə-832-ci ilin səfər aylarında Qara Osmanın oğulları arasındakı mübahisə Əlinin Ruha hakimliyindən alınması və yerinə qardaşı Habilin təyin edilməsi ilə nəticələndi. Amidə qayıdan Əli şəhərə iddia irəli sürdü və böyük qardaşı Yaqubdan hərbi dəstək aldı. Qara Osman şəhərin Teymur tərəfindən İbrahimə verildiyini və bu səbəbdən də onun varislərinin mülkü olduğunu əsas gətirərək bu tələbi rədd etdi. Əli isə iddia edirdi ki, Amid tayfa konfederasiyasının ümumi mülküdür, buna görə də onu idarə edənin ölümündən sonra apanaj mülklər kimi dərəcələnərək ağsaqqallıq prinsipinə uyğun olaraq Ağqoyunlular tərəfindən növbə ilə idarə edilməlidir. O zaman Əli öz iddiasını qazana bilmədi, buna baxmayaraq bəzi Məmlük mənbələri yazır ki, 1433/836-cı ildə Amidi Murad bin Qara Osman idarə edirdi, Əli isə 1435/839-cu ildə şəhəri paytaxtına çevirməyə müyəssər oldu, sonralar isə şəhər onun oğulları Cahangir və Uzun Həsən tərəfindən idarə olunmuşdu.[ix]

Bu qəhrəmanlıqlar, əvvəla, Qara Osmana Ruha şəhərini qazandırdı, şəhəri ona Qahirədə qiyamçı Cakamın başını aldığı üçün minnətdarlıq əlaməti olaraq əl-Nasir Fərəc verdi. İkincisi isə, Qara Osman Suriya və Anadolunun köçəri əhalisinin qəhrəmanı kimi böyük nüfuz sahibinə çevrildi.[x] Bu qələbə Qara Osmanın on il əvvəl Bürhanəddin üzərində çaldığı qələbə qədər böyük təsirə malik idi, lakin Qara Osman hələ Mardini əl-Zahir İsanın oğlu əl-Saleh Ərtugidən almaq üçün kifayət qədər imkana malik deyildi. 1409/811-812-ci ildə əl-Saleh növbəti dəfə Mardini mühasirəyə almış Ağqoyunlulara qarşı döyüşmək üçün Qara Yusif Qaraqoyunludan hərbi yardım istədi. Cavabında Qara Yusif şəhəri mühasirəyə almış Qara Osmanın adamlarını qovdu, əl-Salehi taxtdan saldı və Mardinə öz nümayəndəsini təyin etdi. Əl-Salehin ölümü ilə Ərtugilərin üç əsr davam edən hakimiyyətinə son qoyuldu, Ərtugilərin bütün mülkləri üzərində Qaraqoyunluların mübahisəsiz hakimiyyəti bərqərar oldu.[xi] 1410-cu ilin əvvəllərinə/812-ci ilin sonlarına qədər Ağqoyunlu hökmdarı Qaraqoyunluların Ərməniyənin böyük hissəsi üzərində hakimiyyətini möhkəmləndirməsinə mane ola bilmədi, Qara Yusif Mutahhartanın nəvəsini Ərzincandan uzaqlaşdırıb onun yerinə sərkərdəsi Pir Öməri təyin etməklə onun bəyliyini də ələ keçirdi.[xii] Bundan sonra Qara Yusif strateji cəhətdən önəmli Kemah qalasında Yaqub bin Qara Osmanla, Erqani və Amiddə isə Qara Osmanın özü ilə toqquşdu, lakin uğur qazana bilmədi. Onlar arasında barışıq yalnız Ağqoyunlular cənub və qərb sərhədlərinə çəkildikdən sonra Pir Ömərin xoş məramı ilə əldə edildi.[xiii] 1411/814[xiv], 1412/815[xv], 1416/819[xvi], 1417/820[xvii] və 1418/821-ci illərdə[xviii] Qaraqoyunluların dalbadal təşkil etdiyi yürüşlər rəqibləri Qaraqoyunlularla müqayisədə Ağqoyunluların zəif olduğuna işarə idi. Lakin bu, eyni zamanda Qara Yusifin Ağqoyunlu problemini həll edəcək qədər gücə malik olmadığını, Qara Osmanın isə Diyarbəkir-Ərməniyə köç və ticarət yolları şəbəkəsini nəzarətə almaqda qətiyyətli olduğunu göstərirdi. Son yürüşlər sonrakı Ağqoyunlu-Məmlük əlaqələri baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. 1418-ci ilin yay-payız aylarında/821-ci ilin cəmadiyəlaxır-şəvval aylarında Qara Osman Mardinə yürüş edir, Qara Yusifin irəliləməsi ilə Amidə geri çəkilir. Paytaxtını tərk etdikdən sonra Qara Osman Fəratı keçərək Hələbdə dayanır. Ovunu təqib edən Qara Yusif Məmlüklərin ticarət mərkəzləri olan Birəcik və Ayntabı (Qaziantep-tərcüməçi) dağıdır. Əl-Nasir Fərəcin güclü varisi Şeyx əl-Malik əl-Muəyyəd (1412-1421/815-824) və onun Hələbdəki nümayəndəsi Ağqoyunluların Məmlük ərazilərinə girməsi ilə ciddi gərginliklər yaratmasına baxmayaraq Qara Yusif ilə münaqişədə Qara Osmana yardım edirlər. Bu gərginliklərdən biri Tripolinin canişini, gələcəkdə əl-Malik əl-Əşrəf Barsbay olacaq Barsbayın 1407/ 809-cu ildən öz istəkləri ilə Ağqoyunlulara qoşulmuş Əfşar, Bayat və İnallı Türkmən tayfalarının bir qrupu tərəfindən məğlubiyyətə uğradılması idi. Bu hadisə əl-Əşrəf  Barsbayın 1422/825-ci ildə sultan elan edildikdən sonra onunla Qara Osman arasında şəxsi düşmənçiliyə çevrilməsinə səbəb olacaq.

Erkən Qaraqoyunluların uğursuzluqları qismən Ağqoyunluları cənub və qərbdə saxlamaq üçün güclü hakimiyyətə malik olmamaları ilə izah olunmalıdır. Şeyx əl-Muəyyəd Suriya və Anadoluda sakitlik yaratdıqdan sonra Məmlüklərin sərhəd zonası ağır təzyiq altında olan Ağqoyunlulara sığınacaq verəcək, Qaraqoyunluları isə düşmənlərini Suriyanın içərilərinə doğru sıxışdırmağa icazə verməyəcək qədər əlçatan olur. Qaraqoyunlulara Ağqoyunluları dağıtmaq imkanı verməyən üçüncü faktor Qara Yusifin şərqdən Teymurun kiçik oğlu və real varisi Şahrux (1405-1447/807-850) tərəfindən təzyiq altında olması idi.

Qara Osman çox güman ki, Qaraqoyunluların 1408/810-cu ildə Azərbaycanı yenidən işğalından əvvəl qızını Teymurun nəvəsi Sidi Əhməd bin Miranşahla evləndirməklə hakim Ağqoyunlu tayfası və Teymuri xanədanı ilə münasibətlərini gücləndirmişdi.[xix] Azərbaycanda Miranşah xanədanının hakimiyyətinə son qoyulduqdan sonra Qara Osman 1416/819-cu ilə, Şahruxun Fars İraqına ikinci yürüşündən bir il sonraya və bütövlükdə mərkəzi İran üzərində hakimiyyətini bərqərar edənə qədər onunla açıq diplomatik münasibətlər yaratmağa cəhd etmir. Şahruxa yazdığı məktubda Qara Osman Ağqoyunluların Diyarbəkirdəki torpaqlarının çoxunun Qaraqoyunluları müdafiə edən kürdlər tərəfindən işğal edildiyindən şikayət edir və Teymuri hökmdarını qərb vilayətlərində şəxsən qayda-qanun yaratmağa, Dəməşq və Hələbin Məmlük canişinləri, Qaraman, İsfəndiyar, Həmid, İzmir və Zülqədərlərin şahzadələri, İstanbul, Trabzon və Gürcüstan çarları, Şirvan, Gilan, Luristan və İran Kürdüstanının hökmdarları ilə əməkdaşlığa inandırmağa çalışır. Lakin Qara Osmanın elçisi Şahruxun paytaxtı Herata gedən yolda Qaraqoyunlular tərəfindən tutulur və məktub Osmanlı sultanı I Mehmetə (1403-1421/805-824) göndərilir. Həmin dövrdə Osmanlı sultanı ilə onun nominal ağası olan Teymuri hökmdarı arasındakı münasibətlər açıq düşmənçiliyə çevrilməyə başlamışdı.[xx] Lakin 1418/821-ci ildə nəhayət ki, Qara Osmanın ikinci elçisi Şahruxun Heratdakı paytaxtına çatır[xxi]. Elçiliyin məqsədi aydın olmasa da, güman etmək olar ki, ikinci məktubun məzmunu birinci məktubun məzmunundan fərqlənmirdi və Qara Osman Şahruxa hərtərəfli yardım vəd edərək onun ilk dəfə 1420/823-cü ildə Azərbaycana yürüş etməsinə təkan vermiş olmuşdu.

Əvvəlki dövrlərdə olduğu kimi bu dəfə də Teymuri işğalı xəbəri Diyarbəkir və Ərməniyədə siyasi balansa dərhal təsir etdi. 1420-ci ilin yayında/823-cü ilin ortalarında Qara Osman Kemah yaxınlığında əsir götürülmüş Yaqub bin Qara Osmanın qisasını almaq məqsədi ilə Ərzincanın Qaraqoyunlu canişini Pir Ömər üzərinə hücuma keçdi. Pir Ömərə yardım məqsədi ilə göndərilən Qaraqoyunlu dəstələri çox gec gəldilər. 1420-ci ilin iyulunda/823-cü ilin rəcəb ayında Qara Osman Pir Öməri əsir götürür, onu edam etdirərək başını Qahirəyə göndərir.[xxii] Lakin Şahruxun Şərqi Azərbaycana çatması ilə Qara Yusifin Ərməniyə və Diyarbəkirə başqa bir Qaraqoyunlu ordusu göndərmək planı həyata keçmədi və o, Teymurilərin hücumunun qarşısını almaq məqsədi ilə bu məğlubiyyəti unutmalı oldu. Oğlu Əbu Səidi Ərzincanda Pir Öməri əvəz etmək üçün göndərən Qara Yusif digər oğullarını Ərəb İraqı və Azərbaycana cəlb etməyə çalışdı, lakin bu çağırış nəticəsiz qaldı. Şahruxla təkbətək döyüşə girmək üçün yollanan Qara Yusif qəflətən 1420-ci il noyabrın 13-də/823-cü il zilqədə ayının 7-də Təbrizin cənub-qərbində yerləşən Ucan qalası yaxınlığında məlum olmayan xəstəlikdən vəfat etdi.[xxiii] Bir həftə sonra Şahruxun oğlu Baysunqur Təbrizə girdi və Pir Ömər tərəfindən əsir götürüldüyü 1419/822-ci ildən həbsdə olan Yaqub bin Qara Osmanı azad etdi.[xxiv] Qara Osman dekabr/zilhiccə ayında Qarabağdakı qış düşərgəsində özünü Şahruxa təqdim etdi.[xxv]

Qəflətən tayfa hakimiyyətinin yeganə güclü təmsilçisini itirmiş Qaraqoyunlu hakim ailəsinin üzvləri tayfa hakimiyyətinə nəzarət və Qara Yusifilərin qolu içərisində vərəsəlik uğrunda döyüşən qruplara parçalandılar. İyirmi altı il davam edən bu daxili çəkişmələr 1446/850-ci ildə Cahanşahın Bağdadı işğal etməsi ilə başa çatdı və Qaraqoyunlulara nə Teymuri Şahruxa, nə də Qara Osman Ağqoyunluya qarşı vuruşmaq üçün qüvvələri birləşdirmək imkanı vermədi.[xxvi] Şahruxilərin 1420-1421/823-824, 1429-1430/832-833 və 1434-1436/838-840-cı illərdə təşkil etdikləri üç hərbi əməliyyat nəticəsində Qaraqoyunluların hakimiyyət uğrunda mübarizə aparan ən güclü namizədi İsgəndər bin Qara Yusif daima təqib edilərək Osmanlılara sığındı. Bu təqiblər Azərbaycan və Ərməniyənin dağıdılmasına gətirib çıxardı, Qara Osman bu torpaqlar hesabına öz mülklərini genişləndirmək imkanı verdi. Bu işğallar Qara Osmanın hakimiyyətinin ikinci dövrünə təsadüf edərək Qaraqoyunlu və onların kürd müttəfiqləri hesabına ilk Ağqoyunlu bəyliyi ərazisinin olduqca genişlənməsi, mühüm köç və ticarət yolları üzərində nəzarətin ələ keçirilməsi, daha böyük insan və iqtisadi resurslar, həmçinin öz qohumları və siyasi mükafat kimi şəxsi qulluqçuları və konfederasiya tayfa başçıları arasında apanaj olaraq bölüşdürmək üçün yeni torpaqların mənimsənilməsi ilə nəticələndi.

Qara Osmanın İsgəndərlə 1421-ci ilin aprelində/824-cü il rəbiülaxır ayında Nusaybinin cənubunda ilk qarşılaşması Ağqoyunlular üçün uğursuz olmuşdu. Qaraqoyunlular və Dögər tayfasının düşmən qolunun üzvləri təqribən üç həftəlik döyüşdən sonra Qara Osmanı Amidə qədər qovmuşdular.[xxvii] Tehrani-İsfahaninin əsərində qeyd edilən bu məqamın Ağqoyunlu tayfa ittifaqının daxili tarixi üçün önəmli olmasının bir neçə səbəbi var. Əvvəla, Qara Osmanın oğlu Əlinin bu döyüşdə ilk dəfə hərbi rəhbər kimi iştirak etməsi onun Qara Osmanın varisi olaraq müəyyənləşməsi və 1435/839-cu ildə kübarlar şurası tərəfindən seçilməsinə səbəb ola bilərdi. İkincisi, böyük Purnak tayfa konfederasiyasının ilk dəfə Ağqoyunlu tərəfindən döyüşə qoşulması mühüm əhəmiyyət kəsb edirdi. Çox güman ki, Purnak tayfasının Ağqoyunlu konfederasiyasına daxil olması bu tayfanın nümayəndəsi Kuh Əhməd bəyin Qara Osmanın qızı ilə izdivacından sonra mümkün olmuşdu. Hakim xanədanın müttəfiq tayfa ilə nikah əlaqəsinin az sayda nümunələrindən olan bu ittifaq və Purnakların konfederasiya döyüşündə sağ cinahı tutması[xxviii] digər tayfalarla müqayisədə bu tayfanın mühüm əhəmiyyət kəsb etməsinə dəlalət edirdi. Purnakların sol cinahın hakim tayfası olan Mosullularla münaqişəsi 1490-1500/896-905-ci illərdə Konfederasiya tayfa müharibələrinin əsas mövzularından biri idi və bu mövzu 6-cı fəsildə müzakirə edilir.

Qaraqoyunlu İsgəndər tərəfindən məğlub edildikdən sonra yenidən qruplaşan Ağqoyunlular Qara Osmanın oğulları Əli və Bəyazidin başçılığı ilə 1421-ci ilin yayında/824-cü ilin ortalarında Van gölü ətrafında Şahruxa qoşulurlar.[xxix] Bundan sonra Qara Osmanın özü gəlir və Teymuri sultanını Qaraqoyunluların vətəninə hücum etməyə sövq etməyə çalışır.[xxx] Bu əməliyyatın iştirakçısı olan Hafiz Əbru Qara Osmanın bəyanatını belə qeyd edir:

Nə qədər ki, bu türkmən tayfası və Qara Yusifin tərəfdarları tamamilə məhv edilməyəcək, bu dövlətdə qayda-qanun yaratmaq və əhalinin vəziyyətini düzəltmək mümkün olmayacaq. İndi düzgün vaxtdır! Dünyanın hökmdarı (qoy Allah onun hakimiyyətini daima qorusun) 200.000 döyüşkən, qorxmaz süvari dəstəsi ilə bu torpaqlara gəlib, dünyanın hər tərəfindən bu möhtəşəm hökmdarın qulluqçuları və onun müzəffər taleyinin yardımçıları toplanıb, silahlanıb və döyüşə hazır vəziyyətə gətirilib. Bu gün heç bir kəs Zati-Alilərin istəyinə qarşı çıxa bilməz.[xxxi]

İyulun sonunda/rəcəb ayında Şahrux və müttəfiqləri Ələşgert yaxınlığında İsgəndər Qaraqoyunlunu qəti məğlubiyyətə uğradaraq, Qaraqoyunlu ordusunu darmadağın edirlər.[xxxii] Bu qələbədən Ağqoyunlular böyük xeyir götürdülər, Əli bin Qara Osman Təbriz və Azərbaycanın hakimi təyin edildi, Qara Osman yeni taxta çıxmış Osmanlı sultanı II Murada yazdığı məktubda öyünərək Şahruxun qərbdə Sivasa qədər uzanan bütün Qaraqoyunlu torpaqlarını işğal edərək Ağqoyunlulara verdiyini yazır.[xxxiii] Osmanlı hökmdarını heyrətləndirmək və onu Qaraqoyunlu qaçqınlarına sığınacaq verməkdən vaz keçirmək üçün Ağqoyunlu hakimiyyətini şişirtməsinə baxmayaraq, Şahruxun 1420-1421/823-824-cü il Azərbaycan əməliyyatının Qara Osmanı 1403/805-ci ildə atası Teymurdan daha yüksək mövqeyə qaldırması bir faktdır.

Bütün bunlara baxmayaraq, Ağqoyunluların Azərbaycanda möhkəmlənmək kimi niyyətlərinin reallaşmasına hələ çox qalmışdı, Əlini isə Qaraqoyunluların tərəfdarları Şahrux Herata getdikdən bir müddət sonra Təbrizdən uzaqlaşdırdı. Digər tərəfdən Qara Yusifilərin qaçışı Qaraqoyunlu qüvvələrinin Diyarbəkir və Ərməniyəni tərk etməsi ilə nəticələndi. Əlverişli vəziyyətdən istifadə edən Qara Osman Mardini və mühüm ticarət şəhəri olan Ərzincanı tutmağa cəhd göstərdi.[xxxiv] Hər iki cəhdin uğursuz nəticələnməsinə baxmayaraq, o, Qarahisar, Tərcan, Bayburt və Ağşəhərdə (müasir Gözəllər və ya Əzbidlər) daha uğurlu oldu. Bu torpaqların hamısı tutularaq qohumlar və tərəfdarlar arasında bölüşdürüldü. Bu işğalların xüsusiyyəti Qara Osmanın konfederasiya daxilində əsas güc mərkəzləri arasında hakimiyyəti bölüşdürməsi cəhdinə güclü təsir göstərdi. O, Qarahisarı sağ qalmış böyük oğlu Yaqubun mülkü olan Kemaha qatdı, Bayburt və Tərcan isə müvafiq olaraq tayfada həmrəylik naminə güzəşt olaraq Əhməd və Pirəlinin yardımçı xanədanının nümayəndələrinə keçdi. Və nəhayət, Qara Osmanın Yaqubun Kemahda keçmiş nümayəndəsi, 1420/823-cü il Pir Ömər əməliyyatının qəhrəmanı İnaq Həsənə Ağşəhəri etibar etməsi onun həmin mərhələdə tayfadan kənarda olan şəxsi heyətinə olan inamına və beləliklə də Ağqoyunlu konfederasiyasında tayfa rejiminin tam inkişaf etməməsinə işarə idi. Növbəti mərhələdə Qara Osman sülalənin mərkəzləşdirilməsi maraqlarından çıxış edərək bu mülkləri yalnız öz övladlarına verəcək. Müttəfiq tayfaların təsiri artdıqca onların qənimət bölgüsündə payı da buna uyğun olaraq artırdı.

Diyarbəkirdə də yeni işğallar həyata keçirilmişdi. Əvvəlcə Qaraqoyunluların kürd müttəfiqlərinə qarşı çevrilən Qara Osman 1423/826-cı ildə Çemişgəzəyi tabe edir, Məmlük Suriyasına aparan yol üzərində hakimiyyətini gücləndirir. Bu ərazi Qara Osmanın qardaşı oğlu, 1415/817-ci ildən Ruhanı idarə edən Nurəli bin Pirəliyə verilir. Ruha isə Qara Osmanın 1421/824-cü ildə Təbrizdən qovulmuş oğlu Əliyə verilir, beləliklə də daha bir Qara Osmani mühüm geostrateji mövqe sahibinə çevrilir.[xxxv] Bu siyasət 1424/827-ci ildə Silvan və Tərcilin Süleymani və Zraqi kürdlərindən alınması, bu istehkamların və Amidin qərbində yerləşən daha bir neçə istehkamların[xxxvi] idarəsinin Bəyazid bin Qara Osmana verilməsi ilə daha da güclənir. Şübhəsiz ki, bu siyasət köç xətti üzərində nəzarətin birbaşa Qara Osmanilərin əlinə keçməsi və Qara Osmani xanədanının bir neçə hissədən ibarət tayfa konfederasiyasının köməkçi nəsillərinin birindən həqiqi hakim qola çevrilməsi yolunda atılan cəhd idi.

1427/830-cu ildə[xxxvii] Malatyaya təşkil olunan hücumla Ağqoyunlular Məmlük Fəratına çıxışa iddialı olduqlarını nümayiş etdirdilər. Bu iddia Qara Osmanla Məmlük sultanı əl-Malik əl-Əşrəf Barsbay (1422-1437/825-841) arasında açıq qarşıdurmaya səbəb oldu və Şeyx əl-Muəyyədin dövründən Ağqoyunlularla Məmlüklər arasında mövcud olan dostluq münasibətlərinə son qoydu. Məmlüklərin Ağqoyunlulara qarşı 1429/832, 1433/836 və 1438/841-842-ci illərə təsadüf edən üç yürüşü ilə nəticələnən bu sərhədyanı toqquşmalar əslində əl-Əşrəf Barsbay ilə Şahruxun Qırmızı dəniz vasitəsilə Hind okeanı-Aralıq dənizi ticarəti və Hicazın müqəddəs şəhərləri üstündə böyük münaqişəsinin yerli əks-sədası kimi qiymətləndirilməlidir. Bu qarşıdurma Mərkəzi İslam torpaqlarının iqtisadi, siyasi və ideoloji həyatına ciddi təsir göstərərək XVI/X əsrin əvvəllərində Osmanlı və Səfəvi dövlətlərinin yüksəlişinə qədər davam etmişdi.[xxxviii] Bu qarşıdurmanın sonrakı iştirakçılarına Uzun Həsən Ağqoyunlu (1457-1478/861-872), bəşəri İslami hökmranlığına iddialı olan Şahruxi varisi,[xxxix] Məmlük sultanı əl-Məlik əl-Əşrəf Qayıtbay (1468-1496/872-901) və Osmanlı sultanı II Mehmet Fateh (1451-1481/855-886) daxil idi. Lakin bu qarşıdurmanın Anadoludakı siyasi vəziyyətə təsiri Məmlük-Qaraqoyunlu ittifaqının Teymuri-Ağqoyunlu ittifaqına qarşı mübarizəsi ilə ölçülürdü.

Türkmənlərin Besni və digər Məmlük qalalarına hücumları, Ağqoyunluların Harput və Ərzincanı ələ keçirmələri sərhəd zonasında Məmlüklərlə Ağqoyunlular arasında gərginliyə və əl-Əşrəf Barsbayın 1429/832-ci ildə Harputu azad etmək üçün Misir və Suriya rəsmilərinə yardım məqsədi ilə yardımçı hərbi qüvvə göndərməsinə səbəb oldu. Lakin Məmlük qoşunları Dəməşqdə toplaşarkən Əli bin Qara Osman şəhəri işğal etdi, atası isə sonunda Ərməniyədəki Ərzincanı ələ keçirməyə müvəffəq oldu.[xl] Harput geri qaytarıldığı üçün Məmlük hərbi yardım dəstələri Ağqoyunluların Hələb üzərinə mümkün ola biləcək hücumlarının qarşısını almaq məqsədi ilə Ruhada olan Habil bin Qara Osmanın üzərinə yürüdülər. Qısa müddətli mühasirədən sonra Habil və Qara Osmanın bir neçə sərkərdəsi 1429-cu il iyulun 24-də/832-ci il şəvval ayının 21-də Məmlük sərkərdəsindən əfv vədi aldıqdan sonra qalanı təslim etdilər. Məmlük sərkərdələri vədlərinə xilaf çıxaraq Ağqoyunlu rəhbərləri dərhal qandalladılar. Ruha Məmlük qoşunlarına verildi, Məqrizi və İbn Həcər əl-Əsqalaninin sözlərinə görə, Məmlüklərin şəhərdə törətdikləri 1400-1401/803-cü ildə Tatarların (Teymurun başçılığı altında) Dəməşqdə törətdiklərindən də dəhşətli idi. Zəncirlənmiş Habil və əmirlər Qahirəyə gətirildilər, küçələrdə gəzdirildikdən sonra həbsxanaya atıldılar. Ərzincanı yenicə işğal etmiş Qara Osman Ruhaya gəlsə də, artıq əl-Əşrəf Barsbayın əsiri olan oğluna yardım edə bilmədi. Bundan başqa Qara Osmanın Habili azad etmək üçün Barsbaya təkrar-təkrar yalvarması və bu yalvarışların Barsbay tərəfindən rədd edilməsi Qara Osmanın düşmənə olan nifrətini daha da artırır, lakin ona qarşı qətiyyətli addım atmaq imkanı vermirdi. Lakin Habilin əsir götürüldükdən təxminən bir il sonra Qahirədəki həbsxana hücrəsində vəbadan ölməsi ilə Barsbay Ruha əməliyyatında əldə etdiyi kiçik təsir mexanizmini itirir.[xli] Əl-Əşrəf Barsbayın digər əməliyyatları kimi Ruha əməliyyatı da gözlənilməz olmasına baxmayaraq sərhədyanı zonada Ağqoyunlu təzyiqlərinin qarşısını almaq üçün müvəqqəti möhlət kimi yarımçıq xarakter daşıyırdı  və Ağqoyunluların Şərqi Anadolu ticarət yollarında get-gedə güclənən mövqelərinin zəiflədilməsinə ciddi təsir etmədi.

Qara Osman Ərzincanı işğal edərək Habilə yardıma tələsdiyi bir vaxtda Şahrux Azərbaycandakı Qaraqoyunlular üzərinə ikinci hücum əməliyyatına hazırlaşmaq üçün öz paytaxtı Heratdan Sultaniyəyə yollanır. Məmlüklərin Ruhanı ələ keçirdiklərindən təxminən iki ay sonra Şahrux Təbrizin kənarında düşərgə salır. 1429-cu il sentyabrın 17-18-də/832-ci il zilhiccə ayının 17-18-də o, Urmiya gölünün qərbində Salmas yaxınlığında yenidən Qaraqoyunluların ordusunu darmadağın edir. Teymuri salnamələri Salmas döyüşündə Şahruxun müttəfiqləri içərisində Ağqoyunluların adını çəkmir, bunun səbəbini Qara Osmanın başının Məmlük sərhədindəki münaqişəyə qarışması ilə izah etmək olar. Salmas döyüşündən sonra Şahrux Azərbaycanın idarəçiliyini Qara Yusifin digər oğlu Əbu Səid Qaraqoyunluya verməli olur, beləliklə istəməsə də Azərbaycanın rəsmi olaraq Qaraqoyunlu Türkmən maraq dairəsində olduğunu tanımış olur. Əksinə, Şahruxun Teymurilərin qərb məsələsini həll etmək üçün ikinci cəhdi Ağqoyunluların Diyarbəkir və Ərməniyəyə sıxışdırılması ilə nəticələnir.[xlii]

Habilin ölüm xəbərini eşidən Qara Osman əl-Əşrəf Barsbaya və onun Anadoludakı nümayəndələrinə qarşı hücumlarını gücləndirməyə başlayır. Ağqoyunluların Məmlük sərhəd zonasına 1430-1432/833-835-ci illər[xliii] arasında davamlı hücumları, 1432/835-ci ildə[xliv] Mardini Qaraqoyunlu canişininin əlindən almaları sonunda qətiyyətsiz Məmlük sultanını hərəkətə keçməyə məcbur edir. Əl-Əşrəf Barsbayın şəxsi komandanlığı altında geniş miqyaslı qüvvələr Qara Osmanın paytaxtı Amid üzərinə yürümək üçün 1433-cü ilin martında/836-cı ilin rəcəb ayında Qahirədən hərəkətə başlayır. Mayın 22-də/şəvval ayının 1-də Ruhanı geri qaytaran Məmlük ordusu bir həftə əvvəl Qara Osmanın oğlu Muradın şəhər qarnizon komandiri təyin edildiyi Amidi mühasirəyə alır və mexaniki və yandırıcı artilleriyanı (mancanaq, madafi, makahil) şəhərə doğru yönəldir. Qara Osman Məmlük ordusunun irəliləyişinin qarşısını almaq üçün 1407/809-cu ildə Hələbdən olan qiyamçı Cakama qarşı tətbiq etdiyi taktikanı təkrarlayaraq şəhərin aşağı hissəsindəki torpaqları daşqına verir, özü isə geriyə, Erqaniyə çəkilərək Məmlüklərin bombardmanını gözləməyə başlayır. Amidin müdafiəçilərinin mayın 28-dən/şəvvalın 8-dən iyulun 2-nə /zilqədə ayının 14-nə qədər təqribən altı həftə davam edən müqaviməti Məmlüklərin ağır itki verməsi ilə nəticələnir. Misir və Suriyanın yüksək rütbəli zabitləri arasında qiyam barədə şaiyələrin yayılması  uğursuz Məmlük mühasirəsinin başa çatmasına səbəb olur. Əl-Əşrəf Barsbay Qara Osmanın sülh təklifini qəbul etməli olur, onlar arasında bağlanan müqavilə qüvvəyə minir. Qara Osman Məmlüklərin Qaraqoyunluların Diyarbəkir və Ərməniyə üzərində hakimiyyətini tanıyacaqları halda onlardan asılılığı qəbul edəcəyinə, Ruhanı tərk edəcəyinə, zəvvar və tacir karvanlarının təhlükəsizliyini təmin edəcəyinə və bir daha nə Məmlük torpaqlarına, nə də kürdlərin Həsənkeyf və Egil bəyliklərinə  hücum etməyəcəyinə dair söz verir.[xlv] Ağqoyunluların heç də hamısı bu müharibəni dəstəkləmirdi. Qara Osmanın hürufi şairi Nəsiminin (öl.1417-1418/820) təqibçisi olan oğulları Yaqub və Əli “iki müqəddəs şəhərin xidmətçisi” olan Məmlük sultanına qarşı müharibədən imtina etmişdi. Görünür ki, Yaqubun mülkü bu təriqətin təqibçilərinin sığınacaq yerinə çevrilmişdi, bunu 1430-1431/834 və 1436-1437/840-ci illər arası Ərzincanın şimal-qərbində yerləşən Yalnızbağdakı qəbirlər də sübut edir. Əgər Yaqub həqiqətən hürufiləri dəstəkləyirdisə bu, radikal dini xalq hərəkatının Ağqoyunlu şahzadələri tərəfindən dəstəklənməsini təsdiq edən ən erkən məlumat sayılmalıdır. Bu cür məlumatlara Uzun Həsən və varisləri dövründə daha tez-tez rast gəlinirdi.[xlvi]

Əl-Əşrəf Barsbay dağınıq halda olan qoşunlarını Məmlük ərazisinə çatdırmamış Qara Osman növbəti il davamlı hücumları ilə Məmlük canişinini Ruhadan uzaqlaşdırmağa çalışır.[xlvii] Əl-Əşrəf Qahirədən razılaşmanı pozan Qara Osmanı cəzalandıracağı ilə təhdid etsə də, uğursuz və olduqca bahalı 1433/836-cı il əməliyyatı bu təhdidləri reallaşdırmaq üçün hər hansı tədbir görmək imkanı vermirdi.[xlviii] 1434-cü ilin avqustunda/838-ci ilin məhərrəm ayında Ağqoyunlu elçisinin Qahirədə peyda olması və Ağqoyunluların Barsbayın adına bir-iki sikkə buraxdırması[xlix] istisna olmaqla Ağqoyunluların Məmlüklərin tabeliyində olduğunu heç nə nümayiş etdirmirdi, Ağqoyunluların başqa bir Teymurinin Azərbaycana hücumu ilə əlaqədar açıq şəkildə Fərat üzərinə hücumlarının yenidən bərpa olunması isə əl-Əşrəf Barsbayın Qara Osmandan qisas ala bilməməsinə işarə idi.[l]

Düzdür, Qara Osman Məmlük sultanı üzərində əldə etdiyi üstünlükdən bəhrələnmədi, lakin diqqətini şimalda İsgəndər Qaraqoyunlunun fəaliyyəti nəticəsində yaranmış təhlükəyə yönəldə bildi. 1429/832-ci il Salmas döyüşündən sonra tərk etdiyi Anadoluya qayıdan İsgəndər əvvəl 1431/835-ci ildə Şahrux tərəfindən Azərbaycana hökmdar təyin edilmiş qardaşı Əbu Səidi öldürdü, sonra isə 1433/837-ci ildə ipək istehsal edən Şirvanı işğal etdi. Qara Osman Qaraqoyunluların hücumlarının qarşısını almaq üçün Şirvandan gələn yardım çağırışına cavab olaraq Ağqoyunlu qoşunlarını düşmən Ərməniyə üzərinə yeritdi və 1434-cü ilin baharında/837-ci ilin şaban-şəvval aylarında Ərzurumu ələ keçirdi. Oğlu Şeyx Həsəni Ərzurum hakimi təyin edən Qara Osman İsgəndərin hərəkətləri haqqında Heratdakı Teymuri sarayına hesabat göndərdi.[li]

Azərbaycandakı qarmaqarışıqlıqlardan xəbər tutan artıq altmış yaşına çatmış Şahrux öz imperiyasının qərb sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün böyük ordu ilə üçüncü və sonuncu dəfə Xorasandan Azərbaycana yürüşə başladı.[lii] 1434-cü ilin baharında/838-ci ilin şaban ayında Şahrux Azərbaycan sərhədlərinə çataraq Fars İraqında qış düşərgəsini saldı. İsgəndər Qaraqoyunlu əvvəllər də iki dəfə etdiyi kimi Araz çayı üzərindəki dərə yolu ilə vilayəti tərk edərək Anadoluya çəkildi. Şahrux dərhal Qara Osmana İsgəndərin qaçması xəbərini çatdırır və ona İsgəndərin Osmanlı torpaqlarına çatmamış saxlanılmasını əmr edir. Ərzurum yaxınlığında Qara Osman və Ağqoyunlular Teymuri yardım dəstələri gələnə qədər İsgəndəri yubatmağa çalışırlar. Əsas qüvvələri hələ də qışlaqda olan Ağqoyunlular sayca Qaraqoyunlulardan az idilər və bu səbəbdən də İsgəndərin qüvvələri Ağqoyunluları məğlub etdi, Bəyazid bin Qara Osman və Qara Osmanın kürəkəni Əhməd bəy Purnak öldürüldü. Ağır yaralanan Qara Osmanın özü oğlu Şeyx Həsən tərəfindən Ərzuruma gətirildi. Qara Osman döyüşdən bir neçə gün sonra 1435-ci ilin avqust-sentyabr/839-cu ilin səfər ayında vəfat etdi.

Düşmənlərindən heç bir cavab almayan İsgəndər yaranmış əlverişli vəziyyətdən istifadə edərək Ərzurumu işğal edir və Qara Osmanın cəsədini axtarmağa başlayır. Gizli türbə aşkar edən İsgəndər  qəbiri açdırır və cəsədin başını kəsir, Bəyazid, Əhməd bəy və digər Ağqoyunlu sərkərdələrinin başı ilə birgə Qahirəyə əl-Əşrəf Barsbaya göndərir. İsgəndərin Barsbayın əyilməz rəqibi üzərində zəfərinin dəhşət doğuran qəniməti bu hadisə ilə əlaqədar xüsusi bəzədilmiş şəhərdə böyük sevinclə nümayiş etdirilir, sonra isə bir neçə günlük Zuvayla qalasına yerləşdirilir. 1435/839-cu ildə Qara Osmanın ölümü ilə Məmlüklər təxminən qırx il Ağqoyunlu hücumlarından dincəlmək imkanı qazanırlar, Qahirədə bunu bayram etməyə dəyərdi.[liii]

Qara Osmanın Nailiyyətləri

Qara Osmanın Ağqoyunlu tarixində uzunsürən hökmranlığının əhəmiyyətini qiymətləndirmək üçün otuz iki illik dövrü bir neçə nöqteyi-nəzərdən təhlil etmək lazımdır. Siyasi qurum olaraq Ağqoyunlu 1435/839-cu ildə Mərkəzi İslam torpaqlarının ucqarlarında kiçik şahzadələrin xidmətində olan əhəmiyyətsiz, yarıköçəri tayfa ittifaqından yarıoturaq, geniş muxtar əraziyə,  tam inkişaf etməmiş, lakin Qahirə, Herat və Bursada artıq ciddi şəkildə bərqərar olmuş İran-İslam bürokratik idarə aparatına malik bəyliyə çevrilmişdi.[liv] Qara Osmanın 1398/800-cü ildə Bürhanəddin, 1407/809-cu ildə Cakam üzərində möhtəşəm qələbələri şübhəsiz ki, onun erkən dövrlərdə Qaraqoyunlular tərəfindən uğradığı məğlubiyyətləri kölgədə qoyur və Mərkəzi İslam torpaqları boyunca ona şöhrət gətirir. 1433/836-cı ildə Ruhanı Məmlüklərə verməsinə baxmayaraq, Amid, Ərzincan, Mardin və Ərzurumu, bunlarla yanaşı bir neçə kiçik şəhər mərkəzlərini ələ keçirməsi Ağqoyunluların Mərkəzi Asiya, Hindistan və İranı İslamın qərb mərkəzləri və Avropa ilə bağlayan ticarət yolları üzərində nəzarətini təmin etdi, həmçinin Ərməniyənin dağlıq yaylaqları və Diyarbəkirin qışlaqlarında müstəqil sistem yaradılmasına imkan verdi. Bu dövrdə Ağqoyunlu konfederasiyasının genişlənməsi bu faktorların birbaşa təsiri ilə izah edilir. Qara Osmanın siyasi fəaliyyətə başladığı erkən dövrdə Bayandur tayfasının Bozdoğan, Dögər, Əfşar, İnallı və Bayat tayfaları ilə zəif əlaqələri sonrakı dövrdə Purnak, Mosullu, Həmzə-Hacılı, Heydərli, İvaz, İzzəddin Hacılı, Tabanlı və Yurdçu tayfalarının da qoşulduğu güclü bağlara malik ittifaqa çevrilir.[lv]

 

Xəritə 4. İlk Ağqoyunlu Bəyliyi, 1435/839   

Qara Osmanın rejimi güc və onun təbəələri və tərəfdarlarının həyatı üzərində hakimiyyətə əsaslanmırdı. Müasiri Əli Yazıçıoğlu onun “oğluma məsləhətlər” adı altında inzibati, hərbi və etik toplu hazırladığını bildirir.[lvi] Qara Osmanın Tahir Zül-Yamineynın oğlu Abdallaha yazdığı məktublar formasında  iyirmi beş maddədən ibarət  pandnamə tərtib etməsi İran-İslam siyasi nəzəriyyəsi və Türk-Monqol təcrübəsi və adətlərinin təsirindən xəbər verir. Məsələn, hökmdarı idarə etməyə inandırmaq üçün Sasani şahı Ənuşirvanı təcəssüm etdirən ədalət prinsipinə (20 və 26-cı maddələr), Nizam əl-Mülkün Siyasətnaməsi kimi əsərlərdə təsvir edilmiş ümumi şuraya istinad edilir. Klassik “ədalət dairəsi”ni yaradarkən (21-ci maddə) köçəri konfederasiya və hərbi dəstələr İran-İslam kəndliləri kimi ənənəvi hakimiyyət sütununa əlavə edilmişdi. Digər hissələr vəzirlər və inzibati işçilərin seçilməsi (15, 19-cu maddələr), hökmdarın ətrafı (14-cü maddə) və təhlükəsizlik xidməti (16-cı maddə) məsələlərini, praktik əxlaqi məsələlərlə bağlı məsləhətləri (12, 23, 24, 27, 28-ci maddələr), Siyasətnamədən çox Qabusnamədən götürülmüş at və həyat yoldaşının seçilməsi (6, 8-ci maddələr) məsələlərini əhatə edir. Türk-Monqol ənənələrinə daha çox bağlı olan hissələr hərbi nizamnamə (2, 4, 7, 9, 11-ci maddələr) və cəza kodeksindən (10, 20, 22-ci maddələr) ibarətdir. Bundan başqa Yazıçıoğlu Qara Osmanın türkmən ənənələrinə hörmət etdiyini qeyd edir və birinci fəsildə Qara Osmanın hakimiyyəti dövründə Ağqoyunluların köçəri həyat qaydalarının tədricən inkişaf etdirilərək qanun və ideologiya səviyyəsinə çatdırıldığına dair dəlillər gətirir.[lvii] Şiltberger onun həyat tərzinin praktik tərəfləri haqqında belə yazır: “Kafirlər içərisində bəzi ağaların öz xalqı ilə köç etməsi bir adətdir. Onlar gözəl otlaqları olan yerə çatdıqda həmin yerləri müvəqəti olaraq ağalarından icarəyə alırlar. Öz xalqı ilə köç edən Osman (Qara Osman) adlı bir Türk ağa var idi, o, yayda öz xalqı ilə Sevasta (Sivas) gəldi…”[lviii] Bu yazıda Qara Osman tipik köçəri işğalçı və qanunverici kimi təsvir edilir və beləliklə də tarixi şəxsiyyət olan Çingiz xan və Türklərin əfsanəvi  hökmdarı Oğuz xan ilə eyniləşdilir.[lix]

Ağqoyunlu “köçəri ideologiyası” inkişafının digər aspektini Qara Osmanın hakimiyyəti altında Oğuz ənənələrinin dirçəldilməsində görmək olar.[lx] Bu, II Mehmetin hakimiyyəti altında Osmanlı oğuzçuluğunun inkişafına bənzəyirdi. Bayandur xandan törəmə olduqları iddiası Qutlunun (1389/791) Sınırdakı, onun oğlu Pirəlinin (1413?/815?) isə Kığıdakı[lxi] türbələrində qeyd olunsa da, bu epiqrafik yazılar  nisbətən sonrakı dövrlərə aiddir. Lakin Qara Osmanın dövründə bu əcdada istinad daha möhkəm bünövrə əldə edir, Qara Osmanın buraxdığı sikkələrdə Bayandurun tamğası (5 və 13-cü təsvirlərə bax) əks olunmuşdu.[lxii] Hakim Ağqoyunlu tayfasının özünü Oğuz xalqlarının Bayandur qoluna aid etməsi Qara Osmanın əfsanəvi Türk hökmdarı Bayandur xanın törəməsi olması iddiası ilə də bağlı ola bilər. Oğuz xanlarının xanı olan Bayandur xanın törəməsi olması isə Ağqoyunlu hökmdarına Anadolu, Suriya və Azərbaycanın siyasi cəhətdən dağınıq  olan türkmən tayfalarından sədaqət tələb etmək üçün ideoloji zəmin yarada bilərdi.[lxiii] Bütün bunlara baxmayaraq, 1426/829-cu ildə Anadolunun qərb bəyliklərinin tayfa başçıları dəyişkən təşkilat olan Ağqoyunlu bəyliyini yüksək səviyyədə mərkəzləşdirilmiş dövlət xüsusiyyətlərinə malik Osmanlılara mümkün və arzuedilən alternativ kimi tanıyırlar. Həmin il Menteşe bəyliyinin hakim xanədanının mülkləri II Murad tərəfindən işğal edildikdən sonra o, Qara Osmanın yanına sığınmalı olur.[lxiv]

Təxminən elə həmin dövrdə Avropalılar ilk dəfə olaraq Qara Osmanın idarə etdiyi Ağqoyunluların Osmanlı işğallarının qarşısını almaq üçün potensialını dərk edirlər. Sonradan Müqəddəs Roma imperatoru olacaq, 1396/798-ci ildə Nikopoldakı döyüşdə İldırım Bəyazid tərəfindən məğlubiyyətə uğradılan Macar kralı Sigizmund (1437/841) ilk dəfə olaraq 1428/831-ci ildə Mesopotamiyada hökmranlıq edən Qarayuluq bəyliyinə səfir göndərmək niyyətini bəyan edir. Onun səfiri 1430-cu ilin yayında/833-cü ilin sonunda Amiddə Qara Osmanı ziyarət edir və 1430-cu ilin sentyabrında/833-cü ilin zilhiccə-834-cü ilin məhərrəm ayında ondan aldığı cavabla geri dönür. Qara Osman cavab məktubunda Sigizmunda İsgəndər Qaraqoyunlu və əl-Əşrəf Barsbay ilə münaqişəsindən, birincinin ikinci dəfə 1429-1430/832-833-cü illərdə Azərbaycan və Anadolunun şərqini işğal etmiş Şahrux tərəfindən məğlubiyyətə uğradılmasından yazır. Əlavə olaraq fəxrlə Şahruxun Osmanlılar üzərinə hücum etmək niyyətindən bəhs edir. Bu məktub 1430-cu il martın birinci yarısında/833-cü il cəmadiyəlaxır ayında Sigizmunda çatır[lxv]. Müttəfiq ola biləcək iki siyasi xadim arasındakı əlaqə heç bir real nəticə vermir. Sigizmundun başı Qusçu müharibələrinə və Papa ilə özünün imperator elan edilmək imkanı ilə bağlı danışıqlara qarışmışdı, Qara Osman isə özünün ənənəvi düşmənləri ilə vuruşurdu. Buna baxmayaraq, əlaqələrin yaradılması istiqamətində ilk addım atılmışdı və onlar daha geniş miqyasda Qara Osmanın nəvəsi Uzun Həsənin hakimiyyəti dövründə reallaşacaqdı. Bu haqda 4-cü fəsildə bəhs edilir.

Qeyd etmək lazımdır ki, Qara Osman siyasi hakimiyyətinin mənəvi gücünü təkcə Anadolunun dağınıq və narazı köçəri hərbi elitası arasında möhkəmləndirmək niyyətində deyildi. Təkcə bir fakt, yarıköçəri tayfa konfederasiyasından yarıoturaq ərazi bəyliyinə keçid Ağqoyunluların iqtisadi, siyasi və sosial sistemində şəhər təbəqələrinin təmsil olunması demək idi. Bununla əlaqədar Qara Osmanın idarə aparatında müsəlman şəhər bürokratiyasının iştirakı artıq qeyd edilmişdir. Bundan başqa Qara Osmanın barışıq siyasəti dini fərqliliyə qarşı çıxaraq bəyliyin aqrar, sənaye və ticarətlə məşğul olan əhalisinin böyük hissəsini təşkil edən erməni və xristian monofizitləri də əhatə edirdi.[lxvi] Kiçik istisnaları çıxmaq şərtilə erməni mənbələri əsasən Qara Osmanın, onun Diyarbəkir və Ərməniyəni idarə edən oğulları və nəvələrinin xristian əhaliyə münasibətini təqdir edirlər.[lxvii] Bununla əlaqədar Mardinin canişini (1432-1435/835-839), sonralar isə Ağqoyunlu bəyliyinin hökmdarı (1438-1444/841-848) olmuş Həmzə öz hakimiyyətinin yaradılması və möhkəmləndirilməsi üçün Amid və Mardinin xristian əhalisinə o qədər güvənirdi ki, müsəlman müəlliflər tez-tez onu islamdan dönməkdə günahlandırırdılar.[lxviii] Müsəlman və xristian şəhər təbəqələri arasındakı bu narazılıqlar hər zaman Ağqoyunlu sosial tarixini təqib etmişdi.      

Mülklər iri hərflərlə yazılıb

Təsvir 7. İkinci və ya Qara Osmanilərin idarəsi

Bütün bunlara baxmayaraq ilk bəylik dövrünün strukturunda türk-monqol elementləri üstünlük təşkil edirdi. Bunu Qara Osmanın hakimiyyəti dövründə Ağqoyunluların hərbi strukturu sübut edir. Ordu rəsmi olaraq on, əlli, yüz, min və on min nəfərdən ibarət süvari dəstələrinə bölünmüşdü, bu bölgü konfederasiyaya daxil olan tayfaların sosial strukturuna uyğun idi. Döyüşdə bu hissələr konfederasiyada tutduqları mövqeyə görə ordunun sağ və sol cinahlarını təşkil edirdilər, bu tayfalar qonaqlıq stolunda da eyni prinsipə uyğun olaraq yerləşdirilirdilər.[lxix] İrsiyyət prinsipinə görə, bölgü Ağqoyunlular arasında Türk-Monqol tayfa təcrübəsinin mövcudluğu və təsirinə dəlalət edirdi. Qara Osman son dövr işğallarında əldə etdiyi torpaqları yalnız oğullarına vermişdi, Süleymani və Zraqi kürdlərindən alınan Silvan və Tərcil 1424/827-ci ildə Bəyazidə, Harput 1429/832-ci ildə onu işğal etmiş Əliyə verilmişdi, Yaqub isə 1429/832-ci ildə Ərzincana sahib olmuşdu, Həmzə 1432/835-ci ildə Mardini almış, Ərzurum isə 1433-1434/837-ci ildə Şeyx Həsənə qaytarılmışdı.

Qara Osman yaratdığı sistemdə müəyyən dərəcədə siyasi hissələr arasında bölgü və sabitliyə nail olsa da, bu sistemdə sədaqət hələ də qohumluq əlaqələri və şəxsi sədaqətlə müəyyənləşirdi. Onun təsadüfü hakimiyyətinin nəzəri cəhətdən effektiv fəaliyyət göstərən daimi sülalə hakimiyyətinə çevrilməsi oğulları, hakim Bayandur tayfasının yardımçı xanədanları və konfederasiyaya daxil olan tayfalar üzərində mütləq hakimiyyətinin mövcudluğundan asılı idi. 1435/839-cu ildə ölümündən sonra varislik üzrə vahid xüsusi qanunun olmaması nəticəsində apanaj sisteminin iyerarxik strukturunun siyasi cəhətdən yenidən bölüşdürülməsi cəhdi  Ağqoyunluları iyirmi ildən də çox davam edən daxili çəkişmələrə sürüklədi və xarici qüvvələrin üstünlük əldə etməsinə imkan yaratdı. İlk baxışda Uzun Həsən miqyasında bir liderin meydana gəlməsi Türk-Monqol dövlətlərinin əksəriyyəti üçün adi olan sərt seçim prosesinin effektiv olması fikrini yaratsa da, 1435-1457/839-861-ci illərdəki böyük Ağqoyunlu vətəndaş müharibəsi ola bilsin ki, Ağqoyunlu hakimiyyətinin üçüncü yaradıcısına babalarının əsasını qoymağa cəhd göstərdiyi siyasi sistemin məhdudiyyət və uyğunsuzluqlarını nümayiş etdirmişdi.


İstinadlar və qeydlər


[i]Bax: əlavə B, Dögər.

[ii] DİYAR, 90, 204-205, 251. Əhməd bin Qutlu bin Əhməd Əli bin Qara Osmanın qızı ilə ailə qurmuşdu.

[iii] HAVADİS, 513. Saray Xatunun (AŞIK  A:248 onu Dilşad Xatun adlandırır) Diyarbəkirdən olan xristian olması haqqında ilk ehtimalı Minorski (1933: 6) səsləndirmişdi. Bir neçə il sonra Babinger (1978:192) də bu ehtimalı qəbul etmişdi.  Hinzin, 1936:40 (qeyd 2) əldə etdiyi yeni məlumat bu ehtimalı rədd etsə də Minorski (1937:242) bunu qəbul etməmişdi. Bu “xristian xanım” Harputda hələ də onun adını daşıyan (SƏYAHƏTNAMƏ, 3:218; QABRİYEL 1:259; HARPUT, 74; SÖZƏN 59-62; Sümər  1990: 631-632) məscid tikdirərək içərisini abadlaşdırmışdı. Havadisdə olan bu məlumat Saray Xatunun mühüm diplomatik missiya ilə Qahirəyə göndərildiyi 1466/870-ci ilə aid olsa da  o, ola bilsin ki, Əli ilə Cahangirin dünyaya gəldiyi (DAV 3:80) 1416-1417/820-ci ildən bir il əvvəl, Qara Osmanın hakimiyyətinin formalaşdığı dövrdə evlənmişdir. QİYASİYYƏdə (A:390, B:56) təsvir edilən münasibətləri nəzərə alsaq, Qara Osmanın Kor Məhəmməd adlandırılan oğlu Məhəmməd də Pirəlinin qızı ilə evli idi, lakin bu nikahın hansı şərtlər altında və nə zaman bağlandığı məlum deyil.

[iv] DİYAR, 64. Ola bilsin ki, Nurəli 1415/817-ci ildə Yağmur Dögərin ölümündən sonra (HƏCƏR 2:40; SULUK 4:291;NUCUM 6:342-343; lakin DİYARda, 9, 1421/824-cü ildə o, hələ də sağ idi) Qara Osmanın Ruhadakı nümayəndəsi təyin edilir. Suluk 4:410, 517 “Tur” Əlinin (bin Qara Osman) 1417/820 və 1420/823-cü ildə Ruhanın hakimi olduğunu yazır.

[v] DİYAR, 58-59. Turan (1966 1::184-185) bu sitatı Ağqoyunlu və Qaraqoyunlular arasında İran və Mərkəzi Asiyada yayılmış monqol ənənəsinin nəticəsi kimi xalq və ya tayfa hisslərinə işarə hesab edir.

[vi]Hələbin sultan tərəfindən təyin edilmiş nümayəndəsi Cakam və ya Çikim əl-Malik əl-Adil adı ilə 1406-cı il noyabrın 21-də/809-cu il cəmadiyəlaxır ayının 9-da (HƏCƏR 2:356) və ya martın 21-də / şəvval ayının 11-də özünü sultan elan edir və Məmlük dövlətinin bütün Suriya bölgəsində sultanı kimi qəbul edilir. Onun adı səhvən Yazıçının GÜLŞƏNİ nəşrində (s.486) “Hakim” kimi yazılıb.

[vii] DİYAR, 60-61: NİGARİSTAN, 353. Bu tayfa haqqında bax: əlavə B.

[viii] TƏQVİMLƏR 14; HƏCƏR 2:357-358, 365-366, 379; SULUK 4:45-46; NUCUM 6:184-185; BAHADUR 30ab; DİYAR 64-65: DAV 3: nömrə 292, 86; GÜLŞƏNİ, 485-486. Döyüşün dörd fərqli tarixi təqdim olunur:6 aprel 1407/27 şəvval 809-cu il (NUCUM 6:186), 19 aprel/11 zilqədə (HƏCƏR 2:366), 23 aprel/15 zilqədə (HƏCƏR 2:357) və 25 aprel/17 zilqədə (SULUK 4:46; NUCUM 6:184). İbn Tağribirdi iddia edir ki, əl-Əşrəf Barsbayın şəxsən Ağqoyunlulara qarşı təşkil etdiyi 1433/836-cı il yürüşü zamanı döyüş meydanında olub.

[ix] DİYAR, 65, 100-101; ZAHİRİ, 137; BAHADUR 68a.

[x] DAV 5:135; HƏCƏR 2:358.

[xi] ZUBDAT 456a; HƏCƏR 2:404; MUCMAL 3:198; DİYAR, 67-68; MATLA 171-172; QİYASİ A:2-3, B:241-242; ƏHSƏN A:59-60.

[xii]1410-1418/812-821-ci illər Diyarbəkirə daxil edilmədiyindən Ağqoyunluların daxili tarixinin bu dövrü haqqında çox az məlumat tapmaq mümkündür. Lakin konfederasiyanın qonşuları ilə münasibətləri haqqında Məmlük və Teymuri salnamələri və diplomatik sənədlərində qismən geniş məlumat mövcuddur. Qaraqoyunluların Ərzincanı ələ keçirməsi ilə bağlı bax: ZUBDAT 456ab; HƏCƏR 2:459 (1410-1411/813); MUCMAL 3:198 (fevral-mart 1410/şəvval 812); MATLA, 173 (1410-cu ilin baharı/812-ci ilin zülqədər-813-cü ilin səfər ayları); ƏHSƏN A:60; SULUK 4:133, 137, 141.

[xiii] METSOP, 59. Əslində Mutahhartanın mülkiyyətinin bir hissəsi olan, Ərzincanla Malatyanı birləşdirən şimal-cənub ticarət yoluna nəzarət edən Kemah qalası 1401/ 803-cü ildə Osmanlılar tərəfindən ələ keçirilmiş, lakin növbəti il Teymur qalanı Osmanlılardan geri almışdı (KLAVİXO A:90, B:130-131; ŞAMİ 250-252; HƏCƏR 2:228; ƏRƏBŞAH 314-316; YƏZDİ 2:288ff; DİYAR 33). Əvvəlcə qalanı Mutahhartana qaytaran Teymur sonradan onu ola bilsin ki, 1403/805-ci ildə Anadolunu tərk edərkən Qara Osmana verir. Qara Osman da öz növbəsində oğlu Yaqubu bu mühüm qalanın başına keçirir. Bütün mənbələr qalanın demək olar ki, alınmaz olduğunu yazır. Bax: Sevgen 1959:212-215.

[xiv] SULUK 4:181, 190; və HƏCƏR 2:483 yazır ki,  Qara Yusifin barışıq təklifi Sincara qədər uzaq kürd torpaqlarında müharibə aparan Qara Osman tərəfindən rədd edilmişdir. O, buranın əhalisini 100.000 dirhəm və 1000 baş qoyun təzminat ödəməyə məcbur etmişdi.

[xv] ZUBDAT 492 ab; MUCMAL 3:211; MATLA 240-241; ƏHSƏN A: 88-89. 1412-ci ilin bahar və yayında/815-ci ilin məhərrəm və cəmadiyəlaxır ayında Qara Yusif Amid və Çermikə hücum edərək Qara Osmanı Erqanidə döyüşə cəlb edir və məğlubiyyətə uğradır.

[xvi] SULUK, 4:364, yazır ki, Ərzincanın Ağqoyunlular tərəfindən mühasirəsini 1416-cı il yayın əvvəlində/819-cu ilin rəbiyə-cəmadiyəlaxır ayında Qaraqoyunlu hakimi Pir Ömərə dəstək göndərən İsgəndər bin Qara Yusif yarır.

[xvii] İQD 1:292, 293, 294; Həcər 3:132-133; SULUK 4:409, 412, 417; BAHADUR 38a-42b; NUCUM 6:369-372. 1417-ci ilin yayında/820-ci ilin cəmadiyəlaxır-rəcəb aylarında Məmlük vilayətlərinin şimal hissəsinə üçüncü yürüşü zamanı Məmlük sultanı əl-Muəyyəd Şeyxə çatan məlumata görə,  Qara Osman yenə də Qara Yusif tərəfindən məğlubiyyətə uğradılmış və Birəciyə doğru sıxışdırılaraq sultandan sığınacaq istəmişdi. Münaqişə Mardinin şimal-şərqində yerləşən Saur qalasının Ağqoyunlular tərəfindən təslim edilməsi və böyük məbləğdə təzminat ödəməsi ilə başa çatmışdı.

[xviii] HƏCƏR 3:168-172; SULUK 4:450, 457-459, 460-461, 463, 464-465; BAHADUR 87a; NUCUM 6:383-388.

[xix] FERİDUN 1:286-289/ASNAD A:587-593; AŞIK A:181, B:174; BİDLİSİ, 2:f.104a; ƏHSƏN  A:540-541. Bu ittifaq nəticəsində dünyaya gələn varislər Uzun Həsən, Yaqub və Baysunqurun hakimiyyəti dövründə mühüm vəzifələr tutmuş və Bayandur hakim tayfası ilə qan qohumluğuna malik Miranşahi adlandırılan qrupu formalaşdırmışdılar (bax: əlavə B).

[xx] Bu hadisə ilə bağlı Osmanlılar, Qaraqoyunlu və Ağqoyunlular arasındakı yazışma ilə əlaqədar bax: FERİDUN 1:152-155/ASNAD A:177-185.

[xxi]ZUBDAT 541a; MATLA 376; ƏHSƏN A:107.

[xxii] TƏQVİMLƏR, 20, 56; ZUBDAT 557a; METSOP 65; İQD 1:383-384; HƏCƏR 3:222; SULUK 4:535; NUCUM 6:415-416; DİYAR 69-71/ƏHSƏN A:107-109. Əl-Muəyyəd Şeyxin bu hadisə ilə bağlı sevinci  Məmlüklərin mərkəzi və Şərqi Anadolunun əsas ticarət mərkəzlərinin Suriya bazarlarına məhsulların, xüsusilə də ipək və qulların azad şəkildə daxil olması üçün dost əllərdə olmasında maraqlı olduğuna işarə idi.

[xxiii]FERİDUN 1:160-161/ASNAD A:160-161; (Şahruxun I Mehmetə fəthnaməsi); MUCMAL 3:242. Həsənkeyfin Əyyubi hakimi tərəfindən Qahirəyə göndərilən diplomatik məlumatda Qara Yusifin zəhərləndiyi qeyd olunur (SULUK 4:453/NUCUM 6:423).

[xxiv] ZUBDAT 557ab; MATLA 413-415/ƏHSƏN A:118; DİYAR 75. Hafiz Əbru Baysunqur Təbrizə gəldikdən sonra Əli bin Qara Osmanın özünü ona təqdim etdiyini təsdiqləyir, lakin o, Yaqub bin Qara Osman olmalıdır.

[xxv] ZUBDAT 561a.

[xxvi] Qaraqoyunlular arasında taxt uğrunda 1420/823-cü ildən 1446/850-ci ilə qədər iyirmi altı il davam edən mübarizə 3-cü fəsildə təhlil edilən Ağqoyunluların böyük vətəndaş müharibəsini xatırladır.

[xxvii] FERİDUN 1:161-163/ASNAD A:215-217 (İsgəndərin I Mehmetə fəthnaməsi); ZUBDAT 565a; MATLA, 442; DİYAR 77-82/ƏHSƏN A:120-123.

[xxviii] Məsələn, bax: DİYAR 134, 273;ƏRZ 24; ƏHSƏN A:535.

[xxix] ZUBDAT 567b, 568a.

[xxx] ZUBDAT 568b; MATLA 449-451; ƏHSƏN A:125-126; DİYAR 82-85. DİYARdakı məlumata görə, Şahruxu Qaraqoyunluların mərkəzi torpaqlarına hücuma Qara Osman deyil, Əli təhrik etmişdi.

[xxxi] ZUBDAT 568b. Bu nitq MATLA-da yoxdur.

[xxxii] Ələşgert döyüşü ilə bağlı bax: ZUBDAT 568b-572b; MATLA 451-464/ƏHSƏN A:126-133; DİYAR 85-88. Həmçinin bax: KOLOFONLAR 146, 147, 157-159.

[xxxiii] Bax: FERİDUNdakı məktub 1:185-186/ASNAD A:226-228.

[xxxiv]Qara Osmanın 1422/825-ci ildə Ərzincan və Kemahı on üç həftə uğursuz mühasirədə saxlaması haqqında bax: KOLOFONLAR 163-164. DİYAR, 90-cı səhifəsində yazılır ki, “Trabzonun sultanı” (IV Aleksiy Komnin) Ağqoyunlularla Ərzincanın kənarında birləşir, ola bilsin ki, həmin zaman Qara Osmanla Aleksiyin qızı arasında nigah bağlanması qeyd olunurdu (DUKAS A:124-125, B:127).

[xxxv]DİYAR 93-94.

[xxxvi]DİYAR 95. Lakin 1425/828-ci ildə Qaraqoyunluların Ərcişdəki mərkəzinə olan basqın yeni torpaqların ələ keçirilməsi ilə nəticələnmədi (KOLOFONLAR 168).

[xxxvii]İQD 2:317; HƏCƏR 3:384; NUCUM 6:623 (1427-ci ilin yanvar-fevral ayları/830-cu ilin rəbiüləvvəl ayı). 

[xxxviii]Bartold 1963:6:43-55; Becker 1915:379-386; Jomier 1953:50 və Darrag 1961:159-194, 381-385.

[xxxix] Şahrux Teymuri ilə Uzun Həsən Ağqoyunlunun Hicazla bağlı siyasətindəki fərq üçün XV əsrin sonlarında/IX əsrdə yaradılmış Məmlük salnaməsi SAYRAFİ-yə, 428, bax.

[xl] Bax: KOLOFONLAR, 169, 178.

[xli] İQD 2:362-363; HƏCƏR 3:422, 452; SULUK 4:806-808; ZAHİRİ, 137; NUCUM 6:644-649, 652, 686, 816; DAV 10: nömrə 878, 206; DİYAR 100-106/ƏHSƏN A: 136-137. Bu hadisə haqqında Məmlük və Ağqoyunlu mənbələri bir-birlərini çox gözəl tamamlayırlar. NUCUM yazır ki, qoşunun başında duran baş vəzirin katibi Arıkmaz (ola bilsin ki, Urkmaz, müasir türk dilində Ürkməz, yəni qorxmaz) əl-Zahiri idi, DİYAR-da isə yazılır ki, qoşunun başında duran Hüseyin bin Əhməd əl-Bəhəsni, “Tağrıbirmiş” idi. Sonuncunun adı son dövr Ağqoyunlu tarixində keçir.

[xlii]Bu əməliyyatın Teymuri versiyası üçün Şahruxun fəthnaməsinə bax: ASNAD A:219-223: MUCMAL 3:262-266; MATLA 601-625/ƏHSƏN A:195-200. NUCUM, 6:649, 662-663, SULUKa istinadən, 4:811, təsdiq edir ki, Qara Osman Salmasdakı min nəfərlik Ağqoyunlu dəstəsinin başında Mardin və Malatyaya yürüşdən sonra Diyarbəkirə döndü. Həmçinin bax: Sümər 1969a: 127-131.

[xliii]Bax: FERİDUN 1:216-217/ASNAD A:463-464 (Mardin hakiminin II Murada məktubu); Qara Osmanın bu dövrdə fəaliyyəti ilə bağlı bax: SULUK 4:850; BAHADUR 56b; NUCUM 6:660, 665-668, 669, 673.

[xliv] HƏCƏR 3:473; BAHADUR 62ba-63a; Anonim Suriya xxxix. Bir neçə mühasirədən sonra sonunda Mardin ilk bəyliyə birləşdirildi və Qara Osmanın oğlu Həmzəyə mülk olaraq verildi. İbn Bahadur yazır ki, Qara Osman qalanın açarlarını tabeçilik nişanı olaraq əl-Əşrəf Barsbaya təklif edir, lakin əgər onun 1432-1433/836-cı ildə Qahirəyə göndərdiyi təhqiredici səfirlik haqqında məlumat doğrudursa (bu haqda məlumat İYAS Məmlük salnaməsində (Bulaq, 1893-1894/311) qeydə alınmışdı, lakin həmin məlumat Məhəmməd Mustafanın 1972-ci il nəşrinin 2-ci cildinə daxil edilməmişdir) demək onun atdığı addım yalnız formal xarakter daşıyırdı.

[xlv] İbn Tağribirdinin gözü ilə görərək təsvir etdiyi yürüş haqqında məlumat üçün bax: NUCUM 6:691-711. Əlavə məlumatları İQD 2:430-432; SULUK 4:890-897; HƏCƏR 3:492-498 və BAHADUR 66b-68b əldə etmək olar. Müqavilənin şərtləri üçün bax: İQD 2:432; SULUK 4:897 və BAHADUR 68b. İQD 2:432 və SULUK 4:906-nın məlumatlarına görə, Amidi mühasirəyə alarkən Məmlüklər artilleriyadan istifadə etmişdilər.

[xlvi] HƏCƏR 3:498-499; ƏRZİNCAN 250-251.

[xlvii]SULUK 4:915, 917; HƏCƏR 3:519; NUCUM 6:718-719; BAHADUR 69a. Barsbayın Ruhadakı hakimi İnal əl-Əcrudi əl-Alayi sonralar Məmlük sultanı olmuş əl-Məlik əl-Əşrəf İnal (1453-1461/857-865) idi.

[xlviii]Əl-Əşrəf Barsbayın ağır itkilər verməsini Emanuel Piloti kimi xarici müşahidəçilər də yazır. Piloti “Kara Culuço”nun hakimiyyətinin cənubda və qərbdə Hələbə qədər genişləndiyindən yazır (PİLOTİ 211-212).

[xlix]İQD 2:453; SULUK 4:926; NUCUM 6:721; BAHADUR 74b. Həmçinin bax: Broom 1979.

[l] SULUK 4:937; HƏCƏR 3:541; NUCUM 6:727. Qara Osmana qarşı digər əməliyyat 1434-cü ilin dekabrında/838-ci ilin cəmadiyələvvəl ayında elan edilir və başlamadan dayandırılır.

[li] DİYAR 107-108/ƏHSƏN A:211-212.

[lii] Şahruxun Azərbaycana üçüncü və sonuncu yürüşü ilə bağlı bax: KOLOFONLAR 186-187; MUCMAL 3:278-281; MATLA 674-679/ƏHSƏN A:212-217, 220-223; Sümər 1967a:132-137.

[liii] KOLOFONLAR 182-183; METSOP A:133;İQD 2:467; SULUK 4:949, 956, 963, 984, 988; HƏCƏR 3:543-544; NUCUM 6:740-741; BAHADUR 88b-88a; DAV 5:135-137; DİYAR III-14/ƏHSƏN A:213-218, 219-220. Qara Osmanın ölümü haqqında məlumatlar arasında fərq azdır. DİYARda Uzun Həsənilərin rəsmi versiyası əks olunub, lakin SULUK, HƏCƏR və İQD kimi Misir-Suriya mənbələrində İsgəndərin Qahirəyə göndərdiyi Fəthnamədə əks olunan versiya qeydə alınıb. Lakin Qara Osmanın neçə yaşında ölməsi və neçənci ildə ölməsi ilə bağlı mənbələrdəki məlumatlar ziddiyyətlidir. DİYARda, s.113, onun ay təqvimi ilə səksən il yaşadığı yazılır. Məmlük salnamələri isə onun 90-100 yaş arası yaşadığını qeyd edirlər. Əgər Qara Osman Mariya Komninin Qutlu bin Turəlidən dünyaya gəlmiş oğludursa, onun yaşı 1435/839-cu ildə 85-dən çox olmamalıdır, çünki PANARETOSun (s.70) məlumatına görə, Qutlu ilə Mariya 1352/753-cü ildə evlənmişdilər. Bundan başqa BAZM (s.347) yazır ki, Qara Osman qardaşı Əhməddən gənc idi və bu fakt DİYARda (s.36) də təsdiq olunur. Buna görə də onun Məmlük salnamələrindəki şişirtmə 100 il deyil,  ay təqvimi ilə səksən, günəş ili ilə yetmiş yeddi il yaşaması həqiqətə daha yaxındır. Qara Osmanın avqustun 29-da/səfər ayının 5-də vəfat etməsi haqqında SULUK 4:956, 984; NUCUM 6:840, avqustun 26-sı-sentyabrın 4/səfər ayının 1-10 arasında vəfat etməsi haqqında NUCUM 4:741; DAV 5:135 və sentyabrın 13-23/səfər ayının 19-29-da vəfat etməsi haqqında isə BAHADUR 88a məlumat verir.

[liv] Təsviri sənədlərdə Qara Osmanın hakimiyyəti dövründə yalnız iki məmurun adı çəkilir: maliyyə işləri üzrə vəzir Xoca Məhəmməd və inzibati idarə aparatının başçısı İbrahim bin İdris (Diyar, 80, 119).

[lv] Purnakları çıxmaq şərtilə bu tayfalar ilk dəfə olaraq Böyük vətəndaş müharibəsi dövründə xatırlanılırlar, lakin çox güman ki, onlar Ağqoyunlulara Qara Osmanın hakimiyyəti dövründə birləşmişdilər. Bax: əlavə B.

[lvi] YAZIÇIOĞLU A: 14b-16b.Toğan 1946:101 və Turan 1969: 2, 26 mərhum Qara Osmanı Osmanlı tayfa başçısı olaraq qəbul edirlər, Ərzi 1950:716 və Vittek 1964:163ff isə onun ilk Ağqoyunlu bəyliyinin başçısı olduğunu söyləyirlər.

[lvii] Digərləri ilə yanaşı Toğan da, 1946:100-102, türk və monqollar arasında köçəri ənənələrin gücləndirilməsinin ideoloji əhəmiyyətindən bəhs edir. 

[lviii] Şiltberger A:16: “Es ist gewonhaitt in der haydenschafft, das ettlich herren umbzigen in dem land mit viech und woe sie dann komen in ain landt, do gutte wayd ist, so besteen sie die wayd von dem herren desselben lands auf ain zeitt. Nun was ein thurkischer here genandt Ottman, der zoch im land umb mit viech und kam in dem sumer in ein landt, das haysser Sewast…”

[lix]YAZIÇIOĞLU A:15b-16b, nömrələr 10, 20, 22. Türk-monqol dövlətində qanunun hökmdarın istəyi olması haqqında bax: Toğan 1946:106-109 və İnalçık 1969: 107-111. Qara Osmanın nəvəsi Uzun Həsənin qanunvericiliyi ilə bağlı 4-cü fəsilə bax.

[lx] Osmanlı sultanının “Türk millətinin qədimliyi” ilə bağlı marağı haqqında bax: Vittek 1938a:27-28, 1938b:7-13, 1952:673.; Sümər 1953: 319, 1959:453, 1967b:365-368; Turan 1969:2, 25-28.

[lxi] ƏRZURUM, 255-256; ƏRZİNCAN 245, 247; Kığı 94.

[lxii]FRAEHN 1:145. Lakin TEVHİD-i araşdıran Sümər, 1967b:147, Bayandur tamğasının Qara Osmanın oğlu Həmzənin (1444/848) dövründən istifadə edildiyini yazır (bax: Sümər 1964: 385). Ağqoyunluların arasında Bayandurun gerbi abidəüstü yazılarda (Qabriyel 1:13-17; ETEM 141-147), sikkələrin üzərində (RABİNO 125 və IX lövhə; Hinz 1936:104-cü  üzləmə), bayraqlarda (Uzunçarşılı 1969: lövhə 49) və rəsmi sənədlərdə (məsələn, BUSSE lövhə II, IV, XIII; Papazyan A:1:vii; Farmans A:xi; TİEM 2200; TKS E.3127 (KEÇİK12), 3132 (AK2), 3134 (KEÇİK 6, FEKETE21), 5486 (KEÇİK 9), 8344  (KRÇİK 12), 8926 (KEÇİK 14, FEKETE 20), 9662 (KEÇİK 17 və s.) istifadə olunurdu. Yuxarıda istinad edilən sənədlərin bəzilərində Bayandurun tamğasında əl-hüküm lillah müraciəti lillah olaraq yazılıb.

[lxiii]“Xoşbəxtlik mülkünə malik Bayandur xan” haqqında YAZIÇIOĞLUnun, A:f.2a, Oğuznaməsindən bir parçanın başlanğıcında yazılıb. Bayandur xanın Xanlar Xanı olması haqqında bax: Qorqud A: yazı 77, 84, 153; faksimil 10, 19, 121. Ağqoyunlu və Oğuz adətləri ilə əlaqədar əlavə A-ya bax. Nəzərə almaq lazımdır ki, KOLOFONLAR, 309, 312, Qara Osmana sadəcə olaraq Bayandur kimi müraciət edir.

[lxiv] AŞIK A:109-11, B:97-98.

[lxv] Stromer 1961, 1962 və 1972.

[lxvi] XV/IX əsrin xarici müşahidəçiləri Ərməniyə və Diyarbəkirin şəhər mərkəzlərində müsəlmanların çoxlu sayda xristian qohumlarının olması haqqında məlumat verirlər. Məsələn, bax: ŞİLTBERGER A:99; KLAVİXO A:84, 89-90, B:123-124, 129-131, 139; BERÇETdə Zeno, ix, 134; GHİSTELE 268, 271; ROMANO  A:430, 432, B:147, 150.

[lxvii]KOLOFONLAR 164, 169, 182-183, 207, 210-211, 213-214; METSOP 59. Bax: KOLOFONLAR 168, 182, 207, 221-222.

[lxviii] KOLOFONLAR 211; Anonim Suriya xxxix; DİYAR 136; DAV 3:165; xüsusilə də GÜLŞƏNİ 13-15.

[lxix] YAZIÇIOĞLU A:14b-16b, nömrələr 2, 3, 4, 9, 28.

 

Birinci hissəyə keçid:

İkinci fəslin birinci hissəsi:
Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.