fbpx

TƏRCÜMƏ

TƏRCÜMƏ

Con E. Vuds: Ağqoyunlu – Tayfa, Konfederasiya, İmperiya

Read this article on other language
Download article
image_pdf
image_pdf

Sovet dövründə Azərbaycan cəmiyyətini, xüsusilə də ziyalıları milli tarixin saxtalaşdırılması ciddi narahat edirdi. Düşünmək olardı ki, müstəqillik əldə etdikdən sonra tarixçilərimiz saxtalaşdırılmış tariximizə yeni baxış formalaşdıracaqlar. Təəssüf ki, otuz ildən artıq müstəqillik dövründə Azərbaycanın qədim və orta əsr tarixinə dair suallara mükəmməl cavab tapmaq mümkün olmamışdır, əksinə tarixin müxtəlif istiqamətlərdə saxtalaşdırılması davam etmişdir. Bunun bir sıra ciddi səbəbləri var; bu səbəblərdən biri tarixi problemləri araşdırmağa qadir mütəxəssislərin olmamasıdır. Müasir Azərbaycan Respublikasının ərazisi tarixin müxtəlif mərhələlərində müxtəlif dövlət və imperiyaların tərkib hissəsi olub. Məhz bu səbəbdən Azərbaycan tarixini təkcə milli tarixçilər deyil, dünya tarixşünaslığı da araşdırıb. Müasir Azərbaycan tarixşünaslığında cavabsız qalmış bir sıra suallara dünya tarixşünaslığında cavab tapmaq olar. Bu məqsədlə Azərbaycan tarixinə aid tədqiqatların silsilə tərcüməsini oxuculara təqdim etmək qərarına gəldik.

İlk seçimimiz Azərbaycan xalqının milli qürur yeri hesab edilən Səfəvi dövlətinin sosial-siyasi bazasının əsası hesab edilən Ağqoyunlu dövləti oldu. Ağqoyunlu dövlətinin tarixinə aid ilk və hələlik yeganə fundamental tədqiqat işi amerikalı tarixçi Con Vudsa məxsusdur. Əsər ilk dəfə 1974-cü ildə doktorluq dissertasiyası kimi Prinston Universitetinin Yaxın Şərq Tədqiqatları şöbəsinə təqdim edilmşdir. Bu əsəri yazarkən tarixçi fars, ərəb və türk dillərində minə yaxın yazılı mənbələrdən stifadə etmiş, Ağqoyunlu dövlətinin sosial-siyasi strukturunu, mədəni çiçəklənməsi və süqutunu şərtləndirən amilləri təhlil etmişdir.

Qeyd edək ki, oxuculara burada kitabın Yuta universiteti nəşriyyatının çap etdiyi yenilənmiş və genişləndirilmiş ikinci nəşrinin tərcüməsi təqdim olunur. Bakı Araşdırmalar İnstitutu bu tərcüməni həm müəllifin, həm Yuta universiteti nəşriyyatının icazəsi ilə yayır.

Tarix Elmləri Doktoru Şəlalə Məmmədova

2 (1)

Tayfadan bəyliyə

Qalarda-qoparda yigit, yerin nə yerdir?

Qarannu dün içində yol azsan, umun nədir?

Qaba aləm götürən xanınuz kim qırış günü öndin?


Qaranu dün içrə yol azsam, umum Allah!

Qaba aləm götürən  xanımız - Bayındır xan!

Qırış güni öndin dəpən alpımız Salur  oğlı Qazan!

                                                  Kitabı Dədə Qorqud


Bayandur XIV/VIII əsrin ortalarında

Ali Bayanduriyyə tayfasının və ya Ağqoyunlu konfederasiyasının əsasını qoyanın olduğu iddia edilən Oğuz-Türkmən xalqlarının Bayandur qolu haqqında ilk məlumatlara İslam mənbələrində XI/V əsrdən rast gəlinir. Rəşidəddin Fəzlullah XIV/VIII  əsrin əvvəllərində düzlərdə yaşayan insanların toplanaraq nizama salınmış şifahi ədəbiyyatında Bayandurun X/IV əsrdə Oğuz hökmdarları və ya Sırdərya yabquları arasında mühüm rol oynadığını qeyd edir. Mənbədə yazılır ki, Qulu, Tulu və ya Qabul Xoca Bayandur II Dib Yabqu Qayınin hakimiyyəti altında fəaliyyət göstərən önəmli Oğuz hərbi sərkərdələri olmuşdular. Bu əfsanənin sonrakı versiyasında Bukduz Bayandurun yabqu İrki bin Dunkar Bayandurun dövründə inaq bəyi olduğu qeyd edilir. Sonradan o, yabqu Əlaltıkişi Asdunklu Qayı İnal xanın canişini (naib və ya külərkin) olur. Asdunklu Qayı İnal xanın hökumətinə Dədə Qorqud kimi tanınan Qurqut Ata bin Qara Xoca Bayat da daxil idi. Yabqu öldükdən sonra İrki Bayandur İnal xanın oğlu Tuman adından ilə otuz il xan kimi Oğuzları idarə edir.[i]

Təsvir 5. Bayandurların müvafiq olaraq, Qaşqari, Rəşidəddin və Yazıçıoğluna görə möhürləri

Qəznəvilərin tarixçisi, coğrafiyaşünas Qardizi Sibirin qərbində yaşayan yeddi tayfadan ibarət Kimak tayfa ittifaqı içərisində “Balandur” və ya “Bayandur” tayfasının da adını çəkir. Çox güman ki, bu tayfa əvvəl adı qeyd edilmiş və Ağqoyunluların əsasını qoymuş adətən “Bayandur” kimi tələffüz edilən Oğuz-türkmən tayfası ilə eynidır.[ii] Mahmud əl-Qaşqarinin 1072-1078/466-471-ci illərdə[iii] tərtib etdiyi türk-ərəb lüğəti olan Divan lüğət əl-türk adlı əsərində Türkmən və Oğuzlar və ya Quzziyalar iyirmi dörd tayfaya bölünürlər, onlardan ikisi sonradan əsas tərkibdən ayrılır.[iv] Yerdə qalan iyirmi iki tayfadan iyirmi birinin möhür (tamğa) və ya gerbləri (təsvir 5-ə bax və təsvir 13 ilə müqayisə et) ilə birgə adları əsərdə sadalanır. Bu iyirmi bir tayfanın içərisində Bayandur tayfasının adı (“Bayundur” kimi yazılıb)[v] hakimiyyətdə olan Səlcuq sultanı Məlikşahın aid olduğu “mərkəzi və çox yüksək mövqe tutan” Qınıq və sonradan Osmanlı hakim xanədanının iddia etdiyi Qayı (“Qayığ” kimi tələffüz olunur) tayfasından sonra gəlir. Müasir Türkiyə alimləri adətən “Bayındır” versiyasından istifadə edirlər. Bu versiya İbn Bibinin XIII/VII əsrdə Anadolu Səlcuqlarına həsr olunmuş salnaməsində türk sait səslərinin ahəng qanununa uyğun olaraq “Bayındır” kimi yazılmış, sonradan XV/IX əsr tarixçisi Yazıçıoğlu Əli tərəfindən qəbul edilmişdir. Lakin XV/IX əsr Ağqoyunluları arasında sonuncu sait u kimi tələffüz olunurdu, bunu Uzun Həsənin Amiddə Ulu Camidəki kitabəsi sübut edir. Bu yazıda tayfanın adı ərəbcə mənsur [Allah] tərəfindən qələbə bəxş edildi) feli sifəti ilə ifadə olunur.[vi] Rəşidəddin və Yazıçıoğlu Əli bu adın müvafiq olaraq “qoy bu torpaqlar hər zaman uğurlu olsun” və “qoy bu torpaqlar zəngin və uğurlu olsun” mənasını verdiyini təsdiq edirlər.[vii]

Lakin Səlcuq tarixşünaslığı nə Bayandurun Toğrul, Alp Arslan və Məlikşahın işğallarında iştirakı, nə də Səlcuqların Anadolu, Kirman, Suriya, İraq və İrandakı apanaj* dövlətlərində bu tayfaya məxsus mülkləri haqqında məlumat vermir. Buna baxmayaraq, Anadoluda, xüsusilə də onun qərb hissəsində çoxlu sayda yer adlarının klassik Oğuz tayfa adlarına uyğun gəlməsi Türkiyə alimlərində XI/V əsrdən bu ərazilərə başlayaran böyük köçdə iyirmi dörd tayfanın hamısının iştirak etməsi fikrini formalaşdırıb.[viii]

Avropa alimləri bu fərziyyəyə tənqidi yanaşırlar və öz mövqelərini bu toponimlərin çoxunun XVI/X əsrdən başlayaraq təsdiq olunduğu və bu səbəbdən də hardasa dörd əsr əvvəl mövcud olmuş şəraitin təsdiqi üçün sübut ola bilməyəcəyi ilə  izah edirlər.[ix] Bundan başqa qərb alimləri (yuxarıda istinad edilən) İbn Bibinin Əl-Avamir əl-ala’iyə fi əl-umur əl-əla’iyə adlı əsərində Qayı və Bayandur tayfalarından bəhs edilmədiyinə diqqəti çəkir və Yazıçıoğlu Əlinin iki əsr sonra bu kitabın türkcə iqtibasına hər iki tayfanın adını daxil etməsini tarixi hadisələrin təhrif edilməsi kimi qiymətləndirirlər. Məsələn, Yazıçıoğlu iddia edir ki, XIII/VII əsrin əvvəllərində Bayandur və Salur Ərzincandan olan Fəxrəddin Bəhrəmşah Mənqucaqın yanında xidmət edirdi, İbrahim bəy Bayandur isə Səlcuq tayfa ittifaqının sol qolunun başçısı və Anadolu Səlcuq dövlətinin sütunlarından biri idi.[x] Lakin tarixi mənbələrin hərtərəfli təhlili göstərir ki, monqol işğallarından əvvəl bu İslam torpaqlarında yalnız beş Oğuz-Türk tayfası ⸻ Dögər, Əfşar, Salur, Yıva və Qınıq tayfaları mövcud olub.[xi]

Səlcuq-Qınıqların Mərkəzi İslam torpaqlarını işğalı ilə nəticələnən Sır Dərya Oğuzlarının siyasi parçalanması və yayılmasının Bayandur tayfası ilə əlaqəsindən bəhs edən Mərkəzi Asiya və Anadolu xalq ədəbiyyatında da ziddiyyətli məlumatlar mövcuddur.  Hacı Bekdaş Vəlinin XV/IX əsrin sonlarında yazılmış Vilayətnamə adlı əsərində dövrün gərgin hadisələri zamanı Bayandur xanın çox güman ki, Mərkəzi Asiyada yüksəlişindən bəhs edilir.[xii] Bayandur xanın şahlığının və onun sərkərdəsi Salur Qazan və vəziri Qurqut Ata Bayatın, yəni Dədə Qorqudun fəaliyyətinin Mərkəzi Asiyaya aid olmasını 1470/875-ci ildə Osmanlı şahzadəsi Bəyazidə məktub yazan Bayandurun nəslindən olan Uzun Həsən Ağqoyunlu da sübut edir: “Uzun illər Manqışlaqda[xiii], Xarəzm və Türküstan sərhədləri boyunca məskunlaşmış Bayandur xanın tayfası və xalqı, Bayat və Oğuz xalqları parçalanma və taleyin oyunları (?) üzündən uğurlu dövlətimizin (harim-i dövlət-i ma) sarsılmaz müqəddəsliyində sığınacaq axtarmalı oldu.”[xiv] Oğuzların parçalanmasında Uzun Həsənin qəyyumluq roluna və Osmanlıların ata-baba yurdlarından uzaq düşməsinə işarə edən Ağqoyunlu təbliğatının bu kiçik hissəsində çox güman ki, XIX/XIII əsrdə müasir Türküstanda  mövcudluğu Armin Vamberi tərəfindən təsdiqlənən Göklən tayfa ittifaqından olan Bayandur nəzərdə tutulurdu.[xv]

XVII/XI əsrdə yazılı və şifahi mənbələri təhlil edən Xarəzmin Özbək hökmdarı Əbülqazi Bahadur xan Bayandur tayfasını təqribən XI/V əsrin ortalarından XII/VI əsrin birinci yarısına qədər İraqda yerləşdirir.[xvi] Burada da Bayandur və Salurun adı yanaşı çəkilir, lakin onlar düşmən idilər: Qazanın nəslindən olan Salur Uğurcuq (Oğurcuq) alp Bayandurların başçısı ilə dalaşır və Qarqindən 900 düşərgə götürərək Fars İraqını Xəzərin şimalında yerləşən ölkəyə getmək üçün tərk etdi. Bu mənbə İbn əl-Əsirin yazdığı kimi XI/V əsrin birinci yarısında İraq, Azərbaycan, Ərməniyə və Diyarbəkri işğal etmiş İraqiyə Türkmənlərinin tarixi yürüşü ilə əlaqələndirilməlidir. İbn əl-Əsir İraqiyə başçılarının adını qeyd etsə də, təəssüf ki, onların tayfa mənsubiyyəti haqqında məlumat verməmişdi.[xvii] Nəhayət, Oğuz qəhrəmanlıq dastanı olan Kitabi Dədə Qorqudun bəzi boylarında Bayandur xanın şahlığı Mərkəzi Asiyada yerləşdirilir, digər boylar isə onun Anadolunun şərqində olduğunu yazır.[xviii]

Ağqoyunluların Əbu Bəkr Tehrani-İsfahani tərəfindən XV/IX əsrin birinci rübündə tərtib etdiyi şəcərəsinə əsasən Qara Osmanın altıncı nəsildə əcdadı XIII/VII əsrin əvvəllərində “babaları kimi Diyarbəkirin bəzi qala və dairələrində Ağqoyunluları idarə edən” II İdris bəy olmuşdu.[xix] Deyilənə görə, II İdris bəyin nəvəsi,  Naxçıvanın yaxınlığındakı Əlincə qalasının baxıcısı olan “Pəhləvan” bəy XIII/VII əsrin 30-cu illərində Azərbaycan və Qafqazın monqol canişini Cormaqun tərəfindən qalanı boşaltmağa məcbur edilmiş və Anadolunun qərbinə çəkilməli olmuşdu. Digər türkmən başçıları ilə birgə Bursa yaxınlığında Bizansa qarşı döyüşə girdikdən sonra “Pəhləvan” bəy Anadolunun şərqinə getmiş və sonunda Diyarbəkirdə Amid yaxınlığında məskunlaşmışdı.[xx] O, buraya oğlu, digər yazılı mənbələrdə adı ilk Ağqoyunlu hökmdarı kimi qeyd olunan Turəli ilə gəlir.

Təqribən XIV/VIII əsrdə atasının yerinə 30 minlik Ağqoyunlu düşərgəsinin başına keçmiş Turəli Qazan xanın 1299-1300/699-cu il Suriya yürüşündə iştirak edərək monqol Elxanilərin mütttəfiqinə çevrilir.[xxi] Məmlük mənbələri yazır ki, XIV/VIII əsrin ortalarında Bayandur tayfasının (Zülqədər və İnal qollarına bölünən) köçəri hissəsi ⸻ Buzuqiyyə elementləri, Bayat, Dögər, Əfşar, Bəydilli, Eymur-Ramadan, Qınıq və digər tayfa qrupları ilə birgə Misir-Suriya Məmlük dövlətinin şimal ucqarlarında məskunlaşır.[xxii] Yunan Panaretin Trabzon salnaməsində Turəlinin adına ilk dəfə 1348/749-cu il hadisələri ilə bağlı rast gəlinir[xxiii], lakin Məmlük sərhədində olan köçəri Bayandur ilə Trabzonun daxili ərazisində məskunlaşmış Turəli və tərəfdarlarının arasındakı əlaqə müəmmalıdır, bu iki qrupun bir-birini tanıması üçün ən azı yarım əsr lazım olub.

Deyilənləri ümumiləşdirərək qeyd etmək olar ki, XIV/VIII əsrin ortalarında həm Bayandur tayfası, həm də Ağqoyunlu ali tayfasının banisinin mövcudluğu Diyarbəkir və Ərməniyədə qeydə alınmışdır. Çox güman ki, onların bu ərazilərə köçməsi bir əsr əvvəl monqol işğallarının nəticəsində yaranmış böyük demoqrafik çevrilişlə əlaqədar idi. Qaraqoyunlu və Zülqədər köçəri türkmən tayfa ittifaqları kimi Ağqoyunlular da Monqol Elxani siyasi sisteminin süqutu və 1335/736-cı ildə Əbu Səidin ölümündən sonrakı dirçəlişinə qədər monqolların tabeliyində olmuşdular. Monqol Oyrat, Cəlairi və Sulduz tayfa ittifaqları Azərbaycan və İraqın zəngin Elxani mərkəzləri uğrunda mübarizə aparmaq məqsədi ilə tədricən Anadolunun kənar vilayətlərini tərk edir, onların yerini inkişaf etməkdə olan türkmən tayfa ittifaqları tutur. Türkmən tayfa ittifaqları tez-tez güclü yerli tayfa başçılarının rəhbərliyi altında bir-birlərindən çox uzaqda yerləşən yaylaqlar və qışlaqlar üzərində siyasi nəzarəti ələ keçirmək uğrunda vuruşur və beləliklə də olduqca geniş, lakin ərazi mənsubiyyəti dəqiq olmayan torpaqlarda dövlətlər və ya uluslar yaradırdılar.[xxiv] Ağqoyunluların ilk bəyliyi məhz bu sırada Diyarbəkir və Ərməniyədəki siyasi boşluq dövründə formalaşmışdı. Klaud Kahenin təklif etdiyi kimi, Şərqi Anadolu ulusu ilə qərbdə yaranmış qismən mərkəzləşmiş və oturaq bəylik arasında tipoloji fərqi nəzərə almaq lazım gəlsə də[xxv], bu tədqiqatda hər iki qurum “bəylik” adlandırılıb. İndi isə XIV/VIII əsrin ikinci yarısında meydana gəlmiş Ağqoyunlu ulusunun inkişaf şərtlərini nəzərdən keçirəcəyik.

Ağqoyunlu tayfa ittifaqı şimaldan Şərqi Anadolunun Qara Dəniz sahil xəttindəki Pont Dağlarından cənubda Fərat çayındakı böyük Suriya çıxıntısına qədər qeyri-müəyyən sərhədlərə malik geniş ərazidə meydana gəlmişdi. Fəratın yuxarı hissəsi ⸻ Qara su onun qərb, Van gölü ilə Kürdüstan massivi isə şərq sərhədlərini təşkil edirdi. Yuxarı Fərat və Dəclə əsas çay sistemindən başqa çoxlu sayda axın və sellərlə suvarılan bu bölgə Amidin əlli kilometrliyindəki və Van gölünün şərqində Murad suya paralel olan ərazidəki Tavr dağının ucqarı ilə iki hissəyə bölünür. Dəniz səviyyəsindən təqribən 1500-2500 metr hündürlükdə Tavrın ucqar nöqtəsinin şimalında çətin keçilən, yüksək Ərməniyə yaylalarında həm əkinçilik, həm də maldarlıq üçün olduqca əlverişli çaylarla dolu vadilər şəbəkəsi yerləşirdi. Diyar Mudar, Diyarbəkir və Diyar Rəbiyyə vilayətləri topoqrafiyasının əksinə olaraq Tavrın cənubu dəniz səviyyəsindən təqribən 1000 metr hündürlükdə Amidin cənubundan tədricən Fəratdakı Raqqaya doğru əyilən düzənliklərdən ibarət idi. Maldarlıq üçün xüsusilə əlverişli olan bu yarıquraq ərazilər Ərməniyənin olduqca sərt qışından qorunmaq imkanı yaradırdı. Yaylaq və qışlaqların əlçatan olması üçün nəinki şimalda yerləşən Kemah, Ərzincan, Bayburt və Ərzurum, cənubda yerləşən Ruha, Amid və Mardin kimi şəhər mərkəzlərini, həmçinin strateji cəhətdən əsas köç yollarında, Murad su üzərində və ya onun yaxınlığında mövcud olan bir sıra qalalara da nəzarət etmək lazım idi.[xxvi] Bu şəhər mərkəzləri və istehkamları ələ keçirərkən tayfa başçıları Şərqi Anadoludan keçən beynəlxalq ticarət yolları üzərində nəzarətə də sahib olurdular. Yerli tacir və sənətkarlardan vergi, səyahət edən tacirlərdən isə ticarət rüsumu bu bölgədə inkişaf etmiş köçəri dövlətlərin gəlir mənbəyinin əsasını təşkil edirdi. Yuxarıda qısa şəkildə təsvir edilmiş iqtisadi sistem Ağqoyunlu tarixinin XV/IX əsrin ikinci yarısında siyasi mərkəzin Şərqi Anadoludan Azərbaycana keçdiyi imperiyadan əvvəlki dövrünə daha çox uyğun gəlirdi.  

                                                              

Xəritə 2. Şərqi Anadoluda tayfalar və ticarət 

XIV/VIII əsrin son onilliklərində Şərqi Anadolunun siyasi quruluşu coğrafiyası və iqtisadiyyatı kimi mürəkkəb idi. Mərkəzi Anadolunun olduqca güclü Elxani varis dövləti, keçmiş Rum və ya Rumiyə Səlcuq vilayətində yerləşən Kayseri və Sivas kimi paytaxt şəhərlərə malik Eretna bəyliyi parçalanmağa başlayır. 1381/783-cü ildə Eretnanın sonuncu şahzadəsinin vəziri, Salur tayfasından olan türkmən Qazi Bürhanəddin Əhməd Sivasın hakimi təyin olunur. Dağılmaqda olan Eretna bəyliyi qərbdəki Osmanlı və Qaramani qonşuları, həmçinin mərkəzə qarşı üsyan qaldırmış və ona tabe olmaqdan imtina etmiş digər bölgələrin başçıları tərəfindən parçalanır. Yerli tayfa başçılarının ən önəmli olanlarından biri, 1379/781-ci ildə müstəqillik əldə etmiş və tez bir zamanda Şərqi Ərməniyənin Kemahdan İspir və Ərzuruma qədər böyük hissəsini özünə tabe etmiş Ərzincanın sərkərdəsi Mutahhartan idi. Mutahhartanın mülklərinin şərqinə bitişik Qaraqoyunlu Türkmən tayfa ittifaqının başçısı Qara Məhəmmədin (1380-1389/782-791) torpaqları başlayırdı.

Diyarbəkirdə vəziyyət daha mürəkkəb idi. Fəratın yuxarı hissəsinin qərb sahili Zülqədər türkmən tayfa konfederasiyası və onların Məmlük ağalarının nəzarətində idi. Türkmən Ərtugi sülaləsinin son nümayəndələrindən olan Əl-Məlik əl-Zahir Məcidəddin İsa (öl.1376-1406/778-809) bir neçə az əhəmiyyətli mərkəzlər də daxil olmaqla Amid və Mardində özünün o qədər də möhkəm olmayan müstəqilliyini elan etmişdi.[xxvii] Ona qohum olan Dögər tayfası Orta Fəratın şimal çıxıntısındakı Raqqa və Cabardan Diyarmuraddakı Ruha və Siverekə qədər olan düzlərdə köçəri həyat tərzi sürürdü. Lakin Səlim (öl.1396-1397/ 799-cu ildən sonra) və oğlu Dimişq Xocanın (öl.1404/806) hakimiyyəti altında olan köçəri Dögər tayfası bu bölgənin mütləq sahibi deyildi, onların hakimiyyəti daima Suriya səhralarının ərəb tayfaları tərəfindən təhdid edilirdi, onların içərisində ən güclüsü isə Əl-Fədl idi. Diyarbəkirdə də parçalanma var idi, burada yarımuxtar Kürd bəylikləri, Çemişgəzəyin Malkişi, Egilin Bulduqani, Tərcil və Silvanın (keçmiş Meyafariqin) Zragi və Süleymani bəylikləri və nəhayət, Əyyubilərin şəhər-dövləti Həsənkeyf mövcud idi.

Türk, kürd və ərəb siyasi qruplaşmalarından başqa Şərqi Anadoluda geniş yerli xristian icmaları da mövcud idi. Sözsüz ki, sayca üstünlüyü Ərməniyə və Diyarbəkir arasındakı ərazidə dağınıq halda kiçik əkinçi icmalarında və ən böyük şəhər mərkəzlərində sənaye və ticarət məhəllələrində yaşayan ermənilər təşkil edirdi. Lakin onların monofizit dindaşlarına Mardinin şimal-şərq hissəsindəki Tur Abdin yaylasında məskunlaşmaq qadağan edilmişdi.[xxviii] 

Xəritə 3. Şərqi Anadolunun siyasi bölüşdürülməsi, 1390/792

1335/736-cı ildə monqol Elxanilər dövlətinin siyasi süqutundan sonra Şərqi Anadolu faktiki olaraq Mərkəzi İslam torpaqlarında baş verən proseslərdən təcrid edilmiş oldu və əsrin sonuna qədər, demək olar ki, ciddi xarici təsirə məruz qalmadı. Qərbdə Osmanlılar Anadolunun qərbində mövcud olan türkmən bəyliklərini yenicə tabe etməyə başlamışdılar. Diyarbəkir və Ərməniyədə ən böyük güc hesab edilən Misir və Suriya Məmlükləri bu bölgədə ciddi maraqlara sahib idilər və Tavrın cənub yoxuşlarından başlayaraq yuxarı Fəratın qərb çıxıntılarına qədər uzanan sərhədyanı ərazilərini mühafizə etməyə çalışırdılar. Şimal və şimal-şərq istiqamətində yerləşən xristian Trabzon və Gürcüstan çarlıqları müdafiə mövqeyi tutmuşdular və XIV/VIII əsrin ikinci yarısında Şərqi Anadolunun daxili işlərinə aktiv siyasi müdaxilə edə bilmirdilər. Nəhayət, şərqdə güclü qüvvənin olmaması Qara Məhəmmədin hakimiyyəti altında olan Qaraqoyunlulara Kürdüstan, Ərməniyə və Azərbaycanın içərilərinə yürüşlər etmək və sonunda Diyarbəkirə girməyə hazırlaşmaq imkanı verir. Lakin qəflətən hər şey dəyişir. 1386/788-ci ildə Mərkəzi Asiyadan olan yeni işğalçı, sərkərdə Teymur Barlas və ya Teymurləng ilk dəfə olaraq Anadolunun şərq sərhədlərinə yaxınlaşır, bu hadisə sonrakı yarım əsr ərzində  Qərbi Asiyanın tarixinə olduqca ciddi təsir edir.

İlk Parçalanma və İlk Vətəndaş Müharibəsi

Turəli bin “Pəhləvan”ın fəaliyyəti həm Ağqoyunlu, həm də Trabzon yazılı mənbələrində əks olunsa da, onlar arasında müəyyən uyğunsuzluq mövcuddur. Məsələn, əgər Tehrani-İsfahaniyə inanaraq Turəlinin Qazan xanın (1295-1304/694-703) müasiri olduğunu qəbul etsək, onda XIV/VIII əsrdə onun Trabzon hökmdarları ilə əlaqələrinin başladığı dövrdə yetmiş yaşı olmalı idi. İkincisi, Tehrani-İsfahaninin Turəlinin oğlu Qutluya həsr olunmuş əsərində Turəlinin öz bioqrafiyasından götürülmüş müəyyən saxtalaşdırmaların olduğunu müəyyən etmək olar. Mixail Panaretin Yunan salnaməsinə görə, Turəlinin adına XIV/VIII əsrin 40-cı illərində Trabzon xristian çarlığına yürüşlər təşkil edən Amid türkmənlərinin arasında rast gəlinir.[xxix] Lakin bu türkmənlərin dəqiq kim olduğuna təəssüf  ki, aydınlıq gətirilmir. Həmin dövrdə Amid hələ də Diyarbəkir uğrunda Həsənkeyfin kürd Əyyubiləri ilə ağır mübarizədə mühasirəyə alınmış türkmən Ərtugi sülaləsinin əlində idi.[xxx] Panaretin salnaməsində Amiddən olan Turəlinin 1348/749-cu il yürüşündə Bozdoğan və Oğuz Çepni tayfalarının üzvləri ilə yanaşı Eretna bəyliyinin Ərzincan və Bayburt canişinləri ilə əlbir olduğu göstərilir ki, bu da onun Diyarbəkir deyil, Ərməniyə türkmənləri ilə ittifaqda olduğuna işarə idi. Bundan başqa arxeoloji dəlillər Turəlinin əsl ərazisinin Bayburt-Ərzincan bölgəsində yerləşməsi fərziyyəsini təsdiq edir. Bayburt yaxınlığındakı Sınırda erkən Ağqoyunlu tikililərinin aşkar olunması, 1882/1299-cu il vəqfnaməsində Turəlinin Ərzincan yaxınlığındakı Rumsaray (müasir Məcidiyyə)  kəndində məqbərəsinə edilən istinad da bu fərziyyəni gücləndirir.[xxxi]

1351/752-ci ildə III Aleksios taxta çıxması ilə əlaqədar türkmənlərlə sülh danışıqları başlanır və növbəti il Aleksiosun bacısı Despina Xatun və ya Mariya Komnini ilə Turəlinin oğlu Qutlunun nikahı baş tutur.[xxxii] Ağqoyunlu-Trabzon münasibətlərinin yaxşılaşdırılması üçün vaxtaşırı bu cür izdivaclar bağlanılırdı. Bəzi alimlər Dədə Qorqud dastanının Qanlı Qoca oğlu Qan Turalının Trabzon şahının gözəl və cəsarətli qızı Selcan Xatunu məğlub etməyə cəhd göstərməsindən bəhs edən altıncı boyunun məhz bu izdivacın mövzusundan götürüldüyünü hesab edirlər.[xxxiii] Tarixi fakt ilə qəhrəmanlıq dastanı arasında bu möhtəşəm oxşarlığa baxmayaraq, digər alimlər filoloji və tarixi faktlara söykənərək bu ehtimalı rədd edirlər. Bu fikir ziddiyyətləri hələlik aradan qaldırılmayıb.[xxxiv] Tehrani-İsfahaninin əsərində bu hadisələr  Qutlunun Yunan şahının qızı Tisbinəni və ya Xanımı əsir götürməsi kimi təsvir edilir, kafir ilə sülhsevər Ağqoyunlu arasındakı münasibətlər isə müsəlmanlaşdırılır. Bundan başqa əsərin sonrakı hissəsində Tehrani-İsfahani Ərzincanı mühasirəyə alması üçün Qutlunun oğlu Osmana hərbi sursat verən Trabzon hökmdarından danışarkən onu müsəlman hökmdarı kimi sultan adlandırır. Bu isə bir daha sübut edir ki, Uzun Həsənin dövründəki Ağqoyunlular xristian dövləti ilə əlaqələrinin olmasını gizlətməkdə maraqlı idilər.[xxxv]

Turəlinin ölüm ili məlum deyil, lakin bu hadisənin Turəli ilə III Aleksios arasında ittifaqın bağlandığı 1352/753-cü il ilə vəba xəstəliyinin yayılması ilə əlaqədar Trabzonluların Qutlu ilə Mariyanı dövlət səviyyəsində ziyarəti təxirə saldıqları 1363/764-cü il arasında baş verdiyini ehtimal etmək olar.[xxxvi] Turəlinin hakimiyyət illəri və ya mülklərinin genişləndirilməsinin xüsusiyyətləri haqqında az məlumata malik olsaq da, onun Ağqoyunlu sülaləsi tarixindəki rolu şübhəsizdir. O, Bayandur xanın nəslindən olduğunu iddia edən, Ərməniyə və Diyarbəkir türkmənləri hakimiyyətinin yeni rəhbərliyinin banisi idi. Daxili olaraq bu faktı  Tehrani-İsfahaninin Ağqoyunluların Misir və Suriyada “Turəlilər” kimi tanınmasını Turəlinin şöhrəti ilə bağlaması təsdiqləyir, xarici olaraq isə bu fakt İkinci hakimiyyətin banisi olan Qara Osmandan başlayaraq Ağqoyunlulara Turəlinin oğulları və nəvələri kimi müraciət edən Məmlük tarixçiləri tərəfindən təsdiqlənir.[xxxvii]

Turəlinin oğlu Qutlunun (1360-1389/761-791) hakimiyyəti dövründə[xxxviii] Turəlilərin hakimiyyəti cənubda Bayburt-Ərzincana qədər uzanmışdı, Turəlilər daima yerli güc sahibləri və kiçik şahzadələrlə müxtəlif ittifaqlara girirdilər. Avropadakı muzdlu kondottiyerilərlə* müqayisə edildiklərinə baxmayaraq Qutlunun türkmənləri yerli mənşəyə malik idilər və xidmət etdikləri insanlarla qohumluq və uzunmüddətli olmasa da şəxsi sədaqət telləri ilə bağlı idilər və buna görə də müasirləri olan muzdlu italyan əsgərlərindən fərqlənirdilər. Şərqi Anadolunun türkmən konfederasiyasının dirçəlməsi tatar kazakları və Qafqazın şimal hissəsindəki Noqay ordası ilə  daha çox oxşarlığa malik idi, lakin bu müqayisə bizim tədqiqatın obyekti deyil.[xxxix]

“Ağqoyunlu” adına ilk dəfə sivaslı Bürhanəddinin 1398/800-cü ildə tamamlanmış və 1389/791-ci ildə Qutlunun hakimiyyəti dövründə baş vermiş hadisələrə həsr olunmuş salnaməsində rast gəlinir.[xl] Çox güman ki,  bu termin çox əvvəllər istifadə olunmuşdu, lakin 1331-33/731-734-cü ildə Ərzurumun dağıdılmasını təsvir edərkən türkmən qarşıdurması haqqında xəbər verən İbn Battutanın məhz Ağqoyunlu-Qaraqoyunlu düşmənçiliyindən bəhs etdiyini iddia etmək üçün mənbələrdə sübutlar yetərli deyil.[xli] Əslində o dövrün digər mənbələri XIV/VIII əsrin ortalarında Şərqi Anadoluda şəhər həyatının dağıdılmasının qeyri-adi bir şey olmadığını qeyd edir və bunu məhz iki rəqib türkmən konfederasiyasının qarşıdurmasının nəticəsi ilə əlaqələndirməməyə çağırırlar.[xlii] “Ağqoyunlu” termini  adətən “Ağ qoyunlu türkmənlər” kimi tərcümə olunsa da, bu terminin mənşəyi, dəqiq mənası və əhəmiyyətini indiyə qədər qənətbəxş şəkildə müəyyənləşdirmək mümkün olmayıb.[xliii] Məsələn, “ağ” sözünü bəzən “qərb” və ya “kübar” kimi də tərcümə edirlər.[xliv] Bundan başqa Oğuz xanın Ağqoyunluların əcdadı hesab olunan Gün xanın rəhbərlik etdiyi böyük türkmən Bozoq tayfası üçün qızıl toyuq və ağ qoyunu totem seçməsindən bəhs edən Oğuz əfsanələri mövcuddur. Ağqoyunluların bu əfsanələrə istinad etmələri də mümkün ola bilər.[xlv] İmperiya dövründə Ağqoyunluların bayrağı ağ rəngdə idi, üzərində isə Bayandurların silahı əks olunmuşdu[xlvi], bir sıra əsərlərdə də ağ rəng Bayandur və Ağqoyunlulara aid edilir.[xlvii]

Sonrakı dövr mənbələri Qutlunu dindar və islam qaydalarına əməl edən insan kimi təsvir edir, yazılı və epiqrafik mənbələrdə ona “əl-Həcc” kimi hörmətlə müraciət edilməsi onun Həcc ziyarətində olmasına dəlalət edir.[xlviii] Deyilənə görə, Sınırdakı məscidi də o tikdirmişdir.[xlix] Tehrani-İsfahani onun yerli xristian çarlıqlarına münasibətdə əsl qazi (din uğrunda döyüşən) olduğunu yazır və Trabzon çarının bacısını əsir götürdüyünü qeyd edir. Tehrani-İsfahani Qutlunun Gürcü Samtsxe və ya Saatbaqo çarlığını işğal etdiyini, onun paytaxtı Axalsıxı mühasirəyə alaraq dağıtdığını təsdiq edir. Lakin Qutlunun bu cür işğalı həyata keçirməsi üçün kifayət qədər imkanı olmadığını nəzərə alsaq, bunun Uzun Həsənin dövründəki qazi təfəkkürü ilə bağlı təhrif olduğunu güman etmək olar.[l]

Əksinə o dövrün mənbələri Qutlunun xristian və müsəlman qonşuları ilə münasibətdə Turəlinin siyasətini davam etdirdiyini təsdiq edir. Qutlu atasının yunanlarla olan ittifaqını şərəfləndirmiş və hətta xanımı Mariya ilə 1365/766-cı ildə bir həftəlik Trabzonda qonaq da qalmışdı. Bundan sonra Trabzon salnaməsində Qutlu, Mariya və ya “Amid Türkmənləri” haqqında heç bir məlumata rast gəlinmir.[li] Qutlu həmçinin Sivasın Eretna hakimləri ilə mübarizədə Ərzincanın yarımuxtar hökmdarlarını dəstəkləyirdi. 1379/781-ci ildə o, böyük oğlu Əhmədi Eretna sultanı Əlaəddin Əli (1365-1380/767-782) və vəziri Qazi Bürhanəddin Əhmədin başçılığı altında Ərzincana təşkil edilən hücumun qarşısını almaq məqsədilə Mutahhartanın[lii] rəhbərlik etdiyi Ərzincan hərbi elitasına yardım etmək üçün göndərir. 1381/783-cü ildə Əlaəddin Əlinin ölümündən və Bürhanəddinin dövlət çevrilişindən sonra Eretna bəyliyinə nəzarət uğrunda başlanan mübarizədə Ağqoyunlular Ərzincanda müstəqilliyini elan etmiş Mutahhartanın müttəfiqi olduqlarını təsdiqlədilər. Bu müttəfiqlik tezliklə nikah vasitəsilə möhkəmləndirildi, Mutahhartan Əhmədin qızı ilə evləndi. Bu dövrdə tayfa ittifaqında real hakimiyyət “Türklərin (əz sənədid-i Atrak) kübar başçılarından biri olan” Əhmədin əlində idi.[liii] Bundan sonra Əhməd bin Qutlu Sivas üzərinə yürüyür və Bürhanəddinin mühüm sərkərdələrindən birini məğlubiyyətə uğradaraq öldürür. Lakin şəhəri ala bilmir və geriyə qayıdır. Ağqoyunluların özünü sultan elan etmiş Qazi Bürhanəddinə qarşı düşmənçiliyi Qutlunun ölümündən bir il əvvələ, 1388/790-cı ilə qədər davam etmişdi. Bundan sonra Bürhanəddin qəfil Məmlük sərhədində peyda olaraq Ağqoyunluları təəccübləndirmiş, Əhmədi kiçik qardaşı Osmanı girov verməyə məcbur etmiş, onu özü ilə Sivasa aparmışdı.[liv] Sonrakı hadisələr Əhmədi Bürhanəddinə daha da yaxın etmişdi.

Ağqoyunluların cənub istiqamətdə irəliləyərək hansı şəraitdə Diyarbəkirə daxil olması qaranlıq qalır. XV/IX əsr Məmlük salnamələri yazır ki, Qutlu Oğuz Dögər tayfasına mənsub Amid və Mardinin Türkmən Ərtugi sultanı əl-Zahir İsanın xidmətində idi.[lv] Lakin bu fakt XIV/VIII əsrdə Diyarbəkirdəki Ərtugi-Əyyubi rəqabətini ətraflı təsvir edən Əyyubi şəhər-dövləti Həsənkeyfin anonim salnaməsi tərəfindən təsdiq olunmur.[lvi] Qutlunun nikah vasitəsilə Diyarmuradda qışlayan, Ərməniyədə yaylayan Ərtugi köçəri Dögər əmioğullarının başçısı Səlim ilə qohumluq əlaqəsinə malik olduğu məlumdur, lakin onların müttəfiq olub-olmaması aydın deyil.[lvii] Bütün bunlara baxmayaraq, 1389/791-ci ildə Qutlu ölərkən onun böyük oğlu Əhməd Muradsudakı Paluda[lviii], Pirəli Ərməniyədəki Kığı yay düşərgəsində[lix], kiçik oğlu Osman isə Amidin şimal-qərbində yerləşən Erqani şəhərində hakim idi.[lx] Əvvəldə də qeyd edildiyi kimi bu şəhərlər və güclü istehkamlar Kığı, Palu və Erqanidən keçərək Pasindən Barriyaya qədər olduqca mühüm şimal-cənub köç xəttinə nəzarət etmək və beləliklə də Qutlunun oğullarına köçəri Dögər və onlarla köç edən digər tayfaların taleyinə ciddi təsir etmək imkanı vermişdi. Güman etmək olar ki, Ağqoyunlu-Dögər ittifaqı Dögər mal-qarasının sərbəst şəkildə Diyarbəkirdən keçərək Ərməniyəyə getməsi və geri qayıtmasını təmin edirdi. Bu fərziyyə sonralar onlar arasında yaranmış düşmənçiliyi anlamağa yardım edəcək.

Qutlunun yürütdüyü daxili siyasət də aydın deyil. Məsələn, Qutlunun nə zaman istefaya getdiyi və oğlu Əhmədi Ağqoyunlu konfederasiyasının hərbi qüvvələrinin başına keçirdiyi məlum deyil, lakin bunun Qutlunun ölümündən on il əvvəl baş verdiyini ehtimal etmək olar. Dögərlər və çox güman ki, Ərzurumdakı Duxarlılar kimi Qutlunun hakimiyyəti dövründə Ağqoyunluların da kimlərlə müttəfiq olduğu və birgə fəaliyyət göstərdiyi məlum deyil. Lakin Qutlunun sağlığında mülklərini oğulları arasında bölüşdürdüyü, çox güman ki, ölüm ayağında Əhmədi Turəlilərin başçısı və rəhbəri vəzifəsinə təyin etdiyi tamamilə aydındır. Qutlunun ölümündən sonra Əhmədin müqavimətsiz hakimiyyətə keçə bilməməsini sonrakı altı il ərzində baş vermiş hadisələr və Birinci vətəndaş müharibəsi təsdiq edir.

1389/791-ci ildə Əhmədin hakimiyyətə gəlməsindən dərhal sonra onun sultan Bürhanəddinə güzəştə getməsinə əsəbləşən Mutahhartan Ağqoyunlularla 1381/783-cü ildə bağladığı müqavilədən imtina edərək konfederasiyanın üzərinə hücuma keçdi. Mutahhartanın qələbəsi ilə bitən bir neçə döyüşdən sonra Əhməd Bürhanəddindən siyasi sığınacaq və müdafiə istəməyə məcbur oldu. Bu toqquşma 1389/791-ci ilin yaz-yay aylarında baş vermişdir, bu toqquşma haqqında məlumat Astrabadi və Tehrani-İsfahani tərəfindən müxtəlif versiyada qeydə alınmışdı.[lxi]

Bu hadisədən doqquz il sonra əsərini tamamlamış Astrabadi yazır ki, Ağqoyunlularla ilk toqquşmasında ağır zərbə almış Mutahhartan öz yaylağından Ağqoyunlulara hücum etmək qərarına gəlir, lakin hücuma keçməyə hazır olmadığını anlayaraq qarşıdurmanı dayandırmaq üçün vasitəçi axtarmağa başlayır. Onun qətiyyətsizliyi Ağqoyunluları rəqib üzərində üstünlük əldə etməyə və xəyanətin intiqamını almağa sövq edir. Böyük güc toplayan Ağqoyunlular yenidən Ərzincanın əmiri üzərinə yürüş edirlər. Belə olduqda Mutahhartan Əhməd və Ağqoyunlulara qarşı vuruşmaq üçün Qara Məhəmməddən yardım istəyir. Belə bir ittifaqla üzləşən Əhmədin Bürhanəddinə sığınmaqdan başqa çarəsi qalmır. Astrabadinin təqdimatında irəli sürülən iki məsələ daha ciddi təhlil tələb edir. Birincisi, o, təsdiq edir ki, Ağqoyunlulara qarşı mübarizədə Mutahhartana qoşulan Qara Məhəmməd Qaraqoyunlu idi. Digər mənbələr yazır ki, Qara Məhəmməd 1389/791-ci ilin aprelində qardaşı oğlu Pir və ya Qara Həsən bin Hüseyin tərəfindən öldürülmüş, bu isə Qaraqoyunlu konfederasiyasının böhranına səbəb olmuşdur. Böhran dövründə Qara Məhəmmədin oğlu Qara Yusif hakimiyyət uğrunda əmisi oğlu Pir Həsən ilə döyüşürdü.[lxii] Buna görə də güman etmək olar ki, Əhməd Ağqoyunlunu məğlub etmək üçün Mutahhartana yardım edən Qara Məhəmməd deyil, oğlu Qara Yusif idi. İkincisi, Mutahhartanın müttəfiq axtararkən Qaraqoyunluları seçməsini şərh edən Astrabadi ilk dəfə olaraq bu iki konfederasiya arasında uzunsürən düşmənçiliyə istinad edir. Bu düşmənçilik səksən il sonra Uzun Həsənin Həsənəlini məğlub etməsi və Qaraqoyunlu ittifaqının parçalanması ilə başa çatır.

Ümumən Astrabadinin təsvirinə uyğun gələn Tehrani-İsfahaninin ondan təqribən bir əsr sonra yazdığı əsərində xronologiya və şərhlərlə bağlı bəzi problemlərə rast gəlirik. Bütövlükdə əsər Qara Osmanilər/Uzun Həsənilər mövqeyindən yazılıb, Əhməd və Pirəli konfederasiyanı deyil, öz şəxsi maraqlarını düşünən zəif və qabiliyyətsiz hökmdar kimi təsvir edilirlər. Qara Osman yüksək hərbi qabiliyyətə malik, Ağqoyunlu işlərinə rəhbərlik etməyə qadir olan məğlubedilməz lider kimi təqdim edilir. Bundan başqa Tehrani-İsfahani yazır ki, Mutahhartanla olan müharibə Pir Həsən Qaraqoyunlunun İbrahim bin Qara Osman tərəfindən məğlub edilməsindən sonra başlayıb. Lakin 1391/793-cü ildə Pir Həsən öldürüləndə İbrahim yeddi yaşlı uşaq olmalı idi.[lxiii] Nəhayət, Tehrani-İsfahani yazır ki, Mutahhartan və Qara Yusif tərəfindən son dəfə məğlub edildikdən sonra Ağqoyunlular iki yerə parçalanırlar, Bürhanəddin ilə birləşən isə yalnız Qara Osman olur. Astrabadi isə 1395/797-ci ildə Qara Osmanın Əhmədə qarşı üsyanından, növbəti il isə Bürhanəddinə birləşməsindən yazır.[lxiv]

Ağalarını dəyişən Ağqoyunlular Bürhanəddinin xidmətinə keçir və 1398/800-cü ilə qədər onun nominal vassalı olurlar. Lakin Əhmədin yeni ağaya qarşı fitnələri, Mutahhartanla hərbi qarşıdurmada müvəffəqiyyətsizliyə uğraması konfederasiya daxilində onun rəhbərliyinə qarşı narazılıqların başlanması üçün zəmin hazırlamış oldu. Qardaşı Hüseyin bin Qutlu bir neçə dəfə Bürhanəddini  Əhmədin ikiüzlülüyü haqqında xəbərdar edir. Öz rəftarına Əhmədin davranışı ilə haqq qazandırsa da Hüseyin nə konfederasiya daxilində, nə də sultan sarayında qardaşının mövqeyini zəiflədə bilmir. Bürhanəddinin Əhmədin günahlarını görərək onu bağışlaması, ona etibar edərək mərhəmət göstərməsi heyrətamiz idi.[lxv]

Bu kiçik mübahisələr 1394/796-cı ildə Teymurun ikinci dəfə Şərqi Anadolunun içərilərinə yürüş etməsi ilə tamamilə səngidi. Əvvəlcə Ruhanı ələ keçirən Teymur Mardində əl-Zahir İsa Ərtugini tabe etdi, hücumla Amidi aldı və Gürcüstana getməzdən əvvəl Ərməniyənin böyük hissəsini işğal etdi. Bu yürüş bölgədə olan siyasi vəziyyəti daha da gərginləşdirdi, Bürhanəddin ilə Mutahhartan arasındakı düşmənçilik daha da qabardı. Mutahhartan onun hakimiyyətini tanıyacağı təqdirdə Teymura sədaqətli olacağını dəfələrlə ifadə edir, Bürhanəddin isə qəti şəkildə öz müxalif mövqeyini nümayiş etdirir. 1395/797-ci ildə Teymurun əvvəllər himayəsi altına aldığı Qıpçaq düzlərinin hökmdarı Toxtamış xana qarşı hərbi yürüşündən istifadə edən Bürhanəddin Ərzincana hücum edərək Mutahhartanı taxtdan salır.  Bir ay davam edən mühasirədən sonra Bürhanəddin şəhəri ələ keçirir və Bayburta qədər işğal etdiyi bütün torpaqları Əhməd Ağqoyunluya verir.[lxvi] Bununla da Ağqoyunlular onların vətəni ola biləcək ərazidə möhkəmlənirlər. 

Maraqlıdır ki, Əhmədin konfederasiyada mövqeyini gücləndirən bu xoş təsadüf Ağqoyunlular arasında birinci vətəndaş müharibəsinin başlanmasına səbəb oldu. Tehrani-İsfahani yazır ki, qısqanclıq, qorxu və xudpəsəndlik Əhməd və Pirəlini iddialı gənc qardaşları Osmana qarşı birləşdirdi və bu, Ağqoyunlu konfederasiyasının Əhmədilər və Qara Osmanilər olmaqla iki hissəyə parçalanması ilə nəticələndi.[lxvii]  Bundan başqa Əhmədin 1396/798-ci ildə Teymuru qarşılamaq üçün Ərzincandan yola düşməsi haqqında şaiyələr sonunda onu Bürhanəddinin gözündən salır və o, qanundan kənar elan edilir.[lxviii] Həmin ildən Teymurun Anadolunu işğalına qədər mənbələrdə Əhmədilərin adına rast gəlinmir. Əhməd 1403/805-ci ildə həbs edilənə qədər konfederasiyanın başında dursa da, 1396/798-ci  ildən Ağqoyunlu tarixinin əsas xəttini Qara Osmanilər təmsil etməyə başlayır.

Qutlunun kiçik oğlu Osman əsasən Qara Osman və Qara Yülük kimi tanınır. Yülük sözü ərəb hərfləri ilə müxtəlif cür YLÜK, YLK, YÜLÜKYÜLK,  yunan dilində isə Καρα ονλονχ və Καραλονκης kimi yazılır.[lxix] Bu qoşma adətən “qara zəli” kimi tərcümə olunur və Qara Osmanın döyüşlərdə göstərdiyi inadkarlıqla izah edilirdi.[lxx] Lakin bu tərcümə şübhə doğurur, çünki müasir türk dilində “zəli” yülük deyil, sülükdür, “yülük” isə təmiz üzlü, hamar üzlü mənasını verir.[lxxi] Ağqoyunlu tarixşünaslığında iki etimologiya qeyd edilir. Birincidə yülükün yaxşılıq (iyilik) mənasını verdiyi qeyd edilir. İkincidə isə  iddia olunur ki, bu ləqəb Osmanın qara olması və gənc yaşlarından bığ-saqqalını qırxması ilə əlaqəlidir. Zənnimcə, bu izah həqiqətə daha uyğundur. Bundan başqa Abdallah əl-Bağdadi yazır ki, Suriya ərazisində onu yalnız Qara Yülük kimi tanıyırdılar.[lxxii]

Böyük qardaşından fərqli olaraq Qara Osman 1396/798-ci ildə böyük hərbi qüvvə ilə birləşdiyi Bürhanəddinə dərin sədaqət və etibar nümayiş etdirmirdi.[lxxiii] Sonrakı iki ildə Bürhanəddin bir neçə mühüm hərbi yürüşlərə rəhbərliyi Qara Osmana tapşırsa da tezliklə vassalı ilə dalaşır. Onlar arasındakı narazılıq sürətlə dərinləşir, bu vəziyyət Qara Osmanın Sivas sultanına qarşı üsyan qaldırmasına qədər davam edir. 1398-ci ilin iyulunda/800-cü ilin şəvval ayında Qara Osman məlum olmayan şəraitdə  Sivas yaxınlığında keçmiş ağasını əsir götürərək öldürür.

Bu hadisənin səbəbləri və münaqişənin nəticələri haqqında mənbələrdə əks olunan ziddiyyətli məlumatlar dəqiq təsvirin əldə edilməsinə imkan vermir. Məsələn, İbn Ərəbşah yazır ki, Qara Osmanla Bürhanəddin arasındakı münaqişənin əsas səbəbi Qara Osmanın Bürhanəddin qarşısındakı öhdəliklərini düzgün yerinə yetirməməsi idi. Belə olduqda Bürhanəddin itaətsizlik göstərən vassalını həbs etmək istəyir, lakin özü ona əsir düşür. Əvvəlcə Qara Osman Bürhanəddinlə olan münaqişəni sülh yolu ilə həll etməyə çalışır, lakin sonradan bu fikirdən narazı olan Tokatın keçmiş canişini Şeyx Nəcib onu Bürhanəddinin edamına sövq edir.[lxxiv] Bunun əksinə olaraq Tehrani-İsfahaninin əsərində məcburi vədvermə və şəxsiyyətin alçaldılması səhnəsi təsvir olunur, Qara Osman Bürhanəddin ilə qiyamçı qardaşı oğlu Şeyx Muəyyəd arasında olan münaqişədə vasitəçi olmağa razılıq verir. Bu razılaşmada Şeyx Muəyyədin əmisi tərəfindən təhlükəsizliyi təmin ediləcəyi halda azad olunacağı qeyd edilir. Lakin Bürhanəddin vədinə xilaf çıxır və Şeyx Muəyyəddi edam etdirir. Bu isə Qara Osmanı vədini yerinə yetirmədiyi üçün Bürhanəddini cəzalandırmağa sövq edir.[lxxv] Bu salnamədə mövcud olan xronoloji uyğunsuzluqlar əhvalatın belə olmadığına dəlalət edir. Şeyx Muəyyəd 1396-cı il oktyabrın 30-da/799-cu il məhərrəm ayının 25-də edam edilib[lxxvi], Bürhanəddin isə 1398-ci il iyulun 14-ə/800-cü il şəvval ayının 28-ə qədər sağ olub, yəni Şeyx Muəyyədin edamından bir il doqquz ay sonra öldürülüb.[lxxvii]

Qeyd etmək lazımdır ki, Hans Şiltbergerin əsəri daha obyektivdir və Astrabadi və Məmlük mənbələrinin məlumatları ilə uyğunlaşır. 1397-ci ilin yayında/799-cu ilin ramazan-zilhiccə ayında Bürhanəddin Qara Osmana Qarahisar bölgəsinə, Bozdoğan türkmənlərindən olan Səid əl-Mülkə isə Kemaha getməyi əmr edir.[lxxviii] Şiltberger yazır ki, Qara Osman Bürhanəddindən izin almadan 1397-ci ilin qışında/800-cü il rabi ul-əvvəl-cümədə əl-əxirdə öz mövqeyini tərk edərək vətəninə (Erqani?) qayıdır. Səid əl-Mülkün də qoşulduğu sonrakı qarşıdurmada Qara Osman Bürhanəddini Sivasda girov tutaraq onun üçün pul tələb edir. Şəhərin rəsmiləri pul ödəməkdən imtina etdikdə isə şəhər divarları yanında Bürhanəddini edam etdirir. Mənbələrin əksəriyyəti Ağqoyunluların bundan sonra Sivası uğursuz mühasirəyə almasından yazır.[lxxix]

Qara Osmanın Mərkəzi Anadolunun böyük hissəsini on yeddi il ərzində müstəqil idarə etmiş sarsılmaz hökmdarı üzərində möhtəşəm qələbəsi onun müasirlərinə ciddi təsir göstərərək nüfuzunu artırdı, Qara Osmana çoxlu tərəfdarlar qazandırdı. 1397-1403/800-805-ci illər arasındakı beş il ərzində baş vermiş gərgin hadisələr dövrü Ağqoyunluların adına rast gəlinmir, Bürhanəddinin ölümündən bir il keçməmiş Məmlük sultanı əl-Malik əl-Zahir Barquq dünyasını dəyişir. Mərkəzi Anadoluda başlayan iğtişaşlar onu qərbdən Osmanlı sultanının, şərqdən isə Teymurun imperiya maraqlarının toqquşduğu bölgəyə çevirir.

Sultan Bürhanəddini öldürdükdən sonra Qara Osman onun paytaxtı Sivası tutmağa cəhd edir, lakin yerli sakinlər İldırım Bəyazidə məktub yazırlar, o isə oğlu şahzadə Süleymanı mühasirədə olan şəhəri azad etmək üçün göndərir. Osmanlıların nizami ordusu qarşısında tab gətirməyən Ağqoyunlular şəhərin mühasirəsinə son qoyurlar, şərq istiqamətində geri çəkilərək Mutahhartandan sığınacaq istəyirlər.[lxxx] Təqribən on il düşmənçilik edən iki hökmdar arasında sülhün bərpa olunması Qara Osmana Teymurla yaxınlaşmaq və hər ikisi üçün olduqca böyük əhəmiyyət kəsb edən Əhməd bin Qutlu üzərində qələbə qazanaraq Ağqoyunluların gələcək xarici siyasətinin əsas istiqamətini müəyyənləşdirmək imkanı verdi. Çox güman ki, Qara Osman ehtiramını bildirmək üçün 1399-1400-cü ilin qışında/802-сi il rabi ul-əxir-rəcəb aylarında Teymuru Qarabağdakı qış düşərgəsində ziyarət etmiş Mutahhartana qoşulmuşdu. Orada onlar Teymuru Osmanlıları mərkəzi Anadoludan çıxarmağa sövq etmişdilər.[lxxxi]

Bu məqamda Teymurun Anadoluya üçüncü yürüşü və Suriyanı işğalı zamanı baş verən hadisələrin ardıcıllığını yadda saxlamaq mühüm əhəmiyyət kəsb edir. Bürhanəddinin və onun ardınca 1399-cu il iyunun 20-də/801-ci il şəvval ayının 15-də Məmlük sultanı əl-Zahir Barququn ölümündən bir il keçməmiş İldırım Bəyazid əlverişli vəziyyətdən istifadə edərək Mərkəzi Anadoluda mövqeyini gücləndirmək üçün 1399-cu ilin yayında/801-ci ilin şəvval-zilqədə aylarında Məmlüklərin şəhərləri Malatya, Elbistan və Darənddən Sivasa qədər olan ərazini işğal edir.[lxxxii] Teymuri mənbələri yazır ki, müharibəyə səbəb İldırım Bəyazidin Mutahhartandan siyasi tabelik və xərac tələb etməsi, 1400-cü ilin avqust-sentyabr aylarında/803-cü ilin məhərrəm ayında[lxxxiii] Ərzincanı tamamilə işğal edərək Mutahhartanın xanədanını Bursada əsir saxlaması oldu.[lxxxiv]

Teymurun sonuncu, üçüncü Anadolu yürüşü 1400-cü ilin avqustunda/802-ci ilin zilhiccə-803-cü ilin məhərrəm aylarında Sivası işğal etməsi ilə başlayır. Bundan sonra o, cənuba, Məmlüklər istiqamətinə dönür və Malatyanı götürür. O, Malatyanı müvəqqəti olaraq Qara Osmana verir.[lxxxv] Hələbdə Ağqoyunlular döyüş zamanı elə bir şücaət göstərirlər ki, Teymur 1394/796-cı ildən əl-Zahir İsa Ərtuginin əlindən aldığı Amidi Qara Osmanın böyük oğlu İbrahimə verir. Bu, Ağqoyunluların bu şəhərə nəzarət etmələri haqqında ilk məlumatdır.[lxxxvi] Şəhər 1467-69/872-874-cü illərdə Uzun Həsən Təbrizi işğal edib paytaxtı ora köçürənə qədər Ağqoyunluların əsas şəhəri olub.

Teymurun Osmanlılara qarşı aqressiv siyasətini dəstəklədiyinə və Məmlük Suriyasının işğalında iştirak etdiyinə görə 1401-ci ilin yazında/803-cü ilin şaban-şəvval aylarında Qara Osman möhkəm istehkamlara malik Amid şəhəri də daxil olmaqla olduqca mühüm əhəmiyyət kəsb edən yeni torpaqlar əldə edir. Bundan başqa Teymur Qara Osmanı Ağqoyunluların yeganə legitim hökmdarı kimi tanıyır.

Əhmədin hakimiyyət iddialarına iki il sonra tamamilə son qoyulur. Mənbələr əsasən Qara Osmanın rolundan bəhs etsələr də Turəli qardaşlarının hər üçü ⸻ Əhməd, Pirəli və Qara Osman Teymurun Ankara yaxınlığında Çubuq düzündə 1402-ci ilin iyulunda/805-ci ilin zilhiccə ayında İldırım Bəyazidin məğlub edilərək əsir götürülməsi ilə nəticələnən Osmanlılara qarşı yürüşündə iştirak etmişdilər.[lxxxvii] Teymur qərb istiqamətində irəliləyərək 1402-1403-cü ilin qışında/805-ci ilin cümədə əl-əvvəl-şaban ayında İzmir və İğdırı ələ keçirir. Ağqoyunlular bu əməliyyatda da Teymuru müşayiət edirlər. Teymur özünün qış düşərgəsindən işğal etdiyi ərazilərdən topladığı zəngin qəniməti Səmərqəndə göndərir. Lakin qənimət  yolda Qara Osmanın qardaşı uşaqları Məhəmməd bin Əhməd və Piltan bin Pirəli tərəfindən qarət edilir.

Təsvir 6. İlk və ya Turəli bölgüsü və ilk vətəndaş müharibəsi

Teymur bu xəyanətkarlığa cavab olaraq həm günahkarları, həm də atalarını həbs edir. Sonradan bəraət qazanan Qara Osman öz torpaqlarına qayıtmağa müvəffəq olur və qardaşları Əhməd və Pirəliyə qarşı Teymurun gördüyü tədbirlər nəticəsində Ağqoyunluların yeganə hökmdarına çevrilir.[lxxxviii] Onun bu mövqeyə yüksəlməsini 1404/807-ci ildə ispan səfiri Ruy Qonzales de Klavixonun Teymurun Səmərqənddəki sarayında Qara Osmanın elçisi ilə rastlaşması faktı təsdiq edir.[lxxxix]  Əhmədin sonrakı taleyi məlum deyil, onun həbsdən azad olması və ya edam edilməsi haqqında  mənbələr heç bir məlumat vermir. Lakin onun nəslindən olan Əhmədilər Qara Osman və onun xanədanına qarşı çıxmağa davam edirlər. Onlardan biri hətta Qaraqoyunluların yardımı ilə 1451-1452/855-856-cı ildə sultan ola bilir. Onun varisləri hazırda Anadolunun şərqində yaşayırlar.

Qara Osmanın birinci vətəndaş müharibəsində böyük qardaşı Əhməd üzərində qələbə qazanması onun yüksək hərbi qabiliyyəti və siyasi uzaqgörənliyi hesabına mümkün olmuşdu. Hərbi qabiliyyəti onun tərəfdarlarının xüsusilə yarımillik köçlər zamanı təhlükəsizliyini, ayrı-ayrı şəxslərin  və bütöv tayfaların qənimət əldə etmək və basqınlar təşkil etmək ümidlərini artıraraq konfederasiyaya qoşulmasını təmin etmişdi. Siyasi uzaqgörənlik Qara Osmana yaxşı  müttəfiqlik əlaqələri qurmaq, Teymurun işğallarına qoşularaq düzgün seçim etmək imkanı vermişdi. Bu, onun uğurunun həlledici xarici faktoru idi. Onun birbaşa nailiyyəti Qutludan qalma irsə, yəni Palu, Kığı və Erqanyə Amidi də əlavə etməsi və beləliklə də Ərməniyə, Diyarbəkir və Kürdüstana doğru irəliləmək üçün möhkəm zəmin əldə etməsi olmuşdu. Nəhayət, sülalə tarixi olaraq Qara Osmanın uğurlu qiyamı bir çox birləşmiş sülalələrdə olduğu kimi vərəsəlikdə də üstün olanın qazanacağı nümunəsinə əsaslanan çətin və şərəfli sistemin ən gözəl nümunəsi ola bilər. Onun hakim olan Bayandur tayfasını yenidən birləşdirməsi Əhməd və varislərini hakimiyyətdən uzaqlaşdırdı və yeni hakim qolun, Qara Osmanilərin formalaşmasının əsasını  qoydu. Bu fikir sülalə tarixində baş verən dəyişiklikləri əks etdirən, Osmanın iki oğlunu səhvən Qutlunun oğulları kimi təqdim edən Təvarix-i cədid miryat-i cihan adlı əsərin müəllifi tərəfindən də təsdiq olunur. Dörd oğuldan ən böyüyünün, Qara Yülük Osmanın sonrakı nailiyyətlərinin mühüm aspektlərindən biri onun yeni hakim qolun və ya hakim xanədanın banisi olmasında idi. Yarım əsr sonra Uzun Həsənin hakimiyyətə yüksəlməsinə qədər bu xanədana mənsub olmaq sülalə siyasətində önəmli legitimlik amili idi. İkili statusa malik hökmdara məxsus ikinci xüsusiyyət kiçik oğul olduğu güman edilən və sadəcə Osman bəy adlandırılan oğulla simvollaşdırılırdı. XVI/X əsrdə, bu anonim salnamə tərtib ediləndə Osman bəy varisləri Bayburt bölgəsində mühüm mövqe tutan yerli qolun banisi idi.[xc]


İstinadlar və qeydlər


[i] Rəşid B: 597a, 597b-598b; C:55-61; Sümər 1959:370, 371-373; Şəcərə 38, 42, 43. Sırdərya Oğuzları haqqında məlumat üçün bax: Pitsak 1952; Sümər 1967b:26-59, 317-376; Qolden 1972: 52-58; Qolden 1992:205-211; Rəşidəddinin Oğuzları sistemləşdirməsi ilə əlaqədar əlavə A-ya bax, təsvir A1.

[ii] Qardizi A:27, B:258. Həmçinin Minorskinin Hüdada verdiyi şərhlərə bax, s.304; Sümər 1953: 324-325, 1967b: 31-32; Özərgin 1956; Qolden 1992:202-205.

[iii]Qaşqari və Divandakı tarixlərlə bağlı bax: Pitsak 1953.

[iv] Qaşqari A1:56-57, 3:304-307, B:1:101. Həmçinin bax: Qolden 1992:229-230.

[v] Yazıçıoğlu A:5b; Konyar 2:145.

[vi] Konyar 2:145.

[vii] Rəşid A: “… ən zamin həmişə pur ni’mat başəd…”; Yazıçıoğlu A:13b: “…həmişə bay və nimətlə ol..”

*Apanaj hökmdar tərəfindən yaxın ailə üzvünə və ya vassalına verilən topraq və ya hər hansı imtiyazdır (tərcüməçi).

[viii] Məsələn, Köprülü 1992a: 42-48, 77-84, 1943: 277ff., 202-203; Sümər 1967b:209-213, 412-419.

[ix] Cahen 1968: 314-317.

[x] Yazıçıoğlu B:57, 89, 91, 97, 105, 115, 124, 208.

[xi]Bax: Kahen 1952: 179-181, 1968: 35, 145-150. Bayandurun adına Mübarəkşahda, 47 və üzlənmiş 84-cü faksimildə rast gəlinir. Mübarəkşah Lahorun türk hökmdarı Qütbəddin Aybək ( 1206-1210/602-607) üçün tərtib edilmişdir. Mənbədə altmış üç türk “tayfa”sının arasında Bayandur tayfasının da adı çəkilir. Ola bilsin ki, Mübarəkşah Qaşqarinin təsiri altında yazılıb, çünki Oğuz-türkmən tayfa adlarının orfoqrafiyası tamamilə Qaşqarinin əsərindəki ilə üst-üstə düşür. Həmçinin bax: Golden 1992:230.

[xii] Vilayət, köçürmə 73, faksimil 164.

[xiii] yəni Minq Qışlaq, “min qışlaq”. Xəzər dənizinin şərq sahilində olan bu ərazi Siyah Kuh, yəni Qara dağ kimi də tanınır.

[xiv] Taci, 34-35.

[xv] Vamberi 1865: 36.

[xvi] Şəcərə, 64-67. Mərkəzi İslam torpaqlarının Səlcuqlardan əvvəl türklər tərəfindən işğalı ilə bağlı bax: Boratav 1958:46-48, Hacı Bektaş Vəlinin Vilayətnamə əsərindəki Bələdiyə 5-ci Cevdet əlyazması şeirindən sitat gətirilərək göstərilir ki, Səlcuqlardan əvvəl Anadolu  iki dəfə, əvvəlcə Abbasilər dövründə, ikinci dəfə isə Səlcuqlardan qısa müddət əvvəl (İraq türkmənləri) türk işğallarına məruz qalıb.

[xvii] Asir: 9:378-391.

[xviii] Qorqud C:giriş, x-xiii və xəritə üzlük ix; Sümər 1959: 402-413 və 1967b:371-376. Ağqoyunlu və Oğuz adətləri haqqında daha ətraflı məlumat üçün bax: əlavə A.

[xix] Diyar, 15-16

[xx] Diyarda, s.15, yazılır ki, pəhləvan III İdrisin cəsur nəvəsinə verilən ləqəbdir, onun əsl adı deyil. Bax: Fələkiyə, 136-137, Elxani-Cəlairi dövründə pəhləvan bir neçə qala qoruyucusunun adı idi. Suluk, 4:461 yazır ki, onun adı Məhəmməd idi.

[xxi] Diyar, 15-16. Rəşidəddin Ağqoyunluların bu döyüşdə iştirakı haqqında yazmır.

[xxii] Bu tayfaların adına Məmlüklərin inşa xarakterli İcabat əl-sa’il ila ma’rifət əl-rə’sail (Bibliotheque Nationale, arabes, 4437, f.47) mənbəsində rast gəlinir, onlara SÜBH-də istinad olunur, 7:281-282. Bax: Sümər 1953:319.

[xxiii] Panaretos A:68, B:488-489. Digər mənbələr üçün  bax: BT:2:319.

[xxiv]Ulusun klassik monqol mənasında “xalq-dövlət” olması haqqında bax: Vladimirtsov 1948:126ff; digər mənbələr üçün bax: TMEN 1:175-178. XVI/X əsr Osmanlı inzibati sənədlərində Ağqoyunlu “xalq-dövlət” qalıqları Bozulus adlandırılır (Bax: Sümərin Bozulusu, Planhol 1968:225ff).

[xxv] Cahen:1968:363-364.

[xxvi] Bu bölgənin coğrafiyası üçün bax: Birot və Dresch 1953:2:144, 155-157, 164-165, 184-185, 266, 288, 290; və Saracoğlu, 1956. Həmçinin bax: Qanunlar, xix, 63-73 və xxxii, 140-144, Bozulusun ənənəvi köç marşrutu haqqında Sümərin Bozulusuna bax.

[xxvii] Mardindəki son dövr Ərtuqiləri haqqında bax: İlisch, 1984.

[xxviii] Bu bölmənin hazırlanmasında aşağıdakı tədqiqatların böyük rolu olmuşdur: Soçin 1884; Sümər 1967a:45-54, 1967b:241-249; Uzunçarşılı 1969: 155-175; Yücəl 1970b, 1971.

[xxix] Panaretos A:65-68, B:485-487

[xxx] Nuzhat, 77-80.

[xxxi]Bayburt, 42-46; Ərzurum, 249, 254-258;Ərzincan, 243-245; Sözən 132-133; Aqqoyunlu 1992:10. Həmçinin bax: Səyahətnamə, 2:344.

[xxxii] Panaretos A:70, 72, B:491, 495.

[xxxiii] Qorqud A:1: Erginin girişi, 56; B:Rossinin girişi, 33, 62-63; Boratav 1958:33, qeydlər 3, 45-46, 50-57. Melikoff 1964: 23-24 və xüsusilə Bryer 1987.

[xxxiv] Erzi 1954:191-192: Sümər 1959:399-400, qeyd 157, 1967b:402, qeyd 140.

[xxxv] Diyar, 13, 90.

[xxxvi] Panaretos A:75, B:497. Turəlinin adı bir daha Yunan mənbələrində çəkilmir.

[xxxvii] Diyar, 15; Həcər 2:59, 357, 462, 3:133, 231; Suluk 4:45, 141, 190, 310, 417, 458, 461, 517, 535, 806 və Nucum, 6:185, 383, 415, 695 və 740. Bu mənbələrin hamısında Turəli yeni tayfanın banisi kimi qeyd olunur. Həcər 2:40, Suluk 4:984, Dav 5:135-də isə Qara Osmanın nəsəbi düzgün təqdim edilir.

[xxxviii] Diyarda, 12, onun adı Qutlu kimi qeyd edilir, lakin digər mənbələrdə aşağıda göstərilən yazılışlar da mövcuddur: Qütlü, Qutluq, Qutluğ.

*XIV-XVII əsrlərdə İtaliya şəhər-dövlətlərində muzdlu hərbi hissələrdə xidmət edənlər (tərcüməçi).

[xxxix] Yınanc  1940: 258. Kazaklar haqqında bax: Stökl 1953, xüsusilə 102-105-ci səhifələr. Avropa tarixi ilə digər müqayisə üçün bax:Barbaro A:560, B:85.

[xl] Bazm, 369.

[xli] Battuta, 2:294; Yınanc, 1940:253.

[xlii] Məsələn, Təqvimlər, 80; Colophon 82-85.

[xliii] Həmçinin bax: BT 2:76, 178: λσπροπρσβαταντες λενκαμνας λεναρναι; Barbaro A:560: “…Accorlu, che vuol  dire nel nostro idioma castroni bianchi…”

[xliv]Pritsak 1955:248-249; Krader 1963:321ff.

[xlv] Oğuz, 361-363-cü sətir, həmçinin bax:Şəcərə, 30, Diyar 25.

[xlvi] Diyar, 277; Ərz, 29; Əhsən A:546; Uzunçarşılı 1969:lövhə XLIX.

[xlvii] Məsələn, Dədə Qorqud kitabında Bayandur xanın çadırı ağdır (Qorqud A:1:66-67, 202, 235), Caminin yuxusunda isə Uzun Həsən başına ağ rəngli çalma qoyur (Cami B:324).

[xlviii] Məsələn, Suluk 4:984; Nucum 6:840 və Ərzincan, 244 və Ərzurumdakı, 257, qəbirüstü yazılar. Mirata görə, 14, Qutlu Hacı bəy 35 dəfə Məkkəyə ziyarətə gedibmiş!

[xlix] 1550-ci ildə Qutluya aid məscid Səfəvilər tərəfindən dağıdılmışdır. Yenidən bərpa edilməsi şərəfinə məsciddə bir xatirə yazısı peyda olur. Bu yazı ilə əlaqədar bax: Ərzincan 243-245, Ərzurum 257, Bayburt 42-46 və Sözən 37-40. Yazıda adı çəkilən Hüseyin bin Mənsur ola bilsin ki, Hüseyin bin Mənsur Bayandurdur. O, 1536-cı ildə (Gökbilgin 1951:43) Bayburt, Kəlkit və Tərcanda 30.000 akçalıq ziyamətə sahib idi.  Miratda, 14, Hüseyin bin Mənsur bin Xurşud İbn Qutlunun adına rast gəlinir, adın sonluğu hakimiyyət və ya tayfanın banisinin adına işarədir (yəni Qutlulardan olan Hüseyin). Həmçinin bax: Miroğlu, 63, 139, 141. Bu materialın son nəşri üçün bax: Ağqoyunlu 1992:14-31.

[l] Diyar, 13-14. Brosset bu hadisə haqqında yazmır.

[li] Panaretos A:75, B:498-499; bax:Fallmerayer 1827:204ff.; Miller 1926:57-58, 60.

[lii]BAZM, 163. Teymurun Anadoludakı fəaliyyəti və erkən Ağqoyunlu tarixində mühüm rol oynayacaq şəhərin müstəqil hakimi Mutahhartanın adına ilk dəfə Ərzincanın kənarında baş vermiş döyüşdə rast gəlinir.

[liii] BAZM, 292; həmçinin bax: Diyar, 38.

[liv] BAZM, 347.

[lv]Suluk 4:984; Nucum 6:840; Dav 5:135. Əgər bu mübahisə doğrudursa, onda Panaretosdakı λμιτιωται məlumatına uyğun olmalıdır

[lvi] Nuzhat.

[lvii]Suluk 4:884; Nucum 6:682. Səlim Dögərin fəaliyyəti ilə bağlı bax: Sümər 1967b:241-245.

[lviii]Diyar, 54, 114, 125, 270, 381. 1300/700-cü ildə Elxani vəziri Rəşidəddin Fəzlullah Palunun monqol canişininə yazdığı məktubda ticarət yollarını şeytan kürd Haninin hücumlarından qorumaq üçün Palunun istehkamı və xəndəklərini təmir edərək yaxşı vəziyyətə gətirməsini tapşırır (MUKATABAT, 132-135). Əhməd bin Qutlunun Palunu nə zaman, necə ələ keçirdiyi və ya kimin bu qalanı ona verməsi haqqında məlumat yoxdur, lakin istehkam 1459/863-cü ildə Uzun Həsən Qara Osmani tərəfindən ələ keçirilməyənə qədər onun varislərinin əlində olmuşdu. 1475/880-ci ildə Paluda olmuş Barbaro yazır ki, şəhərdə hündür qala və üç yüz ev var idi (Barbaro A:560, B684). Ağqoyunluların süqutundan sonra Palu Egilin Bulduqani kürd tayfasının əlinə keçir (Şərəf !:183ff.) və beləliklə də onlar bu ərazidən keçərək Ərməniyədəki yaylaqlarına gedib-gələn türkmən tayfalarından vergi yığmaq hüququ əldə edirlər (Qanunlar xxxii, 141-142). İstehkamın şəkili üçün bax: Harput, 8-9-cu səhifələrdə və Saracoğlu 1956:pl.XXIX.

[lix] DİYAR, 38, 150, 222; Həbib 4:469;Nusax 256. 1413/815(?)-ci ildə Pirəli öldükdən sonra oğlu Piltan Kığını ələ keçirərək ən azından 1444/848-ci ilə qədər oranı idarə etmişdi (Diyar 171). Pirəlilər şəhərdə ciddi tikinti işləri aparmışdılar. Şəhərdə Pirəli türbəsi, Xvand Sultan bint Pirəli türbəsi, Kığıdakı məsciddə Piltan minbəri ilə əlaqədar bax: Ərzincan, 246-247; Kığı, 94-95 və Sözən 40-41. Pirəlilər Qara Osmanilərlə ümumən yaxşı münasibətdə idilər, onlarla nikah əlaqələrinə malik idilər və bu üzdən də öz mülklərini asanlıqla onlara vermişdilər. 1500/906-cı ildə şəhər hələ də Pirəlilərin nəzarətində idi. 1452/856-cı ildə baş vermiş zəlzələ nəticəsində qalanın bir hissəsi dağılmışdı (Kolofons, 224), bundan başqa Ağqoyunlular dövründə qalanın vəziyyəti haqqında heç bir məlumat yoxdur (Kığı, 32, 45-57 səhifələrdəki şəkillərə bax). Nəhayət, XVI/X əsrdə Diyarbəkirin köçəri tayfalarının düşərgələrini qurmamışdan öncə Kığılının hakiminə yaylaq vergisi ödədikləri məlumdur (Qanunlar, xxxii, 142; həmçinin bax: xix, 67).

[lx]DİYAR, 33. Erqani qalası haqqında Nucum 6:703-704; Kolofonlar 205, 213, ZQ Fəthnamədə 139, məlumat mövcuddur, lakin  Qabriel 2:pl. CİV-də olan şəkil şəhərin mərkəzində o qədər də hündür olmayan bir təpənin təsviridir. Buna baxmayaraq, erkən Osmanlı dövründə tacir və köçəri tayfalar Erqani hakimlərinə keçid üçün vergi ödəməyə məcbur idilər (Qanunlar, xxxii, 141, xxxiv, 149-153). Həmçinin bax: 183-184.

[lxi] BAZM 369-370, Diyar, 35-40

[lxii] Furat 9:177; Həcər 1: 378; Nucum 6:515; Sümər 1967a:53-55.

[lxiii] Həcər 1:419; Diyar, 64.

[lxiv] BAZM, 478, 506.

[lxv] Əhmədin Amasiyanın hakimi və Bürhanəddinin köhnə düşmənlərindən olan Əmir Əhməd bin Hacı Şadgəldi ilə 1389-1390/791-792-ci ildə sövdələşməsi üçün bax: BAZM, 371-376, 379-381. Brinnerin SASRA tərcüməsində, 132a, “Ağ türkmənlərin” (əl-Türkmən əl-Bayadiyyə) 1391-1392/794-cü il hadisələri zamanı  Məmlük sultanı Barquqa qarşı qalxmış Mintaş qiyamında iştirak etdikləri yazılır. Sözsüz ki, bu məlumat Ağqoyunlulara deyil, Bayat Oğuzlara aid idi.

[lxvi] BAZM 474-475.Teymurun 1394/796-cı ilə təsadüf etmiş ikinci Anadolu yürüşü haqqında bax:  BAZM 449-463; Şami 146-157;Natanzi 357-362; Ərəbşah 124-129; Mucmal 3:136-137; Yəzdi 1:468-503. Mutahhartan əslində Teymurun 1387/789-cu ildə Anadoluya ilk yürüşü zamanı ona sədaqət andı içmişdi (Şami, 103; Natanzi, 335; Mucmal 3:127; Yəzdi 1:303).

[lxvii] BAZM 478; Diyar, 38-39.

[lxviii]BAZM 493-495.

[lxix] BT 2:150

[lxx] Hinz 1936: 33, 34, 40; Spuler 1960:75.

[lxxi] Bax EDPT, 928. Məmlük salnamələrində geniş istifadə edilən saqqalsız sözünü müqayisə et.

[lxxii] Diyar, 22; Qiyasiyə, A:49, B:372.

[lxxiii] BAZM, 506.

[lxxiv] Ərəbşah, 184-185.

[lxxv] Diyar 43-46.

[lxxvi] BAZM, 518.

[lxxvii] Taci 53.

[lxxviii] BAZM, 534.

[lxxix] Suluk 3:906; Həcər, 2:40, 59; Şiltberger A:16-19; Bahadur 23ab; Nucum 5:584; Uzunçarşılı 1968:219-222; Yucəl 1970b:156-160.

[lxxx]Həcər 2:180; Ərəbşah, 190; Şiltberger A:19-20; Diyar, 46-47. Şiltberger Osmanlıların Sivas yürüşündə iştirak etdiyini yazır.

[lxxxi] Şami 1:214;Həcər 2:108; Yəzdi 2:171; Ərəbşah, 190; Diyar, 47-48.

[lxxxii] Həcər 2: 55-56, 107; Nucum 6:11.

[lxxxiii] Şami 1:218; Yəzdi 2:190-192.

[lxxxiv] Təqvimlər 82. Bu münaqişənin iqtisadi zəmini haqqında bax: İnalcık 1960a:51.

[lxxxv] Qara Osmanın bu şəhərə nəzarət etməsi haqqında yalnız Yəzdi, 2:198, yazır.

[lxxxvi] Diyar, 48, 101. Lakin Ərəbşahda, 301, Teymurun şəhəri 1401-ci ilin aprel-may aylarınad/803-cü ilin ramazan ayında Qara Osmana verməsi qeyd olunur. Mucmal 3:144 və Yəzdidə, 2:255-256, isə Teymurun sadəcə olaraq Mardində Qara Osmana hörmət əlaməti olaraq xələt hədiyyə etdiyi yazılır. 

[lxxxvii]Diyar, 50. Yəzdidə 2:304, 308, qeyd olunur ki, Qara Osman Teymurun sağ cinahında olan əmirlərin arasında idi. Bidlisi 1:180a isə onun sol cinahda olduğunu yazır.  

[lxxxviii] Diyar, 52. Yəzdi, 2:361, 1403-cü ilin yazında/805-ci ilin şaban-zülqədər aylarında Teymurun ordusu Sivasdan getdikdən sonra Qara Osmanın Teymurun hərbi xidmətindən azad olunduğunu yazır, lakin onun qardaşı oğullarının hərəkəti haqqında məlumat vermir.

[lxxxix]Klavixo A:204: “qaraotoman vlglan.” Le Streyncin tərcüməsində bu haqda məlumat yoxdur.

[xc]Bax: MİRAT 14, 16. “Qarayülüklülər” termininin işlənməsi ilə bağlı bax: TKS E, 3128; Havadiz, 423, 545-546; Anonim Suriya xl, xlvii.

Birinci hissəyə keçid:

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.