fbpx

TƏRCÜMƏ

TƏRCÜMƏ

Con E. Vuds: Ağqoyunlu – Tayfa, Konfederasiya, İmperiya

Read this article on other language
Download article
image_pdf
image_pdf

Sovet dövründə Azərbaycan cəmiyyətini, xüsusilə də ziyalıları milli tarixin saxtalaşdırılması ciddi narahat edirdi. Düşünmək olardı ki, müstəqillik əldə etdikdən sonra tarixçilərimiz saxtalaşdırılmış tariximizə yeni baxış formalaşdıracaqlar. Təəssüf ki, otuz ildən artıq müstəqillik dövründə Azərbaycanın qədim və orta əsr tarixinə dair suallara mükəmməl cavab tapmaq mümkün olmamışdır, əksinə tarixin müxtəlif istiqamətlərdə saxtalaşdırılması davam etmişdir. Bunun bir sıra ciddi səbəbləri var; bu səbəblərdən biri tarixi problemləri araşdırmağa qadir mütəxəssislərin olmamasıdır. Müasir Azərbaycan Respublikasının ərazisi tarixin müxtəlif mərhələlərində müxtəlif dövlət və imperiyaların tərkib hissəsi olub. Məhz bu səbəbdən Azərbaycan tarixini təkcə milli tarixçilər deyil, dünya tarixşünaslığı da araşdırıb. Müasir Azərbaycan tarixşünaslığında cavabsız qalmış bir sıra suallara dünya tarixşünaslığında cavab tapmaq olar. Bu məqsədlə Azərbaycan tarixinə aid tədqiqatların silsilə tərcüməsini oxuculara təqdim etmək qərarına gəldik.

 

İlk seçimimiz Azərbaycan xalqının milli qürur yeri hesab edilən Səfəvi dövlətinin sosial-siyasi bazasının əsası hesab edilən Ağqoyunlu dövləti oldu. Ağqoyunlu dövlətinin tarixinə aid ilk və hələlik yeganə fundamental tədqiqat işi amerikalı tarixçi Con Vudsa məxsusdur. Əsər ilk dəfə 1974-cü ildə doktorluq dissertasiyası kimi Prinston Universitetinin Yaxın Şərq Tədqiqatları şöbəsinə təqdim edilmşdir. Bu əsəri yazarkən tarixçi fars, ərəb və türk dillərində minə yaxın yazılı mənbələrdən stifadə etmiş, Ağqoyunlu dövlətinin sosial-siyasi strukturunu, mədəni çiçəklənməsi və süqutunu şərtləndirən amilləri təhlil etmişdir.

Qeyd edək ki, oxuculara burada kitabın Yuta universiteti nəşriyyatının çap etdiyi yenilənmiş və genişləndirilmiş ikinci nəşrinin tərcüməsi təqdim olunur. Bakı Araşdırmalar İnstitutu bu tərcüməni həm müəllifin, həm Yuta universiteti nəşriyyatının icazəsi ilə yayır.

Tarix Elmləri Doktoru Şəlalə Məmmədova

3(2)

BÖYÜK VƏTƏNDAŞ MÜHARİBƏSİ

Bir gün İrgil Xacə Gün Xana dedi: “Oğuz cənubda çoxlu şahlıqları tabe etmiş, çoxlu sayda var-dövlət və mal-qara toplamış böyük hökmdar idi, bunların hamısı indi sizlərindir. Allah səni, hər birinin dörd oğlu olan beş qardaşını, sizin iyirmi dördünüzün hamısını qorusun. Onlar arasında kiçicik bir nifaq yaranmaması, hər kəsin öz yerini tanıması üçün hər birinin özünəməxsus mövqeyinin, vəzifəsinin və rütbəsinin, hər birinin xüsusi tamğasının, nişanəsinin olması məsləhətdir. Bu, sizin dövlətinizə dinclik gətirəcək və ailənizin xoş adı qorunacaq.”

                                                                   Rəşidəddin, Oğuznamə

 

                             CAHANGİRİN HAKİMİYYƏTİ

Cahangirin “mütləq hakimiyyəti” ilk gündən ən azı altı iddiaçı tərəfindən təhdid edilməyə başlayır. Qara Osmanilərin hakimiyyətini Cahangirin üç əmisi, Həmzənin ölümündən sonra Amid uğrunda mübarizədə Cahangirin yardım etdiyi Şeyx Həsən, Bagdadda İspənd Qaraqoyunludan siyasi sığınacaq almış Mahmud və Məmlük sultanı əl-Zahir Çaxmağın tabeliyini qəbul etmiş Qasım təmsil edirdi. Qara Osmanilərin dördüncü iddiaçısı Cahangirin əmisi oğlu, bədbəxt Cəfər bin Yaqub idi. Əhmədi Qılıc Aslan da Cahangirin hakimiyyətinə qarşı idi. Qılıc Aslanın Qara Osmanın ölümündən sonra on il ərzində Əli ilə düşmənçiliyi Əlinin oğlu Cahangiri Əhməd xanədanını tamamilə hakimiyyətdən uzaqlaşdırmağa sövq edir. Nəhayət, Cahangirin ən güclü rəqibi onun öz qardaşı, bacarıqlı Uzun Həsən idi. Uzun Həsənin beş il davam edən qiyamı 1457/861-ci ildə ən yüksək nöqtəyə çataraq Cahangir və onun Qaraqoyunlu müttəfiqləri üzərində Amiddən aşağı, Fəratın yuxarısında baş vermiş döyüşdə qəti qələbəsi ilə bitir. Bu qələbə Cahangirin Ağqoyunlu hakimiyyətini itirməsi və ailəsinin onun 1469/874-cü ildə ölümünə qədər Mardində həbsdə saxlanılması ilə nəticələnir.[i]

Xəritə 5. Həmzəlilərin hakimiyyəti, 1438-1444/841-848

Cahangir əvvəlcədən Amiddəki çevrilişinin hakim tayfa və müttəfiqləri tərəfindən asanlıqla qəbul edilməyəcəyini anlamışdı, bu səbəbdən də o, Həmzənin paytaxtı Mardini işğal edərək bəyliyin qışlaqları üzərində nəzarəti ələ keçirdi. Hökmdar kimi mövqeyini gücləndirmək üçün o, Həmzənin sağlığında ona söz verdiyi qızı Şahsultan Xanımla evlənir. Bütün bu tədbirlərə baxmayaraq, Ərməniyədə əmisi Şeyx Həsən, cənubda isə digər əmisi Mahmud ətrafında Cahangirə qarşı müxalif qrup formalaşdı. 1444-1445-ci ilin qışında/848-ci ilin ramazan-zilqədə ayında Mahmud qardaşı oğlunun əlindən Mardindən Bağdadın Qaraqoyunlu hakimi İspənd bin Qara Yusifin yanına qaçır. 1437/840-cı ildə Həmzə tərəfindən uğradığı məğlubiyyətdən hələ də əzab çəkən İspənd buna Ağqoyunlulardan qisas almaq üçün əlverişli fürsət kimi baxırdı. Lakin qışın sonunda İspənd ölür və növbəti yaza planlaşdırdığı əməliyyat reallaşmır.[ii] Dəstəkdən məhrum olmuş Mahmud yeni müttəfiqlər axtarmağa başlayır və sonunda konfederasiyaya daxil olan tayfa başçısı və Həmzənin hakimiyyəti dövründə yüksək hərbi mövqe tutan Əli Mamaşlı ilə razılaşır. Tələsik Bağdadı tərk edən Mahmud Diyarmudardakı Birəcikdə  Əli Mamaşlıya qoşulur. Oradan onlar şimalda Ərzincana hücum planlaşdırırdılar.

Ərzincanda isə Həmzənin vaxtilə hakim təyin etdiyi Şeyx Həsən hakim Bayandur tayfasının Pirəli xanədanını, bir sıra güclü tayfaları və nüfuzlu müsəlman din xadimlərini ətrafında birləşdirməyə müyəssər olur.[iii] Yaqub bin Qara Osmanın ölümündən sonra başsız qalmış Kemaha hücum edən Şeyx Həsən Yaqubun müavini tərəfindən məğlubiyyətə uğradılaraq həbs edilir. Ərzincandakı qarışıqlıq Mahmud və Mamaşlı müttəfiqinə şəhəri ələ keçirmək imkanı verir. Cahangirin əmisi Mahmudu 1446-cı ilin yayında/850-ci ilin rəbiüləvvəl-cəmadiyələvvəl aylarında Ərzincandan uğursuz uzaqlaşdırmaq cəhdi Ağqoyunluları təhlükəli şəkildə iki yerə bölünmüş hala saldı. Bu vəziyyət 1435/839-cu ildə Əli ilə Yaqub arasında qarşıdurma zamanı yaranmış vəziyyətə çox oxşayırdı.

1447-ci ilin martında/850-ci ilin zilhiccə ayında Şahrux Teymurinin ölümü Ağqoyunluları ən güclü dəstəkdən məhrum etmiş oldu, Cahangirin vəziyyəti daha da çətinləşdi. Xorasan və Mavərənnəhrdəki mərkəzi Teymuri torpaqları uğrunda Teymurun dörd oğlunun varisləri arasında başlanan vətəndaş müharibəsi on ildən də çox sürdü və onları daim narahat edən qərb sərhədlərində Cahanşah Qaraqoyunlunun, bir qədər az miqyasda isə Məmlük sultanı əl-Zahir Çaxmaq və Osmanlı sultanı II Mehmetin iddialarının baş qaldırmasına səbəb oldu. Əslində 1444-cü ilin əvvəlində/848-ci ildə II Mehmet Qılıc Aslan Əhmədinin Həmzəyə qarşı mübarizədə müttəfiqlik təklifini qəbul edərək Şərqi Anadoluda təsirini artırmağa cəhd göstərdi, lakin bunun praktik nəticəsi olmadı.[iv] Şahruxun dünyadan köçməsi eyni zamanda Məmlük-Teymuri gərginliyini azaltdı və Məmlük mənbələrinin qeyd etdiyi kimi sərhəd zonasında Ağqoyunlu-Məmlük qarşıdurmasını gücləndirdi.[v]

Təkcə Cahangirin deyil, ümumiyyətlə, Ağqoyunlu konfederasiyasının mövcudluğuna real təhlükə yaradan isə Cahanşah və Qaraqoyunlular idi. Altı aylıq mühasirədən sonra[vi] 1446/850-ci ildə Cahanşahın Bağdadı işğalı ilə Qara Yusifilərin hakimiyyətinin özəyini təşkil edən Azərbaycan və Ərəb İraqı Qaraqoyunluların hakimiyyəti altında birləşdi. Bundan sonra Qara Yusifin altı oğlundan yeganə sağ qalmış oğlu Cahanşah Qaraqoyunlular arasında qayda-qanunu bərpa etməyə başladı. Onun kənar xanədanların hüquqlarını zəbt etməsi və mülklərini müsadirə edərək yenidən bölüşdürməsi təbii olaraq qohumları arasında ciddi etiraza səbəb oldu. Cahanşaha qarşı ən güclü etiraz edən isə onun qardaşı oğlu Əlvənd bin İsgəndər idi. İlk başdan əmisinin yanında olan Əlvənd sonradan, 1448-ci ilin əvvəlində/851-ci ilin sonunda ona qarşı qiyam qaldırdı, lakin məğlub olaraq Diyarbəkirə qaçdı və Cahangir Ağqoyunluya sığındı. Əlvəndin hərbi və siyasi cəhətdən nə qədər təhlükəli olduğunu anlayan Cahanşah Cahangirdən qaçqını  Qaraqoyunlu xəfiyyələrinə təhvil verməyi tələb etdi. Cahangirin Əlvəndi təhvil verməkdən imtina etməsi bu iki türkmən tayfası arasında təqribən iyirmi il davam etmiş geniş miqyaslı düşmənçiliyin başlanmasına səbəb oldu.[vii]

1450-ci ilin yazında/854-cü ilin əvvəlində Cahanşah Qaraqoyunluların ənənəvi düşməni olan Ağqoyunluların Ərməniyə mülklərinə hücum təşkil etməklə onlara qarşı ikiillik əməliyyata başlayır. Cahangirdən narazı olan Qara Osmani və Pirəliləri ətrafına birləşdirmiş Qaraqoyunlu Ərzincanda Cahangirin əmisi Mahmudu mühasirəyə alır. Bu böhran Cahangir ilə qardaşı Uzun Həsən arasında ilk çatın əmələ gəlməsinə səbəb olur, onlar bu böhrandan necə çıxmaq üstündə dava edirlər. Qaraqoyunlu təhlükəsi qarşısında ailəni birləşdirmək naminə toplanan zadəganlar məclisində Uzun Həsən Mahmuda yardım etmək istəməyən Cahangirə qarşı çıxır. Ola bilsin ki, Cahangir əmisinin rəqiblik iddiasının daha böyük təhlükə olduğunu düşünürdü, bu səbəbdən də kiçik qardaşının qohumluq bağlarına müraciət etməsini bəyənmir və birgə mübarizə təklifini rədd edir. Nəticədə Qaraqoyunlular təkcə Ərzincanı deyil, Tərcan və Bayburtu da ələ keçirirlər.[viii] Cahangirin ailə və konfederasiya qarşısında öhdəliklərini yerinə yetirməməsi Qaraqoyunlulara qarşı mübarizədə zəifləməsinə səbəb olur. Nəticədə iki il sonra Uzun Həsən böyük qardaşına qarşı qiyam qaldırır.

Mahmudu Ərzincan hakimliyindən uzaqlaşdıran Cahanşah onun yerinə bu vəzifənin əvvəlki sahibi Şeyx Həsən bin Qara Osmanı otuzdurur və Əlvəndi təhvil vermək tələbini təkrarlayır. Lakin Cahanşahın Ərzincanda əsir götürülənləri öldürmək təhdidi də Cahangiri Əlvəndi təhvil verməyə məcbur edə bilmir. Belə olduqda Cahanşah sərkərdəsi Rüstəm İbn Tərxana və oyuncağına çevrilmiş Şeyx Həsən Qara Osmaniyə Mardin və Ruha istiqamətinə yürümək əmri verir. Yolda onlara Şeyx Həsənin xeyrinə Cahangirdən üz döndərmiş Mosullu, Purnak və Qoca Hacılı tayfalarının bəzi qrupları da qoşulur. Bu xəyanətdən olduqca zəifləmiş Cahangir nə Mardini Rüstəmin hücumlarından, nə də qardaşı Üveys bin Əlini Ruhada mühasirəyə almış Şeyx Həsəndən müdafiə edə bilir.[ix] Onun geriyə, Amid və Məmlük sərhədinə doğru çəkilməkdən başqa yolu qalmır.

Lakin Cahangirin Məmlük torpaqlarına girməsinə icazə vermirlər. Bu, Şahruxun ölümündən sonra Qahirə ilə münasibətlərin nə dərəcədə korlanmasının göstəricisi idi. Bundan başqa Ərzincanın təslim olması Hələbdə Ağqoyunlu qaçqınların və onların Qaraqoyunlu təqibçilərinin sayının artacağı qorxusunu yaradır. Mühüm Ərzincan-Hələb magistral yolunun dağılmasından başqa bu hadisələr Hələbdə sadə əhalinin təxliyyəsinə səbəb oldu ki, nəticədə Hələb bazarlarında nəqliyyat üçün istifadə edilən və yükdaşıyan heyvanların qiyməti kəskin şəkildə qalxdı.[x] Bu sosial və iqtisadi narahatlıqlara əlavə olaraq Cahangirin Hamanın[xi] üsyankar Məmlük hakimi tərəfindən dəstəklənməsi xəbəri əl-Zahir Çaxmağı Ağqoyunlulara qarşı şəxsən əməliyyat təşkil etmək planı haqqında düşünməyə sövq edir. Lakin Cahangirin əmisi Qasım bin Qara Osmanın 1450-ci ilin iyununda/854-cü il cəmadiyəlaxır ayında Qahirəyə gələrək qardaşı oğlu Cahangirə qarşı Məmlük sultanından yardım istəməsi ilə Məmlük sultanı hərəkətə keçmək qərarına gəlir. Bir ay sonra əl-Zahir Çaxmaq Qasımı Ruhada nümayəndəsi elan edir, ona pul və ordu verərək 1439/842-ci ildə Cahangiri Həmzənin üzərinə göndərdiyi kimi onu da Cahangirə qarşı müharibəyə məcbur edir.[xii] əl-Zahir Çaxmaq eyni zamanda sərhədini qoruyan Zülqədər mühafizəçilərinə məktub göndərərək Cahangir və ordusunun Qaraqoyunlulardan qaçaraq Fəratı keçmək niyyətinə düşdüyü halda yolunu kəsmələri haqqında əmr verir.[xiii] Hər tərəfdən sıxışdırılan Cahangir keçmiş hökmdarı və himayədarı ilə münasibətləri nizama salmaq məqsədi ilə əvvəl anası Sarayı, sonra isə oğlunu əl-Zahir Çaxmağın hüzuruna göndərir. Əvvəl Sarayı qəbul etməkdən imtina edən əl-Zahir Çaxmaq sonradan ona Qahirəyə girmək icazəsi verir. Sarayı böyük hörmət və ehtiramla qarşılayırlar. Lakin mənbələr onun missiyasının nə qədər uğurlu olması haqqında məlumat vermir.[xiv]

1451-ci ilin əvvəllərində/855-ci ildə Cahangirin tamamilə məğlubiyyətə uğrayacağı danılmaz fakta çevrilir. Olan-qalan Məmlük himayəsindən, mühasirədə olan dəstələrini Ruha və Mardindən çıxarmaq imkanından məhrum olan Cahangir Amiddə Qaraqoyunlular tərəfindən mühasirəyə alınır. Konfederasiyanın bir sıra mühüm tayfaları isə Ruhada Qaraqoyunluların dəstəklədiyi Şeyx Həsənin ətrafına toplanırlar. Digər əmisi Qasım Məmlüklərin tam dəstəyi ilə Fərat üzərində möhkəmlənir. İstənilən vəziyyətdə Cahangirə sədaqətli olan yeganə qüvvə isə qardaşı Uzun Həsənin Erqani-Çermik bölgəsində şəxsi mühafizə dəstəsindən və  Ərzincanın alınmasından sonra oranı tərk edən hərbi hissələrdən topladığı dəstələrdən ibarət idi. Amiddəki qüvvələrin bir hissəsini yardım məqsədi ilə Uzun Həsənə göndərən Cahangir ona əmisini Ruhadan çıxarmağı əmr edir. 1451-ci ilin martında/855-ci ilin səfər ayında yavaş-yavaş mühasirə dairəsindən sürüşüb çıxan Uzun Həsən kiçik qüvvə ilə Ruhaya daxil olur. Qarnizon komandirinin mane olmasına baxmayaraq Uzun Həsən və adamları qaladan çıxır, Üveys isə qəflətən düşmənin xarici mövqelərinə hücum edir. Qara Osmani Şeyx Həsən və oğulları, onlarla olan bir çox Qaraqoyunlu sərkərdələri təqibdən qaçarkən Cahangirə sadiq olan adamların əlinə keçirlər və edam olunurlar.[xv] Ağqoyunlu tayfa konfederasiyasına xəyanət edərək Şeyx Həsənin tərəfinə keçmiş tayfaların başçıları içərisindən Uzun Həsən şəxsən Mosullu tayfa başçısının boğazını kəsir, Purnak və Qara Hacılı tayfalarının başçılarını isə mühakimə olunmaq üçün Amidə göndərir. Cahangirin Cahanşaha qarşı müharibəsinə dərhal təsir göstərməsə də bu möhtəşəm qələbənin əks-sədası tezliklə Məmlüklər, Qaraqoyunlu və Ağqoyunlular arasında yayılır, əl-Zahir Çaxmaq Uzun Həsəndən qorxmağa və ona hörmət etməyə başlayır, Cahanşahın ona olan düşmənçiliyi güclənir, Ağqoyunlu konfederasiyasının hamısı olmasa da tayfaların bir qismi onun tərəfinə keçir.[xvi]

                                                              

Xəritə 6. Ağqoyunlu Bəyliyi 1451/855-ci ildə.

Uzun Həsənin Qaraqoyunlulara qarşı mübarizədə uğurları davam edirdi. Heydərli, Purnak, Qoca Hacılı və Yurtçu konfederasiyasının başında duran Uzun Həsən Cahanşahın sərkərdəsi Rüstəmi bir neçə döyüşdə məğlubiyyətə uğradır. Cahangir isə əksinə döyüşlərdə Qaraqoyunlulara məğlub olmaqda davam edir. Mardindəki məğlubiyyətdən sonra Amidin kənarında da ciddi geriləmələr olmuşdu. Tehrani-İsfahani yazır ki, Uzun Həsən vaxtında yetişməsəydi, Ağqoyunluları xilas etmək mümkün olmayacaqdı.[xvii] Həmin dövrdə Cahanşah Ərməniyədə Bayandurların Əhmədi və Pirəli xanədanı arasındakı düşmənçilikdən Qara Osmanilərin hakimiyyətinə qarşı məharətlə istifadə edərək Ruhada edam edilmiş Şeyx Həsənin yerinə Ərzincanı Qılıc Aslan Əhmədiyə həvalə edir. Lakin Qılıc Aslanın bəzi addımları onun sadəcə olaraq Qaraqoyunluların adamı olmadığını göstərir. Əvvəla, o, qızını Musa bin Pirəli ilə evləndirərək yardımçı xanədan ilə ittifaqa girməklə yanaşı Tərcan üzərində nəzarəti də ələ keçirmiş olur. Əgər Tevhidin Ərzincanda anonim buraxılmış mis sikkələrin ona aid olması haqqında məlumatı doğrudursa, demək elə məhz həmin dövrdə Qılıc Aslan Turəlilərin hakimiyyəti altında Ağqoyunlu əmirliyinə iddiasını irəli sürməyə başlamışdı.[xviii] Nəhayət, o, iddiasını ərazi olaraq genişləndirərək Cəfər bin Yaqub Qara Osmanidən Kemahı almış, 1451-ci ilin oktyabrında/855-ci ilin ramazan ayında Qarahisar və İspirə hücumlar təşkil etmişdi. Konfederasiya daxilində dəstək almaq məqsədi ilə o, şimal-şərqdə yerləşən İspir qalasını Purnakların Cahangirə qarşı olan qoluna verir, lakin bu siyasətin uğurlu olması haqqında əlavə məlumata rast gəlinmir. Qılıc Aslanın Ərməniyədəki iddialarına qarşı Qara Osmanilərin müqaviməti Cəfər bin Yaqub və Qasım bin Qara Osmanın rəhbərliyi altında ara-sıra davam edirdi. Cahanşahın sərkərdəsi Rüstəm ibn Tərxan tərəfindən Amiddə mühasirəyə alınmış Cahangir isə şimaldakı qohumlarına heç cür yardım edə bilmirdi.

Cənub cəbhədə Uzun Həsən paytaxtda olan Cahangirin üzərinə yönəlmiş təzyiqləri aradan qaldırmaq üçün Amidin şimal-qərbində yerləşən Çermik adlanan ərazidə 1452-ci il qışın ortalarından yazın əvvəllərinə qədər/856-cı il məhərrəm-rəbiüləvvəl aylarında Rüstəmlə bir neçə döyüşə girir.[xix] Lakin Uzun Həsəndən xəbərsiz qardaşı Cahangir anası Saray vasitəsilə Cahanşah Qaraqoyunlu ilə danışıqlara girir. Əvvəl Cahanşah ya Cahangirin özünün, ya da qardaşı Uzun Həsənin girov olaraq Qaraqoyunlu sarayına gəlməsi tələbini irəli sürür, bu tələbi Cahangir rədd edir. Lakin sonradan əsas diqqətini şərqdəki proseslərə yönəldən Cahanşahın özü şəxsi qoşun dəstələrini Ağqoyunlulara qarşı əhəmiyyətsiz əməliyyatdan çəkərək Teymurilərin Əcəm İraqı və Fars vilayətlərinin  işğalına yönəltmək qərarına gəlir[xx] və bu səbəbdən də yumşalaraq 1452-ci il aprelin 9-da/856-cı ilin rəbiüləvvəl ayının 19-da Cahangirlə qətiləşdirilmiş Amid müqaviləsini imzalayır. 

Müqavilənin şərtlərinə görə, Cahangir Diyarbəkir üzərində Qaraqoyunluların hakimiyyətini tanıyır, qızını Cahanşahın oğlu Məhəmmədi ilə evləndirir, oğlu Muradı isə girov olaraq Cahanşahın sarayına yollayır. Əvəzində Cahangir Amidi təslim etdikdən sonra Mardini işğal etmək üçün icazə alır. Lakin onun Ərməniyədə olan Qılıc Aslana münasibəti haqqında müqavilədə heç bir şey deyilmir.[xxi] Beləliklə də, Ağqoyunlular iki düşmən Qaraqoyunlu protektorluğuna çevrilirlər, Cahanşah isə heç bir Qaraqoyunlunun ordu gücü ilə əldə edə bilmədiyinə diplomatik yolla nail ola bilir. Mardinə yiyələndikdən sonra Cahangirin “mütləq hakim” likdən imtina etməsi isə konfederasiyaya daxil olan bir çox nüfuzlu tayfaların və bir neçə Bayandur tayfasının ondan üz döndərməsi ilə nəticələndi. O, həddən artıq mübariz olan kiçik qardaşı Uzun Həsənin də dəstəyini itirdi.

UZUN HƏSƏNİN QİYAMI 

Amid müqaviləsindən dərhal sonra Cahanşah Qaraqoyunlu bu əraziləri tərk etsə də tezliklə onun Diyarbəkirdən bütün Qaraqoyunlu qüvvələrini çixarmaq niyyətində olmadığı bəlli olur. Cahanşahın oğlu Məhəmmədininn rəhbərlik etdiyi ikinci hərbi dəstə ilə daha da gücləndirilən Rüstəm İbn Tərxanın başçılıq etdiyi işğalçı ordu Cahangiri Amiddən uzaqlaşdırmaq əmri alır. Rüstəmi Çermikdəki Uzun Həsənə qarşı göndərən Məhəmmədinin özü Cahangiri paytaxtında mühasirəyə alır. Əvvəlcədən Amid barışığına qarşı olan Uzun Həsən konfederasiyanın Əfşar, Əmirli, Bicanlı, Heydərli, İvəz, Mosullu, Purnak və Qoca Hacılı tayfaları da daxil olmaqla Bayandurların Qara Osmani və Pirəli xanədanına məxsus olan ikinci nəsil nümayəndələrinin əksəriyyətini ətrafına birləşdirərək Qaraqoyunluların qarşısını aldı. Uzun Həsənin Cahangirin Cahanşaha satılmasından sonra Qaraqoyunlulara qarşı mübarizəni müstəqil olaraq davam etdirməsi haqqında qərarı Ağqoyunlu vətəndaş müharibəsinin dördüncü, sonuncu mərhələsinin başlanmasından xəbər verirdi.[xxii]

Uzun Həsən əvvəldən də düzgün olaraq diqqətini tayfa və konfederasiya məsələlərindən birbaşa Qaraqoyunlu ordusu ilə qarşıdurmaya yönəltmişdi. 1452-ci ilin yayında/856-cı ilin cəmadiyələvvəl-şaban aylarında Uzun Həsən konfederasiya ordusunu əmisi Qasım bin Qara Osmanın Məmlüklərin ruhlandırdığı, Zülqədərlərin dəstəklədiyi Qaraqoyunlu namizəd Qılıc Aslan bin Əhmədi Ərzincanda mühasirəyə aldığı Ərməniyə yaylaqlarına yönəldir. Cahanşahın erkən siyasəti dövründə Əhmədi və Pirəliləri Qara Osmanilərə qarşı dəstəklədiyi kimi Uzun Həsən də əvvəlcə Musa bin Pirəlini öz tərəfinə çəkir, sonra isə Qılıc Aslana məktub yazaraq onu “sülh məqsədi ilə” Qasıma qarşı əməliyyatda əməkdaşlığa sövq edir.[xxiii] Uzun Həsənin siyasətinin Amid sülhünü qanuniləşdirmək və beləliklə də Cahangirin Qaraqoyunlu himayədarlarına etdiyi güzəştləri möhkəmləndirmək  niyyətindən irəli gəldiyini düşünən Qılıc Aslan cavabında oğlunu 1000 nəfərdən ibarət hərbi dəstə ilə Uzun Həsənin olduqca kiçik hərbi qüvvələrinə birləşmək üçün göndərir. Bundan sonra birləşmiş qüvvələr Qasımı Ərzincandan çıxarır, sonunda isə Bayburtda əsir alırlar. 1451/855-ci ildə qardaşı Şeyx Həsənin Ruhada başına gələnlərdən fərqli olaraq qardaşı uşaqları mərhəmət göstərərək Qasımı azad edirlər. Müvəqqəti olaraq Qasımı neytrallaşdıran Uzun Həsən qəflətən Qılıc Aslana qarşı çevrilir, oğulları və döyüşçülərini sursatları ilə birgə ələ keçirib Ərzincanda mühasirəyə alır. Uzun Həsən həmin dövrdə Ərzincanı ala bilməsə də Qasım bin Qara Osmanı məğlub etdikdən sonra Qılıc Aslanı alçalda bilməsi onun nüfuzunu olduqca artırdı və eyni zamanda vətəndaş müharibəsi nəticəsində taqətdən düşmüş, xarici hökmranlıq altında mənəvi cəhətdən sarsılmış Ağqoyunlulara hələ də təslim və tabe ola biləcəkləri bir namizədin olduğunu nümayiş etdirdi. Uzun Həsənin bioqrafı Əbubəkr Tehrani-İsfahani yazır ki, bu ikili uğur Uzun Həsənin Ağqoyunluların müstəqil hökmranı mövqeyinə yüksəlməsi istiqamətində atdığı ilk addım kimi qiymətləndirilməlidir.[xxiv]

Ərzincanda mühasirəyə alınmış, Qaraqoyunlular tərəfindən yardıma ümidi qalmamış Qılıc Aslan sonunda şəhəri tərk edərək Uzun Həsənin yaxından təqibi altında Təbrizə qaçır. Təqibdən canını qurtarmağı bacaran Qılıc Aslan Qaraqoyunluların paytaxtına çatır. Cahanşah qorxaqlığı və bacarıqsızlığına görə onu cəzalandıraraq həbsə atdırır. Qılıc Aslanın on yeddi il davam edən və Ərməniyədə hakimiyyətə qarşı qiyamdan sonra qısa müddətə mükafatlandırılan Əli Qara Osmanilər xanədanına qarşı hakimiyyət uğrunda mübarizəsi beləcə ləyaqətsiz başa çatır. Qılıc Aslanın oğlu Turəli 1457/861-ci ilə qədər ara-sıra Uzun Həsənə qarşı çıxsa da 1452/856-cı ildən sonra Əhmədi xanədanı Ağqoyunlu siyasətində hər hansı bir nəticə yarada biləcək qüvvəyə malik deyildi.[xxv]

Qılıc Aslanın qaçması Qasım bin Qara Osmana geri qayıtmaq şansı verir, qardaşı oğlu Cəfər bin Yaqubu öldürdükdən sonra o, Kemah qalasını mühasirəyə alır. Həmin dövrdə yaranmış vəziyyət Uzun Həsənin əmisinə qarşı hər hansı fəaliyyətinə imkan verməsə də Qasımın yarada biləcəyi təhlükə deyəsən öz-özünə həll olunmuşdu, bundan sonra onun adına heç bir mənbədə rast gəlmək mümkün olmur. Qasımın başına nə gəlməsindən asılı olmayaraq iki Qara Osmaninin, Qasım və Cəfərin və  bir Əhmədinin, Qılıc Aslanın siyasi səhnədən getməsi sülalə daxilində hakimiyyət uğrunda mübarizənin son mərhələsində rəqib kimi iki qardaşın, Cahangir və Uzun Həsənin qalması ilə nəticələndi.

Kürdüstanda hərbi əməliyyatda olarkən Cəfərin ölüm xəbərini alan Uzun Həsən Cahangirin də kürdlər üzərinə yürüş təşkil etmək üçün atlandığını eşidib Kemahda Qasım üzərinə hücumdan vaz keçir və müdafiəsiz qalmış Amid üzərinə yürüyür. 1452-ci ilin sentyabrında/856-cı ilin şaban-ramazan aylarında Uzun Həsən dörd döyüşçü ilə gizlicə Amidə girir və demək olar ki, şəhəri qan tökmədən ələ keçirir.[xxvi] Uzun Həsən şəhər qalasının açarlarını tabeçilik nişanəsi olaraq dərhal Qahirəyə göndərir, əl-Zahir Çaxmaq Cahangirin Cahanşahla razılaşmasından təqribən altı ay keçdikdən sonra buna münasibət bildirərək Uzun Həsəni Amiddə nümayəndəsi kimi tanıyır. Ağqoyunluların daxili tarixində Uzun Həsənin Amidi işğal etməsi konfederasiyanın vətən torpaqlarında hakimiyyət dəyişikliyinə iddia kimi qəbul edilir, bu fakt Cahangirin əmirlərinin bir çoxu tərəfindən, həmçinin Purnak və Qara Hacılı tayfalarının güclü üzvləri tərəfindən qəbul edilir. Cahangirin özü isə Mardini tərk edərək qüvvələrini toplamağa və bu iddiaya cavab vermək üçün hazırlaşmağa başlayır.

1453-cü ilin yazında/857-ci ilin rəbiüləvvəl-cəmadiyələvvəl aylarında  əlində Məmlük sənədi olan Uzun Həsən konfederasiyanı Ruha üzərinə yönəldir. Həmin dövrdə şəhər Uzun Həsənin Cahangirə sədaqət andı içmiş qardaşı Üveys tərəfindən idarə olunurdu. Uzun Həsənin ordusu şəhərə yaxınlaşan kimi Üveys şəhəri tərk edərək Mardinə qaçır, nəticədə Uzun Həsən Məmlüklərlə sərhəddə yerləşən Diyarmudarın böyük hissəsinə yiyələnmiş olur. Beləliklə, Diyarmudar və Diyarbəkirin qışlaqlarına nəzarəti qətiyyətlə ələ keçirən Uzun Həsən növbəti beş ildə, 1453-cü ildən 1457-ci ilə qədər/857-ci ildən 861-ci ilə qədər gücünü üç əsas məqsədə yönəldir. Birinci məqsəd qardaşları Cahangir və Üveys tərəfindən idarə edilən, ona konfederasiyanın qışlaq əraziləri üzərində tam nəzarət verəcək, həmçinin Ağqoyunlular üzərində mütləq hakimiyyətini təmin edəcək Mardin və Diyarrəbiyəni ələ keçirmək idi. İkinci məqsəd ona fəsli köç marşrutunu və hakimiyyəti altında olan, mühüm əhəmiyyət kəsb edən ticarət mərkəzinin təhlükəsizliyini təmin etmək imkanı verəcək Əyyubilərin əlində olan kürd şəhəri Həsənkeyfin işğalı idi.[xxvii] Üçüncüsü, Uzun Həsən Qaraqoyunluları Ərməniyədən sıxışdıraraq bölgənin dağətəyi ərazilərindəki yaylaqlarda, həmçinin Təbrizi Bursa və Hələblə birləşdirən ticarət yolu üzərində hakimiyyətini möhkəmləndirmək ümidində idi.

Qoca Hacılı tayfasına olan etibarını bir daha nümayiş etdirərək[xxviii] tayfa başçısını Ruhada hərbi nümayəndəsi təyin edən Uzun Həsən ilk zərbəni Mardinə vurur. Lakin bu zərbə çıxılmaz vəziyyət yaradır və artıq əl-Zahir Çaxmaq və Cahanşah Qaraqoyunlu ilə danışıqlar zamanı diplomatik məharətini nümayiş etdirmiş anası Sarayın müdaxiləsi nəticəsində barışıq əldə edilməsi ilə bitir.[xxix] Cahangiri Mardində buraxan Uzun Həsən Diyarrəbiyyə və Kürdüstan sərhədində yerləşən Həsənkeyfin Əyyubi hökmdarı əl-Kamil Əhmədini tabe edir.[xxx] Bununla cinahının təhlükəsizliyini təmin edən Uzun Həsən şimal istiqamətə dönür və 1453/857-ci il hərbi əməliyyatının qalan hissəsini Ərməniyənin yaylaqlarında keçirir. Burada Uzun Həsənin əsas düşməni Qarasu və Araz çayları boyunca tikilmiş, Təbriz-Ərzincan magistralını qoruyan bir sıra istehkamlarda yerləşdirilmiş Qaraqoyunlu qarnizonunun komandiri Ərəbşah Ayinli idi. Uzun Həsən bir il əvvəl Qasım bin Qara Osman və Qılıc Aslan bin Əhmədə qarşı əməliyyatlarda onu dəstəkləmiş Pirəlilərin müşayiəti ilə Ərəbşahı Araz çayının aşağılarında Kağızmana qədər qovur. Qoşununun digər qolunu isə Van gölünün şimal sahilində yerləşən Qaraqoyunlu şəhərlərinin üzərinə göndərir. Geri dönərkən Avnik, Ərzurum, Bayburt və Ərzincan qalalarına da hücum edilir. Bu qələbələr haqqında məlumatlar iki məqsədlə, Uzun Həsənin beynəlxalq nüfuzunun artırılması və onun həm qardaşı Cahangir, həm də nominal hakimi Cahanşaha qarşı üsyanına daha qanuni rəng vermək məqsədi ilə ətraf bölgələrin siyasi rəhbərlərinə çatdırılır.[xxxi]

Hakimiyyəti Məmlük və Osmanlılar tərəfindən tanındıqdan sonra[xxxii] Uzun Həsən 1454/858-ci ildə Amiddən şimalda Qaraqoyunluları dəstəkləyən kürdlər və Ərzincanda yerləşən Qaraqoyunlu qarnizonu üzərinə hücuma keçir. Lakin şimaldakı əməliyyatlar 1453/857-ci ildə Uzun Həsənə sədaqət andı içmiş Həsənkeyfin hakimi əl-Kamil Əhmədlə Qaraqoyunluların dəstəklədikləri əl-Adil Xələf arasında Həsən-keyf uğrunda mübarizənin başlanması xəbəri ilə dayandırılır. İlk mərhələdə Həsən-keyf əməliyyatı hərbi cəhətdən Ağqoyunlular üçün uğurlu olmur[xxxiii], Uzun Həsən Ərəbşahın Ərzincanın cənub-şərqində Pirəli mülklərinə olan hücumunu dəf etmək üçün müvəqqəti geri çəkilməli olur. Qaraqoyunlu qüvvələri yenə də geri otuzdurulur, Uzun Həsən Həsənkeyfi əl-Adil Xələfdən geri alaraq əl-Kamil Əhmədi vəzifəsinə bərpa edir. Lakin bu qələbənin ömrü uzun olmur, 1455/ 859-cu ildə Xələf qala üzərində nəzarəti yenidən Əhmədin əlindən alır[xxxiv] və dərhal Uzun Həsənin hakimiyyətini tanıdığını bildirir. Bundan sonra Ağqoyunlular ilə Əyyubilər arasında Xələfin hakimiyyətinin sonuna, yəni 1462/866-cı ilə qədər sabitlik bərqərar olur. Xələfdən sonra Həsənkeyf Uzun Həsənin hakimiyyəti altına keçir.

1454-cü ilin yayında/858-ci ilin cəmadiyəlaxır-ramazan aylarında Uzun Həsən Həsənkeyfdən qoşununu Ərəb İraqının şimalına Qaraqoyunlu ərazilərinin içərilərinə doğru aparır. Mosul və Cabal-Sincar bölgələrinə yürüş edən Ağqoyunlular çoxlu sayda mal-qara ələ keçirirlər. Bu mal-qaranın bir hissəsi at almaq üçün Suriya düzlərindəki ərəblərə satılmış, digər hissəsi isə 1455/859-cu ildə bir sıra bayramlar qeyd edilərkən kəsilmişdir.[xxxv] Lakin bu hadisələrlə bağlı Ağqoyunluların əldə etdikləri dəstək Qaraqoyunluları dörd il dalbadal mühasirədə qalmış Ərzincandan çıxarmağa kifayət etmir.

Uzun Həsənin hörmət ediləcək gücə malik olduğunu anlayan Cahanşah Qaraqoyunlu onunla sülh danışıqlarına başlamaq qərarına gəlir. 1455-1456/860-cı ilin əvvəllərində hər iki tərəf bir-birinə səfirlər göndərsə də, razılaşma əldə etmək mümkün olmur. Uzun Həsənin hakimiyyətinin guya Cahanşah Qaraqoyunlu tərəfindən tanınması Mardindəki Cahangiri ciddi narahat etməyə başlayır. O, Cahanşahla Uzun Həsənin tabeçilik məsələsini müzakirə etmək məqsədi ilə şəxsən Qaraqoyunlu sarayına gedir. Qardaşının qərarından xəbər tutan Uzun Həsən bu addımın qardaşlıqlarına son qoyulması ilə nəticələnəcəyini bildirir və Qaraqoyunluların müdaxiləsi olmadan da aralarında müəyyən razılığa gəlməyin mümkünlüyünü qeyd edir. Qardaşlar arasında hansısa spesifik razılaşma haqqında məlumat yoxdur, lakin Uzun Həsənin vəziyyəti daha əlverişli olduğundan onun ən azından formal olaraq Cahangir ilə birgə sultanlığının qəbul edilməsini gözlədiyini ehtimal etmək olar. Cahangir Uzun Həsənlə danışmaq üçün anası Sarayı göndərir. Əvvəlki xəbərdarlığını təkrarlayan Uzun Həsən Cahangirdən oğlu Həmzəni girov verməsini, Ağqoyunlu sultanı titulundan əl çəkməsini və Mardindəki xanədanın həbsini tələb edir. İrəli sürdüyü ağır şərtlərə qardaşının cavabını gözləyən Uzun Həsən Cizrə şəhərini ələ keçirməklə Mardini daha da təcrid edir. Cahangirdən şərtlərinə gözlənildiyi kimi rədd cavabı alan Uzun Həsən və konfederasiya qüvvələri Mardin qarnizonuna hücum edərək Cahangirin qüvvələrini şəhərin içərisinə sıxışdırdılar. Saray yenidən Uzun Həsənin yanına göndərilir, Uzun Həsən yenə də Ağqoyunlu hökmdarlığından imtina tələb edir. Diyarmudara çəkilən Uzun Həsən düşünmək üçün qardaşına fürsət də verir. Əslində o, qardaşı ilə artıq qaçılmaz olan son toqquşma üçün əlavə qüvvələr toplayırdı. Uzun Həsənin topladığı konfederasiya hərbi gücünə qarşı Mardin qalasının nə dərəcədə alınmaz olduğunu götür-qoy edib, özünün nə qədər ümidsiz vəziyyətdə olduğunu anlayan Cahangir planından imtina edərək Mardini tərk edir, Əcəm İraqına, Qaraqoyunlu sarayına üz tutur.[xxxvi]

Həsənkeyfdən gələn hərbi hissələr və bəzi Zülqədər süvari dəstələri Ruhanın şimalındakı Ağziyarətdə düşərgə salmış Uzun Həsənə qoşulurlar. Bioqrafı Əbubəkr Tehrani-İsfahaninin sözlərinə görə, Uzun Həsən ilahi qüvvələrin ilk yardımını dərviş Tacəddin əl-Məczubin Baba Əbdülrəhman Şaminin meditasiyası vasitəsilə alır. Uzun Həsənin mühafizə dəstəsi döyüşçülərinin və konfederasiya tayfa başçılarının şərəfinə verdiyi qonaqlıqda Qaraqoyunlu sərkərdəsi Rüstəm İbn Tərxanın başçılığı altında Qaraqoyunluların mümkün hücumu ilə bağlı narahatlıq yaranır. Qəflətən qonaqların içərisində bir dərviş peyda olur, qonaqların bəzisini heyrətə gətirən dərviş onlara kiçik meyvə parçaları uzadır. Sərkərdələrin birinin qılıncından yapışan Baba Əbdülrəhman piyaləni qılıncla sındıraraq ərəbcə deyir: “Bu, İbn Tərxanın başıdır!” Bundan sonra o, bel kəmərini açaraq Uzun Həsənin bədəninə dolayır, qonaqlıqda iştirak edənlərin birinin fincanını götürərək deyir: “İçin və heç nədən qorxmayın, çünki hər bir şey sizin olacaq!”

Lakin Uzun Həsən və onun heyrətə gəlmiş qonaqları üçün bu falın əhəmiyyəti bir il sonra, Rüstəm məğlub edildikdən sonra bəlli olur. Uzun Həsənin cəlladının qarşısına gətirilən Qaraqoyunlu sərkərdəsi onun qılıncının nə qədər iti olduğunu soruşur və onu imtahan etmək üçün icazə istəyir. Qılıncın kənarının küt olduğunu görən sərkərdə başqa qılıncın gətirilməsini istəyir və Baba Əbdülrəhmanın Ağziyarətdə piyaləni qırdığı xəncəri seçir.[xxxvii]

Bu faciəli hekayə Tehrani-İsfahani tərəfindən hekayəsinin təsirini artırmaq məqsədi ilə nəql edilən ədəbi təsvirdən başqa bir şey deyildi. Sonralar bu hekayə müxtəlif formalarda Ağqoyunluların şəhərinə çevrilən Təbrizdə yayılmışdı və özünə daha ciddi diqqət tələb edir. Qəribə, şamanlara bənzər bir şəxsiyyət olan Baba Əbdülrəhman isə əslində Səlcuq işğallarından sonra Müsəlman dünyasının şəhər, əyalət və tayfaları ərazisində adi bir şeyə çevrilmiş xalq dininin bəzi elementlərini təcəssüm etdirirdi. Uzun Həsən də əvvəllər Teymurun etdiyi kimi öz hakimiyyəti dövründə xalq İslamının istər fərdi, istərsə də beynəlxalq aləmdə böyük nüfuz qazanmış sufi təriqətlərinin birinə aid bu cür nümayəndələrinə ehtiramla yanaşır, onların paytaxt şəhərinə və Ağqoyunluların mülkiyyətində olan vilayətlərinə nəzərəçarpacaq dərəcədə təsir etməsinə imkan yaradırdı.[xxxviii] Əslində sonralar o, qeyd edirdi ki,  

Biz sultanlığımızın günəşinin doğmasından xilafətimizin yaranmasının ilk işartılarına qədər arzularımızın uğurlu şərtləri dövrünün sübutu və bəyanı olan  gözəl taleyimizin mənəvi dayağını, hakimiyyətimizin əlamətləri və çiçəklənməsini üzümüzə açan zəfər və işğal qapılarının dərviş və onların güclü ehtiraslarının əzəmətli əməllərinin xeyirxah nəticəsi olduğunu anlamışdıq.[xxxix]

Dövrün müəmmalı dini xüsusiyyəti nə güman edilən Ağqoyunlu sünniliyinə,  nə də onların Qaraqoyunlu rəqiblərinin[xl] ehtimal edilən şiəliyinə məşhur xalq dini qardaşlıqlarını dəstəkləməyə mane olmurdu. Əslində Uzun Həsən həm “sünni” Kübrəviyə[xli], Xəlvətiyə[xlii] və Nəqşibəndiyə[xliii], həm də “şiə” Neymətullahiyə[xliv] və ilk növbədə də Səfəviyə təriqətləri ilə sıx münasibətlərə malik idi. Bununla əlaqədar qeyd etmək lazımdır ki, Ağqoyunlu imperiyasını sonunda darmadağın edən Səfəvi təriqətinin hərbi şiə qolunun başında duran Cüneyd Səfəvi deyilənə görə, məhz 1456/860-cı il, Ağziyarətdəki qonaqlığın təşkil olunduğu il Uzun Həsəndən xeyir-dua almışdı.[xlv] Uzun Həsənin sufilərlə əlaqəsi onun həm həqiqətən bu müqəddəs insanlara hörmət etməsinin, həm də cəmiyyətin Bayandur tayfasının Uzun Həsənilər xanədanı ilə qohumluq əlaqəsinə malik olmayan və ya şəxsi sədaqəti ilə ona bağlı olmayan hissəsinə müraciət edərək siyasi əhatəsini genişləndirmək cəhdinə işarə idi. Bu nöqteyi-nəzərdən yanaşdıqda Uzun Həsənin Baba Əbdülrəhman ilə təsadüfi görüşünün, kəmər və piyalə ilə bağlı mərasimin onun xalq İslamını dəstəkləyənlərdən olduğunu və beləliklə də yeni dini idelogiyanın yaradılması istiqamətində ilk addımlar atdığını söyləmək imkanı verir.

Bununla yanaşı Cahanşah hökumətinin yüksək rütbəli məmurlarının Uzun Həsənlə razılıq əldə etmək üçün onun düşərgəsinə gəlməsinə baxmayaraq Ağqoyunlularla Qaraqoyunlular arasındakı münasibətlər getdikcə pisləşirdi. Müqaviləyə riayət olunacağına razılıq verməsinə baxmayaraq, Uzun Həsən hakimlərinə qalalarını Qaraqoyunlu hücumlarına hazırlıqlı vəziyyətə gətirmək əmri verir. Onun şübhələri əsassız deyildi, Mardin qarnizonu şübhəsiz ki, Cahangirdən gələn əmrlərlə bütün əyalət boyu əməliyyatlar aparır və hücumlar təşkil edirdi. Növbəti münaqişə də Sarayın vasitəsilə yatızdırılır, lakin bu dəfə sülhə yalnız Cahangirin Əcəm İraqında Cahanşahın sarayında qalması və bir daha heç bir zaman Diyarbəkirə dönməməsi şərti daxil edilmişdi. Çox güman ki, heç bir zaman Uzun Həsənlə bağladığı müqaviləyə riayət etməyi düşünməyən Cahanşah Cahangirin Ağqoyunlu hökmdarı olması haqqında fərman verir və Ərzincanı onun paytaxtı elan edir. 1401-ci/803-cü ildə Teymurun, 1435/839-cu ildə isə oğlu Şahruxun Ağqoyunlu mülkləri ilə bağlı verdiyi fərmana çox oxşayan bu fərman 1456/860-cı il üçün Cahanşah Qaraqoyunlunun özünü Mərkəzi İslam torpaqlarında Teymurilərin həqiqi varisi kimi qiymətləndirməsinə bir işarə idi.[xlvi]

1457-ci ilin yazında/861-ci ilin rəbiülaxır-rəcəb aylarında Qaraqoyunlu qüvvələri Cahangiri Ərəbşah Ayinlinin başçılığı altında Ərzincana yola salır.  Lakin 1453/857-ci ildə olduğu kimi Ərəbşah yenə də Uzun Həsənin gəldiyini eşidən kimi  Cahangiri şəxsi mühafizə dəstəsinin ümidinə qoyaraq qaçır. Oğlu Muradı Ərzincana yerləşdirən Cahangir Mardindəki qalasına yollanaraq oradan qardaşı Üveysi Ərəbşahın davranışından şikayət etmək və yeni qüvvələr tələb etmək məqsədi ilə Cahanşahın yanına göndərir. Bu dəfə Cahanşah Cahangirə Rüstəm İbn Tərxan və Əli Şəkər Baharlının başçılığı altında sürətlə hərəkət edən daha böyük bir qüvvə göndərir. Cahangir və onun türk və kürd müttəfiqləri ilə Mardində görüşən Rüstəm birləşmiş qüvvələri şimal-qərbə, Amid istiqamətinə yönəldir.

İki ordunun başçısı arasında baş verən bir neçə toqquşmadan sonra may/cəmadiyəlaxır ayında Dəclə üzərində Amidin şərqində onlar arasında həlledici döyüş başlayır.[xlvii] Bəzi Bayandur qohumlarının və Bayat konfederasiyasının bir qolunun xəyanəti nəticəsində zəifləməsinə baxmayaraq Uzun Həsən Əfşar, Əmirli, Heydərli, Mosullu, Purnak və Qoca Hacılı tayfalarının tam dəstəyi ilə döyüşə girir. Sayca üstün olan və yaxşı silahlanmış Qaraqoyunlular və Cahangir əvvəl döyüşdə üstünlük əldə edir. Lakin qəflətən uğur onlardan üzr döndərir, Mardinli Davidin sözlərinə görə,[xlviii] Cahangirin qorxaqlığı və onun cinahında yayılan qorxu hissi Cahangir və Qaraqoyunlu müttəfiqlərinin döyüş meydanından qaçmasına səbəb olur. Cahangir Mardinə qaçdı, lakin onun həmkarlarının bəxti gətirmədi, Rüstəm İbn Tərxan və Əli Şəkər əsir götürülmüş Qaraqoyunlular arasında idilər. Ağqoyunlular çoxlu sayda döyüş sursatı da ələ keçirmişdilər. Köhnə düşməni Rüstəmi bir neçə yüz hərbi başçısı ilə birgə edam etdirən Uzun Həsən çoxlu sayda məşhur sərkərdələri də əsir götürür. Qələbə haqqında xəbər Məmlük və Osmanlılara göndərilir. Bu xəbər əl-Əşrəf İnalı (1453-1461/857-865) xoşbəxt edir və o, öz təbriklərini göndərir[xlix], Fateh Mehmetin cavabı isə mənbələr tərəfindən qeydə alınmayıb.[l]

Dəclə üzərindəki qələbə Uzun Həsənin ən möhtəşəm zəfərlərindən idi, əslində bu döyüş Uzun Həsənin nə zamansa qalib gəldiyi ən ağır döyüşü idi. Bu döyüşün ən böyük əhəmiyyəti Cahangirin bir lider kimi tamamilə nüfuzdan düşməsi və hakimiyyətin otuz iki yaşlı kiçik qardaşı Uzun Həsənə keçməsindən ibarət idi. İndi Uzun Həsən yeganə Ağqoyunlu hökmdarı idi. Uzun Həsənin xidmətində olmayan hakim tayfanın və konfederasiyanın üzvləri ailələrini və var-dövlətlərini toplayaraq Mardində olan Cahangiri tərk etdilər. Qalanın özünü beş dəfə mühasirəyə aldılar, Saray yenidən böyük oğlu üçün mərhəmət dilədi. Cahangirə Mardində qalmağa icazə verildi, lakin onu Ağqoyunlu sultanlığına olan bütün iddialardan əl çəkməyə və oğlu Əlixanı Uzun Həsənin Amiddəki sarayına göndərməyə məcbur etdilər.[li]

Dəclə üzərindəki döyüş eyni zamanda Böyük vətəndaş müharibəsinin dördüncü, sonuncu mərhələsinin bitməsi demək idi. İyirmi ildən də çox davam etmiş bu çətin sınaq nəhayət ki, Bayandur hakim tayfası içərisindən Qara Osmanın varisinin seçilməsi ilə nəticələndi.


İstinadlar və qeydlər


[i] Mühüm əhəmiyyət kəsb edən səkkiz illik dövrün hadisələri əsas təsviri mənbə olan DİYAR, 169-213-də, qırıq-qırıq şəkildə 1446-1450/850-854-cü illəri əhatə etməklə əks olunub. Bu dövrün mühüm daxili hadisələri KOLOFONLAR, xüsusilə də 221-224-cü səhifədəki məlumatlar əsasında bərpa edilir. Əsasən Ağqoyunluların xarici siyasətini əks etdirən NUCUMHAVADİSTİBR  Məmlük salnamələrində daxili proseslər haqqında bəzi məlumatlar mövcuddur.

[ii]QİYASİ A:18, B:276-277; LUBB 214 məlumatlarına görə, İspənd 1445-ci il martın 8-də/848-ci il zilqədə ayının 28-də dünyasını dəyişir.

[iii]Şeyx Həsənin qardaşı və atasının ənənəvi xristian yönlü siyasətindən imtina etməsi haqqında bax: KOLOFONLAR 206-207.

[iv] Yazışmalarla bağlı bax: FERİDUN 1:227-228. II Mehmetin 1444-cü il iyunun ortalarında/848-ci il səfər ayının sonunda Qılıc Aslana ünvanladığı məktubun başlığında o, “Ərzincanın hakimi” adlandırılır. Lakin Qılıc Aslan Ərzincanı 1450-ci ildən 1452-ci ilə qədər/854-cü ildən 856-cı ilə qədər Qaraqoyunluların oyuncaq hakimi olaraq idarə etmişdi. Bundan əvvəl isə o, Palunun hakimi idi. Yazını köçürən təkcə tarixi səhv salmamış, ola bilsin ki, başlığı da özü əlavə etmiş və beləliklə də tədqiqatçıların qarşısına cavabı olmayan bir sual qoymuşdu.

[v] Məsələn, HAVADİS, 46 və TİBR  262-də, 1449-cu ilin yazında/853-cü ilin əvvəlində Hələbdə Ağqoyunlu qorxusunun yayılması haqqında məlumat var.  

[vi] QİYASİ A:20, 21, 31, B: 281-282, 284, 304-305. Mühasirə 1445-ci il dekabrın 12-dən 1446-cı il iyunun 10-a qədər/849-cu il ramazan ayının 21-dən 850-ci il rəbiüləvvəl ayının 15-ə qədər davam etmişdi.

[vii] DİYAR 178/ƏHSƏN A:270, Cahangirin Cahanşahın təklifini rədd etdiyi və bunun Ağqoyunlu ilə Qaraqoyunlu arasında münaqişəyə səbəb olduğu haqqında yazır. Lakin Cahanşahın 1451/855-ci ildə (HAVADİS 103; TİBR 345) əl-Zahir Çaxmağa yazdığı məktubda Qaraqoyunluların Ərməniyə və Diyarbəkiri işğal etmələrinin səbəbi kimi Cahangirin əhaliyə zülm etməsi və Məmlük sultanına (olduğu kimi) düşmən münasibəti göstərilir.

[viii] KOLOFONLAR 216-217; DİYAR 179, 204-205/ƏHSƏN A: 270-271. Əl-Zahir Çaxmaq Cahanşahın Cahangir üzərinə hücum etmək niyyətindən 1450-ci ilin iyununda/854-cü il cəmadiyəlaxır ayında xəbər tutur, lakin Ərzincanın təslim olması xəbəri Məmlüklərin paytaxtına oktyabr/ramazan ayına qədər çatmamışdı (HAVADİS 94-95).

[ix] Rüstəm Mardin üzərinə hücuma 1450-ci il noyabrın 29-da/854-cü il şəvval ayının 23-də başlayır və beş gün sonra əhali şəhər darvazalarını onun üzünə açır (hadisələrin şahidi olmuş erməni keşişin KOLOFONLARda 221, olan məlumatına bax). Mardinin mühasirəyə alınması və qalanın müqavimət göstərməyə davam etməsi xəbərini Qahirəyə çapar yalnız 1451-ci ilin yanvarında/854-cü ilin zilqədə ayında çatdıra bilir (HAVADİS 98-99). Üveys Ruhaya əmisi Şeyx Həsən tərəfindən ola bilsin ki, 1451-ci ilin əvvəlində/855-ci ildə təyin edilmişdi.

[x] NUCUM 7:21.

[xi] Hamanın hakimi Bayqut əl-Müəyyədinin qiyamı üçün bax: NUCUM 7:188, 214-215, 570-571; HAVADİS 83, 356-357; DAV 3:23-24.

[xii] HAVADİS 79-80, 93

[xiii] HAVADİS 95; TİBR 323.

[xiv] HAVADİS 99; DAV 3:81. 1451-ci ilin əvvəlində/855-ci ildə Cahangirin kiçik oğlu atasının sədaqətini çatdırmaq və girov olaraq qalmaq üçün Qahirəyə gəlir. Onu ehtiramla qarşılayır və Tripolidə onluğun başına qoyurlar (HAVADİS 102; TİBR 344).

[xv] Xəyanətkarların edam edilməsi Qara Osmanın yasağında qeyd edilir “…ve daha eyitmiş ki, hain və suçlu kişiyi elbette yasağa yetürmək gerek ki daha kimsine hiyanet ve ağırlık və haramilik etmiyeler” (bənd 20, YAZICIOĞLU A:f.16a).

[xvi] Uzun Həsənin Ruha mühasirəsini yarması xəbəri Qahirəyə 1451-ci il aprelin əvvəlində/855-ci il rəbiüləvvəl ayında çatır (HAVADİS 104, TİBR 345, İYAS 2:290). DİYAR, 184, yazır ki, Şeyx Həsənin başı Qahirəyə göndərilir, lakin Məmlük salnamələri onun paytaxta çatması haqqında xəbərə malik deyillər.

[xvii] Cahangirin 1451-ci il mayın 23-də/855-ci il rəbiülaxır ayının 21-də Mardini azad etməsi cəhdinin qarşısı şəhər əhalisi tərəfindən alınır. Onlar şəhər darvazalarını açmaqdan imtina edirlər. Bir həftə sonra, iyunun1-də/cəmadiyələvvəl ayının 1-də  Amidin kənarında böyük döyüş başlayır (KOLOFONLAR 222). DİYARda Cahangirin hərbi səriştəsizliyi 1452/856-cı ildə Uzun Həsənin qiyamına haqq qazandırılması üçün istifadə olunur. Bir əsr əvvəl Əhməd bin Qutlunun uğursuzluğu da Qara Osmanın qiyamının qanuniləşdirilməsi üçün əsas olmuşdu.

[xviii] TEVHİD nöm.1045-1064b, 510-511.

[xix] KOLOFONLAR 222, yanlış olaraq iddia edirlər ki, Rüstəm Çermik əməliyyatı zamanı öldürülmüşdü. Lakin bax:  KOLOFONLAR 223.

[xx]1452-ci ilin yanvarında/855-ci ilin zilhiccə ayında Xorasanın hökmdarı Şahruxi Əbu əl-Qasim Babur bin Baysunqur Əcəm İraqı, Fars və Xuzistanın sahibi olan (MATLA 1032) qardaşı Sultan Məhəmmədi məğlubiyyətə uğradaraq öldürür. 1452-ci il sentyabrın sonunda/856-cı il ramazan ayının ortalarında bu vilayətlərin Qaraqoyunlular tərəfindən işğalı Pirbudaq bin Cahanşahın Farsın paytaxtı Şiraza daxil olması ilə tamamlanır (MATLA 1038-1039, 1044; QİYASİ A:33, B:307; DİYAR 326-328).

[xxi]Amid müqaviləsinin tarixi ilə bağlı Mardinli Davidin KOLOFONLARdakı, 222, yazısına bax. Müqavilənin şərtləri haqqında HAVADİS 127 və ƏHSƏN A:322-də yazılıb.

[xxii] Uzun Həsənin qiyam dövrü haqqında əsas mənbə DİYARdır, 214-280.

[xxiii] DİYAR 222-223.

[xxiv] DİYAR 224-225.

[xxv]Artıq qeyd edildiyi kimi, Turəlilərin hakimiyyəti dövründə Qılıc Aslanın atası Əhmədin şəxsi mülkü olan Palu 1459/863-cü ildə Uzun Həsən tərəfindən geri qaytarılır. KOLOFONLAR, 263, yazır ki, Həsənəli atası Cahanşaha qarşı 1458/862-ci ildə qiyam qaldırarkən Qılıc Aslanı Təbrizdəki həbsxanadan azad edir. Van şəhəri üzərinə uğursuz hücumdan sonra Qılıc Aslanın adına mənbələrdə bir daha rast gəlinmir.

[xxvi]Uzun Həsənin 1452 (Yınanc 1940:259) və ya 1453-cü ildə (Hinz 1936:34-35, 131-132) Amidi işğal etməsini indi KOLOFONLARda 1451-1457/854-862-ci il hadisələrinin şahidi olmuş yuxarıda tez-tez istinad edilən Mardinli Davidin (KOLOFONLAR  221-224) qeyd edilən məlumatı əsasında dəqiqləşdirmək mümkündür. Təəssüf ki, DİYARda Uzun Həsənin qiyamı ilə bağlı tarixlər dəqiqləşdirilməyib, Hinz isə iddia edir ki, Uzun Həsən Amidi Mehmet Fatehin İstanbulu işğal etdiyi il ələ keçirib. Poetik cəhətdən münasib olan bu məlumat CAMİnin, 633b, XVII/XI əsr kompilyativ əsərinə əsaslanır. Cami öz növbəsində bu məlumatı DİYARın  yanlış xronoloji təhlili nəticəsində əldə edib. Həmin dövrün Məmlük salnaməsi HAVADİS,137, isə  yazır ki, Cahangir Amidi 1452-ci il yanvarın 23-1453-cü il yanvarın11-də/856-cı ildə itirib və Uzun Həsəni tanıyan da əl-Zahir Çaxmaq olub (əl-Zahir Çaxmaq  1453-cü il fevralın 12-də/857-ci il məhərrəm ayının 21-də oğlu əl-Mənsur Osmanın xeyrinə taxtdan imtina edib). Bir qədər sonrakı dövrə aid olan TİBRdə, 423, Uzun Həsən 1453-cü ilin əvvəlində/857-ci ildə Amidin hakimi kimi qeyd olunub. David Cahangirin 1452-ci il sentyabrın 20-də/856-cı il ramazan ayının 6-da qardaşı Amidi aldıqdan sonra Mardinə gəldiyini təsdiqləyir, bu məlumatı HAVADİS də təsdiqləyir və qeyd edir ki, Uzun Həsən 1452/856-cı ildə Amidi işğal etmişdi.

[xxvii]Həsənkeyfin XV-XVI əsrin əvvəllərində/:IX-X əsrlərdə ticari əhəmiyyəti haqqında bax: BARBARO A:529, B:49; GİSTELE 268;  ROMANO A:432, B:151-155.

[xxviii] Növbəti il Uzun Həsən Amidi Əbubəkrə təhvil verərək gedir. Əbubəkrin hansı tayfadan olması qeyd olunmur, ola bilər ki, o, Bəkr Bəy Mosullu, məşhur Əmir Ömər Bəy Mosullunun (DİYAR 232) qardaşı idi.

[xxix]Bu məlumatla bağlı müqayisə et: KOLOFONLAR 222 və DİYAR 235.

[xxx]TKS E.3143 1452-ci ildən 1456-cı ilə qədər/856-cı ildən 859-cu ilə qədər Həsənkeyfin hakimi olmuş əl-Kamil Əhmədin ola bilsin ki, Məmlük sultanı əl-Zahir Çaxmaq və ya əl-Əşrəf İnala ərəb dilində yazdığı məktubdur. Əhməd Uzun Həsənin hücumundan sonra yaranmış siyasi xaosu və dağıntıları təsvir edir, sülh və təhlükəsizliyi təmin etmək üçün Məmlükləri müdaxilə etməyə çağırır.

[xxxi]Orta əsrlər dövründə İslam dünyasında beynəlxalq təbliğat məqsədi ilə fəthnamələrdən istifadə edilməsi haqqında bax: HME 192-196.

[xxxii] Bu səfirliklər haqqında məlumat yalnız DİYARda, 239, mövcuddur.

[xxxiii]ANONİM SURİYA, xli-xlii yazır ki, Uzun Həsən məğlub edilir və mühasirəni buraxmağa məcbur olur. DİYAR, 241, isə iddia edir ki, Qaraqoyunluların şimaldan gələn təhdidlərinə cavab vermək üçün mühasirədən imtina edilir, lakin Xələf təzminat ödəməyə məcbur olur.

[xxxiv] DİYAR 247; ANONİM SURİYA xlii.

[xxxv]Kitabi Dədə Qorqudda Bayandur xanın toyu kimi xatırlanan şənlik Uzun Həsənin üç oğlunun, Sultan Xəlil (1442/845-ci ildə Uzun Həsənin böyük xanımı, Kor Məhəmməd bin Qara Osmanın qızı Səlcuqşahdan dünyaya gələn), Uğurlu Məhəmməd (səkkiz ay sonra Egilin Bulduqani kürd hakimi Dövlətşah Bəyin qızından dünyaya gələn), Zeynalın (1448/852-ci ildə Tərcilin Zraqi kürd hakimi Ömər Bəyin qızından dünyaya gələn) sünnət toyu və qardaşı İsgəndər bin Əlinin toy məclisidir.

[xxxvi] Bu danışıqlarla bağlı bax: KOLOFONLAR 222 və DİYAR 250-253.

[xxxvii]Ağziyarətdən sonra Uzun Həsənə qoşulan Baba Əbdülrəhman Uzun Həsənin təkcə 1457/861-ci ildə Rüstəm İbn Tərxan və Cahangir üzərində qələbəsindən deyil, həmçinin məşhur qılıncla Həsənkeyfli əl-Adil Xələfin öldürülməsi (DİYAR 393-394; RAVZAT 1:471-472), Ağqoyunluların 1467/872-ci ildə Cahanşahı (DİYAR 416), 1469/873-cü ildə isə Teymuri Sultan Əbu Səidi (DİYAR 476, 485; RAVZAT 1:470) məğlubiyyətə uğradacağından da xəbər vermişdi. Heç bir təriqətə qoşulmayan “müstəqil” (məczub) dərviş Baba Əbdülrəhman Şami Uzun Həsənin oğlu Yaqubun hakimiyyəti dövründə ölür və Təbrizdə dəfn olunur (RAVZAT 1:472). Mardindəki ocağında bax: TİEM 2200; MARDİN 119, 121; SÖZƏN 114. DİYARda bu hadisə ilə bağlı iki qeyd var: DİYAR 253-254, 280/RAVZAT 1:471/ƏHSƏN A:385/CAMİ 634a və bir qədər fərqli formada BARBARO A:573-574, B:96-97.Teymurun həyatındakı oxşar hadisə ilə bağlı bax: ŞAMİ 57, YƏZDİ 1:228.

[xxxviii]ƏMİNİ 266-267: “..an həzrət (Uzun Həsən) çu nan ke şima-ye karima-ye işan bud ke payvəstə əz quşa neşinan çeşm-e nəzəri mi daştənd və sər-i  bi sət-u-payan ra bi avji tazim bər mi əfrastənd hər məjzub-i ra mahbubi bər mi quzidənd  və hər şuri dai ra nur-i dida-i mi didənd. Həmçinin bax: Hinz 1936 121-122.

[xxxix] Uzun Həsənin 1471/876-cı ildə Baba Əbdülrəhmanın təyinatı ilə bağlı (4-6 sətir) (TİEM 2200): “…əz mabda-i tulu-yi subh-i səltənət və mənşə-ye zuhur-i amarat-i xilafat abvab-i fəth və firuzi ke bər çe ra-yi dövlət-i ma quşada  şodə və ayat-i nusrat  və behruzi  ke bər safahət-i əhval-i fərxəndə amal-i ma  zahir və bahir qaşta əz mayamin-i himam-i aliya-yi dərvişhan və mahasin-i niham-i saniyə-yi işandanistaim..”.

[xl] Qaraqoyunluların şiəliyi haqqında bax: Minorski 1954 və Mazzaouri  1972:63-66. Məmlüklərin onları kafir (kuffər) kimi qəbul etməsi haqqında bax: NUCUM 6:415, 475, 637, 835, 855, 7:815; HAVADİS 524, 591-593.

[xli]Bu təriqətin Təbrizdəki Lalaiyə qolu və onun banisi Bədrəddin Əhməd haqqında daha ətraflı məlumat üçün bax: RAVZAT  2:109-206.

[xlii] ŞAQAİQ 264-265; RAVZAT 1:472-478; xüsusilə də GÜLŞƏNİ  20ff.

[xliii] Bax: RAVZAT 1:89-105, 416-418.

[xliv] MUFİDİ  1:52-53; Aubin  1956:211-212.

[xlv] Hinz 1936:31-32, 36-37 əsasən ƏHSƏNə A:407-409 əsaslanır. Lakin DİYAR Cüneydin fəaliyyəti ilə bağlı Hinzin fikirlərini təsdiqləmir. Əslində Tehrani-İsfahaninin bioqrafiyasında Uzun Həsənin sürgündə olan Səfəvi təriqətinin rəhbəri ilə münasibəti haqqında heç bir məlumat yoxdur. Lakin DİYAR, 251, Cüneydin əmisi və Ərdəbildə hökumətə nəzarət edən Səfəviyə təriqətinin başçısı Şeyx əl-islami əzəm olan Şeyx Cəfərin adını çəkir. Onun Cahanşahın təhriki ilə Cüneydi 1448/851-852-ci ildə Ərdəbildən qovan Cəfər olması şübhəsizdir.

[xlvi] Bu münasibət Cahanşahın 1456-cı ilin noyabrında/860-cı ilin zilhiccə ayında Məmlük sultanı əl-Əşrəf İnala göndərdiyi məktubun ruhundan da aydın olur. Cahanşah məktubunda sultanı diplomatik münasibətlər qura bilməməkdə günahlandırır və Uzun Həsəndən şikayət edir.  Əl-Əşrəf İnal cavabında gələcəkdə Məmlük-Qaraqoyunlu münasibətlərinin qurulması qaydalarının müəyyənləşdirir, Uzun Həsənin onun nümayəndəsi və onun davranışının isə Məmlüklərin daxili məsələsi olduğunu bildirir. (HAVADİS 279-280).

[xlvii]Dəclə üzərindəki döyüşün dəqiq tarixi məlum deyil, lakin Tağribirdi yazır ki, Rüstəmin məğlub olması xəbəri Qahirəyə 1457-ci il iyunun 11-də/861-ci il rəcəb ayının 18-də çatmışdı (NUCUM 7:485-486, həmçinin bax: İYAS 2:340). Döyüş haqqında məlumat üçün bax: DİYAR 263-281/ƏHSƏN A: 356-359; KOLOFONLAR  223-224; QİYASİ A:51, B:377; ASNAD A:716-717 (Uzun Həsənin II Fateh Mehmetə fəthnaməsi).

[xlviii]KOLOFONLAR 223-224. Lakin QİYASİ, A:51, B:377, yazır ki, döyüş zamanı Cahangir Qaraqoyunlulara üz çevirir və Uzun Həsənin qoşunlarına birləşir.

[xlix]HAVADİS 302. Uzun Həsənin elçisi də Qaraqoyunlulardan alınma hədiyyəlik silahları əl-Əşrəf İnala təqdim etmişdi.

[l]Fəthnaməsində (ASNAD A:716-717) Uzun Həsən Fateh Mehmetə uzun-uzadı ehtiramlarını bildirir, özünü də Fatehin məmlükü adlandırır.

[li]Cahangir də Cahanşaha sədaqət andından imtina edir və Qaraqoyunlularla münaqişədə qardaşı Uzun Həsənə qoşulur. Məsələn, 1467/872-ci ildə Cahangir hələ də Mardinin Məmlüklər tərəfindən təyin olunmuş hakimi idi (HAVADİS  564). Cahangir 1469-1471 /874-875-ci illər arasında əlli yaşında (1417-1418/820-ci ildə anadan olub; DAV 3:80) çox güman ki, 1469/873-874-cü ildə (KOLOFONLAR 297) Mardində yayılmış vəba xəstəliyindən dünyasını dəyişir. Onun Mardindəki türbəsi ilə bağlı bax: QABRİYEL 1:38-39; MARDİN 120-121; SÖZƏN 134-135.

Birinci hissəyə keçid:

İkinci fəslin birinci hissəsi:
İkinci fəslin ikinci hissəsi
Üçüncü fəslin birinci hissəsi
Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.