fbpx

TƏRCÜMƏ

TƏRCÜMƏ

Dövlət və fərd

Read this article on other language
Download article
image_pdf
image_pdf

Əhməd bəy Ağaoğlu (1869-1939) Azərbaycan və Türkiyənin böyük dövlət xadimlərindən olub. Fəaliyyətində əsasən liberal fikirlərə üstünlük vermiş və bu mövzuda düşüncələrini yazmaqdan geri durmamışdır. Məhz buna görə 1930-cu ildə Mustafa Kamal Atatürkün çoxpartiyalı sistemə keçid təcrübəsində Sərbəst Fırkanın yaradılmasında iştirak etmişdir. Türkiyə Cümhuriyyətinin Konstitusiyasının hazırlanmasında da Ağaoğlunun rolu olmuş, Atatürkə həyata keçirdiyi inqilabi islahatlar mövzusunda məsləhətçilik etmişdir.

Lakin 1930-cu illərdə Türkiyə Cümhuriyyətində müəyyən avtoritar meyillər artmaqda idi. Bu meyilləri müdafiə edən nəşrlərdən biri 1932-35-ci illərdə 36 nömrəsi nəşr edilmiş Kadro adlı jurnal idi. Jurnalın yaradıcıları Yakub Kadri Karaosmanoğlu, Şevkət Sürəyya Aydəmir, Vedat Nedim Tör, Burhan Asaf Belge və d. idi. Əksəriyyəti marksist və ya keçmişdə marksist yönümlü olan bu şəxslər Kamalizmi dəyişdirməkdə günahlandırıldılar və Yakub Kadrinin Albaniyaya səfir təyin edilməsi ilə jurnalın nəşri dayandırıldı.

Jurnalın müəlliflərindən olan Aydəmirlə Ağaoğlu arasında bir sıra polemikalar yaşandığı zaman Aydəmir jurnalda dərc etdirdiyi yazılardan ibarət 1932-ci ildə İnqilab və Kadro adlı kitab nəşr etdirir. Bu kitaba cavab olaraq Ağaoğlu Cümhuriyyət qəzetində məqalələrlə çıxış edir. Həmin qəzetdə Ağaoğluna cavab olaraq Karaosmanoğlu və Aydəmirin yazıları və həmin yazılara da Ağaoğlunun cavabları yayımlanır. 1933-cü ildə Ağaoğlu bu yazıları Dövlət və Fərd adlı kitabında türk dilində nəşr etdirir. Kitabda Ağaoğlu jurnalın əməkdaşlarını kadrocular adlandırır.

Müasir dilimizə uyğunlaşdırdığımız bu kitabda kitabın 1933-cü ildəki nəşrindən istifadə olunub. Əhməd bəyin üslubunu qorumağa çalışmaqla, əlavə olaraq, yazıda adını çəkdiyi şəxslər haqqında kiçik məlumatlar da vermişik. Mətndə adi mötərizədə – məsələn, (xxx) kimi yazılan hissələr orijinaldır. Lakin kvadrat mötərizədə – məsələn, [xxx] kimi yazılan hissələr isə bizə aiddir. Dövlət və Fərd kitabında müəllif fərdi azadlığın əhəmiyyəti barədə düşüncələrini tarixi perspektivdə və sadə dillə izah edir. Günümüzdə ölkəmizdə də dövlətçilik düşüncəsinin ictimai fikirdə geniş yer tutduğunu nəzərə alaraq Ağaoğlunun bu kitabının yeni perspektiv açacağını gözləyirik.

Samir İsayev

5-ci hissə

Yakub Kadri bəyə

Yakub Kadri[1] bəy nəyə görə bu münaqişəyə qarışdı?

O, seçilən bir üslubçu və olduqca uğurlu olmuş bir yazıçıdır. Bu qədər geniş bir sahə ona kifayət etmirmi? Niyə bir də çətin və zehin yorucu işləri öz üzərinə götürür? Zatən onun şübhəçi təbiəti bu kimi münaqişələrə uyğundurmu?

Bununla belə onu təhrik edən hissi təqdir edirəm: Köhnə dostuna qarşı yeni yoldaşının yardımına qaçır. Bu hərəkət onun qəlbinin ucalığını göstərir. Fəqət nə çarə ki burada üslub gücü və xəyal genişliyi fayda verməz. Burasını da özü anlamalıydı. Cavab verimmi, verməyimmi deyə düşündüm. Gördüm ki, bütünlüklə cavabsız qoysam, dostuma qarşı nəzakətsizlik olar.

Yakub Kadri bəy birinci məqaləsində əvvəlcə məndən iki sual soruşur. Birincisi budur: “Atəş altına aldığınız manqanın içində mənim də olduğumu görmədinizmi? Bizi bir heçmi zənn etdiniz?”

Necə olar dostum, sizi görməmək məqbuldurmu? Gördüm və heyrət etdim. Sizin kimi skeptik bir şəxs bu manqada nə edir deyə özümdən soruşdum.

“Yazıçıdır, müşahidə aparır” deyə özümə təsəlli verdim.

İkinci sual da budur: “Kadro” məcmuəsi sahibi Yakub Kadri bəylə “İnqilab və Kadro” kitabının müəllifi Şevkət Sürəyya bəyi niyə qarışdırırsınız?

Fəqət bu sualın cavabını özü verir. Çünki Yakub Kadri bəy özü Şevkət Sürəyya bəyin “Kadro” məcmuəsinin təsisçilərindən və yazarlarından  olduğunu bildirir. Bununla bərabər Şevkət Sürəyya bəyin manqanın fikir lideri olduğunu da qəbul edir. O halda təsisçi və lider olan bir şəxsə sahib demək yanlışdırmı?

Əgər bu izahat əziz dostumuzu qane etmir və özünün Şevkət Sürəyya bəylə qarışdırıldığının ağır bir günah olduğu üzərində israr edirsə, günahımızı etiraf etməklə zövq duyarıq.

İndi keçirəm Yakub Kadri bəyin məni tənqidlərinə. Üç uzun məqaləsini diqqətlə oxudum. Fəqət bütün diqqətimə rəğmən münaqişə mövzusu ilə əlaqədar yeni heç bir şey tapa bilmədiyimi təəssüf ki, etiraf etmək məcburiyyətindəyəm. “İnqilab və Kadro” müəllifinin qafiyələrini “Kadro” sahibi eynilə almış, öz sözlərilə təkrar etmişdir. Yenə eyni Ağaoğlunun yaşlılığı, yenə ona aid edilən XVIII və XIX əsrin köhnəlmiş və geridə qalmış fikirləri, yenə Aristoteldən qalma məntiq, yenə açıq şəkildə ifadə olunmayan və mistik pərdələr altında gizlənən postmüharibə cərəyanları, yenə Avropanın yıxılmaq ərəfəsində olduğu iddiası, xülasə, bir ay yarımdan bəri təkrarlana-təkrarlana hər kəsi bezdirmiş, dəlilsiz, sübutsuz, izahsız və mövzumuzla əsla əlaqədar olmayan, yalnız söz qələbəliyindən ibarət olan tezislər.

Bu kimi tezislər üzərində durmaqdan mənə də bezginlik gəldi. Yakub Kadri bəy bağışlasın, bu məsələlərdə onu təqib etməyəcəm. Yalnız dostluğuna güvənərək əlavə edəcəyəm ki, yuxarıda dediyim kimi bu sahədə üslub və xəyal gücü fayda vermədiyindən bu tezislər onun skeptik ağzında necə deyim, islanmış bir vəziyyətə düşmüşdür.

Yakub Kadri bəy mənə xitabən belə bir lütfkar istehza edir: “Ağaoğlu Əhməd bəy, icazə verərsinizmi ki, bizdə də öz miqyasımız, öz həqiqətlərimiz, milli tariximizin öz inkişafı daxilində, özünə görə bir görüş, özünə görə bir düşüncə, özünə görə bir hədəfi olan bir Türk gəncliyi formalaşsın.”

Yakub Kadri bəy, bəndənizə verdiyiniz qiymətə görə təşəkkür edirəm. Fəqət onu qəbul edə bilmərəm. Mən kiməm ki, Türk gəncliyinə hər hansı bir şeyi icazə verim və ya icazə verməyim. Bundan başqa, mənə elə gəlir ki, nə sizin, nə də mənim Türk gəncliyi adına söz söyləmək haqqımız var. Buraxaq, gənclik öz sözünü özü söyləsin. Bir də məndən və yaxud hər hansı bir kimsədən hər hansı bir təşəbbüs haqqında icazə istəyən gəncliyi də anlamıram. Təkrar edirəm: mən və yaxud siz kim oluruq? Var olmaq istəyən gənclik nə məndən, nə də sizdən icazə istəyər, ikimizin də üstündən atlanar və təşəkkül edər!

Fəqət inqilabın ideologiyasını yaratmaq və yeni nəsli arxasınca aparmaq iddiasında olan hər hansı bir adamdan hesab sormaq da həm sizin, həm mənim və həm də hər bir vətəndaşın təmiz hüququdur. Mən bu haqqımdan istifadə etmək üçün nə sizdən, nə də bir başqasından icazə istəmərəm. Bu haqdan istifadə edərkən də hər iddia sahibini alqışlamaq məcburiyyətində deyiləm. İddia haqqındakı fikirlərimi meydana qoymaqda tamamilə sərbəstəm. Buna heç kimin nə acıqlanmaq, nə də incimək hüququ yoxdur. Cümhuriyyət yaşarkən, cümhuriyyətlə bərabər Türk vətəndaşlarına təmin edilən azadlıqlar mövcud ikən bu belədir və belə olacaqdır. “Kadro”nun iddiaları hər kəsə inqilab bəhanəsilə istər-istəməz qəbul etdirilə bilməz.

Yakub Kadri bəy yazılarının bir yerində deyir ki: “Şevkət Sürəyya bəy dünyaya Türkiyə prizmasından baxır. Siz isə Türkiyəyə Avropanın uzaq bir küncündən baxırsınız və öz gözlərinizlə baxsanız nə isə. Fəqət deyil. Əlinizə cürbəcür durbinlər veriblər; bu durbinlər öz məmləkətinizi sizə gah yuvarlaq, gah oval, gah dördbucaqlı, gah uzun və sivri şəkillərdə göstərir və ona eynilə həndəsi fiqurlarda olduğu kimi ehtimali, xəyali və abstrakt bir mahiyyət verir.”

Əzizim Yakub Kadri bəy, siz mənim daxilimə girirsiniz. Dünyayı öz gözlərimlə deyil, başqalarından aldığım durbinlərlə gördüyümü söyləyir və hətta necə gördüyümü müfəssəl nəql edirsiniz. Mən bunu oxuyarkən bir an güldüm. Mənə bu qədər nüfuz etdiyinizə təəccübləndim. Çünki sizi heç bir zaman içimdə görmədim. Yazınızın bu qismi ədəbiyyat deyilmi? Buna görə də bunu qeyri-ciddi qəbul edir və bir kənara qoyuram.

Ciddi və mövzumuzla əlaqədar olan tək bu cümlədir: “Şevkət Sürəyya bəy dünyaya Türkiyənin içindən baxır. Siz isə Türkiyəyə Avropanın uzaq bir küncündən baxırsınız.”

Doğru deyil, Yakub Kadri bəy. Mən bunun tamamilə əksini iddia edirəm. Yalnız mənim iddiamla sizin iddianız arasında bir fərq var ki, mən iddialarımı Türkiyənin gerçəkliyindən və Türk inqilabının reallığından çıxarıram. Siz isə iddialarınızı ədəbiyyat və söz qələbəliyinə boğmağa çalışırsınız. Mən Türkiyəyə Türk inqilabının meydana gətirmiş olduğu təsisatlardan; məsələn konstitusiya, Türk ümumi hüququ, cümhuriyyət və parlamentarizmin təsisi, xilafətin və səltənətin ləğvi, Lozanna sülh müqaviləsi, din və ailə, hərf [əlifba] və dil inqilabı, Avropadan götürülmüş mülki, cinayət qanunları və mühakimə üsulları və s. kimi Türk inqilabının gerçəklikləri durbini ilə baxıram.

Beləliklə, Türk cəmiyyətinin mədəni səviyyəsini, iqtisadi və ictimai vəziyyətini nəzərə alaraq bizdə geniş dövlətçilik sisteminin qurulması imkanı olmadığını, bunun üçün nə kapital, nə texnologiya, nə də iş adamlarımızın olduğunu və buna görə belə bir sistemin çox zərərli olacağını söyləyirəm.

Şevkət Sürəyya bəy və siz isə bütün bu gerçəklikləri ya inkar, yaxud nəzərə almayaraq başqa məmləkətlərdən gəlmə və bizim inqilabımızla və onun reallıqları ilə heç bir əlaqə və münasibəti olmayan “yüksək texnologiya ilə iqtisadi resursları dövlətə tərk edən bir dövlətçilik sistemi” durbini ilə baxırsınız.

Sizdən bu sistemi haradan aldınız deyə soruşulan zaman da cavabınız “İnqilabımızın inkişafı və qanunlarının dərinliklərindən alırıq” deyirsiniz.

İnsaf edin dostum, məsələ sizin ağzınızda elə mistik və əsrarəngiz bir formaya düşür ki, deyil mənim gözlərim, hətta sizin o məşhur şeyxiniz “Nur Baba”nın[2] da gözləri qamaşar.

Halbuki, o qədər əsrarəngiz dərinliklərə daldıqdan sonra meydana çıxardığınız “yüksək texnologiya ilə iqtisadi resurslara sahib planlı dövlət” formulu tam bundan yüz il əvvəl başqaları tərəfindən meydana atılmış və o zamandan bəri ağızlarda çiynənə-çiynənə bir çöküntü vəziyyətinə gələrək adiləşmişdir.

Yakub Kadri bəyə

İndi də Yakub Kadri bəylə iki şəxsi məsələ ətrafında müzakirə aparaq. Birinci məsələ: Yakub Kadri bəy mənim Fransız inqilabından hərarətlə bəhs etdiyimi qeyd etdikdən sonra bu sətirləri yazır: “Mövzu bizim inqilaba gəldimi həyəcanlı bir söz sizə bir donkixotluq, kəskin və qəti bir ifadə sizə ehkam və inqilabımızın özünəməxsus qanunları bir ağır istibdad kimi gəlir.”

Xeyr, Yakub Kadri bəy! Türk inqilabı haqqında məni qədər həyəcan və ciddiyyətlə yazı yazmış başqa birini göstərə bilməzsiniz. Yüzlərlə məqalələrim, Türk inqilabını ifadə edən konstitusiyanın şərh və təfsirinə dair əsərim, “Sərbəst insanlar ölkəsi” adlı kitabım ortadadır. Buna görə cümlənizin haqqımda təlqin etdiyi ⸻ necə ifadə edim Yakub bəy, haydi belə söyləyim ⸻ bədbinlik hər cür həqiqətdən məhrum, sırf xəyalınızın bir icadıdır. Fəqət cümləniz eyni zamanda bir həqiqəti də daşımaqdadır. Və bu həqiqət budur: İnqilabımızın reallıqlarını bir kənara qoyub onun tamamilə ziddi olan başqa inqilablardan ilham alaraq, Türk inqilabının istinadgahı olan hürriyyəti inkar edənlərə sübutsuz, dəlilsiz düsturlar təqdim edərək bütün vətəndaşlara məcburi qəbul etdirmək iddiasında olanlara, Türk millətini yox sayaraq onun fövqünə çıxarılan mistik və mücərrəd bir varlığa bütün haqları təslim edənlərə qarşı yuxarıda tövsif etdiyiniz vəziyyəti almağı özüm üçün bir haqq və bir vəzifə bilirəm.

İkinci məsələ: Türk Ocağındakı müştərək fəaliyyətimizi xatırlayaraq Yakub Kadri bəy bu sətirləri yazmaqdadır: “Birlikdə üzv olduğumuz Türk Ocağı mədəniyyət heyətində bir gün deyirdiniz ki, ‘biz Qərb mədəniyyətini örnək almağa çalışırıq. Fəqət Qərb mədəniyyətini meydana gətirən səbəblər və amillərin nələr olduğunu bilmirik. Məncə, bugünkü Qərb mədəniyyətini başlıca üç amil meydana gətirmişdir: Kilsə, cəngavərlik və yunan-latın mədəniyyəti. Xristianlıq mərhəməti, şəfqəti və imtina etməyi təlqin edərək ruhları yumşaltmışdır. Cəngavərlik zəiflərə yardımı, qadına hörməti, verilən sözə sədaqəti, namus və şərəfə bağlılığı öyrədərək yeni bir əxlaq nümunəsi meydana gətirmişdir. Yunan-latın kültüründən isə bütün elm, fənn və hüquq yaranmışdır.’ Siz bunu söylədikdən sonra hamımızın beynində bir sual işarəsi hasil oldu. Zatən siz nə vaxt ağzınızı açıb bir söz söyləsəniz, nə vaxt qələmi ələ alıb bir fikir müdafiə etsəniz, sizi dinləyənlərin və sizi oxuyanların zehnində buraxdığınız şey daima bu sual işarəsidir.”

Madam ki bu xatirəni yazmaq ehtiyacını duydunuz, barı mən də onu tamamlayım. Xatırlayırsınızsa, Türk Ocağı toplantılarına beş ayda bir ya gəlir, ya gəlməzdiniz. Xatırladığınız hadisə necəsə gəlmiş olduğunuz bir günə təsadüf etmişdir. Onun əvvəlini bilməzsiniz, sizə öyrədim. Biz toplantılara müntəzəm gələn bir neçə yoldaş Türk gəncliyinin bir ideal aradığını, bu idealı öz mühitində tapmadığından başqa yerlərə üz çevirdiyini düşünür və buna çarələr axtarmaqda idik. Bu münasibətlə mən öz qənaətlərimi izah edərək dedim ki: “Bizim inqilabımız kimi müvəffəq olmuş və milli həyatımızın hər tərəfini əhatə etmiş və dünyaların heyrət və pərəstişini cəlb eyləmiş bir hadisə bizim aydınlarımız üçün tükənməz bir ilham mənbəyi olmalıdır. Şairlərimiz, ədiblərimiz, sosioloqlarımız, əxlaqçılarımız, hüquqşünaslarımız, tarixçilərimiz, xülasə, hər aydın türk buradan özü üçün ilham alacaq bir mövzu tapa bilər.  Fəqət, təəssüf ki, hələ bu ilham layiqli səviyyədə alınmır. Bunun da başlıca səbəbi inqilabımızın ideologiyasının hələ yazılmamış olmasıdır. Buna görə hər şeydən əvvəl bu nöqsana çarə tapılmalıdır.”

Mənim burada qısaca xülasə etdiyim bəyanatım üzərinə uzun müzakirə aparıldı və sonunda bu xüsusa dair bir hesabat yazılmasını yoldaşlar məndən rica etdilər.

Bax, siz Yakub Kadri bəy mənim o hesabatımın oxunması toplantısında iştirak etdiniz. Lakin nəyə görə siz o uzun hesabatdan yalnız kiçicik bir qismini zikr edir, digərlərini buraxırsınız? Çünki sonra gələn qismlərdə mən bu fikri bəyan edirdim: “Avropa mədəniyyətini və mədəniyyətin daşıdığı institutları canlandıran mənəvi amillər var ki, o mədəniyyətin şərtlərindəndir. O amillər bunlardır: Sədaqət, doğruluq, şərəf, zəifə yardım, vətəndaşa qarşı məhəbbət, diqqət və fədakarlıq, haqqa, həqiqətə hörmət, vəzifəyə bağlılıq, xülasə, yüksək bir səviyyə, yüksək bir əxlaq və elm və irfana hörmət və məhəbbət. Madam ki biz son inqilabımızla böyük bir addım ataraq həyatımızın bütün zahiri görünüşünü, bütün təsisatlarımızı avropalılaşdırdıq, bu təsisatları canlandırmaq, onları faydalı etmək üçün onların ruhunu da almaq və daxili tərəflərini də doldurmaq lazımdır. Yoxsa bütün aldığımız təsisatlar və yeniliklər cansız və ruhsuz bir qəlib kimi qalar. Bu ikinci əməli yerinə yetirmək vəzifəsi də biz aydınlara düşər.

Fəqət biz bir şey etdikmi?

Xeyr, inqilab başımızın üzərindən keçir və biz hələ  ona qarşı tamaşaçı vəziyyətdəyik. Xalq kütlələrinin içərisinə gedib inqilab ruhunu təlqin edən dailərimiz[3] haradadır?

Şeirlə, nəsrlə, xitabətlə inqilabın prinsiplərini tərənnüm edərək ruhları alovlandıran dillər və qələmlər haradadır?

Uzun sözün qısası, bu ittihamnamənin mövzusu mən, siz Yakub Kadri bəy və bütün Türk aydınları idi.

Bəy əfəndi, niyə mənim bu raporumdan, yuxarıda etiraf etdiyiniz kimi, beyninizdə yalnız bir sual işarəsi hasil oldu? Niyə dondunuz? Niyə sükut etdiniz? Niyə sual işarəsini ortadan qaldıraraq mənim səhvlərimi düzəltməyə, nöqsanlarımı islah etməyə cəhd etmədiniz? Mənim hesabatım bəyənilmədisə, niyə ikinci bir hesabat yazmağı üzərinizə götürmədiniz? Yalnız donmaq, sual işarəsinə çevrilmək bir mərifətdirmi ki, bu gün onu lovğalana-lovğalana söyləyirsiniz?

Sonra baxın nə yazırsınız:

“Əzizim, bəlli ki, Ernest Renandan dərs almısınız. Keçən əsrin [XIX əsr] bu ən skeptik adamı sizin ruhunuzda öz şübhələrindən, tərəddüdlərindən və inanmamazlıqlarından bir şey buraxmış. Fəqət mərhumun skeptisizmi nə qədər dadlı idi. Sizdə isə bu maddə turşumuş, acılaşmış, onun-bunun üstünə sıçrayan bir təhlükəli zəhər halına düşmüşdür. Həm elə bir skeptik ki daim ‘mənə hürriyyət verin’ deyə bağırır. Nə etmək üçün? Mərhum Renan filologiyadan kənara çıxdıqca davamlı olaraq demokratiyanın əleyhində olur və xalq deyilən kütləyə xor baxardı. Hətta dəmir yolunu demokratik bir icad olduğu üçün heç sevməzdi. ‘Bu, elə bir maşındır ki, bir alimlə bir axmağı yan-yana oturmağa məcbur edir.’ deyirdi. Və ya ‘Eyvah, nə günlərə qaldıq, bir kübar əfəndi ilə bir qaba fəhlə arasında heç bir fərq diqqətə alınmaz oldu’ deyə dizlərini döyərdi. Əgər siz də bu qədər xoş və qəribə şeylər söyləsəydiniz, istədiyiniz hürriyyəti tapardınız. Fəqət, ustadım, hürriyyəti ən köhnə cinsdən bir sıra ‘idxal bilgi’ kimi təmin etmək üçün istəyincə ‘Olmaz!’ demək haqqını da lütfən bizə bəxş edin.”

Görürsünüzmü məndən nələr istəyirmişsiniz. Həyəcan yerinə sizə zövq verəcək çərəz, ciddiyyət əvəzinə sizi əyləndirəcək zarafat. Halbuki mən ciddi şeylərdən həyəcanla bəhs edirmişəm və təbii olaraq məndən zövqlü çərəzlər, əyləncəli zarafatlar gözləyənlər məmnun deyilmişlər. “Aman, bu adam da haradan gəldi? Səsini kəssə də qurtulsaq” – deyə sual işarəsinə çevrilib dururlarmış.

Bəli! Yakub Kadri bəy çox haqlısınız! Mən də bilirəm ki, dediyiniz kimi hürriyyəti çərəz və zarafat mövzusu etmək üçün istəmiş olsaydım, sizə görə, çox məqbul olardım. Fəqət nə edim ki, huy canın altındadır[4]. Sizin tempinizə uya bilmirəm.

Əziz dostum, Ernest Renan skeptik ola bilər, hərdən və “boutade”i [zarafat] tutduğu zamanlar hürriyəti, xalqı zarafat mövzusu edə bilirdi. Çünki o, bu kimi şeyləri o qədər dadmış və görmüş ki, ondan əvvəlki nəsillərdə bu şeyləri o qədər bol miqdarda hazırlamışdılar ki, onun kimi bir adamı bezdirə bilərdi.

Fəqət sən, mən və bizim mənsub olduğumuz mühit? Biz bu şeylərə hələ yeni çatırıq. Hələ onlara həvəsliyik. Onları bir yaşama cövhəri sayırıq. Onlarla lağlağını, istehzanı, onları çərəz və zarafat mövzusu etməyi günah hesab edərik. Necə ki Renanın babaları da belə edərək məqsədlərinə nail ola bilmişlər və xələflərinə də bir az da onlarla əylənmək imkanı vermişlər.

Sizinlə münaqişəni bir daha geri dönməmək şərtilə burada kəsirəm. Son məqalənizin sonlarında fransız generalına verdiyiniz nəsihəti çox bəyəndim: Ciddi məsələlər qarşısında donmaq və sual işarəsinə çevrilmək vəziyyətində olan insanlarla müzakirə aparmaq gərəksiz, həm də əbəsdir.

Son söz

Bir ildən bəri Ankarada Kadro adlı bir məcmuə çıxır. Bu məcmuənin “fikir lideri” Şevkət Sürəyya bəy adlı birisidir. Eyni adam sonradan “İnqilab və Kadro” adlı bir kitab çıxarır. Kitab zatən jurnalda dağınıq olaraq yazılmış fikirlərin toplu bir şəkildə ifadəsidir.

Mən kitabı tənqid edirəm. Fəqət ilk məqaləmdə belə kitabın üslubu ilə daşıdığı fikirləri bəyənmədiyimi qeyd etməklə bərabər gərək məcmuə, gərək kitab haqqındakı hisslərimi də bu cümlə ilə söyləməkdən çəkinmirəm: “Aramızda keçilməz sədlər vardır. Buna rəğmən mən məcmuəni məmnuniyyətlə qarşıladım və böyük bir həvəslə oxuyuram. Çünki onda yeni bir havanın sərinliyini duyuram. Çünki o həm ciddi, həm də həyəcanlıdır. Çünki o, məmləkətin ciddi məsələləri ilə məşğuldur. Varsın mənim duyğularıma, düşüncələrimə uymasın. Bunun əhəmiyyəti yoxdur.  Əsas odur ki, yenilik olsun, həyat olsun, fikir olsun, hərəkət olsun.”

Mən bu sətirləri yazarkən qarşımda həqiqətən elmlə silahlanmış, irəli sürdüyü fikirləri bilgisi ilə doğrulayacaq və gücləndirəcək ciddi, səmimi bir fikir adamı olduğunu zənn edirdim; o qədər ki, məqalələrimi Yunus Nadi bəyə[5] verərkən ona eynilə belə demişdim: “Bir müddətdən bəri məmləkətimizdə fikir həyatı bir durğunluq mənzərəsi göstərir. “İnqilab və Kadro” sahibi isə mənə ciddi və dolu bir adam hissini verir. Meydana atdığı mühüm məsələlər ətrafında onunla bir müzakirə açılarsa, fikir həyatımızda bəlkə bir oyanış hasil olar.”

Yunus Nadi bəy bu fikrimə şərik oldu. Onunla bərabər bütün məqalələri oxuduq. Elmi mahiyyətdə olduğu və ifratçılığa yer verilməmiş olduğu qəbul edilərək məqalələr nəşr edildi.

Hər nə qədər hələ o zamanlar Şevkət Sürəyya bəy haqqında xəbərdarlıq edən yox deyildi. “Onunla məşğul olmayın, onu biz yaxşı tanıyırıq, yüksəkdən atıb-tutan, fəqət ciddi bilgidən məhrum, əqidə və qənaətlərini dəyişdirən birisidir.” Fəqət mən o zamanlar bu sözlərə inanmaq istəmədim. Lakin məqalələrimə verilən cavablar və bu cavablara qarşı yazdığım yazılara qarşı yazılan məqalələr mənim yuxarıda qeyd etdiyim sətirləri yazarkən və Yunus Nadi bəyə söylədiyim sözləri söyləyərkən nə qədər aldanmış olduğumu və mənə xəbərdarlıq edənlərin nə qədər haqlı olduqlarını bariz bir şəkildə sübut etdi.

Şevkət Sürəyya bəy inqilabımızın ideologiyasını qurmaq iddiası ilə meydana bir neçə mühüm fikirlər atıb dururdu.  Həmin fikirlər bunlardır:

1.İnqilab adına hürriyyəti inkar;
2.İstehsal vasitələri ilə iqtisadi sərvətlərin dövlət əlində toplanması;
3.İnqilab adına bu prinsipləri bütün vətəndaşlara məcburi qəbul etdirmək.

Mən bu fikirləri və onların dəlilsiz, sübutsuz, mücərrəd düsturlardan ibarət olan ifadə tərzini tənqid etdim. İnqilabımızın ideologiyası deyilən bu fikirlərin hürriyyət üzərinə qurulmuş olan Türk inqilabından alınmamış olduğunu, başqa yerlərdən, başqa inqilablardan, sırf təqlid yolu ilə gəlmiş olduğunu, bizim məmləkətimizdə istehsal vasitələri ilə iqtisadi sərvətlərin dövlət əlində toplanmasına nə ehtiyac, nə də imkan olmadığını, başqa yerlərdə dövlətin geniş müdaxilələrini vacib etdirən amillərin nədən ibarət olduğunu və necə hasil olduğunu, bizdə isə hələ bu amillərin mövcud olmadığını və gələcəkdə də ola bilməsi üçün hər şeydən əvvəl fərdə, fərdin inkişafına yol vermək lazım gəldiyini uzun-uzadı bir çox tarixi hadisələrə və elmi tədqiqatlara əsaslanaraq isbat etdim.

Mən bu tənqidləri yazarkən hələ səmimi və dolu saydığım Şevkət Sürəyya bəyin qarşı elmi dəlillər və tarixi hadisələr ilə onları rədd etməyə çalışacağını zənn edirdim. Fəqət həyat! Yazdığı cavablarda nə elmi bir əsasa, nə tarixi bir hadisəyə rast gəlmədim.

Buna qarşılıq ta ilk məqaləsindən işi şəxsiyyətə gətirdi. Uzun-uzadı mənim yaşlılığımdan, fikirlərimin köhnəlmiş olduğundan, postmüharibə cərəyanlarından, postmüharibə düşüncə dünyasından, mənim yalnız, bir elm və bilgi ötürücüsü olduğumdan, özünün isə inqilabımızın və mühitimizin ta daxilinə qədər nüfuz edərək oradan dahiyanə bir “intuition” [intuisiya] ilə tamamilə yeni, orijinal və yaradıcı nəzəriyyələr çıxardığından bəhs edib durdu.

Fəqət eyni zamanda da mənim fikirlərimdən hansının köhnəldiyini, hansının yerinə yeni fikir gəldiyini və o əsrarəngiz postmüharibə fikirlərinin və cərəyanlarının nədən ibarət olduğunu bir tək kəlimə ilə açıqlamadı; və bu sahədə daha artıq sıxışdırıldığı zaman söylədiyi söz bu oldu; “Əfəndi, siz qocalmış olduğunuzdan fikirləriniz formalaşmış və bərkimişdir. Biz isə hələ çox yeniyik, hələ nüvə halındayıq. Fikirlərimiz də dinamik və elastikidir, postmüharibə fikirləridir.”

Anlaşıldı ki, hürriyyəti inkar və istehsal vasitələri ilə iqtisadi sərvətlərin dövlətə aidiyyatı, Kadro diktaturası kimi fikir qırıntıları, postmüharibə fikir dünyası deyə alınmış və bunların Türk sahəsinə nəqli də orijinal və dahiyanə bir “intuition” məhsulu kimi reklam edilir.

Nə vaxt ki bütün bu fikirlərin köhnəlmiş dedikləri Ağaoğlu Əhməd bəydən iki qat daha köhnə olduğu və tam 1847-ci ildə çıxan “Kommunist manifesti”[6] ilə meydana atıldığı isbat edilərək bu xüsusda səlahiyyət sahibi müəlliflərin əsərlərinə istinad edildi, utanmaq bilməyən Şevkət Sürəyya bəy qəribə bir tövr ilə bu cavabı verdi: “Zənn edirəm ki, Ağaoğlu Əhməd bəy bütün bunları bir bəyaz Rus [ağ qvardiyaçı] kitabından almışdır.”

Dövlətin istiqamətini təyin etmək və yeni nəsli arxasınca aparmaq kimi yüksək iddialarla meydana atılmış olan birisinin bürünmüş olduğu saxta elm cübbəsi bu şəkildə yırtılıb atılınca zavallı bütünlüklə çaşdı və həqiqətən acınacaq yollara sapdı.

Bu yollardan birisi mənim yazımı təhrif etmək və saxta bir dəlilə əsaslanaraq üzərimə iki uzun məqalə ilə yüklənməkdi. Mənim yazdığım cümlə bu idi: “Sanki klassik liberal dövlətlər –  İngiltərə, Fransa, Amerika, İsveçrə, Skandinaviya millətlərinə dünya üzərində haqq vermirlərmi?”

Şevkət Sürəyya bəyin qələmində bu cümlə bu formaya düşmüşdü: “Sanki klassik liberal dövlətlər İngiltərə, Fransız, Amerika və s. millətlərə dünya üzərində haqq vermirlərmi?” Şevkət Sürəyya bəy bu saxta sənədə əsaslanaraq: “Görürsünüzmü ey əhali! Ağaoğlu Əhməd bəy müstəmləkəçiliyi qəbul edir və dəstəkləyir. Baxın, Ağaoğlu müstəmləkəçi dövlətlərin millətlərə hürriyyət və istiqlal verdiklərini yazır. Ey Əhməd bəy, bunu necə yazarsınız, bunu vicdanınız necə qəbul edər?” və s. bir tirada və poza ki, yalnız meydan aktyorlarına məxsusdur.

Dəlilin saxta olduğu, təbii ki, isbat edildi. Cinayət başında yaxalanan bu adam indi də son məqaləsində bu hadisəni belə təsvir edir: “Mən bu cümləyə haqlı olaraq müstəmləkəçi dövlətlərin bəzi millətləri necə haqlarından məhrum etdiklərini anladaraq cavab verməyə çalışdım. Fəqət siz son yazınızda deyirsiniz ki, mənim məqsədim öz millətlərini dünya üzərində haqdan məhrum etmədiklərini söyləmək idi.”

Bu da bir təhrifdir. Zira mən əsla belə bir şey söyləmədim. Mən məqaləmdən alınmış və təhrif edilmiş cümləni məqalənin əslindəki mətn ilə yan-yana gətirərək cümləninin təhrif edilmiş olduğunu isbat etdim.

Təhrif ilə ittiham olunan müəllifə düşən vəzifə də eynilə hərəkət edərək təhrif edildiyi iddia olunan cümləni və onun təhrif edildiyi söylənilən şəklini yan-yana gətirərək iddianın doğru olmadığını isbat etmək idi.

Fəqət Şevkət Sürəyya bunu etmir və ya edə bilməz. Çünki qəbahət faktdır, sabitdir. Edə bilməyincə də təhqir və küfür vadisinə keçərək işin içindən çıxmağa çalışır.

Məsələn, mənə donosçu deyir; dəlil kimi də guya ona kommunist demiş olduğumu söyləyir.

Bu da bir iftiradır. Zira heç bir yerdə ona kommunist demədim. Hətta məqalələrimin birində eynilə belə yazıram: “Bunlar kommunist deyildirlər. Çünki mülkiyyəti qəbul edirlər. Fəqət tərcih etdikləri metod kommunist metodudur. Çünki yalnız kommunistlər istehsal vasitələri ilə iqtisadi resursların dövlətin əlində olmasını tərcih etməkdədirlər.”

Buna donosmu deyilər?

Bu adam kitabında yüksək texnologiya ilə iqtisadi sərvətlərin dövlətin əlində olmasını tərcih etmirmi? Və bu metod kommunist metodu deyilmi? O halda metodun kommunist olduğunu söyləmək bir donosçuluqdurmu?

Zaten mən Şevkət Sürəyya bəyin nə olduğunu anlaya bilmədim ki, onu filansınız deyə təsnif edim. Kommunist demək müəyyən bir fikir sistemi daşımaq deməkdir. Belə bir sistemə mən bu adamda rast gəlmədim ki!

Bir də mən kommunistliyi bir cinayət və ya bir eyib hesab etmirəm ki; məqalələrimi diqqətlə oxuyanlar görmüş olacaqlar ki, kommunizm yolunu qəbul etməməklə bərabər bu yolu quranlara qarşı dərin bir hörmətlə yanaşıram: və onların elmi idealizmlərinin məftunuyam. Səmimi kommunist bildiklərim var ki, onlara səmini hörmət bəsləyirəm.

Buna görə mən donosçu deyiləm və ola bilmərəm. Mənə donosçu deyən adam bayağı bir iftiraçıdır. Bundan başqa guya təhqir məqsədilə mənə sığıntı və qaçqın deyir. Mən qaçqın və sığıntıyamsa, böyük Türk millətinin qaçqını və sığıntısıyam.

Uzun mücadilələrdən sonra əcnəbi boyunduruğundan qaçaraq özümünkü olan müstəqil Türk millətinə sığınmağı və himayəsinə keçməyi mən özüm və bütün övladlarım üçün bir şərəf qəbul edirəm. Bununla mən təhqir edilə bilmərəm və bununla məni təhqir etmək istəyən avaralara acıyıram.

Qəribədir, mənə deyirlər ki, bu adam da Bolqarıstan türklərindənmiş və mənim kimi qaçqın imiş. O halda bu adam öz vəziyyətini də şərəfsiz qəbul etməlidir ki, başqalarını da eyni vəziyyət səbəbilə təhqir etməyə cəhd edir.

İçi və çölü bu qədər təzadlı olan bir adama acınmazmı?

Fəqət daha qəribəsi var. Bir gün əvvəl donosçu, sığıntı deyə təhqir etmək istədiyi eyni şəxsə ikinci, üçüncü məqalələrinin demək olar ki, hər cümləsində “möhtərəm Ağaoğlu Əhməd bəy” deyə xitab edərək “şəxsiyyətə keçdiksək nə edək, bizdə belə olur. Siz yenə buna baxmayın, mübahisəmizə davam edək.” və sair bu kimi üzsüz, boş-boş sözlər söyləyir.

Bütün bunlardan anladım ki, qarşımda duran adam, sadəcə, bilgisiz, fəqət yüksəkdən atıb-tutan bir adam imiş. Aldanıb belə birisi ilə həftələrlə məşğul olduğuma və ümumi fikri məşğul etdiyimə görə həqiqətən mütəəssirəm.

Kooperativ Məcmuəsinə Cavabım

Bir izah

“Kadro və İnqilab” və Şərq və Qərb Təzadı münasibətilə

Professor Ağaoğlu Əhməd bəyin cavabı

Kooperatif məcmuəsinin 7-ci nüsxəsində mənim Cümhuriyyətdə nəşr etdiyim Dövlət və Fərd başlıqlı məqalələrim haqqında yazılmış olan H. imzalı məqaləni diqqət və etina ilə oxudum.

Məqalə sahibinin “Kadro və İnqilab” kitabındakı fikirlərə meyili açıq və güclü olduğundan mənim fikirlərimə qarşı mənfi yanaşması çox təbii və çox məntiqlidir.

Buna görə bu xüsusda məqalə sahibinə ayrıca cavab verəcək deyiləm, yalnız məqaləsində iki məsələyə münasibət bildirmək istəyirəm.

Bunlardan biri budur: “Ağaoğlu Əhməd bəyin inqilabımıza verdiyi mahiyyətlə Sərbəst firqə proqramı və prinsipləri arasında tam bir uyğunluq vardır; Türkiyənin hazırkı hakimiyyətdə olan iqtidarlı inqilab firqəsi [Cümhuriyyət Xalq Firqəsi] Sərbəst Firqə proqram və prinsiplərini tamamilə rədd edərək bu qurumu tarixə gömdü; bu halda inqilabımızın hüdud və məqsədi haqqında Ağaoğlu Əhməd bəyin tezisi əməldə təkzib olunmuşdur.

Bu hadisə haqqında söyləyəcəklərim budur:

Hazırda hakimiyyətdə olan “iqtidarlı inqilab” firqəsinə, yəni “Cümhuriyyət Xalq Firqəsinə” mən də ta yarandığı gündən başlayaraq 1930-cu ilə qədər mənsub idim; yalnız mənsub deyildim, içində və liderlərilə bərabər olduqca fəal bir mövqedə idim; firqənin ilk daxili nizamnaməsini mən qələmə aldım və o zaman firqənin içində çox güclü olan təəssübkeş cərəyanın şiddətli hücumlarına qarşı müdafiə etdim, firqənin orqanı olan qəzetin [Hakimiyet-i Milliye] illərlə başında oldum və səkkiz il firqənin millət vəkili olaraq bir zamanlar firqə qrupunun idarə heyəti içində belə oldum. Bütün bu mənsubiyyətim və fəaliyyətim sırasında mən “Cümhuriyyət Xalq Firqəsini” demokrat və liberal olaraq tanıdım və gördüm.

Və bu fikri mən şəxsi və keyfi bir anlayışdan çıxarmırdım; xeyr! Firqənin meydana qoyduğu əsərlərdən, qəbul etdiyi qanunlardan, firqənin rəhbəri olan yüksək şəxsiyyətlərin nitqlərindən alırdım.

Digər tərəfdən müsbət əsər olaraq parlamentarizm idarə usulunu, əmək azadlığını, mülkiyyət prinsipini və digər azadlıqları təməl olaraq qəbul etmiş olan Konstitusiyanı, İsveçrə, Almaniya, İtaliya kimi demokrat və liberal dövlətlərdən aldığımız mülki, cinayət və icra qanunlarını zikr edə bilərəm.

Bugün belə mən “Cümhuriyyət Xalq Firqəsi”nin “dövlətçiliyini” bütün digər liberal və demokrat dövlətlərin “dövlətçiliklərinə” nə zidd, nə də artıq görmürəm; və bu xüsusda “Cümhuriyyət Xalq Firqəsi”nin dövlətçiliyinin mənim dövlətçilik haqqında fikirlərimə “Kadro və İnqilab”dakı “planlı” və yüksək texnologiya, yəni istehsal vasitələrini və iqtisadi resursları, yəni sərvətləri dövlətin ixtiyarına verən dövlətçilikdən daha yaxın olduğu qənaətindəyəm.

Və bu qənaətimi də yenə firqənin başında olan yüksək şəxsiyyətlərin bu xüsusa aid mövcud olan bəyanatından alıram. Qazinin [Mustafa Kamal Atatürk], İsmət Paşanın [İsmət İnönü], Rəcəb bəyin [Rəcəb Pekər] nitqlərini mütaliə və tədqiq edin. Hamısında eyni cəhətə eyni açıqlıq və aşkarlıqla təsadüf edərsiniz.

Hamısı dövlətə dövlətinki, fərdə də fərdinki demişlər. Dövlət yalnız fərdin yetişə və edə bilmədiyi şeyləri edər deyə açıqlamışlar.

Halbuki “İnqilab və Kadro” fərdi tamamilə silir, ortadan qaldırır. Birinci məsələ haqqında bu qədər.

İkinci məsələ Şərq və Qərb məsələsinə aiddir.

Mən yazılarımda demişdim ki, Şərq fərdə hürriyyət vermədiyindən, fərdi silinmiş bir hala gətirdiyindən özü də nəticədə silindi, məhkum oldu. Əksinə olaraq, Qərb fərdə hürriyyət və azadlıq təmin etdiyindən fərd inkişaf etdi və inkişaf edən fərdlərdən ibarət Qərb cəmiyyətləri özləri də inkişaf etdilər və gücləndilər.

Möhtərəm H. bəy mənim bu fikrimi bu məntiq oyunu ilə çürütmək istəyir:

“Türkiyə inqilabdan əvvəl nə üçün geri qalmış bir məmləkət idi?

Ağaoğlu üçün buna veriləcək cavab bəsitdir: Çünki Türkiyədə fərdi hürriyyət və demokratiya yox idi.

Fəqət sualı davam etdirək: Nə üçün Türkiyədə fərdi hürriyyət və demokratiya yox idi?

Əhməd bəy bu suala qəti bir cavab verə bilməz; bunun cavabı isə budur: Çünki Türkiyə

geri qalmış bir məmləkət idi.”

Deməli H. bəy. soruşur: “Nə üçün Türkiyə geri qalmışdır?”

Yenə H. bəy cavab verir: “Çünki Türkiyə geri qalmışdır!”

Əfv buyursunlar, buna gülməmək əlimdən gəlmir!

Bu şəkildə H. bəyə görə, Türkiyə əbədiyyən geri qalmağa məhkumdur: O halda bütün bu inqilablar nə üçün edildi? Ya bütün inqilabların başına niyə “hürriyyət” qoyuldu?

H. bəyə görə, əgər sona qədər bu məntiq dairəsi içində qalınarsa, inqilabların hamısı boşunadır.

Fəqət mənə görə, inqilabların böyük əhəmiyyəti var və xüsusilə başlarında “hürriyyət” qoyulması dərin bir məna ifadə edər. Çünki yenə müşahidəmizlə görürük ki, bir zamanlar Şərq və Qərb hər ikisi hürriyyətdən məhrum idilər və o zamanlar Şərq Qərbə hakim idi.

Fəqət bir dövr gəlir ki, Qərb hürriyyətə doğru addımlayır və hürriyyət sayəsində inkişaf edərək güclənir və nəhayət hakimiyyət ona keçir.

Bu müşahidədən bu nəticəni çıxarıram: Şərqdə də hürriyyət olsaydı, o da inkişaf edəcəkdi, güclənəcəkdi və buna görə də məhkum olmayacaqdı.

İndi buna qarşı mənə deyirlər:

“Yaxşı, Şərqdə nə üçün hürriyyət olmamışdır?”

İndi bu sualın da cavabını verir, hürriyyət olmamasının səbəbini göstərərək desəm ki: “Çünki orta əsrlərdə Qərb cəmiyyətləri hüquqi kollektiv vəhdətlər halında yaşamışlar və bu kollektiv vəhdətlər bir-biri ilə hüquq sahəsində daimi mücadilə etdiklərindən Qərb insanında haqq və hürriyyət üçün mücadilə qabiliyyəti inkişaf etmişdir. Şərqdə isə hər şeyi qabağında əzən və bütün insanları eyni səviyyəyə endirən istibdad bu kimi kollektiv vəhdətlərin təşəkkülünə imkan verməmişdir və buna görə Şərq insanında haqq və hürriyyət üçün mücadilə qabiliyyəti inkişaf etməmişdir.”

Fəqət dərhal mənə üçüncü bir sual yönəldiləcək:

Yaxşı, niyə Şərqdə istibdad olmuş və hər şeyi qabağında əzmiş də, Qərbdə bu olmamışdır?

Bu şəkildə suallar bir-birinə calanaraq sonunda varlığın mahiyyətini aramağa qədər gedir  ki, bu içindən çıxılmaz metafizik və fövqəltəbii sahədir.

Sosiologiyada ən məqbul metod “cause immediate”, yəni fasiləsiz səbəbi tapmaq və onun üzərində duraraq işləməkdir.

Mən Şərq millətlərinin geriləmə səbəblərini hürriyyətsizlikdə görürəm.

H. bəy bunu qəbul etmir, fəqət eyni zamanda da özü də bir səbəb göstərə bilmir! O yalnız inkar edir və bir silsilə suallar ilə işin içindən çıxmaq istəyir.

Qədim yunanlar bu üsula sofizm deyərlərdi ki, daha o zamandan sağlam düşüncə tərəfindən məhkum edilmişdir!

SON

Qeydlər və istinadlar:

[1] Yakub Kadri Karaosmanoğlu (1889-cu il – 1974-cü illər)- Türkiyəli yazıçı və diplomat, Kadro jurnalının qurucularındandır.

[2] Y.K. Karaosmanoğlunun İstanbulda olan məşhur Nur Baba adlı Bektaşi təkkəsindən ilhamla yazdığı eyni adlı romanı nəzərdə tutulur.

[3] İslam ensiklopediyasına görə, ərəbcə “səslənmək, çağırmaq, dəvət etmək” mənasındakı da’və və ya duâ kökünden sifət olan dâî “insanları öz din və ya məzhəbinə çağıran kimsə” deməkdir. Burada Ağaoğlu dai sözünü təbliğatçı mənasında istifadə edir.

[4] Xarakterin dəyişməz olduğunu vurğulayan atalar sözüdür.

[5] Yunus Nadi Abalıoğlu (1879-1945), siyasətçi, jurnalist; Cümhuriyyət qəzetinin qurucusu.

[6] Kommunist Manifesti 1848-ci ildə K.Marks və F.Engels tərəfindən yazılmış pamflet

Birinci hissəyə keçid:

İkinci hissəyə keçid:

Üçüncü hissəyə keçid:

Dördüncü hissəyə keçid:

 
Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.