fbpx

TƏRCÜMƏ

TƏRCÜMƏ

Dövlət və fərd

Read this article on other language
Download article
image_pdf
image_pdf
Dövlət və fərd

Əhməd bəy Ağaoğlu (1869-1939) Azərbaycan və Türkiyənin böyük dövlət xadimlərindən olub. Fəaliyyətində əsasən liberal fikirlərə üstünlük vermiş və bu mövzuda düşüncələrini yazmaqdan geri durmamışdır. Məhz buna görə 1930-cu ildə Mustafa Kamal Atatürkün çoxpartiyalı sistemə keçid təcrübəsində Sərbəst Fırkanın yaradılmasında iştirak etmişdir. Türkiyə Cümhuriyyətinin Konstitusiyasının hazırlanmasında da Ağaoğlunun rolu olmuş, Atatürkə həyata keçirdiyi inqilabi islahatlar mövzusunda məsləhətçilik etmişdir.

Lakin 1930-cu illərdə Türkiyə Cümhuriyyətində müəyyən avtoritar meyillər artmaqda idi. Bu meyilləri müdafiə edən nəşrlərdən biri 1932-35-ci illərdə 36 nömrəsi nəşr edilmiş Kadro adlı jurnal idi. Jurnalın yaradıcıları Yakub Kadri Karaosmanoğlu, Şevkət Sürəyya Aydəmir, Vedat Nedim Tör, Burhan Asaf Belge və d. idi. Əksəriyyəti marksist və ya keçmişdə marksist yönümlü olan bu şəxslər Kamalizmi dəyişdirməkdə günahlandırıldılar və Yakub Kadrinin Albaniyaya səfir təyin edilməsi ilə jurnalın nəşri dayandırıldı.

Jurnalın müəlliflərindən olan Aydəmirlə Ağaoğlu arasında bir sıra polemikalar yaşandığı zaman Aydəmir jurnalda dərc etdirdiyi yazılardan ibarət 1932-ci ildə İnqilab və Kadro adlı kitab nəşr etdirir. Bu kitaba cavab olaraq Ağaoğlu Cümhuriyyət qəzetində məqalələrlə çıxış edir. Həmin qəzetdə Ağaoğluna cavab olaraq Karaosmanoğlu və Aydəmirin yazıları və həmin yazılara da Ağaoğlunun cavabları yayımlanır. 1933-cü ildə Ağaoğlu bu yazıları Dövlət və Fərd adlı kitabında türk dilində nəşr etdirir. Kitabda Ağaoğlu jurnalın əməkdaşlarını kadrocular adlandırır.

Müasir dilimizə uyğunlaşdırdığımız bu kitabda kitabın 1933-cü ildəki nəşrindən istifadə olunub. Əhməd bəyin üslubunu qorumağa çalışmaqla, əlavə olaraq, yazıda adını çəkdiyi şəxslər haqqında kiçik məlumatlar da vermişik. Mətndə adi mötərizədə – məsələn, (xxx) kimi yazılan hissələr orijinaldır. Lakin kvadrat mötərizədə – məsələn, [xxx] kimi yazılan hissələr isə bizə aiddir. Dövlət və Fərd kitabında müəllif fərdi azadlığın əhəmiyyəti barədə düşüncələrini tarixi perspektivdə və sadə dillə izah edir. Günümüzdə ölkəmizdə də dövlətçilik düşüncəsinin ictimai fikirdə geniş yer tutduğunu nəzərə alaraq Ağaoğlunun bu kitabının yeni perspektiv açacağını gözləyirik.

Samir İsayev

4-cü hissə

Cavaba cavab!

“İnqilab və Kadro” kitabının meydana atdığı fikirləri və bu fikirlərin doqma tərzindəki ifadə şək­lini tənqid edərkən ciddi və elmi fikirlərə əsaslanan izahlar alacağımı ümid edirdim. Təəssüflə söyləmək məcburiyyətindəm ki, bu xüsusda xəyal qırıqlığına uğradım.

Verilən cavabları mənim kimi digər oxucu­lar da Cümhuriyyət[i] qəzetində mütaliə etdilər.

İfadə baxımdan yenə eyni tərz: mücərrəd iddialar, doqma kimi bir-birinin arxasına düzülmüş, söz qələbəliyinə bürünmüş və çoxu anlaşılmayan formullar, düsturlar və qaydalar. Nə bir izah, nə bir dəlil, nə də bir sübut. Müəllif izah kimi sadə şeylərə baş qoşmur və doqmaların dəyişdirilmədən hər kəs tərəfindən qəbul edilməsinin lazım olduğu qənaətindədir.  Məsələn: Müəllifə görə, mən bütün fikirlərimi XVIII və XIX əsrlərdən almışam və buna görə də köhnəlmiş, artıq modası keçmiş bir fikir mənzuməsi daşıyırmışam. Çox yaxşı. Belə bir iddia irəli sürülə bilər, ancaq bunun dəlil və sübutu hardadır? Onu soruşmayın, çünki müəllifə görə, bu belədir və başqa cür olmaz.

Halbuki belə bir iddianı irəli sürmək cəsarəti­ni özündə görən biri üçün mənim fikirlərimi eynilə xatırlatmaq və sonra da bu fikirlərin XVIII və XIX əsr fikirləri olduğunu və bu fikirlərin artıq tərk edilərək yerinə filan və ya falan fikirlərin gəlmiş olduğunu göstərmək lazım idi.

Müəllif belə məsələlərə əsla toxunmur. Ağaoğlu XVIII və ya XIX əsr fikirlərinin daşıyıcısıdır, vəssalam.

Cümhuriyyət qəzetini oxuyanlar xatırlayarlar ki, mən yazılarımı Kadrocuların xüsusilə ilham aldıqları qaynaqlarla doğrulamışdım: Tarixi materializmə, Karl Marksın, Engelsin və onların bilavasitə davamçıları olan Leninin, Trotskinin, Lunaçarskinin əsərlərinə istinad etmişdim. Bunlardan bir çoxu hələ də həyatdadırlar və planlı dövlətçilik nəzəriyyəsinin də ifrat tərəfdarları hesab edilirlər.

O zaman Şevkət Sürəyya bəyə düşən vəzifə ya bu adamları mənim anlamadığımı isbat və yaxud da özünün onlardan xəbəri olmadığını və məqalələrinin də yalnız oradan-buradan eşitdikləri  əsasında yazılmış məhsul olduğunu etiraf etmək idi.

Fəqət doqmalar durarkən bu kimi sadə şeylərə baş qoşularmı?

Cavabların mahiyyətinə gəlincə: Yenə təəssüflə söyləmək məcburiyyətindəyəm ki, eyni boşluqla burada da qarşılaşdım. Zatən müəllif başdan-ayağa qədər yalnız şəxsən mənimlə məşğuldur və son məqalələrinin ikisinə başlıq olaraq “Ağaoğlu Əhməd bəylə Hesablaşma” adını vermişdir. Müəllif mənimlə deyil, meydana atdığı mühüm məsələlərlə hesablaşmalı idi. Planlı dövlətin nə olduğunu və necə qurulacağını, belə bir dövlətin yüksək texnologiya və iqtisadi istehsalı necə reallaşdıracağını və necə mənimsəyəcəyini, planlı dövlətin, funksiyasız millətin və hürriyyətsiz fərdin qiymət və yerinin nədən ibarət olacağını, bu gün dövlətimizin istinad etdiyi konstitusiya və parlamentarizm sistemi ilə bu planlı dövlətin qəbulu arasında uyğunlaşma və uzlaşma imkanı olub-olmadığını aydınladıb anladacaqdı.

Fəqət müəllif bu sahələrə yanaşmır belə, çünki: bu sahələr quru ehkamlar və iddialar kimi necə gəldi yanaşılacaq qədər asan və bəsit deyil. Burada bir az bilgi və bir az da tədqiq gərəkdir. 

Zatən müəllif özü bu xüsusdakı zəifliyini etiraf edir.  Formalaşmış müəyyən və açıq fikirləri olmadığını özü söyləyir.

Yazısının bir yerində eynilə deyir ki: “Möhtərəm Əhməd bəydə bütün fikirlər və bütün dəyər ölçüləri artıq qəti formasını almış, tam mənasını tapmış, sanki ehkamlaşmış və ayələşmiş bir mahiyyət aldığı halda, Kadroda bu fikirlər və dəyər ölçüləri içində yaşadığımız milli və beynəlmiləl ictimai hadisələrin zərurət və qanunlarına uyğun bir şəkildə dəyişkən və elastikdir” (Cümhuriyyət, 11 dekabr). İndi bu cümləni söz qələbəliyindən ayırsanız, ifadə etdiyi məna bu olacaq:

Əhməd bəyin fikirləri və dəyər ölçüləri oturuşmuş, açıqlıq qazanmışdır. Halbuki bizim fikirlərimiz və dəyər ölçülərimiz hələ oturuşmamış və açıqlıq qazanmamışdır. Hələ dəyişkən və elastik bir vəziyyətdədir.

Madam ki bu belədir, madam ki hələ oturuşmuş və açıqlıq qazanmış bir fikir mənzuməsinə sahib deyilsiniz, hansı cürət və cəsarətlə türk inqilabı kimi möhtəşəm bir hadisənin ideologiyasını və dövlətin gələcək fundamentini qurmaq təşəbbüsünə girişirsiniz? Möhtərəm müəllif yazı­sının bir yerində məni cəsarətsizlikdə ittiham edir, haqqı vardır. Etiraf edirəm ki, onun göstərdiyi bu cürət və cəsarət mənim həddim deyildir.

Şəxsimə aid yazdığı şeylərdə də eyni cürət və cəsarət müşahidə olunmaqdadır. Mən məsələnin şəxsi sferaya keçməsini arzu etməzdim. Fəqət madam ki “Kadro və inqilab” müəllifi bu sferaya gir­miş, mən də özümü müdafiə etmək məcburiyyətindəyəm.

Yuxarıda da göstərildiyi kimi, müəllif mənim yaşlılığımdan uzun-uzadı bəhs edir və hər nə qədər məqsədinin yaş olmadığını qeyd edirsə də, bu yaşlılıq vasitəsilə fikirlərimin də yaşlaşmış, köhnəlmiş və modasının keçmiş olduğu nəticəsinə gəlir. Bu münasibətlə özünə bir Türk sözünü xatırladım: Türklər deyirlər ki, iş yaşda deyil, başda və ürəkdədir.

Mən elə yaşlılar tanıyıram ki, yetmiş beş yaşında belə ruhlarının bütün canlılığını, qəlblərinin bütün təzəliyini mühafizə etmiş və həyəcanlı, cürətli, ürəkli, yandırıcı və yanan gənc ürək daşımaqdadırlar.

Fəqət elə gənclər də tanıyıram ki, iyirmi beş, otuz yaşında bir əski parçasına dönüblər, cansız, ruhsuz, laqeyd, hər addımlarını ölçən, hər hərəkətini hesablayan, asan həyat, isti kreslo arxasınca qaçan biçarə və avara kölgələr kimi sürünməkdədirlər.

Möhtərəm müəllif necə düşünür? Bunların hansı daha gəncdir? Bu yetmiş beş yaşındakı ixtiyarmı, yoxsa iyirmi beş yaşındakı dəliqanlımı?

Təkrar edirəm, mənim fikirlərim köhnəlmiş ola bilər. Fəqət bunun dəlili mənim yaşımın keçmiş olması deyil.

Mən əvvəlki yazılarımda “İnqilab və Kadro” kitabında inqilabımızın bir tək tərəfdən tədqiq edilmiş olduğunu və bu tərəfin də iqtisaddan ibarət olduğunu qeyd edərək, bu üsulun marksizmə və ümumi tarixi-materializm yoluna xas olduğunu söyləmiş və bu yanlış təqlidçiliyin “İnqilab və Kadro” müəllifini içindən çıxılmaz təzadlara sövq etdiyini uzun dəlillərlə isbat etmişdim; bu dəfə kitab müəllifi mənim fikirlərimin 18-ci və 19-cu əsr mütəfəkkirlərindən alındığını yazaraq guya mənə cavab vermiş olur.

Mən etiraf edirəm ki, bütün bilgilərimi Qərbdən aldım, fəqət bu bilgilərdən özümə məxsus müəyyən və açıq fikirlər və dəyər ölçüləri formalaşdıra bildiyimi də kitab müəllifi özü etiraf və qəbul edir.

İndi soruşuram, “Kadro və İnqilab” sahibi bilgilərini haradan almışdır?

Ona baxılarsa, meydana atdığı fikirləri özündən uydurmuşdur.

Dördüncü məqaləsinin sonlarına doğru kitap müəllifi eynilə belə yazır: “Öz milli inqilabı bütün inqilablar tarixində və tarixi prosesdə bir sıra müstəqil prinsiplər və istiqamətlər seçməyə çalışan, bunu özünə əxlaq və öz nəslinə anlayış sistemi etmək istəyən bir düşüncədə təqlid zərrəsi axtarmaq əsla məqbul deyildi.”

Bax, peyğəmbər tərzi buna deyərlər. Fəqət arada bir yanlış anlama vardır: Yeni bir sistem quraraq tam bir nəsli öz arxasınca aparmaq iddiasında olan şəxs bir dəqiqə əvvəl müəyyən fikirləri və formalaşmış dəyər ölçüləri olmadığını etiraf edir.

Bu necə bir şeydir?

Müəyyən və formalaşmış fikirləri olmayan bir şəxs yeni bir fikir sistemi qurmaq iddiasında necə ola bilər?

Yadıma Sədinin[ii] gözəl bir hekayəsi gəldi. Yaqub peyğəmbərdən soruşmuşlar: “Yusifin köynəyinin qoxusunu ta Misirdən duydun, özünün Kənan kimi yaxın bir yerdə quyu içində olduğunu niyə sezmədin?” Yaqub cavab verir: “Biz peyğəmbərlərin vəziyyəti belədir, bəzən göylərdə gəzərik və bəzən də öz topuqlarımızı görmərik.”

İndi bizim peyğəmbərin sistem dediyi şey nədən ibarətdir? Bu sistem üç kəlmə ilə ifadə edilə bilər: Planlı dövlət, bu dövlətin yüksək texnologiyası, yəni istehsal vasitələrini və iqtisadi yığımları, yəni sərvətləri yaratmaq və mənimsəmək! Budur bu sistemin xülasəsi!

Mən keçən yazılarımda bu sistemin Marksizmə və tarixi materializm məktəbinə xas oldu­ğunu və Kadrocuların bu qədər bəyənmədikləri 19-cu əsrin ta ortalarında qurularaq bizdə mövcud olmayan sinfi mübarizə ilə, sinfi ziddiyyətlərin məhsulu olduğunu uzun dəlillərlə isbat etmişdim. Eyni zamanda bu sistemin bizim inqilabımızla da heç bir əlaqə və münasibəti olmadığını, Türk inqilabını həyata keçirənlərin, inqilabı tək bir iqtisad cəbhəsindən aparmağı əsla düşünmədiklərini, “Kadro” kitabında inqilabımızın siyasi və ictimai cəbhələrinə, məsələn, monarxiyanın ləğvinə, xilafətin ortadan qaldırılmasına, Lozanna sülh müqaviləsinə[iii], hüquq, din, ailə, hərf, dövlət quruluşu və s. kimi sahələrdəki inqilablara bir tək kəlmə ilə belə təmas edilməmiş olduğuna və buna görə də qeyd olunan inqilab ideologiyasının uydurma, başqa yerlərdən gəlmə və bizim ictimai quruluşumuza uymayan cərəyanların bir təqlidçilik əsəri olduğunu izah etmişdim. Bu tənqid qarşısında peyğəmbərcəsinə sistem qurmaq iddiasında olan şəxsə düşən vəzifə, əvvəla, sistemin marksizmlə əlaqəsi olmadığını və ikincisi, ideologiyanın Türk inqilabının siyasi, ictimai, hüquqi sahələrdəki müsbət təzahürlərindən alınmış olduğunu isbat etmək idi! Fəqət möhtərəm müəllif bu cəhətlərə təmas belə etmir, o yalnız doqmalar yağdırır və sistemlər qurur! Nə etsin? Kimsə boyundan yüksək sıçraya bilməz ki!

“Kadro” kitabının üslubunu tənqid edərkən nümunə olaraq bu kitabdan aldığım bu cümləni göstərmişdim: “Şüurlu, fəqət dözümsüz [qeyri-tolerant] quruluş olan inqilab nizamı[nın] içində nəzarətsiz mətbuat sistemi [bu] inqilabın məna və mahiyyətilə tam bir təzad təşkil edər.”

Mən bu cümləni mənasız bir ehkam deyə qəbul etmişdim. İndi “İnqilab və Kadro” müəllifi mənə verdiyi cavabda məni cəsarətsizlikdə ittiham edir.

İkinci məqaləsində eynilə deyir ki: “Fəqət aşkardır ki, buradakı hücum üsluba deyildir. Fikrə yönəldilən hücum cəsarətsizlik dərəcəsinə çatan bir ehtiyatın pərdəsi arxasında bir üslub şəklinə girmiş və guya maskalanmışdır.”

Bunu yazdıqdan sonra gənc Şevkət Sürəyya bəy mənə bir də cəsarət dərsi verərək necə yazmaq lazım gəldiyini öyrədir və məndən qələm və kəlam azadlıqlarının tərəfdarı olduğumu açıqca söyləməyimi tələb edir.

Əvvəla verdiyi cəsarət dərsindən dolayı özünə minnət və şükranımı ərz edirəm.

Onsuz da gənc birinin yaşlı birisinə cəsarət dərsi və nümunəsi verməsi çox təbii deyilmi? Zatən gənclərimizdən də gözlənilən bu deyilmi?

Fəqət gəlin bu cəsarət məsələsini bir qədər dəqiqləşdirək. Mən hürriyyət tərəfdarı olduğumu yazılarımın başından ayağına qədər hər yerində söyləmişdim və bu hürriyyətin nədən ibarət olduğunu da izah edərkən konstitusiyamızda açıqlanan qələm, kəlam və fikir azadlıqlarını da açıq-aşkar qeyd etmişdim. Bu cəhəti möhtərəm müəllif inkar etməz deyə düşünürəm.

O gənc isə hürriyyət əleyhdarıdır. Kitabının bir yerində eynilə belə yazır: “İdeal olan şey fərdlərə hürriyyət vermək deyil, iş tapmaqdır.”

Demək ki, o gənc vətəndaşların şəxsiyyətlərindən, şərəf və ləyaqətlərindən ziyadə mədələrini düşünür. Ona görə, əsas odur insanın qarnı doysun, kölə olsa da olar.

Mən isə tamamilə əksini düşünürəm. Mənə görə, insan ac da olsa, hürr və şərəfli olsun.

Fəqət bu xüsusda daha çox yorulmayacam. Çünki bilirəm ki, hər igidin bir yoğurt yeyişi, hər [insan] təbiətin[in] bir zövqü və hər sənətin də bir gərəyi vardır. Lakin mən hürr olmayan insanların iş sahibi olacaqlarına belə qane deyiləm. Bu fikrimi də yazılarımda açıqca bəyan və isbat etdim.

Fəqət nə bu fikirləri bəyan edərkən özümdə bir qorxu narahatçılığı duydum, nə də “Kadro” sahibinin hürriyyəti inkar etməsini bir qəhrəmanlıq hesab edirəm, çünki: Türk Cümhuriyyətinin konstitusiyası hər ikimizə də sərbəst düşünmək və sərbəst yazmaq haqqını vermişdir. Bundan dolayı məncə, bu haqqı istifadə etmək üçün nə qorxaq, nə də qəhrəman olmaq lazımdır.

Lakin mən hürriyyəti iltizam etdiyim üçün onun nəzərində qorxaqam. Görəsən, müəllif hürriyyəti inkar etdiyi üçün özünü necə qəbul edir?

Faktdır ki, Şevkət Sürəyya bəy hürriyyəti cəmiyyət adına inkar edir. Ona görə, hürriyyət mütləq anarxiyaya aparır və buna görə inqilabı və cəmiyyəti qorumaq üçün hürriyyət fəda edilməlidir.

Gənc müəllif başqa yerlərdən aldığı bu nəzəriyyənin belə yeni və peyğəmbərcəsinə bir icad oldu­ğunu zənn edirsə, aldanır. Çünki bu nəzəriyyə dünya qədər qədim və köhnədir. Ta Pisistratdan[iv] Kaliqulaya[v], XIV Lüdoviqdən[vi] Çar III Aleksandra[vii], Metternixdən[viii] III Napoleona[ix], Əl Hakimi bi Əmrullahdan[x] Əbdülhəmidə[xi] qədər bütün müstəbidlər, istibdad tərəfdarları hər zaman eyni nəğməni eyni tərzdə tərənnüm etmişlər. Həmişə “hürriyyət anarxiya doğurur, anarxiyadan cəmiyyəti qoruyaq” demişdilər.

Halbuki hürriyyətdən anarxiya deyil, nizam və intizam doğar. Anarxiyadan qaçmaq bəhanəsi ilə hürriyyəti inkar edən istibdaddır ki, anarxiya üçün daima zəmin, imkan və ehtimal hazırlayar. Öz-özünü idarə etməyə alışdırılmış və alışmış olan cəmiyyətlər anarxiyaya meydan verməzlər. Azadlıqlardan məhrum cəmiyyətlərdə anarxiya daima kül altında saxlanan atəş kimi parlamağa hazırdır.

Bu sahədə belə gənc müəllif ilhamını başqa və xarici inqilablardan almışdır.

Baxın, Türk inqilabının ən yüksək və ən səlahiyyətli şəxsiyyəti bu məsələ haqqında nə deyir: “Hürriyyətə qarşı qoyula biləcək yeganə silah yenə hürriyyətdir.” Türk inqilabının ali rəhbərinin bu ifadəsi tam bir dövlət, bir əxlaq və bir vətəndaşlıq fəlsəfəsinin xülasəsidir.

“Kadro” müəllifi başqa inqilablardan ilham alaraq deyir ki: İnqilab və cəmiyyət üçün hürriyyət boğulmalıdır. Mən inqilabımızın ruhuna əsaslanaraq deyirəm ki: İnqilab və cəmiyyət üçün hürriyyət qorunmalıdır.

Bu necə edilə bilər?

Bəli, bu bir işdir. Həm də böyük bir işdir. Fəqət nə qədər böyük olsa da mütləq həyata keçirilməlidir.

İdarəçilik bir sənətdir. Və məncə, sənətlərin ən incəsi ən zərifidir. Kölələrdən ibarət sürüləri idarə etmək hər kişinin işidir, hürlərdən ibarət əfəndiləri idarə etmək ər kişinin işidir. 

Türk kəndlisinin əfəndi olduğunu elan edən bir inqilab heyətinin bu ər kişilərdən olduqlarına və hər işdə olduğu kimi bu incə və zərif sənətin də altından çıxacaqlarına və hətta çıxmaqda olduqlarına inanıram.

Anlaşılır ki, “Kadro” sahibinin yaddaşı da qısadır. İkinci məqaləsində məni qorxaqlıqla ittiham edən şəxs altıncı məqaləsində məni hürriyyət qəhrəmanlığı rolunu oynamaqda ittiham edir. Bu məqalədə eynilə deyir ki: “Ağaoğlu Əhməd bəy şübhəli anlarda demokratiya aşiqliyini, fərdin müqəddəs haqlarını zalımlara qarşı müdafiə edən bir hürriyyət qəhrəmanı ədası ilə və zərərli bir insansevərlik pərdəsi arxasında gizlənərək həyata keçirir.” 

Yenə müəllifi əmin edirəm ki, mən onun fikirlərini tənqid etməyə başlayarkən qəhrəmanlıq etmək kimi bir şey əsla ağlıma gəlməmişdir. Əgər özü vəhmə qapılmış və yaxud div güzgüsünə baxmağı adət etmişsə, özünü müalicə etdirməsini və bu zərərli adəti tərgitməsini tövsiyə edirəm, çünki gənc çağında özünü çox çirkin və gülünc göstərir. Əgər Şevkət Sürəyya bəyin inqilabımıza əsla uymayan fikirlərini Türk Cümhuriyyətində tənqid etmək bir qəhrəmanlıq sayılacaqsa, artıq uzanıb ölməkdən başqa çarə qalmamış deməkdir. Fəqət şükür ki, hələ bu vəziyyətə gəlmədik.

Hürriyyət üçün həyata keçirilmiş bu inqilab, bu inqilabın vücuda gətirmiş olduğu konstitusiya və konstitusiyanın Türk vətəndaşlarına təmin etdiyi hüquq və azadlıqlar vardır ki, meydanda da dim-dik durur. Və bunlar durduqca hər bir türk vətəndaşı hər bir fikri tənqid və münaqişə etmək səlahiyyətinə sahib olacaq və bu səlahiyyəti istifadə edərkən də bir qəhrəmanlıq edirəm kimi vəhşi və ibtidai bir hissə qapılmayacaq. Qəhrəmanlıqmı?

Kimə və nəyə qarşı?

Qəhrəmanlıq cümhuriyyəti qurmaq idi. Cümhuriyyət qurulmuşdur. Cümhuriyyət içində isə artıq hürriyyət üçün qəhrəmanlığa yer qalmamışdır.

“Kadro” sahibi bunu beləcə bilsin və bundan sonra kimsəyə nə qorxaqlıq, nə də qəhrəmanlıq iftira etməsin.

*

Əvvəlki yazılarımda mən demişdim ki, “Kadro”da milliyyət[xii] haqqında açıq bir fikrə təsadüf etmədim. Fəqət – qeyd olunan nəzəriyyədən anlaşılır ki – Kadrocuların fikrincə, millət deyilən varlıq dövlət adını daşıyan, fəqət şəxsiyyəti və hüdudu bəlli olmayan, sanki mistik bir mahiyyət alan bir təsəvvürün içində əriyən, silinən və hər cür funksiyadan məhrum edilən bir kölgədən ibarətdir. Bu dəfə “İnqilab və Kadro” sahibi millət haqqındakı fikrini aydınlaşdırır. Yeddinci məqaləsində deyir ki, “həqiqi mənası ilə milləti tapa bilmək üçün bu millətləşmə prosesini tam bir iqtisadi müqəddərat birliyinə qədər götürmək şərtdir.”

Və bu “iqtisadi birlik müqəddəratına qədər” götürmək üçün də Kadrocular fərdi və milləti silir, bütün istehsal vasitələrilə sərvət yığımlarını “Dövlət” dedikləri, millətin xaricində və millətin üstündəki mistik bir varlığa təslim edirlər!

Qəbul edək ki, o tərifdən bu nəticəni çıxarmaq çox təbii və çox məntiqidir. Fəqət Kadrocuların həm o tərifi və həm də bu nəticəni orijinal və özlərinə xas deyə iddia etmələri çox qəribə və gülüncdür. Çünki həm tərif və həm də alınan nəticə ta Lassal dövründən qalma “tarixi materializm“ nəzəriyyəsinin milli miqyasa uyğunlaşdırılmasından başqa bir şey deyildir. Həqiqətən bugün bu sistem “Avtarkiya” adını almışdır; fəqət əsaslar yenə eynidir.

O halda kitab müəllifinin bu tərif və nəticənin sırf Türk inqilabının gedişi və mahiyyətindən alınmış olduğunu iddia etməsinə nə ad verilir? Bu şəkildə “Kadro və İnqilab” müəllifi tarixi materializm çıxış nöqtəsindən hərəkət edərək son dərəcə təbii və məntiqi olaraq millət məfhumunda əsas olaraq yalnız iqtisadiyyatı görür. Mən də iddia edirəm ki, bu görüş bir tərəfdən tarixin inkişafına tamamilə zidd olduğu kimi, digər tərəfdən də milliyyəti tamamən inkar deməkdir.

Tarixən nə görürük?

Bütün tarixə hakim olan və hətta dövlət həyatının digər qismləri üzərinə də dərin təsirlər icra etməkdən kənar qalmayan bir hadisə daima müşahidə edilmişdir. Bu hadisə milli təmərküz hadisəsidir. Eyni antropoloji əcdada mənsub olan, eyni dildə danışan, eyni ortaq mədəniyyətə sahib olan hissələr daim birləşməyə doğru addımlamaqdadırlar, burada sanki bir zümrəyə mənsub olan atomlar arasındakı cazibə hadisəsi cərəyan etməkdədir. Necə ki atomlar bir-birlərini cəlb edərək müəyyən bir zümrəni təşkil etməkdədirlər. O şəkildə də eyni irqə mənsub olanlar, eyni dili danışanlar, eyni mədəniyyəti daşıyanlar arasında qarşılıqlı cazibə baş verməkdədir. Bu hadisə qarşısıalınmaz və gec-tez birliyi təmin edən bir gücdür.

Fransa, İngiltərə kimi XIX əsrə qədər təşəkkül etmiş olan millətlər bir kənara qoyularsa, təkcə XX əsr ərzində alman, italyan, yunan, bolqar, serb, rumın birlikləri meydana gəldi. Müharibə [Birinci Dünya Müharibəsi –tər.] sonunda isə milli hərəkatlar daha da gücləndi. Polşa əvvəlki milli birliyini əldə etdi, İrlandiya, Misir, Çexoslovakiya, Ərəbistan, Finlandiya, Estoniya, Litva milli istiqlala nail oldular. İddia edilə bilər ki, bugün milli birlik yolunda addımlamayan bir tək mədəni ünsür qalmamışdır. Hindistan, Ukrayna, Orta Asiya Türk ölkələri hamısı o yol üzərində çırpınırlar.

İndi bunları birliyə sövq edən o qüdrətli cazibə nədir? İş əgər yalnız mədə və iqtisadiyyata qalmış olsaydı, bu hadisələrin heç birinin olma­ması lazım gələrdi! İrlandiyada York şəhərinin bələdiyyə rəisinin 60 gün ingilis həbsxanasında ac qalıb nəhayət özünü öldürməyə[xiii] və yenə həmin İrlandiyada 10-15 yaşındakı məktəb qızlarının öz saçlarını sataraq milli hərəkata yardım təmin etməyə, I Napoleona sui-qəsd edən alman gəncinə[xiv] qurtulmaq üçün peşmanlıq bildirməsi təklif edilərkən “qurtulduğum gün yenə millətimə qəsd edən zalımı öldürməyə çalışacağam” deməyə, padşahın yavəri qismində əla rifah, istirahət  və bolluq içində yaşamaq imkanı varkən Mustafa Kamalı əzilmiş, qırılmış, xarabaya çevrilmiş Anadoluya, gələcəyi məchul və minbir iztirablar, məşəqqətlər və təhlükələr ilə dolu bu təşəbbüsə atılmağa sövq edən nədir?

Tarix səhifələrini bəzəyən bu kimi eşq və fədakarlıq hadisələri bir mədə məsələsidirmi? Belə bir iddiada ola bilmək üçün bilmirəm ki, nə baş verməlidir?

Hərçənd deyilə bilər ki, bütün bu saydığınız nümunələr fərdlərə aiddir. Biz məsələni xalqlar miqyasında mütaliə edirik.

İndi də gələk xalqlara:

Soruşuram: Finlandiya, Estoniya, Litva üçün qəyyum Rusiya ilə birlikdə yaşamaq, onun himayə vasitələrindən istifadə etməkmi daha faydalıdır, yoxsa məhdud bir dairə içində sıxılaraq minbir çətinliklə dolanmaqmı?

Eyni hal Polşa, Çexoslavakiya, İrlandiya və s. üçün də keçərlidir. Fəqət gedin bu millətlərə yenidən Avstriya, Rusiya, İngiltərə hakimiyyəti altına girmələrini təklif edin. Qəbul edərlərmi düşünürsünüz?

Həqiqətən müharibə sonunda bəzi millətlər zədələndilər. Almaniya, Macarıstan, Bolqarıstan və Türkiyə kimi. Versal konfransının əsl səhvi də milli hərəkatların daxili gücünü nəzərə almamasıdır. Qərb bəşəriyyətinin bugün məruz qaldığı keşməkeşlərin, iztirabların, çətinliklərin ən mühüm qismi bu səhv üzündəndir.

Bununla bərabər, diqqət edilməlidir ki, bu dəhşətli müharibədən sonra belə heç bir millət silinə bilmədi. Halbuki 100 il əvvəl Napoleon arzusuna və istəyinə görə millətlərin müqəddəratı ilə oynayırdı. Bu dəfə isə məğlubiyyətin ağır vəziyyətinə, qaliblərin hiddət və əzəmətlərinə rəğmən milləti kökündən məhv etmək fikrinə düşə bilmədilər.

Heç şübhə etmirəm ki, zədələnmiş olan millətlər belə az-çox yaxın zamanlarda əvvəlki vəhdətlərini əldə edəcəklər. Çünki yuxarıda qeyd etdiyimiz bu “milli birləşmə” qanunu ümumidir, bəşəridir, müqəddəratdır.

Bu qanun mədəyə bağlandığı dəqiqə hər cür məna və anlayışını itirər. Heç şübhə yoxdur ki, formalaşmış bir millət iqtisadi cəhətdən nə qədər inkişaf edərsə, o qədər də gücü artar, o qədər öz varlığını, öz mədəniyyətini müdafiəyə qadir olar və eyni dərəcədə fərdləri arasında iş bölgüsü inkişaf edər və iş bölgüsünün inkişafı qədər ictimai birlik artar. Bütün bunları əvvəlki yazılarımızda uzun-uzadı izah etmişdik.

Fəqət millətin formalaşma prosesində başlıca amil iqtisadiyyat deyil, irq, dil və mədəniyyət birliyidir və bu birlikdən doğan “cazibə” qanunudur.

İqtisad düşüncəsi daha çox kosmopolitizmə və qeyri-milli hərəkətlərə gətirib çıxarır, zira madam ki məqsəd yaxşı yaşamaq, mürəffəh olmaqdır, bu yaxşı yaşamağı və rifahı kim təmin edərsə, onunla birləşmək təbii olmazmı? Məsələn kim inkar edə bilər ki, ingilislərin Misirə gəlmələri Misir əhalisinin maddi rifahının yüksəlməsinə səbəb olmuşdur. Əgər iş yalnız mədəyə qalmış olsaydı, Misirdə heç bir milli hərəkatın olmaması lazım gələrdi. Halbuki vəziyyət tamamilə əksinədir.

Bax buna görə “Kadro”nun ilham aldığı “marksizm” və “tarixi materializm” nəzəriyyəsini qəbul edənlər nəzəriyyənin son nəticələrini də qəbul etmişlərdir və milliyyəti inkar edərək “vətənim dün­ya, millətim bəşəriyyətdir” şüarını mənimsəmişlər.

İctimai və iqtisadi mövzulardan bəhs edən “Kadro və inqilab” müəllifinin son iki məqaləsi bütünlüklə romantik və mistikdir. Möhtərəm müəllif deyir ki: “Ağaoğlu üçün əsas olan bilinən örnəklər, baş vermiş hadisələrdir. “Kadro”nun müdafiə etdiyi milli iqtisad rejimi isə hələ heç bir yerdə örnəyi olmayan, yəni baş verməmiş bir şeydir. Bundan dolayı Ağaoğlunun faktların və hadisələrin önündə gedən deyil, ancaq arxasınca gəlməyə alışan təfəkkür tərzi bu misilsiz və örnəksiz dövlət sistemini idrak etməyə qabil deyil.”

Cavabın bu son sətirlərinə, türkcələşdirmək şərtilə, mən də imza ataram. Həqiqətən, “Kadro”nun müdafiə etdiyi sistem dünyada örnəyi olmayan, anlaşılmaz, qəribəliklərlə dolu bir şeydir. Bundan dolayı hadisələr və faktların önündə gedən misilsiz və örnəksiz, məchul və anlaşılmaz bu sistemi Ağaoğlunun təfəkkürü təbiəti etibarilə qavraya bilməz.

Zavallı Ağaoğlu bəzən anlamış kimi olur. Və öz-özünə deyir ki: “Kadro müəllifi bütün istehsal vasitələrilə iqtisadi yığımların dövlətə aid olmasını tələb edir. Elə isə bu şəxs marksistdir və təklif etdiyi sistem də əvvəldən çeynənə-çeynənə köhnəlmiş marksizmdən başqa bir şey deyildir.”

Fəqət Ağaoğlu bu məntiqi nəticəyə gəlmək üzərəykən “Kadro” sahibi önünə çıxır və əzəmətli bir tövrlə: “Əfəndi, nə deyirsən, Marks kimdir ki! Mən tamamilə bambaşqa yeni və örnəyi olmayan bir sistem təklif edirəm.”

Heyrət içində qalan Ağaoğlu soruşur: “Yaxşı, bu yeni və örnəyi olmayan sistem nədən ibarətdir, izah edin.”

“Kadro və İnqilab” müəllifi yenə əzəmətli bir tövrlə: “bizə görə, inqilab quruluşunun hüquq və dövlət tərzini ancaq bizə xas olan, yəni misilsiz və örnəksiz olan prinsiplər sistemi şəklində tətbiq etməyə çalışmaq əşyanın təbiətinə tamamilə uyğundur.”

Ağaoğlu yenə heyrətlər içində deyir ki: “Aman əfəndim, nə yaxşı ki inqilabı həyata keçirənlər sizi gözləməyiblər. Həyata keçirdikləri inqilab nizamının hüquq və dövlət tərzini sizdən əvvəl təsbit və təyin ediblər. Əsas hüquqları konstitusiya ilə təsbit edərkən digər hüquqları da örnək olaraq İsveçrədən, İtaliyadan və Almaniyadan almışlar. Dövlət tərzinə gəlincə, onu da demokratiya örnəyi olaraq xalqçı cümhuriyyət şəklində təyin etmişlər. Gəlin deyək ki, siz bunları bəyənmirsiniz, ifadə etdiyiniz kimi müharibədən sonra misilsiz və örnəksiz bir forma vermək istəyirsiniz, heç olmazsa bu şəkli müəyyənləşdirərsinizmi?

Kitab müəllifi tərəddüt etmədən “müharibə sonu bütün inkişaf etmiş cəmiyyətlərdə bir sıra struktur dəyişiklikləri, köklü dəyişikliklər oldu; fikirlər dəyişdi; buna görə biz də bu cəmiyyətlərlə həmahəng olaraq irəliləməliyik.”

Ağaoğlu: “Zəhmət olmasa bu dəyişikliklərin, bu ye­ni fikirlərin nədən ibarət olduğunu söyləyərsinizmi?”

Kitab müəllifi: — “İmkanı yoxdur əfəndim, çünki bütün bunlar “təşəkkül” vəziyyətindədirlər, haqlarında müəyyən və açıq bir fikir əldə etmək imkansızdır. Hər şey dəyişkən, elastik, dinamik bir vəziyyətdə addımlamaqdadır. Buna görə biz də addımlamalıyıq.”

Ağaoğlu: — “Haraya və nə üçün?”

“Kadro” sahibi — “Orasını bilmirəm, fəqət, hələlik yüksək texnologiya və istehsal vasitələrilə iqtisadi yığımlar dövlətin əlinə keçməlidir.”

Bax, Əhməd bəyi heyrətlər içinə soxan və heç bir şey anlaya bilməyəcək qədər çaşqın bir hala gətirən vəziyyət…

Mən yazılarımda daima bunları irəli sürmüşdüm. Dövlət mahiyyəti etibarilə dövlətçidir. İctimai quruluşa müdaxilə edərək meydana çıxmış olan təzadları ortadan qaldırmaq və ahəngi təmin etmək onun əsas vəzifəsidir.

Fəqət eyni zamanda bunu da əlavə etmişdim ki, tarixən dövlətlə yaranan fərd hürriyyət sayəsində və öz əməyilə təzadların ortaya çıxmasına səbəb olur və buna görə fərd yüksəldikcə və inkişaf etdikcə təzadlar çoxalır və nəticədə dövlətin müdaxiləsi və funksiyaları da eyni nisbətdə artır.

İndi mənim bu fikrimə cavab olaraq kitab müəllifi deyir ki: “Dövlət hər zaman cəmiyyət həyatına müdaxilə etmiş, fəqət heç bir zaman cəmiyyətə yeni bir forma vermək mübarizəsini üzərinə almamışdır. Halbuki biz dövlətə bu qurucu, təşkilatlandırıcı və millət hesabına mülk əldə etmə vəzifəsini veririk.”

Zatən əsl mübarizəmiz də bunun üçün deyilmi? İndi bu ehkamı təkrar etməklə bizə cavab verildiyimi düşünülür?

Biz bu ehkamı təhlil edərkən demişdik ki, Kadroculara görə, dövlət millətin üstündə və millətin xaricində mücərrəd və mistik bir varlıqdır. Bu mücərrəd və mistik varlıq onlara görə, həm qurucu, həm təşkilatlandırıcı, həm də mənimsəyəndir. Bu dövlət anlayışı sırf kommunist və marksist anlayışıdır. Bu anlayışa görə, millət silinir, ortadan qalxır, boş və yararsız bir vəziyyətə gətirilir. Onun yerinə nədən ibarət olduğu məlum olmayan bir dövlət məfhumu keçirilir. Hal­buki həyatda millətin əsas olması, dövləti quran, dövlətə forma verən, dövlətin fuksiyalarını müəyyən edənin millət olduğu açıq-aşkar bir həqiqətdir.

“Kadro” kitabı müəllifi bizim bu düşüncələrimizi rədd edəcək və örnəksiz, misilsiz fikirlərini təsdiq edəcək izahat yerinə ehkamı eynilə təkrarlamaqla kifayətlənir.

Bununla da qalmır. Daha yüksək bacarıqlar göstərir. Bu bacarıqlardan ikisi üzərində durmağı lü­zumlu gördüm. Məni oxuyanlar xatırlayarlar ki, mən yazılarım­da Şevkət Sürəyya bəyin ilham aldığı mənbələrə istinad edərək, məsələn, bəzi sosialist və kommunist müəlliflərinin əsərlərini göstərmişdim.

İndi buna cavab olaraq bu şəxs belə yazır: “Bu yazılar bizə bir bəyaz Rus[xv]  kitabın­dan iqtibas edilmiş bəzi parçalar kimi gəldi.”

Qələminə hörmət edən dürüst bir gəncə bu cümlə yaraşmaz. Mən göstərdiyim əsərlərin adlarını və müəlliflərini açıqca qeyd etmişdim. Əvvəla, istinad etdiyim əsərlər yalnız Rus inqilabçılarına aid deyildir. Məşhur alman mütəfəkkirlərinin əsərləri də göstərilmişdir. İkincisi, madam ki “Kadro” sa­hibi özü “Rus inqilabını yaxından görmüş və liderləri ilə yaxından tanış olmaq fürsətinə nail olduğu­nu” yazır; o halda mənim istinad etdiyim əsərləri tədqiq etmək özü üçün mümkün imiş. Bunu etməyib də necə gəldi bəyaz Rus kitabından bəhs etmək özünə hörmət edən dürüst bir qələmə yaraşmaz.

İkinci bacarıq daha bərbaddır.

“Kadro” müəllifi sonuncu məqaləsinin son qismində mənim Sərbəst Firqəyə[xvi] mənsub olduğumu xatırladır. Oxuyucular xatırlayarlar ki, mən “Kadro və İnqilab”  müəllifinin “Kadronun irəli sürdüyü inqilab ideologiyasının prinsiplərinə hər kəs istər-istəməz tabe olacaq” mənasındakı yazısını tənqid edərək bu iddianı gülünc görmüş və demişdim ki:

“İnqilabçı Türkiyədə hər inqilabçı dövlətçi və Kamalistdir. Kadrocuların bu üç xüsusiyyəti mənimsəmək, inhisar altına almaq və onlara verdikləri məna və məfhumu hər kəsə istər-istəməz qəbul etdirmək iddiasında olmaları gülünc və əbəsdir.

İndi kitab müəllifi buna cavab olaraq Sərbəst Firqəni xatırlamaqla demək istəyir ki, mən inqilabçı, dövlətçi və Kamalist olsaydım, Sərbəst Firqəyə getməzdim.

Əxlaq baxımından çox pis olan bu lətifəyə cavabım budur: “Mən Sərbəst Firqəyə inqilabçı, demokrat, liberal dövlətçi və Kamalist olaraq keçdim. Çünki inqilabın ta ilk günlərindən inqilab liderlərinin sırasında çalışmış, inqilab mətbuatını illərlə idarə etmiş, inqilabın rəsmi organının başında illərlə olmuş, inqilab firqəsinin ilk nizamnaməsini qələmə almış və müdafiə et­miş, konstitusiyanın yazılmasında iştirak  etmiş, inqilab firqəsinin səkkiz il millət vəkili statusunu daşımış, inqilab firqəsi qrupunun idarə heyətində olmuş bir adam kimi deyirəm ki: Mən Sərbəst Firqə qurulduğu zamana qədər Cümhuriyyət Xalq Firqəsinin tamamilə liberal, demok­rat və mənim qədər dövlətçi bir firqə olduğu qənaatində idim. Buna görə məndə dəyişmiş heç bir şey yoxdur. Bunu da əlavə etmək istəyirəm ki, mən inqilab firqəsinə inqilab məhkəməsi koridorlarından keçərək sığınmadım və bugün belə bu qənaətdəyəm ki, Cümhuriyyət Xalq Firqəsinin dövlətçiliyi mənim dövlətçilik haqqındakı anlayış tərzimə “Kadro”nun anlayışından qat-qat yaxındır, daha münasibdir.

Mənə verilən cavabları mütaliə edərkən yeni bir fikir sistemi qurmaq iddiasında olan şəxsin iftira və təhrif yoluna girmiş olduğunu da təəssüflə müşahidə etdim. Gənc müəllif birinci məqaləsinin bir yerində eynilə deyir ki: “Əhməd bəyə görə, müharibə sonu Avropanın fik­ri mənzərəsi əvvəla bir irticadır.”

Mən belə bir fikir bəyan etmədim və ağlıma belə gətirmədim, əksinə: Mənim yazılarımı oxuyanlar da təsdiq edərlər ki, mən iddialarımı bəşəriyyətdəki təkamül prosesinə bağlayır və xüsusilə “dövlətçilik” haqqındakı nəzəriyyələrin bu təkamül prosesi ilə dərindən əlaqəli olduğu qənaətini daşıyıram.

On dörd məqaləmdən tam yeddisi bu mövzuya həsr edilmişdir. “Şərq və Qərb” ünvanlı beşinci məqaləmdə Şərqin geriləməsini istibdadın təsiri ilə şərqin durğunluğunda, Qərbin irəliləməsini də hürriyyətin təsiri ilə Qərbin təkamülündə aramış və Qərbin təkamül prosesini izah etmişdim.

“Bəsitdən Mürəkkəbə, Sürüdən Milliyyətə” ünvanlı altıncı məqaləmdə sürü halında yaşayan ibtidai insan birliklərinin nə kimi təkamül mərhələlərindən keçərək bugünkü inkişaf etmiş millətlər formasını almış olduqlarını və bu dəyişikliklər əsnasında fərdi əməyin rolunu göstərməyə çalışmışdım.

“İctimai Ziddiyyətlər” ünvanını daşıyan yeddinci məqaləmdə cəmiyyətlərin inkişafı ilə bərabər ictimai təzadların doğuşu tərzlərini və bu təzadları ortadan qaldıraraq ahəng və nizamı təmin etmək üçün dövlətlərin müdaxilə etmək məcburiyyətində qaldıqlarını, fəqət istər ictimai inkişafda, istərsə də təzadların doğmasında ən mühüm amilin fərdi əmək olduğunu isbat edirəm.

“Müasir Dövlət Səlahiyyətlərinin Genişləməsi” ünvanını daşıyan səkkizinci məqaləmdə maksimum dərəcədə mürəkkəbləşmiş və strukturlaşmış olan  müasir cəmiyyət həyatının meydana çıxardığı təzadların maksimum dərəcədə mürəkkəb və qarışıq olduğundan dövlət müdaxiləsinin də eyni nisbətdə artmış olduğuna və bu təzadların başında “əmək ilə kapital” və “sinif” təzadlarının olduğunu izaha çalışdım.

“Dünya Müharibəsinin təsiri və Müxtəlif Dövlətçilik Tərzləri” ünvanlı doqquzuncu məqaləmdə isə müharibə sonu hərəkatlarından bəhs edərək dövlətçilik məsələsinin ayrı-ayrı mühitlərdə ayrı-ayrı formalar al­dığını bəyan etmişdim.

“Fənn, Texnologiya və İş Fəziləti” başlığını daşıyan on ikinci məqaləmdə də hər cəmiyyətdə dövlət müdaxiləsi dərəcəsinin o cəmiyyətin inkişaf dərəcəsi ilə əlaqədar olduğunu və “Fənn, Texnologiya və İş Fəzi­ləti” inkişaf etməmiş olan mühitlərdə geniş miqyasda dövlət müdaxiləsinin imkanı olmadığını is­bata çalışdım.

Və nəhayət “Diqqətəlayiq Bir Polemika” başlığını daşıyan 13-cü məqaləmdə yuxarıda sıraladığım fikirlərimi təsdiq üçün bugün ən geniş dövlətçilik sistemini gərəkli görən səlahiyyəli şəxslər arasında bu xüsusa aid cərəyan edən münaqişələri göstərdim.

İstər bu məqalələrimdən, istərsə də “Kadro” sahibinin inqilabımız haqqında yazdığı ideologiyaya dair yazdığım məqalələrdən çıxardığım nəticələr bunlardır:

  1. Bu ideologiyanın bizim inqilabımızla əlaqə və münasibəti yoxdur.
  2. Bizdə nə toplanmış kapital, nə də kütləviləşmiş əmək var. Buna görə Avropa cəmiyyətlərində ictimai təzadları doğuran və geniş miqyasda dövlətin müdaxiləsini vacib edən sinif mübarizəsi də yoxdur.
  3. Bizdə fənn, texnolgiya və iş fəziləti (əxlaqı) inkişaf etmədiyindən dövlətin geniş miqyasda müdaxiləsi həm qeyri-mümkündür, həm də bu amillərin bilavasitə doğmalarına mane olar.
  4. Bizdə dövlət yalnız fərdin edə bilmədiklərini üzərinə almalı və qalanını fərdi əməyə tərk etməlidir, çünki yalnız bu yolla digər cəmiyyətlər inkişaf edə bilmişlər.

İndi “Kadro” sahibinə düşən vəzifə mənim bu tezislərimi bir-bir alıb rədd etmək idi. Halbuki yazılarını oxuyun: bu tezislərə uzaqdan belə yanaşmır. Dövlət, fərd, sinif təzadlarının doğuş tərzi, kapital və əmək, müasir cəmiyyətlərin təkamül prosesi, dövlətçilik hərəkatının inkişafı və son formaları onu maraqlandırmır belə: bunların yerinə möhtərəm müəllif şəxsiyyətlə, iftira və təhriflə məşğuldur.

İftiranın nə olduğunu söylədik.

Təhrif daha bərbaddır.

“Kadro və İnqilab” müəllifi kitabında demokratiyadan bəhs edərkən deyir ki: “Cəmiyyət içində fərdə sanki onu cəmiyyətdən ayıran bir hürriyyət vermək deyil, dünya üzərində millətə haqq və fərdə bu hürr millət içində iş və vəzifə vermək idealdır.”

Başqa sözlə “Kadro” sahibinə görə, ideal fərdin hürr olması deyil, dünya üzərində millətin haqq sahibi [olması]  və fərdlərin də iş tapmasıdır!

Mən əvvəlki yazılarımda bu cümləni təhlil edərək cümlənin bir söz spekulyasiyasından başqa bir şey olmadığını, hürriyyətin fərdləri cəmiyyətdən ayırmadığını və əksinə olaraq onunla cəmiyyət arasında qırılmaz bir birlik şəbəkəsi yaratdığını, hürriyyətdən məhrum fərdlərdən mürəkkəb bir cəmiyyətin nə hürr ola biləcəyini, nə də dünyada haqq qazana biləcəyini və elə bir fərdin də heç bir iş sahibi olmayacağını dəlillər ilə isbat etmişdim.

Bu dəlillərimi rədd etməkdən aciz qalan “Kadro” sa­hibi mənim bir cümləmi alaraq və başdan – sona qədər təhrif edərək iki sütunluq xitabnamə ilə ümumi fikrimi yanıltmağa çalışır.

Mənim yazdığım cümlə bu idi: (Cümhuriyyət, 17 noyabr) “sanki klassik demokratiyalar dünyada millətə haqq vermirlərmiş! Sanki İngiltərə, Fransa, Amerika, İsveçrə, Skandinaviya və s. kimi demokratik dövlətlər dünya üzərində millətlərinə haqq vermirlərmiş.”

“Kadro” sahibinin qələmində bu cümlə bu şəklə düşür:

“Sanki klassik demokratiyalar; İngiltərə, Fransa, Amerika və s. kimi demokratik millətlər dünya üzərində millətləri haqdan məhrum edirlərmi?”

Bu şəkildə mənim cümləmdəki “millətə” və “millətlərini” kəlmələri “Kadro” sahibinin qələmində “millətləri” şəklini almış və “edirlərmiş” kəlməsi də “edirlər”ə çevrilmiş!

Bu təhrif cümlənin tamamilə mənasını dəyişdirir. Əsl cümlənin mənası budur: “Kadrocuların idealı fərdə hürriyyət vermək deyil; millətə dünya üzərində haqq və fərdə də iş və vəzifə verməkdir. Sanki İngiltərə, Fransa, Amerika, İsveçrə, Skandinaviya və s. bu kimi fərdlərə hürriyyət verən demokratik dövlətlər öz millətlərinə dünya üzərində haqq vermirlərmiş.”

Halbuki cümlənin təhrif edilmiş olan şəklində bu məna tamamilə dəyişir və bu şəkli alır:

“Fransa, İngiltərə, Amerika və s. kimi dövlətlər ümumi olaraq millətlərə haqq vermirlərmi?”

Diqqətəlayiq digər bir nöqtə daha var: Mənim cümləmdə adları çəkilən dövlətlər ara­sında bir də İsveçrə və Skandinaviya dövlətləri vardır. Təhrif olunan cümlədə bu adlar qəsdən çıxarılıb. Bunun səbəbi indi anlaşılacaq.

Bu şəkildə cümləmi başdan-ayağa qədər təhrif etdikdən sonra gənc və atəşin “Kadro” sahibi mənə qarşı iki sütunluq bir atəş yağmuru yağdırır! Gəncin vətənpərvərlik hissi qabarmış!

Baxın nələr deyir:

“İngiltərə, Fransa və s. kimi demokrat dövlətlər millətləri haqlarından məhrummu edirlər? Nə deməkdir Əhməd bəy? Bunu necə söyləyirsiniz? Buna necə diliniz gəlir? Əlbəttə məhrum edirlər. Məhrum etdikləri üçün dünyada bir milli qurtuluş hərəkatı vardır. Məhrum etdikləri üçün Türkiyə bir inqilab içindədir….

Bəli möhtərəm Ağaoğlu Əhməd bəy! Klassik demokratiyalar, bu bir-bir saydığınız demokrat dövlətlər dünya üzərində millətə haqq vermirlər. İngiltərə, Fransa və s. saydığınız dövlətlər, dünya üzərində millətləri haqdan məhrum edirlər…

Avropa küçələrində hürriyyət, rəqabət, mətbuat, parlament, falan və filan o sizin qibtə etdiyiniz şəkildə və yolunda gedirsə, bu, Hindistanda, Çində və dünyanın digər dörd bir yanında yüz milyonlarla fərdin və yüzlərlə millətin bütün müqəddəs haqlarından və bilavasitə demokratiyanın yaşaması üçün məhrum edilişindədir.

Möhtərəm Əhməd bəy!

Milli həyatımızın inkişafında müdaxiləniz və Dünya Müharibəsi gəncliyinin tərbiyəsində əliniz və əməyiniz vardır. Biz o zaman sizin hər sözünüzdə “milli” anlayışının damğasını sezdik, fəqət indi niyə misallarınız və işarələriniz, xüsusilə qeyri-milli görünür? Sizə hörmətdə qüsur etməyi öz vicdanımız üçün bir eyib bilərik. Fəqət gənc nəslin inanmaq və öz vətənini xarici nümunələrə görə deyil, öz anlayışlarına görə qurmaq məfkurəsinə siz də bir az hörmət edin…”

İndi mənim cümləmdən “İsveçrə və Skandinaviya” kəlmələrinin niyə çıxarıldıqlarını anla­dınızmı? Bu demokrat ölkələr müstəmləkə sahibi deyillər. Halbuki gənc müəllifə müstəmləkə sahibi dövlətlər lazımdır ki, o uzun tiradanı yaza bilsin!

Tam iki sütun davam edən bu atəşin xitabnaməni oxuyarkən – xəyalımda – əlində təhrif edilmiş bir sənədi kəskin bir yalan kimi sağa, sola sal­layan və saxta bir sənəd üzərinə iddia qaldırmış bir vəkilin aldığı gurultulu, nümayişkaranə davranışlar ilə açıq qapını zorla açmağa çalışan bir gənc təsəvvür etdim və öz-özümə:

Ah! Mənə cəsarət dərsi verən gənc! – deyə acıdım!

Sanki mən müstəmləkəçiliyi dəstəkləyirmişəm; sanki mən müstəmləkə sahiblərinin müstəmləkələrdəki əhaliyə haqq və hürriyyət verdiklərini iddia edirmişəm! Bu xüsusa aid fikirlərimi öyrənmək istəyənlər iki il əvvəl nəşr etdirdiyim “İngiltərə və Hindistan” adlı əsərimə baxsınlar.

Başqalarına daşımadıqları fikirləri aid etmək, sonra da o fikri qəhrəman ədaları ilə rədd etməyə çalışmaq həm gülüncdür, həm də qeyri-əxlaqi olsa gərək! Bu bərbad yola girmiş olan gəncə bunu da söyləyim ki, mən əsasən kimsənin kimsəyə haqq və hürriyyət verdiğini bilmirəm və zatən bəxş edilmiş olan haqq və hürriyyətə də əsla dəyər vermərəm!

Fransızların, ingilislərin, amerikalıların haqq sahibi, hürr millətlər olduqlarını əlbəttə ki bizim gəncimiz də inkar edə bilməz. Bu millətlər bu haqq və hürriyyəti min bir fədakarlıqlar ilə özləri qazanmışlar və özləri təmin etmişlər.

Niyə Hindistan və s. müstəmləkə vəziyyətində olan millətlər də eyni fədakarlıqlara dözərək haqq və hürriyyətlərini təmin etmirlər?

Niyə İngiltərə yaxınlığındakı kiçik Hollandiya ilə kiçicik Danimarkanı hakimiyyəti altına ala bilmir, lakin özündən on dəfə böyük olan Hin­distanı hakimiyyəti altında saxlayır?

Niyə Fransa yaxınlığındakı Belçika və İsveçrə kimi zəngin yerlərə əl uzada bilmir, ta Hin­d-Çinə qədər gedir?

Çünki hər ikisi də bilir ki, hər bir hollandiyalı, hər bir danimarkalı, hər bir  isveçrəli, hər bir belçikalı hər bir ingilisin və hər bir fransızın boğazına bir sümük kimi tıxanar, onu ölüncəyə qədər boğar!

Niyə hindlilər Hind-Çində belə bir sümük ola bilmirlər?

Hakanülberreyin və bəhreyin [İki quru və iki dənizin xaqanı – Anadolu ilə Balkanlar və Aralıq dənizi ilə Qara dəniz] olan əzəmətli pa­dişahların zamanında Türkiyə yarımmüstəmləkə bir vəziyyətə düşmüşdü.

Böyük Millət Məclisi kiçicik dövlət olan Türkiyəni yeddi dövlətə qarşı uzunmüddətli zəncirlərdən qurtararaq müstəqil, azad bir ölkə etdi. Bunun da yeganə şeirini Mustafa Kamalın bu sözlərində tapa bilərik: “Lazım gələrsə, məmləkətimin son qayası üzərinə çıxıb oradan təkbaşıma vətənimin istiqlal və azadlığını müdafiə edəcəyəm.”

Sabah Qandi də, Qandinin yerliləri də bu qərarı versinlər, o biri gün Hindistan haqq sa­hibi, hürr və sərbəstdir. Bütün məsələ bu qərarı verə bilməkdə və onu icra edə bilməkdədir. Belə bir qərarı verə bilməyənlər – başqalarından haqq və hürriyyət gözləyənlər – gözləyə-gözləyə qalsınlar. Buna görə müstəmləkə məsələsində əsl qınanılacaq tərəf müstəmləkə olmağa dözənlərdir. Həyat mübarizəsində başqalarından haqq və hürriyyət gözləmək işləməyi buraxıb dilənməyə bənzəyir. Hürriyyət və istiqlal isə şəfqət, mərhəmət və dilənmə mövzusu ola bilməz.

Qeydlər

[i] 1924-cü il 7 may tarixindən etibarən dərc edilən gündəlik qəzet

[ii] Sədi Şirazi XIII əsr İran şairi

[iii] 1923-cü il 24 iyul tarixində imzalanmış və Türkiyə qurtuluş savaşını sonlandıran sülh müqaviləsi

[iv] e.ə. 561-527-ci illərdə Afina tiranı

[v] 37-41-ci illərdə Roma imperatoru

[vi] 1643-1715-ci illərdə Fransa kralı, mütləq monarx

[vii] 1881-1894-cü illərdə Rusiya imperatoru

[viii] Klemens fon Metternix (1773-1859)- XIX əsrdə Avstriya imperiyasının xarici işlər naziri və dövlət kansleri, mühafizəkar dövlət xadimi

[ix] III Napoleon (1808-1873) 1848-52-ci illərdə Fransada ikinci respublikanın prezidenti və 1852-1870-ci illərdə imperator

[x] Əl Hakimi bi Əmrullah (985-1021) 996-1021-ci illərdə Fatimi xəlifəsi

[xi] II Əbdülhəmid (1842-1918) 1876-1909-cu illərdə Osmanlı sultanı

[xii] Müəllif bir-birini əvəz edə bilən mənada gah millət, gah milliyyət yazır.

[xiii] Burada Ağaoğlunun 1920-ci ildə İrlandiya Kork şəhərinin meri Terens MakSvayninin həbsxanada 74 gün aclıq aksiyasından sonra ölümünü nəzərdə tutduğunu hesab edirəm- tərc.

[xiv] Fridrix Staps adlı alman gəncinin 1809-cu ildə Napoleon Bonaparta sui-qəsd cəhdi nəzərdə tutulur.

[xv] Şevkət Sürəyya bəy burada bəyaz rus deyərkən Ağ qvardiyaçıları nəzərdə tutur.

[xvi] Sərbəst Cümhuriyyət Firqəsi 1930-cu ilin 12 avqustunda Mustafa Kamal Atatürkün istəyi ilə Fethi Okyar, Əhməd bəy Ağaoğlunun liderliyi ilə Cümhuriyyət Xalq Firqəsinə (indi CHP) müxalif olaraq quruldu. Bu qısaömürlü demokratiya təcrübəsi 17 noyabr 1930-cu ildə Sərbəst Firqənin qapadılması ilə sona çatdı. Sərbəst Firqə ilə bağlı Əhməd bəy Ağaoğlunun nəşr edilmiş xatirələri mövcuddur.

Birinci hissəyə keçid:

İkinci hissəyə keçid:

Üçüncü hissəyə keçid:

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.