fbpx

TƏRCÜMƏ

TƏRCÜMƏ

Edmund Qetier: “Əsaslandırılmış doğru inam bilikdirmi?”

Read this article on other language
Download article
image_pdf
image_pdf

 

 

Müqəddimə

Edmund Qetierin “Əsaslandırılmış doğru inam bilikdirmi?” essesi  epistemologiya tarixinin əsas mətnlərindən biri hesab olunur. 2,5 səhifəlik bu kiçik mətn ilə Qetier biliyin klassik konseptini sual altına qoydu və ümumilikdə bilik anlayışının təzədən şəkilləndirilməsinə vəsilə oldu. Bəs Qetierin qarşı çıxdığı bilik anlayışı nədən ibarət idi?

Platondan (Theaitetos) bəri  biliyin definisiyası  olaraq “əsaslandırılmış doğru inam” təsbiti hakimdir. Bu təsbitə görə bir nəfərin (S) bir şeyi (P) bilməsi aşağıdakıları ehtiva edir:

1. S inanır ki, P-dir.
2. P doğrudur.
3. S-in P-yə inanmaq üçün əsası var.

Bunlar biliyin üç şərtidir. Birinci şərtə görə ancaq inandığın bir şeyi bilə bilərsən. Biliyin təməli inamdır. İkinci şərtə görə ancaq doğru olan nəyisə bilə bilərsən. Yanlış olan nəyisə bilmək mümkün deyil.  Üçüncü şərtə görə isə sənin doğru olan inamın təsadüfün nəticəsi ola bilməz. Yəni, bir şeyi bilmək üçün əsas olmalıdır.

Sizə təqdim olunan essedə Qetier elə misallar təqdim edir ki, orda biliyin klassik definisiyasında təsbit olunan hər üç şərt, əsas da üçüncü şərt yerinə yetirilir, amma ortada olan hadisə bilik deyil. Bu misallar epistemologiyada Qetier problemləri  kimi tanınır və biliyin klassik definisiyasını saxlamaq/yeniləmək/təkzib etmək və s. məqsədli, hələ də davam edən saysız-hesabsız müzakirələrə və araşdırmalara səbəb olub.

Emin İmanlı Qettierin bu vacib mətnini ilk dəfə Azərbaycan dilinə çevirərək diqqətinizə və müzakirənizə təqdim edir.

Tinay Muşdiyeva

 

Kiminsə müəyyən bir propozisiyanı[1] bilməsi üçün gərəkli və yetərli şərtlərin nədən ibarət olduğunu izah etmək məqsədi ilə son illərdə müxtəlif cəhdlər edilib. Bu cəhdləri çox vaxt aşağıdakı oxşar formada ifadə etmək olar:[2]

a) S P-ni bilir; əgər və yalnız əgər
(i) P doğrudursa,
(ii) S P-yə inanırsa və
(iii) S-nin P-yə inanması üçün əsası varsa.

Misal üçün, Çizolm hesab edirdi ki, aşağıdakı forma bilik üçün gərəkli və yetərli şərtləri ifadə edir:[3]

b) S P-ni bilir; əgər və yalnız əgər
(i) S P-ni qəbul edirsə,
(ii) S-nin P üçün müvafiq dəlili varsa və
(iii) P doğrudursa.

Ayer qeyd edirdi ki, biliyin gərəkli və yetərli şərtləri aşağıdakı kimidir:[4]

c) S P-ni bilir; əgər və yalnız əgər
(i) P doğrudursa,
(ii) S P-nin doğru olduğuna əmindirsə və
(iii) S-nin P-nin doğru olduğuna əmin olmaq üçün haqqı varsa.

Mən arqument gətirəcəyəm ki, (a) yanlışdır, çünki burada izah olunan şərtlər “S P-ni bilir”, – propozisiyasının doğruluğu üçün yetərli şərti ödəmir. Bu arqument göstərəcək ki, əgər “müvafiq dəlili varsa” və ya “əmin olmaq üçün haqqı varsa” ifadələri hər yerdə “inanması üçün əsası varsa” ifadəsi ilə əvəz edilərsə, (b) və (c) yenə də uğursuzdur.

İki nüansı qeyd etməklə başlayacam: birincisi, “əsası varsa” dedikdə, bu, “S-nin P-yə inanması üçün əsasının olması S-nin P-ni bilməsi üçün gərəkli şərtdir” kimi başa düşülərsə, onda bir insanın əslində yanlış olan bir propozisiyaya inanmaq üçün əsası ola bilər. İkincisi, hər hansı bir P propozisiyası üçün, əgər S-nin P-yə inanmaq üçün əsası varsa və P Q-ni nəticə verərsə və S Q-ni P-dən nəticə çıxararsa və Q-ni deduksiyanın nəticəsi kimi qəbul edərsə, bu zaman S-nin Q-yə inanmaq üçün əsası vardır. Bu iki nüansı nəzərdə saxlayaraq, indi iki nümunə göstərəcəyəm ki, (a)-da qeyd edilən şərtlər bir sıra propozisiyalar üçün keçərlidir, amma buna baxmayaraq, sözügedən şəxsin həmin propozisiyanı bilməsi eyni zamanda yanlışdır.

Nümunə 1:

Təsəvvür edin ki, Smit və Conz müəyyən bir iş üçün müraciət ediblər. Həmçinin təsəvvür edin ki, Smitin aşağıdakı konyunktiv propozisiya üçün güclü dəlili vardır:

d) Conz işə qəbul olunacaq adamdır və Conzun cibində on sikkə vardır.

Smitin (d) üçün dəlili belə ola bilər ki, şirkətin rəhbəri onu əmin edib ki, sonda Conz seçiləcəkdir, həmçinin Smit on dəqiqə öncə Conzun cibindəki sikkələri sayıb. (d) propozisiyası aşağıdakı propozisiyanı nəticə verir:

e) İşə qəbul olunacaq adamın cibində on sikkə vardır.

Gəlin təsəvvür edək ki, Smit (d)-nin (e)-ni nəticə verdiyinin fərqindədir və (e)-ni güclü dəlilə sahib olduğu (d) əsasında qəbul edir. Bu halda Smitin (e)-nin doğru olduğuna inanmaq üçün açıq-aşkar əsası vardır.

Ancaq təsəvvür edin ki, Smitin özü bilmədən Conz deyil, o özü işə qəbul olunacaq. Həmçinin Smitin özü bilmədən onun öz cibində on sikkə vardır. Deməli, (e) propozisiyası doğrudur, baxmayaraq ki, Smitin (e)-ni nəticə çıxardığı (d) propozisiyası yanlışdır. Beləliklə, misalımızda aşağıdakıların hamısı doğrudur: (i) (e) doğrudur, (ii) Smit (e)-nin doğru olduğuna inanır və (iii) Smit (e)-nin doğru olduğuna inanmaq üçün əsası vardır. Amma eyni dərəcədə aydındır ki, Smit (e)-nin doğru olduğunu bilmir; çünki (e) Smitin cibindəki sikkələrin sayı baxımından doğrudur, halbuki Smit öz cibində nə qədər sikkə olduğunu bilmir və (e) ilə bağlı inamını işə qəbul olunacağına yanlış olaraq inandığı Conzun cibindəki sikkələrin sayı üzərində qurur.

Nümunə 2:

Gəlin təsəvvür edək ki, Smitin aşağıdakı propozisiya üçün güclü dəlili vardır:

f) Conzun bir Ford maşını vardır.

Smitin dəlili belə ola bilər ki, Smitin xatırladığı qədər Conzun keçmişdə həmişə bir maşını olub və bu maşın da həmişə Ford olub, həmçinin bir az öncə Conz Fordu sürərkən ona maşına minməyi təklif edib. Gəlin indi təsəvvür edək ki, Smitin tamamilə harada olduğundan xəbərsiz olduğu Braun adında başqa bir dostu vardır. Smit tamamilə təsadüfi şəkildə üç yer adı seçərək aşağıdakı üç propozisiyanı qurur:

g) Ya Conzun bir Ford maşını vardır, ya da Braun Bostondadır.
h) Ya Conzun bir Ford maşını vardır, ya da Braun Barselonadadır.
i) Ya Conzun bir Ford maşını vardır, ya da Braun Brest-Litovskdadır.

Bu propozisiyaların hər biri (f)-in məntiqi nəticəsidir. Təsəvvür edin ki, Smit (f) vasitəsilə qurduğu bu üç propozisiyadan hər birinin nəticə olaraq çıxdığını başa düşür və (g), (h) və (i)-ni (f) əsasında qəbul edir. Smit (g), (h) və (i)-ni lehinə güclü dəlili olduğu propozisiyadan düzgün olaraq nəticə çıxardıb. Beləliklə, Smitin bu üç propozisiyadan hər birinə inanmaq üçün tamamilə əsası vardır. Əlbəttə, Smitin Braunun harada olduğu haqda heç bir fikri yoxdur.

Amma indi digər iki şərtin də olduğunu təsəvvür edin. Birincisi, Conzun bir Ford maşını yoxdur; o, hazırda kirayə maşın sürür. İkincisi, sırf təsadüf nəticəsində, Smitin özü heç bilmədən (h) propozisiyasında qeyd olunan yer, sən demə, elə Braunun olduğu yerdir. Əgər bu iki şərt ödənirsə, onda Smit (h)-nin doğru olduğunu bilmir, baxmayaraq ki:(i) (h) doğrudur, (ii) Smit (h)-nin doğru olduğuna inanır və (iii) Smitin (h)-nin doğru olduğuna inanmaq üçün əsası vardır.

Bu iki misal göstərir ki, (a) tərifi kiminsə müəyyən bir propozisiyanı bilməsi üçün yetərli şərti ödəmir. Eyni nümunələr müvafiq dəyişikliklərlə həm (b) tərifinin, həm də (c) tərifinin belə bir şərti ödəmədiyini göstərmək üçün kifayət edir.

Qeydlər

[1]Doğru və ya yanlış olmaqla səciyyələnə bilən fikir məzmunu və ya cümlə mənası – Tərc.

[2]Görünür, Platon belə bir tərifi “Theaetetus”da nəzərdən keçirib (səh. 201) və ola bilsin, “Meno”da onu qəbul edib (səh. 98).

[3]Roderick M. Chisholm, Perceiving: a philosophical Study, Cornell University Press (Ithaca, New York, 1957), səh. 16.

[4] A. J. Ayer, The Problem of Knowledge, Macmillan (London, 1956), p. 34.

 

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.