TƏRCÜMƏ

TƏRCÜMƏ

Erik Fromm. Azadlıqdan qaçış – V Fəsil

Read this article on other language
Download article
image_pdf
image_pdf

Bəşəriyyət yaranandan bu günə kimi müxtəlif azadlıqlar, haqlar və hüquqlar uğrunda mübarizə meydanına çevrilib. Bu meydanda bəzi cəmiyyətlər və millətlər qibtə ediləcək əzmkarlıq, davamlı mübarizkarlıq nümayiş etdirmiş, bəziləri isə azadlıq və haqlarına etinasız yanaşmışlar. Azadlıq və haqlar uğrunda mübarizəni doğuran bu əzmkarlığın mənbəyi nədədir? Nə üçün bir insan azadlıq uğrunda canını qurban verməyə, digəri isə başqasının xeyrinə bütün hüquq və azadlığından imtina etməyə hazırdır? Alman sosioloq, psixoanalitik Erik Fromm sosial psixologiya və sosiologiya nəzəriyyələrinə əsaslanaraq “Azadlıqdan qaçış” (və yaxud “Azadlıq qorxusu”) adlı əsərində bu və bu kimi digər mühüm məsələlərə cavab verməyə çalışır. Almaniyada doğulan və təhsil alan Fromm yəhudi mənşəli olduğu üçün Hitler hakimiyyətə gəldikdən sonra vətənini tərk etməyə məcbur olmuş, ABŞ-a köçmüş və Kolumbiya Universitetində elmi fəaliyyətə başlamışdı. “Azadlıqdan qaçış” əsərində Fromm milyonlarla insanın asanlıqla azadlıq və hüquqlarından imtina edərək özlərini bir insanın iradəsinə, avtoritar hakimiyyətə tabe etməsini mümkün edən səbəbləri araşdırır. Oxuculara təqdim olunan bu tərcümə 1941-ci il Nyu-York nəşrindən edilib.

Professor Şəlalə Məmmədova

Fəsil V. Qaçışın Mexanizmləri

Biz müzakirəmizi müasir dövrə qədər gətirib çıxardıq və indi faşizmin psixoloji əhəmiyyətinə və avtoritar sistemlərdə və bizim öz demokratiyamızda azadlığın mənasının təhlilinə keçə bilərdik. Lakin bizim arqumentlərimizin əsaslandırılması psixoloji şəraitin əsaslandırılmasından asılı olduğu üçün əsas müzakirə xəttimizi dayandıraraq bu fəsili bizim artıq toxunduğumuz və sonradan müzakirə edəcəyimiz psixoloji mexanizmlərə həsr etmək daha məntiqli olar. Bu şərait ətraflı təhlil tələb edir, çünki o, şüursuz güclərə və bu güclərin rasionallaşdırması və xarakter vasitəsilə özünü biruzə verməsinə həsr olunub. Bu təsəvvürlər bəlkə də bəzi oxuculara məlumdur, lakin onların üzərində dayanmağın zəruri olduğunu düşünürük.

Mən bu fəsildə xüsusi olaraq fərdin psixologiyasına və psixoanalitik prosedurlar əsasında ayrı-ayrı insanların ətraflı təhlilinə əsaslanan müşahidələrə diqqət yetirirəm. Psixoanaliz akademik psixologiyanın uzun illərdir əldə etməyə cəhd göstərdiyi bir səviyyəyə, yəni dəqiq eksperimental metodların tətbiqi səviyyəsinə çatmasa da insanların daxili senzurasına tabe olmayan düşüncə, yuxu və fantaziyaların yaxından müşahidəsinə əsaslanan empirik metoddan ibarətdir. Yalnız qeyri-şüurlu gücləri öyrənən  psixologiya bizim həm ayrı-ayrı fərdlərin, həm də bütöv cəmiyyətlərin təhlili zamanı qarşılaşdığımız aldadıcı rasionallığın arxasında gizlənənləri üzə çıxara bilər. Əgər biz qəbul etsək ki, insanlar heç də hər zaman etdikləri hərəkətlərin, düşüncə və hisslərin səbəblərini anlamırlar bizə həlledilməz görünən çoxlu sayda problemlərin həllini tapmış olarıq. Əslində insanların hərəkətləri, düşüncə və hisslərinin əsil səbəbləri onların ehtimal etdiklərindən fərqli ola bilər.

Oxucuların əksəriyyəti soruşa bilər ki, fərdin üzərində müşahidə nəticəsində əldə edilən biliklər nə dərəcədə bütöv qrupların psixologiyasının öyrənilməsi üçün tətbiq oluna bilər. Bizim bu suala cavabımız müsbətdir. Çünki istənilən qrup yalnız və yalnız fərdlərdən təşkil olunur, demək qrupda mövcud olan mexanimzlər fərdlərə təsir göstərən mexanizmlərlə eynidir. Bizim sosial psixologiyanı anlamaq üçün istifadə etdiyimiz şəxsiyyətin psixologiyasının təhlili hər hansı bir obyektin mikroskop altında tədqiqinə bənzəyir. Bu bizə psixoloji mexanizmlərin detallarını müəyyən etməyə imkan verir. Bu mexanizmlər ictimai inkişafın çoxsaylı təzahürlərində əks olunur. Fərdi davranışın hərtərəfli təhlilinə əsaslanmayan sosial-psixoloji təhlil empirik xarakterini itirdiyi üçün etibarlı sayıla bilməz.

Lakin fərdi davranışın təhlilinin zəruriliyini qəbul edərkən içimizdə adətən “nevrotik” adlandırdığımız insanların öyrənilməsinin sosial psixologiyaya nə qədər yararlı olacağı ilə bağlı bir  şübhə yaranır. Biz bu şübhənin yersiz olduğunu düşünürük və hesab edirik ki, nevrotik insanlarda müşahidə edilən hallar “normal” insanlarda müşahidə ediıən hallardan o qədər də fərqlənmir. Sadəcə olaraq nevrotik insanlarda bu hallar özünü daha aydın biruzə verir və insan təfəkkürü tərəfindən daha asan və yaxşı dərk edilir. Normal insanlar təhlilinə ehtiyac duyulan bir çox problemləri dərk etmirlər.

Bu məsələyə aydınlıq gətirmək üçün “nevrotik”, “normal” və ya “sağlam” insan terminlərinə aydınlıq gətirmək lazımdır.

İnsanın “normal” və ya “sağlam” olması iki yolla müəyyən edilə bilər.  Əvvəla, fəaliyyətdə olan cəmiyyət nöqteyi-nəzərindən o insanı normal və ya sağlam adlandırmaq olar ki, o, cəmiyyət tərəfindən ona ayrılan sosial rolunu yerinə yetirə bilir. Daha dəqiq desək insan konkret cəmiyyətin tələb etdiyi kimi işləmək qabiliyyətinə malikdir və əlavə olaraq cəmiyyətin artmasında iştirak edə bilir, yəni ailə qura bilir. İkincisi, fərdin nöqteyi-nəzərindən biz normal və sağlam insan dedikdə inkişaf edən və xoşbəxt ola bilən insanı nəzərdə tuturuq.

Əgər cəmiyyətin strukturu fərdin xoşbəxt olması üçün ən əlverişli imkanlar yarada bilsə idi hər iki şərt üs-üstə düşmüş olardı. Lakin cəmiyyətlərin əksəriyyətində bizim yaşadığımız cəmiyyət də daxil olmaqla bu şərtlər təmin olunmur. Cəmiyyətlər insanın inkişafı üçün  yaratdıqları imkana görə fərqlənirlər, lakin bütün cəmiyyətlərdə cəmiyyətin normal inkişafı üçün lazım olan tələblərlə hər bir fərdin tam inkişafı üçün lazım olan tələblər arasında uyğunsuzluq mövcuddur. Bu fakt bizi sağlamlıqla bağlı irəli sürdüyümüz iki konsepsiya arasında qalın bir xətt çəkməyə vadar edir.  Çünki bu konsepsiyanın birində cəmiyyətin tələbatına, ikincisində isə fərdin dəyərləri və tələbatına üstünlük verilir.

Təəssüf ki, bu fərq çox zaman nəzərdən qaçırılır. Psixiatrların əksəriyyəti yaşadıqları cəmiyyəti birmənalı şəkildə qəbul etdiyi üçün cəmiyyətə yaxşı uyğunlaşmayan insanı natamam fərd kimi qəbul edirlər. Cəmiyyətə yaxşı inteqrasiya olunmuş insanı isə əksinə ən yüksək insan dəyərlərinə malik varlıq hesab edirlər.  Bizim sağlamlıq və nevroz konsepsiyası çərçivəsindən baxıldıqda isə belə bir nəticəyə gələ bilərik ki, sağlam olduğu üçün cəmiyyətə daha yaxşı uyğunlaşmış insan əslində nevrotik insanla müqayisədə o qədər də sağlam deyil. Çünki cəmiyyətə yaxşı adaptasiya olunmaq çox zaman şəxsi kimliyindən imtina nəticəsində mümkün olur. İnsan ondan tələb olunan kimi, yəni hamı kim olmağa çalışır və beləliklə də fərdiliyini və təbiiliyini itirmiş olur. Digər tərəfdən nevrotik insanı özü kimi olmaq uğrunda mübarizə aparmaqdan yorulmayan biri kimi xarakterizə etmək olar. Sözsüz ki, onun bu mübarizəsi uğursuzluğa düçar olur, özünün fərdi kimliyini yaradıcı şəkildə ifadə etmək əvəzinə o, rahatlığı nevrotik simptomlarda və yaxud xəyallar aləmində tapır. Lakin insan dəyərləri nöqteyi-nəzərindən bu insan kimliyini tamamilə itirmiş “normal” insandan daha az xəsarət görüb. Əlbəttə ki, nevrotik olmayan və adaptasiya prosesində fərdliyini itirməmiş insanlar da var. Əgər natamamlıq sosial effektivliyi nəzərdə tutmursa natamam insanı nevrotik adlandırmaq olmaz. Bu səbəbdən də biz bütöv cəmiyyəti nevrotik adlandıra bilmərik. Çünki cəmiyyətin bütün üzvləri sosial funksiyalarını yerinə yetirməkdən imtina edərsə cəmiyyət mövcud ola bilməz. Amma insan dəyərləri çərçivəsindən baxdıqda şəxsiyyətini inkişaf etdirə bilmədiyi üçün psixi cəhətdən natamam olan insanlardan ibarət cəmiyyəti nevrotik cəmiyyət adlandıra bilərik. “Nevrotik” termini çox zaman zəruri sosial effektivliyin olmamasını nəzərdə tutduğu üçün biz nevrotik cəmiyyətdən deyil, insanın xoşbəxtliyi və özünüifadəsi üçün əlverişli şərait təmin etməyən cəmiyyətdən danışmağa üstünlük veririk.

Bu fəsildə bizim müzakirə edəcəyimiz mexanimzlər təcrid olunmuş fərdin özünə inamsızlığından doğan “qaçışın”, yaxa qurtarmağın mexanimzləridir.

İnsana təhlükəsizlik hissi verən əlaqələr qırıldığı andan, insan ətraf mühitlə üzbəüz qaldığı andan, gücsüzlük və tənhalıq hissinə qarşı mübarizə aparmağa başladığı andan onun qarşısında iki yol açılır. Bu yoldan biri “pozitiv” azadlığa aparır. İnsan özünü ətraf mühitlə sevgisi və əməyi,  həqiqi duyğuları, intellektual və emosional hissləri ilə bağlaya bilər. Bu yolla o, yenidən insanlarla, ətraf dünya ilə, özü ilə vəhdət təşkil edə bilər. O, bunu öz kimliyi və fərdliyindən, şəxsiyyətinin bütövlüyündən imtina etməyərək əldə edə bilər. İkinci yol geriyə dönüşdür. Bu yol insanın azadlıqdan imtina etməsindən və tənhalıqdan yaxa qurtarmaq üçün onunla ətraf mühit arasında yaranmış səddi qırmaqdan ibarətdir. Bu ikinci yol heç bir zaman insanın fərdə çevrilməmişdən əvvəl ətraf dünya ilə arasında mövcud olan bağlara qayıdışa çevrilməyəcək. Çünki insan ətraf dünyadan ayrıldıqdan sonra bir daha onunla əvvəlki kimi birləşmək ehtimalını itirmiş olur. Bu ikinci yol insanın sadəcə olaraq düşdüyü dözülməz vəziyyətdən qaçışıdır. Bu qaçış məcburi xarakter daşıyır və təlaş yaradan istənilən təhdiddən qaçışa bənzəyir. Bu qaçış eyni zamanda insanın fərdiliyindən və şəxsiyyətinin bütövlüyündən imtinası deməkdir. Bu yol xoşbəxtliyə və pozitiv azadlığa aparan yol deyil, biz adətən bu cür qərarları nevrotik vəziyyət zamanı müşahidə edə bilərik. Bu cür qərarlar dözülməz narahatlığı sakitləşdirməyə yardım edir, təlaşa son qoyur və həyatı rahatlaşdırır, lakin problemləri həll etmir. Bu cür sakitliyin qiyməti isə ağır olur, çox zaman insan şəxsiyyətini itirərək avtomatlaşdırılmış, məcburi fəaliyyətin icraçısına çevrilir.

Qaçış mexanizmlərinin bəzisinin sosial mahiyyəti o qədər də böyük deyil, bu mexanizmlərə müəyyən hallarda yalnız ciddi psixoloji və emosional pozuntulara malik insanlarda rast gəlinir. Mən bu fəsildə  yalnız sosial əhəmiyyət kəsb edən mexanimzlərdən bəhs edəcəyəm. Bu mexanimzlərin dərk edilməsi sonradan bizim təhlil edəcəyimiz sosial proseslərin, faşist sisteminin və müasir demokratiyanın psixoloji təhlili üçün zəruri ilkin şərtdir.[1]

1. Avtoritarizm

    Mənim azadlıqdan qaçışın nəzərdən keçirmək istədiyim ilkin mexanizmi insan şəxsiyyətinin öz müstəqilliyindən imtina etməsi, öz kimliyini özündən kənarda olan nəyə və yaxud da kiməsə bağlaması və bu bağla özündə olmayan gücə çatması ilə bağlıdır. Başqa sözlə desək ilkin mexanizm insanın itirilmiş ilkin bağları əvəz etmək üçün yeni, “ikinci bağlar” axtarması ilə bağlıdır.

    Bu mexanimz ən aydın şəkildə özünü tabe olmaq və ya hökmranlıq etmək cəhdlərində birüzə verir. Biz bunu müxtəlif dərəcədə həm nevrotik, həm də normal insanlarda müşahidə olunan mazoxist və sadist meyllər də adlandıra bilərik. Biz əvvəl bu iki tendensiyanı təsvir edəcəyik və sonra göstərəcəyik ki, onlar dözülməz tənhalıq hissindən qaçış üsuludur.

    Mazoxist meyllərin ən çox yayılmış formaları natamamlıq, gücsüzlük və əhəmiyyətsizlik hissidir. Bu cür meylləri olan insanların təhlili göstərir ki, onlar şüurlu olaraq bu hisslərdən şikayət etsələr də, bu hisslərdən yaxa qurtarmağa çalışsalar da hansısa daxili qüvvə qeyri-şüuri olaraq onları natamam və əhəmiyyətsiz hiss etdirir. Bu hisslər onların real olan çatışmazlıqları və zəifliklərini dərk etmələrindən irəli gəlmir (baxmayaraq ki, çox zaman onlar bu hissləri məhz bu cür rasionallaşdırırlar), bu insanlarda özlərini alçaltmağa, zəif göstərməyə və üstün olmamağa meyillik var. Çox zaman bu cür insanlar ətraf mühitdən, başqa insanlardan, təşkilatlardan və ya təbiətdən asılı olduqlarını nümayiş etdirirlər. Onlar öz hüquqlarını müdafiə etməyə, öz istədiklərini etməyə meyilli deyillər, onlar xarici qüvvələrin faktiki və ya güman edilən əmrlərinə tabe olmağa meyillidirlər. Çox zaman onlar nə istədiklərini hiss etmirlər, onların şəxsi kimlik hissi yoxdur. Həyat onlar üçün malik ola və ya nəzarət edə bilməyəcəkləri fövqəladə gücdür.

    Ən çətin hallarda və belə hallar o qədər də az deyil,  özünü alçaltma və xarici güclərə tabe etmə meyli ilə yanaşı özünə zərər yetirmək və əziyyət vermək meyli də yaranır.

    Bu meyillər özünü müxtəlif formada biruzə verə bilər. Biz bəzən görürük ki, insanlar özlərini elə şeydə günahlandırır, elə tənqid edirlər ki, onların ən qəddar düşməni də onlara qarşı bunu etməzdi. Və yaxud da kompulsiv pozuntuları olan nevrotikləri misal gətirmək olar. Onlar özlərinə bezdirici rituallar və düşüncələrlə işgəncə verirlər. Nevrotik şəxsiyyətlərin bəzi tiplərində fiziki xəstəliklərə meyillilik müşahidə olunur. Onlar şüurlu və ya qeyri-şürlu olaraq by xəstəlikləri gözləyir və onu  Allahın verdiyi bəxşiş hesab edirlər. Çox zaman onlar bədbəxt hadisələrin qurbanı olurlar. Əgər onlar özlərini bu cür hadisələrin baş verməsinə qeyri-şüurlu olaraq hazırlamasa idilər bəlkə də onlar baş verməzdi. İnsanın özünə qarşı çevrilən bu meyillər çox zaman aydın və o qədər də dramatik olmayan formada biruzə verir. Məsələn, bəzi insanlar  var ki, imtahanda bildikləri suallara cavab verə bilmirlər. Bəzi insanlar isə sevdikləri və yaxud da asılı olduqları insanlara elə sözlər deyirlər ki, onlarda mənfi hisslər oyadırlar, halbuki həmin insanlara dost münasibət bəsləyirlər və dediklərini demək istəməzdilər. Güman etmək olar ki, bu insanlar düşmənin məsləhəti ilə hərəkət edir və bilərəkdən özlərinə ziyan vururlar.

    Mazoxist meyillər çox zaman patoloji və irrasional kimi qəbul olunur. Çox zaman onlar rasionallaşdırılır. Mazoxist asılılıq sevgi və sədaqət kimi, natamamlıq kompleksi isə real çatışmazlığın dərk edilməsi, əzab isə dəyişməyən vəziyyətin nəticəsi kimi təqdim olunur.

    Mazoxist meyillərdən başqa eyni tiplərdə bəzən tamamilə əks meyillər, sadist meyillər də müşahidə olunur. Onlar dərəcəsinə görə fərqlənir, müəyyən dərəcədə şüurlu və ya şüursuz olur, lakin heç bir zaman tamamilə yox olmurlar. Biz bir-biri ilə az-çox sıx bağlı olan üç tip sadist meyillər görə bilərik. Onlardan birincisi insanları özündən asılı vəziyyətə salmağa və onlar üzərində mütləq, qeyri-məhdud hakimiyyətə malik olmağa çalışır, insanları əmək alətinə, “dulusçunun əlindəki gil”ə çevirir. İkinci tip sadist insanlar üzərində mütləq hakimiyyətlə kifayətlənmir, onları istismar edir, istifadə edir, soyur, dağıdır, əllərində olan hər şeyi alır. Bunlar həm maddi, həm də maddi olmayan şeylərə, məsələn, insanın malik olduğu emosional və ya intellektual keyfiyyətlərə aid ola bilər. Sadist meyilin üçüncü növü insanlara əzab vermək və ya onların əzab çəkməsini izləməkdir. Bu əzab fiziki də ola bilər, lakin çox zaman onlar mənəvi əzablardır. Onların məqsədi insanlara daim əzab vermək, alçaltmaq, pis vəziyyətə salmaq və yaxud onları pis və alçaldıcı vəziyyətdə görməkdir.

    Sadist meyillər məlum səbəblərdən sosial cəhətdən zərərsiz olan mazoxist meyillərlə müqayisədə adətən daha az şüurlu olur, lakin yaxşı rasionalşdırılır. Adətən onlar başqalarına qarşı həddən artıq xeyirxahlıq və qayğı altında gizlənirlər. Adətən bu meyillər “Mən səni idarə edirəm, çünki sənə nəyin yaxşı gələcəyini bilirəm, şəxsi maraqların naminə sən etiraz etmədən mənim dediklərimi etməlisən” və yaxud “Mən o qədər mükəmməl və möhtəşəməm ki, insanların məndən asılı olacağını gözləmək hüququm var” kimi rasionallaşdırılır. Bəzi rasionallaşdırmalar istismarçı meyilləri gizlədir. Məsələn, “mən sənin üçün o qədər şey etmişəm ki, indi səndən istədiyimi tələb etməyə haqqım var.” Sadist meyillərin daha aqressiv formaları adətən iki formada rasionallaşdırılır: “Məni başqaları incidib və mənim onları incitmək istəyim qisasdan başqa bir şey deyil” və yaxud “birinci zərbə endirməklə mən özümü və yaxınlarımı vurula biləcək zərbələrdən qorumuş oluram.”

    Çox zaman sadistin öz obyektinə münasibətində bir məqam unudulur, ona görə də bu məsələyə xüsusi diqqət yetirmək lazımdır. Bu məsələ sadistin öz obyektindən asılılığıdır.  

    Mazoxistin asılılığı aydındır. Sadistə gəlincə vəziyyət bir qədər dəyişir. Sadist o qədər güclü, hökmlü, onun obyekti isə o qədər zəif və müti görünür ki, güclünün üzərində hökmə malik olduğu zəif adamdan asılı olmasını təsəvvür etmək çətinləşir. Lakin dərin təhlil bunun həqiqət olduğunu göstərir. Sadist üzərində hökm edə biləcək insana ehtiyac duyur və bu hiss olduqca güclüdür, çünki onun daxili gücü kiminsə üzərində hökmranlıq etməklə təsdiqlənir. Bu asılılıq tamamilə şüursuz ola bilər. Məsələn, ər öz arvadına qarşı sadist rəftar edə və ona istədiyi vaxt evdən çıxıb gedə biləcəyini və onun da buna yalnız sevinəcəyini deyə bilər. Adətən qadın o qədər əzilmiş olur ki, getməyə cəsarət etmir və onların hər ikisi düşünür ki, kişinin dediyi həqiqətdir. Əgər qadın cəsarətini toplayıb getmək istədiyini deyərsə hər ikisi üçün gözlənilməz bir şey baş verər. Kişi ümidsizliyə düşər, məhv olar və qadına getməməsi üçün yalvarmağa başlayar. Kişi qadınsız yaşaya bilməyəcəyini, onu nə qədər çox sevdiyini və s. deyəcək. Sərbəst hərəkət etməkdən qorxan qadın adətən getməyə cəsarət etməyəcək, kişinin sözlərinə inanacaq, qərarını dəyişərək qalacaq. Bu nöqtədən sonra hər şey yenidən təkrarlanacaq. Kişi əvvəlki kimi rəftar etməyə başlayacaq, səbri tükənən qadın yenidən getməyə can atacaq, kişi yenidən yalvaracaq və qadın qalmaq qərarına gələcək və bu, daim təkrarlanacaq.

    Bu prosesin təkrar olunduğu minlərlə nigah və digər şəxsi münasibətlər mövcuddur və nə sirrdirsə bu təkrarlanan proses heç bir zaman bitmir. Kişi arvadına “səni o qədər sevirəm ki, sənsiz yaşaya bilmərəm” dedikdə yalanmı danışır? Əgər məsələ sevgidən gedirsə kişinin sözlərini hərfi mənada qəbul etməsək onun həqiqəti söylədiyini deyə bilərik. Kişi arvadı və yaxud da əlində oyuncağa çevirə biləcək gücsüz bir kimsə olmasa yaşaya bilmir. Belə vəziyyətlərdə sevgi əlaqələrin tamamilə qırılması təhlükəsi yarananda yada düşür, başqa hallarda isə sadist sözsüz ki, üzərində hökmranlıq edəcək hər kəsi “sevir”. Bu onun arvadı və ya uşağı, işçisi, ofisiant və yaxud küçədəki dilənçi ola bilər. O, özünün üstünlüyünü nümayiş etdirə biləcəyi hər kəsi “sevir” və onlara hətta minnətdardır. O, elə hesab edə bilər ki, onları sevdiyi üçün onların həyatına rəhbərlik edir. O, insanları hədiyyələrlə, təriflə, sevgisinə inandırmaqla, ağlının parlaqlığı və qayğısı ilə ələ alır. O,  bu insanlara azadlıq və müstəqillikdən başqa hər şey verə bilər. Bu cür münasibətlərə adətən valideynlə uşaq arasında rast gəlinir. Bu münasibətlərdə üstünlük və sahiblənmə mövcuddur və bu münasibətlər uşağın qayğısına qalmaq və onu qorumaq kimi təqdim olunaraq təbii görünür. Uşaq qızıl qəfəsə yerləşdirilir, əgər o, qəfəsi tərk etməzsə hər şey əldə edə biləcək. Bu uşaqlar böyüyəndə onlarda sevgi qarşısında böyük qorxu hissi yaranır, çünki onlara görə sevgi həbs edilmək, azadlıqdan məhrum olmaqdır.

    Mazoxizmlə müqayisədə sadizm çoxlarına ziddiyyətli görünmürdü. Başqalarını incitmək və yaxud onlar üzərində hakimiyyətə sahib olmaq yaxşı bir şey olmasa da təbii görünürdü. Hobbs hesab edirdi ki, “bəşəriyyət ümumən daim və dayanmadan hakimiyyətə can atıb və hakimiyyət arzusu yalnız insan öldükdə bitir.”[2] Hobbsa görə hakimiyyətə can atmaq şeytani əməl deyildi, həyatdan həzz almağa çalışan və təhlükəsizliyini düşünən insanın rasional istəyi idi. Hobbsdan başlamış hakimiyyətə can atmağı bioloji cəhətdən əsaslanan mövcudluq uğrunda mübarizənin məntiqi nəticəsi hesab edən Hitlerə qədər hamı hakimiyyət hərisliyini insan təbiətinin ayrılmaz hissəsi hesab edirdi. Lakin mazoxist meyillər, insanın özünə qarşı çevrilən əziyyət sirr kimi idi. İnsanın özünü alçaltmasını, zəiflətməsini və özünə əziyyət verməsini və bundan həzz almasını necə izah etmək olar? Mazoxizm fenomeni həyatdan zövq almağa və özünü qorumağa meyilli olan insan psixologiyası  ilə ziddiyyət təşkil etmirmi? Nə üçün bəzi insanlar əksəriyyətin qaçmağa çalışdığı ağrı və əzablara meyilli olurlar?

    Elə vəziyyətlər var ki, ağrı və zəiflik insanın məqsədinə çevrilir. Bunu mazoxist pozğunluq adlandırırlar. Belə vəziyyətlərdə biz insanların şüurlu olaraq əzab çəkmək istədiklərini və bundan həzz aldıqlarını görürük. Mazoxist pozğunluqlar zamanı insanın ona əzab verənə qarşı seksual hissləri oyanır. Bu, mazoxist pozğunluğun yeganə halı deyil. Bəzən belə vəziyyətdə insanlar fiziki ağrı axtarmırlar, fiziki köməksizlik onlarda seksual ehtiras və məmnunluq yaradır. Adətən mazoxist mənəvi zəiflik istəyir, istəyir ki, onunla uşaq kimi davransınlar və yaxud da onu hansısa halda  alçaltsınlar və ya təhqir etsinlər. Sadist pozğunluqda isə məmnunluq müəyyən mexanizmlər, məsələn, insana fiziki əzab vermək və ya rəftar və sözlərlə təhqir etmək vasitəsilə əldə edilir.

    Təhqir və ya əzab vasitəsilə şüurlu və məqsədli şəkildə həzz almaqdan ibarət mazoxist pozğunluq psixoloq və yaxıçıların diqqətini mazoxist xarakterdən (bəzən mənəvi mazoxizm adlandırılır) daha erkən cəlb edib. Lakin zaman keçdikcə aydın oldu ki, seksual pozğunluqlar və bizim təsvir etməyə başladığımız vəziyyət çox yaxındır və mazoxizmin bu iki tipi əslində eyni izaha malikdir. 

    Bəzi psixoloqlar ehtimal edirdilər ki, əgər müti olmaq və əzab çəkmək istəyən insanlar varsa demək bu məqsədə nail olmağa köklənmiş “instinkt” də olmalıdır. Məsələn, Vierkandt kimi sosioloqlar belə nəticəyə gəlmişdilər. Freyd bu vəziyyəti dərindən izah etməyə çalışan ilk alim olub. Əvvəl Freyd düşünürdü ki, sado-mazoxizm əsasən seksual fenomendir. Uşaqlarda sado-mazoxizi müşahidə edən Freyd ehtimal edirdi ki, sado-mazoxiszm seksual instinktin inkifaşında özünü mütəmadi olaraq göstərən “qismən meyillilikdir.” O, yetkin insanlarda sado-mazoxizmin mövcudluğunu erkən yaşlarda psixoseksual inkişafdan geridə qalma və yaxud bu inkişafın sonradan geriləməsi ilə izah edirdi. Sonralar Freyd mənəvi mazoxizm adlandırdığı fenomenin, yəni fiziki deyil, mənəvi əzabın mühüm əhəmiyyət kəsb etdiyini anlamışdı. O, eyni zamanda qeyd edirdi ki, mazoxist və sadist meyillər bir-birinə zidd görünsə də birgə təzahür edirlər. Sonradan onun mazoxizmlə bağlı nəzəri baxışları dəyişdi. O düşünürdü ki, insanın digərlərini və özünü darmadağın etmək istəyi bioloji əsasa malikdir. Freyd bu instinkti “ölüm instinkti” adlandırır və onu mazoxizm fenomeni üçün əsas hesab edirdi. Freyd hesab edirdi ki, birbaşa müşahidəyə tabe olmayan bu ölüm instinkti cinsi instinktlə birləşir və əgər ölüm instinkti insanın özünə qarşı çevrilibsə bu, özünü mazoxizmdə biruzə verir, başqalarına qarşı çevrilibsə sadizmdə biruzə verir.  Freyd dşünürdü ki, bu birləşmə insanı təhlükəli hərəkətlərdən qoruyur, əks təqdirdə ölüm instinkti reallaşmış olardı. Yəni Freydə görə insan ölüm instinktini seksual instinktlə birləşdirə bilməsə idi onun yalnız bir yolu qalırdı, ya özünü, ya da başqalarını öldürmək. Freydin bu mövqeyi onun sado-mazoxizmlə bağlı əvvəlki mövqeyindən köklü şəkildə fərqlənir. Əvvəlki nəzəriyyədə sado-mazoxizm mahiyyət etibarı ilə seksual fenomen idi,  yeni nəzəriyyədə isə o, artıq seksual fenomen deyil, bu nəzəriyyədə seksual faktor  ölüm instinkti ilə seksual instinktin birləşməsi nəticəsində peyda olur. 

    Freyd uzun illər aqressiyanın qeyri-seksual xarakterinə az əhəmiyyət verib, lakin Alfred Adler bizim müzakirə etdiyimiz problemi öz sisteminin mərkəzinə qoyub. Adler bu problemi sado-mazoxizm deyil, “natamamlıq hissi” və “hakimiyyətə can atmaq” adlandırıb. Adler bu problemin yalnız rasional tərəfini görür. Biz özünü alçaltma və əhəmiyyətsizləşdirmənin irrasional meyillərindən danışırıq, Adler isə natamamlıq hissini real natamamlıqlara, məsələn, təbii natamamlığa və ya uşağın köməksizliyinə rasional cavab kimi görür. Biz hakimiyyətə can atmanı başqaları üzərində hökmranlıq etməyin irrasional impulsu kimi qiymətləndiririk, Adler bu məsələyə birmənalı şəkildə rasional yanaşır və hakimiyyətə can atmanı insanın qətiyyətsizliyi və natamamlığından doğan təhlükələrdən qorunmaq üçün adekvat reaksiyası kimi izah edir. Adler hər zaman olduğu kimi bu məsələdə də insan davranışının məqsədyönlü və rasional izahından kənara çıxa bilmir. Adler insan davranışının motivasiyasının dərk edilməsinə mühüm tövhələr versə də dərinə gedə bilməyib, Freyd kimi irrasional impulsların dibinə enməyi bacarmayıb.

    Psixoanalitik ədəbiyyatda Freydin yanaşmasından fərqli fikirlər Vilhelm Rayxin[3], Karen Norneyin[4]  və mənim tərəfimdən[5] təqdim olunub.

    Reyxin fikirləri Freydin ilkin libido nəzəriyyəsinə əsaslansa da, o, mazoxist şəxsiyyətin son nəticədə həzz almağa can atdığını, ağrının isə əsas məqsəd olmadığını qeyd edir. Horney ilk dəfə olaraq nevrotik insanda mazoxist meyillərin mühüm əhəmiyyətini qeyd edib, mazoxist xarakteri hərtərəfli təsvir edib və nəzəri cəhətdən bu fenomenin xarakterin ümumi strukturu ilə əlaqəli olduğunu göstərib. Onun və mənim tədqiqatlarımda mazoxizm seksual pozğunluqla əlaqələndirilmir, əksinə, mazoxizm müəyyən xaraktera malik insanların psixi pozuntularının seksual ifadəsi kimi təqdim olunur.

    İndi əsas məsələyə gələk. Mazoxist pozğunluğun və mazoxist xarakterin kökündə nə durur? Mazoxist və sadist meyllərin əsasında nə durur?

    Bu sualın cavabına aparan istiqamət haqqında bu fəsilin əvvəlində məlumat verilib. Həm mazoxist, həm də sadist meyllər insanın dözülməz tənhalıq və gücsüzlük hissi ilə mübarizəsinə yardım edir. Mazoxist şəxslərin psixoanalitik və empirik müşahidəsi onların tənhalıq və əhəmiyyətsizlik hissi ilə dolu olduğunu təsdiq edir. (Mən bu kitabın çərçivəsindən kənara çıxmadan burada həmin sübutlara istinad verə bilmirəm.) Əksər hallarda bu hisslər qeyri-şüurludur, çox vaxt isə bu hisslər  üstünlük və mükəmməllik kimi kompensasiyaedici hisslərin arxasında gizlənir. Lakin bu şəxsiyyətlərin qeyri-şüurlu dinamikasına daha dərindən bələd olduqca bu hissləri aşkar etmək mümkün olur. Fərd neqativ mənada “azad”dır, yəni o, öz “mən”i ilə tək qalır və yad dünyaya qarşı dayanmağa məcbur olur. Belə bir vəziyyətdə Dostoyevskinin “Karamazov qardaşları”ndakı səlis təsvirinə istinad etmək olar: onun “bədbəxt məxluq olaraq doğuşdan malik olduğu azadlığı mümkün qədər tez birinə ötürməsinə ehtiyacı var idi.” Qorxmuş şəxs öz “mən”ini təhvil verə biləcəyi birini axtarır, o, artıq öz “mən”inə dözə bilmir və ondan yaxa qurtarmağa, “mən” yükündən azad olmağa və beləliklə də özünü təhlükəsiz hiss etməyə çalışır.

    Mazoxizm bu məqsədə çatmaq yollarından biridir. Müxtəlif forma alan mazoxist meyllərin bir məqsədi var: fərdi “mən”dən yaxa qurtarmaq, özünü itirmək, başqa sözlə azadlığın yükündən azad olmaq. Fərdin çox güclü hesab etdiyi bir şəxsə və ya qüvvəyə tabe olmağa çalışdığı mazoxist səylərdə bu məqsəd aydın görünür. (Yeri gəlmişkən, başqa bir insanın üstünlüyünə inam həmişə nisbi mənada başa düşülməlidir. Bu inam ya başqa bir insanın real gücünə əsaslanır, ya da insanın özünün tamamilə əhəmiyyətsiz və gücsüz olmasındna irəli gəlir. Belə olduqda həm balaça siçan, həm də quru bir yarpaq təhdidedici görünə bilər.) Mazoxizmin digər formalarında da əsas məqsəd bundan ibarətdir. Mazoxist üçün xarakterik olan şəxsi əhəmiyyətsizlik hissi özünü ilkin əhəmiyyətsizlik hissinin gücləndirilməsində göstərir. Bunu necə anlamaq olar? Güman etmək olarmı ki, insan təhlükəsizlik hissindən bu hissi gücləndirməklə yaxa qurtara bilər? Əslində bu elə belədir. Axı mən müstəqil və azad olmağa can atdıqda,  eyni zamanda əhəmiyyətsizliyim və gücsüzlüyümlə mübarizə apardıqda əzablı münaqişə vəziyyətində oluram. Amma mən öz şəxsi “mən”imi məhv etdikdə, özümün bir şəxsiyyət olmam hissini boğduqda bu münaqişəyə son qoya bilərəm. Tamamilə əhəmiyyətsiz və gücsüz olmaq hissi bu məqsədə çatmağın yollarından biridir. Onun digər yolu ağrı və iztirabdan yaxa qurtarmaqdır, başqa bir yol sərxoşluq və ya narkotiklərdir. Tənhalığa qalib gəlməyin bütün yolları tükəndikdə özünü öldürmək ən son ümiddir.

    Müəyyən şərtlər altında bu mazoxist meyillərin reallaşdırılması kifayət qədər uğurlu olur. Əgər fərd mazoxist meylləri reallaşdırmaq üçün uyğun sosial mühit tapırsa (məsələn, faşist rejimi altında liderə tabe olmaq) o, özünə inam qazanır, çünki onun kimi hisslər keçirən milyonlarla insan ilə həmrəy olduğunu görür. Lakin hətta bu halda da problemin mazoxist həlli nevrotik təzahürlərdən başqa bir şey deyil. İnsan iztirablarını susdura bilir, lakin bu iztirabların səbəbi olan daxili münaqişəyə və səssiz bədbəxtliyə son qoya bilmir. Mazoxist meyllər uyğun sosial forma tapa bilmədikdə və yaxud bu meyllər fərdin aid olduğu sosial qrupda mazoxizmin orta səviyyəsini aşdıqda problemin mazoxist həlli hətta nisbi baxımdan heç bir əhəmiyyət kəsb etmir.  Bu həll dözülməz şəraitin nəticəsində yaranır, bu həll dözülməz şəraitdən çıxmaq üçün bir cəhd kimi görünür, lakin insanı yeni iztirabların məngənəsində sıxmış olur. İnsanın davranışı hər zaman rasional və məqsədyönlü olsa idi mazoxizmi də digər nevrotik təzahürlər kimi izah etmək çətin olardı.  Lakin emosional və psixi pozuntuların tədqiqi öyrədir ki, insanın davranışını motivasiya edən yalnız həyəcan və ya ağlın hər hansı digər dözülməz vəziyyəti nəticəsində yaranan meyllərdir. Bu meyllərin məqsədi həmin emosional vəziyyətdən çıxmaqdır, lakin bu meyllər ən yaxşı halda həmin vəziyyətin göstəricilərinə kölgə sala bilir,  bəzən isə bunu da edə bilmir. Nevrotik əlamətlər təlaşda olan insanın irrasional davranışını xatırladır. Bu vəziyyət yanan evdə olan insanın çırpıntısına bənzəyir. Yanan evdə olan insan yardım istəyir, lakin unudur ki, onun səsini heç kim eşitmir, unudur ki, bir neçə dəqiqədən sonra oda bürünəcək pilləkənlərlə enərək xilas ola bilər. O, xilas olmaq istədiyi üçün qışqırır, həmin an onun bu hərəkəti xilas yolu kimi görünür, lakin bu yol sonunda fəlakətə aparır. Fərdin “mən”indən, bütün çatışmazlıqlarından, münaqişə, risk, tərəddüd və dözülməz tənhalığından qurtuluş kimi görünən mazoxist meyllər də bu cürdür. Bu meyllər ən yaxşı halda görünən ağır iztirabları yatızdırır, ən pis halda isə daha böyük iztirablara səbəb olur. Digər nevrotik təzahürlər kimi mazoxist meyllərin irrasionallığı özünü dözülməz emosional vəziyyətdən çıxmaq üçün istifadə olunan bütün vasitələrin əhəmiyyətsizliyində göstərir.

    Bu mülahizələr nevrotik və rasional davranış arasında mühüm fərqə işarədir. Sonuncuda nəticə insanın motivasiyasına uyğun gəlir, insan müəyyən məqsədə çatmaq üçün hərəkət edir. Nevrotik meyllər zamanı insan məcburiyyətdən hərəkət edir və bu məcburiyyət neqativ xarakter daşıyır, çünki dözülməz vəziyyətdən qaçmağı nəzərdə tutur. Meyllər doğru olmayan həllə aparır. Nəticə isə insanın can atdığının tamamilə əksidir. Dözülməz hissdən azad olmaq məcburiyyəti o qədər güclüdür ki, insan düzgün qərar verə bilmir.

    Mazoxizmdə insanı hərəkətə gətirən dözülməz tənhalıq və əhəmiyyətsizlik hissidir. O, bu hissdən azad olmaq üçün (psixoloji mənada) kimliyindən imtina edir. Bunun üçün o, özünü alçaldır, əzab çəkir və özünü məhv edir. Lakin onun can atdığı ağrı və iztirab deyil, bu, onun dərk edilməyən məqsədinə çatmaq üçün dərk edilməyən ümidinə verilən qiymətdir. Bu, çox yüksək bir qiymətdir, o, əsarət altında olan muzdlu işçi kimi hər dəfə daha çox qiymət ödəməli olur, lakin ödədiyi qiymətə rəğmən o, heç bir zaman rahatlıq və əmin-amanlıq tapa bilmir.

    Mazoxist pozğunluğun təhlili göstərir ki, iztirab cəlbedici ola bilər. Lakin psixoloji mazoxizmdə olduğu kimi iztirab məqsəd deyil. Hər iki halda iztirab vasitədir, məqsəd isə fərdin kimliyini unutmasıdır. Mazoxist pozğunluqla mənəvi mazoxizm arasındakı əsas fərq ondadır ki, pozğunluq zamanı kimlikdən imtina bədən vasitəsilə həyata keçirilir və bu, cinsi hisslərlə bağlıdır. Mənəvi mazoxizm zamanı bu hiss insanı tamamilə bürüyür və insan kimliyinin şüurlu surətdə can atdığı bütün məqsədləri məhv edə bilir. Pozğunluqlar zamanı mazoxist meyllər fiziki sahəni əhatə edir, bu meyllər sekslə birləşərək insanın seks həyatındakı gərginliyini azaldır və birbaşa rahatlıq gətirir.

    İnsanın fərdi kimliyinin məhvi və bu yolla dözülməz gücsüzlük hissindən azad olması mazoxist meyllərin bir tərəfidir. Bunun digər tərəfi böyük və güclü bir bütövün bir parçasına çevrilmək, xarici gücdə əriyib onun bir hissəsinə çevrilmək cəhdidir. Bu xarici güc insan, institut, Allah, millət, vicdan və yaxud da psixoloji məcburiyyət ola bilər. Sarsılmaz, əbədi və tükənməz kimi görünən bu xarici gücün bir hissəsinə çevrilən insan özünü həmin gücə və onun malik olduğu şöhrətə aid hiss edir. İnsan öz kimliyindən və bu kimliyin malik olduğu güc və qürurundan imtina edir, bütöv varlıq kimi şəxsiyyətini itirir və azadlığından imtina edir. Azadlığından imtina edən insan özünü birləşdirdiyi xarici gücdən yeni təhlükəsizlik və yeni qürur əldə edir. O, eyni zamanda tərəddüd iztirablarından yaxa qurtarır. Onun özündən kənarda yerləşən xarici bir qüvvənin, hakimiyyətin onun sahibi olmasından və yaxud da vicdanın və ya psixi məcburiyyətin onun sahibinə çevrilməsindən asılı olmayaraq mazoxist insan qərar qəbul etmək məcburiyyətindən azad olur. O, öz taleyi üçün məsuliyyət daşımaqdan azad olur və beləliklə də hansı qərarı qəbul etmək tərəddüdündən yaxa qurtarmış olur. O, eyni zamanda həyatının mənası və özünün kim olması ilə bağlı şübhələrdən azad olur. Bu suallara cavab isə insanın özünü aid etdiyi hakimiyyətə münasibətlə bağlı yaranır. İnsanın həyatının mənası və kimliyi onun özünü birləşdirdiyi daha böyük bir güc tərəfindən müəyyənləşdirilir.

    Mazoxist bağlar ilkin bağlardan köklü şəkildə fərqlənir. Sonuncular insanın fərdiləşməsi prosesinə qədər mövcud olur. Bu zaman insan hələ də özünün təbii və sosial dünyasının bir hissəsidir, o, hələlik təbii sərhədlərdən kənara çıxmayıb. İlkin bağlar ona sözün əsl mənasında təhlükəsizlik hissi və harada olması haqqında məlumat verir. Mazoxist bağlar isə qaçışdır. Fərdi kimlik yaranıb, lakin bu kimlik azadlığını dərk edə bilmir. Bu kimlik təşviş, şübhə və gücsüzlük hissi ilə boğulur. İnsan təhlükəsizliyini ikinci dərəcəli bağlarla əldə etməyə çalışır, lakin bu cəhdlər heç bir zaman uğurlu olmayacaq. İnsanın fərdi kimliyinin yaranmasının qarşısını almaq mümkün deyil. Şüurlu şəkildə insan özünü təhlükəsiz və hansısa bir bütövə aid hiss edə bilər, lakin mahiyyət etibarilə o, kimliyini boğan gücsüz atom olaraq qalır. İnsan və yapışdığı hakimiyyət heç bir zaman bütöv bir vahid ola bilməyəcək, onlar arasında hər zaman fundamental ziddiyyətlər mövcud olacaq. Beləliklə də şüursuz da olsa insan mazoxist asılılıqlarından yaxa qurtarmağa və azad olmağa çalışacaq.

    Sadist istəklərin mahiyyəti nədən ibarətdir? Burada da əsas mahiyyət başqasına əzab vermək deyil. Bizim müşahidə edə bildiyimiz sadizmin bütün formaları yalnız bir təməl məqsədin olmasına işarə edir: bir insan üzərində tam hakimiyyətin əldə edilməsi, başqasını iradəmizin gücsüz obyektinə çevirmək və beləliklə də onun üzərində mütləq hakimiyyət əldə etmək, onun Allahına çevrilmək, onunla istədiyimiz kimi rəftar etmək. Alçaltmaq, müti halına salmaq bu məqsədə çatmanın vasitəsidir, ən radikal məqsəd isə başqasına əzab vermək, müdafiə olunmasına imkan yaratmamaqdır. Başqa insan və ya canlı varlıq üzərində mütləq hakimiyyətə malik olmaq həzzi sadist arzuların əsas mahiyyətidir.[6]

    Belə güman etmək olar ki, birinin başqası üzərində mütləq hakimiyyət əldə etməsinə cəhd mazoxist meyllərə ziddir. Belə olan halda bu iki meyl arasında bağların olması şübhə doğura bilər. Praktik nəticələrlə bağlı heç bir şübhəmiz yoxdur: asılı olmaq istəyi və ya əzab çəkmək hökmranlıq etmək və ya başqalarına iztirab vermək istəyinə ziddir. Lakin psixoloji nöqteyi-nəzərdən hər iki meyl bir tələbatın, təcridolunmaya və şəxsi zəifliyə tab gətirə bilməməyin nəticəsidir. Mən həm mazoxizmin, həm də sadizmin əsasında duran məqsədi simbioz adlandırmağı təklif edirəm. Psixoloji mənada simbioz  bir fərdin kimliyinin digər fərdin kimliyi və ya gücü ilə elə bir birləşməsidir ki, hər iki tərəf öz şəxsi kimliyini itirir və bir-birindən asılı vəziyyətə düşür. Sadist də mazoxist kimi öz obyektindən asılılıq hiss edir. Sadəcə olaraq biri təhlükəsizliyini başqasına tabe olaraq əldə edir, digəri isə başqası tərəfindən tabe edilərək təhlükəsizlik əldə edir. Hər iki halda fərdin şəxsiyyəti itir. Birinci halda mən xarici qüvvənin içərisində əriyib yox oluram, digər halda mən böyüyərək başqasını özümün bir hissəsinə çevirirəm və beləliklə də özümdə olmayan güc əldə edirəm. Məhz şəxsi kimliyinin tənhalığına dözə bilməyənlər başqaları ilə simbiotik əlaqəyə girməyə ehtiyac hiss edirlər. Buradan mazoxist və sadist meyllərin bir-birinə necə qarışdığı aydın olur. Onlar ilk baxışdan fərqli görünsələr də hər ikisinin yaranma səbəbləri eynidir. İnsanlar ya sadist, ya da mazoxist olmurlar. Simbiotik kompleksin aktiv və passiv tərəfləri arasında daim bir tərəddüd mövcuddur və çox zaman hansı tərəfin özünü biruzə verdiyini müəyyənləşdirmək asan olmur. Hər iki halda fədilik və azadlıq itirilir.

    Biz sadizm haqqında düşünəndə onunla sıx əlaqədə olan dağıdıcılıq və düşmənçiliyi düşünürük. Əlbəttə ki, sadist meyllərdə az və ya çox dərəcədə dağıdıcılıq mövcuddur. Bu vəziyyət mazoxizmə də aiddir. Mazoxizmin hər bir tədqiqi düşmənçiliyə işarə edir. Bunlar arasında fərq ondan ibarətdir ki, sadizmdə düşmənçilik daha şüurludur və hərəkətlərdə özünü göstərir, mazoxizmdə isə düşmənçilik əsasən qeyri-şüuridir və özünü dolayı yolla göstərir. Mən bir qədər sonra göstərəcəyəm ki, dağıdıcılıq insanın hissi, emosional və intellektual hisslərinin boğulmasının nəticəsidir.  Buna görə də onu doğuran şərait smbiotik tələbatı doğuran şərtlərlə eynidir.  Burada qeyd etməliyəm ki, sadizm dağıdıcılıqla eyni deyil. Destruktiv insan obyekti dağıtmağa, ondan yaxa qurtarmağa, onu aradan götürməyə çalışır. Sadist isə obyektini özünə tabe etmək istəyir və bu səbəbdən də obyekt itdikdə zərər görür.

    Sadizm bizim bu sözü işlətdiyimiz mənada dağıdıcılıqdan uzaq ola və öz obyektinə dost münasibət bəsləyə bilər. Sadizmin “sevən” obrazı  klassik təsvirini Balzakın “İtirilmiş illyuziyalar” romanında tapmışdı. Bu təsvir eyni zamanda simbioza olan tələbatın xüsusi xarakterini də ifadə edir. Həmin hissədə Balzak gənc Lyusyen ilə özünü abbat kimi qələmə verən məhkum arasında münasibətləri təsvir edir. Özünü öldürməyə cəhd edən gənclə tanış olan abbat deyir: ‘Bu gəncin bir az bundan əvvəl ölmüş şairlə heç bir əlaqəsi yoxdur. Mən sizi tapdım, sizə həyat verdim, Allahın yaratdığı necə ona məxsusdursa, şərq nağıllarında deyildiyi kimi ifrit ruha, cism ruha necə məxsusdursa siz də mənə məxsussunuz. Mən qüdrətli əlim ilə sizin hakimiyyətə çatmanıza dəstək verəcəyəm, mən sizə zövqlərlə, şərəflərlə və sonsuz ziyafətlərlə dolu bir həyat vəd edirəm. Sizin heç zaman pula ehtiyacınız olmayacaq, siz parlayacaqsınız, möhtəşəm olacaqsınız; mən isə  pərdəarxası intriqaların palçıqına bulaşaraq sizin xoşbəxtliyinizin parlaq binasını inşa edəcəyəm. Mən hakimiyyət xətrinə hakimiyyəti sevirəm! Mən hər zaman sizin sevincinizdən zövq alacağam, amma özüm bu sevincdən məhrum olacağam. Sözün qısası biz bütöv bir varlıq olacağıq… Mən yaratdığımı sevəcəyəm, mən onu inşa edəcəyəm, onu mənə xidmət etməsi üçün  formalaşdıracağam, onu ata oğlunu sevdiyi kimi sevəcəyəm. Mənim əziz oğlum, mən ruhən səninlə karetada yanaşı gedəcəyəm, sənin qadınlarla münasibətdə qazandığın uğurlarla sevinəcəyəm və deyəcəyəm: “bu gözəl gənc oğlan mənim özümdür, markiz de Ryubamperi mən yaratmışam, kübar cəmiyyətə təqdim etmişəm, onun uğuru mənim yaradıcılığımın nəticəsidir, onun susması və ya danışması mənim iradəmdən asılıdır,  o, hər bir şeydə mənimlə məsləhətləşir”.

    Əksər hallarda sadomazixzmi sevgi ilə qarışdırırlar. Mazoxist meyllər çox zaman sevgi təzahürü kimi qəbul edilir. Başqasına görə özündən imtina etmək, başqasının xeyrinə hüquq və iddialardan əl çəkmək ideal bir vəziyyət, “böyük sevgi” kimi təqdim olunur. Belə güman edilir ki, böyük “sevgini” sübut etməyin ən yaxşı yolu başqasının xeyrinə özünü qurban verməkdir. Əslində isə təsvir edilən vəziyyətdə “sevgi” simbioz əlaqələrə ehtiyacı olan insanın mazoxist meylləridir. Əgər biz sevgi dedikdə başqa bir şəxsin mahiyyətinin sübutunu və onunla əlaqəni başa düşürüksə, əgər biz həmin şəxslə birlikdə olmağı hər iki şəxsin müstəqilliyinin və bütövlüyünün saxlanılmasını nəzərdə tuturuqsa mazoxizm və sevginin fərqli şeylər olduğunu anlamalıyıq. Sevgi bərabərlik və azadlıq üzərində qurulur.  Əgər o, bir şəxsin digər şəxsə tabe olması və başqasının xeyrinə şəxsi bütövlüyünü itirməsinə əsaslanırsa artıq o, sevgi deyil, bu cür münasibəti nə qədər rasionallaşdırmağa çalışsaq da o, sevgi deyil, mazoxist asılılıqdır. Çox zaman sadizm də sevgi maskası altında gizlənir.  Başqa birisi üzərində hökmranlıq etmək və bunun onun xeyrinə olduğunu iddia etmək çox zaman sevginin təzahürü kimi təqdim olunur. Lakin burada əsas mahiyyət hökmranlıqdan alınan həzzdir.

    Bəlkə də bu yerdə əksək oxucularda belə bir sual yaranacaq: burada təsvir edilən sadizm hakimiyyətə can atmaq deyilmi? Bu suala belə cavab verə bilərik: əsas məqsədi başqa bir insana əzab və iztirab vermək olan sadizmin ən dağıdıcı formaları da hakimiyət hərisliyi demək deyil, lakin hakimiyyət hərisliyi sadizmin təzahürünün ən parlaq nümunəsidir. Bizim dövrümüzdə bu problem xüsusi aktuallıq təşkil etməyə başlayıb. Hobbsun dövründən hakimiyyət insan davranışının əsas motivi kimi qəbul edilib, lakin sonrakı dövrlərdə hakimiyyəti məhdudlaşdıran hüquqi və mənəi faktorlar daha çox əhəmiyyət kəsb etməyə başlayıb. Faşizmin yaranması ilə hakimiyyət hərisliyi və ona bəraət qazandırılması  geniş vüsət aldı. Çoxları hakimiyyət hesabına qazanılan qələbəyə heyran olurlar və bunu gücün əlaməti hesab edirlər. Sözsüz ki, insanlar üzərində hakimiyyət maddi mənada üstün gücün nümayişidir. Əgər başqa bir insanı öldürmək mənim səlahiyyətimdədirsə demək mən ondan “güclüyəm”. Lakin psixoloji mənada hakimiyyət hərisliyi gücün deyil, zəifliyin işarəsidir. Hakimiyyət hərisliyi insanın öz ayaqları üzərində müstəqil dayanıb yaşaya bilməməsinin təzahürüdür. Hakimiyyət hərisliyi əsl gücə ehtiyacı olan insanın “əlavə güc” əldə etmək üçün etdiyi çarəsiz cəhdləridir.

    Hakimiyyət sözünün iki mənası var. Birinci mınada hakimiyyət kiminsə üzərində hakimiyyətə malik olmaq, kiminsə üzərində hökmranlıq etmək deməkdir. İkinci mənmada hakimiyyət nə isə etməyə qadir olmaq, fəaliyyət göstərmək gücünə malik olmaq deməkdir. İkinci mənada hakimiyyət hökmranlıq etmək deyil, bu mənada hakimiyyət qabiliyyət, bacarıq deməkdir. Biz gücsüzlük dedikdə məhz bunu nəzərdə tuturuq, biz gücsüzlük dedikdə başqası üzərində hökmranlıq edə bilməməyi nəzərdə tutmuruq, biz gücsüzlük dedikdə istədiyini edə bilməməyi nəzərdə tuturuq. Beləliklə, hakimiyyət bu ikisindən biridir. Hakimiyyət ya hökmranlıq, ya da fəaliyyət göstərmək imkanıdır (potensialıdır). Bu iki məna bir-birinə yaxın deyil və hətta biri digərini inkar edir. Əgər biz gücsüzlüyü təkcə seksual sahəyə deyil, insanın bütün fəaliyyət sferasına aid etsək onun başqası üzərində hakimiyyətə sövq edən sadist meyllər doğurduğunu görərik.  Əsl gücə malik olan insan, yəni azadlığı və fərdi bütövlüyünə, “mən”inə arxalanaraq şəxsi imkanlarını reallaşdırmağı bacaran insanın hakimiyyətə ehtiyacı yoxdur, onun hakimiyyət ehtirası da yoxdur. Hökmranlıq üçün hakimiyyət əsl gücün təhrif olunmasıdır. Seksual sadizm də seksual sevginin təhrif olunmasıdır. 

    Sadist və mazoxist meyllər ola bilsin ki, hər bir insana xassdır. Bəzi insanlarda bu xüsusiyyətlər üstünlük təşkil edir, bəzilərində isə  o qədər də əhəmiyyətli deyil. Yalnız birincilərə aid olan insanların sadomazoxist xüsusiyyətlərindən danışmaq olar. Burada xüsusiyyət dedikdə Freydin işlətdiyi mahiyyət nəzərdə tutulur. Biz insanın müxtəlif davranış modellərini  deyil, bu davranışı müəyyən edən əsas meylləri nəzərdə tuturuq. Freyd əsas hərəkətverici qüvvənin cinsi meyllər olduğunu fərz etdiyindən, “oral”, “anal” və ya “genital” xarakter anlayışını təqdim edir. Bu fərziyyə ilə razılaşmadıqda başqa anlayışlar təqdim olunmalıdır. Lakin konsepsiyanın özü dəyişməz qalır. İnsanın xarakterində həlledici rol oynayan hərəkətverici qüvvələr insan tərəfindən dərk edilməyə də bilər. İnsan bütövlüklə özünün sadist meyllərinin təsiri altında ola bilər, lakin güman edə bilər ki, davranışı borc hissindən irəli gəlir. O, hətta özünü açıq biruzə verən sadist hərəkətlər etməyə, onları içində boğa da bilər və zahirən belə bir meylləri olmayan insan kimi görünə bilər. Lakin onun davranışının, fantaziyalarının, yuxularının və jestlərinin dərin təhlili şəxsiyyətinin dərinliklərində yatmış sadistik impulsları aşkar edə bilər.

    Sadomazoxit xüsusiyyətlərin üstünlük təşkil etdiyi insanları sadomazoxist adlandırsaq da onlar nevrotik olmaya da bilərlər. Hər hansı bir insanın xaraktercə “nevrotik” və ya “normal” tipə aid edilməsi çox zaman insanların problemlərini həll etməyə çalışdıqları sosial mühitdən və aid olduqları mədəniyyətdə mövcud olan hiss və davranışın modelindən asılıdır. Əslində Almaniyada və digər Avropa ölkələrində orta sinfin aşağı təbəqəsinə aid olan insanların əksəriyyəti sadomazoxist tipə aiddir. Biz sonradan qeyd edəcəyik ki, məhz bu tipli insanlar arasında nasist ideologiyaya olan ehtiyac yüksək idi. Sadomazoxist termini çox zaman pozğunluqları və nevrozu nəzərdə tutduğu üçün biz nevrotik deyil, normal insandan danışdığımız zaman “avtoritar xarakter” terminini işlədəyəcəyik. Bu termin onunla əsaslanır ki, sadomzaxist insan ilk növbədə hakimiyyətə münasibəti ilə seçilir. Sadomazoxist hakimiyyətə səcdə edir və ona tabe olmağa meyllidir. Lakin o, özü də hakimiyyətə iddialıdır və başqalarını tabe etməyə cəhd göstərir. Bu termini seçməyimin başqa səbəbləri də var. Faşist sistemlər ona görə özlərini avtoritar adlandırırlar ki, onların sosial və siyasi strukturunda hakimiyyət əsas rol oynayır. Biz “avtoritar xarakter” dedikdə faşizmin insani bazasını təşkil edən şəxsiyyət tipini nəzərdə tuturuq.

    Avtoritar xarakteri təhlil etməzdən əvvəl “avtoritet” termininə aydınlıq gətirməliyik. Biz avtoritet dedikdə insanın malik olduğu hər hansı xüsusiyyəti, mülkiyyəti və ya fiziki qabiliyyəti nəzərdə tutmuruq. Avtoritet dedikdə insanlar arası münasibətlər nəzərdə tutulur və bu münasibətlərdə biri digərinə avtoritet, yəni özündən daha yüksəkdə duran kimi baxır. Lakin rasional avtoritet hesab edilən və üstünlük-natamamlıq prinsipi üzərində qurulan münasibətlərlə hakimiyyətin məhdudlaşdırılması üzərində qurulan münasibətlər arasında köklü fərq mövcuddur.

    Bir misal mənim nə demək istədiyimi anlamağa yardım edəcək. Müəllimlə şagird, qul ilə qulun sahibi arasında münasibətlər birinin digəri üzərində üstünlüyünə əsaslanır. Müəllim və şagirdin maraqları bir istiqamətə yönəlir. Müəllim şagirdə yardım etdikdə məmnun olur, əgər müəllim şagirdə yardım edə bilmirsə bunun günahı həm müəllimdə, həm də şagirddədir. Quldar qulu istismar edir və o, qulu   çox istismar edirsə bir o qədər çox məmnun olur. Qul isə kiçik bir xoşbəxtlik üçün öz hüquqlarını qorumağa çalışır. Bu münasibətlər antaqonist xarakter daşıyır, çünki birinə xeyir olan, digərinə zərərlidir. Hər iki halda üstünlük müxtəlif funksiyaları yerinə yetirir. Birinci nümunədə bu, hakimiyyətə tabe olan insana yardım etməkdir, ikinci nümunədə isə tabe olan insanın istismarıdır.

    Bu iki nümunədə avtoritetin dinamikası da fərqlidir. Şagird çox öyrəndikcə onunla müəllim arasındakı fərq azalır, o, getdikcə öz müəlliminə bənzəməyə başlayır. Avtoritet münasibət, hakimiyyət-tabe olmaq prinsipi dağılmağa başlayır. Lakin üstünlük və ya hakimiyyət istismara əsaslanırsa insanlar arasında distansiya daha da böyüyür.

    Hər iki nümunədə hakimiyyətlə bağlı psixoloji situasiya fərqlidir. Birinci nümunədə sevgi, heyranlıq və ya minnətdarlıq elementləri üstünlük təşkil edir. Hakimiyyət insanın özünü qismən və ya bütövlüklə bənzətməyə çalışdığı bir nümunədir. İkinci nümunədə isə istismarçıya qarşı kin və düşmənçilik yaranır, istismara tabe olmaq şəxsi maraqlarla ziddiyyət təşkil edir. Lakin çox zaman nifrət qulu qələbə çala bilməyəcəyi münaqişəyə gətirir və ona daha çox iztirab verir. Ona gör də qul nifrət hissini içində boğmalı olur və hətta bəzən onu kor-koranə heyranlıq hissi ilə də əvəz edir. Bu vəziyyət iki funksiyanı yerinə yetirir: 1) ağrılı və təhlükəli olan nifrət hissini aradan qaldırır; 2) alçaldılmaq hissini yumşaldır. Əgər mənim üzərimdə hakimiyyətə malik olan insan gözəl və mükəmməldirsə mən ona tabe olduğum üçün utanmamalıyam. Mən ona bərabər ola bilmərəm, çünki o, həddən artıq güclüdür, kamildir və məndən yaxşıdır. Beləliklə, hakimiyyətin məhdudlaşdırılması zamanı nifrət, qeyri-rasional şişirdilmə və hakimiyyətə heyranlıq artacaq. Hakimiyyət rasional olduqda isə hakimiyyətə tabe olan gücləndikcə daha çox hakimiyyətə yaxınlaşacaq və ona bənzəməyə başlayacaq.

    Rasional və məhdudlaşdırıcı hakimiyyət arasındakı fərq nisbi xarakter daşıyır. Hətta quldar ilə qul arasındakı münasibətlərdə də qul üçün əlverişli olan elementlər mövcuddur. O, minimum qidaya və müdafiəyə malikdir və bunlar ona sahibinə işləmək üçün imkan yaradır. Müəllimlə şagird arasında münasibətlərə gəlincə  yalnız ideal halda onların maraqları toqquşmur. Bir-birindən kəskin fərqlənən bu  iki nümunədən başqa fabrik sahibi ilə fəhlə, fermer sahibi ilə oğlu, ailə başçısı ilə arvadı arasındakı münasibətlərə bənzər çoxlu sayda aralıq münasibətlər də mövcuddur. Bu iki hakimiyyət növü bir-birinə bənzəsə də mahiyyətcə fərqlidir və konkret situasiyalarda hakimiyyət münasibətlərinin təhlili zamanı hər bir hakimiyyət növünün xüsusi çəkisini müəyyənləşdirmək lazımdır.

    Hakimiyyət heç də hər zaman nəyi isə etmək və ya etməmək əmrini verən insan və ya institutun simasında təzahür etmir. Bu hakimiyyəti çox zaman xarici hakimiyyət adlandırsalar da o, həm də vicdana, öhdəliyə çevrilərək daxili hakimiyyət də ola bilər. Protestantlıqdan Kanta qədər demək olar ki, bütün müasir düşüncə faktiki olaraq xarici gücün insanın daxili psixi strukturuna çevrilməsi, daxililəşdirilməsidir. Orta sinifin siyasi nüfuzunun artması ilə xarici hakimiyyət əhəmiyyətini itirir, onun yerini insanın vicdanı tutur. Çoxları bunu azadlığın qalibiyyəti kimi qiymətləndirdi. Xarici qüvvəyə, xüsusilə də dini sahədə xarici qüvvəyə tabe olmaq azad insana layiq olmayan bir vəziyyət kimi qəbul edilirdi. Digər tərəfdən insanın təbii meyllərinə hakim olması, insan şəxsiyyətinin bir hissəsinin, ağılın, iradənin və ya vicdanın təbii hissəsi üzərində hakimiyyəti ələ alması azadlığın əsl mahiyyəti kimi başa düşülürdü. Lakin təhlil göstəriri ki, vicdan da xarici hakimiyyət kimi sərtdir və vicdanın tələbləri çox zaman əxlaqi normalar kimi qəbul edilmiş tələblərlə müəyyənləşmir. Vicdanın hökmü bəzən xarici hakimiyyətdən daha sərt ola bilər, çünki vicdanın tələbləri insanın şəxsi tələbləri kimi qəbul edilir. İnsan özü-özünə qarşı necə üsyan edə bilər?

    Son on illiklərdə vicdan əvvəlki mahiyyətini itirib. Güman etmək olar ki, insanın həyatında nə xarici, nə də daxili hakimiyyət nəzərəçarpacaq rol oynamır. Hər kəs bir başqasının qanuni maraqlarını tapdalamayana qədər tamamilə azaddır. Lakin əslində hakimiyyət itməyib, o, görünməz olub. Aşkar güc “anonim” güclə əvəz olunub. Bu güc sağlam düşüncə, elm, əqli sağlamlıq, norma və ya ictimai rəy kimi maskalanıb. Bu güc olmalı olandan artıq bir şey tələb etmir. Bu güc heç bir təzyiq göstərmir, sadəcə olaraq yüngülcə inandırır. Məsələn, ana qızına deyir ki, “mən sənin bu oğlanla gəzməyə getmək istəmədiyini bilirəm” və yaxud “bu siqareti çəkin, onun yüngüllüyünü bəyənəcəksiniz.” Hər iki nümunədə biz bütövlükdə sosial həyatımıza nüfuz etmiş incə inandırma ilə üzləşirik. Anonim güc aşkar gücdən daha effektiv fəaliyyət göstərir, çünki insan yerinə yetirməyə məcbur olduğu hər hansı bir əmrin olduğunu hiss etmir. Xarici güc zamanı insan konkret bir əmrin olduğunu və onun kim tərəfindən verildiyini bilir. Bu güclə mübarizə aparmaq olar, bu mübarizə nəticəsində şəxsi müstəqillik və mənəvi cəsarət əldə etmək olar. Güc daxililəşdirildikdə əmrin olduğu  hiss edilir, lakin  onu kimin verdiyi bilinmir. Anonim güc zamanı isə əmr də itir. İnsan sanki görünməz düşmənin atəşi altına düşür, kiminlə mübarizə aparacağını bilmir.

    Avtoritar xarakterin müzakirəsinə qayıdaraq qeyd edə bilərik ki, burada spesifik olan hakimiyyətə münasibətdir. Avtoritar xarakterli insan üçün iki tip mövcuddur: güclülər və gücsüzlər.  İstənilən hakimiyyət, istər ayrıca bir şəxsin, istərsə də hər hansı bir institutun hakimiyyəti bu insanda sevgi, heyranlıq və tabe olmaq hissi doğurur. Hakimiyyət onu malik olduğu dəyərləri ilə deyil, sadəcə mövcud olması ilə cəlb edir. O, hakimiyyəti güclü olduğu üçün sevir, gücsüz insanlara və institutlara isə nifrət edir. O, hakimiyyəti olmayan, zəif insan gördükdə ona hücum etmək, onu məhv etmək və alçaltmaq istəyir. Fərqli düşünən insanları zəif, gücsüz insana hücum etmək fikri dəhşətə gətirir, avtoritar insan üçün isə qaşısındakı nə qədər zəif və gücsüzdürsə onu əzmək bir o qədər zövqlü olur. 

    Avtoritar xarakterli insanların bir xüsusiyyəti onları müşahidə edənlərin əksəriyyətində yanlış fikirlər oyadır. Bu xüsusiyyət hakimiyyətə meydan oxumaq və “yuxarıdan” gələn istənilən təsirə ağrılı reaksiya verməkdir. Bəzən bu üsyankar xüsusiyyət bütöv mənzərəyə kölgə salır və mütilik, tabe olmaq meyli ikinci plana keçir. Bu cür insan hər zaman istənilən hakimiyyətə, hətta onun maraqlarına cavab verən və repressiv üsullardan istifadə etməyən hakimiyyətə qarşı çıxacaq. Bəzən hakimiyyətə münasibət ikili xarakter daşıyır. Bu cür insanlar bəzən gücsüz hesab etdikləri və onları məyus edən hakimiyyət strukturlarına qarşı çıxır, əksinə, onların mazoxist meyllərini təmin etməyə hazır olan güclü və geniş miqyaslı aktivlik vəd edən institutlara isə tabe olurlar. Nəhayət, üsyankar meylləri tamamilə məhv edilmiş və bu meyllərin şüurlu nəzarətin zəifləməsi zamanı meydana çıxdığı tip mövcuddur. Bu tip insanlarda üsyankarlıq zəifləmiş və ya devrilmiş avtoritar hakimiyyətə qarşı yaranır. Üsyankar meylin mühüm əhəmiyyət kəsb etdiyi insana baxdıqda onun xarakterinin mazoxist müti insan xarakterinə uyğun gəlmədiyi aydın hiss olunur. Belə bir  təəssürat yaranır ki, bu insanlar müstəqillik arzusu ilə hərəkət edərək istənilən hakimiyyətə müqavimət göstərməyə hazırdırlar. Bu tip insanlar daxili güc və bütövlüyə arxalanaraq onların azadlığını və müstəqilliyini məhdudlaşdırmağa çalışan qüvvələrə qarşı mübarizə edən insanlara bənzəyirlər. Lakin avtoritar şəxsiyyətin hakimiyyətə qarşı mübarizəsi mahiyyət etibarilə nümayişkaranə öyünmədən başqa bir şey deyil. Bu, hakimiyyətə müqavimət vasitəsilə özünü təsdiq etmək, şəxsi gücsüzlük hissini dəf etmək cəhdidir. Hətta belə bir vəziyyətdə də tabe olmaq hissi şüurlu və ya şüursuz olaraq mövcuddur. Avtoritar şəxsiyyət heç bir zaman “inqilabçı” olmur, mən onu “üsyankar” adlandırmaq istəyirəm. Çoxlu sayda insanlar və siyasi hərəkatlar var ki, “radikalizm”dən ifrat avtoritarizmə keçidi ilə diqqətsiz müşahidəçini çaşdırır. Psixoloji nöqteyi-nəzərdən bu cür insanlar tipik üsyankardırlar.  

    Avtoritar insanın həyata münasibəti, onun bütün həyat fəlsəfəsi onun emosional hissləri ilə müəyyənləşir. Bu insan azadlığı məhdud edən mühiti sevir, o, taleyə tabe olmağı sevir. “Tale” məfhumu onun sosial vəziyyətindən asılıdır. Əsgər üçün bu, onun məmnuniyyətlə tabe olduğu komandirin istəyi və ya şıltaqlığı ola bilər. Xırda sahibkar üçün tale iqtisadi qanunlar ola bilər. Böhran və ya çiçəklənmə onun üçün insan fəaliyyəti nəticəsində dəyişə biləcək sosial vəziyyət deyil, tabe olunacaq ali hakimiyyətin təzahürüdür. Sosial piramidanın yuxarısında duranların da öz taleyi var. Burada fərqli olan asılılıq hissi deyil, insanın tabe olduğu gücün miqyası və ümumiliyidir.

    İnsanın şəxsi həyatını müəyyənləşdirən birbaşa gücdən başqa ümumən yaşamı müəyyənləşdirən güclər də qaçılmaz tale hesab olunur. Taleyin hökmü ilə müharibələr baş verir, taleyin hökmü ilə insanların bir hissəsi digər hissəsini idarə edir. Bu dünya elə qurulub ki, iztirabı heç bir zaman tükənməyəcək. Taleyi rasionallaşdırmaq mümkündür. Fəlsəfədə bu, “taleyin hökmü”, “təbii qanun”, dində “Allahın iradəsi”, əxlaqda isə borcdur. Avtoritar şəxsiyyət üçün bu, tabe olunacaq ali hakimiyyətdir. Avtoritar şəxsiyyət keçmiş qarşısında baş əyir: o şey ki, mövcud olub, hər zaman mövcud olacaq, əvvəl mövcud olmayan bir şeyi istəmək, yeni bir şeyə can atmaq ya axmaqlıq, ya da cinayətdir. Yaradıcılıq möcüzəsi (yaradıcılıq isə hər zaman möcüzədir) avtoritar şəxsiyyətin emosional qavrayışı xaricindədir.

    Şlyayermaxer dini təcrübəni mütləq asılılıq kimi müəyyən edir. Bu, mazoxist təcrübəyə də aiddir, lakin dində bu asılılıq hissi əsasən günahla bağlıdır. Bütün sonrakı nəsillərə təsir edən ilkin günah anlayışı  avtoritar düşüncə üçün xarakterikdir. Əxlaqi uğursuzluq digər uğursuzluqlar kimi insanın qaça bilməyəcəyi bir taleyə çevrilir. Bir dəfə günah işlədən dəmir zəncirlərlə öz günahına bağlanmış olur. İnsanın öz əməli onun üzərində hakimiyyətə malik gücə çvrilir və bir daha onu buraxmır. Günahın nəticələri kəffarə ilə yüngülləşdirilə bilər, amma kəffarə heç vaxt günahın özünü aradan qaldıra bilməz.[7] Yeşayanın “Günahlarınız qırmızı kimi olsa da, qar kimi ağaracaq” sözləri avtoritar fəlsəfəyə birbaşa zidd olan fikri ifadə edir.

    Avtoritar təfəkkürün əsas xüsusiyəti onun insan həyatının, istək və arzularının ondan asılı olmayan qüvvələr tərəfindən müəyyən edilməsinə inamdır. Yeganə mümkün xoşbəxtlik isə bu qüvvələrə tabe olmaqdır. İnsanın gücsüzlüyü mazoxist fəlsəfənin leytmotividir. Nasizmin ideoloqlarından biri olan Möller van den Bruk bu hissi kifayət qədər aydın ifadə edir.  O, yazır: “Mühafizəkar faciəyə inanır, gücsüz insan onun qarşısını ala bilməyəcəyinə inanır, onun qaçılmaz olmasına və aldanmış optimistin dəhşətli məyusluğuna inanır.”[8] Hitlerin yazılarında biz bu ruha aid çoxlu nümunə tapa bilərik.

    Avtoritar şəxsiyyətə fəaliyyət, cəsarət və ya inam yad deyil. Lakin bu xüsusiyyətlər tabe olmaq istəməyən insanda olan eyni xüsusiyyətlərdən fərqlənir. Avtoritar şəxsiyyətin aktivliyi onun aradan qaldırmağa çalışdığı dərin gücsüzlüyündən irəli gəlir. Bu zaman aktivlik insandan yüksəkdə duran nəyinsə xatirinə edilən fəaliyyətdir. Bu nə isə Allah, keçmiş, təbiət və ya borc ola bilər, amma heç zaman gələcək, doğmamış, hakimiyyəti olmayan və ya həyatın özü ola bilməz. Avtoritar şəxsiyyət fəaliyyəti üçün gücü ali hakimiyyətdən alır. Bu hakimiyyət sarsılmaz və dəyişməzdir. Bu insan üçün hakimiyyətin olmaması hər zaman günah və natamamlıq işarəsidir. İnsanın inandığı bu hakimiyyət zəiflik nümayiş etdirsə  onun sevgisi və hörməti nifrətlə əvəz olunur. Onun daha qüdrətli gücə boyun əymədən mövcud gücə qarşı meydan oxumaq üçün hücum etmək gücü yoxdur.

    Avtoritar şəxsiyyətin cəsarəti taleyin və yaxud dünyəvi rəhbərin ona hazırladığına boyun əyməkdir. Onun ən böyük fəziləti şikayət etmədən iztirab çəkməkdir. Bu cəsarət iztirablara son qoymaq və yaxud onları azaltmaq üçün edilən cəhd deyil. Avtoritar şəxsiyyətin igidliyi taleyi dəyişməkdən deyil, ona tabe olmaqdan ibarətdir.

    Nə qədər ki, hakimiyyət güclüdür və hökmranlıq edə bilir avtoritar şəxsiyyət ona inanır. Lakin bu inamın kökündə onun şübhələri yatır və o, bu yolla şübhələrindən azad olmağa çalışır. Əgər biz inam dedikdə insanın hansısa məqsədini reallaşdıra bilməsinə inamı nəzərdə tuturuqsa avtoritar şəxsiyyətdə belə bir inam yoxdur. Avtoritar fəlsəfə aktiv olsa da,  relyativizm üzərində tam qələbə qazandığını elan etsə də ümumən nigilizm və relyativizm üzərində qurulub. Həddindən artıq ümidsizlikdən,  imansızlıqdan yaranan bu fəlsəfə nihilizmə və həyatın inkarına gətirib çıxarır.[9]

    Avtoritar fəlsəfədə bərabərlik məfhumu yoxdur. Avtoritar şəxsiyyət ya şərti olaraq, ya da şəxsi maraqlarından irəli gələrək bəzən bərabərlik sözünü işlədə bilər, lakin onun üçün bu sözün real əhəmiyyəti və çəkisi yoxdur, çünki bu söz onun emosional qavrayışı üçün əlçatmaz bir sahəyə toxunur. Avtoritar şəxsiyyət üçün dünya iki hissəyə bölünüb, hakimiyyəti olanlar və hakimiyyəti olmayanlar, yuxarılar və aşağılar. Sadomazoxist meyllər ona ya tabe olmağı, ya da tabe etdirməyi öyrədir, onda həmrəylik hissi olmur. İstənilən fərqlilik, məsələn, irqi, cinsi fərqlilik onun üçün üstünlük və ya natamamlıq əlamətidir, başqa fərqlilik onun üçün heç bir əhəmiyyət kəsb etmir.

    Sadomazoxist meyllər və avtoritar xarakter gücsüzlüyün ən ifrat formasının təzahürüdür və bu səbəbdən də avtoritar şəxsiyyət bu hissdən qaçmağın ən son üsuluna, təzim etdiyi və ya sahibi hesab etdiyi obyektlə simbiotik əlaqənin yaradılmasına can atır.

    Bu cür sadomazoxist meyllərə tez-tez rast gəlinsə də yalnız müəyyən fərdləri və sosial qrupları tipik sadomazoxist hesab etmək olar. Asılılğın daha zəıif formaları da mövcuddur. Bizim cəmiyyətdə də bu formalar kifayət qədər çoxdur.  Bu cür asılılqlar sadomazoxizm kimi  təhlükəli və ehtiraslı xüsusiyyətlərə malik olmasa da diqqəti cəlb etmək üçün kifayət qədər önəmlidir.

    Söhbət həyatı müəyyən xarici qüvvələrdən asılı olan insanlardan gedir.[10] Onların fəaliyyəti, hissləri, düşüncələri bu xarici qüvvə ilə bağlıdır. Onlar həmin gücün onları “müdafiə etmə”sini, onların “qayğısına qalma”sını gözləyir, bütün hərəkətlərinin məsuliyyətini onun üzərinə qoyurlar. Bəzən insan belə bir asılılıqda olduğunu anlamır. Bəzən o, dumanlı şəkildə bu asılılığı hiss etsə də kimdən və nədən asılı olduğunu dərk etməkdə çətinlik çəkir. Bu güc hər hansı konkret obraza malik deyil. Onun mahiyyəti müəyyən funksiyaları yerinə yetirməkdir, məsələn, fərdi qorumaq, onun inkişafına yardım etmək, hər zaman fərdin yanında olmaq və onu tək buraxmamaq. Bizim “X” adlandıra biləcəyimiz bu güc “sehrli yardımçı” kimidir. Sözsüz ki, sehirli yardımçını şəxsiyyətləşdirmək, ona konkret obarz vermək mümkündür. O, Allah, hər hansı bir prinsip və ya real insan, məsələn, valideyn, həyat yoldaşı və yaxud müdir ola bilər. Burada mühüm bir məqam var,  sehirli yardımçı rolunu oynayan insanlar sehirli keyfiyyətlərə malik olmalıdırlar, onların insanların həyatındakı əhəmiyyəti də məhz bu rolun nəticəsidir. Sehirli yardımçı obrazını çox zaman  “sevgi”də müşahidə etmək olar. Sehirli yardımçıya ehtiyacı olan insan onun canlı obrazını tapmağa çalışır. Müəyyən səbəblərdən, çox zaman isə seksual cazibənin nəticəsində bir şəxs digər şəxs üçün belə bir insana çevrilir və insanın bütün həyatı həmin insandan asılı olur. Bu ikinci insanın birinci insanın simasında özünə sehrili yardımçı tapması heç bir şeyi dəyişmir, sadəcə olaraq münasibətlər “saf məhəbbət” adı ilə təəssüratları gücləndirir.

    “Sehirli yardımçı”ya olan ehtiyacı eksperimental yolla, psixoanalitik prosedura ilə öyrənmək mümküdür. Bu proseduru keçən insan adətən psixoanalitika ciddi bağlılıq hiss edir, onun bütün həyatı, fəaliyyəti, düşüncələri, hissləri analitiklə bağlı olur. Xəstə şüuri və ya qeyri-şüuri həkimin onun hansı hərəkətinə sevinəcəyini, hansı hərəkətindən narazı qalacağını və ya nə ilə razılaşacağını, nə üçün onu tənqid edə biləcəyini düşünür. İstənilən sevgi münasibətlərində birinin digərini sevməsi məhz onun şəxsi varlığı, məhz “həmin adam” olması ilə izah edilir. Psixoanalitik prosedur bu xülyaları puça çıxarır. Müxtəlif tipli insanlar tamamilə fərqli psixoanalitiklərə eyni münasibət bəsləyirlər. Bu münasibətlər sevgini xatırladır və çox zaman seksual cazibə ilə müşayət olunur. Lakin mahiyyət etibarilə bu, “sehirli yardımçı”ya münasibətdir. Psixoanalitik avtoritar obraza malik istənilən insanın, həkimin, ruhaninin, müəllimin rolunu oynaya və “sehirli yardımçı” axtarana kömək edə bilər. 

    İnsanın “sehirli yardımçı”ya bağlı olmasının səbəbi simbiotik asılılığın səbəbi ilə demək olar ki, eynidir. Bunun səbəbi insanın özünə inanmaması və şəxsi potensialını tam reallşadıra bilməməsidir. Sadomazoxist meyllər çərçivəsində bu qabiliyyətsizlik “sehrili yardımçı”dan asılı vəziyyətə düşərək şəxsi kimlikdən imtina arxusunu yaradır. Mənim indi təhlil etdiyim asılılığın zəif formasında isə insanın yalnız məsləhətçiyə və müdafiəçiyə ehiyacı olur. İnsanın “sehirli yardımçı”dan asılılıq səviyyəsi onun intellektual, emosional və hissi imkanlarının spontan ifadəsinin təzahürü ilə tərs mütənasiblik təşkil edir. Başqa sözlə desək, insan həyatda istədiyi hər bir şeyi öz qabiliyyətləri hesabına deyil, “sehirli yardımçı” hesabına əldə etmək istəyir. Bu istək özünü nə qədər çox biruzə verirsə sehirli yardımçı bir o qədər çox insanın həyatının mərkəzinə çervilir və bu sehirli yardımçı bir o qədər çox obrazlaşdırılır.  Və bu zaman əsas problem insanın öz həyatını necə qurmasından ibarət olmur, problem sehirli yardımçını necə manipulə edərək yanında saxlamaqdan, ondan istədiyini necə almaqdan və hətta öz hərəkətləri üçün məsuliyyəti necə onun üzərinə atmaqdan ibarət olur. 

    Nadir halları çıxmaq şərilə insanın demək olar ki, bütün həyatı sehirli yardmçını manipulə etməklə keçir. Bu zaman hərə bir üsuldan istifadə edir. Bəziləri mütilikdən, bəziləri xeyirxahlıqdan, bəziləri isə iztirabdan istifadə edirlər. İnsanın bütün fikri və düşüncələri sehirli yardımçını manipulə etməyə yönəlir, insan zehninin heç bir təzahürü artıq müstəqil ola bilmir. Azad düşüncənin çatışmamazlığından irəli gələn bu asılılıq insana müəyyən təhlükəsizlik hissi verir, lakin eyni zamanda asılılıq və zəiflik hiss etdirir. “Sehirli yardımçı”dan asılı olan insan əksər halda qeyri-şüuri özünün tabe edildiyini anlayır və bu və ya digər şəkildə ona üsyan edir. İnsanın təhlükəsizliyi və xoşbəxtliyi ilə əlaqədar bütün ümidlərini bağladığı insana qarşı üsyan etməsi yeni münaqişələr yaradır. Sehirli yardımçını ititrməmək üçün insan içindəki üsyankarlığı bağmağa cəhd edir, lakin gizli antaqonizm heç bir yerə getmir və bu əlaqənin səbəbi olan həmin təhlükəsizlik üçün daim təhdid yaradır.

    Əgər sehirli insan real obraza malikdirsə ona bağlanılan ümidləri doğrultmadığı üçün gec-tez ondan məyusluq hissi yaranır. Ümidlər başlanğıcdan xəyal idi, bu səbəbdən də onların məyusluq doğuracağı qaçılmazdır, çünki heç bir real insan möcüzələr yaratmaq iqtidarında deyil. Bu məyusluq köləlikdən qaynaqlanan etirazı doğurur və yeni münaqişələrə səbəb olur. Bəzən bu münaqişələr əlaqənin kəsilməsinə səbəb olur və yeni yardımçının seçilməsi ilə nəticələnir. İnsan indi də bu yeni yardımçıdan ümidlərinin reallaşdırılmasını gözləyir. İnsan görəndə ki, bu əlaqələr də onun ümidlərini reallaşdırmır, ya bu əlaqələrə son qoyur, ya da taleyi ilə barışır. Lakin insan anlamır ki, onun uğursuzluğu yanlış “sehirli yardımçı” seçimi ilə bağlı deyil, uğursuzluğunun səbəbi uğur əldə etmək üçün şəxsi fəaliyyəti əvəzinə sehirli gücə arxalanmasıdır.

    Freyd xarici gücdən ömürlük asılılıq fenomeninə diqqət yetirmişdi. O, bunu erkən dövrlər üçün xarakterik və seksual mənşəli olan valideynlərə ömürlük bağlılıq kimi şərh edirdi. O, bu fenomenə o qədər böyük əhəmiyyət verirdi ki, bütün nevrozların əsasında Edip kompleksinin[11] durduğunu düşünür və belə hesab edirdi ki, bu kompleksin uğurla aradan qaldırılması normal inkişafın əsas problemidir.

    Edip kompleksini psixologiyanın mərkəzi probleminə çevirən Freyd bununla psixologiyada mühüm kəşf etsə də bu fenomeni düzgün izah edə bilməmişdi. Valideynlər və uşaqlar arasında seksual meyil mövcud olsa da, bu meyl üzündən yaranan münaqişələr bəzən nevrozun yaranmasına səbəb olsa da nə seksual meylin özü, nə də onun səbəb olduğu münaqişə uşaqları valideynlərə bağlayan əsas deyil. Nə qədər ki, uşaq körpədir o, təbii olaraq valideynlərindən asılıdır, lakin bu asılılıq uşağın fərdiliyini məhdudlaşdırmır. Amma valideynlər ictimai qaydaların təşviqatçısı rolunda çıxış etdikdə uşağın fərdiliyini və azadlığıın boğmağa başlayırlar. Uşaq böyüdükcə ayağı üstündə durmağa qadir olmadığını hiss edir və nəticədə sehirli yardımçı axtarışına çıxır və çox zaman valideynlərini bu obrazda görür. Sonradan uşaq bu hisslərini başqa obyektə, məsələn, müəllimə, həyat yoldaşına və ya psixoanalitika yönəldir. Lakin uşağın özünü hansısa söz sahibinə bağlamaq ehtiyacı heç də valideynlərdən birinə hiss etdiyi erkən seksual meylin davamı deyil, bu ehtiyac uşağın ünsiyyətçilik və fərdiliyinin boğulması və bunun nəticəsində yaranan təlaşdır.

    İstənilən nevrozun və normal inkişafın əsasında azadlıq və müstəqillik uğrunda mübarizə durur. Normal insanların əksəriyyəti üçün bu mübarizə şəxsi kimlikdən tamamilə imtina ilə başa çatmışdır.  Bunlar mövcud şəraitə tamamilə uyğunlaşmış və normal hesab edilən insanlardır. Nevrotik insan isə tam tabe olmamaq üçün mübarizəni davam etdirəndir. Bu insan mübarizəni davam etdirsə də sehirli yardımçı obrazına bağlı qalıb. Bu nevrozu hər zaman daxili asılılıqla azadlığa cəhd arasında uğursuz mübarizə kimi qəbul etmək lazımdır.


    [1] Digər bir yanaşma, K. Horney-in ((New Ways in Psychoanalysis) “nevrotik meyllər” konsepsiyası ümumən mənim “qaçış” mexanizmləri konsepsiyamla eynidir. Bu iki konsepsiya arasında əsas fərq ondan ibarətdir ki, “nevrotik meyllər” nevrotik şəxsiyyətin, “qaçış” mexanizmləri isə normal insanın təkanverici qüvvəsidir. Bundan başqa Horney əsas diqqəti təlaşa yönəldir, mən isə insanın təcrid olunması üzərində dayanıram.

    [2] Hobbes, Leviathan, London, 1951, p. 47.

    [3] Reich Wilhelm. Charakteranalyse, Wien, 1933. 58.

    [4] Horney Karen. The Neurotic Personality of Our Time, W. W. Norton & Company, New York, 1936.

    [5] Fromm Erich. “Sozialpsycholgischer Teil,” in: Autorität und Familie, ed. Max Horkheimer, F. Alcan, Paris, 1936.

    [6] Markiz de Sad düşünürdü ki,  sadizmin mahiyyəti dominantlığın keyfiyyətindədir. Bu haqda “Jülyetta II” kitabından sitat gətirilir: “Siz tərəfdaşınıza həzz deyil, təəssürat vermək istəyirsiniz” (Gorer G., Liveright Publishing Corporation, New York, 1934).

    [7] Viktor Hüqo “Səfillər” romanındakı Javer obrazında günahkarlığın qaçılmazlığı ideyasını ən aydın şəkildə təcəssüm etdirmişdir.

    [8] Moeller van der Bruck, Das Dritte Reich, Hanseatische Verlag-anstralt, Hamburg, 1931, pp. 223, 224.

    [9] Faşizmin nigilist mahiyyətini Rauşninq Nigilizmin inqilabı kitabında yaxşı təsvir edir: Rauschning, The Revolution of Nihilism, Alliance Book Corporation, Longmans, Green & Co., New York, 1939.

    [10] Bununla əlaqədar bax: Karen Horney, New Ways in Psychoanalysis, W. W. Norton & Company, New York, 1939

    [11] Kiçik oğlan uşaqlarının qeyri-şüuri olaraq analarına duyduğu yaxınlıq hissinə görə atalarını qısqanması və bu qısqanclıqdan doğan psixi pozuntular.

    Birinci fəslə keçid:

    İkinci fəslə keçid:

    Üçüncü fəslin birinci hissəsinə keçid:

    Üçüncü fəslin ikinci hissəsinə keçid:

    Dördüncü fəslə keçid:

    Paylaş
    FacebookTwitter

    Facebook Comment

    abunə olun

    BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

    bg
    For the full operation of the site you need to enable JavaScript in your browser settings.