fbpx

Cəmiyyət

Cəmiyyət

Fəlsəfənin əhəmiyyəti

Read this article on other language
Download article
image_pdf
image_pdf

Hansısa elm sahəsi və ya öyrənilən fənn haqqında ilk olaraq bəhs etməyə başladıqda onun əhəmiyyətini izah etmək adətən vacib görünür. Bununla belə, fəlsəfənin bir çoxlarına praktik işlərdən uzaq, mücərrəd məsələlərlə məşğul olan bir fəaliyyət sahəsi kimi görünməsi onun əhəmiyyəti məsələsi üzərində dayanmağı xüsusilə aktual edir. Müxtəlif elmlərlə fəlsəfəni qarşılaşdıranların bir xeyli qismi fəlsəfənin faydası az və ya heç olmayan bir intellektual fəaliyyət sahəsi olduğunu düşünməyə meyil edirlər. Həmçinin, filosofların müxtəlif suallarla bağlı uzun yüzilliklər mübahisələr aparmaqlarına baxmayaraq, onların bir çoxu ilə bağlı yekdil nəticələrə gələ bilməmələri, əsrlər öncə qoyulan bir sıra sualların indi də müxtəlif cür təkrarlanması, bəzilərində belə bir fikir yaradır ki, əslində, fəlsəfə ilə məşğul olmaq nəticəsiz bir işdir.

Bu yazıda isə biz görəcəyik ki, bu heç də belə deyil və fəlsəfənin əhəmiyyətini müxtəlif baxımdan əsaslandırmaq olar. Yazıda ilk olaraq daha mücərrəd görünən metafizika və epistemologiya kimi (nəzəri) fəlsəfi biliklərin əhəmiyyətinə qısa nəzər salacağıq. Sonra etika və siyasi fəlsəfə də daxil olmaqla, fəlsəfəyə aid praktik biliklərin əhəmiyyətindən bəhs edəcəyik; yəni görəcəyik ki, fəlsəfi biliklərin bir qismini gündəlik həyatımıza tətbiq etməklə əslində ondan fayda götürə bilərik. Son hissədə isə, demək olar, bütün fəlsəfi fənlərə aid olan sorğulama və arqumentlərlə düşünmə xüsusiyyətini əhəmiyyət kimi nəzərdən keçirəcəyik. 

Fəlsəfə və dünyanı bütövlükdə bilmək marağı

Fəlsəfənin verdiyi bilik, əsasən, elmdən fərqli olaraq konkret tədqiqat sahələrinin təcrübi yolla öyrənilməsindən əldə edilən bilik deyil. O, bütövlükdə varlıq, həyatımız, o cümlədən elmi biliklər və bizim üçün daha çox əhəmiyyətə malik anlayışlar haqqında ümumi və mücərrəd fikirlərdən ibarətdir. Bu baxımdan, fizika, kimya və s. kimi təbiət elmlərinin faydasını həyatımızda hiss etdiyimiz halda fəlsəfəyə aid biliklərin oxşar şəkildə faydasının olduğunu söyləmək bir çoxlarına çətin görünür. Məsələn, kimya və biologiyaya aid biliklərimizdən istifadə etməklə dərmanlar hazırlaya və bir sıra xəstəlikləri sağalda bilərik; bəs, “varlıq yalnız maddələrdən ibarətdir” fəlsəfi biliyinə sahib olmaqla (əgər o, həqiqətən bilikdirsə) ondan hansı faydanı əldə edə bilərik? Məsələni bu cür – fəlsəfənin əhəmiyyətinə şübhəçi yanaşanların bəyənəcəyi şəkildə qoymuş olsaq, məlum olacaq ki, “varlıq yalnız maddələrdən ibarətdir”, “mövcud olan hər şey səbəbiyyət gücünə malikdir” və s. bu kimi daha mücərrəd fəlsəfi biliklərdə həyatımıza tətbiq olunacaq, fizika və kimyaya aid bir sıra biliklərin faydası mənasında fayda axtarmaq əbəs fəaliyyət olardı. Yaxud başqa misallar çəksək, dualist metafizikanın “dünya iki fərqli substansiya – maddə və ruhdan təşkil olunub” və ya epistemologiyanın “bilik əsaslandırılmış inamdır” iddiasını praktikaya tətbiq edib faydasını çətin ki görə bilərsiniz.

Lakin bütün bunlar heç də o anlama gəlməməlidir ki, həmin fəlsəfi biliklərin əhəmiyyəti yoxdur. Bir şeyin həyatımıza (birbaşa) praktiki təsiri və ya faydasının olmaması hələ onun əhəmiyyətsiz olması demək deyil. Bu cür fəlsəfi fikirlərin əhəmiyyəti ondadır ki, onlar yaşadığımız dünya haqqında bizə ümumi təsəvvürlər verir, bizə nə cür bir dünyada yaşadığımızı anlatmağa çalışır. Əlbəttə, biz belə fəlsəfi bilikləri çörəyin üstünə yağ kimi çəkib yeyə bilməyəcəyik – yəni metafizika, epistemologiya və digər sahələrə aid mücərrəd və nəzəri fəlsəfi biliklər həyatımıza birbaşa təsir edəcək gücə malik deyil. Bununla belə, nəzərə alsaq ki, əksəriyyətdə, az olsa da, həyat və dünya haqqında belə ümumi suallara cavab axtarmaq marağı var, onda fəlsəfənin əhəmiyyətini ən azı onda axtarmaq olar ki, o, bizim bütövlükdə dünyanı bilmək marağımızı təmin etmiş olur, elmi təsəvvürlərimizi tamlaşdırır. Bu baxımdan, təsadüfi deyil ki, Heyzenberq, Eynşteyn kimi bir çox tanınmış elm adamları uzun müddət elmi problemlərlə məşğul olduqdan sonra fəlsəfəyə müraciət etmişdilər. Çünki əgər təbiət və ya varlıq haqqında bütöv bir təsəvvür əldə etmək istəyiriksə, onda elmin dünya ilə bağlı verdiyi aspektual təsəvvürlərin sərhədlərindən istər-istəməz kənara çıxmaq lazım gəlir. Bu halda isə fəlsəfə elmi təsəvvürləri tamlaşdırma rolunu oynaya və bizim dünyanı bütövlükdə bilmək həvəsimizi qarşılaya bilər.

Fəlsəfənin praktik faydası

Fəlsəfənin əhəmiyyəti barədə bəhs edərkən bir mühüm məsələni də unutmaq lazım deyil ki, fəlsəfi fikirlərin heç də hamısı yuxarıda göstərdiyimiz misallar kimi praktik fayda verməkdən uzaq deyil. Fəlsəfədə mücərrəd nəzəri fikirlərlə yanaşı praktikada faydalı olacaq xeyli suallar və ya həyatımıza tətbiq ediləcək xeyli ideyalar da var. Məsələn, fəlsəfənin bir praktik əhəmiyyətini onda görmək olar ki, o, bizim həyatımızın mənası ilə bağlı suallar qoyub ona cavablar verməyə çalışır. Əslində, “həyatı nəyə görə yaşayırıq?”, “onu yaşamağın nə mənası var?” və ya “həyatı hansı prinsiplərlə yaşamalıyıq”  kimi suallar fəlsəfə ilə məşğul olmadan belə çoxumuzun ağlına gəlib. İnsan həyatı sadəcə yaşamır, həm də yaşadığı həyatla bağlı fundamental suallar qoya və onlara cavablar axtara bilir. Düzdür, insanların əksəriyyəti yaşadıqları həyatla bağlı fəlsəfi suallar qoymadan öz gündəlik işləri ilə məşğuldur. Yaxud özlərinə belə suallar versələr də belə, adətən dində və mentalitetdə təqdim edilən hazır cavablara qaçırlar. Ancaq kimlər ki, sonuncuların verdiyi hazır cavablarla qane olmur, həmçinin yaşadığı həyatın prinsiplərini və onun mənasını müstəqil sorğulamağa can atır, onlar adətən fəlsəfəyə müraciət etmiş olurlar. Fəlsəfənin əhəmiyyəti isə bu işdə olduqca mühümdür. Çünki fəlsəfə ilə məşğul olmaqla həmin suallara daha rasional yolla araşdırılmış və əsaslandırılmış cavablar tapa bilərik.

Həyatımızda bizə birbaşa fayda verəcək praktik fəlsəfi ideyalara aid ən çox nümunəni bəlkə də etikadan (əxlaq fəlsəfəsindən) götürmək olar. Məsələn, davranışlarımız xoşbəxtliyə səbəb ola biləcək qədər düzgündür (utilitar etika) fikrini rahatlıqla həyatımıza tətbiq edə bilərik. Ətrafınızdakı insanlarla davranan və ya onlarla ünsiyyətdə olan zaman “necə davranım ki, narahatlığa səbəb olmayım?” və ya “necə edim ki, davranışlarım nəticəsində insanların narahatlıqları azalsın, rahatlıqları artsın və onlar daha çox xoş hisslər yaşasınlar?” suallarının cavablarına uyğun əməl etsəniz, onda həyatımızda xeyli şey müsbətə doğru dəyişmiş olar. Başqa sözlə, biz düşünsək ki, düzgün davranışlar o davranışlardır ki, onlar nəticə olaraq xoşbəxtliyi və ya rahatlığı artırır, ağrı və ya narahatlığı isə azaldır, həmçinin ətrafımızdakılarla bu düşüncəyə uyğun davransaq, onda cəmiyyətə xeyli fayda vermiş olarıq.

Fəlsəfənin praktik əhəmiyyətə malik ideyalarla zəngin digər bir sahəsi də siyasi fəlsəfədir. Siyasi fəlsəfənin diqqət mərkəzinə qoyduğu əsas suallar yaxşı və pis (siyasi) idarəçilik, onun səbəb və nəticələri haqqındadır. Bu suallar praktik baxımından ona görə əhəmiyyətlidir ki, siyasi idarəçiliyin pis və ya yaxşı olması bizim həyatımıza birbaşa təsir göstərir. Yəqin mübahisəsiz görünər ki, “Yaxşı siyasi idarəçilik necə olmalıdır?”, “Yaxşı hakimiyyətə necə nail ola bilərik?” və s. bu kimi suallara cavablar tapıb, onları cəmiyyətə tətbiq etməklə həyatımızda müsbətə doğru ciddi dəyişikliklərə nail olmaq olar.  

Beləliklə, fəlsəfənin əhəmiyyəti haqqında bəhs edərkən nəzərə almaq lazımdır ki, fəlsəfi biliklərin bir hissəsinin – əsasən metafizika, epistemologiya kimi nəzəri fəlsəfi fənlər blokuna aid biliklərin – faydasını praktikada birbaşa olaraq hiss etməsək də, bir çox digər fəlsəfi biliklər praktik baxımından faydalıdır; yəni sonuncuları həyatımıza tətbiq etməklə onu dəyişdirə bilərik.[1]

Sorğulama və arqumentlərlə düşünmə vərdişləri

Fəlsəfənin mühüm əhəmiyyətini həm də onun sorğulamaq vərdişləri və arqumentlərlə aydın və tənqidi düşünmək bacarıqlarını aşılaya bilməsi imkanlarında axtarmaq lazımdır. Filosoflar istər öz, istərsə də digərlərinin düşüncələrini çox zaman birbaşa qəbul etmir, onların məzmunu, quruluşu, həmçinin düşüncələrin əsasında dayanan mühüm anlayışlarla bağlı mühüm suallar qoyurlar; başqaları həmin düşüncə və anlayışları olduğu kimi qəbul etməyə meyilli olduqları halda filosoflar onları sorğulayır, düşüncələrini arqumentlərlə təchiz edib əsaslandırmağa çalışırlar. Çünki təcrübə göstərir ki, düşüncə və anlayışları sorğulamadan qəbul etdikdə, onlar üzərində təkrarən diqqətlə düşünüb arqument axtarışına çıxmadıqda biz tez-tez yanılırıq. 

Fəlsəfənin sorğulayıcı xüsusiyyəti olduqca mühümdür. Bir tərəfdən ona görə ki, yaşadığımız dünya çox mürəkkəbdir və mürəkkəb məsələlər üzərində xüsusilə diqqətlə düşünməsək, daha tez-tez yanılmış olacağıq. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, insanlar təbiətən ehkamçı düşünməyə meyillidirlər; yəni onlar ya ətrafdakı insanların təsiri, ya da öz subyektiv meyilləri əsasında formalaşdırdıqları inam və ya fikirləri çox zaman sorğulamadan doğru hesab edir, ətalət üzrə – düşünmək üçün lazım olan gücü ona xərcləməməklə – zehinlərində kök salmış həmin inam və ya fikirlərə uyğun davranırlar. Ancaq bu, olduqca zərərli bir meyildir. Çünki ehkamçılıq və vaxtaşırı öz düşüncələrini sorğulamağa tənbəllik və ya cəsarətsizlik edən insan və cəmiyyətlər həyatda daha çox ziyan görmüş olurlar. Beləliklə, yaşadığımız həyatın olduca mürəkkəb və dəyişkən olması bizdən tələb edir ki, düşüncələrimizi – onlara və onlar nəyin haqqındadırsa ona müqəddəslik donu geyindirmədən – vaxtaşırı sorğulayaq və hansıların doğru və ya qalıcı, hansıların yanlış və ya lazımsız olduğunu aşkara çıxaraq.

Sorğulama, tənqidi və aydın düşünmə vərdişlərinin aşılanması intellektualları arasında bədii-poetik, mentalitetçi və dinə meyilli düşüncə tərzinin hakim kəsildiyi Azərbaycan kimi cəmiyyətlərə xüsusilə vacibdir. Çünki gizli və ya aşkar formada uzun müddət bədii-poetik və dini düşüncə tərzinin cəmiyyətdə intellektual hesab olunan insanlar arasında geniş yayılması bütövlükdə cəmiyyətdə ehkamçılığı, avtoritetlərə inamı və qeyri-rasionallığı nəinki gücləndirmiş, hətta populyarlaşdırmışdır. İndi üzdə olan əksər azərbaycanlı intellektualların əsas məqsədi öz fikirlərini arqumentlər vasitəsilə ifadə etməkdən daha çox müxtəlif bədii və ritorik fəndlər, metaforalardan istifadə etməklə auditoriyaya emosional-hissi təsir göstərmək, ən yaxşı halda isə estetik duyğular aşılamaqdır. Hərçənd aydın olmalıdır ki, yaşadığımız mürəkkəb dünyadan auditoriyanın emosiyası və hisslərini hədəf seçmiş, intellektual görüntülü diskurs və ya ona müvafiq düşüncə tərzinin köməyilə baş çıxarmaq mümkünsüzdür. Əgər biz dünyanı düzgün anlamaq, üzləşdiyimiz problemlərdən yan qaçaraq həyatımızı yaxşıya doğru dəyişmək istəyiriksə, onda şübhə və sorğulama, arqumentlərlə düşünmə vərdişlərinə sahib olmalı, onları lazım olduqca praktika etməliyik. Bu vərdişlərin yaradılmasında isə fəlsəfədən öyrəndiklərimizin əvəzedilməz xidməti ola bilər. Daha ətraflı desək, fəlsəfi mətnləri oxuyub təhlil etməkdən, filosofların bir-birini necə tənqid etməsindən bəhrələnərək, fəlsəfi suallara cavab axtarışı prosesindən əldə etdiyimiz sorğulamaq və arqumentlərlə aydın düşünmək vərdişlərini həyatımızın müxtəlif sahələrinə tətbiq etməklə ehkamçı qəliblərdən azad ola bilərik.

Sorğulama və arqumentlərlə tənqidi düşüncə vərdişlərinə yiyələnməyin əhəmiyyətini yaşadığımız dövrün bir mühüm problemi daha da artırır. Unutmamaq gərəklidir ki, XXI əsr insanı güclü informasiya axını ilə üz-üzədir. Yəni, əgər qədim və orta əsrlər dövrünün insanı öz inam və düşüncələrini əsasən adət-ənənə və yaxın ətrafının təsiri ilə formalaşdırırdısa, çağdaş insan öz inam və düşüncələrini müxtəlif kitablarla yanaşı, həm də kütləvi informasiya vasitələri və internetdən əldə etdiyi məlumatlar əsasında formalaşdırır. Başqa sözlə, çağdaş insan əvvəlki dövrlərin insanı ilə müqayisədə tək istehlak etdiyi hazır mal və xidmətlərin say və çeşidini artırmayıb, o həm də indi çeşidli rəylər istehlakçısıdır; o rəylərin ki, onların hazırlanmasında adətən özü iştirakçı olmur. Bu işin təhlükəli tərəfi odur ki, çağdaş insan çox zaman zehninə yeridilmiş bu rəylər vasitəsilə manipulyasiya edilir, özünün də xəbəri olmadan müxtəlif ictimai və siyasi proseslərin oyuncağına çevrilir. Bununla belə, fəlsəfədən öyrəndiyimiz düşüncə vərdişləri – sorğulama və arqumentlərlə tənqidi düşüncə – bizə bu işdə köməklik göstərə bilər. Əgər siz yaxşı sorğulama vərdişlərinə və tənqidi təfəkkürə yiyələnibsinizsə, onda kənar rəylərin və informasiyanın mənfi təsiri altına düşmək şansınız, demək olar, olmayacaq. Bununla yanaşı, fəlsəfəni yaxşı mənimsəməklə siz hazır rəy istehlakçısından keyfiyyətli rəy istehsalçısına da çevrilə bilərsiniz. Yəni ətrafınızda baş verənlər haqqında müstəqil düşüncəyə sahib ola və onu başqaları ilə bölüşə bilərsiniz.

Yekun

Sonda onu qeyd edək ki, fəlsəfənin yuxarıda sadaladığımız əhəmiyyətli xüsusiyyətləri ixtisasından asılı olmayaraq müxtəlif sahələrdə çalışan insanların köməyinə gəlmiş olar bilər. Çünki hansı sahədə çalışmağından asılı olmayaraq hamımız həyatımızı eyni dünyada yaşayırıq və bu baxımdan dünya və həyatla bağlı ümumi suallara hamımızın marağı ola bilər. Fəlsəfənin əxlaq, cəmiyyət və siyasətlə bağlı verdiyi biliklərdən də hamımız fayda götürə bilərik. Bundan əlavə, əgər sorğulama və arqumentlərlə tənqidi düşüncə vərdişlərimizi inkişaf etdirmək, heç vaxt fərqində olmadığımız yanlışlarımızı müəyyən etmək istəyiriksə, yenə də fəlsəfəyə müraciət etməklə çox fayda əldə etmiş olarıq. Çünki fəlsəfəni öyrənməklə biz nəinki bir çox qabaqcıl filosofların müxtəlif fəlsəfi suallara nə cavab verməsi ilə tanış ola bilərik, həm də həmin filosofları oxumaqla onların necə düşündüklərini, hansı arqumentasiya üsullarından istifadə etdiklərini də öyrənmək imkanına sahib olarıq. Nəzərə alsaq ki, yaşadığımız olduqca mürəkkəb dünyanı qeyri-rasionallıq nümayiş etdirməklə dərk etmək, həmçinin sürətlə dəyişən bu dünyanın daim yenilənən problemlərinin öhdəsindən ehkamçı düşüncə ilə gəlmək mümkünsüzdür, onda fəlsəfədən öyrənəcək çox şey vardır.

Qeydlər və istinadlar:

[1] Diqqət edin ki, fəlsəfə bu baxımdan digər elmlərdən heç də geri qalmır. Məsələn, fizika və ya riyaziyyatı nümunə kimi götürsək, görərik ki, onların da nəzəri adlanan bölməsi var ki, nəticələri praktiklik və ya faydadan xeyli uzaqdır; ancaq eyni zamanda, biz yaxşı bilirik ki, həmin elmlərin həyatımızı xeyli dəyişdirən praktik və ya tətbiqi nəticələri də ortadadır.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.