fbpx

TƏRCÜMƏ

TƏRCÜMƏ

İntuitiv bilik barədə

Read this article on other language
Download article
image_pdf
image_pdf

Bertran Rassel (Bertrand Russell; 1872-1970) məşhur britaniyalı filosof, analitik fəlsəfənin yaradıcılarındandır. Onun zəngin yaradıcılığı fəlsəfənin bir çox fundamental suallarına cavab axtarışını özündə ehtiva edir. Hazırda biz Rasselin dünyanın onlarca müxtəlif dillərinə tərcümə edilmiş, geniş oxucu auditoriyası üçün nəzərdə tutulan Fəlsəfənin problemləri (The Problems of Philosophy) əsərini ingilis dilindən Azərbaycan dilinə tərcümə etməkdəyik. Əsər on beş fəsildən ibarətdir ki, onların da hər biri mühüm bir fəlsəfəsi mövzuya həsr edilmişdir. Tərcüməmizin on birinci hissəsini aşağıda oxuya bilərsiniz.

Dr. Anar Cəfərov

Belə bir ümumi təəssürat var ki, inandığımız hər şey sübut oluna bilən və ya ən azı yüksək ehtimalla  doğru olması göstərilə bilən olmalıdır. Çoxları hiss edir ki, haqqında heç bir əsas verilə bilməyən inam məqbul olmayan bir inamdır. Bu baxış, əsasən, ədalətlidir. Demək olar ki, bütün ümumi inamlarımız onlara əsas kimi nəzərdən keçirilə bilən digər inamlardan ya nəticə olaraq çıxarılır, ya da çıxarılması mümkündür. Bir qayda olaraq, əsas unudulur və ya heç vaxt şüurlu şəkildə bizə təqdim edilmir. Çox az qismimiz özümüzə, məsələn, “yeməyə hazırlaşdığımız qidanın zəhər olmayacağını güman etmək üçün hansı əsasımız var?” sualını veririk. Ancaq etiraz edildikdə hiss edirik ki, həmin an olmasa da, buna yaxşıca əsas tapıla bilər. Və belə bir inam üçün bizim adətən əsasımız olur.

Amma gəlin hansı əsasın təqdim edilməsindən asılı olmayaraq, əsas üçün davamlı olaraq yenə də əsas tələb edən israrlı Sokratı təsəvvür edək. Biz gec-tez və yəqin ki, çox keçmədən elə bir məqama gəlib çatmalıyıq ki, hətta nəzəri olsa da, heç bir növbəti əsası tapa bilməyəcəyimiz, demək olar ki, qəti olsun. Gündəlik həyatın ümumi inamlarından başlayaraq, tam aşkar görünən və özü başqa daha aşkar bir şeydən nəticə çıxarılması mümkün olmayan hansısa ümumi prinsipə və ya ümumi prinsipin hansısa bir nümunəsi üzərinə gəlib çıxmayınca, biz məsələdən məsələyə geri çəkilə bilərik. Qidamızın zəhərli deyil, faydalı olub-olmaması kimi gündəlik həyatın əksər suallarında, biz Fəsil 6-da müzakirə etdiyimiz induktiv prinsipin üzərinə geri qayıdacağıq. Lakin, görünür, bundan o tərəfə heç bir reqress yoxdur. Prinsip özü düşünmələrimizdə bəzən şüurlu, bəzən də şüursuz olaraq daim istifadə olunur; ancaq elə bir düşünmə yoxdur ki, hansısa daha sadə özü-aşkar (self-evident) prinsipdən başlayaraq bizi öz nəticəsi olaraq induksiya prinsipinə aparsın. Eynisi digər məntiqi prinsiplərə də aiddir. Onların doğruluğu bizə aşkardır və biz onları sübutlar qurmaqda istifadə edirik; lakin onların özlərini, yaxud ən azı bəzilərini sübut etmək mümkün deyil.

Hərçənd yalnız sübut oluna bilməyən ümumi prinsiplər özü-aşkar deyil. Müəyyən sayda məntiqi prinsiplər qəbul edilikdən sonra qalanlarını onlardan nəticə çıxarmaq olar; lakin nəticə çıxarılan propozisiyalar çox vaxt elə sübutsuz güman edilənlər qədər özü-aşkar olur. Bundan əlavə, hesab elmini bütünlüklə məntiqin ümumi prinsiplərindən çıxarmaq olar; bununla belə, iki üstəgəl iki dörd edir kimi hesabın sadə propozisiyaları, məntiqin prinsipləri kimi özü-aşkardır.

Daha mübahisəli olsa da, görünür, “yaxşı olanın arxasınca getməliyik” kimi özü-aşkar olan bəzi etik prinsiplər də var.

Nəzərə almaq lazımdır ki, ümumi prinsiplərin bütün hallarında tanış şeylərə aid xüsusi nümunələr həmin ümumi prinsipdən daha aşkar görünür. Məsələn, ziddiyyət qanunu deyir ki, heç bir şey həm müəyyən xüsusiyyətə malik ola, həm də malik olmaya bilməz. Bu,başa düşülən kimi dərhal aşkar olur, lakin o, bizim gördüyümüz tək bir qızılgülün həm qırmızı, həm də qeyri-qırmızı ola bilməməsi qədər aşkar deyil. (Əlbəttə, ola bilər ki, qızılgülün bir hissəsi qırmızı, digər hissəsi qeyri-qırmızıdır; yaxud ola bilər, qızılgülün rəngi çəhrayıya çalır ki, onu da qırmızı adlandırıb-adlandırmayacağımızı çətin bilək; amma əvvəlki halda qızılgülün bütövlükdə qırmızı olmadığı aydındır, sonuncu halda isə cavab biz qırmızının tərifi ilə bağlı nəzəri cəhətdən dəqiq qərar verən kimi müəyyən olur.) Bizim ümumi prinsipi görməyimiz adətən tək nümunələr vasitəsilə mümkün olur.  Yalnız abstraklaşdırma ilə bağlı təcrübəyə malik olanlar ümumi prinsipi nümunələrin köməyi olmadan hazırca dərk edə bilərlər.

Ümumi prinsiplərdən əlavə, digər növ özü-aşkar doğrulara duyğulardan birbaşa olaraq çıxarılanlar aiddir. Belə doğruları qavrayış doğruları, onları ifadə edən hökmləri isə qavrayış hökmləri adlandıracağıq. Lakin özü-aşkar doğruların əsl təbiətini anlamaq üçün burada müəyyən diqqət lazımdır. Aktual hissi-verilənlər nə doğru, nə də yanlışdır. Məsələn, gördüyüm tək rəng tonu sadəcə mövcuddur: o, doğru və ya yanlış olacaq növ şey deyil. Doğrudur ki, belə bir ton var, doğrudur ki, o, müəyyən bir formaya və parlaqlıq dərəcəsinə malikdir, doğrudur ki, o, müəyyən digər rənglərlə əhatələnib. Lakin rəng tonu özü hisslər dünyasına aid bütün digər şeylər kimi, doğru və ya yanlış olan şeylərdən olduqca fərqli bir növə aiddir və bu səbəbdən onun doğru olduğu düzgün olaraq iddia edilə bilməz. Beləliklə, hisslərimizdən hansı özü-aşkar doğrular əldə edilir-edilsin, onlar həmin hissi verilənlərdən fərqli olmalıdır.

Görünür, qavrayışın iki növ özü-aşkar doğruları var – baxmayaraq ki, daha diqqətlə nəzər saldıqda, bu iki növ birləşə bilər. Birincisi, hissi verilənin sadəcə mövcudluğunu onu heç bir halda təhlil etmədən təsdiq edən növdür. Biz qırmızı rəng tonu görürük və mühakimə edirik ki, “belə bir qırmızı rəng tonu var” və ya daha kəsə, mühakimə edirik ki, “bu var”; bu, qavrayışın intuitiv mühakiməsinin bir növüdür. Digər növ isə hissiyyat obyekti mürəkkəb olduqda və biz onu müəyyən qədər təhlil etdikdə ortaya çıxır. Məsələn, qırmızı rəng dairəvi hissə (patch) görürüksə, onda mühakimə edə bilərik ki, “bu qırmızı hissə dairəvidir”. Bu da bir qavrayış hökmüdür, amma əvvəlki növümüzdən fərqlidir. İkinci növdə bizim həm rəngə, həm də formaya malik vahid hissi verilənimiz vardır. Bizim hökmümüz veriləni rəng və formaya ayırır, sonra isə qırmızı rəngin formaca dairəvi olduğunu iddia edərək onları yenidən birləşdirir. “Bu, ondan sağdadır” – bu cür hökmə başqa bir misaldır; hökmdə buo eyni anda görünür. Hissi verilən bu cür hökmdə bir-birilə müəyyən əlaqəsi olan tərkib hissələri saxlayır və hökm iddia edir ki, həmin hissələr bu sözügedən əlaqəyə malikdir.

İntuitiv hökmlərin digər sinfi – hissiyyat hökmlərinə analoji olsa da, onlardan xeyli fərqli olan – yaddaş hökmləridir. Yaddaşın təbiəti ilə bağlı bəzi şeyləri qarışıq salmaq təhlükəsi var, çünki yaddaşın obyekti həmin obyektin obrazı ilə müşayiət oluna bilir, ancaq obraz özü yaddaşın tərkib hissəsi ola bilməz. Bunu obrazın hal-hazırda, xatırlananın isə keçmişdə olduğunu billməklə, asanca görmək mümkündür. Bundan əlavə, biz obrazı xatırlanan obyektlə müəyyən dərəcədə müqayisə etməyi bacarırıq və obrazın nə dərəcədə dəqiq olduğunu adətən kifayət qədər geniş sərhədlər çərçivəsində olmaqla bilirik; hərçənd obyekti, obraza qarşılıq olaraq hansısa yolla şüurumuza gətirməsəydik, bu, mümkün olmazdı. Deməli, yaddaşın mahiyyətini obraz deyil, keçmiş olaraq tanınan obyektin şüura gətirilməsi təşkil edir. Bu mənada xatırlama mümkün olmasaydı, ümumiyyətlə keçmişin olduğunu bilə bilməzdik; keçmiş sözünü də anadan kor doğulan insanın işıq sözünü anlaya biləcəyindən çox başa düşə bilməzdik. Beləliklə, yaddaşın da intuitiv hökmləri olmalıdır və keçmiş haqqında bütün biliklərimiz nəhayətdə ondan asılıdır.

Hərçənd yaddaş halı məlum olduğu kimi yanıldıcı olduğundan o, çətinlik ortaya çıxarır və ümumilikdə intuitiv hökmlərin mötəbərliyini şübhə altına alır. Bu çətinliyi həll etmək o qədər də asan deyil. Ancaq gəlin ilk öncə onun miqyasını mümkün qədər kiçildək. Geniş görtürsək, yaddaşın mötəbərliyi müvafiq təcrübənin aydınlığı və onun vaxt baxımından yaxınlığı qədərdir. Əgər yarım dəqiqə əvvəl ən yaxın qonşu evi ildırım vurubsa, gördüyüm və eşitdiyim haqqındakı yaddaşım o dərəcədə etibarlı olar ki, ümumiyyətlə, şimşək olduğuna şübhə etmək yersiz olar. Eynisini çox da keçmiş olmayan, nisbətən az aydın təcrübələr haqqında da demək mümkündür. Mən tamamilə əminəm ki, yarım dəqiqə əvvəl də indi oturduğum stulda otururdum. Gün ərzindəki əvvəlki hadisələrə nəzər salsam, elələri var ki, onların baş verməsi haqqında tam əminəm, elələri var ki, düşünməklə və müşayiətedici vəziyyətləri xatırlamaqla əmin ola bilərəm, elələri də var ki, onlar haqqında heç cür əmin deyiləm. Tam əminəm ki, bu səhər səhər yeməyimi yemişəm, amma səhər yeməyinə bir filosofun olacağı qədər laqeyd olsaydım, onda buna şübhələnərdim. Səhər yeməyi zamanı baş tutan söhbətə gəldikdə, onun bir hissəsini asanlıqla, bir hissəni cəhd etməklə, bir hissəsini xeyli şübhə ilə xatırlaya bilərəm; bir hissisəsini isə ümumiyyətlə xatırlamıram. Deməli, xatırladığımın özü-aşkarlığı (self-evidence) dərəcəsində davamlı bir qradasiya və buna müvafiq yaddaşın mötəbərlik qradasiyası vardır.

Beləliklə, yanıldıcı yaddaş çətinliyinə verilən birinci cavab budur ki, yaddaşın özü-aşkarlıq dərəcəsi var və bu dərəcə – cari və aydın yaddaş hadisələrində tam özü-aşkarlıq və tam mötəbərlik həddinə çatmaqla – yaddaşın mötəbərlik dərəcəsinə uyğun gəlir.

Hərçənd belə görünə bilər ki, yaddaşda çox möhkəm, ancaq tam yanlış inamlar da vardır. Yəqindir ki, belə hallarda əslində xatırlanan – şüura birbaşa gətirilən mənada – yanlış olaraq inanılandan fərqli bir şeydir –  ümumilikdə onunla assosiasiya olunmasına baxmayaraq. Deyilənə görə, IV Georq Vaterlo döyüşündə iştirak etdiyini o qədər tez-tez deyirdi ki, axırda ona özü inandı. Bu nümunədə dərhal xatırlanan şey onun təkrarladığı iddiadır; onun iddia etdiyi şeyə (əgər elə şey olubsa) inamı xatırlanan iddia ilə assosiasiya vasitəsilə hasil olur; bu səbəbdən o, əsl yaddaş halı olmaz. Belə görünür ki, yanıldıcı yaddaş hallarına bu qaydada yanaşmaq olar – yəni göstərilə bilər ki, sözün əsl mənasında onlar ümumiyyətlə yaddaş halları deyil.

Yaddaş nümunəsi özü-aşkarlıqla bağlı mühüm bir məqamı ortaya çıxarır və bu, ondan ibarətdir ki, özü-aşkarlığın dərəcələri var. O, sadəcə qarşımızda olan və ya olmayan keyfiyyət deyil, tam qətilikdən, demək olar, hissedilməz sönüklüyə dəyişən qradasiyalarla, az və ya çox dərəcədə qarşımızda ola bilən keyfiyyətdir. Qavrayışın və məntiqin bəzi prinsiplərinin həqiqətləri ən yüksək dərəcədə özü-aşkarlığa malikdir; birbaşa yaddaşın həqiqətləri də, demək olar, eyni yüksək  dərəcəyə malikdir. İnduktiv prinsip “doğru premislərin nəticəsi doğru olmalıdır” kimi məntiqin digər prinsipləri ilə müqayisədə daha az  özü-aşkarlığa malikdir. Yaddaşın yaşı artdıqca və sönükləşdikcə onun özü-aşkarlığı da azalır; məntiq və riyaziyyatın həqiqətləri qəlizləşləşdikcə (geniş götürdükdə) daha az özü-aşkarlığa malik olur. Etika və estetikanın dəyərləndirici hökmləri müəyyən özü-aşkarlığa meylidir, ancaq çox yox.

Özü-aşkarlığın dərəcələri idrak nəzəriyyəsində vacib məsələdir, çünki propozisiyalar (göründüyü qədərilə) doğru olmadan müəyyən özü-aşkarlıq dərəcəsinə malik ola bilərsə, özü-aşkarlıq və doğruluq (həqiqət) arasındakı bütün əlaqəni ləğv etmək zəruri olmayacaq; yalnız onu demək lazım gələcək ki, toqquşma olduqda daha çox özü-aşkar propozisiya qəbul, daha az özü-aşkar isə rədd edilməlidir.

Amma çox yəqin görünür ki, yuxarıda izah edildiyi kimi, özü-aşkarlıqda iki müxtəlif anlayış ehtiva edilir: onlardan biri – ən yüksək dərəcədə özü-aşkarlığa uyğun gələn – əslində, həqiqiliyin yanılmaz zəmanətidir, digəri isə – hansı ki bütün digər dərəcələrə uyğun gəlir – yanılmazlığa zəmanət deyil, yalnız az və ya çox dərəcədə təxmin verir. Amma bu, yalnız ardını hələ inkişaf etdirə bilməyəcəyimiz bir təklifdir. Özü-aşkarlıq mövzusuna həqiqətin təbiəti məsələsi ilə məşğul olduqdan sonra bilik və yanılma arasında fərq kontekstində qayıdacağıq

  Tərcümənin birinci hissəsi:

Tərcümənin ikinci hissəsi:

Tərcümənin üçüncü hissəsi:

Tərcümənin dördüncü hissəsi:

Tərcümənin beşinci hissəsi:

Tərcümənin altıncı hissəsi: 

Tərcümənin yeddinci hissəsi:

Tərcümənin səkkizinci hissəsi:

Tərcümənin doqquzuncu hissəsi:

Tərcümənin onuncu hissəsi: 

https://bakuresearchinstitute.org/universaliler-haqqindaki-biliklerimiz-barede/

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.