fbpx

TƏRCÜMƏ

TƏRCÜMƏ

Tomas Metkalf – Fəlsəfə və onun elmdən fərqi: fəlsəfi dərk ilə elmi dərkin müqayisəsi

Read this article on other language
Download article
image_pdf
image_pdf

Fəlsəfə və elm – hər ikisi də özümüzü və dünyanı öyrənməyin yollarıdır.[1] Biz burada elm və fəlsəfənin öz metod və bilik qaynaqlarında nə dərəcədə bir-birilə kəsişib-kəsişmədiyinə dair sualın əsas perspektivlərini nəzərdən keçirəcəyik.

Fəlsəfənin təbiəti[2] ilə bağlı tarixən daha çox dominant olan görüşlə başlayacağıq: gəlin bu görüşü rasionalizm[3] adlandıraq. Bu ənənəvi perspektivə nəzər saldıqdan sonra fəlsəfənin nə olduğu və ya nə olmalı olması ilə bağlı daha çağdaş baxışı – naturalizmi nəzərdən keçirəcəyik.

1. Ənənəvi baxış: rasionalizm

Fəlsəfənin özü ilə bağlı rasionalizmə görə, bizim tipik fəlsəfi inamlarımız hissi müşahidədən asılı olmadan, yəni apriori şəkildə və ya sadəcə olaraq məsələlər haqqında düşünməklə formalaşır və əsaslandırılır.

Əgər siz hər hansı bir faktı apriori şəkildə bilirsinizsə, bu vaxt onu istənilən hər hansı bir empirik və ya hissi müşahidədən asılı olmadan və yaxud ondan əvvəl bilirsiniz;[4] məsələn, biz apriori şəkildə bilirik ki, bütün cüt ədədlər tam olaraq ikiyə bölünür, bu faktı öyrənmək üçün elmi eksperimentlər aparmağa ehtiyacımız yoxdur. Bunun əksinə olaraq, Günəş sistemindəki planetlərin sayının cüt olub-olmadığını bilmək üçün apriori araşdırma kifayət deyil; biz empirik və ya hissi-təcrübi məlumata ehtiyac duyuruq.[5]

Əgər düşünürüksə ki, tipik fəlsəfi inamlar (əsaslandırıldıqda və ya bilindikdə) əsaslandırıla və ya apriori şəkildə bilinə bilərlər, onda bu bizə elmlə fəlsəfə arasındakı fərqlər haqqında çox şey deyəcək. Fərqləri təsvir edə biləcəyimiz yolun xülasəsi belədir:

  • Elm empirik bilik haqqındadır, fəlsəfə isə tez-tez bu haqda olsa da, həm də apriori bilik (əgər varsa) haqqındadır.
  • Elm mümkün faktlar və ya həqiqətlər haqqındadır, fəlsəfə isə tez-tez bu haqda olsa da, həm də zəruri həqiqətlər (əgər varsa) haqqındadır.[6]
  • Elm deskriptiv faktlar haqqındadır, fəlsəfə isə tez-tez bu haqda olsa da, həm də normativevaluativ həqiqətlər (əgər belə həqiqətlər varsa) haqqındadır.
  • Elm fiziki obyektlər haqqındadır, fəlsəfə isə tez-tez bu haqda olsa da, həm də abstrakt obyektlər (əgər varsa) haqqındadır.

Bu fərqləri izah etmək üçün deyirik: mümkün faktlar elə faktlardır ki, onlar, əslində, var olsalar da, var olmamalı idilər; onlar başqa cür də ola bilərdilər. Zəruri həqiqətlər doğru olmalı olan doğru iddialardır. Deskriptiv faktlar nəsnələrin əslində necə olduğu, evaluativ həqiqətlər isə nəsnələrin necə olmalı və ya olmamalı, onların yaxşı və pis olması haqqındadır. Fiziki obyektlərə gəlincə, bunu təsvir etmək elə də asan deyil. Amma bəlkə də onlar maddədən təşkil olunan və fəza-zamanda yer tutan obyektlərdir. Abstrakt nəsnələr isə – əgər varsa – bu və ya digər şəkildə fiziki kainatda deyillər.[7]

Yuxarıda qeyd olunan “həm də” sözünün təkrarlanmasına diqqət yetirin. Tez-tez fəlsəfə mümkün, deskriptiv və fiziki faktlara dair empirik bilik haqqında olur; elə məhz bunlar da başlıca olaraq elmin diqqət mərkəzindədir. Həmçinin “əgər varsa” mötərizəsinin təkrarlanmasına diqqət yetirin; bəzi filosoflar apriori bilik,[8] zəruri həqiqətlər,[9] normativ həqiqətlər[10] və abstrakt obyektlərin[11] mövcudluğunu inkar ediblər.

Elmdən fərqlənən fəlsəfəyə belə bir yanaşma fəlsəfənin sahəsi haqqında ənənəvi tərifi gözdən keçirməklə dəstəklənir. Tez-tez belə düşünülür ki, fəlsəfənin üç əsas altqrupu var: ümumi şəkildə desək, metafizika (gerçəkliyin təbiəti, quruluşu və məzmunları), epistemologiya (bilik və dəlilin təbiəti və sahəsi) və əxlaq (yaxşı, pis, doğru və yanlış).[12]

Əgər bu düzdürsə, onda bu, rasionalizmin yuxarıdakı təsvirinə yaxşıca uyğun gəlir. Metafizika əsasən zəruri həqiqətlər və abstrakt obyektlər haqqındadır.[13] Epistemologiya böyük bir ehtimalla “nəyə inanmalıyıq?”, “inanmaq üçün nə əsasımız var?”, “nəyi bilirik?”, “bilik doğru inamlardan daha yaxşıdırmı?”[14] kimi normativ və evaluativ suallar haqqındadır. Əxlaq isə açıq-aydın normativdir; o, yaxşı və pis, doğru və yanlış ilə bağlı evaluativ suallar haqqındadır.[15]

Əgər bu məsələlər haqqında hər hansı bir bilik və ya əsaslandırılmış inam varsa, onda bu aprioridir; laboratoriyalarda elmi eksperimentlər aparmağa ehtiyac yoxdur və belə eksperimentlərin nə ola biləcəyi də məlum deyil.

2. Daha yeni perspektiv: naturalizm

“Naturalizm” sözü fəlsəfədə bir çox şəkildə işlədilir: biz burada “metafəlsəfi” naturalizm[16] adlandırıla bilən şeyə müraciət edirik. Bu o deməkdir ki, bu nəzəriyyə hər hansı bir fəlsəfi məsələ və ya mövzu ilə deyil, məhz fəlsəfənin özü ilə bağlı naturalizmdir; bu, fəlsəfənin özü ilə bağlı fəlsəfi bir görüşdür.

“Naturalizm” sözü həm də bu nəzəriyyənin nə dediyi barədə bizə ipucu verir: o, fəlsəfə ilə təbiətşünaslıq və sosial elmlər arasında güclü bir əlaqənin olduğunu deyir. Misal üçün, bu o deməkdir ki, neyroelm və ya kosmologiya kimi sahələrə aid elmi müşahidələr ənənəvi fəlsəfi mövzularla əlaqəlidir.

Əksər filosoflar razılaşırlar ki, elmin fəlsəfi məsələlər haqqında deməyə mühüm sözləri ola bilər. Hətta bəziləri arqument gətirirlər ki, fəlsəfə geniş şəkildə empirik elmlə əvəz edilməlidir; məsələn, ola bilsin ki, biz, sadəcə, ən yaxşı elmi nəzəriyyələrimizin gerçəklik haqqında bizə dediklərinə inanmalıyıq və əgər bunlar hər hansı bir ənənəvi fəlsəfi mövzu ilə bağlı heç nə deməsə, onda biz də bu haqda heç nə deməyəcəyik.[17] Belə bir görüşü də “naturalizm” adlandırmaq olar.

Əgər naturalizmi bu hər iki tərifdə təqdim edilən kimi qəbul etsək, onda fəlsəfəyə, sadəcə, onu elmlə müqayisə etməklə tərif vermək olduqca çətin olacaq. Amma yuxarıda maddə kimi qeyd olunan siyahıda əgər biz fəlsəfənin başına gələn hər bir hadisəni – “həm də… haqqındadır” –  “ənənəvi olaraq “fəlsəfə” daha artıq nəsədir” ilə əvəz etsək, onda naturalistlər də daxil olmaqla təxminən bütün filosofların razılaşacaqları nəticəyə çatacağıq.

Naturalistlər hesab edirlər ki, biz fəlsəfi problemləri ənənəvi şəkildə araşdırmaq üçün elmdən istifadə etməliyik. Amma əksəriyyəti öz mövqelərinin bu sahədə nisbətən yeni olduğunu qəbul edirlər.[18] Onlar etiraf edirlər ki, filosoflar ənənəvi olaraq öz mövzularını əsasən ağıl, konseptual araşdırma, məntiq və intuisiyadan istifadə etməklə anlayıblar.  

3. Nəticə

Fəlsəfə dərslərində öyrənilən mövzuların xüsusiyyətləri, ümumiyyətlə, onları təbiətşünaslıq və sosial elmlərin mövzu və metodları ilə müqayisə etməklə müəyyənləşdirilə bilər.

Görəsən, fəlsəfi məsələlər nəhayətdə apriori sorğuya uyğun gəlir, yoxsa bunun yerinə onlar daha uyğun olaraq elmi müşahidənin obyektləri kimi nəzərdən keçirilir? Rasionalistlərlə naturalistlərin bu suala necə cavab verdiklərini anlamaq, öz cavablarını əsaslandırmada onların görüş və metodlarını müqayisə etmək bizə öz fəlsəfəmizin fəlsəfəsini anlamaq və inkişaf etdirmək üçün yardım edə bilər.

 

Qeydlər və istinadlar:

– Armstrong, D. M. 2002. A Materialist Theory of the Mind. London and New York: Routledge.

– Bealer, George. 1996. “On the Possibility of Philosophical Knowledge,” Philosophical Perspectives 10: 1-34.

– BonJour, Laurence. 1998. In Defense of Pure Reason: A Rationalist Account of A Priori Justification. Cambridge, UK and New York: Cambridge University Press.

– BonJour, Laurence. 2002. Epistemology: Classic Problems and Contemporary Responses. Lanham, MD: Rowmany & Littlefield.

– Goldman, Alvin. 1986. Epistemology and Cognition. Cambridge, MA: Harvard University Press.

– Huemer, Michael (ed.). 2002. Epistemology: Contemporary Readings. London and New York: Routledge.

– Huemer, Michael. 2005. Ethical Intuitionism. New York: Palgrave Macmillan.

– Huemer, Michael. 2017. “There is No Pure Empirical Reasoning,” Philosophy and Phenomenological Research 95 (3): 592-613.

– Kornlibth, Hilary. 2002. Knowledge and its Place in Nature. Oxford: Oxford University Press.

– Loux, Michael. 2006. Metaphysics: A Contemporary Introduction, 3rd ed. New York and London: Routledge.

– Papineau, David. 2013. “Naturalism.” In E. N. Zalta (ed.), The Stanford Encyclopedia of Philosophy, Fall 2013 edition. http://plato.stanford.edu/archives/fall2013/entries/naturalism/.

– Plato. 1997. “Republic.” Tr. G. M. A. Grube, Rev. Tr. C. D. C. Reeve. In John M. Cooper (ed.), Plato: Complete Works. Indianapolis and Cambridge, UK: Hackett, pp. 971-1223.

– Quine, W. V. O. 1961. “Two Dogmas of Empiricism.” In W. V. O. Quine, From a Logical Point of View, 2nd ed. Cambridge, MA: Harvard University Press, pp. 20-46.

– Quine, W. V. O. 1969. “Epistemology Naturalized.” In W. V. O. Quine, Ontological Relativity and Other Essays. New York: Columbia University Press, pp. 69-90.

– Ridge, Michael. 2013. “Moral Non-Naturalism.” In E. N. Zalta (ed.), The Stanford Encyclopedia of Philosophy, Fall 2013 edition. http://plato.stanford.edu/archives/fall2013/entries/moral-non-naturalism/.

[1] Mənbə: “https://1000wordphilosophy.com/2018/02/13/philosophy-and-its-contrast-with-science/”. Bu məqalə “1000wordphilosophy.com” saytından əldə edilən razılıq əsasında Azərbaycan dilinə tərcümə edilib.

[2] Fəlsəfəninin özünə necə tərif vermək və onu necə təsvir etmək haqqında daha çox məlumat üçün bax: What is Philosophy? by Thomas Metcalf.

[3] “Rasionalizm” sözü təkcə fəlsəfədə deyil, bir çox fərqli yerlərdə işlədilir, amma bu yarlıq, mənə görə, daha yaxşı görünür. “İntuisionalizm” daha güclü iddia ilə çıxış edir, “qeyri-naturalizm” də daha güclü iddialar irəli sürür və mahiyyət etibarilə elə də informativ hesab olunmur, “apriorizm” sözü isə karıxdırıcıdır. Bundan əlavə, bəzi rasionalistlər güclü bir şəkildə arqument gətiriblər ki, qeyri-rasionalist fəlsəfə özü-özünü təkzib edir (BonJour 1998: bölmə 1; Bealer 1996; Huemer 2017). Əgər bu nəticəni çıxarmaq üçün hətta bir dənə qaneedici nümunə belə varsa, onda bu, fəlsəfənin özünün əsasən mühüm bir şəkildə apriori olduğunu göstərmək üçün əlavə bir dəlildir. Biz kiminsə fəlsəfi bilik əldə etmək üçün rasionalizmin doğruluğunu qəbul etməli olduğunu deyəcək qədər uzağa getmədən də bu nəticəni təsdiqləyə bilərik.

[4] Bu o demək deyil ki, biz heç bir müşahidə aparmadan belə nəyisə apriori şəkildə bilə bilərik; müxtəlif rənglərin necə göründüyünü kəşf etmək üçün gözümüzdən istifadə edə bilərik. Amma bəzi filosoflar deyirlər ki, biz, məsələn, qırmızı və yaşıl anlayışlarına malik olduğumuz vaxt sadəcə olaraq düşünməklə bilə bilərik ki, heç bir şey eyni anda həm büsbütün qırmızı, həm də büsbütün yaşıl ola bilməz (müqayisə et BonJour 1998: 2). Siz bunu, sadəcə olaraq, bu haqda düşünməklə bilirsiniz; ya ona görə ki, siz büsbütün qırmızı və büsbütün yaşıl nəsnə təsəvvürünü nəzərdən keçirəndə belə bir təsəvvür qeyri-mümkün görünür, ya da sadəcə ona görə ki, siz belə bir obyekti təsəvvür etməyə başlaya belə bilmirsiniz. Nəzərə alın ki, əslində, nəyisə apriori şəkildə öyrənmək “düşünmə” tələb etmir. Məsələn, əgər bir yerdə “1=1” yazıldığını görsəm, dərhal dərk edərəm ki, bu tənlik doğrudur və həqiqətən bu haqda daha çox düşünməyimə gərək yoxdur. “Sadəcə olaraq, bu haqda düşünməklə” izahı, ümumiyyətlə, apriori bilik üçün keçərlidir.

[5] Bu fərq haqqında daha çox məlumat üçün bax: Epistemology, or Theory of Knowledge by Thomas Metcalf.

[6] Mümkün və zəruri həqiqətlərin arasındakı fərqin izahı üçün bax: Possibility and Necessity: An Introduction to Modality by Andre Leo Rusavuk.

[7] Müqayisə et: Plato 1997, bks. V-VII.

[8] Quine 1961: 43.

[9] Quine 1969: §§ 1-4.

[10] Müqayisə et: Ridge 2013.

[11] Müqayisə et: Loux 2006: ch. 2; Armstrong 2002.

[12] Bu təsnifat və daha çox misal üçün bax:  What is Philosophy? by Thomas Metcalf.

[13] Loux 2006.

[14] BonJour 2002: bölmə 10; Huemer 2002; müqayisə et: Kornblith 2002 and Goldman 1986.

[15] Müqayisə et: Huemer 2005:  bölmə 4; Ridge 2013.

[16] Quine 1969; Goldman 1986; Kornblith 2002; müqayisə et: Papineau 2013.

[17] Misal üçün bax: Papineau 2013.

[18] Papineau 2013.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.