fbpx

Cəmiyyət

Cəmiyyət

Bilik obyektiv ola bilərmi? Üçşərtli bilik konseptinin problemləri

Read this article on other language
Download article
image_pdf
image_pdf

Keçən yazımızda biliyi iqtidar yüklü anlayışlar sırasına aid etmişdik. Bu anlayışlarda “iqtidar yükü” dediyimiz şey onların neytral deyil, evaluativ anlayışlar olması ilə bağlıdır. Belə ki, biz anlayışları dəyərləndirici və dəyər baxımından neytral olaraq fərqləndirə bilərik. Birinciləri evaluativ (dəyərləndirici), ikinciləri deskriptiv anlayışlar adlandıraq. Məsələn, “ağac”, “metal”, “dərman”, “mühəndis”, “müdaxiləsizlik” bir tərəfdə, “ədalət”, “doğruluq”, “intelligent”, “sevgi”, “azadlıq” və s. anlayışlar isə digər tərəfdə – bunlar arsındakı fərq birincilərin evaluativ olmaması, ikincilərin isə evaluativ olmasıdır. “Ağac”, ya da “müdaxiləsizlik” anlayışlarında dəyərləndirmə yoxdur, onlar dəyər baxımından neytraldır. Amma “ədalət”, “azadlıq” və s. anlayışlarında (müsbət) dəyərləndirmə ehtiva olunur. Bütün dəyərləndirmələrin təməlində isə iki dəyər, “yaxşı” və “pis” dayanır. Bütün dəyərləndirmələr “yaxşı” və “pis”in variasiyalarıdır (müxtəlif formalarıdır). Məsələn, “yaxşı”/”pis”i insanlar arası münasibətlərə tətbiq edəndə əxlaqdan, əşyaların funksionallığına tətbiq edəndə keyfiyyətdən danışırıq və s.

Biz bu iki dəyərlə dəyərləndirdiyimiz bir şeyi avtomatik olaraq iqtidar yükü ilə yükləyirik. Bu yazıda bundan sonra buna anlayışların imperativ konnotasiyası deyəcəyik. Bilik anlayışının təməlində də “yaxşı” dəyərinin olduğunu və bu səbəbdən onun da imperativ anlayış olduğunu iddia edirik və bu yazıda bunu detallarda göstərməyə çalışacağıq.

Anlayışların imperativ konnotasiyası deyəndə nə nəzərdə tuturuq? Bunun üçün çıxış nöqtəmiz olacaq təməl iddiaları təqdim edək:

1. “Yaxşı” və “pis” anlayışlar deyil, onları (naturalistik səfsətəyə yol vermədən) definisiya etmək mümkün deyil.
2. “Yaxşı” və “pis” mövqe aktlarıdır. Onları “olsun” / “olmasın” kimi nəyəsə varlıq tanıyan, ya da tanımayan ifadələrlə parafraz edə bilərik. Bir şeyə yaxşı deməyimiz onun varlığına razılıq bildirməyimiz deməkdir. Yaxşı kimi dəyərləndirdiyimiz bir şeyin olmasını istəyirik. Və əksinə, pis kimi dəyərləndirdiyimiz bir şeyin olmamasını istəyirik, ona varlıq tanımırıq, onun varlığına razı deyilik.

Bir şeyə varlıq tanımanın, ya da tanımamanın müxtəlif ifadə formaları ola bilər. Bunlar heç də həmişə dil müstəvisində, bir dil vahidi ilə olmur. “Yaxşı” / “pis” isə bir şeyə varlıq tanımanın dil müstəvisində ifadəsidir, dil aktıdır. Amma o, konkret anlayış ifadə etmir, onun məzmunun nə olduğunu deyə bilmirik.

1. Beləliklə,  evaluativ, yəni “yaxşı” / “pis” ehtiva edən anlayışlar varlıq tanıma, ya da tanımama aktları olaraq mövqe / iradə ifadə edir və onlardakı bu iradə ifadəsinə imperativlik deyəcəyik. Evaluativ anlayışlar imperativ xarakterlidir.
2. Evaluativ anlayışlar deskriptiv anlayışlardan fərqli olaraq interpretativ rəqabətə səbəb verir. Bu da öz növbəsində bu anlayışların imperativ xarakterli olması ilə bağlıdır.

Biliyin evaluativ anlayış olduğu aydındır. Bunu həm biliyin can atılmalı bir nəsnə olmasının common sense olaraq qəbul edilməsində görmək olar. Digər tərəfdən də bu evaluativlik biliyin təriflərinin (üçşərtli ənənəvi və post-ənənəvi)  dəyişməyən təməli olan doğruluq şərtində verilir. Klassik üçşərtli tərifə görə bilik əsaslandırılmış doğru inamdır. Gettier-dən sonra bu tərifdəki əsaslandırılma şətri mübahisələndirildi. Əsaslandırmanı təməl şərt hesab etməyən yanaşmalar var. Ancaq doğruluq şərtini mübahisələndirə və biliyin tərifindən kənarlaşdıra biləcək bir (uğurlu) yanaşma yoxdur. Doğruluq isə evaluativ anlayışdır.  Doğruluq şərtinə bağlı olduğu üçün bilik də evaluativ anlayışdır.

Bəs biliyin evaluativ xarakterli anlayış olmasında problem nədir?

Biliyin evaluativ xarakteri iki aspektdən problemli görünür. Bir tərəfdən bu, biliyin obyektivlik iddiası (ki, bu, biliyin doğruluq şərtində verilmişdir) ilə uyğun deyil. Təməlcə dəyərləndirici, beləliklə də mövqe / iradə aktı olan bir nəsnə nə dərəcədə obyektiv və neytral ola bilər? Maraqlısı odur ki, biliyin həm evaluativ xarakteri, həm də obyektivlik və neytrallıq iddiası onun doğruluq şərtinə bağlıdır. Burdan ikinci problem üzə çıxır: doğruluq özü birmənalı anlayış deyil, doğruluğun nə olması haqqında konsensus yoxdur. Doğruluğun gerçəkliklə əlaqəsi epistemologiyada ən mübahisəli mövzulardan biridir. Gerçəklikə əlaqəsi birmənalı olmayan bir anlayışa istinadlı obyektivlik iddiası necə özünü doğrulda bilər? Bilik ümumiyyətlə obyektiv ola bilərmi?

Əsaslandırılmışlığı biliyin təməl şərtlərindən biri olaraq qəbul edən bütün yanaşmalarda bu şərt biliyin obyektivlik iddiasının əsasını təşkil edir. Biliyin klassik tərifinə baxaq: bilik əsaslandırılmış doğru inamdır. Burada əsaslandırma biliyin subyektinin şüuru ilə (ki, inam bura aiddir) onun şüurundan asılı olmayaraq mövcud olan gerçəklik arasında əlaqəni təmin etməlidir (internalist yanaşma burda kənarda saxlayırıq). Məhz burada da əsaslandırma şərtli bilik definisiyasının növbəti problemi ortaya çıxır. Belə ki, doğruluğu inamlarımızın bizdən asılı olmayan bir gerçəklik ilə əlaqəsi kimi qəbul edilməsi fikri mübahisə mövzusudur və qeyd-şərtsiz qəbul edilmir. Daha dəqiq desək, doğruluğun bu cür başa düşülməsini ancaq korrespondensiya nəzəriyəsi qəbul edir. Məsələn, koherensiya nəzəriyyəsi doğruluğu tamam başqa cür izah edir və bizdən asılı olmayan gerçəkliyi doğruluğun şərti olaraq qəbul etmir. Bu yanaşmaya görə doğruluq inamlarımızın bizdən asılı olmayan gerçəkliklə yox, digər inamlarlar (inam sistemləri) ilə uyğunluğudur. Siyahını uzadaraq buraya daha fərqli doğruluq konseptləri təqdim edən semantik doğruluq nəzəriyyəsini, redundant doğruluq nəzəriyyəsini və s. əlavə edə bilərik. Əsaslandırma şərtli bilik tərifləri, əsas da Gettierə qədərki klassik bilik tərifi doğruluq anlayışının bu fərqli interpretasiya istiqamətlərini nəzərə almır, ən azından bu interpretasiyalardan hansını çıxış nöqtəsi olaraq götürüldüyünü aydın başa düşülməsinə imkan vermir. Gettierin gətirdiyi yeni paradigma da bu məsələyə aydınlıq gətirmir, belə ki, Gettierin təsvir etdiyi problem (əsaslandırma və doğruluq şərtlərinin yerinə yetirilməsinin təsadüflərin nəticəsi ola bilməsi mümkünlüyü) doğruluq anlayışını yenidən interpretasiya etmir.

Həm klassik, həm də əksər post-Gettier yanaşmaların təqdimatından doğruluğun korrespondesiya nəzəriyyəsinə uyğun konseptdə başa düşüldüyünü ehtimal edə bilirik. Ancaq onlarda doğruluq şərti və doğruluq anlayışı ayrıca mübahisələndirilmir. Əksinə, doğruluğa çatmaq üçün ödənməli şərt – biliyin əsaslandırılmışlıq şərti mübahisələndirilir. Biliyin üçşərtli definisiyalarında doğruluğun korrespondensiya nəzəriyyəsinin kontekstində qəbul etməyimiz, təbii ki, korrespondensiya nəzəriyyəsi ilə bağlı olan problemləri və cavablandırılmamış sualları bilik anlayışına da proyeksiya edir. Əsas da korrespondensiya əlaqəsinin xarakteri ilə bağlı sual aktual olaraq qalır: fərqli substansiyalar olan inam və (bizdən asılı olmayan) gerçəklik arasında hansı ortaq cəhətlər var ki, onlar arasında korrespondensiyadan danışa bilək? Bu sualın cavabsız qalması məhz biliyin əsaslandırma şərtinə fokuslanmış yanaşmaların kontekstində problemli görünür.

Biliyin üçşərtli definisiyasında doğruluq şərtinin hansı interpretasiyaya əsaslandığının dəqiq müəyyən olunmaması problemi həm də formal xarakterli biliyi izah etmək lazım gələndə özünü göstərir. Məsələn, riyazi və məntiqi bilik ilə empirik bilikləri analiz edərkən eyni doğruluq anlayışından çıxış edə bilmirik. Məntiqi və riyazi bilik üçün əsaslandırma şərti empirik bilik üçün əsaslandırma şərti ilə eyni deyil. Riyazi və məntiqi kimi formal biliklər üçün istinad edəcəyimiz gerçəklik empirik biliklər üçün istinad edəcəyimiz fiziki gerçəklik deyil. Bu halda formal biliklər üçün bir doğruluq anlayışı (koherensiya nəzəriyyəsi), empirik biliklər üçün başqa doğruluq anlayışından (korrespondensiya nəzəriyyəsi?) çıxış etməli oluruq. Bunun özü isə çox problemlidir və ayrıca mübahisələndirilə bilər.

Klassik üçşərtli bilik definisiyasının və bu şərtlərdən əsaslandırılmışlıq şərtinə fokuslanmış (Gettier və ondan sonrakı əsaslandırma fokuslu) yanaşmalardakı bilik definisiyasının iki problemli məqamını göstərməyə çalışdıq. Bunlardan birincisi biliyin obyektivlik iddiasının onun evaluativ xarakterli anlayış olması uyğunsuzluğudur. Yuxarıda da göstərdiyimiz kimi, bilik dəyərləndirici anlayışdır, təməlində mövqe ifadə edir. Bu isə biliyin obyektivlik iddiasını ən azı sual altına qoyur.

Digər problem isə odur ki, biliyin üç şərtindən biri olan doğruluq şərti haqqında vahid bir konsensus yoxdur. Biliyin definisiyalarında isə doğruluq şərtinin çoxmənalılığı nəzərə alınmır, doğruluq şərtində əsas amil olan doğrulayıcı faktorlarının hansına istinad edildiyi bilinmir. Bu da öz növbəsidə biliyin üç şərtindən məhz əsaslandırma şərtini problemli bir kontekstdə təqdim edir.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.