fbpx

TƏRCÜMƏ

TƏRCÜMƏ

Hannah Arendt, ‘Zorakılıq haqqında’

Read this article on other language
Download article
image_pdf
image_pdf

Tərcümənin ikinci hissəsi:

Siyasi düşüncə ənənəsi mənasında bu definisiyalar xeyli əhəmiyyətlidir. Onlar nəinki Avropanın suveren milli dövlətlərinin yüksəlişini müşayiət edən mütləq iqtidar anlayışının məntiqi nəticəsidir – hansının ki, ən ilkin və ən böyük təmsilçiləri Jan Boden və Tomas Hobbs idilər – onlar həmçinin qədim yunanlardan bəri dövlət formalarını insanın insan üzərindəki hakimiyyət formaları olaraq fərqləndirilməsinə xidmət edən anlayışlarla üst-üstə düşürlər – monarxiyada və oliqarxiyada tək nəfərin, ya da azlığın hakimiyyəti olaraq, aristokratiya və demokratiyada isə ən yaxşıların, ya da çoxluğun hakimiyyəti olaraq. Biz bu gün bu əsas formalara ən yeni və bəlkə də ən dəhşətli hakimiyyət formasını – bürokratiyanı əlavə etməliyik ki, idarələrin mürəkkəb bir sistemi vasitəsilə icra olunan bu hakimiyyət formasında nə bir nəfəri, nə də bir azlığı, nə ən yaxşılarını, nə də çoxluğu məsuliyyətə çəkmək mümkün deyil və onu bu səbəbdən ən yaxşı halda heçkim-hakimiyyəti adlandırmaq lazımdır. (Tiraniyaya heç kimdən hesabat tələb olunmasının qeyri-mümkün olduğu bir hakimiyyət forması olaraq definisiya verən bir ənənənin kontekstində heçkim-hakimiyyəti ən tiran dövlət formasıdır, belə ki, burada doğrudan da məsuliyyətə cəlb oluna biləcək heç kim yoxdur. Belə heçkim-hakimiyyətinin içinə girmək bu gün demək olar ki, hər yerdə siyasi situasiyanın əlamətidir; o, dünyada gedən üsyanın ən güclü faktorlarından biridir və onun tez-tez ortaya çıxan xaotik xarakterini müəyyən edir. Məsuliyyətli tərəfin heç olmasa tapıb göstərilməsinin və qarşı tərəfin identifikasiya edilməsinin qeyri-mümkünlüyü nəzəri olaraq içində partikulyar olan hər şeyin itdiyi həmin o ümumiləşdirmələrə gətirib çıxarır ki, onlar da sonda heç bir şey ifadə etmir və praktikada hər şeyi, əsas da elə öz təşkilatını məhv edən qəzəb partlayışlarına səbəb olur.)

Bura qədim yunanlardan gələn terminologiyanın gücünün bir dəfə də yəhudi-xristian ənənəsi və “qanunun imperativ xarakteri” (d’Entreves[1]) təsəvvürü ilə təsdiqlənməsi əlavə olunur; belə ki, qanunun itaət tələb edən bir əmr olaraq tərifi realsiyasətçilərin (¨realpolitika¨ mənasında) tapıntısı deyil, əksinə, indi bütün qanun tələblərini əhatə edən allahın “əmrləri”nin bundan çox əvvələ gedən və onların az qala avtomatik baş verən ümumiləşdirilməsinin çox aydın bir nəticəsidir, sanki “sadə hökm və itaət münasibəti” təkcə (İncildəki) on əmrin  yox, bütün qanunların mahiyyətini müəyyən etmək üçün yetərlidir. Sonda həm də müasir elmin və fəlsəfənin insan təbiəti haqqında olan fikirləri də bu ənənəni – bu dəfə dünyəvi formada – gücləndirmək üçün hər şeyi etdilər. Bu sahədə insanın anadangəlmə hakimiyyətə can atdığını və onun təbii bir aqressiya instinktinə sahib olduğunu iddia edən bir çox ən yeni “kəşflər”in sələfi olan on doqquzuncu əsrdə çox oxşar iddialar olmuşdur. Məsələn, Con Stüart Mill deyirdi ki, “itaət sivilizasiyanın ilk dərsidir” və o, insanın iki fundamental “ruh halı”ndan danışırdı. Bunlardan biri başqaları üzərində hakimiyyət əldə etmək ehtiyacı, digəri isə, bunun əksinə, başqalarının onun özünün üzərində hakimiyyətinə qarşı müqavimətidir.[2] Əgər bu şeylərdə olan təcrübəmizə güvənsək, onda bilməliyik ki, təslimçiliyə meyillilik, itaət instinki və güclü adam üçün fəryad insan psixologiyasında iqtidar istəyi qədər böyük rol oynayır və böyük ehtimal ki, itaət instinktləri siyasi cəhətdən daha əhəmiyyətlidir. Hər bir halda bu və ya başqa formada bütün yüzilliklərdə və bütün xalqlarda rast gəlinən[3] qədim “Kim hökm etmək istəyirsə, itaət etməyi öyrənməlidir” ifadəsi bəlkə də psixoloji həqiqətə işarə edir. İqtidar istəyi və itaət instinkti, həqiqətən də, bir-biri ilə möhkəm psixoloji əlaqədədir; sual oluna bilər ki, C.S. Mill “zorakı hakimiyyətə könüllü itaət” və “ifrat passivliy”in həmişə bir-biri ilə bağlı olduğunu deyərkən haqlıdırmı. İtaət etmək istəməyən biri həm də hökm etmək istəmir və hökm etmək istəyən biri həm də itaət etməyə qarşı bir şey demir. (Tarixi aspektdən baxanda bu şərtlər altında antik quldarlıq tamamilə anlaşılmazdır. Belə ki, onun aydın bilinən məqsədi heç də fərdi varlanma deyil, vətəndaşları iqtisadi fəaliyyətin yükündən azad etmək və beləcə onlar üçün bərabərlik prinsipi (isonomiya) ilə müəyyən olunan ictimai həyat mümkün etmək idi. Əgər insan üçün əmrlər verməkdən və başqaları üzərində hakimiyyət qurmaqdan daha şirin heç nə olmaması fikri doğru olsaydı, onda pater familias (ailə başçısı) evini heç vaxt tərk etməməklə ən yaxşısını etmiş olardı.)

Amma bu işlərdə hələ başqa ənənələr və tam fərqli leksikon da var ki, yuxarıda sadalananlardan heç də az tarixə malik deyil. Afinalı polis  (şəhər-dövləti) öz konstitusiyalarından isonomiya- qanun çərçivəsində bərabər olanların təşkilatı olaraq bəhs edəndə, ya da romalılar öz res publicalarını- ictimai şeyi civitas– vətəndaş birliyi adlandıranda onların təsəvvür etdikləri başqa bir iqtidar və qanun anlayışı idi ki, onun mahiyyəti hökm edən və itaət edən arasındakı münasibətə əsaslanmırdı və o anlayış iqtidar və hökmranlığı, qanun və əmri eyniləşdirmirdi. On səkkizinci əsrin inqilabçıları öz respublikalarını qurmaq üçün qədimlərin arxivlərini eşələyərkən məhz bu anlayışlara – yəni xalqın hakimiyyətinə söykənən, qanunun aliliyinin insanın insan üzərində hakimiyyətinə son verməli olduğu bir dövlət forması anlayışına qayıtmışdılar. Düzdür, onlar da itaətdən – heç bir insana deyil, qanunlara borclu olduğumuzdan – danışırdılar, lakin onların əslində nəzərdə tutduqları şey vətəndaşların əvvəlcədən öz razılıqlarını vermiş olduqları qaydaların dəstəklənməsi idi. Bu itaət heç vaxt şərtsiz deyil və öz əminliyi aspektində zorakılıq yolu ilə məcburi əldə edilmiş itaətlə – əl çantamı əlimdən almaq, ya da bank soymaq üçün tapancanı sinəmə, ya da bıçağı boğazıma dirəyən hər kəsin əldə edəcəyinə əmin olduğu itaətdən söhbət gedir – yarışa bilməz. Ancaq bu cür itaət iqtidar yaratmır və vermir.

Bir ölkənin müəssisələrinə və qanunlarına iqtidar verən şey xalqın dəstəyidir ki, bu da öz növbəsində təsisatları və qanunları yaradan o ilk razılaşmanın davamıdır. (Parlament təmsilçiliyi olan hüquqi dövlətdə mahiyyətcə xalq hakimiyyətdə olanlara hökm edəndir.) Bütün siyasi institutlar iqtidarın təzahürü və maddiləşməsidir; xalqın canlı hakimiyyəti onların arxasından çəkilən və onlara dəstəyini dayandıran kimi onlar donub qəlibləşir və dağılır. Bu, Medisonun bütün hakimiyyətlərin nəticə etibarilə “fikir”lərə əsaslandığını deyərkən nəzərdə tutduğu şey idi, bu elə bir sözdür ki, müxtəlif monarxik dövlət formalarında da öz legitimliyinin açıq olaraq xalqın iradəsindən alan demokratiyada olduğu qədər keçərlidir. (“Çoxluğun təkcə demokratiyada əhəmiyyətli olmasına inanmaq fantastik bir illüziyadır”, Juvenel haqlı olaraq deyir; “bir monarxın, məhz elə tək olduğuna görə, cəmiyyətin ümumi dəstəyinə başqa dövlət formalarında olduğundan daha çox ehtiyacı var.”[4] Hətta təkbaşına hamının üzərində hökmranlıq edən bir tiranın belə öz zorakılıq təsisatı üçün köməkçilərə ehtiyacı var, baxmayaraq ki, onların sayı digər dövlət formalarındakından az olacaq.) Bu fikrin gücü – yəni hakimiyyətin əsl iqtidarı – isə öz növbəsində onu bölüşənlərin sayından asılıdır; o, “onunla ittifaqda olanların sayı ilə proporsionaldır”[5]. Bu səbəbdən də tiraniya, Monteskyönün ortaya çıxartdığı kimi, bütün dövlət formalarından ən zorakı və eyni zamanda ən gücsüz olanıdır.

İqtidar və zorakılıq arasındakı əhəmiyyətli fərqlərdən biri odur ki,  iqtidar həmişə saylardan asılı olur, zorakılıq isə müəyyən bir dərəcəyə qədər saylardan asılı deyil, belə ki, vasitələrə etimad edir. Respublikadan fərqli olaraq qanunlara bağlılığa ehtiyacı olmayan demokratiya – yəni sadəcə iqtidar üzərində qurulan çoxluğun hakimiyyəti – çox dəhşətli formada azlıqları əzə və heç bir zorakılıqdan istifadə etmədən fərqli fikirləri boğa bilər. Paylaşılmayan və nəzarət edilməyən iqtidar elə bir fikir yekdilliyi yarada bilər ki, zorakı təzyiqdən heç də az “məcburedici” olmasın. Amma bu o demək deyil ki, zorakılıq və iqtidar eyni şeydir.

Bundan fərqli olaraq iqtidarın ifratçı halı “hamı bir nəfərə qarşı” konstellasiyasında verilmişdir, zorakılığın ifratçı halı isə “bir nəfər hamıya qarşı” konstellasiyasındadır. Bu sonuncusu isə alətlər, yəni zorakılıq vasitələri olmadan heç vaxt mümkün deyil. Ona görə də tez-tez eşitdiyimiz, bir ovuc silahsız ekstremistin “zorakılıq” – qışqır-bağır, şou, iğtişaş – yolu ilə çox adamın baş çəkdiyi bir mühazirənin – çoxluğun onun davam etməsinə səs verməsinə baxmayaraq – ortada kəsilməsinə nail ola bilməsi ifadəsi belə çaşdırıcıdır. (Yaxınlarda alman universitetlərinin birində bir nəfər “etirazçı”nın yüzlərlə tələbə üzərində belə qəribə bir qələbə qazandığı deyilir.) Əslində isə belə hallarda məsələ daha ciddidir: çoxluq sadəcə olaraq öz iqtidarından istifadə etməkdən və iğtişaşçının öhdəsindən gəlməkdən imtina edir; akademik müəssisə çökür, çünki heç kim status-kvo üçün barmağını qaldırmaqdan daha böyük nəsə etməyə hazır deyil. Bu ondan xəbər verir ki, universitetlərin əleyhinə olan tələbələrin sayı inanıldığından daha çoxdur və militant azlıq ictimai səsvermələrdə ortaya çıxan rəqəmdən daha böyük iqtidar potensialına malikdir. Tələbə və professor arasındakı səs-küylü qarşıdurmanı həvəslə izləyən tamaşaçıların əksəriyyəti isə əslində artıq azlıqda olanın gizli müttəfiqidir. (Sadəcə təsəvvür etsək ki, Hitlerdən əvvəlki Almaniyada bir, ya da bir neçə silahsız yəhudi antisemit bir professorun mühazirəsini ortada kəsməyə cəhd etsəydi, nə baş verərdi, onda “bir ovuc” ifrat element haqqında söhbətlərin absurdluğu dərhal göz özündə canlanır.)

Qeydlər və istinadlar:

[1] Yenə orada, s. 64, 70, 105.

[2] Yenə orada, s. 124.

[3]John Stuart Mill, Considerations on Representative Government (1861, dt.: Betrachrtungen über Repräsentativverfassung, Zürich 1862, s. 49, 54.

[4] Müqayisə et: John M. Wallace, Destiny His Choice: The Loyalism of Andrew Marvell. Cambridge University Press 1968, s. 88-89. Bu göndərməni Des Jardinin yardımsevərliyinə borcluyam.

[5] Jouvenel, s. 135.

Tərcümənin birinci hissəsi:

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.