fbpx

TƏRCÜMƏ

TƏRCÜMƏ

Hannah Arendt, Zorakılıq haqqında

Read this article on other language
Download article
image_pdf
image_pdf

Tərcümənin dördüncü hissəsi:

Amma iqtidarın mahiyyətini itaət və hökmranlıq kateqoriyaları ilə müəyyən etməyin çəkiciliyi məsələ dövlət iqtidarı – yəni iqtidarın xüsusi bir forması – ilə bağlı olduqda xüsusilə böyükdür. Zorakılıq həm xarici, həm də daxili siyasətdə həmişə son çıxış yolu olaraq hesaba alındığı üçün və bunun nəticəsində sonda iqtidar strukturunu bütün qətiyyətli rəqiblərə (düşmənlərə) – xarici düşmənə və daxildəki cinayətkara – qarşı qoruyacaq ən əhəmiyyətli müdafiə vasitəsi kimi göründüyü üçün, doğrudan da, elə təəssürat yarana bilər ki, sanki zorakılıq iqtidarın ilkin şərtidir və iqtidar arxasında zorakılığın gizləndiyi fasaddan başqa bir şey deyil. İçində ya dəmir yumruğun, ya da bir növ kağız pələngin gizləndiyi məxmər əlcək kimi bir şey, yəni. Məsələyə daha diqqətlə baxdıqda isə iqtidar və zorakılıq arasındakı münasibət haqqında olan bu və oxşar təsəvvürlər ilk baxışdan göründüyü qədər aydın deyil. Bəlkə, bunu ən yaxşı inqilab fenomeni misalında izah etmək olar.

Əsrin əvvəlindən dəfələrlə iddia olunub ki, inqilablar üçün şans əhəmiyyətli dərəcədə azalmışdır. Hətta öz mahiyyətlərinə görə ancaq dövlət iqtidarının sərəncamında duran silahların get-gedə artan dağıdıcılıq imkanına görə inqilabların artıq mümkün olmadığı deyilir[1]. Amma son yetmiş ilin həm uğurlu, həm də uğursuz inqilab nümunələrinin rekord sayını nümayiş etdirən tarixi başqa şey danışır. Yoxsa belə böyük üstünlük fərqi olan iqtidara qarşı üsyana cürət etmiş insanlar sadəcə dəli idilər? Onda bəs uğurlu inqilablar, ya da heç olmasa müvəqqəti hakimiyyəti ələ keçirmələr necə izah olunmalıdır? Tapmacanın cavabı sadədir. Bir tərəfdən, dövlətin zorakılıq vasitələri ilə insanların silahlana bildikləri vasitələr – pivə şüşələrindən və küçə daşlarından tutmuş Molotov kokteyllərinə və odlu silahlara qədər – arasındakı fərq uçurumu həmişə o qədər böyük olub ki, müasir texnoloji nailiyyətlərin burda bir əhəmiyyəti qalmır. Digər tərəfdən, inqilabların silahlı üsyanın nəticəsi olması haqqında geniş yayılmış təsəvvürlər nağıldır. İnqilablar məhz elə ¨edil¨mir və öyrənilən bir prosedurla – müxaliflikdən sui-qəsdə, passiv müqavimətdən silahlı üsyana addımlayaraq – heç edilmir. Zorakılıq zorakılıqla toqquşanda, hələ ki, həmişə dövlət zorakılığı qalib gəlib. Ancaq bu üstünlük fərqi o vaxta kimi qoruna bilir ki, iqtidar strukturu işlək olsun, yəni əmrlərə itaət edilsin, polis və ordu silahlarından istifadə etməyə hazır olsunlar. Vəziyyət artıq belə olmayanda situasiya qəfildən dəyişir. Nəinki üsyanı  yatırtmaq mümkün olmur, əksinə, silahlar əl dəyişir, özü də bir neçə saatın içində, Macarıstan İnqilabında olduğu kimi. (Amerikanın Vyetnamda de-fakto olaraq inqilabi bir vətəndaş müharibəsinə qarışmış olmasının sübutu odur ki, Rusiya yardımından tam istifadə etmədən əvvəl Milli Azadlıq Cəbhəsi Amerikada istehsal olunmuş silahlarla vuruşurdu.) Ancaq bu baş verəndən sonra, dövlət iqtidarının dağılması açıq və aşkar olandan , həmçinin  üsyançılara silahlanmağa icazə verəndən sonra ¨silahlı üsyan¨dan danışmaq olar ki, o da əksər hallarda artıq ümumiyyətlə baş tutmur. (İnqilablar əvvəldə çox vaxt xeyli qansız olur.) Əmrlərə itaət olunmayan yerdə zorakılıq vasitələrinin mənası yoxdur və bu ¨itaət¨ məsələsində, yəni, ümumiyyətlə, hələ də itaət edilməlidirmi məsələsinə qərar veriləndə əmr-itaət korrelasiyası tamamilə əhəmiyyətsizdir. Bu sualın cavabı ¨fikir¨dən (opinion) və təbii ki, bu ¨fikri¨ bu və ya başqa formada bölüşənlərin sayından başqa daha heç nədən asılı deyil. İndi birdən-birə aydın olur ki, hər şey zorakılığın arxasında duran iqtidardan asılıdır. İnqilablar üçün xarakterik olan qəfil dramatik iqtidar çöküşü itaət – qanunlara, müəssisələrə, idarə edənlərə, yaxud hökmranlıq edənlərə –  deyilən şeyin ictimai fikirdən, yəni müsbət dəstək və ümumi razılıqdan nə dərəcədə çox asılı olduğunu göstərir.

Dövlət iqtidarının daxildən çürüməsi inqilabları mümkün edir; onlar heç bir formada zəruri, hesablana biləcək nəticələr deyil. Tarix tamamilə gücsüz, amma uzun müddət mövcud ola bilmiş dövlətlərin saysız nümunələri ilə doludur. Ya onların mövcud iqtidarını ən xırda sınağa belə məruz qoyacaq heç kim olmayıb, ya da bu rejimlərin bəxti gətirmişdi ki, heç bir müharibəyə girməmiş və məğlub olmamışdılar. Belə ki, iqtidarın tənəzzülü əksərən birbaşa konfrontasiyalarda müəyyən olunur; hətta iqtidar küçələrdə sərilmiş olsa belə, bu ehtimala hazırlaşmış və iqtidarı ələ keçirib məsuliyyəti öz özərinə götürməyə hazır olan bir qrup insanın olmasına ehtiyac var. İki il əvvəl biz Fransada tələbələrin kifayət qədər zərərsiz və əhəmiyyətli dərəcədə qeyri-zorakı üsyanının nəticəsində baş verən hadisələrin şahidi olduq.[2]O hadisələr gənc üsyançıların heyrətlənmiş gözləri qarşısında birdən-birə dağılan bütöv sistemin kövrəkliyini üzə çıxartmağa bəs etdi. Onlar özləri də bilmədən sistemi sınağa məruz qoymuşdular. Onların köhnə və qartımış universitet sistemini ¨konfrontasiyaya çəkmək¨dən başqa bir məqsədi yox idi, amma, bax, hər şey silkələnməyə başladı, dövlət maşını, eləcə də qüdrətli partiya və həmkarlar ittifaqı bürokratiyası – ¨une sorte de désinrégration de toutes les hiérarchies¨ (Raymond Aron[3]). Bu, haqqında çox danışılan və tez-tez səhv başa düşülən ¨inqilabi situasiya¨[4] barəsində dərsliklərə salınacaq bir misal idi, belə ki, burda inqilabın özü olmadı, çünki heç kim – ən az da, təbii ki, tələbələr – iqtidarı ələ keçirib məsuliyyəti öz üzərinə götürmək haqqında fikirləşmirdi. Heç kim – de Gaulle istisna olmaqla. Başqa heç nə vəziyyətin ciddiliyini onun orduya müraciəti, Massuya və Almaniyadakı generalların yanına uçuşu – ki, bir neçə il əvvəl baş verənləri yadımıza salsaq, bu, əsl Kanossa yürüşü sayıla bilər – qədər aydın göstərmirdi. Ancaq de Gaulle-un axtardığı və tapdığı dəstək idi, itaət yox; o, bunları əmrlərlə deyil, güzəştlərlə əldə etdi. Əgər əmrlər kifayət etsəydi, onun Parisi tərk etməsinə ehtiyac qalmazdı.

Heç vaxt elə bir dövlət olmayıb ki, sadəcə zorakılıq vasitələrinə arxalana bilsin. Əsas idarə üsulları konsentrasiya düşərgələri, polis terroru və işgəncə olan totalitar rejimlərin belə bir iqtidar bazasına – bu halda gizli polis və casuslar şəbəkəsindən ibarət olan – ehtiyacı var. Amma yuxarıda bəhs etdiyimiz robot əsgərlərin inkişafı bu iqtidarın və ictimai fikrin zorakılıq üzərindəki prinsipial üstünlüyündə nəyisə dəyişə bilər; onda, doğrudan da, bir adam bir rıçaqı işə salmaqla o anda kimi və nəyi istəsə məhv edə bilər. Hətta tanıdığımız ən despotik rejim olan quldarlıq belə – ki, qullar sayca həmişə ağalarından çox olublar – sadəcə zorakılıq vasitələrinin üstünlüyünə söykənmirdi, bir-birinə dəstək olan quldarların üstün təşkilatlanmasına, yəni iqtidara əsaslanırdı.[5]

 

Qeydlər:

[1] Məsələn, Franz Borkenau ispan vətəndaş müharibəsində məğlubiyyət haqqında bir qeydində belə deyir: ¨Əvvəlki inqilablarla münasibətdə görünən bu dəhşətli kontrastda bir şey diqqət çəkir: Hələ az əvvəl əks-inqilab irtica qüvvələrinin – ki, onlar inqilabçılardan texniki və intellektual olaraq geri qalırdı – dəstəyindən asılı idi. Faşizmin ortaya çıxmasından sonra bu, başqa cürdür. Ondan bəri hər bir inqilab gördüyümüz ən modern, ən təsirli və qəddar mexanizmlə əlaqəlidir; bu, o deməkdir ki, inqilabların öz qanunlarına əsasən azad təşəkkül tapdığı vaxtlar arxada qalıb.¨ Bunun yazılmasından otuzdan çox il keçib (¨The Spanish Cockpit¨, 1938; Ann Arbor, 1963, s. 288-289), indi Chomsky tərəfindən təsdiqlənərək sitat gətirilir (a.a.O., s.310); o, inanır ki, Amerikanın və Fransanın Vyetnamdakı vətəndaş müharibəsinə müdaxiləsi bu proqnozun doğruluğunu sübut edir – ¨sadəcə faşizmi liberal imperializm ilə əvəz etmək lazımdır¨. Mənim fikrimcə, Vyetnam müharibələri misalı birmənalı olaraq bunun əksini sübut edir.

[2] Fransada 1968-ci il hadisələri nəzərdə tutulur.

[3] Raymond Aron, ¨La Révolution Introuvable¨. Paris 1968, s. 41

[4] Stephen Spender (a.a.O., s. 72) başqa fikirdədir: ¨Yaz, artıq çoxdan ortada olanı aşkar etdi: inqilab yox, onun yerinə qeyri-inqilabi situasiya.¨ ¨Hamının mehriban üz ifadəsi ilə ətrafda qaçışdığı¨ bir vəziyyətdə təsəvvür etmək çətindir ki, bu dəqiqə bir inqilab baş verir. Amma bir inqilabın başlanğıcı – ilk böyük qardaşlıq ekstazında – adətən belə görünür.

[5] Belə üstün iqtidar təşkilatlanması qədim Yunanıstanda polis (şəhər-dövlət) idi. Ksenofona görə, onun əsas üstünlüyü ondan ibarət idi ki, o, vətəndaşlara ¨qullara və cinayətkarlara qarşı bir-birinin cangüdəni olmaq¨ imkanı verdi ki, ¨heç bir vətəndaş zorakı ölümə məruz qalmasın¨. (Hiero IV, 3)

Tərcümənin birinci hissəsi:

Hannah Arendt, Zorakılıq haqqında

Tərcümənin ikinci hissəsi:

Hannah Arendt, ‘Zorakılıq haqqında’

Tərcümənin üçüncü hissəsi:

Hannah Arendt, Zorakılıq haqqında

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.