fbpx

TƏRCÜMƏ

TƏRCÜMƏ

Hannah Arendt, Zorakılıq haqqında

Read this article on other language
Download article
image_pdf
image_pdf

Tərcümənin üçüncü hissəsi:

Mənim fikrimə görə, siyasi elmlərin hazırkı vəziyyətinin əleyhinə olacaq məsələ ondan ibarətdir ki, bizim ixtisas dilimiz iqtidar, güc, qüvvə, avtoritet və nəhayət zorakılıq kimi təməl anlayışları bir-birindən fərqləndirmir, halbuki onlar tamamilə fərqli fenomenləri bildirir və belə olmasaydı bu anlayışlar heç (mövcud) olmazdı. (d’Entrevesin dili ilə desək: “Güc, iqtidar, avtoritet – danışıq dili bütün bu sözlərin dəqiq tətbiqinə xüsusi əhəmiyyət vermir; ən böyük mütəfəkkirlər belə onları bəzən necə gəldi işlədirlər. Ancaq yaxşı olardı ki, onların konkret xüsusiyyətlərə istinad etməsində və buna görə də onların məzmununun diqqətlə götür-qoy edilməsində və yoxlanılmasında israrlı olaq. Bu sözlərin düzgün istifadəsi təkcə qrammatika məsələsi deyil, həmçinin tarixi perspektiv məsələsidir”).[1] Onları sinonim kimi işlətmək təkcə dilin əslində dediyini artıq eşidə bilməmək demək deyil – ki, bu da özlüyündə artıq kifayət qədər pis haldır – fərqləri eşidə bilmək qabiliyyətinin olmaması sözlərin bəri başdan işarə etdiyi gerçəklikləri görmək və başa düşmək qabiliyyətinin olmaması deməkdir. İlk baxışdan sadəcə semantik kimi görünən çətinliklərlə üzləşəndə həmişə yeni definisiyalar yaratmağa həvəslənib aldanırsan. Mən bu həvəsə qısa müddətlik tabe olacağam, amma inanmıram ki, definisiyalar burda çox işə yaraya bilər; burda söhbət sadəcə dildən etinasız istifadədən getmir. Çaşqınlıq kimi görünən bu məsələnin arxasında bir nəzəri fikir durur ki, bu fikrə görə, bütün həmin      fərqlər əslində ən yaxşı halda ikinci dərəcəli sayıla bilər. Bu fikrə görə, siyasətdə həmişə ancaq bir əhəmiyyəli sual mövcuddur, “Kim kimin üzərində hökmranlıq edir?” sualı. İqtidar, güc, qüvvə, avtoritet, zorakılıq – bütün bu sözlər insanların başqaları üzərində hökmranlıq etmək üçün istifadə etdikləri vasitələri bildirir; onları sinonim kimi işlətmək olar, belə ki, onların hamısının eyni bir funksiyası var. Ancaq siyasətin hökmranlıq sahəsi olaraq belə taleyüklü daralmasını ləğv edəndən sonra insani məsələlər sahəsindəki ilkin fenomenlər onlara xas çoxçeşidlilikdə yenidən görünən olacaq.

Bizim kontekstdə və yuxarıda adı çəkilən anlayışlara münasibətdə bu məsələlər aşağıdakı kimi dəqiqləşdirilə bilər:

İqtidar insanın, sadəcə, fəaliyyət göstərmək/hərəkət etmək və nəsə etmək yox, həmçinin başqaları ilə birləşmək və onlarla birgə hərəkət etmək bacarığına müvafiqdir. İqtidar heç vaxt bir nəfərin əlində olmur; o bir qrupun əlində olur və o qrup bir yerdə qaldığı müddətcə mövcud olur. Əgər biz bir nəfər haqqında “o, iqtidar sahibidir” deyiriksə, əslində, bu o deməkdir ki, o kəs müəyyən sayda insan tərəfindən onların adından hərəkət etmək üçün səlahiyyətləndirilmişdir. İqtidar sahibini səlahiyyətləndirən və ona iqtidar verən (potestas in populo – bir “xalq”, ya da qrup olmadan iqtidar yoxdur) qrup dağıldığı anda “onun iqtidarı” da yox olur. Əgər biz danışıq dilində (tərcüməçinin qeydi: almanca) kiminsə haqqında “iqtidarlı[2] adam” (mächtiger Mann), ya da “iqtidarlı şəxsiyyət” (mächtige Persönlichkeit) ifadəsi işlədiriksə, biz bu sözü məcazi mənada işlədirik; qeyri-məcazi mənasında burda söhbət güclü adamdan, ya da güclü şəxsiyyətdən gedir.

Belə ki, güc, iqtidardan fərqli olaraq, həmişə tək olana – bir şey, ya da bir şəxs olsun – aid olur. O, individual bir xüsusiyyətdir, başqa şeylərdə və ya şəxslərdə olan eyni keyfiyyət ilə müqayisə edilə bilər, amma özlüyündə onlardan asılı deyil. Güc heç vaxt çoxluğun iqtidarına tab gətirə bilməz; güclü olan heç vaxt təkbaşına ən iqtidarlı olmaz, belə ki, ən güclü olan kəs belə iqtidar sahibi deyil. Güclü olan kəs çoxluğun iqtidarı ilə üzbəüz gəldikdə o, həmişə elə sadəcə onların sayına görə məğlub olur ki, bu say/çoxluq da əksərən ancaq o məqsədlə bir araya gəlib birləşir ki, gücə xas olan sərbəstliyin öhdəsindən gəlsin. Platondan Nitsşeyə qədər çoxluğun özünü ondan ayıran təkə qarşı bəslədiyi az qala instinktiv düşmənçiliyi zəifin güclüyə qarşı hiss etdiyi hiddət ilə izah ediblər, amma bu psixoloji izah – tək hallarda nə qədər doğru ola bilsə belə – diqqətdən qaçırır ki, güc ilə birbaşa bağlı olan sərbəstliyə qarşı müqavimət bir qrupun və onun yaratdığı iqtidarın mahiyyətindədir.

Alman danışıq dilində çox vaxt güc ilə sinonim kimi işlənən qüvvə sözü anlayış dilində “təbiət qüvvələri” üçün nəzərdə saxlanılsa yaxşı olar ki, ordan da fiziki və sosial hərəkətlərin təklərə təsir edən müəyyən enerji yaratdığı – “su qüvvəsi” və ya “münasibətlərin qüvvəsi” – situasiyalarda məcazi mənada işlədilməsi mümkün olsun.

Avtoritet anlayış olaraq başa düşülməsi ən çətin fenomen və buna görə də ən çox sui-istifadə olunan söz[3], həm də      tək-tək şəxslərin bir xüsusiyyəti ola bilər – şəxsi avtoritet/nüfuz mövcuddur, məsələn, valideyn və övladlar, müəllim və şagirdlər arasındakı münasibətdə – o həmçinin bir quruma aid edilə bilər, məsələn, Roma senatına (auctoritas in senatu), ya da katolik iyerarxiyasının vəzifələrinə (sərxoş bir rahib də vəzifəsinin ona verdiyi avtoritet ilə günah bağışlanma aktını həyata keçirə bilər). Onun əlaməti odur ki, itaət tələb olunan tərəfdən sorğu-sualsız olaraq tanınır; onun nə məcburetməyə, nə də inandırmağa ehtiyacı var. (Məsələn, bir ata uşağının yanında sahib olduğu avtoritetini onunla itirə bilər ki, uşağı döyərək məcbur etsin, ya da onu arqumentlərlə inandırmağa çalışsın. Hər iki halda o, artıq avtoritet kimi davranmır, birincidə tiran olur, ikincidə demokrat.) Avtoritetin özünü qoruyub saxlaya bilməsi üçün şəxs, ya da qurum tərəfindən hörmətə ehtiyacı var. Onun ən təhlükəli rəqibi düşmənlik yox, hörmətsizlikdir, onu ən əminliklə sarsıdacaq şey isə gülüşdür.[4]

Nəhayət zorakılıq, artıq dediyim kimi, instrumental xarakteri ilə seçilir. O, güc fenomeninə ən yaxın olanıdır, belə ki, zorakılıq vasitələri bütün alətlər kimi ona xidmət edir ki, insanın, yaxud üzvi “alətlər”in gücünü elə bir mərhələyə kimi çoxaltsın ki, süni alətlər təbii alətləri tamamilə əvəzləyə bilsin.

Əgər belə anlayış fərqləndirmələri ediriksə, unutmamalıyıq ki, onlar qətiyyən ixtiyari deyil və gerçəkliyin fenomenlərinə uyğundur, amma digər tərəfdən onlar həm də sanki gerçəklikdən kəsib çıxarılmış kimidir və xalis anlayış olaraq onda (gerçəklikdə) nadirən rast gəlinir. Belə ki, mütəşəkkil ictimai formalarda iqtidar tez-tez əslində avtoritetə xas olan əlamətlər nümayiş etdirir, bu, məhz o zamanlarda olur ki, ictimai həyatın işlək davam etməsi üçün qaydaların dərhal və sorğu-sualsız qəbul edilməsi tələb olunur. (Nyu-Yorkdakı əhəmiyyətsiz və tək-tük hadisələrdən biri kimi görünən hadisə sosial konstruksiyalarda avtoritetin tam itməsinin nəyə gətirib çıxartdığını göstərə bilər, belə ki, onda o qurum hətta özünün ikinci dərəcəli, sadəcə, funksional formasını belə saxlamağa qadir olmayan hala gələ bilər. Kiçik bir metro qəzası – bir qatarın qapıları stansiyada avtomatik açılmamışdı – bütün nəqliyyatın dörd saat boyunca iflic olmasına və bundan 50000 nəfər insanın zərər görməsinə səbəb olmuşdu, çünki defektli qatarın içində olan sərnişinlər sadəcə olaraq nəqliyyat idarəsinin vaqonları tərk etmək haqqında təlimatına əməl etməkdən boyun qaçırırdılar.[5]) Eləcə də iqtidar və zorakılıq da adətən – sonra görəcəyimiz kimi – kombinasiyada birləşmiş formada ortaya çıxır və ancaq ekstremal hallarda öz xalis formalarında rast gəlinir; ancaq bundan elə nəticə çıxarıla bilməz ki, avtoritet, iqtidar və zorakılıq hamısı eyni şeydir.

Qeydlər və istinadlar:

[1] a.a.O., S.7. Bax: həmçinin 171, burda d’Entreves “millət” və “milliyyət”in dəqiq mənasını müzakirə edir və haqlı olaraq israr edir ki, “bu qədər çox və fərqli fikir cəngəlliyində yeganə kompetent bələdçilər dilçilər və tarixçilərdir. Biz kömək üçün onlara müraciət etməliyik.” Avtoritet və iqtidar arasındakı fərq üçün də, o, Siseronun potestas in populo, auctoritas in senatu fikrinə istinad edir.

[2] Almanca “mächtig” hərfi mənada “iqtidarlı” deməkdir və “güclü” mənasında işlənir.

[3] Avtoritar hakimiyyət kimi bir şey var, amma onun tiraniya, diktatura, yaxud totalitar hökmranlı ilə ortaq bir şeyi yoxdur. Tarixi kontekstin və anlayışın siyasi mənasının analizi üçün müqayisə et: mənim “What is Authority?” adlı məqaləm. In:, Between Past and Future: Exercises in Political Thought. New York 1968. Anlayışın tarixi konteksti üçün bax: Karl-Heinz Lübkenin “Auctorias bei Augustin” adlı çox yönləndirici əsərinin 1-ci hissəsi. Stuttgart 1968. Elə orda həm də müvafiq ədəbiyyat göstərilmişdir.

[4] Wolin and Schaar – 22-ci qeyddə sitat gətirilən məqalədə – situasiyanı aşağıdakı kimi təsvir edirlər: “Qaydalar pozulur, çünki universitetin avtoritetləri, əsas da fakultələr kimi administrativ idarələr, əksər tələbələrin hörmətini itiriblər.” Onlar buradan belə nəticə çıxarırlar: “Avtoritet itirilən yerdə iqtidar onun yerinə keçir.” Bu da doğrudur, tam onların nəzərdə tutduğu mənada olmasa belə; onlar iqtidar yox, zorakılıq nəzərdə tuturlar. Berklidə öndə gələn tələbələrin iqtidarı idi ki, onlar kampusda elə saylarına görə ən güclü qüvvəni təşkil edirdilər. Bu iqtidarı sındırmaq üçün administrasiya zorakılığa əl atdı və məhz universitetin mahiyyətcə avtoritetə əsaslanan bir qurum olduğu, amma iqtidar cəhətdən həmişə tabeçilikdə və hörmətdən asılı olduğu üçün, o, tələbələrin iqtidarına qarşı zorakılıqdan başqa bir üsulla çətin ki, müdafiə oluna bilsin. Polis çağırmaq üçün olan haraylar katolik kilsəsində kilsə və dövlətin bir-birindən ayrılaraq kilsənin ancaq öz avtoritetinin ümidinə qalmasına kimi hər gün baş verənlərdən heç nə ilə fərqlənmirdi. Bir qurum olaraq kilsənin ən ciddi böhranının hələ avtoritetə əsaslanan yeganə dünyəvi qurum olan universitetin ən ciddi böhranı ilə üst-üstə düşməsi bəlkə də qəribə bir təsadüfdən daha çox şey ifadə edir. Bəlkə də hər iki böhranın səbəbi doğrudan da “əbədi olaraq sabit hesab edilən ‘itaət’ atomunun davamlı partlayışlarında” – Heinrich Böllün bu yaxınlarda kilsədəki böhranlarla bağlı ifadə etdiyi kimi –  axtarılmalıdır. Bax: See “Es wird immer spiiter,” in Antwort an Sacharow, Zurich, 1969.

[5] Bax: ¨New York Times¨,  4 yanvar 1969, S.1 və 29.

Tərcümənin birinci hissəsi:

Tərcümənin ikinci hissəsi:

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.