8 yazılıq seriyanın[1] son iki məqaləsi Hüseynəli bəy, səfirlik komandasının Avropadakı son günləri, Oruc bəy Bayatın məşhur olan xristianlığa keçidi və Don Xuan[2] adını almağı ilə bağlı olacaq.
İspaniyada
Səfirliyin 13 avqust 1601-ci ildə Valyadolid şəhərinə daxil olduğunu bildirmişdim. Vatikanın İspaniyadakı səfiri Domeniko Ginnasinin 19 avqusta aid olan raportunda Hüseynəli bəyin kral III Filippin sarayındakı digər diplomatik nümayəndələr ilə danışdığı bəzi məqamlar məlum olur. Hüseynəli bəy Fransanın katolik yox, protestant olduğunu düşündüyü üçün onu ziyarətə gələn Fransanın İspaniyadakı səfiri Antuan de Siyi[3] ilə kiçik bir mübahisə yaşamışdı.[4] Bu zaman İspaniya və Fransa arasındakı münasibətlər pis idi – Fransa İspaniyaya qarşı Niderlanddakı üsyançılara dəstək verir və Osmanlı ilə yaxşı münasibətləri davam etdirirdi. 18 iyul 1601-ci ildə İspaniya hökuməti səfirliyin binasına qarşı reyd keçirmiş, səfirin bir neçə işçisini həbs etmişdi. Elə Hüseynəli bəyin İspaniya sarayına daxil olduğu gün də kral Henri səfiri Fransaya geri çağırmışdı.[5] Daha sonra Valyadolid sarayındakı digər diplomatlar kral Henrinin artıq protestant olmadığını Hüseynəli bəyə başa salmışdılar.
Oruc bəyin yazdıqlarına görə, Lerma hersoqu[6] 4 gün sonra Hüseynəli bəyi ziyarət etmişdi.[7] 30 avqust 1601-ci ildə kral III Filippin məsləhətçiləri və nazirləri – kardinal de Quevara[8], Çinçon qrafı[9], Kastiliya konstablı[10], Ordenlər məclisinin sədri[11], Alba hersoqu[12], Miranda qrafı və kralın baş tövbədinləyəni keşiş Qaspar de Kordoba – Şah Abbasın krala göndərdiyi məktubun müzakirəsinə başladılar. Məktubdan sonra Hüseynəli bəyin saraya təqdim etdiyi istək ərizəsinə də baxıldı. Səfir İspaniya kralından Şah Abbasa cavab məktubu və Hörmüzdəki valinin Səfəvi tacirlərinə azadlıq verməyini istəyirdi. Məktubda ən sonda qeyd olunan bir digər məsələ isə portuqal tacirlərinin Hörmüz bazarlarına gətirdiyi dəmir parçaları haqda idi. Hüseynəli bəyin ərizəsinə görə, qılınc hazırlamaq üçün istifadə olunan bu parçalar çox qısa idi və onları uzatmaq üçün lazım olan sənaye onun ölkəsində yox idi, buna görə də həmin parçaların dörd barmaq daha uzadılmağını istəyirdi. Bütün bunlardan əlavə, səfir artıq maddi vəsaitinin tükəndiyini, tezliklə öz ölkəsinə qayıtmaq istəyində olduğunu bildirmişdi.
Kral məclisi uzun müzakirələrdən sonra III Filippə bu məsləhətləri verdilər:
- İspaniya Hörmüzün qonşusu və türklərin düşməni olduğu üçün Şah Abbasa isti münasibət göstərməli və Səfəvi xanımının xristian olduğu nəzərə alınaraq ona göndəriləcək iki səfirdən biri din xadimi olmalıdır.
- Səfirlə Vatikandan gəlmiş katalon kanonik Hüseynəli bəyin Fransa və Venesiyaya getməyinin qarşısını almalı və onu Portuqaliyaya qədər müşayiət etməlidir.
- Kral Müqəddəs Roma imperatoru və Papadan fərqli olaraq, öz zənginliyini nümayiş etdirmək üçün hamıdan çox pul ayırmalı, Hüseynəli bəyə 10000 dukat pul verməlidir. Bu pulun 2000-i Lissabona qədər ödənilməli, qalan 8000-i yolun geri qalanı üçün verilməlidir. Bundan əlavə, səfirə III Filippin portreti və bir qızıl zəncirin verilməyi, qızıl qınlı bir qılınc və ya bir qiymətli daşın hədiyyə edilməyi, Lissabonda yaxşı bir gəminin təşkil olunmağı məsləhət görülürdü.
- Səfirin digər istəkləri Portuqaliyadakı canişinliyin öhdəsinə buraxılırdı.[13]
Məclis daha sonra yenidən – 7 sentyabrda görüşdü. Bu görüşdə Hüseynəli bəyə veriləcək pulun 30000 dukata qaldırılması və Osmanlı torpaqlarının İspaniya və Səfəvilər dövləti arasında bölüşdürülməsi müzakirə edildi. Osmanlı torpaqlarının bölüşdürülməsi təklifinə müsbət baxılsa da, məclis bu təklifin reallıqdan çox uzaq bir istək olduğunu da qəbul edirdi. Məclis səfir kimi portuqaliyalı kapitan Antonio de Eskobarı məsləhət görmüş, onu kastiliyalı yezuit bir keşişin müşayiət etməyinin uyğun olduğu qənaətinə gəlmişdi. Görüşdən çox əvvəl, 27 avqust 1601-ci ildə Lerma hersoqu Portuqal məclisinin katibi Pedro Alvares Pereyraya yazdığı məktubda Antonio de Eskobarın komandanlıqdakı işlərinin sürətləndirilməsini tapşırır və onun Flandriya və Fransada göstərdiyi qəhrəmanlıqlar təriflənirdi.[14] Karlos Alonsonun fikrincə, bu, artıq onun çoxdan belə bir vəzifə üçün hazırlaşdırıldığını göstərirdi.[15]
Lerma hersoqu 3 gün sonra, 10 sentyabr 1601-ci ildə və 20 sentyabrda Pereyraya yenidən məktub yazaraq Hüseynəli bəyin Portuqaliyaya gəlişi üçün vəsait ayrılmasını, hazırlıqların başlanmasını tapşırırdı. Kral III Filippin tapşırığına görə, Hüseynəli bəyə bazardan alış-veriş etməsi üçün 2000 dukat, Lissabona getməsi üçün 1000 dukat, Lissabondakı vaxt üçün isə Portuqaliya canişinindən 8000 dukat vəsait ayrılacaqdı.
Səfəvi səfirlərinin mahnıları
Səfəvi səfirləri Valyadolid sarayında olarkən III Filippin xanımı Avstriyalı Marqarita[16] 22 sentyabrda ilk övladı Annanı dünyaya gətirdi. Səfəvi səfiri Hüseynəli bəy buna görə Portuqaliyaya səfərini təxirə salmalı oldu. Yeni şahzadənin vəftiz mərasimi 7 oktyabrda Valyadoliddəki San Pablo kafedralında təntənəli şəkildə keçirildi. İspan saray tarixçisi Luiz Kabrera de Kordobanın yazdıqlarına görə, Hüseynəli bəy də bu mərasimdə iştirak edirdi:
İran səfiri bir qalereyada, əsas şapelin bir küncündə olub baş verənləri oradan müşahidə edirdi; və o, bundan çox razı görünürdü.[17]
İspan arxivində qeyd edilməyən, lakin həmin vaxt İspaniyada yaşayan və Salamanka universitetində təhsil alan florensiyalı tədqiqatçı Cirolamo de Sommaya[18] Hüseynəli bəyin bu mərasim zamanı mahnı ifa etdiyini qeyd edir. Florensiya Milli Kitabxanasında saxlanılan CL VII, 353 kodlu əlyazmasında[19] müəllif kimi Hüseynəli bəy və Oruc bəy Bayata iki mahnı aid edən Sommaya Hüseynəli bəyin mahnısının adını “İran səfirinin şahzadənin doğulması münasibətilə mahnısı” (Canción que el Embaxador de Persia hizo al nacimiento de la Princesa) kimi qeyd edib.[20] Bu mahnıların ikisini də tədqiq edən Françesko de Benediktis sözlərin müəllifinin əslində ispan dilini öyrənmiş Oruc bəy Bayat olduğunu düşünür. Françesko bunu Oruc bəyin İrandakı yüksək keyfiyyətli təhsili ilə əlaqələndirir.[21] İspaniya-Səfəvi dövləti münasibətlərini dərindən tədqiq etmiş Luiz Jil Fernandez isə ölümündən öncə yazdığı son məqalələrdən birində Oruc bəyin Kastiliya dilində sonata və ya qafiyəli şeir yazacaq qədər biliyə qısa bir müddətdə çata biləcəyinə inanmağın sadəlövhlük olduğunu qeyd edirdi.[22] Oruc bəyin müəllifliyi məsələsi sual altında olsa da, dövrün musiqi araşdırmaçısı de Peyresk[23] Hüseynəli bəyin musiqiçiliyinə şahidlik edir. De Peyresk 13-15 oktyabr 1633 tarixlərində qələmə aldığı bir məktubda öz dostu Marenn Mersennə[24] belə yazırdı:
…və mən özüm İran səfirini 1601-ci ildə Romada Papa Klementi görməyə gələndə görmüşəm. O, gitaranı şövqlə və çox yaxşı ifa edirdi.[25]
Buradakı “gitara” sözünə aydınlıq gətirmək lazımdır. Söhbət, güman ki, Səfəvilərə yaxından tanış olan ud alətinə oxşar olan lut adlı musiqi alətindən gedir. Mənim fikrimcə, Hüseynəli bəy həqiqətən Romada və Valyadoliddə mahnı ifa etmiş, Sommaya isə bunu sonradan şərq ekzotikası üslubunda – bəlkə də, sonra Oruc bəydən kömək olaraq – ispan dilində şeir yazaraq onların adından təqdim etmişdi. Xaç suyuna salma mərasimində Florensiyadan Pietro de Mediçi (Toskana hersoqu Ferdinandonun qardaşı) iştirak edirdi.[26] Sommaya və Toskananın İspaniyadakı səfirliyinin katibi olan Orazio della Renanın yaxın dostluğunu[27] da nəzərə alsaq, mümkündür ki, bu mahnıların ifası ilə bağlı məlumatları Toskana səfirliyinin nümayəndələrindən eşidib.



Əliqulu bəy Bayatın xristian olması
Oruc bəyin yazdıqlarına görə, səfirlik Valyadoliddə 2 ay qalmışdı. Səfəvi səfirliyinin üzvləri asudə fəaliyyət kimi at minərək şəhərdə gəzdiyi zaman əsasən ətraflarındakı qadınlar onlara söz atırmış.[28] Lakin səfirliyin üzvlərinin arasında gözə dəyməyən bir nəfər vardı – Əliqulu bəy Bayat. Oruc bəyin yazdıqlarına görə, Əliqulu bəy bir ara gözdən itmişdi. Səfirliyi İspaniyaya gətirən kanon Quaşın Vatikana göndərdiyi raporta istinadən isə Əliqulu bəy 3-4 gün xəstələnmişdi:
İran səfiri bu yaxınlarda yola salınacaq, onun qardaşı oğlu katolik dinini qəbul edib və xəstə olduğuna görə neçə gündür ki, saraydan uzaqlaşıb. Məlum oldu ki, vəftiz olunduğu zaman xaç atası və anası kral və kraliça olacaq. Dünən mən sözügedən iranlının evində olarkən kral ona çox zəngin bir paltar göndərdi, xüsusilə qara məxmərdən gümüş krujevalı, atlazdan dublet; həmçinin ağ tüklü papaq və çox maraqlı bir zərli qılınc və xəncər də göndərdi. Həqiqətən, kral onu çox gözəl yeməklə təmin edəcəkdir. İran səfiri bir neçə gündür ki, mənə narazı və xoşagəlməz bir sifət göstərərək deyir ki, mən onu [Əliqulu bəyi] xristian olmağa razı salmışam. Amma mən hesab edirəm ki, bütün bunlar üçün səy göstərməyə dəyərdi. […] [29]
Portuqaliyada
Oruc bəy Bayat səfirliyin Valyadolidi nə vaxt tərk etdiyini yazmasa da, İspan arxivindəki mənbələrdən və nunsiya[30] Ginnasinin raportundan şahzadənin xaç suyuna salınması mərasimindən 2 gün sonra kral ailəsinin Kastrokalbon meşəliyinə doğru ov səyahətinə çıxması haqda öyrənirik. Nunsiyanın Hüseynəli bəyin gedişi haqda 16 oktyabr 1601-ci ildə yazdığı raportda belə bir maraqlı qeyd də oxuyuruq: “Onun özü ilə iki ispan qadın apardığı deyilir. Əgər belədirsə, buna necə icazə verilib, bilmirəm.”[31]
Oruc bəyin yazdıqlarına görə, Hüseynəli bəyin səfirliyi onlara təyin edilmiş tərcüməçi Dieqo de Urrea[32] ilə Portuqaliyaya yola düşmüş və birinci Seqoviya şəhərinə gəlmişdilər. Fuençisla bakirəsi ziyarətgahı[33], Seqoviya Əlqasarı[34], Roma dövrünə aid su kəməri, Seqoviya zərbxanası[35] kimi yerləri gəzən səfirlik şəhərdə iki gün qalmışdı. Seqoviyalı yerli tarixçi Dieqo de Kolmenares səfirliyin bu ziyarəti haqda yazsa da, maraqlıdır ki, bütün məlumatını Oruc bəyin kitabından götürür və onların şəhərə giriş tarixini 14 oktyabr kimi verir, amma səfirliyi Məhəmməd Xudabəndənin səfirliyi kimi təqdim edir.[36]
Həmin gün III Filipp Kastro Kalbonadakı ov qoruğunda Portuqal canişini Kristobal de Mouraya Hüseynəli bəyin gəlişi haqqında əvvəlcədən xəbər vermiş və hazırlaşmağını əmr etmişdi.

Səfirlik 16 oktyabr 1601-ci il tarixində şəhərdən 14 kilometr uzaqlıqda yerləşən Valsayn qəsəbəsinə yollanmışdı. 17 oktyabrda El Eskoriala çatan səfirlik sarayı da gəzmişdi. İspaniya saray tarixçisi keşiş Xeronimo de Sepulveda Hüseynəli bəyin monastırı ziyarət edib burada iki gün qaldığını, keşişlər tərəfindən ona xoş münasibət göstərildiyini qeyd edir. Keşiş Sepulveda Hüseynəli bəyin hazırcavab olduğunu vurğulayaraq, üç ispan qadının ona “hansımız daha gözəlik?” sualını verərkən səfirin “öz aranızda təyin edin” cavabı verməyini buna sübut kimi göstərir.
O, hər şeyi böyük maraqla müşahidə edirdi. Biz, bu evin keşişləri bir gün yemək yeyərkən mehmanxanaya getdik, onlar da heyvan kimi yeyirdilər. Səfir əsl kişi idi və ölkəsini hörmətli bir insan kimi yaxşı təmsil edirdi. [37]
Maraqlı bir nüans keşiş Sepulvedanın da Hüseynəli bəyin musiqiçi olduğuna şahidlik etməsidir. Onun yazdıqlarına görə Hüseynəli bəy yeməyin sonunda lut istəyib və İspaniyada istifadə olunanlardan çox fərqli tonlarda bəzi melodiyalar çalıb. Sonra o, krala, monastıra və ona göstərilən qonaqpərvərliyə təriflər oxuyub. Başqa bir maraqlı məqam Hüseynəli bəyin Eskorial sarayını çox bəyəndiyi üçün sarayı dizayn edən memar Xuan de Herreranın 1599-cu ildə nəşr olunmuş 13 orijinal arxitektura planını xahiş edərək İrana aparmaq istəməyidir.[38] Keşişlərlə qucaqlaşaraq sağollaşan Hüseynəli bəy həm Sepulvedanın, həm də Oruc bəyin yazdıqlarına görə, El Pardo, Madrid, Aranxuez və Toledo şəhərlərinə yönləniblər. Luiz Kabrera de Kordoba Hüseynəli bəyin Madridə imperator II Maksimilianın dul xanımı 72 yaşlı Avstriyalı Mariyanı ziyarət üçün getdiyini qeyd edir.[39]
Toledanı tərk etdikdən sonra Truxillo və Merida şəhərlərinə çatan səfirlik burada qətl hadisəsi ilə rastlaşdı. Merida şəhərində gecələmək üçün ev kirayələyən Hüseynəli bəy və səfirlik şəhər əhalisinin böyük marağına səbəb olmuşdu. Onları görmək üçün bir-birini əzərək qapıya dirənən əhaliyə qarşı qapını bağlı saxlamağa çalışan səfarətin mollası Seyid Əmir əl-Fəqih burada bıçaqlanaraq öldürüldü. Qatil gecə vaxtı olduğu üçün qaçdı və Merida şəhərinin korrexidoru[40] qatili tapa bilmədi. Hüseynəli bəy hadisədən qəzəblənərək Valyadolidə qayıtmaq istəsə də, kralın hələ də ov tətilində olduğunu öyrənərək Lissabona gedəndən sonra saraya çapar göndərməyə qərar verdi. Oruc bəyin dediyinə görə, fəqih şiə adət-ənənəsinə uyğun olaraq basdırılmış və yas mərasiminə tamaşa edən şəhər əhalisi buna gülmüşdü.[41]
Portuqaliyaya doğru hərəkət edən səfirlik Badaxoz şəhərinə gəldikdə Don Xuan de Avalos adlı korrexidor tərəfindən qarşılanmış, onlara rəsmi ziyafət verilmişdi. Badaxozdan Aldea Qalleqaya qədərki yol barədə heç bir məlumat verməyən Oruc bəy Lissabona nə vaxt daxil olduğu haqda da heç nə demir. Canişin de Mouranın verdiyi məlumatdan isə səfirliyin 8 noyabr 1601-ci il tarixində Lissabona daxil olduğu məlum olur. Canişin həmçinin Antonio de Eskobarın qocalığını bəhanə gətirərək səfirlikdən imtina etdiyini bildirmişdi. Canişin de Moura Hüseynəli bəylə görüşünü belə təsvir edir:
Çayın o tayından o xəbər göndərdi, mən də onun yanına yüksək səlahiyyətli bir elçi göndərdim və bundan sonra qayıqlar gedib onu onun üçün və bütün səfirlik komandası üçün çox yaxşı hazırladığımız otaqlara gətirdilər. Əlahəzrətin buyurduğu bütün yaxşı rəftar və qonaqpərvərliyi nəzərə alaraq; Əlahəzrətin ən yaxşı bəndələri ona xidmət edir. O və xidmətçiləri bu torpağın şərablarından o qədər razı qaldılar ki, məsləhət görüldüyündən daha çox içdilər. Beləliklə, ilk bir neçə gündə o, danışıqlar aparmaq üçün elə də yaxşı vəziyyətdə deyildi.
Daha sonra o, saraya gəldi, mən yanımda olan əyanların müşayiəti ilə onu gözlədim və mühafizəçilərin kapitanını onu gətirməyə göndərdim. Gəldikdən sonra o, Meridada öldürülmüş bir xidmətçinin taleyi haqda mənə çox şikayət etdi və dedi ki, buna görə və həmçinin Əlahəzrətə vacib bir şey bildirmək üçün xidmətçilərindən birini saraya göndərməlidir.
Mən onu bu işdən çəkindirmək üçün çox çalışdım. […] Heç bir faydası olmadı və ona görə də təxminən altı-yeddi gün əvvəl onun qulluqçusu səfirlə birlikdə gələn katalon kanonikin müşayiəti ilə buradan getdi. Həmin kononik mənə söz vermişdi ki, onu saxlamağa çalışacaq və [Hüseynəli bəy] onu aparmayacaq.[42]
Burada eyham edilən qulluqçu Oruc bəy Bayat idi.[43] Oruc bəyin bu səyahəti daha sonra onun xristianlığa keçməyinə səbəb olacaqdı.
Hüseynəli bəy indiyə qədər hamı ilə yaxşı yola getsə də, görünür, Portuqaliyada başqa cür davranmağa başlamışdı. Xüsusilə canişin onun davranışını bəyənmirdi. Krala olan hesabatında belə qeyd edilir:
O, bir çox əyanla görüşüb, hamı ilə ünsiyyətcildir, bəzilərinə isə Əlahəzrətin verdiyi məktubu göstərib, səfirliyini izah edib. Bunu biləndə ona töhmət verilməsini əmr etdim, o da söz verdi ki, düzələcək. O, ona veriləcək 8000 dukat pulu tələb etmək üçün adam göndərib və dərhal yarısını istəyir. Əlahəzrətin buyurduğu kimi, ona veriləcək; amma başa düşürəm ki, o, çoxlu miqdarda nizə, qılınc və arkebus da daxil olmaqla, özü ilə aparmaq üçün silah almaq istəyir. Mən ona əmr etdim ki, bunu etmək olmaz, çünki dinimiz bunu qadağan edir və Əlahəzrətin buna icazə verib-vermədiyini bilmirəm (siz istəsəniz də). İstədiyi hər şeyin istədiyi anda ona verilməməsindən çox narazıdır. […] İstəyir ki, onun qaldığı evin bəzədilməsi üçün istifadə edilən bütün toxuma əsərləri, müvəqqəti xidmət üçün təqdim edilən gümüş qablar ona verilsin. Mən ona izah etdim ki, bunlar bu dövlətin xəzinəsinə aiddir, krallar tərəfindən böyük hökmdarlara səfirləri qəbul etmək üçün verilmişdir və dövlət malı olduqları üçün onları özəlləşdirmək olmaz. O, bunu qəbul etdi. O, mənə elə gəlir ki, burada olanda problem yaradacaq; amma amalımız Əlahəzrətə xidmət etmək olduğu üçün biz bütün bunlara səbirlə dözəcəyik. Tanrı Əlahəzrətimizi mənim istədiyim və Xristian dünyasının ehtiyacı olduğu kimi qorusun. [44]
Canişinin Hüseynəli bəylə başqa bir problemi Hüseynəli bəyin Romadan özü ilə gətirdiyi tərcüməçi erməni Tommasonun xanımına gözü düşməyi idi – hətta bəzən bu tərcüməçini xanımından uzaqlaşdıraraq özü onunla mazaqlaşırdı. Bu indiyəcən Hüseynəli bəydən eşidilməmiş bir şikayət olduğu üçün Karlos Alonso bunu belə izah edir: “Ola bilsin ki, Hüseynəli bəy səyahətinin sonuna yaxınlaşdığını gördüyü üçün özündə müəyyən “azadlıqlar” əldə etmək səlahiyyəti hiss edib.”[45]
Canişinin məktubu 1 dekabrda Valyadoliddə müzakirəyə çıxarıldı. Kral məclisi Hüseynəli bəyin 4000 dukatla çox silah ala bilməyəcəyini, alsa belə, Şah Abbasın Osmanlı düşməni olduğu üçün “In Coena Domini” əmrinə aidiyyatı olmadığına qərar verdi. Lakin canişinə 4000 dukatdan artıq pul verməmək tapşırıldı. Kral məclisi tərcüməçi erməni və xanımı haqqında canişinin təmkinlə davranmasını, lazım gələrsə, onun səfirlə İrana getməyinin qarşısının alınmasını tapşırdı. Məclisin fikrincə, həmin tərcüməçiyə çox da güvənmək olmazdı.[46]
Bu arada Oruc bəyin paytaxta getməyindən 1 ay yarım keçmiş, Oruc bəy hələ də qayıtmamışdı. Hüseynəli bəy 24 dekabr 1601-ci ildə kral III Filippə yazdığı məktubda Oruc bəy haqda da soruşurdu:
Bir ay yarımdan artıqdır ki, mən iranlı qulluqçum Oruc bəyi bu şəhərdən göndərdiyim başqa bir məktub ilə birlikdə Əlahəzrətdən xahiş etdiyim lütfləri tələb etmək üçün göndərmişəm. Öyrəndim ki, Əlahəzrət onun bu ölkədə xidmətində qalmağını arzulayır. Bu mənə elə sevinc gətirir ki, sanki öz şahıma qulluq edirəm. Buna görə də Əlahəzrətdən təvazökarlıqla xahiş edirəm, əgər o [Oruc bəy] geri qayıtmayacaqsa, gəmiyə minməyim üçün vaxt yaxınlaşdığına görə başqasını tez bir zamanda mənə göndərin və istəklərim barədə tədbir görün. […] Vaxt ötdükcə, mən hər an təvazökarlıqla əlavə lütf diləyirəm və əgər mümkünsə, Əlahəzrətdən xahiş edirəm ki, Santa Kruz markizinin komandanlığı altında olan portuqal gəmilərindən mənə beş qul bəxş etsin. Mən Əlahəzrətin mənə xoş münasibət bəslədiyini düşünərək, belə bir xahişlə çıxış etməyə ərk edirəm.[47]
Hüseynəli bəyin məktubunda əlavə beş qul istəməyi onun səfirliyinin səyahət boyu qulluqçu itirməyi ilə izah edilə bilər. Bir başqa ehtimalı isə Oruc bəy haqda bəhs edərkən qeyd edəcəyəm. Santa Kruz markizi[48] Portuqaliyanın əsas admiralı idi və gəmilərə nəzarət onda idi. Lakin məktubların tez-tez yazılması və kral məclislərindən gec keçməsi kommunikasiyanı gecikdirirdi. Məktub saraya növbəti il – 15 yanvar 1602-ci ildə gəlib çıxmışdı. Bu vaxt ərzində Filipp canişinə 28 dekabrda daha bir məktub yazmış, Hüseynəli bəyə lazımından çox pul verməməyi bərk tapşırmışdı. Bu hətta canişinin xətrinə dəymiş, etiraz məktubu yazaraq öz boynuna düşəni edəcəyini bildirmişdi. 28 yanvar 1602-ci ildə yazdığı məktubda Səfəvilər dövlətinə göndəriləcək üç səfir namizədi məsləhət görmüşdü: Don Luis Pereyra de la Kerda, Don Vasko Fernandez Pimentel, və Don Qonzalo Vaz Kutinyo.[49] Bunlardan ilk ikisi uzun müddət Qoada xidmət etmiş, üçüncüsü isə San Miqel adasının kapitanı olmuşdu. Canişin isə əsasən birincini məsləhət görürdü. Məktubda Hüseynəli bəydən şikayət etməyi unutmayan canişin öz mehmandarı Xorge de Maskarenasa[50] səfirə “dözdüyü” üçün mükafat da istəyirdi. Səfirin fevralın ortası öz ölkəsinə qayıdışı gözlənilirdi.
Hüseynəli bəyin məktubunu Lerma hersoquna çatdıran dövlət katibi Andre de Prada[51] Oruc bəyin gəlişi haqqında məlumatlı olmadığını qeyd edirdi.[52] Kralın canişinə yazdığı 22 fevral 1602-ci il tarixli cavabda isə Hüseynəli bəyə qulların verilməməli olduğunu, səfirin böyük ehtimal onları sataraq pul əldə etmək istədiyi bildirilirdi. Bununla belə, ondan bunu diplomatik dillə çatdırılması xahiş edilirdi. Maraqlısı budur ki, Filipp də Oruc bəyin gəlişi haqda məlumatlı olmadığını yazmışdı.[53] Kral 16 mart 1602-ci il tarixində yazdığı məktubda canişinin səfir namizədi təklifini qəbul etmişdi. Kral səfirin tələsməyini, Hüseynəli bəylə birlikdə getməyini istəyirdi. Lakin bunun üçün artıq gec idi – canişin artıq 2 gün əvvəl Hüseynəli bəyin San Roque[54] adlı bir gəmini seçdiyini, pulun geri qalanını aldığını, ona yaxşı bir kabin təsis olunduğunu və bir xidmətçi verildiyini, lakin səfirin bir az kefsiz yola düşdüyünü qeyd edirdi:
Görülən işlərdən haqlı olaraq məmnunluğunu bildirirsə də, o, burada açıq-aşkar nümayiş etdirdiyi pis xasiyyətinə və səfilliyə görə qulluqçularının, demək olar ki, hamısının onu tərk etməsindən çox narahatdır. Bu gün xristianlığı qəbul edən şəxs özü ilə eyni şeyi etmək istəyən başqa birini götürərək saraya getdi. Onlar Əlahəzrətin əsgəri Fransisko de San Xuana həvalə olunub. [Əsgər] mənə dedi ki, Lerma hersoqunun əmri ilə onlardan biri ilə gəlib. Mən onlara yol pulu vermişəm.
Axır ki bu səfirlik də başa çatdı. Bu mənim üçün böyük zəhmət və Əlahəzrətin mülkü üçün əhəmiyyətli xərclər hesabına başa gəldi, lakin belə hallarda bunların heç birindən qaçmaq olmaz.[55]
Kral və dövlət katibinin Oruc bəydən xəbəri olmadığı halda canişinin və Lerma hersoqunun məlumatlı olmağının səbəbini Oruc bəyin xatiratından öyrənirik. Oruc bəyin yazdıqlarına görə, o, Valyadolidə qayıdanda əvvəlcə Əliqulu bəy Bayatı axtarıb və onu Yezuitlərin evində[56] tapıb. Əliqulu bəylə söhbətlərdən sonra və ilahi müdaxilə nəticəsində xristianlığa gəldiyini deyən Oruc bəy, bu istəyini kralın əsas din xadimi Alvaro de Karvaxala bildirib. Oruc bəy daha sonra Alvaronun təkidi ilə rəsmən xristian olduğunu yazırdı. Daha sonra Lerma hersoqu ilə görüşən Oruc bəy İrana qayıdıb həyat yoldaşı və uşağını qaytaranacan xristian olması ilə məlumatı gizli saxlamalı idi.[57] Kral və kral məclisi ilə heç vaxt görüşməyən Oruc bəyin xristian olmağına əsas səbəb böyük ehtimal elə də ilahi bir oyanış yox, əksinə daim əlaqədə olduğu türk dilini bilən şəxslərin təsiri olub. Hətta Oruc bəyin öz fikrincə belə, Əliqulu bəy İspaniyada öz ölkəsindən daha rifahlı həyat yaşayacağını düşünmüşdü.
Oruc bəy memuarında yaşadıqları yerdən ağ paltar geyinərək çıxdıqlarını, de Karvaxal ilə birlikdə at arabası ilə saraya daxil olduqlarını qeyd edir. Sarayın şapelində Əliqulu bəy Bayat ilə xaç suyuna salınan Oruc bəyin xaç atası III Filipp, xaç anası isə kraliça Marqarita olub. Oruc bəy bu hadisənin tarixini qeyd etməsə də, Vatikan səfiri Ginnasinin hesabatına görə, 14 yanvar 1601-ci ildə baş tutmuşdu. Təntənəli mərasimin sonunda Əliqulu bəy “Don Felipe”[58], Oruc bəy isə “Don Xuan” adını almışdı. Kraldan yeni məktub alan və yenidən Fransisko de San Xuanla yola düşən Oruc bəyin xatiratından bu şəxsin onun yeni tərcüməçisi olduğu məlumatını alırıq.[59] Görünür, o, xristianlığa keçmiş Osmanlı türkü idi.
Oruc bəy yenidən Lissabona qayıtmış, Hüseynəli bəylə son dəfə görüşmüşdü. Görüş zamanı Hüseynəli bəyə dəniz yox, quru yolu ilə ölkəyə qayıtmaq istədiyini deyən Oruc bəy böyük ehtimal səfirdə şübhə yaratmışdı. Oruc bəy bu seçimini uzun səyahətdən xoşu gəlmədiyini deyərək izah etmiş, türk tacir qiyafəsində Venesiyadan İrana 3-4 aya qayıda biləcəyini demişdi. Daha sonra canişinlə görüşən Oruc bəyin sözlərinə görə, Hüseynəli bəy onun və Əliqulu bəyin xristianlığa keçidi haqda artıq məlumatlı idi. Canişin öz növbəsində Oruc bəyə İrana qayıtmamağı məsləhət görmüşdü. Axşam yeməyi zamanı Oruc bəy Hüseynəli bəy və səfirliyin dördüncü katibi Həsənəli bəyin İrana qayıdandan sonra onu həbs etmək barədə müzakirə apardığını eşidir. Fransiskonu canişinə xəbər vermək üçün göndərən Oruc bəy tezliklə səfirin qəzəbinə tuş gəldi.Onun sözlərinə görə, Fransisko müdaxilə etməsə, səfir hətta onu öldürəcəkdi.
Oruc bəy daha sonra xatiratında səfirin getmədən öncə Santa Kruz markizinin gəmilərindən bir türk əsirini satın almağa çalışaraq onu öldürməyi tapşırmasından danışır.[60] Bu məlumat İspaniya sarayındakı rəsmi yazışmaların həqiqiliyini sübut edir. Bəlkə də, Hüseynəli bəy hələ 24 dekabrda Oruc bəyin xristian olmağı barədə artıq şübhələnirdi. Bu məlumatdan həm də belə aydın olur ki, Hüseynəli bəy ən azı bir qulu satın ala bilibmiş. Oruc bəyin məlumatına görə, canişin admiralı bu plandan xəbərdar etmiş, admiral isə 20 nəfər əsgərlə gələrək həmin qulu yenidən həbs etmişdi.
Nəhayət, səfirliyin tərkibindən ayrılaraq canişinin ona ayırdığı otaqda qalan Oruc bəy bundan sonra ölkəsinə bir daha qayıtmadı. Səfirliyin üçüncü katibi, özündən yaşca kiçik olan Bünyad bəyi də İspaniyada qalmağa razı salan Oruc bəy Lissabondakı venesiyalı türkcə bilən tacir Nikola Klavel ilə tanış olurlar. Klavel ilə müzakirələrindən biri zamanı ağ göyərçin görən Bünyad bəy xristian olmağa razı olur. Nəticədə, Oruc bəy və Bünyad bəy səfirlə sağollaşmamış Valyadolidə, bu dəfə Bünyad bəyin vəftizi üçün yola düşürlər. Nikola Klavel – əsl adı ilə Nikola Krivelli – daha sonra İspaniyada yaşamağa , 1611-ci ildə Səfəvi səfiri Tengiz bəy Rumlu ilə görüşərək İspan-Səfəvi əlaqələrində mühüm rol oynamağa davam edəcəkdi.[61]
Hüseynəli bəy, görünür ki, 14 mart 1602-ci ildə İrana yola düşüb. San Roque gəmisi böyük ehtimalla Afrikanı fırlanaraq Ümid burnunu dönəcək və Şərqi Afrika sahili əvvəl Qoaya, daha sonra isə Hörmüzə gedəcəkdi. Hüseynəli bəy Hörmüz adasından İsfahana yola düşərək Şah Abbasa öz hesabatını təqdim edəcəkdi. Hüseynəli bəyin yola düşməyindən kral III Filippin ancaq 22 aprel 1602-ci ildə xəbəri oldu. Canişin de Moura 29 iyun 1603 tarixində dövlət katibi de Prada yazdığı məktubunda Hüseynəli bəyin sağ-salamat Qoaya çatdığını bildirirdi.[62] Həmin dövrdə gəmilərin ortalama 6 aya Portuqaliyadan Qoaya çatdığını nəzərə alsaq, San Roque, güman ki, həmin ilin noyabrında çatmışdı. 1602-1613-cü illərdə Səfəvilər dövlətində səfir olmuş Antonio de Quvea 1606-cı ildəki xatiratında onu İsfahanda gördüyünü bildirsə də, təəssüf ki, Səfəvi mənbələri Hüseynəli bəyin taleyi barədə susur.
Oruc bəy, Əliqulu bəy və Bünyad bəyin taleyi
İspaniyada qalan Səfəvi katibləri daha sonra maraqlı ömür sürdülər. 23 may 1602-ci ildə III Filipp dövlət xəzinədarı Pedro Mexia de Tovara yazdığı fərmanda Oruc bəy üçün aylıq 100 dukatlıq məvacib ayrılmasını və onun dindən ayrılmadığından əmin olmaq üçün bir keşiş təyin etməyi əmr etmişdi.[63] Daha sonra El Eskorial monastırına yola düşən və kral kortecinə daxil olan Bünyad bəy burada 15 iyul 1602-ci ildə Filippin xaç atalığı və Lerma hersoqinyasının xaç analığı ilə vəftiz edilərək “Don Dieqo” adını aldı. Mərasimə Hüseynəli bəylə şəxsən görüşmüş keşiş de Sepulveda da şahid olmuşdu.[64] Bünyad bəyin Alvaro de Karvaxal tərəfindən imzalanmış, keşiş Lukas de Alaexos tərəfindən yazılmış, keşişlər Migel de Santa Maria və Moreno tərəfindən şahidlik edilmiş vəftiz sənədi indi də El Eskorial arxivində, 1594-1623-cü illərə aid ikinci vəftiz kitabında saxlanılır.[65]

Oruc bəy Bünyad bəyin xristianlığa keçidində kitabını dayandırır. Bu kitabın tamamilə Oruc bəyə aid olması ilə bağlı şübhələr var. İspan ədəbiyyat tarixçisi Emilio Kotarelonun (1857-1936) fikrincə, yenicə xristian olmuş bir iranlı belə qısa bir vaxtda kitab yaza biləcək qədər kastiliya dilini axıcı bilə bilməzdi. Onun fikrincə, orijinalda Relaciones de Don Juan de Persia (İranlı Don Xuanın məlumatı) adlanan bu kitabın həmmüəllifi əslində Alonso Remondur.[66] Alonso Remon (1561-1632) avqustin keşişi olub de Karvaxalın xidmətçisi idi. Kitabı çap üçün təsdiq edən Françesko de Qalarza (1548-1606) isə Əliqulu bəyin xristian olduğu Yezuit evinin rəhbəri idi. 1602-ci ildə Kastiliyanın senzoru rütbəsinə qalxmış Qalarza öz növbəsində Remonun redaktə etdiyi Oruc bəyin kitabını 20 oktyabr 1603 tarixində təsdiq etmişdi. Oruc bəyin xatirələrində olan Yezuit orderinin rəhbəri İqnati Loyola ilə bağlı hissələri, yenicə xristian olmuş bir iranlının xəbərdar ola bilməyəcəyi qədər xristianlığa və İspaniya coğrafiyasına aid xüsusi nüansları əslində Alonso Remonun yazdığı düşünülür.[67] Lakin, mənim fikrimcə, orijinalının farsca və ya türkcə yazılmağı şəksizdir. Belə ki, qızılbaş tayfaları haqda o vaxt ispanlara məlum olmayan məlumatlar mövcuddur, həmçinin kitabın sonunda müxtəlif farsca və türkcə sözlərin tərcümələri var. O, “darğa”, “eşikağasıbaşı”, “axta” (xədim), “zəhrimar” kimi sözlərin tərcüməsini, hətta “Çingiz”, “İmam Rza”, “Xudabəndə” və “Pərixan xanım” kimi şəxs adlarının da izahını verir. Hər bir sözün önündə “P”, “T” və “A” hərfləri yerləşdirərək etimoloji mənbəni də göstərir. A hərfi ərəb, P hərfi Səfəvi türkcəsi, T hərfi isə Osmanlı türkcəsini bildirir. Məsələn, “əmir” sözü P, “qapıçı” isə T ilə işarələnib. “Oymaq” sözündə isə həm P, həm də T var.[68]
Oruc bəy haqqında geniş yayılmış məlumatlardan biri də onun guya sonrakı il hansısa küçə döyüşündə öldürülməsidir. Məsələn, Filologiya üzrə fəlsəfə doktoru və AMEA işçisi Atif İslamzadə bir publisistik məqaləsində hətta Oruc bəyin sui-qəsd qurbanı olduğunu yazır.[69] AMEA Tarix İnstitutunun dissertantı Anar Turan onun haqqında heç bir mənbə göstərmədən “1605-ci il mayın 15-də Səfəvi səfiri ilə mübahisə etmiş və qılınc döyüşündə onu öldürmüşdür” deyə qeyd edir.[70] ADU-nun baş müəllimi Jalə Qəmbərli məqaləsində öncəki tədqiqatlardakı əsas səhvi görür, amma yenə də Don Xuanın sonrakı taleyi haqda məlumat vermir:
Son vaxtlara qədər Oruc bəyin 1605-ci ildə Valyadolid şəhərində öldürüldüyü güman edilirdi. Bu səhv fikir Paskual de Qayanqosun İspaniya jurnalında Pinero de Veyqanın “Fastiqi” kitabından kiçik parçalar çap etdirməsindən sonra yayılmışdır. Burada o göstərir ki, 15 may 1605-ci ildə Don Xuanla İran səfiri arasında baş verən mübahisə zamanı səfir Don Xuanı qılıncla öldürmüşdür. Lakin “Fastiqi” tam şəkildə çap edildikdən sonra məlum olmuşdur ki, Pinero de Veyqa bu hadisə haqqında yazarkən səfirin Don Xuanı deyil, Don Xuanın səfiri öldürməsini göstərmişdir. [71]
Əslində isə öldürülən səfir yox, yolda vəfat etmiş səfir Bəstamqulu bəyin katibi – faktiki səfir işini görən Xoca Həsən idi.[72] Bəstamqulu bəy Şah Abbasın növbəti səfiri olacaq və Dieqo de Miranda ilə İspaniyaya gələcəkdi. Oruc bəy və Bünyad bəy bu qətlə görə ittiham edilmiş, 1 il 6 ay həbsdə qalandan sonra əsl qatilin – səfirliyin başqa üzvü, sonradan xristian olaraq Françesko de Persia adını almış bir şəxsin etirafından sonra azadlığa çıxa bilmişdilər.[73] Françesko özü isə qətli xristian olmaq istədiyini bildirdikdən sonra katibin ona hücum etməsi ilə izah edir, özünü müdafiəyə məruz qaldığını deyirdi. Yəni Oruc bəy nə Elçin Hüseynbəylinin On üçüncü həvari – 141-ci Don Juan əsərindəki kimi dəli-dolu obraza sahib olmamış, heç öldürülməmişdi. Bu anlaşmazlığın kökü isə Jalə Qəmbərlinin fikirləşdiyi versiyadan fərqli olaraq, daha qədimə, Səfəvi səfirliyindəki fəqihin Meridada öldürülməsi hadisəsinə gedib çıxır. De Veyqa səfirin indiyədək yatdığı qadınların siyahısını tutduğu bir kitab hazırladığını, 130-a qədər ispan qadının namusunu ləkədiyini və buna görə onun öldürülməsinə bəraət qazandırıldığını yazır. Lakin de Veyqa özü buna inanmır və şayiə hesab edir.[74] Güman ki, Səfəvi səfirliyinin fəqihinin öldürülməsi sonradan ölkəyə yayılmış və qeybət nəticəsində Xoca Həsənin öldürülməsi hadisəsi ilə qarışmış, de Veyqa da bu şayiəyə inanmasa belə, bunu qələmə almışdı.

Əliqulu bəy
Hər bir halda, nə Oruc bəy, nə də dostları öldürülməmişdilər. Hətta bir müddətdən sonra evlənmək fikrinə düşən bu iranlılar saraya müraciət etməli olmuşdular. Daha əvvəl müsəlman və evli olan birinin xristianlığa keçəndən sonra olan vəziyyəti hələ kilsədə tədqiq edilməmiş bir vəziyyət idi. 29 noyabr 1602-ci ildə Əliqulu bəy və Oruc bəyin evlənmək istəyi barədə sorğunu nuntsiya Ginnasi kardinal Aldobrandiniyə göndərmişdi.[75] Ginnasi papa III İnnokentinin (1161-1216) De Divortiis[76] adlı hökmünə istinad edərək bu istəyin gerçəkləşməyinin mümkün olub-olmayacağı haqda məlumat istəmişdi. Məktubun oxunulması ilə bağlı cavab çox gec, 14 yanvar 1603-cü ildə göndərilmişdi.[77] Lakin qərar hələ də çıxmırdı. Ginnasi yeni məktubunu 14 iyun 1603-cü ildə, de Karvaxalın təkidi ilə göndərdi.[78] Papa uzun müddət düşünəndən sonra kilsə qanunlarına uyğun olaraq, Oruc və Əliqulu bəylərin İrandakı həyat yoldaşlarını çağırmaq qərarı verdi. Bu isə faktiki mümkün olmayacağı üçün bu dəfə işə kral III Filippin özü qarışdı və yeni xristianlara icazə verilməsini xahiş etdi. Bu məktubda Əliqulu bəyin şəxsən Romaya getdiyi yazılırdı.[79]
Nəhayət, uzun müzakirələrdən sonra icazələr ancaq 1604-cü ildə verildi. Lakin Əliqulu bəyin artıq pulu qalmamışdı və kraldan kömək üçün xahiş etmişdi.[80] Yuxarıda adını çəkdiyim qətl hadisəsinə görə evlilik işləri bir müddət təxirə salındı. Əliqulu bəy ancaq 25 yanvar 1606-cı ildə, cinayət işindən bəraət alandan sonra Valyadoliddə evlənə bildi. San Pedro kilsəsində Valyadolidli Luiza adlı bir xanımla evlənən Əliqulu bəy evlilik sənədində türk kimi təqdim edilirdi. [81] Lakin cütlük bu şəhərdə yaşamadı və Madridə köçdü. Tezliklə qız uşağı doğuldu. Əliqulu bəyin özü 12 iyun 1614-cü ildə vəfat etdi.[82] 18 may 1614-cü il tarixli vəsiyyətnaməsində Madridin Müqəddəs Martin kilsəsində dəfn edilmək istədiyini deyir, Oruc bəyin ona 200 real, Bünyad bəyin isə 14 real borcu olduğunu qeyd edirdi. Borclu olduğu adamlardan biri də kralın rəsmi şərqşünası və tərcüməçisi Françesko de Qurmendi idi. Geridə qalan həll edilməli işlərini xanımı Luiza və Oruc bəyə tapşıran Əliqulu bəy böyük ehtimal xəstələnmişdi və öləcəyini bilirdi. Maraqlıdır ki, Əliqulu bəyin ölümündən sonra qoyub getdiyi əşyaların arasında öz portreti, xanımının portreti və bir iranlı qadının portreti vardı.[83]
Oruc bəy
Oruc bəy 16 may 1605-ci ildə Xoca Həsənin qətlinə görə əvvəlcə Fransa səfirliyinə sığınsa da[84], daha sonra oradan çıxarılıb əsassız yerə həbs edildikdən sonra 1 il 6 ay əziyyət çəkdi. Nəhayət, oradan çıxsalar da, tam bəraət almamış, Flandriyada xidmət etməyə təhkim edilmişdi. Əliqulu bəylə eyni vaxtlarda, 1606-cı ildə Kastiliyanın Medina del Pomar şəhərindən Mariya Villa(r)te adlı bir qadınla evlənmişdi. Növbəti il Xuana Bernarda adını verdiyi bir qızı doğulmuşdu.[85] Oruc bəy 13 fevral 1607-ci ildə Bünyad bəylə birlikdə Flandriyaya getmək üçün maddi imkanlarının olmadığı barədə şikayət etmişdi.[86] Kralla birlikdə Madridə köçən Oruc bəy 13 mart 1607-ci ildə kralın katibindən[87] III Filippin fərmanına əsasən ona ödənməli olan məbləği ala bilmişdi.[88] Yenidən iqtisadi azadlığa qovuşan Oruc bəy ticarətlə məşğul olmağa başlamış, hətta özünə Qalisiyanın San Xuan de Krespo kəndindən Alonso Seoane Salqado adlı bir xidmətçi də tutmuşdu. Lakin onun bu firəvanlığı uzun çəkmədi və yenidən 13 yanvar 1609-cu ildə krala müraciət edərək borc içində batdığını, kreditorların hətta mebellərini belə hərrac üçün apardığını deyirdi.[89] Kral Oruc bəyin bu istəyini qəbul etdi. Oruc bəy yenidən maddi vəziyyətini yaxşılaşdırmış, hətta krala yazdığı 21 yanvar 1611-ci il tarixli məktubda xidmətçisini azad etdiyini, kraldan ona yaxşı iş tapmağı xahiş etdiyini deyirdi.[90] Kral bu istəyi də 7 fevralda qəbul etdi.
Oruc bəy 1611-ci ilin martında yenidən Səfəvilər dövlətinin səfirlik missiyasında iştirak şansını əldə etmişdi, belə ki, ona Tengiz bəy Rumlunu Romaya müşayiət etmək təklif olunmuşdu. Oruc bəy təklifi qəbul etsə də, Tengiz bəyin xəstəliyi ucbatından buna imkan tapmadı. Belə problemlərə rəğmən, Oruc bəyin ailə işləri də qaydasında gedirdi. Qızı sağlam böyüyürdü, həyat yoldaşına isə 11 aprel 1612-ci ildə 1600 reallıq zinət əşyaları – 9 brilyant qaşlı qızıl üzük, bir yaqut qaşlı və bir zümrüd qaşlı üzük hədiyyə etmişdi.[91] Lakin 1615-ci ildə ona yenə bədbəxtlik üz verdi – etimadnamə verdiyi Kristobal Ernandez adlı bir şəxs onun adından saraydan 1616-cı ilin yanvar və fevral aylarına olan xərcliyi zamin göstərərək borc almışdı. 1500 reallıq borca batan Oruc bəy keçmiş xidmətçi Alonso Seoane və başqa ispanların şahidliyi ilə belə bir hüququ ona vermədiyini demək üçün notariusa getmişdi.
Oruc bəy İspaniyada sosial çevrəsini geniş saxlayırdı. Əliqulu və Bünyad bəydən əlavə, kralın tərcüməçisi Françesko de Qurmendi ilə dostluq edirdi. Onun 1615-ci ildə nəşr etdirdiyi Hökmdarların fiziki və əxlaqi doktrinası[92] kitabına şeir yazmışdı. Onun digər dostları öz kitabına şeirlər yazmış Maksimiliano de Sespedes[93], Aqustin de Texada[94], Alonso de Ledesma[95], Seqoviyalı şairə Ana de Espinosa i Ledesma[96], Migel de Servantesin yerlisi Aqustin de Virueqa kimi şəxslər idi.
7 fevral 1616-cı ildə Oruc bəy yenidən krala müraciət edərək 1602-ci ildə kralın onun dindən ayrılmadığından əmin olmaq üçün təyin etdiyi keşişin fəaliyyətini dayandırmasını istəmişdi. Onun fikrincə, artıq uzun müddətdir ki, İspaniyanı tanımağı, burada evlənməyi, 8 yaşlı uşağının olmağı və borca batmağı kifayət qədər yetərli səbəblər idi ki, bu keşişə daha pul ödəməsin.[97] 2 həftə sonra gələn cavabda bu xahiş qəbul olunmuş, hətta keşişin fəaliyyətinin çoxdan dayandırılmalı olduğu bildirilmişdi. Kral məclisinin fikrincə, Oruc bəy artıq ispaniyalı idi.
1616-cı ilin üçüncü rübündə, Oruc bəy böyük ehtimalla həyat yoldaşını itirmiş, qızının gələcəyi ilə bağlı təşvişə düşmüşdü. 5 noyabr 1616-cı ildə krala ərizə yazaraq Əliqulu bəyin qızına 30 dukat xərclik verdiyini xatırladaraq, özü üçün ödənilən 100 dukatı əvəzində öz qızı üçün istəmişdi. Bu xahiş də qəbul edilmişdi.[98] 12 iyun 1621-ci ildə, Oruc bəyin qızı Xuana Bernardanın yazdığı ərizədə artıq atalı-analı yetim olduğu bildirilir, Madriddəki Pinto monastırında[99] rahibə olduğu qeyd edilirdi. Təəssüf ki, Oruc bəyin vəfat tarixini və basdırıldığı yeri bilmirik.
Bünyad bəy

Bünyad bəy həbsdən çıxdıqdan sonra daha təlatümlü həyat yaşadı. 20 yanvar 1609-cu ildə dostu, məşhur yazıçı Alonso de Salas (1581-1635) ilə yanlış anlaşılmaya görə duelə çıxaraq ağır yaralanmışdı.[100] Məhkəmə işində Bünyad bəy “Don Dieqo de Persia” kimi xatırlanır, 25 yaşlarında bir döyüşçü kimi qeyd olunurdu. Calle del Príncipe küçəsində yaşayan Bünyad bəy üzündən və sinəsindən ağır yaralar almışdı.[101] Cəngavər bir insana çevrilmiş Bünyad bəy 1614-cü ildə Mərakeşin ispanlar tərəfindən ələ keçirilmiş Laraş şəhərində Osmanlı ordusuna qarşı döyüşmüşdü. 1 avqust 1614-cü ildə Luiz Faxardonun rəhbərliyi altında Mərakeşin Mehdiyyə qalasında döyüşmüş Bünyad bəy 1621-ci ildə sarayda xidmət etməyə başladı. 1622-ci ilin aprelində Santiaqo orderinin cəngavəri kimi qeydiyyata alınmaq istəsə də, onun əcdadları haqda ciddi məlumat olmadığı üçün müzakirələr uzandı. Bünyad bəy özünü “İranın Şamen[102] hersoqları” nəslindən olduğunu iddia edirdi. Kralın yeni sevimlisi və xarici işlər üzrə məsləhətçisi Baltazar de Zuniqa bunun üçün ərizə yazsa da, Orderlər Məclisinin rəhbəri, Karasena markizi[103] buna rədd cavabı verdi.[104] De Zuniqanın həmin ilin oktyabrında vəfat etməsi Bünyad bəyin yolunu bağladı. 1628-ci ildə kralın əsas xidmətçilərindən birinə çevrilən Bünyad bəy növbəti il yenidən Santiaqo orderinə qoşulmaq istəmiş, bu dəfə dövlət katibliyində işləyən Xuan de Villela (1563-1630) və İspaniyanın İngiltərədə olan keçmiş səfiri və Santiaqo orderinin komandirlərindən biri olan Pedro de Zuniqa (1560-1631) tərəfindən rədd cavabı almışdı.[105]
Bünyad bəy 21 iyul 1631-ci ildə borc həbsxanasına düşən məşhur flamand rəssam Xuan de la Korteni (1585-1660) fidyə ilə çıxararaq ödədiyi 568 realın əvəzində həftədə üç gün onun üçün rəsm əsəri çəkməyini istəmişdi.[106] 1636-cı ildə Fransa-İspaniya müharibəsinin başlanması zamanı döyüşə qoşulan Bünyad bəy haqqında daha sonra heç bir məlumat tapılmamışdır.[107]
Nəticə
Şah Abbasın 1599-cu ildə göndərdiyi Böyük Avropa Səfirliyi gözlənilmədən 3 il çəksə də, dünya siyasət səhnəsini əhəmiyyətli dərəcədə dəyişdi. Avropa dövlətləri Osmanlıya qarşı daha da ruhlandılar və yeni ticarət yolları kəşf etmək üçün Səfəvilər və Rusiya kimi dövlətlərə daha çox səfirlər göndərməyə başladılar. Şah Abbasın da öz növbəsində daha çox səfirlik göndərməsi Qərbdə İran haqda müsbət fikirlər yaratsa da, ciddi nəticələr vermədi. Hövsələsini vaxt keçdikcə itirən Şah Abbas Şörli qardaşlarının da köməyi ilə İngiltərənin yeni kralı I Ceyms ilə əlaqələr quraraq birgə hücumla 1622-ci ildə Şah İsmayılın dövründən bəri Portuqaliya hakimiyyətində olan Hörmüz adasını ələ keçirdi. Bu da, öz növbəsində zəncirvari reaksiyalarla Portuqal seperatçılarının İspan hakimiyyətindən qurtulmaq üçün üsyana qalxması və Portuqaliyanın müstəqil krallıq kimi yenidən qurulması ilə nəticələnəcəkdi.[108]
Qeyd və istinadlar
[1] Daha öncəki yazılar üçün, bax: Cavid Ağa, “Şah Abbasın Avropa Casusları – İlk Kontaktlar,” Baku Research Institute, Yanvar 21, 2024, https://bakuresearchinstitute.org/sah-abbasin-avropa-casuslari/; Cavid Ağa, “Şah Abbasın Avropa Casusları – Böyük Avropa Səfirliyi,” Baku Research Institute, Fevral 22, 2024 https://bakuresearchinstitute.org/sah-abbasin-avropa-casuslari-boyuk-avropa-sefirliyi/; Cavid Ağa, “Şah Abbasın Avropa Casusları – Gizli Səfirlik,” Baku Research Institute, Mart 15, 2024 https://bakuresearchinstitute.org/sah-abbasin-avropa-casuslari-gizli-sefirlik/; Cavid Ağa, “Şah Abbasın Avropa Casusları – Böyük Avropa Səfirliyi (II hissə),” Baku Research Institute, Aprel 14, 2024 https://bakuresearchinstitute.org/sah-abbasin-avropa-casuslari-boyuk-avropa-sefirliyi-2/; Cavid Ağa, “Şah Abbasın Avropa Casusları – Polşa Səfirliyi” Baku Research Institute, May 25, 2024 https://bakuresearchinstitute.org/sah-abbasin-avropa-casuslari-polsa-sefirliyi, Cavid Ağa, “Şah Abbasın Avropa Casusları – Roma Səfirliyi” Baku Research Institute, İyun 28, 2024 https://bakuresearchinstitute.org/sah-abbasin-avropa-casuslari-roma-səfirliyi/, Cavid Ağa, “Şah Abbasın Avropa casusları – İspaniya səfirliyi və xristianlığa keçid” Baku Research Institute, İyun 11, 2024
[2] Orijinal yazılışı Don Juan olsa da, bu ad ispan dilinin qaydalarına görə [doŋˈxwan] kimi oxunmalıdır.
[3] Orijinalda: Antoine de Silly (1540-1609) – Anju valisi və La-Roşpo qrafı
[4] Vatikan arxivi, Spagna, cild. 54, səh. 274r-v
[5] Pierre Paul Laffleur de Kermaingant, Lettres de Henri IV au comte de La Rochepot: ambassadeur en Espagne (1600-1601), Paris, 1889, səh. 106
[6] Orijinal: Francisco Gómez de Sandoval (1553-1625) – kral III Filippin sevimlisi, krallığın baş naziri
[7] G. Le Strange, Don Juan of Persia, səh. 290
[8] Orijinalda: Fernando Niño de Guevara (1541-1609) – Sevilya arxiyepiskopu və İspaniyanın əsas inkvizitoru
[9] Orijinalda: Luis Jerónimo Fernández de Cabrera Bobadilla Cerda y Mendoza (1589-1647) – 1629-1639-cu illərdə Peru canişini.
[10] Orijinalda: Juan Fernández de Velasco (1550-1613) – 1592–1600 və 1610–1612-ci illərdə Milan valisi
[11] Orijinalda: Juan de Idiáquez y Olazábal (1540-1614) – İspaniya dövlət katibi, Genuya və Venesiyadakı keçmiş səfiri və II Filippin məsləhətçisi
[12] Orijinalda: Antonio Álvarez de Toledo y Beaumont (1568-1639) – Neapol canişini
[13] Simankas Dövlət Arxivi (bundan sonra AGS), EST, sənəd 463
[14] AGS, EST, sənəd 187
[15] Carlos Alonso, Embajadores de Persia en las cortes de Praga, Roma y Valladolid (1600-1601): Anthologica Annua 36 (1989) səh. 138
[16] Avstriyalı Marqarita (1584-1611) kral III Filippin anası Avstriyalı Annanın əmisi qızı idi. Avstriyalı Anna özü II Filippin bacısı qızı olub, qohum evliliyindən idi. Bu geniş qohum evliliyi bağlarına görə İspaniya Habsburqlarının nəsli III Filippin nəvəsi II Kral ilə kəsilmişdir.
[17] Luis Cabrera de Cordoba, Relaciones de las cosas sucedidas en la córte de España, desde 1599 hasta 1614, Madrid, 1857, səh. 121
[18] Orijinal: Girolamo da Sommaia (1573-1635), italyan yazar, tədqiqatçı və tarixçi.
[19] Əlyazmanın orijinal başlığı: Rime di vari autori raccolte da Girolamo da Sommaia [Cirolamo da Sommaya tərəfindən toplanmış müxtəlif müəlliflərin şeirləri].
[20] Oruc bəyin mahnısı “Sevgi məni əsir edib” (Tiéneme cautivo amor) qeyd edilib.
[21] Francesco de Benetictis, Tra letteratura di viaggio e memoria nella Valladolid del 1601, Letteratura della memoria, cild 1, Salamanka, 2004, səh. 85-98
[22] Luis Gil, Apuntamientos para una biografía de don Juan de Persia. Boletín de la Real Academia Española, 2019, səh. 617-632.
[23] Orijinal: Nicolas-Claude Fabri de Peiresc (1580-1637), fransız astronom, antik əsərlər toplayıcısı və tədqiqatçı.
[24] Orijinal: Marin Mersenne (1588-1648), fransız riyaziyyatçı, musiqiçi və keşiş.
[25] Bax: Cornelis de Waard et al, ‘Correspondance du P. Marin Mersenne, Religieux Minime‘, cild. 3, Paris, 1969, məktub 283, səh. 497–505. Sitat: “…et ay veu moy mesmes l’Ambassadeur de Perse qui vint trouver le pape Clement à Rome l’an 1601, qui sonnoit de la guittarre tres volontiers et assez joliment.”
[26] Luis Cabrera de Cordoba, Relaciones, səh. 119
[27] Paola Volpini, From Salamanca to Florence – The Collection of Books and Manuscripts of Girolamo da Sommaia (Early 17th Century), Paper Heritage in Italy, France, Spain and Beyond (16th to 19th Centuries), Routledge, 2023, səh. 118.
[28] Vatikan arxivi, Fondo Borghese, III, səh. 130-B. səh 144r. (İspaniyadakı Həvari kollektoriyasının katibi Pietro Kamerinodan Kardinal Aldobrandiniyə məktub: Valyadolid, 17 sentyabr 1601)
[29] Vatikan arxivi, Confalonieri, cild. 22, səh. 323r və 325v, Capitolo di lettera scritta da Vagliadolit del canonico Francesco Guasch alli 11 di Settembre 1601 [Kanonik Françesko Quaşın 11 sentyabr 1601-ci ilə Valyadoliddən yazdığı məktubun məzmunu]
[30] Vatikanın səfir funksiyasını görən daimi nümayəndəsi.
[31] Vatikan arxivi, Spagna, cild. 54, səh. 344v. Del nuncio en Espana D. Ginnasi a la secretaria de estado de Clemente VIII: Valladolid, 16 de octubre de 1601 [İspaniya nunsiyası D. Ginnasidən VIII Klementin dövlət katibinə, Valyadolid, 16 oktyabr 1601]. Sitat: “Se dice que ha llevado consigo dos mujeres españolas de éstas. Si es así, no sé cómo han podido permitírselo.”
[32] Orijinal: Diego de Urrea (1559-1616) və ya Murad Ağa, Neapolda doğulmuş, 5-6 yaşlarında Osmanlı ordusu tərəfindən ələ keçirilərək müsəlman kimi böyüdülmüş və Murad adı almışdı. 30 yaşında bu dəfə də İspan ordusu tərəfindən əsir edilərək xristian edilmişdi. Daha sonra İspaniya sarayının ərəb, türk, tatar və fars dili tərcüməçisi kimi çalışmışdır.
[33] Orijinal: Nuestra Señora de la Fuencisla
[34] Orijinal: Alcázar de Segovia – müsəlman qəsrinin üzərində tikilmiş ispan qalası
[35] Orijinal: Real Casa de la Moneda – Kastiliyadakı 6 əsas zərbxanadan biri idi.
[36] Diego de Colmenares, Historia de la insigne Ciudad de Segovia y compendio de las historias de Castilla, cild 3, Segovia, 1847, səh. 261.
[37] Jerónimo de Sepúlveda, Historia de varios sucesos del reino de Felipe III, La Cuidad de Dios 128, 1922, səh. 341-345
[38] Orijinal: Juan de Herrera (1530-1597) – ispan memar, riyaziyyatçı və həndəsəçi.
[39] Luis Cabrera de Cordoba, Relaciones, səh. 122
[40] Orijinal: Corregidor – İspaniya hüquq-mühafizə orqanının başçısı funksiyasını da yerinə yetirən şəhər icra hakimi.
[41] G. Le Strange, Don Juan of Persia, səh. 298
[42] AGS, EST, sənəd 186 – Del virrey de Portugal D. Cristobal de Moura, marques de Castel Rodrigo, a Felipe III; Lisboa, 16 de noviembre de 1601 [Portuqaliyanın canişini, Kastel Rodriqo markizi D. Kristobal de Mouradan III Filippə; Lissabon, 16 noyabr 1601]
[43] G. Le Strange, Don Juan of Persia, səh. 299
[44] Papa V Urbanın yazdığı “In Coena Domini” adlanan əmrdə müsəlmanlara silah satışı qadağan edilmişdi.
[45] Carlos Alonso, Embajadores, səh. 154
[46] AGS, EST, sənəd 618.
[47] AGS, EST, sənəd 188: De Husein Ali Beg a Felipe III: Lisboa, 24 de diciembre de 1601: original escrita en espanol defectuosamente por alguien que no entendía lo que escribia [Hüseyn Əli bəydən III Filippə: Lissabon, 24 dekabr 1601: orijinalı, nə yazdığını başa düşməyən biri tərəfindən qüsurlu ispan dilində yazılmışdır]
[48] Orijinal: II Álvaro de Bazán (1571-1646) – Portuqaliya krallığının və Şimali Afrika sahillərindən məsul baş admiral. Atası, eyni adlı Alvaro de Bazan (1526-1588) da məşhur admiral olub, Osmanlıya qarşı Lepanto müharibəsinin qəhrəmanlarından biri idi.
[49] Orijinal: Don Luis Pereira de la Cerda, Don Vasco Fernández Pimentel, və Don Gonçalo Vaz Coutinho. Məktub üçün: AGS, EST, sənəd 188: Carta de D. Cristóbal de Moura, virrey de Portugal, a Felipe III. Lisboa, 28 de enero de 1602 [Portuqaliya canişini Don Kristobal de Mouradan III Filippə. Lissabon, 28 yanvar 1602-ci il]
[50] Orijinal: Jorge de Mascarenhas (1579-1652) –daha sonra vəzifəsi yüksəldilərək 1640-cı ildə Braziliyanın ilk canişini olacaqdı.
[51] Orijinal: Andrés de Prada y Gómez de Santalla (1545-1611)
[52] AGS, EST, sənəd 188: Del secretario Andres de Prada al duque de Lerma: Valladolid, 31 de enero de 1602 [Katib Andre de Pradadan Lerma hersoquna. Valyadolid, 31 yanvar 1602]
[53] AGS, EST, sənəd 191
[54] Portuqaliya donanmasına məxsus, 600 tonluq qalleon. 1606-cı ildə Havanadan İspaniyaya yola düşərkən Baham adaları yaxınlığında tufana tutularaq batmışdır. Gəminin kapitanı Ruy Lopez idi.
[55] AGS, EST, sənəd 188: Carta de D. Cristobal de Moura, rirrey de Portugal a Felipe III: Lisboa, 14 de marzo de 1602 [Portuqaliya canişini Don Kristobal de Mouradan III Filippə. Lissabon, 14 mart 1602-ci il]
[56] Orijinal adı: Colegio de San Ambrosio de Valladolid – 1543-1767-ci illərdə fəaliyyət göstərmişdir.
[57] G. Le Strange, Don Juan of Persia, səh. 300-301
[58] Böyük ehtimalla, kralın şərəfinə.
[59] G. Le Strange, Don Juan of Persia, səh. 303
[60] G. Le Strange, Don Juan of Persia, səh. 305
[61] AGS, EST, sənəd 2642.
[62] AGS, EST, sənəd 194
[63] AGS, EST, sənəd 1815
[64] Sepulveda onu Əliqulu bəylə səhv salaraq, səfirin qardaşı oğlu kimi qeyd edir. Bax: Sepúlveda, Historia de varios sucesos, səh. 98
[65] Carlos Alonso, Embajadores, səh. 154
[66] Emilio Cotarelo, Obras de Alonso Jerónimo de Salas Barbadillo. cild I. Corrección de vicios y La sabia Flora, malsabidilla, Madrid, Tipografía de la Revista de Archivos, 1907. Səh. xxxii
[67] Enrique de Jesús García Hernán, Persian Knights in Spain: Embassies and conversion processes, The Spanish Monarchy and Safavid Persia in the Early Modern Period politics, war and religion, Colección Hıstoria de España y su Proyección Internacional, 2006. səh. 63-97
[68] Ətraflı, bax: Relaciones de Don Juan de Persia, 1604, səh 201 https://www.google.az/books/edition/Relaciones_de_Don_Juan_de_Persia/AHPsKQkdIRMC?hl=en&gbpv=1&pg=PA200-IA1&printsec=frontcover
[69] Atif İslamzadə, Dörd yüz ilin yalanı – Don Juan ləqəbli Oruc bəy Bayat, mia.az 08.03.2017 (https://mia.az/w256701/dord-yuz-ilin-yalanidon-juan-leqebli-oruc-bey-bayat)
[70] Anar Turan, Don Juan ləqəbli məşhur azərbaycanlı… və ya Migel de Servantesin dostu, Xalq Qəzeti 22.04.2012 (http://old.xalqqazeti.com/az/news/social/21284)
[71] Jalə Qəmbərli, Oruc bəy Bayat, yoxsa Persiyalı Don Xuan?, Elmi İş, cild 20, say 4, 2010
[72] AGS, EST, sənəd 2748.
[73] AGS, Cámara de Castilla (bundan sonra CC), sənəd 911, səh. 110. 22 yanvar 1607
[74] Tomé Pinheiro da Veiga, Fastiginia o Fastos geniales, Valyadolid, 1916, səh. 33-34
[75] Vatikan arxivi, Spagna, cild 55, səh. 427r
[76] Bu hökmlər daha sonra Papa IX Qreqori (1145-1241) tərəfindən “Decretalis” kitabında toplanmışdır. Hökmün orijinal latınca mətni üçün bax: http://www.thelatinlibrary.com/gregdecretals4.html
[77] Vatikan arxivi, Spagna, cild 331, səh. 18r-v
[78] Vatikan arxivi, Spagna, cild. 58, səh. 168r (nüsxə); Borghese, III, cild. 94 A.1, bənd. 410 (orijinal).
[79] Madrid, Xarici İşlər Nazirliyinin Arxivi, Santa Sede kolleksiyası, cild. 54, səh. 60r-v (nüsxə): Carta de Felipe IlI al duque de Sessa, embajador espanol en Roma. El Pardo, 24 noviembre 1603 [III Filippin İspaniyanın Romadakı səfiri Sessa hersoquna məktubu, El Pardo, 24 noyabr 1603-cü il]
[80] AGS, Consejo de Hacienda, sənəd 449, 6-15 dekabr 1604
[81] Orijinal adlar: Ata – Juan de Quirós, ana – Doña María de Arce, xanım – Doña Luisa de Quirós; kəbini kəsən – doktor Miguel Gómez. Arxiv sənədi: San Pedro prixod arxivi, Valyadolid, 1603-1655-ci illərdə baş verən evliliklərin kitabı, səh. 6
[82] AGS, EST, sənəd 2748
[83] García Hernán, Persian Knights in Spain, səh. 96-97
[84] AGS, EST, cild 2637, səh. 13, 116, 117 və 150
[85] Madrid Protokollarının Tarixi Arxivi (bundan sonra AHPM), sənəd 4429 və 5322
[86] AGS, CC, sənəd. 912, səh. 68
[87] Orijinal adı: García Mazo de la Vega (1550-1620)
[88] AHPM, cild 1854, səh. 174 r-v
[89] AGS, CC, sənəd. 966, səh. 24
[90] AGS, CC, sənəd. 981, səh. 106.
[91] Beatriz Alonso Acero, ‘Being so thoroughly Spanish, the Persians’ – conversion and integration during the monarchy of Philip III, The Spanish monarchy and Safavid Persia in the early modern period: politics, war and religion, 2016, ISBN 978-84-7274-318-2, səh. 119
[92] Orijinal: La Doctrina Phísica y Moral de Príncipes
[93] Orijinal: Maximiliano de Céspedes
[94] Orijinal: Agustín de Tejada y Páez (1567-1635)
[95] Alonso de Ledesma (1562-1623) – konseptizm hərəkatının banisi.
[96] Angel Revilla, Notas para la historia de la poesía Segoviana, 1956, cild 8, səh. 20
[97] AGS, EST, sənəd 1824, səhifəsiz
[98] AGS, EST, sənəd 1826, səhifəsiz
[99] Orijinal: Iglesia del convento de Nuestra Señora de la Asunción (Pinto)
[100] AGS, EST sənəd 1649, səh. 98
[101] Francisco Rafael de Uhagón, Dos novelas de Alonso Jerónimo de Salas Barbadillo, Madrid, 1894, səh. xiii
[102] Orijinal: Xamen
[103] Orijinal: Luis Carrillo de Toledo (1564-1626)
[104] Salamanka universiteti kitabxanası, əlyazma 1925, sənəd 14, səh. 29-31
[105] AGS. EST. sənəd 2756. reskript, 1 fevral 1629
[106] AHPM, protokol 6080, səh. 328r-329v
[107] Madrid Saray Arxivi, keys 827, ekzemplyar 16 – Don Diego de Persia
[108] Graça Almeida Borges, El Consejo de Estado y la cuestión de Ormuz, 1600-1625: políticas transnacionales e impactos locales. Revista de Historia Jerónimo Zurita, 2015, Evora; səh. 21–54.