fbpx

Cəmiyyət

Cəmiyyət

Qərb üçün kim daha böyük təhlükə yaradır – Çin, yoxsa Rusiya?

Read this article on other language
Download article
image_pdf
image_pdf

Çin və Rusiya ABŞ kimi fövqəlgüc termini ilə eynimənalı olan iki dövlətdir; lakin ABŞ-dan fərqli olaraq hər iki ölkə qlobal siyasətdə bir-birinə rəqibdir. İyirminci əsrin böyük bir hissəsində dünya Qərb və Şərq bloklarına ayrılaraq ikiqütblü oldu. Qərb Bloku Qərb İttifaqına rəhbərlik edən, Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı kimi əsas beynəlxalq qurumlarda əhəmiyyətli təsirə malik olan ABŞ-ın hökmranlığı altında olub və bu gün də olmağa davam edir. ABŞ BVF-yə ən güclü töhfə verən ölkədir və bir çox qərarlar üzərində veto hüququ olan ən böyük seçki blokuna sahibdir (AAF, 2015). Eynilə, Dünya Bankında ABŞ öz strukturunda dəyişikliklərlə bağlı veto hüququnu özündə saxlayan səhmdardır. ABŞ-ın bu əsas qurumlardakı həyati rolu və gücü ona qlobal iqtisadiyyata təsir edən qərbyönümlü iqtisadi və siyasi siyasətləri formalaşdırmağa imkan verir. 20-ci əsrdə ABŞ-ın əsas rəqibi Sovet İttifaqı idi, onun siyasi ideologiyası olan kommunizm qismən Qərb tipli kapitalizmə antitezis olaraq yaradılmışdı. 20-ci əsrin böyük bir hissəsində hər iki ideologiyanın dünyaya hökmranlıq etmək istəyi qırx beş illik soyuq müharibə ilə nəticələndi və 1962-ci ildə Kubada Sovet raketlərinin yerləşdirilməsi ilə az qala nüvə qarşıdurmasına gətirib çıxardı. 1991-ci ildə Sovet İttifaqının dağılması ilə dünya bir müddət birqütblü oldu və ABŞ Qərb liberal ideologiyasını bütün dünyada təbliğ etməyə çalışdı.

Lakin 1980-ci illərdən etibarən kommunist Çin iqtisadiyyatının ən vacib sektorlarında bazarı liberallaşdırmaq üçün tədbirlər gördükdən sonra eksponent iqtisadi artım və inkişafa nail oldu (Hu and Khan, 1997). Çinin çevik yüksəlişi onun dünyanın ikinci ən böyük iqtisadiyyatına və qlobal miqyasda ən böyük hərbi gücə malik olmasına səbəb oldu. İndi o, ABŞ-ın iqtisadi və hərbi cəhətdən əsas rəqibi kimi çıxış edir. Rusiya Federasiyası isə əksinə, Sovet İttifaqının dağılmasından sonra 1990-cı illərin əvvəllərində şok terapiyasına uyğunlaşmaqda çətinlik çəkdi; bununla belə, Vladimir Putinin hakimiyyətə gəlməsi ilə Rusiya iqtisadiyyatı və silahlı qüvvələrinin yenidən qurulmasına başlandı və bu da Rusiyanı qlobal sistemdə əhəmiyyətli bir oyunçu halına gətirdi. Hazırda Rusiya dünyada ən çox nüvə silahına malik olan ölkədir və Krım və Ukraynadakı son hərbi əməliyyatlarına görə Qərb üçün geosiyasi təhlükə hesab edilir, baxmayaraq ki, onun 24 fevral 2022-ci il tarixində başlayan Ukraynaya hücumundakı uğursuzluqları ölkənin ordusunun Qərbin ordusundan qat-qat aşağı olduğunu nümayiş etdirdi. Beləliklə, nəticədə Qərb üçün kimin daha ciddi təhlükə yaratması məsələsi mürəkkəbləşir. Hərbi və iqtisadi gücünə görə Çin ciddi təhdid yaradır. Digər tərəfdən, Rusiya uğursuz olsa da, Ukraynadakı son hərbi əməliyyatları səbəbindən mühüm bir cari və faktiki təhlükədir. Bu məqalədə hər iki ölkənin siyasi, iqtisadi və hərbi müstəvidə yaratdığı təhlükənin miqyası təhlil ediləcək və Qərb üçün hansı ölkənin ciddi təhlükə olduğuna aydınlıq gətiriləcək.

Çinin siyasi ideologiyası və xarici siyasəti

Bu və ya digər ölkənin başqaları üçün hansı təhlükə yaratdığını qiymətləndirmək üçün onu siyasi ideologiya və xarici siyasət baxımından təhlil etmək lazımdır. Çin və Rusiyanı siyasi baxımdan nəzərdən keçirsək, görərik ki, hər iki ölkə oxşar xüsusiyyətlərə malikdir. Hər iki dövlət son dərəcə millətçi və avtoritardır; Çin və Rusiya liderləri Xi Jinping və Vladimir Putin daxili siyasətdə güclü mövqeyə sahibdirlər və bir çox məsələdə ideoloji cəhətdən birləşirlər. Çin Çin Kommunist Partiyası tərəfindən idarə olunan birpartiyalı dövlət olsa da, Rusiya son iyirmi ildə Putinin hakimiyyətdə olan Vahid Rusiya partiyasının hakim olduğu çoxpartiyalı bir sistemdir (Robinson, 2018). Hər iki dövlət istənilən daxili fikir ayrılığına qarşı sərt mövqe tutmaqda və öz hakimiyyətlərini saxlamaq üçün qanuna məhəl qoymamaqda bir-birinə bənzəyir. Bundan əlavə, çox güman ki, hər iki ölkə də beynəlxalq münasibətlərdə realist mövqedən çıxış edir. Realizm beynəlxalq münasibətlərdə mühüm bir nəzəriyyədir və dövlətlərin davranışını müəyyən sabit fərziyyələr toplusuna əsasən izah etməyə çalışır və üç əsas anlayışı rəhbər tutur: etatizm, sağ qalmaözünə kömək. Realizmə görə, dövlətlər beynəlxalq aləmdə əhəmiyyət kəsb edən yeganə varlıqlardır: onlar təkbaşına və özlərinin ən vacib maraqlarına uyğun hərəkət edirlər. Realist siyasətçi və nəzəriyyəçilər hesab edirlər ki, beynəlxalq sistem anarxiya ilə xarakterizə olunur; buna görə də belə bir anarxist sistemdə fəaliyyət göstərən dövlətlər öz-özlərinə kömək etməlidirlər, çünki dövlətlər özlərinin sağ qalma məqsədlərində başqalarına etibar edə bilməzlər və bu səbəbdən öz təhlükəsizliklərini maksimum dərəcədə artırmalıdırlar (Korab-Karpowicz, 2010).

Görkəmli siyasi realist nəzəriyyəçi Con Merşaymerin fikrincə, Çin hücum realist yanaşmasına meyllidir və buna görə də o, Çini ABŞ/Qərb üçün ən yaxın təhlükə hesab edir. Merşaymer iddia edir ki, beynəlxalq arenanın anarxist sistemi, öz növbəsində, böyük dövlətlərin rəqabətə girmələrinə və bir-birlərinə qarşı aqressiv davranmalarına səbəb olur; əslində böyük dövlətlər bir-birlərindən qorxurlar. Bu tezisə görə, böyük dövlətlər bu şəkildə hərəkət edirlər, çünki onları hakimiyyət ehtirasından çox sağ qalmaq instinkti idarə edir (Mearsheimer, 2001). Beləliklə, Merşaymer Çinin davamlı iqtisadi artımını və hərbi modernləşməsini ABŞ üçün ciddi bir təhlükə olaraq görür və onun fikrincə, bu, iki dövləti düşmənə çevirəcək. Merşaymer hesab edir ki, varlı Çin status-kvo gücü olaraq qalmayacaq, əksinə regional hegemonluğa can atan təcavüzkar dövlətə çevriləcək (Steinsson, 2014). Bu şərtlər daxilində ABŞ və Qərbin Cənubi Çin dənizində Tayvanla bağlı münaqişəyə girməsi mümkündür; bölgədəki ərazi mübahisələri NATO-nun diqqətini Çinə yönəltməklə münaqişə potensialını artırmasına səbəb ola bilər (Michaels, 2021). Hücum realist yanaşması nöqteyi-nəzərindən gücü maksimuma çatdırmaq mahiyyət etibarilə sistemdə ən dominant gücə çevrilmək deməkdir. Bu şəkildə hərəkət edən böyük dövlət  revizionist olacaq, status-kvodan narazı qalacaq və buna görə də sistemdə dominant oyunçuya çevrilənə qədər qüvvələr balansını dəyişməyə can atacaq. Bununla belə, Çinin Qərb üçün təhlükəsini təhlil etməzdən əvvəl onun Merşaymerin hücum realizmi nəzəriyyəsinə uyğun olub-olmadığını təhlil etmək çox vacibdir.

Çinin hərəkətlərinin hücum realizmi nəzəriyyəsinə uyğun olub-olmadığını müəyyən etmək üçün Çinin qonşularına qarşı aqressiv davranaraq və gücünü maksimuma çıxaran davranış nümayiş etdirərək revizionist meyllər nümayiş etdirib-etdirmədiyini anlamaq vacibdir. Belə bir anlayış Çinin revizionist və ya status-kvo gücü kimi fəaliyyət göstərdiyini müəyyən edəcək. Tarixən Çin, xüsusən imperializmin himayədarları hesab etdiyi hökumətlərə qarşı inqilabları dəstəkləmək siyasətini həyata keçirən Mao rejimi (1949-1976) dövründə hücum realizminin xüsusiyyətlərini nümayiş etdirmişdir (Feng, 2005). Maonun dövründə Çin sosializm brendini regional olaraq ixrac etmək üçün qonşu dövlətləri və Filippin, Tayland kimi bir çox Qərb müttəfiqlərini təhdid etdi (Garver, 2016). Lakin Çin 1970-ci illərdən bəri daha az revizionist olmuşdur ki, bu da Çin rəhbərliyinin hazırkı siyasi və xarici siyasətində onun daha çox müdafiə xarakterli realist xəttinin göstəricisidir. Müdafiə realizmi iddia edir ki, anarxik beynəlxalq sistem təhlükəsizliyə nail olmaq üçün dövlətləri mötədil və təmkinli siyasət yürütməyə təşviq edir; müdafiə realistləri iddia edirlər ki, hücum realistlərinin aqressiv ekspansiyası dövlətlərin güc balansı nəzəriyyəsinə uyğunlaşma tendensiyasına mane olur və bu da, öz növbəsində, dövlətin təhlükəsizliyi təmin etmək olan əsas məqsədini zəiflədir (Snyder and Lieber, 2008).

1970-ci illərdən başlayaraq Çin regional və beynəlxalq miqyasda təhlükəsizliyi təmin etmək üçün daha çox kooperativ bir yanaşma tətbiq etməyə başladı. Çin, ümumiyyətlə, qonşuları ilə dinc münasibət qurmağa çalışır. Bu istək həm Çinin, həm də Hindistanın suverenlik iddia etdikləri mübahisəli ərazi olan Doklam yaylası ilə əlaqədar Hindistanla fikir ayrılığında özünü biruzə verdi (South Asia@LSE, 2018). Çin münaqişəyə girməkdənsə, ciddi rəqib hesab etdiyi Hindistanla münasibətləri yaxşılaşdırmağa çalışırdı. Çin və Hindistanın münaqişədən yayınmaları onların dinc münasibətlər qurmağa meylli olduqlarını daha aydın göstərir. 1980-ci illərdə Çinin iqtisadi yüksəlişindən sonra Çin və Hindistanın mövcud beynəlxalq nizamdan faydalandıqları və beynəlxalq nizamı əvəz etməkdən daha çox onu islah etməkdə maraqlı olduqları görünür. Çin son nəticədə özünün yeni qlobal mövqeyi və strateji maraqları naminə beynəlxalq nizamdan faydalanmağa çalışır (Garner, 2016). Çin ABŞ və onun müttəfiqləri ilə hərbi münaqişədən yayınmaq üçün davamlı olaraq özünün güclənmə prosesinin dinc yolla getdiyini iddia edir.

Pekin qlobal səviyyədə iqtisadi və diplomatik münasibətlər qurmaq üçün yumşaq güc yanaşmasından istifadə edir. Buna misal olaraq, yüksək texnoloji iqtisadiyyat yaratmaqla və özünün qarşılıqlı faydalı əməkdaşlıq vizyonunu (baxışını) irəli sürməklə Çinin qarşılıqlı asılı bazarını genişləndirməyə yönəlmiş qlobal layihəsi olan Bir kəmər, bir yol təşəbbüsünü göstərmək olar (Bal Kishan Sharma et al., 2017). Pekinin ölkənin dilini və mədəniyyətini öyrətməyə yönəlmiş dünya üzrə bir neçə yüz Konfutsi İnstitutunun yaratması yumşaq güc taktikasının başqa bir mexanizmi oldu. Çinin hazırda Afrikada mədəni mübadilə proqramları təklif edən on doqquz Konfutsi İnstitutu vardır. Bu cür təşəbbüslər və layihələr Çinin beynəlxalq tələbələr və ingilisdilli afrikalı tələbələr üçün Asiyada aparıcı bir yer olmasına kömək etdi (Kell and Vogle, 2010). Çinin xüsusən Afrikadakı qlobal təşəbbüsləri Qərbin Afrika qitəsindəki təsiri ilə rəqabət apararkən Çinin regionda siyasi və iqtisadi baxımdan qlobal üstünlüyünü də effektiv bir şəkildə ortaya qoymuş oldu.

Rusiyanın siyasi ideologiyası və xarici siyasəti

Rusiyanın siyasi ideologiyasına və xarici siyasətinə nəzər saldıqda görürük ki, Moskva da Pekin kimi beynəlxalq münasibətlərə açıq şəkildə realist yanaşma göstərir; lakin Çindən fərqli olaraq, Rusiya beynəlxalq münasibətlərə daha çox hücum realist yanaşmasını tətbiq edir (Mearsheimer, 2001). Soyuq Müharibə başa çatdıqdan sonra NATO keçmiş Sovet dövlətləri olan Estoniya, Latviya və Litva da daxil olmaqla, Rusiya sərhədinə qədər 1000 mildən çox şərqə doğru genişləndi. Bu, Moskvada böyük narahatlığa səbəb oldu. Buna görə, 2008-ci ildə NATO-nun Buxarest sammitində Ukrayna və Gürcüstanın NATO-ya üzv ola biləcəyi elan edildikdə Rusiya NATO-nun bu cür genişlənməsinə qarşı daha sərt mövqe tutmağa başladı və bunu təhlükəsizlik təhdidi adlandırdı (Donaldson, 2017). 2008-ci ildə Rusiya Gürcüstanın Qərbə doğru irəliləməsindən və nəticə etibarilə NATO və Avropa Birliyinə daxil olmasından ehtiyat etdiyi üçün Gürcüstan sərhədinə qoşun yerləşdirməklə özünün hücum realist yanaşmasını bir daha sübut etdi. O dövrdə Rusiya Gürcüstandan rusiyayönlü bölgələr olan iki üsyançı vilayət – Cənubi Osetiya və Abxaziya üçün müstəqillik tələb etdi; Gürcüstan daha sonra Cənubi Osetiya və Abxaziyadakı üsyançı qruplaşmalara hücum etdi və bu da Rusiyanın dərhal hərəkətə keçməsinə səbəb oldu və Rusiya qoşunları Gürcüstanın paytaxtı Tbilisinin 10 km yaxınlığına qədər irəlilədilər. 16 günlük müharibədən sonra atəşkəs razılaşması əldə olundu, Gürcüstan Cənubi Osetiya və Abxaziyanın bəzi hissələri üzərində de-fakto olaraq suverenliyini itirdi (S. Frederick Starr, 2009). Bununla belə, dönüş nöqtəsi 2014-cü ildə Ukraynanın rusiyapərəst prezidenti Viktor Yanukoviçin vəzifədən kənarlaşdırılması və azlıqların dil hüquqlarının ləğvi üzrə səsvermə kimi bir sıra rusofob siyasəti həyata keçirməyə başlayan qərbyönlü hökumətin seçilməsi ilə baş verdi. Ukrayna inqilabından qısa müddət sonra, 2014-cü ilin martında Rusiya Sevastopoldakı dəniz bazasını itirmək qorxusu ilə Krımı ilhaq etdi (Wilkenfeld, 2023). Nəticədə, 2014-cü ildə Ukraynanın Donbass bölgəsindəki Donetsk və Luqanskdakı rusiyapərəst fraksiyalar Kiyevdən ayrılmaq və Rusiyanın da onları ilhaq edəcəyinə ümid etdikləri muxtar dövlətlər yaratmaq istədilər. 2014-cü ildən bəri rusiyapərəst qüvvələr və Ukrayna Ukraynanın şərqində şiddətli qarşıdurmaya cəlb edildi.

2022-ci ilin fevralında Rusiya Ukraynaya genişmiqyaslı hərbi müdaxiləyə başladı və bu, Soyuq Müharibə bitdikdən sonra Qərb üçün, xüsusən də Şərqi Avropa üçün ən ciddi birbaşa təhdid oldu. Rusiyanın Ukraynaya təcavüzü artıq Avropanın böyük siyasi və iqtisadi qeyri-müəyyənliyinə səbəb olub. Rusiya sanksiyalar dalğası ilə üzləşdi; bundan əlavə, Avropa İttifaqı (Aİ) eyni zamanda Rusiya qazının və neftinin ixracını məhdudlaşdırmaq və Rusiya enerji daşıyıcılarından asılılığı azaltmaq siyasətini qəbul etdi (Avropa Şurası, 2022). Bu siyasət Avropada iqtisadi təlatümlərə səbəb oldu, çünki əksər Avropa ölkələri elektrik enerjisinə görə ödənişlərin yüksək olması səbəbindən narazılıq qışı ilə üzləşdi; 2022-ci ilin avqustunda Avropada qazın qiyməti on il əvvəlki orta qiymətdən on dəfə yüksək idi (Rosen, n.d.). Rusiya öz gücünü təsdiqləmək və beynəlxalq hüququ pozmaq üçün qeyri-hərbi üsullardan da istifadə edir (2016-cı ildə ABŞ seçkilərinə Rusiyanın iddia edilən müdaxiləsi buna nümunədir). Ekspertlər siyasi qətllər və kiberhücumlarla bağlı iddiaları beynəlxalq hüquqa etinasız yanaşan  yaramaz dövlətin hərəkətləri kimi qiymətləndirirlər (Eschroeder, 2022). Aydındır ki, Rusiyanın öz xarici siyasətində istər qeyri-hərbi, istərsə də hərbi mənada həyata keçirdiyi hücum realist mövqeyi Qərb üçün Çinin bu xüsusdakı mövqeyindən daha böyük siyasi təhlükə yaradır. Beləliklə, Rusiyanın hərəkətləri göstərir ki, o, hökmranlıq və regional hegemonluq yolu ilə təhlükəsizliyə nail olmaq üçün onun güc və təsir əldə etməyə çalışır. Moskva xarici siyasətdə daha fəal mövqe nümayiş etdirir, Pekin isə öz xarici siyasətində və Qərblə rəqabətdə uzunmüddətli yanaşmadan istifadə etməyə meyllidir. Çinin müdafiə realizmi Qərb üçün daha az birbaşa təhlükə yaradır. Əslində, Çin beynəlxalq nizamdan öz xeyrinə istifadə edir və təsirini artırmaq, habelə maraqlarını qorumaq üçün daha çox yumşaq güc yanaşmaları axtarır. Çinin Bir kəmər, bir yol təşəbbüsü və Afrikada artan təsiri bunun bariz nümunəsidir (Rotberg, 2009).

Çinin iqtisadi təhdidi

Çin və Rusiyanın Qərb üçün təhdidini nəzərdən keçirərkən təhlil edilməli olan digər bir komponent iqtisadi aspektdir. 1970-ci illərdən etibarən Çin iqtisadiyyatın ayrı-ayrı sektorlarında mərkəzləşdirilmiş planlı iqtisadiyyatdan bazar liberallaşmasına keçərək iqtisadiyyatını dəyişdirdi. Çin kənd təsərrüfatının kollektivləşdirilməsini tədricən azaltdı, qiymətlərə nəzarəti ləğv etdi, dövlət müəssisələrinin muxtariyyətini artırdı, bank sektorunu şaxələndirdi və Çin bazarlarını birbaşa xarici investisiyalar üçün açdı. Bu, özəl sektorda eksponensial artıma səbəb olub. İqtisadiyyatın restrukturizasiyası (yenidən qurulması) 1978-ci ildən başlayaraq Ümumi Daxili Məhsulun (ÜDM) on qat artmasına gətirib çıxartdı və bu da 2022-ci ildə 17 trilyon dollara çatdı. Nəticədə, Çin qlobal ÜDM-in 18,6%-ni təşkil etməklə dünyanın ikinci ən böyük iqtisadiyyatı və dünyanın ən böyük ixracatçısı oldu (Dünya Bankı, 2022). Çinin Ümumdünya Ticarət Təşkilatına (ÜTT) qəbul edilməsi Qərb tərəfindən böyük bir uğur kimi qarşılandı; bu, dünya iqtisadi sistemi üçün dönüş nöqtəsi və Çinin islahatlar yoluna qədəm qoymağa hazır olmasına bir işarət idi. ABŞ və Qərb inanırdı ki, Çinin ÜTT-yə daxil olması Çini bazarın liberallaşması yoluna aparacaq və öz növbəsində, ona beynəlxalq liberal iqtisadi nizama tam inteqrasiya olmağa imkan verəcək (Smith and Guobin Zhu, 2002). Bununla belə, 2018-ci ildə ABŞ-ın ticarət nümayəndəsi Robert Laythayzer söylədi ki, ABŞ “Çinin ÜTT-yə daxil olmasını dəstəkləməkdə səhv edir” (Donnan, 2018). Laythayzer, Çinin “dövlətə məxsus, merkantilist ticarət rejimi”nin ÜTT üzvlərinin böyük əksəriyyətinin tətbiq etdiyi bazar əsaslı yanaşma ilə “uyğun olmadığını” bildirdi (Tan, 2021).  Obamanın iki rəsmisi Kurt Kempbel və  Ely Ratner də daxil olmaqla, bir çox Qərb rəsmiləri liberal beynəlxalq nizamın Çini nəzarətdə saxlaya və cilovlaya  bilmədiyini söylədi (Campbell and Ratner, 2018). Vaşinqton və bir çox Qərb ölkələri Çinin bazarın liberallaşdırılması yoluna qədəm qoymadığını, əksinə Pekinin indi bütün dünyaya ixrac etməyi ümid etdiyi dövlət kapitalizmi formasını tətbiq etdiyini və gücləndirdiyini hesab edirlər.

Əslində, Çinin ÜTT-yə üzvlüyü ona beynəlxalq liberal dünya nizamının standartlarını real şəkildə qəbul etmədən Amerika, Qərb və digər qlobal iqtisadiyyatlara çıxış əldə etmək imkanı verdi. Deməli, Çin beynəlxalq liberal normalara sözdə əməl edir, işə gəldikdə isə öz qaydaları ilə oynayır, məsələn, boşluqlardan istifadə edərək xarici siyasətçiləri aldadır. Qərb siyasətçiləri Çinin əhəmiyyətli iqtisadi dirçəlişindən narahat idilər. Bu xüsusilə ticarət kəsiri 1990-cı ildəki 10,4 milyard dollardan 2020-ci ildə 355 milyard dollara yüksələn ABŞ üçün həqiqətdir (Statista, 2021). Eynilə, Avropa İttifaqının  Çinlə cari ticarət kəsiri də 2011-ci ildəki 129 milyard avrodan 2022-ci ildə 248 milyard avroya qədər yüksəlmişdir (Statista, 2021). Qərbdə bir çox ekspertlər belə bir eksponensial ticarət kəsirini Çinin öz valyutasının məzənnəsini qəsdən aşağı salmaq və Qərb bazarlarını ucuz mallarla doldurmaq üçün yerli istehsalçılara subsidiyalar vermək kimi ədalətsiz ticarət təcrübələri ilə məşğul olduğunun göstəricisi hesab edirlər. Nəticədə, bu, ABŞ və digər Qərb ölkələrindən ixracatı məhdudlaşdırır, iş yerlərini, əmək haqqını və yaşayış səviyyəsini təhdid edir. Çinin kompüterlər və avtomobillər kimi yüksək qiymətli malların istehsalına və ixracına keçməsi vəziyyəti daha da gərginləşdirə və Qərb ölkələrinin iqtisadiyyatını daha da çətin vəziyyətə sala bilər. General Electric kimi böyük ABŞ firmalarının Çin şirkətləri tərəfindən satın alınması hallarının artması və Çinin ABŞ Xəzinədarlığının qiymətli kağızlarında 1.095 trilyon dollar toplaması həyəcan doğurur (ABŞ Maliyyə Nazirliyi, n.d.). ABŞ Konqresi valyuta siyasəti və digər ədalətsiz ticarət təcrübələrini həll edə bilmədiyi üçün Çinə qarşı sanksiyalar tətbiq etmək kimi bir çox qanun layihələri təqdim edib. 2030-cu ilə qədər Çinin ÜDM-nin ABŞ ÜDM-dən çox olacağı təxmin edilir (CEBR, 2022).  Aydındır ki, Çin Qərb üçün, xüsusən də ABŞ üçün ciddi təhdid yaradır. Əsas məsələ ABŞ və Qərbin qlobal miqyasda iqtisadi qeyri-müəyyənlik yaratmadan bunun qarşısını almaq üçün nə edə biləcəyidir.

Rusiyanın iqtisadi təhdidi

Rusiyanın iqtisadiyyatı Çinlə müqayisədə solğundur. Rusiyanın Ümumi Daxili Məhsulu (ÜDM) 1.77 trilyon dollar təşkil edir ki, bu da Çindən on dəfə, ABŞ-dan isə təxminən on üç dəfə azdır (Statista, n.d.). Rusiya müxtəlif islahatlar həyata keçirməyə başlasa da və bazarın liberallaşdırılmasını müəyyən qədər qəbul etsə də, Çin iqtisadiyyatının əldə etdiyi iqtisadi uğuru hələ əldə edə bilməyib. Dövlət kapitalizminin tərifi dövlətin nəzarət payına sahib olduğu korporativ dövlət qurumlarında və ya açıq şəkildə qeydiyyatdan keçmiş şirkətlərdə dövlətin üstünlüyünü də əhatə edə bilər (The Economist, 2012). Əslində, dövlət kapitalizmini dövlət müdaxiləsi, iqtisadi planlaşdırma və investisiya və kreditlərin bölüşdürülməsi üzərində əhəmiyyətli dərəcədə dövlət nəzarəti olan özəl iqtisadiyyat kimi təsvir etmək olar. Rusiyada iqtisadiyyatın 55%-i dövlət tərəfindən idarə olunur, dövlət sektorunda 20 milyondan çox işçi çalışır (Djankov, 2016). Eynilə, Rusiyanın üç ən böyük bankı, aktivlərinin dəyərinə görə dövlətə məxsusdur, yəni Sberbank, Qazprom Bank və VTB, onlar ümumilikdə ölkənin bütün bank aktivlərinin 60%-nə nəzarət edirlər (Belton, 2022). Aydındır ki, Rusiya dövləti öz iqtisadiyyatının istiqamətinə əhəmiyyətli dərəcədə nəzarət edir və öz iqtisadi proqramını həyata keçirmək üçün dövlət müəssisələrindən və kapitalizmdən istifadə edir.

İqtisadi sektorlar baxımından Rusiya iqtisadiyyatı enerji ixracından çox asılıdır; 2021-ci ildə enerji məhsulları ümumi ixracın 50%-ni və ÜDM-in 28%-ni təşkil etmişdir (Myllyvirta, 2022). Rusiya hazırda qlobal tədarükün təxminən 14%-i ilə üçüncü ən böyük xam neft tədarükçüsü və ən böyük ixrac bazarları Çin və Aİ olmaqla ikinci ən böyük xam neft ixracatçısıdır (IEA, 2022). Qaz baxımından Rusiya dünyada ən böyük qaz ehtiyatlarına malikdir və ABŞ-dan sonra ikinci ən böyük qaz istehsalçısıdır. 2021-ci ildə Rusiyanın ÜDM-i qlobal ÜDM-in cəmi 1,7%-ni təşkil etsə də,  nəhəng enerji resursları onun Rusiya enerjisindən çox asılı olan əksər Avropa ölkələri üzərində boğucu nəzarətə malik olması deməkdir (Atlantika Şurası, 2022). 2022-ci ilin mart ayına olan məlumata görə, Avropaya qazın 45%-i Rusiya boru kəmərindən gəlmişdir. Lakin Ukraynanın işğalından sonra Avropa Komissiyası 2023-cü ilin əvvəlinə qədər Rusiya qazından asılılığını üçdə ikiyə qədər azaltmağı planlaşdırdığını açıqladı. Bu cür kəskin tədbirlər Avropada fəlakətli nəticələrə gətirib çıxardı: 2022-ci ildə təbiii qazın qiyməti 700%-ə qədər bahalaşaraq bir çox Avropa ölkələrində iqtisadi tənəzzülə səbəb oldu, onların bir çoxu isə iqtisadi resessiyaya doğru getdi (Natural Gas Intelligence, n.d.).

Bir çox ekspertlər hesab edirlər ki, Rusiya 2022-ci ildə Ukraynanın Rusiyanın işğalına qarşı müqavimətini dəstəklədiyinə görə Avropanı cəzalandırmaq üçün enerji resurslarından siyasi silah kimi istifadə edir. Əslində, Rusiya dünyanın iqtisadi cəhətdən əhəmiyyətsiz ölkəsi ola bilər, lakin Avropanın Rusiya enerji ehtiyatlarından asılılığı Rusiyanın Avropa qitəsi üçün ciddi iqtisadi təhdid yaratması deməkdir. Atlantik okeanının o tayında, ABŞ-da Rusiyanın enerji ixracatı eyni boğucu təsirə malik deyil; 2021-ci ildə Rusiya neftinin idxalı ABŞ-ın ümumi neft idxalının 8%-ni təşkil etmişdir. Əksinə, ABŞ-dan Avropaya mayeləşdirilmiş təbii qaz (LNG) ixracı 2022-ci ildə Rusiyadan tədarükün əhəmiyyətli dərəcədə azalması səbəbindən 137% artdı və bu da ABŞ-ın Ukraynadakı münaqişədən böyük fayda əldə etdiyini göstərir (Maguire and Maguire, 2022). Beləliklə, aydın olur ki, Rusiya iqtisadiyyatı regional səviyyədə Avropaya iqtisadi təhdiddir; Avropadan kənarda isə onun iqtisadi təsiri olduqca zəifdir. Əslində, Çin təkcə dünya istehsalı, ÜDM və istehsal bacarıqlarında payına görə Qərb üçün ən mühüm iqtisadi təhdidi təşkil edir. Çinin artan qlobal sərmayəsi və Qərbin dövlət borcuna sahib olması onu Qərb üçün əhəmiyyətli iqtisadi təhdidə çevirir.

Çin və Rusiyanın hərbi təhdidi

Qərb üçün kimin daha böyük təhdid yaratdığını qiymətləndirərkən nəzərə alınmalı olan digər komponent Çin və Rusiyanın hərbi potensialının təhlilidir. Həm Çin, həm də Rusiya güclü hərbi silahlı qüvvələrə malikdir. 2021-ci ildə Çin müdafiəyə təxminən 293 milyard dollar, Rusiya isə təxminən 65,9 milyard dollar xərcləmişdir (SIPRI, 2022). Bununla belə, 2021-ci ilin aprel ayına olan məlumata görə, ABŞ öz silahlı qüvvələrinə təxminən 801 milyard dollar xərcləyir ki, bu da siyahıda özündən aşağıdakı doqquz ölkənin birlikdə xərclədiyindən çoxdur. Həmin doqquz ölkənin müdafiə xərcləri cəmi 777 milyard dollardır (SIPRI, 2022). Yalnız hərbi xərcləri nəzərə alsaq, o zaman Çin və Rusiya ABŞ və Qərblə müqayisəyə gəlmir. Ancaq hərbi gücü müqayisə edərkən mənzərə bir qədər fərqlidir. 2022-ci ilin məlumatlarına görə, Çində təxminən 2.000.000, Rusiyada təxminən 830.000, ABŞ-da isə təxminən 1.390.000 aktiv hərbi qulluqçu var (Statista, N. D.) Nüvə silahlarına gəldikdə, Rusiya dünyada ən böyük sayda nüvə başlığı ehtiyatına malikdir – 5,997  ədəd. ABŞ-da isə bu rəqəm  5,428 ədəd təşkil edir. Digər tərəfdən, Çinin təxminən 400 nüvə başlığı var, lakin 2035-ci ilə qədər nüvə başlığı sayının 1500-dən çox olacağı gözlənilir (Statista, N. D.). Çinin hərbi gücü uzunmüddətli perspektivdə Qərb üçün daha böyük təhdid yarada bilsə də, Rusiyanın nüvə potensialı daha aktual və birbaşa təhdiddir. Çin iqtisadi cəhətdən Rusiya ilə müqayisədə irəlidə ola bilər; bununla belə, Rusiya ən azından hərbi baxımdan Çindən daha güclü olmasa da, eyni dərəcədə qorxuncdur. Hərbi-dəniz potensialı baxımından Rusiya donanması Çinin hərbi-dəniz donanmasından daha kiçikdir, lakin Rusiya donanması nüvə sualtı qayıqları və raket qüvvələrinə malik olması səbəbindən Çin donanmasından daha döyüş qabiliyyətlidir. Hərbi təcrübə baxımından Rusiyanın son dövrlərdə Çeçenistan, Gürcüstan, Suriya və Ukraynada  döyüş təcrübəsi var ki, bu da Rusiyanın Çindən daha çox döyüşə hazır olduğunu göstərir. Bununla belə, Qərb hərbi ekspertlərinin fikrincə, Rusiyanın Ukraynadakı hərəkətləri onun hərbi qüdrət və şücaətini şübhə altına alır, digərləri, məsələn, ABŞ-ın istefada olan polkovniki Duqlas Makqreqor bunu NATO ilə Rusiya arasında proksi-müharibə kimi qiymətləndirir və Rusiyanın Ukraynada öz məqsədlərinə çatacağına inanır (Newsroom, 2022).

Xarici kəşfiyyata nəzər saldıqda Rusiyanın əsasən Vaqner Qrupu (Wagner Group) kimi etibarlı şəxslərdən istifadə edərək keçmiş Sovet İttifaqında bir vaxtlar mövcud olan keçmiş əməliyyat və şəbəkələri istismar etməkdə mühüm dünya təcrübəsinə malik olduğunu iddia etmək olar. Çin intellektual mülkiyyəti oğurlamaqda daha mahir olsa da, Rusiya kiberhücumlarda, məlumatlandırma və təsiretmə əməliyyatlarında Çindən daha aqressiv olub (Wilde and Wilde, n.d.). Rusiyanın hərbi əməliyyatları, xüsusən də Rusiyanın Ukraynaya hücumu və Putinin son vaxtlar nüvə silahlarını yüksək hazırlıq vəziyyətinə gətirmək əmri ilə bağlı göstərişləri hazırda Qərb üçün daha böyük təhlükə yaradır. Qərbdə bir çox ekspertlər Rusiyanı NATO-nu zəiflətmək, parçalamaq və xüsusən də bölgədəki hökmranlığını sarsıtmaq əzmində olan, Qərbin antaqonisti kimi görürlər.  Digər tərəfdən, Çin öz silahlı qüvvələri ilə daha az aqressivdir və Bir kəmər, bir yol təşəbbüsü kimi əhəmiyyətli iqtisadi və siyasi təsir vasitəsilə öz gücünü qorumağı üstün tutur. Çin qlobal varlığını artırmaq üçün silahlı qüvvələrinə Rusiyadan daha az güvənir; beləliklə, Rusiyanın hazırda Qərb üçün daha böyük hərbi təhlükə yaratdığını iddia etmək olar. Bununla belə, Çin iqtisadi və hərbi cəhətdən böyüməyə davam etdikcə, xüsusilə Cənubi Çin dənizində artan gərginliklə Çin ordusunun Qərb üçün əsas hərbi təhlükəyə çevrilə biləcəyi bir məqam gələ bilər (Cato.org, 2021). Qərb üçün potensial ən pis ssenari Çin və Rusiya arasında Qərbin təhlükəsizliyinə ciddi təhlükə yarada biləcək hərbi ittifaqdır. Ukrayna münaqişəsi başlayandan bəri Rusiya və Çin, xüsusən enerji ixracı ilə bağlı daha sıx iqtisadi əlaqələr qurdular. Hər iki ölkə arasında daha sıx iqtisadi və hərbi münasibətlər Vaşinqton və Qərbi yüksək döyüş hazırlığı vəziyyətinə gətirə bilər.

Yekun olaraq, Rusiyanın hücum realist mövqeyi Qərb üçün daha birbaşa siyasi təhlükə rolunu oynayır. Rusiya xarici siyasət məqsədlərinə çatmaqda daha fəaldır, bunu Ukraynadakı son hərəkətləri də sübut edir. Siyasi və diplomatik baxımdan Çin müdafiə realizmi mövqeyinə görə Qərb üçün daha az təhlükə yaradır. Çin, siyasi məqsədlərinə çatmaq üçün yumşaq güc yanaşmalarını tətbiq etməklə beynəlxalq sistemdən öz xeyrinə istifadə edir ki, bunu da Afrikadakı Bir kəmər, bir yol təşəbbüsü kimi təşəbbüslərindən aydın görmək olar. Hər iki ölkənin Qərb üçün iqtisadi təhdidini nəzərə alsaq, Çinin Rusiyadan daha böyük iqtisadi təhlükə olduğu çox aydın görünür. Çin iqtisadiyyatı Rusiya iqtisadiyyatından on dəfə böyükdür. O həmçinin dünyanın ən böyük ixracatçısıdır və qlobal miqyasda ikinci ən böyük iqtisadiyyata malikdir. Çinin iqtisadi vəziyyəti və beynəlxalq normalara məhəl qoymaması, xüsusən də Qərbin Çinlə ticarət kəsirinin olması və Qərb borclarının yığılması baxımından Qərb üçün ciddi təhlükə yaradır. Hərbi baxımdan həm Çin, həm də Rusiya Qərb üçün təhlükə yaradır. Bununla belə, Rusiyanın Ukraynadakı son hərbi əməliyyatları və nüvə silahı təhdidi Rusiyanın hərbi mövqeyində Çinə nisbətən daha fəal olduğunu və Qərb üçün ciddi təhlükə yaratdığını göstərir. Digər tərəfdən, Çin qlobal mövqeyini hərbi deyil, siyasi və iqtisadi vasitələrlə əldə etməyə çalışır. Buna baxmayaraq, Çin iqtisadi və hərbi cəhətdən genişləndikcə bu dəyişə bilər. Cənubi Çin dənizindəki gərginlik Çinin bölgədə genişlənmə istəklərinin ola biləcəyini göstərir. Kimin daha çox ümumi təhlükə yaratdığını müəyyənləşdirərkən aydın olur ki, Rusiya təhlil edilən üç amildən – siyasi, iqtisadi və hərbi təhlükələrdən – xüsusən ikisində, yəni siyasi və hərbi baxımdan Qərb üçün daha böyük təhlükə yaradır. Bunun əksinə olaraq, Çin iqtisadi cəhətdən daha ciddi təhlükə yaradır. Buna görə də bu təhlil Rusiyanın Qərb üçün daha ciddi cari təhlükə olduğunu deməyə əsas verir. Bununla belə, Ukraynanın işğalını və bunun Rusiyanın silahlı qüvvələri və iqtisadiyyatına təsirini nəzərə almaq vacibdir. Ukraynadakı müharibənin nəticəsi Rusiyanın Qərbə olan təhdidini zəiflədə, Çini isə Qərbin ən ciddi təhlükəsinə çevirə bilər; eyni şəkildə, Rusiyanın Ukrayna qələbəsi, xüsusən də Putin Qərbə doğru irəliləməyə çalışarsa, Qərb üçün təhlükəni artıra bilər.

 

Ədəbiyyat siyahısı:

AAF. (2015). U.S. Participation in the International Monetary Fund (IMF): A Primer – AAF. [online] Available at: https://www.americanactionforum.org/insight/u-s-participation-in-the-international-monetary-fund-imf-a-primer/.

Atlantic Council. (2022). The global economy will suffer from Russia sanctions, but not for long. [online] Available at: https://www.atlanticcouncil.org/blogs/new-atlanticist/the-global-economy-will-suffer-from-russia-sanctions-but-not-for-long/

Autor, D.H. (2018). Trade and labor markets: Lessons from China’s rise. IZA World of Labor.

Bal Kishan Sharma, Das Kundu Nivedita, Delhi, I. and Sichuan Da Xue (2017). China’s One Belt One Road: initiative, challenges and prospects. New Delhi Vij Books India Pvt Ltd.

Campbell, K.M. and Ely Ratner (2018). The China Reckoning. [online] Foreign Affairs. Available at: https://www.foreignaffairs.com/articles/china/2018-02-13/china-reckoning.

Belton, C. (2022). U.S. sanctions on Russian banks West’s most potent economic threat. Reuters. [online] 17 Feb. Available at: https://www.reuters.com/world/us-sanctions-russian-banks-are-wests-most-potent-economic-threat-2022-02-16/.

Cato.org. (2021). [online] Available at: https://www.cato.org/policy-analysis/balanced-threat-assessment-chinas-south-china-sea-policy.

CEBR. (2022). Chosun Ilbo – China’s Economy Could Overtake U.S. Economy by 2030. [online] Available at: https://cebr.com/reports/chosun-ilbo-chinas-economy-could-overtake-u-s-economy-by-2030/ 

Donnan, S. (2018). US says China WTO membership was a mistake. [online] Financial Times. Available at: https://www.ft.com/content/edb346ec-fd3a-11e7-9b32-d7d59aace167.

Djankov, S. (2016). Russia’s Economy under Putin: From Crony Capitalism to State Capitalism. [online] PIIE. Available at: https://www.piie.com/publications/policy-briefs/russias-economy-under-putin-crony-capitalism-state-capitalism.

Garver, J.W. (2016). China’s quest: the history of the foreign relations of the People’s Republic of China. New York, Ny: Oxford University Press.

Donaldson, R.H. (2017). The Role of nato Enlargement in the Ukraine Crisis. The Soviet and Post-Soviet Review, 44(1), 32–52.

Eschroeder (2022). Untangling the Russian web: Spies, proxies, and spectrums of Russian cyber behavior. [online] Atlantic Council. Available at: https://www.atlanticcouncil.org/in-depth-research-reports/issue-brief/untangling-the-russian-web/.

European Council (2022). EU response to Russia’s invasion of Ukraine. [online] www.consilium.europa.eu. Available at: https://www.consilium.europa.eu/en/policies/eu-response-ukraine-invasion/.

Feng, H. (2005). The Operational Code of Mao Zedong: Defensive or Offensive Realist? Security Studies, 14(4), pp.637–662.

Hu, Z. and Khan, M. (1997). Economic Issues 8 — Why Is China Growing So Fast? [online] IMF. Available at: https://www.imf.org/external/pubs/ft/issues8/index.htm 

IEA (2022). Energy Fact Sheet: Why does Russian oil and gas matter? – Analysis. [online] IEA. Available at: https://www.iea.org/articles/energy-fact-sheet-why-does-russian-oil-and-gas-matter.

Kell, P. and Vogl, G. (2010). Global student mobility in the Asia Pacific: mobility, migration, security and wellbeing of international students. Newcastle: Cambridge Scholars

Korab-Karpowicz, J. (2010). Political Realism in International Relations (Stanford Encyclopedia of Philosophy). [online] Stanford.edu. Available at: https://plato.stanford.edu/entries/realism-intl-relations/.

Maguire, G. and Maguire, G. (2022). Column: U.S. LNG exports both a lifeline and a drain for Europe in 2023. Reuters. [online] 21 Dec. Available at: https://www.reuters.com/business/energy/us-lng-exports-both-lifeline-drain-europe-2023-maguire-2022-12-20/#:~:text=U.S.%20PREEMINENCE

Mearsheimer, J.J. (2001). The tragedy of Great Power politics. New York: Norton.

Michaels, J.H. (2021). ‘A very different kind of challenge’? NATO’s prioritization of China in historical perspective. International Politics.

Myllyvirta, L. (2022). EU ban on Russian oil: Why it matters and what’s next. [online] Centre for Research on Energy and Clean Air. Available at: https://energyandcleanair.org/eu-ban-on-russian-oil-why-it-matters-and-whats-next/.

Natural Gas Intelligence. (n.d.). How much of Europe’s gas comes from Russia? [online] Available at: https://www.naturalgasintel.com/how-much-of-europes-gas-comes-from-russia/.

Newsroom (2022). Douglas Macgregor: ‘Russia will establish Victory on its own terms’. [online] Modern Diplomacy. Available at: https://moderndiplomacy.eu/2022/12/05/douglas-macgregor-russia-will-establish-victory-on-its-own-terms/

Robinson, N. (2018). Contemporary Russian politics an introduction. Cambridge, Uk Medford, Ma Polity.

  1. Frederick Starr (2009). The Guns of August 2008. Routledge.

Rosen, P. (n.d.). European natural gas prices continue to climb and are now about 10 times more than usual ahead of key winter months. [online] Markets Insider. Available at: https://markets.businessinsider.com/news/commodities/european-natural-gas-prices-10-times-energy-crisis-russia-exports-2022-8 .

Rotberg, R.I. (2009). China into Africa Trade, Aid, and Influence. Washington, D.C. Brookings Institution Press And World Peace Foundation.

SIPRI (2022). World military expenditure passes $2 trillion for first time | SIPRI. [online] www.sipri.org. Available at: https://www.sipri.org/media/press-release/2022/world-military-expenditure-passes-2-trillion-first-time 

Snyder, J. and Lieber, K.A. (2008). Defensive Realism and the ‘New’ History of World War I. International Security, [online] 33(1), pp.174–194. Available at: https://www.jstor.org/stable/40207106.

South China Morning Post. (2022). China wants to rev its state engine to lift the economy, but is it stalling? [online] Available at: https://www.scmp.com/economy/china-economy/article/3198859/chinas-state-firms-needed-provide-economic-foundation-pressure-mounting-due-hidden-losses

Statista. (n.d). EU trade balance with China 2021 | Statista. [online] Available at: https://www.statista.com/statistics/257155/eu-trade-with-china/.

Statista. (n.d.). U.S. trade deficit with China 2021. [online] Available at: https://www.statista.com/statistics/939402/us-china-trade-deficit/.

Statista. (n.d.). Russia GDP 1994-2024. [online] Available at: https://www.statista.com/statistics/263772/gross-domestic-product-gdp-in-russia/.

Statista. (n.d.). Largest armies in the world by personnel 2020. [online] Available at: https://www.statista.com/statistics/264443/the-worlds-largest-armies-based-on-active-force-level/#:~:text=In%202022%2C%20China%20had%20the

Statista. (n.d.). Number of nuclear warheads worldwide as of January 2020. [online] Available at: https://www.statista.com/statistics/264435/number-of-nuclear-warheads-worldwide/.

Steinsson, S. (2014). John Mearsheimer’s Theory of Offensive Realism and the Rise of China. [online] E-International Relations. Available at: https://www.e-ir.info/2014/03/06/john-mearsheimers-theory-of-offensive-realism-and-the-rise-of-china/.

South Asia@LSE. (2018). Running hot and cold: Bhutan-India-China relations. [online] Available at: https://blogs.lse.ac.uk/southasia/2018/01/25/running-hot-and-cold-bhutan-india-china-relations-doklam/

Tan, Y. (2021). How the WTO Changed China. [online] www.foreignaffairs.com. Available at: https://www.foreignaffairs.com/articles/china/2021-02-16/how-wto-changed-china

U.S. Department of the Treasury. (n.d.). Treasury Identifies Eight Chinese Tech Firms as Part of The Chinese Military-Industrial Complex. [online] Available at: https://home.treasury.gov/news/press-releases/jy0538

Wilde, J.B., Nick Beecroft, Gavin and Wilde, J.B., Nick Beecroft, Gavin (n.d.). What the Russian Invasion Reveals About the Future of Cyber Warfare. [online] Carnegie Endowment for International Peace. Available https://carnegieendowment.org/2022/12/19/what-russian-invasion-reveals-about-future-of-cyber-warfare-pub-88667.

Wilkenfeld, Y. (2023). Crimea’s past, and its postwar future. [online] GIS Reports. Available at: https://www.gisreportsonline.com/r/crimea-ukraine-war/

World Bank (2022). China Overview. [online] World Bank. Available at: https://www.worldbank.org/en/country/china/overview

www.eia.gov. (n.d.). The United States imports more petroleum products than crude oil from Russia. [online] Available at: https://www.eia.gov/todayinenergy/detail.php?id=51738#:~:text=In%202021%2C%20imports%20from%20Russia.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.