fbpx

iqtisadiyyat

iqtisadiyyat

Qeyri-neft ixracatı təbii resurs sektoru hesabına necə böyüyür?

Read this article on other language
Download article
image_pdf
image_pdf

Hələ 2016-cı ildə qəbul olunan iqtisadi inkişafla bağlı Yol Xəritəsində hökumət 10 il ərzində (2025-ci ilədək) adambaşına düşən qeyri-neft-qaz ixracatını 2015-ci ildəki 170 dollardan 450 dollara çatdırmağı hədəf götürmüşdü. 2020-ci ildən başlayan qlobal pandemiya, onun ardınca 2022-ci ildə Rusiya-Ukrayna müharibəsinin başlanması nəticəsində dünyada təchizat zəncirindəki pozulmalar, istehsalda kəskin düşüşlər və son 40 ildə görünməmiş inflyasiya Azərbaycanın işinə yaradı. Bir tərəfdən qlobal bazarlarda məhsul qıtlığının yaranması Azərbaycanın bəzi qeyri-neft əmtəələrinə, xüsusən kimya və metallurgiya sənayesi məhsullarına tələbat yaratdı. Digər tərəfdən isə qlobal inflyasiya ixracatın dəyərini kəskin şəkildə artırdı.

Məsələn, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə qeyri-neft ixracatının 14%-lik artımının 9%-lik hissəsi məhz qiymət artımı sayəsində mümkün olub və real artım 5% ətrafında olub. Xarici ticarət statistikasına diqqət yetirdikdə ötən il ayrı-ayrı məhsul qrupları üzrə qiymət indeksinin daha yüksək olduğu aydın görünür. Məsələn, heyvan mənşəli mallar üzrə qiymət artımı 18%, hazır qida məhsulları üzrə 24%, toxuculuq məmulatları üzrə 16% təşkil edib. Başqa bir bariz fakt: hədəfin müəyyən olunduğu ilk 5 ildə (2015-2020-ci illər) qeyri-neft ixracının həcmi 15% və ya 245 milyon dollar artdığı halda, son 2 ildə (2020-2022-ci illərdə) bu artım 1,2 mlrd. dollar, yaxud 65% təşkil edib. Şübhəsiz ki, 65%-lik artımın bütövlükdə qiymət amili ilə bağlı olduğunu vurğulamaq obyektivlikdən uzaq yanaşma olardı. Qiymətləndirməmiz göstərir ki, bu artımda qiymət faktorunun payı 40% ətrafındadır.

Bəs qeyd olunan səviyyədə ixrac genişlənməsindən başqa hansı amillərin rolu həlledici olub? Əslində qeyri-neft sektorunun inkişaf etdirilməsinin, buna vəsilə olmaq üçün qeyri-neft ixrac potensialının genişləndirilməsinin məqsədi iqtisadiyyatın resurs asılılığından qurtarılmasıdır. Təbii resurslardan yüksək asılılıq yalnız iqtisadiyyatın birtərəfəli və qeyri-bərabər inkişafı, milli gəlirin qeyri-bərabər bölgüsü baxımından əhəmiyyətli deyil. Bu, həmçinin təbii resurslardan yüksək asılılığın iqtisadi sabitliyə daimi təhdid olması ilə bağlıdır. Təbii resurs sektoruna bağlı bütün əmtəələrin ticarət edildiyi qlobal bazarlar yüksək volatilliyə malikdir və son 20 ildə xam neftin qiymətində kəskin dalğalanmalar da bunu aydın göstərir. Xüsusilə 1970-1980-ci illərində təbii resursla bağlı birjalardakı qeyri-sabitlik uzunmüddətli qlobal iqtisadi böhranlara səbəb oldu.

Qeyri-neft ixracatının təbii resurslara bağlı olmasının təhlükəli tərəfi odur ki, xammmal birjalarındakı qiymətdən asılı olaraq ixracatın həcmində də volatillik hökm sürür. Məsələn, 2022-ci ilin eyni dövrünə nisbətən bu ilin 1-ci rübündə Azərbaycandan karbamidin hər ton ixrac dəyərində 2,5 dəfəyə yaxın azalma qeydə alınıb.

Azərbaycanda 2020-2022-ci illərdə qeyri-neft ixracının 1,2 mlrd. dollarlıq artımda təbii resurs xammalına əsaslanan, lakin statistikada qeyri-neft sektoruna aid edilən məhsulların payı 25% (təxminən 320 milyon dollar) təşkil edib. Söhbət qızıl və neft-qazın əsas xammal kimi çıxış etdiyi məhsullardan (karbamid, polietilen və elektrik enerjisi) gedir. Əgər 2020-ci ildə təkcə bu növ əmtəənin ixrac həcmi 327 milyon dollar idisə, 2022-ci ildə 608 mln. dollara yüksəlmişdi. 2020-ci ildə bütün qeyri-neft ixracının cəmi 15%-i bu məhsulların payına düşürdüsə, 2022-ci ildə həmin göstərici 20%-ə yüksəlmişdi.

Bu tendensiyanın 2023-cü ildə daha da gücləndiyi müşahidə edilir. Yenicə açıqlanan 3 aylıq gömrük statistikasına görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə bu ilin 1-ci rübündə qeyri-neft ixracatı 185 milyon dollar artıb. Bu artımda elektrik enerjisi ixracatının 248 milyon dollarlıq artımı həlledici olub. Nəzərə alaq ki, eyni dövrdə ölkədə elekrik enerjisi istehsalının 97%-ə qədəri məhz təbii qaz hesabına təmin edilib. Qeyri-yanacaq mənbələrinin elektrik istehsalında payı 3% ətrafındadır. Həmin dövrdə meyvə-tərəvəz ixracı 10 milyon dollar, pambıq ixracı 44 milyon dollar azalıb.

Qeyri-neft ixrac potensialının aşağı olmasının ən ciddi neqativ nəticələrindən biri budur ki, bu potensial böyümədən Azərbaycanda dayanıqlı iqtisadi artımı da təmin etmək mümkün olmayacaq. Çünki neft hasilatı sürətlə azalır, təbii qaz hasilatı isə bu daralmanı kompensasiya edə bilmir. Deməli, artıq təbii resurslar hesabına iqtisadi böyümə imkanı itirilib. Məsələn, 2022-ci ildə neft sektorunda 2,7% geriləmə qeydə alındı. Bu, qaz hasilatının 6,6% artmasına baxmayaraq, xam neft istehsalının 5,5% azalması fonunda baş verdi. Oxşar tendensiya 2023-cü ildə də müşahidə edilir. İlin 1-ci rübünün yekunlarına görə, neft sektorunda 4%-ə yaxın kiçilmə qeydə alınıb:  yenə də oxşar vəziyyət – xam neft hasilatı 7,5% azalıb, təbii qaz istehsalı 3% artıb. Azərbaycan hökumətinin gözləntilərə görə, yaxın 5 ildə neft hasilatındakı azalma dayanmayacaq.

Belə şəraitdə qeyri-neft sektoru iqtisadi artımın drayveri kimi öz potensialını saxlaya bilməlidir. Amma bu potensial dayanıqlı olmayan qeyri-ticari sahələr (turizm, tikinti) hesabına yox, ixrac hesabına dayanıqlı böyümək imkanı olan emal sənayesi hesabına formalaşdırılmalıdır. Lakin 2023-cü ilin 1-cü rübünün nəticələri əsasında apardığımız qiymətləndirmələr göstərir ki, qeyri-neft sektorunda qeydə alınan 4.9%-lik iqtisadi böyümənin dörddə üçü turizm, tikinti və ticarətlə bağlıdır və bu artıma emal sənayesinin töhfəsi minimum səviyyədədir. Xüsusilə də işğaldan azad edilmiş ərazidə genişmiqyaslı tikinti hələlik qeyri-neft sektorunda artımın hərəkətverici qüvvəsi olaraq qalır. Nəzərə alaq ki, həmin ərazilərdə tikinti bumunun ömrü bundan sonra maksimum 5 il davam edə bilər. Çünki nəhəng investisiyalar tələb edən infrastruktur layihələrinin əsasən bu zaman intervalında bitəcəyi gözlənilir.

Qeyri-neft sektorunun ixracı ilə bağlı daha ciddi problemlərdən biri də aşağı əlavə dəyərə malik məhsullar üzərində formalaşmasıdır. Demək olar ki, qeyri-neft ixracının tamamı aşağı və orta aşağı texnoloji qrupa malik xammal və aralıq məhsullardır. Bu məsələ ilə bağlı Nyu-York Universitetində çalışan tədqiqatçı Səlcuq Şirinin Yol ayrıcındakı Türkiyə: ya azadlıq, ya səfalət kitabında çox maraqlı təsbitlər var. Şirin hesab edir ki, ixracla dayanıqlı böyümək istəyən ölkə çox sayda məhsul çeşidlərilə qlobal bazarlara çıxmaqdan çox marka yaratmağı hədəfləməlidir. Türkiyədə məhsul çoxdur, amma marka yoxdur. Məsələn, İtaliya markası olan Nutella kakaolu pasta tərkib etibarı ilə 13% fındıqdan formalaşır. Gündə 1 milyon ton Nutella satan və məhsulun yaradıcısı olan Ferrero şirkətinin fındıq alışında Türkiyə əsas təchizatçılardan biridir. Şirin qeyd edir ki, Türkiyə dünyada fındıq ixracının 85%-inə sahibdir və bu qədər böyük ixracdan illik qazancı maksimum 3 mlrd. dollardır. Bu qədər ixrac gəlirini 3.5 milyon nəfər ixracatçı yaradır. Halbuki cəmi 22 min işçinin çalışdığı və Türkiyədən fındığı alıb markalaşdıran Ferrero şirkətinin illik dövriyyəsi 11 mlrd. dolları aşır. Şirinin fikrincə, orta gəlir tələsinə düşmüş inkişaf etməkdə olan ölkələr xüsusilə aqrar məhsullar üzərindən markalaşmaya nail olmadan bu tələdən qopa bilməyəcəklər.[1] Bu təsbit nöqtə-vergülünə qədər Azərbaycanın sıxışıb qalmış qeyri-neft sektoruna da aiddir.

 

Qeyd:

[1] Selçuk R. Şirin, Yol Ayrımındaki Türkiye: Ya Özgürlük Ya Sefalet, 2015.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.