fbpx

Cəmiyyət

Cəmiyyət

Şah Abbasın Avropa casusları – Roma səfirliyi

Read this article on other language
Download article
image_pdf
image_pdf

Ötən 5 yazıda Şah Abbasın Avropadakı casusluq və diplomatik fəaliyyətləri haqqında bəhs etmişdim.[1] Bu məqalədə isə Hüseynəli bəy və Entoni Şörlinin səfirliyinin İtaliya və İspaniyadakı sərgüzəştləri haqqında yazacağam.

Ötən yazıda səfirliyin 2 aprel tarixində artıq Viterboda olduğunu qeyd etmişdim. Bunu Şörlinin həmin tarixdə Kardinal Aldobrandiniyə italyanca qəribə bir tərzdə yazdığı məktubdan bilirik.[2] Səfirlik Romaya ancaq 5 apreldə daxil oldu, gecikmənin səbəbi Hüseynəli və Entoni arasındakı mübahisə idi. Adı mənbələrdə qorunmayan bir kardinal tərəfləri sakitləşdirdikdən sonra onları Viterbodan Romaya apardı. Səfirliyin Romaya təntənəli girişi haqqında ətraflı məlumat isə Vatikanın rəsmi mərasimlərindən məsul məmurları Paolo Alaleone[3] və Ciovanni Paolo Mukantenin[4] gündəliklərindəki qeydlər sayəsində bizə gəlib çatıb.

Səfirliyin rəhbəri müsəlman olduğu üçün Kardinallar Kollegiyası səfirliyi ruhanilərin yox, sekulyar əsilzadələrin qarşılamağını uyğun gördülər. Bununla belə, qarşılayan şəxs adi əsilzadə yox, Papanın 14 yaşlı qardaşıoğlu Silvestre Aldobrandini idi. Hətta şəhərə daxil olanda belə mübahisə edən səfirlər kimin atının harada olacağını seçə bilmirdilər. Nəticədə axşam radələrində Şörli ortada, Hüseynəli sağda, Aldobrandini solda daxil oldu. Sessa hersoqunun raportuna görə bu həll Hüseynəli bəyə ölkəsində sağ tərəfdən keçməyin hörmət əlaməti olduğunu xatırlamaqla baş tutdu.

Romaya giriş

Səfirlik Via Flaminia yolu ilə gəlirdi və Romaya Xalq qapısından[5] təxminən 5 km məsafədə olan Riano qrafının üzüm bağlarının yaxınlığından keçərək daxil oldular. Via Flaminia üzərindəki III Yuli çeşməsinin önündən keçən səfirlik Papanın İsveçrə mühafizləri və atlı əsgərlər ilə müşaiyət edilirdi. Şəhərə Xalq Qapısından daxil olan səfirlər Via del Korso küçəsi ilə davam etdilər. Müqəddəs Mark Kilsəsinin önündən sağa dönən səfirlik İsa meydanından[6] tikintisi artıq 10 ildir davam edən Müqəddəs Andrea della Valle Kilsəsi və Piazza Novona önündən keçərək Paskino heykəlinin yerləşdiyi eyniadlı küçə ilə irəlilədilər. Cordano təpəsinə[7] qalxan səfirlik Banklar keçidindən[8] Borqo Nuovo küçəsinə[9] gəldi. Bu küçənin başlanğıcı Müqəddəs Mələk qəsri[10] olduğu üçün önündən keçəndə onların şərəfinə top atıldı. İki ağ at sürən səfirlər nizəsiz, üzərində tunika və mantiya olan yüngül zirehli atlıların; Roma zadəganları və ailə başçıları, nağaraçılar, baronlar, trubaçıların müşayiəti ilə Vatikanın əsas hissəsinə daxil olmuşdular. Paolo Mukantenin yazdıqlarına əsasən, bütün küçələr rəiyyət ilə dolmuşdu – böyüklü-kiçikli hamı qəribə geyinmiş xaricilərə baxmaq istəyirdilər. Lakin səfirliyin gecə vaxtı gəlməyinə, onları daha yaxşı görə bilmədiklərinə görə şikayətlənirdilər. Oruc bəy Bayat xatirələrində “bizi saysız-hesabsız adam görməyə gəlmişdi” deyə qeyd edir.[11]

Yerusəlim patriarxı Fabio Biondi da Montalto

Atlarından enən səfirlər Yerusəlim Patriarxı Fabio Biondi da Montalto tərəfindən axşam saat 7-də Borqo Nuovo küçəsinin sol tərəfində, Palazzo della Roveredə qarşılandılar. Mukante gündəliyində yazırdı ki, Hüseynəli bəy atdan ilk enərək pilləkənləri yuxarı qalxmaq üzrə idi ki, Şörli bunu görüb tələsdi və onun önünə keçdi. Bu, Hüseynəlini narahat etdi və o, Şörlidən şikayət etdi. Şörli bununla kifayətlənməyib, daha yaxşı mənzilin Hüseynəli bəyə verildiyini düşünürdü. Deyilənə görə, Şörli etiraz olaraq həmin gecə şam etməkdən imtina etmişdi. Lakin nəticədə Kardinal Çintsio Aldobrandini Şörlini və Hüseynəlini birgə yeməyə apara bildi. Alaleonenin yazdıqlarına görə, Şörli balıq, Hüseynəli bəy isə “acgözlüklə” ət yemişdi.

Səfirlər Romada da mübahisə etməyə davam edirdilər. Sessa hersoqu 10 apreldəki raportunda belə yazırdı:

İndiyə qədər saraya getməyiblər və inanmıram ki, Pasxadan sonra gedəcəklər, çünki həm Müqəddəs Həftə çox yaxındır, həm də hər gün onlardan biri digərindən üstün olduğunu iddia edir.[12]

Növbəti gün, 11 apreldə fransız kardinal Arnaud d’Ossat Fransa kralı IV Henriyə Şörli və Hüseynəlinin Della Rovere sarayındakı pilləkənlərdə əlbəyaxa dava etdiyini çatdırmışdı. Məktubunda iki səfirin yola getmədiyi bir halda Səfəvilərlə xristianların necə türklərə qarşı birləşəcəyi sual altına qoyulurdu.[13] 14 apreldə Romadakı Toskana səfiri raportunda Şörlinin yalançı olduğunu, Şahın ancaq monarxlara və Venesiya respublikasına məktublar yazdığını qeyd edirdi – belə ki, Toskana hersoquna birbaşa məktub yox idi. Şörli heç Fransa və Venesiyaya yazılan məktublardan danışmamışdı, Hüseynəli isə bu məktubları saxlayırdı.[14] Həmin gün Venesiya səfiri Ciovanni Moçeniqo da oxşar bir raport göndərdi:

Bazar günü İran səfiri mənə xəbər göndərdi ki, mənimlə bir məsələ barədə danışmaq üçün xidmətçilərimdən birini göndərsəm , sevinərdi. Mən katibimi göndərdim. Səfir katibə tərcüməçi vasitəsilə izah etdi ki, onun yanında olan bu ingilis əslində iranlının xidmətindədir, lakin səfir deyil. Çünki o, İngiltərəyə qayıtmalı olduğu üçün kral onu səfirliklə müşayiət etməyi xahiş etmişdi. Çünki o, bu işlərdə yaxşı təcrübəli idi; amma səfər zamanı dili bildiyinə görə, əsas səfir rütbəsini mənimsəmişdi. Bu, onun ağası olan şaha qarşı ciddi bir təhqir idi, lakin o, xarici bir ölkədə olduğu və yerlilərin dilini bilmədiyi üçün indi heç bir şey deyə bilmirdi. […] O dedi ki, buraları heç tanımadığı üçün ingilis tərəfindən əvvəlcə Romaya getməyə məcbur edildiyinə görə sizi ziyarət etməyib; amma Romadan çıxanda düz Venesiyaya getməyi planlaşdırır, baxmayaraq ki, siz Əlahəzrətin onu qəbul etməkdə çətinlik yaradacağınızı eşitmişdi. Bununla belə, o, sizi xəbərdar etmək istəyirdi ki, ingilis Florensiyadan Venesiyaya bir agent göndərib. Ona etibar etməmək və ona heç nə verməmək yaxşı olar, çünki onun ağası borcun altında o qədər əzilmişdi ki, indi yeganə məqsədi hökmdarlardan necəsə pul qopartmaqdır. İranlı hətta siz Əlahəzrətin ingilis agentini onun gəlişinə qədər həbs etməli olduğunu təklif etdi.[15]

Arnaud d’Ossat (1537-1604)

Görünür ki, Hüseynəli Romaya çatandan sonra axır ki əsl səfirin özü olduğunu sübut etmək üçün digər diplomatlarla iclas keçirmişdi. Hüseynəli həmçinin Venesiya səfirinə Şörlinin öz adamlarından birini Florensiyadan Venesiyaya göndərəcəyi barədə xəbərdar etmişdi. Ümumiyyətlə, səfirlərin hansının önəmli olduğu bütün Romada artıq müzakirə mövzusu idi. Sessa hersoqunun raportunda bütün şəhərin iki qrupa bölündüyünü, bəzilərinin Hüseynəlinin, bəzilərinin isə Şörlinin tərəfini tutduğu deyilirdi:

Əgər mən onların üstünlük yarışı ilə bağlı təqdim olunan arqumentlər və sənədlərin hesabatını versəm, çox məzəli olardı, çünki ciddi adamlardan tutmuş sadə ayaqqabıçılara və hətta Papanın öz qulluqçularına qədər bütün saray bu mövzuda iki yerə bölünüb. Bəziləri ingilis, bəziləri isə mavrın[16] tərəfini tuturdu, deyəsən, sonuncu haqlıdır, çünki o, həmişə təkcə bir şeyi deyir.[17]

Həmin gün (14 apreldə) Şörli də Papaya bir məktub vermişdi. Məktubda Şörli yaranmış çətinliklərdən əziyyət çəkdiyini bildirərək başlayır və Papanın ədalətinə sığınır. O şübhə etmirdi ki, papa bu işi nəzərdən keçirdikdən sonra “imperatorun gəldiyi nəticəyə” gələcək, yəni onu həqiqi səfir kimi tanıyacaq və iranlını müvafiq mövqedə, yəni köməkçi mövqeyində tanıyacaq.[18] Şörli sənədlərin Hüseynəli bəydə olmağını isə hələ Xəzər dənizində gəmidə olanda məktubların hamısını Hüseynəliyə verməyi ilə izah edirdi. Özünün əsl səfir olmasına əsas şahidlər kimi yenicə İrana doğru yola çıxmış Dieqo de Miranda və Françesko da Kostanı göstərirdi. (Bu vaxtı onlar hələ Venesiyada idilər.[19]) Əlavə şahid kimi Yezuit keşişlər Sebastian Rodrigez, Bartelome Perez və Xuan Alvarezin adını çəkən Şörli həmin vaxt Romada olan üç erməninin də adını çəkir. Orijinal mətndə adları “Coggia Cacciatore”, “Coggia Eggia”, və “Coggia Yolge” kimi çəkilən bu şəxslərin əsl adlarını Karlos Alonso tapa bilməsə də[20], mənim fikrimcə, “Coggia” – Xoca kimi oxunmalıdır. Güman ki, ilk iki adın rekonstruksiyası Xacə Xaçatur və Xacə Yeğia kimi olmalıdır. Son şahid isə onlarla birlikdə İrandan gəlmiş keşiş Alfonso Kordero idi.[21]

Hüseynəli bəyin arqumentləri isə Səfəvilər dövlətinin daxili sisteminə aid idi. Onun 17 aprel tarixində dediyinə görə, Şah Abbas zərfləri iki cür möhürləyirdi – biri Şörlinin əlindəki, ümumi məqsədlə yazılmış məktub və təqdimatın olduğu zərf idi. Bu cürə zərflərin ön, üst tərəfində möhür olurdu. Hüseynəli bəyin əlindəki sənədlər isə arxa, alt tərəfdən möhürlənmiş, xüsusi əhəmiyyətli zərflər idi. Hüseynəli bəy Papaya verdiyi raportda əsilzadə olduğundan, İranın Sistan vilayətindən bir zadəgan olduğundan da bəhs edirdi. Yəni şah adi birini səfir kimi göndərməmişdi. Hüseynəli bəy həmçinin şahın Şörliyə etimad etdiyini, buna görə də 30,000 sikuin[22] dəyərində qızıl-gümüş və zinət aşyalarını ona tapşırdığını izah etmişdi. Şörli həmin hədiyyələri Arxangelskdən Romaya yollayacağına söz vermiş, imperator II Rudolfun hədiyyələrini də Romadan Praqaya göndərəcəyini bildirmişdi. Lakin Hüseynəli bəyi əsas əsəbiləşdirən şey Florensiyada hersoq Ferdinandın Şah Abbasdan “rəsmi məktub qəbul etməsi” idi, çünki daha əvvəl də dediyim kimi, Şah tərəfindən belə bir məktub yazılmamışdı. Hüseyn Əli bəy tərcüməçilərin çatışmazlığı səbəbindən özünü aydın ifadə edə bilməməkdən şikayətlənərək səyahətin qalan hissəsinə Şörlisiz davam etmək istədiyini, Şah Abbasın belə vacib bir səfirliyi Şörli kimi bir adama həvalə etdiyini düşünəcəyindən utandığını bildirdi. Hüseynəli bəy Avropada bu qədər qalmalı olmadığını, ölkəsinə qayıtmağa tələsdiyini çatdıraraq müraciətini bitirdi. Hüseynəli bəyin müraciətini tərcümə edənlər 1578-ci ildən bəri Romada yaşayan, şərq dillərinin məşhur bilicisi yepiskop Leonardo Abela, Şah Abbasın agenti Mixelangelo Koray və erməni Tomaso d’Angelo idi. Hüseynəli bəy 19 apreldə Papanı görmək şansını əldə etdi – Papa Müqəddəs Pyotr meydanına toplaşmış xalq üçün dualar edərkən, səfir Kardinal Askolinin sarayında idi.

Şörlinin məktubu isə 20 apreldə Koray və Abel tərəfindən tərcümə edilmişdi. Hüseynəli bəyə etimad qazandıran əsas faktorlardan biri Şörlinin ucbatından Rusiyada həbsdə yatan Nikola de Melo haqqında söz açmağı idi. Şörli onun haqqında heç bir raport verməmişdi.[23] 21 apreldə artıq Venesiya səfiri Moçeniqo bildirirdi ki, sənədlərin tərcüməsi nəticəsində Şörlinin əsl səfir olmadığı məlum olub. Onun dediyinə görə, Şörli isə Romada heç kimin farsca bilmədiyini deyir, tərcümənin yanlış olduğunu iddia edirdi. Sessa hersoqu Hüseynəli bəy haqqında məlumatlarını Pedro Antonio Abbiosodan alırdı. Görünür, Abbioso Əsəd bəylə dostlaşdığı kimi, Hüseynəli bəylə də dostlaşmışdı. Bu mübahisələrin ucbatından Papa ilə görüş də gecikirdi. Nəhayət, Papa onları ayrı-ayrı tarixlərdə qəbul etməli oldu – Şörli ilə 25 apreldə, Hüseynəli ilə isə 26 apreldə görüşəcəkdi.

Papa ilə görüşlər

Silvio Antoniano

Şörli gözləniləndən 2-3 saat gec – axşam saatlarında qəbul edildi. Fabio Biondi və Mukante ilə müşayiət edilən Şörli Belveder həyətindən saraya daxil oldu. Onu kardinallar Çesare Baronio (1538-1607), Silvio Antoniano (1540-1603), Robert Bellarmino (1542-1621), Aldobrandini qardaşları qarşıladılar. Papanın sağında və solunda əyləşən kardinallara baş əyən Şörli, protokola görə əyilərək Papanın da ayağını öpdü. Diz çökən Şörli Papa ilə italyanca danışmağa başladı, lakin o qədər alçaq səslə danışırdı ki, düz arxasında olan Mukante sözləri güclə başa düşürdü. Papa Şah Abbasın niyə öz millətindən olmayan birini səfir göndərməsi ilə maraqlanırdı, amma İsanı yad edərək onun həvarilərinin də hazırlıqlı olmadığını xatırlamışdı. Mukantenin dediklərinə görə, VIII Klement üçün Səfəvi şahı və Osmanlı sultanı arasında fərq yox idi – ikisi də müsəlman idilər. Şah Abbası daha önəmli edən isə onun xristian olmaq potensialı idi. Şörli ilə daha sonra yenidən danışmaq üçün söz verən Papa onu daha sonra hüzurundan azad etmişdi.

Növbəti gün axşam 9 radələrində Hüseynəli bəy eyni üsul və protokol qaydası ilə saraya daxil oldu. Bu görüşə əlavə iki kardinal – Montova və Paraviçino da gəlmişdi. Hüseynəli bəy Papanın ayaqqabısının üzərindəki xaç motivinə toxunmamaq üçün Papanın geyimindən öpmüşdü. Şörlidən fərqli olaraq, tək yox, 12 nəfər ilə gəlmişdi. Görüşdə Roma tərəfdən təkcə kardinallar yox, Riano, Peretti və Malatesta qrafları da iştirak edirdilər. Hüseynəli bəy danışarkən öz dilində danışmış, Mukantenin sözlərinə görə, “heç kimin başa düşmədiyi şeylər” demişdi. Papaya verilmiş məktubun əsli, təəssüf ki, hələ tapılmamışdır. Papa Şah Abbasın dostluğundan məmnun olduğunu amma xristian olarsa, əsil müttəfiqə çevriləcəyini bildirmişdi. Hüseynəli bəy isə cavabında Allahın işini bilməyin mümkün olmadığını, Şah Abbasın və hətta Hüseynəli bəyin özünün də nə vaxtsa xristian ola biləcəyi ehtimalının olduğunu demişdi.[24]

Hüseynəli bəylə görüşün daha təmtəraqlı olması, kardinallardan əlavə zadəganların da təşrif etdiyini görən Venesiya səfiri 28 apreldəki raportunda Papanın Hüseynəli bəyi əsas səfir kimi qəbul etdiyini yazırdı. Səfirlərin Papa ilə formal olan ikinci görüşü Kvirinal sarayında 2 may tarixində baş tutdu – bu dəfə birinci Hüseynəli bəy (səhər), ikinci qəbul edilən isə Şörli (günorta) idi. Görüşlərdə Osmanlıya qarşı siyasi ittifaq ehtimalı, İranda xristianların vəziyyəti və Şah Abbasın xristian olma ehtimalı müzakirə edildi. Hüseynəli bəy “Məhərrəm 1007” tarixində imzaladığı sənəddə Şörlinin ondan oğurladığı hədiyyələrin siyahısını göstərmişdi – hər hədiyyədən 72 ədəd olub, toplam 648 dənə idi. Şörlinin görüşü isə xüsusilə siyasət fokuslu idi. Onun fikrincə, Səfəvilər dövlətindəki şiəlik Osmanlıdakı sünniliyə nisbətən xristianlıq ehkamlarına daha yaxın idi.[25] Şörli Papadan Neapol-Messina-Krit-Aleksandretta-Tripoli-Dəməşq-Hörmüz yolu ilə İrana qayıtması üçün pasport, özü də tərcüməçisi Mixelangelo Koray üçün maddi imkan və diplomatik etimadnamə istəyirdi. O hesab edirdi ki, oktyabra İsfahana çatmalıdır və həmin il də Osmanlıya qarşı müharibə başlamalıdır.[26]

Diplomatlarla görüşlər

Aldobrandini sarayı (Wikimedia)

Görüşlərdən sonra Papa Fraskatidəki Aldobrandini sarayına çəkildi və Romaya ancaq 8 may tarixində qayıtdı. Boş vaxtdan istifadə edən Şörli 4 mayda Toskana səfirinə yaxınlaşaraq, Hüseynəlinin onun haqqında danışdıqlarının yalan olduğunu qeyd etmişdi və 20 mayda onunla gizli görüş təyin etmişdi. Görüş səfirlərin qaldığı Della Rovere sarayından 2.5 km uzaqlıqda, Mediçi villasında baş tutacaqdı. Növbəti gün, ayın 5-i Venesiya səfirləri Marko Venyer və Moçeniqo birgə raportlarında Şörlinin Papanın gözündən düşdüyünü, Hüseynəli bəyin Papa məclisini Osmanlıya qarşı ittifaq qurmaq üçün inandırmağa çalışdığını yazırdılar.[27] Həmin gün Şörli fransız kardinal Fransua de Surdisi (1574–1628) görməyə getdi və ondan Fransız kralını görmək barədə məsləhət istədi. Surdis Şörliyə kardinal d’Ossatı görməyi məsləhət gördü. O da öz növbəsində kraldan xüsusi bir əmr almadığını qeyd edərək, “nə istəyirsən, et” dedi. D’Ossat Fransanın Osmanlı ilə münasibətdə neytral olduğunu nəzərə alaraq Şörlini ruhlandırmaq da istəmirdi. Kardinalın Fransa dövlət katibi Nikola de Nöyfvillə (1543–1617) yazdığı hesabata görə,  Aldobrandini sarayından mayın 8-i qayıdan Papa 2 gün sonra səfirlərin hərəsinə 1000 qızıl kron, tərcüməçilərə isə 200 qızıl kron verdi. Bu artıq Papanın səfirlərlə işinin bitdiyinin göstəricisi idi. Lakin səfirlər Romada qalmağa davam edirdilər. Hüseynəli bəy növbəti gedəcəyi yerin İspaniya, yoxsa Fransa olmağı barədə qərar verməyə çalışarkən, Şörli eyni anda Papalıq, Toskana, İspaniya və Fransa rəsmiləri ilə danışırdı. 17 mayda Papadan etimadnamə ala bilən Şörli daha sonra yuxarıda yazdığım kimi, Şörli 20 mayda Toskana səfiri ilə gizli görüş təyin etmişdi.

Mediçi villası, Roma (Wikimedia)

Həmin gün gecə radələrində, Mediçi villasında baş tutan söhbətində Şörli İrana təcili qayıtmalı olduğundan bəhs etdi. Səfirə dediyinə görə, Toskana mühəndislərini İrana aparmaq və Şah Abbasa yüksək keyfiyyətli silahlar hazırlayacaq mütəxəssislər təqdim etmək istəyirdi.[28] Onun sözlərinə görə, hersoq Ferdinando daha öncə belə bir təkliflə ancaq Papanın da razılığı olacağı təqdirdə razılaşacağını deyibmiş. İspanlar bu planı öncədən bildikləri üçün Şörlini Praqadan bəri təqib edirdilər. Çünki Abbas bu silahları əldə edərək rahatlıqla Portuqaliyanın Hörmüzdəki hakimiyyətini sonlandıra bilər, Hindistan ticarətini ələ alıb kolonial rəqibə çevrilə bilərdi. Maraqlıdır ki, Şörli söhbət zamanı Papa və Sessa hersoquna dediyi marşrutdan fərqli marşrut təklif etmişdi. O, Neapol yerinə Ankona-Raqusa-Suriya yolu ilə İrana qayıdacağını deyirdi ki, yolda ispanlar tərəfindən təqib edilməsin.[29] Şörli Papa ilə söhbətlərindən birinin üstünü açdı – o, Papadan birbaşa hersoqa bu mütəxəssisləri göndərməsini xahiş edən qısa bir yazı yazmasını və bu məktubların “Henriko Otton” vasitəsilə Florensiyaya çatdırılmasını xahiş etdiyini söylədi.[30]

Səfir Nikkolini Şörliyə qarşı müxtəlif dairələrdən ona qarşı irəli sürülən ittihamlar haqqında öyrəndiyi hər şeyə baxmayaraq, onun etibarlı olduğuna qərar vermişdi. ”Henriko Otton” isə bir neçə il sonra Venesiyada yaşayacaq və ötən yazılarda qeyd etdiyim kimi, Ferdinando ilə artıq tanış olan ingilis diplomatı ser Henri Uotton idi. Bu şəxs çox böyük ehtimalla Hüseynəlinin Venesiya səfiri Moçeniqoya haqqında xəbərdarlıq etdiyi adam idi. Daha əvvəl də qeyd etdiyimiz kimi, Uotton da Şörli kimi Esseks qrafının agentlərindən olub, onunla Pizada görüşmüşdü.

26 may tarixində Romaya İngiltərə ilə bağlı yeni məlumatlar gəldi – Kraliça Yelizaveta edam edilmiş Esseks qrafının Niderlanddan maliyyələşdiyi ilə bağlı xəbər almışdı. Venesiya səfirləri öz raportlarında “bu söz-söhbət ispanlar tərəfindən yayılır, çünki onlar bu üsyanda əlləri olmadıqlarını göstərmək istəyirlər” deyə qeyd etmişdilər. Bu, Şörlinin artıq İngiltərənin həndəvərinə belə yaxın gedə bilməyəcəyindən xəbər verirdi. Həmin gün Hüseynəli bəy Fransız səfiri ilə görüşərək ona Fransa yerinə İspaniyaya gedəcəyi barədə məlumat verdi. Növbəti gün, 27 mayda Şörli də səfir ilə görüşərək İspaniya, İngiltərə və ya Fransa yerinə “qardaşını götürmək üçün” birbaşa İrana qayıdacağının xəbərini verdi. Şörli artıq Sessa hersoqundan Hörmüzə getmək üçün  etimadnamə almışdı. Hörmüz kapitanı Luiz de Qama[31] və Portuqal Hindistanı canişini Ayres de Saldanyaya[32] yazılan məktubda Şörlinin əvvəl protestant, indi isə katolik olduğunu qeyd edirdi, buna görə də ona toxunulmamasını bildirirdi. 28 mayda Papalıq sarayından bir şəxs Şörliyə 100 kron ianə verərək Romanı tərk etməyini tapşırdı. Həmin gün Pietro Aldobrandini Toskana hersoquna Şörliyə mühəndislər barədə kömək etməsini xahiş edən bir məktub yazdı.[33]

Şörlinin taleyi

Növbəti gün Şörli tələsik Romanı tərk etdi və Toskanalılara söz verdiyi kimi, Ankonaya yola düşdü. Kardinal d’Ossat 11 iyundakı raportunda yazırdı:

O getdiyi zaman yaxşı xatırlanmadı, çünki borclu olduğu kəsləri yarı yolda qoydu və Romada olan bir ingilisə borcu qaytarmaq üçün pul qoyub getdiyini söyləyərək onları ümid və vədlərlə təhqir etdi.[34]

Aires de Saldanya (təxm. 1591)
Portuqaliyalı Don Manuel

Şörlidən fərqli olaraq, Venesiya səfirlərinin verdiyi raporta görə, Hüseynəli bəy hələ Romada idi.[35] Hüseynəli bəy Sessa hersoquna Şörlinin İrana getməyəcəyindən əmin olduğunu, Ankonadan Raqusaya keçəcəyini deyirdi.[36] Görünür, Hüseynəli bəy Şörlinin gizli görüşünün detallarından necəsə xəbərdar olmuşdu. Həqiqətən də, 6 iyunda Ankonadan kardinal Pietro Aldobrandiniyə məktub yazan Şörli məktubunda öz emissarı kimi Ciovanni Tommaso Paqliarinini təyin etdiyini qeyd edirdi. Müqəddəs Lazar cəngavər ordeninin üzvü Paqliarini Şörli ilə hələ Praqada Papa nunsiyasının[37] saqisi olarkən tanış olmuş və onun sağ əlinə çevrilmişdi. Paqliarinin əmisi Ankonada kanon idi və Mediçi casus şəbəkəsinin bir hissəsi idi. Şörlinin bu şübhəli hərəkəti Habsburqların Neapol canişini Fernando Ruiz de Kastronun onun arxasınca öz casusu Vinçentzo de Bunini salmağına səbəb olmuşdu. 15 iyul tarixinə aid raportda Şörlinin Raqusada Esseks qrafının bir katibi – güman ki, Uotton – Portuqaliya taxtına iddiaçı Don Manueli[38] ilə birlikdə gözlədiyi qeyd edilirdi. Hədəf guya o idi ki, birlikdə Qoaya gedərək üsyan qaldırsınlar və Manueli Portuqal kralı elan etsinlər.[39] Şörlinin hər addımını izləməsi tapşırılan Buni onu müasir Xorvatiyada, o vaxtlar Venesiya mülkü olan Zadarda tapmışdı. Buni 12 avqustda canişinə Şörlinin Fiumedən[40] keçərək Moskvaya getmək istədiyini çatdırdı. Don Manuel şaiyəsinin real olmadığını görən ispanlar Şörlinin hərəkətlərini izləməyi dayandırdılar. Şörli nə Rusiya, nə də İrana getdi, bir müddət Venesiyada yaşadı.

Məqalələr silsiləsində Şörlinin sərgüzəştləri haqqında yazmağı hələlik dayandırıram və növbəti məqalələrdə fokusu Hüseynəli bəyin sərgüzəştlərinə yönləndirəcəyəm.


İstinad və qeydlər

[1] Bax: Cavid Ağa, “Şah Abbasın Avropa Casusları – İlk Kontaktlar,” Baku Research Institute, Yanvar 21, 2024, https://bakuresearchinstitute.org/sah-abbasin-avropa-casuslari/; Cavid Ağa, “Şah Abbasın Avropa Casusları – Böyük Avropa Səfirliyi,” Baku Research Institute, Fevral 22, 2024 https://bakuresearchinstitute.org/sah-abbasin-avropa-casuslari-boyuk-avropa-sefirliyi/; Cavid Ağa, “Şah Abbasın Avropa Casusları – Gizli Səfirlik,” Baku Research Institute, Mart 15, 2024 https://bakuresearchinstitute.org/sah-abbasin-avropa-casuslari-gizli-sefirlik/; Cavid Ağa, “Şah Abbasın Avropa Casusları – Böyük Avropa Səfirliyi (II hissə),” Baku Research Institute, Aprel 14, 2024 https://bakuresearchinstitute.org/sah-abbasin-avropa-casuslari-boyuk-avropa-sefirliyi-2/; Cavid Ağa, “Şah Abbasın Avropa Casusları – Polşa Səfirliyi” Baku Research Institute, May 25, 2024 https://bakuresearchinstitute.org/sah-abbasin-avropa-casuslari-polsa-sefirliyi

[2] Vatikan arxivi, Fondo Borghese, III, cild 106, fasc. E, sənəd 4.

[3] Bax: Vatikan Kitabxanası, Vat. Lat. 12319, səh. 164r-166r. Rəqəmsal variant: https://digi.vatlib.it/view/MSS_Vat.lat.12319

[4] Vatikan arxivi, Fondo Borghese, I, cild 801, səh. 548v-551v.

[5] İtalyanca: Porta del Popolo

[6] İtalyanca: Piazza del Gesu, orijinal mətndə qədim ad olan – Plateam Alteriorum istifadə edilib.

[7] İtalyanca: Monte Giordano, Papa III Nikolasın qardaşı kardinal Cordanonun şərəfinə adlandırılmışdır.

[8] İtalyanca: Arco dei Banchi

[9] İtalyanca: Borgo Nuovo və ya Via Alessandrina küçəsi 1936-cı ildə Barışıq küçəsi (Via della Conciliazione) tikintisi zamanı məhv edilmişdir.

[10] İtalyanca: Castel Sant’Angelo

[11] G. Le Strange, Don Juan of Persia, səh. 285

[12] Simankas Dövlət Arxivi (bundan sonra AGS), EST, K. 1630, C. 36, sənəd 88.

[13] Lettres de l’illustrissime et révérendissime Cardinal d’Ossat, evesque de Bayeux au roy Henry le Grand, et à Monsieur de Villeroy depuis l’année 1594 jusques à l’année 1604, Paris 1644, səh. 584. (Rəqəmsal: https://archive.org/details/bub_gb_4qAVkmxP6IEC/page/n595/mode/2up)

[14] Florensiya arxivi, ‘Lettera di Giovanni Niccolini a Ferdinando I, 14 aprile 1601,’ MdP, 3317, səh. 268 r-v

[15] ‘Venice: April 1601’, Calendar of State Papers Relating To English Affairs in the Archives of Venice, Volume 9, 1592-1603, (London, 1897), səh. 449-457. British History Online https://www.british-history.ac.uk/cal-state-papers/venice/vol9/pp449-457

[16] İspanca: Moro, İberiya yarımadasında xristianların müsəlmanlar üçün istifadə etdiyi ümumi termin idi.

[17] AGS, EST, K. 1630, sənəd 111 (İspaniyanın Romadakı səfiri Sessa hersoqudan III Filippə, Roma, 8 iyun 1601-ci il)

[18] Vatikan arxivi, Fondo Borghese, III, cild 107-G-H, səh. 192.

[19] Vatikan arxivi, Fondo Borghese, IV, cild 163, səh. 116v-117.

[20] Carlos Alonso, Embajadores de Persia en las cortes de Praga, Roma y Valladolid (1600-1601): Anthologica Annua 36 (1989) səh. 83 – bu sənədi əldə etməkdə mənə kömək etdiyi üçün İspan Kilsə Tarixi İnstitutundan Ernan Qodoya təşəkkür edirəm.

[21] Vatikan, Propaqanda Fide arxivi, Miscellanee diverse, cild. 21, səh. 102r-v

[22] İtalyanca: Zecchino – Venesiyada zərb edilən qızıl pul.

[23] Vatikan arxivi, Fondo Borghese, III, cild 106, facs. E, sənəd 10.

[24] Vatikan arxivi, Fondo Borghese, I, cild 801, səh. 566r-575v.

[25] Vatikan arxivi, Fondo Borghese, IV, cild 52, səh. 334-337

[26] Vatikan arxivi, Fondo Borghese, III, cild 106, facs. E, sənəd 18.

[27] ‘Venice: May 1601’, Calendar of State Papers Relating To English Affairs in the Archives of Venice, Volume 9, 1592-1603, (London, 1897), səh. 457-462. British History Online https://www.british-history.ac.uk/cal-state-papers/venice/vol9/pp457-462

[28] Florensiya arxivi, Mediceo del Principato, 3317, səh. 382v

[29] Florensiya arxivi, Mediceo del Principato, 3317, səh. 383

[30] Florensiya arxivi, Mediceo del Principato, 3317, səh. 384rv

[31] AGS, EST, K. 1630, sənəd 113

[32] AGS, EST, K. 1630, sənəd 112

[33] Vatikan arxivi, Fondo Borghese, II, cild 482-483, səh. 261v

[34] Lettres de l’illustrissime …, səh. 616-617

[35] ‘Venice: June 1601’, Calendar of State Papers Relating To English Affairs in the Archives of Venice, Volume 9, 1592-1603, (London, 1897), pp. 462-463. British History Online https://www.british-history.ac.uk/cal-state-papers/venice/vol9/pp462-463

[36] AGS, EST, K. 1630, sənəd 120

[37] Nunsiya – Papanın müxtəlif dövlətlərdə səfir vəzifəsini yerinə yetirən məmuru.

[38] Manuel de Aviz (1568-1638), Portuqaliya taxtına iddiaçı idi. Portuqaliya kralı I Manuelin ikinci oğlu Lüinin qeyri-qanuni nəvəsi idi. Bu iddiaçı İngiltərə kraliçası Yelizaveta tərəfindən dəstəklənirdi.

[39] AGS, EST, leg. 1097, sənəd 147.

[40] Müasir Riyeka, Xorvatiya.

Eyni silsilədən ötən yazılar

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.