fbpx

iqtisadiyyat

iqtisadiyyat

Azərbaycanın Covid-19 xərcləri şəffaflıq güzgüsündə

Read this article on other language
Download article
image_pdf
image_pdf

Bu yazıda Azərbaycanın Covid-19 xərclərinin şəffaflığı və hesabatlılığının təhlili yer alır. Tanınmış beynəlxalq Açıq Büdcə İndeksi tərtibatçılarının məxsusi olaraq Covid-19 xərcləri ilə bağlı hazırladığı modul bu istiqamətdə Azərbaycanın mövqeyini sərgiləyir və bir sıra məqamlarda hökumət və vətəndaş cəmiyyəti üzvlərinə ciddi təhlil üçün əsas verir.

Covid-19 xərcləri: beynəlxalq mənzərə  

2020-ci ilin sonuna Covid-19 pandemiyasının neqativ təsirlərini qarşılamaq üçün dünyada 400-dən artıq fiskal paket hazırlanmış və ümumilikdə  bu məqsədlə 14 trln. ABŞ dolları vəsait səfərbər edilmişdi. Hazırda bu məbləğ daha da çoxdur.

Hökumətlərin səfərbər etdiyi fondlar əsas etibarı ilə dövlət vəsaiti olduğundan onların şəffaflığı və hesabatlılığı əlahiddə bir problem kimi meydana çıxır. Fövqəladə hadisələrin idarə edilməsi qeyri-standart yanaşma tələb edir və bu məqsədlə yaradılmış maliyyə fondlarının şəffaf idarəçiliyi özü-özlüyündə xüsusi idarəetmə üsullarının istifadə edilməsini zəruri edir.

Covid-19-un xərclərinin şəffaflığını və hesabatlılığını qiymətləndirmək məqsədilə tanınmış Beynəlxalq Büdcə Tərəfdaşlığı (İnternational Budget Partnership – İBP) təşkilatı Açıq Büdcə İndeksi (ABİ)-2021  tədqiqatı çərçivəsində xüsusi modul hazırlayıb, 120 ölkə üzrə qeyd edilən xərclərin nə dərəcədə şəffaf və hesabatlı olmasını qiymətləndirib.

Bu ölkələr sırasında Azərbaycan da var və nəzərə alsaq ki, əksər digər ölkələr kimi Azərbaycan hökuməti də pandemiyanın başlanğıcından bu sahəyə xüsusi diqqət və həssaslıqla yanaşmanı nümayiş etdirərək, kifayət qədər böyük məbləğdə vəsait səfərbər etdi, ölkənin həmin qiymətləndirmədə qərarlaşdığı mövqeyini təhlil etmək maraqlıdır.

Azərbaycan hökumətinin Covid-19–la bağlı addımları 

Azərbaycan hökuməti Covid-19 pandemiyasının neqativ təsirlərini yumşaltmaq məqsədilə aşağıdakı addımları atmışdı. İlk öncə  Koronavirus pandemiyasının mənfi təsirlərinin azaldılması ilə bağlı tədbirlərlə bağlı 19 mart 2020-ci il tarixində Prezident Sərəncamı imzalanmışdı. Nazirlər Kabinetinin 4 aprel 2020-ci il sərəncamı ilə Tədbirlər Planı təsdiq edildi və elə həmin tarixdə İqtisadi artıma və sahibkarlara dövlət dəstəyi tədbirlərinin mexanizmləri adlı əsas sənəd – Fəaliyyət Planı işıq üzü gördü. Növbəti addım Nazirlər Kabinetinin 7 aprel 2020-ci ildə birdəfəlik ödəmə (190 AZN) qərarı oldu. Nəhayət, 13 avqust 2020-ci ildə 2020-ci ilin dövlət büdcəsinə yenidən baxıldı, Covid-19-la bağlı büdcənin həm gəlir, həm də xərc hissəsinə müvafiq dəyişiklik edildi.

Bütövlükdə Azərbaycan hökuməti  Covid-19-un neqativ təsirlərinin  azaldılması fəaliyyəti üzrə 3.3 mlrd.  AZN vəsait ayırmışdı ki, bu da ÜDM-in 4%-i edir. Amma praktikada istifadə edilən məbləğ bundan az oldu. BVF-nin qiymətləndirməsinə görə, Azərbaycan bu göstəriciyə görə orta sıralarda yer tutub. İBP-nin Covid-19 modulu ABİ-nin metodologiyasına uyğun olaraq 3 dayağı (şəffaflıq, nəzarət və ictimai iştirakçılıq) özündə əks etdirir.

Metodologiya

Covid-19 xərclərinin tədqiqatı xüsusi modulu ABİ–nin standart yanaşmasından fərqli olaraq ölkələrin  renkinq üzrə yox, bu və ya digər qrupda yer alması prinsipinə əsaslanır. Belə ki, İBP 0-1 arası 5 kateqoriyadan ibarət qruplar yaradıb, həmin qrupa düşən ölkələri müəyyənləşdirib. Bu kateqoriyalar minimum məlumat (0-0.20 bal), məhdud məlumat (0.21-0.40), bəzi məlumatlar (0.41-0.60), adekvat məlumat (0.61-0.80) və əsas məlumatlardır (0.81-1.00).

Maraqlıdır ki, sorğuda iştirak edən 120 ölkədən heç biri əsas məlumat tələbinə tam cavab verməyib və bu kateqoriya boş qalıb. İBP ekspertlərinin özlərinin də qeyd etdiyi kimi bu bir daha onu təsdiqləyir ki, Covid-19 pandemiyası doğrudan da fövqəladə hadisə olduğundan hökumətlər ona hazır deyildi və ümumən xəcləmələri arzu edilən səviyyədə şəffaf olmadı.

Azərbaycanın indeksdə mövqeyi

Azərbaycana gəlincə, gözlənildiyi kimi, ümumilikdə Covid-19 -la bağlı hazırlanmış rəsmi sənəd və planlar nə qədər mükəmməl və onlara çıxış nə qədər açıq olsa da, xərcləmələrə nəzarət və xüsusilə ictimai iştirakçılıq arzu edilən səviyyədə olmayıb. Azərbaycan qiymətləndirmədə ən böyük qrup olan (55 ölkə) məhdud məlumat yayan qrupda yer alıb. Müqayisə üçün bu qrupda qonşu ölkələrimiz Gürcüstan, Ermənistan, Rusiya və digərləri də var. Digər maraqlı məqam ondan ibarətdir ki, qardaş Türkiyə 31 ölkə ilə birlikdə daha zəif qrupda (minimum məlumat) yer alıb.

Covid-19 modulunun qiymətləndirməsində Azərbaycanın ən yaxşı mövqeyi makroiqtisadi və büdcə məlumatlarına (macroeconomic and aggregate budget info) aiddir ki, bu baxımdan da ölkənin adı adekvat qrupda qeyd edilib. Digər komponentlər – fiskal paketin təqdimatı, siyasət tədbirləri və  maliyyə mənbələri nisbətən yaxşı bəzi məlumatlar sırasındadır.

Bu onu göstərir ki, kontektstual baxımdan hökumət kifayət qədər yaxşı idarəçilik nümayiş etdirib və xüsusilə 2020-ci ilin dövlət büdcəsinə dəyişikliklər paketində ümumi vəziyyətin qiymətləndirilməsi nisbətən yüksək səviyyədə həyata keçirilib.

Amma bu fonda fiskal paketin reallaşması (implementation of the package), icra ilə bağlı hesabatlılıq (reporting on execution) və satınalmalarla bağlı məlumat (procurement) minimum məlumat kimi qiymətləndirilib.

Covid-19 maliyyəsinə nəzarət də çox aşağı səviyyədə olub. Belə ki, həm qanunverici orqanın nəzarəti (role of legislatures), həm Hesablama Palatasının rolu (role of national audit offices) minimum məlumat qrupuna aiddir. İctimai iştrakçılıq da, gözlənildiyi kimi minimum səviyyədə olub.

Nəticə və düşünməyə vadar edən suallar

Tədqiqatın nəticələrini, habelə ayrı-ayrı komponentlər üzrə Azərbaycanın mövqeyini nəzərə alaraq aşağıdakı qənaətə gəlmək olur:

Covid-19 xərcləri ilə bağlı hökumətin yanaşması və ilkin mərhələdə pandemiyanın mənfi təsirlərinin azaldılması istiqamətində kifayət qədər ardıcıl və məntiqi addımların atılması onu deməyə əsas verir ki, hökumətin səfərbəredici potensialı çox yüksəkdir. Lazım olan anda hökumətin, demək olar ki, bütün institutları problemə köklənə bilirlər. Bu məsələ ilk baxışdan adi görünə bilər, amma hazırda çoxlu sayda digər ölkələr üçün yaxşı idarəçiliyin bərqərar olması yolunda məhz hökumətin səfərbəredici potensialının zəifliyi ciddi maneədir. Dövlət idarəçiliyində səfərbər edilmə potensialı və strateji məqsədə unison hədəflənmə son anda effektiv dövlət idarəetməsini səciyyələndirir. Təsadüfi deyil ki, müvafiq indekslərdə Azərbaycan məhz bu indikator üzrə son illər nisbətən yaxşı mövqe nümayiş etdirir.

Qeyd edilməlidir ki, xərclərin icrası ilə bağlı müntəzəm məlumatların olmaması, habelə xərcləmələrin izlənməsinin çox halda mümkünsüz olması, xüsusilə satınalmalarla bağlı məlumat çatışmazlığı, həmişə olduğu kimi, Covid-19 xərcləmələrində də zəif bənd olaraq qalmaqdadır.

Bu o deməkdir ki, bu istiqamətdə irəliləyişə imza atmaq mümkünsüzdür? Əslində hökumət digər addımları ilə bunun əksini sübut edir. Misal üçün, Azərbaycanın ABİ-də ənənəvi olaraq zəif bəndlərindən biri-büdcənin il ərzində gəlir və xərclərinin yerinə yetirilməsinin izlənməsi idi.  Əvvəllər Maliyyə Nazirliyi bu məlumatı qısa rüblük bülletenində dərc edirdi ki, bu da beynəlxalq standartlara cavab vermədiyindən ölkənin reytinqini adı çəkilən indeksdə aşağı salırdı. Lakin, artıq 2-ci ildir ki, Maliyyə Nazirliyi bu komponent üzrə veb səhifəsində xüsusi pəncərə yaratmış və aylıq mütəmadi və ən əsası detallı məlumatları yerləşdirməklə xeyli irəliləyiş etdi. Bununla Maliyyə Nazirliyi həm də onu göstərdi ki, ictimai maliyyənin şəffaflığının təminatı istiqamətində nə siyasi, nə də texniki maneə yoxdur. Yetər ki, iradə olsun.

Digər düşündürücü məsələ qanunverici orqanın həm büdcə prosesində, həm də Covid-19 xərcləmələri ilə bağlı əsasən müşahidəçi mövqeyi, prosesdə aktiv iştirak etməməsidir. Büdcə prosesində parlamentin rolunun gücləndirilməsi konkret addımlardan başlayır və vətəndaş cəmiyyəti bu sahədə qanunverici orqanla sıx əməkdaşlıqda maraqlıdır.

Yuxarıdakının məntiqi davamı olaraq ictimai iştirakçılıq kimi mühüm məsələ hökumətin və parlamentin gündəliyində durmalıdır. İctimai iştirakçılığın qərar qəbul etmədə vacibliyi haqda çox yazılıb, amma problem aktual olaraq qalmaqda davam edir. Bu işin də düzgün təşkili üçün öncə tərəflərlə müzakirəyə ehtiyac var.  Şübhə var ki, bəzilərimiz ictimai iştirakçılığın nə üçün bu qədər vacib olmasını və hətta mahiyyətinin nədən ibarət olmasını tam dərk etmirik.

Beləliklə, Covid-19 modulu əslində mövcud problemlərin bir qismini üzə çıxartdı, maraqlı tərəflər, xüsusən vətəndaş cəmiyyəti üzvləri üçün bu bir fürsətdir ki, yaxın zamanda qeyd edilən problemlərin həlli yönümündə konkret əməkdaşlıq təkliflərini formalaşdırıb, tərəflərlə əməkdaşlıq zəminində fəaliyyətə başlasınlar.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.