fbpx

Cəmiyyət

Cəmiyyət

Bilik: əsaslandırılmış doğru inam detallarda

Read this article on other language
Download article
image_pdf
image_pdf

İqtidar yüklü anlayışlar var. Bilik onlardan biridir. Ona görə də biliyin nə olub-olmaması haqqında düşünməkdə fayda var, belə ki, digər iqtidar yüklü anlayışlarda olduğu kimi, bilik anlayışının da bizim təsdiqləyici mövqeyimizə, hətta müvafiq davranışımıza iddiası var. Anlayışların iqtidar yükü isə özlüyündə intellektual iştahaçıcı bir potensialdır, çünki səni başqaları üzərində təsir sahibi, özü də müsbət təsir sahibi edir. Buna görə də insan iqtidar yüklü anlayışlardan tez-tez istifadəyə həvəsli olur, belə həvəs isə təbii olaraq sui-istifadə hallarına da yol açır. İqtidar yüklü anlayışlar bir növ intellektual valyutadır. Necə ki, valyuta çatışmazlığında psevdovalyuta dövriyyəyə girir, intellektual valyutamız çatışmayanda da intellektual psevdovalyuta yaradırıq, ya da dövriyyədə olanından istifadə edirik. Digər bütün başqa səbəbləri kənara qoyaraq, ən azı bu səbəbdən, yəni intellektual valyutanı intellektual psevdovalyutadan ayıra bilmək müstəvisində iqtidar yüklü anlayışları, o cümlədən də, bilik anlayışını analiz etmək lazımdır.

Anlayışların “iqtidar yükü” dedikdə bu və ya digər anlayışın müəyyən sosio-mədəni faktorların məhsulu olması, iqtidar(lar)ın mövqeyini əks etdirməsi kimi postmodernist iddianı – bu iddianı inkar etməməklə yanaşı – nəzərdə tutmuram. Anlayışların iqtidar yükü dedikdə onların avtomatik olaraq müsbət konnotasiyalı olması nəzərdə tutulur. Ədəbiyyatda buna bəzən anlayışların/konseptlərin səbəbvermə potensialı deyilir.

Bənzətmələrlə bol olan girişimizdən sonra mətləbə keçə bilərik. Biliyin nə olub-olmadığı haqqında öz mülahizələrimizi formalaşdırmazdan əvvəl bu anlayışın tarixinə nəzər salmaq lazım gəlir. Bilik anlayışının tarixinə baxış həm də ona görə gözardı edilə bilməz ki, bu anlayışın ən qədim definisiyası olan “əsaslandırılmış doğru inam” konsepti artefakt deyil, hələ də müzakirələr üçün aktuallığını saxlayan ideyadır, 1963-cü ildə Edmund Qetierin  məşhur Əsaslandırılmış doğru inam bilikdirmi? essesinə qədər isə, ümumiyyətlə, sorğulanmayan və ümumi olaraq qəbul edilən fikir idi.

İlk əvvəl gəlin baxaq ki, biliyin klassik definisiyası olan “əsaslandırılmış doğru inam”  konkret olaraq nə deməkdir.

İnam

Göründüyü kimi, “əsaslandırılmış doğru inam” ifadəsində üç element var. Sütun element “inam” hissəsidir. Bu konseptə görə bilik sahibi ola bilməmiz üçün əvvəlcə bizə inam sahibi olmaq lazımdır. İnam dedikdə burada təsdiq, ya da inkar edilə bilən fikirlər, iddialar və qənaətlər nəzərdə tutulur. Epistemologiyada bunları ümumiləşdirərək ifadə etmək imkanı verən başqa bir oxşar anlayış propozisiyadır. Propozisiyalar adətən təsdiq cümlələrində ifadə oluna bilən məzmunlardır və əsas xüsusiyyəti doğruluq daşıyıcıları ola bilmələridir. Məsələn, suallar doğruluq daşıyıcıları ola bilməzlər. “Velosipedin neçə təkəri var?” sualı haqqında “doğrudur”, ya da “yanlışdır” demək olmur. (Söhbət epistemik doğruluq konseptindən gedir. Gündəlik dildə işlətdiyimiz “doğru sual”/“yanlış sual” əslində “münasib sual”/“münasib olmayan, yersiz sual” kimi oxuna bilər və ordakı “doğru”/“yanlış” epistemik mənada işlətdiyimiz anlayışlar deyil. Amma “Velosipedin bir (iki, üç və s.) təkəri var” iddiası haqqında “doğrudur”, ya da “yanlışdır” deyə bilərik. Bunun üçün faktlara (dünyada mövcud olan velosipedlərə), velosiped deyilən şeyin nəyi bildirməsinə (analitik çərçivəsinə) və s. baxmaq lazımdır. Yəni propozisiyaların doğruluğu faktlarla və məntiqi verilənlərlə isbatlanır. Biliyin klassik definisiyası olan “əsaslandırılmış doğru inam” ifadəsində “inam” məhz propozisiyalara istinad edir. Epistemologiyanı maraqlandıran bilik də məhz propozisional bilikdir.

“Epistemologiyanı maraqlandıran bilik də” dedikdə elə təəssürat yaranır ki, sanki biliyin başqa formaları da var. Aşağıdakı cümlələrə nəzər salaq:

A bilir ki, Eynşteyn nisbilik nəzəriyyəsini yaradıb.

A Əlini bilir/tanıyır.

A salsa oynamağı bilir.

A çiyələk dadının nə olduğunu bilir.

Bu misallardan ancaq 1-cidəki bilik növünün məzmunu – “A bilir ki,”dən sonrakı hissə – propozisiya ehtiva edir. O hissəni (Eynşteyn nisbilik nəzəriyyəsini yaradıb) p ilə işarələyə bilərik. Onda 1-ci misaldakı cümləni bu cür qısalda bilərik: A bilir ki, p. Digər misallardakı cümlələrin heç birini bu qısaltma ilə formallaşdıra bilmirik. Çünki onlarda bilinən şey propozisiyalar deyil. 2-ci misalda bilinən şey tanışlıq əsaslı bilikdir. Kimisə tanımaq onun haqqında propozisiyaları bilmədən də baş tuta bilər. Məsələn, körpə uşaqların valideynlərini tanıması kimi. 3-cüdə bilinən texniki bilikdir. Salsanı, ya da hər hansı başqa rəqsi oynamağı, velosiped sürməyi və s. bu fəaliyyətərin propozisional təqdimatı olmadan da bilmək olur. Bu fəaliyyətləri bilməyimiz üçün onlar haqqında kitablar oxumağımıza ehtiyac yoxdur, məsələn. 4-cü misalda təqdim edilən bilik birbaşa təcrübə olmadan heç bir formada bilə bilməyəcəyimiz məzmunlara misaldır. Bunlara dadları, rəngləri, iyləri bilmək kimi birbaşa sensor təcrübələr aiddir. Çiyələk dadının, qırmızı rəngi görmək, ya da yasəmənin ətrini hiss etməyin necə bir şey olduğu haqqında qalaqlarla təsvir və bənzətmə oxusaq da, bu dad, rəng və iyi bilavasitə təcrübə etmədən onları bilirik deyə bilmirik.

Doğruluq

İnamlar (yuxarıda izah olunan mənada propozisiyalar) doğru, ya da yanlış ola bilərlər. Bilik isə ancaq doğru olmalıdır. Təbii ki, müəyyən dövrlərdə bilik hesab olunan məzmunların sonradan yanlış olduğu ortaya çıxa bilər. Yəni bilik reviziya olunan bir şeydir. Amma müəyyən bir dövr üçün bilik hesab olunan, amma sonradan yanlış çıxan məzmunlara yanlış olduğu ortaya çıxandan sonra biz daha bilik demirik. Çünki doğruluq biliyin təməl şərtidir. Başqa sözlə, yanlış bir şeyi bilmək mümkün deyil.

Doğruluq anlayışının çoxçeşidli mübahisələr və fikir ayrılıqlarının mövzusu olmasına baxmayaraq, doğruluğun biliyin təməl şərti olması iddiası kifayət qədər mübahisəsizdir və müvafiq ədəbiyyatda yekdilliklə qarşılanır. Biliyin digər şərti olan əsaslandırma bundan fərqli olaraq çoxsaylı mübahisələrin mövzusudur və biliyin klassik definisiyası olan “əsaslandırılmış doğru inam” təsbitini sual altına qoyan Qetier probleminin də mübahisələndirdiyi əsas məqamdır.

Əsaslandırma

Bir inamın (propozisiyanın) doğruluğunu əsaslandırmaq nə deməkdir bəs? Bu, o deməkdir ki, mənim müəyyən bir propozisiyaya inanmağım üçün onun doğruluğuna dəlalət edən səbəb(lər) olmalıdır və mən o səbəb(lər)i tanımalıyam, onların fərqində olmalıyam. Burada əsaslandırma şərtinin iki istiqamətli olduğunu görürük. Onlardan biri biliyin subyektindən kənarda olan reallığa işarə edir, yəni biliyin subyektindən kənarda onun biliyini əsaslandıracaq bir səbəb olmalıdır və o səbəb bu subyektdən asılı olmayaraq mövcuddur. Buna eksternalist istiqamət deyilir. Məsələn, “Ay Yerin peykidir” propozisiyasının bilik olması üçün Yer adlı bir göy cisminin ətrafında fırlanan Ay adlı bir göy cisminin mövcud olması faktı və bu faktın onu kiminsə bilib-bilməməsindən asılı olmayaraq mövcud olması şərtdir. Digər istiqamət internalistdir. Yəni biliyin subyektinin şüuruna və koqnitiv perspektivinə istinad edir. Mənim “Ay Yerin peykidir” inamımı əsaslandıra bilməyim üçün təkcə müvafiq faktın mövcud olması bəs etmir, həmçinin mənim şüurlu şəkildə və koqnitiv perspektivdən bunun fərqində olmağım şərtdir. Buna internalist istiqamət deyək. Burda yenə iki məqamı, birbaşa perseptivinferensial/məntiqi əsaslandırma bazasını ayırmalı oluruq. Məsələn, bu dəqiqə olduğum məkanda kondisionerin işlədiyi fikrinin doğruluğundan ona görə əminəm ki, o kondisionerdən yayılan sərinliyi hiss edə, səsini eşidə (köhnə modeldir), özünü divarda görə bilirəm. Burada xüsusi mürəkkəb məntiqi əməliyyatlar həyata keçirməyimə ehtiyac yoxdur. Başqa misallarda amma belə məntiqi əməliyyatlara ehtiyacım ola bilər. Məsələn, ölümlü olduğum fikrindən əmin olmağımın səbəbi bütün insanların ölümlü olduğu, mənim də insan olduğum qənaətlərinə inanmağımdır. Bu iki qənaəti premis olaraq nəzərə alaraq, onlardan məntiqi çıxarışla mənim də ölümlü olmağım qənaətinə gəlirəm.

Əsaslandırmanın kriteriyaları haqqında mübahisələrdə əsas iki model diqqəti cəlb edir. Onlardan birincisi qətilik yanaşmasıdır. Bu yanaşmanın ən məşhur tərəfdarı Dekartdır, həmçinin Platon və Aristotel də qismən bura aid edilir. Bu yanaşmaya görə, bir inam ancaq o vaxt əsaslandırılmış sayıla blər ki, onun doğruluğu obyektiv səbəblərlə təmin olunsun və bu fakt da subyektiv perspektivdə dərk edilmiş olsun. Yuxarıda eksternalist internalist əsaslandırma istiqamətləri olaraq izah etdiyimiz fikirlər bu yanaşmaya aiddir.

Buna rəqib yanaşma ehtimal yanaşmasıdır (əsas nümayəndələri praqmatist C.S. Pirs və bəzi məntiqi empiristlərdir). Bu yanaşmaya görə, bir inam artıq o vaxt əsaslandırılmış sayıla bilər ki, onun doğruluğunun ehtimalı üçün səbəblər mövcud olsun. Burada səbəblər inamın doğruluğunu zəruri etmir. Ehtimal yanaşması həmçinin duyğu orqanlarının verilənləri əsasında, eləcə də induktiv çıxarışlar yolu ilə əsaslandırmanı məqbul sayır, baxmayaraq ki, duyğu orqanlarının verilənləri müəyyən şərtlər daxilində deformasiya olunub illüziya, hallüsinasiya və s. hallar ilə qarışa bilər, induktiv çıxarışların isə əqli nəticəni zəruri olaraq şərtləndirmək potensialı yoxdur. Məsələn, bütün indiyədək müşahidə olunan qu quşları ağdır premisi doğru olsa belə, ondan bütün qu quşları ağdır nəticəsi çıxarıla bilməz. Başqa sözlə, induktiv çıxarışlar, əgər bütün premislər doğru olsa belə, doğru nəticəyə keçidi qarantiya etmir, amma ehtimal yanaşması buna baxmayaraq induktiv çıxarışları inamın doğruluğunu əsaslandırmaq üçün məqbul hesab edir. Belə ki, bu yanaşmaya görə, səbəblər verilən inamın doğruluğunu zəruri yox, yalnız ehtimal olunan edə bilər.

Bu iki yanaşma arasında fərq həm də özünü əsaslandırma prosesinin dinamikasında göstərir. Qətilik yanaşmasına görə, müəyyən bir inamın bu yanaşma daxilində edilmiş əsaslandırılmasını heç bir əlavə informasiya dağıda bilməz. Bir dəfə doğru və bununla da qəti olaraq əsaslandırılan bir inam bu statusunu bütün zamanlar üçün saxlayır. Ehtimal yanaşmasına görə isə, vəziyyət bunun tam əksidir. Bu yanaşmaya görə, bütün əsaslandırmalar təkzib olunmağa açıqdır. Əlimizdə olan bütün mötəbər saydığımız səbəblər yeni informasiyaların əldə olunması ilə təkzib edilə və əsaslandırma üçün yararsız elan edilə bilər.

Yekun

Yuxarıda biliyin klassik definisiyasının əsasını təşkil edən “əsaslandırılmış doğru inam” təsbitini tərkib hissələrinə ayıraraq təqdim və izah etməyə çalışdıq. Növbəti yazımızda bu verilənlər əsasında biliyin klassik definisiyasının problemlərindən, aktuallığından, həmçinin postənənəvi bilik definisiyalarından danışacağıq.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.