fbpx

Cəmiyyət

Cəmiyyət

Veritas: Doğruluq və doğruluq nəzəriyyələri haqqında

Read this article on other language
Download article
image_pdf
image_pdf

Bu yazının ortaya çıxmasının səbəbi başqa mövzuda yazılacaq başqa bir yazıdır. İlkin məqsəd fiksiyanın epistemik statusu haqqında yazmaq idi. Yazını hazırlayarkən mütəmadi olaraq bu və ya digər anlayışı təqdim və izah etmək ehtiyacı yaranırdı. Bunlardan bəziləri daha təməl və fəlsəfi ədəbiyyatda geniş müzakirə olunan anlayışlar olduğundan onları bir yazı içində altmövzular kimi verməkdənsə, hər biri haqqında ayrıca təqdimat yazısı yazmaq qərarına gəldim. Bu anlayışların ən vacib olanları doğruluq və bilik anlayışlarıdır.

Bildiyimiz kimi, epistemologiya fəlsəfənin bilik mövzusu ilə məşğul olan hissəsidir. Əgər fiksiyanı epistemologiya müstəvisində nəzərdən keçirmək istəyiriksə, aydındır ki, biliyin nə olmasını bilməyimiz, bu anlayış ətrafında mövcud olan müzakirələrdən xəbərdar olmağımız vacibdir. Doğruluq anlayışını  daha detallı təqdim etməyimiz də məhz bununla bağlıdır. Belə ki, doğruluq həm bilik anlayışının tərkib hissəsidir (ən azından, klassik yanaşmaya görə,  bilik əsaslandırılmış doğru inamdır), həm də fiksiyanın elə sadəcə anlayışı səbəbilə (uydurma xüsusiyyətinə görə) mübahisələndirilən bir epistemik hadisədir. Beləliklə, doğruluq fiksiya və biliyin kəsişdikləri müstəvidir və hər ikisinin başa düşülməsi üçün şərtdir. Belə ki, hər üç problem (fiksiya, bilik, doğruluq) saysız-hesabsız müzakirələrin və fikir ayrılıqlarının mövzusudur. Biz burda bütün bu müzakirələrin xülasəsini verə bilməyəcəyik. Ancaq doğruluq anlayışının mübahisələndirildiyi bir neçə təməl yanaşmanı təqdim edəcəyik. Bunun üçün ilk əvvəl, ümumiyyətlə, doğruluq anlayışının əsas çərçivəsini təqdim edəcəyik.

Sizə təqdim olunan bu yazı deskriptiv xarakterli informativ təqdimatdır. Yuxarıda da qeyd edildiyi kimi, doğruluq anlayışını epistemologiyanın təməl anlayışı olaraq təqdim etmək və onun ətrafında olan müzakirələrin əsas istiqamətləri ilə oxucunu tanış etməkdir. Yazının deskriptiv xarakterli olması ilə əlaqədar qeyd olunmalıdır ki, təqdim olunan fikirlər müəllifin qənaətləri yox, mövzu ilə bağlı standart akademik ədəbiyyatda olan məlumatların xülasəsidir. Buna görə də yazıda detallı istinadlar və sitatlardan imtina edilib. İstifadə olunmuş mənbələrin ümumi siyahısı yazının sonunda təqdim olunur.

Doğruluq anlayışı haqqında 

Yuxarıda da qeyd etdiyimiz kimi, doğruluq həm bilik, həm də fiksiya konseptləri üçün təməl anlayış olduğu üçün yazının mövzusu (fiksiyanın epistemik (bilik) statusu) ilə birbaşa əlaqəli görünməsə də, əvvəl ondan başlamaq lazım olacaq. Belə ki, həm biliyin nə olması, həm də fiksiyanın nə olması haqqında müzakirələr və mübahisələr doğruluq anlayışı üzərindən aparılır. Doğruluğun definisiyasından asılı olaraq digər iki konsepti (bilik və fiksiya) də fərqli aspektlərdən fərqli cür izah edən müxtəlif yanaşmalar var.

Doğruluq epistemologiyada təməl anlayışlardan biridir. Ruh-dünya/zehin-dünya əlaqəsi üzərində qurulmuş bu anlayış idrak fəaliyyətimizin məqsədini ifadə edir. Bütün idrak fəaliyyətimizin məqsədi doğruluqdur- deyə bilərik. Hər bir halda nəyisə bilmək səylərimizin yanlış olan nəyisə öyrənmək məqsədli olduğu fikrini qəbul etmək absurd olar. Yəni nəyisə öyrənmək cəhdimizin məqsədi yanlış olan bir şeyi öyrənmək deyil, doğru olan bir şeyi öyrənməkdir. (Bu, yanlışı ortaya çıxarmaq cəhdi ilə qarışdırılmamalıdır. Yanlışı ortaya çıxarmaq cəhdinin özü də doğru olanın axtarışıdır.)

Haqqında danışacağımız nəsnə azərbaycan dilində iki sözlə, həqiqətdoğruluq ilə adlandırıla bilər. Biz bu yazıda məqsədli olaraq həqiqət yox, doğruluq terminindən istifadə edəcəyik. Bunun səbəbi Azərbaycan dilindəki həqiqət termininin çoxmənalılığı və əksər hallarda metafizik müstəvilərdə interpretasiya olunmasıdır (bax: https://bakuresearchinstitute.org/az/heqiqetin-menasi-barede/). Bu yazıda təqdim edəcəyimiz nəzəri yanaşmalar da əsas olaraq müasir doğruluq nəzəriyyələrini əhatə etdiyi üçün daha çox müvafiq doğruluq daşıyıcılarının (yəni inam, cümlə və ya propozisiyanın) doğruluğundan danışılacaq və metafizik  həqiqət haqqında mülahizələr müzakirəmizdən kənarda saxlanılacaq.

Bundan əlavə, azərbaycan dilində həqiqətdoğruluq terminlərini onların ifadə etdikləri  anlayışlara əsasən, bir-birindən ayıra bilmək imkanından istifadə edərək, biz bir çox dillərdə doğruluq anlayışı ilə bağlı çətinlik yaradan məqamlardan bəzilərini asanlıqla kənara qoya bilirik. Məsələn, ingilis və alman dillərində həqiqətdoğruluq eyni sözlərlə ifadə olunur: truewahr. Amma true love/wahre Liebetrue sentence/wahrer Satz ifadələrindəki true/wahr eyni məna daşımır və konseptual olaraq fərqlənirlər. Fərqi izah etmək üçün true/wahr sözlərini ontoloji və propozisional mənada nəzərdən keçirmək lazım olur. True love/wahre Liebe ifadəsindəki true/wahr sözün ontoloji mənasındadır, ikinci ifadədəki isə propozisional mənada. Birincisini azərbaycancaya həqiqi/əsl sevgi, ikincini isə doğru cümlə olaraq ifadə edirik. Fərq nədən ibarətdir? Ontoloji mənada true/wahr olan nəsnənin həqiqiliyi onun özü hesab olunan standarta istinadən müəyyənləşdirilir. Bu öz bir şeyin əslində necə olmalıdır sualına cavabdır (ya da cavab olmalıdır). Yəni bir şey üçün əslində necə olmalıdır kriteriyası qəbul olunur və bu kriteriyaya uyğunluğunun dərəcəsinə görə həmin şey həqiqi hesab edilir, ya da edilmir. Məsələn, həqiqi sevgi, həqiqi dostluq, həqiqi qızıl və s. Başqa sözlə, burada nəsnə ölçüyə uyğunlaşdırılır. Buradakı əlaqə həqiqilik ölçüsü<= dünya (dünyadan həqiqilik ölçüsünə istiqamətli) formasındadır. İkinci misalda isə biz adi danışıqda həqiqi cümlə yox, doğru cümlə deyirik. Buradakı doğruluq propozisionaldır (bax: bu yazının Propozisiyalar bölümü). Əlaqə isə doğruluq daşıyıcısı  => dünya formasındadır. Yəni bir cümlənin doğruluğundan danışarkən biz onu mükəmməl cümlə ölçüsü ilə dəyərləndirib, əsl cümlə olub-olmadığını yox, o cümlədə deyilənin (propozisiya) dünya (gerçəklik) ilə uyğun gəlib-gəlmədiyini sorğulayırıq.

Bu mənada epistemologiya həqiqətlə yox, doğruluq ilə maraqlanır. Çünki şeylər özlüyündə necə olmalıdır epistemologiyanın mövzusu deyil, onun mövzusu biz nəyi və necə bilə bilərik və bunun ətrafında olan digər suallardır. Bəs doğruluq propozisional xarakterlidir deyərkən nə nəzərdə tutulur? Epistemologiyanı maraqlandıran doğruluğun ontoloji konnotasiyalı həqiqətdən fərqi nədir?

Fərq doğruluq daşıyıcıları olaraq nələrin hesaba alınmasındadır. Nələr doğru ola bilər? Nəyi/nələri doğruluq daşıyıcıları hesab edə bilərik? Cümlələr, inamlar, fikirlər, ya da propozisiyalar –  bunlar epistemologiya tarixində doğruluq daşıyıcıları olaraq nəzərdən keçirilən, uzun mübahisələrin mövzusu olan namizədlərdir. Bu namizədlərin hər birinin doğruluq daşıyıcısı olaraq problemli tərəflərindən bir qədər sonra danışacağıq. İlk olaraq isə gəlin onların hamısına ortaq olan xüsusiyyəti müəyyən edək.

Bu doğruluq daşıyıcıları bir nəsnəni hər hansı bir formada əks etdirir. Ümumi qəbul olunan çıxış nöqtəsi budur ki, əgər bu doğruluq daşıyıcıları əks etdirdikləri nəsnəni gerçəkliyə uyğun olaraq edirlərsə, onlar doğrudur. Etmirsə, onlar yanlışdır. Onların hamısına ortaq olan şey propozisional məzmundur. Propozisional məzmunda bir şeyin belə və bu cür olması əks edilir. Propozisional məzmunlu bütün doğruluq daşıyıcısı namizədləri bivalent, yəni, iki dəyərlidirlər (yəni onlar ya doğrudur, ya da yanlışdır).

İndi də doğruluq daşıyıcıları namizədlərini nəzərdən keçirək və baxaq ki, onların hər birində problemli olan məqamlar hansıdır. Fəlsəfədə linguistic turn kimi tanınan və dil fəlsəfəsinin başlanğıcı olması ilə səciyyələnən dövrə qədər doğruluq daşıyıcıları olaraq bəzi psixiki vəziyyətlər görülürdü. Bunlar inamlar, təsəvvürlər və hökmlər idilər. Dil fəlsəfəsinin inkişafı ilə doğruluq daşıyıcıları əsasən psixiki vahidlərdən linqvistik vahidlərə dəyişməyə başladı, nəqli cümlələr də doğruluq daşıyıcıları olaraq qəbul olundu.

Psixiki vahidləri (inamlar/qənaətlər, təsəvvürlər və hökmlər) doğruluq daşıyıcıları olaraq götürəndə yaranan problem ondan ibarətdir ki, bu zaman doğruluğun intersubyektivlik şərti pozulur. Doğruluğun intersubyektivlik şərti o deməkdir ki, doğruluq fərdlər arası əlçatan və ifadə oluna bilən olmalıdır. İnamlar, təsəvvürlər və hökmlər kimi psixiki vəziyyətlər isə həmişə tək bir fərdin daxili vəziyyətidir, yəni individualinterndir. Onları intersubyektiv müstəviyə çəkəndə isə artıq tək fərdə aid psixiki vahidlər olmaqdan çıxaraq linqvistik vahidlərə çevrilirlər, çünki intersubyektivliyin ifadəsi ancaq dil (hər hansı konvensional işarə sistemi) üzərindən mümkündür.

Dil vahidlərini, yəni nəqli cümlələri doğruluq daşıyıcıları olaraq götürəndə isə doğruluğun başqa bir şərti – zaman və məkandan asılı olmama şərti pozulur. Məsələn, İndi gün çıxıb cümləsi tərkibindəki indi sözünün qeyri-müəyyənliyinə görə söyləndiyi vaxtdan asılı olaraq doğru, ya da yanlış ola bilər. Yəni eyni cümlə gündüz doğru, gecə isə yanlışdır. Bu isə doğruluğun zaman və məkandan asılı olmama şərtinə ziddir.

Bu sadalanan problemlərdən qaçmaq istəsək, doğruluq daşıyıcıları hesab edilmək üçün geridə qalan tək namizəd propozisiyalardır. Ancaq propozisiyaların özləri də bu mənada müəyyən problemlərlə bağlıdır. Bu problem ilk olaraq ondan ibarətdir ki, propozisiyaları Freqe ənənəsində şərh edərək onları platonik, dil və psixiki reallığın fövqündə nəsnələr hesab etsək, yenə yuxarıda sadalanan problemlərə qayıdırıq. Belə dil və psixiki reallığın fövqündə olan nəsnələrə necə çıxış əldə edə biləcəyimiz məchul olaraq qalır. Buna görə də çıxış yolu axtaran cəhdlər (məs. Grundmann, S. 28) həm propozisiyaları, həm də linqvistik və psixiki vahidləri kombinasiya etməyə çalışırlar. Bu yanaşmaya görə, propozisiyalar ayrıca nəsnələr yox, cümlə və inamlar kimi linqvistik və psixiki vahidlərin xüsusiyyətidir. Beləliklə, doğruluq daşıyıcıları cümlələr və inamlardır və onlar məhz propozisional xarakterlərinə görə doğruluq daşıyıcıları (yəni doğru, ya da yanlış) ola bilərlər.

Propozisiyalar, ümumiyyətlə, doğruluq mövzusu ətrafında gedən müzakirələrdə vacib anlayışlardandır. Ona görə də onlar haqqında bir az detallı məlumata ehtiyacımız olacaq.

Propozisiyalar

Propozisiyaların nə olmasını qısa və dəqiq demək çətindir. Fəlsəfə tarixində bu anlayış ətrafında müxtəlif istiqamətli müzakirələr olmuşdur və fərqli konsepsiyalar təqdim edilmişdir. Bu uzun müzakirələrin icmalını bu yazıda verməyəcəyik, çünki bununla doğruluq mövzusundan xeyli uzaqlaşmalı olacağıq. Burada propozisiyaları doğruluq daşıyıcısı namizədi olaraq qısaca təqdim edəcəyik.İlk əvvəl qeyd etmək lazımdır ki, propozisiyaları cümlələrdən kənarda tutmaq lazımdır. Biz ingilisdilli fəlsəfi ədəbiyyatda tez-tez istifadə olunan proposition terminini azərbaycancaya cümlə kimi yox, propozisiya kimi tərcümə etməli olmuşuq ki, müvafiq anlayışın linqvistik mənada başa düşülməsinin qarşısını ala bilək. İndiki mənasında propozisiya deyildikdə cümlələrin, inamların, yaxud arzuların məzmunu nəzərdə tutulur. Bir çox hallarda propozisional məzmun termini də işlədilir (Grundmann, 457). Propozisional məzmun cümlə, inam və arzuların elə bir xüsusiyyətidir ki, bunun vasitəsilə onlar doğruluq dəyərinə – yəni doğru, ya da yanlış – malik ola bilirlər. Məhz propozisional məzmunlarının sayəsində doğruluq daşıyıcıları ola bildikləri üçün cümlələr, inamlar, arzular bilavasitə (direkt) doğruluq daşıyıcıları deyil, bilvasitə (indirekt) doğruluq daşıyıcıları hesab edilir. Bu mənada direkt doğruluq daşıyıcıları ancaq propozisiyalar ola bilir.

Propozisiyalar həm də dillərin fövqündə olan vahidlər hesab edilir. Məhz buna görə dillər arasında tərcümə mümkündür. Məsələn, müxtəlif dillərə aid linqvistik vahidlər olan Qar yağır, It is snowing, Es schneit və s. cümlələr eyni bir propozisiyanı ifadə edir.

Propozisiyalar bivalentdir, yəni ikidəyərlidir. Onlar ya doğrudur, ya da yanlışdır. Buna görə də tez-tez nəqli cümlələr (mülahizələr) ilə qarışdırılır. Amma diqqətdə saxlamaq lazımdır ki, nəqli cümlələr (mülahizələr) məhz elə propozisional məzmununa görə özləri bivalent və müvafiq olaraq doğruluq daşıyıcıları ola bilirlər.

Doğruluğun xüsusiyyətləri

Yuxarıda müxtəlif doğruluq daşıyıcıları ilə bağlı artıq sadalanan problemlərdən də görünür ki, nəyi doğruluq daşıyıcısı qəbul etməyimizdən asılı olaraq bəzən bu, bəzən isə başqa doğruluq şərti pozulur. Biz aşağıda müxtəlif doğruluq nəzəriyyələrindən – yəni doğruluğun nə olmasını müəyyən etmək üçün olan yanaşmalardan – bəhs edəcəyik. Lakin bu yanaşmaları dəyərləndirə bilmək üçün gəlin birinci akademik ədəbiyyatda doğruluq xüsusiyyətləri olaraq qəbul edilmiş şərtləri nəzərdən keçirək.

1.Doğruluq mütləqdir, nisbi deyil.
Məsələn, A şəxsi x-in  doğru olduğu qənaətindədirsə və B şəxsi də x-in doğru olduğu qənaətindədirsə, onda bu iki şəxsdən birinin qənaəti doğru, o birininki isə yanlış ola bilməz. Tutaq ki, Ağacəfər iddia edir ki, Azərbaycanda demokratiya yoxdur və Liza da iddia edir ki, Azərbaycanda demokratiya yoxdur. Bu zaman Ağacəfərin iddiasının düz olub, Lizanın iddiasının yanlış olması – ya da tərsinə – mümkün deyil. Qeyd etmək lazımdır ki, burda söhbət doğruluq gümanından (nəyisə doğru hesab etməkdən) yox, doğruluğun özündən gedir. Məsələn, gündəlik danışıq dilində hər kəsin öz həqiqəti var kimi ifadələrdə nəzərdə tutulan əslində doğruluq yox, doğruluq gümanlarıdır.

2.Doğruluq ekstensionaldır.
Doğruluq doğruluq daşıyıcılarından asılı olmayaraq, mövcud olan reallığa əsaslanır. Məsələn, bir cümlənin doğruluq dəyəri o cümlədə olan ifadələri eynimənalı başqa ifadələrlə (eyni reallığa istinad edən), məsələn, sinonimlər, parafrazlar və s. ilə əvəz etdikdə dəyişməz olaraq qalır.

3.Doğruluq avtonomdur.
Doğruluq təminatçıları (doğrulayıcı faktorlar) doğruluq daşıyıcılarından asılı olmayaraq mövcuddur. Yoxsa doğru ilə yanlış arasında fərq mümkün olmazdı.

4.Doğruluq dil(lərin) fövqündədir, dil(lər)dən asılı deyil.
Doğruluq dil(lər)dən asılı olmayan, dil(lər)in fövqündə bir xüsusiyyət olmasaydı, bir ifadəni başqa ifadə ilə əvəzləyə (parafraz edə), bir dildən başqa dilə tərcümə edə bilməzdik. Parafraz və tərcümə ancaq o halda mümkün olur ki, bir-birini əvəzləyən, bir-birinə çevrilən hər iki ifadə (yəni, doğruluq daşıyıcısı) eyni doğruluq şərtlərinə malik olsun.

Doğruluq nəzəriyyələri

Doğruluq nəzəriyyələri ifadəsindəki nəzəriyyə hissəsini nisbi olaraq başa düşmək lazımdır. Doğruluq nəzəriyyələri ifadəsindəki nəzəriyyə sözü elmdə işlənən spesifik dar mənasında (əsaslandırılmış elmi mülahizələr sistemi) yox, geniş mənada işlənilir və yanaşma deməkdir. Belə ki, doğruluq mövzusu fəlsəfə tarixinin elə əvvəlindən aktual olan və müxtəlif spekulyasiyaların obyekti olan mövzudur. Doğruluq haqqında müzakirələr ancaq 20-ci əsrdə sistemli nəzəri çərçivəyə oturdu. Bununla belə bu müasir, bəzi mənbələrdə neoklassik adlandırılan (nəzəri) müzakirələr elmdəki nəzəriyyə anlayışının spesifik çərçivələrinə uyğun deyil və daha geniş götürülərək sadəcə mövqe/yanaşma mənasında başa düşülməlidir.

Doğruluq nədir? sualına verdikləri cavaba, doğruluq konseptinin izahında əsas götürülən anlayışlara və arqumentasiyaya görə müxtəlif doğruluq nəzəriyyələri var. Korrespondensiya (uyğunluq) doğruluq nəzəriyyəsi, semantik doğruluq nəzəriyyəsi, koherensiya (uzlaşma) doğruluq nəzəriyyəsi və redundant (ixtisar) doğruluq nəzəriyyəsi bunlardan ən çox müzakirə olunan yanaşmalardır. Bunlardan başqa da daha fərqli, doğruluq konseptinə bu və digər aspekt əlavə edən yanaşmalar olsa da, onlar yuxarıda adı çəkilən yanaşmaların təsir dairəsində qalırlar. Bu yanaşmaların hamısı iki bir-birlərinə müxalif təməl istiqamət üzərində qurulub. Birinci istiqamət doğruluğun tərifini realist əsaslarda inşa edən yanaşmaları ehtiva edir. İkinci istiqamət doğruluğun tərifi üçün real gerçəklik konseptini yox, subyektiv amilləri əsas götürür. Bu iki istiqaməti müxtəlif aspektlərdən nəzərdən keçirərək müxtəlif ifadələrlə adlandırırlar. Məsələn, Tomas Qrundmann  onları epistemik və realistik doğruluq nəzəriyyələri olaraq görür (Grundmann, 32).  Epistemik doğruluq nəzəriyyələri doğruluğu subyektiv əsaslandırma kriteriyaları (bilik) əsasında definisiya edir. Realistik doğruluq nəzəriyyələri isə bunu mübahisələndirir. Realistik doğruluq nəzəriyyələrində doğruluğun definisiyası üçün əsas subyektiv amillərdən asılı olmayan reallıqdır (məsələn, faktlar). Realist doğruluq nəzəriyyələrinin özlərini yenə deflasionist, primitivist və korrespondensiya fokuslu olaraq altqruplara bölmək olar.

Korrespondensiya nəzəriyyəsi 

Doğruluq nəzəriyyələrindən ən geniş yayılmışı və doğruluq haqqında müzakirələrin təməlini təşkil edən korrespondensiya nəzəriyyəsidir. Korrespondensiya nəzəriyyəsi, demək olar ki, bütün digər doğruluq nəzəriyyələrinin çıxış nöqtəsidir. Doğruluq anlayışının ən müxtəlif interpretasiyaları və definisiyaları korrespondensiya nəzəriyyəsinin bu və ya digər formada uzantısı, ya da onun təkzibi üzərində qurulub. Doğruluğun gerçəkliklə korrespondensiya (uyğunluq) əlaqəsi olması fikri qədim yunan fəlsəfəsində ən aydın şəkildə Aristotelin işlərində (Metafizika) ifadə olunur:

“Yanlış mülahizə o mülahizədir ki, olanın olmadığını iddia etsin, ya da olmayanın olduğunu; doğru mülahizə isə, bunun əksinə olaraq, o mülahizədir ki, olanın olduğunu və olmayanın olmadığını iddia etsin.” (Metafizika, 1011b, 81)

Oradan başlayaraq korrespondensiya nəzəriyyəsi orta əsr sxolastik fəlsəfəsindən (dinin nəzarətində olmasına rəğmən, Akvinalı Tomas yaradıcılığından) keçərək, elmlərin artan nüfuzu ilə getdikcə daha intensiv müzakirə mövzusuna çevrilir. XIX – XX əsrlərdə ortaya çıxan çoxsaylı alternativ doğruluq nəzəriyyələrinə rəğmən korrespondensiya nəzəriyyəsi doğruluq anlayışının aparıcı nəzəri müstəvisi olmaqda davam edir.

Korrespondensiya nəzəriyyəsinin təməlində duran fikir odur ki, doğruluq dediyimiz, fikirləşdiyimiz, inandığımız şeylərin gerçəkliyə uyğun olmasıdır.  Dediyimiz, fikirləşdiyimiz, inandığımız şeylər doğru ola bilən şeylərdir və epistemoloji müzakirələrdə onlara doğruluq daşıyıcıları deyilir. Doğruluq daşıyıcılarının nə olması uzun mübahisə obyektidir (bax: bu yazının Doğruluq daşıyıcıları bölümü), amma qısa olaraq təqdim etsək, bunlar cümlələr, fikirlər, propozisiyalardır. Korrespondensiya nəzəriyyəsinin təməl fikrini bir qədər dəyişdirsək, belə ifadə edə bilərik: Doğruluq doğruluq daşıyıcıları ilə (zehindən asılı olmayaraq mövcud olan) gerçəklik arasında əlaqədir. Doğruluq daşıyıcılarının məzmunu gerçəkliyi olduğu kimi əks etdirirsə, onlar doğrudur, əks etdirmirsə, yanlışdır. Bu əlaqəyə korrespondensiya (uyğunluq) əlaqəsi deyilir.

Doğruluğun gerçəkliklə korrespondensiya olması fikrinə fəlsəfə tarixi boyu bu və ya digər formada rast gəlinir.

Korrespondensiya fikrinin 20-ci əsrdə xüsusi intensiv müzakirə mövzusuna çevrilməsi analitik fəlsəfə ilə başlayır. Əsas da C.E. Mur və B. Rasselin işləri bu kontekstdə xüsusi vacibdir və maraqlıdır. Bildiyimiz kimi, analitik fəlsəfə idealizmin tənqidi üzərində təşəkkül tapmışdır. Analitik fəlsəfənin baniləri olan Mur və Rasselin doğruluğun nə olması haqqındakı fikirləri də müvafiq olaraq idealizmin tənqidi kontekstində maraqlı bir yol qət etmişdir. Onlar doğruluğun gerçəklik ilə korrespondensiya fikrini bunun idealizmin bir elementi olması iradı ilə rədd edirdilər və təxminən bir onillik sonra elə idealizmin tənqidi kontekstində yenə korrespondensiya fikrinə qayıtdılar. İki böyük analitikçinin bu „səyahət”ini belə rekonstruksiya edə bilərik.

Analitik fəlsəfənin ilkin dövründə (Mur və Rassel tərəfindən) doğruluq anlayışının təqdimatı doğruluğun identiklik nəzəriyyəsi çərçivəsində verilirdi. Bu təqdimata görə doğruluq bir doğruluq daşıyıcısının bir fakta identik olması idi. Bu yanaşmanın problemli düyünü doğruluq daşıyıcısı anlayışının interpretasiyası idi. Rassel və Mura görə, doğruluq daşıyıcıları propozisiyalar idi. (bax: bu yazıda Propozisiyalar bölümü)

Propozisiyaların doğruluq daşıyıcıları olaraq yaratdığı problem nədən ibarət idi? Deməli, tutaq ki, doğruluq propozisiyaların əlamətidir. Bu, o deməkdir ki, doğru propozisiyalar faktlara uyğun gələn propozisiyalardır. Başqa sözlə, faktlar doğru propozisiyalardır. Onda ortaya sual çıxır ki, yanlış propozisiyalar nədir? Hər bir halda bunlar faktlarla identik ola bilməzlər, çünki faktlarla identik olmaq propozisiyanın doğruluğu üçün kifayət edir. Onda belə çıxır ki, yanlış propozisiyaların da mümkün olması üçün faktlardan əlavə həm də fakt kimi, fakta bənzər nəsə başqa bir reallıq vahidləri olmalıdır. Bu da özlüyündə artıq absurda aparır. Beləliklə, Rassel və Mur əvvəl yanlış propozisiyaların mövcudluğunu, daha sonra isə, ümumiyyətlə, propozisiyaların mövcudluğunu şübhə altına almalı oldular. Nəticədə hər ikisindən imtina etdilər. Doğruluq daşıyıcıları olaraq propozisiyaların yerinə inamlar gətirildi. Yeni anlayışa görə, bir inam o vaxt doğrudur ki, o bir fakta uyğun gəlsin (onunla korrespondensiya əlaqəsində olsun).

Həm identiklik, həm də korrespondensiya nəzəriyyəsinin təməlində dayanan fikir gerçəkliyin avtonomluğudur. Yəni hər iki yanaşma qəbul edir ki, şüurumuzdan, dilimizdən, onu dərk edib-etməməyimizdən, ümumiyyətlə, bizdən asılı olmayan bir gerçəklik vardır. Yəni o gerçəklik uydurma, ağlımızın məhsulu deyil və ağlımızdan, ümumiyyətlə, asılı deyil. Doğruluğun təsbit edilməsi üçün istinad edəcəyimiz gerçəklik faktlardır. Bir nəsnənin  (doğruluq daşıyıcısının) doğruluğu ona müvafiq faktların mövcud olmasıdır. İdentiklik və korrespondensiya yanaşmalarındakı fərq bu faktların interpretasiyasındadır. İdentiklik nəzəriyyəsindən fərqli olaraq korrespondensiya nəzəriyyəsi faktları strukturlu əlaqə vahidləri kimi qəbul edir. Yəni ən kiçik, atomar faktlar belə hissələrdən və bu hissələrin öz aralarındakı əlaqə strukturundan ibarətdir. Buna müvafiq olaraq doğruluq daşıyıcılarının (fikir, propozisiya, inam) da strukturu var, yəni onlar da hissələrdən və bu hissələr arasındakı əlaqələrdən ibarətdir. Və əgər bir doğruluq daşıyıcısının strukturuna uyğun strukturu olan bir fakt mövcuddursa, bu doğruluq daşıyıcısı doğrudur. Belə bir fakt mövcud deyilsə, bu doğruluq daşıyıcısı yanlışdır.

Məsələn, Azərbaycan respublikadır iddiasının (inamının) doğruluğunu nə təmin edir? Nə vaxt deyə bilərik ki, Azərbaycan respublikadır iddiası (inamı) doğrudur? O vaxt deyə bilərik ki, dünyada  Azərbaycan adlı ölkə və respublika olmaq əlamətindən təşkil olunan fakt mövcud olsun. Bu faktın strukturu ondan ibarətdir ki, gerçəklikdə Azərbaycan adlı ölkə doğrudan da var, respublika olmaq əlaməti doğrudan da var və Azərbaycan adlı ölkənin respublika olmaq əlaməti var.

Əgər bizim yoxlamaq istədiyimiz doğruluq daşıyıcısının –  Azərbaycan respublikadır iddiasının – strukturuna uyğun gələn strukturlu fakt yoxdursa, onda bizim iddiamız yanlışdır. Yəni, məsələn, gerçəklikdə Azərbaycan adlı ölkə varsa, respublika olmaq əlaməti varsa, amma Azərbaycan adlı ölkənin respublika olmaq əlaməti yoxdursa. Ya da gerçəklikdə Azərbaycan adlı ölkə varsa, amma respublika olmaq əlaməti yoxdursa və tərsinə.

Propozisiyaların qayıdışı – strukturlu propozisiyalar

Doğruluğun gerçəklik və doğruluq daşıyıcıları arasındakı uyğunluq əlaqəsi olması fikrinə gəlmək üçün Mur və Rassel propozisiya anlayışından imtina etmişdilər. Onlar propozisiyalardan imtina edərək onlar doğruluğun faktlarla identiklik fikrindən, doğruluğun faktlarla korrespondensiya fikrinə gəlmişdilər. Maraqlı orasıdır ki, müasir müzakirələrdə propozisiya anlayışı yenidən istifadəyə gəldi. Biz indi strukturlu propozisiyalardan danışırıq (Kaplan, 1989/SEP, Truth). Faktların strukturu ilə doğruluq daşıyıcılarının strukturunun, ümumiyyətlə, bir-birinə uyğun ola bilməsi, yəni korrespondensiya əlaqəsində ola bilməsi üçün onların hər ikisinə ortaq bir struktur (Vitqenştaynda məntiqi forma) olmalıdır. Bu ortaq struktur propozisiyaların strukturudur.   

Korrespondensiya nəzəriyyəsinin problemləri

Korrespondensiya nəzəriyyəsində dərhal önə çıxan problem aşağıdakı sual ilə bağlıdır: korrespondensiya əlaqəsində olan, ontoloji aspektdən tamamilə fərqli nəsnələrin (gerçəklik/faktlar və doğruluq daşıyıcıları – cümlələr, qənaətlər, propozisiyalar və s.) uyğunluğu (yəni korrespondensiya əlaqəsinin özü) nə deməkdir? Məsələn, bir cümlə (işarə) – məsələn, Burda bir pişik var cümləsi – ilə həmin cümlənin ifadə etdiyi bir fakt (fiziki hadisə, konkret məkan, konkret heyvan olan pişik) necə uyğun ola bilər? Onları uyğun edən, deməli həm də ortaq olduqları şey dəqiq olaraq nədir?

İki heterogen sistemin korrespondensiyası təktərəfli olmadan necə mümkündür? Təktərəfli korrespondensiya, ümumiyyətlə, korrespondensiyadırmı? İşarə sistemi (içində də doğruluq daşıyıcıları) ilə gerçəkliyin ortaq bir daşıyıcısı olması fikrinin əsaslandırılması nədir? Tutaq ki, belə bir ortaqlıq var. Bu ortaqlıq korrespondensiya fikri üçün yetərli əsas verirmi? Məsələn, Şövkət oxuyur iddiasının (inamının) strukturu (subyekt-predikat əlaqəsi və s.) ilə Şövkətin oxuması hadisəsinin (məkan, zaman, akustik parametrlər və s.) strukturu necə bir-birinə uyğun gələ bilər? Daha böyük çətinliyi mövcud olmayan nəsnələr ilə bağlı misallar ortaya çıxarır. Məsələn, Təpəgözlər yoxdur cümləsi gerçəklikdə nə ilə uyğundur/korrespondensiya əlaqəsindədir?

Relasiya (əlaqə) ilə bağlı bu suallara aydın və birmənalı cavablar vermək olmur. Əksinə, bununla həm də relata (əlaqədə olanlar) ilə bağlı əlavə problemlər ortaya çıxır. Məsələn, doğruluq daşıyıcısı (truth-bearer) və doğrulayıcı (truth-maker) olan tərəflərin nə olduğu aydın deyil.

Əgər doğruluq yoxlanıla bilən bir şeydirsə, onda mən onun gerçəklikdəki istinadı olan faktlara çıxışa malik olmalıyam. Faktlara belə bir çıxışımız varmı? Əgər mən müəyyən doğruluq daşıyıcısının doğruluğunu yoxlamaq üçün necəsə müəyyən faktlara yönəlirəmsə, yəni, bir növ, harda axtarmaq lazım olduğunu bilirəmsə, faktlar mənim zehnimin məhsulu deyilmi? Halbuki, korrespondensiya nəzəriyyəsinə görə, korrespondensiya əlaqəsi zehindən “xaric”dəki, zehindən asılı olmayan bir reallığın vasitəsilə doğruluğu müəyyən edə bilmək iddiasındadır. Korrespondensiya nəzəriyyəsi bu kimi suallara dəqiq cavablar verə bilmir.

Semantik doğruluq nəzəriyyəsi 

Yuxarıda artıq qeyd edildiyi kimi, “əsas” doğruluq nəzəriyyələri  bu və ya digər formada korrespondensiya nəzəriyyəsinin bazasında yer alır. Bunları aşağı-yuxarı iki kateqoriyaya bölə bilərik: korrespondensiya ideyasına (doğruluğun doğruluq daşıyıcıları və gerçəklik arasında korrespondensiya (uyğunluq) əlaqəsindən ibarət olması ideyası) müxalif doğruluq nəzəriyyələri və korrespondensiya ideyasının davamı (bu və ya digər formada modifikasiyası) olan doğruluq nəzəriyyələri. (Doğruluq nəzəriyyələrinin epistemik və realistik olaraq bölgüsünü yadımıza salaq.) İkincilər arasında xüsusi vacibliyi olan Alfred Tarskinin semantik doğruluq nəzəriyyəsidir.

Artıq vurğulandığı kimi, doğruluq haqqında müzakirələrdə doğruluq daşıyıcılarının nə olması əsas mübahisə mövzularından biridir. Doğruluq daşıyıcıları üçün namizədlər inam, propozisiya, fikir, mülahizə, cümlə və s. olmuşdur. Doğruluq daşıyıcısı olaraq nəyin məqbul hesab edilməsi doğruluq konseptini bütövlükdə müəyyən edir. Bir doğruluq daşıyıcısı namizədinin diskreditasiyası müvafiq olaraq onun üstündə qurulmuş doğruluq anlayışını ümumilikdə diskreditasiya edir. Misal olaraq Rassel və Murun propozisiyaların inkarı ilə doğruluğun identiklik konseptindən doğruluğun korrespondensiya konseptinə keçidini xatırlayaq.

Tarskinin semantik doğruluq nəzəriyyəsində doğruluq daşıyıcıları cümlələrdir (dil vahidləri) və bu bütövlükdə doğruluğun semantik konseptini müəyyən edən bir faktordur. Tarski doğruluq daşıyıcıları olaraq abstrakt propozisiyaları maraqsız hesab edir. O propozisiyaları çox qarışıq olduğu üçün müzakirədən kənarda qoyur. Tarski doğruluq daşıyıcıları olaraq semantik vahidləri görür. Semantik vahidlər məna kəsb edən vahidlər deməkdir. Məna kəsb edən vahidlər isə, onun üçün, dil vahidləridir, daha dəqiq desək, nəqli cümlələrdir. Təəssüf ki, Tarski nə bu seçimini (doğruluq daşıyıcısı olaraq cümlələri götürməyi), nə də semantik dedikdə dəqiq olaraq nəyi nəzərdə tutduğunu izah etmir (Seifert, 435). Amma semantik doğruluq nəzəriyyəsinin  problemlərindən danışmazdan əvvəl bu yanaşmanın doğruluq konseptini təqdim edək.

İlk öncə onu qeyd edək ki, Tarskinin dil anlayışı gündəlik dil anlayışından daha genişdir. Dil semantik və sintaktik qaydalar əsasında strukturlaşmış işarələr sistemidir. Bura təbii dillər, formal dillər, ya da hər hansı başqa mümkün – məlum şərtlərə cavab verən – dillər aid ola bilər. Tarskinin doğruluq konseptini təqdim etmək istədiyi dil(lər) isə formal dillərdir. Yəni, Tarski formal dillərdə doğruluğun yeni bir konseptini təqdim etmək istəyir, onu bir növ reinterpretasiya edir.

Niyə reinterpretasiya ifadəsindən istifadə etdik? Çünki, Tarskinin doğruluq nəzəriyyəsi klassik korrespondensiya nəzəriyyəsinin bazası üzərində qurulub. Semantik doğruluq nəzəriyyəsi korrespondensiya nəzəriyyəsinin təməl fikrini – doğruluğun doğruluq daşıyıcıları ilə onlardan asılı olmayan reallıq arasındakı uyğunluq əlaqəsi olması fikrini – qəbul edir. Tarski yeni nəzəri yanaşması ilə korrespondensiya nəzəriyyəsini təkmilləşdirmək istəyir. O, formal dillər üçün doğruluğun təsbitini verməklə, həm də bununla təbii dilləri əhatə etmək istəyir. Bunun üçün Tarski nə edir?

Tarski iddia edir ki, təbii dillər doğruluğun definisiyasını vermək (onun təbirincə, doğruluğu konstruksiya etmək) üçün yararlı deyil, belə ki, onlar semantik qapalı sistemlərdir. Bunu ən yaxşı halda paradoksların nümunəsində görmək olar. Tarski bunun üçün yalançı paradoksunu misal göstərir.

Mən indi yalan danışıram (yaxud: Bu cümlə yalandır/yanlışdır.) cümləsinin doğruluq şərtlərinə baxaq. Bu cümlə ancaq o vaxt doğru ola bilər ki, yanlış olsun. Amma bu şərtin ödənməsi onun doğru olmasını qeyri-mümkün edir. Əgər bu cümlə yanlışdırsa, onda iddia olunan şey – onun yalan olması – düz olmalıdır, bu da yenə onda iddia olunanın əksini şərtləndirir. Beləliklə, Tarski yalançı paradoksu nümunəsində iddia edir ki, təbii dillərdə doğruluq predikatının tərifi mümkün deyil, çünki bu dillər semantik qapalıdır. Təbii dillərdə doğruluğa definisiya verməyin bütün problemi yalançı paradoksunda əks olunub. Təbii dillərdə doğruluğa definisiya vermək qüsurlu döngədə fırlanmaq kimidir. Bu situasiyadan çıxmaq üçün Tarski dillərin iyerarxiyasını təklif edir. Bir (təbii) dildə olan doğruluq daşıyıcısının (cümlənin/mülahizənin) doğruluğunu həmin dildə yox, ancaq başqa, üst dildə təsbit etmək olar. Bu üst dilə Tarski metadil deyir. Doğruluğu təsbit olunan dil isə obyekt dil adlanır.

Aşağıdakı nümunəyə baxaq (Tarskinin nümunəsində qalmaq üçün “qar ağdır” misallarını nəzərdən keçirəcəyik):
“Qar ağdır” yalnız və yalnız o halda doğrudur ki, qar ağdır.
Cümləni başqa cür də qura bilərik:
“Snow is white” yalnız və yalnız o halda doğrudur ki, qar ağdır.
“Schnee ist weiß” yalnız və yalnız o halda doğrudur ki, qar ağdır.

Cümləni daha fərqli başqa formalarda dəyişə bilərik:
“Qar ağdır” yalnız və yalnız o halda doğrudur ki, buz tozu kristallarından ibarət atmosfer yağıntısı ağdır.
Ya da
“Snow is white” yalnız və yalnız o halda doğrudur ki, qar ən açıq rəngdədir.
Ya da
“Qar ağdır” yalnız və yalnız o halda doğrudur ki, buz tozu kristallarından ibarət atmosfer yağıntısı ən açıq rəngdədir.

Bu siyahını cümlə hissələrini parafraz edə biləcək qədər sayda uzada bilərik.

Fikir verdinizsə, cümlədə bəzi hissələr dırnaq içərisindədir. Bu dırnaq içərisində olan hissə doğruluğu təyin olunan dilə aiddir və bu dili Tarski obyekt dili adlandırır. Cümlələrin dırnaqda olmayan hissəsi metadilə aiddir. Metadil obyekt dildə verilmiş doğruluq daşıyıcısının doğruluğunu müəyyən edə bilmək (Tarskiyə görə, konstruksiya edə bilmək) üçün lazımdır. Tarski bu misalları ümumiləşdirərək, bütün dillər üçün keçərli olmaq iddiasında olan doğruluq düsturunu təqdim edir:

X doğrudur ancaq və ancaq o halda ki, p-dir.

Burda X hər hansı obyekt dilinin doğruluğu müəyyən edilən doğruluq daşıyıcısının adıdır. P isə metadildəki (üst dil) X-in doğruluğunun təqdim (müəyyən) olunduğu hissədir. Bu ekvivalensiya Tarski konvensiyası adlanır və bütün dillər üçün doğruluğu təsbit edə bilmək iddiasındadır. Bu konvensiya vasitəsilə Tarski həm də təbii dillərdəki antinomiya problemini (yalançı paradoksunu yadınıza salın) də aradan qaldırmış olmaq iddiasındadır. 

Semantik doğruluq nəzəriyyəsinin problemləri

Semantik doğruluq nəzəriyyəsi korrespondensiya doğruluq nəzəriyyəsinin bir forması olduğundan prinsipcə korrespondensiya doğruluq nəzəriyyəsində sadalanan problemlər bu və ya digər intensivlikdə semantik doğruluq nəzəriyyəsinə də aid edilə bilər. Tarskinin nəzəriyyəsində həmin problemlər nəzəriyyənin spesifikliyi kontekstində daha qabarıq nəzərə çarpır. Əsas diskomfort yaradan məqam Tarskinin nəzəriyyəsinin əsas sütunları olan anlayışları və şərtləri kafi əsaslandırma olmadan qeyd-şərtsiz çıxış nöqtəsi kimi qəbul etməsidir. Məsələn, doğruluq daşıyıcıları olaraq dil vahidlərinin qəbul edilməsinin kafi əsaslandırması yoxdur. Əskinə, Tarskinin propozisiyalardan dil vahidlərinin xeyrinə imtina etməsi, onun təbii dillərdə doğruluğun nisbiliyi, yəni eyni dil vahidlərinin bəzən doğru, bəzən yanlış ola biləcəyi haqqında fikirlərinin kontekstində kifayət qədər qəribə, hətta ziddiyyətli görünür (Seifert, 435).

Bundan başqa, antinomiya problemini (yalançı paradoksu) təbii dillər üçün doğruluğun təsbit edilməsindəki əsas problem kimi götürən Tarski misal gətirdiyi növ paradokslar üçün ondan əvvəl çoxdan təklif olunan həll variantlarını gözardı edir. Halbuki, bu variantlar onun antinomiya problemini təbii dillər üçün çözülməz olması iddiasını təkzib etmək üçün kifayət edir (Seifert, 435).

Digər problemli məqam nəzəriyyənin çıxış nöqtəsi və əsas anlayış olan semantik anlayışının yetərli əsaslandırılmamış olmasıdır. Semantik doğruluq nəzəriyyəsində semantik deyildikdə “məna kəsb edən” kimi başa düşülməsi ancaq ümumi kontekstdən çıxarışla hasil edilə bilən bir iddia olaraq qalır. Tarskinin özü semantik anlayışına dəqiq bir definisiya vermir.

Koherensiya (uzlaşma) doğruluq nəzəriyyəsi 

Koherensiya doğruluq nəzəriyyəsi buraya qədər nəzərdən keçirdiyimiz korrespondensiya doğruluq nəzəriyyəsinə və korrespondensiya ideyası ənənəli digər doğruluq nəzəriyyələrinə müxalif yanaşma kimi ortaya çıxmışdır. Daha əvvəl də bu və ya digər formada fəlsəfə tarixində təzahür etsə də doğruluğun koherensiya ideyası 20-ci əsrin əvvəllərinə təsadüf edir. Təsadüfi deyil ki, koherensiya nəzəriyyəsi Böyük Britaniyada analitik fəlsəfənin yarandığı zamana düşür. Koherensiya nəzəriyyəsinin təmsilçiləri analitiklər Mur və Rasselin müxaliflik etdikləri Britaniya idealistləri idilər.

Doğruluğun koherensiya əsaslı izahı bundan ibarətdir ki, doğruluq doğruluq daşıyıcıları ilə ontoloji avtonom olan gerçəklik arasında olan əlaqə deyil, doğruluq daşıyıcılarının öz aralarında olan əlaqədir. Bir doğruluq daşıyıcısı o vaxt doğrudur ki, o, digər doğruluq daşıyıcıları ilə ziddiyyət təşkil etməsin. Yəni bir doğruluq daşıyıcısının doğruluğu onun müəyyən bir doğruluq daşıyıcıları sistemində olub, onun digər elementləri ilə uzlaşmasıdır. Doğruluq (və müvafiq olaraq yanlışlıq) bir doğruluq daşıyıcıları sistemi daxilindəki əlaqələrin nəticəsidir.

Doğruluq daşıyıcıları sistemi deyiləndə bir cəmiyyətdə qəbul edilən doğru fikirlər/inamlar toplusu, bir şəxsin özünün qənaət və fikirlərinin cəmi, bir cəmiyyətin intellektuallarının qəbul etdikləri fikir və qənaətlərin cəmi, bir elmi cameədə qəbul edilmiş fikirlərin və inamların cəmi, bütün doğru fikirlərin və inamların cəmi və s. nəzərdə tutulur. Müxtəlif koherentist yanaşmalar bunlardan bu və ya digərinə daha çox vurğu edir və doğruluğun definisiyasını bunun üzərində qurur. 

Koherensiya nəzəriyyəsinin problemləri

Doğruluğu koherentist əsaslarda izah etməyin ən problemli tərəfi odur ki, bu, doğruluğun universallıq şərtini pozur. Belə ki, koherentist yanaşma doğruluq üçün əsası obyektiv gerçəklikdə deyil, inam və fikirlər sistemində görür. Bu sistem(lər) də öz növbəsində bu və ya digər dərəcədə subyektivdir, bununla da doğru ilə doğruluq təxmini (“mənim üçün doğru”) arasındakı fərqi əhəmiyyətsizləşdirir. Məsələn, Yer kürə formasındadır fikri müxtəlif “sistem”lərdə (müxtəlif zamanlarda və müxtəlif cəmiyyətlərdə) doğru və ya yanlış olaraq dəyərləndirilir. Buna görə Yer kürə formasındadır fikrini doğru hesab edən A şəxsi və eyni fikri yanlış hesab edən B şəxsi eyni dərəcədə haqlı olmalıdırlar. Bu isə məntiqin ziddiyyətsizlik qanunu ilə uzlaşmır.

Koherensiya yanaşmasının digər problemi odur ki, “sistem”lər özləri adətən daxilən ziddiyyətsiz deyillər. Eyni bir şəxsin fikir və qənaətləri içərisində bir-birinə zidd olanları ola bilər. Məsələn, eyni bir şəxs eyni vaxtda Xalq üçün ağlayan göz kor olarXeyriyyəçilik fəzilətdir kimi iki bir-biri ilə uzlaşmayan qənaətdə ola bilər. Hətta elmi sistemlər belə ziddiyyətlərdən xali deyil. Ardıcıl (ziddiyyətsiz) olmayan sistemlərdə isə koherensiya mümkün deyil. Belə ki, koherent olmaq birlikdə doğru olmaq (konsistensiya) şərtinə bağlıdır. Bu isə öz növbəsində daha bir problemi- qapalı dövrə problemini gətirir. Belə çıxır ki, biz doğruluğa tərif verə bilmək üçün artıq doğruluq anlayışından bir verilən olaraq istifadə edirik. Yəni doğrunu tərif etmək üçün artıq doğrunun nə olduğunu bilmiş olmalıyıq. Bu isə, yenə də, məntiqi baxımdan qüsurludur.

Koherensiya yanaşmasına yönəlmiş bir sıra digər tənqidlər də vardır. Lakin burda daha ətraflı detallara girməyəcəyik və siyahını uzatmırıq.

Redundant (ixtisar) doğruluq nəzəriyyəsi

Doğruluğun mahiyyəti haqqında maraqlı yanaşmalardan biri də redundant (ixtisar) nəzəriyyəsidir. Bu yanaşmaya görə doğru predikatı məzmunca artıqdır, doğruluğun ifadə olunduğu cümlələrin mənasına heç nə əlavə etmir. Başqa sözlə, doğruluq doğruluq daşıyıcılarının ixtisar edilə bilən, mahiyyətcə təməl xarakter daşımayan bir xüsusiyyətidir. Məsələn, Doğrudur ki, Ay Yerin peykidir cümləsi ilə Ay Yerin peykidir cümləsi eyni məzmuna malikdir. Yəni birinci cümlədəki “doğrudur ki” hissəsini silsək, cümlənin mənasından heç nə itməz.

Redundant nəzəriyyəsinin problemlərindən əsası odur ki, doğruluğun mahiyyətcə ixtisar oluna bilən bir xüsusiyyət elan etmək kimi radikal bir iddiaya baxmayaraq, bu yanaşmada doğruluğa tərif verilmir. Ona görə də, məsələn, X şəxsinin dediyi hər şey doğrudur kimi cümlələrdən doğruluq predikatını ixtisar edib silsək, yerdə heç nə qalmır. İdeyaya görə isə, geridə qalan X şəxsinin dediyi hər şey ifadəsi X şəxsinin dediyi hər şey doğrudur cümləsi ilə eyni şey ifadə etməli idi.

Buna rəğmən qeyd edilməlidir ki, müxtəlif redundant nəzəriyyələrində doğruluğa tərif problemi ilə bağlı mövqelər eyni deyil. Bu yanaşmanın əsas təmsilçilərindən olan Frank Plampton Ramsey ilə daha klassik təmsilçisi Qotlob Freqenin doğruluq haqqında mülahizələrinə baxsaq, fərqin nə qədər böyük olduğunu görərik. Əgər Ramsey doğruluğu bir problem kimi, ümumiyyətlə, inkar edirsə, gerçəklikdə doğruluq kimi bir problem olmadığı, bunun bir dil qarışıqlığı olması fikrindədirsə, Freqe düşünür ki, doğruluq definisiya oluna bilinməyən təməl məntiqi təsəvvürdür və abstrakt bir nəsnədir.

Nəticə 

Epistemologiyanın təməl anlayışlarından olan doğruluq anlayışı həm də fəlsəfə tarixinin ən mübahisəli anlayışlarından biridir. Doğruluğun nə olması sualına cavab bir sıra əlavə sualların cavablarından asılıdır. Bu suallar ilk əvvəl doğruluq daşıyıcılarının nə olması və doğrulayıcının nə olması suallarıdır. Belə ki, doğruluq statik bir nəsnə deyil, çoxelementli funksional bir əlaqə olaraq başa düşülür. Ancaq bu əlaqə məhdudlaşdırıcı xarakterlidir. Hər şey doğru ola bilməz. Biz ancaq müəyyən nəsnələr haqqında doğrudur, ya da yanlışdır deyə bilirik. Bu nəsnələrə doğruluq daşıyıcıları deyilir. Doğruluq daşıyıcıları olaraq fəlsəfə tarixində fikirlər, inamlar, cümlələr, propozisiyalar, hətta bəzən əməllər qəbul edilir.

Digər tərəfdən, bu doğruluq daşıyıcıları da öz-özlüyündə  – necə deyərlər, təkbaşına –  doğru, ya da yanlış ola bilməzlər. Onları doğru edən nəsə başqa bir şey, başqa nəsnələr olmalıdır. Bu nəsnələrə doğrulayıcılar deyilir. Doğrulayıcı rolu üçün də fəlsəfə tarixində bir sıra namizədlər var. Bunlar obyektiv gerçəklik, dil(lər), biliklərimizin cəmi,  insan şüuru, ilahi iradə və s. ola bilər.

Doğruluq haqqında nəzəri mövqelər doğruluq daşıyıcıları və doğrulayıcı olaraq nələrin qəbul edilməsindən asılı olaraq dəyişir. Doğruluq daşıyıcıları olaraq inamların, cümlələrin, propozisiyaların, doğrulayıcı olaraq isə ancaq və ancaq insan şüurundan asılı olmayan obyektiv gerçəkliyi nəzərə alan nəzəri ənənə korrespondensiya doğruluq nəzəriyyəsi adlanır. Bu yanaşmanın əsas fikri odur ki, doğruluq bir doğruluq daşıyıcısının (ontoloji avtonom olan) obyektiv gerçəkliklə əlaqəsidir. Bu təməl fikirdən çıxış edən mövqelərin özləri doğruluq daşıyıcıları olaraq nələrin qəbul edilməsindən asılı olaraq bir-birindən fərqlənə bilirlər. Belə yanaşmalardan biri semantik doğruluq nəzəriyyəsidir və digər korrespondensiya əsaslı yanaşmalardan əsas fərqi doğruluq daşıyıcıları olaraq ancaq dil vahidlərini qəbul etməsidir.

Semantik doğruluq nəzəriyyəsi bir tərəfdən doğruluq daşıyıcılarını dil vahidlərinə ixtisar edir, digər tərəfdən isə dil anlayışını genişlədərək təqdim etdiyi doğruluq konseptini təbii dillər üçün yox, formal dillər üçün keçərli olduğunu elan edir. Belə ki, semantik doğruluq nəzəriyyəsinə görə, təbii dillər doğruluğun müəyyənləşdirilməsi üçün yetərli deyil. Ona görə də doğruluğun nə olması sualına cavabı ancaq formal dillər müstəvisində təsbit edərək, onu geri təbii dillərə tətbiq etmək olur.

Doğrulayıcının nə olması sualına cavabından asılı olaraq da doğruluğun nə olması sualına fərqli cavablar ortaya çıxır. Məsələn, obyektiv gerçəkliyin doğrulayıcı ola biləcəyi fikrinə skeptik yanaşaraq, doğrulayıcının ancaq insan şüurunda (bilik sistemimizdə) ola biləcəyi fikrini müdafiə edən yanaşma doğruluğun koherensiya nəzəriyyəsi adlanır. Koherensiya nəzəriyyəsinə görə, bir doğruluq daşıyıcısının doğruluğu ümumilikdə doğru olaraq təsdiqlənmiş məlumatlar sistemi ilə, yəni bizim şüurumuz və biliklərimizin cəmi ilə əlaqəsidir. Bu mənada ancaq o doğruluq daşıyıcıları doğrudur ki, onlar sistem ilə uzlaşır, yəni digər doğru hesab olunan məlumatlar bazası ilə ziddiyyət təşkil etmirlər.

Doğrulayıcı nəsnələrin mövcudluğunu inkar edən və ümumiyyətlə, doğruluğun necəsə təsbit olunmasına ehtiyac olmadığını iddia edən yanaşma isə redundant doğruluq nəzəriyyəsi adlanır. Redundant doğruluq fikri ondan ibarətdir ki, bir doğruluq daşıyıcısının mövcudluğunun özü elə doğruluq iddiasıdır. Doğruluq deyilən şeyə bundan başqa çıxışımız yoxdur, çünki, doğruluq definisiya edilə bilən bir nəsnə deyildir. 

Ədəbiyyat siyahısı:

Beebee, Helen/ Dodd, Julian (eds.), Truthmakers: The Contemporary Debate, 2005
Blackburn, Simon/ Simmons, Keith (eds.), Truth, 1999
Burgess, Alexis G./Burgess, John P. (eds.), Truth, 2011
Frege, Gottlob, Über Sinn und Bedeutung, 1892
Frege, Gottlob, Der Gedanke: Eine logische Untersuchung, 1918-19, in Beiträge zur Philosophie des deutschen Idealismus, 1: 58–77.
Grundmann, Thomas, Analytische Einführung in die Erkenntnistheorie, 2017
Kirkham, Richard L., Theories of Truth: A Critical Introduction, 1992
Künne, Wolfgang, Conceptions of Truth, 2003
Misak, Cheryl J., Truth and the End of Inquiry, 2004
Ramsey, Frank Plumpton, Facts and Propositions, 1964
Seifert, Josef, De Veritate – Über die Wahrheit, 2009
Skirbekk, Gunnar (Hg.), Wahrheitstheorien, 2019
Tarski, Alfred, Die semantische Konzeption der Wahrheit und die Grundlagen der Semantik, 1944

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.