fbpx

TƏRCÜMƏ

TƏRCÜMƏ

C.G. Nyu: “Kimsə”nin bəzi implikasiyaları

Read this article on other language
Download article
image_pdf
image_pdf

Müqəddimə

Edmund Qetier 1963-cü ildə Analiz jurnalının 23-cü sayında Əsaslandırılmış doğru inam bilikdirmi?[1] adlı yayımladığı 2,5 səhifəlik kiçik bir məqalə ilə çağdaş epistemologiyada dönüş nöqtəsi yaradır. Qetier bu məqalədə iki əks nümunə ilə göstərməyə çalışır ki, Platondan bəri yekdil şəkildə biliyə verilən klassik tərif uğursuzdur, yəni biliyə “əsaslandırılmış doğru inam” kimi tərif vermək olmaz.[2]

Qetierin sözügedən məqaləsinə bu günə qədər filosoflar tərəfindən verilmiş cavabları aşağıdakı üç qrupa ayırmaq olar:

1. Qetierin göstərdiyi əks nümunələr uğursuzdur və bu, biliyin klassik tərifinə heç bir xələl gətirmir (saxlayıcı yanaşma).

2. Sözügedən əks nümunələr uğurludur və buna görə də biliyin üç şərti yetərli olmadığı üçün ona dördüncü bir şərt əlavə edilməlidir (təkmilləşdirici yanaşma).

3. Sözügedən əks nümunələr uğurludur və buna görə də biliyin üç hissəli tərifi dəyişdirilməlidir (dəyişdirici yanaşma).

Saxlayıcı yanaşmada göstərilir ki, verilən əks nümunələrdə biliyin klassik tərifində qeyd olunan şərtlər gerçəkləşmədiyi üçün bilik də gerçəkləşmir. Buna görə də əks nümunələr uğursuz hesab olunur, yəni əks nümunələr biliyin tərifindəki şərtləri ödəmir. Təkmilləşdirici yanaşmada göstərilir ki, biliyin klassik tərifində qeyd olunan üç şərtə dördüncü bir şərt əlavə etməklə sözügedən əks nümunələr biliyin yeni tərifinə – dörd hissəli tərifinə heç bir xələl gətirmir, yəni verilən əks nümunələr bilik üçün təklif edilən yeni tərifi sual altına aparmır. Dəyişdirici yanaşmada isə göstərilir ki, biliyin klassik tərifində qeyd olunan şərtləri başqa şərtlərlə əvəzləməklə, başqa sözlə, biliyin klassik tərifini dəyişdirməklə sözügedən əks nümunələri təkzib etmək olar.

Tərcüməsini sizə təqdim etdiyimiz “Kimsə”nin bəzi implikasiyaları adlı məqalə birinci qrupa aid olan cavablardan biridir.[3] C.G. Nyu bu məqaləni 1965-ci ildə Analiz jurnalının 26-cı sayında yayımlayır. O, əvvəlcə Qetierin əks nümunəsini Keys Lererin təqdimatında arqument formasında irəli sürür və daha sonra “kimsə” sözünün implikasiyalarından çıxış edərək belə bir arqumentin biliyin klassik tərifini sual altına almadığını göstərir.

Emin İmanlı

Keys Lerer[4] biliyin “əsaslandırılmış doğru inam” kimi analizinə etiraz edərkən ilk dəfə professor Qetier[5] tərəfindən irəli sürülən arqumenti təkmilləşdirir. Qetier-Lerer arqumentinin forması belədir:

1. Mən inanıram ki, A-nın maşını var.

2. Əlimdəki dəlilə istinadən buna inanmaq üçün tamamilə əsasım var.

3. “A-nın maşını var” cümləsindən “kimsənin maşını var” cümləsini nəticə çıxarıram.

4. Mən B-nin maşını olduğuna inanmıram və inanmaq üçün də heç bir dəlilim yoxdur.

5. Bununla belə, B-nin maşını var, A-nın isə yoxdur. Mənim “A-nın maşını var” cümləsi ilə bağlı inamım əsaslandırılmış olsa da, yanlışdır.

6. B-nin maşını olduğuna görə mənim “kimsənin maşını var” cümləsi ilə bağlı inamım doğrudur, baxmayaraq ki, bu, “A-nın maşını var” cümləsi ilə bağlı yanlış inamdan əldə edilib.

7. “Kimsənin maşını var” cümləsinə inanmaq üçün mənim əsasım var və mənim inamım doğrudur, amma buna baxmayaraq, razılaşmayacayıq ki, mənim biliyim var. Beləliklə, biliyin “əsaslandırılmış doğru inam” kimi analizi düzəlişə ehtiyac duyur.

Bu arqumentdəki ən mühüm addımlar “kimsə” ifadəsini özündə ehtiva edir və nəzər salmaq istədiyim də elə bu addımlardır. Qetier-Lerer arqumenti iddia edir ki:

(i)A-nın maşını var” cümləsi (p) “kimsənin maşını var” cümləsini (r) nəticə verir.

(ii) Əgər “B-nin maşını var” cümləsi (q) doğrudursa, onda “kimsənin maşını var” cümləsi (r) doğrudur.

İlk baxışda bu iddialar qüsursuz görünə bilər, amma hər şey “kimsə” sözünün necə interpretasiya edilməsindən asılıdır. Qetier-Lerer arqumenti bu ifadənin iki fərqli implikasiyasının dolaşıqlığına söykənir. (i) iddiası bizdən “kimsə” sözünü (ii) iddiasını yanlış edən mənada anlamağımızı tələb edir və əksinə.   

Gəlin ilk olaraq (i) iddiasını nəzərdən keçirək. Əgər mən arqument gətirsəm:

    p: “A-nın maşını var”.

… r: “Kimsənin maşını var”.

Beləliklə, (əgər arqumentim etibarlıdırsa) mən burada r-in müəyyən bir interpretasiyasını qəbul edirəm. r-in p-dən nəticə çıxarılması faktı onu göstərir ki, “kimsə” ifadəsi burada üstüörtülü şəkildə (qeyri-adi tərzdə) A-nı bildirmək üçün işlədilir. Arqumentin etibarlılığı bu implikasiyadan asılıdır. Əgər p-dən r nəticəsi doğursa, onda r aşağıdakı kimi interpretasiya edilməlidir:

r1: Kimsənin – yəni A-nın – maşını var.

Bunun belə olmalı olması r-i başqa (daha adi) implikasiyanın daşıyıcısı kimi interpretasiya edərək p-dən r-in nəticə çıxarılmasına cəhd etməklə göstərilir:

r2: Kimsənin – mən onun kim olduğunu bilmirəm – maşını var.

Aydındır ki, biz bunu etibarlı arqument kimi gətirə bilmərik:

     p: A-nın maşını var.

… r2: Kimsənin – mən onun kim olduğunu bilmirəm – maşını var.

Çünki r2aşağıdakı cümlə ilə uzlaşır:

s: Ola bilsin, A-nın maşını yoxdur.

s isə p ilə uzlaşmır.

Belə nəzərə çarpa bilər ki, “kimsə”nin r-də başqa bir mümkün implikasiyası var və r-i bu şəkildə interpretasiya etmək r-i p-dən etibarlı şəkildə nəticə çıxarmağa imkan verir. Görünür, bu halda biz belə bir etibarlı arqument gətirə bilərik:

    p: A-nın maşını var.

… r3: Kimsənin – ya A-nın, ya da başqa bir şəxsin – maşını var.

Lakin bu arqumentin zahiri etibarlılığı düzgün deyil, çünki r3maşını olan insanın A və ya başqa bir şəxs olmasının naməlum qalmasına dair implikasiyasını özündə daşıyır.

Biz bu halda aşağıdakı kimi arqument gətirə bilmərik:

      p: A-nın maşını var.

 … r3: Kimsənin – ya A-nın, ya da kim olduğunu bilmədiyim başqa şəxsin – maşını var.

Çünki r3 r2kimi həm s ilə uzlaşır, həm də p ilə uzlaşmır. Deməli, r3yalnız r2nin xüsusi nümunəsidir.

Deməli, r-in bizə onu p-dən etibarlı nəticə çıxarmağa imkan verən yeganə interpretasiyası aşağıdakı kimidir:

r1: Kimsənin – yəni A-nın – maşını var.

Odur ki Qetier-Lerer arqumentinin (i) iddiası bu şəkildə başa düşüldüyü təqdirdə öz qüvvəsində qalacaq.

İndi isə gəlin (ii) iddiasını nəzərdən keçirək. Bu aşağıdakı iddiadır:

Əgər

q: “B-nin maşını var” cümləsi

doğrudursa, onda

r: “Kimsənin maşını var” cümləsi

doğrudur.

Amma əgər mənim (i) iddiası ilə bağlı müzakirəm düzgündürsə, onda r-in interpretasiyası (i) iddiası ilə tələb olunan interpretasiyadan başqa birisi olmalıdır. Çünki aydın olduğu kimi:

r1: “Kimsənin – yəni A-nın – maşını var” cümləsi aşağıdakı həqiqətlə nə təsdiq, nə də təkzib edilir:

q: B-nin maşını var.

r-in q-nin doğruluğu ilə (müəyyən şərtlər altında) verifikasiya edilən interpretasiyası aşağıdakı kimidir:

r2: Kimsənin – mən onun kim olduğunu bilmirəm – maşını var.

Bu o deməkdir ki, əgər Smit doğruca “Kimsənin – mən onun kim olduğunu bilmirəm – maşını var” – söyləsə və Conz (və ya Smit) da ardınca aşkarlasa ki, B-nin maşını var, onda Smitin cümləsi bununla verifikasiya edilir.

Amma, əgər r2q ilə verifikasiya edilə bilən şeydirsə, onda p-dən nəticə çıxarılan şey deyil. Yox, əgər r1p-dən nəticə çıxarılan şeydirsə, onda q ilə verifikasiya edilə bilən şey deyil. Beləliklə, mən bu nəticəyə gəlirəm ki, əgər “kimsə” sözü belə interpretasiya edilsə ki, “A-nın maşını var, deməli, kimsənin maşını var” deduksiyası etibarlıdır, bu vaxt B-nin maşını olması faktı “kimsənin maşını var” cümləsini verifikasiya etmir. Yox, əgər “kimsə” sözü belə interpretasiya edilsə ki, B-nin maşını olması faktı “kimsənin maşını var” cümləsini verifikasiya edir, bu vaxt “A-nın maşını var, deməli, kimsənin maşını var” deduksiyası etibarsızdır.      

Qeydlər və istinadlar:

[1] Qettier, Edmund. “Əsaslandırılmış doğru inam bilikdirmi?” Translated by Emin Imanlı. Baku Research Institute, May 14, 2021. https://bakuresearchinstitute.org/edmund-qetier-esaslandirilmis-dogru-inam-bilikdirmi-2/.

[2] Biliyin klassik tərifi üç hissəlidir, yəni bu tərifə görə, bir nəfərin (S) bir şeyi (P) bilməsi aşağıdakı şərtləri özündə ehtiva edir:

1. S inanır ki, P-dir.

2. P doğrudur.

3. S-in P-yə inanmaq üçün əsası var.

Birinci şərtə “inam şərti”, ikinci şərtə “doğruluq şərti”, üçüncü şərtə isə “əsaslandırma şərti” deyilir.

[3] Mənbə: New, C.G. 1966, “Some Implications of ‘Someone’,” Analysis 26 (2), December 1965, pp. 62–64. İmplikasiya (Implication) – burada sətiraltı nəzərdə tutulan məna. – Tərc.

[4] Analiz jurnalı, c. 25, səh. 168-175

[5] Yenə orada, c. 23, səh. 121-123

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.