fbpx

TƏRCÜMƏ

TƏRCÜMƏ

Con E. Vuds: Ağqoyunlu – Tayfa, Konfederasiya, İmperiya

Read this article on other language
Download article
image_pdf
image_pdf

Sovet dövründə Azərbaycan cəmiyyətini, xüsusilə də ziyalıları milli tarixin saxtalaşdırılması ciddi narahat edirdi. Düşünmək olardı ki, müstəqillik əldə etdikdən sonra tarixçilərimiz saxtalaşdırılmış tariximizə yeni baxış formalaşdıracaqlar. Təəssüf ki, otuz ildən artıq müstəqillik dövründə Azərbaycanın qədim və orta əsr tarixinə dair suallara mükəmməl cavab tapmaq mümkün olmamışdır, əksinə tarixin müxtəlif istiqamətlərdə saxtalaşdırılması davam etmişdir. Bunun bir sıra ciddi səbəbləri var; bu səbəblərdən biri tarixi problemləri araşdırmağa qadir mütəxəssislərin olmamasıdır. Müasir Azərbaycan Respublikasının ərazisi tarixin müxtəlif mərhələlərində müxtəlif dövlət və imperiyaların tərkib hissəsi olub. Məhz bu səbəbdən Azərbaycan tarixini təkcə milli tarixçilər deyil, dünya tarixşünaslığı da araşdırıb. Müasir Azərbaycan tarixşünaslığında cavabsız qalmış bir sıra suallara dünya tarixşünaslığında cavab tapmaq olar. Bu məqsədlə Azərbaycan tarixinə aid tədqiqatların silsilə tərcüməsini oxuculara təqdim etmək qərarına gəldik.

 

İlk seçimimiz Azərbaycan xalqının milli qürur yeri hesab edilən Səfəvi dövlətinin sosial-siyasi bazasının əsası hesab edilən Ağqoyunlu dövləti oldu. Ağqoyunlu dövlətinin tarixinə aid ilk və hələlik yeganə fundamental tədqiqat işi amerikalı tarixçi Con Vudsa məxsusdur. Əsər ilk dəfə 1974-cü ildə doktorluq dissertasiyası kimi Prinston Universitetinin Yaxın Şərq Tədqiqatları şöbəsinə təqdim edilmşdir. Bu əsəri yazarkən tarixçi fars, ərəb və türk dillərində minə yaxın yazılı mənbələrdən stifadə etmiş, Ağqoyunlu dövlətinin sosial-siyasi strukturunu, mədəni çiçəklənməsi və süqutunu şərtləndirən amilləri təhlil etmişdir.

Qeyd edək ki, oxuculara burada kitabın Yuta universiteti nəşriyyatının çap etdiyi yenilənmiş və genişləndirilmiş ikinci nəşrinin tərcüməsi təqdim olunur. Bakı Araşdırmalar İnstitutu bu tərcüməni həm müəllifin, həm Yuta universiteti nəşriyyatının icazəsi ilə yayır.

Tarix Elmləri Doktoru Şəlalə Məmmədova

4(1)

BƏYLİKDƏN İMPERİYAYA

Usumkasane (Uzun Həsən): Şah olmaq yarıallah olmaq deməkdir.

                                           Marlo, Teymurləng (birinci hissə, II, V)

 

Uzun Həsən Ağqoyunlu salnaməsinə görə, babası Qara Osmandan sonra uzun müddət hakimiyyətdə olmuş ikinci hökmdar idi. Onun iyirmi il davam etmiş müstəqil hakimiyyət dövrü konfederasiyanın siyasi cəhətdən ən yüksək inkişaf nöqtəsinə çatması və imperiya iddialarının formalaşması mərhələsi hesab edilir. 1457/861-ci ildə Dəclə üzərində döyüşdən 1468/872-ci ildə Cahanşah Qaraqoyunlunu məğlub etdiyi dövrə qədər olan birinci on illik Qara Osmanın hakimiyyətinin son dövründə mövcud olan bəyliyin nəvəsi Uzun Həsənin hakimiyyəti altında yenidən qurulması kimi qiymətləndirilməlidir. Uzun Həsən mövcud olan ərazi mülklərindən hərəkətə keçərək cəsarətli və güclü addımları ilə İkinci bəyliyin sərhədlərinin təhlükəsizliyinin təmin edilməsinə və sərhədə bitişik Gürcüstan, Kürdüstan və Anadolu hesabına Ağqoyunluların təsirinin genişləndirilməsinə başlayır. Uzun Həsənin bu genişlənmə iddiaları sonda onu Anadoluda birbaşa olaraq Osmanlılar, İranda isə Qaraqoyunlu və Teymurilərlə qarşı-qarşıya qoyur. 1467/872-1469/873-cü illər arasında şərq cəbhəsində bir sıra sarsıdıcı qələbələrdən sonra Uzun Həsən türkmən rəqiblərini İraq və İranın qərb və mərkəzindən çıxara, Teymuriləri isə Xorasana sıxışdıra bildi.

Qərbdə Ərzincandan Ruhaya, şərqdə isə Simnandan Kirmana qədər bütün torpaqların hökmdarına çevrilmiş Uzun Həsən bu geniş əraziləri və bu ərazilərdə məskunlaşmış müxtəlif əhalini idarə etmək məsələləri ilə qarşılaşır. Bu məqsədlə o, 1469/873-cü illə 1473/878-ci il arasındakı dövrü daha çox mərkəzləşdirilmiş dövlət administrasiyasının yaradılması və daha bəşəri ideologiyanın formalaşmasına həsr edir. Lakin 1473/878-ci ildə Osmanlılar tərəfindən Başkənddə məğlubiyyətə uğraması nəinki Ağqoyunluların xarici torpaqlar hesabına genişlənməsinə son qoyur, eyni zamanda dövlətin daxili məsələlərində effektli fəaliyyətinə əngəllər yaradır. Xəstə və əzilmiş Uzun Həsən ömrünün son beş ilini hakimiyyətinə olan müxtəlif təhdidlər altında keçirir. Ağqoyunluların otuz il qarmaqarışıqlıq, dağınıqlıq içərisində mövcud olması və 1478/882-ci ildə onun ölümündən sonra baş verənlərə sinə gərə bilməsi onun nailiyyətlərinin nə qədər möhtəşəm olduğunun bariz sübutudur.

BƏYLİYİN BƏRPASI

1457/861-ci ildə Cahangirin məğlubiyyəti və Mardində həbs edilməsi kiçik qardaşı Uzun Həsəni Ağqoyunlu konfederasiyasının yeganə hökmdarına çevirdi [1]. Mübarizədə Cahangirin tərəfini tutmuş Üveys bin Əli qardaşı Uzun Həsənin hakimiyyətini tanıdı və Ruhanın hakimi vəzifəsinə geri qaytarıldı. Uzun Həsənin şəxsi xidmətçilərindən biri Xəlil Tuvaçı Mardinin şimalından təxminən 30 kilometr aralıda yerləşən mühüm Savur şəhərinə təyinat aldı. Qaraqoyunlular tərəfindən tərk edilən Ərzincanın təhlükəsizliyi təmin edildi və Qara Osmanilərin əmioğullarından olan Xurşud bin Bəyazidə verildi. Bununla da Uzun Həsən Ağqoyunluların yaylaq və qışlaqlarını tamamilə Qara Osmanilərin hakimiyyəti altında birləşdirdi. Lakin Ərzurum Qaraqoyunluların tabeliyində qalmışdı və bu səbəbdən də Təbriz-Ərzincan magistral yoluna onlar nəzarət edirdilər.

Ərəb tayfalarına qarşı Fəratın orta hissəsində Diyar Mudardakı qış əməliyyatından sonra Uzun Həsən bəyliyin şimal sərhədlərinə tərəf yollanır. Ağqoyunlu hakim tayfasının ən erkən mülkiyyətinə daxil olan bu həssas bölgə müxtəlif xarici və daxili qüvvələrin zərbələri altında qalmışdı. Ərzurumdan başqa 1450/854-cü il işğallarından sonra Qaraqoyunluların əlində hələ də bir neçə istehkam qalmışdı. Düz şimalda yunan Trabzon krallığı yerləşirdi. Bu çarlığı idarə edən Komninlər sülaləsi XIV/VIII əsrin ortalarından, 2-ci fəsildə qeyd edildiyi kimi, Ağqoyunlularla qismən sıx münasibətlərə malik idi. Lakin 1453/857-ci ildə İstanbulu işğal etdikdən sonra Fateh Mehmetin nümayəndələrinin təzyiqi altında Komninlərin statusu kiçilir və onlar  Osmanlıların xərac ödəyənlərinə çevrilirlər [2]. Trabzonun qərbində yerləşən İsfəndiyari və ya Candari bəyliyi Anadolunun Qara dəniz sahili üzərində nəzarəti ələ keçirmək uğrunda mübarizə aparan Osmanlıların üzləşdiyi daha bir çətinlik idi. Nəhayət, Ağqoyunlu torpaqlarının şimal-şərq sərhədlərində yerləşən Gürcü çarlıqlarında, xüsusilə də Samtsxe, İmeretiya və Kartlidə baş verən daxili çəkişmələr də bölgənin sabitliyini pozan amillərdən idi. 

Uzun Həsən ilə IV Böyük İoann Komnin arasında 1456/860-1457/861-ci illərdə aparılan danışıqlar yalnız 1458/863-cü ildə Komninin ölümündən sonra bəhrə verməyə başlayır. Həmin il Böyük İoannın qardaşı və varisi David Komnin qardaşı qızı Feodoranı Uzun Həsənlə evləndirir. Əvəzində Ağqoyunluların başçısı anti-Osmanlı koalisiyasına qoşulmağa razılıq verir. Bu koalisiyaya kağız üzərində Kartli-İmeretiya, Samtsxe, Minqreliya, Abxaziya, Çərkəz, Osetin, Ramazan, Qaraman və İsfəndiyar hökmdarları da qoşulmuşdular [3]. Bu böyük ittifaq 1460-1461/864-866-cı illərdə naməlum fransiskan Lodoviko da Bolonyanın rəhbərliyi altında Avropanın xristian saraylarına İstanbuldakı “Böyük Türk”ə qarşı daha bir səlib yürüşü təşkil etməyə yardım üçün diplomatik missiya göndərir [4]. Məhz bu missiya nəticəsində “Kiçik Türk” olan Uzun Həsənin adı ilk dəfə Polşa, Macarıstan, Habsburq imperiyası, Venesiya, Roma, Florensiya, Fransa və Burqundiyada çəkilir.

Lakin Uzun Həsənin bədnam şöhrəti ilk dəfə Qafqaz xristianları arasında yayılmışdı. 1458/862-ci ildə Uzun Həsən gürcülərə qarşı ilk qəzasına başlayır [5]. Adətən bu müdaxilələr mübarizə edən tərəflərin birinin dəvəti ilə baş tutsa da, bu Müqəddəs yürüşlərin əsas məqsədi maddi və insan qənimətinin ələ keçirilməsi idi. Lakin qəzaqazi titulu son dövr orta əsr İslam tarixində öz hakimiyyətlərini oxşar dini-siyasi legitimlik vasitəsilə möhkəmləndirməyə çalışan hökmdarlar üçün olduqca mühüm ideoloji əhəmiyyətə malik idi [6]. Osmanlı hökmdarları diplomatik mübadilələrdə heç bir zaman ona bu titulla müraciət etməsələr də [7] Uzun Həsən fars şairi və nəqşibəndi sufisi Əbdürrəhman Caminin (öl.1492/897) [8] sayəsində “Qazilərin sultanı”, məşhur filosof, üləma Cəlaləddin Davani (1503/908) [9] sayəsində isə “Allah yolundakı qazi” titulunu almışdı. Dərviş və sufi orderlərinə himayədarlıqdan başqa qəza Uzun Həsənin Qara Osmanın köçəri bəyliyinin standart islami əsasının gücləndirilməsinə yönəlmiş yeni siyasətinin bir hissəsi kimi də qiymətləndirilə bilər.

İlk Müqəddəs yürüşün əsas məqsədi Samtsxenin paytaxtı Axalsıx və ya Axısqa olsa da bu yürüş bir neçə gürcü qalasının zəbt edilməsi ilə nəticələnmişdi [10]. Uzun Həsən Kemah və Qarahisar hakimlərinin qiyam qaldırması və Osmanlılardan dəstək alması ilə bağlı şimal-qərb sərhədlərində yaranmış gərginlik xəbərini alınca Axalsıxın mühasirəsini yarımçıq qoydu. Tezliklə hər iki şəhər ələ keçirildi və müvafiq olaraq Uzun Həsənin böyük oğulları Sultan Xəlil və Uğurlu Məhəmmədin mülkiyyətinə keçdi. Bu, Uzun Həsənilərin ərazi bölgüsünün yaradılmasında ilk addım idi. Sülalə tarixi üçün mühüm əhəmiyyət kəsb etməsindən başqa bu kiçik sərhədyanı toqquşma üç il davam etmiş Ağqoyunlu-Osmanlı düşmənçiliyinin başlanğıc mərhələsini açdı. Bu düşmənçilik təqribən on beş il sonra Başkənddəki faciəli toqquşma ilə başa çatacaq. Sülalənin xeyrinə yazılacaq digər uğur bir il sonra Palunun hakimi Turəlinin (bin Qılıc Aslan Əhmədi?) Dəclə döyüşündən əvvəl xəyanətkarlığı ilə bağlı mülkiyyətdən məhrum edilməsi idi [11].

1459-1460/863-864-cü illərdə Uzun Həsənlə Fateh Mehmetin qüvvələri yenidən Ağqoyunluların şimal-qərb sərhədlərində toqquşur. Uzun Həsənin qardaşı oğlu Murad bin Cahangirin başçılıq etdiyi diplomatik missiya Osmanlı sultanının Trabzon krallığını Ağqoyunluların zimmi vassalı elan etdiyi haqqında xəbər yayarkən, Uzun Həsənilərin hərbi qüvvələri Kəlkit çay vadisini ələ keçirməyə cəhd göstərir. Uğurlu Məhəmməd Köylühisarı işğal etdi, Xəlil Tuvaçı isə Osmanlıların Məsudiyə-Mələtdəki müdafiəsini sınaqdan keçirdi. Osmanlılar bu təhdidlərə dərhal cavab verdilər, 1459-1460-cı ilin qışı/864-cü ilin səfər-cəmadiyələvvəl ayında əks-hücum təşkil edildi, vilayət ordusu Köylühisarda Uğurlu Məhəmmədin nümayəndəsini mühasirəyə aldı. Yazda Uzun Həsənin özü Osmanlı mühasirəsini yarmalı oldu, Osmanlı qoşunlarını isə qərbdə Sivasdakı bazalarına qədər təqib etdi. Ağqoyunlu mənbələri çoxlu sayda Osmanlı əsirinin və qənimətin ələ keçirildiyi bu cavab zərbəsini böyük müvəffəqiyyət kimi qiymətləndirir. Bundan sonra Uzun Həsən qardaşı oğlu Xurşud bin Bəyazidi Osmanlıların sarayına göndərərək yunan Trabzon krallığının Ağqoyunlu maraq dairəsi kimi tanınması üçün diplomatik tələb irəli sürür. Fateh Mehmet razılaşır və Trabzon yenidən Osmanlıların təzyiqindən azad olur [12].

Bu razılaşma 1461-ci ilin yazına/865-ci ilin cəmadiyəlaxır-şaban aylarına qədər davam edir. Həmin il Fateh Mehmet əla silahlanmış böyük Osmanlı imperiya ordusunun başında duraraq İsfəndiyari bəyliyini işğal edir, Kastamonu və Sinop şəhərlərini ələ keçirir [13].  Bu qələbələrdən sonra Osmanlı sultanı ağır mühasirə silahlarını Köylühisar və Qarahisarın divarları yanına çəkir, hər iki qala təslim olur. Beləliklə, Osmanlı işğalları üçün Ərzincan yolu açılmış olur. Lakin şəhəri əhatəyə almış Ağqoyunlu qüvvələri ilə bir neçə toqquşmadan sonra Osmanlılar geri çəkilərək Trabzona üz tuturlar [14]. Uzun Həsən İsfəndiyari şahzadələri kimi David Komninə də ya yardım etmək iqtidarında olmur, ya da yardım etmək istəmir. 1461-ci il avqustun ortalarında/865-ci il zilqədə ayının əvvəlində Osmanlılar şəhəri tuturlar [15]. 1461-ci il yayın sonunda/865-ci ilin sonunda Osmanlılar İsfəndiyariləri və Komninləri ələ keçirməklə Anadolunun Qara dəniz sahillərinə tam nəzarət əldə edirlər. Uzun Həsən üçün bu, Ağqoyunluların şimal-qərb sərhədi probleminin həll edilməsinə cəlb olunması demək idi.

İtirilmiş bəzi əraziləri geri qaytarmaq, yaxud da zədələnmiş nüfuzunu bərpa etmək məqsədi ilə Uzun Həsən gürcülərə qarşı ikinci qəza elan edir. Gürcü mənbələrində bu hücum Samtsxeti hakiminin birləşmiş Gürcüstanın çarı Baqrata qarşı qaldırdığı üsyanın yatırılması üçün təşkil edilmiş hərbi yardım kimi təsvir edilir. Samtsxedən keçən Ağqoyunlu işğalçıları İmeretiyanın Qara dəniz sahillərinə qədər irəliləyirlər. Şübhəsiz ki, bu yürüş mühüm dəniz yolunun ələ keçirilməsi və beləliklə də Avropa müttəfiqlərinin bəziləri ilə əlaqələrin bərpa edilməsi məqsədi daşıyırdı. Bir neçə qalanın dağıdılması, əsir və qənimət ələ keçirilməsindən başqa bu qəzanın heç bir mühüm strateji nəticəsi olmadı. Gürcü koridoru 1461-1471/866-876-cı illər arası Poti (Fasis, Fasso) limanı vasitəsilə Avropa ilə əlaqə üçün qismən azad yol olsa da, Uzun Həsən getdikcə diqqətini daha çox cənub-qərb istiqamətinə yönəldir. Buradakı Qaraman və Aralıq dənizi onun fikrincə Venesiya kimi dövlətlərə birbaşa çıxış təmin edirdi. Venesiya gələcəkdə Fateh Mehmetlə savaşda Uzun Həsənin başlıca müttəfiqinə çevriləcəkdi.

Ağqoyunlu siyasi fəallığı üçün digər səhnə Anadolu Kürdüstanı idi. Uzun Həsən də ulu babaları kimi torpaqları daxilində və sərhədlərinə bitişik ərazilərdə yerləşən Bulduqanilərin Egil və Zraqilərin Tərcil kimi qismən kiçik, Malkişilərin Çemişgəzək və Əyyubilərin Həsən-Keyf kimi  olduqca mühüm yarımmüstəqil kürd bəylikəri ilə daima təmasda olurdu. Onların sosial və iqtisadi quruluşu qonşuları türkmən tayfaların quruluşuna çox bənzəsə də, XV/IX əsrdə kürdlər nadir hallarda böyük köçəri konfederasiyalarda birləşirdilər. Onlar əsasən daxili tayfa iyerarxiyasına, möhkəmləndirilmiş istehkamlardan ibarət müəyyən əraziyə malik ayrı-ayrı anklav şəklində yaşayırdılar. Əsasən miqrasiya və ticarət yolları üzərindəki strateji ərazilərdə qurulmuş bu bəyliklər türkmən və kürd tayfalarının qarşılıqlı anlaşması üçün bəzi tədbirləri zəruri edirdi. Nəticədə Türkmən hökmdarlar adətən kürd bəyliklərinin yerli hakimlərinin müstəqilliyini tanımalı olur [16], onlar isə əvəzində türkmənlərin fəsli köçünə müdaxilə etmir və ticarət karvanlarının azad keçməsinə imkan yaradırdılar.

Lakin tez-tez türkmən-kürd münasibətləri ifrat qəzəb, müxalif ikiüzlülük və hərbi qarşıdurmaya çevrilirdi. Hakimiyyətinin ilk on ilində Uzun Həsən kürd bəyliklərinə münasibətdə işğaldan çox barış mövqeyi tutmuşdu. Ağqoyunlu tayfa başçılarının Böyük vətəndaş müharibəsi dövründə Dövlətşah Bulduqani və Ömər Zraqi ilə nikah vasitəsilə qohumluq münasibətləri yaratması [17] kürdlərin varisliklə bağlı münaqişələrdə avtomatik olaraq Uzun Həsəni dəstəkləyəcəyi demək deyildi. Məsələn, Dövlətşahın oğlu İsa atasının Uzun Həsənlə bağladığı müqaviləyə qarşı çıxmış və hətta 1457/861-ci il Dəclə üzərindəki döyüşdə Rüstəm İbn Tərxan və Cahangirə qoşulmuşdu [18]. Eyni ilə Zraqilər də Uzun Həsənin Cahangirə qarşı mübarizəsində bir neçə dəfə ona qarşı çıxmış, lakin 1460-cı ilin sonunda/865-ci ilin əvvəlində yenidən Cahangirə qarşı bir cəbhədə birləşmişdilər [19]. Çemişgəzəyin Malkişi kürdləri Bulduqani və Zraqilərlə müqayisədə daha geniş əraziyə nəzarət edirdilər, onların bəyliyi Yuxarı Fəratın hər iki sahili, Qarasu və Murad Su ərazilərindən keçirdi. Beləliklə də onlar həm Qərbi Ərməniyənin yaylaqlarını, həm də Fəratın Ərzincandan Malatya və Ayntaba aparan başlıca ticarət yolunu nəzarətdə saxlayırdılar. Bu tayfanın çox güman ki, Böyük vətəndaş müharibəsində Həmzəni dəstəkləyən başçısı Sarı Şeyx Həsən 1456/860-cı ildə nəhayət, Uzun Həsənə birləşir və növbəti il Dəclə üzərindəki döyüşdə onun tərəfindən iştirak edir [20]. Uzun Həsənilərlə Sarı Şeyx Həsən arasında münasibətlər 1459/863-864-cü ildə Uzun Həsənin böyük oğlu Sultan Xəlil Zöhrab bin Şeyx Həsənin qızı ilə evləndikdən sonra daha da möhkəmlənir [21]. Həmin dövrdən başlayaraq Çemişgəzəyin Malkişi kürdləri Ağqoyunlu tayfa ittifaqının ayrılmaz hissəsinə çevrilirlər. Bu, Səfəvilərdən əvvəl türkmənlərlə kürdlər arasında mövcud olmuş əməkdaşlığın bir nümunəsi idi [22].

Əyyubilərə qarşı isə Uzun Həsən, 3-cü fəsildə təsvir edildiyi kimi, daha sərt münasibət nümayiş etdirirdi. Konfederasiyanın şərq sərhədləri boyunca yerləşən Əyyubilər Ağqoyunluların ənənəvi köç yolu üçün heç bir təhlükə yaratmırdılar, lakin onlar mühüm kommunikasiya özəyi və ticarət mərkəzi olan Həsən-Keyfə nəzarət etdiklərindən Uzun Həsənin iddialarının hədəfinə çevrilmişdilər. 1460-1462/864-866-cı illər arasında Siirt şəhəri uğrunda mübarizə Uzun Həsənə 1455/859-cu ildə bağlanmış Ağqoyunlu-Əyyubi razılığına son vermək və əl-Adil Xələfə qarşı döyüşə başlamaq üçün bəhanə oldu. 1461-ci il noyabrın əvvəlində/866-cı il məhərrəm ayının sonunda Sultan Xəlil Həsən-Keyfi mühasirəyə almaq üçün göndərilir, bir qədər sonra atası Uzun Həsən də ona qoşulur. Yeddi ay davam edən mühasirə nəhayət, 1462-ci ilin iyununda/866-cı ilin ramazan ayında qalanın təslim olması və Əyyubi şahzadələrinin kütləvi qırğını ilə başa çatır. Bütün əyalət Sultan Xəlilin mülkiyyəti elan edilir. Səlibçilər üzərində qələbənin böyük müsəlman qəhrəmanı Səlahəddinin nəslindən olan Əyyubilərin taxtdan salınması Məmlük salnaməçisi İbn Tağribirdiyə olduqca güclü təsir göstərir. Salnaməçi məhz bu hadisədən sonra Uzun Həsənin Diyarbəkirdə real hakimiyyətə gəldiyini qeyd edir [23]. Həsən-Keyfin süqutu həmçinin Uzun Həsənin kürdlərlə münasibətinin ilk mərhələsini başa çatdırır. İkinci mərhələ isə altı il sonra 1468/873-cü ildə onun böyük işğalları zamanı başlayır.

1462/866-cı il Uzun Həsən üçün eyni zamanda Qahirə ilə münasibətlərdə dönüş nöqtəsinə çevrilir. Uzun Həsənin yaxşı münasibətdə olduğu Məmlük sultanı əl-Əşrəf İnal bir il əvvəl vəfat edir və taxta əl-Zahir Xoşqədəm (1461-1467/865-872) çıxır. Uzun Həsənin and-aman etməsinə baxmayaraq, yeni sultan onun Dəməşqin qiyamçı hakimi Canım əl-Əşrəfi dəstəkləməsindən şübhələnir və xəyanətkarlara qarşı əməliyyat əmri verir. Lakin bir neçə aydan sonra Ağqoyunluların tutduqları Ruhada Canımın öldürülməsi əl-Zahir Xoşqədəmin Uzun Həsən haqqında fikrinin dəyişməsinə səbəb olur və Məmlük ordusu geri çağrılır [24].

Ağqoyunlu-Məmlük münasibətlərindəki böhran yenicə yoluna qoyulmuşdu ki, Fəratın yuxarı hissəsindəki sərhəd zonasında 1464-1466/868-870-ci illərdə Ağqoyunlu, Məmlük, Qaraman, Zülqədər və Osmanlı qüvvələrinin iştirakı ilə daha təhlükəli bir münaqişə başlandı. Bölgənin yüksək siyasi həssaslığını bir daha xatırladan bu böhran bir-birindən uzaq, lakin əlaqəli olan üç hadisənin nəticəsində yaranmışdı. Birinci hadisə Pazuki kürdlərinin Hələb-Ərzincan yoluna nəzarət edən Gərgər qalasını ələ keçirmələri, qalanın canişinini öldürərək açarlarını Uzun Həsənə göndərmələri ilə başlayır. Ağqoyunlu başçısı bundan dərhal sonra tabelik simvollarını Xoşqədəmə göndərsə də, Məmlük sultanı Uzun Həsənin niyyətinə şübhə ilə yanaşmaqda davam edir. Pazuki kürdləri Gərgəri yeni Məmlük canişininə tabe etmək istəmədikdə isə bu şübhələr daha da artır [25]. 

Təsvir 9. Uzun Həsənilərin ilk hakimiyyəti  

Gərgərin süqutu kimi 1464-cü ilin yayında/868-ci ilin sonunda Qaraman hökmdarı İbrahimin ölümü də Məmlükləri sarsıtdı və hətta miqyasına görə birinci hadisəni kölgədə qoydu. Qaramanda dərhal varislik uğrunda İbrahimin çoxsaylı oğulları arasında münaqişə başladı. Lakin əsas mübarizə Osmanlı sultanı Fateh Mehmetin dəstəklədiyi Pirəhmədlə Uzun Həsənin yardım göstərdiyi İshaq arasında gedirdi. 1464-cü ilin sentyabr/869-cu ilin məhərrəm ayında Ağqoyunlular Konya, Bəyşəhir, Akşəhir, Aksaray, Dəvəli və Kayseridən keçib böyük bir qövs yaradaraq Qaramanı işğal etdilər. İshaq Bəy atasının taxtına otuzduruldu, əl-Zahir Xoşqədəmin şərəfinə cümə xütbəsi oxundu, İshaq Bəy və himayədarı Uzun Həsən Məmlük sultanına ehtiramlarını bildirdilər. Əvvəlcə əl-Zahir Xoşqədəm ümumi düşmənləri olan Osmanlılar üzərindəki bu qələbəni alqışladı, lakin bu sevincin ömrü İshaq Bəyin hökmranlığı qədər qısa oldu. Osmanlı qoşunlarından yardım alan İshaq Bəyin ögey qardaşı Pirəhməd onu taxtdan saldı [26].

                                                                                    Xəritə 7. İkinci və ya bərpa olunmuş Bəylik

Üçüncü hadisə 1465-ci ilin yanvarında/869-cu ilin cəmadiyələvvəl ayında baş verdi. Əl-Zahir Xoşqədəm Uzun Həsənin Gərgəri təqribən bir il mühasirədə saxlamış Məmlük qoşun hissələrini geri otuzduraraq şəhəri ələ keçirdiyi xəbərini alır. Bir ay sonra Uzun Həsənin səfiri Gərgərin açarları və Gərgərin əvəzinə Harputun təslim edilməsi və buna görə 10 min dirhəm təzminat ödəniləcəyi təklifi ilə Qahirəyə yetişir. Ağqoyunluların şantajına boyun əyərək Məmlüklərin himayəsində olan Harputun hakimi Məlik Aslan Zülqədəri vəzifəsindən uzaqlaşdırmaq niyyətində olmayan əl-Zahir Xoşqədəm Osmanlılara qarşı ən güclü müttəfiqi olan Uzun Həsənlə də düşmənçilik etmək istəmir və bu səbəbdən təklifi qəbul edir. Deyilənə görə, o, Uzun Həsənə belə bir cavab göndərir: “Mən Harputu nümayəndəm Məlik Aslana vermişəm, əgər sən onu almağı bacarsan götürərsən.” Bundan sonra Məmlük sultanı Məlik Aslana yardım üçün hərbi dəstələr göndərir və müqavimət göstərmək tapşırığı verir. Sultanın ikili oyunu tezliklə hamıya bəlli olur və Ağqoyunluların qisas məqsədi ilə hər an Hələbə hücum edəcəyi gözlənilir [27].

Gərgəri əl-Zahir Xoşqədəmin nümayəndələrinin əlindən aldıqdan sonra Uzun Həsən 1465-ci ilin payızında/869-cu ilin sonu-870-ci ilin əvvəlində Harputu ələ keçirir, sonra isə Malatya və Elbistanı tutaraq Zülqədərləri Ceyhan çayına qədər sıxışdırır. Bu xəbərləri alan əl-Zahir Xoşqədəm olduqca narahat olur, lakin Osmanlıların Anadoluya, bu dəfə Zülqədər-Məmlük mülklərinə hücumu haqqında eşitdikdən sonra baş verənlərlə bağlı Uzun Həsənin 1466-cı ilin əvvəlində/870-ci ilin rəcəb ayında Qahirəyə göndərdiyi anası Saray vasitəsilə üzrxahlığını məmnuniyyətlə qəbul edir [28]. Rəsmi olaraq Harputun Məmlük hakiminə çevrilən Uzun Həsən əslində on beş il ərzində Zülqədərlərin hakimiyyəti altında olmuş şəhərin müstəqil hakiminə çevrilir və yuxarı Fəratın şərq sahilindən Məmlükləri və adamlarını çıxarmağa müvəffəq olur. Bu üç hadisə, Gərgərin satın alınması, Qaramanın işğalı və Harputun tutulması, iki il sonra Uzun Həsənin bölgədə həyata keçirəcəyi dəyişikliklərin işartıları idi.

Babası Qara Osmanın hakimiyyəti dövründə ilk Bəyliyin malik olduğu torpaqların əksəriyyətini nəzarəti altına keçirən Uzun Həsən bundan sonra diqqətini şərqə, ənənəvi düşmənləri tərəfə yönəldir. 1456-1457/860-861-ci il faciəli ikinci Diyarbəkir əməliyyatından sonra olduqca ehtiyatlı davranan Cahanşah Qaraqoyunlu Uzun Həsənə qarşı maraqlı siyasət nümayiş etdirirdi. Məsələn, 1460/864-cü ildə o, Uzun Həsənin sarayına hədiyyələrlə dolu səfirlik göndərir, hədiyyələrin içərisinə hökmdar geyiminin simvolu olan qızıl kəmər də daxil edilmişdi [29]. Növbəti il göndərilən ikinci səfirlik Uzun Həsəni könülsüz olaraq Cahanşahla razılıq imzalamağa inandıra bilir [30]. Başı şərqdə Teymuri mülkləri hesabına imperiya torpaqlarını genişləndirməyə və iki oğlu, Həsənəli və Pirbudağın qaldırdığı qiyamları yatırmağa qarışmış Cahanşah Ağqoyunlulara qarşı qəti tədbirlər görmək imkanı yaranana qədər onları sakitləşdirməyə çalışırd

Cahanşahın sakitləşdirmə siyasəti 1463/867-ci ildə Qaraqoyunlu Duxarlı konfederasiya tayfasının Bayburt qalasını işğal edərək istehkamı Uzun Həsənə təslim etdiyi zaman ağır sınaqdan keçdi. Cahanşah nəinki bu xəyanətkarlığa qarşı çıxdı, əksinə, qalanın Uzun Həsənin mülkiyyətinə keçməsi haqqında fərman da göndərdi. Həmin il Cahanşahın qiyamçı oğlu Həsənəli Uzun Həsəndən siyasi sığınacaq istədi, 1450/854-cü ildə Cahangirə qarşı birinci Diyarbəkir əməliyyatı zamanı yaranmış vəziyyət təkrarlanmış oldu. Lakin bu dəfə Qaraqoyunlu hökmdarı heç bir tədbir görmədi, tezliklə Uzun Həsən özü qaçqını qardaşı Pirbudağa birləşmək üçün Bağdada göndərdi. 1466/870-ci ildə Pirbudağın ölümü və Bağdadın Cahanşah tərəfindən işğalı sonunda Qaraqoyunlu liderinin əl-qolunu açır. Cahanşah on il əvvəl Dəclə yaxınlığında ordusunu ağır məğlubiyyətə uğratmış kişiyə qarşı müharibəyə başlamaq üçün üçüncü Diyarbəkir əməliyyatına hazırlaşmağa başlayır [31].

BÖYÜK İŞĞALLAR

1467-ci ilin martında/871-ci ilin şaban ayında hakim Qaraqoyunlu tayfası və konfederasiya üzvlərinin qüvvələri Təbrizdə toplanmağa başlayır, iki ay sonra Cahanşah 30.000 süvari dəstəsindən ibarət qüvvələri 1461/865-ci ildə Uzun Həsənlə bağladığı müqaviləyə zidd olaraq Kürdüstan və Şərqi Diyarbəkir istiqamətinə yönəldir [32]. Yayda son anda baş tutmuş gərgin danışıqlar uğurlu nəticə vermir və hər iki tərəf döyüşə hazırlaşır. Çox güman ki, tərəflər arasında ilk toqquşma 1467-ci ilin oktyabrında/872-ci ilin rəbiüləvvəl ayında Sultan Xəlilin rəhbərlik etdiyi kiçik Ağqoyunlu qüvvələrinin Çapakçur (Bingöl) yaxınlığında Murad Su üzərindəki Qaraqoyunlu mühafizəsini geriyə otuzdurarkən baş verir [33].

Bu uğursuzluq, sərt qışın başlaması, Uzun Həsənin gərginlik yaradan taktikası və yaxud bütün bunların hamısı Cahanşahın qoşunları qışlağa çəkməsi, geridə isə yalnız oğulları Məhəmmədəli, Əbu Yusif və onların şəxsi xidmətçilərini  saxlaması ilə nəticələnir. Noyabrın 10-u/rəbiülaxır ayının 12-də  günortadan bir qədər sonra [34] Uzun Həsən 6.000-lik hərbi qüvvə ilə Qaraqoyunluların Muş düzündəki yarısəhra düşərgəsində peyda olur. “Yarasa” [35] ləqəbini doğruldan Cahanşah hücum başlayarkən ağır yuxuya getmişdi. Çaşqın Cahanşah naməlum düşmən tərəfindən ölümcül yaralanır, sonradan qatil onun başını bədənindən ayırır [36]. Döyüşdən sonra Cahanşahın yalnız bədəni tapılır, başını isə tapmaq mümkün olmur.

Bir qrup mənbələrin yazdığına görə, Cahanşahın başı onun nominal hökmdarı olan Teymuri Əbu Səidin sarayına [37], digər mənbələrin şahidliyinə görə isə, Qahirəyə Məmlüklərin sarayına göndərilib. Tarixçi Abdullah əl-Bağdadi hətta Cahanşahın başını dekabrın 4-də/cəmadiyələvvəl ayının 7-də Hələbdə gördüyünü iddia edir [38]. İbn Tağribirdi Uzun Həsənin Cahanşahı məğlub etməsi ilə bağlı Qahirədə yayılan müxtəlif şaiyələri qeyd edərək yazır ki, dekabrın 18-də/cəmadiyələvvəlin 21-də və ya dekabrın 31-də/cəmadiyəlaxırın 4-də Qahirədə nümayiş etdirilən baş Cahanşaha aid deyil [39]. Lakin hər iki müəllif təsdiq edir ki, kimə məxsus olmasından və  Qahirəyə nə zaman gətirilməsindən asılı olmayaraq bu baş bir neçə gün Qahirənin  Züveyla darvazasında Cahanşah Qaraqoyunlunun başı kimi nümayiş etdirilib.

Onun cəsədinin başına gələnlər haqqında da müxtəlif fərziyyələr mövcuddur. Bəziləri deyir ki, onun cəsədi Ercişdə Qara Yusifin türbəsində dəfn edlib, bəziləri isə Cahanşahın Təbrizdəki Cahanşah məscid və türbə kompleksində, Müzəffəriyyə və ya Məscidi Kabudda dəfn edilməsi haqqında yazır [40]. Şahzadələrdən Əbu Yusif və Məhəmmədəli də əsir götürülmüş məşhur Qaraqoyunlu və Teymuri başçılarının arasında idi. Əsir götürülənlərdən biri Cahanşahın nəvəsi, gələcəkdə Uzun Həsənin Teymuri siyasətində mühüm rol oynayacaq şahzadə Yadigar bin Sultan Məhəmməd Şahruxi idi. Məğlub olan ordunun əsas hissəsinə geriyə, vətənə qayıtmaq icazəsi verilir, Məhəmmədəli çox güman ki, birinci Diyarbəkir əməliyyatındakı roluna görə qisas alınaraq edam edilir, Əbu Yusifin gözləri sonradan kor edilir. Qaraqoyunluları başsız qoyub darmadağın edən Uzun Həsən bu zəfərini qeyd etmək və gələcək addımlarını planlamaq üçün Amidə dönür.

Muş döyüşü Cahanşahın Kürdüstan, Azərbaycan, Arran, Ərəb İraqı, Xuzistan, Əcəm İraqı, Fars və Kirmanın daxil olduğu olduqca böyük dövlətini ondan çox rəqib qruplar arasında  gedən döyüş meydanına çevirərək ciddi çaxnaşma yaratsa da, bu siyasi xaosda hakimiyyət uğrunda əsas mübarizə Cahanşahın oğlu Həsənəli və Teymuri Sultan Əbu Səid Miranşahi kimi iki namizəd arasında gedirdi. Qərb və cənubda isə əl-Zahir Xoşqədəmin Cahanşahın ölümündən bir neçə həftə əvvəl dünyasını dəyişməsi ilə bağlı başlanan varislik mübarizəsi Məmlükləri zəiflətmişdi, altı aydan da az bir müddətə Qahirədə taxta dörd sultan çıxmışdı. Anadolu yaylası yenidən münaqişə səhnəsinə çevrilmişdi, Suriya Məmlükləri özlərinin köhnə müttəfiqləri Zülqədərlərlə təhlükəli mübarizəyə başlamışdılar. Osmanlılar isə çoxdandır ki, belə bir əlverişli məqamı gözləyirdilər. Onlar fürsətdən istifadə edərək, əvvəlcə, Şahsevər Zülqədərə yardım edir və onu Məmlük Suriyasını işğal etməyə təhrik edirlər. İkincisi isə, Qaramanilərin oyuncaq hökmdarı Pirəhmədi taxtdan salaraq torpaqlarının çoxunu işğal edirlər [41].  Uzun Həsən güclü qərb qonşularına mənasız sərhədyanı münaqişədə güclərini sərf etmək fürsəti verir, özü isə Cahanşahın mirasının bölüşdürülməsi ilə məşğul olur.

Qaraqoyunlu tayfa konfederasiyası üzvlərini sakitləşdirməyə cəhd göstərən Uzun Həsən ilk vaxtlar uğur qazana bilir və Hacılı və Alpavut tayfa başçılarının sədaqətini əldə edir. Bağdadı nəzarətdə saxlayan Alpavut Qaraqoyunlu konfederasiyasının ən güclü tayfalarından idi. Uzun Həsən Azərbaycanı strateji və iqtisadi cəhətdən ən mühüm nöqtə hesab etməsinə baxmayaraq ilk hədəf olaraq Ərəb İraqını götürür və Sincar, Mosul və Ərbili işğal edir. Lakin həmin dövrdə Alpavutlu hakim verdiyi vədə xilaf çıxaraq Uğurlu Məhəmmədə və Ağqoyunlu qüvvələrinə şəhərə girməyə icazə vermir. Bu kəsişən nöqtədə uzun sürən və bahalı mühasirəyə başlamaq istəməyən Uzun Həsən 1468-ci ilin baharında/872-ci ilin şaban-ramazan aylarında [42] şəhər ətrafında güc nümayiş etdirərək Azərbaycanın qərbinə üz tutur. Orada Həsənəli bin Cahanşah Qaraqoyunlu dövlətindən qalan əraziləri hakimiyyəti altında birləşdirməyə cəhd göstərirdi.

Cahanşahın ölümündən sonra Həsənəli atasının ələ keçirilmiş xəzinəsi hesabına özünə hökumət və ordu yaradır və əvvəlcə onun hakimiyyətinə qarşı çıxan daxili rəqiblərinə, sonra isə xarici qüvvələrə qarşı mübarizəyə başlayır. Həsənəlinin hərbi qüvvələri olduqca böyük, lakin rəngarəng tərkibə malik tayfaların ittifaqından, Qaraqoyunlu tayfa ittifaqına daxil olan Bayramlı, Van gölü ətrafında məskunlaşmış kürd Ruzagi və Uzun Həsənin əmisi Mahmud bin Qara Osmanın rəhbərlik etdiyi Ağqoyunlu hakim Bayandur tayfasının Qaraqoyunluların Ərzincanı ələ keçirdikləri 1450/854-cü ildən sonra Təbrizdə yerləşmiş xəyanətkar qolundan ibarət idi. Mülkü idarəçilik atası Cahanşahın dövründə olduğu kimi İranın şəhər zadəganlarının əlində idi. Şərqdən Teymuri, qərbdən isə Ağqoyunlu ordusunun yaxınlaşması ilə yaranmış məngənədə sıxışdırılan Həsənəli və adamları 1468-ci il avqustun sonlarında/873-cü il səfər ayının əvvəllərində qəflətən Mərənd yaxınlığında Uzun Həsənlə uğursuz münaqişəyə girirlər. Əksər döyüşçülərin, xüsusilə də Bayramlı tayfasından olanların xəyanəti üzündən məğlubiyyətə uğrayan Həsənəli kürd müttəfiqləri ilə birgə döyüş meydanını tərk edərək Ərdəbildə Şeyx Cəfər Səfəvinin yanına sığınır, beləliklə də bütün Qərbi Azərbaycanı Ağqoyunluların ixtiyarına buraxır [43].

Həmin dövrdə Sultan Əbu Səid on beş illik Qaraqoyunlu idarəçiliyindən sonra Əcəm İraqını yenidən işğal edir, Azərbaycan vilayətinin cənub hissəsini ələ keçirərək 1468-ci ilin oktyabrında/873-cü ilin rəbiüləvvəl ayında Miyanəyə çatır. Burada o, məşhur qoca əmisi Şahruxun dövründən aktuallığını itirməyən Teymurilərin qərb məsələsinin həlli üçün Uzun Həsənlə sülh danışıqlarına başlayır. Teymurun Azərbaycanı Miranşaha verdiyini, Qara Osman Bayandurun isə Teymurun vassalı olduğunu xatırladan Sultan Əbu Səid Ağqoyunluların Azərbaycanın qərbini tərk edərək Diyarbəkirə qayıtmasını  tələb edir. Bu tələblə razılaşan Uzun Həsənə gələcəkdə Teymurilərin Anadolu, Suriya və Misirdəki işğalları zamanı ələ keçirilən ərazilərdə valilik veriləcəyi vəd edilir. Lakin Sultan Əbu Səidin ölmüş Miranşahilərə və Qara Osmani hakimiyyətinə müraciəti onun əsas məqsədinin gizlədilməsindən başqa bir şey deyildi. Tehrani-İsfahani yazır ki, Sultan Əbu Səid Həsənəli Qaraqoyunlunu Azərbaycanda yerləşdirmək, Uzun Həsəni isə Diyarbəkir və Ərməniyədə yaşlı əmisi Mahmud bin Qara Osmanla əvəz etmək  niyyətində idi [44].  Sultan Əbu Səidin hansı niyyətdə olmasından asılı olmayaraq onun təklifi Uzun Həsən tərəfindən rədd edilir.

1468-1469-cu ildə qışın gəlişi ilə/873-cü ilin ortalarında Sultan Əbu Səid qoşunlarını Miyanədən Qarabağdakı qış düşərgəsinə çəkir. Cahanşah kimi Ağqoyunluların sürpriz hücumu ilə üzləşməmək üçün Sultan Əbu Səid döyüşçülərinə Teymuri düşərgəsini xəndəklə dövrələmək və mobil istehkamla zəncirləmək əmri verir [45]. Osmanlıların Başkənddə istifadə etdikləri kimi mobil istehkamı qoruyan xüsusi artilleriya haqqında mənbələr heç bir məlumat vermirlər, lakin sonralar Qəzvini işğal edən Teymuri mühasirə silahları içərisində adətən müxtəlif tipli odlu silahla bağlı olan “boraks” və “metal çaydan” aşkar edilmişdir [46]. Bu müdafiəyə qarşı Uzun Həsən bir il əvvəl Muşda Cahanşahın sayca üstün qüvvələrinə qarşı istifadə etdiyi taktikadan istifadə edir, Teymuri düşərgəsi ətrafında dairəni sıxlaşdıraraq açıq münaqişəyə girməkdən yayınır. O, həmçinin Sultan Əbu Səidi diplomatik cəhətdən təcrid edir, yerli hökmdarlara təzyiq göstərərək Teymuri düşərgəsinin təchizatının qarşısını alır. Mobil istehkamlarda mühasirəyə alınmış, təchizat baxımdan qıtlıq çəkən, kənar dünyadan təcrid olunmuş Teymuri əsgərləri tezliklə öz hökmdarlarından üz döndərərək türkmənlər tərəfə keçirlər. Ağqoyunluların davamlı hücumları Sultan Əbu Səidin düşərgəsində ruh düşgünlüyü və qorxu yaradır, fərariliyi artırır. Nəhayət, 1469-cu il yanvarın 29-da/873-cü il rəcəb ayının 15-də Sultan Əbu Səidin özü Xorasana getmək qərarına gəlir [47], lakin qaçarkən Uzun Həsənin oğulları Sultan Xəlil və Zeynal tərəfindən əsir götürülür. Əvvəlcə iki düşmən süni olaraq dostca görüşür, lakin tezliklə sərkərdələri Uzun Həsəni Sultan Əbu Səidi Yadigar Məhəmməd Şahruxiyə verməyə inandırırlar. Yadigar Məhəmməd Şahruxi ulu nənəsi Gövhərşad Tərxanı, Şahruxun birinci xanımını öldürdüyü üçün Teymuri sultanına qəzəbli idi. Bu qisas fevralın 5-də/rəcəb ayının 22-də Sultan Əbu Səidin edam edilməsi ilə nəticələnir [48].

Sultan Əbu Səidin ölümü Uzun Həsənilərin təkcə Azərbaycanı deyil, həmçinin Əcəm İraqını, Farsı, Kirmanı, Xəzəryanı əraziləri və hətta Teymurilərin dədə-baba yurdu Xorasanı işğal etməsi üçün Ağqoyunluların önünü kəsmiş sonuncu maneəni aradan qaldırmış olur. Bu işğalları hərtərəfli təsvir etməyə heç bir ehtiyac yoxdur, sonrakı səhnələr Uzun Həsənin son işğallarının xronoloji və coğrafi modelinə işarə edəcək. Azərbaycan yeni yaradılmış imperiyanın mərkəzinə çevrilir, Ağqoyunluların paytaxtı Amiddən Təbrizə köçürülür. Bu köçürülmə konfederasiyanın coğrafi oriyentasiyasındakı dəyişiklikdən xəbər verirdi. Bir neçə ay sonra,  1469-cu ilin aprel-may aylarında/873-cü ilin şəvval ayında Həmədanın kənarında baş vermiş döyüşdəki ikinci məğlubiyyətdən sonra Həsənəli bin Cahanşah özünə qəsd edir, Əcəm İraqı ələ keçirilir [49]. Bu torpaqlar paytaxt İsfahanla birlikdə Uzun Həsənin böyük oğlu Uğurlu Məhəmmədə verilir. Fars və Kirman oktyabr/rəbiülaxır ayında Uğurlu Məhəmmədin Cahanşahın son varisi olan kor edilmiş Əbu Yusifi edam etməsi ilə qəti şəkildə Ağqoyunluların hakimiyyəti altına keçir [50]. Kirman Uzun Həsənin üçüncü oğlu Zeynala mülk olaraq verilir. Farsın statusu əvvəl ziddiyyətli idi və ola bilsin ki, Azərbaycandakı sülalə mülklərinə aid edilirdi [51]. Luristan, Xuzistan və Sistan kimi kənar vilayətlər, Şirvan, Gilan, Rüstəmdar, Mazandaran və Hörmüz kimi tamamilə işğal edilməmiş, iqtisadi cəhətdən önəmli bölgələr isə Uzun Həsənin hakimiyyətini tanımağa məcbur edilirlər, bəzi hallarda xərac ödəməli, lazım gəldikdə isə hökmdarı qoşunla təmin etməli olurlar [52]. Nəhayət, dekabr/cəmadiyələvvəl ayında Ərəb İraqının paytaxtı Bağdad Maqsud bin Uzun Həsənin şərəfinə Xəlil Tuvaçı tərəfindən işğal edilir [53].


İstinadlar və qeydlər


1. Bu on illik dövrün ən mühüm təsviri mənbəsi DİYARdır, 367-370, 376-405.

2. Osmanlı bəylərbəyi Hızır Ağanın Kalo İoannı silkələmək cəhdi haqqında bax: AŞIK A:266-267, ÇALK 2:222.

3. Ağqoyunlu-Trabzon ittifaqı və Feodoranın və ya Dəspinə Xatunun Uzun Həsənlə evlənməsi haqqında bax: ÇALK, 2:243, 249; MALİPYERO, 25-26; PSEVDO-ANCİOLELO, A:369, B:73; ROMANO, A:452-453, B:178-179 və ikinci dərəcəli mənbələr kimi Fallmerayer  1827: 259-261, Diehl 1913, Miller  1926:88-89 və Hinz 1936:39-42. Fallmerayer yazır ki, izdivac 1358/862-863-cü ildə baş tutmuşdu, lakin DİYAR, 382, razılaşmaya yalnız eyham vurur və bunun 1459-cu ilin yayında/863-cü il şaban-zilqədə aylarında baş tutduğunu yazır. Əgər Barbaronun bu nikahdan doğulan ilk uşaq olan Maqsudun 1478/882-ci ildə iyirmi yaşında olması haqqında məlumatı doğrudursa, toy ən azından 1457/861-862-ci ildə baş tutmalı idi (BARBARO, A:568, B:93).

4. David Komninin yazdığı və Burqundiya hersoqu Yaxşı Filipə göndərdiyi məktubun latın dilində olan mətni Fallmerayer, 1827:266-267, tərəfindən dərc edilmişdi, məktubun ingilis dilinə tərcüməsi isə Brayerin, 1965:197-198, kitabının əlavəsində nəşr edilib. Bu məktubun Çərkəz hakimi tərəfindən Venesiya dojuna ünvanlanan başqa bir versiyası isə İORQA, 4:cii, 172-173, tapılıb. Brayerin Lyudovik da Bolonyanın 1460-1461-ci il səfirliyinin qəribə şərtlərinin möhtəşəm tənqidi təhlili olan məqaləsinə bax.

5. Uzun Həsənin Gürcü çarlığına qarşı təşkil etdiyi yürüşlərin sayı haqqında ziddiyyətli məlumatlar mövcuddur (Minorski 1933:22-23, n.31). Hinz 1936:44-45, 137-138 cəmi beş yürüşün olması haqqında yazır. Lakin Yinanç, 1940:259-260, cəmi dörd yürüşün olduğunu yazır. Mənbələrin dərin təhlili cəmi üç yürüşün, 1458/862-863, 1461/866 və 1476-1477/881, olduğunu göstərir. Bu məsələdə ziddiyyətin yaranma səbəbini aşağıda sadalanan əsas təsviri və sənədli mənbələrin siyahısı göstərir.

QəzaTarix və yeri  Gürcü mənbələriDigər mənbələr  
I1458/862-863; SamtsxeBROSSET, 1:687-688DİYAR, 281, 376-379; HAVADİS, 321  
II1461/866; İmeretiBROSSET, 1:688; 2/2:3DİYAR, 392-393; HAVADİS, 418
*III1466-1467/871; İmereti ƏHSƏN, A:446-447; CAMİ, 634b  
*IV1471-1472/876;            Samtsxe-Kartli           BROSSET, 2/1:322TKS, E5433b; TKS E 5486; TACİ, 28, 32, 35; DİYAR, 55?= ƏHSƏN, A:521?; MALİPYERO, 70; CAMİ, 636a  
III/*V1456-1477/881; Kartli    BROSSET, 2/I:12-13, 251KOLOFONLAR, 314, 316, 320,321, 322; BARBARO , A:565-567, B:90-91;  ƏMİNİ, 97, 340; ANONİM SURİYA, xlvii; ASNAD, A:446-447; LUBB 221; ƏHSƏN, A: 556-557; NUSAX, 253; CAMİ, 636a.    

*III Qəza ilə bağlı tərəddüdlərin yaranması DİYARda I qəzanın iki dəfə, birinci dəfə Teymuri və Qaraqoyunlulardan uzaqlaşmazdan əvvəl, ikinci dəfə isə uzaqlaşandan sonra qeyd olunmasından bəhrələnir. ƏHSƏN A və CAMİdə çox güman ki, birinci yürüşə əhəmiyyət verilməyib, ikinci yürüşü isə 1466-1467/871-ci ilə aid ediblər.

 *IV qəza ilə bağlı məlumat əvvəlkindən də ziddiyyətlidir. Luqal və Sümərin redaktə etdirdikləri DİYARda, 559, Uzun Həsənin süvari dəstələrini “be cənub-i Bidlis və Diyar-i Ərmən”ə yönəltdiyi yazılır, ƏHSƏNin, A:521, Nəvai tərəfindən redaktə edilmiş versiyasında isə Uzun Həsənin “be cənub-i Tiflis və Diyar-i Ərmən”ə getdiyi yazılır. Mənim fikrimcə Luqal və Sümərin məlumatları daha dəqiqdir və burada Süleyman Bəy Bicanın başçılıq etdiyi 1471-1473/876-878-ci il Bidlisin mühasirəsi əməliyyatı nəzərdə tutur (KOLOFONLAR 307; YAŞBƏK 121, DİYAR 543). Sənədli mənbələrdə Uzun Həsənin yalnız qəzada iştirak etmək niyyəti haqqında məlumat verilir. CAMİdəki *IV qəza haqqında məlumat eyni ilə *III qəza kimi ƏHSƏN A-dan götürülməyib. Əslində buradakı məlumatlar 1476-1477/882-ci ildə Tiflisə hücumu öz gözləri ilə görmüş BARBAROnun qeydləri ilə tamamilə üst-üstə düşür, lakin mənbə eyni zamanda başqa bir mənbədə rast gəlinməyən III/*V qəzası haqqında məlumatı da əks etdirir. Ən çətin isə MALİPYEROdakı, 70, Ağqoyunlu-Qaraman qüvvələrinin Osmanlıların Kolxida vilayətindəki sahil müdafiə nöqtələrinə hücumu ilə bağlı məlumatın izah edilməsidir, çünki bu məlumat da digər mənbələrdə qeydə alınmayıb.

6. Vitekin Osmanlı İmperiyasının yüksəlişinə həsr edilmiş kitabındakı məşhur “qazi tezisi” Mazzaouinin, 1972:73-77, Türkmən Qaraqoyunlular, Ağqoyunlular və Səfəvilərə həsr edilmiş kitabına da tətbiq edilə bilər. Ağqoyunluların qazi yürüşlərinə Trabzonluları daxil etməməsi, müqəddəs yürüş zamanı xristianların xristianlara qarşı təşkil olunmuş əməliyyatlara cəlb olunmaması zaman-zaman DİYARda, 382, izah edilir. Böyük Komninlər cizyə ödəməyə başladıqları dövrdən, yəni zimmi statusu aldıqları dövrdən Trabzon yunanları qəza yürüşlərindən azad edilmişdilər.

7. Ağqoyunlular Uzun Həsənin qazi fəaliyyətini Osmanlıların qazisi ilə müqayisə edirlər (TKS E.11440 və 11602 (faksimil, sətirlər 12-13)/Baykal  1957:275), lakin Osmanlıların bu iddialara münasibəti ehtiyatlıdır. 1470-1471/875-ci ildə Amasiyanın hakimi şahzadə Bəyazid bin Fateh Mehmet Uzun Həsəni müqəddəs müharibə niyyəti ilə təbrik edir, lakin Ağqoyunlu hökmdarını qazi adlandırmır (TACİ, 32). Bu münasibət 1481/886-cı ildə taxta çıxan Bəyazid tərəfindən daha da mökəmləndirilir, onun oğlu Səlim Gürcüstana ən azı iki yürüş təşkil etmiş Yaqub bin Uzun Həsənə də eyni münasibət bəsləyir. Bax: FERİDUN, 1:322-323, 370/ASNAD A: 649-652, 659-660.

8. Hikmət 1941: 36-37/ASNAD A: 446-447. Uzun Həsən bu tərifi çox güman ki, 1476-1477/881-ci ildəki sonuncu qəzasından sonra alır.

9. ƏRZ, 3. Bu titul Davaninin öz gözləri ilə gördüklərini qələmə aldığı mənbəsində 1476-cı il sentyabr-oktyabr/881-ci ilin mizan ayında Farsın vilayət ordusuna baxış haqqındakı qeydlərində keçir.

10. Bu qəza haqqında məlumatla bağlı müsəlman və gürcü mənbələrində ziddiyyət mövcuddur. XVIII/XII əsrdə Gürcüstan hakimi Vaxtanq və oğlu Vaxuşt tərəfindən (BROSSET 1:687-688) tərtib edilmiş əsərdə Uzun Həsənin şəxsən iştirak etdiyi yürüş Samsxetiyə deyil, Kartliyə qarşı təşkil edilmişdir. Hücum tarixi kimi isə Uzun Həsənin Cahangir və Rüstəmi məğlubiyyətə uğratdıqdan bir il əvvəlki tarix, 1456/860-861-ci il göstərilir. Lakin DİYAR, 281, 378-379, yazır ki, bu yürüş 1458/862-863-cü ildə baş verib. Bu tarixi HAVADİS də, 321, təsdiqləyir və yazır ki, Uzun Həsənin 1459-cu il fevralın 5-də/863-cü il rəbiülaxır ayının 1-də Qahirəyə çatan səfiri özü ilə altı gürcü qalasının açarını gətirmişdi.

11. DİYAR, 270, 381.

12.Osmanlıların Köylühisarı ilk almaq cəhdi ilə bağlı bax: AŞIK A:158-159, B:151-152, NƏŞRİ A:748-750, B:1:193, 2:276-277 və əlavə olaraq DİYAR, 383-385.

13. Bu yürüşlə bağlı Fateh Mehmetin “sevimli atam” Cahanşah Qaraqoyunluya göndərdiyi FERİDUNdakı məktuba, 1:225-227/ASNAD A:536-541 və təsviri mənbələrə KRİTOBULOS  166-168; DURSUN, 97-100; DUKAS, A:341-342, B:258-259; AŞIK, A:154-157, B:147-151; NƏŞRİ, A:740-748, B:190-193, 2:272-276; ÇALK 2:238-243; BİDLİSİ, 2:74a-75a; KAMAL, 187-197; TACİ, 472-576, bax.

14. Ağqoyunlu və Osmanlı təsviri mənbələrində bu toqquşma ilə bağlı fikir ayrılığı mövcuddur. DİYAR, 389-391, yazır ki, ilk toqquşma Osmanlıların Zülqədər müttəfiqləri ilə birgə iyirmi sancaq qoşun dəstəsinin Uzun Həsən və əmisi oğlu Yusif bin Xurşudun başçılıq etdiyi dörd min Ağqoyunlu atlı dəstəsi tərəfindən pusquya salınaraq məğlubedilməsi ilə nəticələnir. BİDLİSİ, 2:75b-76a/TAC, 1:478-479, iddia edir ki, Ağqoyunluların başında yalnız Xurşud idi və Osmanlı sərkərdəsi Gedik Əhməd Paşa onu geriyə otuzdurur, Uzun Həsənin düşərgəsinə qədər qovaraq sülhə məcbur edir. Lakin hər iki mənbə Uzun Həsənin adamlarının Trabzona yürüş edən Osmanlı dəstələrini talan etdiklərini təsdiqləyir. 1461-ci ilin iyulunda/865-ci ilin şəvval ayında Qahirəyə çatan Ağqoyunlu-Osmanlı hərbi münaqişəsi xəbəri İbn Tağribirdi tərəfindən boş dedi-qodu kimi qiymətləndirilir (HAVADİS, 408).

15. Uzun Həsənin anası Sarayın aktiv rol oynadığı Trabzonla bağlı Ağqoyunlu-Osmanlı danışıqları haqqında məlumatlar da kəskin şəkildə fərqlənir. DİYAR, 391-392, yazır ki, Fateh Mehmet əvvəlcə Uzun Həsənin yanına elçi göndərərək Trabzon əməliyyatının qəza olacağını bildirir. Dini rəhbərləri ilə müzakirələr aparan Uzun Həsən Müqəddəs müharibəyə əngəl olmağın İslam qanunlarına zidd olduğunu bəyan edir və dar dağ keçidlərində Osmanlı hərbi hissələrinə edilən hücumlara qadağa qoyur. AŞIK  A:159-161, B:153-154 və NƏŞRİ A:750-754, B:1:193-194, 2:277-279, Saray və Şeyx Həsən Çemişgəzəyin başçılığı altında diplomatik missiyanın Uzun Həsənin xanımı Feodora ilə Fateh Mehmet arasında vasitəçilik cəhdlərindən yazır. Lakin Fateh qəza məsələsini qaldırdıqdan sonra Sarayın heç bir cavabı olmur və o, geriyə, oğlunun yanına dönür. Sarayın Fatehlə ÇALKda, 2:244-246, qeyd olunmuş danışığı son dövr Ağqoyunlu diplomatiyası üçün xarakterik olan Uzun Həsən-Teymur müqayisəsi kimi diqqətəlayiq bir nümunədir (məsələn, Şərabdar Həmzənin məktubu). Nəhayət, TKS E.11688, Uzun Həsənin Sarayın missiyası vasitəsilə Fatehə göndərdiyi məktubdan bir parça saxlanılıb. “Anamı” və Sarı Şeyxi (Həsən?) danışıqlar üçün göndərdiyini qeyd etdikdən sonra Uzun Həsən Fatehə yazdığı məktubda müsəlmanlar arasında sülhün bərpa olunması zərurətindən yazır. Bundan başqa məktubu yazan özünü məktub yazılan adamın kiçik qardaşı kimi təqdim edir. Trabzonun təslim olmasının xronologiyası ilə bağlı tədqiqatın xülasəsi üçün bax: Bryer 1965:193, n.3

16. Məsələn, Qara Yusif Qaraqoyunlunun 1417/820-ci ildə (ŞƏRƏF 1:376-378/FƏRMANLAR, 20-22)  Bidlisin Ruzagi hakiminə və Qasım Ağqoyunlunun 1498/903-cü ildə Egilin Bulduqani ağalarına verdiyi imtiyazlara (QASIM/FƏRMANLAR, 113-116) bax.

17. “Bulduqani” və “Zraqi”lərlə bağlı bax: əlavə B.

18. DİYAR 239, 268, 271, 281.

19. DİYAR 220, 232, 268, 387.

20. DİYAR 173-174, 225, 230, 246, 260, 265, 272.

21. DİYAR 383;  Ərz 25; ƏMİNİ 159.

22. 1461/865-ci ildə Şeyx Həsən Fateh Mehmetlə Trabzon məsələsini müzakirə etməyə yollanmış Sarayı müşayiət etmişdi. Şeyx Həsənin oğlu Söhrab kürəkəni Sultan Xəlilə 1478/883-cü ildə ölümünə qədər xidmət etmişdi (DİYAR, 418; ƏRZ 25; ƏMİNİ 159). Çemişgəzək və ya Malkişi kürdləri haqqında əlavə B-yə bax.

23. NUCUM 7:712. İbn Tağribirdi yazır ki, mühasirə 1462-ci ilin fevralından avqustuna qədər/866-cı ilin cəmadiyələvvəl ayından zilqədə ayına qədər davam etmişdi, lakin ANONİM SURİYAdakı, xliii-xliv, erkən tarix  DİYARdakı, 393-394, tarixə daha yaxındır. Əyyubi bəyliyinin işğalı ilə bağlı bax: HAVADİS 418; DİYAR 367; DAV 3: n.716, 184-185: İYAS 2:392; ŞƏRƏF  1:154-155.

24. Canım əl-Əşrəfinin işi ilə bağlı bax: NUCUM 7:704, 708-709, 773; HAVADİS 417, 418-419, 423, 425, 757; DAV 3:no. 255, 63-64.

25. Bu böhranın erkən mərhələsi haqqında bax: HAVADİS 466-467, 473-474.

26. Həsənin 20.000 süvari dəstəsi ilə Kayseriyə hücumu haqqında şahidlik edən KOLOFONLARın, 285, məlumatına Ərzi, 1954:203-221, tərəfindən Uzun Həsənin ilk Qaraman yürüşünə həsr olunmuş möhtəşəm tədqiqatına daxil edilmiş HAVADİS, 486-487, 581-582; NUCUM, 7:805; DİYAR, 369-370; AŞIK, A:167-169, B:160-162; NƏŞRİ, A:770-777, B:1:200-201, 2:285-287; DAV, 2:276-277 məlumatlar əlavə olunmalıdır. 

27. HAVADİS, 508

28. Bu mürəkkəb hadisələrlə bağlı bax: HAVADİS, 490-494, 500-501, 507-508, 510, 513; NUCUM, 7:732; KOLOFONLAR, 290; DİYAR, 395-396;  DAV, 2:312-313; İYAS, 2:432, 433, 434-435, 437. Uzun Həsənin Harputdakı saray və qalası haqqında bax: SÖZƏN, 180-181, 193-196.

29. DİYAR, 385

30. DİYAR, 389.

31. Cahanşahın Fateh Mehmetə göndərdiyi məktubda (çox güman ki, 1467-ci ilin martında/871-ci ilin şaban ayında yazılıb) Uzun Həsənin ikiüzlülüyü və xəyanətkarlığından şikayət etməsi və Ağqoyunlular üzərinə hücum niyyəti haqqında bax: FERİDUN, 1:273-274/ASNAD, A:552-553/TKS E.12281.

32.Bu dövrün əsas təsviri mənbəsi DİYARdır, 405-545.

33. DİYARdan, 418-419, başqa FERİDUNda, 1:274-275/ASNADda, A:554-556, yer almış Uzun Həsənin Fateh Mehmetə göndərdiyi fəthnaməyə bax.

34. Bu tarix təsviri və kompilyativ mənbələrin əksəriyyətində qeyd olunub: DİYAR, 426; LUBB, 218; NUSAX, 250; ƏHSƏN, A:467, 470. Lakin Uzun Həsənin yuxarıda istinad edilən fəthnaməsində noyabrın 11/rəbiülaxır ayının 13-ü qeyd olunur. Bundan başqa mənbələrdə 4 oktyabr/rəbiüləvvəl ayının 5-i (QİYASİ,  A:29, B:301) və 16 noyabr/rəbiülaxır ayının 18-i (GİLAN, 329) qeyd olunur.

35. DİYAR, 414, yazır ki, bu ləqəb Qaraqoyunlu hökmdarına Osmanlı sultanı tərəfindən verilib. Lakin QİYASİ, A:27, B:296, yazır ki, ona “yuxulu padşah” (əl-malik əl-navvam) deyirmişlər.

36. DİYAR, 425, QİYASİ, A:27, B:297, yazır ki, o, adi qul idi, İLÇİ, B:4b isə onu İsgəndər adlandırır.

37. DİYAR, 426; FERİDUN, 1:274/ASNAD, A:555.

38. QİYASİ, A:28, B:299.

39. HAVADİS, 663; NUCUM, 7:855.

40. DİYAR, 426, LUBB, 218.

41. Bu hadisələrlə bağlı bax: HAVADİS, 603, 606, 607, 609-620, 625-628, 630-631; İYAS,  2:472, 3:7-8, 9, 12-13, 15-16; KOLOFONLAR, 294-295.

42. Uzun Həsənin Bağdadı mühasirəyə alması haqqında bax: DİYAR, 457-459 və QİYASİ,  A:45, B:331.

43. Uzun Həsənin ilk dəfə Həsənəlini məğlub edərək Azərbaycanın qərbini işğal etməsi haqqında bax: TKS E,10727; DİYAR, 438-442, 459-467, 473; QİYASİ, A:44-45, B:328-330 və Uzun Həsənin şahzadə Bəyazidə məktubuna bax: FATİH, 11-12, 20-21. Həmçinin bax: HAVADİS, 685 və SAYRAFİ  27-28, 29.

44. Sultan Əbu Səidin Uzun Həsənə verdiyi 10 oktyabr 1468/rəbiüləvvəl ayının 22-i 873-cü il tarixli yarlığı AK, xx, KURAT, x, köçürmə və qeydlər, 119-134, faksimil 195-200, çap olunub. Həmçinin bax: TKS E,10727/ASNAD A:564 və DİYAR, 472, 509.

45. Teymurun hisar-i arabası və ya mobil istehkamı ilə bağlı bax: TKS E,10727/ASNAD A:565: DİYAR, 473, 474, 480, 482, 483, 494; ƏMİNİ, 33.

46. DİYAR, 494, bura, qazan

47. Teymuri təsviri mənbələri Sultan Əbu Səidin bazar ertəsi-çərşənbə axşamı, 30-31 yanvar/rəcəb ayının 16-17-də əsir götürüldüyünü yazır (MATLA, 1352,; HƏBİB, 4:92), lakin Uzun Həsənin Osmanlı baş vəziri İshaq Paşaya göndərdiyi məktubda Teymuri hökmdarın bazar günü, yanvarın 29-da/rəcəb ayının 15-də (TKS E. 5684) əsir götürüldüyü yazılır. Uzun Həsənin Sultan Əbu Səid ilə münaqişəsi haqqında daha ətraflı məlumat üçün bax: TKS E, 3144; ASNAD, A:561-570; HAVADİS, 712, 713-714; GİLAN, 335-337; DİYAR, 480-491; MATLA, 1333-1353; HƏBİB, 4:89-93.

48. MATLA, 1353; DİYAR, 491; HƏBİB, 4:93.

49. Ağqoyunluların Həsənəlini ikinci dəfə məğlubiyyətə uğratmaları haqqında bax: FERİDUN, 1:275-276/ASNAD, A:557-560 (“Uzun Həsəndən Sultan Məhəmməd Saniyə” başlığı altında), TACİ, 13-15 (“Həsən Bəydən Sultan Bəyazid bin Məhəmməd Xana” başlığı altında); DİYAR, 509-514; QİYASİ , 45, 53; LUBB, 218. Lakin bu mənbələrdəki məlumatlar olduqca fərqlidir: QİYASİLUBB iddia edir ki, Həsənəli özünü öldürmüşdü, lakin TACİ və DİYAR bu məlumatı rədd edir. QİYASİ, A:45, B:331, yazır ki, Ağqoyunluların yaxınlaşdığını görən Həsənəli xəncəri ilə özünü öldürür, həmin mənbənin sonrakı səhifələrində göstərilir ki, əsir götürüldükdən sonra Həsənəli ülgüc istəyərək özünü öldürür. Bu mənasız məlumat ola bilsin ki, fars kir xurdan sözünün məcazi mənada işlədilməsinin nəticəsidir (QİYASİ, A:53, B:381).

50. Ağqoyunluların Fars və Kirmanı tabe etmələri haqqında bax: TACİ, 26-27 və DİYAR, 524-529, 534-535.

51. Niksarın hakimi Şəmsəddin Məhəmmədə yazdığı məktubda Uzun Həsən Şirazı “sultanlığın taxtı və xəlifənin oturduğu taxt” adlandırır. Bu məktubun, TKS E. 12288a, orijinalı və ya arxiv nüsxəsi FERİDUNa, 1:278/ASNAD, A:576-577, daxil edilmişdi, məktubun daha dəqiq nüsxəsi TACİ-dədir, 22-23. FERİDUNdakı məktubun tənqidi ilə bağlı bax: Yinanc 1940:268. Sonradan Farsı Uzun Həsənin böyük oğlu Sultan Xəlilə verirlər. Sultan Xəlilin dövründə bu vilayət vəliəhdin şəxsi mülkiyyətinə çevrilir və sonunda Sultan Xəlilin böyük oğlu Əlvəndə çatır, Yaqub Farsdan gələn gəliri böyük oğlu Baysunqurun xərclərinin ödənilməsinə yönəltmişdi.

52. Vilayətlər və onların xərac ödədiklərini qeyd edən mənbələr: Luristan (DİYAR, 555-556; TACİ, 35; ASNADda, A:571-574, FERİDUN); Xuzistan ( ƏMİNİ, 312); Sistan (TACİ, 27; İHYA, 129-130); Xəzər vilayətləri (TKS E.5671; DİYAR, 547, 555; GİLAN, 375-376: TABARİSTAN,  314; BARBARO, A:562-563, B:86; KONTARİNİ, A:633, B:172; Astara, Lahıcan və Sarıda kəsilən sikkələr, RABİNO 126), Hörmüz (BARBARO, A:554-555, B:79).

53. Bağdadın Uzun Həsənin 1468/872-ci ildə hücumundan Ağqoyunlular tərəfindən işğalına qədər olan tarixi haqqında bax: TACİ, 15; DİYAR, 537-539, QİYASİ,  A:45-48, 55; B:331-337, 387-388; LUBB, 218 və NUSAX, 251, qeyd edir ki, Qaraqoyunlu hakim tayfasının Cahanşahi xanədanı Həsənəlinin (Əbu Yusifin yox?) ölümü ilə sona çatır. Lakin QİYASİ, A:47-48, B:336-337, yazır ki, Qaraqoyunlu hakim tayfasının son nümayəndələri, Zeynal bin Bayram bin Qara Məhəmmədin oğulları Bayram və Şahmənsur 1469-cu ilin dekabrında/874-cü il cəmadiyəlaxır ayında Uzun Həsənin Bagdaddakı hakimi tərəfindən İranda edam edilmişdilər. On il sonra Cahanşahın nəvəsi İbrahim bin Məhəmmədi Teymurilərin köməyi ilə İrana qayıtmağa cəhd göstərir, lakin Yaqub bin Uzun Həsən tərəfindən geriyə otuzdurulur. Minorski, 1955b, Qaraqoyunlu hakim xanədanının Dekanda məskunlaşmış və Qolkondada (1512-1687/918-1098) şiə Qütbşahi sülaləsinin əsasını qoymuş başqa bir qolunun taleyi haqqında yazır. Minorskinin Bağdad (1957:26 n.3) və Maqsudla bağlı qeydləri ilə əlaqədar Maqsudun ilk lələsinin (Ağa Kor) Xəlil Tuvacının 1470-ci ilin noyabrında/875-cı il cəmadiyəlaxır ayında ölməsini və onun yerinə Bayandurun, Dana Xəlil bin Kor Məhəmməd bin Qara Osmanın təyin edildiyini söyləmək olar. Bayandur 1475/879-cu ildə Hillaya köçürülənə qədər Bağdadda yaşamışdı (QİYASİ, A:55-56, B:387-389). Maqsudun özü 1474-ci ilin yazına/879-cu ilin əvvəllərinə qədər Bağdadda qalmış, sonra atasını ziyarət etmək üçün Azərbaycana getmişdi (BARBARO, A:541, B:64). 1474-cü ilin sonunda/879-cu ilin ortalarında o, Çaxırlılar qiyamı qaldırarkən, Uğurlu Məhəmməd hakimiyyəti ələ keçirməyə cəhd göstərərkən Təbrizdə həbs edilmişdi.

                             

Birinci fəslə keçid:

İkinci fəslin birinci hissəsi:
İkinci fəslin ikinci hissəsi
Üçüncü fəslin birinci hissəsi
Üçüncü fəslin ikinci hissəsi
Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.