fbpx

TƏRCÜMƏ

TƏRCÜMƏ

Doğruluq (Həqiqət) və Yanlışlıq

Read this article on other language
Download article
image_pdf
image_pdf

Bertran Rassel (Bertrand Russell; 1872-1970) məşhur britaniyalı filosof, analitik fəlsəfənin yaradıcılarındandır. Onun zəngin yaradıcılığı fəlsəfənin bir çox fundamental suallarına cavab axtarışını özündə ehtiva edir. Hazırda biz Rasselin dünyanın onlarca müxtəlif dillərinə tərcümə edilmiş, geniş oxucu auditoriyası üçün nəzərdə tutulan Fəlsəfənin problemləri (The Problems of Philosophy) əsərini ingilis dilindən Azərbaycan dilinə tərcümə etməkdəyik. Əsər on beş fəsildən ibarətdir ki, onların da hər biri mühüm bir fəlsəfəsi mövzuya həsr edilmişdir. Tərcüməmizin on ikinci hissəsini aşağıda oxuya bilərsiniz.

Dr. Anar Cəfərov

Doğrular haqqında biliklərimizin şeylər haqqında biliklərimizdən fərqli olaraq əksi – yəni səhv – var. Söhbət şeylərdən gedirsə, biz onları bilə və ya bilməyə bilərik; lakin – hər bir halda, nə qədər ki özümüzü tanışlıq yolu ilə biliklə məhdudlaşdırırıq – şeylər haqqında yanlış bilik olaraq təsvir edilə bilən pozitiv zehni vəziyyət yoxdur. Nə ilə tanış oluruq olaq, o şey olmalıdır; tanışlığımızdan yanlış nəticələr çıxara bilərik, amma tanışlığın özü aldadıcı ola bilməz. Beləliklə, tanışlığa aid heç bir dualizm yoxdur. Lakin doğrular haqqında biliyə gəlincə, burada dualizm var. Biz yanlış olana da doğru olana inandığımız kimi inana bilərik. Biz bilirik ki, bir çox mövzularda müxtəlif insanlar fərqli və bir-birinə uyğun gəlməyən fikirlərə sahibdirlər: buna görə də bəzi inamlar səhv olmalıdır. Səhv inamlara çox vaxt doğru inamlar qədər güclü bağlılıq olduğuna görə onların doğru inamlardan necə fərqləndiriləcəyi çətin suala çevrilir. Verilmiş bir halda inamımızın səhv olmadığını necə bilməliyik? Bu, tam qaneedici cavabı mümkün olmayan ən çətin suallardandır. Bununla belə, burada ilkin sual var ki, nisbətən az çətindir; o da budur: doğruluq və yanlışlıq dedikdə nəyi nəzərdə tuturuq? Bu fəsildə nəzərdən keçirilməli olan ilkin sual məhz bu olacaq.

Bu fəsildə biz inamın doğru və ya yanlış olduğunu necə bilə biləcəyimizi deyil, inamın doğru və ya yanlış olduğunu sual etməklə nəyi nəzərdə tutduğumuzu sual edəcəyik. Ümid etmək olar ki, bu sualın aydın cavabı bizə hansı inamların doğru olması sualına cavab tapmağa kömək edə bilər, lakin hələlik biz hansı inamlar doğrudur?hansı inamlar yanlışdır? suallarını deyil, yalnız doğruluq nədir?yanlışlıq nədir? sualını qoyuruq. Bu müxtəlif sualları bir-birindən tamamilə ayrı tutmaq vacibdir, çünki onları səhv salmaq, şübhəsiz ki, əslində onların heç birinə aid olmayan cavabı ortaya qoyacaqdır.

Doğruluğun təbiətini kəşf etmək cəhdində müşahidə edilməli olan üç məqam, istənilən nəzəriyyənin yerinə yetirməli olduğu üç şərt var.

(1) Doğruluq nəzəriyyəmiz elə olmalıdır ki, onun əksini, yanlışlığı qəbul etsin. Bir çox yaxşı filosoflar bu şərti adekvat şəkildə yerinə yetirməyə müəssər olmayıblar: onlar elə nəzəriyyələr qurublar ki, həmin nəzəriyyələrə əsasən, bütün fikirlərimizin doğru olması lazımdır və beləliklə, onlar ən böyük çətinliyi yanlışa yer tapmaqda çəkiblər. Bu baxımdan bizim inam nəzəriyyəmiz tanışlıq nəzəriyyəmizdən fərqli olmalıdır, çünki tanışlığın izahında onun hər hansı bir əksi olduğunu nəzərə almaq lazım deyil.

(2) Kifayət qədər aydın görünür ki, əgər inamlar olmasaydı, doğruluğun yanlışlığa korrelativ olması mənasında nə yanlışlıq, nə də doğruluq (həqiqət) olardı. Sadəcə materiyadan ibarət bir dünya təsəvvür etsək, belə bir dünyada yanlışlığa yer olmazdı və həmin dünyada faktlar adlandırıla bilən nəsnələr olsa da, doğruluğun yanlışlıqla eyni növ nəsnə olması mənasında, orada heç bir doğruluq olmazdı. Əslində, doğruluq və yanlışlıq inam və cümlələrin xüsusiyyətləridir: deməli, sadəcə materiyadan ibarət bir dünya, orada heç bir inam və ya cümlə olmaması səbəbindən, heç bir doğruluq və yanlışlığı da ehtiva etməz.

(3) Lakin dediklərimizin əksinə olaraq qeyd etmək lazımdır ki, bir inamın doğru və ya yanlış olması həmişə onun özündən kənarda olan bir şeydən asılıdır. Əgər mən birinci Karlın eşafotda öldüyünə inanıramsa, inamımın doğru olması onun hər hansı daxili keyfiyyətinə görə deyil ki, sadəcə inamın özünü araşdırmaqla aşkar edilə bilsin; onun doğruluğu iki əsr yarım əvvəl baş vermiş tarixi hadisəyə görədir. Əgər mən birinci Karlın yatağında öldüyünə inanıramsa, yanlış olaraq inanıram: inamımın nə dərəcədə canlı və ya onu formalaşdırmaqda nə dərəcədə ehtiyatlı olmağım onun yanlış olmasına mane olmur; təkrar etsək, inamımın yanlış olması onun hər hansı daxili keyfiyyətlərinə görə deyil, çoxdan baş verənlərə görədir. Deməli, doğruluq və yanlışlıq inamın xüsusiyyətləri olsa da, onlar inamların hər hansı daxili keyfiyyətindən deyil, başqa şeylərlə əlaqəsindən asılı olan xüsusiyyətlərdir.

Yuxarıdakı şərtlərdən üçüncüsü filosoflar arasında ümumilikdə daha çox yayılmış doğruluq inam və fakt arasında hansısa uyğunluq formasından ibarətdir baxışını qəbul etməyə sövq edir. Bununla belə, elə uyğunluq forması tapmaq ki, ona qarşı heç bir təkzibedilməz etirazın olmasın – heç də asan məsələ deyil. Qismən buna görə – və qismən bu səbəbə görə ki, əgər doğruluq fikirdən kənar bir şeylə fikrin uyğunluğundan ibarətdirsə, fikir heç vaxt doğruluğa nə vaxt çatdığını bilə bilməz – bir çox filosoflar doğruluğa elə tərif tapmağa çalışıblar ki, həmin tərifə görə, doğruluq inamdan tamamilə kənar olan bir şeylə əlaqədən ibarət olmasın. Bu qəbildən olan tərifə ən mühüm cəhd həqiqətin koherentlikdən ibarət olması haqqındakı nəzəriyyədir. Qeyd edilir ki, yanlışlığın əlaməti inamlarımızın sisteminə uzlaşa bilməməkdir və tamamilə dairəvi sistemin, həqiqətin, bir hissəsini təşkil etmək doğruluğun mahiyyətidir.

Lakin bu baxışın böyük bir çətinliyi, daha doğrusu iki böyük çətinliyi var. Birincisi odur ki, yalnız bir koherent inam sisteminin mümkün olduğunu güman etmək üçün heç bir əsas yoxdur. Ola bilər ki, müvafiq təxəyyül gücünə malik bir yazıçı dünyanın bizim bildiklərimizə tam uyğun gələn, lakin real keçmişdən tamamilə fərqlənən keçmişini icad edə bilsin. Şübhəsizdir ki, elmdə hər hansı bir mövzuya aid bütün məlum faktları izah edən iki və ya daha çox fərziyyə tez-tez olur; və baxmayaraq ki, belə hallarda elm adamları birindən başqa bütün digər fərziyyələri istisna edəcək faktlar tapmağa çalışırlar, onların həmişə uğurlu olması üçün əsas yoxdur.

Fəlsəfədə də eynilə iki rəqib fərziyyənin hər ikisinin bütün faktları izah edə bilməsi qeyri-adi görünmür. Məsələn, ola bilsin ki, həyat uzun bir yuxudan ibarətdir və xarici dünya yalnız yuxulardakı obyektlər gerçək olduqları dərəcədə gerçəkdir; lakin belə bir baxış məlum faktlara zidd görünməsə də, onu başqa insanların və əşyaların həqiqətən mövcud olduğunu deyən sağlam fikirdən üstün tutmaq üçün heç bir əsas yoxdur. Beləliklə, koherentlik doğruluğun tərifi kimi uğursuzdur, çünki yalnız bir koherent sistemin ola bilməsinə dair sübut yoxdur.

Doğruluğun bu tərifinə başqa bir etiraz budur ki, o, koherentliyin mənasını bilinən fərz edir, halbuki əslində koherentlik məntiq qanunlarının doğruluğunu öncədən nəzərdə tutur. İki propozisiyanın hər ikisi doğru ola bildikdə koherentdir və ən azı bir propozisiya yanlış olduqda onlar koherent deyil. İndi iki propozisiyanın hər ikisinin doğru olub-olmadığını bilmək üçün biz ziddiyyət qanunu kimi həqiqətləri bilməliyik. Məsələn, iki propozisiya – bu ağac fıstıqdırbu ağac fıstıq deyil – ziddiyyət qanununa əsasən koherent deyil. Lakin əgər ziddiyyət qanununun özü koherentlik sınağına məruz qalsaydı, onda məlum olardı ki, – əgər onu yanlış fərz etməyi seçsək  –  heç bir şey başqa nəyləsə koherent olmayacaq. Beləliklə, məntiq qanunları koherentlik testinin tətbiq olunduğu skelet və ya çərçivəni təmin edir; onların özlərinin doğruluğu da bu sınaqla müəyyən edilə bilməz.

Yuxarıdakı iki səbəbə görə, koherentlik doğruluğun mənasını verməyə uyğun qəbul edilə bilməz, baxmayaraq ki, müəyyən qədər doğrular bilindikdən sonra o, çox vaxt doğruluğun ən mühüm sınağıdır.

Beləliklə, biz yenidən faktlarla uyğunluğu doğruluğun təbiətini təşkil edən olaraq nəzərdən keçirməyə qayıtmalı oluruq. Qalır fakt dedikdə nəyi nəzərdə tutduğumuzu və inamın doğru olması üçün onunla fakt arasında mövcud olan uyğunluğun təbiətini dəqiq müəyyən etmək.

Doğruluq nəzəriyyəsini üç şərtimizə uyğun olaraq axtarmalıyıq ki, o da:

(1) doğruluğa öz əksinə, yəni yanlışlığa, malik olmağa yol verir, (2) doğruluğu inamların xüsusiyyəti edir, amma (3) onu inamların xarici şeylərlə əlaqəsindən tam asılı olan xüsusiyyət edir.

Yanlışlığa yol vermək zərurəti inamı zehnin inanılan adlandıra biləcəyimiz tək obyektlə əlaqəsi kimi qəbul etməyi qeyri-mümkün edir. Əgər inam belə nəzərdən keçirilsəydi, görərdik ki, tanışlıq kimi o da doğru və yanlış müxalifətini qəbul etməzdi, həmişə doğru olmalı olardı. Bunu misallarla aydın etmək olar. Otello yanlış olaraq inanır ki, Dezdemona Kassionu sevir. Deyə bilmərik ki, bu inam tək bir obyektə, Dezdemonanın Kassioya olan sevgisinə əlaqədən ibarətdir, çünki belə bir obyekt olsaydı, inam doğru olardı. Əslində belə bir obyekt yoxdur və buna görə də Otellonun belə bir obyektlə heç bir əlaqəsi ola bilməz. Deməli, onun inamı həmin obyektlə əlaqədən ibarət ola bilməz.

Demək mümkündür ki, onun inamı fərqli bir obyektə, yəni Dezdemonanın Kassionu sevməsinə (‘that Desdemona loves Cassio’) əlaqədir; lakin Dezdemonanın Kassionu sevmədiyi halda, belə bir obyektin olduğunu güman etmək, demək olar ki, Dezdemonanın Kassioya olan sevgisini (‘Desdemona’s love for Cassio’) güman etmək qədər çətindir. Buna görə də zehnin tək obyektlə əlaqədə olduğunu iddia etməyən bir inam nəzəriyyəsi axtarmaq daha yaxşı olar.

Əlaqələrin həmişə iki predmet arasında olduğunu düşünmək adi haldır, amma əslində bu, həmişə belə deyil. Bəzi əlaqələr üç, bəziləri dörd və ya daha çox predmet tələb edir. Məsələn, arasında əlaqəsini götürək. Yalnız iki predmetlə arasında əlaqəsi mümkün deyil: üç predmet onu mümkün edən ən kiçik saydır. York London və Edinburq arasındadır; lakin London və Edinburq dünyanın yeganə şəhərləri olsaydı, bir şəhərlə digər şəhər arasında olan heç bir şəhər ola bilməzdi. Eynilə, qısqanclıq üç nəfəri tələb edir: ən azı üç nəfəri əhatə etmədən belə bir əlaqə ola bilməz. “A istəyir ki, B C-nin D ilə evliliyini təşviq etsin” kimi propozisiya dörd predmet əlaqəsini ehtiva edir; bu, o deməkdir ki, A, B, C və D-nin hamısı cəlb olunur və sözügedən əlaqə dörd predmetin də ehtiva olunduğu formadan başqa cür ifadə edilə bilməz. Nümunələr qeyri-müəyyən sayda çoxaldıla bilər, lakin baş tutmaları üçün ikidən çox predmet tələb edən əlaqələrin olduğunu göstərmək məqsədilə kifayət qədər nümunə çəkilmiş oldu.

Mühakimə etmə və ya inanmadakı əlaqə – əgər yanlışa lazımi qaydada yer verilirsə – iki predmet arasında deyil, bir neçə predmet arasındakı əlaqə kimi qəbul edilməlidir. Otello Dezdemonanın Kassionu sevdiyinə inananda onun zehnində yeganə obyekt, Dezdemonanın Kassioya olan sevgisi və ya Dezdemonanın Kassionu sevməsi olmamalıdır, çünki bu, heç bir zehindən asılı olmadan mövcud olan obyektiv yanlışlıqların olmasını tələb edərdi; və bu, məntiqi cəhətdən təkzibedilməz olsa da, mümkünsə, qaçınılması gərəkən bir nəzəriyyədir. Beləliklə, yanlışlığı izah etmək o zaman daha asan olar ki, hökmü (mühakiməni) zehin və müvafiq olan müxtəlif obyektlərin hamısının ayrılıqda iştirak etdiyi əlaqə kimi götürək – yəni Dezdemona, sevmə və Kassio hamısı birlikdə Otello Dezdemonanın Kassionu sevdiyinə inandıqda mövcud olan əlaqənin predmetləri olmalıdır. Deməli, bu əlaqə dörd predmetin əlaqəsidir, çünki Otello da əlaqə predmetlərindən biridir. Dörd predmetin əlaqəsi dedikdə Otellonun Dezdemonaya müəyyən münasibəti olduğunu, sevməyə də, Kassioya da eyni münasibəti olduğunu nəzərdə tutmuruq. Bu, inanmaqdan başqa hansısa əlaqəyə də aid ola bilər; lakin aydındır ki, inanma Otellonun müvafiq üç predmetin hər birinə deyil, onların hamısına birlikdə olan əlaqəsidir: inam yalnız bir əlaqə nümunəsi haqqındadır, lakin bu nümunə dörd predmeti birləşdirir. Beləliklə, Otello inandığı anda aktual baş verən budur ki, inanma adlanan əlaqə Otello, Dezdemona, sevmə və Kassio predmetlərini vahid kompleksdə birləşdirir. İnam və ya hökm adlanan şey zehni özündən başqa bir neçə şeylə əlaqələndirən həmin inanma və ya mühakimə (hökm) etmə əlaqəsindən başqa bir şey deyil. İnam və ya mühakimə aktı müəyyən bir zamanda müəyyən predmetlər arasında inanma və ya mühakimə əlaqəsinin baş verməsidir.

Biz indi doğru hökmü yanlışdan fərqləndirən şeyin nə olduğunu anlamaq imkanındayıq. Bu məqsədlə müəyyən təriflər istifadə edəcəyik. Hər bir mühakimə aktında mühakimə edən zehin və mühakiməyə dair predmetlər vardır. Biz zehni mühakimənin subyekti, qalan predmetləri isə obyektlər adlandıracağıq. Beləliklə, Otello Dezdemonanın Kassionu sevdiyini mühakimə edəndə Otello subyekt, Dezdemona, sevmə və Kassio isə obyektlərdir. Subyekt və obyektlər birlikdə hökmün tərkib hissələri adlanır. Müşahidə olunan budur ki, mühakimə əlaqəsi məna və ya istiqamət adlanan xüsusiyyətə malikdir. Məcazi olaraq deyə bilərik ki, o, öz obyektlərini müəyyən bir nizama salır ki, bunu da cümlədəki sözlərin sırası vasitəsi ilə göstərə bilərik. (Flektiv dildə eyni məqam fleksiyalarda görünür – məsələn, nominativ və akkuzativ arasındakı fərqə əsasən.) Otellonun Kassionun Dezdemonanı sevdiyinə dair mühakiməsi eyni tərkib hissələrindən ibarət olmasına baxmayaraq, onun Dezdemonanın Kassionu sevdiyinə dair mühakiməsindən fərqlənir, çünki mühakimə əlaqəsi tərkib hissələri bu iki halda fərqli nizamda yerləşdirir. Eynilə, Kassio Dezdemonanın Otellonu sevdiyini mühakimə edərsə, hökmün tərkib hissələri yenə də eyni, nizamı isə fərqli olacaq. Bu məna və ya istiqamətə sahib olmaq xüsusiyyəti mühakimə əlaqəsinin bütün digər əlaqələrlə ortaq xüsusiyyətidir. Əlaqələrin mənası nizamın və ardıcıllıqların, həmçinin bir çox riyazi anlayışların mənbəyində dayanır; lakin bu aspektin üzərinə çox da getməyə ehtiyac yoxdur.

Qeyd etdik ki, mühakimə etmə və ya inanma adlanan əlaqə subyekt və obyektləri vahid bir kompleksdə birləşdirir. Mühakimə etmək bu baxımdan tam olaraq hər bir digər əlaqə kimidir. İki və ya daha çox predmet arasında istənilən əlaqə yarandıqda, o, predmetləri kompleks bir bütövdə birləşdirir. Otello Dezdemonanı sevirsə, Otellonun Dezdemonaya sevgisi kimi kompleks bir bütöv var. Əlaqə vasitəsilə birləşən predmetlərin özləri kompleks və ya sadə ola bilər, lakin onların birləşməsi nəticəsində yaranan bütöv kompleks olmalıdır. Harada ki müəyyən predmetləri bağlayan əlaqə var, orada həmin predmetlərin birliyindən əmələ gələn kompleks obyekt olur; və əksinə, harada kompleks obyekt varsa, orada onun tərkib hissələrini əlaqələndirən əlaqə var. İnanma aktı baş verdikdə elə bir kompleks yaranır ki, inanma orada birləşdirici əlaqə olur, həmçinin subyekt və obyektlər inam əlaqəsinin mənası vasitəsilə müəyyən nizama salınır. Otello Dezdemonanın Kassionu sevməyinə inanırı nəzərdən keçirərkən gördüyümüz kimi, obyektlər arasında əlaqə olmalıdır – bu nümunədə sevmək əlaqəsi. Lakin bu əlaqə, inanma aktında olduğundan, subyekt və obyektlərdən ibarət kompleks bir bütövün vəhdətini yaradan əlaqə deyil. Sevgi əlaqəsi, inanma aktında olduğundan, obyektlərdən biridir – o, sement deyil, strukturdakı bir kərpicdir. Sement inanma əlaqəsidir. İnam doğru olduqda başqa bir kompleks vahid də olur ki, orada inam obyektlərindən biri olmuş əlaqə digər obyektlərlə əlaqə yaradır. Məsələn, əgər Otello Dezdemonanın Kassionu sevdiyinə doğru olaraq inanırsa, onda istisna olaraq inam obyektlərindən ibarət olan, elə inamdakı nizama uyğun – indi digər inam obyektlərini birləşdirməkdə sementləşdirici rol oynayan, obyektlərdən biri olmuş əlaqə ilə – Dezdemonanın Kassioya sevgisi kompleks vahidi var. Digər tərəfdən, inam yanlışdırsa, yalnız inam obyektlərindən ibarət belə kompleks birlik olmur. Otello Dezdemonanın Kassionu sevdiyinə yanlış olaraq inanırsa, deməli, Dezdemonanın Kassioya sevgisi kimi kompleks birlik yoxdur.

Beləliklə, inam müəyyən əlaqəli kompleksə uyğun gələndə doğrudur və uyğun gəlmədikdə yanlışdır. Aydın olsun deyə inam obyektlərini inanma aktının mənası ilə müəyyən bir nizama qoyulan iki predmet və əlaqədən ibarət olduğunu fərz etsək, o zaman bu nizamdakı iki predmet əlaqə vasitəsilə birləşirsə, inam doğrudur; birləşməzsə, yanlışdır. Bu, axtarışında olduğumuz doğruluq və yanlışlığın tərifini təşkil edir. Mühakimə etmək və ya inanmaq tərkib hissəsindən biri zehin olan müəyyən kompleks birlikdir; qalan tərkib hissələr – onları inamda malik olduqları nizamla götürdükdə – kompleks birlik təşkil edərsə, inam doğrudur; etməzsə, yanlışdır.

Beləliklə, doğruluq və yanlışlıq inamların xüsusiyyətləri olsalar da, onlar müəyyən mənada zahiri (extrinsic) xüsusiyyətlərdir, çünki inamın doğruluq şərti inamları və ya (ümumiyyətlə) hər hansı bir zehni deyil, yalnız inam obyektlərini ehtiva edən bir şeydir. İnanan zehin zehni ehtiva etməyən, yalnız obyektləri ehtiva edən uyğun kompleks olduqda doğru olaraq inanır. Bu uyğunluq doğruluğu təmin edir, onun yoxluğu isə yanlışlığı hasil edir. Beləliklə, biz eyni vaxtda iki faktı izah edirik: inamlar (a) mövcud olmaları üçün zehinlərdən asılıdır, (b) doğru olmaları üçün isə zehinlərdən asılı deyil.

Nəzəriyyəmizi yenidən belə təqdim edə bilərik: Otello Dezdemonanın Kassionu sevdiyinə inanır kimi bir inamı götürsək, Dezdemona və Kassionu obyekt-hissələr, sevməyi isə obyektəlaqə adlandıracağıq. Əgər eynilə inamdakı nizamda obyekt-əlaqə ilə əlaqələnmiş obyekt-predmetlərdən ibarət Dezdemonanın Kassioya sevgisi kompleks birliyi varsa, bu kompleks birlik inama uyğun fakt adlanır. Beləliklə, inam o zaman doğrudur ki, uyğun fakt var; o zaman yanlışdır ki, uyğun fakt yoxdur.

Biz görəcəyik ki, zehinlər doğruluq və ya yanlışlığı yaratmır. Onlar inamları yaradır, lakin inamlar yaradıldıqdan sonra zehin onları doğru və ya yanlış edə bilməz; istisna hal yalnız budur ki, inamlar, məsələn, qatara yetişmək kimi, inanan insanın həyata keçirmək imkanında olan gələcək şeylərə aid olsun. İnamı doğru edən faktdır və bu fakt (istisna hallar kənar olmaqla) heç bir halda inam sahibinin zehnini ehtiva etmir.

Doğruluq və yanlışlıq dedikdə nəyi nəzərdə tutduğumuza qərar verdikdən sonra bu və ya digər inamın doğru və ya yanlış olduğunu bilmək üçün hansı yolların olduğunu nəzərdən keçirməliyik. Bunu növbəti fəsildə nəzərdən keçirəcəyik.

Tərcümənin birinci hissəsi:

Tərcümənin ikinci hissəsi:

Tərcümənin üçüncü hissəsi:

Tərcümənin dördüncü hissəsi:

Tərcümənin beşinci hissəsi:

Tərcümənin altıncı hissəsi: 

Tərcümənin yeddinci hissəsi:

Tərcümənin səkkizinci hissəsi:

Tərcümənin doqquzuncu hissəsi:

Tərcümənin onuncu hissəsi:

https://bakuresearchinstitute.org/universaliler-haqqindaki-biliklerimiz-barede/

Tərcümənin on birinci hissəsi:

https://bakuresearchinstitute.org/intuitiv-bilik-barede/

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.