fbpx

Cəmiyyət

Cəmiyyət

Ermənistan-Rusiya müttəfiqliyinin böhranı

Read this article on other language
Download article
image_pdf
image_pdf

2020-ci ildə Azərbaycanın hərbi qələbəsi ilə yekunlaşan Qarabağ müharibəsi bölgənin geosiyasi mənzərəsini dəyişdi, əvvəlki status-kvo pozuldu. Yeni regional nizam hələ formalaşmadığından gərginlik və qeyri-müəyyənlik müşahidə olunur. Ermənistan-Rusiya ikitərəfli münasibətlərindəki tendensiya göstərir ki, bu ölkələr arasında uzun illik müttəfiqliyin aşınması prosesi gedir. Ermənistan hökumətinin Avropa İttifaqının (Aİ) 100 nəfərdən ibarət müşahidə missiyasını azı 2 illlik müddətə ölkəyə dəvət etməsi vacib hadisədir və müstəqilliyi dövründə Rusiyanın Cənubi Qafqazdakı forpostu kimi tanınmış bu kiçik ölkə üçün cəsarətli addım sayıla bilər. Moskvadan gələn reaksiyalar onların hadisələrin bu istiqamətdə inkişafından narahatlıq keçirdiklərini söyləməyə əsas verir. Bu yazıda Ermənistan və Rusiya arasında nə baş verdiyini və bölgəyə daxil olan Avropa İttifaqının nəyə nail olmaq istədiyini araşdırıram.

2022-ci ilin son günü dərc olunan yazımda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) prezident Putinin iştirakı ilə noyabrda Ermənistanda keçirilən zirvə toplantısının yekun Bəyannaməsinə baş nazir Paşinyanın veto qoymasına, dekabrda isə Moskvada Rusiya, Azərbaycan, Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşündən erməni tərəfinin imtinasına istinadən bildirmişdim ki, Moskva-Yerevan münasibətləri 2023-cü ilə problemli daxil olur. Ümumilikdə qeyd etmişdim ki, Rusiya-Ermənistan hərbi müttəfiqliyi, faktiki olaraq, formallığa çevrilib və münasibətlərdə qarşılıqlı etimad itib. 2023-cü ilin əvvəllərindən etibarən müşahidə olunanlar bu qənaətimi təsdiqlədi. Yanvarın 23-də Avropa İttifaqı Şurası Ermənistanda yeni mülki missiyanın (EUMA) formalaşdırılması barədə qərar qəbul etdi. EUMA-in ilkin mandatı 2 il olacaq, onun operativ qərargahı Yerevanda yerləşəcək. Aİ-nin açıqlamasına əsasən, məqsəd Ermənistanın sərhədyanı ərazilərində sabitliyə töhfə vermək, yerlərdə etimad yaratmaq, Ermənistan və Azərbaycan arasında münasibətləri normallaşdırmaq üçün Aİ-nin dəstəklədiyi səylərə əlverişli mühit yaratmaqdan ibarətdir.

Avropa İttifaqı nəyə nail olmaq istəyir?

Aİ-nin mülki müşahidə missiyasının bölgəyə gəlişi Ermənistan-Azərbaycan sərhədlərində hərbi toqquşma ehtimalını tam aradan qaldırmasa belə, bu riski minimallaşdıracaq. Xüsusən nəzərə almaq lazımdır ki, ötən ilin sonlarında qısamüddətli müşahidə missiyasının fəaliyyəti zamanı ciddi bir toqquşma qeydə alınmayıb. Halbuki bundan əvvəl – 2021-ci ilin may və noyabr, 2022-ci ilin sentyabr aylarında sərhəddə döyüş əməliyyatları baş vermişdi. Aİ müşahidəçilərinin sərhəd xəttində həyata keçirəcəkləri monitorinq Azərbaycanın Zəngəzur dəhlizi ideyasını güc tətbiq etməklə gerçəkləşdirməsi ehtimalını da azaldır. (Ermənistan razılıq verməsə, dəhlizin zor gücünə reallaşdırılacağı barədə prezident Əliyevin bir neçə bəyanatı olub.) Bütün bunlar Ermənistan daxili siyasətində Paşinyan hökumətinin vəziyyətinə stabilləşdirici təsir göstərəcək, çünki ölkənin təhlükəsizliyini təmin etməkdən aciz olması barədə rəyin yaranması onun mövqelərini zəiflədirdi və legitimlik problemi yaradırdı, müxalifət isə bu problemdən faydalanmağa çalışırdı. Beləliklə, Aİ-nin sərhəd toqquşmalarını əngəlləməklə yanaşı, elan olunmayan bir məqsədinin – Paşinyan hökumətinin iflasına yol verməmək niyyətinin də olduğunu söyləyə bilərik.

Aİ missiyasının ərazidə fəaliyyəti İranın bölgəyə hərbi müdaxiləsi ehtimalına qarşı da əhəmiyyətlidir. İran rejimi Zəngəzur dəhlizini bölgədə sərhədlərin dəyişdirilməsi kimi qiymətləndirərək bu halda hərbi müdaxilədən çəkinməyəcəyini dəfələrlə bəyan edib, keçirdiyi hərbi təlimlər vasitəsilə bu niyyətində ciddi olduğunu nümayiş etdirib. Şübhəsiz ki, Qərb İranın bu tip müdaxiləsinə qarşıdır, bu səbəbdən Aİ missiyasının həm də İranı çəkindirməyə xidmət etdiyini vurğulamaq lazımdır. Ümumilikdə 23 yanvar 2023-cü il tarixli qərar Almaniya və Fransanın liderliyində beynəlxalq çəkisini yüksəltmək iddiasında olan Aİ-nin bütün postsovet məkanında, o cümlədən Cənubi Qafqazda vacib aktora çevrilmək iradəsindən xəbər verir.

Xatırladaq ki, 2022-ci il sentyabrın 13-də Azərbaycan-Ermənistan sərhədində hər iki tərəfdən böyük itkilərlə nəticələnmiş hərbi toqquşmadan sonra Aİ xarici işlər nazirləri oktyabrın 17-də Ermənistana – Azərbaycanla sərhəd zonasına 2 aylıq müddətə 40 nəfərlik mülki müşahidəçi qrupu göndərməyə qərar verib. Bu qərar həmin tarixdən 10 gün öncə Praqada Aİ Şurasının sədri Şarl Mişel və Fransa prezidenti Emmanuel Makronun vasitəçiliyi ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasındakı görüşdə razılaşdırılmışdı. İki aylıq müddət bitdikdən sonra mülki müşahidəçilər qrupunun həm say tərkibinin artırılması, həm də müddətinin minimum 2 il uzadılması qısamüddətli texniki missiyaya birdən-birə geosiyasi mahiyyət qazandırdı. Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelin dediyi kimi, bu, ittifaqın Cənubi Qafqazdakı fəaliyyətində yeni mərhələnin açılması deməkdir. Ukrayna müharibəsi başladıqdan sonra Aİ və ümumilikdə Qərbin postsovet məkanında cəsarətləndiyini və Rusiyanın bu regiondakı qırmızı xətlərinə hörmət göstərmədiyini görürük. Ukrayna və Moldovaya üzvlüyə namizəd statusu, Gürcüstana üzvlük perspektivinin verilməsindən sonra Cənubi Qafqaz da Avropa İttifaqı (ümumilikdə Qərb) ilə Rusiya arasında rəqabət sahələrindən birinə çevrilir. 44 günlük Qarabağ müharibəsi və onun Rusiyanı bölgədə daha da gücləndirən siyasi nəticələri Qərb üçün gözlənilməz olsa da, 2021-ci ilin dekabrından başlayaraq Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Əliyev və Paşinyan arasında 4 görüşün (14 dekabr 2021, 6 aprel, 22 may, 31 avqust 2022), ötən ilin oktyabrında isə Praqada Fransa prezidentinin də iştirakı ilə dördtərəfli görüşün təşkili, eləcə də ABŞ-ın paralel addımları ilə Qərb qısa müddətdə oyuna dönmüş oldu. Praqada tərəflərin BMT Nizamnaməsi və MDB-nin 1991-ci Almatı Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü tanıdıqlarını bəyan etməsi bu mərhələnin nailiyyəti idi. 

Azərbaycanın mövqeyi

Azərbaycan prezidenti İlham Əliyevin dekabrın 7-də keçirilməsi planlaşdırılan növbəti görüşdə iştirakdan imtinası Praqadakı nailiyyətin inikişafı ilə bağlı şübhələrə səbəb oldu. Əliyev bu qərarını erməni tərəfinin Praqada olduğu kimi, bu görüşdə də Fransa prezidentinin iştirakını tələb etməsi ilə əsaslandırdı, onun fikrincə, Çexiyadakı görüşdən sonra Fransanın ortaya qoyduğu mövqe bu ölkənin tərəfsiz olmadığını göstərir, bu səbəbdən Fransa vasitəçi ola bilməz.

Bakı Aİ-nin Ermənistana 2 il müddətinə müşahidə missiyası göndərmək qərarından da məmnun deyil. Prezident Əliyev bunu Praqa razılaşmalarının pozulması kimi qiymətləndirir, çünki orada missiyanın qısamüddətli və 40 nəfərdən ibarət olacağı razılaşdırılıb: “Dekabrın 19-da bu missiyanın müddəti başa çatmalı idi, siz də getməli idiniz öz yerlərinizə. Yəni bu, bizi aldatmaq deməkdir. Biz bundan sonra sizinlə necə işləyək, necə müzakirə aparaq? Dekabrın 19-da missiyanın fəaliyyətini dayandırdılar, amma dekabrın 20-də yeni missiya göndərdilər. Bu dasadəcə olaraq, manipulyasiyadır. Bizdə olan məlumata görə, fevral ayında böyük heyətlə yenə oraya göndəriləcəklər. Yenə də bizimlə razılaşdırılmadan.”

Azərbaycanın narazılığının əsas səbəbi budur ki, o, qələbədən sonra sülh quruculuğu prosesində öz diplomatiyasını sərt güclə müşayiət edərək nəticə qazanmaq siyasəti yeridirdi. Bu siyasət sərhəddə davamlı hərbi təzyiq yaratmaqla Ermənistan hökumətinə şərt diktə etməyi ehtiva edirdi. Prezident Əliyev “Ermənistan istəməsə, Zəngəzur dəhlizini zorla icra edəcəyik”, – deyəndə blef etmirdi və niyyətinin ciddi olduğunu bilavasitə ərazidə öz addımları ilə göstərirdi. Ermənistanın müttəfiqi Rusiya Bakının bu siyasətinə mane olmağa çalışmırdı, çünki Azərbaycan və Ermənistan arasında idarəolunan gərginliyin davam etməsi, Federal Təhlükəsizlik Xidmətinin (FSB) nəzarətində olacaq Zəngəzur dəhlizinin açılması, eyni zamanda Azərbaycanın təzyiqləri nəticəsində Ermənistan içərisində Paşinyanın dayaqlarının sarsılması onun maraqlarına uyğundur. Aİ isə bölgəyə 2 il müddətinə 100 nəfərlik müşahidəçi qrupu göndərməklə Azərbaycanın güc vasitəsilə sülh adlandıra biləcəyimiz bu siyasətini neytrallaşdırmaq, masada Ermənistanın mövqelərini gücləndirmək məqsədi güdür.

Bu məsələ ilə bağlı diqqətdən yayınan bir məqamı da xatırlatmaq lazımdır. Sərhəd toqquşmaları baş verərkən Azərbaycan Ermənistanı ittiham edir, məhz erməni tərəfinin təxribatları nəticəsində bu hadisələrin baş verdiyini bildirir, öz tərəfindən isə yalnız cavab tədbirləri gördüyünü vurğulayırdı. Bunu həqiqət kimi qəbul etsək, Aİ müşahidəçiləri gəldikdən sonra Ermənistanın bu tip təxribatlar törətmək imkanlarının da azaldığını və ya aradan qalxdığını söyləməliyik, bu isə Azərbaycanın da marağına uyğun olmalıdır.

Fevralın 17-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Aİ Şurasının sədri Şarl Mişel və Azərbaycan prezidenti arasındakı görüşdə bu mövzular müzakirə edilib. Əliyevin Brüssel sülh prosesini dəstəklədiyini bildirməsi Aİ-nin vasitəçlik missiyasının davam edəcəyini söyləməyə əsas verir.

Rusiyanın reaksiyası

Rusiya öz təsir sferasındakı ölkələrə Qərbin nüfuz etməsindən narahatlığını heç vaxt gizlətməyib, indi də gizlətmir. Aİ-nin Ermənistana uzunmüddətli müşahidəçilər qrupu göndərəcəyi barədə xəbərlərin yayılmasından sonra Rusiya rəsmiləri birdən-birə iddia etməyə başladılar ki, əslində KTMT-nin missiyası hazırdır və onlar hər an Ermənistan-Azərbaycan sərhədində yerləşdirilə bilər. Halbuki sərhəddə baş verən toqquşmalardan sonra Paşinyan hökuməti hər dəfə Moskvaya və KTMT-yə müraciət etsə də, bu müraciətlər cavabsız qalırdı. Xarici işlər naziri Sergey Lavrov Aİ-nin rəsmi qərarından əvvəl, yanvarın 18-də keçirdiyi mətbuat konfransında narazı tonda bildirdi ki, Rusiya ilə müttəfiqliyə və KTMT sülhməramlı missiyasının tam hazır vəziyyətdə olmasına baxmayaraq, Ermənistan uzunmüddətli əsasda Aİ müşahidə missiyasını ölkədə yerləşdirməyə üstünlük verir. Lavrovun “güman ki, missiya Azərbaycanın razılığı olmadan sərhəddə yerləşdirilərsə, bu, əks nəticə verə və sərhəddə inam yaratmaq əvəzinə, əlavə qıcıq yarada bilər”, – sözlərini Ermənistan hökumətinə üstüörtülü hədə kimi qiymətləndirmək olar. Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin isə bu təhdidi bir qədər açıq ifadə edib. O, fevralın 13-də Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşündə bildirib ki, indiyədək Avropa institutlarının köməyi ilə hər hansı münaqişə həll olunmayıb: “Kim sülh istəyirsə, bu kvaziqurumlardan uzaq durmalıdır və aydın başa düşməlidir ki, onların cəlb olunması vəziyyəti pisləşdirəcək, yeni-yeni problemlər yaradacaq. Avropa institutları istiqamətində bəyanatlar verənlər, sadəcə olaraq, öz ölkələrini itirə bilərlər.”

Diqqət cəlb edən məqam bundan ibarətdir ki, həm Lavrovun, həm də Volodinin sözlərində Ermənistanı Azərbaycan vasitəsilə qorxutmaq niyyəti açıq hiss olunur. Onların bəyanatlarının sadə dilə tərcüməsi budur ki, Rusiya imkan versə – əngəl olmasa, Azərbaycan Ermənistanı məhv edə bilər və Avropa da bunun qarşısını ala bilməz.

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova isə məsələnin geosiyasi tərəfini qabardaraq Rusiya əsgərlərinin bölgədə mövcud olmasını və Ermənistanın KTMT üzvlüyünü regional təhlükəsizlik sisteminin məhək daşı adlandırıb və deyib ki, Brüsselin niyyəti bu sistemi dəyişməkdir. KTMT Birləşmiş Qərargahının rəisi, Rusiya Silahlı Qüvvələrinin general-polkovniki Anatoli Sidorov da Vaşinqton və Brüsselin postkonflikt nizamlanmasına dair ayrıca baxışlarının olduğunu, onların Ermənistanın KTMT üzvlüyünə məhəl qoymadan öz təhlükəsizlik modellərini qəbul etdirmək istədiklərini söyləyib. Ermənistan isə Avropa müşahidəçilərini ölkəyə dəvət etməsini məhz Zaxarova və Sidorovun bəhs etdikləri təhlükəsizlik sisteminin çökməsi ilə izah edir. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Rusiya ilə ikitərəfli və KTMT çərçivəsində hərbi müttəfiqliyi nəzərdə tutaraq mövcud təhlükəsizlik təminatlarının işləmədiyini və Aİ-nin mülki missiyasını müəyyən təhlükəsizlik təminatı yaratmaq məqsədilə dəvət etdiklərini vurğulayıb.

Ermənistan təhlükəsizlik vakuumunda

Ermənistan hökumətləri müstəqilliyin ilk illərindən Rusiya ilə müttəfiqliyi yeganə etibarlı təhlükəsizlik təminatı kimi görüblər. 1992-ci ildə imzalanan müqavilə əsasında Rusiya sərhədçiləri bu ölkənin İran və Türkiyə ilə sərhədlərini mühafizə etməyə başlayıb; 1995-ci ildə imzalanan dövlətlərarası müqavilə ilə Ermənistan ərazisində Rusiyanın 102 saylı hərbi bazası yerləşdirilib, 2010-cu ildə hərbi bazanın ölkə ərazisində qalma müddəti 2044-cü ilə qədər uzadılıb; 1997-ci ildə ölkələr arasında Dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqında hökumətlərarası saziş imzalanıb; 2000-ci ildə Müttəfiqlik qarşılıqlı fəaliyyəti barədə Bəyannamə imzalanıb; 2016-cı ildə isə Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşmasının yaradılması haqqında sazişə imza atılıb. Ermənistan 1994-cü ildə KTMT təsis olunduğu andan onun üzvüdür.

Yəni iki ölkənin hərbi müttəfiqliyi kifayət qədər dərin müqavilə-hüquq bazasına əsaslanır. Rusiya Ermənistanın təhlükəsizlik sahəsində ehtiyaclarını ödəməklə paralel, bu ölkə iqtisadiyyatının aparıcı sahələrini də nəzarətə götürüb. 2022-ci ilin ilk 10 ayında qarşılıqlı ticarət dövriyyəsi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 85% artaraq 3,8 milyard dollar təşkil edib. Ermənistanın Rusiyaya ixracı eyni dövrdə 2,5 dəfə artaraq 1,7 milyard, Rusiyadan idxalı isə 53% artaraq 2,1 milyard dollar olub. Eyni dövrdə Ermənistanın Avrasiya İqtisadi İttifaqı ilə ticarət dövriyyəsi də 90% yüksələrək 4,6 milyard dollar təşkil edib. Ermənistanın Rusiyadan enerji asılılığı var. Ermənistan dəmir yolları şəbəkəsini idarə edən Cənubi Qafqaz Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti RF-nin dövlət şirkəti – Rusiya Dəmir Yollarının törəmə şirkətidir.

Bütün bunların nəticəsində Ermənistan həm təhlükəsizlik, həm də iqtisadi sahələrdə Rusiyadan asılı vəziyyətə düşüb, suverenliyi məhdudlaşıb. Ermənistan məhz Rusiya ilə müttəfiqliyə arxalanaraq Azərbaycan ərazilərini uzun illər işğal altında saxlayıb, sülh danışıqlarında kompromislərə meyilli olmayıb. Lakin 2020-ci ildə baş verən Qarabağ müharibəsi və ondan sonrakı dövrdə Rusiyanın bölgədə Ermənistana – erməni faktoruna ağırlıq verən ənənəvi siyasətini dəyişməsi nəticəsində Ermənistan təhlükəsizlik vakuumuna düşdü.

Rusiya kimi aqressiv tərəfdaşla bu cür sıx əlaqələrin birdən-birə qırılması riskinə getmək asan deyil. Rusiyaya bağlı olmayan, onun maraqlarına zidd yeni təhlükəsizlik arxitekturası qurmaq, ümumən Moskvanın asılılığından çıxıb müstəqil regional oyunçu qismində çıxış etmək Ermənistan üçün çox çətin, eyni zamanda riskli vəzifədir və vaxt tələb edir. Riskli deyəndə Rusiyanın Ermənistan hökumətinə qarşı mümkün təzyiqlərini nəzərdə tuturam. Belə ki, Moskvanın bu yöndə imkanları genişdir. Məsələn, Rusiyadan Ermənistana təbii qaz nəqlinin ötən günlərdə müvəqqəti dayandırılması böyük ehtimalla texniki səbəblərlə bağlı deyil, siyasi aktdır və Paşinyana xəbərdarlıq siqnalı sayıla bilər.

Lakin bu risklərə baxmayaraq, Nikol Paşinyanın ölkəsini tədricən Rusiyanın təsir dairəsindən uzaqlaşdırmaq üçün bu mərhələdə mümkün olanları etməyə çalışdığını görürük. O, Rusiyanın və KTMT-nin Ermənistan qarşısında müttəfiqlik öhdəliklərini yerinə yetirmədikləri fikrini ardıcıl şəkildə erməni ictimaiyyətinə ötürür. Məsələn, baş nazirin sözlərinə görə, KTMT-nin Ermənistandakı məsuliyyət zonasını dəqiqləşdirmək, “Ermənistan Respublikası sizin üçün nədir” sualına cavab almaq üçün təşkilata müraciət etsə də, cavab ala bilməyib. Paşinyanın Rusiyanın mövqeyini çox yaxşı bildiyi halda, Azərbaycanla sərhəddə hər dəfə gərginlik yarananda hərbi yardım üçün rəsmi şəkildə Moskvaya və KTMT-yə müraciət etməsinin məntiqli izahı budur ki, müttəfiqlərin gerçək mövqeyinin nədən ibarət olduğunu xalqa bütün açıqlığı ilə nümayiş etdirsin. Bütün bunlar Rusiyanın Ermənistandakı nüfuzuna zərbə vurur və hökumətin ehtiyatlı qərbyönümlü siyasəti üçün münbit zəmin yaradır. Eyni zamanda, Paşinyan bununla Ermənistandakı rusiyayönümlü müxalifəti də ideoloji-siyasi baxımdan tərksilah etmiş olur. Moskva isə bir tərəfdən Ermənistan hökumətini Azərbaycanın əli ilə cəzalandırmağa, digər tərəfdən isə etibarlı müttəfiq olduğunu, problemlərin Paşinyanın siyasətindən qaynaqlandığını erməni xalqına anlatmağa çalışır. 

Nəticə

Ermənistan Respublikası öz müstəqilliyini elan etdikdən sonra, xüsusən Robert Koçaryan və Serj Sarkisyanın 20 illik hakimiyyəti dövründə bütün sahələrdə Rusiya Federasiyası ilə dərin inteqrasiyaya gedib. Lakin 2020-ci ildə baş verən Qarabağ müharibəsindən sonra Rusiyanın Cənubi Qafqaz siyasətinin dəyişməsi nəticəsində Ermənistan hökuməti Rusiya ilə münasibətlərin bərabərhüquqlu olmadığını, müttəfiqliyin tamamilə birtərəfli şəkildə bu dövlətin geosiyasi maraqlarına xidmət etdiyini anlayaraq fərqli, alternativ təhlükəsizlik təminatları axtarışına çıxıb. Bu, uzunmüddətli prosesdir və ardıcıl, məqsədyönlü siyasət tələb edir.

Aİ müşahidə missiyası Ermənistan üçün möhkəm təhlükəsizlik təminatı yaratmasa da, bu sahədə müvəqqəti çözümlərdən biridir. Türkiyə ilə münasibətlərin qurulması istiqamətində atılan addımlar da ilk növbədə Ermənistan üçün təhlükəsizlik mühitini yaxşılaşdırmağa yönəlib. Ermənistanın Rusiyadan qopmasından danışmaq hələ tezdir, amma müttəfiqlik münasibətləri hüquqi məcrada davam etsə belə, faktiki olaraq, böhran mərhələsinə daxil olub. Ermənilər artıq bu ölkəni müttəfiq kimi deyil, təhlükə kimi görməyə başlayıblar. Rusiya Ermənistanda nüfuzunu itirir, yaxın gələcəkdə bunun ciddi geostrateji nəticələri ola bilər.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.