Cəmiyyət

Cəmiyyət

Gürcüstanda avtoritar geriləmə

Read this article on other language
Download article
image_pdf
image_pdf

2003-cü il Qızılgül İnqilabından sonra Gürcüstan bölgədə demokratiyanın qalası hesab edilməyə başlanıb. O vaxtkı prezident Mixail Saakaşvilinin liberal islahatları demokratik təsisatların inkişafına təkan vermiş və ölkənin daha da demokratikləşməsinə ümidləri artırmışdı. Bununla belə, Saakaşvili hökuməti qeyri-demokrat və avtoritar xüsusiyyətlərə də sahib idi. Xüsusilə azad və ədalətli seçki, insan hüquqları məsələləri və siyasi rəqiblərə qarşı repressiyalar problem kimi qalırdı. Ona görə də Saakaşvilinin dövründə həm avtoritar, həm də demokratik təsisatların birgə mövcud olduğu Gürcüstan hibrid, daha konkret desək, rəqabətli avtoritar rejim hesab edilib. Rəqabətli avtoritar rejimlərdə demokratik təsisatlar və rəqabətli seçkilər olsa da, seçkilərdə tərəflər arasında imkan bərabərliyi dövlət resursları hesabına və təsisatların manipulyasiyası nəticəsində hakim qüvvənin xeyrinə pozulur.[1]

Saakaşvili hökumətini 2012-ci il seçkilərində məğlub edərək yeni hökumət formalaşdıran Gürcü Arzusu (GA) partiyası hakimiyyətinin ilk illərində mövcud siyasi xətti davam etdirdi, lakin sonradan artan avtoritarlaşma meyilləri göstərdi. GA, əvvəlcə, liberal koalisiya partnyorlarını idarəetmədən uzaqlaşdırdı, sonra isə ardıcıl daha iki seçkini qazanmaqla hakimiyyəti bütövlükdə əlində cəmlədi və tədricən dominant avtoritar partiyaya çevrildi. Gürcüstanda avtoritarizmin güclənməsi demokratik təsisatların tədricən öz gücünü itirməsinə və demokratikləşmənin əksi prosesi – avtoritarlaşmanın baş verməsinə səbəb oldu. Bu məqalədə mən Gürcüstandakı avtoritar geriləmə prosesini təhlil edəcəm. Bunun üçün, əvvəlcə, avtoritar geriləmə nəzəriyyəsini müzakirə edir və onun göstəricilərini müəyyənləşdirirəm. Daha sonra isə GA dövründə Gürcüstandakı avtoritar geriləməni təhlil edirəm.

Avtoritar geriləmə

Siyasi ədəbiyyatda demokratikləşmənin əksinə olan – yəni demokratikləşmədən uzaqlaşma prosesinin müxtəlif forma və tərifləri verilib. Müzakirələr demokratik və hibrid rejimlərdə demokratik təsisatların aşınması və ya avtoritar məhdudiyyətlərin güclənməsi nəticəsində  avtoritarlaşmanı təsvir edir.[2] Nensi Bermeo demokratik ölkələrdə baş verən bu cür aşınmanı “demokratiyanı qoruyan siyasi təsisatların dövlət tərəfindən zəiflədilməsi və ya sıradan çıxarılması” kimi xarakterizə edir və onun müxalif qüvvələrin hakimiyyətə qarşı mübarizəsini çətinləşdirməklə nəticələndiyini vurğulayır.[3] Andreya Kassani və Luka Tomini demokratiyadan bu cür uzaqlaşmanı avtoritarlaşma adlandırır və onu “siyasi prosesləri məhdudlaşdıran və inhisara alan, siyasi hakimiyyəti daha repressiv və özbaşına hala gətirən avtokratiyaya doğru rejim dəyişikliyi” hesab edirlər.[4] Cenifer Raymond və Mark Hauvard isə eyni prosesi sırf rəqabətli avtoritar sistemlərdə təhlil edir və onu avtoritar geriləmə adlandırırlar. Müəlliflər bu cür geriləməni hakim qüvvələr tərəfindən düşünülmüş rejim dəyişikliyi hesab edir və onu “gücün digər aktyorlarla müqayisədə hakim qüvvənin əlində daha çox cəmləşməsinin nəticəsində rəqabətli seçki mühitinin (və ya rəqabətlilik potensialının) azaldılması” kimi xarakterizə edirlər.[5]

Müəlliflər qeyd edir ki, avtoritar geriləmə nəticəsində hakim qüvvənin rəsmi və qeyri-rəsmi gücü artır, onun idarəetməsini sorğulaya bilən təsisat və aktorların isə fəaliyyəti məhdudlaşdırılır. Müxalif partiyalara qarşı repressiya, mediaya basqı və vətəndaş cəmiyyətinin işinə müdaxilə artır. Ümumi olaraq, avtoritar geriləmə hakimiyyətdə olan qüvvələrin vətəndaş cəmiyyətinin fəaliyyətini və müxalif partiyaların rəqabət imkanlarını məhdudlaşdırmaq, məhkəmə sisteminin isə müstəqilliyini azaldaraq onun icra hakimiyyəti üzərində nəzarətini zəiflətməklə hakimiyyəti əlində saxlamaq cəhdi hesab edilə bilər. Dresden və Hauvard bu cür avtoritar geriləməni dörd demokratik təsisatın vəziyyətindəki dəyişiklikdə müşahidə edir. Bunlar azad və ədalətli seçkilər, seçkidə bərabər imkanlar, vətəndaş azadlıqları və icra hakimiyyəti üzərində nəzarətdir. Bunlardan (1) ədalətsiz seçkilər, (2) seçkilərdə siyasi opponentlər arasında qeyri-bərabər imkanlar, (3) vətəndaş azadlıqlarının ciddi şəkildə pozuntusunu Levitski və Vey rəqabətli avtoritar sistemləri fərqləndirən əsas xüsusiyyətlər kimi müəyyənləşdirib. Dresden və Hauvard isə bu cür rejimlərdə avtoritar geriləməni ölçmək üçün 4-cü kateqoriya – icra hakimiyyəti üzərində nəzarəti əlavə edir. Avtoritar geriləmənin baş verdiyi ölkələrdə ədalətsiz seçkilər daha çox saxtalaşdırılır, qeyri-bərabər imkanlar mühiti hakim qüvvənin xeyrinə daha çox pozulur, vətəndaş azadlıqları pozuntuları daha da kəskin hal alır və icra hakimiyyəti üzərində real nəzarət daha da çətinləşir. Qeyd edilən dörd sahənin hər hansı birində əhəmiyyətli neqativ dəyişiklik avtoritar geriləmənin başlanmasının göstəricisi hesab edilə bilər.

Girişdə də qeyd etdiyim kimi, siyasi ədəbiyyatda Gürcüstan rəqabətli avtoritar rejim hesab edilir. Lakin GA hakimiyyəti dövründə Gürcüstanda yuxarıdakı dörd sahə üzrə vəziyyət daha da pisləşib. Yəni rəqabətli avtoritar rejim olan Gürcüstanda bir müddətdir ki, avtoritar geriləmə müşahidə edilir. Bu iddiamı isbat etmək üçün GA dövründə Gürcüstanda yuxarıda sadalanan dörd sahədəki (ədalətli seçkilər, seçkidə bərabər imkanlar, vətəndaş azadlıqları və icra hakimiyyəti üzərində nəzarət) dəyişiklikləri təhlil edəcəyəm.

Ədalətsiz seçki

Rəqabətli avtoritar rejimlərdə hakim qüvvələr formal və qeyri-formal yollarla seçkinin rəqabətliliyini azalda və onun ədalətliliyini poza bilirlər. Məsələn, hakim qüvvə əsas müxalifət partiyası namizədlərini seçkidən kənarlaşdıra, onların təşviqat aparmasına təzyiq göstərə, yaxud qanuni yollarla maneçilik törədə, yaxud da seçkinin nəticələrini saxtalaşdıra və  manipulasiya edə bilər. Bunlardan hər hansı birinin əvvəlki seçki dövri ilə müqayisədə əhəmiyyətli dərəcədə artması avtoritar geriləmənin göstəricisi hesab edilir.

Gürcüstanda son illərdə keçirilən seçkilərdə seçkinin ədalətliliyində ciddi geriləmə müşahidə edilir. Ümumilikdə ardıcıl 3 parlament seçkisini (2012, 2016, 2020-ci illər)  qazanmış  və hazırda 4-cünü qazanmağa doğru gedən GA artıq dominant avtoritar partiya sistemini yaratmış sayılır.[6] Buna baxmayaraq, ölkədə seçkilər hələ də rəqabətli keçir və son seçkinin nəticələrinin göstərdiyi kimi, müxalifətin qalib gəlmək şansı hələ də qalır. Əgər GA 2016-cı il parlament seçkilərində 115 yer qazanmışdısa, 2020-ci il seçkilərində bu göstərici 90-a enib.[7] Müxalifət partiyaları isə son seçkidə parlamentdəki yerlərinin sayını 27-dən 56-a qaldırıblar. Göründüyü kimi, müxalifətin seçkilərdə üstünlüyü artır və buna görə də GA hakimiyyəti seçkidə qələbəni əldən verməmək üçün getdikcə daha çox avtoritarlaşmağa və seçkilərə müdaxilə etməyə başlayır.

Bunun nəticəsidir ki, müxalif partiyalar 2020-ci il parlament seçkilərində 56 yer qazansa da, seçki saxtakarlığına etiraz olaraq nəticələri boykot etdi və parlamentə girmədi. Sonradan Avropa İttifaqı vasitəçiliyi ilə əldə olunmuş razılıq nəticəsində müxalif partiyalar parlamentdə yerlərini tutmağa razılaşdılar. Müxalif partiyaların iddialarının bir qismi – seçicilərə hədə-qorxu gəlinməsi və təzyiq göstərilməsi, səslərin satın alınması, administrativ resurslardan istifadə və bərabər olmayan fürsətlər – ATƏT DTİHB-in Seçki Müşahidə Missiyasının məhdud sayda məntəqədə həyata keçirdiyi müşahidənin yekun hesabatında da öz əksini tapıb.[8] Bundan əlavə, 2018-ci il prezident və 2020-ci il parlament seçkilərində səslərin satın alınması ilə bağlı iddialar Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş müavinin sızdırdığı sənədlər əsasında Gürcüstanda fəaliyyət göstərən iki beynəlxalq təşkilatın hesabatında da göstərilib.[9] Sənədlər göstərir ki, hakim partiya GA-a səs verməsi qarşılığında ayrı-ayrı insanlara şərti cəzaların ləğv edilməsi, həbsdən vaxtından əvvəl azad edilmə, ləğv edilmiş sürücülük vəsiqələrinin bərpası, davam edən cinayət işlərində ittihama yenidən baxılması və hərbi xidmətdə möhlətin verilməsi kimi güzəştlər verib.

Bərabər olmayan imkanlar

Seçkidə bərabər imkanlar dedikdə hakim və müxalifət partiyaların media və maliyyə mənbələrinə bərabər çıxışının olması və prosesdə arbitr rolunu oynayan dövlət qurumlarının hər iki tərəfə münasibətdə müstəqilliyi və tərəfsizliyini saxlaması nəzərdə tutulur. Məsələn, seçki dönəmində mediada hakim partiyaya daha çox yer verilməsi, müxalif partiyaların isə geniş media mənbələrinə çıxa bilməməsi, eynilə müxalif partiyaların lazımı maliyyə mənbələri tapa bilməməsi, hakim partiyanın isə daha çox maliyyə imkanları əldə etməsi və dövlət resurlarını da partiya məqsədləri üçün istifadəsi, həmçinin Mərkəzi Seçki Komissiyası (MSK) və yerlərdəki seçki kommisiyalarının hakim partiyaya yaxın adamlarla doldurulması onların tərəfsizliyini pozur və tərəflər arasında bərabər olmayan imkanlar yaradır. Bu cür qeyri-bərabər vəziyyət hakim partiyaya böyük üstünlük verir və onun məhdud imkanları olan müxalifət üzərində qalib gəlməsini asanlaşdırır.

Gürcüstanda bərabər olmayan imkanlar – dövlət resurslarının hakim partiya xeyrinə istifadə edilməsi və qeyri-bərabər maliyyə imkanları – seçkilərin beynəlxalq müşahidə missiyası tərəfindən 2018-cü ildə keçirilmiş prezident,[10] 2020-ci il parlament[11] və 2021-ci ildəki bələdiyyə seçkiləri ilə bağlı hesabatında qeyd edilib.[12] Digər tərəfdən GA bu il qanunvericilik dəyişiklikləri ilə seçki təşkili və idarəçiliyinə nəzarət edən MSK-nın da müstəqilliyini böyük ölçüdə ləğv edib. 2024-cu il 20 fevralda parlamentin seçki məcəlləsinə etdiyi dəyişikliklə GA MSK üzvlərinin namizədliyini irəli sürmək haqqını prezidentdən alıb parlamentin spikerinə verdi və bununla da MSK üzvlüyünə təyinat üzərində əhəmiyyətli nəzarət əldə etdi.[13] Həmçinin məcəlləyə əlavə dəyişikliklər MSK-nın müxalif partiyadan seçilən müavin vəzifəsini ləğv etdi (17 üzvü olan MSK-da müxalifətin biri rəhbər müavini olmaqla, 9 üzvü var) və quruma sadə çoxluqla qərar qəbul etmək imkan verdi ki, bu da 9 müxalif  üzvün iştirakı olmadan MSK-da qərarların qəbulunu mümkün edir. Nəticə olaraq, hakim partiyanın seçkilərin nəticələrinə təsir etmək məqsədilə həyata keçirdiyi qanuni (seçki məcəlləsinə dəyişiklik) və qeyri-qanuni (seçkilərin saxtalaşdırılması, dövlət resurslarının partiya xeyrinə istifadəsi)  müdaxilələr  seçkilərdə fürsətlərin kəskin qeyri-bərabərliyi ilə nəticələnib, seçkilərin şəffaflığı və ədalətliliyini əhəmiyyətli dərəcədə azaldıb.

Vətəndaş azadlıqlarının pozulması

Vətəndaş azadlıqları dedikdə ümumi olaraq ifadə, media və toplaşmaq azadlığı kimi fundamental haqlar nəzərdə tutulur. Ayrı-ayrı aktivistlər və siyasətçilərə qarşı zorakı hücumlar, mediaya qarşı təzyiq, toplaşmaq hüququnun pozulması kimi hallar ümumilikdə vətəndaş cəmiyyətinin hökumətə nəzarət funksiyasının məhdudlaşdırılmasına xidmət edir. Gürcüstanın vətəndaş cəmiyyəti post-sovet məkanında hər zaman gücü və dinamikliyi ilə müsbət mənada fərqlənib. Ancaq son illərdə bu sahədə də avtoritar meyillərin gücləndiyi, repressiya və özbaşınalığın sistematik artımı müşahidə edilir. 2019-cu ildə o vaxtki müxalif televiziya kanalı Rustavi 2-nin keçmiş rəhbəri Qiqi Rurua,[14] 2021-ci ildə müxalif Vahid Milli Hərakat partiyasının lideri Nika Melia,[15] 2022-ci ildə Rustavi 2-nin yerinə yeni yaradılmış müxalif Mtavari televiziya kanalının direktoru Nika Qvaramiya həbs edildilər.[16]

Bununla bərabər, hökumətə bağlı olduğu iddia edilən radikal sağçı qüvvələrin ortaya çıxışı və vətəndaş cəmiyyəti, onun dəyərləri və siyasi rəqiblərə qarşı fiziki hücum hallarının artması müşahidə edildi. 2021-ci ildə LGBT hərakatına qarşı belə hücumlardan birində 53 jurnalist yaralandı, bir nəfər isə həyatını itirdi.[17] 2023-cü il isə vətəndaş cəmiyyəti üzvləri, siyasətçilər və aktivistlərə qarşı fiziki hücumlarla yadda qaldı. Cəzasızlıq şəraitində baş verən belə hallar hələ də davam edir və son 3 ayda bu cür zorakılığa məruz qalanların sayı 30-a çatıb.[18] Bu il isə hökumət ölkə üçün həlledici mərhələ olan Xarici Agentlər haqqında qanun layihəsini qəbul etdi.[19] Qanuna əsasən, bundan sonra maliyyəsinin 20%-dən çoxunu xarici təşkilatlardan alan QHT-lər xarici təsirin agentləri kimi rəsmi qeydiyyata düşməlidilər. Ümumi rəy ondan ibarətdir ki, qanun hökumətə QHT-lər və medianın fəaliyyətini məhdudlaşdırmaq, vətəndaş cəmiyyətini neytrallaşdırmaq və onu nəzarət altına almaq və ümumilikdə ifadə azadlığını boğmağa imkan verən alət rolunu oynayacaq.

İcra Hakimiyyəti üzərində nəzarət – məhkəmə müstəqilliyi

İcra hakimiyyət üzərində nəzarət dedikdə digər dövlət orqanlarının hökumət idarəetməsi üzərində nəzarəti, onu hakimiyyət bölgüsunə görə məhdudlaşdırması nəzərdə tutulur. Hakimiyyətdə olan qüvvələr bu cür məhdudiyyəti konstitusiyaya dəyişiklik etməklə və ya hökumətin qəbul etdiyi qanunları və onun fəaliyyətinin konstitusiyaya uyğun olub-olmadığını yoxlayan  məhkəmə müstəqilliyini azaltmaqla aradan qaldıra və məhdudiyyətsiz güc əldə edə bilirlər.

GA 2015-ci ildən başlayaraq məhkəmə sisteminin müstəqilliyini məhdudlaşdırmaq və onu nəzarət altına almaq üçün sistemik fəaliyyətə başladı.[20] Partiya birbaşa və məhkəmə sistemi içindəki təsirli hakimlərdən ibarət Klan adlanan şəbəkə vasitəsilə, demək olar ki, bütün məhkəmə institutlarını özünə yaxın hakimlər və Klan üzvləri ilə doldurdu.[21] Əvvəlcə, ölkənin məhkəmə-hüquq sistemini idarə edən orqan olan Gürcüstan Ali Ədliyyə Şurası hakimləri ilə əməkdaşlıq nəticəsində Ali Məhkəmənin sədri və üzv vəzifələrinə namizədliyi irəli sürmək haqqı Ali Ədliyyə Şurasına verildi. Nəticədə, Ali Ədliyyə Şurasının təqdimatı ilə GA Ali Məhkəməyə cəmi 20 hakim (2019-cü ildə 14, 2021-ci ildə isə 6) təyin edə bildi.[22] Hər iki mərhələdəki təyinat prosesin qeyri-şəffaflığı və etibarsızlığına görə beynəlxalq təşkilatlar tərəfindən tənqid olundu və ədliyyə sistemi içindəki Klan şəbəkəsinin təsirinin artması kimi qiymətləndirildi.[23]

Məhkəmə sisteminin müstəqilliyi 2021-ci ildə Gürcüstan İnzibatı Məhkəmələr Haqqında Qanununa edilən dəyişikliklə daha da sarsıdıldı.[24] Dəyişikliklər Ali Ədliyyə Şurası hakimlərinin bir dəfədən artıq seçilmək məhdudiyyətini aradan qaldırır, quruma sadə çoxluqla qərar vermə haqqı verir və əlavə səlahiyyətlərini artırmaqla onun ədliyyə sistemi üzərində administrativ gücünü daha da artırmış oldu. Ali Ədliyyə Şurasının hakimlərin razılığı olmadan onları digər məhkəmələrə göndərmək hüququ əldə etməsi və tərəfsizlik prinsipi adı altında hakimlərin ifadə azadlığının boğulması kimi bəzi dəyişikliklər hakimlərin müstəqilliyini əlindən almaq cəhdi kimi qiymətləndirilir. Hazırda iddia olunur ki, bu dəyişikliklər tərəfsiz və müstəqil hakimlərə qarşı təzyiq vasitəsi kimi istifadə edilir. Dəyişikliklər Gürcüstanın tərəfdaşları və bir çox beynəlxalq təşkilatlar tərəfindən ölkənin məhkəmə sisteminin müstəqilliyini sarsıdıcı təsirinə görə tənqid olunur. Tənqidlər xüsusilə Ali Ədliyyə Şurasının hakimlər üzərində təsirinin əhəmiyyətli dərəcədə artdığını vurğulayır.[25]

Bundan əlavə, GA Konstitusiya məhkəməsinə də böyük ölçüdə nəzarət edir. Məhkəmənin 9 hakimindən 5-i partiya və Klana bağlıdır. Onlardan 3-ünü partiya parlament vasitəsilə, iki hakimi isə GA-nın təyin etdiyi və Klanın nəzarətində olan Ali Məhkəmənin plenumu seçib.[26] Beləcə, ölkənin məhkəmə institutları və Ali Ədliyyə Şurasına birbaşa və Klan vasitəsi ilə nəzarəti ələ almaqla, GA məhkəmənin müstəqilliyini əlindən ala və onun icra hakimiyyəti üzərində nəzarətini ciddi şəkildə azalda bildi.

Nəticə

GA hakimiyyəti dövründə ölkənin daha da demokratikləşməsinə olan ümidlərə baxmayaraq, sonrakı illər demokratik təsisatların aşınması ilə nəticələndi. Bu illərdəki siyasi proseslərin təhlili göstərir ki, hakim partiyanın seçki rəqabətliliyi və ədalətliliyini azaltmaq, məhkəmə müstəqilliyini zəiflətmək və vətəndaş azadlıqlarını boğmaq qərarı müxalifətin müqavimət gücünü qırmaq və hakimiyyəti öz əlində saxlamağa hesablanmış planlı siyasət olub. Bütün bunlar Gürcüstanda avtoritar geriləmənin gerçəkləşdiyini və ölkənin tədricən rəqabətli avtoritar sistemdən qapalı avtoritar sistemə keçidinin baş verməkdə olduğunu göstərir. Hər avtoritar geriləmə tamamilə qapalı avtoritarizmlə nəticələnməsə də, bir şey dəqiqdir ki, demokratik təsisatların məhv edilməsi və avtoritarizmin güclənməsi hakimiyyətin zorakı yolla dəyişməsi ehtimalını artırır.

Qeydlər və istinadlar

[1] Levitsky, Steven, and Lucan A. Way. Competitive authoritarianism: Hybrid regimes after the Cold War. Cambridge University Press, 2010. 6.

[2] Cassani, Andrea, and Luca Tomini. “Post-Cold War autocratization: Trends and patterns of regime change opposite to democratization.” Rivista Italiana di Scienza Politica 49, no. 2 (2019): 121-138, 122-124.

[3] Bermeo, Nancy. “On democratic backsliding.” Journal of Democracy 27 (2016): 5-19, 6.

[4] Cassani, Andrea, and Luca Tomini. “Reversing regimes and concepts: from democratization to autocratization.” European Political Science 19 (2020): 272-287, 277.

[5] Dresden, Jennifer Raymond, and Marc Morjé Howard. “Authoritarian backsliding and the concentration of political power.” Democratization 23, no. 7 (2016): 1122-1143, 1124.

[6] Bogaards, Matthijs. “Dominant parties and democratic defects.” Geo. J. Int’l Aff. 6 (2005): 29.

[7] Organization for Security and Co-operation in Europe (OSCE), Office for Democratic Institutions and Human Rights (ODIHR), “Georgia, Parliamentary Elections, 31 October 2020: Final Report,” March 5, 2021.

[8] OSCE, ODIHR, “Georgia, Parliamentary Elections,” 2021.

[9] Shota Kincha and Mariam Nikuradze, “Watchdogs Back Ex-Security Chief’s Claim of ‘Large-Scale Electoral Fraud’ in Georgia,” OC Media, 2022, https://oc-media.org/watchdogs-back-ex-security-chiefs-claim-of-large-scale-electoral-fraud-in-georgia/.

[10] Organization for Security and Co-operation in Europe (OSCE), Office for Democratic Institutions and Human Rights (ODIHR), “Georgia, Presidential Elections, 28 October and 28 November 2018: Final Report.” 28 February 2019.

[11] OSCE, ODIHR, “Georgia, Parliamentary Elections,” 2021.

[12]Organization for Security and Co-operation in Europe (OSCE), Office for Democratic Institutions and Human Rights (ODIHR), “Georgia, Local elections, 2 and 30 October 2021: Final Report.” 8 April 2022.

[13] Civil.ge, “Parliament Passes Amendments to CEC Staffing Rules,” 2024 https://civil.ge/archives/583340.

[14] Radio Liberty, “Georgian Opposition Figure Giorgi Rurua Sentenced To Four Years In Prison,” July 30, 2020, https://www.rferl.org/a/georgian-opposition-figure-giorgi-rurua-sentenced-to-four-years-in-prison/30757208.html.

[15] Joshua Kuchera, “Georgian Authorities Arrest Opposition Leader,” 2022, Eurasianet, https://eurasianet.org/georgian-authorities-arrest-opposition-leader.

[16] Shota Kincha, “Director of Pro-Opposition TV Channel Jailed for 3.5 Years in Georgia,” Oc Media, 2022, https://oc-media.org/director-of-pro-opposition-tv-channel-jailed-for-3-5-years-in-georgia/.

[17] Nini Gabritchidze, “Georgian Government Accused of Promoting Political Violence,” Eurasia, 2023, https://eurasianet.org/georgian-government-accused-of-promoting-political-violence.

[18] Shota Kincha, “Beatings, Harassment, and No Arrests: Georgian Government Critics Under Attack,” OC Media, 2024, https://oc-media.org/features/georgian-government-critics-under-attack/.

[19] Felix Light, “Georgian Parliament Passes ‘Foreign Agent’ Bill, Prompting US Anger, New Protests,” Reuters, 2024, https://www.reuters.com/world/europe/georgian-lawmakers-brawl-parliament-set-pass-foreign-agent-bill-2024-05-14/.

[20] Nino Tsereteli, “Constructing the Pyramid of Influence: Informal Institutions as Building Blocks of Judicial Oligarchy in Georgia,” German Law Journal 24, no. 8 (2023): 1469–87, 1474 https://doi.org/10.1017/glj.2023.74.

[21] Nakashidze, Malkhaz. “Constitutional Court and Politics: The Case of Georgia.” ICL Journal 17, no. 3 (2023): 337-356, 341-344.

[22] “Parliament Appoints Six Supreme Court Judges Despite Int’l Condemnation,” 2021, Civil Georgia, https://civil.ge/archives/431779.

[23] Organization for Security and Co-operation in Europe (OSCE), Office for Democratic Institutions and Human Rights (ODIHR), “Fourth Report on the Nomination and Appointment of Supreme Court Judges in Georgia,” 23 August 2021.

[24] Myers, Seth. 2023. “An Enduring Threat to Judicial Independence in Georgia: The 2021 Amendments to the Organic Law on Common Courts”. Davis Center. https://daviscenter.fas.harvard.edu/insights/enduring-threat-judicial-independence-georgia-2021-amendments-organic-law-common-courts.

[25] Venice Commission, “On the December 2021 Amendments to the Organic Law on Common Courts,” 2022.

[26] Transparency International Georgia, “The State of the Judicial System 2016-2020,” 30 October 2020, https://transparency.ge/en/post/state-judicial-system-2016-2020.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.