fbpx

TƏRCÜMƏ

TƏRCÜMƏ

Hannah Arendt, Zorakılıq haqqında

Read this article on other language
Download article
image_pdf
image_pdf

Tərcümənin 5-ci hissəsi:

Robotlar insanları əvəz etmədiyi müddətcə heç bir insan təkcə, başqalarının dəstəyi olmadan, zorakılıqdan həqiqi mənada imtina etmək iqtidarında deyil. Məsələn, daxili siyasətdə də zorakılıq həmişə cinayətkarlara, ya da qiyamçılara – yəni çoxluğun fikrinə tabe edilməyə müqavimət göstərən təklərə və ya yox olmaqda olan azlıqlara – qarşı əlahiddə güc vasitəsi funksiyasını daşıyır. Polisə tapşırıq verən və ona öz iqtidar hökmündən yayınanlara qarşı zorakılıq tətbiq etmək səlahiyyəti verən şey adətən elə bu çoxluğun və onun “fikri”nin üstünlüyüdür. Hətta bizdə xalis zorakılığın doğrudan da son söz sahibi olduğu təəssüratı yaradan müharibə şəraitində ola bilər ki, pis silahlanmış, amma yaxşı təşkilatlanmış və bu səbəblə daha üstün olan rəqiblə üz-üzə qalanda iqtidar vasitələrinin əlahiddə üstünlüyü belə təsirsiz qalsın – necə ki, biz bunu Vyetnamda görürük. Partizan və gerilla müharibələrinin bizə verdiyi bu dərs yeni bir şey deyil. Bu, ən azından Napoleonun məğlubedilməz ordusunun İspaniyada məğlubiyyəti qədər köhnə bir məsələdir.

Anlayış dilində danışsaq, o, bu deməkdir: iqtidar əslində bütün dövlət tipli icmaların, hətta necəsə bütün təşkilatlanmış qrupların mahiyyətinə aiddir, zorakılıq isə yox. Zorakılıq təbiətinə görə instrumentaldır; bütün vasitə və alətlər kimi onun da həmişə onu yönəldən və istifadəsinə haqq qazandıran bir məqsədə ehtiyacı var. Haqq qazanmaq üçün başqa bir şeyə ehtiyacı olan nəsnə isə essensial (i) yox, funksional təbiətlidir. Müharibənin məqsədi sülhdür; “Bəs sülhün məqsədi nədir?” sualının isə cavabı yoxdur. Sülh mütləq bir şeydir, baxmayaraq ki, bizə məlum olan tarix boyu müharibə periodları az qala həmişə sülh periodlarından daha uzun olub. Belə mütləq olan bir şey həm də iqtidardır; o, belə deyək, özündəməqsəddir. (Əlbəttə, bununla inkar edilmir ki, hökümətlər hər dəfə müəyyən bir siyasət yürüdürlər və öz iqtidarını qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün istifadə edirlər. Ancaq iqtidar strukturunun özü bütün məqsədlərdən irəlidədir və onlardan sonra da qalır, belə ki, iqtidar məqsədlərə çatmaq üçün vasitə olmaqdan çox uzaq qalmaqla əslində, ümumiyyətlə, məqsəd-vasitə kateqoriyasında düşünmək və hərəkət etmək üçün zəruri olan şərtin özüdür.) Əgər dövlət öz mahiyyətinə görə təşkilatlanmış və institusionallaşmış iqtidardırsa, onda onun son məqsədinin nə olması sualının da bir mənası yoxdur. Cavab ya qapalı çevrədə fırlanacaq – təxminən belə: o, insanların birgəyaşayışını mümkün etməlidir –, ya da utopik ideallar ucaldacaq, əksəriyyətin xoşbəxtliyi, sinifsiz cəmiyyət, amma həm də ədalət, azadlıq və bunun kimi bir çox şey ki, bunları ciddidən reallaşdırmağa çalışanda bu, axırda mütləq despotizmə aparıb çıxarır.

İqtidarın əsaslandırılmasına ehtiyacı yoxdur, belə ki, o, bütün bəşər icmalarına həmişə xas olub. Amma bundan fərqli olaraq onun legitimliyinə ehtiyac var. İnsanlar nə vaxt birləşib birgə hərəkət etsələr, orda iqtidar ortaya çıxır, onun legitimliyi hər qrupun qarşısına qoyduğu məqsəd və məramlarında deyil; o, iqtidarın mənşəyindən yaranır ki, bu da qrupun yaranması ilə üst-üstə düşür. İqtidarın iddiası keçmişə istinadla legitimləşir, amma bir vasitənin əsaslandırılması gələcəkdə olan bir məqsəd vasitəsilə baş verir. Zorakılıq əsaslandırıla bilər, amma o, heç vaxt legitim ola bilməz. Əldə ediləcək məqsəd nə qədər yaxında olarsa, onun əsaslandırılması da bir o qədər aydın və inandırıcı olacaq. Heç kimin ağlına gəlməz ki, özünümüdafiə məqsədli zorakılığın tətbiqinə haqq qazandırmanı şübhə altına alsın, belə ki, təhlükə nəinki aşkar, həm də birbaşa indi və burdadır, bununla da məqsəd və onun əsaslandırmalı olduğu vasitələr arasında, demək olar ki, vaxt aralığı qalmır.

Baxmayaraq ki, iqtidar və zorakılıq fərqli fenomenlərdir, onlar əksər hallarda bir yerdə ortaya çıxır. Bura qədər biz elə kombinasiyaları analiz etdik ki, onlarda hər bir halda iqtidarın ilkin və həlledici olduğu ortaya çıxdı. Ancaq onların xalis halda ortaya çıxdığı daha nadir rast gəlinən hallara diqqət yetirsək, bu vəziyyət dəyişir. İqtidar və zorakılığın birbaşa konfrontasiyasına biz, məsələn, düşmən işğalı ilə nəticələnən müharibə toqquşmalarında rast gələ bilərik. Gördüyümüz kimi, zorakılıq və iqtidarın adət etdiyimiz eyniləşdirilməsi ona əsaslanır ki, dövlət tərəfindən nizamlanmış birgəyaşayış zorakılıq vasitələrinə söykənən bir hökmranlıq kimi başa düşülür. Bu cür hökmranlıq əslində yad işğalçı tərəfindən qurulur, və o, nisbətən rahat şəkildə özünü bərqərar edə bilir, əgər ki, söhbət iradəsiz bir hakimiyyətdən və azadlıq vərdişi olmayan, siyasi iqtidarın necə qurulduğunu və onunla necə davranmaq lazım olduğunu bilməyən bir xalqdan  gedirsə. Bütün başqa hallarda çətinliklər həddindən artıq böyükdür, və işğalçı qüvvə dərhal yerlərdə bir Quislinq hakimiyyəti[1] qurmağa çalışacaq ki, yerli əhali arasında özünə hökmranlığının söykənə biləcəyi bir iqtidar bazası bərqərar etsin. Rus tankları ilə Çexiya və Slovakiya xalqlarının tamamilə dinc müqavimətinin toqquşması zorakılıq və iqtidarın öz xalis formalarında konfrontasiyası üçün dərsliklərə düşə biləcək misaldır. Xalis zorakı hakimiyyətin (tiranlığın) öz çətinlikləri var, ancaq o, heç də qeyri-mümkün deyil, belə ki, o, idarə olunanların fikrinə, ya da müəyyən bir fikri bölüşənlərin sayına yox, istisnasız olaraq zorakılıq vasitələrinə söykənir. Əgər kimsə sadəcə iqtidar ilə özünü zorakılıqdan qorumağa çalışarsa, dərhal görəcək ki, o, artıq insanlarla və mümkün çoxluqla deyil, insanlar tərəfindən düzəldilmiş alətlərlə, obyektlərlə üz-üzədir ki, onların da məhvetmə gücü rəqiblər arasındakı məsafəyə düz mütənasib olaraq artır. Böyük bir iqtidar da zorakılıq ilə məhv edilə bilər; ən təsirli, dərhal və sözsüz-sualsız itaəti təmin edən əmrlər həmişə silah lülələrindən yayılır. Heç vaxt silah lülələrindən gəlməyəni isə iqtidardır.

Zorakılıq və iqtidarın toqquşmasında nəticə heç vaxt şübhə doğurmur. Qandinin müstəsna güclü və uğurlu dinc müqavimət strategiyası başqa bir düşmən – İngiltərə əvəzinə Stalin Rusiyası, Hitler Almaniyası, hətta müharibədən əvvəlki Yaponiya – ilə üz-üzə gəlsəydi, onun nəticəsi dekolonizasiya yox, ¨administrativ kütləvi qırğın¨ və ardınca da təslimiyyət olardı. Burada nəzərdən qaçırmaq olmaz ki, imperialist güclərin – Hindistanda İngiltərə, Əlcəzairdə Fransa – yetərli səbəbləri var idi ki, belə bir qələbədən imtina etsinlər. Kobud, çılpaq zorakılıq iqtidarın itirildiyi yerdə ortaya çıxır. Rusların çex problemini həll etmək forması Rusiya rejiminin əhəmiyyətli dərəcədə iqtidarını itirməsini aşkar şəkildə göstərirdi, necə ki, həmçinin Avropa imperializminin iqtidar itkisi kütləvi qırğın və dekolonizasiya arasındakı alternativdə (seçimdə) təzahür edirdi. İqtidarı zorakılıqla əvəz etmək olar və bu, qələbəyə apara bilər, ancaq belə qələbələr çox baha başa gəlir; belə ki, burda əvəz ödəyən tərəf təkcə məğlub olan deyil, qalib tərəf öz iqtidarını itirməklə əvəz ödəyir. Bu, əsas da o vaxt olur ki, qalib tərəf öz ölkəsində konstitusiyalı idarəetmə formasının bəhrələrindən faydalansın. Bu, Henry Steele Commager-in (məşhur amerikalı tarixçi) dediyi kimidir: “Əgər biz dünyanın nizamını və dünya sülhünü məhv etmək istəyiriksə, onda qaçınılmaz olaraq əvvəlcə öz siyasi institutlarımızı dağıtmalı və məhv etməliyik.”[2] İmperializm dövründə “təslim edilmiş xalqlar üzərində hökmranlığın” (Lord Cromer) öz ölkəsinə təsir edəcək bumeranq effektindən danışılırdı və burda nəzərdə tutulan o idi ki, uzaq ölkələrdə qurulan tiranlıqlar axırda əsas ölkənin öz əhalisinə geri zərbə ilə nəticələnəcəklər. Keçən il Berkeley Universitetində polisin hərəkəti – təkcə gözyaşardıcı qazdan deyil, Cenevrə Konvensiyası tərəfindən tənqid olunan və ordu tərəfindən Vyetnamda partizan döyüşçülərini tüstüyə boğmaq üçün tətbiq olunan başqa bir qazdan istifadə etməsi, eyni zamanda qaz maskalı polis məmurlarının bütün insanların qazlı sahəni tərk etmələrinə mane olması – həmin bumeranq fenomeninə yaxşı bir nümunədir.

Qeydlər və istinadlar:

[1] Tərcüməçinin qeydi: “Quislinq hakimiyyəti” işğalçı düşmən ilə əməkdaşlıq edən yerli siyasətçi, ya da ümumi olaraq “xain” mənasında istifadə olunan aşağılayıcı ifadədir. İfadə İkinci Dünya Müharibəsi zamanı Norveçdə yerli nasist kollaborasiya rejiminə başçılıq etmiş Vidkun Quislinqin soyadından götürülüb.

[2] “Can We Limit Presidential Power?”- In: “The New Republic”, 6. April 1968.

Tərcümənin birinci hissəsi:

Tərcümənin ikinci hissəsi:

Tərcümənin üçüncü hissəsi:

Tərcümənin dördüncü hissəsi:

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.