fbpx

TƏRCÜMƏ

TƏRCÜMƏ

Hannah Arendt, Zorakılıq haqqında

Read this article on other language
Download article
image_pdf
image_pdf

Tərcümənin 6-cı hissəsi

Tez-tez deyilib ki, gücsüzlük zorakılıq yaradır, güc sahibi olmayanlar zorakılığa əl atmağa xüsusilə meyllidirlər və psixoloji cəhətdən bu tamamilə doğrudur. Siyasi olaraq isə əhəmiyyətli olan odur ki, gücsüzlükdən daha çox gücün itirilməsi insanı zorakılığa cəlb edir, sanki o (zorakılıq), itirilmiş iqtidarı əvəz edə bilər – 1968-ci ilin yayında demokratların Çikaqo konvensiyası zamanı belə bir proses  əllə tutulacaq qədər yaxın idi – və zorakılıq məhz, doğrudan da, iqtidarı məhv edə bildiyi üçün həmişə elə öz iqtidarına təhlükə təşkil edir. O yerdə ki, zorakılıq öz alətləri ilə birlikdə ona məqsəd və sərhədlər qoyan bir iqtidar əsasından məhrum olur, orada məqsəd-vasitə əlaqəsi, bilindiyi kimi tərsinə çevrilir; bu dəfə məqsədləri vasitələr – yəni məhvetmə alətləri – müəyyən edir, bunun nəticəsi də o olur ki, doğrudan da əldə olunan son məqsəd hər cür iqtidarın məhv edilməsi olur.

Terror və zorakılıq eyni şey deyil. Terror rejimi zorakılıq rejimini əvəz edir – həm də bildiyimiz kimi, bütün rəqiblərin aradan qaldırılmasından sonra zorakılığın geri çəkilmədiyi, əksinə dövlət aparatı üzərində mərkəzi nəzarəti ələ aldığı nadir olmayan hallarda. Zorakılıq rejiminin qarşısına məqsəd qoyduğu və əldə etdiyi şey cəmiyyəti elə bir səviyyəyə qədər gücdən salmaqdır ki, o, artıq təşkilatlanmış bir müxalifətə qadir olmasın, və bu, əsl terror üçün yolun açıldığı bir məqamdır. Tiranlıq gücsüzlük yaradır ki, o da öz növbəsində total hakimiyyəti mümkün edir. Terror cəmiyyəti ayrı-ayrı hissələrə bölüb atomlaşdırmaqla – bu dəhşətli əməli ifadə etmək üçün qəzəb yaradacaq dərəcədə rəngsiz, akademik bir sözdür – gücsüzləşdirməni möhkəmləndirir və intensivləşdirir. Buna xəbərçilərin (donosçuların) hər yerdə olması ilə nail olunur. Xəbərçi hərfi mənada hər yerdə ola bilər, belə ki, burda söhbət artıq ödənişli agentlərdən getmir; necəsə əlaqədə olduğun hər bir kəs sabah xəbərçilik etməyə məcbur edilə bilər. Belə tam inkişaf etmiş bir polis dövlətinin necə təşkil edildiyini və necə işlədiyini və ya necə onun işlədiyi yerdə artıq heç bir şeyin işləmədiyini iyirminci əsrin ədəbi şah əsərlərindən biri olaraq qalacaq və Stalin rejiminin şübhəsiz olaraq ən yaxşı təsvirini təqdim edən Aleksandr Soljenitsının böyük romanı Cəhənnəmin Birinci Dairəsində indi ətraflı oxumaq olar. Terrora əsaslanan total hökmranlıq ilə tiraniyanın müxtəlif formaları arasındakı əsas fərq ondan ibarətdir ki, birincisi təkcə rəqiblərinin deyil, həm də dostlarının və tərəfdarlarının işini bitirir, belə ki, o, ümumiyyətlə iqtidara, o cümlədən təşkilatlanmış tərəfdarların mümkün iqtidarına qarşı yönəlib. Terror özünün pik həddinə o vaxt çatır ki, polis dövləti öz balalarını udmağa, dünənki cəllada sabah qurban rolu biçməyə başlayır. Bu, doğrudan da, o məqamdır ki, iqtidar sözün bütün mənalarında ölkədən yoxa çıxır. Rusiyanın de-stalinizasiyasının izahı üçün bir sıra ağlabatan səbəblər irəli sürülüb; bunların heç biri mənə stalinist funksionerlərin özlərinin bu rejimin davam etməsinin üsyanla nəticələnməsə də – ki, terror, həqiqətən də, buna qarşı ən zəminli müdafiədir – bunun ölkəni ümumi iqtisadi və son nəticədə də hərbi iflicə gətirib çıxaracağını başa düşməsi qədər inandırıcı görünmür.

Xülasə edirəm: siyasi mənada danışsaq, iqtidar və zorakılığın eyni şey olmadığını demək kifayət deyil. İqtidar və zorakılıq əksliklərdir: birinin mütləq hakimiyyətdə olduğu yerdə digəri yoxdur. Zorakılıq iqtidarın təhlükədə olduğu yerdə ortaya çıxır; onu öz daxili qanunlarının ixtiyarına buraxsaq, zorakılığın son məqsədi, onun məqsədi və sonu iqtidarın yoxa çıxmasıdır. Bununla da, əslində həm də heç demək olmur ki, zorakılığın əksi məhz qeyri-zorakılıqdır. ¨Qeyri-zorakı¨ iqtidardan danışmaq pleonazmdır. Zorakılıq iqtidarı məhv edə bilər; amma onun heç bir halda iqtidar yaratmaq gücü yoxdur. Hegelin və Marksın inkarın dialektik gücünə olan böyük inamı,  ki bunun (inkarın dialektik gücünün) sayəsində əksliklər bir-birini məhv etmir, əksinə aralarında bir qırılma olmadan bir-birinə keçid edir, çünki ziddiyyətlər inkişafı iflic etmir, onu irəli aparır – daha köhnə bir fəlsəfi inanca əsaslanır ki, guya şər yaxşılığın yoxluğundan başqa bir şey deyil və şərdən yaxşılıq doğa bilər, sanki şər hələ gizli qalmış yaxşılığın müvəqqəti təzahürüdür. Belə ənənəvi düşüncə yolları təhlükəli hala çevrilib. Ümid verdiyi və qorxunu qovduğuna görə bu cür düşüncəni Hegel və Marks haqqında ömründə heç vaxt heç nə eşitməmiş bir çox insan paylaşır: yanıldıcı bir ümid əsaslı bir qorxunu basdırmağa xidmət edir.

Bu o demək deyil ki, mən zorakılığı şər ilə eyniləşdirirəm. Mən sadəcə ziddiyyətlərin bir-birindən çıxarıla biləcəyini deyən müasir dialektiya etiraz etmək istəyirəm. İqtidar və zorakılıq arasında kəmiyyət və keyfiyyət keçidləri yoxdur; nə zorakılıqdan iqtidar, nə də iqtidardan zorakılıq çıxarıla bilməz, nə iqtidarı zorakılığın yumşaq forması, nə də zorakılığı iqtidarın eklatant təzahürü kimi başa düşmək olar. Özümüzə zorakılıq haqqında hesabat vermək istəyiriksə, onun mahiyyəti və təbiətini araşdırmaqdan başqa bir yolumuz qalmır.

Tərcümənin 1-ci hissəsi:

Tərcümənin 2-ci hissəsi:

Tərcümənin 3-cü hissəsi:

Tərcümənin 4-cü hissəsi:

Təcümənin 5-ci hissəsi:

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.