fbpx

TƏRCÜMƏ

TƏRCÜMƏ

İnduksiya haqqında

Read this article on other language
Download article
image_pdf
image_pdf

Bertran Rassel (Bertrand Russell; 1872-1970) məşhur britaniyalı filosof, analitik fəlsəfənin yaradıcılarındandır. Onun zəngin yaradıcılığı fəlsəfənin bir çox fundamental suallarına cavab axtarışını özündə ehtiva edir. Hazırda biz Rasselin dünyanın onlarca müxtəlif dillərinə tərcümə edilmiş, geniş oxucu auditoriyası üçün nəzərdə tutulan Fəlsəfənin problemləri (The Problems of Philosophy) əsərini ingilis dilindən Azərbaycan dilinə tərcümə etməkdəyik. Əsər on beş fəsildən ibarətdir ki, onların da hər biri mühüm bir fəlsəfəsi mövzuya həsr edilmişdir. Tərcüməmizin altıncı hissəsini aşağıda oxuya bilərsiniz.

Dr. Anar Cəfərov

Demək olar, bütün əvvəlki müzakirələrimizdə məqsədimiz mövcudluq haqqında bilik üçün bizə verilənləri aydınlaşdırmaq cəhdindən ibarət olub. Dünyada tanışlığımıza görə mövcudluğu bizə bilinən hansı nəsnələr var? Cavabımız hələlik o oldu ki, biz hissi verilənlərimizlə və yəqin ki, özümüzlə tanışıq. Bilirik ki, bunlar mövcuddur. Həmçinin xatırlanılan keçmiş hissi verilənlərin keçmişdə mövcud olduğunu bilirik.  Bu biliklər bizə verilənlər ehtiyatını təşkil edir.

Ancaq əgər biz bu verilənlərdən nəticə çıxara biliriksə – əgər biz materiyanın, digər insanların, fərdi yaddaşın fəaliyyətindən əvvəl olan keçmişin və ya gələcəyin mövcudluğu haqqında biliriksə, onda belə nəticələr çıxarmağı mümkün edən bəzi ümumi prinsipləri də bilməliyik. Biz bilməliyik ki, bu və ya digər növ A nəsnəsinin mövcudluğu başqa növ B nəsnəsinin mövcudluğunun nişanəsidir; bu, ya A ilə eyni vaxtda, ya da ondan bir qədər əvvəl və ya sonra ola bilər – məsələn, göy gurultusunun bir qədər əvvəl ildırım olmasının nişanəsi olduğu kimi. Əgər belə prinsiplər bizə bilinməz olsaydı, biliklərimiz heç zaman fərdi yaşantılarımız sferasından kənara çıxmazdı. Bu sfera isə, gördüyümüz kimi, olduqca məhduddur. İndi nəzərdən keçirməli olduğumuz sual budur: Yaşantılarımızın sferasından kənaraçıxma mümkündürmü və əgər mümkündürsə, necə?

Gəlin elə bir nümunə seçək ki, ona heç birimiz azacıq da olsa, şübhə etməyək. Hamımız inanırıq ki, sabah Günəş qalxacaq. Niyə? Bu inam sadəcə keçmiş təcrübənin korafəhm nəticəsidirmi, yoxsa o, ağlabatan inam kimi əsaslandırıla bilər? Bu növ inamın əsaslı olub-olmamasını mühakimə etmək üçün kriteriya tapmaq asan deyil, ancaq biz, əgər doğrudursa, Günəşin sabah qalxacağı fikrini və fəaliyyətimizin söykəndiyi çoxlu digər oxşar fikirləri əsaslandırmaq üçün ən azı hansı növ ümumi inamların kafi olacağını müəyyən edə bilərik.

Aydındır ki, bizdən soruşsalar ki, nəyə görə Günəşin sabah qalxacağına inanırıq, təbii olaraq “çünki o, həmişə hər gün qalxıb” cavabı verəcəyik. Biz möhkəm şəkildə inanırıq ki, o, gələcəkdə qalxacaq, çünki o, keçmişdə qalxıb. Əgər bizdən soruşulsa ki, nəyə görə əvvəlki kimi qalxmağa davam edəcəyinə inanırıq, biz hərəkət qanunlarına müraciət edə bilərik: deyə bilərik ki, Yer sərbəst dövr edən cisimdir və belə cisimlər kənardan müdaxilə olmayınca dövri hərəkətlərini dayandırmır, sabaha qədər də Yerin hərəkətinə müdaxilə edəcək kənar bir şey yoxdur. Əlbəttə, müdaxilə edəcək heç nəyin olmamasının tam qətiliyinə şübhə edilə bilər. Ancaq belə şübhə bizim üçün maraqlı deyil. Maraq doğuran hərəkət qanunlarının sabaha qədər fəaliyyətdə qalıb-qalmayacağı şübhəsidir. Belə bir şübhə ortaya qoyularsa, özümü yenidən əvvəlki vəziyyətdə, Günəşin qalxması haqqında şübhə ilk dəfə ortaya çıxdığında olduğumuz vəziyyətdə taparıq.

Hərəkət qanunlarının fəaliyyətdə qalacağına inamın yeganə əsası budur ki, onlar indiyə qədər – bunu keçmiş haqqındakı biliklərimiz imkan verdiyi qədəri ilə deyə bilərik – fəaliyyətdə olub. Bu, doğrudur ki, bizim əlimizdə keçmişdən hərəkət qanunlarının xeyrinə daha çox əsas var, nəinki Günəşin qalxması xeyrinə, çünki Günəşin qalxması hərəkət qanunlarının yerinə yetməsinin sadəcə tək bir halıdır və saysız belə tək hallar vardır. Bununla belə, gerçək sual budur: bir qanunun keçmişdə hər hansı istənilən sayda yerinə yetməsi onun gələcəkdə də yerinə yetəcəyinə əsas verirmi? Əgər əsas vermirsə, aydın olur ki, Günəşin sabah qalxacağı, yaxud növbəti yeməyimizdə yeyəcəyimiz çörəyin bizi zəhərləməyəcəyi və ya gündəlik həyatımızı idarə edən istənilən,  şüurlu olaraq çətin ki bilinən, digər gözlənti üçün də əsasımız yoxdur. Nəzərə almaq lazımdır ki, bütün belə gözləntilər yalnız ehtimalidir; belə ki, biz onların yerinə yetməli olmaları üçün deyil, müəyyən səbəblərə görə yalnız yəqin ki yerinə yetməli olmalı görüşünün xeyrinə sübut axtarmalıyıq.

Bununla belə, bu suala keçməzdən əvvəl mühüm bir fərqləndirmə aparmalıyıq ki, onu etməsək çıxılmaz dolaşıqlığa düçar olmuş olarıq. Təcrübə bizə göstərib ki,  indiyə qədər müəyyən bircürlü ardıcıllığın və ya kompleks nəsnənin tez-tez təkrarı bizim növbəti hal üçün də eyni ardıcıllıq və ya kompleks nəsnə gözləməyimizin səbəbi olub. Bir cür təzahürü olan qidanın ümumən bir cür dadı olur və tanış təzahürün qeyri-adi dadla bağlı olması bizim üçün heyrətləndirici dərəcədə gözlənilməz olar. Gördüyümüz şeylər vərdiş üzrə onlara toxunduqda gözlədiyimiz müəyyən lamisə duyğuları ilə assosiasiya olunmuş olur; (bir çox kabus hekayələrində) kabusun dəhşətli görünmə səbəblərindən biri onun bizə lamisə duyğusu verməməsidir. Xaricə ilk dəfə səfər edən təhsilsiz insanlar ana dillərinin anlaşılmadığını aşkarladıqda buna inanmayacaq qədər təəccüblü olurlar.

Bu cür assosiasiyalar tək insanlara aid deyil; heyvanlarda da bunlar çox güclüdür. Tez-tez bir yol ilə sürülən at onu başqa istiqamətdə sürmək cəhdinə müqavimət göstərir. Ev heyvanları onları adətən yemləyən insanı gördükdə yemək gözləntisində olur. Biz bilirik ki, bütün bu olduqca kobud bircürlük gözləntiləri yanıldıcı ola bilər. Cücəni həyatı boyunca hər gün yemləyən insan sonunda onun boğazını kəsir və bununla göstərir ki, cücə üçün təbiətin bircürlüyü ilə bağlı daha incə baxışlar faydalı olardı.

Hərçənd, belə gözləntilərin yanıldıcı olmasına baxmayaraq, onlar yenə də mövcuddur. Yalnızca bir şeyin bir neçə dəfə baş verməsi faktı heyvanlarda və insanlarda onun yenidən baş verəcəyi gözləntisinə səbəb olur. Beləliklə, instinktlərimiz bizdə günəşin sabah qalxacağı inamının yaranmasına səbəb olur, ancaq, ola bilsin, biz gözlənilmədən boğazı kəsilən cücədən heç də yaxşı vəziyyətdə deyilik. Bu səbəbdən biz “keçmişdəki bircürlüklər gələcəklə bağlı gözləntilərə səbəb olur” faktını “tutarlılıqla bağlı sual qaldırıldıqdan sonra belə gözləntilərə çəki verən hansısa ağlabatan əsas varmı?” sualından fərqləndirməliyik.

Müzakirə etməli olduğumuz problem budur: “təbiətdəki bircürlük” deyilən şeyə inanmaq üçün hansısa əsas varmı? Təbiətdəki bircürlüyə inam “baş vermiş və ya verəcək hər bir şey istisnası olmayan hansısa ümumi qanuna aiddir” inamıdır. Nəzərdən keçirməkdə olduğumuz xam gözləntilərin hamısı istisnalara tabedir və ona görə də onlar bu gözləntilərə sahib olanları məyus edə bilər. Ancaq elmdə, adətən, ən azı işçi hipotez kimi, güman edilir ki, istisnaları olan ümumi qaydalar istisnaları olmayan ümumi qaydalarla əvəz oluna bilər. “Havada dəstəyi olmayan cisimlər yerə düşür” ümumi bir qaydadır, hansı ki hava şarları və təyyarələr buna istisnadır. Ancaq əksər cisimlərin yerə düşdüyünü izah edən hərəkət qanunları və qravitasiya qanunu həm də hava şarları və təyyarələrin havaya qalxa bilməsi faktını izah edir; deməli, hərəkət qanunları və qravitasiya qanunu bu istisnalara tabe deyil.

Sabah Günəşin qalxacağı inamı Yer onun fırlanmasını pozan daha böyük cisimlə qəflətən əlaqəyə girmiş olsa, yanlışlana bilər; ancaq belə hadisə hərəkət qanunları və qravitasiya qanununu pozmaz. Elmin vəzifəsi təcrübəmizin imkan verdiyi qədəri ilə istisnası olmayan, hərəkət qanunları və qravitasiya qanunu kimi bircürlükləri tapmaqdır. Bu yolda elm olduqca uğurlu olub və etiraf edə bilərik ki, belə bircürlük hələ ki özünü doğruldub. Bununla biz yenidən bu suala qayıtmış oluruq: Onların keçmişdə özünü doğrultmasından çıxış edərək, gələcəkdə özünü doğruldacağını zənn etməyə hansısa əsasımız varmı?

Belə bir fikir irəli sürülüb ki, gələcəyin keçmişə bənzəyəcəyini bilməyə əsasımız var, çünki nə vaxtsa gələcək olmuş daim keçmişə çevrilib və onun həmişə keçmişə oxşadığı aşkarlanıb; belə ki, biz gələcək – yəni əvvəllər gələcək olmuş, keçmiş gələcək adlandıra biləcəyimiz zaman kəsimləri – haqqında həqiqətən təcrübəyə malikik. Ancaq belə bir arqument bizi əslində əvvəlki suala qaytarır: Biz gələcək gələcəklər haqqında deyil, keçmiş gələcəklər haqqında təcrübəyə malikik və sual budur ki: gələcək gələcəklər də keçmiş gələcəklərə bənzəyəcəkmi? Bu suala yalnız keçmiş gələcəklərdən başlayan arqumentlə cavab verilməməlidir. Ona görə biz yenə də gələcəyin keçmişlə eyni qanunlara tabe olacağını bilməyimizi mümkün edəcək prinsipi axtarmalıyıq.

Bu sualda gələcəyin qeyd edilməsi əhəmiyyətli deyil. Təcrübəmizdən işlək bildiyimiz qanunları təcrübə etmədiyimiz keçmiş şeylərə tətbiq etdikdə də eyni sual ortaya çıxır – məsələn, geologiyada və ya Günəş sisteminin mənşəyi ilə bağlı nəzəriyyələrdəki kimi. Əslində, soruşmalı olduğumuz sual budur: “Bir-biri ilə  tez-tez assosiasiya olunmuş iki şey tapıldıqda və onlardan birinin digəri olmadan baş verməsi halı məlum olmadıqda, yeni bir halda birinin baş verməsi digərinin baş verəcəyini gözləmək üçün yaxşı əsas verirmi?”  Gələcəklə bağlı bütün gözləntilərimizin tutarlılığı, induksiya vasitəsilə əldə edilən nəticələrin hamısı və praktiki olaraq, gündəlik həyatımızın əsasında dayanan bütün inamlar bu suala cavabımızdan asılı olmalıdır.

İlk olaraq etiraf etmək lazımdır ki, iki şeyin heç zaman bir-birindən ayrı deyil, tez-tez birlikdə aşkarlanması faktı özlüyündə nəzərdən keçirəcəyimiz növbəti halda onların birlikdə aşkarlanacağını tam sübut etməyə kifayət etmir. Burada ən çoxu ona ümid edə bilərik ki, şeylər nə qədər tez-tez birlikdə aşkarlanır, bir o qədər çox ehtimal vardır ki, başqa vaxt da onlar birlikdə aşkarlanacaq; və əgər onlar kifayət qədər tez-tez birlikdə aşkarlanıbsa, ehtimal, demək olar, qətiliyə bərabər olacaq. O, heç vaxt qətiliyə çata bilməz, çünki biz bilirik ki, tez-tez baş verən təkrarlara baxmayaraq, boğazı kəsilən cücə halında olduğu kimi, bəzən sonda uğursuzluq da olur. Beləliklə, biz yalnız ehtimalın üzərində dayanmalıyıq.

Müdafiə etdiyimiz baxışın əleyhinə olaraq irad edilə bilər ki, bütün təbii fenomenlərin qanunlara tabe olduğunu bilirik və təcrübə əsasında bəzən görə bilirik ki, ortada olan faktlara yalnız bir qanun uyğun gələ bilər. Bu baxışa iki cavab var. Birincisi budur ki, istisnası olmayan bəzi qanunlar ortada olan hala tətbiq olunursa, biz praktikada heç vaxt əmin ola bilmərik ki, istisnalara malik bir qanunu deyil, məhz həmin qanunu aşkarlamışıq. İkincisi budur ki, qanunun gücünün özlüyündə yalnız ehtimali olduğu görünür və gələcəkdə, yaxud keçmişin araşdırılmamış hallarında onun keçərli olacağı inamımızın özü məhz araşdırdığımız prinsipə əsaslanır.

Bu araşdırma prinsipi induksiya prinsipi adlandırıla bilər və onun iki hissəsi aşağıdakı kimi təqdim edilə bilər:

(a) A növlü müəyyən bir şeyin başqa B növlü şey ilə assosiasiya olunmuşluğu aşkarlanıbsa və onun B növlü bir şeydən heç zaman ayrı assosiasiya olunmadığı aşkarlanıbsa, A və B-nin assosiasiya olunmuş olduğu halların sayı nə qədər çox olarsa, onlardan birinin iştirakının bilindiyi yeni hallarda hər ikisinin assosiasiya olacaqları ehtimalı bir o qədər çox olar;       

(b) Eyni şərtlər altında kafi sayda assosiasiya halları yeni assosiasiya ehtimalını qətiliyə yaxın və onun qətiliyə yaxınlaşmasını sonsuz edəcəkdir.

İndicə qeyd edildiyi kimi, bu prinsip yalnız tək yeni bir halda gözləntilərimizin verifikasiyasına tətbiq olunur. Ancaq biz həm də bilmək istəyirik ki, əgər kafi sayda assosiasiya halları bilinirsə və heç bir assosiasiya uğursuzluğu məlum deyilsə, “A növlü şeylər həmişə B növlü şeylərlə assosiasiya olunur” ümumi qanununun xeyrinə ehtimal vardır. Ümumi qanunun ehtimalı tək halın ehtimalından aşkar şəkildə daha aşağıdır, belə ki, ümumi qanun doğrudursa, tək hal da doğru olmalıdır, hərçənd tək hal ümumi qanun doğru olmadığı halda da doğru ola bilər. Bununla belə, təkrarlar tək halın ehtimalında olduğu kimi ümumi qanunun da ehtimalını artırır. Buna görə də prinsipimizin hər iki hissəsini ümumi qanunla bağlı belə təkrar edə bilərik:

(a) A növlü müəyyən bir şeyin başqa B növlü şey ilə assosiasiya olunmuşluğunun aşkarlandığı halların sayı nə qədər çox olarsa, A-nın B ilə həmişə assosiasiya olma ehtimalı (əgər heç bir assosiasiya uğursuzluğu halı bilinmirsə) bir o qədər çox olacaq;

(b) Eyni şərtlər altında A-nın B ilə kafi sayda assosiasiya halı A-nın B ilə həmişə assosiasiya olmasını  qətiliyə yaxın və bu ümumi qanunun qətiliyə yaxınlaşmasını sonsuz edəcəkdir.

Qeyd edilməlidir ki, ehtimal həmişə müəyyən verilənlərdən asılıdır. Bizim halda verilənlər sadəcə A və B-nin bilinən həmmövcudluğu hallarıdır. Nəzərə alına bilən və ehtimalı ciddi dəyişəcək başqa verilənlər də ola bilər. Məsələn, çoxlu sayda böyük ağ qu quşu görmüş birisi bizim prinsipə əsasən iddia edə bilər ki, verilənlərə əsasən, ehtimal ki, bütün qu quşları ağdır. Və bu, tamamilə sağlam bir arqument ola bilər. Bəzi qu quşlarının qara olması faktı bu arqumenti təkzib etmir, çünki belə bir halın baş verməsi tamamilə mümkündür, baxmayaraq ki, bəzi verilənlərə əsasən bu, qeyri-ehtimalidir. Qu quşları misalında birisi bilə bilər ki, rəng bir çox heyvan növləri üçün çox dəyişkən xüsusiyyətdir və buna görə rəng üzərindən induksiya xüsusi olaraq yanlışlığa səbəb olar. Ancaq bu bilik yeni bir verilən olardı və heç bir halda sübut etməzdi ki, əvvəlki verilənlər əsasında olan ehtimal yanlış qiymətləndirilib. Ona görə şeylərin gözləntilərimizi yerinə yetirməkdə tez-tez uğursuz olması faktı gözləntilərimizin verilən halda və ya verilən sinifdən olan hallarda ehtimalən yerinə yetməyəcəyi üçün əsas deyil. Beləliklə, istənilən halda, bizim induktiv prinsipimiz təcrübəyə müraciətlə təkzib edilə bilməz.

Bununla belə, induktiv prinsip təcrübəyə əsaslanmaqla da sübut edilə bilməz. Təcrübə induktiv prinsipi, gözlənildiyi kimi,  artıq araşdırılmış hallarla bağlı təsdiqləyə bilər; ancaq araşdırılmamış hallarla bağlı, yəni araşdırılmış haldan araşdırılmamış hal ilə bağlı çıxarılan nəticəni yalnız induktiv prinsip əsaslandıra bilər. Təcrübə əsasında gələcək və ya keçmişin təcrübə edilməmiş hissələri və ya indi haqqında iddia irəli sürən bütün arqumentlər induktiv prinsipi fərz edir; buna görə də biz təcrübəyə əsaslanaraq qüsurlu dairədən çıxmadan induktiv prinsipi sübut edə bilmərik. Beləliklə, biz ya induktiv prinsipi onun öz aşkarlığı əsasında qəbul etməliyik, ya da gələcəklə bağlı gözləntilərimizin bütün əsaslandırmalarından imtina etməliyik. Əgər bu prinsip sağlam deyilsə, onda bizim Günəşin sabah qalxacağını, çörəyin daşdan daha qidalandırıcı olacağını, özümüzü damdan tulladıqda yerə düşəcəyimizi gözləməyimiz üçün əsasımız yoxdur. Bizə yaxınlaşanın ən yaxın dostumuza bənzədiyini gördükdə, onun bədənində ən pis düşmənimizin və ya hansısa heç tanımadığımız birinin ruhu tərəfindən məskunlaşdığını güman etməyə əsasımız olmayacaqdır. Bizim bütün davranışlarımız keçmişdə formalaşdırdığımız assosiasiyalara əsaslanır; buna görə də onların gələcəkdə də funksional olacağını yəqin edirik və bu yəqinlik düzgünlüyünə görə induktiv prinsipdən asılıdır.

Qanunların hökmranlığına, hər bir hadisənin bir səbəbi olmalı olduğuna inam tipli elmin ümumi prinsipləri gündəlik həyatımızın inamları kimi tamamilə induktiv prinsipdən asılıdır. Bütün bu ümumi prinsiplərə ona görə inam var ki, insanlıq onların doğruluğu ilə bağlı saysız nümunələr aşkarlayıb və onların yanlışlığı ilə bağlı heç bir nümunəyə rast gəlməyib. Ancaq bu, induktiv prinsipi fərz etmədikcə, onların gələcək doğruluğuna dair heç bir dəlil təqdim etmir.

Beləliklə, təcrübə edilməmiş şey haqqında təcrübəyə əsasən bizə nəsə deyən bütün biliklər elə bir inama əsaslanır ki, onu təcrübə nə təsdiq edə bilir, nə də inkar; ancaq bu inamın bizdə, ən azı daha konkret tətbiqlərində, təcrübə faktları qədər dərin kök saldığı görünür. Belə inamların mövcudluğu və əsaslandırılması – aşağıda görəcəyimiz kimi, induktiv prinsipin bu məsələdə yeganə nümunə olmamağına görə – fəlsəfədə bir sıra ən çətin və ən çox müzakirə olunan problemləri ortaya çıxarır. Növbəti fəsildə qısaca nəzər salacağıq ki, belə bilikləri izah etmək məqsədilə nə deyilə bilər və onun miqyası və qətilik dərəcəsi nə qədərdir.

Tərcümənin birinci hissəsi:

https://bakuresearchinstitute.org/az/tezahur-ve-gerceklik/

Tərcümənin ikinci hissəsi:

https://bakuresearchinstitute.org/az/materiyanin-movcudlugu/

Tərcümənin üçüncü hissəsi:

https://bakuresearchinstitute.org/az/materiyanin-tebieti/

Tərcümənin dördüncü hissəsi:

https://bakuresearchinstitute.org/az/idealizm/

Tərcümənin beşinci hissəsi:

https://bakuresearchinstitute.org/az/tanisliq-biliyi-ve-tesviri-bilik/

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.