fbpx

TƏRCÜMƏ

TƏRCÜMƏ

Bilik, səhv və ehtimali rəy

Read this article on other language
Download article
image_pdf
image_pdf

Bertran Rassel (Bertrand Russell; 1872-1970) məşhur britaniyalı filosof, analitik fəlsəfənin yaradıcılarındandır. Onun zəngin yaradıcılığı fəlsəfənin bir çox fundamental suallarına cavab axtarışını özündə ehtiva edir. Hazırda biz Rasselin dünyanın onlarca müxtəlif dillərinə tərcümə edilmiş, geniş oxucu auditoriyası üçün nəzərdə tutulan Fəlsəfənin problemləri (The Problems of Philosophy) əsərini ingilis dilindən Azərbaycan dilinə tərcümə etməkdəyik. Əsər on beş fəsildən ibarətdir ki, onların da hər biri mühüm bir fəlsəfəsi mövzuya həsr edilmişdir. Tərcüməmizin on üçüncü hissəsini aşağıda oxuya bilərsiniz.

Dr. Anar Cəfərov

Əvvəlki fəsildə nəzərdən keçirdiyimiz, doğruluq və yanlışlıqla nəyi nəzərdə tutduğumuz haqqındakı sual nəyin doğru, nəyin yanlış olduğunu necə bilə biləcəyimiz haqqındakı sualdan az dərəcədə maraqlıdır. Bu fəsildə bizi sonuncu sual məşğul edəcək. Bəzi inamlarımızın səhv olduğuna heç bir şübhə ola bilməz. Bu, bizi filan inamın səhv olmadığına dair əminliyə necəsə sahib ola bilərikmi? sualının üzərinə aparır. Başqa sözlə, biz ümumiyyətlə nəsə bilə bilərikmi, yoxsa sadəcə xoş təsadüfdən nəyəsə doğru olaraq inanırıq? Bu sualın üzərinə getməmişdən əvvəl, biz bilmə dedikdə nəyi nəzərdə tutduğumuza qərar verməliyik; və bu sual güman edildiyi qədər asan deyil.

İlk baxışdan belə təsəvvür edə bilərik ki, biliyə doğru inam kimi tərif verilə bilər. İnandığımız doğru olduqda, onun haqqında bilik əldə etdiyimiz güman edilə bilər. Amma bu, sözün ümumi istifadə tərzinə uyğun gəlmir. Çox bayağı bir nümunə götürək: Bir adam  son baş nazirin soyadının “B” ilə başladığına inanırsa, o, doğru olana inanır, çünki son baş nazirin adı Henri Kempbell Bannermandır. Amma həmin adam cənab Balfurun son baş nazir olduğuna inansa da, o yenə son baş nazirin soyadının “B” ilə başladığına inanacaq;  lakin bu inam doğru olsa da, hesab edilməz ki, o, bilik təşkil edir. Əgər hər hansı bir qəzet mübarizənin nəticəsini teleqram xəbərlərinin əldə olunmasından əvvəl ağıllı öngörmə ilə elan edirsə, xoş təsadüfdən sonradan düz çıxan nəticəni elan edə bilər və bu, nisbətən az təcrübəli oxucuların bəzilərində müvafiq inamı yarada bilər. Lakin inamın doğruluğuna baxmayaraq, onların müvafiq biliyə malik olduğunu söyləmək mümkün deyil. Belə ki, aydındır ki, doğru inam, əgər yanlış inamdan hasil olursa, bilik deyil.

Eynilə, doğru inam, əgər qüsurlu əqli nəticədən hasil olursa, əqli nəticənin premisləri doğru olsa belə, o, bilik adlandırıla bilməz. Əgər bilsəm ki, bütün yunanlar insandır və Sokrat insan olub və Sokratın yunan olduğunu nəticə çıxarsam, haqqımda deyilə bilməz ki, mən Sokratın yunan olduğunu bilirəm, çünki premislər və nəticəmin doğru olmasına baxmayaraq, nəticə premislərdən hasil olmur.

Bəs onda deməliyikmi ki, doğru premislərdən düzgün hasil olandan başqa heç nə bilik deyildir? Aydındır ki, biz bunu deyə bilmərik. Belə bir tərif həm olduqca geniş, həm də olduqca dardır. İlk növbədə, o olduqca genişdir, ona görə ki, premislərimizin doğru olması kifayət etmir, onlar gərək həm də  bilinsin. Cənab Balfurun son baş nazir olduğuna inanan adam doğru olan son baş nazirin adı “B” hərfi ilə başlayır premisindən düzgün nəticələr çıxarmağa davam edə bilər, amma onun haqqında deyilə bilməz ki, o, həmin deduksiyalar vasitəsilə gəldiyi nəticələri bilir. Beləliklə, biz tərifimizə aşağıdakı şəkildə düzəliş etməli olacağıq: bilik bilinən premislərdən düzgün olaraq (validly) hasil olan nəsnədir. Lakin bu, dairəvi tərifdir; tərifdə “bilinən premislər” ifadəsilə nəyi nəzərdə tutduğumuzu artıq bildiyimiz güman olunur. Bu səbəbdən həmin tərif ən yaxşı halda intuitiv biliyin əksi olan, törəmə adlandırdığımız bir növ biliyin tərifi ola bilər. Belə deyə bilərik: törəmə bilik intuitiv bilinən premislərdən düzgün olaraq hasil olunandır. Bu tərifdə formal qüsur yoxdur, lakin o, intuitiv biliyin tərifini axtarış üçün açıq qoyur.

Gəlin hələlik intuitiv bilik məsələsini bir tərəfə qoyaraq, törəmə biliyin yuxarıda təklif olunan tərifini nəzərdən keçirək. Ona qarşı olan əsas etiraz budur ki, biliyi hədsiz dərəcədə məhdudlaşdırır. Tez-tez olur ki, insanlar hər hansı intuitiv inam əsasında onlarda formalaşmış və həmin intiutiv inamdan düzgün olaraq hasil edilə bilən, ancaq hər hansı bir məntiqi proses vasitəsilə faktiki hələ hasil edilməmiş doğru inama inanırlar.

Məsələn, oxuduqda yaranan inamları götürək. Əgər qəzetlər kralın ölümünü xəbər verirsə, biz kralın öldüyünə inanmaqda kifayət qədər əsaslıyıq, çünki bu, belə bir xəbərdir ki, əgər yanlış olsa, deyilməzdi. Və biz qəzetin kralın öldüyünü iddia etdiyinə inanmaqda kifayət qədər əsaslıyıq. Amma burada inamımızın əsaslandığı intuitiv bilik qəzetdə xəbərin verildiyi çap materialına baxmaqla yaranan hissi verilənlərin mövcudluğu haqqında bilikdir. Oxumağı asan bacarmayanlar istisna olmaqla, nadir hallarda bu biliyin fərqində oluruq. Uşaq hərflərin formasının fərqində ola və onlardan mənanı çətinliklə və tədricən çıxara bilər. Lakin oxumağa vərdiş etmiş hər kəs hərflərdən mənanı asanlıqla çıxarır və reklesiya etmirsə, o, bu biliyi çap edilmiş hərfləri görmə adlanan hissi verilənlərdən hasil etdiyinin fərqində olmur. Beləliklə, hərflərdən onların mənasına düzgün nəticə çıxarmanın mümkün olmasına və oxucunu bunu etmək bacarığında olmasına baxmayaraq, bu, faktiki olaraq, icra edilmir, çünki oxucu məntiqi nəticə adlandırıla biləcək heç bir əməliyyat yerinə yetirmir. Lakin demək absurd olardı ki, oxucu qəzetin kralın ölümünü xəbər verdiyini bilmir.

Bu səbəbdən biz intuitiv biliyin – sadəcə assosasiya vasitəsilə olsa belə – istənilən nəticəsini törəmə bilik kimi qəbul etməliyik – o şərtlə ki, burada düzgün məntiqi bağlantı olsun və sözügedən şəxs refleksiya ilə bu əlaqənin fərqində ola bilsin. Əslində, bir inamdan digərinə keçid etməyin məntiqi nəticədədən başqa digər yolları da var: çap materialından onun mənasına keçid bu yollardan birinə nümunədir. Bu yol psixoloji nəticəçıxarma adlandırıla bilər. Demək, biz bu psixiloji nəticəçıxarmanı törəmə bilik əldə etmək üçün bir vasitə kimi qəbul edəcəyik – o şərtlə ki, psixiloji nəticəçıxarmaya paralel fəaliyyətdə olan aşkarlanmalı məntiqi nəticəçıxarma da olsun. Bu, bizim törəmə bilik tərifimizi istədiyimizə nisbətən qeyri-dəqiq edir, çünki aşkarlanmalı ifadəsi qeyri-müəyyəndir: o, bizə aşkarlamanı həyata keçirmək üçün nə qədər refleksiyaya ehtiyac olduğu barədə heç nə demir. Ancaq, əslində, bilik dəqiq anlayış deyil: o, bu fəslin gedişində daha tam şəkildə görəcəyimiz kimi, ehtimali rəy anlayışına qarışır. Ona görə biz çox da dəqiq tərif axtarışında olmamalıyıq, çünki istənilən tərif az və ya çox dərəcədə çaşdırıcı ola bilər.

Lakin biliklə bağlı mühüm çətinlik törəmə biliklə deyil, intuitiv biliklə bağlı ortaya çıxır. Törəmə biliklə məşğul olduqda, onu yoxlamaq üçün intuitiv biliyə müraciət edirik. İntuitiv biliyin özünə gəldikə isə burada doğru və səhv olanı fərqləndirmək üçün hansısa kriteriya müəyyən etmək heç də asan deyil. Bu sualla bağlı hansısa çox dəqiq nəticəyə gəlmək çətin ki mümkün olsun: doğrular haqqında bütün biliklərimizə müəyyən dərəcədə şübhə etmək mümkündür və bunu inkar edən bir nəzəriyyə sadəcə olaraq yanlış olar. Lakin bu sualın çətinliklərini yumşaltmaq üçün nəsə edilə bilər.

Bundan başlayaq ki, doğruluq nəzəriyyəmiz bizə müəyyən doğruları özü-aşkar olaraq fərqləndirmək imkanı verir və bu, həmin doğruların yanlışlanmaz olması deməkdir. Biz dedik ki, inam doğru olduqda ona uyğun gələn fakt var və faktda bir neçə inam obyekti vahid kompleks formalaşdırır. İnam haqqında isə dedik ki, o, bu fakt haqqında biliyi təşkil edir – o şərtlə ki, digər bir qədər qeyri-müəyyən şərtlər – ki, onları bu fəsildə nəzərdən keçirməkdəyik – yerinə yetsin. Lakin istənilən fakt haqqında inamdan təşkil olan bilikdən əlavə qavrayışdan (sözün mümkün ən geniş mənasında) təşkil olan bilik də ola bilər. Məsələn, əgər siz günəşin batdığı saatı bilirsinizsə, həmin saatda günəşin batması faktını bilə bilərsiniz; bununla yanaşı, əgər hava açıqdırsa, qərbə baxa və günəşin batdığını gözünüzlə görə də bilərsiniz.

Beləliklə, istənilən kompleks fakt üçün onun bilinə bilməsinin iki mümkün yolu nəzəri olaraq mövcuddur: (1) hökm vasitəsilə – ki, bu zaman onun bir neçə hissəsi əslində olduqları kimi bir-birilə əlaqədə düşünülür; (2) kompleks faktın özü ilə birbaşa tanışlıq vasitəsilə – ki, hiss obyektlərinə limitli olmasına baxmayaraq, sözün geniş mənasında qavrayış adlandırıla bilər. Müşahidə edəcəyik ki, kompleks faktı bilməyin ikinci yolu – tanışlıq yolu – yalnız elə bir fakt gerçəkdən mövcud olduqda mümkündür; birinci yol isə bütün hökmlər kimi, səhv ola bilər. İkinci yol bizə kompleks bütöv verir və ona görə də hissələri yalnız müvafiq əlaqəyə malik olduqda – elə əlaqə ki, hissələri birləşdirərək belə bir kompleksi formalaşdırır – həqiqətən mümkün olur. Birinci yol, əksinə, hissələr və əlaqəni bizə ayrılıqda verir və yalnız hissələr və əlaqənin reallığını tələb edir: əlaqə hissələri həmin yolla əlaqələndirməyə bilər, lakin bununla belə, hökm baş verə bilər.

Xatırlayaq ki, XI fəslin sonunda biz iki növ özü-aşkarlığın ola biləcəyini təklif etmişdik ki, onlardan biri doğruluğa mütləq, digəri isə yalnız qismən zəmanət verirdi. İndi bu iki növü bir-birindən fərqləndirmək olar.

Deyə bilərik ki, ilkin və ən mütləq mənada doğruluq ona uyğun gələn faktla tanışlığa malik olduqda, özü-aşkardır. Otello Dezdemonanın Kassionu sevməsinə inandıqda inamı dogru olsaydı, Dezdemonanın Kassioya sevgisi müvafiq fakt olardı. Bu, elə bir fakt olardı ki, Dezdemonadan başqa heç kimin ona tanışlığı ola bilməzdi; deməli, nəzərdən keçirdiyimiz özü-aşkarlıq mənasında, Dezdemonanın Kassionu sevməsi həqiqəti (əgər bu həqiqət olsaydı) yalnız Dezdemonaya özü-aşkar ola bilərdi. Bütün mental faktlar, həmçinin hissi-verilənlərlə bağlı faktlar eyni privatlığa malikdir: bu mənada onların özü-aşkar ola biləcəyi yalnız bir insan var, çünki mental nəsnələrlə və ya müvafiq hissi verilənlərlə tanışlığa malik ola bilən yalnız bir insan var. Beləliklə, mövcud olan tək şey haqqındakı heç bir fakt bir insandan artığına özü-aşkar ola bilməz. Digər tərəfdən isə universalilər haqqındakı faktlar bu privatlığa malik deyil. Eyni universali ilə bir çox zehin tanışlığa malik ola bilər; deməli, bir çox müxtəlif insan universalilər arasındakı bir əlaqəni tanışlıq vasitəsilə bilə bilər. Müəyyən predmetlər və onlar arasındakı əlaqədən təşkil olunmuş kompleks bir faktı bildiyimiz bütün hallar üçün biz deyirik ki, predmetlərin belə əlaqələnməsi həqiqəti ilkin və ya mütləq növ özü-aşkarlığa malikdir və bu hallarda predmetlər belə əlaqələnib düşüncəsi doğru olmalıdır. Beləliklə, bu növ özü-aşkarlıq doğruluğun mütləq zəmanətidir.

Hərçənd, bu növ özü-aşkarlığın doğruluğun mütləq zəmanəti olmasına baxmayaraq, o, bizə istənilən hal üçün sözügedən düşüncənin doğru olmasına tamamilə əmin olmaq imkanı vermir. Təsəvvür edin ki, ilk olaraq kompleks fakt olan günəşin parlamasını qavrayırıq və buradan günəş parlayır hökmünü formalaşdırırıq. Qavrayışdan hökmə keçid etməkdə verilmiş kompleks faktı analiz etmək zəruridir: biz günəşparlamanı faktı təşkil edən hissələr olaraq bir-birindən ayırmalıyıq. Bu proses zamanı səhvə yol vermək mümkündür; deməli, fakt ilkin və ya mütləq özü-aşkarlığa malik olduğu halda da fakta uyğun gəldiyinə inandığımız hökm tamamlilə yanlışlanmaz deyil, çünki o, əslində, fakta uyğun gəlməyə bilər. Lakin əgər uyğun gəlirsə (əvvəlki fəsildə izah olunduğu mənada), onda o, doğru olmalıdır.

İkinci növ özü-aşkarlıq ilk növbədə hökmlərə aid olandır və o, faktın vahid kompleks bütöv kimi birbaşa qavranılmasından hasil olmur. Bu ikinci növ özü-aşkarlığın ən yüksəkdən tutmuş aşağı, inamın xeyrinə sadəcə meyillənməyə doğru, dərəcələri var. Nümunə olaraq, bir atın kələ-kötür yolda bizdən uzaqlaşmasını götürək. Əvvəlcə  tam əmin oluruq ki, eşitdiyimiz atın dırnaqlarının səsidir; diqqətlə dinləsək, yavaş-yavaş elə bir an gəlir ki, bunun xəyal gücü, qeyri-müəyyən hansısa səs və ya öz ürək döyüntülərimiz olduğunu düşünürük; nəhayət, hansısa səsin olmasına şübhələnirik; sonra artıq heç nə eşitmədiyimizi düşünürük və nəhayət, bilirik ki, artıq heç nə eşitmirik. Bu prosesdə ən yüksəkdən ən aşağıya doğru özü-aşkarlığın ardıcıl dərəcələnməsi var; və bu dərəcələnmə hissi verilənlərdə deyil, onlara əsaslanan hökmlərdədir.

Başqa bir nümunə: təsəvvür edin ki, iki rəngi, mavi və yaşılı, müqayisə edirik. Onların müxtəlif rənglər olduğuna tam əmin ola bilərik; lakin yaşıl rəng getdikcə daha çox mavi rəngə oxşayaraq, əvvəlcə mavi-yaşıl, sonra yaşıl-mavi, sonra mavi rəngə çevrilirsə, elə bir an gələcək ki, biz hər hansı bir fərqi görə biləcəyimizdən şübhələnərik; daha sonra isə biləcəyik ki, heç bir fərq görə bilmirik. Eyni şey musiqi alətinin sazlanmasında və ya davamlı dərəcələnmənin olduğu hər hansı bir digər halda da baş verir. Beləliklə, bu cür özü-aşkarlıq bir dərəcə məsələsidir; və açıq-aydın görünür ki, yuxarı dərəcələrə aşağı dərəcələrdən daha çox etibar edilməlidir.

Törəmə biliklərdə fundament premislərimiz və beləliklə onların nəticələrlə əlaqəsi müəyyən dərəcədə özü-aşkarlığa malik olmalıdır. Məsələn, həndəsəyə aid bir nümunə götürək. Burada əsasda dayanan aksiomların özü-aşkar olması kifayət deyil: zəruridir ki, həm də düşünmə prosesinin hər addımında premis və nəticənin əlaqəsi özü-aşkar olsun. Düşünmə prosesi qəliz olduqda bu əlaqə çox vaxt yalnız çox az dərəcədə özü-aşkarlığa malik olur; buna görə də qəlizliyin çox olduğu zaman düşünmə xətalarının baş verməsi heç də az ehtimal deyil.

Deyilənlərdən aydın olur ki, həm intuitiv, həm də törəmə bilik üçün əgər güman etsək ki, intuitiv bilik özü-aşkarlığına proporsional dərəcədə mötəbərdir, mötəbərlik dərəcəsi diqqətəlayiq hissi-verilənlərin mövcudluğu və tam qəti olaraq götürülə bilən məntiq və hesabın sadə həqiqətlərindən tutmuş, yalnızca öz əkslərindən daha yəqin görünən hökmlərə qədər dəyişəcək. Möhkəm inandığımız, əgər doğrudursa, bilik adlanır – o şərtlə ki, o ya intuitivdir, ya da intuitiv bilikdən (məntiqi və ya psixoloji olaraq) hasil edilib; və həmin bilikdən məntiqi olaraq çıxır. Möhkəm inandığımız, əgər doğru deyilsə, səhv adlanır. Əgər nə doğru, nə də də səhvdirsə, möhkəm inandığımız, həmçinin yüksək dərəcədə özü-aşkar olmayan və ya ondan hasil olmuş olduğuna görə tərəddüdlə inandığımız ehtimali rəy adlandırıla bilər. Beləliklə, bilik kimi qəbul etdiyimizin böyük hissəsi az və ya çox dərəcədə ehtimali rəydir.

Ehtimali biliyi başa düşməkdə doğruluğun tərifi olaraq inkar etdiyimiz, ancaq kriteriya kimi istifadə edə biləcəyimiz koherentlik bizə böyük köməklik göstərmiş ola bilər. Ehtimali rəylər toplusu, əgər onlar qarşılıqlı olaraq koherentdirsə, birlikdə ayrılıqda olduqlarından daha çox ehtimali olurlar. Bir çox elmi fərziyyələr öz yəqinliyini məhz bu yolla əldə edir. Onlar ehtimali rəylərin koherent sisteminə uyğun gəlir və beləliklə, təklikdə olduqlarından daha çox ehtimali olurlar. Eynisini ümumi fəlsəfi fərziyyələr haqqında da söyləmək olar. Fərziyyələr kimi tək hallar tez-tez çox şübhəli görünə bilər, ancaq onların ehtimali rəylər çoxluğuna gətirdiyi nizam və koherentliyi nəzərdən keçirdikdə onlar kifayət qədər dəqiq olur. Bu, xüsusilə, yuxu və ayıq həyat arasındakı fərq kimi məsələlərə aiddir. Əgər yuxularımız gündüzlərin ayıq həyatı kimi gecəbəgecə biri-biriləri ilə koherent (uzlaşmış) olsaydı, yuxulara, yoxsa ayıq həyata inanmalı olduğumuzu çətin bilərdik. Ortada olan isə budur ki, koherentlik testi yuxuları rədd, ayıq həyatı isə təsdiq edir. Lakin koherent sistemin özünün müəyyən məqamında qətilik olmayınca bu test uğurlu olduqda ehtimalı artırmasında baxmayaraq, heç vaxt tam qətilik vermir. Beləliklə, ehtimali rəyin sadəcə (koherent) təşkili özlüyündə onu heç vaxt şübhəsiz biliyə çevirməyəcək.

Tərcümənin birinci hissəsi: https://bakuresearchinstitute.org/tezahur-ve-gerceklik/
Tərcümənin ikinci hissəsi: https://bakuresearchinstitute.org/materiyanin-movcudlugu-2/
Tərcümənin üçüncü hissəsi: https://bakuresearchinstitute.org/materiyanin-tebieti-2/
Tərcümənin dördüncü hissəsi: https://bakuresearchinstitute.org/idealizm-2/
Tərcümənin beşinci hissəsi: https://bakuresearchinstitute.org/en/tanisliq-biliyi-ve-tesviri-bilik/
Tərcümənin altıncı hissəsi: https://bakuresearchinstitute.org/en/induksiya-haqqinda/
Tərcümənin yeddinci hissəsi: https://bakuresearchinstitute.org/en/umumi-prinsipler-haqqindaki-biliklerimiz-barede/
Tərcümənin səkkizinci hissəsi: https://bakuresearchinstitute.org/apriori-bilik-nece-mumkundur/
Tərcümənin doqquzuncu hissəsi: https://bakuresearchinstitute.org/universaliler-dunyasi/ 
Tərcümənin onuncu hissəsi: https://bakuresearchinstitute.org/universaliler-haqqindaki-biliklerimiz-barede/
Tərcümənin on birinci hissəsi: https://bakuresearchinstitute.org/intuitiv-bilik-barede/
Tərcümənin on ikinci hissəsi: https://bakuresearchinstitute.org/dogruluq-heqiqet-ve-yanlisliq/
Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.