fbpx

TƏRCÜMƏ

TƏRCÜMƏ

Con E. Vuds: Ağqoyunlu – Tayfa, Konfederasiya, İmperiya

Read this article on other language
Download article
image_pdf
image_pdf

Sovet dövründə Azərbaycan cəmiyyətini, xüsusilə də ziyalıları milli tarixin saxtalaşdırılması ciddi narahat edirdi. Düşünmək olardı ki, müstəqillik əldə etdikdən sonra tarixçilərimiz saxtalaşdırılmış tariximizə yeni baxış formalaşdıracaqlar. Təəssüf ki, otuz ildən artıq müstəqillik dövründə Azərbaycanın qədim və orta əsr tarixinə dair suallara mükəmməl cavab tapmaq mümkün olmamışdır, əksinə tarixin müxtəlif istiqamətlərdə saxtalaşdırılması davam etmişdir. Bunun bir sıra ciddi səbəbləri var; bu səbəblərdən biri tarixi problemləri araşdırmağa qadir mütəxəssislərin olmamasıdır. Müasir Azərbaycan Respublikasının ərazisi tarixin müxtəlif mərhələlərində müxtəlif dövlət və imperiyaların tərkib hissəsi olub. Məhz bu səbəbdən Azərbaycan tarixini təkcə milli tarixçilər deyil, dünya tarixşünaslığı da araşdırıb. Müasir Azərbaycan tarixşünaslığında cavabsız qalmış bir sıra suallara dünya tarixşünaslığında cavab tapmaq olar. Bu məqsədlə Azərbaycan tarixinə aid tədqiqatların silsilə tərcüməsini oxuculara təqdim etmək qərarına gəldik.

 

İlk seçimimiz Azərbaycan xalqının milli qürur yeri hesab edilən Səfəvi dövlətinin sosial-siyasi bazasının əsası hesab edilən Ağqoyunlu dövləti oldu. Ağqoyunlu dövlətinin tarixinə aid ilk və hələlik yeganə fundamental tədqiqat işi amerikalı tarixçi Con Vudsa məxsusdur. Əsər ilk dəfə 1974-cü ildə doktorluq dissertasiyası kimi Prinston Universitetinin Yaxın Şərq Tədqiqatları şöbəsinə təqdim edilmşdir. Bu əsəri yazarkən tarixçi fars, ərəb və türk dillərində minə yaxın yazılı mənbələrdən stifadə etmiş, Ağqoyunlu dövlətinin sosial-siyasi strukturunu, mədəni çiçəklənməsi və süqutunu şərtləndirən amilləri təhlil etmişdir.

Qeyd edək ki, oxuculara burada kitabın Yuta universiteti nəşriyyatının çap etdiyi yenilənmiş və genişləndirilmiş ikinci nəşrinin tərcüməsi təqdim olunur. Bakı Araşdırmalar İnstitutu bu tərcüməni həm müəllifin, həm Yuta universiteti nəşriyyatının icazəsi ilə yayır.

Tarix Elmləri Doktoru Şəlalə Məmmədova

4(2)

BƏYLİKDƏN İMPERİYAYA

Usumkasane (Uzun Həsən): Şah olmaq yarıallah olmaq deməkdir.

                                           Marlo, Teymurləng (birinci hissə, II, V)

 

AĞQOYUNLU İMPERİYASININ YARADILMASI

İki il ərzində Uzun Həsən Qaraqoyunluları tamamilə İrandan çıxara, Teymuri imperiyasını isə  yalnız Xorasan və Mavərənnəhri idarə edən yerli şahlıqların hökmdarlarına qədər kiçildə bildi. Bu işğallar Uzun Həsənin dünyanın böyük işğalçılarından Çingiz xan və hətta Teymurun özü miqyasında qüdrətli sərkərdə olduğunu sübut etdi. Demək olar ki, bir gecədə ikinci Ağqoyunlu bəyliyi yaylaqlar və qışlaqlar üzərində nəzarəti ələ keçirməyə, tranzit yollarda tacirlərdən rüsum toplamaq hüququ əldə etməyə can atan köçəri tayfaların kiçik qrupundan İslam dünyasının bəşəri hakimiyyət, beynəlxalq hərbi ittifaq və qitələrarası iqtisadiyyat haqqında düşünən gücünə çevrilir. Bu kəskin dəyişikliklər sonralar Ağqoyunlu tarixinin hər bir sahəsində özünü büruzə versə də, ilk olaraq Uzun Həsənin diplomatik yazışmalarında, xüsusilə də rəsmi hökmdarı olan Məmlüklərə göndərdiyi sənədlərdə əks olunmuşdu.

Uzun Həsənin Cahanşah Qaraqoyunlunu məğlubiyyətə uğratmasından qısa müddət sonra əl-Əşrəf Qayıtbayın (1468-1496/872-901) taxta çıxması ilə əl-Zahir Xoşqədəmin ölümündən dərhal sonra başlamış varislik böhranına son qoyulur və 1468-ci ilin avqustunda/873-cü ilin məhərrəm ayında əl-Əşrəf Qayıtbay Uzun Həsənin təbriklərini və dostluq bəyannaməsini alır [54]. 1469-cu ilin əvvəllərində/873-cü ilin ortalarında Teymuri Sultan Əbu Səidin əsir götürülərək edam edilməsindən sonra Ağqoyunluların ikinci elçisi Məmlük sarayına yetişir. Uzun Həsən tabeliyini ikinci dəfə təntənəli şəkildə təsdiqləyərək Həsənəlidən alınmış Qərbi Azərbaycan qalalarının açarlarını əl-Əşrəf Qayıtbaya göndərir və ondan Məmlük hökmdar xələti xahiş edir. Qayıtbay bu xahişi yerinə yetirir və Uzun Həsənin böyük işğallarının ilk dövründə ələ keçirdiyi torpaqların legitimliyini təsdiqləyir [55]. 1468-ci il iyunun 30-da/873-cü il zilhiccə ayının 19-da Uzun Həsənin Sultan Əbu Səidin başını gətirən üçüncü elçisi Qahirəyə çatır. Həmin vaxt zəfər xəbəri də çatdırılır, təmtəraqlı fars üslubunda yazılmış məktubun İbn Tağrıberdi tərəfindən verilmiş təsvirini nəzərə alsaq, onun Osmanlı arxivlərində saxlanılan və Heydər Yavuğlunun diplomatik yazışma kolleksiyasına daxil olan məktubla eyni olduğunu söyləyə bilərik [56]. Bu sənəd üç hissəyə bölünür: hökmdarın şərəfinə ehtiram hissi ifadə edən uzun salamlama, giriş və Ağqoyunluların Teymurilər üzərində qələbəsinin təsviri. Lakin ikinci hissə müzakirə üçün daha mühüm əhəmiyyət kəsb edir. Bu hissədə Uzun Həsən yazır ki, onun 1467/872-ci ildə Muşda Cahanşah Qaraqoyunlu üzərində qələbəsindən sonra var olması haqqında əslində Quranda öncədən xəbər verilmişdir. Və o, öz iddiasını təsdiq etmək üçün iki surəni sitat gətirir:

            Surə, 30, 3-4: “onlar bir neçə il ərzində zəfər çalacaqlar [bida’sinin]

            Surə, 48, 3: “(və) Allah sizə Öz qüdrətli yardımını göstərəcək”

Bu surələrin ekzoterik mahiyyəti onların ezoterik əhəmiyyəti ilə möhkəmləndiriləcəkdir. Birinci surədə bida’ sinin, “bir neçə, üçdən doqquza qədər” sözlərinin əbcəd sisteminə uyğun olaraq rəqəmlə ifadəsi 872 və ya 1468 deməkdir, bu rəqəm ikinci surədəki bütün hərflərin cəminə bərabər idi [57]. Ağqoyunlu salnamələri bundan başqa eyni üsulla tez-tez Surət əl-Rum adlı 30-cu fəslin ilk dörd surəsinə istinad edirdilər: “Əlif, Lam, Mim. Romalılar qonşu torpaqda [adna əl-ard] məğlubiyyətə uğradılar; lakin bir neçə il ərzində [bida’ sinin] onların özləri zəfər qazanacaqlar; Allahın istəyi əvvəl də, sonra da belə olacaq. Həmin gün iman gətirənlər Allahın yardımı ilə yenidən sevinəcəklər. [O, istədiyinə zəfər bəxş edəcək…].” Onlar Romalıları (əl-Rum) Ağqoyunlular, onları dəfələrlə məğlub edənləri Qaraqoyunlular kimi,  “qonşu torpağı” (adna əl-ard) isə Cəzirə və ya Muş döyüşünün baş verdiyi ərazinin yerləşdiyi Ərməniyə kimi şərh edirlər [58].

Təsvir 10. İkinci Uzun Həsənilər və ya İmperiya bölgüsü

Bu salnaməçilərdən biri olan Abdulla əl-Bağdadi Qurandan gətirilən sübutu gücləndirmək üçün astrologiya, numerologiya və digər sirli elmlərdən də arqumentlər gətirir. Məsələn, Uzun Həsənin hakimiyyəti balıqlar bürcunə təsadüf edir və onun bürcünə istinadən deyilir ki, “İraq hökmdarı” onun əlindən öləcək. Əl-Bağdadi mistik və ezoterist Əbdülrəhman əl-Bistaminin (ö.1454/858) gələcək haqqındakı kitabından bir hissənin, “Əgər C hərfi ifrat dərəcədə qəddar olacaqsa o, Osmanın oğlu M hərfi tərəfindən məğlub ediləcək” hissəsinin yeni şərhini verir. Ola bilsin ki, əl-Bistami C hərfinin Carakisa və ya Misir və Suriyanın Çərkəz sultanı, M hərfinin isə Məhəmməd İbn Osman və ya Osmanlı sultanı Fateh Mehmet olduğuna inanırdı. Lakin əl-Bağdadi iddia edirdi ki, C hərfi Cahanşah, M hərfi isə Uzun Həsəndir, çünki M hərfi Osman sözündə üçüncü hərfdir, Uzun Həsən də Osmanın üçüncü nəslinin nümayəndəsidir. O, [Qara] Osmanın oğlu Əlinin oğlu Həsən idi və Allah tərəfindən Cahanşaha qarşı göndərilmişdi. Sonunda o, öz iddiasını möhkəmləndirmək üçün Həsən sözünün  əbcəd sisteminə görə,  rəqəmlə bida’ sinin olduğunu qeyd edir: Həsən 118-ə, M 40-a, İbn 53-ə və Osman 661-ə bərabərdir, bunların cəmi isə 872-dir. Nəhayət, numerologiyanın başqa bir sisteminə əsasən Həsən adı 1-ə bərabərdir və 1 müvafiq olaraq Cahanşah və [Sultan] Əbu Səidin adlarına bərabər olan 5-i və 9-u vurur.

Bu ilahi işarələrin Uzun Həsəni dəstəkləməsi fikri hər kəsə məlum idi və olduqca geniş yayılmışdı. Məsələn, 1472/877-ci ildə adı məlum olmayan Ağqoyunlu rəsmilərindən biri Uzun Həsənin torpaqlarına bitişik olan Osmanlının Rumeli vilayətinin valisi Həmzə Şərabdara göndərdiyi məktubda bəyan edir ki, “…Allahın Şaha [Uzun Həsənə] göstərdiyi lütf təsvir edildiyindən də böyükdür; bunu Quranın ayələri, Məhəmmədin hədisləri də təsdiq edir və böyük insanlar tez-tez onlara istinad edirlər.” [59]. Bu “böyük insanların” ən məşhuru şübhəsiz ki, Uzun Həsənin qazi fəaliyyəti ilə əlaqədar adı yuxarıda çəkilmiş Cəlaləddin Məhəmməd Davani idi. Uzun Həsənə və oğlu Sultan Xəlilə həsr edilmiş Əxlaqi-cəlali adlı etik əsərinin girişində Davani yazırdı: “…bu zəfər dövlətinin özülünün möhkəmliyinin nədən xəbər verdiyi, onun bida’sinin üfüqündən doğmasından da maraqlı olması aydındırmı?” [60]. Davaninin sözlərinə görə, Uzun Həsən Allah tərəfindən hökmran təyin edildiyi üçün onun nə Məmlük sultanından, nə də Qahirədəki Abbasi kölgə xəlifəsindən sənəd və ya hökmdar xələti almağa ehtiyacı yoxdur.

Uzun Həsənin qəflətən peyda olmasını onun hakimiyyətinin ilahi mənşəyi ilə bağlamaq üçün Qurandan digər ayələr də sitat gətirilir. Fəzlullah Xunci-İsfahani 24-cü surənin 55-ci ayəsinə istinad edir: [61]

O kəslər ki (minkum) iman gətiriblər və əməl-salehdirlər, Allah onları onlardan əvvəlkiləri etdiyi kimi yer üzünün sahibi edəcək. Allah onlar üçün seçdiyi dinin möhkəmləndirilməsinə, şübhəsiz ki, yardım edəcək, onların qorxusunu əmin-amanlıqla əvəz edəcək. Onlar Mənə səcdə qılırlar və Mənə şərik qoşmurlar. O kəslər ki, bundan sonra da Məni inkar edirlər, onlar fasiqlərdir.

Minkum (sizlərin arasında, o kəslər ki) sözündəki hərfləri topladıqda 150 edir və izopsefiyaya görə, Həsən bəy və ya Uzun Həsən Allahın nümayəndəsi və ya legitim müsəlman hökmdarı mənasını verir. Bu şərh Quranın 4-cü surəsinin 59-cu ayəsini,  “hakimiyyət barədə ayəsi” ni xatırladır:

Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan [minkum] əmr sahiblərinə itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin! Bu, daha xeyirli və nəticə etibarilə daha yaxşıdır.

Uzun Həsənin idarə etmək hüququnun ona Allah tərəfindən verildiyini dəstəkləmək üçün istifadə edilən bu ayə Davaninin şərhində Həsən bəy sözündəki hərflərin sayının qara hərflərlə yazılmış sultani cahan (dünyanın hökmdarı) və qayyimi zamini va zaman (yer üzünün və zamanın qəyyumu) sözləri ilə eyni məna kəsb etməsinə işarə idi [62]. Əgər ehtimallarımız doğrudursa, onda  bu fitnəkar ideya bütün müsəlmanların Uzun Həsəni legitim hökmdar kimi tanıyaraq ona tabe olmalarını nəzərdə tuturdu. Nəhayət, Quranın “hakimiyyət barədə ayəsi”nə Uzun Həsənin elan etdiyi fərmanın zərif başlığında da istinad edilirdi. Bu başlıq “Allahın gücü, Əbədiyyatın dəstəyi, Məhəmmədin möcüzələri və Bayandurların hökmü ilə” yazılmışdı [63] və Uzun Həsənin hökmranlıq etmək hüququnu bilavasitə Allahdan aldığına işarə edirdi.

Lakin XV/IX əsrdə Mərkəzi İslam torpaqlarında bəşəri hakimiyyətin mənşəyi haqqında daha ifrat ideya yayılmaqda idi. Bu ideya hökmdarın ilahi tərəfindən təyin edilmiş dinin bərpaçısı olmasından ibarət idi. Bu konsepsiya IX/III əsrdə Əbu Davud Süleyman əl-Sicistani tərəfindən toplanmış Kitab əl-sunandakı vəhyə aid (malahim) hissədə Peyğəmbərin hədisi əsasında formalaşmışdı: “Hər yüz ilin başlanğıcında Allah  bu icmanın dinini yeniləmək üçün birini göndərəcək” [64]. İslam tarixi boyunca çoxlu sayda insanlar “Dini yeniləyən” (mücəddid) tituluna iddialı və ya uyğun olublar. Lakin onlar əsasən hüquqşünasların, ənənəvi istiqamət tərəfdarları və üləmaların daxil olduğu  ruhani sinfinin nümayəndələrindən və əl-Şafi, əl-Aşari, İbn Hənbəl və əl-Qəzali kimi sufilərdən ibarət olublar. Hərdən Əməvi xəlifəsi Ömər bin Əbdüləziz və Abbasi xəlifəsi Əl-Məmun kimi siyasi liderlərin də adı “dini yeniləyənlərin” siyahısına daxil olurdu. Nəhayət, dinin uğurlu vəhylər silsiləsi və tərəqqi hesabına zamanla cavanlaşmağa ehtiyacı olması fikri İsmaili fərziyəsi kimi məşhur olsa da, bu nəzəriyyənin Şiə İmamlarına [65] aid olduğu deyilir. Bəzən səkkizinci imam Əli bin Musa əl-Rza da bu siyahıya daxil edilir [66].

Xəlifələr və Monqollar dövründən sonra mücəddid titulu bir sıra dünyəvi siyasi simalara aid edilir. Onların içərisində ilk olaraq hakimiyyətinin erkən dövründə Müqəddəs qanunun effektivliyini bərpa etmək niyyətində olduğunu elan etmiş Teymurun varis oğlu Şahruxun adı çəkilməlidir [67]. Teymuri sarayının salnaməçisi Hafiz Əbru  sonralar redaktə etdiyi Cami ət-təvarixi “möhtəşəm Şəriət qanunlarını yeniləyən, parlaq dinin təcrübəsinin havadarı” [68] kimi təsvir etdiyi Şahruxa həsr edir. Şərafəddin əl-Yəzdi isə Şahruxu birbaşa peyğəmbərin hədisindəki  Allah tərəfindən təyin olunmuş mücəddidlə eyniləşdirir [69]. Bu cür iddialar Uzun Həsənin dövründə daha qətiyyətlə təsdiq olunur.

Şərabdar Həmzənin məktubunda olduğu kimi Uzun Həsənlə bağlı fərziyyələr 1472 /877-ci ilin əvvəllərindən yayılmağa başlayır və 1476/881-ci ildə Uzun Həsən Davani tərəfindən “XV/IX əsrin (mab’us əl-mi’at əl-tasi’ah) elçisi” adlandırılır [70]. O dövrün digər mühüm dini siması Sədrəddin Məhəmməd Daştaki onu “Hənifi təriqəti və dinini yeniləyən (mücəddid), Abbasi dövlətinin nailiyyətlərini dirçəldən (muhyi), XV/IX əsrin ümidi (mav’ud əl-mi’at əl-tas’ah)” adlandırır [71]. Beşinci fəsildə qeyd edildiyi kimi, ənənəvi istiqamət tərəfdarı və tarixçi Xunci-İsfahani Uzun Həsəni və oğlu Yaqubu “dini yeniləyən” və “elçi” adlandırırdı [72].

Davaninin təqribən 1475/880-ci ildə Uzun Həsən və oğlu Sultan Xəlil üçün yazılmış siyasi traktat və şahzadələrin güzgüsü olan Əxlaq-i cəlali əsəri xüsusi olaraq dinin yeniləyicisi məsələsinə toxunmasa da, Uzun Həsənilərin imperiya hakimiyyətinin digər fəlsəfi və ideoloji aspektini təsvir etdiyi üçün Davani tərəfindən istifadə edilən “yeniləyici” titulunun izahına yardım edə bilər. Əxlaqa girişdə  Davani Uzun Həsənin hakimiyyətini “xilafət” adlandırır [73]. Əslində burada təəccüblü bir şey yoxdur. 1258/656-cı ildə Monqollar sonuncu Abbasi xəlifəsini Bağdadda öldürdükdən sonra bir çox müsəlman dövləti “İslam idarəçiliyi” mənasını verən bu hörmətli tituldan istifadə edirdi. Lakin bir qədər sonra Davani xəlifədən sonrakı dövrdə ümumən İslam dövlətində hökmdarın rolu və xüsusi olaraq Uzun Həsənin bir hökmdar kimi rolu haqqında daha geniş iddia irəli sürür:

Hakim ilahi dəstəyə [ta’yid-ilahi] sahibdir, belə ki, o, fərdi insanları kamilliyə aparır və onların işlərində qayda yaradır. Filosoflar bu cür insanları “mütləq hakim” [malik ‘ala al-itlaq], onların fərmanlarını “dövlət əsəri” [san’at-i mulk] adlandırırlar. Müasirlər onu “İmam”, onun dövlətini isə “imamət” adlandırırlar. Platon onu “dünyanın nəzarətçisi [mudabbir]”, Aristotel isə “mülki insan” adlandırır ki, bu da dövlətin vəzifələrini düzgün qiymətləndirən insan mənasını verir. Dövlətin vəzifələri bu cür yüksəkliyə qalxmış insanın əlində olanda dövlətin ərazisində və vətəndaşların həyatında gözəl həyat və çiçəklənmə hökm sürür. Belə ki, Allahın kəraməti və atalar sözünə görə, “Layiq olanın qarşısında səcdə et”, bəşəriyyətin rıfahı zəfər çalmış hökmdarın güclü əllərindədir…[Bundan sonra Uzun Həsənin ədalətini, adil, ma’dalat, təsvir edən uzun bir parça gəlir.] Dünyanın nəzarətçisinə aid ilk məsələ Müqəddəs qanundakı qadağaların möhkəmləndirilməsidir. Lakin xüsusi məsələlərdə o, öz dövrünün (maslahat-i vaqt) tələblərinə uyğun olaraq hakimiyyətdən Müqəddəs qanun çərçivəsində ictimai maraqlardan irəli gələrək istifadə edir. Bu cür insan həqiqətən yer üzündə Allahın kölgəsi, Allahın xəlifəsi, Peyğəmbərin nümayəndəsidir [zill Allah va xalifat Allah va na’ib al-Nabi] [74].

Beləliklə, əvvəla, Uzun Həsənin hakimiyyətinin ilahi mənşəyə malik olması onun Cahanşah, Sultan Əbu Səid və Həsənəli üzərində möhtəşəm hərbi qələbələri ilə sübuta yetirilir və bu sübut Qurandan və Peyğəmbərin hədislərindən gətirilən misallarla möhkəmləndirilirdi. İkincisi, onun Müqəddəs qanun və mülkü ədalətə hörmət etməsinin hakimiyyətini gücləndirməsi və bu hakimiyyətin şəksiz legitimliyinə və bəşəriliyinə dəlalət etməsi qeyd olunurdu. Yəzdin cümə məscidinin qapılarındakı yazıya görə, Uzun Həsən “..imam, İslam hökmdarı, insanlığın üzərində Allahın kölgəsi” idi, bu titulların mahiyyəti mətnin məzmunundan aydın olurdu [75]. Bundan başqa Uzun Həsənin bu ideyalara Qaraqoyunlu “ zülmü və dinsizliyinin” hökm sürdüyü bir dövrdə müraciəti və yer üzündə müqəddəs qaydanı bərpa etmək niyyətində olmasını bəyan etməsi  Ağqoyunluların rəqiblərinə qarşı istifadə etdiyi sınanmış bir mübarizə növü idi. Yeniləyici termininin ezoterik və məsihi şərhi ən azından qeyri-rəsmi olaraq tanınsa da,  onun məhz bu baxımdan nəzəri cəhətdən anlaşılan olması şübhəsiz idi.

İslamın yüksək rütbəli dini nümayəndələri tərəfindən belə bir dəstək alan Uzun Həsən əvəzində ruhani institutunun möhkəmləndirilməsini və onun üzvlərinə himayədarlıq vəd edir. Məsələn, 1470-ci ilin sentyabrında/875-ci ilin rəbiülaxır ayında şahzadə Bəyazid bin Fateh Mehmetə yazdığı məktubunda Uzun Həsən bütün inzibati idarə aparatının Müqəddəs qanunun şərtlərinə və mülki ədalət prinsipinə uyğun olaraq qurulması ilə öyünür. Qaraqoyunluların hakimiyyəti altında mövcud olmuş nikahsız əlaqələr, qeyri-ənənəvi cinsi münasibətlər, fahişəlik, şərab içmə, qumarbazlıq kimi çirkin əməllər, dini müəssisələrin təhqir edilməsi qadağan olunmuş, Qələndərlər, Heydərilər kimi ifrat ziddiyyətli dərviş qruplar təqiblərə məruz qalmışdı. Əlavə olaraq Uzun Həsən ruhani xeyriyyə cəmiyyətləri yaratdığını, məscidlərdə ruhanilərin mövqeyini bərpa etdiyini və məscidlər nəzdindəki mədrəsələrdə təhsili dəstəklədiyini vurğulayır [76]. Amid [77] və İsfahan [78] kimi mühüm mərkəzlərdəki, həmçinin kiçik şəhərlərdəki [79] məscidlər Uzun Həsənin mal-i halal adlandırdığı şəxsi vəsaiti hesabına təmir etdirilirdi. Bu məscidlərin xatirə lövhələrindəki yazılar Uzun Həsənin Müqəddəs qanunu dəstəkləməsi və müsəlmanlığa sədaqətini ifadə etməsi üçün əlavə bir imkan idi. Peyğəmbərin varislərinə, İslam hakimlərinə, üləmalar və İslamın şəhər dini müəssisələrinin digər nümayəndələrinə əlavə olaraq şəxsi imtiyazlar, irsi maliyyə vəsaitləri və müəyyən ərazidə inzibati imtiyazlar, nəğd pulla mükafatlar, dövlətdə yüksək rəsmi və qeyri-rəsmi vəzifələr verilirdi. Cümə axşamları ruhanilərin nümayəndələri ilə görüş üçün xüsusi hökmdar məclisi toplanırdı [80]. Bu görüşlər zamanı Peyğəmbərin hədisləri məclisdə iştirak edən üləmalarla müzakirə olunur, onların bəziləri türk dilinə tərcümə edilirdi [81].  Deyilənə görə o, Quranın türk dilinə tərcüməsini də təşkil etmişdi [82]. Bəzi erməni mənbələri iddia edir ki, Uzun Həsənin İslam dini müəssisələrinin dəstəklənməsi sahəsindəki cəhdləri xristianlara qarşı diskriminativ vergilərin tətbiqinə, xristian dini ayinlərinin icrasına ciddi nəzarətin qoyulmasına, erməni azlığın yerli hakimlər tərəfindən fərqləndirici geyim geyinməyə məcbur edilməsinə gətirib çıxardı. Bu siyasət Uzun Həsəndən əvvəl idarə etmiş əksər hökmdarların siyasətindən fərqlənirdi [83].

Uzun Həsən həmçinin hakimiyyətinin xalq dini, bu dinin şəhər, kənd və tayfa nümayəndələri tərəfindən dəstəklənməsi, tanınması və təsdiqlənməsinə çalışırdı. Təbrizi işğal etdikdən sonra Uzun Həsən Qaraqoyunluların şəhərdəki Dövlətxanasını 1456/860-cı il Akziyarətdəki hadisədən sonra Ağqoyunluların bütün qələbələri haqqında əvvəlcədən xəbər vermiş şaman-şeyxi Tac əl-Məczubin Baba Əbdülrəhman Şamiyə verir. Dövlətxananı Halalxana adlandıran dərviş onu öz tərəfdarlarının toplandığı mərkəzə çevirir, burada vaxtaşırı dini məclislər keçirir, gündə ən azı beş yüz tərəfdarını yedizdirirdi. Deyilənə görə, Baba Əbdülrəhmanın özü Uzun Həsənin süfrəsində nahar edirdi [84].

Digər məşhur ruhanilər də Uzun Həsənin zühuru ilə bağlı idilər. Hətta 1467/872-ci ildən əvvəl Hüseyni seyidlərindən Əbdülqəffar Tabatabai Ağqoyunluların Azərbaycanı işğal edəcəyini əvvəlcədən xəbər vermiş və nəticədə vilayətin baş dindarı (şeyx əl-İslam) vəzifəsini almışdı [85]. İşğal ərəfəsində Uzun Həsən yuxuda Azərbaycanın bütün dərviş və müqəddəslərinin onu Təbrizdə taxta oturmağa çağırdığını görür [86]. Kübrəvi təriqətinin Azərbaycan qolunun banisi Əhməd Lalayinin Uğurlu Məhəmmədin Həmədandan kənarda Həsənəlini məğlubiyyətə uğradacağını əvvəlcədən xəbər verməsi də bu qism münəccimlikdən idi. Elə həmin Əhməd Lalayi 1471-1472/876-877-ci illərdə Uzun Həsənin Quranın hakimiyyət barədə ayəsində qeyd edilən “həmin hökmdar” olduğunu deyir [87]. Ola bilsin ki, məhz həmin dövrdə Uzun Həsən qızı Həliməbəy ağanı və ya Aləmşah xatunu onun qardaşı oğlu Heydər bin Cüneyd Səfəvi ilə evləndirmiş və o zaman 12-13 yaşı olan gənc şeyxi Ərdəbilin Səfəvi təriqətinin başına keçirmişdi [88].

Hakimiyyətini yeni işğal edilmiş ərazilərdə yaradan və legitimləşdirən Uzun Həsən və ya Osmanlı və Səfəvi mənbələrində Həsən padşah kimi tanınan Əbu əl-Nəsr Həsən Bayandur İslam dünyasının yerdə qalan hissəsinə öz müstəqil hakimiyyətini bəyan etməyə hazırlaşırdı. Ola bilsin ki, Teymuri Şahrux kimi Uzun Həsən də qardaşı Üveysin rəhbərliyi altında İraqın zəvvar karvanını Hicaza yollamışdı. Bu karvana məşhur dərviş II Nemətullahın xeyir-dua verdiyi Yəzdi ipək mahmil, dəvənin üzərinə qoyulmuş təntənəli kəcavə də daxil edilmişdi [89]. Adətən olduqca zəngin bəzədilmiş belə bir kəcavənin göndərilməsi hökmdarın müstəqil siyasi hakimiyyətə malik olmasını təcəssüm etdirir və bu faktın Məkkə və Mədinə şərifləri tərəfindən tanınması arzusunu ifadə edirdi [90]. Şahruxla əl-Əşrəf Barsbay arasında bu tanınmanın əldə edilməsi uğrunda gedən 2-ci fəsildə təsvir edilmiş mübarizə Məmlük siyasi hakimiyyətinin qəti şəkildə Hicazda möhkəmlənməsi və Qahirə sultanının “İki Müqəddəs şəhərin xidmətçisi” titulunu əldə etməsi ilə nəticələnmişdi. Xilafətdan sonrakı dövrdə bu, ən mötəbər titul idi. Lakin Şahruxun ölümü və Xuzistan və Ərəb İraqının cənubunda ifrat Muşaşa məhdiliyinin yüksəlməsi ilə təxminən iyirmi il İraq zəvvar karvanının göndərilməsi ənənəsinə son qoyulur. Cahanşah Qaraqoyunlu tərəfindən ölümündən bir qədər əvvəl 1466/871-ci ildə bərpa edilmiş [91] İraq mahmili Uzun Həsənin hakimiyyəti altında mühüm beynəlxalq problemə çevrilir və Məmlüklərlə onların keçmiş vassalı olan Ağqoyunlular arasında böyük düşmənçilik yaradır. Təəssüf ki, Məmlüklərin Uzun Həsənin 1469/873, 1470/874 və 1471/875-ci illərdəki ilk mahmillərinə münasibəti haqqında heç bir məlumatımız yoxdur, lakin zəvvarlıq yürüşündə Misir və ya İraq mahmilinə daha çox ehtiram göstərilməsi ilə bağlı münaqişə haqqında məlumatlar qeydə alınıb [92]. 1473/877-ci ildə Ağqoyunlu əmir əl-həcc Rüstəmlə Qazi Əhməd İbn Dihya adlı birisi Mədinədə “Ədalətli şah, Həsən əl-Tavil [olduğu kimi], iki Müqəddəs şəhərin xidmətçisi” adına Cümə xütbəsi oxumağa müvəffəq olur. Lakin onlar Məkkədə şərif tərəfindən həbs edilərək zəncirlənmiş halda Qahirəyə göndərilirlər [93]. Bu uğursuzluq Uzun Həsənin hakimiyyətinin şəriflik tərəfindən tanınması üçün edilən cəhdlərə son qoyulması demək olsa da, 1476/880 və 1477/881-ci ildə İraq mahmili göndərilir. Hər iki hadisə Misir əmir əl-həcci və şərif üçün ciddi narahatlıqlar yaradır [94].

Hökmdarın yeni imperial ideologiya üçün etdiyi güzəşt və cəhdlərə, siyasi sistemin mərkəzləşdirilməsi üçün müvafiq stimulların tətbiqinə baxmayaraq Ağqoyunlu imperiyasının özülü yarandığı gündən ikili təbiətə malik idi. Sözsüz ki, köçəri türkmən komponentləri ölmüş Qaraqoyunlu konfederasiyasının əksər elementlərinin sorulması ilə genişlənərək möhkəmlənirdi. Oğuz Çepni, Ağacəri və Sədlu tayfaları Alpavut, Bayramlı, Duxarlı və Hacılı tayfaları kimi indi Ağqoyunlu hərbi elitasının bir hissəsinə çevrilmişdilər. Bundan başqa Miranşahilər – Sidi Əhməd bin Miranşahla Qara Osmanın qızının nəslindən olanlar – 1469/873-cü ildə Teymurilərin darmadağın edilməsindən sonra Ağqoyunlu ərazisində qalaraq Uzun Həsənin və varislərinin hakimiyyəti altında mühüm vəzifələr tuturlar [95]. Bu dəyişikliklər nəticəsində və onlara cavab olaraq Ağqoyunlu işğallarından əvvəl Qaraqoyunlu Türkmənlərə və Teymurilərə xidmət edən İranın şəhər zadəganlarından ibarət inzibati aparat da olduqca genişlənir və dəyişikliyə məruz qalır. Azərbaycanın Kecəçi, Əcəm İraqının Savaci, Əcəm İraqı və Farsın Səidi, Əcəm İraqı və Gilanın Deyləmi və Xorasanın Beyhaki kimi məşhur yerli iranlı ailələri dövlətin inzibati, maliyyə və dini işləri üzrə idarələrində yüksək vəzifələrə təyinat alırlar [96]. Bu dövrdə inzibati və maliyyə proseslərinin standartlaşdırılması və nizamlanmasına cəhdlərin edildiyi haqqında dəlillər də vardır [97].

Mərkəzləşdirmə və bürokratlaşdırma ilə bağlı ən ciddi abidə Uzun Həsən tərəfindən hazırlanan bir sıra dövlət qanunları – qanunnamələr idi. O dövrə yaxın olan tarixi mənbə qanunvericiliyi ticarət, mülki, cinayət və vergi məcəlləsi olmaqla bir neçə yerə bölür [98]. Həm təsviri, həm də rəsmi sənədlər Diyarbəkir, Ərməniyə, Azərbaycan, Ərəb, Əcəm İraqı  və Fars  vilayətlərinin bu qanunlar vasitəsilə idarə olunduğunu və hətta bu qanunların müəyyən ərazilərdə XVIII/XII əsrə qədər qüvvədə qaldığını qeyd edir [99].

Uzun Həsənin XVI/X əsrdə Şərqi Anadolu üçün nəzərdə tutulmuş Osmanlı qanunlarında qorunan hərtərəfli ticarət fərmanlarının təhlili onun satış vergisi tarifinin dəqiqləşdirilməsinə, təhlükəsizliyin təmin edilməsi və tranzit rüsumlarının toplanmasının tənzimlənməsinə cəhd etdiyini göstərir. Bu tədbirlər vilayət rəsmiləri tərəfindən vergilərin süni surətdə yüksəldilməsi və yerli imtiyazların artırılmasının qarşısının alınması və beləliklə də dövlətin gəlirlərinin yüksəldilməsi və ticarətin inkişaf etdirilməsinə yönəlmişdi. Ticarətin inkişafı ilə əlaqədar ipək ticarətinin idarə olunması ilə bağlı tənzimləmələr olduqca mühüm əhəmiyyət kəsb edirdi [100]. Uzun Həsənin mülki və cinayət məcəlləsindən dövrümüzə heç bir şey çatmasa da,  onların babası Qara Osmanın və ya o dövrün müasiri Zülqədər hakimi Əla əl-Dövlənin icraedici fərmanlarına və ya yasaqlara oxşar olduğunu güman etmək olar. Bu qanunlar o dövrə qədər hələ də dağınıq və müxtəlif qrupların əlində olan hakimiyyətin bir əldə təmərküzləşməsinə işarə idi. Bütün bunlara baxmayaraq, aşağıdakı hekayədən də göründüyü kimi, bəşəri qanunvericiliyin hətta hökmdar tərəfindən təsadüfi və özbaşına idarəçiliyi də dini möhür tələb edirdi:

Uzun Həsən sabah namazını bitirdikdən sonra məhkəmənin toplandığını xəbər verən “ədalət təbili” çalınardı. O, həmin məhkəməyə dərviş geyimində, quzu dərisindən hazırlanmış sadə yun gödəkçədə və dəvə yunundan hazırlanmış qurşaqda gələrdi. Özü qızıldan hazırlanmış hündür taxtda oturardı, şahzadə və sərkərdələr isə sağında və solunda oturardılar. Ehtiyacı olanlar, şikayətə gələnlər öz şikayətlərini vəkil və vasitəçi rolunu oynayan dövlət məmurları vasitəsilə çatdırardılar. Problemlər dərhal həllini tapardı, görüşdə iştirak edən katiblər bununla əlaqədar fərman hazırlayardılar. Şikayətçilər məhkəməni dəyişilməyəcək qəti qərarlarla tərk edərdilər [101].

Nəhayət, Uzun Həsənin torpaq və onun məhsulları, sürü və mal-qara, dəyirmanlar və irriqasiya işləri üzərinə qoyduğu vergilər bəzi dəyişikliklərlə müvəqqəti olaraq Osmanlılar tərəfindən kəndlilər, köçərilər və şəhər əhalisinə münasibətdə düzgünlük və ədalət modeli kimi qəbul edilir [102].

XVI/X əsrin qüdrətli Osmanlı sultanlarının Uzun Həsənin siyasətindən heyrana gəlib ondan istifadə etdiklərinə baxmayaraq bu tədbirlərin hamısı Ağqoyunluların özləri tərəfindən qəbul edilməmişdir. Əvvəlcə həm hakim tayfanın, həm də konfederasiyaya daxil olan tayfaların köçəri hərbi elitası müqavimət mərkəzləri yaradırlar, sonradan isə vilayət ruhani başçıları da onlara qoşulur. Ruhanilərin düşmən mövqeyi Yaqubun hakimiyyəti dövrünə təsadüf etmişdi, lakin hərbi köçəri elitanın bu tədbirlərə dərhal müqavimət göstərməsi Uzun Həsənin ideoloji yenilik və inzibati islahatlarla eyni vaxtda reallaşdırmaq istədiyi hərbi təşkilatı yenidən qurmaqda bacarıqlı olmadığını nümayiş etdirirdi. Qara Osmanın dövründə olduğu kimi Ağqoyunlu ordusu yenə də tayfa quruluşuna malik idi, ordu tümənlər, hezarlar, qoşunlardahacatlar olmaqla onluqlara bölünürdü. Ordu yay, qılınc və qalxanla silahlanmışdı, ənənəvi olaraq süvarilər iki cinaha bölünürdü və döyüşən qüvvələrin yetmiş faizindən çoxunu təşkil edirdi [103]. Adətən hər konfederasiya tayfasının qoşun dəstələri Sultan Xəlil, Uğurlu Məhəmməd və Zeynal kimi şahzadələrin rəhbərliyi altında tayfa prinsipinə uyğun olaraq hissələrə bölünürdü. Bu sistem vilayət apanaj (mülkiyyət-tərcüməçi) idarəçiliyində də istifadə olunurdu. Böyük vətəndaş müharibəsi dövründə və Uzun Həsənin ilk işğallarında mühüm əhəmiyyət kəsb edən hökmdar qoşun hissələri imperiya dövründə ittifaq tayfalarının xeyrinə tədricən əhəmiyyətini itirməyə başlayır. Buna baxmayaraq Uzun Həsənin gürcü çarlıqlarına qarşı təşkil etdiyi yürüşlər onu çoxlu sayda insan qüvvəsi ilə təmin etsə də, gürcü əsirlərin professional və ya kölə döyüşçü kimi köçəri hərbi elitaya qarşı formalaşdırıla biləcək hərbi hissələrdə istifadə edilməsini söyləməyə heç bir əsas yoxdur [104].

Beləliklə, yaxşı inkişaf etdirilmiş mərkəzi bürokratiya və yüksək dərəcədə mərkəzdən qaçan tayfa ordusu əsasında formalaşmış qüdrətli, qeyri-mütənasib struktura malik, möhtəşəm iddiaları olan qəhrəman hökmdar tərəfindən birləşdirilmiş imperiya 1469/873-1473/878-ci illər arasında Uzun Həsəni bir sıra uğursuz siyasi macəralara sürükləyir. Uzun Həsənin xarici siyasətinin uğursuzluğu bu daxili birliyin zərif quruluşundan irəli gələrək sonunda onun süqutuna yardım etmiş oldu. Uzun Həsənin erkən dövrlərdə kürdlərlə münasibəti, sonralar bu münasibətlərdən Məmlüklərin xeyrinə imtina etməsi olacaqlardan xəbər verirdi, onun Xorasandakı Teymurilərlə bağlı yeni mövqeyi və Osmanlılarla olan düşməçiliyinin geniş miqyas alması da bura əlavə olunmalıdır.

Formal olaraq daxili məsələ hesab edilən kürd məsələsi Yaxın Şərqin bir sıra müasir dövlətlərində olduğu kimi Ağqoyunlular üçün də daxili və beynəlxalq sahədə birinci yerdə dururdu. Uzun Həsəni – kürd münasibətlərinin ikinci dövrü Teymuri Sultan Əbu Səidlə gözlənilən toqquşma ərəfəsində Ağqoyunluların arxa cəbhəsini qorumaq məqsədi ilə beş Ağqoyunlu hissəsinin Qaraqoyunluların tərəfində olan kürdlərə qarşı göndərildiyi 1468-1469/873-cü ildə başlayır. Ruzagilər Bitlis, Əhlət və Muşa hücum etmiş, Buxtan və Şəkki vilayətlərini işğal etmişdilər. Ağqoyunluların bəzi hallarda formal xarakter daşıyaraq müvəqqəti vergi qoyulması ilə nəticələnən şimal-şərqi Kürdüstanın böyük hissəsi üzərində hegemonluğunun yaradılması uzun sürən proses idi və qərb bazarlarına aparan ticarət yollarının təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan bahalı əməliyyatlar Uzun Həsənin mövcud resurslarının böyük hissəsini dörd il ərzində səfərbər etmişdi. Sonralar bu əməliyyatlar bir neçə dəfə Uzun Həsənilər tərəfindən təkrarlanmışdı. Uzun Həsənin Bulduqani, Zraqi və Çemişgəzək kürdləri ilə nisbətən uğurlu müttəfiqliyi və onları öz hakimiyyəti altına çəkməyi bacarmasına baxmayaraq qüdrətli imperiya iddialarına söykənərək güc tətbiq etməklə Əyyubi-Malikan, Ruzagi və Buxti kürdlərini tabe etmək cəhdləri  müvəffəqiyyətsizliyə uğramışdı. Qeyd etmək lazımdır ki, bu uğursuz siyasətin ən ciddi səbəblərindən biri qüdrətli Ağqoyunlu liderinin yanlış qiymətləndirməsi idi. [105].

Xəritə 8. Bəylikdən İmperiyaya

1469/873-cü ildə Sultan Əbu Səid üzərində qələbədən sonra Uzun Həsən özünü təkcə Şahruxun deyil, Teymurun da qanuni varisi hesab edir və Teymuri torpaqlarını özünə uyğun şəkildə bölüşdürməyə başlayır [106]. Nəticədə 1469-cu il yazın sonunda/873-cü ilin şəvval ayında Uzun Həsən Sultan Əbu Səid Miranşahini edam etdirən, irsilik hüququnu xatırladaraq Xorasana yola düşən Yadigar Məhəmməd Şahruxiyə xeyir-dua verir. Yüksək dəyərə malik stravai ipəyinin istehsal mərkəzi olan Astarabad tezliklə Uzun Həsən tərəfindən ələ keçirilir, Teymurilərin paytaxtı Herat Yadigar Məhəmməd və tərəfdarlarının təzyiqlərinə məruz qalır. Bu şəhər Sultan Əbu Səidin ölümündən qısa müddət sonra Teymuri ailəsinin digər qolunun nümayəndəsi, Sultan Hüseyin Bayqara Ömər Şeyxi (Teymurun böyük oğlunun nəticəsi) tərəfindən işğal edilir. Yadigar Məhəmmədlə Uzun Həsənin Xorasan uğrunda mübarizəsinə başlıca əngəl olan da məhz bu şahzadə idi. 1469-cu ilin sentyabrında/874-cü ilin rəbiüləvvəl ayında Sultan Hüseyin Yadigar Məhəmmədi məğlub edərək Simnandakı Teymuri – Türkmən sərhədinə sıxışdırır və Astarabad şəhərini ələ keçirir.

Görünür, əvvəl Uzun Həsən uğursuzluğa düçar olmuş protejesini tərk edərək yaranmış vəziyyətlə razılaşmaq və Ağqoyunlu hakimiyyətini tanıdığı halda Sultan Hüseyni dəstəkləmək arzusunda idi.  Bu şərtin qəbul olunub-olunmadığını və ya tabeliyin hansı formada qəbul edildiyini söyləmək çətindir. 1469-cu ilin oktyabr-noyabr aylarında/874-cü ilin rəbiülaxır ayında şahzadə Bəyazid bin Fateh Mehmetə göndərdiyi məktubunda Uzun Həsən iddia edir ki, onun adına Cümə xütbəsi oxutduqdan və sikkələr buraxdırdıqdan sonra Sultan Hüseyin Xorasanın Ağqoyunlu hakimi kimi tanınıb [107]. Bütün bunlara baxmayaraq 1469-cu il qışın əvvəlində/874-cü ilin ortalarında Sultan Hüseyin Cahanşah və Pirəli bin Əlişəkər Baharlının nəvəsi İbrahimə siyasi sığınacaq verdikdən sonra bu münasibətlər pozulur. Uzun Həsənin xəyanətkarın ona göndərilməsi ilə bağlı dəfələrlə etdiyi tələbin rədd edilməsi Ağqoyunlu hökmdarının Xorasana üç ordu göndərməsi ilə nəticələnir. Bir neçə mühüm Bayandur sərkərdəsinin başçılığı ilə göndərilən birinci ordu sərhəddə Yadigar Məhəmmədin mövqeyini möhkəmləndirir, Uzun Həsənin oğlu Zeynalın başçılıq etdiyi ikinci ordu Quhistanı zəbt edir, Sultan Xəlilin başçılıq etdiyi üçüncü ordu isə Astarabadı yenidən ələ keçirir. Nəhayət, 1470-ci ilin mayında/874-cü ilin zilqədə ayında Uzun Həsən həqiqi imperator üslubunda tərtib edilmiş fərmanla Yadigar Məhəmmədi Xorasanın müstəqil hakimi elan edir [108].

Ağqoyunluların birinci hücumunu uğurla dəf edən Sultan Hüseyin ikinci və üçüncü hücumlara qarşı uğurlu ola bilmədi. 1470-ci il yayın əvvəlində/874-cü ilin sonu-875-ci ilin əvvəlində o, Heratı tərk etməyə məcbur oldu və öz ordusunu yenidən qurmaq üçün çöllərə üz tutdu. Dərhal şəhərə daxil olan Yadigar Məhəmməd müvafiq qaydada vilayətin hakimi elan edildi. Lakin tezliklə aydın olur ki, uzun zamandır Teymurilərin oyuncaq hakiminə çevrilmiş Yadigar Məhəmməd  öz şahlığını türkmən hökmdarının təsiri altından çıxarmaq niyyətindədir. O, müxtəlif bəhanələrlə Ağqoyunlu qoşunlarının vilayətdən çıxarılmasını təkid edir. Lakin onun səriştəsizliyi, inzibati və dini işlərdə bacarıqsızlığı Heratın bir çox zadəganlarının ondan üz döndərməsinə səbəb olur, 1470-ci il avqustun 21-ə keçən gecə/875-ci il səfər ayının 23-də onlar şəhəri Sultan Hüseyinə təslim etmək qərarına gəlirlər. Bundan xəbərsiz olan sonuncu Şahruxi Yadigar Məhəmməd bir neçə gün sonra, Herata möhtəşəm qayıdışından iki ay keçməmiş edam edilir. Qəfil baş verən bu dəyişikliklər Uzun Həsəni Sultan Hüseyin Bayqaraya qarşı şəxsən birbaşa əməliyyat təşkil edərək Xorasana hücum etmək və ya onunla danışıqlara girmək kimi çətin bir seçim qarşısında qoyur.

Belə görünür ki, əvvəl Uzun Həsən birinci variantı seçir və Luristanın işğalından yenicə qayıtmış ikinci oğlu Uğurlu Məhəmmədi Sultan Xəlillə birləşmək üçün Xorasana göndərir. 1470-1471-ci ilin qışı üçün /875-ci ilin ortalarında Əcəm İraqının qışlağına köçmüş Ağqoyunlu düşərgəsində çox güman ki, Uzun Həsənin özü tərəfindən hökmdarın yazda şəxsən şərqə hücum edəcəyi haqqında xəbərlər yayılmağa başlayır. Sultan Hüseyin Ağqoyunlu qoşunlarının Simnandakı sərhədə doğru çəkiləcəyi və Astarabadı Teymurilərin nəzarətinə verəcəyi halda Ağqoyunlu hakimiyyətini tanıyacağını bildirdiyi üçün belə bir əməliyyat reallaşmadı. Fateh Mehmetlə Anadoluda yaxınlaşmaqda olan toqquşma ərəfəsində Xorasan kimi uzaq vilayətə getmək istəməyən Uzun Həsən bu şərtləri qəbul edir və müqavilə bağlamaq üçün nümayəndələrini Herata göndərir [109]. 1471-ci il yazın ortalarında/875-ci ilin sonlarında Sultan Xəlillə Uğurlu Məhəmməd Xorasanı tərk edərək Əcəm İraqında atalarına birləşirlər. Uzun Həsən də Cahanşah Qaraqoyunlu kimi İranın qərbi ilə şərqini tək hakimiyyəti altında birləşdirməyə müyəssər olmamışdı, bu vəzifəni nəvəsi Şah İsmayıl Səfəvi 1510/916-cı ildən sonra reallaşdıra bilmişdi. Saxta dostluq xarakteri daşıdığı üçün Ağqoyunlu-Teymuri münasibətləri qarşılıqlı narazılıq doğuran bir neçə hadisə nəticəsində gərginləşir, 1469-1471/873-875-ci illərdə baş verən hadisələr isə şübhələr yaradır [110].

1470-1471/875-ci ildə Uzun Həsənin tələsik Xorasanı tərk etməsi onun strateji prioritetlərinin Suriya və Anadolu sərhədində olmasından və bütün diqqətinin də bu bölgəyə yönəlməsindən xəbər verirdi. 1462-1466/866-870-ci illər arasında sərhəd zonasında baş verən toqquşmalar Ağqoyunlu nöqteyi-nəzərindən ümumən lokal xarakter daşıyan bir münaqişə idisə, ikinci Qaraman böhranı Fateh Mehmetin 1466/870-ci ildə keçmiş protejesi Pirəhmədin əlindən Qaraman bəyliyinin böyük hissəsinin qoparılması ilə alovlanmış, Qasım Qaramani isə tezliklə mühüm beynəlxalq problemə çevrilmişdi. Hələ 1463/868-ci ildə Venesiya İbrahim Qaramanlı və Uzun Həsənə yenicə düşmənçiliyə başladığı Fateh Mehmetə qarşı ittifaq qurmaq təklifi ilə müraciət edir [111]. Hər iki müsəlman hökmdarı böyük məmnuniyyətlə bu səlib yürüşünə qoşulmaq istədiklərini bildirir, lakin 1464/868-ci ildə İbrahimin ölümü və bundan sonra başlanan siyasi xaos, Uzun Həsənin Qaraqoyunlular və Teymurilərlə mübarizə üçün şərqə doğru irəliləməsi bu istiqamətdə hər hansı bir nəticənin əldə edilməsinə imkan vermir [112]. Bundan sonra 1470/875-ci ildə Uzun Həsən səfirini Venesiyaya və Papanın hüzuruna göndərərək Allah tərəfindən ona Cahanşah və Sultan Əbu Səid üzərində zəfər çalmağın nəsib edildiyini bildirir və əlavə edir ki, “indi yeganə maneəsi və düşməni Osmanlı Mehmet bəydir, onun hakimiyyətinin əzilməsi, torpaqlarının işğal edilməsi isə asan məsələdir” [113]. Bu asan məsələnin həlli Venesiyanın üzərinə götürdüyü öhdəliyə əməl edərək öz donanmasını Ağqoyunlu ordusu ilə birgə Osmanlılara qarşı hücuma göndərməsindən asılı idi. Lakin respublika Osmanlıların 1470-ci ilin yayında/875-ci ilin əvvəlində [114] Ağrıbozu və ya Neqropontu işğal etdikdən sonra irəli sürəcəyi sülh təkliflərini gözləyir və bu səbəbdən də Uzun Həsənin təklifinə dərhal cavab vermir.

1470-1471-ci ildə/875-ci ilin ortalarında Qumdakı qışlağında olarkən Uzun Həsən Osmanlıların Qaramanda yeni işğalları barədə xəbər alır. Hələ də Venesiyadan cavab gözləyən Uzun Həsən qərb istiqamətində irəliləyərək Şərqi Anadoluya böyük ordu göndərmək qərarına gəlir. Onun Anadolunun şərqinə göndərdiyi qoşununun sayı və yeri haqqında məlumat yoxdur, lakin bu əməliyyatın məqsədinin əsas Ağqoyunlu ordusunun keçməsi üçün təchizatın toplanması və bölgənin, xüsusilə də Kürdüstanın təhlükəsizliyinin təmin edilməsi olduğunu ehtimal etmək olar. Bundan başqa qeyd etmək lazımdır ki, bu hazırlığın məqsədi Qaramanın deyil, Gürcüstanın işğalı idi. Nəhayət, 1471-ci il yayın əvvəlində/876-cı ilin əvvəlində Qaraman taxtına iddialı olan Qasım Təbrizdə Uzun Həsənin sarayına gəlir və Osmanlılara qarşı mübarizə üçün yenidən Ağqoyunlulardan yardım istəyir [115]. Lakin vəd edilən Ağqoyunlu yardımı gecikir, Uzun Həsən 1471-ci il iyunun 20-dən başlayan 876-cı müsəlman ilinin böyük hissəsini Təbriz bölgəsində keçirir. On ay sonra, 1472-ci il aprelin 30-da/876-cı il zilqədə ayının 21-də səbirsizliklə gözlənilən Venesiya səfiri Katerino Zeno respublikanın dəstək vədi ilə Ağqoyunlu paytaxtına yetişir. Danışıqlar zamanı Uzun Həsən ağır artilleriya, odlu tüfəng və onları işlədə biləcək hərbi qüvvə olaraq texniki dəstək istəyir. Bu istək Kiprdəki Venesiyalı kapitan-generala bildirilir. Mayın əvvəlində/zilhiccə ayında Ağqoyunlu ordusunun əsas hissəsi qərb istiqamətində irəliləməyə başlayır [116].

Uzun Həsənin 1472-1473/877-878-ci illərdə Suriya və Anadoludakı hərbi əməliyyatlarını üç ayrı mərhələyə bölmək olar: 1472-ci ilin yayında/877-ci ilin məhərrəm-rəbiüləvvəl ayında Osmanlıların işğal etdiyi Qaraman üzərinə hücum, 1472-1473-cü ilin payız-qış aylarında/877-ci ilin rəbiülaxır-şəvval aylarında Məmlük və Suriya torpaqlarına basqın və 1473-cü ilin yayında/878-ci ilin səfər və rəbiülaxır aylarında əks-hücuma keçmiş Osmanlı ordusuna qarşı müdafiə əməliyyatı. Ağqoyunluların hər iki işğalından əvvəl Osmanlı və Məmlük sərkərdələrinə göndərilən məktublarla psixoloji müharibə başlanmışdı. Bu sənədlərin təhlili Ağqoyunluların hər iki müsəlman dövlətinə qarşı yönəlmiş düşmənçiliyinin səbəbinin araşdırılmasına yardım edir.

Öyünmə, təhdid etmə və saxta informasiya verməkdən ibarət Ağqoyunlu təbliğatını əks etdirən ən parlaq nümunə kimi Uzun Həsənin imperiya ideologiyasının formalaşmasını təsvir edən zaman misal gətirilən Şərabdar Həmzəyə göndərilmiş məktubu göstərmək olar. Məktubda Osmanlılara siyasi qaçqınlara sığınacaq verərək şərəfli addım atdıqları, hər iki müsəlman dövlətinə bir-biri ilə siyasi müharibə aparmaqdansa, qəza edərək qılınclarını kafirlərə qarşı yönəltdikləri üçün təriflər yağdıran uzun giriş hissəsindən sonra Uzun Həsəni Teymurdan fərqləndirən on dörd məsələyə toxunulur, bu müqayisədə birincinin ikinci üzərində olduqca böyük üstünlüklərə malik olduğu qeyd edilir və Osmanlıların Anadoludakı gələcək işğallarının dəhşətli nəticələrə səbəb olacağı vurğulanır. Sənəddə Teymurla müqayisədə Uzun Həsənin Allah tərəfindən göndərildiyi, kübar türk mənşəyinə mənsub olduğu, taktiki və strateji qabiliyyəti, şəxsi keyfiyyətləri və Osmanlılar tərəfindən hər şeydən məhrum edilmiş şahzadələrə himayədarlıq etdiyi qeyd edilir. Sənədin digər hissəsində Osmanlıların həyata keçirdiyi bir sıra tədbirlər, müsəlman tayfalardan alınan cizyə də daxil olmaqla Müqəddəs qanuna zidd olan vergi və rüsumların yığılması, tayfaların zorla məskunlaşdıqları ərazidən çıxarılması, beynəlxalq ticarətdə işlədilən qızıl pulların məzənnəsinin aşağı salınması və devalvasiyası, ticarəti məhdudlaşdırmaq üçün Tokatda ipək çəkən məntəqənin yaradılması kimi tədbirləri xüsusi tənqid hədəfinə çevrilir. Məktubun son hissəsində müəllif Osmanlıların Rumiyə vilayətinin valisi Şərabdar Həmzəni Fatehin 1402/805-ci ildə ulu babası Yıldırım Bəyazidin Ankara döyüşündə Teymur tərəfindən başına gətirilən faciəni təkrar yaşamaması üçün Qaramanın işğal edilmiş torpaqlarının geri qaytarılması məqsədi ilə Qaramanilərin adından Fatehlə danışığa çağırır [117].

Osmanlı mənbələri Ağqoyunluların 1472/877-ci il hücumunun ilkin uğurunun günahını Şərabdar Həmzənin üzərinə qoyaraq, bu uğuru onun səhv qiymətləndirməsi və hətta tamamilə məzuliyyətsiz yanaşması nəticəsində  Zülqədər mülklərinə gedən Ağqoyunlu qoşunlarına Osmanlı ərazisindən keçməsinə imkan verməsi isə  ilə əlaqələndirirlər.[118]. Yusif Bayandurun [119], Əmir bəy Mosullunun, Qızıl Əhməd İsfəndiyarinin və Qaramanilərdən Pirəhməd və Qasımın başçılığı altındakı qoşun Ərzincandan hərəkətə keçərək, əvvəlcə Tokata hücum etmiş,  tərəzilər və satış üçün nəzərdə tutulmuş böyük miqdarda ipəyin saxlanıldığı anbarlar da daxil olmaqla şəhərin böyük hissəsini dağıtmışdı [120]. Bundan sonra ordu Sivası keçərək Kayseriyə çatmış, şəhəri tərk etmiş Osmanlıların bir neçə artilleriyasını ələ keçirmişdi [121]. Əsirlər və ələ keçirilmiş materiallar Əmir bəy tərəfindən Uzun Həsənə aparılır, Yusif Bayandur və 20.000-lik ordu isə Osmanlı valisini, şahzadə Mustafanı Afyon Qarahisara sıxışdıraraq Qaraman ərazisinə daxil olur və Pirəhmədi yenidən paytaxt Konyada yerləşdirə bilirlər. Osmanlılar şübhəsiz ki, əməliyyatın qəfil baş tutması və güclü ordunun təhdidləri altında geri çəkilmişdilər [122], lakin 1472-ci ilin avqustunda/877-ci ilin rəbiüləvvəl ayında cavab addımları atmışdılar. Şahzadə Mustafa və Osmanlı sərkərdələrindən Gedik Əhməd Paşa və Mehmet Paşa Ağqoyunlu-Qaraman qoşunları ilə avqustun 19-da/rəbiüləvvəl ayının 14-də Beyşəhir gölünün qərbində üz-üzə gəlirlər. İşğalçılar ağır itkilər verərək məğlub olurlar. Yusifin özü bir sıra mühüm Ağqoyunlu əmirləri ilə birgə əsir götürülür, Qaramanilər – Pirəhməd Uzun Həsənin yanına, Qasım isə Aralıq dənizi sahilinə qaçaraq xilas ola bilirlər [123].

Pirəhmədi Anadoludakı məğlubiyyətinin qisasını almağa inandırmağa çalışan [124] Uzun Həsənin özü 1472-ci ilin oktyabrında/877-ci ilin cəmadiyələvvəl ayında Məmlüklərə qarşı ənənəvi siyasətində köklü dönüş edərək Suriya sərhədinə hücuma keçir [125]. Uzun Həsən Misir hakimiyyətinə qarşı niyyətini sərhəd Besni qalasının Məmlük hakiminə yazdığı məktubda ifadə edir:

…azadlıq müqəddəs və dünyəvi qanuna görə, suverenlik və hakimiyyət üçün mühüm şərtlərdən biridir. Bu kriteriyaların Misir sultanları və Suriya valilərində olmadığı hamıya məlumdur… Bu səbəbdən də qulların hakimiyyətini əzmək və müsəlmanlar arasında pis nümunə olan bu yeniliyi məhv etmək hər bir güclü hökmdarın müqəddəs borcudur…[126]

Ağqoyunlu padşahının bir fərmanı da Məmlük vassalı Şahbudaq Zülqədərə göndərilir. Məktubda Ağqoyunlu hökmdarı vassalı öz torpaqlarını tərk etməyə, Qahirə sultanına tabelikdən imtina etməyə və Uzun Həsəni hakimi və qanuni müsəlman hökmdarı kimi tanımağa çağırır [127]. Əl-Əşrəf Qayıtbayın özü də eyni məzmunda bir məktub alır. Şimaldan çaxan bu diplomatik ildırım müsəlmanların həcc ziyarətinin başladığı bir dövrdə Uzun Həsənin yenidən özünü Müqəddəs şəhərlərin hakimi elan etməyi planlaşdırdığı üçün Hicazda da əks-səda verdi. Şübhəsiz ki, bu addımların arxasında duran praktik və mühüm məqsəd önəmli Malatya-Hələb ticarət yolu və Aralıq dənizi üzərində nəzarətin ələ keçirilməsi, həmçinin Avropalı müttəfiqləri ilə əlaqənin yaradılmasından ibarət idi.

1472-ci il noyabrın əvvəlində/877-ci ilin cəmadiyəlaxır ayında Uzun Həsən Fərat çayını keçir və qısa müddətə sərhədyanı zolaqda yerləşən Malatya, Kahta, Gərgər və Ayntab qalalarını tutur. Dekabrın 14-də/rəcəb ayının 15-də o, Hələbin kənarında Məmlük ərazisinə soxulur. Oğlu Uğurlu Məhəmmədin başçılığı altında ikinci qoşun dəstəsi hətta Fəratın şərq sahilindəki Məmlük sərhəd məntəqəsi olan Birecik şəhərini də işğal edir. Lakin ola bilsin ki, artıq 1473-cü ilin yazında/877-ci ilin sonunda elan edilən Osmanlı əks-hücumunun gözlənildiyi bir dövrdə Uzun Həsən bəxtini çox da sınamaq istəmir [128].  Zülqədər bəyliyinin böyük hissəsinin işğal edilməsi Uzun Həsənin Dəclənin şərqində kifayət qədər uğurlu mövqe tutaraq Avropalı müttəfiqləri ilə əlaqəsini təmin etmişdi. Uğurlu Məhəmmədi Birecikdə arxa cəbhədə döyüşmək üçün saxlayan Uzun Həsənin özü Fəratın yuxarılarına doğru irəliləyərək Venesiyadan gələcək texniki dəstəyi gözləməyə başladı [129]. May/şəvval ayında Ağqoyunluların arxa cəbhədəki qüvvələri Məmlük sərkərdəsi Yaşbəkin hücumu nəticəsində ağır itkilər verərək Birecikdən çıxarıldı, Məmlüklər Ağqoyunlu qoşunlarını Ruhaya qədər qovdular. Nəticədə nəinki Uzun Həsənin əvvəllər əldə etdikləri itirildi, bir neçə məğlubiyyətdən sonra onun  hərbi imicinə, hakimiyyətinin xarizmatik nüfuzuna ağır zərbə endirildi [130].

Uzun Həsənin qərb əməliyyatının üçüncü və sonuncu mərhələsi Osmanlıların təşəbbüsü ilə başladı [131]. Ağqoyunlu-Osmanlı sərhədini tədqiq etmək üçün böyük akınçı dəstəsinin  göndərilməsindən sonra Fateh Mehmet və baş vəziri Mahmud Paşa 1473-cü ilin aprelində/877-ci ilin zilqədə ayında elit yeniçəri qoşununun başında Bosforu keçir və Anadoluya doğru irəliləməyə başlayır. Şərqə doğru yürüş zamanı sultanın nizami ordusuna müvafiq olaraq Xas Murad Paşa və Davud Paşanın başçılığı altında Rumeli və Anadolunun vilayət qoşunları, şahzadə Mustafa və şahzadə Bəyazidin başçılığı altında isə Qaraman və Rum hissələri birləşir. Sivasda birləşmiş Osmanlı hərbi qüvvələrinə baxış keçirilir. Müasirləri Osmanlı piyada, süvari dəstələri və artilleriya qüvvələrinin birlikdə 150.000-320.000 arasında olduğunu qeyd etsələr də, real rəqəm çox güman ki, 100.000-dən az olub [132].

Ağqoyunlular Ərzincan düzündə toplanmışdılar [133]. Ağqoyunluların qoşun sayı ilə bağlı mənbələrdəki məlumatlar Osmanlıların qoşun sayı ilə bağlı məlumatlardan da ziddiyyətlidir. Hadisənin şahidi olmuş Katerino Zeno yazır ki, Ağqoyunluların 300.000 atlı dəstəsi var idi, hadisədən bir neçə il sonra döyüşdə iştirak edən insanların sözlərinə əsaslanan Ambrosio Kontarini 40.000-dən çox döyüşçünün olmadığını yazır [134]. Lakin bütün bunlara baxmayaraq qoşunun sayına görə Osmanlıların Ağqoyunlulardan qat-qat üstün olduqları şübhə doğurmur.

Bir il əvvəl Beyşəhirdə əsir götürülmüş Ağqoyunlu sərkərdələrindən ifadə aldıqdan sonra Osmanlılar Kəlkit dərəsinə hücuma başlayırlar. Sərhəd şəhəri olan Niksar yaxınlığında ilk döyüş baş verir. Ağqoyunlular məğlubiyyətə uğrayırlar, qarnizon təslim edilir [135]. Düşmənin Koyulhisar və Qarahisardakı mövqelərindən yan keçən Osmanlılar Ağqoyunluların əsas qüvvələri ilə toqquşmadan Ərzincan düzünə çıxırlar [136]. Ərzincan yalnız simvolik müqavimət göstərə bilir, təslim olduqdan sonra şəhərə od vurulur. Fateh Fəratın şimal sərhədi boyunca  şərqə doğru irəliləyərək Tərcana çatır. Burada Osmanlılar özlərinə uyğun tərzdə, Teymurun mobil istehkamına oxşar, lakin Osmanlı üslubunda bir-birlərinə zəncirlənmiş artilleriya ilə əhatəyə alınmış düşərgə qururlar [137]. Tezliklə akınçı qarovulçular çayın o biri sahilində saylarını müəyyənləşdirə bilmədikləri Ağqoyunlu qüvvələrini görürlər.

Çərşənbə günü səhər, 1473-cü il avqustun 4-də/878-ci il rəbiüləvvəl ayının 9-da Rumeli süvari dəstələri ilə akınçı artilleriya qüvvələri Fəratı keçməyə cəhd edirlər. Ağqoyunluların pusquda gizlənmiş ön cəbhədəki dəstəsi qəflətən çayı keçməyə cəhd edən Osmanlı qüvvələrinə hücum edərək onlar arasında çaşqınlıq yaradır. Axşama doğru döyüş dayandıqda Osmanlıların ağır itki verdikləri məlum olur. Çoxlu sayda döyüşçü döyüş meydanında həlak olmuş, suda boğulmuş və ya əsir götürülmüşdü, sağ qalanlar isə geriyə, Fatehin qərargahına dönmüşdülər [138]. Gecə hər iki düşərgədə təlaş içində keçir. Deyilənə görə, baş verənlər Fatehi o qədər narahat edir ki, o, əməliyyatdan imtina edərək ən qısa zamanda Uzun Həsənin ərazisindən geri çəkilmək qərarına gəlir. Çayın o biri sahilindəki şənliyi yaranmış əlverişli vəziyyətdən dərhal və ya sonra istifadə etmək üstündə gedən mübahisə korlayır və bu mübahisə Uğurlu Məhəmmədlə atası Uzun Həsən arasında olduqca ciddi nəticələrə səbəb olacaq münaqişəyə çevrilir [139].

Osmanlı qoşunları geriyə çəkilərkən kiçik Ağqoyunlu dəstəsi çayın o biri sahilindən onları izləməyə başlayır. Fateh təqibdən yayınmaq üçün əvvəl çayın şimalı ilə gedir, sonra isə qərbə dönüb Osmanlı ərazisinə daxil olmaq üçün əsas yollardan birinə çıxır. Fərat üzərində toqquşmadan bir həftə sonra, avqustun 11-də/rəbiüləvvəl ayının 16-da Osmanlı ordusu Kəlkit dərəsini keçmək üçün danışıqlara hazırlaşmaq məqsədi ilə Otluq dağının ətəyindəki Başkənd (müasir Başköy) kəndi yaxınlığında gücləndirilmiş düşərgə salır [140].

Döyüşün özü haqqında mənbələr müxtəlif məlumatlar verir. İndi təqdim edəcəyimiz hissədə baş vermiş döyüşün təxmini təsviri təqdim edilir. Ağqoyunlu ordusu Osmanlı düşərgəsindən hündür ərazidə beş hissəyə bölünərək Fatehin qoşunlarını aypara şəkilində yarı dövrəyə alır. Çox güman ki, Uzun Həsən heç bir zaman açıq döyüşə girmək niyyətində olmamış, Osmanlı mövqelərinə təzyiq göstərərək onları uzun müddətli mühasirədə saxlamağı planlaşdırmışdı. Bu taktika cəmi bir neçə il əvvəl müvəffəqiyyətlə daha yaxşı təşkil olunmuş və silahlanmış Cahanşah və Sultan Əbu Səidə qarşı tətbiq edilmişdi. Lakin çıxılmaz vəziyyət və getdikcə azalan təchizat Osmanlı strategiyasını dəyişir, gücləndirilmiş mövqelərdən topçu və piyada dəstələri artilleriya və odlu silahla yaxınlaşmaqda olan süvari dəstələrinə atəş açır. Əməliyyatın təsiri heyrətamiz olur, Ağqoyunlu qüvvələri dəhşət içində qaçmağa üz tuturlar. Bundan sonra düşərgəni tərk edən Osmanlı süvariləri pərakəndə şəkildə qaçan Ağqoyunluları dağın ətəyinə qədər təqib edir.

Səkkiz saatlıq qızğın döyüşdən sonra Ağqoyunlu qüvvələri tamamilə məğlub edilirlər. Ağqoyunluların sağ cinahı şahzadə Mustafanın başçılıq etdiyi Anadolu və Osmanlı qüvvələri tərəfindən darmadağın edilir. Ağqoyunluların başçısı Uzun Həsənin oğlu Zeynal öldürülür, onun rəhbərlik etdiyi dəstə döyüş meydanında edam edilir. Bu səhnə Mehmet bəyin çəkdiyi əsərdə təsvir olunmuşdu (lövhə II) [141]. Ağqoyunluların Uzun Həsənin qardaşı oğlu Murad bin Cahangirin başçılığı altında olan sol cinahını şahzadə Bəyazid dağıdır, digər hissələr Uzun Həsənin rəhbərlik etdiyi mərkəzi qüvvələrə zərbə endirərək imperiya nişanlarını ələ keçirirlər [142]. Fiziki cəhətdən olduqca Uzun Həsənə bənzəyən Pir Məhəmməd Alpavut Həsən padşah olduğunu iddia edərək mühasirəyə alınır və beləliklə də hökmdarın qaçmasına imkan yaradır. Osmanlıların imperiya nişanələrini ələ keçirməsi, atasının döyüş meydanından qaçması sol cinahda olan Uğurlu Məhəmmədə Fatehin düşərgəsinə təşkil etdiyi uğurlu hücumun davam etdirilməsinin əhəmiyyətsiz olduğunu anlatdı, o da döyüş meydanını tərk edir. Osmanlılar məğlub olmuş ordunu Uzun Həsənin düşərgəsinə qədər təqib edərək yol boyu çoxlu sayda əsir götürürlər.

Lövhə II, Fateh Mehmet və Ağqoyunlu əsirləri Başkənddə, Mehmet bəy tərəfindən çəkilib, Seyid Loğman Urməvi, Hünərnamə, şəkil 170b.

Müxtəlif dərəcədə qeyri-obyektiv olmalarına baxmayaraq, mənbələr Ağqoyunluların bu döyüşdə ağır itkilər verdiklərini, çoxlu sayda əsir götürüldüyünü təsdiqləyirlər [143]. Fateh Mehmetin ordusunun daha yaxşı təşkil olunması, sayca üstünlüyə malik olması, möhkəmləndirilmiş düşərgədə yerləşməsi və döyüş meydanında odlu silahdan istifadə etməsi Uzun Həsənin məğlub olmasını şərtləndirsə də, məğlubiyyətin əsas səbəbi Osmanlı artilleriyası və odlu silahı idi. Uzun Həsən 1457/861-ci ildə Dəclə üzərində açıq döyüşdə böyük qüvvələri məğlub etmiş, 1469/873-cü ildə Sultan Əbu Səidlə döyüşərkən mobil istehkamla toqquşmuş, hətta 1472-1473/877-ci ildə Məmlüklərlə döyüşdə odlu silahın təsirini də hiss etmişdi, lakin o, indiyə qədər bütün bu üstünlüklərə malik nizami ordunun hücumunun təsiri ilə qarşılaşmamışdı [144]. Məhz buna görə Başkənddəki döyüş XV/IX-XVI/X əsrlərdə Mərkəzi İslam torpaqlarında yayılmış texnoloji, siyasi və sosial dəyişikliklərin göstəricisi kimi qırx il sonra bu ərazidən 600 kilometr şərqdə hökmdarların nəvələri arasında daha məşhur toqquşma olan Çaldıranda baş vermiş döyüşün təhlili üçün mühüm əhəmiyyət kəsb edir. 

BAŞKƏNDDƏN SONRA

Fateh Mehmet Başkənddə qazandığı möhtəşəm taktiki qələbəsinin arxasına düşmədi. Osmanlılar Kəlkit dərəsindəki Ağqoyunlu sərhəd məntəqələri olan Qarahisar, Koyulhisar və Niksardan başqa ərazi tutmadılar. Uzun Həsən ciddi ərazi itkisinə məruz qalmadı. Əgər Zenonun xoş niyyətdən başqa bir şey olmayan iddiasına inansaq, bir lider kimi Uzun Həsənin mövqeyi sarsılmadı [145]. Lakin əslində iki xarizmatik hökmdar arasında baş vermiş Başkənd döyüşü şəxsən Uzun Həsən üçün Kürdüstan, Xorasan və Suriyadakı uğursuzluqla müqayisə edilməyəcək qədər böyük müvəffəqiyyətsizlik idi. Sözsüz ki, Başkənd döyüşü həm də müsəlman icmasına Allahın öz xeyir-duasını Uzun Həsəndən alaraq başqa bir qəhrəmana verdiyinə də işarə idi. Uzun Həsən artıq “IX/XV əsrin elçisi” və ya “dinin yeniləyicisi” olduğunu iddia edə bilməyəcəkdi, Uzun Həsənin gəlişindən bəhs edən Quran surələri indi Fateh Mehmetin zəfərinin şərəfinə oxunacaqdı [146].

Zenonun söylədiklərinin əksinə olaraq Uzun Həsənin məğlubiyyəti onun nüfuzuna və Ağqoyunlu imperiyasının şöhrətinə olduqca ciddi xələl gətirdi. Psixoloji şok olduqca böyük idi, bəzi mənbələrin iddiasına görə, bu məğlubiyyət türkmən liderin fiziki sağlamlığına ağır zərbə vurdu [147]. Düzdür, bu, Uzun Həsənin problemlərinin başlanğıcı idi, həyatının sonrakı illərini o, ailə üzvlərinin, digər məşhur Bayandurların və konfederasiyaya daxil olan tayfa başçılarının qiyamlarının yatızdırılmasına sərf edəcəkdi. Əslində daxildə yaranmış təhlükəli vəziyyət ona işğalçı xarici siyasətlə məşğul olmaq imkanı verməyəcək, onun Osmanlılara münasibəti Fateh Mehmeti gah qızışdırmaq, gah da sakitləşdirməkdən ibarət olacaqdı. Fateh Mehmeti sakitləşdirməsi siyasi və hərbi reallıqdan irəli gəlsə də, onun qızışdırılması böyük müttəfiqi olan Venesiyanı yanında saxlamaq üçün atılan addımlar idi [148].  Osmanlıların Anadolunun Aralıq dənizi sahillərinin böyük hissəsini işğal etməsi Ağqoyunlu – Venesiya ticarət əlaqələrinə ciddi ziyan vurdu, 1475/880-ci ildə Gedik Əhməd Paşanın Kəfəni işğal etməsi isə Qara dənizin Osmanlı gölünə çevrilməsinə səbəb oldu. Daxili və xarici şərait Ağqoyunlu imperiyasını öz daxili problemlərinə dönməyə məcbur etdi.

Uzun Həsənin son illərində ən mühüm daxili problemi onun 1474-cü ilin yayında/879-cu ilin əvvəlində üsyan qaldırmış ikinci oğlu Uğurlu Məhəmmədlə bağlı idi. Uğurlu Məhəmmədin üsyanını Uzun Həsənin ölümündən cəmi bir neçə ay əvvəl, 1477-ci ilin sonlarında/882-ci ilin ortalarında yatırtmaq mümkün olmuşdu [149]. Ata və oğul arasında Osmanlılarla müharibə ilə bağlı yaranmış mübahisə Uzun Həsənin xəstəliyi ilə bağlı varislik məsələsi nəticəsində daha da şiddətlənmişdi. Həm əyalətlərdə, həm də sarayda iki qrup formalaşmışdı. Sarayın ən güclü qrupunun başında Uzun Həsənin birinci xanımı Səlcuqşah bəyim dururdu. O, böyük oğlu, o zaman Farsın hakimi olan Sultan Xəlilin varis olmasını istəyirdi. Müxalif tərəfə Uğurlu Məhəmmədin anası Egilin kürd hakimi Dövlətşah Bulduqaninin qızı və Maqsudun anası Teodora Komnin daxil idi, onlar Uğurlu Məhəmmədi dəstəkləyirdilər. Bu qrupu əyalətlərdə Azərbaycanın şimal-şərqinə nəzarət edən Çaxırlı tayfası və Uzun Həsənin qardaşı, Ruhanın hakimi Üveys dəstəkləyirdi. Bağdadın hakimi olan Maqsud da deyəsən ögey qardaşı Uğurlu Məhəmmədin arxasında idi, lakin Səlcuqşahın qardaşı Dana Xəlil bin Kor Məhəmmədin nəzarəti altında idi.

Uğurlu Məhəmməd öz iddiasına 1474-cü il yayın əvvəlində/879-cu ilin əvvəlində Sultan Xəlilin paytaxtı olan Şirazı onun əlindən almaqla başlayır. Uzun Həsən dərhal onunla birgə Təbriz yaxınlığındakı düşərgədə olan Ağqoyunlu qoşununu toplayır və Sultan Xəlili mövqeyində bərpa etmək üçün Farsa yollanır. Təbrizi müdafiəsiz görən Çaxırlı tayfası imperiyanın paytaxtına hücum edərək Uzun Həsənin nümayəndəsini məğlubiyyətə uğradır. Lakin Uğurlu Məhəmmədin Şirazı təcili tərk edib Suriyaya qaçması Uzun Həsənin Təbrizdə təhdidlərlə üzləşməsinə imkan vermir, 1474-cü ilin noyabrında/879-cu il cəmadiyəlaxır ayında Çaxırlı tayfası əzilir. Çaxırlılara qarşı mübarizədə qətiyyət göstərmədiyi üçün Uğurlu Məhəmmədlə ittifaqda günahlandırılan Uzun Həsənin oğlu Maqsud Təbrizdə həbs edilir. Ərəb İraqında baş verən siyasi çaxnaşma nəticəsində Maqsudun qəyyumu Dana Xəlil Bayandur Hilləyə köçürülür, onun yerinə şahın tərəfində olan tayfa başçısı Şahəli bəy Purnakın təyin edilməsi Uzun Həsənin apanaj sisteminin dağıldığını göstərən ilk nümunələrdəndir. Buna baxmayaraq həmin vilayətdə çaxnaşmalar davam edir, sonunda İraqın cənubundakı Muşaşa məhdi dövləti və Xuzistan da Ağqoyunluların daxili münaqişəsinə cəlb olunur.

Bu zaman Suriyadakı Uğurlu Məhəmməd atası ilə olan münaqişədə Ruhanın hakimi olan əmisi Üveysi öz tərəfinə çəkə bilir, həmçinin Hələb və Birecikdəki Məmlük sultanının nümayəndələrindən dəstək vədi də alır. Lakin yenə də atasının tərəfdarları üstünlük qazanırlar və 1475-ci ilin iyununda/880-ci ilin rəbiüləvvəl ayında koalisiya dağıdılır. Üveys Ruhadan qovularaq edam edilir, şəhəri Mosullu tayfasının nəzarətinə verirlər. Lakin Uğurlu Məhəmməd ikinci dəfə də qaça bilir, bu dəfə Osmanlılardan siyasi sığınacaq alır və Uzun Həsənlə Məmlük sultanı əl-Əşrəf Qayıtbay arasında yaxınlaşmaqda olan müharibənin qarşısı alınır. Uğurlu Məhəmməd Fateh Mehmet tərəfindən hörmətlə qarşılanır, Fateh Uğurlu Məhəmməd vasitəsilə Osmanlıların şərqdəki planlarını reallaşdırmaq niyyətində idi. Qızını Uğurlu Məhəmmədlə evləndirən Fateh yeni kürəkənini sərhəd zonası olan Sivasda yerləşdirir, doğru zaman gəldikdə varisliyə iddiası üçün onu ordu və lazımi insanlarla təmin edəcəyinə söz verir.

Sürgün və üsyan iştirakçılarının edam edilməsi Uğurlu Məhəmmədin arxasında duran qrupun mövqelərini zəiflədir və qısa müddətə Uzun Həsənə daxili məsələlərdən narahat olmamağa imkan verir. Sultan Xəlili varisi və müavini təyin etdikdən sonra Uzun Həsən 1476-1477-ci ilin payız-qış aylarına/881-ci ilin ikinci yarısına planlaşdırılmış Gürcü çarlığı Kartli üzərinə hücum üçün qoşunlarını toplamağa başlayır [150]. Şübhəsiz ki, bu yürüşün də məqsədi 1461/866-cı il qəzasının məqsədi ilə eyni idi. Uzun Həsən Başkənddə ciddi şəkildə zədələnmiş nüfuzunu bərpa etmək, bu dəfə Moskva və Qızıl Ordadan ibarət olan yeni müttəfiqləri ilə əlaqələri gücləndirmək niyyətində idi. Müsəlman mənbələri bu qəzada ruhani təbəqəsinin oynadığı böyük rolu və Uzun Həsənin yenidən onların etibarını qazanmaq arzusunu qeyd edirlər. Əldə edilən qənimət, əsir və ərazi baxımından əməliyyat olduqca müvəffəqiyyətli olmuşdu. Tiflis işğal edilmiş və Sufi Xəlil bəy Mosullunun hakimiyyəti altında gürcülərin paytaxtına çevrilmişdi, çar Baqrat isə böyük miqdarda xərac ödəməyə məcbur edilmişdi.

Sərt qış əməliyyatı deyəsən Uzun Həsənin vəziyyətini yenə də çətinləşdirdi, onun xəstəliyi və hətta ölümü haqqında xəbərlər  taxta iddialı olan iki əsas namizəd arasında mübarizəni yenidən alovlandırdı. Taxtın elan edilmiş varisi, Səlcuqşah bəyim tərəfindən Şirazdan çağrılan, Uzun Həsənin vaxtından əvvəl ölüm xəbərini elan edib, Azərbaycanın hərbi elitası tərəfindən Uğurlu Məhəmmədin sultan taxtına seçilməsi haqqında yalan xəbər yayan Sultan Xəlilin də ögey qardaşının məhvinə səbəb olan qəsddə günahı var idi [151]. Qara Osmani Bayandur bin Rüstəm və Süleyman bəy Bican da daxil olmaqla bir sıra yüksək rütbəli rəsmilər Uğurlu Məhəmmədlə Ərzincan yaxınlığında qarşılaşaraq onu məğlub edirlər, başını bədənindən ayıraraq Uzun Həsənə göndərirlər [152]. Uğurlu Məhəmmədin öldürülməsi, Maqsudun həbsi ilə Sultan Xəlilin atasının sağlığında taxta çıxması üçün qarşısında duran bütün maneələr aradan qalxmış olur [153].

Müsəlman Ramazan bayramı gecəsi, 1478-ci il yanvarın 5-də Əbu əl-Nəsr Həsən Bayandur nəhayət uzun sürən xəstəlikdən sonra əlli iki yaşında özünün Təbrizin yaxınlığındakı qış iqamətgahında dünyasını dəyişir. O, öz paytaxtında inşasına başlanmış Nəsriyyə adlı  böyük türbə kompleksində dəfn edilir. Bu qüdrətli hökmdarın hakimiyyəti altında Ağqoyunlu Anadolunun şərqindəki yerli bəylikdən Mərkəzi İslam torpaqlarının əksər hissəsini əhatə etmiş İslam dünyasının böyük gücünə çevrildi. Başkənddən sonra Ağqoyunlu imperiyası bütün cəbhələrdə müdafiə mövqeyinə keçsə də, bu dövlət inkişafının ən yüksək nöqtəsinə Uzun Həsənin hakimiyyəti dövründə çatır. Daxildə Uzun Həsənin işğalları və mərkəzləşdirmə siyasəti oğlu Yaqubun hakimiyyəti dövründə Təbrizdə yüksək İslam mədəniyyətinin çiçəklənməsi üçün maddi baza yaratsa da, imperiyasının ikili tayfa-bürokratik quruluşundan bəhrələnən bir sıra həll olunmamış məsələlər və gərginliklər bu imperiyanın əsaslarını sarsıdaraq nəticədə onun tamamilə dağılmasına gətirib çıxardı.


İstinadlar və qeydlər


54. HAVADİS,  675; SAYRAFİ, 12; İYAS, 3:19.

55. HAVADİS,  699; SAYRAFİ,  51-52, 53; İYAS, 3:27.

56. Bu səfirliklə bağlı bax: HAVADİS,  712, 713-714; SAYRAFİ,  74-75, 76-77 və İYAS, 3:32. Bu fəthnamənin arxiv nüsxəsi  TKS E.10727-də qorunur, onun digər versiyası isə Evoğlu tərəfindən ASNADda, A:561-570, verilir. TKS E-dəki nüsxə 1469-cu il martın 21-ə/873-cü il ramazan ayının 7-nə aiddir. Lakin nəzərə almaq lazımdır ki, SAYRAFİdə, 198-199, 1470-ci ilin iyuluna/875-ci ilin məhərrəm ayına aid edilən digər səfirlikdən də söhbət açılır və bu səfirlik vasitəsilə Uzun Həsən yenə də özünü əl-Əşrəf Qayıtbayın məmlükü kimi təqdim edir.

57. Həm arxiv nüsxəsində, həm də Evoğlunun versiyasında 48-ci surənin 3-cü ayəsi bütövlüklə verilir. Əvvəldə olan bağlayıcısı 1467/872-ci il tarixinin oxunması üçün buraxılmalıdır. Əbcəd sisteminə görə 6-ya bərabər olan vav hərfi 1473/878-ci il deməkdir, bu, Uzun Həsənin Başkənd döyüşündə məğlub olduğu ildir!

58. Məsələn, bax: DİYAR, 406 (bida sözü Sümər və Luqalın nəşrlərinin köməkliyi ilə bərpa edilməlidir); QİYASİ A:29-31, 51-52; B:301-302, 378-379; ƏMİNİ,  31, 164-165; BİDLİSİ 2:107a-108b (Osmanlı bunu təkzib edir).

59. TKS E,11676, 15-ci sətir/Baykal 1957:275: “…inayət-i Bari Ta’ala dər şan-i an padşah [Uzun Həsən] ziyada əz an şodə ke şərh təvan dad və ayət-i Quran və əhadis bər in məna varid əst və əkabir daran  bab çənd in xəbərha neveştənd.” Bu məktubun orijinalı Topqapı Saray Arxivlərində iki siyahıda (E.11602 və 11676) və bir neçə nüsxədə (məsələn, E. 9522 və11440) mövcuddur. Bu məktub qismən Tansəl 1953 tərəfindən tədqiq edilmiş və Baykal 1957 tərəfindən E. 11602 və 11440 əsasında nəşr etdirilmişdi; KEÇİK, 124, əsərdə məktuba yalnız istinad edilir.

60. ƏXLAQ 10: “…və çe amarat bər istehkam-i qavaid-i qahirə ajla və ala əz an ke sübhi zühuraş əz mətlə-i “bida”sininsər bərzada…” Həmçinin bax: ƏMİNİ, 165.

61. ƏMİNİ, 31-32.

62. ƏXLAQ, 9.

63. Şəxsi kolleksiyadan: “…be qüvvət əl ahadiyə və əl-in ayət əl sərmadiyə və əl-mucizət  əl-muhəmmədiyə və əl-davlət əl-bayanduriyə…”

64. Əbu Davud. Sunan, kitab 36. Məlahim: “in na Allah yabasu li hazhihi əl-umma a’la ras kulli mi’at  sannah  man yucaddidu laha dinaha.”

65. XANSARİ, 525, bu nəzəriyyənin İmamilər üçün olduğunu bəyan edir.

66. İbn əl-Asir və Suyutinin siyahısı üçün bax: Səid 1984:40-45.

67.Woods 1990b:115.

68. Rəşidəddin Fəzlullah, Cami ət-təvarix, əlyazma, İstanbul, Topqapı Sarayı, Xəzinə 1653, 3b: “…mucaddid mərasim  əl-şəriət əl qurra  muayyad  maalim  əl-millat  əl-zahra…”

69. YƏZDİ 1:212. Həmçinin bax: MATLA 739.

70. ƏRZ, 3.

71. GÖVHƏR, 186.

72. TKS E,11676 (faksimil, 15-ci sətir/Baykal 1957:275): ƏRZ, 3 və Minorski  1938:148, qeyd 1; ƏMİNİ 164.

73. ƏXLAQ 3, 9.

74. ƏXLAQ, 228-229.

75. ƏFŞAR, 169.

76. TACİ, 24-29, Həmçinin bax: QİYASİ, A:57, B:391 və DİYAR, 555. Sonuncu mənbə hisbahın əhalisi din tərəfindən qəbul edilməyən bir sıra əməllərdə günahlandırılan Qəzvinə qaytarıldığını yazır. Lakin KONTARİNİ, A:601, B:132, Uzun Həsənin yemək yeyərkən şərab içməsindən yazır.

77. Uzun Həsənin Amiddəki Ulu Camidə 1469-1470/874-cü ilə aid yazısında (KONYAR, 2:145) ona olan müraciətə bax: “Mövlanə əl sultan  əl-malik  əl-adil  əl-alim  əl-abid  əl-müəyyəd əl-müzəffər əl-mənsur əl Bayandur Husam  əl-dünya  və əl-din  sultan əl-İslam və əl-Müslimin qatil əl-facarah  və əl-mutamarridin.”

78. Uzun Həsənin Məscid-i Cümənin eyvanında 1475-1476/880-ci ilə aid yazısı ilə bağlı bax: QODARD, 26; HÜNƏRFƏR, 95. 1476/881-ci ildə Uşturcan yaxınlığında yazılmış digər yazıda Uzun Həsən və onun hakimiyyəti bu cür  təsvir olunur (HÜNƏRFƏR, 275-277) : “dər zaman-i xilafat-i padşah əl-İslam  əl-sultan əl-zaman malik ruqab  əl-umam  Əbu əl-Nəsr Həsən Bahadur Xan.”

79. Məsələn, 1471/875-ci ildə Uzun Həsən Abharda məscidi, Məhəmməd Xudabəndə Ulcaytunun türbəsindəki qübbəni və Sultaniyədəki digər möminlərin tikililərini təmir etmək əmri verir (DİYAR, 557-558).

80. DİYAR, 523-524, 529, 530, 558-559, 564. Az sayda sənədli dəlilləri FƏRMANLAR, 63-67; BUSSE, ii, 151-153/FƏRMANLAR 74-76, tapmaq mümkün olub.

81. YAŞBƏK 106-109, 112-116.

82. LARİ, 219b-229a: Hinz 1936:119-120.

83. KOLOFONLAR, 299, 301, 316, 320. Lakin buradakı şahidlik ziddiyyətlidir, Uzun Həsənin antierməni siyasəti ilə bağlı digər məlumatlar üçün bax: KOLOFONLAR, 296, 303, 309, 312, 314-317, 318, 320-321. Lakin onun xüsusilə xristian yönlü siyasəti ilə bağlı bax: KOLOFONLAR, 301, 304, 305, 311. PAPAZİYAN, A:i:v, 253/FƏRMANLAR, 78-79, müstəsnalıq təşkil edərək Üçkilsənin erməni ruhanilərinin diskriminativ vergidən azad olunmasını 1475/880-ci ilə aid edir.

84. DİYAR,  558; BARBARO A: 570-572, B: 96-97; RAVZAT, 1:470.

85. RAVZAT, 1:214-215.

86. RAVZAT, 1:381, 440. Həmçinin bax: DİYAR, 476, 485 və GÜLŞƏNİ  36.

87. RAVZAT, 2:152-154.

88. HƏBİB, 4:427; və LUBB, 239, iddia edir ki, Uzun Həsən bundan sonra Səfəvi liderinin müridinə çevrilir!

89. DİYAR, 553-554, 560-561.

90. EI¹ 3:123-124 və EI² 4:44-46 –da “Mahmal”a bax.

91. HAVADİS, 546, 549. Cahanşahın mahmil haqqında qanunları ilə əlaqədar bax: TƏBRİZ, 83-85/FƏRMANLAR, 47-52.

92. Erkən mahmillər haqqında bax: DİYAR, 553-554, 560-561; CƏZİRİ, 336. 1472/876-cı il mahmili haqqında bax: CƏZİRİ, 337. SAYRAFİ , 428, yazır ki, həmin ilin aprel/zilqədə ayında Uzun Həsənin elçisi Qahirəyə əl-Əşrəf Qayıtbayın yanına gəlir. Bu elçiliyin məqsədinin nədən ibarət olduğu məlum deyil, lakin şaiyələr Uzun Həsənin Şahruxun Çaqmağın dövründə etdiyi kimi Kəbəni örtmək üçün kisva göndərməsinə icazə istədiyini deyir. İYAS, 3:70, əlavə edir ki, əl-Əşrəf Qayıtbay bu elçilikdən heç məmnun qalmamışdı.

93. İYAS, 3:88, 90, 191-192. CƏZİRİ, 337.

94. CƏZİRİ 338.

95. Hər bir qrupun Ağqoyunlu konfederasiyasına daxil olması tarixi və şərtləri haqqında əlavə B-yə bax.

96. İlk dörd ailə və onların Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi idarə aparatında rolu haqqında məlumat üçün bax: Oben 1959. Uzun Həsənin dini məsələlər üzrə vəziri vəzifəsindən imtina edərək Xəlvəti təriqətinin müridinə çevrilən Seyid Əlaəddin Əli Beyhaki haqqında bax: RAVZAT, 1:476-477, DİYAR, 415-416, 477-478, 545, 552; ƏRZ, 16, 32-33; ƏMİNİ, 128 . Bəyliklə imperiya bürokratları arasında münaqişə ilə bağlı bax: GÜLŞƏNİ, 74-75, 151ff., 241-244.

97. Uzun Həsənilərin mərkəzləşdirilməsi ilə bağlı FƏLƏKİYƏnin tədqiqi onun üzünün Hinzin güman etdiyi kimi Ağqoyunlu sarayında köçürüldüyü ehtimalını gücləndirir (FƏLƏKİYƏ, giriş, 3). Bu fakt təsdiqlənsə, Elxani bürokratik təcrübəsi ilə Ağqoyunlu imperiya idarəçiliyi arasında əlaqənin, məsələn, FƏLƏKİYƏdəki, 172-184, dəftər-i qanun ilə Uzun Həsənin ticarət nizamnaməsi arasında əlaqənin yaradılması mümkün olacaq.

98. QİYASİ,  A:57, B:391-392.

99. Uzun Həsənin Anadoludakı qanunnaməsinin Osmanlı sultanları Yavuz Səlim və Süleyman Qanuni tərəfindən qorunması haqqında bax: QANUNLAR, xxxiii, xxxiv, xxxvi-xlii, xliii, xlv-xlvii; Hinz 1950; İnalcık 1959a, 1969. Səfəvilərin nəzarəti altında olan ərazilərdə ROMANO, A:447, B:172-173, tərəfindən qeyd edilən “bütün Fars ərazisində qüvvədə olan” maldarlıq vergisi aydın şəkildə Uzun Həsənin qanunnaməsini xatırladır. ŞƏRƏF, 2:120, yazır ki, XVI/X əsr boyu Azərbaycan, İraq və Farsın kəndliləri vergilərini Uzun Həsənin vergi qanununa uyğun olaraq ödəyirdilər. Bundan başqa, XVIII/XII əsrin əvvəllərinə qədər Səfəvi mərkəzi idarə aparatında xidmət edən bəzi məmurların maaşının da Ağqoyunlu qanunlarına uyğun ödənildiyi haqqında məlumat mövcuddur (TƏZKİRƏT,  65/100b). Süleyman Qanuninin Uzun Həsənin qanununu Ərəb İraqına qaytarması haqqında bax: QANUNLAR, li və ƏDALƏT, xvii.

100. Bu dövrdə Təbrizin Hələb və Bursa ilə ipək ticarətinin əhəmiyyəti haqqında bax: BARBARO A:549, B:73-74; KONTARİNİ A:597, B:127; GİSTELE, 271ff. Xəzər vilayətləri haqqında bax: İnalcık (1966a, 1966b):212-214;  Uzun Həsənin sarayında tacirlərin yüksək mövqeyi haqqında ( YAŞBƏK, 105).

101. BUDAQ, 207a, Hinzdə, 1936:121, düzgün tərcümə olunmayıb. Uzun Həsənin məzalim qanunvericiliyini tətbiq etməsi haqqında məlumat üçün bax: DİYAR, 530, LUBB, 219. Əlaüddövlənin qanunu üçün bax: QANUNLAR, xxix və Heyd  1973:44-53, 132-147.

102. Şərqi Anadolu qanunlarının “Osmanlı məzmunu” üçün bax: İnalcık 1959a. Uzun Həsənin əkinçilikdə məhsuldarlığın artırılması və əkinçiliyin çiçəkləndirilməsində maraqlı olmasını sübut edən qısa informasiya onun Ərəb İraqında Nehr-i Kərbalanı uğursuz aşmaq cəhdi haqqında məlumatla əlaqədar HƏFTdə, 3:169, yerləşdirilib. Bozulus köçərilərindən vergi toplanılarkən yol verilən əyintilərin Osmanlılar tərəfindən aradan qaldırılması üçün qanun-i qədimin bərpa olunması haqqında bax: QANUNLAR, xix və xxxii.

103. Bax ƏRZ və Minorski 1939; DİYAR, 427; FERİDUN 1:276-278/ASNAD A:773-574; ASNAD A:322. Uzun Həsən ordusunun digər təsvirləri ilə bağlı bax: BERÇETdə Zeno, xi, 134; BARBARO A:542-544, B:65-68 və KONTARİNİ  A:604-605, B:137.

104. BARBARO A:566, B:91, yazır ki, 1476-1477/881-882-ci il üçüncü qəza dövründə əsir götürülmüşlərin sayı 4000-5000 nəfər arasında idi, lakin KOLOFONLAR, 314, bu rəqəmi şişirdərək 36.000 nəfərə çatdırırlar. LUBB, 221, yazır ki, əsir götürülmüşlər Uzun Həsəni Tiflisə qədər müşayiət etmiş üləmalar, məşhur qardaşlıqların liderləri və peyğəmbərin varisləri arasında bölüşdürülür. Onların bəziləri (ANONİM SURİYA, xlvii) Amid və Ərzincanda qara və ağ qulların satışı ilə məşğul olan bazarlarda satılır (QANUNLAR 147, 183), bir qismi isə İslam dinini qəbul edir. BARBARO, A:543, B:66, yazır ki, Ağqoyunlu ordusunun yalnız kiçik dəstəsi qullardan təşkil olunmuşdu. Vryonis, 1965:214, qeyd 123, tərəfindən istinad edilən EKTEZİZ, 32, mənim Ağqoyunlu ordusunda kölə əsgər dəstəsinin olması haqqında rastlaşdığım yeganə məlumatdır.

105. Ağqoyunluların Kürdüstanın şimal-şərqini tabe etməsi haqqında ətraflı məlumat KOLOFONLARda, xüsusilə, s.305-307, yer almış Ercişli Musanın Uzun Həsənin işğallarına həsr olunmuş uzun poemasında qeydə alınıb. Həmçinin bax: DİYAR, 542-544; YAŞBƏK, 121; Uzun Həsənin MƏKTUBLAR, 30-31; ŞƏRƏFdə, 1:123-124, 387ff., yer almış Neapollu I Ferdinanda göndərdiyi məktub.

106. Uzun Həsənin Xorasandakı fəaliyyəti ilə bağlı ən mühüm təsviri mənbələr: MATLA, 1363ff;  İSFİZARİ 2:360ff; DÖVLƏT, 593-599; HƏBİB, 4:93ff; DİYAR,  513-514, 524, 531, 539, 545-548, 551-552; GÜLŞƏNİ, 29-31; İYAS 3:52. Sənədli mənbələrə daxildir: TACİ, 22-23, 27, 33-34; MALİPYERO  71-72/BERÇET 114-115. Evoğlunun köçürülmə inşasında qorunmuş və ASNAD A:1-də dərc edilmiş mühüm diplomatik yazışmalar ASNAD A materialları üçün aşağıdakı xronologiyanı təklif edir: (1) 346-348; (2) 349-352, 353; (3) 317-319?; (4) 325-329; (5) 342-343; (6) 344-345; (7) 320-323; (8) 330-334; (9) 335-341.

107.TACİ, 22-23. ASNADda, A:325-326, Uzun Həsənin Sultan Hüseyin Bayqaraya göndərdiyi məktubda Ağqoyunlu hökmdarı Sultan Hüseyinin ilk elçiliyini xatırladır, lakin xütbəsikkələr haqqında heç bir şey demir. Adətən Məmlükərə, Osmanlı və Avropa hökmdarlarına göndərdiyi məktublarda Uzun Həsən  Teymurilərə tabe olduğunu qeyd edir, lakin Sultan Hüseyin Bayqaraya göndərilən məktubda Uzun Həsənin müraciət tonu tabe olanın deyil, bərabər hüquqlu şəxsin məktubunu xatırladır.

108.ASNAD, A:320-323/FƏRMANLAR, 69-73. Erzi, 1954:181, öz kitabında Uzun Həsən hakimiyyətinin ilahi mənşəyə malik olmasını ifadə edən bu fərmanın tarixçi Əbubəkr Tehrani-İsfahaniyə aid olduğunu bildirir. DİYAR yazır ki, Tehrani-İsfahani Ağqoyunlulara bir il əvvəl yayda, 1469/873-cü ilin sonunda qoşulmuşdu.

109. DİYAR, 551-552 və HƏBİB, 4:154, yazır ki, Xorasana göndərilmiş ilk missiyaya rəhbərlik edən Qazi Əlaəddin Beyhaki 1471-ci ilin fevral-mart/875-ci ilin ramazan ayında Herata dönən Teymuri səfirliyini müşayiət etmişdi. Lakin GÜLŞƏNİ, 30, Qazi Əliyə aid heç bir məlumat vermir və Cümə xütbəsinə nəzarət və digər məlumatları Şeyx İbrahim Gülşəninin adı ilə bağlayır.

110. Başkənd döyüşündən sonrakı il Fateh Mehmet Sultan Hüseyin Bayqaranın ümumi rəqib Uzun Həsənə qarşı olan düşmən münasibətindən istifadə edərək Ağqoyunlulara qarşı Osmanlı-Teymuri ittifaqını bərpa etməyə cəhd göstərir. Bu cəhd XVI/X əsrdə Səfəvilərə qarşı yönələcək Osmanlı-Özbək ittifaqının ilk carçısı idi. (FERİDUN, 1:283-285/ASNAD A:361-364). Ağqoyunluların Tokatı dağıtması, Beyşəhir yaxınlığında Yusifin məğlub olması, Başkənd döyüşü, Qarahisarın Osmanlılar tərəfindən işğalı və Uzun Həsənin Osmanlı elçiliyi ilə pis rəftarı  TKS E,3131 və MƏKTUBLARda, xlvii, 121-122, verilən məlumatlarla təsdiqlənir. Bu mənbələrin hamısı məktubun Başkənd döyüşündən sonra yazıldığını göstərir. Nəhayət, Sultan Hüseyin Bayqaranın 1474/879-cu ildə Fatehin səfirinə verdiyi təminat sənədinə bax: TKS E.12305/BAYQARA.

111. Lazaro Kyurini Uzun Həsənin sarayını ziyarət etmiş ilk Avropalı səfirlərdən idi (BERÇET, ii 102-104). BERÇETin əsəri ona əlavə olunmuş sənədlərin hesabına hələ də əhəmiyyətini saxlayır, lakin son dövr tədqiqatları ilə əlaqədar bax: Minorski 1940; Tansel 1953:281-288; Turan  1965:65-94; Ağqoyunlu-Avropa əlaqələri haqqında daha geniş məlumat üçün bax: Palombini  1968: 12-31.

112. Ağqoyunlu elçiliyi Venesiyaya 1464/869 və 1465/870-ci illərdə gəlmişdilər. Kasam Həsənin ikinci elçiliyi Uzun Həsənin Osmanlılarla müharibəyə hazır olduğunu təsdiqləmişdi (MALİPYERO, 33-34; BERÇET iv və v, 105-108).

113. MALİPYERO, 68: “Non ne resta altro  ostaculo et inimico, salvo el fiol dell’ Othoman Turco, Maomet Bei; et ne e facil cosi abbasar  et eradicar  el suo  dominio  et signorio.” Sultaniyədə yazılan bu məktubun tarixi “2 agosto nell’anno dopo Macometo 874 [olduğu kimi]”; yəni 1469-cu il məhərrəm ayının 23-üdür. Lakin məktubda Ağqoyunluların Bağdadı işğal etməsi xatırladılır, bu işğalın 1469-cu ilin dekabrında/874-cü ilin cəmadiyəlaxır ayında baş verdiyini nəzərə alsaq, hicri ili 875 olmalıdır, bu səbəbdən də dəqiq tarix 1470-ci il avqustun 2-si/875-ci il səfər ayının 4-dür.

114. Şübhəsiz ki, Venesiyalılar üzərində qələbəsini qeyd edən Fateh Mehmet Uzun Həsənə fəthnamə göndərmişdi (TKS E,10822). Həmçinin bax: TACİ, 36-41.

115. Mənbələrin ziddiyyətli və natamam təbiətə malik olduğunu nəzərə alsaq, bu mürəkkəb məsələlərin aydınlaşdırılmasının xüsusilə çətin olduğunu görərik. 1471-ci il qışın sonu-yazın əvvəlində/875-ci ilin sonunda Anadolunun Aralıq dənizi sahilində yerləşən Alaniyanın hakiminə (TKS E, 3122), Rodos cəngavərlərinə (TKS E, 8344), Kiprin kralına (TKS E, 9662) və Venesiya Respublikasına (BERÇET 6; Pastor 1891:4:228) Uzun Həsənin Osmanlılar tərəfindən işğal edilmiş Qaramana hücum etmək niyyətində olduğu haqqında məktub göndərilir. 1471-ci il 21 fevral/875-ci il 1 ramazan tarixli Rodos və Kiprə göndərilən məktublarda Uzun Həsənin oğlu Zeynalın başçılığı altında 30.000-lik ordunun qərb cəbhəsinə göndərildiyi yazılır. Lakin iyun/zilhiccə ayında Uzun Həsənin Pirəhməd Qaramaniyə göndərdiyi məktubda Mihmad bəyin başçılıq etdiyi 40.000-lik ordudan bəhs edilir (TKS E. 5486, həmçinin Qasım Qaramaniyə göndərilən məktuba bax: TKS E, 12288b). Bu məlumat DİYARdakı məlumata uyğun gəlmir. DİYARda, 553, 556, hamal-şəvval/aprel ayında Qumdan Qaramana qoşun göndərildiyi haqqında yazılır, lakin nə qoşunun sayı, nə də başında duran sərkərdənin adı qeyd olunmur. DİYAR, 559, Mihmad bəyin adını 1471-ci ilin iyulunda/876-cı ilin məhərrəm ayında Bidlisi mühasirəyə almış 2000 nəfərlik hərbi dəstənin sərkərdələri arasında çəkir. Osmanlı rəsmilərinə ünvanlanmış tarixi olmayan kəşfiyyat hesabatında isə, TKS E, 5433a, Ərzincan ruhanilərinin başçısı Əhməd Bikricinin Uzun Həsəndən müəyyən məbləğdə pul alaraq bölgənin din xadimlərinin Gürcüstan yürüşü üçün toplanmış Ağqoyunlu qoşunlarını müşayiət etmək üçün yay düşərgəsinə göndərilməsi haqqında əmr aldığı yazılır. Mənbələrdəki bu ziddiyyətli məlumatlar çox güman ki, Uzun Həsənin Anadoludakı müsəlman müttəfiqlərinin anti-Osmanlı mövqeyini gücləndirmək istəyindən və Venesiyalılardan tam şəkildə hərbi dəstək alana qədər şərq vilayətlərindəki hərbi hazırlığı qəza haqqında inandırıcı hekayələrlə gizlətmək niyyətindən bəhrələnirdi.

116. Bu məlumatlarla bağlı bax: Zenonun Pyetro Moçeniqoya 1472-ci il 30 may/876-cı il 21 zilhiccə tarixli hesabatı, MALİPYERO , 76.

117. TKS E, 11602, 11676; Baykal 1957.

118. Digər mənbələr Həmzənin düşmənlə əlaqəsi haqqında yazmır. Bu bölmə üçün təhlil edilən əsas təsviri və sənədli mənbələr aşağıdakılardır: TKS E, 9095 (9196)/Baykal 1957:284; MUALİ, 150; DURSUN, 146-149; AŞIK A: 176-177, B:169-170; NƏŞRİ  A:798-800, B:1:206-208, 2:294-295; BİDLİSİ  2:97b-98b; ƏHSƏN A:522-525; KAMAL, 344-360; TAC, 1:522-524, FERİDUN 1:279-280/ASNAD A:580-583. Uzun Həsənin Osmanlı ərazisini işğalı haqqında digər mənbələrə daxildir: PSEVOD-ANCİOLELLO A:370-382, B:75-88; SİPPİKO, 273; KOLOFONLARda Ercişli Musa, 307; NİKİTİN, 30-31; MALİPYEROda Zeno, 82-83.

119. Yusif bəy, Yusif Mirzə, Yusif şah, Yusifcə. Bu şəxsi ad mənbələrdə bəzi ziddiyyətlər yaradır. Müxətlif cür yazılan bu ad Uzun Həsənin qardaşı oğlu (Cahangirin oğlu və ya bacısının oğlu) və ya əmisi oğlunun adıdır. Mənbələrin çoxu sonuncuya uyğundur.

120. Ercişdən olan Musanın (KOLOFONLAR, 307) uzun poemasında qeyd olunan bu məsələ və Tokatda ipək çəkmə məntəqəsinin yaradılması ilə bağlı Şərabdar Həmzənin məktubundakı məlumat İnalcık 1966a:212 və İnalcık və Quattaertin, 1994:196, tədqiqatında Ağqoyunluların Tokata hücumunun Osmanlıların ipək ticarətini məhdudlaşdırması ilə əlaqəli olması ilə bağlı iddialarını bir daha təsdiqləyir. Tokatın miqyası ilə bağlı bax: SULTANİdəki xxxi, xxxii saylı sənədlər, 41-44.

121. Zenonun Kiprdəki Andrea Korrerə göndərdiyi 9 oktyabr 1472/877-ci il Cəmadiyələvvəl ayının 6-sı tarixli məktubuna MALİPYEROda, 82-83, bax: “Questo capitanio [Amir Beg Mavwsillu] con buon numero de cavalli ha posto tutto’l paese a fuoco e a fiama, et e andado  a Caraseri (Kayseri), terra altre volte del Caramano, et l’ha havuta, con molte bombarde; le qual son sta lassate dal fiol de Turco, che e fuzzido, et ha lassado tutto quello che l’havea nel suo alozamento.” Əldə edilən odlu silahlar qış əməliyyatı zamanı Məmlüklərə qarşı istifadə olunur (bax: Barbaronun Venesiya dojuna 27 aprel 1473/877-ci il zilqədə ayının 29-da göndərdiyi məktub, MƏKTUBLAR, xii, 26-30). NİKİTİN, 31, şahzadə Bəyazidin idarə etdiyi Amasiyanın işğalından yazır.

122. Osmanlıların vaxtında cavab verə bilməmələrinin səbəbini BİDLİSİ, 2:98a və digər mənbələr sərt qışla izah edir. BİDLİSİ yazır ki, Yusif Bayandur Kayserini həmin gün tərk edib. Həmin gün 1471-ci ilin dekabrı/877-ci ilin rəcəb ayı olmalıdır. Bu, Uzun Həsənin Ağqoyunlu ordusunun əsas hissəsi ilə qərbə doğru yürüşündən ən azı altı ay əvvəl baş vermişdi.

123. Bu tarix şahzadə Mustafanın atası Fateh Mehmetə göndərdiyi fəthnamədə yer alıb (FERİDUN 1:279-280/ASNAD A:582-583). Döyüşün baş verdiyi yer “Beyisar”, yəni “Beyşehir” (PSEVDO-ANCİOLLELO A: 378, B:83); Akşehir ilə Beyşehir arası (NƏŞRİ A:800, B:1:207, 2:295); Əflatun Pınarı (KAMAL, 354) və Kireli (TAC, 1:524) kimi qeyd olunub. Yusif İstanbula aparılır və MALİPYEROnun, 80, verdiyi məlumata görə, əvvəl həbsə atılır, sonra isə edam edilir. Lakin PSEVDO-ANCİOLLELO yazır ki, o, Uzun Həsənə qarşı gələcək əməliyyatları Fatehlə müzakirə edib, 1476-cı il fevral /880-ci ilin şəvval tarixli məktuba əsasən isə o, hələ də Osmanlılar tərəfindən girov pulu alınması üçün həbsxanada saxlanılan məhbusların arasında idi (FERİDUN, 1:287-288/ASNAD A:589-590).

124. TKS E, 3132, Uzun Həsənin 5 sentyabr 1472/877-ci il rəbiülaxır ayının 1-də Pirəhmədə yazdığı məktub. Bu məktub faksimil olaraq AK-da vi sənədi kimi dərc edilib.

125. Bu əməliyyatla bağlı mənbələr: TKS E, 3128; MALİPYEROda Zeno, 83-84; MƏKTUBLAR, viii, 14-15, xii, 26-30; QİYASİ A:55, B:387; BİDLİSİ, 2:98b-99a/ƏHSƏN A:525-526; İYAS 3:80-82, 84, 86-87; BARBARO  A:527, B:47-48; ANONİM SURİYA, xlv.

126. TKS E, 3128, də Uzun Həsənin Malatyanı işğalından bir gün sonrakı tarix, 9 noyabr 1472/877-ci il Cəmadiyəlaxır ayının 7-si qeyd olunub (MALİPYEROda Zeno, 84): “…inna əl-hurriya aqdam şərait in lil-amarah va əl-hukumah şaran va urfan la yakhfi inna hadha al-şart mafqudun  fi salatin Misr va hukkam bilad əl-Şam ..binan ala hadha yacibu ala kull zi şavka daf tasallut al-abid va raf hadha [olduğu kimi] al bid’at al ba’id [olduğu kimi] min bayna al-muslimin…”.

127. İYAS 3:81.

128. QİYASİ A:55, B:387: “Həsən bəy əl-Bab adlanan yerə yaxınlaşdı, lakin müqəddəs hökmün qərarı ilə geri döndü, o, istəsə idi Hələbi alardı, lakin Allahın arzusu başqa idi.” 1472-ci ilin oktyabrında/877-ci il cəmadiyələvvəl ayında Fateh Mehmet Ağqoyunlulara qarşı yaz əməliyyatını elan edir (TKS E,1459), bu haqda ikinci bəyanat 1473-cü ilin fevralında/877-ci ilin ramazan ayında edilir (FERİDUN, 1:282-283). Fateh aprelin 11-də/zilqədə ayının 13-də İstanbulu tərk edir, TKS E. 9095/Baykal 1957, 284, bunun dörd gün sonra baş verdiyini yazır.

129. 1472-ci ilin sonu üçün/877-ci ilin ortalarına Venesiya respublikası yalnız Neapol krallığı, Siciliya, Papalıq, Kipr və Rodosdan real dəstək almağa müvəffəq ola bilir. Müttəfiqlərin 90-a yaxın avarlı qaleralarından (avarlı, yelkənli kiçik hərbi gəmilər-tərcüməçi) ibarət donanması Qaramani sahillərinin təhlükəsizliyini təmin etmək üçün göndərilir, İosafat Barbaro isə Uzun Həsənin tələb etdiyi döyüş sursatları və texniki mütəxəssisləri müşayiət etmək üçün yola düşür. Senat Barbaroya boğazların hərbisizləşdiriləcəyi və ticarət gəmilərinin sərbəst keçidinin təmin ediləcəyi halda Uzun Həsənə bütün Anadoluya nəzarət olunacağını vəd etməsini tapşırır (KORNET, li, lv/BERÇET, ix-x). Silah məsələsi “le bomharde grosse mezane et piccole, spingarde e schiopeti polvere in grandissima  quantita et ogni altra  necessaria  artiglieria, maistri per exercitar le bombarde mandate  e far de le nove, inzegnieri et tute cosse necessarie per espugnar le terre de 10 inimicho” ibarət idi (KORNET, lxiii). Hədiyyələr, silah-sursat və adamların göndərilməsi haqqında iki bəyannamə mövcuddur, onların kəmiyyət və dəyəri haqqında məlumatlar fərqlənsə də, məhsulların adlarında uyğunluq mövcuddur (MALİPYERO, 82: BARBARO A:517-517, B:37-38). Yunan dəniz atlarının da daxil olduğu desant Osmanlıların sahil ərazisindəki istehkamlarına qarşı uğur əldə edə bilmişdilər, lakin Barbaro hərbi sursatı sahilə endirə bilmir və sonunda Təbrizə əliboş getməli olur.

130. Bireciyə çəkildikdən qısa müddət sonra Osmanlı səfiri Avropa kafirlərinə ünvanlanmış ələ keçirilən Ağqoyunlu sənədləri ilə birgə Qahirəyə əl-Əşrəf Qayıtbayın sarayına gəlir. Bu, Uzun Həsənin fırıldaqları ilə bağlı Məmlük sultanına təqdim olunan ilk dəlil idi (bax: Vansbrough, 1961). Bununla bağlı İYAS-dakı, 3:86, şərh olduqca maraqlıdır: “Bu, onun müsəlmanlarla vuruşmaq üçün franklardan yardım istəməsi ilə bağlı uğursuzluğunun başlanğıcı idi.” Lakin qeyd etmək lazımdır ki, Osmanlı-Məmlük cəbhəsi formalaşmamışdı və Ağqoyunlularla sülh razılığı əl-Əşrəf Qayıtbayın təşəbbüsü ilə bağlanmışdı (BERÇETdə Zeno, xi, 134-135).

131. Bu bölmə üçün istifadə edilən mənbələrə aşağıdakılar daxildir: TKS E, 3134, 5445/Baykal 1957:7076, 8306, 9095/Baykal 1957:11980/YARLIK; FƏTHNAMƏ; MALİPYEROda Zeno , 89-91; BERÇETdə Zeno xi, xiii, 130-139; PSEVDO-ANCİOLLELO A:373-386, B:78-93/LEZZE 44-59, SİPPİKO, 287-288; KOLOFONLAR, 307-309, 325-326; KONTARİNİ A:633-634; ROMANO A:453-456, B:180-182; DURSUN, 150-159; ANONİM GİESE, 113-115: MUALİ; AŞIK A:177-182, B:170-175; NƏŞRİ A:808-812, B:1:208-213, 2:295-302; ƏMİNİ, 99, 169; BİDLİSİ,  2:98b-105b, KAMAL, 358-404; ƏHSƏN A:529-542; HÜNƏRNAMƏ, 170b.

132. İnalcık 1957:526. Yazılan digər rəqəmlər bunlardır: 36.000 (ROMANO A:455, B:182); 150.000 (BERÇETdə Zeno 135); 190.000 (PSEVDO-ANCİOLLELO A:374-375, B:79-80/LEZZE, 45-46) və 320.000 (SİPPİKO, 287-288).

133. ƏHSƏN, A:531-də yazılan kimi Ucan deyil. Zenonun yuxarıda istinad edilən yazışmasına və TKS E.3134-də 14 iyun 1473/17 məhərrəm 878-ci il tarixli Harputdan olan məktuba bax.

134. BERÇETdə Zeno xii, 135; KONTARİNİ 173. Həsən Rumlu bizə məlum olmayan mənbənin məlumatından istifadə edərək özünün ƏHSƏN, A:531, kitabında yazır: “40.000 nizə ilə silahlanmış güclü süvari dəstəsi və əlavə olaraq 30.000 döyüşçüsü də  var idi” və ümumi sayın 70.000 olduğunu bildirir. Lakin Ağqoyunlu vilayət ordusunun bir qisminin (hər biri təqribən 30.000 olan, ƏRZə bax) Ərzincan yaxınlığında bu dəstəyə qoşulmadığı məlumdur. TKS E.5445 qeyd edir ki, Ərəb İraqı və Fars Uzun Həsənin müraciətinə hələlik cavab verməmişdi. TKS E. 7076 eyni zamanda Farsdan Diyarbəkirə köçürülməsi ilə əlaqədar Uzun Həsənlə Sultan Xəlil arasında münaqişənin yaranmasından və bu gərginliyin ordunu zəiflətməsindən bəhs edir. ROMANO  A:455, B:182, ənənəvi olan 24.000-25.000 arası rəqəm göstərir.

135. YARLIK l. 19-32; PSEVDO-ANCİOLLELO A: 378-379, B:84/LEZZE 50.

136. PSEVDO-ANCİOLLELOda A:379-380, B:85-86/LEZZE, 51, təsvir olunan sərhəd xətti Osmanlı ordusunun Fərat boyunca cənuba dönərək Malatyaya üz tutduğunu, sonra isə geri dönərək şimal-şərq istiqamətinə, Ərzincana yollandığını yazır.

137. DURSUN, 152: ayin-i osmani üzere. Osmanlı taburu və ya mobil istehkamı haqqında digər məlumat üçün bax: KOLOFONLAR 308; BERÇETdə Zeno xii, 135; SİPPİKO 287.

138. PSEVDO-ANCİOLLELO  A:382, B:88/LEZZE, 54: hərbi baxış zamanı 12.000 çatışmamışdı; ƏHSƏN, A:532: 4000 osmanlı öldürülmüşdü. Lakin YARLIK ll.43-44, yazır ki, “bir nice kişi ol güni bizden öldüler.”

139. Uğurlu Məhəmmədlə Uzun Həsənin baş xanımı, Sultan Xəlil, Yaqub və Yusifin anası Səlcuqşah bəyim arasında düşmənçiliklə bağlı bax: ƏHSƏN A:532. PSEVDO-ANCİOLLELO A:382-383, B:89/LEZZE, 54, də Ağqoyunlu düşərgəsində münaqişənin olduğunu təsdiqləyir.

140. İki italyan şahid döyüşün avqustun 10-da/rəbiüləvvəl ayının 15-də ( BERÇETdə Zeno 135) və ya avqustun sonu/rəbiülaxır ayının əvvəlində (PSEVDO-ANCİOLLELO A:383, B:89/LEZZE, 55) baş tutduğunu yazır. Lakin YARLIK, ll 76-77 və FERİDUN ASNADda, A:585, 11 avqust/rəbiüləvvəl ayının 16-sı qeyd olunub. Bu tarix Osmanlı təsviri mənbələrinin əksəriyyətində yoxdur. Döyüş yerinin adı da fərqli yazılır: Tərcan (-i Ərzincan) Üçağızlı/Otluqbeli və Başkənd. Sonuncu yalnız YARLIKda qeyd olunub və hazırkı kitabda da məhz bu yer göstərilib. Döyüşün özü haqqında yararlı olan mənbələr bunlardır: BERÇETdə Zeno; PSEVDO-ANCİOLLELO/LEZZE; YARLIKƏHSƏN A.

141.Sonradan Zeynalın cəsədi Həsənkeyfin yaxınlığındakı türbədə dəfn olunur; bax: QABRİYEL 1:80-81, 309-310, 2:xlii-xliv; SÖZƏN, 148-151; həmçinin bax: Sümər 1990: 638-639, 648.

142. Bu bayraq indi Topqapı Saray Muzeyindədir, Bax: Uzunçarşılı 1969: lövhə XLİX.

143. YARLIK, ll. 153-166, yazır ki, 4000 nəfər öldürülmüş, 3700 nəfər əsir götürülmüşdü; PSEVDO-ANCİOLLELO A:384, B:91/LEZZE, 56 və SİPPİKO, 288, yazır ki, 10.000 nəfər öldürülmüşdü; DURSUN, 157 yazır ki, 10.000 əsir divana, 3.000 əsir isə İstanbula göndərilmişdi. Əsirlər bir neçə qrupa bölünmüşdülər: Ağqoyunlu və Qaramanilərin çoxu edam edilir, Osmanlılara qarşı döyüşən Qaraqoyunlu və Teymuri əmirlərinin əksəriyyəti azad olunur. Üçüncü qrup isə İstanbula aparılır və onların azad edlməsi üçün pul tələb edilir. Bu əsirlərin azad edilməsi ilə bağlı danışıqların bir xüsusiyyəti haqqında bax: ASNADda FERİDUN, A:587-593.

144. Başkənddəki döyüşdə odlu silahın həlledici rolu haqqında bax: BERÇETdə Zeno, xii, 136: “[Fatih Mehmet] commenzo a cargar  a dosso a questo ill.mosignore con bombarde, spignarde, e con molta fantaria, con schiopetti in modo  che le zenti de questo ill.mo signore commeza fuzir” və SİPPİKO. SİPPİKOnun məlumatları Zenonun məktublarına və hadisənin şahidi olan insanların şifahi məlumatlarına əsaslanır. Osmanlı mənbələri bu məsələ ilə bağlı heç bir məlumat verməsələr də YARLIK, ll.174ff və DURSUN, 158, Başkənddən iki həftə sonra Qarahisarın işğalı zamanı müdafiə artilleriyasından istifadə olunması haqqında məlumat verir. BİDLİSİ, 2:103b, kimi sonrakı dövr mənbələrində odlu silahdan istifadə edilməsi haqqında məlumat verilir, NƏŞRİ A (Vyana əlyazması):818 və ANONİM GİESE, 114, edilən bəzi düzəlişlərdə döyüşün nəticəsinə odlu silahın təsiri haqqında yazılır. Nəhayət, HÜNƏRNAMƏ, f.170b, göstərir ki, Osmanlılar tüfənglərlə silahlandıqları halda Ağqoyunlular köhnə “soyuq” silahlardan istifadə edirdilər.

145. BERÇETdə Zeno, 136: “Questo ill.mo signore e in pe, e su la reputation e non par rotto.”

146. FƏTHNAMƏdə, iii, 177-192, Əli bin Mülükün Osmanlıların qələbəsi ilə əlaqədar yazdığı əsərdə ilahi dəstəyin Uzun Həsəndən Fateh Mehmetə keçməsi əsas müzakirə mövzusudur. KAMALda, 405, olduğu kimi burada da Quranın 48, 3 rəqəmsal dəyəri Fateh Mehmetin xeyrinə olan ilahi işarə kimi təqdim edilir. BİDLİSİ, 2:107a-108b, uzun-uzadı və darıxdırıcı təsviri ilə Qurandakı 30, 3-4, bida sinin ənənəsinin Uzun Həsənin Cahanşah Qaraqoyunlunu 1468/872-ci ildə məğlubiyyətinə deyil, əslində Başkənd döyüşünə aid olmasını göstərir. Yuxarıda KAMALa da bax.

147. BİDLİSİ, 2:142b-143a, iddia edir ki, 1473-1474-cü ilin qışında/878-ci ilin ortalarında Təbrizə dönəndə Uzun Həsən xəstə idi. Bir il sonra Uzun Həsəni görmüş Venesiya elçisi Ambrosio Kontarini əlli yaşlı hökmdarın sağlamlığının pis olduğunu yazır və yaşının yetmiş olduğunu təxmin edir (KONTARİNİ A:601, 633, B:133, 172). ƏMİNİ, A:97, 100-102, yazır ki, Uzun Həsənin xəstəliyi 1476-1477/881-ci il qəzasından sonrakı dövrə qədər özünü biruzə verməmişdi. Həmçinin bax: BROSSET 2:1, 13; NUSAX 253, ANONİM SURİYA xlvii.

148. Mənbələrdə Başkənddən sonra Fateh Mehmetin sarayına göndərilmiş bir neçə Ağqoyunlu diplomatik missiyası haqqında məlumat mövcuddur. İlk elçi döyüşdən dərhal sonra göndərilmiş Mövlanə Əhməd Bikrici olmuşdur (TKS E.3130, 8353, 9096; KAMAL 404. MUALİ, 155, maraqlı bir məsələyə toxunur və Mirzə Həsən adlı elçinin Uzun Həsənin qızı ilə şahzadə Bəyazid arasında nikah bağlanması üçün Əli Fənərinin müşayiəti ilə Təbrizə qayıtması haqqında yazır). 1473-cü ilin sonunda/878-ci ilin ortalarında hələ də Kiprdə olan Barbaro Uzun Həsənin Osmanlıların sülh şərtlərini rədd etməsi və Osmanlı səfirliyi ilə qeyri-etik davranması haqqında eşidir (MƏKTUBLAR, xlvii, 121-122; TKS E.3131). 1474/879-cu ildə Kontarini, 127-128, Uzun Həsənin qazi-əsgərinin (Əlaəddin Əli?)  sülhə uğursuz cəhd etmiş missiyasının İstanbuldan qayıtması haqqında yazır. Nəhayət, TKS E. 8967 (Sultan Xəlilin Fateh Mehmetə) Uzun Həsənin ölümündən dərhal sonra Osmanlı elçisi Taci bəy Dəftərdarın gəlməsi haqqında yazır. Başkənd döyüşündən sonra Uzun Həsən sarayına göndərilmiş Venesiya elçiliyinə daxildir: (1) Paolo Ognibene, 1473-1474/878-879 (MALİPYERO, 91-92; KORNET, ci, 126-128; HÖRMUZAKİ  2:2, ccii, 224-225/Banateanu 1958); (2) İosafat Barbaro, 1474-1478/878-883 (BARBARO  A:526-574, B:46-101); (3) Ambrosio Kontarini 1474-1475/879-880 (BERÇET, xiv və xvi, 139-145, 148-149; KONTARİNİ, A:594-605, B:123-138); (4) Bartolomeo Liompardo 1474/879 (KONTARİNİ A:597, B:127).

149. Bu üsyanla bağlı məlumatlar əsasən yeni və ya təqribən yeni dövr mənbələrində qeydə alınıb: FATEH 100-101; BARBARO A:541, 546, B:64, 69-70; KONTARİNİ  A:596, B:126-127; QİYASİ A:55-56, B:388-389; GİLAN 353-356. Sonrakı dövr mənbələrinə BİDLİSİ 2:143a; İYAS 3:108-109; KAMAL, 477-481; ƏHSƏN A:545-546, 566, 568 daxildir. KOLOFONLARda, 319, Hüseyin bəyin (Şəkinin Qaramaniləri?) 1476/881-ci ildəki qiyamı haqqında yazılır, lakin bu qiyamın Uğurlu Məhəmmədin üsyanı ilə əlaqəsi olub-olmadığı aydın deyil.

150. Bu qəza ilə bağlı yuxarıya bax. Topqapı Saray Arxivində, TKS E.11448, bir hissəsi qorunan bu məktub “mənim ləyaqətli oğlum Sultan Xəlil”ə ünvanlanıb və “Allahın yolunda aparılan cihad” və Sultan Xəlilin varis mövqeyinə istinad olunur.

151. KAMAL-ƏHSƏNin məlumatı Səlcuqşah bəyimə qarşı ifrat dərəcədə düşmən xarakterə malikdir və ola bilər ki, Uğurlu Məhəmmədin ailəsinin Osmanlı sarayına qaçmış nümayəndələrinin mövqeyini əks etdirir. Sonradan onu xəstə yatağında olan Uzun Həsəni varisliklə bağlı fırıldaqları üzündən cəzalandırılacağından qorxaraq boğmaqda günahlandırırlar.

152. MİRAT, 16, Uğurlu Məhəmmədin Ərzincanda dəfn olunduğunu yazır. Onun ölümü Sultan Xəlilin xəfiyyələrindən canını qurtaran ailə üzvlərinin kütləvi köçü ilə nəticələndi. Onun həyat yoldaşlarından biri, Fateh Mehmetin qızı və körpə oğlu Əhməd İstanbula qaçdı. Bu şahzadənin 1497/902-ci ildə qayıdışı Konfederasiya tayfa müharibəsi dövrünün ən mühüm hadisələrindəndir. Onun digər xanımı oğlu Hüseyinlə birgə Qahirəyə, əl-Əşrəf Qayıtbayın yanına qaçır. Bu şahzadə ömrünü Məmlüklərin paytaxtında və Hicazda keçirir, 1492/897-ci ildə isə Hicazda vəfat edir (bax: İYAS 3:139 və ABİVERDİ 28-30). Onun üçüncü oğlu Mahmud ola bilsin ki, Ağqoyunlu torpaqlarında qalır, 1491/896-cı ildə taxt uğrunda gedən mübarizədə öldürülür.

153. Yaqub sarayının salnaməsi, ƏMİNİdə olan Xunci-İsfahani, 97ff., təbii olaraq Uzun Həsənin ölümündən dərhal sonra başlayan intriqaların tamamilə fərqli versiyasını təqdim edir. O, Sultan Xəlilin taxta çıxmasını hakimiyyətin “qəsb edilməsi” adlandırır və Uzun Həsənin son istəyinin ölümündən sonra “ikili padşahlıq” yaradılması olduğunu iddia edir. Bu qaydaya görə, Yaqub hökmdar olmalı, Sultan Xəlil isə hökuməti idarə etməli idi (ƏMİNİ, 101: “…sazavar an əst ke esm-i xilafat və qayim məqami  in fərzənd ra (Yaqub) başəd və madər-i  hall və əqd-i ömür-e cahanbani be ray-i məmləkət ara-yi sultani  manut və marbut başəd…”). Otuz beş yaşlı Sultan Xəlil bu cür bölgüdən çətin ki, razı qala bilərdi və ona görə də bütün hakimiyyəti öz əlinə keçirir, Yaqubu isə uzaq Diyarbəkirə hakim təyin edərək əslində sürgünə göndərmiş olur. Sözsüz ki, bu versiya Uzun Həsənin ölümündən altı ay sonra böyük qardaşı Sultan Xəlilə qarşı üsyan qaldırmış Yaqubun hərəkətini qanuniləşdirmək cəhdi idi.

154. Bu tarix həmin dövrdə Təbrizdə olmuş Barbaroya məxsusdur (BARBARO A: 568, B:93). Bu tarix sonrakı dövr Osmanlı mənbələrinin, LUBB 221, NUSAX, 253, məlumatlarına tamamilə uyğun gəlir. Yeni dövr mənbəsi olan QİYASİ, A:57, B:391, isə Uzun Həsənin yanvarın 2-də/ramazan ayının 27-də vəfat etdiyini yazır. Uzun Həsən balıq bürcü altında (QİYASİ, A:43, B:326), yəni 1425-ci ilin fevral-mart/828-ci ilin rəbiüləvvəl-rəbiülaxır aylarında dünyaya gəlib (NUSAX, 253).

                             

Birinci fəslə keçid:

İkinci fəslin birinci hissəsi:
İkinci fəslin ikinci hissəsi
Üçüncü fəslin birinci hissəsi
Üçüncü fəslin ikinci hissəsi
Dördüncü fəslin birinci hissəsi
Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.