fbpx

TƏRCÜMƏ

TƏRCÜMƏ

Maykl Klark: Bilik və dəlillər. Qetierin məqaləsi barəsində bir tənqid

Read this article on other language
Download article
image_pdf
image_pdf

Müqəddimə

Edmund Qetier 1963-cü ildə Analiz jurnalının 23-cü sayında Əsaslandırılmış doğru inam bilikdirmi?[1] adlı yayımladığı 2,5 səhifəlik kiçik bir məqalə ilə çağdaş epistemologiyada dönüş nöqtəsi yaradır. Qetier bu məqalədə iki əks nümunə ilə göstərməyə çalışır ki, Platondan bəri yekdil şəkildə biliyə verilən klassik tərif uğursuzdur, yəni biliyə “əsaslandırılmış doğru inam” kimi tərif vermək olmaz.[2]

Qetierin sözügedən məqaləsinə bu günə qədər filosoflar tərəfindən verilmiş cavabları aşağıdakı üç qrupa ayırmaq olar:

1. Qetierin göstərdiyi əks nümunələr uğursuzdur və bu, biliyin klassik tərifinə heç bir xələl gətirmir (saxlayıcı yanaşma).

2. Sözügedən əks nümunələr uğurludur və buna görə də biliyin üç şərti yetərli olmadığı üçün ona dördüncü bir şərt əlavə edilməlidir (təkmilləşdirici yanaşma).

3. Sözügedən əks nümunələr uğurludur və buna görə də biliyin üç hissəli tərifi dəyişdirilməlidir (dəyişdirici yanaşma).

Saxlayıcı yanaşmada göstərilir ki, verilən əks nümunələrdə biliyin klassik tərifində qeyd olunan şərtlər gerçəkləşmədiyi üçün bilik də gerçəkləşmir. Buna görə də əks nümunələr uğursuz hesab olunur, yəni əks nümunələr biliyin tərifindəki şərtləri ödəmir. Təkmilləşdirici yanaşmada göstərilir ki, biliyin klassik tərifində qeyd olunan üç şərtə dördüncü bir şərt əlavə etməklə sözügedən əks nümunələr biliyin yeni tərifinə – dörd hissəli tərifinə heç bir xələl gətirmir, yəni verilən əks nümunələr bilik üçün təklif edilən yeni tərifi sual altına aparmır. Dəyişdirici yanaşmada isə göstərilir ki, biliyin klassik tərifində qeyd olunan şərtləri başqa şərtlərlə əvəzləməklə, başqa sözlə, biliyin klassik tərifini dəyişdirməklə sözügedən əks nümunələri təkzib etmək olar.

Tərcüməsini sizə təqdim etdiyimiz Bilik və dəlillər adlı məqalə ikinci qrupa aid olan cavablardan biridir.[3] Maykl Klark bu məqaləni Qetierin məqaləsinin yayımlandığı eyni ildə, yəni 1963-cü ildə Analiz jurnalının 24-cü sayında yayımlayır. O, əvvəlcə Qetierin əks nümunələrinin biliyin tərifini necə sual altına aparması mexanizmini izah edir və daha sonra biliyin tərifinə dördüncü gərəkli şərtin əlavə edilməli olduğunu qeyd edir və beləcə göstərir ki, biliyin tərifinə əlavə edilən dördüncü şərtə əsasən, Qetierin əks nümunələri biliyin yeni tərifi üçün heç bir təhdid doğurmur.

Emin İmanlı

Qetier “Əsaslandırılmış doğru inam bilikdirmi?” adlı məqaləsində[4] biliyin necə olmamalı olduğunu göstərən iki əks nümunə təqdim edir. Hər bir nümunədə əslində doğru olan bir propozisiyaya əslində yanlış olan dəlillər əsasında inanılır. Bir halda ki, təməl propozisiya hər bir nümunədə əsaslandırdığı propozisiyanı (nəticəni) doğurur və yanlış olmasına baxmayaraq təməl propozisiyaya əsaslandırılmış şəkildə inanılır, nəticəyə də əsaslandırılmış şəkildə inanılır.

Qetierin nümunələri onun iddiasını isbat etmək üçün ehtiyac duyulandan daha güclüdür. Şübhəsiz, dəlillər yaxşı dəlil olmaq üçün öz nəticələrini doğurmalı deyillər. Elə nümunələr yaradıla bilər ki, onlarda əsaslandırılmış doğru inam qeyri-deduktiv dəlil yanlış olduğuna görə bilik olmaya bilər. Qetierin ikinci nümunəsinə uyğun olaraq aşağıdakı propozisiyanı nəzərdən keçirin:

(1) Conzun Ford maşını var. 

Smit buna inanır, çünki dürüst və səmimi olaraq tanıdığı dostu Braun ona demişdi ki, Conzun həmişə bir Ford maşını olub və s. Braun öz ümumi dürüstlüyünün əksinə olaraq, təsadüfən qəribə bir səhvə yol verib: sən demə, o, Conzu başqa bir şəxs ilə səhv salıb. Conzun heç vaxt Ford maşını olmayıb. Buna baxmayaraq o, təsadüfən bir Ford maşını alıb. Beləliklə, Smit doğru olaraq inanır ki, Conzun bir Ford maşını var. Amma “Smit bunu bilir” demək olmaz, çünki o, yanlış dəlillər əsasında buna inanır. Hərçənd Smitin həm dəlilləri, həm də Conzun keçmiş mülkiyyətini və s. həmin mülkiyyətə indi sahib olmasını (qeyri-deduktiv şəkildə) nəticə çıxaracaq dəlillər olaraq qəbul etməkdə əsası var.

Bununla belə, Qetierin tənqid etdiyi tərif versiyasına propozisiyanı bilməyin növbəti zəruri şərti kimi dəlillərin doğruluğunu artırmaq kifayət etmir. Biliyin aşağıdakı tərifi birlikdə yetərli hesab olunan şərtləri verməkdə hələ də uğursuz hesab olunur:

S P-ni bilir; əgər və yalnız əgər

(i) P doğrudursa,

(ii) S P-yə inanırsa,

(iii) S-in P-yə inanmaq üçün əsası varsa

(iv) S-in P-yə inamı doğru dəlillərə söykənirsə.

Sözügedən nümunə ilə bağlı əlavə uyğunlaşdırmanı nəzərdən keçirin. Doğrudur ki, Conzun həmişə bir Ford maşını olub və hələ də var. Ümumən dürüst və səmimi olaraq tanınan Braun Smitə deyir ki, Conzun həmişə bir Ford maşını olub. Amma əslində Braun Conz və ya onun Ford maşını haqqında heç nə bilmir; (xarakterinə tərs bir hərəkət kimi) o, sadəcə olaraq Smitə dediklərini uydurur və təsadüfən də doğru çıxır. Elə isə Smitin inamı nəinki təkcə doğru və əsaslandırılmışdır, onun hətta öz inamını üzərində qurduğu dəlillər də doğrudur. Buna baxmayaraq, Braunun boş təxmini sadəcə olaraq təsadüfən haqlı çıxdığına görə Smiti biliklə təmin etməkdə o çətin ki qəbul edilə bilsin. Beləliklə, bu nümunədə Smitin inandığı dəlillər (1) doğrudur, amma bu dəlillər əsasında qəbul etdiyi dəlillər, yəni Braunun bildiyi dəlillər yanlışdır; amma Braunun ümumi dürustlük və səmimiliyi onun bunun doğru olmasına inamını əsaslandırır.

Çox vaxt uzun bir müddət boyunca nə üçün sualını soruşmağa davam edə bilərik: dəlillər üçün dəlillər, bu ikinci dərəcəli dəlillər üçün də dəlillər axtara bilərik, amma sonda sual məntiqi baxımdan qəribə görünəcək. Məsələn,

(2) “Conzun Ford maşını olduğunu demək üçün nə kimi dəlillərin var?”

(3) “Braun mənə dedi ki, Conzun həmişə bir Ford maşını olub”.

(4) “Braunun bunu bildiyini iddia etmək üçün nə kimi dəlillərin var?”

(5) “Braun ümumilikdə dürüst və səmimidir”.

(6) “Braunun dürüst və səmimi olduğunu demək üçün nə kimi dəlillərin var?”

(7) “Demək olar ki, həmişə Braunla birlikdə olmuşam və ondan hər hansı bir nadürüst və qeyri-səmimi hərəkət gördüyümü xatırlamıram”.

Aydındır ki, Smitin bunu gördüyünü xatırlamadığını deməyi üçün dəlilləri soruşmaq uyğun olmazdı (biz onun yaddaşının etibarlılığını sual altına qoya bilərik. Bu nümunədə mən belə fərz edirəm ki, biz onun yaddaşının etibarlı olduğunu qəbul edə bilərik; beləliklə, mən olduqca uzun səbəblər zəncirinə sahib olmaqdan yan qaça bilərəm.) Əgər bu zəncirdəki hər hansı bir dəlil, yəni ya (3), ya (5), ya da (7) yanlış olsa, onda biz Smitin Conzun bir Ford maşını olduğunu bildiyini əməllicə inkar edə bilərik. Əgər bu zəncirdəki hər bir dəlil doğrudursa, onda deyəcəyəm ki, bu inam “tam dəlilləndirilib”. Elə isə biz aşağıdakı şərt əsasında (iv)-nü dəyişməklə tərifi əvəz edə bilərik. Bu şərt belədir:

(iv)΄ S-in P-yə inamı tam dəlilləndirilibsə.

P-ni bilmək üçün (i)-dən (iv)-yə qədərki şərtlər birlikdə gərəkli və yetərli şərtləri təmin edir.

Belə düşünülə bilər ki, (iv)΄ əlavəsi bizə (iii)-nü ixtisar etməyə imkan verə bilər. Çünki, şübhəsiz, əgər P müəyyən edilmiş mənada tam dəlilləndirilibsə, onda S-in P-yə inanmaq üçün əsası var. Buna baxmayaraq o, bütün dəlillərə inana bilər və bunları yaxşı dəlil kimi görmədən belə onlar yaxşı dəlillər ola bilər; o, nəyə inandığına əmin ola bilər, amma malik olduğu dəlilin onun inamını həqiqətən necə əsaslandırmış olduğunu qiymətləndirməyə bilər.[5] Belə bir halda S-in öz inamı ilə bağlı tam əsaslandırmaya sahib olduğunu inkar etmək istəyə bilərik. Əgər belədirsə, onda (iii)-nü qoruyub saxlamalıyıq.

Fikrimcə, yenidən düzəldilmiş tərif yanılmaz bilik adlandırılan biliyin ümumiyyətlə bilik hesab olunub-olunmadığı ilə bağlı məsələni aydınlaşdırır. Əgər mən məntiqi baxımdan, məsələn, ağrıyıb-ağrımadığımla bağlı yanıla bilmərəmsə, onda iddia edilə bilər ki, bu, biliklə bağlı sual deyil. Çünki bilmək aşkarlamağı doğurur, aşkarlamaq isə o şeydir ki, onu edə bilməyə də bilərəm. Əgər mən “ağrıyıram” desəm və sən də məndən “bunu necə aşkarlamısan” – deyə soruşsan, bu vaxt sən, heç şübhəsiz, axmaq bir sual soruşmuş olarsan. Belə düşünülə bilər ki, bu arqument “bilmək aşkarlamağı doğurur” fikrini inkar etməklə cavablandırıla bilər: mən müəyyən anlayışlara sahib olan və müəyyən həqiqətləri bilən halda doğulmaya bilərəm? Biliklə bağlı hər hansı bir tərifdə (iv)΄ şərtinə olan ehtiyac göstərir ki, “necə aşkarladın?” sualı harda yersizdirsə, orada “bilmək” sözü də yersizdir. Çünki bu, adətən “hansı dəlillərə əsasən ağrıdığını deyirsən?” – deyə soruşmaq qədər qəribədir. Kimsə dəlillərə sahib olmasından dolayı nəyisə bilirsə, bu halda “bu, aşkarlamanın bir nümunəsidir” – deyə söyləmək ağlabatan görünür. Sözügedən nümunələrdə bilikdən danışmaq bilməyin vahid tərifinə xələl gətirir, çünki bu halda deməli olacağıq ki, (iv)΄ şərti bu nümunələrdə yersizdir.

Xüsusən, “əgər mən P-ni bilirəmsə, belə çıxırmı ki, P-ni bildiyimi bilirəm?” sualı (bilmək anlayışına sahib olmağımla bağlı sual olmadığı təqdirdə) qəribə görünür. Çünki digər şeylərlə yanaşı, bu sual P-ni bilməyimlə bağlı inamımın tam dəlilləndirilib-dəlilləndirilməməsini soruşur. Həmçinin digər şeylərlə yanaşı, bu sual inamın tam dəlilləndirilmiş olmasının özünün tam dəlilləndirilib-dəlilləndirilmədiyini, yəni P-nin lehinə olan dəlillərin bütöv zəncirinin, əslində, P-nin lehinə olan dəlilləri təşkil etdiyini söyləmək üçün dəlillərin doğru olub-olmadığını soruşur. Beləliklə, əgər P “o qaçır” propozisiyasıdırsa və mənim P-yə inanmaq üçün dəlillərim “mən onu müşahidə edirəm”dirsə (bu nümunədə zəncirin yalnız bir həlqəsi var), onda sual belədir: “nə üçün sənin onu müşahidə etməyin onun qaçdığını söyləmək üçün dəlildir?” Bu sual olduqca qəribədir. Bu sualı mənalandırmaq üçün xüsusi şərait yaradıla bilər, amma ümumi olaraq bunun yaxşı bir dəlil – bu dəlil axmaq dəlil deyil və ya xüsusi fəlsəfi təbiətə malik deyil – olması üçün dəlillərlə bağlı heç bir sual yoxdur.   

Qeydlər və istinadlar:

[1] Qettier, Edmund. “Əsaslandırılmış doğru inam bilikdirmi?” Translated by Emin Imanlı. Baku Research Institute, May 14, 2021. https://bakuresearchinstitute.org/edmund-qetier-esaslandirilmis-dogru-inam-bilikdirmi-2/.

[2] Biliyin klassik tərifi üç hissəlidir, yəni bu tərifə görə, bir nəfərin (S) bir şeyi (P) bilməsi aşağıdakı şərtləri özündə ehtiva edir:

1. S inanır ki, P-dir.

2. P doğrudur.

3. S-in P-yə inanmaq üçün əsası var.

Birinci şərtə “inam şərti”, ikinci şərtə “doğruluq şərti”, üçüncü şərtə isə “əsaslandırma şərti” deyilir.

[3] Mənbə: Analysis, Vol. 24, No. 2 (Dec., 1963), pp. 46-48

[4] Analysis, 23. 6, June 1963

[5] Cf. Cohen, “Claims to Knowledge”, Proc. Arist. Soc, Suppl. Vol. 962, p. 35 ff.

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.