fbpx

TƏRCÜMƏ

TƏRCÜMƏ

Ümumi prinsiplər haqqındakı biliklərimiz barədə

Read this article on other language
Download article
image_pdf
image_pdf

Bertran Rassel (Bertrand Russell; 1872-1970) məşhur britaniyalı filosof, analitik fəlsəfənin yaradıcılarındandır. Onun zəngin yaradıcılığı fəlsəfənin bir çox fundamental suallarına cavab axtarışını özündə ehtiva edir. Hazırda biz Rasselin dünyanın onlarca müxtəlif dillərinə tərcümə edilmiş, geniş oxucu auditoriyası üçün nəzərdə tutulan Fəlsəfənin problemləri (The Problems of Philosophy) əsərini ingilis dilindən Azərbaycan dilinə tərcümə etməkdəyik. Əsər on beş fəsildən ibarətdir ki, onların da hər biri mühüm bir fəlsəfəsi mövzuya həsr edilmişdir. Tərcüməmizin yeddinci hissəsini aşağıda oxuya bilərsiniz.

Dr. Anar Cəfərov

Əvvəlki fəsildə gördük ki, induksiya prinsipinin özü təcrübəyə əsaslanan bütün arqumentlərin düzgünlüyü üçün zəruri olsa da, təcrübə vasitəsilə sübut oluna bilməz; hərçənd buna, ən azı bütün konkret tətbiqlərində, hər kəs tərəddüdsüz inanır. Bu xüsusiyyətlərinə görə induksiya prinsipi yalnız deyil. Təcrübə ilə təsdiq və ya inkar oluna bilməyən, lakin təcrübədən başlanğıc götürən arqumentlərdə istifadə olunan bir çox başqa prinsiplər də vardır.

Bu prinsiplərdən bəziləri, hətta induksiya prinsipindən də çox mötəbərdir, həmçinin onlar haqqındakı bilik hissi verilənlərin mövcudluğu haqqındakı biliklə eyni dərəcədə qətiliyə malikdir. Onlar duyğularda veriləndən nəticə çıxarmaq üçün vasitəni təşkil edir; və əgər çıxardığımız nəticə doğru olmalıdırsa, nəticə çıxarma prinsiplərimizin də verilənlər qədər doğru olması zəruridir. Nəticə çıxarma prinsipləri çox aşkar olması səbəbindən nəzərdən qaçırıla bilər – əvvəlcədən nəzərdə tutulmuş güman onun güman olmasının fərqinə varılmadan qəbul edilir. Ancaq, əgər düzgün bir bilik nəzəriyyəsi əldə etməliyiksə, nəticə çıxarma prinsiplərinin istifadəsinin fərqində olmaq çox mühümdür; zira onlar haqqındakı biliklərimiz maraqlı və çətin suallara səbəb olur.

Ümumi prinsiplərin dərki əslində bu cür baş verir: hər şeydən əvvəl biz prinsipin hansısa xüsusi bir tətbiqinin fərqində oluruq, daha sonra isə fərqinə varırıq ki, xüsusilik əhəmiyyətə malik deyil və burada eyni dərəcədə doğru olaraq təsdiq edilə bilən bir ümumilik vardır. Bu, adətən hesab öyrətmək kimi işlərdə bilinən şeydir: “iki vur iki dörd edir” ilk olaraq müəyyən xüsusi iki cüt nəsnə halında, daha sonra başqa xüsusi halda və s. öyrənilir; o vaxta qədər ki, nəhayətdə bunun istənilən iki cüt nəsnə üçün doğru olduğunu görmək mümkün olsun. Eyni şey məntiqi prinsiplər üçün də keçərlidir. Təsəvvür edin ki, iki insan ayın hansı günü olduğunu müzakirə edir. Onlardan biri deyir: “Ən azı buna razı olarsan ki, əgər dünən ayın 15-i idisə, bu gün 16-sı olmalıdır”. “Bəli”, o biri deyir, “razıyam”. “Və bilirsən ki”, birinci davam edir, “dünən ayın 15-i idi, çünki Consla nahar etmisən, gündəliyin sənə deyəcək ki, bu, ayın 15-i olub”. “Bəli”, ikinci cavab verir, “ona görə də bu gün 16-sıdır”.

Belə arqumenti izləmək çətin deyil; qəbul edilsə ki, onun premisləri əslində doğrudur, heç kim etiraz etməz ki, nəticə də doğru olmalıdır. Bununla belə, onun doğruluğu ümumi bir məntiqi prinsip nümunəsinə əsaslanır. Həmin məntiqi prinsip budur: “Məlum olduğunu fərz edək ki, əgər bu, doğrudursa, o da doğrudur. Həmçinin, məlum olduğunu fərz edək ki, bu, doğrudur; onda belə çıxır ki, o da doğrudur.” “Bu, doğrudursa, o da doğrudur” halı üçün biz deyəcəyik ki, bu, onu “ehtiva edir” və o, bundan “çıxır”. Beləliklə, bizim prinsip iddia edir ki, əgər bu, onu ehtiva edirsə və bu, doğrudursa, onda o da doğrudur. Başqa sözlə, “doğru propozisiyanın ehtiva etdiyi istənilən şey doğrudur” və ya “doğru propozisiyadan çıxan istənilən şey doğrudur”.

Bu prinsip – ən azı onun konkret nümunələri – əslində, bütün sübutlarda əksini tapır. İnandığımız bir şey nəticə olaraq inandığımız başqa bir şeyin sübutunda istifadə edildikdə bu prinsip əhəmiyyətə malik olur. Əgər kimsə soruşursa ki, “Nəyə görə mən doğru premislərə əsaslanan düzgün arqumentlərin nəticələrini qəbul etməliyəm?”, bu suala yalnız bizim prinsipimizə müraciət edərək cavab verə bilərik. Əslində, bu prinsipin doğruluğuna şübhə etmək qeyri-mümkündür və onun aşkarlığı o qədər çoxdur ki, ilk baxışdan o, demək olar, bayağı görünür. Ancaq belə prinsiplər filosof üçün bayağı deyil, çünki onlar göstərir ki, biz hissi verilənlərdən heç cür hasil olmayan şübhəsiz biliyə malik ola bilərik.

Yuxarıdakı prinsip sadəcə çoxsaylı özü-aşkar prinsiplərdən biridir. Hansısa arqument və ya sübutun mümkün olması üçün bu prinsiplərdən ən azı bəziləri qəbul edilməlidir. Onlardan bəziləri qəbul edildikdən sonra digərləri sübut oluna bilər; baxmayaraq ki, bu digərləri də, sadə olduqları qədərilə, artıq qəbul edilmiş prinsiplər qədər aşkardır. Çox da yaxşı olmayan səbəbdən bu prinsiplərdən üçü ənənəvi məntiqdə “Təfəkkür Qanunları” adı altında fərqləndirilib.

Bunlar aşağıdakılardır:

1) Eyniyyət qanunu: “A A-dır”.
2) Ziddiyyət qanunu: “Heç bir şey həm A, həm də qeyri-A ola bilməz”.
3) Üçüncünü istisna qanunu: “Hər bir şey ya A, ya da qeyri-A olmalıdır”.

Bu üç qanun özü-aşkar məntiqi prinsiplərə nümunədir, ancaq onlar digər oxşar prinsiplərdən – məsələn, biri elə indicə nəzərdən keçirdiyimiz, doğru premisdən çıxanın doğru olduğunu iddia edən prinsipdən – əslində daha fundamental və ya daha özü-aşkar deyil. “Təfəkkür qanunları” adı da çaşdırıcıdır, çünki vacib olan bizim həmin qanunlara uyğun düşünməyimiz faktı deyil, şeylərin onlara uyğun davranması faktıdır; başqa sözlə, onlara uyğun düşündükdə doğru düşünməyimiz faktıdır. Ancaq bu, geniş bir sualdır və ona növbəti mərhələdə qayıtmalı olacağıq.

Verilmiş premisdən nəyinsə qəti olaraq doğruluğunu bizə sübut etmək imkanı verən məntiqi prinsiplərdən əlavə, elə məntiqi prinsiplər də var ki, onlar verilmiş premisdən nəyinsə az və ya çox ehtimalda doğru olduğunu sübut etmək imkanı verir. Belə prinsiplərə misal – yəqin ki, ən vacibi – əvvəlki fəsildə nəzərdən keçirdiyimiz induktiv prinsipdir.

Fəlsəfədə böyük tarixi mübahisələrdən biri “empiristlər” və “rasionalistlər” adlandırılan iki məktəb arasında baş verən mübahisədir. Empiristlər – onların ən yaxşı nümayəndələri Britaniyalı filosoflar Lokk, Berkli və Yum olub – iddia edirdilər ki, bizim bütün biliklərimiz təcrübədən yaranır; rasionalistlər – onların nümayəndələri XVII əsrin kontinental filosofları, xüsusilə Dekart və Laybniz olub – iddia edirdilər ki, təcrübədən bildiklərimizdən əlavə, ondan asılı olmadan bildiyimiz müəyyən “anadangəlmə ideyalar” və “anadangəlmə prinsiplər” vardır. Bu müxalif məktəblərin doğru və ya yanlışlığı barədə müəyyən əminliklə qərar vermək üçün indi imkan yaranıb. Artıq qeyd edilmiş səbəblərdən qəbul edilməlidir ki, məntiqi prinsiplər bizə məlumdur və onların özü təcrübə vasitəsilə sübut edilə bilməz, çünki bütün sübutlar onları öncədən güman edir. Ona görə mübahisənin ən mühüm məqamı olmuş bu məsələdə rasionalistlər düz olublar.

Digər tərəfdən isə, hətta biliklərimizin məntiqi olaraq təcrübədən müstəqil olan (o mənada ki, təcrübə onu sübut edə bilməz) hissəsini belə təcrübə ortaya çıxarır və ona səbəb olur. Məhz xüsusi təcrübələr əsasında onların əlaqələrinin əks etdirdiyi ümumi qanunların fərqində oluruq. Əlbəttə, güman etmək absurd olardı ki, “uşaqlar insanların bildiyi və təcrübədən çıxarıla bilməyən hər bir şey haqqında biliklə doğulur” anlamında anadangəlmə prinsiplər vardır. Bu səbəbdən “anadangəlmə” sözü məntiqi prinsiplər haqqındakı biliklərimizi təsvir etmək üçün indi istifadə olunmur. “Apriori” ifadəsi daha az dərəcədə irada səbəb ola bilər və müasir yazıçılar da ondan daha tez-tez istifadə edirlər. Beləliklə, bütün biliklərimizi təcrübənin ortaya çıxardığını və onun səbəb olduğunu qəbul etməklə, digər tərəfdən iddia edəcəyik ki, bəzi biliklərimiz aprioridir – o mənada ki, bizi onun haqqında düşündürən təcrübə onu sübut etmək üçün kafi deyil; o, sadəcə bizim diqqətimizi elə istiqamətləndirir ki, onun doğruluğunu təcrübədən heç bir sübut tələb etmədən görürük.

Empiristlərin rasionalistlərə qarşı haqlı olduqları mühüm əhəmiyyətə malik başqa bir məqam da var. Təcrübənin köməyi olmadan heç nəyin mövcud olduğu bilinə bilməz. Yəni əgər haqqında birbaşa təcrübəyə malik olmadığımız şeyin mövcudluğunu sübut etmək istəyiriksə, onda haqqında birbaşa təcrübəyə malik olduğumuz bir və ya daha çox şeyin mövcudluğu gümanı premislərimiz arasında olmalıdır. Məsələn, “Çin imperatoru mövcuddur”[1] inamımız şahidliyə əsaslanır, şahidlik isə son nəticədə görülən, yaxud da  oxuduqda və ya söylənildikdə eşidilən hissi verilənlərdən təşkil olunur. Rasionalistlər inanırdılar ki, nəyin olmalı olduğu haqqındakı ümumi fikirdən aktual dünyadakı bu və ya digər şeyin mövcudluğunu nəticə çıxara bilərlər. Görünən budur ki, bu məsələdə onlar yanlış olublar. Mövcudluqla bağlı apriori əldə edilə bilən bütün biliklər hipotetik görünür: onlar bizə deyir ki, əgər bir şey mövcuddursa, başqa şey də mövcud olmalıdır, yaxud daha ümumi desək, əgər bir propozisiya doğrudursa, başqa propozisiya da doğru olmalıdır. Bu, artıq haqqında bəhs etmiş olduğumuz belə prinsiplərdə özünü göstərir: Əgər bu, doğrudursa və bu, onu ehtiva edirsə, onda o da doğrudur; və ya əgər bu və o bir-birilə təkrarən əlaqəli aşkarlanıbsa, yəqin ki, onlardan birinin aşkarlandığı növbəti halda da əlaqəli olacaqlar. Deməli, apriori prinsiplərin miqyası və gücü olduqca məhduddur. Nəyinsə mövcudluğu haqqında bütün biliklər qismən təcrübədən asılı olmalıdır. Nəsə birbaşa bilindikdə mövcudluğu yalnız təcrübə vasitəsilə bilinir; birbaşa bilinməyən bir nəsnənin mövcudluğu sübut olunduqda sübutda həm təcrübi, həm də apriori prinsiplər tələb olunmalıdır. Tam və ya qismən, təcrübəyə söykəndikdə bilik empirik adlanır. Beləliklə, mövcudluğu təsdiq edən bütün biliklər empirikdir və mövcudluqla bağlı yeganə apriori bilik hipotetikdir; o, aktual mövcudluq haqqında deyil, şeylər arasındakı mövcud olan və ya ola bilən əlaqələr haqqında məlumat verir.

Apriori biliklərin hamısı yuxarıda nəzərdən keçirdiyimiz kimi məntiqi təbiətə malik deyil. Yəqin ki, qeyri-məntiqi apriori biliyə ən mühüm misal etik dəyər haqqında bilikdir. Mən nəyin faydalı və ya fəzilətli olması barədə olan fikirlərdən bəhs etmirəm, çünki belə fikirlər üçün empirik premislərə ehtiyac vardır; mən şeylərin özlüyündə arzuolunanlığı  barədə olan fikirlərdən bəhs edirəm. Nəsə faydalıdırsa, o, hansısa məqsədə çatmağa kömək etdiyinə görə faydalı olmalıdır. Əgər məqsədə doğru kifayət qədər irəliləmişiksə, o özlüyündə dəyərli olmalıdır, yalnız ona görə yox ki, o, növbəti məqsəd üçün faydalıdır. Deməli, hansısa nəsnənin faydalı olması barədəki bütün fikirlər özlüyündə dəyəri olan nəsnə barədəki fikirlərdən asılıdır.

Məsələn, biz mühakimə yürüdürük ki, xoşbəxtlik bədbəxtlikdən, bilik cahillikdən, xoşniyyətlilik nifrətdən daha çox arzuolunandır. Belə mühakimələr ən azı qismən birbaşa və apriori olmalıdır. Əvvəlki apriori fikirlərimiz kimi, onlar da təcrübə ilə ortaya çıxarıla bilər və əslində çıxarılmalıdır da; çünki nəyinsə özlüyündə dəyərli olduğunu fikirləşmək həmin növ nəsnə haqqında təcrübəyə malik olmayınca, görünür, mümkün deyil. Ancaq kifayət qədər aydındır ki, onlar (dəyər mühakimələri) təcrübə vasitəsilə sübut edilə bilməz; çünki bir şeyin mövcud olması və ya olmaması faktı sübut edə bilməz ki, onun mövcud olması yaxşı və ya pisdir. Bu mövzunun araşdırılması etikaya aiddir; etikada təsdiq edilməlidir ki, “nədir”dən “nə gərəkdir”in çıxarılması qeyri-mümkündür. İndiki kontekstdə isə yalnız onu qeyd etmək vacibdir ki, özlüyündə dəyəri olan haqqında bilik məntiqin apriori olduğu mənada aprioridir; yəni o mənada ki, belə biliyin doğruluğu təcrübə vasitəsilə nə sübut, nə də inkar oluna bilməz.

Xalis riyaziyyat bütünlüklə məntiq kimi aprioridir. Bu, empirist filosoflar tərəfindən inadkarlıqla inkar edilmişdir. Onlar qeyd edirdilər ki, təcrübə bizim coğrafi biliklərimizin mənbəyi olduğu qədər hesab biliklərimizin də mənbəyidir. Qeyd edirdilər ki, iki şeyi və başqa iki şeyi təkrarən görmə təcrübəsi və onların birlikdə dörd şey etməsinin aşkarlanması ilə, induksiya vasitəsilə, o nəticəyə gəlmişik ki, iki şey və başqa iki şey həmişə birlikdə dörd şey edir. Ancaq əgər bu, bizim “iki dəfə iki dörd edir” biliyimizin mənbəyi olsa idi, biz özümüzü onun doğruluğuna inandırmağa indi gəldiyimiz yoldan fərqli yolla gəlməli olardıq. İki qəpik, iki kitab və ya iki insan, yaxud da istənilən başqa növdən olan iki nəsnəni deyil, ikinin özü haqqında abstrakt düşünməyimiz üçün, əslində, müəyyən sayda nümunələrə ehtiyac vardır. Bununla belə, yalnız fikirlərimizi əhəmiyyəti olmayan xüsusiyyətlərdən azad etməyi bacardıqdan sonra “iki vur iki dörd edir” ümumi prinsipini görə bilirik; hər bir nümunə tipik görünür və başqa nümunələrin araşdırılması qeyri-zərurətə çevrilir.[2]        

Eyni şey həndəsədə də müşahidə edilir. Əgər bütün üçbucaqların müəyyən bir xüsusiyyətini sübut etmək istəyiriksə, biz hər hansı bir üçbucaq çəkir və onun haqqında mühakimə yürüdürük; hərçənd, onun bütün digər üçbucaqlarla bölüşmədiyi istənilən xüsusiyyətini biz kənara qoya bilirik və beləliklə, bu xüsusi haldan ümumi bir nəticə əldə edirik. Əslində, yeni nümunələrdən iki üstəgəl ikinin dörd etməsinə əminliyimizin artdığını hiss etmirik, çünki bu propozisiyanın doğruluğunu görən kimi əminliyimiz o qədər güclü olur ki, bundan daha da güclü əminlik mümkünsüzdür. Bundan əlavə, “iki üstəgəl iki dörd edir” propozisiyası üçün  biz müəyyən zərurət hissi yaşayırıq ki, bu da ən yaxşı əsası olan empirik ümumiləşdirmələr zamanı belə ortada olmur. Belə ümumiləşdirmələr həmişə sadəcə fakt olaraq qalır: biz hiss edirik ki, elə bir dünya ola bilər ki, orada onlar yanlış olsun – aktual dünyada doğru olduqlarına baxmayaraq. Əksinə, istənilən mümkün dünya üçün, hiss edirik ki, iki üstəgəl iki dörd edir: bu, sadəcə bir fakt deyil, aktual və mümkün, hər şeyin tabe olmalı olduğu bir zərurətdir.

Bu halı “Bütün insanlar ölümlüdür” kimi əsl bir empirik ümumiləşdirməni nəzərdən keçirməklə daha aydın izah etmək olar. Aydındır ki, bu propozisiyaya ilk növbədə ona görə inanırıq ki, müəyyən yaş həddindən o tərəfə yaşayan insan yoxdur; ikinci növbədə ona görə inanırıq ki, göründüyü qədərilə insan bədəni kimi olan orqanizmlərin əvvəl-axır məhv olduğunu düşünmək üçün fizioloji əsaslar var. İkinci əsası kənara qoysaq və yalnız insan ölümü təcrübəmizi nəzərdən keçirsək, aydındır ki, tam olaraq başa düşülmüş insan ölümünün bircə nümunəsi ilə razı qalmazdıq; bununla belə, “iki üstəgəl iki dörd edir” halı diqqətlə nəzərdən keçirildikdə bir nümunə bizi istənilən başqa nümunə üçün də eyni nəticənin olmalı olduğuna inandırmağa bəs edir. Bundan əlavə, diqqətlə düşündükdə qəbul etməli ola bilərik ki, bütün insanların ölümlü olması ilə bağlı, az olsa da, şübhə yarana bilər. Bunu biz birində qeyri-ölümlü insanın olduğu, digərində isə iki üstəgəl ikinin beş etdiyi iki müxtəlif dünyanı təsəvvür etməklə aydın edə bilərik. Svift bizdən heç vaxt ölməyən Straldburq nəslini təsəvvür etməyi təklif edəndə bunu bacarırıq. Ancaq iki üstəgəl ikinin beş etdiyi dünya tamam başqa məsələdir. Bizə elə gəlir ki, belə bir dünya, əgər olsaydı, bütün bilik sistemimizi dağıdardı və bizi tamamilə şübhələr içində buraxardı.

Fakt budur ki, “iki üstəgəl iki dörd edir” kimi sadə riyazi, həmçinin məntiqə aid bir sıra hökmlərdə ümumi propozisiyanın nə mənaya gəldiyini aydın etmək üçün adətən bəzi nümunələrin zəruri olmasına baxmayaraq, onu nümunələr əsasında nəticə çıxarmadan da bilə bilərik. Ümumidən ümumiyə və ya ümumidən xüsusiyə gedən deduksiya prosesinin xüsusidən xüsusiyə və ya xüsusidən ümumiyə gedən induksiya prosesi kimi gerçək faydasının izahı budur. Deduksiyanın bizə yeni bilik verib-verməməsi filosoflar arasında olan köhnə debatdır. İndi görə bilərik ki, o, ən azı müəyyən hallarda yeni bilik verir. Əgər biz iki üstəgəl ikinin dörd etdiyini artıq biliriksə, həmçinin Braun və Consun, eləcə də Robinson və Smitin iki nəfər olduğunu biliriksə, onda nəticə çıxara bilərik ki, Braun, Cons, Robinson və Smit dörd nəfərdirlər. Bu, premislərimizdə olmayan yeni bilikdir, çünki “iki üstəgəl iki dörd edir” ümumi propozisiyası heç vaxt bizə deməyib ki, Braun, Cons, Robinson və Smit adlı insanlar var; və xüsusi premislər bizə demir ki, onlar dörd nəfərdirlər. Bununla belə, nəticə olaraq çıxarılmış xüsusi propozisiya bizə bunun hər ikisini də deyir.

Ancaq deduksiya ilə bağlı məntiq kitablarında həmişə verilən standart “Bütün insanlar ölümlüdür; Sokrat insandır; deməli, Sokrat ölümlüdür” nümunəsinə baxsaq, onda biliyin yeniliyi daha az dərəcədə qəti olar. Bu halda rasional şübhədən kənarda, həqiqətən bildiyimiz budur ki, müəyyən insanlar, A, B, C ölümlü olublar, çünki onlar faktiki olaraq ölüblər. Əgər Sokrat həmin insanlardan biridirsə, Sokratın, ehtimal ki, ölümlü olması nəticəsinə varmaq üçün dolanbac “bütün insanlar ölümlüdür” yolu ilə getmək axmaqlıqdır. Əgər Sokrat induksiyamızın əsaslandığı insanlardan biri deyilsə, “bütün insanlar ölümlüdür” ümumi propozisiyası yolu ilə dolayı getməkdənsə, A, B, C-dən birbaşa Sokrata keçib nəticə çıxarmaq daha əlverişli olar. Çünki Sokratın ölümlü olma ehtimalı – verilənlərə əsasən – bütün insanların ölümlü olma ehtimalından daha yüksəkdir. (Bu, aşkardır, ona görə ki, əgər bütün insanlar ölümlüdürlərsə, Sokrat da ölümlüdür; lakin Sokratın ölümlü olmağından nəticə çıxmır ki, bütün insanlar ölümlüdür.) Beləliklə, əgər “bütün insanlar ölümlüdür” yolu ilə gedib, sonra deduksiyadan istifadə etmək əvəzinə arqumentimizi xalis induktiv qursaq, Sokratın ölümlü olması nəticəsini daha yüksək qətiliklə əldə etmiş olarıq.

Bu, “iki üstəgəl iki dörd edir” kimi apriori bilinən ümumi propozisiyalarla “bütün insanlar ölümlüdür” kimi empirik ümumiləşdirmələr arasındakı fərqi göstərir. Əvvəlki hal üçün deduksiya düzgün arqument formasıdır. Sonuncu üçün isə nəzəri olaraq həmişə induksiyaya üstünlük verilməlidir; o, nəticəmizin doğruluğuna daha yüksək qətilik verir, çünki bütün empirik ümumiləşdirmələr onların nümunələrindən daha qeyri-qətidir.

Biz bu fəsildə gördük ki, apriori bilinən propozisiyalar vardır; və məntiqin, xalis riyaziyyatın, həmçinin etikanın fundamental propozisiyaları onlar arasındadır. Bizi məşğul etməli olan növbəti sual budur: Belə biliyin olması necə mümkündür? Və ya daha xüsusi şəkildə ifadə etsək: sayı sonsuz olduğundan bütün nümunələri öyrənmədiyimiz və əslində öyrənə bilməyəcəyimiz halda ümumi propozisiyalar haqqında bilik necə ola bilər? İlk dəfə alman filosof Kant (1724-1804) tərəfindən irəli sürülərək məşhurlaşan bu suallar çox çətindir və tarixi baxımdan çox əhəmiyyətlidir.

 

Qeydlər:

[1] Tərcüməçi qeydi: Rasselin bu əsəri XX əsrin əvvəllərində yazdığını nəzərə alın.

[2] Müqayisə et: Whitehead A. N. Introduction to Mathematics (Home University Library).

 

Tərcümənin birinci hissəsi:

https://bakuresearchinstitute.org/az/tezahur-ve-gerceklik/

Tərcümənin ikinci hissəsi:

https://bakuresearchinstitute.org/az/materiyanin-movcudlugu/

Tərcümənin üçüncü hissəsi:

https://bakuresearchinstitute.org/az/materiyanin-tebieti/

Tərcümənin dördüncü hissəsi:

https://bakuresearchinstitute.org/az/idealizm/

Tərcümənin beşinci hissəsi:

https://bakuresearchinstitute.org/az/tanisliq-biliyi-ve-tesviri-bilik/

Tərcümənin altıncı hissəsi: 

https://bakuresearchinstitute.org/az/induksiya-haqqinda/

Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.