fbpx

TƏRCÜMƏ

TƏRCÜMƏ

Con E. Vuds: Ağqoyunlu – Tayfa, Konfederasiya, İmperiya

Read this article on other language
Download article
image_pdf
image_pdf

Sovet dövründə Azərbaycan cəmiyyətini, xüsusilə də ziyalıları milli tarixin saxtalaşdırılması ciddi narahat edirdi. Düşünmək olardı ki, müstəqillik əldə etdikdən sonra tarixçilərimiz saxtalaşdırılmış tariximizə yeni baxış formalaşdıracaqlar. Təəssüf ki, otuz ildən artıq müstəqillik dövründə Azərbaycanın qədim və orta əsr tarixinə dair suallara mükəmməl cavab tapmaq mümkün olmamışdır, əksinə tarixin müxtəlif istiqamətlərdə saxtalaşdırılması davam etmişdir. Bunun bir sıra ciddi səbəbləri var; bu səbəblərdən biri tarixi problemləri araşdırmağa qadir mütəxəssislərin olmamasıdır. Müasir Azərbaycan Respublikasının ərazisi tarixin müxtəlif mərhələlərində müxtəlif dövlət və imperiyaların tərkib hissəsi olub. Məhz bu səbəbdən Azərbaycan tarixini təkcə milli tarixçilər deyil, dünya tarixşünaslığı da araşdırıb. Müasir Azərbaycan tarixşünaslığında cavabsız qalmış bir sıra suallara dünya tarixşünaslığında cavab tapmaq olar. Bu məqsədlə Azərbaycan tarixinə aid tədqiqatların silsilə tərcüməsini oxuculara təqdim etmək qərarına gəldik.

 

İlk seçimimiz Azərbaycan xalqının milli qürur yeri hesab edilən Səfəvi dövlətinin sosial-siyasi bazasının əsası hesab edilən Ağqoyunlu dövləti oldu. Ağqoyunlu dövlətinin tarixinə aid ilk və hələlik yeganə fundamental tədqiqat işi amerikalı tarixçi Con Vudsa məxsusdur. Əsər ilk dəfə 1974-cü ildə doktorluq dissertasiyası kimi Prinston Universitetinin Yaxın Şərq Tədqiqatları şöbəsinə təqdim edilmşdir. Bu əsəri yazarkən tarixçi fars, ərəb və türk dillərində minə yaxın yazılı mənbələrdən stifadə etmiş, Ağqoyunlu dövlətinin sosial-siyasi strukturunu, mədəni çiçəklənməsi və süqutunu şərtləndirən amilləri təhlil etmişdir.

Qeyd edək ki, oxuculara burada kitabın Yuta universiteti nəşriyyatının çap etdiyi yenilənmiş və genişləndirilmiş ikinci nəşrinin tərcüməsi təqdim olunur. Bakı Araşdırmalar İnstitutu bu tərcüməni həm müəllifin, həm Yuta universiteti nəşriyyatının icazəsi ilə yayır.

Tarix Elmləri Doktoru Şəlalə Məmmədova

5

DURĞUNLUQ VƏ TƏNƏZZÜL

Laləzarlıqdan bir narahat külək qopdu

                                    İnsanlıq bir nalə çəkdi

                              Baba Fəqani Şirazi, Yaqubun şərəfinə qəsidə

 

Uzun Həsənin ölümündən keçən beş il ərzində Ağqoyunlu imperiyasının siyasi həyatı sülalə çəkişmələri və xarici işğallar nəticəsində ciddi şəkildə dağılır. Uzun Həsənin böyük oğlu, otuz beş yaşlı Sultan Xəlil bəyan edir ki, atası hakimiyyətin sülh yolu ilə ötürülməsinə cəhd göstərərək onu varisi elan etmişdi.[i] Lakin onun on dörd yaşlı doğma qardaşı Yaqubun tərəfdarları iddia edirlər ki, Uzun Həsən əslində taxtı Yaquba həvalə edərək (xilafət və qaim-məqami), Sultan Xəlilə inzibati işləri (həll və əqd-i ömür-i cahanbani)[ii] tapşıraraq birgə hakimiyyət təklif edib. Bu institusional tənzimləmə o qədər kövrək idi ki, 1478/882-ci ildən 1481/886-cı ilə qədər yeddi Uzun Həsəni və Qara Osmani konfederasiya və imperiya rəhbərliyinə iddialarını irəli sürmüşdülər. Sonunda hakimiyyət Yaqubun adı altında saray, hərbi qüvvələr və bürokratik aparatdan ibarət koalisiyanın nəzarətinə keçir, qismən qısa sürən Üçüncü Vətəndaş müharibəsinə son qoyulur. On il ərzində sülalə çəkişmələrinə son qoyulan Ağqoyunlu imperiyasında mədəni çiçəklənmə dövrü başlayır. Mədəni çiçəklənmə dövrü siyasi staqnasiya və geriləmə ilə müşayiət olunurdu. 1490/896-cı ildə Yaqubun ölümündən sonra imperiyanın əsasları sürətlə sarsılmağa, konfederasiya quruluşu isə dağılmağa başlayır.

ÜÇÜNCÜ VƏTƏNDAŞ MÜHARİBƏSİ

Sultan Xəlilin qısa, narahat hakimiyyət illərinin Yaqubi mənbələrində qeyri-obyektiv təsviri bu keçid dövrünün həqiqi əhəmiyyətini müəyyənləşdirməyə imkan vermir.[iii] Sultan Xəlilin bir hökmdar kimi fəaliyyətinin dərindən təhlili onun atasının sülalə və siyasi hakimiyyətin mərkəzləşdirilməsi siyasətini davam etdirmək niyyətində olduğunu göstərir. Məhz buna görə də onun ilk addımı hakimiyyətinə müxalif olacaq qüvvələrin aradan qaldırılması olur. Uzun Həsənin ölümündən dərhal sonra Sultan Xəlil həbsdə olan iyirmi yaşlı ögey qardaşı Maqsudu edam etdirir. Bu, Ağqoyunluların Osmanlı tərzində həyata keçirdiyi qeydə alınmış ilk qardaş qırğını idi. Taxta çıxmaq mərasimindən dərhal sonra Sultan Xəlil doğma qardaşları Yaqub və Yusifi uzaq Diyarbəkir əyalətinə göndərir, saraydan uzaqlaşdırılanlar arasında anası, güclü təsirə malik Səlcuqşah bəyim, sərkərdələrdən Süleyman və Bayandur bəy və Yaqubun lələsi Qazi İsa bin Şükrallah Savaci də var idi. Yüksək inzibati, hərbi və dini vəzifələr Sultan Xəlillə Fars vilayətində çalışmış, ona sadiq olan insanlar arasında bölüşdürülür. İranın məşhur Deyləmi ailəsinin iki nümayəndəsi, Şah İmadəddin Salman və Şah Mahmud Can Əcəm İraqı və Farsın maliyyə işlərinin başına keçirlər.[iv] Farsın paytaxtı və Sultan Xəlilin əvvəllər yaşadığı Şiraz şəhəri böyük oğlu Əlvəndin mülkiyyətinə keçir. Əlvənd Bayandurların hərbi hissəsi və Alpavut, Həmzə-Hacılı, Miranşahi, Mosullu və Qoca-Hacılı kimi əsas tayfaların bir çox əmirləri ilə birgə Şiraza yollanır. Nəhayət, Sultan Xəlil atasının köhnə düşmənləri olan Osmanlılarla münasibətləri nizama salmağa çalışır və bu məqsədlə yüksək rütbəli səfirləri İstanbula yollayır.[v]

Sultan Xəlilin sürətlə hakimiyyəti əlində təmərküzləşdirməsi cəhdinə ilk etiraz onun Cahangiri əmioğullarından gəlir. 1478-ci ilin mayında/883-cü ilin səfər ayında[vi] Sultan Xəlilin Savadakı hakimi Murad bin Cahangir Bayandur bir neçə Qaraqoyunlu və kürd əmirlərini Təbriz hakimiyyətinə qarşı qiyama qaldırır. Əvvəl Maqsud bəy Purnakın başçılığı altında şah ordusu Sultaniyənin kənarında  məğlubiyyətə uğradılır və Sultan Xəlil şəxsən döyüş meydanına çıxmalı olur. Lakin döyüş başlamamış Muradın qüvvələri dağılır, Muradın özü isə Firuzkuhun hakimi Hüseyn Kiya Çulavinin yanına sığınır. Bir neçə Ağqoyunlu əmiri Muradı geri gətirmək üçün yollanır, Sultan Xəlil isə daha güclü təhdidlə qarşılaşmaq üçün hazırlıqlara başlayır. Muradın Kirman vilayətini idarə edən qardaşları İbrahim və Qasım Əlvənd və Sultan Xəlilin tərəfində olan hərbçiləri ələ keçirmək üçün Farsı işğal edirlər. Muradın qardaşları da geriyə otuzdurularaq Əcəm İraqına qaçmağa məcbur olurlar. Onlar orada Muradın qüvvələri ilə birləşmək ümidində idilər. Lakin iyunun ortalarında/rəbiüləvvəl ayında Murad edam edilir, qardaşı İbrahim isə Sultan Xəlilin adamları tərəfindən həbs olunur.

Lövhə III. Sultan Xəlil, Hidayətin Divanı, 1478/883, Təbriz, Çester Betti kitabxanası, Dublin, T.401, şəkil 70b. (Dublinin Çester Betti kitabxanasının İdarə Heyəti üzvlərinin icazəsi ilə nəşr edilir)

Sultan Xəlilin hakimiyyətinə ən ciddi təhdid isə Yaqubun adından qərbdə başlanan qiyam idi. Bu qiyamı təşkil edən Səlcuqşah bəyim, Qazi İsa, Bayandur və Süleyman bəy on il əvvəl Azərbaycan, Əcəm İraqı və Farsa köçmüş Ağqoyunlu mərkəzinə tabe olmaq məcburiyyətində qalan Diyarbəkir, Ərməniyə və Kürdüstanın uzun illərdir narazı olan hərbi elitasının dəstəyinə malik idilər. Köhnə sülalə münaqişələri də başlamışdı, bu münaqişədə Turəli Əhmədilər və Pirəlilər də daxil olmaqla bir neçə Qara Osmani qüvvələri iştirak edirdi. Bundan başqa Yaqubu dəstəkləyənlər içərisində Bayramlı, Çaxırlı, Duxarlı, Mosullu və Purnak tayfalarının üzvlərinin daxil olduğu çoxlu sayda Ağqoyunlu müttəfiqləri var idi.[vii] Yaqubun arxasında duranların əslən “Anadolulu” olmasına işarə isə İsfəndiyari, Qaramanlı və Zülqədərlərin Sultan Xəlilə qarşı qiyama qoşulması idi.

Yaqubilərin çoxlu sayda tərəfdarlarının olmasına baxmayaraq onlar Sultan Xəlilin yaxşı təchiz olunmuş imperiya ordusundan zəif idilər. Lakin zəif olmaqlarına rəğmən böyük güclə mübarizə aparmağa davam edirdilər.[viii] Nəhayət, iki ordu 1478-ci il iyulun 15-də/883-cü il rəbiülaxır ayının 14-də Təbrizin şimal-qərbindəki Xoy şəhərində üz-üzə gəlirlər. Əvvəl döyüş Sultan Xəlilin xeyrinə başlayır, lakin qəflətən Yaqubun Bayandurun rəhbərliyi altında olan sol cinahının öldürücü zərbəsi Sultan Xəlili əsas qüvvələrindən ayırır. Sultan Xəlil mühasirəyə alınaraq parçalara doğranır. Onun ordusu dərhal dağılır, sərkərdələr imperiya paytaxtına aparan yolu boş buraxaraq qaçırlar. Bayandur və Süleyman bəy zəfər çalan Yaqubi qüvvələrini paytaxt Təbrizə yönəldir, orada Yaqub Uzun Həsənin taxtına otuzdurulur. 

Ağqoyunlu mənbələrinin heç biri Yaqubun Təbrizdə taxta çıxmasının dəqiq tarixi haqqında məlumat vermir. Xunci-İsfahani bu hadisənin kosmoloji əhəmiyyəti haqqında uzun-uzadı yazır, yalnız Abdulla əl-Bağdadi yeni hökmdarın taxta çıxdığı ay haqqında məlumat verir və yazır ki, bu hadisə 1478-ci il avqustun xeyirli bir günündə/883-cü ilin cəmadiyələvvəl ayında baş verib.[ix] Lakin Osmanlı mənbələri iki fərqli tarixi, 884 və 886-cı illəri qeyd edirlər. Səhv olan birinci tarix İdris Bidlisinin əsərində qeyd edilib və həmin əsərdən istifadə edən Saddədin də bu tarixi təkrarlayır.[x] İkinci tarix isə Qoca Hüseyinin XVII/XI əsr kompilyativ əsərində yazılıb və çox güman ki, Mustafa Cinabinin erkən dövrdə yazılmış əsərindən götürülüb.[xi] Qazurgahinin XV əsrin sonu-XVI əsrin əvvəllərinə/IX-X əsrlərə aid Teymurilərin bioqrafik lüğətində Qoca Hüseyin və Cunabinin məlumatları təsdiq olunur və Yaqubun taxta çıxdığı il favazza, yəni 886 (1481)-cı il olaraq qeyd edilir.[xii] Bununla əlaqədar qeyd etmək lazımdır ki, 1481-ci il/886-cı il Bayandurun məğlubiyyəti və aşağıda müzakirə ediləcək Üçüncü Vətəndaş müharibəsinin sonu kimi qiymətləndirilir. Ola bilsin ki, Xunci-İsfahaninin çaşqınlıq yaradan “əsrin başlanması üçün doğru il (8)87-ci ildir” ifadəsinin əhəmiyyəti bu ilin Yaqubun müstəqil hökmdarlıq dövrünün ilk ili olmasından ibarətdir.

Çevriliş tamamilə başa çatmamış Yaqubiyə hərəkatının rəhbərləri yeni dövlət işlərində Sultan Xəlili dəstəkləyən hərbçi və məmurlarla münasibətlərin qurulması problemi ilə üzləşirlər. Bəzi məmurların vəzifədən uzaqlaşdırılması və hətta məhv edilməsinə baxmayaraq, Xoy döyüşündə Yaquba qarşı vuruşanların əksəriyyəti əfv edilərək öz mövqelərinə dönmək hüququ əldə etdilər. O biri düşərgədə isə Yaqubun tərəfdarlarından tamamilə imtina edilir, əvvəlcə dövlət çevrilişinin əleyhdarları Sultan Xəlilin iki kiçik oğlu Əli və Əlvəndin ətrafına toplaşırlar. Əlinin ətrafındakı əks-çevriliş tərəfdarları asanlıqla ələ keçirildi, Əlinin özü isə qısa müddətdən sonra Yaqubun dövlətinin sütunlarından birinə çevrildi. Sultan Xəlilin böyük nüfuza malik olduğu Farsın hərbi elitası tərəfindən dəstəklənən Əlvənddən gələn təhlükənin potensialı daha güclü idi. Onun hakimiyyət əldə etmək arzusu heç bir zaman reallaşmır, Əlvənd dövlət çevrilişi faktı ilə könülsüz razılaşdıqdan qısa müddət sonra naməlum şəraitdə dünyasını dəyişir.[xiii] Atası Şeyx Həsən 1451/855-ci ildə Ağqoyunlu hakimiyyəti uğrunda Cahangirlə mübarizə zamanı öldürülən və Qara Osmanilərdən olan Qısa Hacının idarəçiliyi altındakı Əcəm İraqı da Yaqubilərə qarşı mübarizənin mərkəzinə çevrilmişdi. Lakin Bayandurun Qısa Hacını əsir götürməsi ilə yeni rejimə qarşı son daxili təhdid də aradan qaldırılmış oldu. Bu amansız tədbirlər nəticəsində yaranmış ağır vəziyyət geniş kütləvi vergi imtiyazlarının tətbiqi və Uzun Həsən tərəfindən bəxş edilmiş fərdi maliyyə və inzibati imtiyazların bərpası ilə unutduruldu.[xiv]

Muşaşa və Osmanlı, Teymuri, Qaraqoyunlu və Məmlük macəraçılarının Sultan Xəlilin taxtdan uzaqlaşdırılması ilə bağlı yaranmış gərgin vəziyyətdən yararlanmaq üçün fürsət axtardıqları bir vaxtda güclü sərkərdələrdən Sufi Xəlil bəy Mosullunun və Teymur Osman bəy Miranşahinin də daxil olduğu Yaqubi qruplaşmasının həm konfederasiya, həm də imperiya daxilində mövqelərini möhkəmləndirmək üçün o qədər də böyük şansları yox idi. İraq, Fars və Azərbaycandakı nominal hökmdarlarının kiçik zəiflik işarəsinə bənd olan Xuzistanın qədim radikal Muşaşahiləri (Muşaşahiyyə – Şiə təriqəti – tərcüməçi) Ağqoyunlulara qarşı çıxan ilk qüvvə oldu. 1478/883-cü ildə onlar Bağdada qədər irəliləyə bildilər. Qısa fasilələrlə növbəti on il davam etmiş bu qiyam Yaqub hakimiyyətinin ən böyük daxili problemi olduğunu göstərdi.[xv] 1479-cu ilin baharında/884-cü ilin əvvəlində Osmanlıların əvvəllər Ağqoyunluların tabeliyində olmuş Bayburtun şimalında yerləşən Turul və ya Ardasa bəyliyini işğal etmələri Təbrizin Fateh Mehmetin Yaqubun və tərəfdarlarının mülkləri hesabına Şərqi Anadoludakı torpaqlarını genişləndirməklə bağlı qorxularını artırdı. Lakin Osmanlılar işğallara qısa fasilə verdilər.[xvi] Kelkit-Çoruh dərəsi indi Osmanlıların ələ keçirdikləri Trabzon və ətraf torpaqları ilə Ağqoyunluların Ərməniyə vilayəti arasında sərhədə çevrilmişdi. Həmin ilin sonu Ağqoyunlu imperiyasının digər sərhədində Bayandur və Sufi Xəlil bəy Əbu Bəkr bin Sultan Əbu Səid Teymuri və Cahanşah Qaraqoyunlunun nəvəsi İbrahim bin Məhəmmədini Kirmandan qovaraq bu uzaq şərq vilayətində Yaqubi hakimiyyətini bərpa etdilər.[xvii]

Misir və Suriya Məmlükləri Yaqubilərin mübarizə apardıqları sonuncu xarici düşmənlər idi. 1480-ci ilin yazında/885-ci ilin əvvəlində Təbrizdəki hökmdar Qahirədəki Məmlük sultanı Əl-Əşrəf Qayıtbayın sarayına səfir göndərir, lakin sultan Məkkə ziyarətinə getdiyi üçün elçiləri qəbul edə bilmir.[xviii] Bir neçə ay sonra 1473/877-ci ildə Uzun Həsənin Suriya hücumunun qarşısını almış sərkərdə, baş vəzir Yaşbəy Qahirəni tərk edərək qiyamçı Əl Fədlə qarşı əməliyyata başlamaq əmri ilə böyük hərbi qüvvələrin başında Suriya düzünə çıxır.[xix] Lakin Dəməşq, Hama, Tripoli və Hələbin qoşunlarından ibarət olan Yaşbəyin ordusu çatana qədər ərəb tayfaları həmin ərazini tərk edirlər. Şəxsi ambisiyaları ilə hərəkət edən, Uzun Həsənin nəslindən qisas almağa çalışan və ola bilsin ki, Ağqoyunluların anti-Yaqubi qüvvələri tərəfindən həvəsləndirilən Yaşbəy cəza dəstələrini Fərat sahili boyuna yönəldərək Ruha qalasını mühasirəyə alır. Mosullu hakiminin yardım xahişinə cavab olaraq Bayandur sağ və sol cinahlarında Süleyman bəy Bican və Sufi Xəlil bəy Mosullunun durduğu böyük Ağqoyunlu ordusunun başında Məmlüklərə qarşı döyüş meydanına çıxır. İki ordu 1480-ci ilin noyabrında/885-ci ilin ramazan ayında Ruhadan kənarda qarşı-qarşıya gəlir, sayca az olan Məmlük ordusu döyüş meydanından qaçır.[xx] Yaşbəyin özü döyüşdən sonra ələ keçirilmiş çoxlu sayda əsirlə birgə bir neçə gün sonra edam edilir. Bu edam Bayandurun şəxsi təşəbbüsü idi. Bu hadisə və Məmlüklərin çoxlu sayda əsirlərinin azad edilməsi məsələsi növbəti bir neçə ay ərzində Yaqubi hakimiyyəti ilə Əl-Əşrəf Qayıtbayın münasibətlərini korlayacaq. Lakin bir tərəfdən Əl-Əşrəf Qayıtbayın xəyanətkar şahzadə Cemə sığınacaq verməsi nəticəsində Osmanlı-Məmlük münasibətlərinin korlanması, digər tərəfdən də Bayandurun getdikcə tabeçilikdən çıxması Məmlük sultanı ilə Yaqubun yaxınlaşmasına səbəb oldu. Əsirlərə xələt verərək azad etdilər, Yaşbəyin ölümü ilə bağlı əl-Əşrəf Qayıtbaydan üzr istənildi, sultan isə 1473/877-878-ci ildən əsirlikdə olan Ağqoyunluları azad etdi və Uzun Həsənin ölümündən sonra ilk dəfə olaraq İraqın zəvvarlıq kəcafələrinin Hicaza daxil olmasına icazə verildi.[xxi]

Sultan Xəlil, Əbubəkr Teymuri və Yaşbəy üzərində qələbədən sonra özünə güvənən Bayandur Yaqubun hakimiyyətini məhv etmək, lider olmaq və şəxsi hakimiyyət əldə etmək qərarına gəlir.[xxii] 1481-ci ilin payızında/886-cı ilin ortalarında Bayandur Muşaşanı tabe etmək əmri alır, lakin bu əmri yerinə yetirmək əvəzinə Həmədana çatar-çatmaz özünü müstəqil hökmdar elan edir. Əvvəldən ona Əcəm İraqının Bayandur, Alpavut və Çemişgəzək kürd tayfa başçıları dəstək verirdi, Azərbaycandakı Miranşahi və Çaxırlılar da yeni hökmdara birləşmək üçün dəvət almışdılar. Lakin Yaquba qarşı təşkil olunmş sui-qəsdin üstü açıldıqdan sonra Bayandurun tərəfdarları vaxt itirdilər, nəticədə çoxları ona vəd etdikləri dəstəkdən imtina etdilər. Bayandurun tükənən qüvvəsi Yaquba sədaqətli olan Sufi Xəlil bəy Mosullu, Süleyman bəy Bican və Teymur Osman bəy Miranşahi tərəfindən asanlıqla dağıdıldı. Bayandur və hakim tayfadan olan tərəfdarları edam edildilər, qaçmış konfederasiya tayfa başçıları isə öz mövqelərinə qaytarıldılar.[xxiii] Hakim cəbhənin başlıca nümayəndəsinin ölümü ilə dörd il davam edən Üçüncü Vətəndaş müharibəsinə son qoyuldu, Yaqubilər arasında yeni qruplaşma formalaşdı. Beləliklə, 1481/886-cı ildən 1490/896-cı ilə qədər Yaqubun tək hökmranlıq etdiyini qəbul etmək olar.

Lövhə IV. Əhlət, Bayandurun türbəsi, 1481/886-cı ildə öldürülüb

YAQUBUN MÜSTƏQİL HAKİMİYYƏTİ

Yaqubun rəsmi tarixində, Xunci-İsfahaninin Aləm-aray-i Əmini adlı əsərində dörd il haqqında heç bir məlumat olmadığından paytaxtda və vilayətlərdə Bayandurun ölümündən sonrakı ilk mərhələdə başlayan hökumət dəyişiklikləri haqqında informasiya əldə etmək o qədər də asan deyil.[xxiv] Buna baxmayaraq sonrakı dövrlərdə yazılan mənbələrə səpələnmiş istinadlar həmin dövrün və ondan sonrakı mərhələnin inkişaf istiqamətlərini izləmək imkanı verir. Əvvəla, bu məlumatlardan aydın olur ki, Yaqubun şəxsi hakimiyyəti dedikdə qohum və ayrı-ayrı şəxslərin mərkəzi hökumətdə hər hansı bir vəzifə tutması üçün şəxsən ona müraciət etməsi nəzərdə tutulurdu. Bu, həmçinin, o demək idi ki, Yaqubun anası, Səlcuqşah bəyim ən yüksək səviyyədə saray və sülalə məsələlərinin həlli ilə məşğul idi. Yaqubun lələsi Süleyman bəy Bican həm imperiya ordusunun komandanı, həm də inzibati şuranın rəhbəri vəzifəsini tutaraq hökumətin başında dururdu.[xxv] Yaqubun müəllimi Qazi İsa Savaci bir neçə mülki vəzifəni əlinə almışdı, “…tezliklə onun hakimiyyəti maliyyə və dini işlər üzrə vəzirin vəzifəsindən üstün olur, digər rəsmilər isə onun qarşısında böyük qorxu hiss edirdilər.”[xxvi] Onların hər birinin şəxsiyyətinə söykənən hakimiyyəti göstərdikləri himayə və qohumbazlıq sayəsində genişlənir, Yaquba, mərkəzə və vəzifə bölgüsünə təsir uğrunda üçtərəfli rəqabəti gücləndirirdi.[xxvii]

Ağqoyunlu imperiyasının əyalətlərində adətən mərkəzdənqaçma xüsusiyyəti ilə seçilən mərkəzi hakimiyyətin iki xətli münasibətlərinə əlavə olaraq dörd qruplaşma formalaşmışdı. Uğurlu Məhəmmədin qiyamından sonra Uzun Həsənin tədricən apanaj sistemini ləğv etməsi nəticəsində vilayətlərin əksəriyyəti ya birbaşa hökmdarın şəxsi mülkiyyətinə keçmiş, ya da konfederasiya tayfa başçılarının birinə verilmişdi. Lakin bəzi irsi mülklərə, məsələn Azərbaycanın şimal-şərqində Çaxırlılara məxsus olan torpaqlara toxunulmamışdı. Bu prosesin ilkin  mərhələsində torpaq mülkiyyəti əsasən göstərilən xidmət müqabilində və qısa müddətə verilirdi, vilayətlərin hakimləri isə tez-tez dəyişdirilirdi.[xxviii] Vilayət hakimlərini dəstəkləyən əyalət orduları isə bir qrupun vilayətdə kök salmaması və şəxsi maraqlarını inkişaf etdirməməsi üçün bir neçə tayfa üzvlərindən təşkil olunurdu. Apanaj sisteminin tamamilə dağıdılması prosesi 1478/883-cü ildə Yaqubun adından həyata keçirilmiş dövlət çevrilişindən dərhal sonra Şabankarə və Fars vilayətlərinin ali inzibati şura tərəfindən mərkəzləşdirilmiş şəkildə idarə edilən torpaqlar sırasına daxil edilməsi ilə başa çatdı.[xxix] Purnaklar tərəfindən Fars və Ərəb İraqında, Mosullular tərəfindən Ərməniyə və Diyarbəkirdə yerli muxtariyyətin yaradılması on ildən sonra mümkün oldu.[xxx] Beləliklə, Səfəvilərin son dövründə mövcud olmuş bəzi siyasi institutları xatırladan apanaj sisteminin yarımmüstəqil tayfa anklavlarına çevrilməsi Konfederasiya Tayfa Müharibələri dövründəki tənəzzül və xaosdan xəbər verirdi. Bu, Yaqubun hakimiyyəti dövründə daxili siyasətdə baş vermiş ən mühüm dəyişiklik kimi qiymətləndirilməlidir.[xxxi]

Lövhə V. Yaqub və sarayı, Şeyxi, Albom, 1478-1490/883-896, Təbriz, Topqapı sarayı kitabxanası, İstanbul, H.2153, şəkil 90b-91a.

Həmin dövrdə hakimiyyətin digər mərkəzi aktiv və iddialı Sufi Xəlil bəy Mosullunun ətrafında təmərküzləşmişdi. Bayandurla münaqişədə Yaquba sədaqət nümayiş etdirməsi və ola bilsin ki, onu paytaxtın siyasi həyatından uzaqlaşdırmasının əvəzində Sufi Xəlil bəy Yaqubun ilk oğlu Baysunqurun lələsi və Farsın hakimi təyin edilmişdi.[xxxii] Lakin o, Farsda müstəqil hökmdar kimi rəftar etməyə meyilli olduğunu göstərir və onun bu iddiası Təbriz hökumətində narahatlıq yaradır. Onun Hind okeanı-Fars körfəzinin əsas tranzit şəhər adası olan Hörmüzə uğursuz hücumu geriyə çağrılması və Gürcüstan əməliyyatının başına keçirilməsi ilə nəticələnir. Onun təşəbbüskarlığı və döyüşkənliyi hərbi əməliyyatlarda mərkəzi hakimiyyətə daha yaxşı xidmət edə bilərdi.[xxxiii] 1486/891-ci ildən 1490/896-cı ilə qədər[xxxiv] Sufi Xəlil bəy nəinki Qafqazın xristianlarına qarşı davamlı qazi müharibələrində iştirak edən təcrübəli Ağqoyunlu qoşunlarına rəhbərlik etmiş, həmçinin imperiyanın əsas artilleriyasını da nəzarətdə saxlamışdı. Bu iki faktor onu imperiyanın hərbi sahəsində ən güclü insana çevirmişdi.[xxxv]

Dar və şəxsi maraqların üstünlük təşkil etməsinə baxmayaraq o dövrdə İslamın qüdrətli mərkəzlərindən birinə çevrilmiş Təbriz[xxxvi] təkcə Yaqubun köçəri sarayının deyil, bütövlükdə Ağqoyunlu imperiyasının siyasi, iqtisadi, mədəni və dini həyatının mərkəzinə çevrilmişdi. Təbrizin hökmdarları Uzun Həsənin dövründə olduğu kimi həm yüksək siyasi, həm də möhtəşəm islami ideyalara xidmət etsələr də, tədricən birincidən ikinciyə keçidin baş verdiyi aydın şəkildə hiss olunurdu. Siyasi mühafizəkarlıq Uzun Həsənin dünya hökmranlığı xəyallarının yerini tutmuşdu. Bu fakt Yaqubun hakimiyyəti dövründə Ağqoyunlu mülklərinə heç bir yeni ərazinin əlavə olunmaması ilə izah olunurdu. İmperiya ambisiyalarının azalması ilə Avropa müttəfiqliyi də solmuşdu. Bu, qismən 1479/884-cü il Osmanlı-Venesiya müharibəsinin bitməsi kimi xarici faktorlardan asılı olsa da, Avropa ilə diplomatik münasibətlərin zəifləməsi həm də Ağqoyunlu oliqarxiyasının daxili problemlərə yönəlməsi və  digər məsələlərlə bağlı idi.[xxxvii]

Xəritə 9. Ağqoyunlu İmperiyası 1490/895-ci ildə. 

Yaqubun hakimiyyəti dövründə əldə edilən əsas nailiyyətlərdən biri iqtisadi status-kvonun bərpa edilməsi və Təbrizin Xəzər-Aralıq dənizi ipək ticarətində vəziyyətinin qorunması və möhkəmləndirilməsinə kifayət qədər enerjinin sərf edilməsi olmuşdu. Vassal şahlıq olan Şirvanla siyasi əlaqələr Uzun Həsənin dövründən oğlu Yaqubun şirvanşah Fərrux Yasarın qızı Gövhərsultan xanımla, Fərrux Yasarın oğlu Qazi xanın isə Uzun Həsənin qızı Şahbəy xatunla nikahı nəticəsində möhkəmləndirilmişdi. Bütövlükdə imperiya dövründə Ağqoyunlularla Şirvanın münasibətləri mehriban xarakter daşıyıb.[xxxviii] Lakin Təbrizin Xəzərin cənub  sahilində yerləşən ənənəvi kiçik müstəqil dövlətlərlə münasibəti daha mürəkkəb və gərgin olub. Bölgə müxtəlif yarımmüstəqil vilayət və əyalətlərdən ibarət olsa da, XV/IX əsrin sonlarında qərbdə Gilanda Biyapas və ya Biyapişin Kiyai və ya Malati seyidləri, mərkəzi Rüstəmdar vilayətində qədim Pasduban xanədanı, şərqdə Mazandaranda Qəvvami və ya Maraşi seyidləri əsas güc idilər.[xxxix]  Bu siyasi qurumlar xərac və rüsum ödəmələrinə Uzun Həsənin dövründən başlamışdılar.[xl] Məsələn, 1476/881-ci il şah fərmanına görə, Gilanın Biyapas vilayəti ildə dəyəri Bursa bazarında 1.2 milyon akça olan, Ərzincan keçid məntəqəsinə əlavə olaraq 300.000 akça ödənilən 7.200 kiloqram xam ipək verməli idi. Qəvvamilərin nəzarətində olan Mazandaran bundan üç dəfə artıq vergi ödəyirdi![xli] Lakin Yaqubun hakimiyyəti dövründə bəzi vilayətlərin, xüsusilə də Mazandaranın çoxlu  vergi borcu yaranmışdı. Həmin dövrdə Ağqoyunlu cəza dəstələri ödənilməmiş vergilərin toplanması və Təbriz ipək anbarına vaxtlı-vaxtında xam ipəyin daxil olmasını təmin edəcək yeni hakimlərin vəzifəyə təyin edilməsi məqsədi ilə bir neçə dəfə Xəzər bölgəsinə yürüş etmişdi. Bu yürüşlər nadir hallarda uğurla başa çatırdı, 1483/888-ci ildə, məsələn, Mazandarana vergi toplamaq üçün göndərilən yüksək rütbəli türkmən sərkərdə və süvari dəstələri II Seyid Əbdülkərim və tərəfdarları tərəfindən Sarı yaxınlığında qılıncdan keçirilmişdilər.[xlii] Davamlı olaraq itaətdən çıxma və tabe olmaqdan imtina 1487/892-ci ildə Mazandaranın Ağqoyunlular tərəfindən işğal olunması və Seyid Əbdülkərimin Gilandakı müttəfiqi Əli Mirzə Kiyaiyə qarşı ciddi hərbi təhdidə səbəb olmuşdu.[xliii] Əbdülkərim Təbrizə aparılsa, Əli Mirzənin üzərinə ağır vergi qoyulsa da, Xəzər bölgəsi Yaqub hakimiyyəti üçün hətta 1488/893-cü ildə Mazandaranın birbaşa işğalından sonra da ciddi inzibati problem olaraq qalmaqda idi.[xliv]

Əsasən iqtisadi və maliyyə məsələlərindən ibarət olsa da Herat, Qahirə və İstanbul kimi digər İslam mərkəzləri ilə münasibətlər olduqca sülhsevər idi. Yaqubun hakimiyyəti dövründə əsasən ailə, mədəniyyət və dini məsələlərə həsr olunmuş Ağqoyunlu-Teymuri diplomatik əlaqələrində əvvəllər mövcud olan kin-küdurət yoxa çıxmış, iki hakim ailə arasında münasibətlər xoş məram mərhələsinə keçmişdi.[xlv] İlk baxışda ənənəvi tarixi mənbələr və diplomatik sənədlərdə də Yaqubun əl-Əşrəf Qayıtbay[xlvi] və II Bəyazidlə[xlvii] dostluq və sülh münasibətlərində olduğunu görmək mümkündür. Lakin tarixi mənbələrin dərindən təhlili zamanı həm Qahirədə, həm də İstanbulda 1484-1491/889-896-cı illər Məmlük-Osmanlı müharibələri dövrü Yaqubun canfəşanlığı ilə bağlı bir qorxu, şübhə və qeyri-müəyyənliyin gizləndiyini hiss etmək olur. Bu narahatlığın ilk əlaməti 1487/892-ci ildə Yaqubun əl-Əşrəf Qayıtbayla Bəyazid arasındakı münaqişədə vasitəçi olmaq istədiyini bildirdiyi zaman Məmlük sultanının bunu qəti şəkildə rədd etdiyində üzə çıxır. Bir qədər sonra elə həmin il Osmanlı kəşfiyyatının hesabatında Yaqubun Qumda Məmlüklərin iki səlahiyyətli nümayəndəsi ilə görüşdə əl-Əşrəf Qayıtbayla əvvəllər mövcud olmuş müqaviləni bərpa edərək Qahirədəki “atasına” yardıma gələcəyini vəd etdiyi qeyd olunur. Onun planında ən azından Anadolunu tabe edərək İstanbulu ələ keçirmək dururdu. Hesabatda qeyd edilir ki, Yaqubu bu plandan vaz keçirən yalnız 1488/893-cü ildə Şeyx Heydər Səfəvinin qiyamı olmuşdu.[xlviii] Daha mötədil və realist olan Osmanlı xəfiyyəsi 1490/895-ci il hesabatında Ağqoyunluların Osmanlıların əlində olan Qarahisara[xlix] hücumuna istinad etsə də, Təbrizin iqtisadi cəza almaq qorxusu altında döyüşən tərəflərə münasibətdə neytrallığını pozmağa təşəbbüs etdiyinə dair kiçik də olsa sübut tapmaq mümkün deyil. Yeni dövrdən əvvəlki İran iqtisadiyyatı üçün ipək ticarətinin tarixi əhəmiyyət kəsb etdiyini nəzərə alsaq, bu istiqamətin Yaqubi hakimiyyətinin Hələb və Bursa bazarlarına çıxışı təhlükə altına almaq arzusunda olmayan siyasətinin məntiqi nəticəsi olduğunu görə bilərik.[l]

Bu uzaqgörənliklə nəinki müharibənin qarşısı alınır, həmçinin Təbriz elitasının əlində külli miqdarda sərvət toplanırdı. Təmtəraqlı Yaqub sarayı ilə atasının qənaətcil dairəsi arasındakı fərq aşağıdakı əhvalatda olduqca gözəl təsvir olunur:

Bir dəfə Məmlük və Osmanlıların səfirləri Təbrizə gələrkən Sultan Yaqub Mirzə onlar üçün təmtəraqlı və möhtəşəm qəbul təşkil edir. Qızıl naxışla bəzədilmiş xələt geyinmiş Yaqub taxtda oturaraq səfirləri qəbul edir. Hər kəs yerini tutduqdan sonra Qazi İsa məclisə daxil olur. O, hökmdarın geyimini görərək irəli çıxır və deyir: “Qızılla bəzədilmiş paltar geyinmək Müqəddəs qanuna ziddir.” Bundan sonra o, xidmətçisi Əmir Siracəddinə xələti Yaqub Mirzənin çiynindən götürərək sadə, kobud parçadan tikilmiş xələtlə əvəz etmək əmri verir. Hökmdar bu qərarı razılıqla qarşılayır[li]

Dövlət qəbulları, qonaqlıq və ov zamanı nümayiş etdirilən təmtəraq Ağqoyunlu hakimiyyətinin qüdrət və möhtəşəmliyinin əks olunduğu memarlıq abidələrində daha parlaq ifadə olunur. Deyilənə görə, Cahanşahın Müzəffəriyyəsindən bir neçə dəfə böyük olan 1484/889-cu ildə inşa edilmiş Nəsriyyə məscidi və mədrəsəsi[lii] bir neçə il sonra tikilmiş Həşt Behişt sarayı[liii] və İşrətabad bağları tərəfindən kölgədə qoyulur. Müasir səyyahlar bu tikililəri Farsın möcüzəsi adlandırır. Səyyahlardan biri İşrətabad bağlarını “yer üzündə insan əli ilə yaradılmış cənnət” adlandırır.[liv] Tarixi mənbələrdə o dövrdə tikilmiş mədrəsələr, mehmanxanalar, bazarlar, anbarlar, hamam və kanallar haqqında da məlumatlar vardır. Bütün bunlar Ağqoyunlu paytaxtının çiçəklənməsindən xəbər verirdi.[lv]

Yaqubun hakimiyyətinin nüfuzunu ucaldan Təbrizin memarlıq abidələrindən çox onun himayədarlıq etdiyi tarixi əsərlər, ədəbiyyat, elm və sənət əsərləri idi. Əbu Bəkr Tehrani-İsfahaninin 1470/875-ci ildə yazdığı Diyarbəkriyə kitabı ilə başlayan saray tarixşünaslığı ənənəsi Fəzlullah Xunci-İsfahaninin Dünyanı bəzəyən Əmini əsəri ilə bəlağətin ən yüksək zirvəsinə çatır. Şirazdan olan Baba Fəqani və Babai şeir həvəskarı olan Yaqub və Qazi İsanın himayəsi altında şairlər kəhkəşanının ən parlaq ulduzlarına çevrilir, metafizik hind üslubunda yazılan fars nəsrinin formalaşmasına mühüm töfhələr verirlər.[lvi] Bundan başqa qüdrətli nəqşibəndi sufisi, Sultan Hüseyin Bayqaranın Heratdakı sarayının sakini Cami Yaqubla nəinki bir neçə dəfə yazışmış, həmçinin özünün alleqorik qəhrəmanlıq dastanı Salaman-u Absalı Yaqub və qardaşı Yusifə həsr etmş, Yaqubun şərəfinə bir neçə mədhiyyələr yaratmışdı.[lvii] XVəsrin sonunda/IX əsrdə xəttatlıq və miniatür rəsm sənəti orijinallıq və zərifliyi ilə Ağqoyunlu himayəsi altında yüksək inkişaf nöqtəsinə çataraq Teymurilərin məşhur Herat məktəbi ilə rəqabətə girmişdi. Əbdülrəhim Anisi Yaqubun emalatxanalarında işləyən məşhur sənətkarlardan yalnız biri idi.[lviii] Son dövr tədqiqatları göstərir ki, Şeyxi, Məhəmməd Dərviş kimi Təbriz ustalarının qüvvətli və entuziast türkmən üslubu, Məhəmməd Siyah Qələmin füsünkarlığı XVI əsrin ortalarında/X əsrdə Şah Təhmasibin hakimiyyəti dövründə Səfəvi rəssamlığının inkişafına böyük təsir göstərmişdi.[lix] Türkmən memarlığı, poeziyası və rəssamlığının tədqiqi üzrə əsərlər hələ yeni-yeni yaransalar da, Yaqubun Təbrizinin İslam mədəniyyət mərkəzi kimi olduqca mühüm əhəmiyyət kəsb etdiyini danmaq mümkün deyil, bu səbəbdən də türkmən hakimiyyətinin bəhrəsizliyi və barbarlığı haqqında deyilənlər artıq həqiqətə uyğun gəlmirdi.[lx]

Kübar İslam mədəniyyətinə dəstək verərək onu inkişaf etdirən Yaqub hökuməti İslamın hakimiyyət simvollarına da təsir göstərərək rejimin siyasi-dini legitimləşdirilməsi üçün yeni cəhdlər edirdilər.  Bu siyasətdə götürülən xətt vaxtilə Uzun Həsən tərəfindən yeridilən siyasətə bənzəyirdi. Məsələn, 1485-ci ilin sentyabrında/890-cı ilin ramazan ayında Yaqub İmam və İslam sərhədlərinin qoruyucusu simasında Ağqoyunlu qazilərini kafir Samtsxe üzərinə yönəldir. Yaqubun ikinci və şəxsən iştirak etdiyi sonuncu hərbi əməliyyatı olan bu yürüş həm maddi, həm də mənəvi cəhətdən uğurla başa çatmışdı. Ağqoyunlu artilleriyası tərəfindən dağıdılaraq işğal edilən Samtsxenin Axalkalaki, Axalsıx və Atskuri şəhərlərindən çoxlu sayda qənimət və əsirlər ələ keçirilmişdi. Onlar hökmdarın düşərgəsində olan din xadimləri arasında bölüşdürülmüşdü.[lxi] Təəccüblü deyil ki, məhz Samtsxe qəza əməliyyatından sonra rəsmi mənbələrdə Yaqubun imamatı peyda olunmağa başlayır. 1487-ci ilin aprelinə/892-cı il cəmadiyələvvəl ayına aid sənəddə dövrün imamı Yaqubun iki erməni ruhanini cizyə vergisindən azad etməsi yazılır.[lxii] Bir qədər sonra elə həmin ildə məşhur ənənəpərəst alim, sonradan rəsmi tarixşünas olacaq Fəzlullah Xunci-İsfahani Müsəlman dövlətinin başçısı hesab etdiyi Ağqoyunlu hökmdarına islami sədaqət andı (bay’at) içmək üçün hökmdarın Səhənd dağında yerləşən yaylağına gəlir.[lxiii] Nəhayət, XVII/XI əsr şiə bioqrafik mənbəsində dinşünas alim Cəlaləddin Davaninin Yaqubu müsəlman sünni icmasının dini-siyasi başçısı olaraq qəbul etdiyi iddia olunur.[lxiv]

Lövhə VI. Bəhram Gur Yaşıl köşkdə. Nizaminin Xəmsəsi, 1475-1481/880-886, Təbriz, Topqapı Sarayı Kitabxanası, İstanbul,  H.762, şəkil 189b.

Həqiqi sülalə konseptinin formalaşdırılması üçün Davaninin elçi-yeniləyici nəzəriyyəsini Yaqubun oğluna ötürmək sahəsində daha böyük cəhdlər edilir. Bu vəzifə heç şübhəsiz ki, Yaqubu Allahın Kölgəsi (zillullah) adlandıran, onun atasının əməlisaleh xarakteri ilə müqəddəs xarizmasını (farr-i ilahi) təcəssüm etdirdiyini iddia edən mistik şair Cami tərəfindən reallaşdırılırdı.[lxv] Qazi Hüseyin Maybudi yazırdı ki, “Mötəbər xəlifələrin dövründən sonra dünya onun (Yaqub) kimi cəmi bir neçə hökmdar görüb. Mehdinin zühur etməsinin carçısı olan onun hakimiyyəti dövründə insanlar hüzur və qayğısız yaşayıblar.”[lxvi] Bu ideyalar Xunci-İsfahaninin əsərinin Yaqubun taxta çıxmasına həsr olunmuş uzun və mürəkkəb  hissəsində ezoterik kosmologiya elementləri ilə birləşdirilir və sonunda qeyd edilir ki, əvvəla, XV/IX əsrin dönüş nöqtəsi Uzun Həsənin 1467/872-ci ildə Muş döyüşündə Cahanşah Qaraqoyunlunu məğlub etməsi deyil, Yaqubun zühurudur; ikincisi, dinin yenilənməsi səlahiyyəti bir şəxsə deyil, Bayandur tayfasının Uzun Həsəni xanədanının bütün nümayəndələrinə verilib.[lxvii] Əslində birinci prinsip ikinci prinsipi Yaqub xanədanının üzvləri çərçivəsində məhdudlaşdıraraq ailənin bir övladı tərəfindən idarə olunan sülalə evinin formalaşmasına aparırdı. Tələsik şəkildə düşünülmüş bu sülalə nəzəriyyəsinin atasından sonra Baysunqurun müqavimətsiz taxta oturmasını təmin etməyəcəyi nəinki Konfederasiya tayfa müharibəsi dövründəki siyasi proseslərdən, həmçinin Xunci-İsfahaninin gənc sultan Baysunqura “Əlahəzrət, xilafətin sığınacağı, Allahın kölgəsi, Oğuz xanın şöhrətinin, Ənuşirvanın nailiyyətlərinin varisi” kimi boş ehtiramla müraciətindən də aydın olurdu.[lxviii] Bu hissədə islamın legitimləşdirilmə prinsipi bəşəri hakimiyyət və ilahi şahlıq kimi bir sıra möhtəşəm bəyanatlar sırasında birinci yerdə dururdu. 

Qeyri-müsəlmanlara qarşı aparılmış müharibələrdə qazanılmış nailiyyətlərdən başqa Yaqub hakimiyyətini ideoloji dəstəklə təmin edən islam aristokratiyası və ziyalılarının mükafatlandırılmasından istifadə də əvvəlki hökmdarların dövründə olduğu kimi mənbələrdə təsdiq edilir. Bunlara əvvəlki hökmdarlar tərəfindən verilmiş mükafatların təsdiqlənməsi, şəxsi imtiyazlar, pul və qul şəklində hədiyyələr və vergi imtiyazları daxil idi.[lxix] Bu təbəqə ilə münasibətləri nizamlamağa can atan Yaqub vəzirləri və siyasi məsləhətçilərindən Uzun Həsəndən daha çox asılı idi.  İki qrup arasında getdikcə artmaqda olan münaqişə yəqin ki, Şeyx İbrahim Gülşəninin hədisindən daha faciəli təsvir oluna bilməzdi. Rəvayətlərin birində Yaqub Müqəddəs qanunun müddəaları və dünyəvi ədalətin imperiyanın yaşaması üçün mövcud olan bürokratiyadan üstün olduğu haqqında məlumat alır.[lxx] Başqa bir rəvayətdə Şeyx İbrahimin birbaşa hökmdara təsir edərək dövlətin gəlirlərini artırmaq məqsədi ilə dini təbəqəyə aid vergi imtiyazlarını, ödəmələri ləğv etməyə çalışan vəzirlərin planını alt-üst etməsi və xəzinəni hökmdarın, vəzir və sərkərdələrin  şəxsi gəlirləri hesabına doldurmaq təklifi təsvir olunur![lxxi] Bu məsləhət əvvəlcə diqqətə alınsa da, sonunda ondan imtina edilir və Qazi İsanın 1489-91/894-896-cı illərdə faciəli bürokratik islahat cəhdlərinə gətirib çıxarır.

Yaqubun məsləhətçilərinin təsiri altında olması ola bilsin ki, onun xalq islamı nümayəndələri ilə münasibətlərinin pisləşməsindən də irəli gəlirdi. Uzun Həsənin ölümündən sonra şaman-şeyx, vəcdə gəlmiş Baba Əbdülrəhman Şamini sarayda daha mötədil olan xəlvətilər, Dədə Ömər Rövşəni və Şeyx İbrahim Gülşəni əvəz edirlər. Mənbələr hər zaman bu iki şəxsin Yaquba təsirini qeyd ediblər. Digər mötədillər onlar qədər müvəffəqiyyətli olmayıblar. Bunu nəqşibəndi dərviş Siracəddin Qasımın taleyi də təsdiq edir.

Fəaliyyətinə birinci fəsildə toxunulan Siracəddin Qasım Təbriz dini icmasının olduqca hörmətli üzvlərindən idi və 1486/891-ci ildə Nəsriyyənin rəhbəri vəzifəsini tuturdu. Həmin ilin mart/rəbiüləvvəl ayında Mehdi adlı fanatik dərəcədə dindar olan bir gənc türkmən döyüşçü müqəddəs müharibə elan edərək islamı qəbul etməkdən boyun qaçıran varlı erməni taciri öldürür. Döyüşçünü edam edən Yaqubun adamları onun başını erməni icmasının üzvlərinə verirlər, onlar isə başı məhəllənin küçələrində top kimi təpikləyirlər. Bu hərəkətdən heyrətə gəlmiş islam dini nümayəndələri Dərviş Qasımın başçılığı altında Yaqubdan döyüşçünü müsəlman qaydasına uyğun olaraq dəfn etmək üçün icazə alırlar. Lakin gecənin düşməsi ilə dəfn mərasimi Yaqub və yaxınlarının məclis təşkil etdiyi sarayın ətrafında kütləvi nümayişə çevrilir. Qəzəbindən ağlını itirmiş Yaqubun hüzuruna gətirilən Dərviş Qasım Yaqub və saray mənsubları tərəfindən doğranılır. Növbəti gün Dərviş Qasımın ölüm xəbəri Təbrizə yayıldıqdan sonra şəhərin bütün müsəlman əhalisi ayağa qalxır. Əhalidən qisas almaq məqsədi ilə Yaqub bir neçə saatlığa ordusuna şəhəri talan etmək imkanı verir və əhali üzərinə ağır vergi qoyur.[lxxii] Ola bilsin ki, bu hadisə ilə əlaqədar yaranmış qarşılıqlı nifrət Yaqub və saray əyanlarını şəhəri tərk etməyə məcbur edir, növbəti beş ildə Yaqub yeni tikilmiş Həşt Behişt sarayında cəmi on iki ay keçirə bilir. Yaqub sonuncu dəfə Heydər Səfəvini məğlubiyyətə uğratdıqdan və açıq şəkildə alkoqollu içkilərdən imtina etdikdən və Təbrizin müsəlman əhalisinə spirtli içkilərin qadağan edilməsi haqqında fərman verdikdən sonra 1488-ci ilin iyulundan oktyabrına qədər/893-cü ilin şaban ayından zilqədə ayına qədər dörd ay şəhərdə yaşaya bilmişdi.[lxxiii] Bu addım paytaxt əhalisini sakitləşdirə bilmir, iki il sonra Təbrizdə yoluxucu xəstəliyin yayılması haqqında doğru olmayan xəbər yayılır və Yaqub Təbrizdə qışlamaqdan vaz keçir.[lxxiv]

Yaqub hakimiyyətinin paytaxtda yerli dini icma nümayəndələri və onların tərəfdarlarından uzaqlaşması vilayətlərdə mərkəzi hökumət ilə ekstremist Muşaşa və köhnə Səfəvi yarımhərbi hərəkatı arasında düşmənçiliyin artması ilə bir vaxta düşür. Muşaşaiyyənin Uzun Həsənin 1478/883-cü ildə ölümündən qısa müddət əvvəl cənubda yaratdığı gərginlik II Bəyazidin məktubuna əsasən “İraq vilayətinin yarısının” itirilməsi ilə nəticələndi.[lxxv] Birbaşa hərbi müdaxilə zərurəti yaranır və Fars, Əcəm İraqı və Ərəb İraqının qoşunları Mənsur bəy Purnakın başçılığı altında Muşaşaiyyənin Xuzistan paytaxtı Şüstəri mühasirəyə alıb ələ keçirirlər. Lakin Muşaşaiyyənin rəhbəri Seyid Möhsün Ağqoyunlu hökumətinin şərtlərini dərhal qəbul edərək bütövlükdə bəyliyin işğalının qarşısını alır. Xunci-İsfahani 1490/895-ci ildə Yeni il tədbirləri zamanı onun adını Yaquba sədaqət nümayiş etdirən  xərac ödəyənlər sırasında çəkir.

Şimalda Yaqubun bibisi oğlu və kürəkəni Heydər Səfəvinin fəaliyyəti daha ciddi tədbirlərin həyata keçirilməsini tələb edir. Səfəvi orderinin radikal qolunun hərbi xarakteri ilk dəfə özünü 1460/864-cü ildə Şirvanşah Xəlil ilə döyüşdə öldürülən Cüneydin dövründə biruzə versə də, inkişafı və çiçəklənməsi onun ölümündən sonra dünyaya gələn oğlu Heydərin dövrünə təsadüf edir. Dayısı Uzun Həsənin Azərbaycanı işğalından bir müddət sonra Ərdəbil Səfəvi orderinin başına gətirilən gənc şeyxin ətrafına tezliklə Suriya və Anadolunun ifrat şiə türkmən tayfalarından Cüneydin tərəfdarları toplaşır. Xunci-İsfahaninin Heydərin döyüşkən dəstəsi və Ərdəbildəki vahimə yaradan hakimiyyəti haqqında rəğbət doğuran qeydləri bu proseslərin Ağqoyunlu hökuməti üçün yaratdığı narahatlıqdan xəbər verirdi.[lxxvi] Heydərin siyasi karyerası 1483/888-ci ildə başlayır[lxxvii], növbəti il Yaqub ona Çərkəz xristianlarına qarşı qəzavata başlamaq və Yaqubun qaynatası və Cüneydin qatilinin oğlu Şirvanşah Fərrux Yasarın torpaqlarına girmək icazəsi verir.[lxxviii] 1486/891-ci ildə Heydər ikinci dəfə çərkəzlərin üzərinə hücum edir və böyük qənimət və əsirlərlə Ərdəbilə qayıdır. Lakin bu hadisədən sonra Yaqub bibisi oğlunu Təbrizə çağırır və Heydər bir daha hərbi yürüşlərdə iştirak etməyəcəyi, bundan sonra həyatını yalnız tərəfdarlarına mənəvi rəhbərlik etməklə keçirəcəyi haqqında söz verir.[lxxix]

Lakin 1488/893-cü ildə Heydərin üsyan qaldırmasında onu verdiyi vədinin əksinə olaraq Gürcüstan cəbhəsində məğlubiyyətə uğramış Ağqoyunlu ordusunu gücləndirmək üçün göndərən Yaqub da qismən günahlandırılmalıdır.[lxxx] Lakin Səfəvi qüvvələri ilə Sufi Xəlil bəy Mosullunun başçılığı altındakı ordunun hərbi əməkdaşlığı reallaşmır, Heydərin döyüşə tam hazır olan hərbi dəstələri çərkəzlərə qarşı üçüncü yürüş üçün Yaqubdan rəsmi icazə almaq məqsədi ilə bir neçə ay Kürün sahilində gözləməli olur. Nəhayət, bibisi oğluna güzəştə gedən Yaqub bir daha qəzavat üçün yola çıxan Heydərin dəstələrinin azad şəkildə Şirvan ərazisindən buraxılması üçün Şirvanşaha müraciət edir. Lakin bu dəfə Heydər birbaşa çərkəzlərin üzərinə hücum etmək əvəzinə Kürü keçir və Fərrux Yasarın paytaxtı Şamaxı üzərinə hücum edərək Şirvanşahı bir yerdən o biri yerə qaçaraq müdafiə mövqeyi tutmağa məcbur edir.[lxxxi] Mühasirəyə düşmüş vassalının təcili müraciətinə cavab verən Yaqub Süleyman bəy Bicanın başçılığı altında çoxlu sayda Ağqoyunlu ordusunu Şirvanşahı xilas etmək üçün göndərir. Qiyamçıları Qafqazın içərilərinə doğru sıxışdıran Ağqoyunlu-Şirvanşah qüvvələri 1488-ci il iyulun 9-da/893-cü il rəcəb ayının 29-da Səfəvi ordusunu məğlubiyyətə uğradır. Heydərin başı Təbrizə göndərilir, üç oğlu – Sultanəli, Seyid İbrahim və İsmayıl həbs edilərək orderin Ərdəbildəki məkanından uzaqda yerləşən Farsın İstəxr qalasına salınır.[lxxxii] Səfəvi orderinə qarşı bu əməliyyat Yaqub rejimini daha bir dəstəkdən, Azərbaycan və Anadolunun Təbrizin kübar islam dini, mədəniyyət və siyasi xadimləri üçün az əhəmiyyət kəsb edən, kiçik mənəvi gücə malik köçəri və oturaq türkmənlərin dəstəyindən məhrum edir.

Muşaşaiyyəni sakitləşdirib, Səfəvi orderini məğlub edərək başsız qoyan Yaqub hakimiyyəti özünün siyasi sonunu yaxınlaşdırır və bu dəfə diqqətini adi daxili problemlərə yönəldir. 1488/893-cü ildə Kartlinin Baqratilər sülaləsindən olan şahzadəsi III Konstantinin Sufi Xəlil bəy Mosullunu məğlubiyyətə uğratması təkcə Heydər Səfəvi qiyamının ilkin mərhələsinin başlanmasına səbəb olmadı, Konstantin eyni zamanda narahat Kürdüstan bölgəsində də ciddi gərginlik yaratdı. Bu səbəbdən Yaqub hökuməti ilk növbədə gürcü problemini həll etməklə məşğul olmağa başlayır. Güclü hazırlıqdan, istehkamlar quraraq artilleriyanı yerləşdirdikdən sonra Sufi Xəlil bəyin yenidən qruplaşdırılmış ordusu Baqrati hakimiyyətinin əsas mərkəzlərini mühasirəyə alır və 1489-cu ilin başlanğıcında/894-cü ildə Ağqoyunlular yenidən Tiflisi işğal edirlər.[lxxxiii] Kartlidən olan Konstantinin işğalından sonra qarışıqlıq dövrü yaşayan Kürdüstan Gürcüstandan da inadcıl çıxır və sonunda imperiya qoşunlarını Kürdüstana göndərməyə məcbur olur. 1489-cu ilin yazında/894-cü ilin rəbiülaxır-rəcəb aylarında Yaqub Kürdüstanda Ağqoyunlu hakimiyyətini bərpa etmək məqsədi ilə Süleyman bəy Bicanı Van gölünün cənubundakı Kürdüstan vilayətinə göndərir. Dağlardakı bir neçə istehkamı ələ keçirdikdən sonra Süleyman bəy tezliklə qiyam qaldırmış bir çox tayfa başçılarını tabe edə bilir, lakin o, qiyam başçılarından Amadiyəli Həsən Bahadinan və Hakkarili İzəddin Şir Əzizana qarşı mübarizədə uğurlu olmur. Diyarbəkirdəki qışlaqla Kürdüstandakı yaylaq arasında qalmış Süleyman bəy bu vilayəti tabe etmək üçün iki il sərf edir.[lxxxiv] Yaqub hökumətinin iki nüfuzlu nümayəndəsinin uzun müddət sarayda olmaması hökmranlığının son illərində baş vermiş hadisələrə güclü təsir göstərir.

Məhz buna görə də Sufi Xəlil bəy Mosullu və Süleyman bəy Bicanın uzaq yerlərdə əməliyyatlara cəlb olunduqları bir vaxtda Yaqub hökumətində Qazi İsanın mütləq hakimiyyət əldə etməsi təəccüb doğurmamalıdır. 1489/894-cü ilin başlanğıcından Qazi İsa mərkəzi idarə aparatının mülki işlərlə məşğul olan şöbələrinin əksəriyyətini, həmçinin hərbi şuranı və sənədlərin qeydiyyat şöbəsini şəxsi nəzarəti altına keçirə bildi. Beləliklə, o, mərkəzi bürokratik aparatı gücləndirmək məqsədi ilə imperiyada İran-İslam ənənələrinə uyğun təşkilati dəyişikliklər etmək üçün islahatlar proqramına hazırlaşmış olur. Xunci-İsfahaninin sözlərinə görə,

Çingizxanın işğallarından başlayaraq insanların bir çox səhv addımları torpaq mülkiyyəti ilə bağlı məsələlərdə yanlışlıqlar yaratmışdı, Çingizxanilərin Yasası dini göstərişlərin şəffaf axarını qarışdıraraq çirkləndirmişdi. Sonradan Qazi [İsa] onları möhtəşəm şəriət qanunlarına və parlaq dinə uyğunlaşdırmaq qərarına gəldi…Bu məqsədlə o, maliyyə cəhətdən dövlətin mühüm gəlir mənbəyi olan şəhər ticarət rüsumundan gələn gəlirə (tamqavat) bərabər vergi toplamaq üçün etibarlı və dindar dövlət xadimlərini İraq və Farsa göndərir. Məbləğin bu cür artırılmasından sonra Əlahəzrəti (Yaqub) şəhər rüsumlarını tətbiq etməkdən vaz keçirmək asan olacaq və müvafiq gəlir daxil olacağından belə bir təklif sözsüz ki, rədd edilməyəcək. Bu rüsumlar geridə qaldığından böyük ədalətsizlik zamanın səhifələrindən silinib gedəcək.[lxxxv]

Praktik cəhətdən sənətkarlardan, şəhər tacirləri və tranzit mallardan alınan  tamqavatın ləğv edilməsi[lxxxvi] bütövlükdə dövlət gəlir sisteminin köçəri hərbi elitanın vəhşicəsinə istismar etdiyi ticarətdən oturaq, əkinçi “Şərq cəmiyyətindən” qayda-qanunla toplanan vergi sisteminə keçirilməsi demək idi. Məhz bu səbəbdən bu tədbirlərin Yaqubun hakimiyyətinin erkən dövrlərində apanaj sisteminin ləğvi ilə əlaqədar sürətlə mərkəzi hakimiyyətdən uzaqlaşıb müstəqil olan vilayət tayfa başçılarının siyasi hakimiyyətini cilovlamaq məqsədi daşıdığı şübhəsiz idi. Yaqubun ölümündən sonra başlayan Konfederasiya tayfa müharibələrinin səbəblərindən biri iqtisadi maraqlara qarşı yaranmış təhdidlərdən ibarət idi.

Lakin qanunsuz şəhər rüsumlarının ləğv edilməsi məqsədi ilə islahat keçirmək üçün Qazi İsa qanuni aqrar vergisinin məbləğini müəyyənləşdirməli və ətraflı kadastral arayış hazırlamalı idi. Mərkəzdən qopmuş dövlət torpaqları üzərində mərkəzi hakimiyyətin nəzarətini bərpa etmək üçün isə vilayətlərdə əksəriyyətinin dini intelligentsiyanın üzvü olduğu nüfuzlu mülki əyanlara bəxş edilmiş xüsusi torpaqlara (soyurqalat)[lxxxvii] vergi və inzibati imtiyazlar ləğv edilməli idi. Nəticədə bu insanlar nəinki Qazi İsanın islahatlarını dəstəklədilər, əksinə, onları öz nüfuz və imtiyazlarına hücum kimi qiymətləndirərək, Yaqub rejiminə qarşı etiraz tufanı qopardılar.[lxxxviii] Uzun Həsənin dövründən Ağqoyunlu imperiyasının ideoloji dirəyi, Yaqubun köhnə tərəfdarı olan Cəlaləddin Davaninin reaksiyası xüsusilə ibrətamizdir:

Ölümündən bir qədər əvvəl Sultan Yaqub xan zülm və əzab verməyə başlayanda Mövlanə Davani bundan inciyir, nümayişkaranə şəkildə etirazını bildirərək ağ əmmaməsini çıxarır, “Bu dünya belə qaldıqca mən dəyişməyəcəyəm” deyir. Sultan öldüyü gecə Mövlanə yumşalır və yenidən ağ əmmaməsini başına qoyur. Hər dəfə hökmdar zülm edəndə o, hiddətlənir və zalım hökmdar ölənə qədər hökmdarın taxtdan düşməsi üçün dua edirdi.”[lxxxix]

Qazi İsanın mərkəzləşdirmə siyasətinə ağır zərbə endirən ruhani təbəqəsi nəinki rejimin qanuniliyini tanımaqdan imtina edir, hətta çoxlu sayda ictimai xeyriyyə cəmiyyətlərini bağlayaraq şəhərin aşağı təbəqəsi arasında narazılığı daha da artırırdı. İslahatçılar ticarət vergisi və rüsumlara, həmçinin gəlirin müvəqqəti  mənbəyinə toxunmurlar, bu vergiləri toplayan hərbi rəsmilərin islahata qarşı çıxışları ruhani təbəqəsinin çıxışı kimi dərhal baş vermir. Lakin, deyilənə görə, Hələb və Bursa bazarlarına ipəyin ötürülməsi üçün mühüm məntəqə olan Ərzincan kimi əhəmiyyətli ticarət şəhərinin hakimi Gülabi bəy Mosullunun üsyanı Yaqubun ölümündən iki il əvvəl və ya Qazi İsanın islahat proqramını elan etdiyi vaxt başlamışdı.[xc] Bütün bunlara baxmayaraq, 1490/895-ci il üçün Uzun Həsənin  sünni-sufi siyasi-iqtisadi sintezinin düyünlərinin dolaşdığı aydın idi.

Bu sosial, siyasi və iqtisadi gərginliklər 1487/892, 1488/893 və 1490/895-ci illərdə Azərbaycanda baş vermiş şiddətli yoluxucu xəstəliklər hesabına olduqca kəskinləşir. Bayandur hakim tayfasının bir sıra üzvü bu xəstəliklərdən ölür, hətta Yaqubun özü də 1490/895-ci ildə qısa müddətə bu xəstəliyə yoluxur. Sağalan, lakin olduqca zəifləyən Yaqub qışlamaq üçün Qarabağdakı sarayına gəlir. Təqribən altı aydan sonra Yaqub hökumətinin ən mühüm üzvləri dünyasını dəyişir və Ağqoyunlular zorakı vətəndaş müharibəsinə qədəm qoyurlar. Qarabağın Sultan Bud düşərgəsində nə baş verdiyini dəqiqliklə müəyyənləşdirmək mümkün deyil.[xci] İran mənbələrinin əksəriyyəti Xunci-İsfahaninin birinci əldən olmasa da,[xcii] digər Ağqoyunlu məmurundan, İdris Bidlisidən əldə etdiyi olduqca dolaşıq məlumatını təsdiqləyir. Xunci-İsfahani yazır ki, qış düşərgəsində vəba yayılır və ilk qurbanlar hökmdarın anası Səlcuqşah bəyim və Yusif bin Uzun Həsən olur.[xciii] Bu kədərə güc  gəlmiş Yaqub yenə də xəstələnir. Həkimlərin bacarıqsızlığı üzündən düzgün müalicə almayan, saray mənsubları tərəfindən mənəvi zərbələrə məruz qalmış Yaqub 1490-cı il dekabrın 24-də/896-cı il səfər ayının 11-də dünyadan köçür.

Qonşu saraylarda bu hadisələr seks, siyasət və qətl cinayəti ilə əlaqələndirilərək daha dramatik şəkil almış, xarici səyyahların təxəyyülünü məşğul etmişdi. Məsələn, dövrün Məmlük salnaməçisi İbn əl-Himsi yazır ki, bir gənc şahzadə Yaqubdan torpaq istəyir, Yaqub əvəzində ondan dilə gətirilməsi mümkün olmayan bir şey, onunla cinsi əlaqəyə girməsini (fahişə) istəyir. Şahzadə Səlcuqşah bəyimə şikayət edir, anası oğlunu bu rəftarına görə tənbeh edir. Sərxoş Yaqub qəzəbindən anasını öldürür. Yaqubun qardaşı Yusif anasının qisasını almaq istədikdə qardaşı onu da öldürür. Bundan sonra ordu Yaquba qarşı qalxaraq onu öldürür.[xciv] Bir neçə italyan mənbəsi hətta iddia edir ki, Yaqub sevgilisi olan əxlaqsız xanım tərəfindən öldürülüb.[xcv] Nəhayət, XVI/X əsrin Səfəvi tarixçisi Həsən Rumlu yazır ki, Səlcuqşah bəyim Uzun Həsənin Teodora Komnindən olan oğlu Məsih Mirzəni zəhərləmək istəyir. O, bu məqsədlə ərik və sudan bir qədəh hazırlayır. Lakin qədəhi hamamdan çıxmış Yaqubla Yusif içir. Bunu görən Səlcuqşah bəyim özü qədəhin qalan hissəsini qorxu və təəssüf hissi ilə içməli olur. Lakin Sadəddin yazır ki, əslində qədəh Yaqub üçün hazırlanmışdı və ondan sonra Ağqoyunlu taxtına Yusif çıxmalı idi, sui-qəsddən şübhələnən Yaqub qədəhi anası və qardaşının yoxlamasını istəmişdi.[xcvi]

Xronoloji problemlər (Yaqub anasından altı həftə sonra ölmüşdü) və daxili uyğunsuzluq (Həsən Rumlu əvvəl zəhərli qədəhdən danışır, sonra isə Yaqubun ölümcül xəstəliyi olduğunu qeyd edir) dövlət çevrilişi ilə bağlı təsvirlərin etibarlılığı haqqında şübhə doğursa da, Yaqubun həqiqətən öldürüldüyünü ehtimal etmək üçün başqa bir dəlil mövcuddur. Məsələn, 1491-ci ilin fevral-mart aylarında/896-cı ilin rəbiülaxır ayında Dəməşqdə Yaqub və bir çox ailə üzvlərinin zorakılıqla öldürüldüyü haqqında şaiyələr yayılmağa başlayır.[xcvii] Xunci-İsfahaninin Minorski tərəfindən qeyd edilən “narahat edici metaforları”ndan başqa Baba Fəqani Şirazinin Yaqubun oğlu və varisi Baysunqura Yeni ildə, 1491-ci il martın 11-də/896-cı il rəbiülaxır ayının 29-da  həsr etdiyi mərsiyə-təbrik şeirində də zəhərli fincana işarə edilir:[xcviii]

Alçaq tale, sən şahın qədəhinə layiq deyilsən,
Şüşədən hazırlanmış qədəhini acı şərabla doldur.
Onlar nəşə ilə dolu qədəhləri ötürdükcə mən düşündüm ki,
Zəhərlə çirklənmiş bu qədəhi dadmamalıyam.

Ölümün səbəbinin Xunci-İsfahani və Bidlisi tərəfindən təklif edilən versiyasını qəbul edən Şeyx İbrahim Gülşəninin bioqrafiyasında Həsən Rumlu tərəfindən qeyd edilən hamam mövzusu yeni məzmunda təqdim edilir: “Mən (Şeyx İbrahim) yuxuda Sultan Yaqub və anasının qızdırılmış hamama girdiyini gördüm və mənə bəyan oldu ki, onlar bir daha oradan çıxmayacaqlar, bu, dövlətin məhvinin işarəsi idi.”[xcix] Əlavə olaraq qeyd etmək lazımdır ki, Şeyx İbrahim Yaqubu mənəvi cəhətdən sarsıdaraq qorxudub yaşamaq eşqini öldürənlərdən biri idi.[c] Deyəsən Xunci-İsfahani, Bidlisi və Gülşəninin məlumatları həqiqətə Yaqubun öldürülməsi haqqında yayılan şaiyə və “narahat edici metaforlardan” daha yaxındır. Lakin bu məsələ haqqında qəti qərar qəbul etmək üçün daha tutarlı dəlillərin gətirilməsi lazımdır. Yaqubun əsl ölüm səbəbindən asılı olmayaraq 1490-cı ilin sonu-1491-ci ilin əvvəllərində/895-ci ilin zilhiccə ayından 896-cı ilin rəbiülaxır ayına qədər baş vermiş hadisələrlə başlayan iyirmi illik böhran bunun Ağqoyunlu imperiyasının faciəli sonluğu olduğunu göstərdi.


İstinadlar və qeydlər


[i] TKS E. 8967, ƏMİNİdə, 444-446.

[ii] ƏMİNİ, 100-101.

[iii] Sultan Xəlilin hakimiyyət dövrü haqqında əsas mənbələr bunlardır: TKS E.5649, 8967, 9695; ƏRZ; KOLOFONLAR, 323-325; ƏXLAQ, 11ff; DİYAR, 8-10; BARBARO A:568, B:93; QİYASİ A:57, B:392-395; ƏMİNİ 97-162/ƏHSƏN A:568-580; BİDLİSİ 2:143a-143b; HƏBİB, 4:430-431; İYAS 3:161; LUBB, 222; GÜLŞƏNİ 56-57: BUDAQ 272a-273b.

[iv] HƏBİB, 4:431, Sultan Xəlilin hökumətini az maliyyə xərcləyən və qənaətcil kimi təsvir edir ki, bu da onun mərkəzləşdirmə niyyətinə işarədir. Qənaətcilliklə bağlı bax: Minorski 1955a:459-460.

[v] Sultan Xəlilin dini işlər üzrə vəziri, təcrübəli diplomat Qazi Əlaəddin Əli Beyhaki Fateh Mehmetin yanına göndərilir (ƏMİNİdə, 444-446, TKS E.8967; ƏMİNİ, 128), tanınmış nəqşibəndi lideri dərviş Siracəddin Qasıma isə Fatehin baş vəziri, görkəmli alim və dövlət xadimi Sinan Yusif Paşanın dəstəyini və vasitəçiliyini qazanmaq tapşırılır (TKS E.5649, RAVZAT, 1:90).

[vi] Muradın qiyamı və edam olunması haqqında məlumat yalnız LUBB, 222/NUSAX, 253 qeyd edilib. O, 1478-ci il iyunun 15-də/883-cü il rəbiüləvvəl ayının 14-də edam olunub.

[vii] Burada da deyəsən, Yaqubiyə liderlərinin şəxsi qısqanclığı rol oynayıb. Çaxırlılara gəlincə isə Uzun Həsənin Mahmud və Məhəmməd Çaxırlını edam etdirməsi (TKS E. 7076; GİLAN, 356), Ömər Çaxırlının Başkənddə əsir götürülməsi (YARLIK, l.155) əvvəlcə Çaxırlıların Uğurlu Məhəmmədi dəstəkləməsinə, sonra isə Uzun Həsənin varis təyin etdiyi Sultan Xəlilə qarşı Yaqubu dəstəkləməsinə səbəb olmuşdu. Purnaklara gəlincə, Şeyx Həsənin Yaqubiyəyə birləşmək qərarı (ƏMİNİ, 151) Sultan Xəlil tərəfindən beş aydan da az müddətə hakimiyyətdə olduğu Bağdaddan uzaqlaşdırıldıqdan sonra yenidən Bağdada təyinat almasından bəhrələnirdi (QİYASİ A: 56, B:390).

[viii]BİDLİSİyə görə, 2:143b, nisbət 1:10 qədər yüksək idi. ƏMİNİ, 159,  Sultan Xəlilin qüvvələri tərəfindən odlu silah və artilleriyanın istifadə olunmasından yazır (bu silahların haradan əldə edildiyi məlum deyil), lakin deyəsən odlu silah döyüşün taleyinə ciddi təsir edə bilməmişdi.

[ix] ƏMİNİ, 163-167; QİYASİ A:57, B:393.

[x] BİDLİSİ 2:144a/TAC, 2:117.

[xi] Qoca Hüseyin 195a; Cinabinin salnaməsində bax: QOV, 108-109.

[xii] UŞŞAQ, 238.

[xiii] ƏMİNİ, 178, ciddi xəstəlik haqqında yazır, lakin Minorski, 1939:146, n.2 NUSAXın Britaniya muzeyindəki əlyazmasına (ola bilsin ki, ƏMİNİdən əldə edilib) istinadən Əlvənd ra aram səxt ifadəsinin təhdidedici xarakterini qeyd edir. Ola bilsin ki, NUSAXın, 254, dərc edilmiş nüsxəsində  bu sərt ifadə işlədilməyib: Əlvənd ra  ram səxt.

[xiv] ƏMİNİ, 177, verginin 70.000 tümən azaldılmasından yazır və Qaraqoyunlu zülmünü xatırladır. İmtiyazların təsdiqlənməsi haqqında məlumat üçün bax: Oben 1969:31, n.88/FƏRMANLAR  A:81və BUSSE, iii, 154-161/FƏRMANLAR, A:83-87.

[xv] Muşaşanın 1478-1488/883-893-cü illərdə on illik üsyanı haqqında bax: QİYASİ A:57, B:394-395, TKS E.8321; ƏMİNİ 204, 312, 316, 375-376, 387; QARAMANİ, 337-338.

[xvi] KOLOFONLAR, 323, bu əraziyə gürcülərin də hücum etdiyindən yazır. Osmanlıların Turulu işğalı haqqında bax: KAMAL, 516-520; TAC 1:568; ƏHSƏN A:578. Bu yürüş əsasən iqtisadi məqsəd daşıyırdı. Ağqoyunluların buna cavabı, Fatehin 1481/886-cı ildə Ərzincana qarşı hücumuna İbrahim Gülşəninin möcüzəli müdaxiləsi  üçün bax: GÜLŞƏNİ, 57-58.

[xvii]Ağqoyunluların Kirmanı yenidən işğalı üzrə mənbələr bunlardır: BƏYAZİD; KOLOFONLAR: 324-325; ƏMİNİ, 180-186; DÖVLƏT, 604-605; HƏBİB 4:168-169; NİHAVƏNDİ, 1:58-61. Onlar Kirmandan uzaqlaşdıqdan sonra Teymuri və Qaraqoyunlu qüvvələri Gürgan çayı yaxınlığında Xorasanın Teymuri hökmdarı Sultan Hüseyin Bayqara tərəfindən məğlubiyyətə uğradılır. Əbu Bəkr 1479-cu il oktyabrın 17-də/884-cü il rəcəb ayının 30-da edam edilir, İbrahim isə Heratda həbsə atılır.

[xviii] TULUN, 1:14. 1480-ci ilin baharında/885-ci ilin əvvəlində Dəməşqə çatan bu Ağqoyunlu səfiri ola bilsin ki, 1480-ci il fevral-mart/884-cü ilin zilhiccə ayında Yaqubun taxta çıxması xəbərini də Qahirəyə çatdırmışdı (İYAS, 3:161).

[xix] Yaşbəyin hücumu və məğlubiyyəti haqqında əsas mənbələrə daxildir: ƏMİNİ, 187-199/ƏHSƏN A:593-595 (lakin ƏHSƏNƏMİNİdə olmayan bir sıra məlumatlar mövcuddur); BİDLİSİ  2:144a-144b; LUBB, 222; GÜLŞƏNİ, 76-77; SAYRAFİ,  494, 505, 507, 508; DAV  10:1077, 272-274; İYAS 3:164; TULUN, 1:26, 29; ULAYMİ, 2:324, 327 (Ağqoyunlu sultanı Yaqub bin Heydər adlandırılır!); ANONİM SURİYA, xlvii-xlviii; PSEVDO-ANCİOLLELO A:389-390, B:98; ROMANO A:456, B:182-183 (hər iki italyan mənbəsi Yaşbəyin Ağqoyunlulara qarşı 1473/877 və 1480/885-ci il əməliyyatlarını qarışdırır); VALTER, 192.

[xx] İYAS, 3:171, yazır ki, Misir-Suriya ordusu 10.000 məmlük və yardımçı qüvvələrdən ibarət idi, Ağqoyunlular isə 40.000 nəfər təşkil edirdilər (ƏHSƏN, A:593, ƏMİNİdəki, 189, 100.000 rəqəmini dəyişir). Bu döyüş haqqında daha dəqiq tarixlər 19 noyabr/16 ramazan (HİMSİ, 84b-85a), 20 noyabr/17 ramazan (SAYRAFİ, 505) və 23 noyabr/ qanuni-əvvəl ayının 1-ni əhatə edir (ANONİM SURİYA, xlviii).

[xxi] SAYRAFİ, 514; İYAS 3:183, 189, 191-193; CƏZİRİ, 341. 1473/877-ci ildə Uzun Həsənin Hicazda onun adına Cümə xütbəsi oxutması cəhdlərindən sonra 1476/880, 1483/887, 1487/892 (ƏMİNİ, 229-230; HƏBİB, 4:183, 218; CƏZİRİ, 343) və 1490/895-ci ildə (Cəziri, 343) bir neçə dəfə İraq mahmili göndərilir. Ağqoyunlulara aid sonuncu mahmil Rüstəm bin Maqsud tərəfindən 1495/900-cü ildə (GÜLŞƏNİ, 226) göndərilib.

[xxii]Bayandurun qiyamı haqqında mənbələrə daxildir: FERİDUN, 1:316-317/ASNAD A:639-642; ƏMİNİ, 200-201/ƏHSƏN A:595, 597-601; GÜLŞƏNİ 115-119.

[xxiii]Minorski, 1957:47, n.1, Yınancın, 1940:264-265, cədvəlində yer almış Bayandurun geneologiyasından əmin deyil. BİDLİSİdə, 2:97a, onun nəsəbi (nəsli – tərcüməçi) Bayandur bin Rüstəm bin Murad bin [Qara] Osman kimi qeyd olunur, onun Əhlətdəki türbəsinin üzərində olan yazıda isə adı Mübarizəddin Bayandur bin Rüstəm kimi yazılıb, ölüm tarixi isə 1481-ci ilin oktyabr-noyabr ayı/886-cı ilin ramazan ayı kimi qeyd olunur (QABRİYEL, 1:349-350; 2: lövhələr LXXXV-XC; ƏHLƏT 77; lövhə 24; SÖZƏN, 155-158). FERİDUNdakı/ASNAD A Yaqubun fəthnaməsində il yox, ay qeyd edilib.

[xxiv] Diplomatik yazışmalar və Xəzəryanı vilayətlərin yerli tarixləri Ağqoyunlu tarixinin bu müəmmalı dövrü haqqında yeganə mənbələrdir. Lakin XVI əsrin sonu/X əsr üçün GÜLŞƏNİ 1481-ci ildən sonrakı/886-cı ildəki hökumətin daxili strukturu haqqında daha ətraflı məlumatlar verir. Bu məlumatları ƏMİNİ, HƏBİB, ƏLİŞİR və s. vasitəsilə yoxlamaq mümkündür.

[xxv] ƏMİNİdə istinadlar hər yerdə mövcuddur. Süleyman bəy 1489/894-cü ilə qədər idarə aparatının və inzibati şuranın başçısı vəzifəsini tutub, sonra isə Kürdüstanı sakitləşdirmək üçün göndərilib. Onun yerinə isə Əli bin Sultan Xəlil (ƏMİNİ, 385) təyin edilib. 

[xxvi] ƏMİNİdə, 452, BUDAQ, 273a, yazır: “…karaş əz sədarat və vəzərat  dər qozəşt  və arkan-i dövlət azu ramidənd…” HƏBİBdə, 4;431, olduğu kimi “Yaqubun dini işlər üzrə vəziri və şəriət qanununu nizamlayan; o, eyni zamanda dünyəvi və maliyyə işləri üzrə idarə üzərində də təsirə malik idi.” Başqa mənbələrdə onu Yaqubun lələsi, tərbiyəçisi, dini işlər üzrə vəziri və vəkili adlandırırdılar.

[xxvii] Bununla əlaqədar Səlcuqşah bəyimin qardaşları və qardaşı uşaqlarının (məsələn, Nurəli və İbrahim, “Ayba Sultan”) son dövr Ağqoyunlu tarixində mühüm rol oynadığı qeyd olunmalıdır. Bundan başqa, 1489/894-cü ildən əvvəl Süleyman bəy Bican qızı Beyican xatunu Yaqubla evləndirərək sultanın qayınatası olur (ƏMİNİ,  379; LUBB, 224; GÜLŞƏNİ, 108, 151). 1489/894-cü il tarixli sənəddə qeyd edilir ki, Süleyman bəyin qardaşı İbrahim bəy Mardin hakimi olan Cahangir Bayandurun varislərini (TKS E.5943) vəzifədən uzaqlaşdırır. Onun özü bu vəzifədə kifayət qədər uzun müddət qalaraq şəhərdə ciddi tikinti işləri aparır (MARDİN, 108-109, 118-119, 123). Nepotizmə doğru bu meyillərə ən yaxşı nümunə Qazi İsa və onun qohumlarının, “Sava Qaziləri”nin möhtəşəm yüksəlişidir. Dini məsələlər üzrə vəzir və baş qazi vəzifəsini  tutan Qazi İsanın özü (ƏMİNİ, 227, 243, 324, 331, 350) maliyyə idarəsi problemlərinə daha çox cəlb olunduqca qardaşı Əlini qazilik idarəsinə təyin edir (ƏMİNİ, 350; MAYBUDİ, 32a-40b; GÜLŞƏNİ, 144). Onun digər qohumu, Ziyəddin Nurallah Əcəm İraqının qazisi (ƏLİŞİR, 142), İsanın qardaşı oğlu Şeyx Nəcməddin Məsud isə adətən köçəri hərbi elitanın nümayəndəsinin tutduğu idarə aparatının rəisi (ƏMİNİ, 356) vəzifəsinə təyin edilir.

[xxviii] Məsələn, Maqsud bin Uzun Həsənin həbs edilməsi, onun tərbiyəçisi Dana Xəlilin isə Hillaya göndərilməsindən sonra Bağdada səkkiz il ərzində (1475-1483/879-888)  dörd müxtəlif hakim, iki Purnak, bir Mosullu və bir tacik təyin edilmişdi (QİYASİ, A:56-57, B:390-391; Elçi B:5a-5b). 

[xxix] ƏMİNİ, 173, 177, 179/ƏHSƏN A:582-583. Beləliklə, bu şərh Minorskinin, 1957:41, n.2, şərhi ilə tamamilə ziddiyyət təşkil edir.

[xxx] Təqribən iyirmi beş il ərzində Mənsur bəy Purnak (ö.1498/903) və oğlu Qasım bəy (ö.1501/907) fasilələrlə Farsı idarə edirlər. Purnakların fasiləsiz idarəçilik dövründə, 1486-1501/891-907-ci illərdə Şiraz siyasi, iqtisadi və mədəni cəhətdən Təbrizin rəqibinə çevrilir (məsələn, bax: ƏMİNİ, 228, 341; HƏBİB 4:443ff; ELÇİ B:5a-5b; ƏHSƏN A:631, b:12ff; ƏHLİ, 470-471; FƏQANİ 180-181; Oben 1971:4, 15). Ərəb İraqı da ən azından on beş il əvvəlcə 1483-cü ildən 1491-ci /888-ci ildən 896-cı ildə ölümünə qədər Şahəli tərəfindən, sonra isə Səfəvilərin 1508/914-cü ildə işğalına qədər oğlu Barık bəy tərəfindən  (məsələn, BİDLİSİ, 2:144b; HƏBİB, 4:436-437, 491-493), Purnakların digər qolu tərəfindən idarə olunmuşdu. Gülabi bəy Mosullu 1486-cı ildən də əvvəl/891-ci ildən 1491/896-cı ildə ölümünə qədər Ərzincanı nəzarətində saxlamışdı, bu dövrdə o, ən azı iki il Təbrizdən asılı olmamışdı (TKS E.8569, 10736; ANONİM SURİYA,1). Onun Ərzincanda apardığı tikinti işləri haqqında bax: ƏRZİNCAN, 75, 224-225, 228, 235-237 və SÖZƏN, 84, 110-111, 164-165. Nəhayət, GÜLŞƏNİ, 288ff. və digər mənbələr Mosulluların Amid, Ruha, Sivərək və Diyarbəkirin digər mərkəzlərində üstün mövqeyə malik olduqlarını açıq şəkildə yazır.  

[xxxi] Quşiqul-tama adı altında bax: TMEN 1:225-227.

[xxxii] ƏMİNİ, 217. Baysunqur Yaqub və Şirvanşah Fərrux Yasarın qızı  Gövhərsultan xanımın oğlu idi (LUBB, 224).

[xxxiii] Hörmüzə təqribən 1485/890-cı ildə təşkil olunmuş hücum haqqında bax: MUNŞAAT, 41b, 48a, 52a; ƏMİNİ, 228; TEYŞEYRA, 43-44. ƏMİNİdə, 452, olan BUDAQ, 273b, yazır ki, Sufi Xəlilin köçürülməsi Qazi İsanın işi idi. Buna görə Qazi İsa Sufi Xəlil tərəfindən sonradan öldürüləcək. ƏHSƏNdə, A:615, “Qazi bəy”in keçid hakimlik dövründən bəhs edilir, lakin mən onun kim olduğunu müəyyənləşdirə bilmədim.

[xxxiv] ƏMİNİ, 228-229. Sufi Xəlil Uzun Həsənin dövründə qısa müddətə, 1477-1478/881-882-ci illərdə bu vəzifədə olub (ƏMİNİ, 340; həmçinin bax: CAMİ, 636a).

[xxxv] Mühasirə artilleriyası Gürcü cəbhəsində, Yaqubun 1485/890-cı ildə Axaltsıx və Atsqura (ƏMİNİ, 221, 222, 224; ABİVERDİ  51, xüsusilə də 52) şəxsən başçılıq etdiyi əməliyyat və Sufi Xəlilin 1489/895-ci ildə Tiflis və Kocorini işğalı zamanı böyük təsirə malik oldu. Sonuncu əməliyyat zamanı bir böyük və on iki kiçik artilleriya topundan istifadə olunması haqqında kəşfiyyatın hesabatı Osmanlı sultanına təqdim edilmişdi, TKS E.5943 (Voods, 1979). Bundan əvvəl, SAYRAFİdə, 494, 1481/885-ci ildə Ağqoyunluların Əski Malatyada Məmlüklərdən toplar ələ keçirdikləri haqqında məlumat qeydə alınmışdı.

[xxxvi]ABİVERDİ Təbrizi Qahirə, İstanbul və Heratla birgə “dörd taxt”dan biri hesab edir.

[xxxvii] Yaqubun sarayına göndərilmiş yalnız iki Avropa səfirliyi haqqında məlumat mövcuddur, hər iki səfirlik 1485/890-cı ilə təsadüf edir. Bunlardan birincisi Covanni Darionun başçılıq etdiyi Venesiya, ikincisi isə Macar nümayəndəliyi (BERÇET, xvii-xviii). Təəssüf ki, bu səfirliklərin məzmunu haqqında məlumat yoxdur. Lakin Şah İsmayılın dövründə bərpa olunan bu səfirliklər onların Osmanlılara qarşı İran-Avropa ittifaqı qurmaq niyyətində olduğuna işarə edir, məsələn, bax: Palombini  1968:38ff. Lakin Ağqoyunluların Osmanlılarla rəsmi diplomatik yazışmalarında tez-tez onların Uzun Həsənin dövründə faktiki olaraq mövcud olmayan Franklara qarşı qazi fəaliyyətindən bəhs edilir. Məsələn, bax: FERİDUN 1:297, 309, 316, 330/ASNAD A:609, 616, 639, 646;  və ƏMİNİ, 387.

[xxxviii] Bu ittifaqla bağlı bax: NİMDİHİ 564b. ƏHSƏNdə, A:624-625, Fərrux Yasarla Yaqub arasında bağlanan müqavilənin nüsxəsi var. Bu müqavilənin şərtlərinə görə, Şirvanşah hərbi çağırışda iştirak etməyə və ildə 5.000 Təbriz tüməni məbləğində xərac ödəməyə razılıq verir. Bu müqaviləyə deyəsən hər iki tərəf bərabər şəkildə riayət edirdi. Məsələn, 1483/888-ci ildən əvvəl Yaqub Ağqoyunlu ərazisindən Şirvanşahın siyasi rəqiblərinin çıxarılmasına yardım etmişdi (TKS E.3160). Bununla əlaqədar 1488/893-cü ildə Şeyx Heydər Səfəviyə qarşı təşkil olunmuş Ağqoyunlu-Şirvan birgə hərbi əməliyyatı da nəzərə alınmalıdır. Lakin 1484-cü ilin əvvəlində/889-cu ildə Fərrux Yasarın II Bəyazidə yazdığı məktubda Şirvanşah Yaqubun adamları tərəfindən bəzi torpaqlarının dağıdılmasından şikayət edir (TACİ, 42-44). Buna məktubun başlığında eyham vurulur. Bu məlumatı Ağqoyunlu-Şirvan münasibətləri çərçivəsindən şərh etmək mümkün olmadığı üçün Fərrux Yasarın Yaqubun bibisi oğlu və kürəkəni Şeyx Heydərdən və Çərkəzə birinci yürüş zamanı Səfəvi qüvvələrinin törətdiyi dağıntılardan şikayət etdiyini güman etmək olar.

[xxxix] Ümumilikdə Xəzərin sahilyanı əraziləri və bu ərazilərdəki mürəkkəb siyasi vəziyyət haqqında bax: Rabino 1928 və 1949.

[xl] Uzun Həsən imperiyasından asılı olan dövlətlər haqqında 4-cü fəsilə bax. 1469-1471/873-875-ci illər Xorasan əməliyyatı zamanı Sarı və Amul qısa müddətə Sultan Xəlilin mülklərinə əlavə edilmişdi. Sülh müqaviləsindən və Astarabadın Sultan Hüseyin Bayqaraya qaytarılmasından sonra Mazandaran yenidən birbaşa Təbrizdən asılı vəziyyətə düşür (DİYAR, 547).

[xli] Xəracın miqdarı ilə bağlı mənbə Zahirəddin Maraşidir (GİLAN,  375-376, TƏBƏRİSTAN,  314). Bazar dəyəri İnalcık, 1966:212, 213 və Hinz, 1955:15, 18-19, əsasında hesablanmışdır. Ərzincanda ödənilən gömrük rüsumu ilə bağlı bax: QANUNLAR, xlv, 182-183.

[xlii] GİLAN, 443-444. Maraşi yazır ki, Yaqubun xərac toplayanı İbrahimşah bəy Bayramlı 1483-cü il aprelin 24-də/888-ci il rəbiüləvvəl ayının 16-da öldürülməmişdən əvvəl özünü Sarının müstəqil hökmdarına çevirmək niyyətinə düşmüşdü.

[xliii] GİLAN, 451-452, 457-458, 460-469; ƏMİNİ, 238-246; XANİ, 20-23. Mirzəli heç bir zaman padşahpadşahi islam kimi müraciət olunan Yaquba qarşı açıq üsyan etməyib (GİLAN, 457, 460, 469). II Əbdülkərimə dəstək verməsi onun az qala Ağqoyunlulara qarşı birbaşa hərbi qarşıdurmaya qoşulmasına səbəb olacaqdı.

[xliv] ƏMİNİ, 308-311, 387. 1488/893-cü ildə Savadkuhdan olan Ağa Rüstəm Ruzafsun Mazandaranın hakimi təyin edilir, lakin növbəti il bölgənin maliyyə işləri üzrə məsul şəxs olaraq Əli Mirzə Kiyai müəyyən edilir.

[xlv] Bax: ƏMİNİ, 246-248 (ASNAD A:381-385), 248-250, 375, 387; MƏRVARİD 57a-58b, 69a-70a/ASNAD A:386-387; CAMİ 57-59, 79-80; İSFİZARİ, 1:345-354; HƏBİB, 4:175. 180, 350-351.

[xlvi] Ağqoyunlu-Məmlük münasibətləri ilə əlaqədar bax: TKS E. 5943; ƏMİNİ, 227-228, 231-234, 386-387; İYAS, 3:180-181, 184, 189, 233; TULUN, 1:14, 80, 81.

[xlvii]Osmanlılarla münasibət haqqında bax: TKS E. 5829, 6470, 8569, 10255; BERÇET 150-153; DARİO, 124, 125; ƏMİNİ 316-317, 387; FERİDUN, 1:294-299, 308-319, 330-333, 368-370/ASNAD A:594-660.

[xlviii]TKS E. 5943. Bu hesabatın faksimili Tansel 1966, tərəfindən xii sənədi kimi təqdim olunmuşdu. Bu sənəd Sufi Xəlilin Tiflis üzərinə təşkil etdiyi hücumdan əvvələ, 1488-ci ilin sonu-1489-cu ilin əvvəlinə/894-cü ilin əvvəlinə aid edilməlidir (Voods 1979).

[xlix] TKS E.10736. Ərzincanın hakimi olan Gülabi bəy Mosullu özbaşına Qarahisarı mühasirəyə almışdı, o, sultanın anası Səlcuqşah bəyimin xəbərdarlığından sonra mühasirədən əl çəkir.

[l] Yaqubun Bursadakı ticarət nümayəndəsi haqqında bax: İnalcık 1966:212. Bursa Şeriat sicilleri, A8/8f. 33a, adlı nəşrdə 1491/896-cı ildə Yaquba aid 16 yük ipəyin satılması haqqında məlumat var. Bundan başqa TKS E.10255-də Yaqubun elçisi tərəfindən II Bəyazidə göndərilən hədiyyələrin siyahısı təqdim olunur. Bu siyahı Yəzdi emalatxanalarının istehsal etdiyi və Yaqubun satışa çıxardığı əsas malları olan ipək, sətin kimi bahalı parçaların iki dövlət arasındakı  münasibətlərdə mühüm əhəmiyyət kəsb etdiyini göstərir. Məmlüklərlə ticarət əlaqələri ilə bağlı GİSTELE, 271-272, Yaqubun dövründə Van gölünün cənubundan keçən Hələb-Təbriz ticarət xəttinin nəzərə çarpacaq dərəcədə inkişafı haqqında yazır (məsələn, BARBARO A:530, B:51 və ROMANOnun A:439, B:161 Vustan və ya Gevaş şəhəri haqqında məlumatı ilə müqayisə et). Nəhayət, Yaqubun 1486/891-ci ildə ticarətlə məşğul olan iki seyidə verdiyi şəxsi imtiyazlar nəzərə alınmalıdır (ZƏBİHİ, 311-312/FƏRMANLAR A:88-91).

[li] HƏBİB, 4:432 və HƏFT, 3:526. Bu rəvayətə Minorski də, 1955:452, istinad edir. Uzun Həsənin dövründə saray mərasimləri ilə bağlı bax: BARBARO A: 532-533, B:51-63, Yaqubun dövründə saray mərasimləri haqqında bax: BERÇETin əsərində Dario xvii-xviii, 150-153.

[lii] Nəsriyyənin təntənəli açılışı və bəxşişlər haqqında məlumatı RAVZATda, 1:91, tapmaq mümkündür. Təbrizdəki bütün Ağqoyunlu tikililəri kimi Uzun Həsənin türbə kompleksindən də heç bir iz qalmayıb. Bu haqda yalnız təsviri mənbələrdə məlumat mövcuddur (lakin MƏŞKÜRdə olan şəkilə bax: 887). ROMANO, A:451, B:177, XVI əsrin əvvəlində/X əsrdə bu kompleksin möhtəşəmliyi və dekorasiyasının gözəlliyini tərifləyir. Həmin əsrin sonunda Həsən Rumlu onun dağılmasından bəhs etsə də (ƏHSƏN A:568) Nəsriyyə bütün mənbələrdə Təbrizin görməli yerlərindən biri kimi təqdim olunur (TƏBRİZİYYƏ, 32b-33a; MƏŞKÜRdə Katib Çələbi, 68-69; SƏYAHƏTNAMƏ, 2:249). XIX əsrin sonunda/XIII əsrdə bu kompleks tamamilə dağılır (TƏBRİZ, 35-36, 88, 90, 110).

[liii] İşrətabad bağlarının mərkəzində yerləşən Həşt Behişt Sarayının təsviri üçün bax: ROMANO A:447-448, B:173-175. Həmçinin bax: GİSTELE, 275; ƏMİNİ, 226: ƏHSƏN A:622, 627; HƏFT, 3:208; TƏBRİZİYYƏ, 31a-31b; RAVZATda Qazi Muhibəddin Məhəmməd Dimişqi 1:598-599. (Sultan Hüseyin Bayqara və Camidən sarayın tamamlanması ilə bağlı daxil olan təşəkkür ilə bağlı bax: MƏRVARİD, 57a-58b və CAMİ A:11-12). Süleyman Qanuninin  Səfəvilərə qarşı 1534/941-ci il yürüşü ilə əlaqədar meydana gəlmiş Təbrizin MATRAKÇIdakı, 27a-28b, təsvirlərində saray və bağlar mərkəzdən aşağıda, çövkən meydanından sonra, 28a, təsvir olunub. 1548/955-ci ildə Süleyman Qanuni Təbrizi işğal etmiş qoşunlarının Həşt Behişt sarayını dağıtmasına mane olur (bax: Kirzioğlu 1976:186-187). 1585/993-cü ildə Osmanlıların növbəti işğalı zamanı Həşt Behişt sarayı istehkama çevrilir (ŞƏRƏF 2:275).

[liv] GİSTELE, 278: “eenen ersche paradyse dan woonsten ya menssche.” Həmçinin bax: ROMANO A:448-450, B:176-177; ƏHSƏN A:627; SƏYAHƏTNAMƏ, 2:255 və Vilbur 1979:87.

[lv] RAVZAT, 1:524: “(Ağqoyunlu) hökmdarın hakimiyyəti altında Təbriz olduqca çiçəklənmişdi. Bu sülalənin gözəl və yaraşıqlı tikililərinə məscidlər, mədrəsələr, bağlar və hamamlar daxil idi.” Təbrizdə Ağqoyunlulara aid digər tikililər haqqında məlumatları da nəzərə almaq lazımdır: hamamlar (GİSTELE, 276); bazaristanqeysəriyyə (GİSTELE, 275-276; ROMANO A: 446-447, B:171-172; HƏFT, 3:208; ƏHSƏN A:568); bazarlar və dükanlar (KONTARİNİ A:597, B:127, GİSTELE 276, 289); Maqsudiyə (RAVZAT, 1:527; SƏYAHƏTNAMƏ, 2:250; TƏBRİZ, 88, 90); Həsən Padşahın kanalı (TƏBRİZ, 35-36); Sultan Həsən və Sultan Yaqub mədrəsələri (SƏYAHƏTNAMƏ. 2:250). Ağqoyunluların Təbrizdə tikdirdikləri binaların siyahısına MƏŞKÜR, 740-751, bax.

[lvi] Yaquba həsr olunmuş qəsidələrlə bağlı bax: ƏHLİ, 435-436, 437-439, 513-516, 575-577, 798-821 və FƏQANİ. Ağqoyunluların bədii tarixinin əks olunduğu mənbələrə ƏLİŞİR, TÖHFƏFUSAHA daxildir. Hind üslubunda yazılmış Təbrizi üçün bax: Şibli  1955:3:22-23. Yaqubun şeirlərinin seçilmiş hissələri üçün bax: SALATIN: 65-66. Vyanada (Mxt.82, Flügel 603) Qazi İsanın Divanının nüsxəsi mövcuddur. Bu nüsxədən seçmələr ƏMİNİyə, 352-355, daxil edilib. Bax: Losenski 1998. Yaqubun hökmranlığı dövründə yaradılan elmi əsərlər haqqında bax: PL¹, 2/2:78, 229.

[lvii] Yuxarıda istinad edilən materiallara əlavə olaraq həmçinin bax: CAMİ A:39-41, 45-46, 48-49, 797, 798, 819, 842, B:294-295, 314-325.

[lviii] Ağqoyunlu sarayındakı xəttatlar haqqında bax: HÜNƏR A:31-33, 42-46.

[lix] Velch 1972:11, 34-42; Gray 1979: 215-247; Dickson və Velch 1981:17-26; Çağman və Tanındı 1986: mətnlər 87-88, təsvirlər 74-109, Soudavar 1992:127-145.

[lx] Məsələn, bax: Kəsrəvi 1956:303-309; Hodgson 1960:891 və xüsusilə də Spuler 1960:77: “‘Qaraqoyunlu’ və ‘Ağqoyunlu’ların hakimiyyətinin müxtəlif hadisə və aspektləri müəmmalı qalsa da, bu iki türkmən sülaləsinin Yaxın Şərqin müsəlman sivilizasiyasında ciddi iz buraxmadığı aydındır. Xüsusilə Təbrizdə inşa edilmiş bir sıra arxitektura abidələrindən başqa onlar nə Səfəvi və Osmanlı varisləri, nə də Teymuri və Məmlük müasirləri ilə müqayisə ediləcək ciddi mədəni nailiyyətlərə imza ata bilməmişdilər.”

[lxi] FERİDUN, 1:320-323/ASNAD A:646-652; ABİVERDİ, 49-56; MAYBUDİ, 24a; ƏMİNİ, 218-225; İSFİZARİ, 1:345; GÜLŞƏNİ, 112-113; BROSSET, 2/1:14, 210-211, 325-326. Bu qəzanın tarixi tam müəyyən edilməyib. Gürcü mənbələri Yaqubun Atsqurda Müqəddəs məbədi 1486-cı il sentyabrın 26-da/891-ci il ramazan ayının 26-da ləkələdiyini yazırlar, lakin II Bəyazidin Yaqubun fəthnaməsinə cavabı 1486-cı ilin fevralına/891-ci ilin səfər ayına təsadüf edir. Bu isə onu göstərir ki, əməliyyat 1485/890-cı ildə həyata keçirilmişdi. Əslində Xunci-İsfahani də qəzanı 1486/891-ci il hadisələri içərisinə daxil etməmişdi. Lakin fəthnamədə başqa bir problem meydana çıxır, Yaqub iddia edir ki, Axaltsıx cümə günü, ramazan ayının 8-də təslim olmuşdu. 1485/890-cı il ramazan ayının 8-i bazar gününə, 1486/891-ci il ramazan ayının 8-i isə cümə axşamına təsadüf edir. Mən güman edirəm ki, II Bəyazidin məktubu daha dəqiqdir və bu səbəbdən 1485/890-cı ilin daha dəqiq olduğunu qəbul edirəm. Minorskinin, 1957:115, Axaltsıx əməliyyatı zamanı odlu silahdan istifadə ilə bağlı şübhələrinə cavab olaraq diqqəti ABİVERDİnin mühasirə ilə əlaqədar təsvirində artilleriya vasitəsilə açılan deşiklərə yönəltmək istərdim. Toplardan açılan atəş sonradan daxili qalada yanğına səbəb olmuşdu. Bax: ƏMİNİ, tərcümə, 99-100.

[lxii] PAPAZYAN A:1:vi, 254-255/FƏRMANLAR A:92-93: “fatva-yi a’imma-yi din maruz shod əgər imam-ivəqt rahaban-i qeyri-muxalitin ra əz cizyə mu’af və musalləm darəd şar’an mucavizəst.”

[lxiii] ƏMİNİ, 71, Yaquba “xilafat panah-i imamat-dəstgahi zill-i ilahi” (DİYARda, 6, da Uzun Həsənə bu cür müraciət olunurdu) kimi müraciət olunur. Həmçinin bax: ƏMİNİ, 38: “alihəzrət-i xilafat-mənqabat imamat-mərtəbat padşah-i aləm-pənah.”

[lxiv]ŞUŞTƏRİ, 347, Minorskidə də, 1957:3, n.2, bu sitat gətirilir: “ayzən mənqul əst ke əz allami (Davani) pursidənd imam-i zaman kist dər ke cavab fərmud ke əgər əz şiyə miporsid Muhammad bin əl-Həsən fərzənd-i peyğəmbər-i axir əl-zaman və əgər ahl-i sunnat və camaat sual mikonəd miquyand Sultan Yaqub bin Həsən Bə Türkmən və savq-i in kəlam xali əz istixfafi be əqidə-ye ahl-i sunnat və camaat nist.”

[lxv] CAMİ A:12 (təqribən 1486/891-ci ilə aiddir) və B:314-315 (təqribən 1488/893-cü ilə aiddir).

[lxvi] MAYBUDİ, 21b: “misl-i in padşah bə’d əz xulafa-yi raşidun kəm buda macma-yi ra’aya dər əhd-i u ke muqəddəma-yi Məhdist dər məhd-i cami’yat asuda və fariğ başənd.”

[lxvii] ƏMİNİ, 163-167. Xunci-İsfahaninin əsərində tarixi dövrləri təqib etmək və Yaqubun gəlişini (8)87/1482-ci ildə yerləşdirmək cəhdi ilə əlaqələndirmək çətindir. 887-ci ili Yaqubun taxta çıxması ili kimi qəbul etmək mümkündürmü? MAYBUDİ, 40a, açıq şəkildə bunun 900-cü ildə, yəni 1495-1496-cı ildə, əsrin sonunda baş verdiyini yazır.

[lxviii] ƏMİNİ, 51. Minorskinin də, 1957:50, n.1, yazdığı kimi, qızı Baysunqurun anası olan Şirvanşahın Sasani şahlarının nəslindən olduğunu iddia edir.

[lxix] Bax: ƏMİNİ, 252, 355-356; LUBB 222; BUDAQ, 272b; FƏRMANLAR A:95-106.

[lxx] GÜLŞƏNİ, 120-121.

[lxxi] GÜLŞƏNİ, 36-37, 111-112, 113-114.

[lxxii] Dərviş Qasımın öldürülməsini müstəqil olaraq həm RAVZAT, 1:92-95, həm də BARBARO A:573-574, B:99-101 qeyd edir.

[lxxiii] ƏMİNİ, 319-328. Cami özünün alleqorik əhvalatında Yaqubun peşmançılığından yazarkən təmizlənməsi və tövbə etməsindən, Salaman u Absal, söz açır, bu isə kitabın, Hikmətin, 1941:190, yazdığı kimi, 1480-1481/885-ci ildə deyil, 1488/893-cü ildən sonra yazıldığını göstərir.

[lxxiv]ƏMİNİ, 419-420.

[lxxv] TKS E.8321.

[lxxvi] Bütövlükdə Səfəvilərin inkişafı və xüsusilə də Heydərin qiyamı ƏMİNİnin, 255-307, əsərində mərkəzi yerdə durur. Heydərin Ərdəbildəki fəaliyyəti haqqında bax: ƏMİNİ, 272-275. İkinci dərəcəli mənbələrə Hinz 1936:72-80 və Mazzaoui 1972:75 daxildir.

[lxxvii] SİLSİLƏTdə, 103-104, Heydər tərəfindən hazırlanan və 1483-cü ilin avqust-sentyabr/888-ci ilin rəcəb ayına aid olan, Şeyx Zahid Gilaninin varislərinin hüquqlarını təsdiqləyən sənəd mövcuddur.

[lxxviii] TAC, 1:42-44; ƏMİNİ, 276-277; ƏHSƏN A:611-612. Həmçinin bax: Hinz 1936:80.

[lxxix] BARBARO A:564-565, B:89; ƏMİNİ, 278-279; ƏHSƏN A:614-615. Heydərin ikinci yürüşü ilə bağlı mənbələrin qeyd etdiyi tarixlər üst-üstə düşmür (Minorski 1957:117-119). Əgər ƏMİNİnin təkid etdiyi kimi Heydər Yaqubu 1486-1487/892-ci ildə ziyarət edibsə, onların görüşü sarayın yaylağa köçü ilə əlaqədar paytaxtı tərk etdiyi 1487-ci il mayın 18-də/892-ci il cəmadiyələvvəl ayının 24-də baş tutmalı idi (ƏMİNİ, 229, 233). Buna görə də güman etmək olar ki, ƏHSƏNin qeyd etdiyi 1486/892-ci il 1486-cı il martın 11-də/891-ci il rəbiüləvvəl ayının 5-də başlayan və 1487-ci il martın 10-da/892-ci il rəbiüləvvəl ayının 15-də bitən at ilinə aiddir.

[lxxx] Sufi Xəlilin başçılıq etdiyi Ağqoyunlu ordusunun Kartli hökmdarı III Konstantin tərəfindən məğlubiyyətə uğradılması haqqında məlumat ƏMİNİdə yoxdur, lakin bu haqda məlumatı TKS E.5943; ƏHSƏN A:615-616; BROSSET, 2/1:14-15 verir.

[lxxxi] Heydərin qiyamı ilə bağlı əsas mənbələr bunlardır: FERİDUN, 1:309-311/ASNAD A:615-619; ƏMİNİ, 280-307; FUTUHAT, 259a-261b: HƏBİB, 4:432-434; AŞIK A:267-268; ƏHSƏN A:615-619; ROMANO A:458-460, B:184-186 (səhvən Alumutun, yəni Əlvəndin hakimiyyəti dövrünə aid edir); GÜLŞƏNİ, 194-195.

[lxxxii] ŞƏRƏF, 2:133-134, yazır ki, Heydərin oğulları əvvəl Van gölü ətrafındakı Axtamar adasında həbsə atılırlar, sonra Mənsur bəy Purnakın qəyyumluğuna verilərək Farsa göndərilirlər. Bəzi maraqlı dəyişikliklər ilə bu məlumatlar ROMANOda, A:460, B:187, da var.

[lxxxiii] Sufi Xəlil Mosullunun Kartlini yenidən işğalı ilə bağlı bax: ƏMİNİ, 340-349, BROSSET, 2/1:14-16, 327-329. Minorskinin, 1957:89, n.2, 115-116, TKS E.5943-də Ağqoyunluların Kocori və Tiflisi işğal edərkən odlu silahdan istifadə olunması ilə bağlı şübhələri nəzərdən qaçırmaq olmaz (II Bəyazidə göndərilən kəşfiyyat hesabatı, Voods, 1979).

[lxxxiv]TKS E.5943  (Voods 1979); ANONİM SURİYA xlix-1: ŞƏRƏF, 1:108-109, 146; QARAMANİ, 338. Xunci-İsfahani ikinci dərəcəli himayədarı olan Süleyman bəy Bicanın o qədər də şərəfli olmayan əməli haqqında birbaşa məlumat verməsə də, 1489-cu il aprelin 2-də/894-cü il cəmadiyələvvəl ayının 1-də qızı Bəyican xatunun Yaqubdan olan nəvəsi Həsən dünyaya gələrkən başının sərhəd zonasındakı zəruri işlərə qarışdığını (ƏMİNİ, 377-382) və Yaqubun əmisi oğlu Əli bin Sultan Xəlilin 1489-cu ilin yayında/894-cü ilin rəcəb-şəvval ayında rəsmi olaraq Süleyman bəyin tutduğu idarə aparatının başçısı vəzifəsinə təyinat aldığını yazır (ƏMİNİ, 385). Digər narrativ mənbələrin verdiyi məlumatlar bu dövrün xronologiyasını dəqiqləşdirmək imkanı vermir. ANONİM SURİYAda Süleyman bəyin başçılıq etdiyi əməliyyatın tarixi (Selevki dövrü ilə 1796-1799, yəni 1484-1488/889-893) çox erkəndir, QARAMANİ Yaqubun 1489/894-cü ildə Diyarbəkiri “işğal” etdiyini yazır. Lakin sənədli mənbələr bu dağınıq xronoloji məlumatların dərk edilməsinə və Süleyman bəyin əməliyyatının 1489/894-1491/896-cı illər arasında baş verdiyini müəyyənləşdirməyə imkan verir.

[lxxxv] ƏMİNİ, 355-356, 358: “..cami-i ömür-i mulki ke əz mabadi-ye xuruc-i Çengiz ilaəl-yəvm əz vufur-i tədiyyət-i qəvm muxatal qəşte və saf-i zulal-i əhkam-i iman be xadşa-yi küdurət-i Yasa-yi Çengizxani ağışta qazi-yi mərhum mixvəst ke mutlaqan bər nasaq-i Şəriət-i ğurra və nəhc-i millət-i zəhra dayir başəd…murad-i u in’əst ke bəzi əz umana-yi mulk və mullat be cənub-i İraq və Fars rəvənd və əz abvab-i kifayət məbləğ-i hasil namayand ke muvazi-ye mahsul-i tamqavat –i mamalik-i mahrusa ke muzam-i abvab al-mal-i məmləkət’əst tavanad bud ta bə’d əz husul-i an vucuh-i kifayət əz həzrət -ə’la iltimas-i bəxşidan-i tammqavat asan başəd çe vəch-i ke kifayət çün mövcud başəd an iltimas aslan mardud naqardadvə be vasitə-yitərəddüd bida nahv çün in  zülm-i azim əz safha-yi ruzgar məhv gərdəd.” Qazi İsanın islahatları Minorskinin, 1955a:451-458, əsərində hərtərəfli şərh edilir. Minorskinin, 1955a:452, əsərindəki paraqrafın ikinci hissəsinin şərhi bu mətnin mahiyyətini izah edir, Minorskinin, 1957:92-93, tərcüməsi isə buna imkan vermir.

[lxxxvi]TMEN, 2:554-565.

[lxxxvii]TMEN, 1:351-353.

[lxxxviii] ƏMİNİ, 356-374, 390-418.

[lxxxix] Hakim Şahməhəmməd Qəzvininin ƏLİŞİRi fars dilindən tərcüməsi, 310.

[xc] ANONİM SURİYA, 1. Uzun Həsənin tamğavatın ləğvi ilə bağlı təklifinə məmurlarının müqaviməti haqqında: QİYASİ A:57, B:391-392. ROMANO, A:447, B:172-173, Şah İsmayıl Səfəvi hakimiyyətinin erkən dövründə Təbrizdəki tamğavat təsərrüfatının Uzun Həsənin qanunnaməsinə uyğun olaraq qiymətləndirilməsini təsvir edir. Bu vergilər 1565/972-ci ilə qədər, yəni Qazi İsanın ölümündən təqribən yetmiş beş il sonra da tamamilə ləğv edilməmişdi (MƏŞKÜR, 208-210/ASNAD C:22-23; ŞƏRƏF, 2:225-226; D’ALLESSANDRİ A:174-175, B:219, 226).

[xci] Bax: Minorski 1957:128. Yaqubun ölümü ilə bağlı mənbələrdə iki versiya mövcuddur: 1) əcəli ilə ölüb: ƏMİNİ, 427-443; BİDLİSİ, 2:144a; ANONİM SURİYA 1; HƏBİB, 4:436; LUBB, 223; NUSAX, 254; GÜLŞƏNİ, 201-203; 2) öz əcəli ilə ölməyib: FƏQANİ, 60-68 (məlum deyil); ROMANO A:456-458, B:183-184; HİMSİ 132a; İYAS, 3:296; AHBAB, 137; LARİ, 230a; ƏHSƏN A:626-627; TAC, 2:118; BROSSET, 2/1:329; ARAKEL, 542. NİMDİHİ, 588b, hər iki versiya haqqında yazır: “…Bəziləri deyir ki, o zəhərlənib ölüb, bəziləri də onun xəstəlikdən öldüyünü deyir” (“…va sabab-i rihlataş bazi tasmim quyənd va bazi vaba…”).

[xcii]Xunci-İsfahani sarayla birgə qış düşərgəsinə gedə bilmir və 1490-cı ilin iyulundan/895-ci ilin ramazan ayından-1491-ci ilin yanvarına/896-cı il rəbiüləvvəl ayına qədər Təbrizdə qalır.

[xciii] NUSAX, 254 və ŞƏRƏF, 2:127, yazır ki, Səlcuqşah Bəyim 1490-cı il noyabrın 12-də/895-ci il zilhiccə ayının 28-də dünyasını dəyişir, ondan on gün sonra, 1490-cı il  noyabrın 22-də/896-cı il məhərrəm ayının 9-da isə kiçik oğlu Yusif dünyadan köçür.

[xciv] HİMSİ, 132a.

[xcv] Məsələn, bax: ROMANO A:456-458, B:183-184 və PSEVDO-ANCİOLLELO  A:390-391, B:98-99.

[xcvi] ƏHSƏN A: 626-627; TAC, 2:118. ROMANOnun, A:456-458, B:183-184, təhrif olunmuş versiyası keçmiş tarixlə Osmanlı və Səfəvi salnamələrinə daxil edilmişdi, lakin ola bilsin ki, ƏHSƏNTACın məlumatları KAMALdan götürülüb. KAMALın məlumatlarında isə Uğurlu Məhəmmədin ailəsinin anti-Səlcuqşah meyilləri əks olunub.

[xcvii] TULUN, 1:137.

[xcviii] FƏQANİ, 61, 66. Minorski, 1957:128, ƏMİNİdəki: “…vaqa-yi haila-yi Həzrət-i Ala,” olduqca əhəmiyyətli “vaxtsız ölüm” mənasını verən ənənəvi ifadəni qeyd edir, ƏMİNİ, 391. Həmçinin bax: MAVADD, 273: “şərbət-i zəhr-i fəna əz səğər-i dövran çaşid.”

[xcix] GÜLŞƏNİ, 201.

[c] ƏMİNİni, 440-442, GÜLŞƏNİ, 202 ilə müqayisə et.

                             

Birinci fəslə keçid:

İkinci fəslin birinci hissəsi:
İkinci fəslin ikinci hissəsi
Üçüncü fəslin birinci hissəsi
Üçüncü fəslin ikinci hissəsi
Dördüncü fəslin birinci hissəsi
Dördüncü fəslin ikinci hissəsi
Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.