fbpx

TƏRCÜMƏ

TƏRCÜMƏ

Con E. Vuds: Ağqoyunlu – Tayfa, Konfederasiya, İmperiya

Read this article on other language
Download article
image_pdf
image_pdf

Sovet dövründə Azərbaycan cəmiyyətini, xüsusilə də ziyalıları milli tarixin saxtalaşdırılması ciddi narahat edirdi. Düşünmək olardı ki, müstəqillik əldə etdikdən sonra tarixçilərimiz saxtalaşdırılmış tariximizə yeni baxış formalaşdıracaqlar. Təəssüf ki, otuz ildən artıq müstəqillik dövründə Azərbaycanın qədim və orta əsr tarixinə dair suallara mükəmməl cavab tapmaq mümkün olmamışdır, əksinə tarixin müxtəlif istiqamətlərdə saxtalaşdırılması davam etmişdir. Bunun bir sıra ciddi səbəbləri var; bu səbəblərdən biri tarixi problemləri araşdırmağa qadir mütəxəssislərin olmamasıdır. Müasir Azərbaycan Respublikasının ərazisi tarixin müxtəlif mərhələlərində müxtəlif dövlət və imperiyaların tərkib hissəsi olub. Məhz bu səbəbdən Azərbaycan tarixini təkcə milli tarixçilər deyil, dünya tarixşünaslığı da araşdırıb. Müasir Azərbaycan tarixşünaslığında cavabsız qalmış bir sıra suallara dünya tarixşünaslığında cavab tapmaq olar. Bu məqsədlə Azərbaycan tarixinə aid tədqiqatların silsilə tərcüməsini oxuculara təqdim etmək qərarına gəldik.

 

İlk seçimimiz Azərbaycan xalqının milli qürur yeri hesab edilən Səfəvi dövlətinin sosial-siyasi bazasının əsası hesab edilən Ağqoyunlu dövləti oldu. Ağqoyunlu dövlətinin tarixinə aid ilk və hələlik yeganə fundamental tədqiqat işi amerikalı tarixçi Con Vudsa məxsusdur. Əsər ilk dəfə 1974-cü ildə doktorluq dissertasiyası kimi Prinston Universitetinin Yaxın Şərq Tədqiqatları şöbəsinə təqdim edilmşdir. Bu əsəri yazarkən tarixçi fars, ərəb və türk dillərində minə yaxın yazılı mənbələrdən stifadə etmiş, Ağqoyunlu dövlətinin sosial-siyasi strukturunu, mədəni çiçəklənməsi və süqutunu şərtləndirən amilləri təhlil etmişdir.

Qeyd edək ki, oxuculara burada kitabın Yuta universiteti nəşriyyatının çap etdiyi yenilənmiş və genişləndirilmiş ikinci nəşrinin tərcüməsi təqdim olunur. Bakı Araşdırmalar İnstitutu bu tərcüməni həm müəllifin, həm Yuta universiteti nəşriyyatının icazəsi ilə yayır.

Tarix Elmləri Doktoru Şəlalə Məmmədova

6(1)

GERİLƏMƏ VƏ YENİ HAKİMİYYƏT

Həqə məzhərdürür Adəm, sücud et, uyma Iblisə

Ki, Adəm dоnuna girmiş Xuda gəldi, Xuda gəldi

                                                             Şah İsmayıl Xətai, “Divan”

                                   

                          

 

1490/896-cı ildə Yaqubun ölümündən 1508/914-cü ildə Şah İsmayılın Bağdadı işğalına qədərki on yeddi il ərzində baş vermiş bəzi hadisələr 1435-1457/839-861-ci illərdə baş vermiş ikinci və ya Böyük Vətəndaş müharibəsi dövründəki hadisələrə həddən artıq bənzəyir, lakin bir çox hallarda bu iki dövr həm də ciddi şəkildə bir-birindən fərqlənir. Bu dövr ərzində Uzun Həsənilər və Cahangirlər xanədanına məxsus doqquz namizəd Ağqoyunlu konfederasiyasının hökmdarı taxtına iddialı olmuşdu. Mübarizə sadəcə olaraq Diyarbəkirlə Ərməniyə arasındakı köç şəbəkəsinə nəzarət edən konfederasiya uğrunda deyil, Fəratdan şərqdə Xorasanın sərhədlərinə, Kür vadisindən cənubda Fars körfəzinə uzanan əraziyə qədər genişlənmiş imperiya uğrunda idi. Taxt uğrunda mübarizə başlayarkən bu şahzadələrdən yalnız ikisi yetkinlik yaşına çatmışdı. Yetkinlik yaşına çatmayanlar isə imperiya daxilində hakimiyyəti ələ keçirməyə çalışan müxtəlif qüvvələrin iddialarının legitimləşdirilməsi üçün oyuncağa çevrilirlər. Qasım (1469/873-874-cü ildən gec anadan olmayıb) və ola bilsin ki, Məsih taxta çıxan zaman yetkinlik yaşında olublar. Əhməd (on doqquz-iyirmi), Rüstəm (on dörd-on beş), Mahmud, Əlvənd, Məhəmmədi yeniyetmə, Baysunqur (doqquz) və Sultan Murad (yeddi) isə taxta çıxarkən kiçik yaşda olublar. Nəticədə sultanlıq sərkərdələrin və Bayandurların yardımçı xanədanlarının, xüsusilə də Kor Məhəmməd bin Qara Osmanın varisləri, Purnak və Mosullu tayfa başçılarının əlində oyuncağa çevrilir. Bu dövrün sonunda siyasi güc imperiyanın mərkəzdənqaçma tərəfdarı olan tayfa elementlərinin əlinə keçir. Uzun Həsənilər daxili çəkişmələr nəticəsində tamamilə darmadağın olurlar, hakim Bayandur tayfa üzvləri bir-birlərini qıraraq barışmaz hissələrə parçalanırlar. Ağqoyunlu tarixinin son dövrünə baxsaq, XVI/X əsrin əvvəllərində Şah İsmayıl tərəfindən Səfəvi sülaləsinin yaradılmasını Anadolu və İran türkmənlərinin Bayandur tayfasına qohum, yeni Şiə ideologiyasında birləşmiş yeni hakimiyyətinin formalaşması kimi qiymətləndirməliyik.

Təsvir II. Konfederasiya tayfa müharibəsi və Uzun Həsənilərin süqutu.

KONFEDERASİYANIN TAYFA MÜHARİBƏLƏRİ

Səlcuqşah bəyim, Yusif və Yaqubun ard-arda ölümü nəticəsində yaranmış qarışıqlıq dövründə Qarabağdakı hökmdar düşərgəsində siyasi və hərbi üstünlük bir çox oğulun və yüzə yaxın tayfa üzvünün daxil olduğu, Sufi Xəlil bəyin rəhbərlik etdiyi Mosullu qrupunun əlinə keçir.[i] Şübhəsiz ki, bu fakt Sufi Xəlilə Bayandur və Miranşahi şahzadələrinin himayəsində olan doqquz yaşlı xəstə Baysunquru taxta çıxarmağa inandırmasına yardımçı oldu. Bunu oğulları arasında seçim etmiş mərhum şahın son arzusu kimi təqdim edirlər.[ii] Nimdihi yazır ki, Sufi Xəlil şahzadələr məclisində deyir: “Yaqub dünyasını dəyişib, Baysunqur da onun oğludur. Oğulun atasının varisi olması bir adətdir. Siz hamınız ona sədaqət andı içməlisiniz.”[iii] Rəsmi olaraq hakimiyyəti ələ keçirdikdən sonra Sufi Xəlil oğullarından ikisini Yaqubun idarə aparatının rəhbəri, Uzun Həsənilərin taxta potensial namizədi olan Mirzə Əli bin Sultan Xəlili həbs etmək üçün yollayır. Bir neçə gün sonra o öldürülür. Bu hadisə Əlixan bin Cahangirin başçılıq etdiyi Bayandur və Miranşahi əmioğullarını əvvəl qəbul etdikləri qərardan dönməyə məcbur edir. Onlar Uzun Həsənin oğlu Məsih Mirzənin ətrafında toplaşaraq Baysunquru taxtdan salınmış elan edir və Sufi Xəlilə, Mosullu və  xəyanətkar Teymuri Əmir Moğola qarşı qiyam qaldırırlar. Hökmdar düşərgəsində başlayan qəddar döyüş  Məsih Mirzə və onun çox sayda tərəfdarları da daxil olmaqla Bayandur şahzadələri və məmurlarının kütləvi qırğını ilə nəticələnir. Bu qırğından canını qurtarmış Uzun Həsənilərdən Rüstəm bin Maqsud əsir alınaraq Naxçıvan yaxınlığındakı Əlincə qalasına atılır, Mahmud bin Uğurlu Məhəmməd isə Purnakların nəzarət etdikləri İraq ərazisinə qaçır.[iv]

Qarabağdakı qan çanağından sonra Sufi Xəlil bəy Yaqub hökumətindəki taxta iddialı olan  bütün mümkün namizədləri aradan qaldıraraq çevrilişin nəticələrini möhkəmləndirdi. Sufi Xəlil bəy Məsih Mirzə qiyamının sağ qalmış rəhbərlərini məhv etdikdən sonra üzünü onu gürcü əməliyyatına cəlb etmək üçün alət rolunu oynamış və islahatları ilə türkmən hərbi elitası hakimiyyətinin iqtisadi özəyini hədəfə almış Qazi İsaya çevirir. Qazini bidətçi “təcəssüm və ayrılma” (hülul və ilhad) təriqətini dəstəkləməkdə günahlandıran Sufi Xəlil bəy

insanları [Qazi İsaya] qarşı çevirdi. Onu təhqir edərək qiyama səsləməkdə günahlandırdılar, dindarların çoxu onun edamının qanuni olduğunu, hüquqlarının itirildiyini bildirdilər. İdarə şurasında Sufi [Xəlil] onu alçaltmağa və təhqir etməyə başlayır, Qazi cəsarət və nəzakətlə ona cavab verir. Qəzəblənmiş [Sufi Xəlil] onların əvvəlki dini mübahisələrinə toxunur, bundan sonra Qazi tutularaq həbs edilir, düşərgəsi isə qarət olunur…Qazi səbrlə bir həftə bu acılara dözdü, səkkizinci gün qolları zəncirli İdarə şurası qarşısına gətirildi. Sufi [Xəlil] dedi: “Sənin dini məsələlər üzrə vəzir və İslami hakim vəzifəsini tutmağına və bu vəzifələri icra etməyinə rəğmən sən sünni dini prinsiplərinə riayət etməmisən və bidətçilərin [zındıq] şeytani dini ilə gözümüzə kül üfürmüsən.” Qazi cavabında “Xeyr, heç bir zaman! Mən hər zaman Peyğəmbərin və onun varislərinin yolu ilə getmişəm” deyir. Lakin onlar buna əhəmiyyət vermədilər, onu açıq məkana çıxararaq ruhunu yer üzü kədərinin həbsxanasından azad etdilər.[v]

Yaqubun müəllimi və dini məsələlər üzrə vəziri 1491-ci il yanvarın 24-də/896-cı il rəbiüləvvəl ayının 13-də edam olunur.[vi] Maliyyə işləri üzrə vəzir Şah Mahmud Can Deyləminin bəxti gətirir və o, doğma Qəzvinə qaça bilir. Bundan sonra idarə aparatı Azərbaycandan olan nüfuzlu şiə Xucuci ailəsinin nümayəndəsi Şeyx Məhəmmədin rəhbərliyi altında formalaşır. Farsda Qazi İsanın qardaşı, “etibarlı və dindar dövlət məmurları” nümayəndəliyinin rəhbəri, Qazinin siyasətini İraq və Farsda tətbiq etmək üçün göndərilmiş Şeyx Əli Savaci həbs edilir, Şirazın hərbi canişini Mənsur bəy Purnak ona işgəncə verərək cəzalandırır. Bundan sonra onu Təbrizə göndərirlər, Sufi Xəlil onu da qardaşı kimi öldürür.[vii] Beləliklə, Yaqubun ölümündən cəmi bir ay keçənə qədər Sufi Xəlil bəy bütün nüfuzlu rəqiblərini aradan qaldırır, Azərbaycan üzərində nəzarəti bərpa edir, Xorasan sərhədində qardaşı Bəkir bəyin, qərbdə Ərməniyədə isə qardaşı oğlu Gülabi bəyin sədaqətini əldə edir.

Sufi Xəlilə qarşı müxalifət nişanələri dərhal peyda olur. Bu nişanələrin ilki çox güman ki, yuxarıda Yaqubun ölümü ilə əlaqədar “narahatedici metaforlar”dan danışarkən sitat gətirilən Baba Fəqaninin Baysunqura həsr olunmuş Yeni il şeirində qeydə alınıb:

Şükr olsun Allaha, dünya yenə də Yaqubun ədaləti ilə doldu!
Hökmdar xütbəsi Baysunqurun adına oxundu.
Allah ona yer üzünə ədalət gətirmək üçün yardım etdi
Ola bilsin ki, ürəyinin istəyini həm qullara,
Həm azad olanlara verəcək.
Bu cücərti şahzadələrin çoxunun ürəyində var
Qoy bu cücərti babalarının qisasını alması üçün daimi olsun
Qoy dünya onun ədaləti ilə yaşıl bağa dönsün.
Qoy bu, elə bir ədalət olsun ki,
Heç kəs səhvən ondan bir ləçək götürə bilməsin.
Allahım, bu parlaq üzlü hökmdara Süleymanın əməllərini ver
Allahım, onların arzularını artır, qisası küləkdən al.[viii]

Baba Fəqaninin əli qana bulaşmış zalım Sufi Xəlil üzündən yer üzündə ədalətin bərqərar edilməsi və Bayandur hakim ailəsinin hüquqlarını zorla zəbt etmiş insanlardan qisas alınması üçün müraciət etdiyi şübhə doğurmur. Bundan başqa son beytdə Qurandan Süleymanın hekayəsinə işarə sadəcə bədii eyham kimi qiymətləndirilməməli və “Süleymanın əməlləri” Sufi Xəlilin köhnə rəqibi Yaqub hökumətinin sütunlarından biri, həmin dövrdə Ağqoyunlu imperiyasının ən ucqar qərb nöqtəsində hərbi əməliyyatda olan Süleyman bəy Bicana işarə kimi başa düşülməlidir.[ix] Baba Fəqaninin bu şeirində əks olunan mövqeyi Sufi Xəlilə düşmən olan, onu “Sufiyə bənzəməyən”, “eşşəkliyi və zalımlığı ilə məşhurlaşmış, paxıllığı və lovğalığı ilə seçilən” biri kimi təsvir edən digər mənbələrdə təsdiq olunur.[x]

Mosullu qrupunun çevrilişinə ilk cavab Ərəb İraqı və Farsın Purnak hakimlərindən gəlir. Uzun illər Yaqubun Bağdadda hakimi olmuş Şahəli bəy Purnak Həmədanda Uzun Həsənilərdən olan qaçqın Mahmud bin Uğurlu Məhəmmədi sultan elan edir. Bundan sonra Mahmud Təbrizə bir məktub yazaraq atasının xidmətlərini xatırladır: “Həsənəli Qaraqoyunlu mənim atamın qılıncı ilə öldürülüb, İraq mənin atamın qılıncı ilə işğal edilib. Mən onun oğluyam və Sufi Xəlil mənim hüquqlarımı tanımalıdır. Diyarbəkir və Azərbaycan Baysunqura verilsə, İraq və Fars məndə qalsa, hər iki tərəf məmnun olar.”[xi] Lakin Sufi Xəlil bəy bu bölgü planını rədd edir və Purnakın sultan iddiasında olan namizədinə qarşı döyüşə qalxır. Darquzin yaxınlığında Mahmud ilə Şahəli bəy məğlub edilir, Şahəli bəy öldürülür, Mahmud isə əsir götürülərək sonradan edam olunur.

Bu zaman Farsın hakimi, əvvəlcə Baysunqurun hüquqlarını tanımış Mənsur bəy Şahəli bəyin Mosullulara qarşı çıxdığını eşitdikdən sonra mövqeyini dəyişir. Lakin Darquzin döyüşündə Purnakların məğlub olması Mənsur bəyi Baysunqurla əlaqədar müdrik qərar verməyə məcbur edir və o, əvvəlki qərarına dönür. Lakin tezliklə onun sədaqətini sınağa çəkərək Yəzddə Qara Osmani Qayıtmaz Bayandurun Baysunqura qarşı qiyamını yatırmağa göndərirlər. Qiyamçı Qayıtmazın başının Təbrizə gətirilməsi Purnakların inadına son qoydu və Sufi Xəlil bəyin Ərəb İraqı, Əcəm İraqı və Fars üzərində hakimiyyətinin bərqərar olmasını qətiləşdirdi.

Lakin iki bölgə, Gilan və Diyarbəkir hələ də Mosulluların təzyiqlərinə tab gətirə bilirdi. Darquzin döyüşündən dərhal sonra Ağqoyunlu ordusu Gilanın giriş qapısı olan Qəzvinin Lahicandan olan Əli Mirzə Kiyayi tərəfindən ələ keçirilməsinin qarşısını almaq məqsədi ilə  Qəzvinə göndərilir. Bir neçə dəfə əldən-ələ keçdikdən sonra bu şəhər və onunla birgə Əcəm İraqının şimal-mərkəzinin böyük hissəsi Gilanın nəzarətinə keçir və iki ildən də çox onun nəzarətində qalır.[xii]

Diyarbəkirdə Yaqubun lələsi, qayınatası, keçmiş idarə aparatının rəisi Süleyman bəy Bican çoxdankı düşməni Sufi Xəlil bəyin hakimiyyətinə qarşı güclü əməliyyata başlayır.[xiii] 1491-ci il yazın əvvəlində/896-cı il cəmadiyələvvəl ayında Süleyman bəy Dəclə üzərində Amid yaxınlığında Gülabi bəy Mosullunu məğlubiyyətə uğradır və yayın ortalarında/ramazanda Azərbaycan sərhədi yaxınlığında Sufi Xəlil bəyin özü ilə qarşı-qarşıya gəlir. Uzun sürən toqquşma sonda Mosullu qüvvələrinin Təbriz istiqamətinə sıxışdırılması ilə nəticələnir. Paytaxtın kənarında qaçmaqda olan ordu üzərinə hücum edən Süleyman bəy üstünlük əldə edir, 1491-ci il iyulun 29-da/896-cı il ramazan ayının 22-də Sufi Xəlil bəyi və qardaşı Bəkir bəyi öldürür, beləliklə də altı ay davam edən Mosullu hərbi diktaturasına son qoyulur.[xiv] Bəzi xəyanətkar məmurlar tərəfindən qiyamçıların əlinə verilmiş kiçik Baysunqur üçün Süleyman bəyin əks-qiyamı bir ağanın əlindən digər ağanın əlinə keçmək idi. 1491-1492-ci ilin qışında/897-cı ilin səfər-cəmadiyələvvəl ayında o, yeni hərbi başçı ilə Təbrizə daxil oldu. İndi yeni hökumətə maliyyə işləri üzrə vəzir kimi Xoca Ruhulla Qəzvini və idarə heyətinin başçısı kimi Qara Osmani Qorxmaz bin Kor Məhəmməd Bayandur daxil olur.

Süleyman bəyin doqquz aylıq hökmranlığı ilə ondan əvvəlki hakimiyyət arasında daxili vəziyyətlə bağlı keyfiyyət fərqi o qədər böyük olmasa da, Ağqoyunlu imperiyası bu dövrdə daxili çaxnaşmalardan uğurla istifadə edərək öz namizədlərini taxta oturtmaq istəyən qonşu dövlətlər tərəfindən artmaqda olan təhdidlərlə üzləşməli olur. Məsələn, 1492-ci ilin fevralında/897-ci ilin rəbiülaxır ayında Osmanlıların Ağqoyunluların daxili işinə qarışmağa hazırlaşdığı haqqında Qahirəyə gələn hesabat Məmlük sultanı əl-Əşrəf Qayıtbayı əvvəlcə 1477/882-ci ildən Qahirədə məskunlaşmış Uzun Həsəni Hüseyn bin Uğurlu Məhəmmədi taxta çıxarmaq üçün Təbrizə yürüş haqqında qərar qəbul etməyə sövq edir. Lakin sultan, deyəsən, sonradan bu əməliyyat haqqında yaxşı-yaxşı düşünərək ondan vaz keçir. Doqquz ay sonra Hüseynin Hicazda vəfat etməsi ilə Ağqoyunlu varislik böhranını Məmlüklərin təyin etdiyi namizəd vasitəsilə həll etmək ümidi boşa çıxır.[xv]

Süleyman bəyin rejimi daxildən çökür. Mənbələr qeyd edir ki, cəmiyyətin maraqları dini institut və hərbi elita arasında bölüşdürülür.[xvi] Baysunqur və Süleyman bəyin yerinə Qarabağ qətliamından sonra Əlincə qalasında saxlanılan Rüstəm bin Maqsud Uzun Həsəni təyin edilir. Süleyman bəyə qarşı ilk açıq üsyan Təbrizdə Uzun Həsənin şəxsi əyanlarının qalıqları və Uzun Həsənin qaynı, idarə aparatının rəisi Qorxmazın rəhbərlik etdiyi Bayandur hakim tayfasının əmirləri arasında başlayır. Süleyman bəyin qiyamı qəddarcasına yatırması, Qorxmazı edam etməsi Qarabağdakı qış düşərgəsində Ağqoyunluları hərəkətə keçməyə məcbur etdi. Qorxmazın qardaşı oğlu, Ayba Sultan ləqəbi ilə tanınan İbrahim bin Dana Xəlili özlərinə başçı seçən Ağqoyunlular qısa müddətə məğlubiyyətə uğramış Mosullular da daxil olmaqla Purnak və Qacar tayfalarını ətraflarına birləşdirərək Rüstəm bin Maqsudu azad etmək üçün Əlincə qalasına yollanırlar. Qalanın purnaklı başçısı Sidi Əli bəy tezliklə qiyamçılar tərəfindən məğlubiyyətə uğradılır, səlahiyyətləri isə əlindən alınır.[xvii] Döyüşçülərin kütləvi şəkildə fərarilik edərək qiyamçılar tərəfinə keçməsi nəticəsində Baysunqurla Süleyman bəyin ordusu taqətdən düşür və Ayba Sultanla müttəfiqlərinə qarşı döyüşmək iqtidarında olmur. Baysunqur Şirvana qaçaraq babası Fərrux Yasarın himayəsinə sığınır, Süleyman bəy isə Diyarbəkirə qaçır. Lakin Diyarbəkirdə Süleyman bəy həbs  edilir və Ayba Sultanın qardaşı Nurəli əmisi Qorxmazın qisasını alaraq onu edam etdirir. Beləliklə, Rüstəm boş paytaxta daxil olaraq 1492-ci il mayın sonunda/897-ci ilin rəcəb ayında taxta oturur. Şeyx Məhəmməd Kucuci və Şah Mahmud Can Deyləmi geri çağrılaraq yeni hökumətdə dini və maliyyə məsələləri üzrə vəzir vəzifəsinə təyin edilirlər. 

Qara Osmanilərin güclü nümayəndəsi Ayba Sultan Bayandurla qardaşı oğlu Uzun Həsənilərdən olan Rüstəmin qələbəsi Yaqubun ölümündən dərhal sonra başlamış imperiyanın parçalanması prosesini dayandırdı.[xviii] Səlcuqşah bəyim, Qazi İsa Savaci, Sufi Xəlil bəy Mosullu və Süleyman bəy Bicanın ölümü ilə Yaqubun mərkəzləşmiş dövlət strukturu tamamilə çökmüşdü, indi onun yerinə Ayba Sultan şəhər ruhani təbəqəsi və vilayət hərbi elitasının nümayəndələri, xüsusilə də Purnak tayfası ilə, eləcə də Baysunqur və Şirvanşah Fərrux Yasarla  yeni siyasi müqavilə bağlamalı idi. 1492-ci ilin noyabrında/898-ci ilin məhərrəm ayında Astarabadın Ağqoyunlu siyasi qaçqınlar tərəfindən qızışdırılan Teymuri hakimi Badi əl-Zaman bin Sultan Hüseyin Bayqaranın uğursuz hücumu köçəri hərbi elita ilə tez bir zamanda razılığa gəlməyin zəruriliyini xatırlatdı.[xix] Bu zaman Uzun Həsənilərin iki əsas iddiaçısı arasındakı mübahisəni barışıq vasitəsilə həll etmək mümkün oldu: Baysunqur Gəncə və Bərdəni xüsusi mülkiyyət olaraq aldı, Rüstəm isə Təbrizdə hökmdar taxtına çıxdı. 1493-cü il baharın əvvəlində/898-ci il cəmadiyələvvəl-cəmadiyəlaxır aylarında Baysunqur Şirvanşahların qoşununun yardımı ilə Ağqoyunlu paytaxtını ələ keçirməyə cəhd göstərdi, lakin Ayba Sultan qoşunların Kürü keçməsinə imkan vermədi. Bundan sonra may/rəcəb-şaban ayında Baysunqur İsfahanın Qara Osmani hakimi Qısa Hacı bin Şeyx Hüseynlə birləşərək ikinci dəfə Rüstəmi taxtdan salmağa cəhd göstərir. Ayba Sultan bu dəfə də Şirvan qoşunlarını Təbrizin şimalında məğlubiyyətə uğradır və bədbəxt Baysunquru ələ keçirir. Bunun ardınca Purnakların rəhbərlik etdiyi ordu Əcəm İraqında Baysunquru dəstəkləyən Qısa Hacının ordusunu darmadağın edir.[xx]

1493/898-ci ildə Baysunqurun, ögey qardaşı Həsənin və Qısa Hacının edam edilməsi nə Bayandurların Rüstəmə və Ayba Sultana qarşı qiyamına, nə də xarici işğal təhdidlərinə son qoyur. Bir il əvvəl Süleyman bəy Bicanı edam etdirən Ayba Sultanın qardaşı Nurəli Diyarbəkirdə nəzarəti ələ keçirdikdən sonra Rüstəmi sultan kimi tanımaqdan imtina edir. Nurəli qaldırdığı qiyama gözləmədiyi yerdən dəstək alır, Badi əl-Zamanın atası, Xorasanın Teymuri hökmdarı Sultan Hüseyin Bayqara Rüstəmə qarşı birgə mübarizə aparacağı təqdirdə Diyarbəkir üzərində hökmranlığı ona verəcəyini vəd edir. Lakin ola bilsin ki, qohumu Sultan Əbu Səidin iyirmi beş il əvvəl Uzun Həsən tərəfindən öldürüldüyünü yadına salan Sultan Hüseyin qərb macərasında iştirakdan imtina edir. Tezliklə Nurəli 1494/899-cu ildə Rüstəmin Diyarbəkirdə qayda-qanun yaratmaq üçün göndərdiyi Qasım bin Cahangirin qüvvələrinin təzyiqi altında Qahirədəki əl-Əşrəf Qayıtbaydan siyasi sığınacaq istəməyə məcbur olur.[xxi] (Nurəli 1496/901-ci ildə əl-Əşrəf Qayıtbayın ölümünə qədər Məmlük torpaqlarında qalır, sonra isə müxalifəti yenidən Rüstəmə qarşı qaldırmaq üçün Diyarbəkirə qayıdır.) Beləliklə, 1494-cü ilin ortaları üçün/899-cu ilin ramazan ayında Diyarbəkirdə mərkəzi hakimiyyət bərpa edilir, Gilan qarnizonu Qəzvindən çıxarılır, Herat, Qahirə və İstanbulla yüksək səviyyədə dostluq münasibətləri bərpa edilir.[xxii]

Rejimi daxilən möhkəmləndirən digər tədbirlərə təhsil və incəsənətə edilən himayədarlıq, ruhani təbəqəsinin və islam hökumətinin xarici simvollarının geniş şəkildə dəstəklənməsi, sufi qardaşlıqlarına daha mülayim münasibət daxil idi. Baba Fəqani kimi Yaqub sarayı ilə əməkdaşlıq etmiş tanınmış şairlər indi Rüstəmin şərəfinə şeirlər yazırdılar, Lütfullah Əbülfutuh Şirazi adlı birisi isə özünün Gələcəyə aparan müqavilələr adlı  əsərində Rüstəmi  “Dövrün hökmdarı!” adlandırır.[xxiii] Bundan başqa Yəhya Qəzvini Lubb əl-tavarix adlı əsərində yazır ki, Rüstəm ruhanilərə ən çox torpaq mülkiyyəti bağışlamış türkmən hökmdar idi.[xxiv] Rüstəm və köçəri hərbi elitanın ruhani təbəqəni öz tərəflərinə çəkmək istəyinin nə qədər güclü olduğunu 1495/900-cü ildə dini məhkəmənin Rüstəmi lələsi Əbdülkərim bəyə torpaq bağışlanması haqqında verdiyi fərmanı ləğv etməyə, İsfahanın aparıcı din xadimlərinin əvvəlki hüquqlarını bərpa etməyə məcbur etməsindən şikayətləndiyi zaman açıq şəkildə görmək olur.[xxv] Həmin il bir qədər sonra bir sıra görkəmli din xadimi Yaqubun ölümündən sonra ilk dəfə zəvvarlıq kəcavəsi ilə Hicaza göndərilir.[xxvi] Nəhayət, əvvəlki konfederasiya tayfa müharibələrindən fərqli olaraq Rüstəmin dövründə siyasi hakimiyyətlə dini xalq qrupları arasında münasibətlərin yaxşılaşdığını görürük. Xəlvətiyə orderinin üzvlərinə Təbrizin Müzəffəriyyə məscidində dua etməyə icazə verilir, 1492/897-ci ildən başlayaraq Rüstəmin bibisi oğlanları, Heydər Səfəvinin oğulları həbsdən azad edilir və onların Ərdəbilə dönmələrinə icazə verilir.

Sonuncularla əlaqədar Rüstəmin məsləhətçiləri, şübhəsiz ki, Səfəvilərin Rüstəmlə yaxın qan qohumluq əlaqələrindən və onların ailəlikcə Şirvanşah Fərrux Yasar və əvvəlki dövrdə Baysunqura qarşı mübarizədə Yaqubla düşmənçiliyindən istifadə etmək istəyirdilər. Əslində Səfəvi hərbi qüvvələrindən biri Heydərin böyük oğlu Sultanəlinin başçılığı altında Baysunqurun məğlubiyyətə uğradığı döyüşdə, digəri isə Qısa Xoca Bayandurun qiyamının yatırılmasında iştirak etmişdi. Lakin qələbədən sonra tərxis edilmiş çox saylı Səfəvi müridləri Ağqoyunlu dövləti üçün ciddi təhlükə olduqlarını sübut etmişdilər. Ağqoyunlu paytaxtına olduqca yaxın yerləşmiş Səfəvi hərbi qüvvələrinin artmaqda olan gücü ciddi narahatlıq yaradır, Ayba Sultan və Hüseynəli xan Bayandur 1494-cü ilin yayında/899-cu ilin ramazan-zilhiccə ayında Sultanəlini qardaşları Seyid İbrahim və İsmayılla birgə həbs etmək qərarına gəlirlər. Yaxınlaşmaqda olan təhlükədən öncədən xəbərdar edilmiş üç qardaş Ərdəbilə qaçmağa çalışır, lakin şəhərə çataçatda Ağqoyunlu süvari dəstələri tərəfindən yaxalanırlar. Baş vermiş döyüşdə Sultanəli türkmən və müttəfiqləri tərəfindən öldürülən üçüncü şəhid olur. Heydərin sağ qalan oğullarından Seyid İbrahim sonradan dədə-babalarının ifratçılığından imtina etdiyini bildirir və Səfəvi orderinin mötədil qolu tərəfindən idarə olunan Ərdəbil hakimi vəzifəsini qəbul edir. Lakin orderin döyüşkən ənənələrinin daşıyıcısı yeddi yaşlı qardaşı İsmayıl isə Lahıcana, Əlimirzə Kiyayinin sarayına gətirilir. İsmayıl növbəti beş il orada Ağqoyunlu xəfiyyəsindən gizlənir.[xxvii]

Səfəvilərin döyüşkən qolu ilə münaqişədən daha az təsirə malik olsa da bir sıra vilayətlərin mərkəzi hakimiyyətdən qopması Ağqoyunluların parçalanmasında eyni dərəcədə iz qoymuşdu. Bu bölgələrdə mərkəzi hakimiyyət həm fiziki, həm də mənəvi gücünü itirmişdi. Məsələn, iyirmi ildən çox Ağqoyunlu nəzarəti altında qaldıqdan sonra 1494-1495/900-cü ildə Bidlis ənənəvi sahibləri Ruzaqi kürd hakimləri tərəfindən tamamilə işğal olunur.[xxviii] 1494-1495/900-cü ildə Qasım bəyin 1486/891-ci ildən Şiraz hakimi olan atası Mənsur bəyin yerinə təyin olunması ilə Purnak konfederasiya tayfasının mülkü hesab edilən Farsda Purnakların mövqeyi daha da güclənir. Əvvəl Mənsur bəyi vəzifəsindən uzaqlaşdırmaq niyyətində olan Rüstəmi Purnakların saraydakı nüfuzlu nümayəndəsi Sidi Əli bəy fikrindən daşındırır və çox hörmətli qohumunu vilayət idarəçiliyi vəzifəsinə bərpa etməyə inandıra bilir. Bundan bir qədər sonra Mənsur bəy ağır xəstəliyə tutulur, oğlu Qasım bəy dərhal vilayət idarəçiliyini əlinə keçirir. Qasım bəy vilayəti atasının adından idarə etdiyini bəyan etsə də, Rüstəmin Şiraza təyin etdiyi adam və konfederasiya tayfaları onun hakimiyyəti qəsb etməsinə qarşı çıxır. Bu gərginliklər və Qasım bəyin ona qarşı olanları əzməsi Təbrizin Qasım bəyi paytaxta çağırması ilə nəticələnir, lakin Sidi Əli bəyin işə qarışması, Qasım bəyin verdiyi rüşvət onun rəsmi olaraq Farsa hakim təyin edilməsini təsdiqləyən sənədin verilməsi ilə nəticələnir. Qasım bəy müstəqil hökmranlığını möhkəmlədərək 1501/907-ci ilə qədər vilayəti idarə edə bilir.[xxix] Qərbdə Nurəli Bayandur 1494/899-cu ildən Diyarbəkirdən qovulduqdan sonra Rüstəmin Qasım Dayı və ya Qasım Padşah kimi tanınan əmisi Qasım bin Cahangir paytaxtı Mardini bəzəyərək öz adından sikkələr buraxdırıb, fərmanlar imzalayıb, beynəlxalq siyasət yürüdürdü.[xxx]

1496/901-902-ci ildə Nurəli Bayandurun Misir sürgünündən qayıtması ilə Rüstəmin məmurlarından narazılıq və onlara tabelikdən imtina daha da güclənir. Bu dəfə o, hətta Rüstəmə yaxın olan köçəri hərbi elita başçılarından böyük dəstək ala bilir. Müxalif qrupun başçısı kimi Nurəli II Bəyazidə Rüstəmin səriştəsizliyindən şikayət edir və Osmanlı sultanından kürəkəni, Uzun Həsəni şahzadəsi, Uğurlu Məhəmmədin oğlu Əhmədin Ağqoyunlu taxtına otuzdurulmasına icazə verməsini xahiş edir. Bayandur başçılarına ehtiramını ifadə edən Bəyazid gənc şahzadəni Osmanlı hərbi hissəsi ilə Rüstəmə qarşı Ərzincana toplaşmış sərkərdələrin yanına göndərir. Ağqoyunlu sarayında nikah vasitəsilə Əhmədlə qohum olmuş Hüseyn Əli Xaninin rəhbərlik etdiyi xəyanətkarlar Rüstəmi qətlə yetirmək əvəzinə cangüdəni Əbdülkərim bəyi öldürürlər. Rüstəm və Ayba Sultan Araz dərəsinə qədər irəliləmiş Bayandur-Osmanlı qüvvələrini qarşılamaq üçün Təbrizi tərk etdikdə Hüseyin Əli Xani paytaxtı tutaraq 1497-ci ilin iyununda/902-ci ilin şəvval ayında Əhmədin adına Cümə xütbəsi oxutdurur. Rüstəmə son zərbə döyüş meydanında Ayba Sultanın Əhmədə məğlub olması ilə dəyir və Rüstəmin qaçmaqdan başqa çarəsi qalmır. Həm Əhmədə qarşı olan Ağqoyunlu, həm də kafir gürcü qüvvələrindən dəstək alan Rüstəm bir neçə aydan sonra taxtı geri qaytarmaq üçün mənasız cəhdlərdən sonra edam edilir.[xxxi]

İyirmi yaşlı şahzadəni istədikləri kimi idarə edə biləcəklərini düşünərək Rüstəmdən imtina etmiş hərbçilər tezliklə Əhmədin başqa niyyətdə olduğunu anladılar.[xxxii] Fateh Mehmet və II Bəyazidin  sarayında böyümüş Əhməd aydın şəkildə vəziri Şeyx Fazil Nöqtəçioğlunun yardımı ilə mərkəzləşdirilmiş Osmanlı idarə üsulunu kifayət qədər fərqli İran tayfa siyasi həyatına köçürmək niyyətində idi.[xxxiii] İlk növbədə o, ruhanilərə  böyük ehtiram göstərib şərab içməyin qadağan edilməsi kimi fərmanlar verməklə onlarla müttəfiq olmağa çalışır. Bununla yanaşı o, ruhani təbəqəsinə verilən imtiyazları məhdudlaşdıraraq, onun iqtisadi və siyasi gücünə zərbə endirir və imtiyazları qanuni islam vergi sistemindən gələn gəlirdən əldə edilən nəğd pulla əvəz etməyə çalışır.[xxxiv] O, eyni zamanda saraydakı Bayandur-Purnak qrupunu və vilayətlərdəki hərbi başçıların gücünü dağıtmağa cəhd göstərir. Təbrizə gəldikdən qısa müddət sonra Əhməd türk tayfa qanununu ləğv edir, hərbi elitanı Müqəddəs qanuna tabe etdirir. Kürəkəni Hüseyn Əli Xanini Müzəffər bəylə birlikdə edam etdirir, Ayba Sultanı Kirman vilayətinə göndərir, Farsa yeni hakim təyin edilmiş Qasım bəy Purnakı geri çağırır.

Kirmana gedən Ayba Sultan yolda Qasım bəy Purnakla qarşılaşır və onlar Əhmədə qarşı birləşmək qərarına gəlirlər. Əvvəl Ayba Sultanın adına cümə xütbəsi oxutduran qiyamçılar sonradan Yaqubun yeddi yaşlı oğlu Sultan Muradı Şirvandan çağıraraq hökumətin başına keçirmək, onu oyuncaq hökmdara çevirərək real hakimiyyəti əllərinə almaq qərarına gəlirlər. Bundan xəbər tutan Əhməd böyük sayda qoşun toplayaraq Təbrizin cənubundan qiyamçılara qarşı hərəkətə keçir. Say nisbətinin birin 25-ə olmasına baxmayaraq Ayba Sultanla Qasım bəy 1497-ci il dekabrın 13-14/903-cü ilin rəbiülaxır ayının 17-18-də İsfahan yaxınlığındakı Xoca Həsən Mazi və ya Kihar Ulanqda Əhmədin böyük qüvvəsi ilə toqquşur. Lakin Əhmədin türkmən atlı dəstəsi xarici kölə əsgərlərlə birgə dost tayfa qüvvələrinə qarşı döyüşməkdən imtina etdikdə vəziyyət qəflətən dəyişir. Əhmədin sağ və sol cinahındakı sərkərdələr atlarını geri çəkərək Ayba Sultanın qüvvələrinə Əhməd və vəzirləri də daxil olmaqla Osmanlı qüvvələrini qılıncdan keçirməyə imkan yaradır.[xxxv] Xoca Həsən Mazidəki döyüş meydanında təkcə Ağqoyunlu imperiyasındakı mərkəzdənqaçma meyillərinin aradan qaldırılmasına yönəlmiş Əhmədin altı aydan da az davam etmiş hakimiyyətindən imtina olunmadı, yad siyasi sistemin tətbiqi cəhdləri sonunda erkən Səfəvilər dövründə köhnə köçəri qaydalarının bərqərar olmasını sürətləndirdi.

Xoca Həsən Mazidəki döyüşdən sonrakı on il ərzində türkmən tayfalarının bir-biri ilə düşmənçiliyi bir neçə Bayandur şahzadəsinin, Məhəmməd bin Yusifin, Əlvənd bin Yusifin, Sultan Murad bin Yaqubun və Qasım bin Cahangirin adından  aparılan konfederasiya tayfa müharibəsi ilə davam etdi. Bu dövrün digər dövrlərdən fərqi ondan ibarət idi ki, hakimiyyətə iddialı olan oyuncaq hökmdarlar bir-birini Təbriz taxtında əvəz etmirdilər, onlar imperiyanın müxtəlif hissələrində peyda olurdular. Bu isə Ağqoyunluların xəyali siyasi birliyinin də tənəzzülündən və dövlətin çoxsaylı apanaj (xüsusi mülklərdə yaranan kiçik dövlətlər-tərcüməçi) dövlətlərə parçalanmasından xəbər verirdi. 

 Parçalanmanın başlandığı erkən mərhələnin əsas qəhrəmanları Yusif bin Uzun Həsənin iki oğlu – Əlvənd və Məhəmmədi idi.[xxxvi] Əhmədin ölümündən sonra Diyarbəkirə qaçmış Əlvənd Qasım bin Cahangir, Pirəli bin Qutlunun bir neçə varisi və Diyarbəkir və Ərməniyənin Mosullu tayfa başçıları tərəfindən qərbdə sultan elan edilir. Məhəmmədini isə Ayba Sultan Bayandurun qardaşları, Murad (Yəzdin hakimi), Nurəli və Əfşar konfederantlarla birgə Əşrəf dəstəkləyirdi.

Ayba Sultanın özü isə Qumda hökmdarın qış düşərgəsində Sultan Murad bin Yaqubun Şirvandan gəlməsini gözləyirdi. Hərbi elitadan sədaqət andı aldıqdan sonra Ayba Sultan 1498-ci ilin yazında/903-cü ilin rəcəb-şəvval aylarında Sultan Muradı qarşılamaq üçün Təbrizə yürüş edir. Lakin paytaxt yolunun üstündə taxta yeni hökmdar çıxarmaq niyyətində olan Ayba Sultanı ona qarşı olan qrupun qüvvələri qarşılayır. Ayba Sultan nəinki bu qüvvələri darmadağın edir, hətta Sultan Muradı müşayiət edən dəstəni də məğlubiyyətə uğradaraq gənc şahzadəni Marağa yaxınlığında qalaya salır və öz hakimiyyətini möhkəmləndirmək üçün Sultan Muradın anası Gövhərsultan xanımı özü ilə evlənməyə məcbur edir. Ağqoyunlu imperiyasının nüfuzlu üzvlərindən olan Ayba Sultan bu dəfə də mövqeyini dəyişir və Diyarbəkirdən çağrılaraq Təbrizdə taxta otuzdurulan Əlvəndi dəstəkləyir.

Lakin 1498-ci il payızın sonunda/904-cü il rəbiülaxır ayında Ayba Sultanın qardaşları Nurəli və Əşrəf Məhəmmədinin adından hərəkət edərək Əcəm İraqının cənubunun böyük hissəsini və Farsı işğal etməyə müyəssər olurlar. Şiraz Qasım bəy Purnakın əlindən çıxır və Məhəmmədinin Əfşar müttəfiqlərinə verilir, İsfahan isə müvəqqəti paytaxta çevrilir.[xxxvii] Bundan başqa qışda Xəzər vilayətlərindən gələn qoşun dəstələrinin hesabına güclənən Məhəmmədinin əmirləri Ayba Sultan və Azərbaycan ordusu tərəfindən Əcəm İraqının şimalından gələn zərbəni neytrallaşdırmağı bacarırlar. Onlar Təbrizə qayıtmağa məcbur olurlar. Bundan sonra Məhəmmədinin qüvvələri 1499-cu ilin may-iyun aylarında/904-cü ilin şəvval ayında Əcəm İraqından hücuma keçir və Miyanə ilə Marağa arasındakı Əzizkənd yaxınlığında həlledici döyüşdə qələbə qazanaraq Azərbaycanı işğal edir. Bu döyüşdə Azərbaycan qüvvələri darmadağın edilir, Ayba Sultan öldürülür, Əlvənd yenə də Qasım bin Cahangir ilə Diyarbəkirə qaçmalı olur. Bayandurlar içərisində Uzun Həsənilər hakimiyyətini bərpa edə biləcək, Ağqoyunlu imperiyasını birləşdirə biləcək ola bilsin ki, yeganə bacarıqlı sima olan Ayba Sultan Qara Osmaninin ölümü dövlətin siyasi və sosial cəhətdən tənəzzülü və süqutunu daha da sürətləndirdi. Bundan başqa Ayba Sultanın qardaşları Uzun Həsənilərin namizədlərini dəstəkləməyə davam edərək münaqişə mənbələrini daha da artırırdılar. Nəticədə bu münaqişələrdə Qara Osmanilərə məxsus bir neçə xanədan məhv oldu. Bu səbəbdən Əzizkənd döyüşü həm Bayandur hakim ailəsi, həm də hakim tayfanın nöqteyi- nəzərindən konfederasiya tayfa müharibələrinin ən böyük faciəsi sayılmalıdır.

Təsvir 12. Konfederasiya Tayfa Müharibələri və Qara Osmanilərin süqutu.

Məhəmmədinin zəfəri qısa ömürlü oldu, Ayba Sultan üzərindəki Pirr qələbəsindən sonra o, Təbrizi qardaşı Əlvəndə təslim etməli olur. Qərb vilayətlərinin[xxxviii] Bayandur və Mosullu tayfa başçılarının yenidən dəstəyini qazanmış Əlvənd imperiyanın paytaxtını işğal edir və Əmir Zəkəriyyə Kucuci və Şah Mahmud Can Deyləmini özünün vəzirləri təyin edir. Məhəmmədi və Əcəm İraqının tayfa başçıları həmin dövrdə İsfahanda nəzarəti ələ keçirməyə cəhd göstərirlər. Nəhayət, Marağanın hakimi, Ayba Sultanın qardaşı Gözəl Əhməd və əmisi oğlu Fərruxşadın rəhbərlik etdiyi üçüncü qrup Sultan Murad bin Yaqubu azad edərək mülklərindən məhrum edilmiş Farsın hərbi başçısı Qasım bəy Purnaka birləşməsinə imkan yaradırlar.[xxxix] Ayba Sultan hakimiyyətinin sağ qalmış üzvləri Şirazın Əfşar hakimini vəzifəsindən uzaqlaşdıraraq Sultan Muradı taxta otuzdurur. Beləliklə, konfederasiya tayfa müharibələrinin son mərhələsi başlamış olur.

1500-cü ilin yayında/905-ci ilin sonunda Sultan Muradın Bayandur-Purnak ordusu Məhəmmədi-Əfşar qoşunları ilə ikinci dəfə Xoca Həsən Mazidə qarşılaşmaq üçün Şirazdan şimala doğru hərəkətə keçir. Məhəmmədinin qüvvələri dağıdılır, şahzadə öldürülür. Sultan Muradla Əlvənd arasında həlledici döyüş qaçılmaz olur. Əvvəlcə Məhəmmədini dəstəkləyən Kaşan, Qum və Savanın Əfşar tayfa başçılarını zəiflədən Sultan Murad Əlvəndin ordusuna qarşı döyüşə hazırlaşmaq üçün 1500-ci ilin yay-payız aylarında/906-cı ilin əvvəlində Əcəm İraqının şimal-qərb sərhədində düşərgə qurur. Lakin deyəsən heç bir tərəf döyüşə girmək istəmir və münaqişə sonunda danışıqlarla həll edilir.[xl] Ağqoyunlu imperiyasının Qızılüzən çayı boyunca taxtın iki namizəd arasında bölüşdürülməsi haqqında razılıq imzalanır. Əlvənd Diyarbəkir, Ərməniyə, Azərbaycan, Muğan və Arran, Murad isə Əcəm İraqı, Kirman, Fars və Ərəb İraqı  üzərində hakimiyyət əldə edir. Müqaviləni bağlayan tərəflər Diyarbəkirin Qasım bin Cahangir tərəfindən ən azı üç il müstəqil “sultan” kimi idarə etdiyi faktına məhəl qoymurlar.[xli] Bütün bunlara baxmayaraq müqavilə 1500/906-cı ildə yaranmış siyasi vəziyyəti nəzərə alaraq imperiyanın rəsmi olaraq iki yerə parçalanmasını təsdiq edirdi. Daxili çəkişmələr davam etsə də, döyüşlər artıq Ağqoyunlu hakimiyyətinin hər hansı sülalə namizədi adından aparılmırdı. Bu çəkişmələr Bayandur və konfederasiya macəraçıları və xeyir güdənlərinin şəxsi təşəbbüsü ilə aparılan mübarizə idi.[xlii] Bölgü ilə əlaqədar bağlanmış müqavilə Əzizkənd döyüşünün praktik və məntiqi nəticəsi idi.

Xəritə 10. Üç hissəyə bölünmə


İstinadlar və qeydlər


[i] Baysunqurun hakimiyyət dövrü və Sufi Xəlil ilə Süleyman bəyin çevrilişləri haqqında əsas təsviri mənbələrə daxildir: ƏHLİ, 60-68; ƏMİNİ, 59-61; NİMDİHİ, 589a-591b; BİDLİSİ,  2:144b-145b/TAC, 2: 111-21; HƏBİB, 4:436-438; İYAS, 3:285; ANONİM SURİYA 1-li; XANİ, 30-41; LUBB, 224-225; ELÇİ  B:5b; NUSAX,  254-255; ƏMİNİdə, 453-460, BUDAQ 274a-276b; ƏHSƏN A:628-632; GÜLŞƏNİ 203-215, 281-220. Həmçinin bax: Yınanc 1944 və Minorski 1957:113-114.

[ii] Yaqub ölən zaman onun üç oğlunun hamısı sağ idi. Böyük oğlu Baysunqur Gövhərsultan xanım bint Fərrux Yasarın oğlu idi. İkinci oğlu Həsən Bəyican xatun bint Süleyman bəy Bicanın oğlu idi. Bəyican xatun Yaqubun həm də üçüncü oğlu Sultan Muradın anası idi. Yaqub ölən zaman Sultan Murad körpə idi.

[iii] NİMDİHİ, 589a-589b; ƏMİNİdə, 453-454, BUDAQ 274a, Baysunqurun varis olmasını, on şahzadə tərəfindən qəbul edildiyini yazır.

[iv] HƏBİB, 4:442 səhvən Qarabağ döyüşündən sonra Əhməd bin Uğurlu Məhəmmədin də Sufi Xəlil bəyin əlindən yaxasını qurtararaq İstanbula qaçdığını yazır. Əslində o, 1477/882-ci ildə atasının ölümündən sonra İstanbula aparılmışdı. ANONİM GİESE, 122, Əhmədin 1488-1489/894-cü ildə Sultan II Bəyazidin qızı ilə evlənməsi haqqında yazır, Gökbilgində, 1951:37-38, dərc olunmuş sənəddə isə Əhmədin 1489-1490/895-ci ildə İstanbulda kirayə götürdüyü evi təmir etdirdiyi göstərilir. Həmçinin TACİ, 72-dəki xronoqrama bax.

[v] ƏMİNİdə, 452-453, BUDAQ 273a-273b bax; Həmçinin bax: Axmedov 1967:15. Bu edamı gözləri ilə görmüş Kəmaləddin Binaiyə məxsus olan bu şer haqqında bax: Axmedov 1967:16 və Mirzoyev 1976:72:

                        Didam u ra birahna (u) zər u nəzər, Kuşta fidata  bar sər-i bazar

                        Aləmi gərçe (buvad) nökər-i u, An qədərə kəs (nəbuvad) bar sər-i u

Ke rəvəd bəhr-i u kafan sazad, Bəradeş dər lahad vətən sazad.

GÜLŞƏNİ, 204, yazır ki, Qazi İsanı Əhli-Həqqin üzvü olduğu üçün cəzalandırırlar.

[vi] NUSAX 254. ƏMİNİ, 372-374 və GÜLŞƏNİ, 239-241, iqtisadi əsasdan bəhs edirlər. Yaqubun ölüm xəbəri Şiraza çatan kimi Farsın hakimi Mənsur bəy Purnak bərpa edilmiş soyurqallarla əlaqədar kadastr araşdırmasına nəzarət üçün qardaşı Qazi İsa tərəfindən göndərilmiş Şeyx Əli Savacini həbs edir. Şeyx Əliyə işgəncə verərək var-dövlətini müsadirə etdikdən sonra Mənsur bəy onu Təbrizə göndərir, Təbrizdə isə onu çarmıxa çəkirlər.

[vii] ƏMİNİ, 369-374, GÜLŞƏNİ, 239-241; ƏLİŞİR, 310; ƏHSƏN 631.

[viii] FƏQANİ, 60-69, beytlər 1.074-1.078.

[ix] ƏMİNİ, 61, 380.

[x] GÜLŞƏNİ, 204, 207.

[xi] Bölgü təklifi ilə əlaqədar bax: ƏMİNİdə, 455, BUDAQ, 274b. TKS E.3129/FEKETE, sənəd 27, Mahmudun da Osmanlı şahzadəsindən dəstək istədiyini qeyd edir, bu sənəddəki hisslər BUDAQda belə əks olunur: “Mənim atam bir gün hökmdar olacağına ümid edirdi və indi bu mənim arzumdur.”

[xii] Bu gərgin dövrlə bağlı bax: XANİ, 30-46, 52-59; LUBB, 225-226/ƏHSƏN A:630, 638; ƏMİNİdə, 456-458, BUDAQ 275a-275b.

[xiii] Yaqubun hakimiyyəti dövründə Sufi Xəlil bəylə Süleyman bəy Bican arasındakı ziddiyyətlərlə bağlı bax: GÜLŞƏNİ, 150-151, burada hər iki məmurun idarə aparatının rəisi vəzifəsi uğrunda rəqabəti təsvir olunur.

[xiv] NİMDİHİ, 591 a. ƏMİNİdə, 458, BUDAQ, 275b, bu hadisənin  1491-ci ilin iyul-avqust ayında/896-cı ilin ramazan ayında baş verdiyini, oktyabr-noyabr/zilhiccə ayında isə Ağqoyunlu torpaqlarında başlanan böyük vətəndaş müharibəsi xəbərinin Qahirəyə çatdığını  yazır (İYAS 3:285).

[xv] Bax: İYAS, 3:286; Hüseynin başsağlığı ilə əlaqədar DAV, 3:156-157.  ANONİM SURİYAda, li, Xoca Həsən Mardininin başçılığı altında Baysunqur və Süleyman bəy Bican tərəfindən əl-Əşrəf Qayıtbaya göndərilən sülh missiyası haqqında məlumat verilir.

[xvi]Sufi Xəlil bəylə Xəlvətiyə təriqəti arasında ciddi düşmənçiliyin olmasına baxmayaraq (GÜLŞƏNİ, 203ff.) müxtəlif dini qruplar arasında Süleyman bəyə qarşı müqavimət daha geniş yayılmışdı (ƏHSƏN, A:631; GÜLŞƏNİ, 215). Məmurların fəaliyyəti ətraflı olaraq aşağıdakı mənbələrdə təsvir olunur: ƏMİNİdə, 447-450, TKS E. 6474, ƏMİNİdə, 457-458 BUDAQ, 275b-276a.

[xvii] NİMDİHİ, 591a, iddia edir ki, Süleyman bəy Baysunqura məsləhət görür ki, Sidi Əli Purnakı Rüstəmi Əlincədən azad etmək üçün göndərsin.

[xviii] Rüstəmin hakimiyyət dövrü haqqında əsas mənbələr: ANONİM SURİYA, lii-liii; BİDLİSİ, 2:144b-145b; XANİ, 57-61, 77-78, 88-90, 101-103; FUTUHAT, 262b-264a; HƏBİB, 4:438-442; LUBB, 225-227; NUSAX, 255, 262-263; BUDAQ, 277a-277b; ƏHSƏN A:632-635, 638; B:2-3, 11, 12-14, 15-16; XÜLASƏT, 42-45; GÜLŞƏNİ, 219ff.

[xix] Qərbdə Varamin və Reyə qədər uzaq ərazilərə çatmış Badi əl-Zamanın işğalları haqqında bax: HƏBİB, 4:198-199; LUBB, 225/ƏHSƏN A:638.

[xx] Səfəvi mənbələrinin əksəriyyəti bu mübarizədə Sultanəli və Səfəvi müridlərinin həlledici rolundan bəhs edir, BİDLİSİ, 2:145a, kimi Ağqoyunlu mənbələrində isə Səfəvilərin ümumiyyətlə adı da çəkilmir.

[xxi] Nurəlinin Diyarbəkirdəki üsyanı, Sultan Hüseyin Bayqara ilə müttəfiqliyi, Qasım tərəfindən məğlubiyyətə uğradılması və Misirə qaçması haqqında bax:  MƏRVARİD, 55a-56b; ANONİM SURİYA, lii-liii; XRONİKUM, 3:559-560; İYAS 3:302; LARİ, 230b. Bu mənbələrin məlumatına görə, Qasım bin Cahangirin Diyarbəkiri işğalı Minorskinin QASIMda, 934-937, yazdığı kimi, 1479/884 və ya 1491-1492/897-899-cu illərdə deyil, 1494-cü il yazın əvvəlində/899-cu il cəmadiyəlaxır ayında baş tutmalı idi. Sultan Hüseyin Bayqara işğalı öldürülmüş Baysunqurun qisasını almaq və Rüstəmin “allahsız kafirlərlə” ittifaqına qarşı çıxmaqla əsaslandırırdı. Lakin ola bilsin ki, işğalın əsas məqsədi müxtəlif Ağqoyunlu saraylarında sığınacaq tapmış oğulları Məhəmməd Hüseyin və Əbu Turabdan gələcək təhlükəyə qarşı çıxmaq idi (MƏRVARİD, 65a-66a/ASNAD A:413-415; HƏBİB, 4:216-217; BABUR, 166a; ELÇİ,  A:469-470).

[xxii] MƏRVARİD, 51a-52a, 56b-57a; İYAS 3:295; FERİDUN, 1:329-330/ASNAD A:675-679.

[xxiii] FƏQANİ, 53-57; MƏVADD, 463. Yaqub öldükdən sonra şair Əhli doğma Şirazın Purnak hakiminə bir neçə qəsidə həsr etmişdi (ƏHLİ,  416-417,  439-440, 466-467, 470-471, 473-474, 576). Rüstəmə verilən titullar haqqında daha çox məlumat əldə etmək üçün bax: İsfahandakı Sidi Əli Purnak haqqında 1496-97/902-ci il daşüstü yazının qeyd edildiyi HÜNƏRFAR, 359.

[xxiv] LUBB, 225/ƏHSƏN A:15-16 və BUDAQ, 277b. Sənədli sübut üçün bax: PAPAZYAN A:1:vii; APC A:142, B:5-6; RÜSTƏM A; FƏRMANLAR, 108-111.

[xxv] RÜSTƏM B/FƏRMANLAR, 132-138 və APC A:139-141.

[xxvi] GÜLŞƏNİ, 227-236, Şeyx İbrahim Gülşənidən və Əbdülqədir Gilaninin varislərindən olan əmir əl-hac Əmir Zəkəriyyə Bağdadidən başqa Təbrizin şeyxülislamı Seyid Əbdül Vahhab Təbatəbayinin və Ərəb İraqının baş seyidi Seyid Məhəmməd Kamunanın adını çəkir.

[xxvii] Seyid İbrahimin Ağqoyunlular tərəfindən seçilməsi HƏBİBdə, 4:442, qeyd olunur: “Bir neçə aydan sonra Seyid İbrahim geri dönmək istəyir. O, sülalənin mənəvi və dünyəvi simvolu olan on iki zolaqlı Heydəri tacını çıxararaq mübarək başına Ağqoyunlu türkmənlər sayağı  papaq qoydu. Bundan sonra o, Ərdəbilə yollandı.” Lakin BUDAQ, 277a və XÜLASƏT, 44, iddia edirlər ki, o, İsmayılla birlikdə Gilana sürgünə yollanır. Sultanəlinin ölümü ilə nəticələnən toqquşma 1494-cü il iyul-avqust/899-cu ilin şəvval ayında (BUDAQ, 277a), yəni 1493-1494-cü ilin qışından/899-cu ilin rəbiüləvvəl-cəmadiyəlaxır ayından sonra baş vermişdir. Mənbələrdə 1493/898 (HƏBİB, 4:441; LUBB, 226, 240; NUSAX, 263; XÜLASƏT, 73, 76) və 1495/900-cü il də (ƏHSƏN B:2-3) qeyd olunur. 1493-cü ilin yayında/898-ci ilin şaban-zilqədə aylarında Ayba Sultanın başı Qəzvini Gilanilərin əlindən almağa qarışmışdı (LUBB, 225-226/ƏHSƏN A:638; XANİ, 57-59), ola bilsin ki, Həsən Rumlu da Sultanəlinin şəhidliyini 900-cü il hicri ay təqvimi (2 oktyabr 1494-20 sentyabr 1495) ilə deyil, günəş türk Bars ili (11mart 1494-10 mart 1495) ilə qeyd etmişdir.

[xxviii] ŞƏRƏF, 1:390*, 396-397. Şərəfxan Bidlisi iddia edir ki, əmisi oğlu Şahməhəmməd Bidlisi geri alana qədər Ağqoyunlular oranı iyirmi beş il idarə etmişdilər. Lakin şəhər 1473/877-ci ildə Süleyman bəy Bican tərəfindən işğal olunmuşdu (yəni Bidlis Ağqoyunlu hakimiyyəti altında fasiləsiz olaraq iyirmi iki il qalıb).

[xxix]ƏHSƏN B:11, 12-13. Purnakların həm sarayda, həm də vilayətlərdə malik olduğu təsiri, həmçinin Rüstəm hakimiyyətinin korrupsiyaya bulaşması və rüşvətxorluğunu təsvir edən bu epizod vilayət hakimliyi vəzifəsinin hələ də irsən keçən “mülkiyyət” olmadığına dəlalət edirdi (müqayisə üçün bax: Petruşevski 1949:145-146). Mənsur bəyin çağırışı və Qasım bəyin dövlət çevrilişi 1494-1495/900 və 1495-1496/901-ci illərdə baş tutmuşdu. Bu tarixlərin dəqiqliyi ilə bağlı ƏHLİyə, 561, bax. Bu mənbədəki xronoqram 1494-1495/900-cü ildə Mənsur bəyin müavini Şahqulu bəyin ölümünü qeydə alıb, bu tarix Qasım bəyin hakimiyyəti ələ keçirməsi tarixidir. Mənsur bəy bu hadisədən sonra bir neçə il də yaşayıb və 1498-ci ilin martında/903-cü ilin rəcəb ayında vəfat edib (ƏHSƏN B:20; ƏHLİ, 470-471).

[xxx] Qasım Dayının Mardin və Amiddəki tikililəri haqqında bax: GABRİYEL, 1:33-37; MARDİN,  116-118, 123, 124; BEYSANOĞLU,  127 və SÖZƏN, 91-95, 119-129, 160-161. Onun sikkələri “ədalətli sultan” titulu daşıyırdı (RABİNO, 134), Rüstəm onların bəziləri üzərinə hücuma keçir və bununla da özü sağ olduğu halda Qasım Dayının əsassız olaraq hökmdar səlahiyyətlərinə əl uzatdığını bildirmək istəyirdi (LANE-POOLE, 8:n.35, 15, n.17). Həmçinin bax: QASIM/FƏRMANLAR, 113-116 və FERİDUN, 1:302-395.

[xxxi] Bəzi təsviri mənbələr II Bəyazidin Əhmədin İran əməliyyatına könülsüz razılıq verdiyini vurğulayır. BİDLİSİ, 2:145a, hətta iddia edir ki, Əhməd İstanbulu II Bəyazidin xeyir-duası olmadan tərk etmişdi (“o, Bosfordan keçərək gedir”). Lakin Bəyazidin Bayandur başçılarına göndərdiyi məktub (FERİDUN, 1:332/ASNAD A:685-686) onun hər şeydən xəbərdar olduğuna və bu əməliyyata dəstək verdiyinə dəlalət edir. ƏHSƏN B yazır ki, *Hüseyin bəy Əli Xani İstanbula gəlir və Bəyazidlə Əhmədi bu işin mümkün olacağına inandırmaqda böyük rol oynayır. İtalyan mənbələri də Əhmədin Fars şahı “seçildiyini” qeyd edirlər (SANUTO 1:644-645: bu xəbər İstanbula 1497-ci il mayın 4-də/902-ci il ramazan ayının 2-də çatır). Lakin Fars salnamələrində bu hadisənin baş verdiyi tarix sənədli mənbələrdəki tarixlə uyğunlaşmır. LUBB, 227/ƏHSƏN B:13 yazır ki, 1497-ci il mayın 3-də/902-ci il ramazan ayının 1-də Təbrizdə Əhmədin adına xütbə oxunur, lakin Rüstəmin 29 may/27 ramazan tarixli fərmanı onun hələ də paytaxta nəzarət etdiyini göstərir (RÜSTƏM A). Hərbi əməliyyatların xronologiyası da ziddiyyətlidir. HƏBİB, 4:442 və ƏHSƏN B:14 yazır ki, Rüstəm Əhmədin qüvvələri ilə ilk toqquşmada əsir götürülərək öldürülür, digər mənbələr isə onlar arasında iki döyüşün baş verdiyini, Rüstəmin ikinci döyüşdən sonra, iyulun əvvəlində/zilqədə ayında edam edildiyini yazır (NUSAX, 225). Deyəsən, iki döyüş haqqında məlumat daha dəqiqdir, Əhmədin Bəyazidə göndərdiyi fəthnamə isə ilk qələbə ilə əlaqədar yazılıb (FERİDUN, 1:333-335/ASNAD A:687-692), bu xəbər Venesiyaya iyulun 17-də/zilqədə ayının 17-də çatır (SANUTO, 1:844-845).

[xxxii] Kaduça və ya Gödək Əhməd bin Uğurlu Məhəmmədin qısa və ehtiraslı hakimiyyəti Petruşevski, 1949:148-152 və Minorski, 1955a:458-461, tərəfindən yazılmış iki mükəmməl məqalədə  təhlil olunub. Petruşevski və Minorskinin istifadə etdiyi mənbələrdən, yəni HƏBİB, 4:442-443; LUBB, 227-228; NUSAX, 255-256; ƏHSƏN B:14-15, 16-17, 19-20; ŞƏRƏF, 2:130-131; LARİ, 230b, başqa mən RABİNO, NİMDİHİ, 596a-596b; BİDLİSİ, 2:145b-146a/TAC, 2:123-124; BUDAQ, 277b və Əhmədin APC B:6-7, 9, fərmanının tənqidi təhlilini əlavə etmişəm.

[xxxiii] NUSAX, 255: “Əhməd bəy xevəst ta be tariq-i Rum minhac-i ədl başəd” və ŞƏRƏF, 2:130: “Əhməd iradə namud ke be ədəb və qanun-i Əli Osman əməl nemayəd.”

[xxxiv] Əhmədin iqtisadi siyasətinin hərtərəfli və dərin təhlili ilə bağlı bax: HƏBİB, 4:443: “ra’aya və muzarian-ra be təmhid-i qava’id-i ədalət navid dada rayat-i Şəriət-pərvari bərəfrəxt və fərman fərmud ke ziyadə əz anca be həsb-i Şər-i şərif mutavaccih-i arbab-i dehqanat başəd vuzara (və) divaniyan yek dinar və yek bar heç afarida’i həvalə nedabənd və tamami-yi təvaif-i insani ra əz təkalif-i divani muaf danista be ixracat və şaltaqat kəsi ra neyazerənd amma rəqəm-i ibtal bər müqarrariyət-i ərbab-i soyurqal kaşid və nişan-i mu’afi əz əshab-i amayim ra imza nerəsənid.” (Petruşevski 1949:151, n. 38 rəsanidi HƏBİBin Bombey nəşri kimi nerəsanid oxuyur).   Lakin Oben tərəfindən APC B:6-7-də nəşr etdirilmiş, 1497-ci il 29 sentyabr/903-cü il səfər ayının 1-ə aid edilən sənəd Əhmədin ölümündən üç ay əvvəl hələ də imtiyaz verilməsi haqqında sənəd imzaladığını, İslam qanunu ilə nəzərdə tutulmamış vergilərin toplanıldığını göstərir.

[xxxv] LUBB, 228, Əhmədin qüvvələri arasında ruh yüksəkliyinin olmadığını (susti) yazır, BİDLİSİ, 2:146a isə türkmən əmirlərinin iştirakını ətraflı təsvir edir: “…və an ra anca şərti mərdanaqi bud dər məraka-yi karzər be ce avərd və umara və ləşkəriyan-i Əhməd Xan-i dər yamin və yasar “inan-i mərdanaqi ra kaşidənd və mutlaqan əz an camaat be imdad və təqviyat Sultan Əhməd narasidənd.” Qasım bəy Purnakın “Sultan-i Rum” üzərində qələbəsi üçün bax: ƏHLİ, 473-474.

[xxxvi] Bu dövr üzrə ən mühüm təsviri sənədlər bunlardır: NİMDİHİ, 597a-602a; BİDLİSİ, 2:146b; HƏBİB, 4:443-445; XANİ, 97-98; LUBB, 227-230; NUSAX, 256-257; ELÇİ, B:6b; BUDAQ, 277b-278a, 284b-287b; ƏHSƏN B:17-18, 20-22, 24-25.

[xxxvii] Qasım bəy Purnak ilə Mənsur bəy Əfşar arasında rəqabətlə bağlı bax: NİMDİHİ, 597b-598a.

[xxxviii] HƏBİB, 4:444-445, Əlvəndin ikinci dəfə Təbrizdə taxta çıxmasını Qasım bin Cahangirə düşmən olan qüvvələrin səyi ilə bağlayır. Əlvəndin vəkilinin Qasım deyil, Pirəlinin nəslindən olan Kığı bölgəsinin irsi sahibi  Lütfü Qutlunun təyin edilməsi Diyarbəkirin düzlərinin hakimləri ilə Ərməniyə dağlarının hakimləri arasında 3-cü fəsildə müzakirə edilən münaqişənin hələ də aktual olduğuna işarədir. 

[xxxix] BİDLİSİ, 2:146a; LUBB, 230 və NUSAX, 256, əmirlərin Sultan Muradı Marağa yaxınlığındakı Rubəndar və ya Ruindüzdə azad etdiklərini, Ayba Sultanın isə onu həbsə atdığını yazırlar. Lakin HƏBİB, 4:444, iddia edir ki, Sultan Murad Əzizkənd döyüşündə iştirak etmiş, Ayba Sultan öldürüldükdən sonra isə qaçmışdı. Nəhayət, ƏHSƏN, B:24 yazır ki, Gözəl Əhməd və Fərruxşad Təbrizdə Sultan Murada çatırlar.

[xl] Konfederasiya tayfa müharibələrinin səbəb olduğu iqtisadi dağınıqlıq və sosial gərginlik haqqında həm Səfəvi (LUBB, 231; NUSAX, 258), həm də qeyri-Səfəvi (BİDLİSİ, 2:146a-146b) mənbələri məlumat verir. Əlvəndin tərəfdarları ilə Sultan Muradın tərəfdarları arasında gedən danışıqlardan bəhs edərkən LUBB, 230 və NUSAX, 257  vasitəçiləri sadəcə olaraq “xalq” və ya “ədalətlilər”adlandırır, HƏBİB, 4:446 və ƏHSƏN B:25 isə mübahisəni naməlum dərviş Baba Xeyrullah Əbhərinin həll etdiyini yazır.

[xli] ƏHSƏN, B:62, 1501-1502/907-908-ci illərdə keçmiş Ağqoyunlu torpaqlarında doqquz “müstəqil” hökmdarın adını çəkir: Azərbaycanda İsmayıl Səfəvi, Əcəm İraqında Sultan Murad bin Yaqub, Yəzddə Murad bin Dana Xəlil Bayandur, Kirmanda Əbu əl-Fəth bin Bəyazid Bayandur, Diyarbəkirdə Qasım bin Cahangir Bayandur, Ərəb İraqında Barık bəy Purnak, Abarguhda Rəis Məhəmməd Qara Lur; Simnan, Xvar və Firuzkuhda Hüseyin Kiya Çulavi; Kaşanda Qazi Məhəmməd Kaşi və Mövlanə Məsud Bidquli.

[xlii] Buna misal olaraq Hind okeanı-Qara dəniz-Aralıq dənizi ticarət şəbəkəsində əsas xətt olan mühüm ticarət mərkəzi Şiraz üzərində nəzarət uğrunda mübarizəni göstərmək olar (Bu məlumatlar Həbib 4:446; Əhsən B:62, 69, 72-73; Lubb 213, 243; Nusax 256, 268 əsaslanıb). Dövlətin bölünməsi haqqında müqavilə imzalandıqdan sonra  Sultan Murad bin Yaqub qışı Qəzvində (1500-1501/906-cı ilin ortaları) keçirir. Şirazın hakimi Qasım Bəy Pırnağın xəyanət etməsindən şübhələnən Sultan Murad 1501-ci ilin yayında/906-cı ilin sonu-907-ci ilin əvvəlində Farsa üz tutur. 1501-ci il sentyabrın 1-də/907-ci il səfər ayının 17-də Sultan Murad Qasım Bəyi həbs etdirir, əmlakını müsadirə edir, beləliklə də Pırnakların Farsdakı 25 illik hökmranlığına son qoyur. Bu illə Şah İsmayılın iki il sonra şəhərə daxil olduğu il arasındakı dövrdə Şuraz ən azı səkkiz dəfə əldən-ələ keçib: Sultan Murad (sentyabr 1501-mart 1502/907-ci ilin səfər-ramazan ayları); Yaqubcan bin Dana Xəlil Bayandur  (mart-avqust 1502/907 ramazan-908 səfər ayı); Əbu əl-Fəth bin Bəyazid Bayandur (avqust 1502-fevral 1503/908-ci il səfər-şaban ayları); Qısa Hacı Bayandurun oğulları Şeyx Həsən və Mahmud (fevral/şaban). 1503-cü ilin fevralından/908-ci il şaban ayının 11-dən 1503-cü il avqustun 25-də/909-cu il I rəbi ayının 2-də Şah İsmayılın şəhəri işğalına qədər Şirazda Şeyxəli bin Dana Xəlil Bayandur, Oğuz və ya Uğur Məhəmməd Bəy, Şeyx Həsən Bayandur və Yaqubcan Bayandur hökmranlıq edib. Yəzd, Kirman, Abarquh kimi digər şəhər mərkəzlərində də həmin illərdə siyasi çevrilişlər baş verib (Bidlisi  2:146b; Əhsən B:54, 69; Nusax 269).

Birinci fəslə keçid:

İkinci fəslin birinci hissəsi:
İkinci fəslin ikinci hissəsi
Üçüncü fəslin birinci hissəsi
Üçünücü fəslin ikinci hissəsi
Dördüncü fəslin birinci hissəsi
Dördüncü fəslin ikinci hissəsi
Beşinci fəsil
Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.