fbpx

TƏRCÜMƏ

TƏRCÜMƏ

Fəlsəfi biliyin sərhədləri, II hissə

Read this article on other language
Download article
image_pdf
image_pdf

Bertran Rassel (Bertrand Russell; 1872-1970) məşhur britaniyalı filosof, analitik fəlsəfənin yaradıcılarındandır. Onun zəngin yaradıcılığı fəlsəfənin bir çox fundamental suallarına cavab axtarışını özündə ehtiva edir. Hazırda biz Rasselin dünyanın onlarca müxtəlif dillərinə tərcümə edilmiş, geniş oxucu auditoriyası üçün nəzərdə tutulan Fəlsəfənin problemləri (The Problems of Philosophy) əsərini ingilis dilindən Azərbaycan dilinə tərcümə etməkdəyik. Əsər on beş fəsildən ibarətdir ki, onların da hər biri mühüm bir fəlsəfəsi mövzuya həsr edilmişdir. Tərcüməmizin on dördüncü fəslinin ikinci hissəsini aşağıda oxuya bilərsiniz.

Dr. Anar Cəfərov

14-cü fəsil ikinci hissə:

Lakin riyaziyyatçılar məkanın mümkünlüyünün adətən güman edildiyi kimi göstərilməsi ilə razı deyildilər; onlar həm də iddia edirdilər ki, məkanın çoxlu digər formaları da, məntiqin göstərə bildiyi qədərilə, eyni dərəcədə mümkündür. Sağlam düşüncəyə zəruri kimi görünən və əvvəllər filosoflar tərəfindən zəruri kimi qəbul olunan bir sıra Evklid aksiomlarının indi öz zərurilik görünüşünü hər hansı apriori məntiqi əsasdan deyil, sadəcə aktual məkanla tanışlığımızdan əldə edildiyi bilindi. Bu aksiomların yanlış olduğu dünyaları təsəvvür etməklə, riyaziyatçılar sağlam düşüncənin önmühakimələrini dağıtmaq və içində yaşadığımızdan – çox və ya az – fərqli məkanların mümkünlüyünü göstərmək üçün məntiqdən istifadə etdilər. Və ölçə bildiyimiz məsafələrə aid olduğu qədərilə, bu məkanlardan bəziləri Evklid məkanından elə az fərqlənir ki, müşahidə ilə aktual məkanımızın Evklid və ya bu növlərdən biri olduğunu aşkar etmək mümkün deyil. Beləliklə, indi vəziyyət əvvəlkinin əksinə çevrildi. Əvvəl belə görünürdü ki, təcrübə məntiq üçün yalnız bir növ məkan imkanı verir və məntiq göstərdi ki, həmin növ məkan mümkünüzdür.  İndi isə məntiq təcrübədən asılı olmayaraq müxtəlif növ məkanlar təqdim edir, təcrübə də onlar arasında yalnız qismən qərar verir. Belə ki, şeylərin nə olması haqqındakı biliklərimiz  əvvəl gümanlanandan az olsa da, nə ola bilməsi haqqındakı biliklərimiz olduqca genişlənib. Hər küncünü və çatlağını öyrənə biləcəyimiz dar divarlar arasında qapalı qalmaq əvəzinə özümüzü azad imkanlara malik açıq dünyada tapırıq; o dünya ki, orada çox şey bilinməz qalır, çünki bilinməli olan olduqca çoxdur.

Məkan və zamanla bağlı baş verənlər müəyyən dərəcədə digər istiqamətlərdə də baş verib. Kainatı apriori prinsiplər vasitəsilə təsvir etmək cəhdi uğursuz olub. Məntiq daha əvvəlki kimi mümkünlüklərə  baryer deyil; o, qeyri-reflektiv sağlam düşüncəyə qapalı olan saysız alternativlər təqdim etməklə, həmçinin harada ki seçim etmək mümkündür, orada məntiqin seçimimizə təklif etdiyi müxtəlif dünyalar arasından seçim işini təcrübəyə buraxmaqla, təxəyyülün böyük xilaskarına çevrilib. Beləliklə, nəyin mövcud olması haqqındakı biliklər aktual olaraq təcrübə edə bildiklərimizlə deyil, təcrübədən öyrənə biləcəklərimizlə məhdudlaşır, çünki – gördüyümüz kimi – haqqında birbaşa təcrübəyə malik olmadığımız şeylərə aid təsviri biliklər çoxdur. Bununla belə, bütün təsviri bilik halları üçün, bizim filan-filan veriləndən həmin verilənlə nəzərdə tutulan müəyyən növ obyekti nəticə çıxarmağı mümkün edən bir neçə universali əlaqələrinə ehtiyacımız var. Belə ki, məsələn, fiziki obyektlərə münasibətdə hissi verilənlər fiziki obyektlərin işarələridir prinsipinin özü universalilərin əlaqəsidir; və məhz bu prinsip sayəsində təcrübə bizə fiziki obyektlər haqqında biliklər əldə etməyə imkan verir. Eyni şey səbəbiyyət və ya nisbətən az dərəcədə ümumi olan qravitasiya kimi qanunlara da şamil edilir.

Qravitasiya qanunu kimi prinsiplər təcrübənin induksiya kimi tamamilə apriori olan bir prinsiplə kombinasiyası vasitəsilə sübut edilir – və ya, daha doğrusu, yüksək ehtimalla gerçək olur. Belə ki, doğrular haqqında bütün digər biliklərimizin mənbəyi olan intuitiv biliyimizin iki növü var: tanışlığa malik olduğumuz tək-tək şeylərin mövcudluğu və bəzi xüsusiyyətləri haqqında bizə məlumat verən xalis empirik bilik; və universalilər arasındakı əlaqələri bizə təqdim edən və empirik biliklərdə verilən tək-tək faktlardan nəticələr çıxarmağımızı mümkün edən xalis apriori bilik. Törəmə biliklərimiz həmişə müəyyən xalis apriori və adətən həm də müəyyən xalis empirik bilikdən asılı olur.

Əgər yuxarıda deyilənlər doğrudursa, fəlsəfi biliklər elmi biliklərdən mahiyyət etibarilə fərqlənmir; fəlsəfəyə açıq elmə isə qapalı olan xüsusi hikmət mənbəyi yoxdur və fəlsəfədən əldə olunan nəticələr elmdən əldə edilənlərdən radikal olaraq fərqli deyil. Fəlsəfənin onu elmdən fərqli edən əsas xüsusiyyəti tənqiddir. O, elmdə və gündəlik həyatda istifadə olunan prinsipləri tənqidi olaraq öyrənir; o, bu prinsiplərdə ola biləcək uyğunsuzluqları axtarır və yalnız tənqidi araşdırmanın nəticəsi olaraq onları inkar etmək etmək üçün heç bir əsas aşkarlanmadıqda həmin prinsipləri qəbul edir. Bir çox filosofun inandığı kimi, əgər elmlərin əsasında dayanan prinsiplər bizə – irrelevant detalları qırağa qoysaq – kainat haqqında bütöv olaraq biliklər təqdim edə bilsəydi, bu biliklərə inanmaq iddiamız elmi biliklərə inanmaq iddiamızla eyni gücdə olardı; lakin araşdırmalarımız belə biliklər aşkarlamayıb və bu səbəbdən, cəsarətli metafiziklərin xüsusi təlimlərinə nəzərən onlar əsasən neqativ nəticəyə malikdir. Lakin adətən bilik kimi qəbul olunanlara gəldikdə isə nəticəmiz əsasən pozitivdir: belə bilikləri tənqidimizin nəticəsi olaraq rədd etmək üçün nadir hallarda əsas tapırıq və biz əsas görmədik ki, insanın ümumən malik olduğu hesab olunan bilik növunə malik olmadığını güman edək.

Hərçənd fəlsəfədə bilikdən tənqidi olaraq bəhs etdikdə, müəyyən məhdudiyyət qoymaq zəruridir. Özümüzü biliklərdən tamamilə kənar yerləşdirərək tam skeptik mövqeni qəbul, həmçinin bu mövqedə dayanıb biliklər dairəsinə geri qayıtmağı tələb ediriksə, onda qeyri-mümkün olanı tələb edirik və bizim skeptisizmimiz heç vaxt rədd edilə bilməz. Çünki istənilən rəddetmə mübahisə edənlərin bölüşdüyü müəyyən bir biliklə başlamalıdır; boş bir şübhədən heç bir arqument başladıla bilməz. Deməli, hansısa bir nəticə əldə etmək lazımdırsa, fəlsəfənin məşğul olduğu bilik tənqidi belə destruktiv səciyyəli olmamalıdır. Belə mütləq skeptisizm əleyhinə heç bir məntiqi arqument irəli sürülə bilməz. Lakin bu növ skeptisizmin ağlabatmaz olduğunu görmək çətin deyil. Modern fəlsəfəni başlatmış olan Dekartın metodik şübhəsi bu növdən deyil, fəlsəfənin məğzi kimi qəbul etdiyimiz tənqidi növdəndir. Onun metodik şübhəsi şübhəli görünən hər şeyə şübhə etməkdən ibarət idi; hər bir aydın bilik hissəsinin üstündə dayanaraq, refleksiyada özündən onu həqiqətən bildiyinə əminlik hissi yaşaya bilib-bimədiyini soruşur. Fəlsəfənin ibarət olduğu tənqid məhz bu növdür. Hissi verilənlərimizin mövcudluğu haqqındakı biliklər kimi bəzi biliklər, onların üzərində nə qədər sakit və ətraflı refleksiya etsək də, tamamilə şübhəsiz görünür. Fəlsəfi tənqid belə biliklərə inanmamağı tələb etmir. Lakin elə inamlar – məsələn, fiziki obyektlərin dəqiqliklə hissi verilənlərimizə oxşaması inamı kimi – var ki, refleksiyaya başlayana qədər onlara inanırıq, lakin yaxından araşdırmaya məruz qaldıqda, onlar yox olur. Elə inamları dəstəkləyən yeni arqument tapılmayınca fəlsəfə bizə onları rədd etməyi tövsiyyə edir. Lakin heç bir irada açıq görünməyən inamları rədd etmək, onları nə qədər yaxından öyrənsək də, ağlabatan deyil və fəlsəfə bunu müdafiə etmir.

Bir sözlə, sözügedən tənqid əsas olmadan rədd etmir, hər aydın bilik parçasını müsbət keyfiyyətlərinə görə nəzərdən keçirir və bu, tamamlandıqdan sonra hələ də bilik kimi görünəni saxlayır. Qəbul edilməlidir ki, müəyyən qədər səhv etmək riski qalmaqdadır, çünki insanlar səhv edə bilirlər. Fəlsəfə düzgün olaraq iddia edə bilər ki, o, səhv etmə riskini azaldır və müəyyən hallarda riski praktik baxımdan əhəmiyyətsiz olacaq qədər azaldır. Səhvlərin baş verdiyi dünyada bundan artığını etmək mümkün deyil; və heç bir ağıllı fəlsəfə müdafiəçisi bundan artığına iddia etməz.

Birinci hissə:

İkinci hissə

Üçüncü hissə

Dördüncü hissə:

Beşinci hissə:

Altıncı hissə:
Yeddinci hissə:
Səkkizinci hissə:
Doqquzuncu hissə:
Onuncu hissə:
On birinci hissə:
On ikinci hissə:
On üçüncü hissə:
On dördüncü fəslin birinci hissəsi:
Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.