fbpx

TƏRCÜMƏ

TƏRCÜMƏ

Con E. Vuds: Ağqoyunlu – Tayfa, Konfederasiya, İmperiya

Read this article on other language
Download article
image_pdf
image_pdf

Sovet dövründə Azərbaycan cəmiyyətini, xüsusilə də ziyalıları milli tarixin saxtalaşdırılması ciddi narahat edirdi. Düşünmək olardı ki, müstəqillik əldə etdikdən sonra tarixçilərimiz saxtalaşdırılmış tariximizə yeni baxış formalaşdıracaqlar. Təəssüf ki, otuz ildən artıq müstəqillik dövründə Azərbaycanın qədim və orta əsr tarixinə dair suallara mükəmməl cavab tapmaq mümkün olmamışdır, əksinə tarixin müxtəlif istiqamətlərdə saxtalaşdırılması davam etmişdir. Bunun bir sıra ciddi səbəbləri var; bu səbəblərdən biri tarixi problemləri araşdırmağa qadir mütəxəssislərin olmamasıdır. Müasir Azərbaycan Respublikasının ərazisi tarixin müxtəlif mərhələlərində müxtəlif dövlət və imperiyaların tərkib hissəsi olub. Məhz bu səbəbdən Azərbaycan tarixini təkcə milli tarixçilər deyil, dünya tarixşünaslığı da araşdırıb. Müasir Azərbaycan tarixşünaslığında cavabsız qalmış bir sıra suallara dünya tarixşünaslığında cavab tapmaq olar. Bu məqsədlə Azərbaycan tarixinə aid tədqiqatların silsilə tərcüməsini oxuculara təqdim etmək qərarına gəldik.

 

İlk seçimimiz Azərbaycan xalqının milli qürur yeri hesab edilən Səfəvi dövlətinin sosial-siyasi bazasının əsası hesab edilən Ağqoyunlu dövləti oldu. Ağqoyunlu dövlətinin tarixinə aid ilk və hələlik yeganə fundamental tədqiqat işi amerikalı tarixçi Con Vudsa məxsusdur. Əsər ilk dəfə 1974-cü ildə doktorluq dissertasiyası kimi Prinston Universitetinin Yaxın Şərq Tədqiqatları şöbəsinə təqdim edilmşdir. Bu əsəri yazarkən tarixçi fars, ərəb və türk dillərində minə yaxın yazılı mənbələrdən stifadə etmiş, Ağqoyunlu dövlətinin sosial-siyasi strukturunu, mədəni çiçəklənməsi və süqutunu şərtləndirən amilləri təhlil etmişdir.

Qeyd edək ki, oxuculara burada kitabın Yuta universiteti nəşriyyatının çap etdiyi yenilənmiş və genişləndirilmiş ikinci nəşrinin tərcüməsi təqdim olunur. Bakı Araşdırmalar İnstitutu bu tərcüməni həm müəllifin, həm Yuta universiteti nəşriyyatının icazəsi ilə yayır.

Tarix Elmləri Doktoru Şəlalə Məmmədova

6(2)

GERİLƏMƏ VƏ YENİ HAKİMİYYƏT

Həqə məzhərdürür Adəm, sücud et, uyma Iblisə

Ki, Adəm dоnuna girmiş Xuda gəldi, Xuda gəldi

                                                             Şah İsmayıl Xətai, “Divan”

                                   

                          

ÜÇ HİSSƏYƏ BÖLÜNMƏ VƏ İSMAYIL SƏFƏVİNİN YÜKSƏLİŞİ

Ağqoyunlu imperiyasının de-fakto və de-yure bölünməsinin 1501/907-1508/914-cü illərdə İsmayıl Səfəvinin bu torpaqların işğalını asanlaşdırdığı heç bir şübhə doğurmur. Əslində Ağqoyunlu tarixinin bu son mərhələsində tez-tez Qızıbaşların qələbəsi və Ağqoyunluların vilayət-vilayət məğlubiyyətindən bəhs edilir. 1499-cu ilin yayında/905-ci ilin əvvəlində Əlvənd, Məhəmmədi və Sultan Muradın tərəfdarları Ağqoyunlu konfederasiya tayfa müharibəsinin son mərhələsinə hazırlaşdıqları zaman on iki yaşını yenicə qeyd etmiş İsmayıl bin Heydər Səfəvi baş məsləhətçilərinin rəhbərliyi altında Gilandakı sığınacağını tərk edir.[i] Növbəti il babası Cüneyd və atası Heydərin çox sayda müridləri, həmçinin Ustaclı, Şamlı, Təkəli, Varsaq, Rumlu, Zülqədər, Əfşar və Qacar konfederasiya tayfalarının qızılbaşları Ərzincan yaxınlığındakı yay düşərgəsində Səfəvi orderinin gənc rəhbərinin ətrafına toplaşırlar. Bu böyük qüvvə 1500-cü il payızın sonu-qışın əvvəlində/906-cı ilin ortalarında İsmayılın əcdadlarının düşməni Şirvanşahların üzərinə hücum edir. Bir neçə ay ərzində varlı Şirvan vilayəti tamamilə Qızılbaşların nəzarətinə keçir, Fərrux Yasar öz həyatı bahasına həm özünün, həm də atasının Səfəvilərə qarşı göstərdiyi qəddarlığının cəzasını çəkir. Bu hadisələrdən ciddi narahat olmuş Əlvənd Azərbaycan və Ərməniyədəki qoşunlarını səfərbər edərək Gürcü-Şirvan sərhədinə toplayır. Onlara qarşı göndərilən Ağqoyunlu qoşun dəstələrini bir-bir dəf etdikdən, Əlvəndin özünü Naxçıvan yaxınlığındakı Şərur döyüşündə məğlubiyyətə uğratdıqdan sonra Qızılbaşlar müdafiəsiz qalmış Təbrizə üz tuturlar. 1501-ci ilin payızında/907-ci ilin rəbiüləvvəl-cəmadiyələvvəl ayında Ağqoyunlu imperiyasının paytaxtı Qızılbaşlar tərəfindən işğal olundu.[ii] Şah İsmayılın Əlaüddövlə Zülqədər ilə düşmənçiliyi başlayan zaman Əlvənd qısa müddətə 1502-ci ilin yayında/907-ci ilin sonu-908-ci ilin əvvəlində Təbrizi geri ala bilsə də tezliklə oradan çıxarılmış, Təbriz həmişəlik Ağqoyunluların üzünə bağlanmışdı.[iii]

Əlvənd qaçdığı üçün Azərbaycan indi Sultan Muradın Əcəm İraqı, Fars və Kirmandakı mülklərinin işğalı üçün tramplin rolunu oynayırdı. Sultan Muradın qüvvələri Qızılbaşlarla 1503-cü il iyunun 20-də/908-ci il zilhiccə ayının 24-də Həmədan yaxınlığındakı Almaqulağı adlı yerdə üz-üzə gəlirlər. Qanlı döyüş Sultan Muradın darmadağın edilməsi ilə nəticələnir və İranın vilayətlərinin taleyi həll olunur.[iv] Sultan Murad əvvəl Farsa, sonra isə Purnakların nəzarətində olan  Ərəb İraqına qaçdığından İran platosunun şəhər mərkəzləri olan İsfahan, Şiraz, Yəzd və Kirman müqavimət göstərmədən Səfəvilərə tabe oldular.[v] Beləliklə də Uzun Həsənin imperiya işğalları nəticəsində əldə etdiyi torpaqlar Şah İsmayılın nəzarətinə keçir, Sultan Murad və Əlvənd isə sonrakı bir neçə il ərzində Ərəb İraqı və Diyarbəkirdə Ağqoyunluların üzərinə kölgə düşmüş mövcudluğunu davam etdirirlər.

Şərq vilayətləri kimi Ağqoyunluların iki erkən bəyliyinin paytaxtı olmuş Diyarbəkir də Bayandur şahzadələri və konfederasiya tayfa başçılarının münaqişələri üzündən parçalanır. Əlvənd 1502/908-ci ildə ikinci dəfə Azərbaycandan qaçdıqdan sonra Diyarbəkirə gələrək konfederasiya tayfa müharibələrində hər zaman onu dəstəkləmiş əmisi Qasım bin Cahangirdən ərazi tələb edir. Qasımın ərazi verməkdən imtina etməsi tərəflər arasında Mardin yaxınlığında döyüşlə nəticələnir. Döyüşdə Qasım məğlubiyyətə uğrayır, həbs edilir, bir qədər sonra isə edam olunur. 1504/910-cu ilə qədər Diyarbəkiri müstəqil idarə etmiş Əlvənd İranın anti-Səfəvi qüvvələri ilə əlaqələrini gücləndirir, lakin bir daha geri qayıtmaq iqtidarında olmayacağını düşünərək Osmanlılar üçün məlumat toplayan xəfiyyə mərkəzi rolunu oynamağa başlayır.[vi]

Lövhə VII. Almaqulağı döyüşü, Bican, Tarixi Şah İsmayıl, Courtesy British Library.

1504-1505/910-cu ildə Əlvənd çox güman ki, öz əcəli ilə öldükdən sonra inzibati idarənin başçısı II Əmir bəy Mosullu ilə onun şəxsi və ya saray xidmətinin üzvləri arasında vərəsəlik uğrunda mübarizə başlayır. Sarayın başçıları sülalə legitimliyi prinsipinə əsaslanaraq Uzun Həsəni şahzadə Zeynal bin Əhməd bin Uğurlu Məhəmmədi azad etmək üçün Əlaüddövlə Zülqədərə müraciət edirlər. Zeynal Zülqədər ordusu ilə gəldikdə isə yerli kürd başçıları ona tabe olduqlarını bildirirlər, Əmir bəy həbs olunur, Diyarbəkir və Diyarrəbiyənin şəhər mərkəzlərinin əksəriyyəti ya məğlub edilir, ya da Zeynala tabe olurlar. Lakin tezliklə Mosullular hücuma keçirlər, Zülqədərlərin Ruhanı mühasirəsini yarıb işğalçıları qovurlar. Qohumları tərəfindən həbsdən azad olunmuş Əmir bəy Amidə qayıdaraq 1507-1508/913-914-cü illərdə Qızılbaşlar Diyarbəkiri işğal edənə qədər vilayəti Bayandur oyuncaq nümayəndələr olmadan müstəqil idarə edir. Beləliklə, Zeynal bin Əhməd Ağqoyunlu hakim tayfası sülalə xanədanının konfederasiyanın dədə-baba torpaqları olan Anadolunu idarə etmiş sonuncu nümayəndəsinə çevrilir.[vii]

Sultan Murad bin Yaqubun adından 5 il Ərəb İraqını idarə edən Purnakların hakimiyyəti Qızılbaşların Diyarbəkiri işğalından təqribən on iki ay sonra başa çatır. 1508-ci ilin yayında/914-cü ilin səfər-cəmadiyəlaxır ayında Şah İsmayıl Bağdadın hakimi və Sultan Muradın qoşun komandanı Barık bəy Purnakın yanına elçi göndərir. Barık bəy səfiri böyük ehtiramla qarşılayır və hətta başına Səfəvi çalması qoyaraq Şah İsmayıla tabe olduğuna və yeni dövlətdə iştirak etmək arzusuna işarə edir. Lakin Şah İsmayıl şəxsən Bağdada gəldikdə Qızılbaş ordusu irəliləmədən öncə Barık bəy və Sultan Murad Hələbə qaçır. 1508-ci ilin oktyabrında/914-cü ilin cəmadiyəlaxır ayında Ərəb İraqının paytaxtına daxil olan Şah İsmayıl çox güman ki, Səfəvi nişanələrinə hörmətsizlik etdikləri üçün şəhərdə həbs edilmiş bütün Purnak tayfa üzvlərini edam etmək haqqında əmr verir.[viii]

Bağdadı Qızılbaşlara təhvil verib qaçdıqdan sonra Barık bəy və Sultan Murad Məmlük sultanı əl-Əşrəf Qansu əl-Gövridən düşmənlərinə qarşı vuruşmaq üçün yardım istəyir, lakin heç bir şey əldə edə bilmirlər.[ix] Hələbdən əliboş qayıdan Barık bəylə Sultan Murad Əlaüddövlə Zülqədərə müraciət edirlər. Qızını Sultan Murada ərə verən Əlaüddövlə dövlətsiz qalmış Ağqoyunlu şahzadəsini öz hakimiyyətini bərpa etmək üçün mübarizəyə sövq edir.[x] Tezliklə bu ittifaqın əhəmiyyətsiz olduğu aşkarlanır və Sultan Murad öz ümidlərini reallaşdırmaq üçün Osmanlı sarayından dəstək almağa cəhd edir[xi], lakin bu dəfə də deyəsən II Bəyaziddən dəstək əvəzinə rahat şərait ala bilir. Bir müddət tamamilə ümidsizləşmiş Sultan Murad hətta Səfəvi qohumunun şərtlərini qəbul etməyi belə düşünür, əslində Osmanlı sənədlərinin biri onun Qızılbaş şiəliyini qəbul etdiyini qeyd edir.[xii] Lakin Qızılbaşların 1512/918-ci ildə özbəklər tərəfindən Gücduvanda məğlub edilməsi xəbəri yayıldıqdan sonra 1513/919-cu ildə bütün Azərbaycan, Kürdüstan, Diyarbəkir və Ərəb İraqı boyunca yüksələn anti-Səfəvi üsyanları Bəyazidin varisi Səlim tərəfindən dəstəklənən Sultan Muradı Bayandur və ənənəvi türkmən və kürd müttəfiqlərindən ibarət olan sürgündəki hökumətini toplayaraq şahlığını qəsbkarların əlindən geri almaq üçün uğursuz bir cəhdə sövq edir. Təbrizin özündə qiyamçıların bir qrupu Şah İsmayılın qardaşı Seyid Süleymanı taxta çıxarmağa cəhd edir, digər qrup isə Sultan Muradın qayıtmasını gözləyir. Ərəb İraqı və Diyarbəkirdə Əmir bəy Mosullu 1507/913-cü ildə Şah İsmayıla verdiyi vədə xilaf çıxaraq yenidən Ağqoyunluların xidmətinə keçir. Kürdüstana gəlincə, buradakı Bidlis, Mardin, Çemişgəzək, Egil, Hazo və digər mərkəzlərin hamısı Qızılbaş hakimiyyətinə qarşı çıxır. 1513-cü il mayın 6-da/919-cu il səfər ayının 29-da Sultan Muradın Fərruxşad Bayandur və Qasım bəy Bulduqaniyə yazdığı məktubun forma və məzmunundan onun o dövrdə hələ də özünü Ağqoyunlu imperiyasının qanuni hökmdarı hesab etdiyi hiss olunur.[xiii] Özündən bu qədər razılıq onun 1514/920-ci ildə Ruha yaxınlığında Osmanlıların Çaldırandakı zəfərindən cəmi bir neçə həftə sonra Qızılbaşlarla olan döyüşdə həyatını itirməsinə səbəb olur.[xiv]

İyirmi dörd yaşlı Sultan Murad bin Yaqubun ölümü ilə XVI/X əsr Səfəvi salnaməçisi Qazi Əhməd Quminin dili ilə desək “Ağqoyunlu sultanlarının xətti məhv olur.”[xv] Sultan Muradın Əlaüddövlənin qızından qüdrətli Ağqoyunlu imperatorlarının şərəfinə Həsən və Yaqub adlandırdığı iki oğlu var idi, lakin bu uşaqların taleyi haqqında heç bir məlumat yoxdur. Əslində imperiyanın süqutundan sonra Turəli, Qara Osmani və Uzun Həsənilərin üç qolu sağ qala bilmişdi. Onlardan biri 1503/908-ci ildə Teymuri sarayına qaçmış Yəzdin hakimi Murad bin Dana Xəlil Qara Osmaninin nəslindən idi. Muradın qızı Canağa xanım sonralar Səfəvilərin Xorasandakı canişini, şahzadə Abbasın lələsi Əliqulu xan Şamlı ilə ailə qurur. 1588/996-cı ildə Abbas taxta çıxdıqdan sonra Canağa xanım şah üzərində olan təsirindən istifadə edərək qardaşı Məhəmmədzamanın İrana qayıdaraq Yəzddə məskunlaşmasına şərait yaradır.[xvi] İkinci qol Səfəvilərin İranı işğalından sonra Osmanlılara sığınaraq XIV əsrin ikinci yarısında/VIII əsrdə Ağqoyunlu konfederasiyasının ilk dəfə dirçəldiyi Bayburt bölgəsində məskunlaşan Fərruxşad bin Qorxmazın Qutlu və ya Qara Osmani sülaləsi idi.[xvii] 1930-cu illərin ortalarında Fərruxşadın səkkizinci nəslinin nümayəndələri olduğunu iddia edən şəxslər hələ də Bayburtun qərbindəki Pulur kəndində yaşayırdılar.[xviii] Üçüncü qolu hazırda Sınır ətrafı ərazidə məskunlaşmış, mənşəyini 1389/791-ci ildən XV əsrin başlanğıcına/IX əsrə qədər konfederasiyanın başçısı olmuş Əhməd bin Qutlunun nəslinə məxsus çoxlu sayda şəxslər təşkil edir.[xix] Lakin bundan sonra Ağqoyunlu siyasi hakimiyyəti tamamilə məhv olur və 1514/920-ci ildən sonra Ağqoyunlu hökmran tayfasından heç kim Turəli, Qara Osman və Uzun Həsənin irsinə əsaslanaraq hər hansı bir iddia irəli sürmür. 1514-cü il təkcə Sultan Muradın ölüm tarixi deyildi, bu tarix eyni zamanda Bayandur sülalə konsepsiyasının da məhv olduğu il idi.

SƏFƏVİ İRSİ

Ağqoyunluların keçmiş dövlət məmuru İdris Bidlisi yazır ki, keçmiş sahibləri Bayandurlar XVI/X əsrin əvvəllərində konfederasiya tayfa müharibələri zamanı yol verdikləri ədalətsizlik və dağınıqlıqlar üzündən hakimiyyətə ilahi səlahiyyətlərini itirdilər. O sonra yazır ki, “Həmin 1501/906-cı ildə Gözəgörünməzin əli ‘kafirlə qarşılaşdığın zaman onun buynunun ardından vur’ ayəsinə uyğun olaraq inadcıl qrupun boynunun ardından qılıncla vuraraq bir anda bütün padşahlığı zalımlardan təmizlədi və onların əxlaqsız hakimiyyətini kökündən qopardı.”[xx] Həmin andan Bidlisi Qızılbaşları yer üzündə zülmü yox edən ilahi ədalətin qılıncı kimi təqdim edir. 1467/872-ci ildə Ağqoyunlular da Qaraqoyunlu zülmünü yer üzündən silmək üçün doğan Günəş kimi təqdim olunmuşdular.[xxi] Burada Bidlisinin Osmanlı ərazisinə sığındıqdan sonra Şah İsmayıl Səfəvi işğallarının erkən dövrünə münasibəti əks olunub. Bidlisi bu əraziləri Qızılbaşlar onun yeni ağalarını ciddi şəkildə təhdid etdiyi bir dövrdə tərk etmişdi. Çaldıran əməliyyatından bir neçə ay əvvəl Osmanlı sultanı Yavuz Səlim Məhəmməd bin Fərruxşad Bayandura yazır ki, “…sizin şahzadə ailəniz, xalqınız, ata-babalarınızın tayfaları dini məsələlərdə olduqca diqqətli idilər və onların hakimiyyəti islamı gücləndirmək, günah və zülmü əzmək cəhdləri hesabına möhkəmlənmişdi…”[xxii]

Şah İsmayıl da özünün Ağqoyunlu hakim tayfasının ilahi cəzalandırılması vəzifəsini olduqca ciddi qəbul edirdi. Konfederasiya tayfa müharibələri zamanı demək olar ki, qırılmış, üç yerə parçalanma nəticəsində siyasi cəhətdən dağılmış Uzun Həsəni hakimiyyəti və Bayandur hakim tayfası əslində Şərur və Almaqulağı döyüşlərində Qızılbaşlar tərəfindən məhv edilmişdilər. Bundan başqa ölmüş və hələ dünyaya gəlməmiş Bayandurlar Ağqoyunluların Allah və yer üzündə onun nümayəndələri olan Əli bin Əbu Talib xanədanı və Şeyx Səfiəddin İshaq ailəsinə qarşı əməllərinə cavab verməyə məcbur edilirdilər. Şah İsmayıl Təbrizdə Yaqub və qohumlarının qəbirlərini açdıraraq qalıqlarını yandırmaq, bütün hamilə Bayandur şahzadələrini isə qılıncdan keçirmək əmri vermişdi.[xxiii] Şah İsmayıl Yezidlər adlandırdığı düşmənlərinin başına daha bir müsibət gətirərək 1505/911-ci ildə yüksək rütbəli Qızılbaş sərkərdələrinə 1488/893-cü ildə Ağqoyunlu-Şirvan əməliyyatında atası Heydər Səfəviyə qarşı vuruşanların hamısını məhv etmək əmri verir.[xxiv] İki il sonra isə Şah İsmayıl şəxsən əsir götürülmüş Bayandur şahzadəsinin başını üzür.[xxv] Nəhayət, bu qırğından canını qurtarmağı bacarmış və İranda yaşamaq istəyən Bayandurlara Səfəvilər tərəfindən formalaşdırılmış Türkmən oymağı kimi tanınan yeni tayfa qruplaşması tərkibində tabe olaraq yaşamaq haqqı verilir.[xxvi]

Ola bilsin ki, Ağqoyunlu və Səfəvi dövrləri arasında çox zaman şəxsi, inzibati təcrübə, iqtisadi siyasət və sosial strukturda nəzərə çarpan əlaqə ilk baxışda Bayandurların məhvi ilə bitən sonluğu paradoksal edir.[xxvii] Əslində həqiqətən də könülsüz də olsa Zeynal bin Əhməd və Sultan Murad bin Yaquba dəstək verən Əlaüddövlə Zülqədər və Osmanlı sultanları Bəyazid və Yavuz Səlimdən başqa Ağqoyunluların İranda və ya Bayandur bəyliyinin  İslam dünyasının hər hansı bir nöqtəsində Qaraqoyunlu hakim tayfasında olduğu kimi bərpasına cəhdlərinin olmaması təəccüb doğurur.[xxviii] Məhz bu səbəbdən Şah İsmayılın özünü qanuni varis, həmçinin Bayandurları cəzalandırmaq üçün Allahın qəzəbi hesab etməsi anlaşılandır.

Sonradan yaradılan Səfəvi mənbələrində əslində Şah İsmayılın əsasını qoyduğu sülalənin Səfəvi orderinin mənəvi hakimiyyəti ilə dünyaya hökmranlıq etmiş Ağqoyunlu imperiyasının vəhdətindən ibarət olduğu qeyd olunurdu. Qazi Əhməd Qumiyə istinadən demək olar ki, “O əzəmət (Şah İsmayılın atası Şeyx Heydər)  Sultan Cüneydin böyük oğlu, Uzun Həsənin bacısı oğlu idi, hakimiyyət işığının parıltısı və rəhbərliyi bu ittifaqın nəticəsi olaraq nəcib kökdən gəlir.”[xxix]  Şah İsmayılın anonim tarixi kimi tanınan XVII/XI əsr Səfəvi tarixi əsərində bu məsələ ilə əlaqədar çoxlu sayda məlumat var. Bu məlumatlardan biri Şərur döyüşündən əvvəl Əlvənd Bayandurla İsmayıl Səfəvi arasında on bir saatlıq danışıqlar haqqındadır. Uzun Həsənin nəvələri arasındakı münaqişələrin qarşısını almaq üçün Əlvənd ilk olaraq qan qohumluqlarını xatırladır, sonra isə İsmayıla Ağqoyunlu mülkü kimi Şirvanı idarə etməyi təklif edir. Cavabında İsmayıl şiəliyi qəbul etdiyi halda Əlvəndi böyük qardaş hesab edəcəyi, şərtini qəbul edərək vassalı olacağını söyləyir.[xxx] Əlvənd dinin qohumluqdan üstün olması prinsipini rədd etdikdə Ağqoyunlular Qızılbaşlar tərəfindən ilk məğlubiyyətə uğradılırlar. 

Təsvir 13. Uzun Həsən (sol) və Şah İsmayılın (sağ) tamğaları.

Bundan başqa, əgər sülalə əlaqəsi ehtimal  edilirsə, onda Şah İsmayılın digər həyata keçirdikləri yenilik kimi qəbul olunmalıdır. Məsələn, İsmayılın Yaqubun qızı olduğu güman edilən xanımla izdivacı sülhün bərqərar edilməsi, düşmənçiliyə son qoyulması kimi qiymətləndirilir.[xxxi] Bundan başqa Şah İsmayılın 1505/911-ci ildə özünün Fars hakiminə hörmətli “Sultan-Xəlil” adı verməsi kimi maraqlı bir fakt da, ola bilsin ki, Uzun Həsəni hakimiyyətinə istehzalı bir müraciət xarakteri daşıyırdı.[xxxii] Bu nöqteyi-nəzərdən yanaşdıqda Şah İsmayılın Həsən Padşahın varislərindən “qisas”ı Ağqoyunlu tarixinin digər dövrləri üçün də xarakterik olan sülalənin üçüncü nəslinin məhvi kimi xatırlanır.

Ola bilsin ki, məhz buna görə də Ağqoyunlu keçmişinə malik Səfəvilərin peyda olmasının yeganə mümkünlüyü İsmayıl tərəfindən qəbul edilmiş yeni dini-siyasi ideologiyada və ya ideologiyalarda idi.[xxxiii] Şah İsmayılın İmami şiəliyi yeni hakimiyyətin rəsmi dininə çevirməsi ilə bölgənin yüksək islami səviyyədə parçalandığı və siyasiləşdiyi və beləliklə də orta əsrlərin son dövründən mərkəzi İslam torpaqlarında üstünlük təşkil edən dini qeyri-müəyyənliyə son qoyulduğu, Səfəviləri  sünni icmaya malik Osmanlı və Özbək qonşularından fərqləndirəcək dövlət tərəfindən dəstəklənən ortodoksluğu formalaşdırdığı heç bir şübhə doğurmur. Bundan başqa ilk Səfəvilərin hakimiyyəti dövründə artmaqda olan tayfa mərkəzdənqaçma meyillərinə rəğmən Ağqoyunluların dövründə başlanmış köçəri legitimləşdirmə prinsiplərindən imtina Çingizxani nəslindən olan Məhəmməd Şeybani xan Özbəyi “kafirin ağacının budağı (şu’ba’i əz derəxt-i küfr-i Çingizxani)” kimi qopardan Şah İsmayıl tərəfindən başa çatdırıldı.[xxxiv] Tayfalar İranın siyasi, iqtisadi və sosial həyatında mühüm, lakin getdikcə daha az rol oynayırdılar. XVI/X əsrin başlanğıcında onlar artıq Osmanlıların nəzarəti altında olan Anadolu və Özbəklərin hakimiyyəti altında olan Mərkəzi Asiyadakı böyük ənənələrindən və insan resurslarından təcrid olunmuşdular. Səfəvi sülaləsi və İmami şiəliyin şüarı altındakı tayfaların köçəri və oturaq mülklərini birləşdirmək və İran islam cəmiyyətinin bütün tarix boyu mövcud olmuş ən böyük yarasını, türk-tacik çatını sağaltmaqdan başqa yolu qalmır.

Xəritə 11. Yeni Hakimiyyət, 1514/920

Lövhə VIII. Şah İsmayıl şiəliyi dövlət dini elan edir, Bican, Tarix-i Şah İsmayıl, Courtesy British Library 

Cəmiyyətdə möhkəm dayağı olmayan, yad element olan tayfaların Səfəvi missiyasının ifrat radikal ideyaları üçün həssas və münbit bazaya çevrilməsi bu səbəbdən təəccüb doğurmamalıdır. Şah İsmayıl məhz buna görə Qızılbaş tayfa üzvlərinin özünə həm Səfəviyyə qardaşlığının irsi başçısı kimi sədaqət andı içmələrinə, həm də vəd edilən xilaskarın[xxxv] carçısı kimi və hətta, ola bilsin ki, Tanrının təcəssümü kimi ona sitayiş etmələrinə imkan verirdi.[xxxvi] Onun qismən mülayim təbiəti köçəri işğalçı nümunəsi[xxxvii] ilə tipik İran qəhrəmanı obrazını özündə birləşdirirdi.[xxxviii] Lakin Ağqoyunluların son dövründə olduğu kimi tezliklə bu ideyalar siyasi rejimin daha mötədil nəzəriyyəsi ilə toqquşur. Məsələn, Şah İsmayılın rəsmi protokol və sənədlərdə imamxəlifə titulu qəbul etməsi Ağqoyunlu dövründə işlədilən imam və xəlifə tituluna uyğun gəlirdi.[xxxix]  Təhmasib dövrünün sənəd və salnamələrində isə Səfəvi hökmdarı aydın şəkildə Qeybə çəkilmiş imamın, öz istəklərini şaha yuxu vasitəsi ilə bildirən əsl hökmdarın vasitəçisi kimi təqdim olunurdu.[xl]

Qızılbaş tayfalarının inamı ilə siyasi hakimiyyətin abstraklaşdırılması və şəxsiyyətsizləşdirilməsi də daxil olmaqla İmami teologiya arasında artmaqda olan münaqişəyə rəğmən Səfəvi şiəliyi, ola bilsin ki, Allah tərəfindən təyin edilmiş hökmdar konsepsiyası üçün Ağqoyunlu sintezindən daha etibarlı ideoloji özək təqdim edə bilmişdi. Bu baxımdan Şah İsmayılın babası Uzun Həsənin mənəvi ideyaları ilə siyasi istəklərini daha münasib dini konteksdə birləşdirməyə müyəssər olduğunu söyləmək olar.


İstinadlar və Qeydlər


[i]İsmayılın hakimiyyətinin erkən dövrü üçün mənim istifadə etdiyim mənbələr bunlardır: FUTUHAT, 3a-31a; HƏBİB, 4:446-463; LUBB, 240-242; NUSAX, 264-266; TƏKMİLƏT, 36ff.; BUDAQ, 284aff.; ƏHSƏN B:26-36, 41-47; XÜLASƏT, 46ff.; SANUTO, 4:487-489 və ROMANO A:460-464, B:187-190.

[ii] Fəlsəfi, 1963:1, İsmayılın 1502-ci il martın 11-də/907-ci il ramazan ayının 2-də Təbrizi işğal etdiyini yazsa da, bu hadisənin dəqiq tarixinin müəyyənləşdirilməsi hələlik mümkün olmayıb. 907-ci il (1501-1502) əslində mənbələrin əksəriyyətində, LUBB, 242; NUSAX, 226; TƏKMİLƏT, 39; ƏHSƏN A:618, B:60-61; XÜLASƏT, 72-73, qeyd edilib. Lakin FUTUHAT, 31b və HƏBİB, 4:467, Təbrizin “906-cı ilin günlərində”, yəni 1501-ci il iyulun 17-dən əvvəl Qızılbaşların hakimiyyəti altına keçdiyini yazır. İsmayılın Azərbaycan əməliyyatı üçün terminus a quo (çıxış nöqtəsi-tərcüməçi) naməlum Venesiyalı səyyah tərəfindən 1501-ci ilin avqustu/907-ci ilin məhərrəm-səfər ayı olaraq müəyyən edilir. O, həmin dövrdə İsmayılın Əlvənd üzərinə yeridiyi haqqında xəbəri qeyd edir (SANUTO, 4:192), Astarabadda olan Məhəmməd Hüseyn Teymuriyə çatan fəthnamə ilə təsdiq edilən terminus ad quem (son mümkün tarix-tərcüməçi) isə 1502-ci il mart-aprel/907-ci ilin ramazan ayına işarə edir (ELÇİ A:472). Bundan başqa yuxarıda adları çəkilən bütün təsviri mənbələr Şah İsmayılın qışı (1501-1502/907-ci ilin ortaları) Ağqoyunlu paytaxtında keçirdiyini yazır. Ona görə də bu tədqiqatda təqdim edilən tarix Fəlsəfinin yazdığı tarixdən daha dəqiqdir. Bax: ROMANO A:463-465, B:190-192.

[iii] FÜTUHAT, 33a-34a; HƏBİB, 4:467-468; ƏHSƏN B:63-64; LUBB, 243; NUSAX, 267; TƏKMİLƏT, 41; XÜLASƏT, 74. Ola bilsin ki, məhz bu ikinci məğlubiyyətdən sonra Əlvənd II Bəyazidə yazdığı məktubda ümumən Bayandur “sultanlarının” parçalanmasından, xüsusi olaraq da Qızılbaş təhdidləri qarşısında əmisi oğlu “Mir” Murad və əmisi Qasım “bəy”dən dəstək almadığından şikayətlənir (FERİDUN, 1:351-352/ASNAD A:703-705). Həmçinin bax: SANUTO, 4:431-432, 487-489. Nikolo Prioli tərəfindən 1502-ci il sentyabrın 7-də/908-ci il rəbiüləvvəl ayının 4-də Kiprdə yazılan ilk məlumatda  Şah İsmayılın Uzun Həsənin padşahlığının ən uzaq nöqtəsi “Passi”yə (Pasin?) çatdığı qeyd olunur. İki gün sonra Peradan yazan Prioli II Bəyazidin Anadolu bəylərbəyini  və Uzun Həsənin qohumunu “Sofi”yə qarşı göndərdiyindən bəhs edir.

[iv] FÜTUHAT, 35a-39b; HƏBİB, 4:469-473; ƏHSƏN B:64-68; XANİ, 148; LUBB, 243; ELÇİ C:9a-10a; NUSAX, 257, 267-268; TƏKMİLƏT, 41-42; XÜLASƏT, 75-80. FJI, 5:20, verdiyi məlumata görə, Almaqulağı Bicarın qərbindən 50 km,  Həmədanın şimal-qərbindən 165 km uzaqda yerləşən Qızılüzən çayının üstündə və ya yaxınlığındadır. Həmçinin bax: SANUTO, 5:196-197 (1503-cü il avqustun 26-da/909-cu il rəbiüləvvəl ayının 3-də Təbrizdən Kiprə yenicə dönmüş Morati Anguriotonun hesabatı) və ROMANO A: 465-466, 471, B:192-194, 199. O, Səfəvilərin 1508/914-cü ildə Bağdadı işğalı ilə Almaqulağı döyüşünü qarışdırır.

[v] İsfahanla bağlı bax: ROMANO A:471, B:199; FÜTUHAT, 40b-41a; HƏBİB, 4:473; ELÇİ C:10b. Yəzd və Kirman Bayandur hakimləri tərəfindən tərk edilirlər, onlar Sultan Hüseyin Bayqaranın Heratdakı sarayında sığınacaq tapırlar (FÜTUHAT, 41b-44b;  HƏBİB, 4:257; BABUR, 175b-176a; LUBB, 246: NUSAX, 268, 269; TƏKMİLƏT, 43, 44; ƏHSƏN B:70; XÜLASƏT, 84-86). Şah İsmayıl 1504-1505/910-cu ildə Yəzdi və Əcəm İraqının bir neçə şəhərini qiyamçı yerli hakimlərin əlindən aldı.

[vi] Əlvəndin Diyarbəkiri işğal etməsi ilə bağlı qısa məlumat üçün bax: FUTUHAT, 34a; HƏBİB, 4:469; LUBB 232; NUSAX, 257; TƏKMİLƏT, 45; ƏHSƏN B:87, ətraflı təhlil üçün isə bax: GÜLŞƏNİ 272ff. TKS E.6392 Əlvəndin Osmanlı şahzadəsi Sultan Əhməd bin Bəyazidə Firuzkuhun hakimi Hüseyin Kiya Çulavinin  Qızılbaşların Rüstəmdarı ələ keçirmək üçün 1503-1504-cü ilin qışında/909-cu ilin ortalarında göndərilmiş qoşununu məğlubiyyətə  uğratması haqqında göndərdiyi məktubun türkcə xülasəsidir (məsələn, bax: HƏBİB, 4:475-476). ROMANOda, A:469-470, B:197-198, Əmir bəy Mosullunun 1507/913-cü ildə Əlvəndi əsir götürməsi haqqında hadisənin şahidi olmuş mənbənin məlumatını digər mənbələrdə tapmaq mümkün olmadı, ola bilsin ki, əsir götürülən şahzadə Zeynal bin Əhməd bin Uğurlu Məhəmməd idi. Sonuncu dəfə Əlvənd haqqında məlumata Dəməşqdəki Venesiya konsulunun 1504-cü il oktyabrın 2-nə/910-cu il rəbiülaxır ayının 22-nə aid hesabatında rast gəlinir (SANUTO, 6:110).

[vii] Zeynal bin Əhmədin yüksəlişi, Zülqədərin işğalı və Əmir bəy Mosullunun təsiri haqqında bax: TKS E.6367/ZQ FƏTHNAMƏ  və GÜLŞƏNİ, 288-303. Qızılbaşların Diyarbəkiri işğalı haqqında bax: SANUTO, 7:166-167; ROMANO A:467-470, B:195-198; FUTUHAT, 63a-68a; HƏBİB, 4:485-490; ƏHSƏN B:92-96; ŞƏRƏF, 1:181-182, 245-246, 251, 264-265, 408-409; 2:143-144; GÜLŞƏNİ, 303-313.

[viii] ROMANO A:471-472, B:199-200; FUTUHAT, 68a-70b; HƏBİB 4:491-492; ƏHSƏN B:103-104. Hacı Rüstəm Çemişgəzəkinin II Bəyazidin Bayandurlar haqqında sorğusuna cavabında Purnakların Bağdadda qırılmasından da bəhs edilir (FERİDUN, 1:353-354/ASNAD A:711).

[ix] Sultan Murad 1508-ci il noyabrın 16-da/914-cü il rəcəb ayının 22-də Hələbə çatır (SANUTO, 8:80,  həmçinin bax: SANUTO, 6:710-711). Barık bəy Purnak 1509-cu il yanvarın 1-də/914-cü il ramazan ayının 9-da  ( İYAS 4:143-144) Qansu əl-Gövriyə göndərilən səfirliyin tərkibində Qahirəyə çatır və fevral-mart/zilqədə ayına qədər orada qalır (İYAS 4:146). TKS E.3149 Hələbin Məmlük hakiminin II Bəyazidə göndərdiyi məktubdur. Məktubda Barık bəy Purnakın Suriyadan Osmanlı ərazisinə qaçması haqqında məlumat var.

[x] TKS E. 7680; ASNAD B:72; LUBB, 232; NUSAX, 257; ƏHSƏN B:150-151.

[xi] TKS E.9684, Sultan Muradın Osmanlı rəsmisinə məktubunda II Bəyazid tərəfindən şəxsən ona göstərilən iltifatdan bəhs edilir.

[xii]TKS E.7680 Sivasın Osmanlı hakimi tərəfindən hazırlanan hesabatda Şah İsmayılın Sultan Murada Səfəvi tacı göndərdiyi yazılır.

[xiii] TKS E.5591, 5842, 6556, 8303, 8315, 12060; FERİDUN, 1:392/ASNAD B:180.

[xiv]NUSAX, 257, 1514-cü il noyabrın 30-da/920-ci il şəvval ayının 12-də Sultan Muradın başının Təbrizdə Şah İsmayıla çatmasından yazır.

[xv] XÜLASƏT, 133.

[xvi] ABBASİ, 804, 1009; MUFİDİ, 3:472-477, 661-662. İlk dəfə Bayandur adına 1530/936-cı ildə hərbi xülasədən ibarət yazıda rast gəlinir. Bayandur Səfəvilər tərəfindən Ağqoyunlu konfederasiyasının assimilyasiya edilməsi üçün yaradılmış yeni Türkmən konfederasiya tayfasının bir qolu idi. Lakin Ağqoyunlu hakim qolunun bu konfederasiyada təmsil olunmasını söyləmək çətindir (XÜLASƏT, 201). Digər Bayandurlar XVIII-XIX/XII-XIII əsrlərdə Kirmanşah yaxınlığında məskunlaşmışdılar, lakin onların şəcərəsi məlum deyil (BUSTAN, 161; FUSAHA,  3:319-320). Bayandur tayfasının üzvləri Pəhləvi dövründə mühüm diplomatik və hərbi mövqe tutmağa başlayırlar (Minorski 1933:20, n.8; Arfa 1965:297-298), İmperiya donanmasının gözətçi gəmisi “Admiral Bayandur” adını daşıyırdı. Bu gəmi 1941-ci ildə britaniyalıların əlinə keçməmək üçün İranın hərbi-dəniz donanmasını təcili tərk etmişdi (Blakmon 1966:135).

[xvii]Fərruxşad və oğulları haqqında bax: ƏHSƏN B:24; ŞƏRƏF, 1:165-166; TAC, 2:255-256; MİRAT, 16-22; PEÇEVİ 1:155; GÜLŞƏNİ, 95-97; MARDİN, 61, 65-67, 68; Gökbilgin 1951:38-39. TKS E.3140, 8315 və 9614 ya Fərruxşad haqqında, ya da ona yazılan məktublardan ibarətdir. Bayburt ərazisində inşa edilən bu tikililər haqqında bax: ƏRZİNCAN, 243-245; ƏRZURUM, 252-254 və SÖZƏN, 96-99, 130-132, 145, 162. Səlim Fərruxşadın oğlu Məhəmmədə Çaldıran döyüşü ərəfəsində məktub yazır, bu məktub FERİDUNda 1:381-382/ASNAD, B:151-152 mövcuddur. 

[xviii] Əbdürrahim Şərəf Bəyqu tərəfindən sorğulanıb (ƏRZURUM, 251)

[xix] Ağqoyunlu 1992: cədvəl, 236.

[xx] BİDLİSİ, 2:146b.

[xxi] BİDLİSİ, 2:11a.

[xxii] FERİDUN, 1:281-282/ASNAD B:151-152.

[xxiii] ƏMİNİ, 443 və ROMANO (A) 463-464, (B) 190-191. İsmayılın şeirlərindən də göründüyü kimi, ailə qisası onun şəxsiyyətində əks olunan əsas təkanverici qüvvələrdəndir (Minorski 1942:1025a; XƏTAİ, 16, 94, 105, 171 və s. şeirləri). Bu hadisələrə fərqli baxış üçün: Roux, 1973.

[xxiv] LUBB, 247/ƏHSƏN B:88.

[xxv] ROMANO A:470, B:198.

[xxvi] Mosulluların rəhbərlik etdiyi Türkmən oymağına Bayandur, Dögər, Hacılı və Purnak tayfaları daxil idi. Əlavə B-yə bax. Onlardan fərqli olaraq Qaraqoyunlular Səfəvi sistemində xüsusi qrupu təşkil edirdilər (QIZILBAŞAN; DON JUAN A:65-66). Diqqəti cəlb edən əzilən hakim Ağqoyunlu tayfa nümayəndələri içərisində müstəsna münasibət görən 1524/930-cu ildə Zəncanın hakimi, ilk Səfəvi hökmdarlarının hakimiyyəti dövründə şahinləri, ov itləri ilə sadə əyalət zadəganı həyatı sürən Qasım Bayandur adlı biri idi (TENREYRO, 26-27).

[xxvii] Minorski-Sümər tərəfindən irəli sürülən Türk-Monqol demoqrafik “dalğası” iki dövlətin tayfa elementlərinin davamlılığını nəzərdə tutur. Bu fenomenin spesifik nümunəsi olaraq Əlavə B-də Əfşarlara, xüsusilə də Mosullulara bax. Tacik bürokratiyasının davamlılığı haqqında isə Obenin, 1959, mükəmməl əsərinə bax.

[xxviii] Bu cəhdlərə əks addımlar 1479/884-cü ildə Kirmanda və 1512/918-ci ildə isə Qolkondada Qaraqoyunluların adından atılmışdı.

[xxix] XÜLASƏT 36 “…an həzrət ərşad övlad-i Sultan Cüneyd və xəvaharzadə-ye Həsən Padşah; əz in do cihat ənvər-i səltənət və hidayət əz nəsiya-ye humayunaş zühür dəşt…”

[xxx] İSMAYIL, 68a-b.

[xxxi] Yaqubun qızının İsmayılla evlənməsi haqqında bax: Hinz 1936:92.

[xxxii] NUSAX, 269; TƏKMİLƏT, 44.

[xxxiii] Xüsusilə bax Oben, 1970.

[xxxiv] Şah İsmayıl tərəfindən əl-Əşrəf Qansu əl-Gövriyə göndərilən fəthnamədə Şeybani Özbək xan haqqında deyilib (ASNAD B: 94). Şah İsmayılın dedikləri 250 il əvvəl Məlik Muizaləddin Pir Hüseyn Məhəmməd Kart tərəfindən söylənilmiş, 1-ci fəsildə istinad edilən sözləri idi.

[xxxv] Bax: Glassen 1971:64-66. Lakin s.64-dəki 20-ci şərhdə o, TƏKMİLƏTin 38-ci səhifəsindəki mühüm hissəni,  “…pəvanəcat-e muştamala bər istihzar-i muntaziran-i zuhur-i an ala həzrət ke muqaddima-yezuhur-i sahib-i zaman əst bihar cənub rəft,” Səfəviyyənin gizli ehkamlarının dərk edilməsi və təbliği üçün istifadə edilən metodlar haqqında olduqca əhəmiyyətli hissəni səhv tərcümə edir. XƏTAİnin, 252-ci şeir, “Zaminlerde, zamanlarda salah əl-xeyr muqaddamdır // Feleklerden meleklerden hezaran merhaba geldi…” kimi bəyannamələr formalaşdırması mümkündürmü?

[xxxvi] ROMANO A:477-478, B:206; Minorski 1942:1026a; XƏTAİ, 6, 16, 19, 20, 207, 252 və s. şeirləri.

[xxxvii] ELÇİ C:3a yazır ki, İsmayıl qan məngənəsində boğularaq doğulub, bu onun hakimiyyətinin qanlı olmasının rəmzi idi. Çingiz xan və Teymurun doğum rəvayətləri ilə müqayisə et. Həmçinin bax: Oben 1970:237.

[xxxviii] XƏTAİ, 198, 259 və s. şeirləri.

[xxxix] Bax: ASNAD  B:101, 108 və HÜNƏRFƏR 86-87.

[xl] ƏHSƏN B:42, 47. Həmçinin bax: ASNAD C:22-23.

Birinci fəslə keçid:

İkinci fəslin birinci hissəsi:
İkinci fəslin ikinci hissəsi
Üçüncü fəslin birinci hissəsi
Üçünücü fəslin ikinci hissəsi
Dördüncü fəslin birinci hissəsi
Dördüncü fəslin ikinci hissəsi
Beşinci fəsil
Altıncı fəslin birinci hissəsi
Paylaş
FacebookTwitter

Facebook Comment

abunə olun

BRI yerli və beynəlxalq auditoriyaya Azərbaycanla bağlı təhlil, rəy və araşdırmalar təqdim etmək məqsədi daşıyan müstəqil ekspertlər tərəfindən yaradılmış beyin mərkəzidir.

bg
For the full operation of the site you need to enable JavaScript in your browser settings.